“Bu gün Milli Məclisdə tarixi bir gün yaşadıq, tarixi hadisənin şahidi olduq. Hesab edirəm, qəbul olunan sənəd həm üç qardaş ölkə, həm də region üçün olduqca böyük əhəmiyyətə malikdir”.Category: Gündəm
-
“Bakı Bəyannaməsi regionda ciddi rol oynayacaq” – Sabir Rüstəmxanlı
“Bu gün Milli Məclisdə tarixi bir gün yaşadıq, tarixi hadisənin şahidi olduq. Hesab edirəm, qəbul olunan sənəd həm üç qardaş ölkə, həm də region üçün olduqca böyük əhəmiyyətə malikdir”.Bu fikirləri Bakupost.az-a millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “Bakı Bəyannaməsi” barədə danışrarkən deyib.Onun sözlərinə görə, Türkiyə və Pakistan parlamentarilərinin bir yerdə Bakıya gəlməsi xüsusi bir mesajdır:“44 günlük Vətən Müharibəsində Azərbaycanın yanında olan, bütün siyasi görüşlərdə, ölkələrarası münasibətlərdə hər zaman Azərbaycanla həmrəylik nümayiş etdirən, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə və Pakistan deputatları Parlament sədrlərinin başçılığı ilə Bakıya gəldilər. Azərbaycan Parlamentində Azərbaycan, Pakistan, Türkiyə parlament sədrləri səviyyəsində üçtərəfli danışıqlar aparıldı, sonda da “Bakı Bəyannaməsi” qəbul edildi. Bu Bəyannamə üç dövlətin gələcəkdə də həm parlament, qanunvericilik səviyyəsində, diplomatik münasibətlərdə, həm də ölkələrin iqtisadiyyatının inkişafında, əhalinin yaşayış tərzinin yaxşılaşdırılmasında imkanların birləşdirməsini və strateji tərəfdaşlığın daha da sürətlə inkişaf etdirilməsini nəzərdə tutur”.Sabir Rüstəmxanlı bildirib ki, hər üç ölkənin parlament sədrləri maraqlı çıxışlar ediblər, ölkələrarası qardaşlıq münasibətlərinin daha da möhkəmlədirilmısi üçün təkliflər irəli sürüblər:“Pakistanın Məclis başqanı Əsəd Qayseri Fəxri öz çıxışında bildirdi ki, biz bu qərara hələ Pakistandakı görüşlərimiz zamanı gəlmişdik. Bundan sonra 3 ölkənin xarici işlər naziri görüşmüşdü. Onu da qeyd etdi ki, Pakistanda keçirilən görüşdə həm də Mərkəzi Asiya respublikalarının nümayəndələri dəvət edilib. Dedi ki, bu 3 tərəfli format gələcəkdə regionda sülhün, əməkdaşlığın ümumiyyətlə, xalqlarımızın inkişafı ilə bağlı olan bütün sahələrin irəli aparılmasında yaxından rol oynayacaq. O, həmçinin bu prosesə regionun başqa ölkələri də qoşulmasını da təklif etdi. Bu, ciddi bir bəyanatdır. Onun çıxışının maraqlı tərəflərindən biri də bu idi. Bu gün Azərbaycan parlamentindən 20, Türkiyə parlamentindən 10 nəfər, Pakistandan təxminən 17-18 nəfər komissiya sədrləri, dostluq qruplarının üzvləri bir araya gəldilər. Çox maraqlı bir çıxışlar oldu. Milli Məclisin sədri Sahibə Qafarova, həm də Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şəntop da əhəmiyyətli təkliflərlə çıxış etdilər. Gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan münasibətlərini genişlənməsi ilə bağlı daha hansı işlər görmək olar? Bu barədə öz təkliflərini söylədilər”.Millət vəkili hesab edir ki, səslədirilən təkliflərin həyata keçirilməsi üçün bu formatda görüşlər tez-tez baş tutmalıdır:“Yəqin ki, bu davam etdiriləcək. Bu bölgənin iki ən böyük dövləti – Türkiyə və Pakistanın Azərbaycanın yanında olması çox önəmlidir. Azərbaycanla bir yerdə bu müştərək bəyanat bizim düşmənlərimizə və eləcə də dostlarımıza bir mesajdır. Xüsusən də düşmənlərimizə. Çünki bilməlidirlər ki, onların düşündüyü kimi Azərbaycan tək deyil. Azərbaycanın haqq işini müdafiə edən başqa dövlətlər də var. Məsələ burasındadır ki, istər Türkiyənin, istərsə də Pakistanın buna bənzər – torpaq, ərazi problemi var. Məsələn, Türkiyənin Kıbrıs problemi var. Qarabağ kimi deyil, bir az fərqlidir. Amma hər-halda yenə də Avropa və dünya dövlətləri Kıbrısın həllinə imkan vermək istəmirlər. Kıbrıs türkləri bütün variantlarda güzəştə getməyə hazırdırlar. Necə ki, biz də güzəştə getməyə hazır idik, bəzi məsələlərdə. Amma yunan tərəfi deyir, yox, orada türk əsgəri qala bilməz, burada müştərək dövlətdən söhbət gedə bilməz, ikili hakimiyyətdən söhbət gedə bilməz, sadəcə ixtiyarı verin bizə istəyirsiz yaşayın, istəmirsiz yaşamayın. Bunu Kıbrıs türkləri görüblər. Adanın 3 faizinə sıxışdırılıb, eyni Qarabağdakı erməni vəhşiliyinə bənzər Kıbrıs türkləri soyqrım, qətliam görüblər. Ona görə Kıbrıs türkləri bir də o səhvləri etməzlər. Ərdoğan və Türkiyədən gedən rəsmilər sonuncu görüşdə bildirdilər ki, adada 2 dövlət var – Kıbrıs dövləti, bir də Yunan dövləti. Başqa cür mümkün deyil. Pakistanın da bir Kəşmir məsələsi var. Bu, uzun illərdir ki, ciddi problem olaraq qalır. Öz dostlarından dəstək almaq istəyir. Yəni bizim talelərimizdə də oxşarlıq var, bu, bizi daim bir yerdə olmağa səsləyir. İnşallah bundan sonra da belə olacaq. Bu gün doğurdan çox sevindim. 250 milyon əhalisi olan Pakistan, 90 milyona yaxın əhalisi olan Türkiyə və Azərbaycan öz problemləri ilə yanaşı, bundan sonra məzlum xalqların, türk-islan millətlərinin bir sıra təhlükəsizlik məsələlərinin həllində qardaşlıqla bağlanan “Bakı Bəyannaməsi” sənədi ciddi rol oynayacaq”.Aygün Nəbiyeva
Baku Post -
“Məmurlar elə hey, “həll edəcəyik”, deyirlər, amma…” – Sabir Rüstəmxanlı
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının Yenisabah.az-a müsahibə verib.Bakupost.az həmin müsahibəni təqdim edir:
– Sabir bəy, Neftçala ilə bağlı tez-tez həyəcan təbili çalırsınız. Bir ildən çoxdur ki, analoji mövzuda çıxışlar edirsiniz. Maraqlıdır, qaldırdığınız problemlər niyə həll olunmur?
– Neftçalanın problemi həm də Azərbaycanın Aran bölgəsində, Şirvan, Muğan, Mil düzlərində yaşayan əhalinin problemidir. Kür-Araz boyunca yaşayan əhali illərlə oranın suyundan istifadə edib, o su həmişə təmiz olub, Biləsuvarda insanlar həmişə Arazın suyunu içərək onu tərifləyirdi. Ermənilərin zəhərlədiyi çaylar qarışandan sonra isə su korlandı. Həmin ərazilərdəki rayonlarda isə təbii bulaqlar, xırda çaylar yoxdur. Hamı gözünü Araza, Kürə dikib. Onlar isə öz başlanğıcını Türkiyədən götürür. Kür Gürcüstandan, Araz Ermənistandan keçib Azərbaycana gəlir. Təəssüf ki, həmin ərazilərdə bizim nəzarətimiz zəifdir, ona görə də suyu necə istifadə etdiklərini, ekoloji təmizliyin hansı səviyyədə olduğunu bilmirik. Oraya dəqiq nəzarət etmək və müəyyən məhdudiyyətlər qoymaq imkanımız yoxdur. Çünki bu, dövlətlərarası anlaşmalarla həll oluna bilər. 15-20 il əvvəl Kür-Araz daşırdı, hətta buna görə Arazın bir qolunu köhnə yatağı ilə Biləsuvar ərazisindən axıtmaq istəyirdilər. İndi isə bu çaylar quruyub. Neftçalada su yatağın dibində kiçik çay kimi axır.Başqa bir problem isə odur ki, yatağı son illər müxtəlif yerlərdən qazıblar. Bunu nə niyyətlə etdiklərini isə bilmirəm. Kürün dibindən tikinti materiallarımı götürüblər, yoxsa başqa bir şeymi ediblər məlum deyil. Nəticədə çayın səviyyəsi dəniz səviyyəsindən xeyli aşağıdır. Su azalan kimi Xəzərin suyu az qala Salyana qədər gəlib çıxır. Yəni o bölgədəki su dəniz suyudur, o suyu isə nə mal-qara içə bilir, nə də evlərdə istifadə olunur. Kürboyu ərazidə 50-60 min əhali yaşayır və onların hamısı bu dəqiqə susuz qalıb. Təsərrüfatları da məhv olur.Biz ötən il də bu məsələni qaldırdıq. Nazirlər Kabineti guya məsələyə kompleks baxacaqdı, həmin vaxt böyük həyəcan təbili çalındı, Prezidentin tapşırığ ilə qonşu rayonlardan su maşınları verildi, yəni Neftçalada camaatın içməli suya olan ehtiyacı bir təhər ödəndi. Amma təsərrüfatla bağlı heç nə dəyişmədi. İnsanlar çətinliklə üzləşdi, quyular qazıldı. Düzdü, Salyana Prezidentin tapşırığı ilə təcili su kəməri çəkildi, amma kəmərboyu kəndlərin heç birinə su verilmir. Şəhərin özündə hər tərəfi əhatə edən içməli su şəbəkəsi yoxdur, köhnə şəbəkənin təzələnməsinə ehtiyac var. Çünki rayonda su problemi bu gün də həll olunmamış vəziyyətdə qalır.– Müşahidəçilər hesab edirlər ki, bu problemlərin həll olunmaması həm də məmurların yarıtmaz fəaliyyəti ilə bağlıdır. Siz bu barədə nə düşünürsünüz?
– Mən bu işlə məşğul olan nazirliklərə, komitələrə, həmin o məmurlara birbaşa müraciət elədim ki, Neftçalada 85 min əhali var, bu problem mütləq aradan qaldırılmalıdır. Çünki bir azdan Salyanın kəndləri də o vəziyyətə düşəcək. Təcili tədbirlər görülməlidir. Hətta ötən il rəhbərliyə bununla bağlı başqa təkliflərimi də vermişdim. Bildirmişdim ki, dəniz suyu o qədər də duzlu deyil, o suyu asanlıqla müəyyən müəssisələrdə duzdan təmizləyib Xəzərboyu kəndlərə vermək olar. İçməli suya qənaət etmək üçün onu suvarma sistemində istifadə etmək mümkündür. Xəzərboyu çoxlu balıq nohurları var, heç olmasa onlar üçün Kürün suyu götürülməz, yerinə təmizlənmiş dəniz suyundan istifadə edilər. Təəssüf ki, bu məsələ də hələ eyni vəziyyətdə qalır, arqument olaraq isə bahalıq göstərilir. Əgər məsələ xalqın taleyidirsə, ona lazımi qədər pul xərcləmək olar, çünki gec-tez bu olacaq.Əvvəldə də qeyd etdiyim kimi, ötən il bu problemlərin kompleks həll olunacağını deyirdilər, amma payıza doğru yağışlar artdı, nəticədə Kürün suyu yavaş-yavaş normallaşdı və verilən vədlər yaddan çıxdı. Fikrimcə, Kürün suyu Mingəçevirdə nizamlanmalıdır. Kürboyu qoyulan nasosxanaların hər birindən az qala kiçik bir çay axır, indiki suvarma sistemi o prinsiplərlə hara gedir? Dünyanın hər yerində kanallar beton borularla axır, çünki su torpağa düşən kimi torpaq suyu sovurub aparır, nəticədə su sonadək gedib çatmır. Sonra da torpaq şorlaşır, çünki su duzu üzə qaldırır. Ona görə də mütləq şəkildə bütün suvarma sistemləri dəyişməlidir. Məmur dediklərimizin sayı-hesabı bilinməyən nohurları, balıq yetişdirmə gölləri var. Bu göllər nə qədər balıq yetişdirir, o balıq hara gedir, onun xeyiri-ziyanı nədir? Buna görə nə qədər torpaq sahəsini zəbt ediblər?İnsanların içməli suyu çatışmır, amma nohurlardakı balıqların ölməmələri üçün hər gün onlara içməli su verilir. Bu nə sistemdir, başa düşmürəm. Müqayisə üçün deyim. “YouTube”da baxsanız, görərsiniz ki, Ermənistanda artezian quyuları ilə nohurlar düzəldiblər, asetrinin nə olduğunu bilməyən erməni orada asetrin yetişdirir. Özü də adambaşına düşən aylıq asetrin miqdarı Azərbaycandakından çoxdur. Balıqçılıq mənasında biz Xəzəri də məhv eləmişik, Kürü də, Arazı da… Qurulan torlar, yolların kəsilməsi, balığın artımına şərait yaradılmaması, dəniz suyunun təmizliyinin qorunmaması kimi problemlər həll olunmur. Dənizi olan ölkənin bu dəqiqə o balığa ehtiyacı var. Dənizi olmayan, ancaq quyu ümidinə qalan qonşularımız bizdən çox balıq yetişdirib istifadə edir. Bu, anormal bir şeydir. Kürboyu bu qədər göllər var, kimindir onlar? Əgər bunlar varsa, niyə balıq bazara gəlib çıxmır? Azərbaycan bazarlarında balıqlar ya Həştərxandan, ya Mahaçqaladan, ya da İran sahillərindən gəlir. Özümüzün balığımız yoxdur, olsa da, çox azdır.– Vəziyyətdən çıxış yolu nədədir? Köhnə, bu sahədə heç bir addım atmayan məmurlar vəzifədən getsə, problem həllini tapa bilər?
– Düzü, bilmirəm, bu problemləri yaradan təzə, yoxsa köhnə məmurlardır. Amma mütləq çıxış yolu olmalıdır. Kürün ağzını deltada, yəni dənizə tökülən yerdə Şimal tərəfə döndəriblər. Kür bir neçə xətlə tökülürdü, bunlardan biri də cənub xətti idi, amma indi o bağlanıb. Şimal küləyi duzlu suyu Kürə qovur. Əgər cənub xətti açıq olsaydı, bəlkə də, Kür bu qədər duzlu suyla dolmazdı. Digər bir problem də odur ki, Kürün dibinin lilini uzun illər daşıyıb aparıblar, çayın dibini quyuya döndəriblər. Əgər oralar dolmasa, təbii ki, Xəzərdən gələn dalğa quyunu dolduracaq, oranı təmizləmək üçün, gərək, Kür təmiz daşsın, çoxlu su gəlsin. Dəfələrlə deyiblərlər ki, Kürün ağzını qaldıraq, bu yolla dəniz suyunun qarşısı alınsın. Amma bu edilmir. Orada yaşayan, təbiətin, o yerlərin dilini bilən adamlar çoxlu təkliflər verir, amma yuxarıda oturan məmurlar elə hey, “Biz bilirik, həll edəcəyik”,-deyirlər, amma heç nə həll olunmur.– Neftçalanın yeni icra başçısı Mirhəsən Seyidovun problemlərin həlli istiqamətindəki fəaliyyətini necə qiymətləndirirsiniz?
– Neftçalanın icra başçısı gəncdir, torpaqla işləməyib, indiyədək təsərrüfatı yaxşı bilmirdi. Qısa müddətdir ki, işin içinə girib, artıq rayon camaatı ilə ünsiyyətdədir. Harada nə problem varsa, hamısından xəbərdardır, çalışır insanlara kömək etsin, güman edirəm ki, yaxşı işləyəcək. -
Qarabağ zəfərinin sevinci bütün Türk dünyası boyunca qeyd olunacaq
Xəbər verildiyi kimi iyunun 26-da İstanbulda İpəkyolu Kamu Diplomasisi və Ekonomik İşbirliği Təşkilatı ilə Uluslararası İpəkyolu Dərgisinin 17-ci “İpəkyolu İlin Altın Adamları Ödül Töreni” keçirilib. Türk dünyasının tanınmış aydınlarından olan Seyfullah Türksoyun rəhbərliyi ilə 17-ci dəfə reallaşan mərasimdə diplomatiya, siyasət, sənət, biznes, media və elm dünyasının əhəmiyyətli simaları bir araya gəlib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Şimali Kipr Türk cümhuriyyətinin Prezidenti Ersin Tatarın təbrik məktubları oxunub. Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyükelçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları da var. Azərbaycandan Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb.
Daha sona İyul ayının 4-də İpəkyolu Kamu Diplomasisi və Ekonomik İşbirliği Təşkilatı ilə Uluslararası İpəkyolu Dərgisinin təşkilatçılığı ilə İstanbulun ən böyük otellərindən birində 400 nəfərdən çox qonağın qatıldığı möhtəşəm bir Qarabağ şənliyi keçirilib. Təxminən beş saat davam edən məclisdəTürkiyə və Azərbaycanın tanınmış sənət xadimlərinin ifasında Qarabağa həsr edilmiş şeir və mahnılar səslənib. Türkiyədə keçirilən tədbirlər və Seyfullah Türksoyun rolu haqda millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı fikirlərini bildirib: “Türkiyəyə son səfərimdə iştirak etdiyim Qarabağ şöləni xüsusi bir tədbir idi və buna görə Türk Dünyasının dəyərli xadimi Seyfullah Türksoya xüsusi təşəkkür etməliyik. Köhnə dostum Seyfullah bəy Türkiyədən Azərbaycana gələn ilk aydınlardan biridir. Onun Azərbaycan-Türkiyə əlaqələrində xidmətləri böyükdür, Seyfullah bəy ölkəmizdə baş verən bütün hadisələrə çox böyük həssaslıqla yanaşıb, yaxşı və pis günmlərimizdə hər zaman yanımızda olub. Nuru paşanın
komandanlığı altında Bakının azad olunması uğrunda vuruşmuş əsgərlərin, Birinci Dünya Savaşında Sarıqamış döyüşündə əsir düşmüş on minə yaxın türk əsgərinin Nargin adasındakı taleyinin araşdırılmasında onun əməyi böyükdür. Seyfullah bəy Orta Asiya və bütöv Türk dünyasının dərdini dərd, sevincini sevinc bilib, Anadoludan Uyğurustanadək Türk yurdları haqqında yazıb, həqiqətləri dünyaya çatdıran bir televiziya jurnalistidir. Bu günlərdə Türkiyədə keçirilən tədbirlər də böyük əhəmiyyətə malikdir. “İpəkyolu İlin Altın Adamları Ödül Töreni”ndə mənim də mükafatlandırıldığıma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Amma 400 nəfərə yaxın şəxsin iştirak etdiyi Qarabağ şöləni də bir başqa dəyərə malikdir. Bu Azərbaycanın Qarabağ zəfərinin Türkiyədə yaşanan sevinci idi və niyyət budur ki, bu tədbirlər Türk Dünyası boyunca keçirilsin və Şuşada yekun vurulsun”. -
Samir Əsədli: “Paşinyan gələcəkdə daha çox Türkiyə və Azərbaycanla yaxınlaşmaq yolunu seçəcək”
Aİİ İnstitutunun direktoru Vladimir Lepexin Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan “artsax”ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb. O qeyd edib ki, artıq bu proses sona yaxınlaşır: “İrəvan isə bu barədə danışıqların mövcudluğunu imitasiya edir. Əslində, “artsax”la bağlı heç bir danışıq yoxdur. Bu mövzu bağlandı”.Onun sözlərinə görə, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil: “Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın “artsax” ideyasında tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik. Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi”.Mövzu ilə bağlı fikirlərini “Şərq”ə dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Ermənistanla Azərbaycan arasında Qarabağ müharibəsi artıq başa çatıb. Siyasi şərhçi qeyd edib ki, bu vaxta qədər davam edən işğalın arxasında Rusiya gücü dururdu:“Təbii ki, bu güc olmadan Ermənistan heç nəyə qadir deyil. Hesab edirəm ki, bu səsləndirilən fikirlər həqiqətən də doğrudur. Çünki Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Bildiyimiz kimi, Paşinyan da qərbyönlüdür. Hesab edirəm ki, Paşinyan gələcəkdə daha çox Türkiyə və Azərbaycanla yaxınlaşmaq yolunu seçəcək. Azərbaycanın isə növbəti hədəfi tarixi torpaqlarını – Zəngəzur və Göyçəni azad etməsi ola bilər”. -
Samir Əsədli: “ Nə qədər yubadılsa da, əvvəl-axır sülh sazişi imzalanmalıdı“
Baş nazir tezliklə yekun sülh sazişinə imza atacaq və danışıqlar masasına oturacaqErmənistan mediası son günlərdə Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlanacağına az vaxtın qaldığını iddia edirlər. Paşinyanın yeni hökuməti formalaşdırmasından sonra yekun sülh sazişinin imzalanma vaxtını təxmin edən erməni ekspertlər də var. Erməni mətbuatında vurğulanır ki, Azərbaycanla imzalanması planlaşdırılan yekun sülh sazişinin mətni üzərində müzakirələr artıq başlayıb. Hətta Paşinyanın bu ilin sentyabr ayında faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı da deyilir. Amma sülh sazişi ilə bağlı erməni iddialarının nə dərəcədə reallığa söykəndiyini demək çətindir. Düzdür, artıq Ermənistanda seçki prosesi başa çatıb və 10 noyabr üçtərəfli sazişə imza atmış Paşinyanın öhdəliklərə əməl edəcəyi vurğulanır. Lakin yekun sülhün imzalanmasına əngəl yaradan xeyli amillər də var.Məsələn, sərhədlərin demarkasiya və delimitasiya prosesinin başa çatmaması, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə hələ də erməni silahlı dəstələrinin qalması və başqa səbəblər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin yubanacağından xəbər verir. Həm də görünən odur ki, başda Rusiyadakı bəzi dairələr olmaqla, Ermənistanın havadarları da prosesin tezliklə yekunlaşmasında, Cənubi Qafqazda sülh və sabitlik olmasında o qədər maraqlı deyillər. Ancaq istənilən halda Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesi gedəcək. Tərəfləri qane edən yekun sülh müqaviləsinin imzalanması isə 2-3 il də çəkə bilər. Xatırladaq ki, iyunun 12-də Prezident İlham Əliyev xarici dövlətlərin nümayəndələri ilə görüşdə vurğulamışdı ki, rəsmi Bakının Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmaqla bağlı açıq bəyanatları Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Ölkə rəhbəri qeyd etmişdi ki, əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır: “Əgər onlar bunu etməsələr peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk”.Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Qarabağ münaqişəsinin tamamilə bitməsi və prosesin sona çatması yekunu sülh sazişinə bağlıdır. Partiya təmsilçisinin sözlərinə görə, bu, Nikol Paşinyanın, yaxud hansısa erməni rəhbərinin şəxsi istəyinə, arzusuna bağlı məsələ deyil:“Əvvəla ortada Azərbaycanın möhtəşəm qələbəsi var. Qələbəni danmaq və görməzdən gəlmək erməni xalqını yenidən böyük itkilərlə nəticələnəcək savaşa cəlb etməkdir. Digər tərəfdən ən mühüm məqam odur ki, bölgədə maraqları və təsiri olan beynəlxalq güclər sülh sazişinin vacibliyini anlayıblar. Buna görə də sülh sazişinin imzalanması, Cənubi Qafqazda sabitliyin olması qaçılmazdır. Paşinyan müharibə reallığından çıxmış dövlət başçısıdır. O, erməni cəmiyyətində mövcud durumdan ən çox xəbərdar olan şəxsdir. Fikrimcə, daxili siyasi problemlərini həll etdikdən sonra hökumət başçısı kimi yekun sülh sazişinə də imza atacaq və danışıqlar masasına oturacaq. Rusiya da sülh müqaviləsində maraqlı olduğunu bəyan edir. Nə qədər yubadılsa da, əvvəl-axır sülh sazişi imzalanmalıdı”. -
“Neftçaladan həyəcanlı xəbərlər gəlir, faciəli vəziyyətdir” – Sabir Rüstəmxanlı
“Havalar istiləşdikcə Neftçala camaatının rahatlığını əlindənn alan, onların zəhmətini heçə çıxaran, yaşayışlarını pozan qayğılar da çoxalır. Artıq yarım aya yaxındır ki, hər gün rayondan həyəcanlı zənglər gəlir: Kürün suyunun azalmasıyla, keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, adamlar yenə su maşınlarınin ümidinə qalıb, heyvan-qara qırılır, duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır”.
Bu sözləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.O qeyd edib ki, Neftçalada baş verənlər gözlənilməz xəbər deyil, ağlı olan hər kəs keçən ilki faciəli durumuun bu il də təkrarlanacağını bilirdi:
“Çünki təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb. Mən həmin təklifləri burda bir daha təkrarlamaq istəmirəm.Düzdür, dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasitələrə əl atdı, bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldildi, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkildi və hər kəs arxayınlaşdı. Lakin bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil və təəssüf ki, şəhərin də su şəbəkəsi yarıtmaz vəziyyətdədir, təzələnməlidir, tamamlanmalıdır…Neftçala camaatı çörəyini daşdan, dənizdən, sudan çıxarmağa vərdiş eləmiş, hər çətinliyə əyilməyən, dövlətə, dövlətçiliyə bağlı, qanuna sayqı göstərən camaatdır… Köhnə müəssisələrin dağılmasına, işsizliyə dözür, ancaq susuzluğa dözmək mümkün deyil.
Mən bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına mürüciət edirəm. Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər? Öyrənmək çətin deyil.Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır”. -
Sabir Rüstəmxanlıya çamur atmağın bədəli: Kim kimdir?
Müstəqilliyimizin 30 ili tamam olur. Azərbaycan dövləti gücünə və imkanlarına görə yarandığı zamanla müqayisədə ifadə edilməyəcək dərəcədə yüksəlib. Əlbəttə ki, bu sevindiricidir. Azərbaycanın dövlət müstəqilliyi elan olunan zaman illik maddi kapitalımız bu günün bir aylıq vergi gəliri dəyərində belə deyildi. Amma təəssüf doğurucu bir məqam var. Sanki siyasətimizin maddi gücü artdıqca mənəvi potensialı azalır.
Biz 1990-cı ilin 20 yanvarında rus təcavüzünə qarşı kommunist zavod direktorları ilə tətil edən, meydanlarda dubinka ilə üz-üzə gəlib cəbhə xəttində polisli, cəbhəçili bir yerdə olan, Azərbaycan torpaqlarının azad olunmasına və işğal olunmasına hakimiyyətdə kimin olmasını fərq etmədən sevinib, üzülən millətik…
Azərbaycanın yaxın siyasi tarixinin ölümünə döyməsinə rəğmən Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlının onları döyən polisi əfv etmə örnəyi var…
Azərbaycanın yaxın siyasi tarixinin Xalq Şairinin dövlət başçısının onu şöhrətləndirən ordendən imtina edib səmimi münasibətləri saxlama örnəyi var…
Azərbaycanın yaxın siyasi tarixinin bir-birinə barışmaz müxalifət olan Heydər Əliyev və Əbülfəz Elçibəy münasibətlərinin dəfn örnəyi var…
Örnəkləri artırmaq da olardı. Amma bütün bunları gözü ilə görüb hadisələrin içində olan şəxslər yaşadıqlarından dərs almayıblarsa, siyahını uzatmağın nə mənası var ki. İndi Azərbaycan siyasətində öz siyasi iddiasından başqa heç nəyi müqəddəs və gərəkli bilməyən özü kimi digərlərinin də keçmişi unutduğunu zənn edib özünü qüsursuz müxalifət lideri sayanların atını oynatmağına da yer tapılıb. Bu atların oynadığı meydan bu millətə istiqlal qazandıran kişilərin yol keçdiyi MEYDAN yox, sosial şəbəkədir. Bu “cıdır” yerində nə atın, nə nalın, nə üzənginin, nə də çaparın mənşəyi, kimliyi bəlli deyil. Yəni, sənə problem yaradan, sənin maraqlarına və iddialarına əngəl olan hər kəsə istənilən çamuru atmaq olar. Zori Balayanı ilk susduran İsa Qəmbərə “qorxaq”, Azərbaycanda istiqlal və demokratiya mücahidi sayılacaq mərhum İbrahim İbrahimliyə “bacarıqsız”, ən böyük gücü sədaqət olan mərhum İsgəndər Həmidova “xəyanətkar”, vəzifələrinin ən yüksək məqamında pula satılmamaq örnəyi göstərən Əli Məsimli, Sabit Bağırova “satqın” deyən kəsin fransızların “boz kardinal”ından rusların ”milli milyarderlər”inə qədər hamıyla hər an anlaşmağa hazır olan kəsin Azərbaycan siyasətinə qatdığı rəngə ad vermək çətindir. Amma elə bilməsin ki, ”qaranlıqda zəncilər kömür daşıyır”. Hər şey və hər əməlin sahibi o qədər aydın görünür ki…
Gəlin açıq danışaq, siz də bu parlamentdə oturmusunuz. Kimlərlə necə anlaşdığınız bir yana, nəyi necə danışdığınız da yaddaşlardadır. Həmin parlamenti və bütün üzvlərini millətin orqanı və millətə vəkil hesab etmısık də, burda-millət yolunda canından belə keçməyı hazır olan insanların olduğunu siz də yaxşı bilirsiniz. İndi özünüz mandate sahibi deyilsiniz deyə, bütün troll sisteminizlə sosial şəbəkələrdə ağlınıza nə ağzınıza gələn böhtanları yağdırın. Fazil Mustafaya “nurçu”deyin, Qüdrət Həsənquliyevi “Rusiyanın adamı” çıxarın, Aqil Abbası “yaltaq” adlandırın və sair və ilaxır…Qərəziniz və ədalətsizliyiniz elə həddə çatıb ki, əliniz dəyməyəcək yerə dil uzadırsınız. Bu neçənci dəfədir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı haqqında ağlagəlməz fotosüjet hazırlanıb, sosial şəbəkələrdə yayılır. Hamısı da eyni mövzuda. Özləri zamanında deputat mandatına sahib olub millətə vəkil ola bilməyən adamlar S. Rüstəmxanlıya bu qısqanclıqlarını gizlətməyib onun heç vaxt ifadə etmədiyi fikirləri adına çıxıb qara piyar aparırlar. Düzdür, Sabir Rüstəmxanlı iqtisadçı deyil, hökumətə iqtisadi təkliflər paketi təklif etməyib. Amma bu kişi 32 yaşında sovet imperiyasının zirvə nöqtəsinə meydan oxuyanda bu uşaqlar cibində komsomol bileti gəzdirirdi. Sabir bəyin parlamentdə hökumətin məhz sosial siyasəti ilə bağlı hər çıxışından sonra belə böhtan kampaniyasının aparılması uşaq cığallığıdır. Qanını qaşığa qoyub xalqının taleyini “ömür kitabı”na çevirən adam hər bir soydaşının daha yaxşı yaşamasını istəyər. Amma özünü və komandasının parlamentdə yer alması naminə birinci Qarabağ müharibəsi qəhrəmanı Arif Paşanın həbsdə qalmasına razı olan, İlham Əliyevdən hələ 21 il əvvəl “liderinə xəyanət edən” tərifi qazanan kəsin keçmişi bəlli, gələcəyi Elçibəyə çamur atanlardan fərqli olmayacaq.
Biz bu yazıda portreti adamın özünü tanıyacağı şəkildə cızmağa çalışdıq. Hədlərini bilsinlər, yoxsa onlardan fərqli olaraq bizim bildiyimiz və yazacağımız çox həqiqət var…Nəsimi Şərəfxanlı
-
Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması, həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir
Ermənistanda parlament seçkilərindən sonra yenidən prezident idarəçiliyinə qayıdışla bağlı müzakirələr başlayıb. “Ermənistan ölkə konstitusiyasına dəyişiklik edərək, yenidən prezident respublikası olmalıdır”. Bunu Qətər İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Ermənistan prezidenti Armen Sərkisyan bəyan edib. O qeyd edib ki, indiki halda bəzi insanların hakimiyyəti var, amma məsuliyyəti yoxdur.Yada salaq ki, Ermənistan 2015-ci ildə müvafiq konstitusiya dəyişikliyindən sonra prezidentli respublika quruluşundan imtina edərək, parlamentli respublika idarə üsuluna keçib.
Türkiyə də yeni konstitusiya hazırlığı içərisindədir və müxalifətin əsas israrı parlament idarəetməsinin qaytarılmasıdır. Gürcüstan da parlament respublikasıdır.
Azərbaycanda da bu mövzular dəfələrlə gündəmə gətirilib. Amma 1918-ci il Xalq Cümhuriyyəti dövründən başqa, bizim ölkəmizdə heç vaxt parlament idarəçiliyi olmayıb. Bəs Azərbaycanda bu istiqamətdə müzakirələr başlaya bilərmi və buna ehtiyac varmı?
VHP sədrinin müavini Samir Əsədli isə bildirdi ki, Ermənistanda dövlət üsul idarəsinin dəyişdirilməsi ilə bağlı təklif sırf müharibə nəticələrinin yaratdığı situasiya ilə bağlıdır. Dünyanın demokratik gedişatı isə parlament üsul idarəsindən yanadır: “Bildirim ki, Vətəndaş Həmrəyliyi Partiyası fəaliyyət göstərdiyi ilk dövrlərdən başlayaraq ölkədə parlamentli respublika tipli idarəetməyə keçilməsini özünün prioritet istiqamətlərindən biri olaraq qəbul edib və ötən illər ərzində biz dəfələrlə bu məsələ ilə bağlı təkliflər səsləndirmişik. Hesab edirik ki, prezident vəzifəsi saxlanılmaqla parlament idarəçiliyi ölkənin demokratik inkişafına ciddi töhfə verə bilər. Bunun üçün ciddi konstitusion dəyişikliklərə gedilməli, ilk növbədə proporsional seçki sisteminə keçilməlidir. Parlamentin proporsional əsaslarla və daha çox sayda formalaşması ölkədə fəaliyyət göstərən siyasi partiyaları da hərəkətə gətirəcək və bu sistem əsasında keçiriləcək seçkilər ədalətli olacaqsa, siyasi təşkilatların ölkə miqyasında gücü və potensialı da məlum olacaq. Şübhəsiz ki, hökuməti də parlament çoxluğu formalaşdıracaq və çoxluğu təmsil edən şəxs təmsil etdiyi siyasi qüvvə cəmiyyətdə nüfuzunu saxlayacağı sürəcdə demokratik norma və prinsiplərə tam uyğun olaraq baş nazir kimi ölkəni idarə edə bilər. Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması, həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat” -
Sabir Rüstəmxanlı: “Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir”
Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müzakirəsi zamanı fikirlərini çatdırdı. Bildirdi ki, müzakirənin bu qədər uzanmasının bir səbəbi var: “Sosial məsələ, insanların güzəranı həssas məsələdir. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu, praktikada özünü göstərəcək, onda biz görəcəyik ki, bu xalqın xeyrinədir, yoxsa ziyanına? Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq”.Deputatın sözlərinə görə, elə rayon var ki, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir: “Bakının özündə də belə hallar. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər. Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”. Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsi əlililliyin qiymətləndirilməsi” ifadəsi yazılır: “Burada qiymətləndirmədən yox, əlilliyin müəyyən edilməsindən gedə bilər”.
Komitə sədri Musa Quliyev S.Rüstəmxanlının qeydlərini bölüşdü. Bildirdi ki, həqiqətən də bu sahədə problemlər var.
E.Paşasoy,
Musavat.com
-
Sabir Rüstəmxanlı: Siyasi partiyalar taleyüklü məsələlərdə hər zaman həmrəylik nümayiş etdiriblər
Ölkədə fəaliyyət göstərən siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı bir bəyanat yayması təqdirəlayiq haldır. Hansı partiyanı təmsil etməyimizdən asılı olmayaraq, milli maraqlar bizim üçün birinci yerdədir. Başqa məsələlərdə partiyalar arasında fikir ayrılığı ola bilər, amma milli maraqlara söykənən məsələlərdə bu, belə deyil. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar taleyüklü məsələlərdə hər zaman həmrəylik nümayiş etdiriblər və bu dəfə də belə oldu.Bunu AZƏRTAC-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
Partiya sədri diqqətə çatdırıb ki, siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik. Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin olmasının göstəricisi idi.
S.Rüstəmxanlının sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Şuşada olması və Milli Məclisdə çıxış etməsi, Şuşa Bəyannaməsinin imzalanması çox mühüm tarixi hadisələrdir və siyasi partiyalar tərəfindən birmənalı şəkildə müsbət qarşılanıb. Siyasi partiyalar bu hadisələrin mühüm tarixi əhəmiyyətini qeyd edirlər. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində çıxışı onu göstərir ki, ölkələrimiz arasında münasibətlərin yeni dövrü başlayır.
“Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafının yeni dövrə qədəm qoyması, regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təminatı baxımından çox faydalıdır. Qars müqaviləsində Naxçıvanın təhlükəsizliyi təmin olunurdusa, Şuşa Bəyannaməsi bütöv Azərbaycanın təhlükəsizliyinin qarantıdır. Siyasi partiyaların bir araya gələrək bu mühüm milli məsələdə öz mövqeyini bildirməsi və birgə bəyanat yayması həmrəyliyimizin təcəssümüdür. Çünki belə bir mühüm sənədə münasibət bildirmək siyasi baxışlarından asılı olmayaraq, hər birimizin borcudur. Bir sözlə, bu məsələyə etinasız yanaşmaq siyasi cahillikdən başqa bir şey deyil və vətəndaşlıq duyğusunun itirilməsi deməkdir. Bu məsələdə hər hansı siyasi partiya kənarda qalırsa, demək ki, vətəndaşlıq duyğusunu və vətəndaşlıq mövqeyini itirib”, – deyə Sabir Rüstəmxanlı fikirlərini yekunlaşdırıb.