Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • Samir Əsədli: “Türkiyə ordusu artıq Azərbaycandadır”

    Üçüncü ölkədən təhlükə olarsa Ankara hərbi dillə danışmaq imkanlarına sahib olacaq
    Şuşa Bəyannaməsinin imzalanması və müttəfiqlik müqaviləsinin şərtlərinin müzakirəsi “Türkiyənin Azərbaycanda hərbi bazası olacaqmı” sualını yenidən gündəmə gətirib. Bəyannamədə bazanın yaradılması ilə bağlı konkret müddəa olmasa da, hərbi müttəfiqlik çərçivəsində müəyyən addımların atıla biləcəyi vurğulanır. Ən əsası bəyan edilir ki, Türkiyə Silahlı Qüvvələri ehtiyac yarandığı təqdirdə rəsmi Bakının dəvəti ilə istənilən vaxt ölkəmizə gələ və burada yerləşə bilər. Bununla bağlı Türkiyədə jurnalistlər Prezident Rəcəb Tayyib Ərdoğana da sual ünvanlayıblar. “Şuşa Bəyannaməsi hərbi baza məsələsini də özündə ehtiva edirmi” sualına Ərdoğan bu cür cavab verib: “Bu məsələ vurğulanan maddələrdən tamamilə kənarda deyil. Anlaşmalarda sonradan müəyyən əlavələr, genişlənmələr mümkündür. İndiki halda əsas diqqət daha çox sərhəd təhlükəsizliyinin təmin olunması və toxunulmazlığın təminat altına alınmasıdır”.
    Bir neçə gün öncə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasında heç bir maneə olmadığını demişdi. Hüquqşünas vurğulamışdı ki, Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazasının yaradılması və ya hərbi kontingentinin yerləşdirilməsi həmin ölkə ilə rəsmi Bakının verəcəyi qərardan asılıdır:
    “Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvü olduğu üçün indiki halda nə KTMT, nə də NATO kimi hərbi bloklara qoşula bilər. Lakin öz ərazisində Türkiyə, Pakistan və ya başqa bir ölkənin hərbi bazasını yarada bilər. Türkiyə NATO ölkəsi olsa da, onun Azərbaycan ərazisində yaradacağı hərbi baza təşkilatın bazası sayıla bilməz”.
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə vurğulayıb ki, Şuşa Bəyannaməsinə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar ata bilərlər. Analitikin fikrincə, Türkiyənin Şuşada Baş Konsulluq açacağını bildirməsi də çox önəmlidir:
    “Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Həmçinin, Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ Prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalaması, sənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında dünyanın aparıcı güclərinin də maraqlarının durduğunu ifadə etmiş oldu.
    Bütün bunlardan çıxış edərək demək olar ki, Bəyannamə Azərbaycan üçün hərbi baxımdan əvəzolunmazdır. Düzdür, sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur. Amma Qars müqaviləsinə istinad, Zəngəzur dəhlizi ilə bağlı açıqlama Türkiyənin bölgədə təminatçı rolunda çıxış etdiyinin açıq göstəricisidir.
    NATO üçün Cənubi Qafqazda Türkiyənin Rusiyanı sıxışdırması ən ideal variantdır. Bu baxımdan demək olar ki, NATO və dolayı yolla Türkiyə ordusu artıq Azərbaycandadır”.
  • Müstəqillik tariximizin ən böyük hadisəsi bəyanat yaydı

    Azərbaycan və Türkiyə Respublikası arasında Şuşa Bəyannaməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının

    Bəyanatı

    2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Bəyannamə 44 günlük Zəfər savaşından sonra müstəqillik tariximizin ən böyük hadisəsi sayıla bilər. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadiyə-ticarət əlaqələri, hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. “Şuşa bəyannəməsi”nə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bütün mahiyyəti ilə Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə Respublikalarının tarixi ənənələrə sadiqlik nümayiş etdirərək gələcəyə daha möhkəm təməllər yaratdı.
    Bəyannamədən əlavə, diqqəti cəlb edən digər mühüm bir məqam da Türkiyə Konsulluğunun Şuşada açılacağının bildirilməsidir. Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, bu mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Həmçinin Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalaması, sənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında həm də Dünyanın maraqlarının durduğunu ifadə etmiş olur.
    Vətəndaş Həmrəyliyi Partiyası “Şuşa Bəyannaməsi”ni Azərbaycan üçün iqtisadi, diplomatik və hərbi baxımdan əvəzolunmaz hadisə hesab edərək bu sənədin Qafqazda sabitliyin qarantına çevriləcəyini, eyni zamanda Azərbaycan-Türkiyə ittifaqının regionda heç bir dövlətin marağına zidd getmədən, sülhün təminatçısı olacaq güc mərkəzinə sevrilməsinin təsdiqi olduğunu bəyan edir.

  • “Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”

    “Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər zamanı imzalanan Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”.  Bunu Pravda.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Sabir Rüstəmxanlı işğaldan azad edilmiş Şuşa şəhərində imzalanan bəyannamənin əhəmiyyətindən bəhs edib: “Bu, Türkiyə ilə Azərbaycan arasında bağlanan tarixi bir sənəddir. Bəyannamə təsdiq edir ki, bundan sonra əgər hansısa qonşu dövlət Azərbaycana qarşı işğalçı mövqedən çıxış edərsə və buna cəhd göstərərsə, Azərbaycan və Türkiyə birgə hərəkət edəcəklər. Vaxtilə imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın müdafiəçisi kimi çıxış edən Türkiyə indi həm müdafiə sahəsində, həm də BMT çərçivəsində iş birliyini, eyni zamanda dövlətlərin təhlükəsizliyi məsələlərində Azərbaycanla daim birgə olacaq. Bu istiqamətləri şərtləndirən bəyannamənin Şuşada qəbul edilməsinin xüsusi rəmzi əlaməti var. Bu, Azərbaycan və Türkiyənin, doğrudan da, qardaş dövlət olduğunu nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və səfər zamanı imzalanan bəyannamə düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”.

  • Samir Əsədli: “Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz”

    “Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib. Lavrovun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:
    “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”
    Lavrovun bəyanatını şərh edən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Qarabağın “statusu” ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bunu Zəfər savaşı dönəmində dövlət başçısı qəti və net şəkildə ifadə edib:
    “Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz. Rusiyada bu kimi fikirlərin səslənməsi sırf erməni ictimaiyyətinə hesablanıb. Kreml ondan üz döndərən Nikol Paşinyanın rəqiblərinin əlini gücləndirmək istəyir. Başqa sözlə erməni xalqına mesaj verirlər ki, əgər seçkidə ruspərəstlər qalib gələrsə, Qarabağ məsələsində Rusiya müəyyən addımlar ata bilər. Amma artıq gecdir və Moskvanın bu vədlərinin gerçək olmadığını hər kəs anlayır”.
  • VHP-dən Rusiya polisinə etiraz

    Məlum olduğu kimi, bir neçə gün öncə Novosibirskə yol polisi müfəttişi Alksandr Qosev bu şəhərdə yaşayan soydaşımız Vəkil Abdullayevi güllələyərək öldürüb. Qatil polis öncə həbs olunsa da bir nçə gün sonra azadlığaburaxılıb və ardınca xüsusi təyinatlı polislər hadisə yerində olan iki azərbaycanlı gəncin yaşadığı ünvanlara basqın edərək, onları kobudluqla həbs ediblər. Baş vermiş hadisə açıqdan açığa azərbaycanlılara qarşı qərəz, vəhşi münasibət göstəricisidir. Hadisənin videogörüntülərindən də aydın olur ki, polisin atəş açmağına heç bir zərurət yox idi. Qatil polisin Rusiya prezidentinin qrup yoldaşı olan İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstərişi ilə azad edilməsi xüsusi diqqət çəkir. Soydaşlarımıza qarşı məhz azərbaycanlı olduqlarına görə Rusiya polisinin, eləcə də digər qurumların qeyri-insani, hüquqdan kənar davranışı ilk hal deyil. Bütün bunlar Azərbaycan ictimaiyyətində ciddi etiraz yaradır.

    Vətəndaş Həmrəyliyi Partiyası hadisənin obyektiv araşdırılıb hüquqi qiymət verilməsini, gərəkən cəzanın verilməsini tələb edir. Azərbaycanın hüquq mühafizə orqanları və Rusiyadakı səfirliyi Novosibirsk də baş verən cinayətin ədalətli araşdırılması üçün Rusiya tərəfi ilə danışıqlara başlamalı, Azərbaycan icması da bununla bağlı məlumatlandırılmalıdır.

  • Samir Əsədli: “Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq”

    “Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq”
    Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov bu gün Moskvadan İrəvana səfər edəcək. Bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazıb. Səfərin məqsədi ötən gün Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında keçirilən üçtərəfli danışıqların nəticələrini İrəvan rəsmiləri ilə müzakirə etməkdir.
     
    Məlumata görə, dünənki müzakirələrdə hər 3 ölkənin Müdafiə Nazirliyinin rəsmiləri iştirak edib. Danışıqlara Ermənistan tərəfdən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan qatılıb. Əsas müzakirə mövzusu sərhəddəki gərginlik olub. Digər məlumata görə, Ermənistan tərəfi müxtəlif bəhanələrlə üçtərəfli işçi qrupunun çalışmalarına qatılmaqdan imtina edir və davamlı olaraq sərhəddə gərginlik yaradır. Ötən gün 40 erməni hərbçisinin Kəlbəcər istiqamətində qanunsuz olaraq Azərbaycan tərəfə keçdikləri ilə bağlı məlumat verilmişdi.
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə vurğulayıb ki, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar düşmən ölkədə gözlənilən 20 iyun seçkiləriylə bağlıdı. Analitikin sözlərinə görə, seçkidə maraqlı olan bütün tərəflər bölgədəki prosesləri öz maraqlarına yönəltmək istəyirlər:

    “Paşinyan Qarabağ məğlubiyyətindən sonra müəyyən dividendlər qazanmağa cəhd göstərir. Koçaryanın rəhbərliyi altındakı şovinist müxalifət ordunu və hakimiyyəti bir qədər də rəzil duruma salmaq üçün planlar qurur. Bu iki xətt sərhəddə təxribatlarla nəticələnir. Təbii ki, Azərbaycan dövlət maraqlarını qoruyaraq bu təxribatlara siyasi və zəruri halda hərbi cavab verir. Son günlər baş verənlərə Rusiyanın maraqlarından irəli gələn fəaliyyəti də əlavə etmək lazımır. Rusiya bir tərəfdən Paşinyanı ram etmək, digər tərəfdən isə bölgədə sülhün yeganə qarantı olduğunu hər iki xalqa qəbul etdirmək üçün addımlar atır. Hazırkı situasiya və gərginliyin səbəbləri bundan ibarətdir. Fikrimcə, Paşinyan seçkidə qələbəsini təmin edərək Koçaryan və komandasının təxribatlarına son qoyacaq. Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq”.
  • Bir ömür umuddu – bir içim sudu… – “Ulduzlar sönmür” rubrikası – Müsahibə

    “Yazıram köhnəni qorumaq üçün”

    Onu bu məmləkətdə tanımayan yoxdur, onu hamı sevir və o bu hörməti də, bu sevgini də illərlə ruhunda gəzdirdiyi Vətən sevdası, türkçülük eşqi, bir də uşaqdan tutmuş böyüyə qədər hamıyla paylaşa bildiyi səmimiyyətlə qazanıb. Bu gün Sabir Rüstəmxanlı deyəndə ilk növbədə gözlərimiz qarşısında min illik türkdilli ədəbiyyatımızın son yarım əsrdən artıq zaman kəsiyində öz sözünü deyib, altından imzasını qoymuş sevilən şairin, bir qərinəni adlamış müstəqillik və azadlıq savaşımızın öncüllərindən biri olan vətəndaşın, hər zaman sözünün arxasında durmağa çalışan ağır taxtalı bir kişinin portreti canlanır.

    “Şairlik nəyimə gərəkdir mənim? –

    Şeirdə təsəlli aramaq üçün!

    Təzə söz deməyə gümanım azdır,

    Yazıram köhnəni qorumaq üçün”.

    O, bəlkə, doğrudan da, elə köhnəni qorumaq üçün gəlib dünyaya. Təkcə sözü yox, mənəviyyatı, etibarı, ruh azadlığını, cəsarəti, əxlaqi dəyərləri və sevgini – əbədi sevgini, Vətən sevgisini qorumaq üçün…

    “Bir əlçim buluddu,

    Bir ömür umuddu,

    Bir içim sudu,..

    …21 Azərin qanıdı,

    Cavad xanın qətl yeridi,

    Sabirin “Fəxriyyə” şeiridi,

    Dağları dumanında itən, –

    Vətən… Vətən…”.

    1946-cı ilin 20 may günü dağlarının zivəsi Savalana salam deyən Yardımlı rayonunun Hamarkəndində, Xudu kişinin ailəsində dünyaya göz açıb. Onun tərcümeyi-halı haqqında çox yazmaq fikrim yoxdür, çünki yazımın əvvəlində qeyd etdiyim kimi, onu hamı tanıyır, sadəcə az qala 40 ilə yaxın bir müddətdə şəxsən tanıdığım, həmişə cavan, şux, yaraşıqlı, cəsarətli və doğma bir insanın nə vaxt yaşa dolduğunu, nə vaxt 75 yaşa çatdığını təsəvvür etməkdə bir qədər çətinlik çəkirəm.

    “75 yaşa çatmaq asan iş deyil”

    – Sabir bəy, “Ədəbiyyat qəzeti”nin yeni layihəsində – “Ulduzlar sönmür”də görüşürük. Bir aya yaxındır bu layihəni başlamağa hazırlaşırdım, amma nə  xoş ki, ilk qonağım siz oldunuz, özü də 75 yaşın astanasında. Mən inana bilmirəm…

    – “Heç özüm də inana bilmirəm. 60 yaşım olanda yazmışdım, mənə elə gəlir dünyada 60 əsr yaşamışam. O vaxt düşünürdüm ki, 60 il bir göz qırpımında ötüb-keçdi. Amma əslində, həm də düşünürdüm ki, bu 60 ildə insanlığın bütün tarixini yaşamışam. Adam özünü heç nədən kənara çəkə bilmir. Adəmlə Həvvadan başlamış üzü bu yana bəşər tarixinin yaşadığı bütün faciələr, bütün savaşlar, qovğalar gəlib sənin içindən keçir. İnsan çox qəribə varlıqdır: sən eyni zamanda həm ansan, həm də əbədiyyətsən. Həm fərd olaraq öz ömrünü yaşayırsan, həm də bütünlüklə millətin tarixinin bir parçasısan. Azərbaycan vətəndaşı olaraq bizim daşıdığımız yük çox ağırdır, bu bir almanın, bir fransızın, ingilisin daşıdığı yükə bənzəməz. Onlar tamam ayrı tale keçirlər: üz-üzə gəlib söhbət edirsən, sən də insansan, o da: sevgidən danışırsan, ümumi şeylərdən danışırsan, insanlıqdan danışırsan, amma hiss edirsən, axı onun yükü səninkinə bənzəmir və hətta onların səni məhkum elədiyi, çiyninə qoyduğu yüklər də var. Balaca millətlər, əslində heç balaca da deyilik, 50 milyonuq, az qala elə fransız qədər varıq, amma tale elə gətirib param-parça olmuşuq və bu param-parça olmağın bütün dərdləri, bütün qayğıları sənin gündəlik həyatının bir parçasıdır.

    Əzrayılı görən olsa…

    Evində rahat görünə bilərsən, övladın rahat ola bilər, amma daxilən heç vaxt rahat deyilsən, çünki Şuşanı hələ 6 ay əvvəl işğaldan azad edə bilmişik. 30 il içimizdə qaysaqlanan yara hələ dünən “Xarıbülbül” festivalında  göyə qanad açan Azərbaycan muğamının sədaları ilə ovunmağa başlayıb. Bu 30 ildə 30 əsrin ağrısı keçib bu millətin ruhundan, ona görə düşünürəm ki, 75 yaşa çatmaq asan iş deyil. Doğrudur, nəslimizdə uzunömürlülər çox olub. Babalarım 100 il ömür sürüb, əmilərim də uzun yaşayıb. Bir əmim vardı, 106 il ömür sürdü, axırda deyirdi ki, Əzrayılı görən olsa məni onun yadına salın. Bircə atam 75 yaşında dünyadan getdi, çünki müharibədə çox əziyyət çəkmişdi. Əslində, genetik olaraq 75 il, 85 il yaşamaq çox təəccüblü görünməməlidir. Sən mənsub olduğun millətin savaşlarının, mübarizələrinin içindən keçərək gəlib 75 yaşa çatanda hiss edirsən ki, bunun özü də bir qəhrəmanlıqdır”.

    slində, bu millətin yaddaş albomunda Sabir stəmxanlıbir portreti var və orada cavan, yaraşıqlı, zlərindəod skübir insanın şəkli donub qalıb. Nə xoş ki, zaman o şəklə toxuna bilməyib. ni, ncə, Allah qoysa 90 yaşlı, 100 yaşlı Sabir stəmxanlı da yişqalacaq.

    Mən şair ömrü yaşamadım…

    – Yaxşı ki, adamı elə o cür xatırlayırlar. Bu çox maraqlı bir şeydir. Adamın qəbul edilmiş bir portreti var. Elə sən də mənim yaddaşımda o tələbə Əyyub kimi qalmısan. Zaman keçir, saçlar ağarır, adamın qaməti daha əvvəlki kimi olmur, yerişin, duruşun dəyişir, amma insanlar səni ilk dəfə necə tanıyıblarsa, elə də yaddaşlarına yazırlar. Burada da tarix kimi bir neçə qat görünür, amma arxadakı qatın işığı daha gur olur və səni dəyişməyə qoymur”.

    – Doğrudur. Ulduzlarla bağlı təsəvvürlər çox nadir hallarda dəyişir. Bu, ilk sevgi kimi bir şeydir, adamın yaddaşının dərin qatında bir şəkil donub qalır. Sizin yaddaşlarda qalan şəkliniz şair şəklidir.    

    – Məni insanlar şair kimi tanıyırlar. Romanlar, publisistika, siyasət, millət vəkili, qəzetçilik və s. amma bunların hamısı şairlikdən başlayıb. Bəzən fikirləşirəm ki, mən heç vaxt şair ömrü yaşaya bilmədim. Heç vaxt 2-3 ay dalbadal ruhumu əsir edən ilhamla baş-başa qalmağa imkan tapa bilmədim. Biz axı ruh adamlarıyıq, bəzən müəyyən diktələr olur və oturub onları kağıza köçürmək istəyirsən, amma davamlı olaraq o ilkin enerjiylə, ilkin ovqatla oturub yazmağa vaxt tapa bilmirsən. “Göy Tanrı” romanını yazanda ilk cümlə gəldi və tez onu yazmağa başladım. Sahildə uzanmışdım, şüa kimi ruhuma dolan bir şey hiss etdim, nə olacağını bilmirdim, amma hiss edirdim ki, o uzaq keçmişdən gələn səsləri eşidirəm. Az qala qaça-qaça otağa qalxdım, ilk cümləni elə doğulduğu kimi qeyd elədim və bu vaxt zəng gəldi, ictimai işlərimlə əlaqədar məni Bakıya çağırdılar. Yəni göylərlə aramda yaranmış rabitə o an qırıldı. İyun ayı idi və mən bir də o mövzuya 8 aydan sonra – fevralda qayıda bildim, təzədən o ilk cümlədən yapışdım, o ilk cümlə məni silkələdi, ruhumu təzələdi və 2 aya romanı bitirdim.

    Kiçik fikirlərdən doğan böyük yazılar

    Yaxşı ki, indi telefon var, adam yolda olanda, masa arxasında olmayanda belə beyninə gələn fikirləri qeyd edə bilir. Əslində, istənilən böyük yazı elə balaca bir fikirdən doğur.

    – Şair üçün, söz adamı üçün ən rahat yer yazı masasının arxasıdır, amma siz bu rahatlığı yox, meydanları seçdiniz. Niyə? Şair kimi tanınırdınız, sevilirdiniz, amma siyasət bir az sürüşkən yerdir, uğur qazanmaya da bilərdiniz və bu uğursuzluq sizin şair kimi qazandığınız hörməti, sevgini laxlada bilərdi.

    – “Bizim taleyimizə rahatlıq yazılmayıb, əziz dostum. Əksinə, oturub şairliyimi eləsəydim, millət bu gün məndən hesab soruşa bilərdi ki, o ağır günlərdə hardaydın və buna haqqı da çatardı. Əlbəttə, meydan hadisələri başladı, siyasi fəaliyyət başladı, yazıdan uzaq düşdüm. Nə mənada uzaq düşdüm, yəni davamlılıq qırıldı. Kənarda dayanmaq olmazdı, kənarda dayana bilməzdim, çünki mənim millətimin taleyi həll olunurdu. Nə vaxtsa yazmışdım:

    Neçə yazılmamış şeirlərimi

    Atdım meydanların izdihamına,

    Qatdım millətimin gül ilhamına…

    Bircə söz saxladım – Azadlıq sözü,

    Dönüb yumruq olmaq öyrətdim ona!

    Yəni sən şairsən, söz deməlisən, amma şərait, tale elə gətirir ki, söz demək əvəzinə, yumruğunu düyünləməli olursan. Meydanlara çıxıb “Azadlıq! Müstəqillik!” deyib qışqırırsan, amma şair bunu öz sözü ilə deməlidir. Bir də ki, adamın əqidəsi safdırsa, məqsədi təmizdirsə, harada olur-olsun, qazandığı hörmət də, sevgi də heç vaxt laxlamaz”.

    “Bircə söz saxladım – Azadlıq sözü”

    – Yaşadığınız 75 ilin böyük bir hissəsi millətin, xalqın gözü qabağında keçdi. Hələ orta məktəbdə oxuduğum illərdə tanış olarkən görmüşdüm sizə olan münasibəti, tanıyırdılar sizi. Tanınmaq xoş olduğu qədər də məsuliyyətli bir şeydir. Adam hər sözünə, hər hərəkətinə çəki-düzən verməli olur.

    – Zatən adam hər hərəkətinə, hər sözünə görə məsuliyyət daşımalıdır. Tanınmağı, məşhur olmağı biz seçmirik, sadəcə bir gün görürsən ki, artıq səni çoxları tanıyır. Əlbəttə, bir üzdə olan, gözlə görünən tanınmaq var, bir də səni tanıyan çoxluğun səndən, yaşadıqlarından, dərdlərindən xəbərsiz  olduğu şeylər olur. İndi düşünürəm, yaşadığım 75 ilin 30 ilini yaşamamışam. Həmin 30 ildə duyğularım çox güclü olub: təbiət, aşiqlik, gənclik… amma 30 il evsiz, kirayələrdə yaşamaq, ordan-bura daşınmaq, hər daşınanda xatirələrinin bir parçasıyla bir yerdə, özünlə apara bilmədiyin kitabları, əşyaları da qoyub getmək məcburiyyəti. Bir yerə təzə isinişirsən, ev sahibi, hətta bəzən erməni ev sahibi də olurdu, gəlib sənə deyir ki, 3 günə evi boşalt, daha kirəkeş saxlamıram. Adam alçalır, təhqir olnunur. Bütün bunlar bir şair ömrünü, bir yazıçı ömrünü baltalayan şeylərdir.

    – Böyük bir ailədə dünyaya gəlmisiniz. Dağlıq bir kənd, daha çox dini-mənəvi ənənələrə söykənən mühit və bu mühitin içindən çıxıb bütün və bütöv Azərbaycana boy verən, qol-budaq atan Sabir Rüstəmxanlı. Hamarkənddən çıxıb Bakıya gələndə özünüzlə nə gətirə bilmişdiniz? Axıra qədər sizə sirdaş ola bilən  xatirələr oldumu?

    İnsan xatirələrlə yaşayır

    – İnsan xatirələrlə yaşayır, yaşa dolduqca xatirələr ümumiyyətlə adamla yoldaşlıq edir. Əlbəttə, 75 il az tarix deyil və bu zamanın içində saysız-hesabsız xatirə var. Müxtəlif dövrlərdə qısa fasilələrlə gündəlik də yazmışam, xüsusilə hər ilin əvvəlində adamda bu duyğu baş qaldırır, amma sonra yenə qırılırsan, ayrılırsan bundan. Sonra da peşman olursan, niyə bunu yazmadım və s. Sonra başın qarışır şeirə, hekayəyə və görürsən, həmin o xatirə hansısa bədii yazının içində əriyib gedib. Bir neçə il əvvəl fikirləşdim ki, xatirələrimi yazım, təxminən 200 səhifə yazmışdım, gördüm ki, hələ kənddən çıxa bilməmişəm. Kənd nədir, hələ heç orta məktəbdən qopa bilməmişəm. Yazdıqca lent təzələnir, yaddaş oyanır, görürsən arxada nələr qoyub gəlmisən. Bir hissəsini yazıb “Azərbaycan” jurnalına təqdim eləmişəm, yəqin, 5-ci sayda gedəcək. Hələ bitirməmişəm, amma axır ki, Bakıya gəlib çıxmışam (gülür). Əlbəttə, imkan olsa onu davam edib kitab halına salmaq fikrindəyəm. Bu yaşda 15-16 yaşın duyğularını yazıram və mənə xoş gələn də elə budur.

    – Kəndə bağlı olduğunuzu bilirəm. Axşam gəlmisiniz kənddən, hələ üstünüzdən kəndin qoxusu çəkilməyib, hələ başınızdan kəndin havası çıxmayıb, hiss edirəm.

    – Kəndi ideallaşdırmaq istəmirəm, kəndçi olmaq ağır işdir. Xüsusən bizim kənddə yaşadığımız dövr – 50-ci illər lap ağır idi. Söhbət 53-cü ildə Stalinin ölüm xəbərinə yığışıb yas saxlayan bir kənddən gedir və əminəm ki, bu cür kəndlər təkcə Azərbaycanda deyildi, SSRİ-nin hər yerində belə kəndlər vardı. Fərqində deyildilər Stalin onlara nə zülmlər, nə xəyanətlər edib. Bizim beynimiz bu fikirlərlə dolmuşdu. Bir az da ondan sonrakı durğunluq illəri. Bir yandan marksizm ideologiyası, bir yandan dini cəhlət. İslam əxlaqı, islam dəyərləri qalırdı bir tərəfdə, bizə islam faciələrini təbliğ edirdilər. Amma bunun bir ədəbiyyat qanadı vardı və biz, ədəbiyyatı sevənlər onun içində rahatlıq tapırdıq. S.Vurğunun, S.Rüstəmin, V.Mayakovskinin şeirlərilə böyüyürdük. Gücün çatırsa bunun içindən sıyrıl çıx görüm necə çıxırsan. Çıxarsan, amma onun təsisindən tam qurtula bilmirsən. Sənin üslubun, ifadə tərzin çox çətinliklə qurtula bilir bu təsirlərdən. Amma birtəhər çıxa bilirdik. Üstəlik, nə qədər sərhədlər bağlıydı, dini xurafat bu tərəfə ayaq aça bilmirdi, sərhədlər açılandan sonra İranın islam dəyərləri ayaq açdı bu taya da, cəhalət daha da baş alıb getdi. Sanki kəndlərimiz İslam dünyasının cəhalət dövrünü indi yaşayır. Mən bunun əleyhinəyəm. Məscid bizim möhürümüzdür, amma o məscidlərdə Azərbaycan naminə söhbətlərə daha çox yer vermək lazımdır.

    Məscid bizim möhürümüzdür, amma…

    Kəndlər boşalır, bu çox acınacaqlı haldır. Cavanlar deyir ki, kənddə həyat yoxdur, amma o həyatı kəndə qaytarmaq lazımdır. Bir müddət əvvəl mən Yardımlıda özümə ev tikdim, sonra o biri qardaşlarım da kənddə özlərinə ev tikməyə başladılar. Sonra başqa qohumlar da bu ənənəni davam elədilər. Kiçik qardaşım Şahbaz kənddə yaxşı bir stadion salıb. Kənd məktəbinin kitabxanasına kitablar göndərir, amma buna da ağız büzənlər tapılır. Kəndə dağdan 7 kilometr uzunluğunda su xətti çəkdirdim. Yol boyu çinar, tut, şam ağacları əkdik, artıq göyərir, bir neçə ildən sonra boy verib böyüyəcəklər. Kəndi müəyyən qədər abadlaşdırdıq və bu davam edir. Əslində, şəhərin kəndə münasibəti bu cür olmalıdır. Hərə bir işin qulpundan yapışsa, kəndlərdə şərait normallaşar”.

    – Sabir bəy, 44 günlük Vətən müharibəsi ordumuzun qələbəsilə başa çatdı. Müharibə dövründə də, müharibədən sonrakı dövrdə də birmənalı olaraq dövlətin yanında olduğunuzu bəyan edirdiniz və bəzi fikirlərinizin müxalifətçilik prinsipinizə zidd olduğunu deyənlər tapılırdı. 

    – “Biz nə istəyirdik? Torpaqlarımız azad olsun, Qarabağ problemi həll olunsun, ölkədə normal vəziyyət yaransın, bu millətə xəyanət edən məmurlar cəzalandırılsın və s.

    Əgər Qarabağ azaddırsa…

    Əgər bu gün Qarabağ işğaldan azad olursa, ölkədə yaxşı mənada sosial-iqtisadi islahatlar gedirsə,  niyə sevinməyim?! Qarabağın işğaldan azad olması çox şeyi dəyişdi…

    Biz çox murdar düşmənlə üz-üzəyik. Ermənilər tarixi olmayan, mədəniyyəti olmayan bir millətdir, amma zaman-zaman ona şərait yaradıblar özü üçün qondarma tarix düzəldib, oğurluq mədəniyyət yaradıb. Bizansdan gətirib onunçün bir əlifda düzəldiblər, bu onun şansıdır. Həmin əlifbayla yazılan nə varsa sonradan özününküləşdirib. Burnumuzun ucunda belə saxtakar düşmən var və bizim ən böyük işimiz belə şeylərə cavab verməkdir. Bu gün ermənini ayaqda saxlayan onun kilsəsidir. Gəlib dağın başında bir kilsə qurub və oradan öz xalqını idarə etməyə başlayıb. Bu kilsə ermənilərin mövcudluğuna əsas dayaqlardan biridir. Əslində, bizim məscidlərimizin, dinimizin ideologiyasının təməlində daha humanist məqamlar var, biz eyni dindən olan bütün insanlara müsəlman qardaşlarımız deyirik, amma bu, çox vaxt sözdədir. Gördük 44 günlük müharibə dövründə o müsəlman qardaşlarımızın çoxunun səsi çıxmadı. Bu gün mənim din qardaşım Fələstin Qarabağın erməni torpağı olduğunu deyir, soyqırımını tanıyır, ermənini müdafiə edir, amma məni isə yəhudi müdafiə edir. Bir dəfə İran səfirinə dedim ki, İranda ermənilərə daha çox dini və mədəni azadlıq verilib, amma 35 milyonluq azərbaycanlının haqqını sıxışdırırsınız. Dedi, ermənilər dini azlıqdır, sizsə bizim şiə qardaşlarımızsınız, ona görə. Dedim, belə çıxır haqlarımızı almaq üçün dinimizdən, məshəbimizdən imtina eləməliyik? Absurd yanaşmadır.

    – Sabir bəy, indi olduğunuz yerdən baxanda daha çox nə üçün, ya da kim üçün darıxırsınız?

    Kaş o vaxt…

    – Əslində, darıxmağa səbəb olan çox şey var, amma indi mobil telefonu görəndə bir şeyə təəssüflənirəm, kaş bu telefon anamın-atamın sağlığında olaydı, mən onlarla daha çox danışa, üzlərini daha çox görə biləydim. O vaxt bizim Bakıdan evə zəng vurmağımız ən azı 2-3 saat vaxt itkisiydi. Poçta gedib növbə tutmalıydın, səni rayonla, rayonu kəndlə calamalıydılar, ilk vaxtlar evdə telefon yox idi, gərək qonşuya zəng vuraydın, qonşu gedib evə xəbər verəydi, bəzən heç vaxt çatmırdı, elə sözünü qonşuya deyib gedirdin.

    – Sabir Rüstəmxanlı şuluq uşaq olub?

    – Ən cığal uşaqlardan biri olmuşam və bu cığallıq daha çox özümə arxayın olmağımdan doğub. Əlaçıydım, riyaziyyatı sevirdim, bəlkə də riyaziyyat müəllimim qiymətimi kəsib məni qızıl medaldan məhrum etməsəydi riyaziyyatçı olacaqdım, acığa filoloq oldum. Mənə deyirdi, sənə 10 sual verəcəyəm, birini də bilməsən 2 yazacağam, 10-nu da bilməsən. Bu səbəbdən bəzən jurnalda 2-lərimin sayı elə 5-lərimin sayı qədər olurdu.

    “Acığa filoloq oldum”

    – “Azərbaycan” qəzeti çox böyük tirajla çap olunurdu və əl-əl gəzirdi. O dövrdə çox böyük boşluq vardı azad mətbuatda və baş redaktoru olduğunuz qəzet bir müddət bu boşluğu təkbaşına doldura bildi.

    – Qarabağ problemi başlayandan sonra biz Aktyor evində Qarabağa Xalq Yardımı Komitəsi yaratdıq. Mənim sədr olmağımı istəyirdilər, amma qərara gəldik ki, sədr mütləq qarabağlı olmalıdır. İsmayıl Şıxlıya təklif olundu, o da təklif etdi ki, Bayram Bayramov sədr olsun. Mənsə qəzet buraxmağı öhdəmə götürdüm. Ən maraqlı məqamlar Bayram Bayramovla yaşanırdı. Mərkəzi Komitədən zəng vurub qəzetlə bağlı irad tuturdular, o da məni çağırıb danlayırdı ki, ay Sabir, niyə belə yazırsınız, filankəs zəng vurmuşdu, filankəs filan dedi. Mən də onu sakitləşdirməyə çalışırdım, sonra axşam bir də görüşürdük, görürdüm kefi yaxşıdır. Deyirdi, Sabir, düz eləyib elə yazmısınız, Mərkəzi Komitədən 2 nəfər zəng vurub qanımı qaraltdı, amma bu gün ən azı 100 nəfər Azərbaycanın hər yerindən zəng vurub qəzetə görə, filan məqaləyə görə təşəkkür eləyib.

    “Koroğlu” dastanını oxumusan?

    Tələbə vaxtım idi, Bakı şəhər İcraiyyə Komitəsinin sədrilə görüş keçirilirdi, qalxıb sual verdim ki, Kirovun heykəlini nə vaxt götürəcəksiniz. Adam çaşıb qaldı, sonra dedi: “Koroğlu” dastanını oxumusan?”. Dedim oxumuşam. Dedi orada Koroğlunun üstünə ordu göndərmək istəyəndə biri deyir ki, Koroğlunun üstünə ordu göndərmək lazım deyil, onun özünə tay birini tapıb göndərmək lazımdır. Mən onun nə demək istədiyini başa düşdüm. Yəni öz qəhrəmanımız yetişməlidir.

    Bir dəfə Vəzirov qəzetin çapını dayandırmışdı, “Azərbaycan” nəşriyyatının sıravi işçiləri tətil elədilər, qəzetin çapı bərpa olunana qədər işləmədilər və bu həm də dövlət qəzetlərinin, Moskva nəşrlərinin də çapının dayanması demək idi. Aləm dəymişdi bir-birinə. Çünki mərkəzi qəzetlər teletaypla gəlib Bakıda çap olunurdu. Bizim qəzetin nəşrinə yenidən icazə verdilər, nəşriyyatda iş bərpa olundu.

    – Bir müddət nazir oldunuz. Sizcə, necə nazir idiniz?

    – Qapım millətin üzünə heç vaxt bağlı olmadı. Düzdür, qapıda qəbul günləri-filan yazılmışdı, amma formal idi bu. Xüsusilə rayonlardan gələnlər heç vaxt qapıda gözləmirdilər. Mən ağır  dövrlərdə işlədim, kağız yox, dozakl yox, min əziyyətlə kağız tapırdıq, avadanlıq tapırdıq. Qafqazın ən böyük çap kombinatının tikintisinə başlamışdıq, mən işdən gedən kimi tikinti də dayandı, indi o bina xarabalığa çevrilib. Kitab mağazalarını ləğv etmək istəyirdilər, mərkəzdəki kitab mağazalarından birinin müəyyən hissəsini almaq üçün xeyli rüşvət də təklif eləmişdilər, qətiyyən yaxın buraxmırdım, məndən sonra kitab mağazaları da ləğv olundu.

    “…xeyli rüşvət təklif eləmişdilər”

    – Sabir bəy, sizcə, ulduzlar nə vax sönür?

    – “Bunun həm fəlsəfi, həm də astronomik izahı var. Əslində, hər insanın beyni bir qalaktikadır, astronomiyadan bilirik, yüz  min il əvvəl sönmüş ulduzlar var ki, işığı hələ indi gəlib bizə çatır, amma o ulduz artıq yoxdur. İnsan da belədir, bəzən sən onun işığını görmürsən, amma o işıq var. Bəzən qəsdən gözlərini yumub o işığı görmək istəmirsən. Amma o işıq yenə var. Yəni əgər ulduz varsa, işığı varsa, ümumiyyətlə işıq məvhumu varsa ulduzlar sönmür. O ki qaldı insanlara, məncə, yerdə bir insan unudulursa, mütləq göydə də bir ulduz sönür. Bu baxımdan sənin “Varislər” layihən çox maraqlıdır və xahiş edirəm bunu mütləq yazasan. Çünki sən bu missiyanı boynuna götürmüsən və insanları unudulmağa qoymursan. Demək, həm də ulduzları sönməyə qoymursan”.

    Söhbətləşdi: Əyyub QİYAS

  • Samir Əsədli: “Ermənistandakı iqtisadi böhranın dərinləşməsi siyasi böhranı da pik vəziyyətinə gətirib”

    Erməni müxalifətinin parçalanması indiki hakimiyyətin işinə yarayır
    Ermənistanda ehtiyatda olan zabitlər, polis, hərbi polis, penitensiar xidmət və digər hüquq-mühafizə orqanlarının 80-ə yaxın əməkdaşı sabiq prezident Robert Koçaryana dəstək bəyanatı ilə çıxış ediblər. Onların bəyanatı erməni mediasında dərc edilib. Bəyanatda ehtiyatda olan zabitlər, o cümlədən bir çox keçmiş polis, hərbi polis, penitensiar xidmət, ibtidai istintaq orqanları, prokurorluq, məhkəmə orqanları əməkdaşları Ermənistan və Qarabağdakı hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər. Bildiriblər ki, mövcud hakimiyyətin səriştəsiz siyasəti nəticəsində ölkə böhran həddindədir. 2018-ci ildən bəri böyük və unudulmaz xidmətləri olan generalları əsassız cinayət təqiblərinə məruz qoyan hakimiyyət ordunu nüfuzdan salaraq dağıdıb: “Dövlət hakimiyyətini qəsb edən kapitulyator özünün cinayətkar qrupu ilə birlikdə erməni dilini və ədəbiyyatını, tarixini, kilsəsini və erməni ailəsini məhv edir. Onlar əbədi düşmənimiz olan türklərə qarşı vətənpərvərlik siyasətini davam etdirir.
    Ermənistan Respublikasının ehtiyatda olan generalları və zabitləri vətənin qurtuluşuna layiqli töhfə verməyin lazım olduğunu başa düşərək “Ehtiyatda olan zabitlər” hərəkatını yaratmağa qərar verdilər. “Ehtiyatda olan zabitlər” hərəkatı Ermənistanın ikinci prezidenti Robert Koçaryana dəstəyini ifadə edir”.
    Mövzu ilə bağlı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  “Şərq”ə açıqlamasında vurğulayıb ki, hazırda Ermənistanda erkən seçkilərə son sürətlə hazırlıq gedir. Politoloq qeyd edib ki, 20 iyunda baş tutması gözlənilən növbədənkənar seçkilərdə siyasi qüvvələr bir-birini parçalamağa müntəzir dayanıb:
    “Belə bir durumun yaranmasının əsasında bir neçə amil dayanır. Birincisi, uzun illər Ermənistan hakimiyyəti öz xalqını Qarabağdakı işğalı ilə aldadaraq dövləti talan edib. 28 il Ermənistanda hakimiyyət başında dayananlar məğlubedilməz ordu yaratmaq adı altında büdcəni talayaraq ölkəni müflisləşdirib. İkinci amil isə 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük qələbəsi və Ermənistan ordusunun məhv edilməsidir. Üçüncü amil isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq layihələrdən təcrid olunması və bunun nəticəsində Ermənistan iqtisadiyyatının məhv olmasıdır”.
    S.Əsədli əlavə edib ki, müharibədə düçar olduqları məğlubiyyət Ermənistanda iqtisadi tənəzzülü daha da dərinləşdirib:
    “Əgər müharibəyə qədər əsas gəlir mənbələri işğal olunmuş Azərbaycan torpaqlarından idisə, bu gün həmin əraziləri Azərbaycan döyüş meydanında geri alıb. 44 günlük müharibədə əsgər ölümlərinin yüksək olması, müharibədə itkin düşmüş minlərlə hərbçi ailəsinin hakimiyyətdən narazılıqları günü-gündən böyüməkdədir.
    Həm də müharibədə sağlamlıqlarını itirmiş şəxslərə və ölmüş şəxslərin ailələrinə hər hansı bir hüquqi status verilmir. Ona görə verilmir ki, veriləcək status maliyyə tələb edir. Bu gün isə Ermənistanın belə bir maliyyə imkanları yoxdur. Müharibədə sağlamlıqlarını itirmiş şəxslərə tibbi xidmətlər göstərilmir. Ölkədə iqtisadi böhranın dərinləşməsi siyasi böhranı da pik vəziyyətinə gətirib. Buna görə də seçki günü yaxınlaşdıqca gərginlik də artacaq. Seçki öncəsi namizədlərdən heç birinin kompromisə getmək niyyətində olmadığı görünür.
    Eyni havanı çalıb, eyni gücə arxalanan tərəflər belə ortaq maraqları heçə sayaraq qeyri-rasional düşünməyə davam edirlər. Xüsusilə də bu sözləri keçmiş Ermənistan prezidentləri və minlərlə günahsız insanın qatilləri olan Serj Sarkisyan və Robert Koçaryana aid etmək daha doğru olar. Hazırda gündəmdə qalmağa çalışan digər aktor isə Levon Ter-Petrosyandır. Paşinyanın mənəvi dəstəkçisi hesab olunan Ermənistanın birinci prezidentinin hansı istiqamətdə hərəkət edəcəyi bəlli deyil. Qarabağ məğlubiyyətinin ardından Paşinyanın istefasını tələb edən Ter-Petrosyan, gah da Paşinyanın etməyə çalışdığı kimi Azərbaycanla iqtisadi əlaqələrin çoxdan bərpasının vacib olduğunu bildirir. Gah da öz xələflərinə birləşərək Paşinyana qarşı birgə mübarizə aparmağın lazım olduğunu səsləndirir. Müxalifət cəbhəsindəki bu parçalanma seçkiqabağı istefaya gedən Baş nazir Nikol Paşinyanın işinə yaramaqdadır. “Siz savaşa, mən tamaşa” düşüncəsi ilə hərəkət edən baş nazir üçün vəziyyətin bu cür davam etməsi tam məqsədəuyğundur. Erməni müxalifətinin bu cür parçalanması və keçmiş üç prezidentin dil tapa bilməməsi isə Paşinyanın işinə yarayır. Səslər nə qədər çox parçalansa, seçkilər, az da olsa güclü görünən, Paşinyan tərəfdarlarının qələbəsi ilə sonuclana bilər”.

    Aynurə Pənahqızı
    Şərq qəzeti
  • PA-dan mənə 50 min dollar rüşvət göndərildi ki… – Video

    Yaşının neçə olması əhəmiyyətli deyil: bəzən böyük sözünə çox ciddi ehtiyacın yaranır. Sadəcə eşitmək istəyirsən, dinləmək, öyrənmək istəyirsən – sabahı təsəvvür etmək üçün, birigünü görmək üçün… Ekstrasenslərə olan maraq da burdan gəlir. Amma böyüyün, ağsaqqalın təcrübəsi ayrıdır, duyumu fərqlidir, şairin “qeybdən xəbər verməsi” vergidəndir, Allaha yavuqluqdandır; öngörüsü kosmik informasiyasındandır…

    Bu adam – ölkənin yaxın tarixinin birbaşa ömründən keçdiyi şəxsdirsə, bu tarixin iştirakçısı və bir çox hallarda yazanıdırsa, müstəqillik illərinin bütün anlarında, bütün təbəddülatlarında bu “an”ları anbaan yaşayıbsa, Hərəkatında, Müstəqillik Aktında imzası varsa, hökumətdə yer alıbsa, dünyanı dolaşıb siyasi oyunları, labirintləri, torları, beyin mərkəzlərinin xalqlar üçün tələlərini öz gözləri ilə görübsə, onda ona ehtiyac daha çox olur.

    Çox tez-tez gənclərlə söhbətləşirəm və görürəm, onlar yaxın tariximizi bilmədikləri kimi, bu tarixi yaradanlardan da xəbərsizdirlər. Və təəssüflənirəm: axı biz Vətəni sevməyi də, ana dilinə eşqi də, Vətənin mənəvi sərhədlərini – Altaydan Ön Asiyaya qədər – təsəvvür etməyi də onlardan öyrənmişik. Bəs, siz hardan öyrənmisiniz və ümumiyyətlə, öyrənmisinizmi?

    Bu dediklərimə görə xeyli müddət idi Sabir Rüstəmxanlı ilə bir rahat söhbətə getmək istəyirdim. Söhbətə yox, onu dinləməyə…

    Bu adamların bütün danışıqları kitabdır, bütün sözləri tarixdir, bütün ifadələri həyatdır: yaxşıca dinlə, öyrən – vallah lazımınız olacaq, billah həyatda əlinizdən tutacaq…

    75 illik yubileyi bəhanə oldu – getdik və kameralar önündə tam 2,5 saatlıq söhbət etdi bizə. Bitmədi, o zamanın necə dolduğunu bilmədik; hələ çox söhbətləri qaldı ki, onlar mütləq yazılmalıdır, gənclərə buraxılmalıdır – içində ilk dəfə eşitdiyimiz faktlar da var, nəticə çıxarılası hadisələr də…

    Sağ olsun o söhbətdən yarım saatlıq material hazırlayan rejissor-redaktor, istədilər ki, daha yığcam olsun, vaxta qənaət edəsiniz…

    Lənətə gəlsin indiki əsrin “zamansızlığını”, yoxsa saatların hamısını təqdim edərdilər, onda görərdiniz ki…

    Tamam fərqli bir şey nəzərdə tutmuşdum, o söhbətdən aldığım təəssüratı yazacaqdım. Sizə təqdim olunacaq hazır materiala baxdım və düşündüm ki, təəssürat qalsın sonraya, indisə o söhbəti tam duymağınız üçün kadrdan kənarda qalan, lentə düşməyən, kameraların yaddaşa ala bilmədiyindən danışım, videoya baxanda onların yerini özünü tapacaqsınız.

    Dedi: 75 yaşımın ən böyük hədiyyəsi Qarabağın alınmasıdır.

    60-cı illərdə SSRİ-nin dağılacağına inanan, müstəqillik duyğularını körükləməyə girişən nəslin simasıdır Sabir Rüstəmxanlı.

    Aradan 30 il keçmədi ki, heç kəsin təsəvvür etmədiyi hadisə baş verdi – SSRİ dağıldı və o nəslin nümayəndələrindən biri kimi Sabir Rüstəmxanlı Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən oldu.

    Bir dəfə demişdim. Ki, Sabir Rüstəmxanlının ordakı imzası yalnız öz imzası deyil – həm də Mikayıl Müşfiqin, Almaz İldırımın, Əhməd Ağoğlunun, Hüseyn Cavidin və… və… və… imzasıdır.

    Bir şair ömrü üçün çox xoşbəxt tarixdir.

    80-ci illərin sonunda Qarabağ üçün savaşa qalxırsan, Qarabağ işğal olunur…

    Tam 11 il şairlə az qala hər gün ünsiyyətimiz olub və bircə dəfə də olsun Qarabağın qaytarılacağına şübhə etdiyini görməmişəm.

    Budur, 30 il keçmir ki, onun azadlığını görür.

    Bir şair ömrü üçün xoşbəxtlikdir.

    Əlbəttə ki, dərhal soruşuram: bəs, yaxın 30 il üçün Azərbaycanın müstəqilliyi, Qarabağın qaytarılacağı qədər, nəyə inanır? Yaxın 30 ilimizin öngörüsü nədir?

    Bu sualın cavabı videoda var – baxarsınız.

    – Mən 75 yaşı təsəvvür etmirəm. O yaşın arzusu varmı? O yaşda adam nəyi arzulayır?

    Dedi: Mənim arzularım dövlətim üçündür, millətim üçündür. Çünki dövlət və millətə arzular birbaşa hər birimizin şəxsi həyatında özünü göstərir.

    Bədbəxt millətin, zəif dövlətin xoşbəxt vətəndaşı, xoşbəxt şairi, xoşbəxt ziyalısı olmur! Bunu sadəcə dərk etmək lazımdır və əmin olun ki, Sabir Rüstəmxanlı bunu bilir, ona görə arzusu xalqı, Vətəni üçündür!

    İlham Əliyevdən danışdıq.

    Dedi: Türklər minillərə dayanan tarixi ərzində yalnız Seçilmiş gələndə güclü, qüdrətli olublar, torpaqlarına qayıdıblar, daxildəki bütün problemlər həll olunub, xalq bütövləşib!

    Dedi: Ötən ilin Qarabağ müharibəsi zamanı İlham Əliyev həm komandan kimi möhtəşəm idi, həm də şəxsən özü Ordu idi, təkbaşına Ordu: Ordu kimi vuruşurdu, xalqa müraciətlərində elə sözlər seçir, elə sevgi göstərir, elə ürək qoyurdu ki! Bütöv xalqı Orduya, Yumruğa çevirməyi bacarmışdı.

    Dedi, bu, Seçilmişlikdir, sıradan hadisə deyil…

    Bunu bilirsinizmi kim deyir? 42 yaşında bir işarəsi ilə milyonları idarə edən arator, natiq, dünyaya meydan oxuyan SSRİ-yə gəncliyindən meydan oxuyan şair!

    Liderimiz Seçilmişdir! Bəs, daxili problemlər də var axı – rüşvətindən tutmuş yerində olmayan kadrlara qədər. Bunun səbəbi nədir?

    Dedi… – videoda var, bəzilərini görəcəksiniz.

    Kadrlardan kənarda qalanların bir qismi isə budur:

    – Bəlkə, bizim materialımızdadır problem? Xaricdə təhsil alan gəlir – özünü doğrultmur, gənc gəlir – özünü doğrultmur. Kimə vəzifə verir, ancaq yığmaqla məşğul olur, talançıya çevrilir – əlbəttə, hamıya aid deyil, amma əksərə aiddir. Axı, Elçibəy də, Heydər Əliyev də bu hallardan şikayətlənmişdi ki, kimə vəzifə verirsənsə…

    Bu suallarımıza maraqlı faktlarla cavab verdi, Heydər Əliyevin bu sözlərini ilk dəfə dedi: “Mən sizinlə işləməyə gəlmişdim. Vəzifələrinizi dondurub qaçdınız, mən də məcbur olub kompartiyadan tanıdığım, sonradan mənə xəyanət edənlərlə işlədim. Nə etməliydim ki?”

    Sabir bəy ilk dəfə “Heydər Əliyevə siyasi, canlı meyit” deyən şəxsin də uzun müddət yüksək vəzifədə olduğunu ad çəkmədən xatırlatdı.

    Dəqiq xatirimdədir: 1989-cu ildə, rus nəşrinə müsahibəsində demişdi həmin şəxs o sözü. Adını çəkmədi Sabir bəy, ona görə burda mən də adını çəkməyəcəm.

    Dedi: 1995-ci ilə qədər mətbuat və informasiya naziri kimi Bakıdakı kitabxanaları qorudum, Prezident Administrasiyasından göndərilən 50 min dollar rüşvəti (1990-cı illərin əvvəllərində 50 min dolların nə yekəlikdə pul olduğunu indi təsəvvür etmək çətindir) geri çevirdim. Ancaq mən gedəndən sonra Heydər Əliyevin qurduğu abidələri öz komandası satıb-dağıtdı.

    Dedi: Vəzifədən getmək istəyəndə Heydər Əliyevlə görüşdüm, qalmağımı istədi. Dedim, deputat seçilmişəm və orda fəaliyyət göstərmək istəyirəm. Birtəhər razılığını aldım və vəzifədən getdim.

    – Bəs, axı siz qoruyurdunuz kitabxanaları, dili, tarixi, abidələri. Bilmirdinizmi siz gedəndən sonra dağıdacaqlar. Bir halda ki, Prezident özü sizə qal deyir, niyə gedirdiniz?

    Dedi: Heydər Əliyevə də dedim ki, indi qal deyirsiniz, ancaq yanınıza girib-çıxanlar o qədər dalımca danışıb, mənfi rəy yaradacaqlar ki, sonra özünüz çıxaracaqsınız.

    – Eybi yox, sona qədər qalardınız, əvəzində indi bu suala cavab olaraq “mənlik olmadı” deyərdiniz.

    Heç nə demədi.

    – Bəlkə, bu cür insanlar qalmadığı, vəzifədən getdiyi üçün Seçilmişlərimiz belə “obirilərlə” işləməyə məcbur olur? Axı, təmizlər kənara çəkilirsə, başqa necə olmalıdır?

    Dedi… – bunun cavabı videoda saxlanılıb, baxarsınız.

    Yəqin çoxları bilmir ki, Sabir Rüstəmxanlı riyaziyyatı mükəmməl bilib və uşaqlıqda müəllimlərini mat qoyan məsələlər, tənliklər düzəldirmiş. 13-14 yaşında yazdığı məktublarda da dünyanın məşhur riyaziyyatçısı olacağını, Vətənə riyaziyyatçı kimi xidmət edəcəyini yazırmış.

    Görəsən, bu yaşda necə düşünür – riyaziyyatçı kimi daha yaxşı xidmət edə bilərdi, yoxsa şair-publisist-nasir kimi xidmətləri daha əhatəlidir?

    Gözləmədiyim, doğrusu, təəccübləndiyim cavab aldım. Dedi, hələ də tərəddüd edirəm – bəlkə də riyaziyyatçı kimi…

    Və çox maraqlı bir əhvalat danışdı. Uşaq vaxtı qonşularına bir falçı gəlir, anası (Sabir bəy Ağanaz anaya “bacı” deyirdi) ora gedəndə böyük oğlunu – Sabiri də özünə həyan aparır. İçəri girəndən falçı bir neçə dəfə Sabirə baxır və aradan bir müddət keçəndən sonra qəfil onu göstərərək deyir ki, bu uşaqdan muğayat olun, böyük adam olacaq, həm də çörəyi həmişə qələmindən çıxacaq.

    Dedi: Bəlkə həyatımı doğrudan da görübmüş, bəlkə də bu söz həyatımı dəyişdi. O vaxt heç bilmirdim “çörəyi qələmdən çıxmaq” nə deməkdir. Ancaq bu söz beynimə həkk olundu və mən həyatım boyu qələmdən möhkəm yapışdım…

    Daha nələrdən danışmadı ki! 2,5 saatın söhbətini, kadrarxası danışıqları, o sözlərin ifadəsindəki jestlərin yaratdığı təsəvvürü və istiqaməti yazıb-bitirməkmi olar?!

    Zaman-zaman yəqin ki, ifadə olunacaq bunlar. Ola bilsin bəzilərində heç Sabir bəyin sözü olduğunu unudub yazmayacağıq; ola bilsin ki, bəzilərinin əsl sahibini unudub, “doğal sözümüz” zənn edib, tirajlayacağıq – azmı olub ki, Sabir Rüstəmxanlının ideya və fikirləri sonradan başqalarının siyasi-ideoloji fəlsəfəsinin mahiyyəti kimi təqdim edilsin?!

    Ancaq kimin ifadə etməsinin fərqi yox, o Sözlərin arxasından mütləq Sabir Rüstəmxanlının Özü hər zaman boylanacaq.

    Çünki Sabir Rüstəmxanlı bir işıqdır, abidədir, tarixdir, sözün bütün mənalarında böyükdür, ağsaqqaldır və onu mütləq öyrənməlisiniz – vallah da, billah da, özünüzə görə, taleyinizə görə lazımdır: Sizə köməkdir, dəstəkdir belə insanlar.

    Xalqın sözüdür, xalqın gözüdür, xalqın özüdür belə adamlar.

    Nə qədər əllərində qələmləri var – oxuyaq!

    Nə qədər deməyə sözləri var – dinləyək!

    Nə qədər vardırlar – bu qənimətlərimizlə fəxr edək…

    Anar Niftəliyev

  • Samir Əsədli: “ Paşinyan reallıqlarla barışmaq zorundadır“

    Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətinin iclasında deyib ki, sərhədlərin dəqiqləşdirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün lazımdır. Paşinyan bildirib ki, bölgənin sabitləşməsi onlar üçün vacibdir: “Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün olduğu qədər Ermənistan üçün də lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi, müəyyən edilməsi, hansısa bir mərhələdə demarkasiya və delimitasiya təhlükəsizliyin vacib zəmanətidir. Bu, asan proses deyil. Bölgəmizdə bu prosesi tamamlayan ölkə yoxdur”.
    Mövzu ilə bağlı “Şərq”ə açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri, politoloq Samir Əsədli deyib ki, Ermənistan hazırda çıxılmaz durumdadır. Partiya rəsmisi vurğulayıb ki, artıq Paşinyan reallıqla barışmaq zorundadır:

    “Qarabağ savaşının zəfəri və Azərbaycanın bütün sahələr üzrə haqqını bərpa etmək inadı Ermənistan hökumətini çıxılmaz duruma salıb. Hazırda Paşinyan qarşıdan gələn seçki faktorunu da nəzərə alıb saman çöpündən belə yapışır. Rusiya, Fransa, İran tərəfindən göstərilən cəhdlər ağlayan uşağın başını aldatmaqdan başqa bir şey deyil. Onlar Ermənistanı və Paşinyanı incik salmamaq üçün heç bir əhəmiyyəti və nəticəsi olmayan addımlar atırlar. Təbii ki, Paşinyan da bunun fərqindədir. O yaxşı bilir ki, artıq pafoslu bəyanatlardan əl çəkib reallıqla barışmaq zorundadır. Hesab edirəm ki, sərhədlərin dəqiqləşdirilməsinin vacibliyinin dilə gətirilməsi də məhz bundan irəli gəlir”.