Bu gün rəsmi Tehran Qarabağdakı “boz zona” üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmirCategory: Gündəm
-
Samir Əsədli: “İran narkotrafikin başlanğıc nöqtəsidir”
Bu gün rəsmi Tehran Qarabağdakı “boz zona” üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmirİran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir. Bunu rusiyalı tarixçi və siyasi analitik, professor Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, İran indiki teokratik təcəssümündə beynəlxalq siyasətdə özünü yalnız Yaxın Şərqdə güclü dövlətçiliyin və siyasi sabitliyin olmadığı “boz zonalarda” aktiv şəkildə göstərir və xüsusi çəkiyə malikdir. Siyasi analitik bildirib ki, bu gün rəsmi Tehran Qarabağdakı “boz zona” üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir. Professor deyib ki, İran Qarabağ vasitəsi ilə yuxarıda sadalanan ölkələrdə maddi və ideoloji cəhətdən özündən asılı olan radikal qrupları dəstəkləmək üçün Avropaya narkotik ticarəti həyata keçirib, orada ayrı-ayrı filiz və mineral ehtiyatlarını əldə edib, enerji mənbələrinin qaçaqmalçılığı şəbəkəsini yaradıb.Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli uzun illər işğalda olan 130 kilometrlik bir “boz zona”nın narkotrafik üçün keçid rolunu oynadığını deyib. Partiya rəsmisi vurğulayıb ki, bunu BMT-nin məruzələrində də aydın şəkildə görə bilərik:“İran-Ermənistan ikili əlaqələri boz zonalardan qeyri-qanuni olaraq iqtisadi maraqlarının təmin olunmasında istifadə edib. Burada biz təkcə narkotrafikdən deyil, eyni zamanda qaçaq yolla daşınan digər məhsullardan danışa bilərik. Bu gün bu zonalar artıq bağlanıb. Bu da iqtisadi cəhətdən İranda narahatlıq yaradır. Narkotik maddələrin tranzitində əsas marşrutlardan birinin Əfqanıstan-İran-Azərbaycan olduğunu nəzərə alsaq görərik ki, işğal dövründə də İranla Azərbaycan sərhədindəki 132 km sahə bizim nəzarətimizdə olmadığından Cənub qonşumuz Azərbaycan ərazilərindən narkotik biznesi üçün geninə-boluna istifadə edib. Hətta Qarabağda qurduğu narkotik biznesi ilə erməni terrorçularına yardımlar edib. Bu da onu deməyə əsas verir ki, Ermənistanın işğalında olan Azərbaycan torpaqları İranın iştirakı ilə narkotik plantasiyaları kimi istifadə edilib”. -
Sabir Rüstəmxanlı: “18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz bacılar, qardaşlar!
18 Oktyabr Milli Müstəqillik günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.
18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.
Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.
Bu il Dövlət Müstəqilliyinin Bərpasının 30 illiyini xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada dalğalanır. Qarabağ savaşını qələbə ilə bitrən xalqımızın Azərbaycan dövlətini, bütövlüyümüzü və istiqlalımızı əbədi qoruyacağına inanırıq.
Əziz soydaşlar, bacılar və qardaşlar!
Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, uğurlar və fəalğ vətəndaşlıq mövqeyi arzulayıram.
Tanrı Azərbaycanımızı qorusun!” -
Fəzail İbrahimli: “Qars müqaviləsinin zamanında imzalanması çirkin planı alt-üst etdi”
1921-ci ilin 13 oktyabrında imzalanan Qars müqaviləsindən yüz il ötməsinə baxmayaraq. Bu sənəd Azərbaycan üçün hələ də böyük siyasi, hərbi və tarixi əhəmiyyət kəsb edir. Qars müqaviləsinin tarixi-siyasi əhəmiyyəti ilə bağlı Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin mövqeyini öyrəndik.“Ölkə.Az”a müsahibəsində Milli Məclisin sədr müavini, VHP-çi millət vəkili Fəzail İbrahimli bildirib ki, əgər zamanında qars müqaviləsi imzalanmasaydı, Azərbaycanın böyük bir hissəsini itirə bilərdik. “1920-ci ildə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə ermənilər tərəfindən mənhus bir baxış var idi. Azərbaycanın çox böyük ərazilərini mənimsəmək istəyirdilər. Ancaq imzalanan Qars müqaviləsi bütün bu mənhus baxışlaırn qarşısını almış oldu”- deputat qeyd edib.
Milli Məclisin sədr müavini əlavə edib ki, bolşeviklərin qalib gəlməsinə baxmayaraq, ermənilər Moskvadakı havadarları vasitəsi ilə Ermənistan ərazisini Azərbaycan torpaqları hesabına genişləndirməyə çalışırdı: “Moskva bu işdə onlara hər vasitə ilə dəstək verir və baş verənlərə göz yumurdu. Ermənilərin təkcə Basarkeçərə. Göyçəyə, Zəngəzura, Qarabağa deyil, həm də Naxçıvana qarşı ərazi iddiası var idi. Ermənilər hər vasitə ilə Naxçıvanı Ermənistanın ərazisinə qatmaq planı var idi. Amma Qars müqaviləsinin zamanında imzalanması belə bir çirkin planı alt-üst etdi. Bax belə bir zamanda 13 oktyabr 1921-ci ildə beş tərəfin;- Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın iştriakı ilə Qars müqaviləsi imzalandı. Qars müqaviləsi 20 maddədən ibarətdir. 20 maddədən ibarət bu sənədin ancaq 5-ci bəndi Azərbaycan və Naxçıvanla bağlıdır. Məhz elə bu bənd Naxçıvanı gözləyən təhlükədən qorudu. Belə ki, həmin bənddə Naxçıvan müəyyən edilən sərhədlər daxilində Azərbaycanın tabeçiliyində qalır və muxtariyyət yaratmaq hüququna malikdir”.
Millət vəkili onu da bildirib ki, 1921-ci ilin iyulun 4-də Bolşevik Kommunist partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar verdi: “Amma Nəriman Nərimanovun müqaviməti nəticəsində bu mümkün olmadı. İclasın ikinci günündə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması barədə qərar qəbul edildi. Düzdür, sənəd Nərimanovun Azərbaycanda rəhbərlikdə olduğu müddətdə ratifikasiya olunmadı, sənəd heç gündəmə gətirilmədi. Ancaq Moskvanın əl-ayağına dolaşan Nərimanov Azərbaycandan rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra kommunist partiyasının Qafqaz Bürosu məsələni Azərbaycan rəhbərliyi qarşısında bir ultimatum şəklində qoyaraq, sənədə imza atmasını tələb etdi. Bax, bu baxımdan Qara müqaviləsinin Azərbaycan üçün çox böyük siyasi, tarixi əhəmiyyətə malikdir. Qars müqaviləsi Naxçıvanın xilası sənədi oldu. Müqaviləyə əsasən Türkiyə bu gün də Naxçıvanın təhlükəsizliyinə məsuldur. Naxçıvana hər hansı təhlükə olarsa, Türkiyə qars müqaviləsinin 5-ci bəndinə istinadən edərək, gözlənilən təhdidin qarşısını almaq hüququna malikdir.
Ona görə də Qars müqaviləsinin imzalanması o dövr üçün siyasi bir sifariş idi və o da baş verdi”.
-Milli Məclisin sədr müavini bildirib ki, Türkiyə nəinki o zaman, bu gün də Azərbaycanın güman və güvənc yeridir: “Türkiyə iyirminci əsrin sonunda Azərbaycan müstəqilliyinin yenidən bərpa etdikdən sonra Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycana dəstək verən yeganə dövlət oldu.
Türkiyə necə ki, 1918-ci ildə yoxdan yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin güvən və güman rolunu oynadısa, bu gün də elə oldu. Əgər o zaman qardaş Türkiyə və Qafqaz İslam Ordusu olmasaydı, Tbilisidə imzalanan istiqlal bəyannaməsi bu gün tarixin arxivlərində araşdırmaçılar tərəfindən öyərniləcək bir sənəd olacaqdı. Yazılacaqdı ki, tarixdə belə bir hadisə baş verib, amma dövlətçilik planlarını reallaşdıra bilməyiblər. Çünki o zaman Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin bir respublika kimi formalaşmasında, ölkəyə sahiblənib rəhbərlik etməsində, erməni daşnak və bolşeviklərin ölkə ərazisindən, xüsusən də Bakıdan azad edilməsində müstəsna rol oynadı. Qafqaz İslam Ordusu Bakını Şaumyanın başçılığı altında erməni daşnak və bolşeviklərdən təmizlədikdən sonra milli hökumət Bakıya köçə bildi.
Biz Türkiyənin bu qardaşlıq mövqeyini iyirminci əsrin sonunda Ermənistanın Azərbaycana qarşı növbəti işğalçılıq siyasət zamanı da şahidi olduq. Güman və güvənc yerimiz olan qardaş Türkiyə Azərbaycanın haqq davasında bütün dünyanın təzyiq və təqiblərinə baxmayaraq dəstək verərək işğalçı ölkəyə bütün qapılarını bağladı. 44 günlük Vətən müharibəsində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. Azərbaycanın möhtəşəm qələbəsindən sonra Azaadlıq meydanında keçirilən Zəfər paradında hər iki qardaş ölkənin liderinin dünyaya verdikləri mesaj son iki yüz ildə Türk dünyasının başına oyun açan, Türkiyəyə qarşı ərazi və soyqırım iddiası ilə çıxış edən, böyük Ermənistan ideologiyasının dəfn etməkdə olduğumuz tabuta vurulan son mismar oldu. 2021-ci ilin iyunun 15-də Şuşada iki qardaş ölkə arasında imzalanan Birgə Bəyannamə isə bunun kulminasiya nöqtəsi, 4 iyul 1918-ci ildə Batumda, 13 oktyabr 1921-ci ildə imzalanan müqavilələrin davamı oldu. Daha təkmil və inkişaf etdirilmiş formada… Bu bir daha iki qardaş ölkənin “bir millət iki dövlət” şüarının ruhuna uyğun imzalanan sənəd oldu. Bu sənədlər qardaşlığın əbədi rəzmi olduğuna işarə idi. Əgər Qars müqaviləsi Naxçıvanın təhlükəsziliyinə təminat verirsə, Şuşa Bəyannaməsi isə bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təminat verir. Qars müqaviləsinin ən mühüm cəhətindən biri isə SSRİ dövründə belə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında xüsusi rol oynadı və oynamaqda davam edir”.
-
Sabir Rüstəmxanlı qiymət artımı ilə bağı parlamentdə dinləmə keçirilməsini təklif edib
“Bizdə büdcənin müzakirələri çıx qısa keçir”.APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər”.
S. Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini təklif edib: “Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.
-
Şəhid baş leytenant Səid Rəşidzadə anılıb
Bu gün baş leytenant Səid Rəşidzadənin şəhid olmasından bir il ötür. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Füzuli rayon təşkilatının üzvləri Babı kəndində Səid Rəşidzadənin məzarını ziyarət ediblər. Şəhid Səid Rəşidzadə Hadrut qəsəbəsinin düşmən işğalından azad edilməsində qəhramancasına döyüşüb. Hadrut yaxınlığındakı strateji yüksəkliyə Azərbaycan bayrağını sancan zaman düşmən snayperindən açılan atəş nəticəsində həyatını itirib.Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunun Babı kəndində dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
VHP Füzuli rayon təşkilatının sədr müavini Qurban Namazəliyev şəhid Səid Rəşidzadənin həyat və döyüş yolunda danışıb. Bildirib ki, Səid uşaqlıqdan hərbiçi olmağı arzu edirdi. Hərbiçi də oldu. Aprel döyüşlərində qəhramancasına döyüşüb. İkinci Qarabağ savaşı başlanan kimi döyüşə yollandı. Hadrut qəsəbəsinin, bir neçə kəndin azad olunmasında qəhramanlıqla döyüşüb. Vətən torpaqlarının azad olunması uğrunda canından keçdi. Qəhraman baş-leytenant Səid Rəşidzadə Hadrutda strateji yüksəkliyi azad edib, erməni separatçılarının bayrağının yerinə Azərbaycan bayrağını asarkən snayper atəşi ilə şəhid olub.Qurban Namazəliyev bildirdi ki, Səidin atası Nofəl Qasımov Füzulunun icra başçısı olub. Döyüşən, vətən üçün mübarizə aparan bir icra başçı olub. 1993-cü ildə erməni hərbiçilərinin işğal etdiyi Füzuli rayonunun və digər torpaqlarımızın azadlığını arzulayan Nofəl bəyin arzusunu qəhrəman oğlu gerçəkləşdirdi.
Şəhidin məzarını ziyarət edənlər çıxışlarında bildirib ki, Səid döyüş yoldaşı general Polad Həşimovun qisasını almaq üçün müharibənin başlamısını gözləyirdi. Sentyabrın 27-də Vətən müharibə başlayanda Səid zabit kimi döyüşə getmək üçün müraciət etdi. Əvvəlcə ehtiyac olmadığını deyib, qəbul etmədilər. Amma Səid gözləmədi. Səid döyüş müddətində sinəsində bayraq gəzdirərmiş. Deyirmiş ki, hansı kəndi birinci azad etsələr, həmin bayrağı oraya sancacaqmış. Şişqaya yüksəkliyinin alınması üçün göstəriş gəlib. Səid olan bölük həmin ərazini təmizləyib. O, sinəsindəki bayrağı Şişqaya yüksəkliyinə sancan zaman snayperlə vurulub. Yoldaşları bayrağın üzərinə Səidin adını yazıb, həmin yüksəkliyə sancıblar.

-
Samir Əsədli: “Tehran bilməlidir ki, Azərbaycan artıq güc sahibidir və bununla hesablaşmalıdır”
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin birinci kanalına müsahibəsində Azərbaycanla bağlı səsləndirdiyi tezislər ölkəmizdə ciddi etirazla qarşılanıb.
Məsələ ilə bağlı fikirlərini “Şərq”ə açıqlayan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli İranın son davranışlarının diplomatik başıpozuqluq olduğunu bildirib: “İranlı sürücülərin saxlanılması və Bakıdan səslənən rəsmi bəynatlardan sonra Tehran Qarabağa yükdaşıma həyata keçirdiyini təkzib etmədi. Bu isə onun işğal müddətində də Ermənistana aşkar dəstəyinin göstəricisidir. Bu fakt qarşısında ifşa olunan molla rejimi “oğru elə bağırdı ki” prinsipi ilə hərəkət edir. İranın baş diplomatı Vətən müharibəsində regiona terrorçu qrupların gətirildiyi deməklə də Azərbaycana “söz atır”. Halbuki səmimi qonşu dövlət, özünə islam adı verən ölkə erməni terrorizmindən danışmalı idi. İran doğrudan da tərəfsiz və səmimi olsaydı, bildirərdi ki, terrorçular, muzdlular məhz Ermənistan tərəfində döyüşüb. Halbuki, müharibə başlamazdan öncə Ermənistan mətbuatı özü də bunu bəh-bəhlə tirajlayırdı. Muzdluların, terrorçuların Azərbaycan tərəfindən döyüşməsinə dair isə bir dənə də dəlil yoxdur. İsraillə bağlı məqama gəlincə, Azərbaycan ordusunun arsenalında İsrailin ən müasir silahları var. Azərbaycan İsrailə Qarabağdakı layihələrdə iştirak imkanı tanıyıb. Burda qeyri-adi nə var ki? Bakı-Təl-Əviv əlaqələri dərinləşir. Amma Azərbaycan bu münasibətləri öz ərazisindən üçüncü ölkəyə qarşı istifadə edilməsinə yol vermir. Bütün baş verənlər İranın Azərbaycanın Qarabağ zəfərini həzm edə bilmədiyinin göstəricisidir. Amma Tehran bilməlidir ki, regionda Azərbaycan artıq güc sahibidir və bununla hesablaşmalıdır”. -
“Minsk qrupunun canlanmasında maraqlı olan tərəf rəsmi İrəvandır” – Samir Əsədli
“Otuz il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticə verməyib. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması bu qrupun mövcudluğunu faktiki olaraq puç etdi. İndi bu, ölü strukturdur”.Bu fikirləri VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli çərçivəsində 30 illik fəaliyyətsizliyi və bu gün yenidən aktivləşməsinə münasibət bildirərkən deyib.
S.Əsədli bildirib ki, Minsk Qrupunun fəaliyyətsizliyi yaxın tarixin işidir və bu unudulmayıb: “Münaqişəni həll etmək üçün Minsk Qrupu 30 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib.
Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış etməkdən, bir birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görməyiblər. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq Minsk Qrupunun fəaliyyətindən həmişə narazı olub. Artıq bu məsələlər geridə qalıb. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib və öz ərazisi daxilində problemləri özü həll etmək iqtidarındadır”.
VHP funksioneri ATƏT Minsk Qrupunun fəaliyyətsizliyinin digər məqamları da üzə çıxartdığını bildirib: “ATƏT Minsk Qrupunun həmsədri olan ölkələrin mövqelərini də görmüşük. Prezident Emmanuel Makron Fransanı Minsk Qrupunun həmsədri kimi geri dönüşü olmadan diskreditasiya etdi, nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu.
Makron hətta “Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq” deməkdən də çəkinmədi. İyulun 9-10-da Şuşada səfərdə olan onlarla səfir və diplomatın arasında ABŞ, Rusiya və Fransanın diplomatik missiyalarının rəhbərlərinin olmaması da yaddan çıxmayıb.
O zaman bu neytrallıq adı altında pərdələndi. Amma bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə Qarabağa səfər ediblər və erməni separatçıların liderlərilə danışıqlar aparıblar. Nədənsə, o zaman neytrallıq məsələsi ortaya çıxmırdı və Bakı buna razılıq verirdi, eynilə Qırmızı Xaçın bölgədəki işi kimi”.
S.Əsədli indiki situasiyada ATƏT Minsk Qrupunun dövriyyəyə salınmasının Ermənistan üçün “saman çöpündən” yapışmaq olduğunu qeyd edib: “Öncə Minsk Qrupunun canlanmasında maraqlı olan tərəfə baxaq – bu, rəsmi İrəvandır. ATƏT-in Minsk Qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi “Madrid prinsipləri”dir. Ermənistan tərəfi 2007-ci ilin noyabrında ATƏT-in Madrid konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə təqdim olunan “Madrid prinsipləri”ndən imtina etmişdi.
2020-ci ildə Ermənistan baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ respublikası”nın işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan vətəndaşlarının iştirakı olmadan Azərbaycanla aparılan danışıqlarda tərəf kimi çıxış etməli olduğunu söyləməklə, “Madrid prinsipləri”ndən birbaşa imtina etmiş oldu. Bu bəyanat açıq şəkildə yalnız Madrid təkliflərindən yox, həm də Minsk Qrupunun fəaliyyətindən imtina edilməsi demək idi. İndi isə başına dəyən “Dəmir Yumruq”dan gicəllənən Ermənistan yeni sayıqlamalar edir. Münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir, diplomatik təcrübədə müharibələr belə sona çatır. Bu gün Ermənistan üçün tək çıxış yolu 10 noyabr anlaşmasının şərtlərinə əməl etmək və rus sülhməramlılarının nəzarətində olan ərazilərdəki hərbçiləri geri çəkməkdir.”
-
Azərbaycanda həmrəylik və uğur möhürünü vuranpartiya
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda, 1992-ci il sentyabrın 26-da yaradılıb. Maraqlı tarixdir. Bu tarix il baxımdan Azərbaycanın Dövlət Müstəqilliyindən bir il sonra, gün baxımdan Zəfər Savaşının başlamasından bir gün öncədir. Təsadüfi görünəcək uyğunluğun arxasında bir zərurət var. İstiqlalımızın qorunmasının, ərazi bütövlüyümüzün bərpasının təməlində məhz VƏTƏNDAŞ HƏMRƏYLİYİ ideyası durdu.1992-ci ilin payızında Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Gələcək siyasi uğurun, ölkənin siyasi sistemində dayanıqlı mövqe qazanılmasının səbəbi partiyanın təsis qurultayında Meydan hərəkatının lideri, şair və hərakatçı kimi xalq arasında böyük nüfuz qazanmış Sabir Rüstəmxanlı tərəfindən ifadə olunmuşdu: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”
Bu çıxışdan və partiyanın yaranmaslnda 29 il keçib və bu günölkənin siysi durumu VHP liderinin irəli sürdüyüideologiyanın nə qədər doğru və çağdaş olduğunu təsdiqləyir. VHP 29 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azadedilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib. İdeologiyasına, siyasikursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında özsözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz millimövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakimpartiyadan sonra müstəqillik illərində keçirilən bütünseçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. VHP bütün dövrlərdə bələdiyyələrdə təmsil olunub. Bu gün80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvüvar.
Bu gün Azərbaycan siyasi – ideoliji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox– millətimiz, bizimsözümüz yox– xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yox– sevgi, siyasi oyunbazlıq yox-siyası əxlaq…Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır.
Partiyanın 29 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”
Vətəndaş Həmrəyliyi Partiyasının 29 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq! -
Zəfər Savaşı Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsi oldu
Azərbaycanın Zəfər Savaşına başlamasının bir ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Erməni işğalçılarının tam məğlubiyyəti ilə başa çatan 44 günlük müharibəyə qədər Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həll olunmasına, qan tökülməsinin əlehinə olduğunu bəyan etmişdir. Təəssüf ki, ölkəmizin xoş niyyəti nə Ermənistan, nə də beynəlxalq təşkilatlar tərəfindən anlayışla qəbul edilmədi. Ermənistan 30 ilə yaxın bir zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və buna görə cəzalandırılmadı. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunduğu halda Azərbaycana gəldikdə bu qətnamələr icrasız qaldı. ATƏT və digər beynəlxalq təşkilatların da Azərbaycan ərazilərinin işğal altında qalmasına laqeyd münasibəti göz önündə idi. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməz idi. Eyni zamanda xarici havadarlarına, cəzasız qalacağına güvənən Ermənistanın hərbi-siyasi azğınlığı da həddini aşmışdı. Ermənistan Baş nazirinin sərsəm bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sayıqllamaları və 2020-ci ilin yayında Tovuz rayonu ətrafında baş verən hərbi təxribatlar Azərbaycanın səbr kasasını daşdırdı. Ermənistanın siyasi və hərbi vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyat nəticəsində düşmənə gərəkən cavab verildi və Azərbaycan torpaqları azad edildi.Zəfər Savaşı dövründə Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Bütün siyasi partiyalar Qarabağ uğrunda savaşda dövlətin atdığı addımları dəstəklədiklərini bəyan etdilər. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, siyasi, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
Noyabrın 8-də dünya hərb tarixinə iz qoyan qəhrəmanlıqla Azərbaycan ordusunun Şuşanı azad etməsi müharibədə ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxaran həlledici döyüş olmuşdur. Şuşanın azad edilməsindən sonra qondarma rejimin rəhbər vəzifəli şəxsləri başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başlamışdı. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etməyə məcbur oldu. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan təslimçilik aktına imza atdı.
Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini (Vətən müharibəsini) qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdırdı. Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Naxçıvanın 30 illik blokadasına son qoymaq üçün onun Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı.
Vətəndaş Həmrəyliyi Partiyası Vətən Müharibəsinin ildönümündə Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Savaş günlərində birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir.
-
Sabir Rüstəmxanlı: “Amili başla quyruğu səhv salıb”
Rusiya Hərbi Dəniz Donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmilərinin sentyabrın 18-də Bakı limanına daxil olması müzakirələrə səbəb olub.Bir sıra ekspert və sosial şəbəkə istifadəçiləri bunu Azərbaycan və Türkiyənin Xəzər dənizindəki təlimlərinə cavab kimi qiymətləndiriblər.
Bundan başqa, İran İslam Respublikasının bir sıra şəxslərinin, xüsusən Ərdəbilin imam-cüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanı hədələməsi bu hadisələrin fonunda təhlil edilir.
Bildirilir ki, Pakistan, Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərindən sonra baş verənlər Moskva və Tehranın Bakıya mesajıdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, İranla Rusiyanın Azərbaycana münasibətinin bəllidir və iki dövlət sıx ittifaqdadır: “Hər iki dövlət Azərbaycan daxilində və xaricindəki prosesləri diqqətlə izləyirlər. Bakının bir il əvvəl 44 gündə işğalda olan əraziləri azad etməsi, bölgədəki quruculuq işləri, beynəlxalq nüfuzunun artması İranı narahat edir. Rusiya barədə bunu deyə bilmərəm, çünki Moskva ilə münasibətlər fərqlidir. Həm də Azərbaycan və Rusiya hakimiyyətlərinin münasibətləri normaldır və bu şəkildə də davam edir. Amma Rusiya erməni diasporasının təsirində olan başqa qüvvələr də var, xüsusən mətbuat orqanlarında onlar əleyhimizə ciddi çalışmaları nəticəsini göstərir. Bu, Ermənistana hərbi yardımda, Dağlıq Qarabağa qayıtmaq xəyallarında özünü göstərir. Konkret olaraq, Rusiyanın xarici işlər naziri dövlətin rəsmi siyasətini idarə etsə də, şəxsi simpatiyasını da gizlədə bilmir, bütün bunlar mürəkkəb münasibət sistemi yaradıb. Amma Azərbaycan bu şəraitdə özünün mövqeyini qoruyur, diplomatik-iqtisadi yolla işini görür”.
Sabir Rüstəmxanlı Rusiyadan fərqli olaraq İranla münasibətlərin daha mürəkkəb olduğunu düşünür: “30 il müstəqillik qazansaq da, Tehran içimizdə təsir dairəsini genişləndirməyə çalışır. İran Yaxın Şərqdə-Livandan, Suriyadan, Yəməndən başlamış bütün bu bölgələrdə təsirini genişləndirməyə çalışır. Bu bölgələrdə terror təşkilatları var ki, hamısı Tehran tərəfindən idarə olunur. Hətta Mərkəzi Asiyada da bunu görmək mümkündür, müxtəlif dərgilər buraxır. Amma Azərbaycanda din xətti işləyir. Dinə inanan insanların səmimi sevgilərindən istifadə edib daimi süni-şiə ayrı-seçkiliyini, aşırı şiəçiliyi qabardırlar ki, bunların arxasında molla rejimin “qara niyyətləri” dayanır. Təsadüfü deyil ki, Tehranın rəsmi dairələri Azərbaycanla xoş niyyətlərini bəyan etsələr də, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili təhdid edir və deyir ki, Azərbaycan İranın quyruğu ilə oynamasın. Ayətullah olsa da, İranın yaxın tarixini bilmir. Vaxtı ilə İran şahı 1945-1946-cı ildə ayrılmaq söhbəti gündəmə gələndə demişdi ki, İran yatmış şirdir, başı Azərbaycandır. Yəni baş kəsilsə, şir ölər. Tarix boyu iqtisadi-siyasi imkanlarına görə Azərbaycan İranın başı sayılıb. Amma Amili başla quyruğu səhv salıb, görünür, başı quyruq üzərində işləyir. Əslində, bölgələrimiz arasında dəmiryolunun açılması İranın iqtisadiyyatına köməkdir, çünki Rusiya ilə birləşdirir və Ermənistanla xətt yaranır. Təəssüf ki, bunu dərk etmirlər. 10 noyabr sənədinə görə, həmin dəhliz açılmalıdırsa, Tehran niyə bundan qıcıqlanır, – başa düşmək olmur. Üstəlik, bizə şiə qardaşı deyə-deyə işğalçıya yardım edib və istilada olan şəhər və kəndlərimizin talanmasında iştirakçı olub. Əgər İranın gözü qarşısında məscidlərimiz dağıdılıb, təhqir edilibsə, hansı şiə qardaşılığında söhbət gedə bilər? Hələ müharibə vaxtı güneylilərinin etirazına baxmayaraq Ermənistana silah yardımı edirdilər. İndi də separatçı rejim iddiasında olanları bəsləyirlər. Dəstək olaraq göndərdikləri nəqliyyat vasitələri də bizim ərazimizdən keçir, Azərbaycanın haqqıdır, onları yoxlamaq, fərqi yoxdur hansı dövlət olur-olsun. Azərbaycan ərazisinə gəlirsə, icazə almalıdır, bunu İranın mollası dərk etmirsə, bizim günahımız deyil”.
Meydan Tv