Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • Alqışıyla qarğış qazanan deputat oğlan

    Nəsimi Şərəfxanlı

    Ayıbdır! Bunu nə xalq, nə də xaliq bağışlamaz! Adam diplomlu da olar, professor da olar, deputat da olar, nazir, hətta spiker də olar. Amma “hər oxuyan Molla Pənah olmaz ki!”
    İllərlə Azərbaycan xalqının içindən keçən hissləri şeirində və sözündə ifadə edən kəsin sözünün kəsilməsinə də , onun sözünün təhrif edilməsinə də, hətta bu təhrifin alqışlanmasına da susmaq olardı, çünki “Nicatımız vətəndaş həmrəyliyindədir” şüarını tək sözdə yox, həm də gerçəkdə düşünmüşük. Amma elə bir məqam var ki, orda nə nicata yer qalır, nə həmrəyliyə…
    Sabir Rüstəmxanlının sözünün kəsilib ona cavab verilməsini alqışlayan deputat oğlanlardan biri əməlinə haqq qazandırıb. Kamal Cəfərov 32  yaşında mandat sahibi olmaqdan o qədər xoşhal olub ki, Azərbaycan istiqlalı altında imzası olan KİŞİlərdən biri- Sabir Rüstəmxanlıya “Azərbaycan bizik” (yəni, Siz susun!) deyə bilir. Bakıdan tutmuş Avropaya qədər müxtəlif yerlərdə təhsil alan deputat oğlanın kamalını, yəni savadını bir qırağa qoyaq, buna qayıdacayıq. Yuxarıda da dediyimiz kimi  “hər oxuyan Molla Pənah olmaz” , diplomun, mandatın və cəmiyyətdəki mövqeyin gurultulu ola bilər, amma çoxdan bilməliydin ki, AZƏRBAYCAN TƏKCƏ SİZ DEYİLSİNİZ! Azərbaycan ucqar dağ kəndində işıqdan və qazdan bixəbər, işsiz Məmmədhəsən kişidən tutmuş, Azərbaycan Respublikasının Prezidentinə qədər on milyonluq xalqdır. Hələ dövlətimizin sərhədlərindən kənarda yaşayan 40-45 milyon soydaşımızı demirik! O xalq ki, 44 günlük savaşda partiya mənsubiyyətinə baxmadan Yeni Azərbaycan Partiyasının sədri olan Ali Baş Komandanın əmri altında döyüşdü. İndi mən səndən soruşuram Kamal Cəfərov: Mən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüyəm və 45 yaşında 2-ci Qarabağ müharibəsində zabit kimi iştirak etmişəm. Əvvəldən axıra! Ali Baş Komandanın sərəncamı ilə medallarla təltif olunmuşam. Nə deyirsən indi mən YAP üzvü deyiləm deyə Azərbaycana aidiyyətim yoxdur?
    Bu savaşda iştirak edənlərin böyük əksəriyyəti Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Məmməd Arazın və sənin haqsız, dövlət maraqlarına uymayan cavab qaytarmaq tərbiyəsizliyi göstərdiyin Sabir Rüstəmxanlının yazıları ilə böyüyüb. Bu çəxslərin heç biri YAP üzvü deyildi. Əgər Azərbaycan demək ancaq YAP üzvü olmaq deməkdirsə, 44 günlük savaşda YAP üzvü olan xeyli icra başçısı savaş meydanında deyil, həbsdəydi. Bilirsənmi bütün bunları niyə detalla və açıq şəkildə sənə anladıram, çünki məhz sənin düşüncəndə olan YAP-çı məmur kontingenti qalib Ali Baş Komandanı məğlub Prezident durumuna düşürmək yolunu davam etdirirlər. Dünya güclərinin arxalıq etdiyi erməniyə qalib gələn bir xalqı və Komandanı- işinizi, sözünüzü, yerinizi bilməməklə, korrupsiya və yaltaqlıqla məğlubiyyətə aparmaq istəyirsiniz,  fərqindəsinizmi? Sabir Rüstəmxanlının davası və tənqidi xalqın narazı qaldığı məqamların açıq ifadə olunub həll olunması,  narazılığın aradan qaldırılması, kimlərinsə bundan Azərbaycana qarşı istifadə etməməsi üçündür. Siz nə düşünüb, nə edirsinizsə özünüz və vicdanınız bilər. Yeri gəlmişkən, Kamal Cəfərov həm savaş dönəmində, həm ondan sonra hansısa telekanalda və media orqanında bir çıxışınız xatırlanmır. İndi bir hüquqşünasa millət vəkilinin sağlam tənqidini həzm edə bilməmək yaraşmadığı kimi, gənc bir siyasətçiyə də şantala özünü şirunləşdirmək başucalığı gətirməz. İndi özünüzü fədai göstərdiyiniz Prezidentin və dövlətin müdafiəsi üçün Sabir Rüstəmxanlı yaşının bu vaxtında gecəsini gündüzünə qatmışdı və yazdıqları, dedikləri siz çəpikçalanlar bu dünyada olmayanda da qalib Azərbaycanın, bu günlərimizin səsi kimi yaşayacaq! Yaş demişkən, cavansan, alqışı elə et ki, qarğış qazanmayasan!

    Nəsimi Şərəfxanlı

  • Milli ideya və ideologiya düşüncələri

    Milli kimlik, milli ideya, dövlət ideologiyası- Azərbaycanda yüz əlli ilə yaxındır Avropada və Rusiyada gedən prosesləri izləyən, bilən və xalqın bütövlüyünü və azadlığını düşünən ziyalıların əsas qayğılarından və müzakirə mövzularındandır… O başda bu məsələni ən dərindən araşdıran dahi Mirzə Fətəli Axundzadədir, bu başda akademik Yaşar Qarayev.
    Lakin milli kimlik və ulusal ideya, Azərbaycan dövlətinin ideologiyası ilk dəfə 1918-1920-ci illərdə, Xalq Cümhuriyyətin qurucuları tərəfindən rəsmiləşdirilmişdi: türk kimliyi, çağdaş yaşam tərzi və islam inancı… Bayrağımız da bu ideologiyanın rəmzidir. Cümhuriyyət qurucuları Cənubi Qafqazın türklər və müsəlmanlar yaşayan bu bölgəsinin qədim “Azərbaycan” adını da unutmamışdılar. Türk etnosunun hələ türk adını almamış çağlarından yol alıb gələn az, azər, Azərbaycan bu bölgədə öz sahiblik, liderlik haqqını, varlığını qorumaq üçün elə türk sözü qədər çətin bir mübarizə yolundan keçmişdir.
    Məhəmməd Əmin Rəsulzadə türk kimliyini önə çəkərkən, Azərbaycançılıqla türklük arasında heç bir fərq görmədiyini deyirdi.
    1991-ci ildə müstəqilliyimizin bərpası – Milli ideologiyamızın da bərpası oldu. Lakin Ermənistanın torpaq iddəası və müharibə ucbatından müstəqilliyin ilk illərində bir çox vəzifələrimiz yerinə yetirilməmiş qaldı. Ölkənin parlamentdə seçilən ilk prezidenti Ayaz Mütəllibov iqtisadçı idi və ölkənin gələcəyini daha çox iqtisadiyyatın liberallaşması, sahibkarlığın inlişafında görürdü. Hakimiyyətə xalqın-kütlənin işindən gəlmiş Əbülfəz Elçibəy milli dəyərlərə söykənməklə daha çox türk kimliyinin bərpasına çalışırdı. Sovetlər birliyinnin liderlərindən olmasına baxmayaraq, xalq arasında nüfuzunu saxlayan və kommunist erasının bitdiyini, milli dövlətçilik zamanının gəldiyini görən Heydər Əliyev əsas diqqətini ölkə daxilindəki birliyin qorunmasına, Azərbaycançılığa və iqtisadi inkişaf yollarının axtarışına yönəltdi.
    Bu arada müharibə şərtləri ilə uyuşmayan “zorən demokratikləşmə”, yəni çoxlu partiyanın və partiya adı daşıyan qurumların meydana çıxması bir hissəsi köhnəlmiş, bir hissəsi yeni olan bir sıra ideologiyaların yolunu açdı. Kommunist, sosial-demokratiya illuziyalarını qorumağa çalışanlarla – milli istiqlalçılar, müsavatçılar, xalqçılar, həmrəyçilər yan-yana dayandılar. Lakin 30 illik gözləmə dövrü bu ideyaların çoxunu solğunlşadırdı, qoclatdı.
    İkinci Qarabağ savaşındakı qələbə Azərbaycan tarixinin yeni bir başlanğıcıdır və savaş öncəsi – milli birlik zərurətinin ortaya atılması, iqtidarla müxalifətin vətəndaş həmrəyliyi ideyası ətrafında bir araya gəlməsi, qələbəmizi şərtləndirən amillərdən biri olmaqla, müharibədən sonrakı həyatımızın da əsas əlamət və uğurlarındandır.
    İndi milli ideya və dövlətimizin ideologiyası haqqında həm nəzəri aspektdə, həm də real qaynaqlar və hədəflər öyrənilməklə danışmaq imkanı genişlənib və zərurətə çevrilib.
    Siyasi partiya məfhumu, partiyalarin ideoloji özəllikləri əsasən, son əsrlərin məhsuludur. Ancaq milli ideya anlayışların əhatə etdiyi məna çeşidli adlar altında xalqların və dövlətlərin meydana çıxdığı uzaq çağlarda doğulmuşdur. Avropa filosofları ideya sözünün arxasında daha çox ictimai və mənəvi azadlığı nəzərdə tuturdular. (İdeya sözünü fəlsəfi termin kimi ortaya atan Kant olmuşdur). Şəxsin daxili azadlığını və ruhi rahatlığını düşünən fəlsəfə dinə yaxınlaşır və insanın qısa ömrünü stres və bədbinlikdə qurtarmaq üçün dinə bağlılığın gücləndirilməsini zəruri sayırdılar.
    İdealın nə demək olduğunu anlatmaq üçün çox vaxt “proobraz” sızünü qullanırlar , yəni xəyal etdiyimiz, arzuladığımız, hər zaman güzümüzün önündə olan, lakin yetə bilmədiyimiz bir “gözəllik ilahəsi”, yol göztərən işıq, durna çıraqğı, uzaqdan görünən və çağıran yüksəklik, dağlar….
    İnsan üçün ideal- özünün, ailəsinin, yaxınlarının sərbəst, azad. ehtiyacsız olması, təhlükəsiz bir mühitdə xoşbəxt yaşamasıdır.
    Xalq da belədir. Onun da idealı ayrı-ayrı fərdlərin arzularının cəmidir Xalqların yolu, sözü, həyat və hərəkət tərzi bu şəkildə biçimlənir, qurduqları dövlət də o xalqın ruhundan doğan müəyyən məqsədlərə xidmət edir, bəlli bir hədəfə çatmaq üçün çalışır.
    Milli ideyaların yaranması, inkişafı və sonda dövlət ideologiyasına çevrilməsində böyük şıxsiyyətlərin, liderlərin, ədəbiyyat və sitasət adamlarının, filosofların rolu danılmazdır. Tarixdə güclü sərkərdələrin və dövlət başçılarının öz inam və iddəalarını kütləviləşib xalqları və dövlətləri hərəkətə gətirən, qələbəyə, zirvəyə, bəzən də uçuruma aparan gücə çevirdiyinə aid çox misal var. Hitlerin simasında faşizmin aqibəti onlardan biridir. Pasionarliğın və çöküşün başlanmasında da şəxsiyyət amili danılmazdır. Təbii ki başqa amillərlə bir sırada.
    Zəngin şifahi ədəbiyyat, atalar sözləri və misallar, dastanlar—türklərin mənəviyyat və ruh xəritəsidir! Böyük millət olma yolları orda çox aydın izlənir. Törələr, ictimai əxlaq güzgüsü olan xalq deyimləri keçilən yollar və yaşam tərzi, onlara güc verən dəyərlər haqqında tarix kitablarından daha artıq material verir.
    Orxon-Yenisey yazılarında – “Üstə mavi göy çökmədikcə, altda yer yarılmadıqca sənin düzənini kim poza bilər” nidası və budunun (millətin) birliyə çağrılması, “dövlət dövlət oldu, xalq xalq oldu” deyə bu iki anlayışın biri-birindən asılılığının önə çəkilməsi- bu günkü düşüncə baxımından tərtəmiz bir ulusal ideyadır.
    “Mavi göy çadırımız, günəş bayrağımız!” deyimi də xalqın qüdrətini, yaşayış dairəsinin genişliyini, iradəsini və kürəsəl iddəasını göstərən bir ifadədir; səfərbəredici və birləşdirici gücdür, dini ayinlər səviyyəsində sehirləyici, insanı kosmik bütövlüyə qovuşduran səmavi sözdür. Millətin əbədi şüarıdır, bu günkü anlayışla həm milli, həm dövlət ideologiyasıdır;
    Şah İsmayıl Xətainin “Sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası?” sorusu da qurduğu dövlətin hədəfini və ideologiyasını göstərirdi. Savaşa girməzdən qabaq səsləndirilən saz havaları, türkcənin ordu dilinə, ümumişlək dilə çevrilməsi yazılmamış Ana Yasanın əsas maddəları idi və Şahın milli durum və niyyətini göstərirdi!
    Savaş öncəsi təkbirlər—Allaha bağlılıq əzmindən, böyük inancdan və sevgidən doğan ayinlər idi, müqəddəs sözdən güc almaq inamı idi. Bütün mövsüm və mərasim nəğmələri, milli birliyə xidmət edən adət-ənənlər də o yazılmamış Ana Yasanın qızıl sətirləri idi.
    Türklərə, o cümlədən Azərbaycan türklərinə xas bir çox özəlliklər – böyüklərimizin yaradıcılığından süzülərək yüz illəri aşan fikir axınlarına– millətin dini və dünyəvi aləmini biçimləndirən sistemə çevrilmişdir. İsmayıl Qaspiralının məşhur “fikirdə, sözdə, əməldə birlik” çağırışı, Əli bəy Hüseynzadənin türkçülük, çağdaşlıq və islamçılıq ideyası da əslində öz mənbəyini min illərin yaddaşından götürmüşdür. Vətəni, insanı, Allahını sevmək və qorumaq etiqadından, səlib müharibələrinə dirənişlərdən, Nizaminin evrənsəl və zamanı qabaqlayan humanist təfəkkürü, ədalətli dünya axtarışı, Əhməd Yəsəvinin Türküstanda və Anadoluda türklüyü və İslamı yayan müridlərinin yorulmaz təlimləri, Nəsminin insanı qutsallaşdıran və Allaha qovuşduran fəlsəfəsi, Füzulinin böyük sevgisi, M.F.Axundzadənin xalqı çağdaş mədəniyyətlər səviyyəsinə qaldırmaq yolunda qəhrəmancasına mübarizəsi, ürəyini məşələ çevirən ziyalı nəsillərinin fədakarlığı sonda vətəndaş dayanışmasından və milli birlikdən başqa yolun olmadığına hər kəsi inandırmışdır.
    Ən qədim çağlardan bəri türklər həmişə öz geniş dünyalarında quş kimi azad, təbiətin bütün sirrini və gözəlliyini düya-duya, daim gözlənilməz təhlükələrə hazır, havanın, suyun, torpağın bir parçası kimi, ölümlə nəfəs-nəfəsə yaşayıblar. Tanrıçılıq onları sonsuz göylərə bağlayıb; İslam ölümün son olmadığına, Haq dünyasına inandırıb. Yurd, ailə, soy, törə, qövm sevgisi onları təbii şəkildə birləşdirib, gərəkəndə vahid gücə çevirib. Eyni zamanda hər türk bir qəhrəmandır; dastanlardan, nağıllardan gördüyümüz kimi, yurda gələn fəlakəti təkbaşına önləmək istər, düşmən üstünə tək gedər, hiylədən uzaqdır, sözündən qaçmağı kişilikdən saymaz, sözünü əyməkdənsə cəzanlanmağı seçər, qılıncına, atına, qolunun gücünə güvənər, mərddir və kimsədən namərdlik gözləməz, Tanri ilə söhbət edirmişcəsinə təkbaşına-solo oxuyar, bütün yolların geriyə ata yurduna dönməsini arzular, ilahi ədalətə, balansa, bu dünyada itirdiklərinin əvəzini o dünyada alacağına inanması onun daxili azadlığının mənbəyidir. Halaldır, düzdür, mərhəmətlidir, el içində üzüağdır,.. Milli xarakter, milli ideya və yaşam tərzi burdan doğur. Tarix boyu düşüncəsinin düzlük, halalıq, saf sevgi, ədalətə inam və azadlıq üstündə qurulması bəzən sadəlövhlük dərəcəzinə çatib, bu saflığın, inanmaq xəstəliyinin əzabını da görüb. Lakin əqidəsi və yolundan dönməyib.
    Dünya Cəhalət qaranlığında ikən Babək azad cəmiyyət arzusu ilə yaşayırdı, Qərbin qanlı xaçlı yürüşləri uc-uca calananda Nizami Gəncəvi xalq iradəsi ilə idarə olunan utopik dövlət modelini vəsf edirdi, Əxilik-Qardaşlıq təşkilatları bütün Yaxın Şərqdə birliyin, qarşılıqlı yardımın inkişafın əsas şərtlərindən biri olduğunu təbliğ edirdi, ürfan ocaqlarının hikmətləri Birləşmiş Millətlər Təşkilatının bu günkü konsepsiyası səviyyəsində dayanan dünya düzəni təlimi idi.
    Amma sonra xarici düşmənlər və daxildəki çəkişmələr düzəni pozdu, çöküş başlandı, parçalandıq, bir-birimizə düşmən olduq, başqalarımnın yeminə çevrildik, kökümüzü, yolumuzu, dinimizi, törəmizi, dəyərlərimizi unutdurmağa çalışdılar və buna qismən də nail oldular…
    Azərbaycan cümhuriyyətinin öz dövlət rəmzlərini və idelogiyasını müəyyənləşdirərkən türklüklə yanaşı İslam inancımızı əsas seçməsi yuxarıda sadaladıqlarımızı tamamlayır. Milli ideyada dinin özəl bir yeri var. Katolik avtoritarizmi, protestant fərdiyyətçiliyi (Berdyayev) ilə müqayisədə insanların Allah qarışısında bərabərliyi haqqında İslam inancı müsəlman qardaşlığının əsasıdır və milli ideyamızın formalaşmasına ciddi təsir göstərmişdir..
    Milli ideya – Azərbaycan xalqının əxlaqını, inancını, niyyətini, təbiətə və insana münasibətini, tarixindəki yerini, simasını, yaşam tərzini, gələnəklərə bağlılığını və gələcək haqqında arzularını cəmləşdirir. Bunlar bir yerdə həm də azərbaycanlıların başqa toplumlar sırasında yerini göstərir, onu tanıdır.
    Dözümlülük, mərhəmət, təbiət sevgisi, ocağa, ata-anaya, övlada bağlılıq, tarixə dərin sayqı, Vətən yolunda şəhadət sevinci, dünya malından imtina edib özünü haq dünyasına hazırlamaq gözütoxluğu, tale hökmünə, qəzayü-qədərə boyun əymək və bundan doğan biganəlik… Bütün bunlar Azərbaycan ərazisində yaşayan bütün xalqları, özəlliklərini qorunmaqla, vahid gücə çevirmişdirr və onların ümumi ideya qaynağıdır.
    XX yüz il qanlı dünya müharibələri qədər zərər verən qansız ideoloji müharibələrə yol açdı. Marksizm, Leninizm, Stalinizm, Sosializm… Bunlar insanı göylərdən, inancdan, mifdən, Allahdan qoparıb yerə endirdi və yerdə əzdi; ideya olaraq nə qədər parlaq görünsələr də yaşaya bilmədilər. Kollektivin şəxsiyyətə qarşı qoyulması, fərdin cəmin içində əriyib itməsi, xalqların min illərlə formalaşmış düşüncə, əxlaq, inanc və yaşayış sistemlərinin dağıdılması, onları manqurt, idarə olunan bir sürüyə, böyük əmək və qazanc alətinə çevrilmək istəyi uzun müddət yaşaya bilməzdi.
    Bunun adınca dünya liberalizmə, pasivizmə qədər bir çox başqa tez yanıb tez sönən izmləri dişinə vurandan, onların gətirdiyi fəlakətlərin şahidi olandan sonra bir ideologiyasızlaşdırma, rəsmi dövlət ideologiyalarını inkar dövrü başlandı.
    Lakin tezliklə bəlli oldu ki, aydın ideoloji xətt olmayanda dövlətin fikir yönəticiliyi oliqarx ideologiyasının, pul və ya qazanc mafiyasının, mason qruplarının əlinə keçir və bunlar maneəsiz at oynatmaq üçün ilk növbədə millətlərin tarix boyi biçimlənmiş mənəviyyat və əxlaq dəyərlərini ucuzlaşdırmaq, ləyaqət hissini sarsıtmaq, beyinləri təmizləmək, milli yaddaşı ləğv etmək yolunu tutur. Bu baxımdan Sosializmlə Kapitalizm bir-birindən az fərqlənir və heç biri ideal deyil.
    Böyük güclərin və dünya ağalığı iddəasında olanların, oliqarx birliklərinin qullandıqları gizli və pərdələnmiş silahlar çoxdur: kürəsəlləşmə təbliğatı, qitələrarası kompaniyaların, şirkətlərin, terror təşkilatlarının dövlət içində dövlət yaratmaq niyyəti, demokratiya transferi, feminizm, cins və şəxsiyyət varlığının, ailə düzəninin uçurum kənarına gətirilməsi, siyasi pandemiya, ideya ixracı və s.
    Bütün bunlar, həmin güclərin dünyada maneəsiz hərəkətinə yol açmaq işinə ximət edir..
    Təbii ki, ideyasızlaşdırmaq istəyinin uğursuzluğu dünyada yeni ideologiyalar axtarışını genişləmdirmişdir. Məsələn, Rusiyada belə ideologiyalardan birinin müəllifi, yazıçı-siyasətçi Sergey Qorodnikov zahirən diqqəti daha çox iqtisadi tərəqqiyə yönəlmişdir və hesab edir ki, “orta təbəqənin inkişafı və yeni iqtisadi siyasət nəticəsində ölkədə velikoruslar, beloruslar, ukraynalılar və bizə (ruslara – S.R.) yaxın olan xalqlar birləşəcəklər”. Göründüyü kimi, Rusiyanın bu yeni ideoloqu da milli ayrıseçkilik xəstəliyindən xilas olmamışdır.
    Etnik birliyi göstərən ulusal sözü ilə inanc birliyini ifadə edən milli sözü arasında fərq var, lakin bu fərq getdikcə itir və hər ikisi xalq, millət çərçivələrini ifadə edir.
    Sovet ideologiyası Azərbaycanı ümumtürk tarixindən və kökündən qoparıb Rusiyanın sayəsində dövlətçilik qazanmış, hətta adını, əlifbasını, sərhədlərini də sovet dönəmində müəyyənləşdirmiş cavan bir xalq kimi, tariximizi isə fars-İran tarixinin bir parçası kimi təqdim edirdi. Sovet Azərbaycançılığı respublika ərazisindəki azsaylı xalqları, etnik qurupları birləşdirsə də, təəssüf ki, bizi böyük türk dünyasından ayırırdı. Özünə sayqı göstərən, özünün var olmasını istəyən xalq kiçikliyindən-böyüklüyündən asılı olmayaraq heç bir xalqın əriyib itməsini, tarix səhnəsindən çəkilməsini istəməz. Sən ondan böyüksən, ancaq səndən də böyüklər var. Böyüklük məhv etmək haqqı vermir. Azərbaycan ərazisindəki xalqlar neçə min ildir heç bir rəsmi ideologiya, təbliğat olmadan da bir yerdədirlər, böyük Vətən anlayışının, gözəl Azərbaycan adının çətiri altındadırlar və qaynayıb qarışıblar. Bu coğrafiyada bütün xalqların adı qala-qala türklüyün unutdurulması və yasaqlanması, əslində gizli ayrımçılıq toxumu səpməkdən başqa bir şey olmamışdır.
    Bütün xain cəhdlərə, bizi özümüzdən uzaqlaşdırmaq, yadlaşdırmaq, kökümüzdən qoparmaq, böyük dünyamızdan ayırmaq siyasətlərinə baxmayaraq Azərbaycan türklüyü yeni intibah dörünə qədəm qoymuşdur.
    1988–ci ilin meydan olayları bu intibahın başlanqıcı idi. Heç nəyi unutdura bilmədilər. Nə türk və Turan sözlərini, nə Güney Azərbaycanı, nə İran deyilən ölkənin qədim türk yurdu olduğunu, nə Hind-Avropa mədəniyyəti adına çıxmaq istədikləri Şumer, Hun, Sak-işquz sivilizasiyalarını, nə Türk birliyi arzularını… Çünki bunların heç biri uydurma deyil, çünki bunların heç biri aqressiyaya xidmət eləmir, başqa xalqlara nifrətdən, işğalçılıq niyyətindən doğulmayıb. Bunla bir tərəfdən həmin o Hind-Avropa ideoloqlarının, Avropa xaçpərəstlik düşüncəsindən indiyədək qopa bilməyənlərin, Avropa mərkəzçilərinin, digər tərəfdən ərəb-fars işğalçılıq niyyətinin bizə unutdurmağa çalışdıqları, hissə-hissə əlimizdən aldıqları, unutdurmağa çalışdıqları ancaq sonadək bacarmadıqları dəyərlərimizdir, kökümüz. yolumuz, varlığımızdır.
    Yeni Azərbaycan düşüncəsi və milli ideologiyamız bu həqiqətin dərkindən başlanır. Azərbaycan respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimisdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspiralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımızla tamamilə dəyişik bir müstəvidə baxacaqdır.
    Bu gün türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir.
    Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir.
    Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir.
    İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalnmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarını düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.
    Tarixin qədim çağlarında Quzey Azərbaycana-Bakıdan Dərbəndə və daha şimala doğru uzanan torpaqlara Türküstan, Arazın Güneyindəki yerlərə Turan deyirdilər. Azərbaycan eyni vaxtda həm Turan, həm Türürküstan idi. Sonra bu anlayışların sərhədləri genişlənmişdir. Azərbaycan türklüyün beşiyidir və 2009 –cu ildə Türk şurasının Naxçıvanda elan edilməsi də tarixi ədalətin təntənəsi idi. Bu il Türkiyədə Türk Dövlətlər Təşkilatının yaradılması bu yüzildə türk xalqlarının ən böyük qələbələrindən biridir. Türkün məsləhət, gənəşmək ideyası yenidən birliyimizin və bərabərliyimizin əsas şərtinə çevrilir. Gücümüz, iqtisadi qüdrətimiz qarşılıqlı anlaşmada və birliyimizdədir!
    Bütöv Azərbaycan və Turan birliyi ideyası yeni nəslin tərbiyəsində təməl cizgi olmalıdır!

    Sabir Rüstəmxanlı
    25.11.2021

  • Samir Əsədli: Türk Dövlətləri Təşkilatı Kremlin yuxularını qarışdırıb

    “Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır”
     
    Rusiya Xarici işlər naziri Sergey Lavrov yeni yaradılan Türk Dövlətləri Təşkilatından danışıb. Lavrov bildirib ki, Moskva Türk Dövlətləri Təşkilatına normal yanaşır və soydaşlarla əlaqənin dəstəklənməsində heç bir yanlış görmür. Lakin Rusiya XİN başçısı Kreml hansı məqamda narahatlıq duyacağına da toxunub.
    Lavrov əlavə edib ki, əgər kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada qəribə heç nə yoxdur: “Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə Stokholmda görüşəcəm. Bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Burada yanlış bir şey görmürəm”.
    Ekspertlərin fikrincə, kifayət qədər açıq ifadə olunmasa da, Rusiyanın bu yöndə narahatlığı çoxdur. Kremldən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunmaq istəyi ilə bağlı verilən mesaj da təsadüfi deyildi. Türk siyasi gücünün yaranması, türkdilli dövlətlərin inteqrasiyası Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxaracaq. Moskva görür ki, Türkiyə yaxın illərədək girə bilmədiyi Qafqazda bu gün çox ciddi geosiyasi gücə çevrilib. Gələcəkdə Zəngəzur dəhlizi ilə türk dünyasına körpü açılacaq ki, bu, türk dövlətlərini daha da gücləndirəcək. Türkiyə təkcə Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyada ciddi strateji niyyətlərinin olduğunu ortaya qoyur.
     
    Rusiya xarici işlər nazirinin üstüörtülü xəbərdarlığına diqqət çəkən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında deyib ki, dünyada yeni düzənin formalaşması, iqtisadi layihələrin effektiv şəkildə icrası və birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır. Partiya təmsilçisinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatları məhz belə bir zərurətdən yaranıb: 
    “Qurumun adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılması da  simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Türk Dövlətləri Təşkilatı heç şübhəsiz, Rusiyanın regional iqtisadi-siyasi mövqelərini zəiflədən amil sayılır.
     
    Kreml bunun fərqindədir. Eyni zamanda Qərb də bundan yararlanmaq niyyətindədir. Lakin Təşkilat poliqon olmamaq üçün çalışır və müdafiə tədbirlərini gücləndirir. İndiki halda daha məqbul yol Rusiyanın Türk dünyası ilə ümumi işbirliyini genişləndirmək və Moskvanı bu ittifaqdan kənar tutmaqdır.
     Rusiya iki seçim arasındadır. Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır. Rusiyanın türklərlə anlaşmağa məcbur olacağı ehtimalı daha böyükdür”.
     
    S.Əsədli xatırladıb ki, türkdilli olmayan ölkələrin də TDT-yə müşahidəçi üzvlüyünə yol açılıb: 
    “Macarıstan artıq presedentdir. Müşahidəçi üzvlük üçün gözləyən 15 ölkə arasında Pakistan və Ukraynanın da ola biləcəyi istisna deyil. Yəni Türk Dövlətləri Təşkilatı Avrasiyada yeni güc mərkəzi kimi dirçəlir. Ona görə də ən ağıllı yol bu blokla dost olmaqdır, düşmən yox”.
  • Samir Əsədli: “Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb”

    Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb
     
    “Bu işdə “təcrübəli” sayılan rus general dərhal prosesə cəlb olunur və vaxt itirmədən Bakıya göndərilir”
     
    Rusiyanın müdafiə naziri Sergey Şoyqu təcili olaraq sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rustam Muradovu məzuniyyətdən geri çağırıb. Muradovun təcili şəkildə çağırılması generalın hərbi əsirlərlə bağlı İrəvan-Bakı arasında vasitəçi rolunu icra edəcəyi ilə əlaqəlidir. Məlumdur ki, Azərbaycan hərbçiləri tərəfindən noyabrın 16-da əsir götürülmüş erməni terrorçuları var. 
    Ehtimala görə, Rusiya bu dəfə də əsirlərin Ermənistana verilməsini xahiş edəcək. Məlumat üçün bildirək ki, dünən Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu qəbul edib. Ötən gün Rustam Muradovun Bakıdan İrəvana yola düşməsi, generalın Bakıdan sadəcə bir erməni cəsədi ilə geri dönməsi ilə bağlı xəbərlər yayılmışdı. Xatırladırıq ki, baş vermiş döyüşlər nəticəsində Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə 13 erməni hərbçisi əsir götürülüb. Bundan başqa qeyd edilib ki, 24 hərbçinin taleyindən hələ də xəbər yoxdur.
    Muradovun yenidən səhnəyə çıxması ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Azərbaycan və Ermənistan arasında yaranmış istənilən konfliktdə, gərgin situasiyada Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb. Partiya rəsmisi bəyan edib ki, bu vaxta qədər Azərbaycanda olan erməni əsirlərin Ermənistana verilməsində Kreml vasitəçilik edib və Rustam Muradovun əli ilə həyata keçirilib: 
    “Bu işdə “təcrübəli” sayılan rus general dərhal prosesə cəlb olunur və vaxt itirmədən Bakıya göndərilir. Muradov Azərbaycandakı erməni əsirlərin Ermənistana qatarılması prosesinin hamısında rol oynayıb. Amma bu halların hamısında Azərbaycanın güzəşti birtərəfli olub. Hələ də minalanmış ərazilərin tam və dəqiq xəritəsi ortada yoxdur. Birinci Qarabağ savaşında əsir götürülmüş, itkin düşmüş soydaşlarımızın taleyi haqda məlumat verilmir.
     
    Ancaq əsirlərin qaytarılması və digər bu kimi hallarda Azərbaycan tərəfinin humanizminin şahidi olmuşuq. Haqsız və təcavüzkar Ermənistan isə bütün hallarda Rusiyanın əli ilə mükafatlandırılıb. İndiki halda da fərqli nəticə gözləmək olmaz.
     Buna görə də istər Muradov, istərsə də başqa soyadlı rus hərbçisinin hər hansı vasitəçiliyindən imtina olunmalıdır.
     
     Şəhid olan və yaralanan Azərbaycan hərbçiləri var. Bu cinayətin iştirakçıları, qatillər isə məhz həmin erməni hərbçiləridir. Onlar ən sərt şəkildə cəzalarını almalıdır. Əsgərimizi şəhid edən erməni quldurlarının Ermənistana verilməsini Azərbaycan ictimaiyyəti heç cür qəbul edə bilməz”.

  • VHP-dən sərt mövqe: Rus “sülhməramlıları” bölgəni tərk etsin

    Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verənlər nəticəsində ölən və yaralananlar var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik. Biz Azərbaycan ordusunun apardığı əməliyyatları alqışlayır və ordumuzla birgə olduğumuzu bildiririk.

    Vətəndaş Həmrəyliyi Partiyası Qarabağda və dövlət sərhəddində baş verən təxribatları qətiyyətlə pisləyir, bölgədə sabitlilin, sülhün pozulmasına yönələn addımların qarşısının almasını tələb edir. Azərbaycan 10 noyabr bəyanatının prinsiplərinə sadiqdir və bəyanatın digər müəllifləri də imzalarına hörmət göstərməlidir. Tərəflər arasında atəşkəsin təminatçısı olan Rusiyanın passivliyi, “sülhməramlı” adı altında rus hərbçilərinin missiyasını yerinə yetirməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurur. Azərbaycanın Zəfər Savaşından keçən bir il ərzində rus hərbçilərinin nəzarəti altında olan ərazilərdə erməni yaraqlılarının zərərsizləşdirilməsi müşahidə olunmur, əksinə Azərbaycan Respublikasının ərazisində hərbi, siyasi və ideoloji təxribatlar haqda məlumatlar gəlir və buna qarşı heç bir diplomatik və hərbi müqavimət yoxdur. Rusiya son illərdə himayəsinə götürdüyü və özünün Qafqazdakı forpostuna çevirdiyi Ermənistanı, erməni separatçılarını cilovlamağı bacarmırsa, Azərbaycan ordusu bunun yolunu və üsulunu bilir.

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ictimaiyyətini düşmənə qarşı milli iradənin ortaya qoyulmasını çağırır. Biz belə hesab edirik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirərək yaxın müddətdə Qarabağda yerləşən silahlı erməniləri zərərsizləşdirməyəcəyi təqdirdə bölgəni tərk etməlidir.

     

  • VHP dən cəmiyyətə çağırış: Milli iradə zamanıdır

    Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan elədi ki, Ermənistanla münasibətləri nizamlamaq mümkündür. Görüşdən sonra tərəflər arasında yenə atəşkəs rejimi pozulması onu göstərir ki, Ermənistana bəzi daxili və xarici təhrikçilər maneələr yaradır. Tərəflər arasında danışıqların getməsini istəmir və cəbhədə tərəflər arasında nifaq salırlar.

    Digər bir yandan belə hallara sülhməramlılar cavabdeh olmalıdır. Çünki onların öhdəlikləri atəşkəsi bərqərar etməkdir. Ancaq ara-sıra atəşkəsin pozulması Rusiya tərəfinin də işinə yarayır. Üç tərəfin xarici işlər nazirlərinin görüşü əsnasında Lavrovun “sülhməramlılar tərəflər arasında sabitliyin qorunmasında əllərindən gələni edirlər” deməsi həm də ona işarə idi ki, sülhməramlılar olmazsa, tərəflər arasında atışmalar güclənə bilər.

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bütün addımları qətiyyətlə pisləyir və o inamdadır ki, dövlətimiz bütün bunlara layiqli cavab vermək gücündədir. İndiki halda Azərbaycan cəmiyyətinin yenidən yumruğa dönüb iradəsini ortaya qoymaq zamanıdır. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Qarşı tərəf ya öhdəliklərinə əməl etməli, ya da yenidən acı məğlubiyyət dadmalıdır.

  • Sabir Rüstəmxanlıdan məmurlara etiraz

    Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki büdcə müzakirələrində bir sıra vacib məsələlərə toxundu. Dedi ki, rəqəmlər öz yerində, amma xalqı narahat edən məsələlər var, bunlar deyilməlidir.

    S.Rüstəmxanlı öncə büdcə müzakirələri ilə bağlı sistemin dəyişdirilməsini təklif etdi. Bildirdi ki, həm komitə, həm plenar iclaslarda hökumət nümayəndələri və deputatların çıxışları təkrar olur, bu məsələyə baxılmalıdır.

    S.Rüstəmxanlı da V.Əhmədovun fikirlərinə qatılaraq bahalıqda şikayətləndi: “Məmurlar deyirlər ki, yanacağın qiymətinin qalxması qiymətlərə təsir etməyəcək. Bu, gülünc söhbətdir. Necə yəni təsir etməyəcək? Həm yaşayış minimumu, həm də minimum əmək haqqına yenidən baxmaq lazımdır və ciddi şəkildə artırılmalıdır”.

    Deputat kəndlərlə şəhər arasında böyük fərqin olduğunu söylədi: “Əbülfəz Qarayevin vaxtında Mədəniyyət Nazirliyinin Azərbaycan kəndlərində dağıtdığı abidələrin, obyektlərin siyahısına baxın! Kəndlərdə kitabxanalar, klublar dağıdıldı, ləğv edildi. Mənim kənddə yaşayan vətəndaşım bir arayış almaq üçün biri Cəlilabada, biri Masallıya, digəri Biləsuvara gedir. Bu, nə deməkdir? Ya rayonlar ləğv olunsun, ya da belə pərakəndəlik doğru deyil! Büdcədən maliyyələşən idarələrin sayını azaltmaqdansa, biz bu idarələrin sayını artırırıq. Əksinə, özəlləşmə getməlidir ki, dövlətin yükü azalsın”.

    S.Rüstəmxanlı dedi ki, ölkədə Cənubi Afrikadan gətirilən meyvələr bazarlarımızda satılır, amma kəndlərimizdə meyvələr bazara çıxarılmır, kəndçinin məhsulu əlində qalır, çürüyür: “Dövlət bu məhsulları alıb bir hissəsini saxlaya bilər. Bizdə tənzimləmə sistemi yoxdur”. S.Rüstəmxanlı dedi ki, Azərbaycan Prezidenti gecə-gündüz çalışır, Qarabağı qurur, amma bəzi dairələr var, onlar sanki görülən işlərə kölgə salmaq üçün çalışır: “Azərbaycan rayonlarının 95 faizində kitab mağazası yoxdur, kəndlərimizin əksəriyyətində xarici dil müəllimi yoxdur. Adətən, dövlət qurumlarında çalışmaq üçün ingilis dili tələb olunur. Mən bilmirəm, hansı proqramdır, niyə bizim kənd sakinlərini dövlət idarəçiliyindən kənarda saxlamaq istəyirlər?”

    Ardınca S.Rüstəmxanlı iclasda hökumət üzvlərinin iştirakından istifadə edərək, məmurlara yazdığı məktublara, həmçinin telefon zənglərinə cavab verilmədiyini söylədi və millət vəkillərinə sayğısız yanaşmalara etirazını bildirdi: “Deyirlər ki, nazir obyektdədir. Bu, hansı obyektdir, bilmirik. Günlərlə gözləyirsən, yazdığın məktuba cavab gəlmir. Səfa müəllim yazır, məktubuna cavab yazır. Amma Səfa müəllim də 125 deputatın hər birinin əvəzinə məktub yaza bilməz ki. Mən xalq şairiyəm, millət vəkiliyəm, bu dövlətin qurulmasında xidmətlərim olub. Bir-birimizə sayğımız olmalıdır, dövlət idarələri saat mexanizmi ilə işləməlidir”.

    E.Paşasoy,
    Musavat.com

  • Sabir Rüstəmxanlının Zəfər bayramı təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 noyabr Zəfər bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə düyilir:
    “Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı haqq savaşında inanılmaz uğurlar əldə etdi, cəmi 44 günə mümkünsüzü mümkün etdi! Haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu bütün dünyaya sübut etdik.
    Düşmənin 30 il ərzində  milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası, Şuşa uğrunda aparılan savaşlar dünya hərb tarixində xüsusi yer tutmağa layiqdir. Özəlliklə Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Azərbaycanın milli qüruru, istiqlalı, ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimiz “Torpaq uğrunda ölən varsa Vətəndir” həqiqətini dünyaya bir daha  sübut etdi. Şəhidlərimizin ruhu qarşısında bu gün bir daha baş əyirik, onların xatirəsi hər zaman sevgi və sayğıyla anılacaq. Bu günkü Zəfər Bayramımıza atılan ən şərəfli imza onların imzasıdır!
    Bütün böyük hərbi qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşmək bacarığını nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini fərqlərə  baxmayaraq, bütövləşdi. Və nəticədə, Ermənistanın hərbi kaputilyasiyasına nail olduq!
    Haqq savaşında qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti:
    -itirilmiş qədim torpaqlarını işğalçılardan təmizlədi, ərazi bütövlüyünü təmin etdi;.
    – Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi;
    – Ölkədə möhtəşəm birliyə nail olundu;
    – Dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etdi;.
    – Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratdı;.
    Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Azərbaycan xalqı Böyük Qayıdış ərəfəsindədir.  Zəfərin yaratmış olduğu imkanlar və uzunmüddətli perspektiv xalqımızın, xüsusilə  kökü bilavasitə Qərbi Azərbaycanla bağlı olan həmvətənlərimizin tarixi torpaqlarımiza İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdışı proseslərini gücləndirəcəkdir.
    8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün,  Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoydu!
    Zəfər bayramı bizim halal haqqımızdır! Zəfər  bayramımız mübarək olsun!
    Yaşasın Azərbaycan!”.

  • “Kəşfiyyatçılar ayətullah papağı qoyub lotuluq edirlər…” – Sabir Rüstəmxanlı

    “Ərdəbil lotusundan fərqli olaraq şah deyirdi ki, İran yatmış şirdir, Azərbaycan onun başıdır və bu baş kəsilsə, İran yaşaya bilməz”.

    Pravda.az Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının müsahibəsini təqdim edir:

    – Sabir bəy, son zamanlar İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik səngimir. İran tərəfinin davranışlarına səbəb nədir?

    – Qafqazda Azərbaycan Respublikasının mövcudluğu İranın yuxusunu çoxdan qaçırıb. İndi yox, 1918-ci ildə Azərbaycan adında dövlətin yaranmasından İran narahat idi. Çünki o zaman İranın dörd əyalətindən biri Azərbaycan adlanırdı. İran şahının dediyinə görə, Azərbaycan İranın başıdır. İranın ən gözəl torpaqları, mühüm faydalı qazıntıları İran Azərbaycanındadır. Həm də İran Azərbaycanı yalnız Təbriz, Ərdəbil, Qəzvin, Zəncan və digər şəhərlərdən ibarət deyil. İran Azərbaycanı Araz çayından Kənkər körfəzinə qədər olan ərazidən ibarətdir.İndi qonşuluqda Azərbaycan dövlətinin olması İranın canına qorxu salır. Çünki bu Azərbaycan inkişaf etdikcə, dünyada tanındıqca o biri Azərbaycanın da bir millət kimi öz haqqını əldə etməsi məsələsini ortaya çıxaracaq.

    İkincisi, 1918-ci ildə İran bir türk dövləti, Qacarların hakimiyyətini sürdürdüyü ölkə idi. Bu dövlətdə fars dilində danışılsa da, 1925-ci ilə qədər türk dövləti idi. 1925-ci ildən hakimiyyətə gələn Pəhləvilərin də kökü türkdür, amma farslaşmış türklərdir.

    Nəhayət 1945-1946-cı ildə İranda milli hökumətin qurulması və bu hökumətin demokratik dəyərləri ortaya qoyması, xalqların hüquqlarını tanıması, Avropa səviyyəsində universitet və məktəblər açması İran tarixinin unudulmaz dövrü olmaqla yanaşı, bunu İran yaxşı xatırlayır. Odur ki, Azərbaycan dövlətinin olması, inkişafı fars rejiminin xeyrinə deyil. Həm də İran dövlətində əhalinin az qala yarısı türklərdir. Orada mollalar hakimiyyətə gəldikdən sonra verdikləri bir sıra vədləri yerinə yetirmədilər.

    Mən, İranın Ali dini lideri Seyid Əli Xameneiyə yazdığım məktubda da qeyd etmişdim ki, sizdə islam və din deyilən şey yoxdur, sizdə din və İslam fars şovinizminə xidmət edən vasitədir. Nəhayət onu da qeyd edim ki, İran deyilən Pəhləvilərdən başlayan dövlət Britaniya-Amerika layihəsidir. Bu layihə ilə İranı türklərin əlindən alaraq hind-avropalıların, yəni farsların əlinə verməklə yan-yana iki türk dövlətinin mövcudluğu aradan qaldırıldı. Burada da ən yaxşı vasitə İranı digər islam dövlətlərindən ayırmaq, İslamda parçalanma yaratmaq üçün radikal şiəliyi inkişaf etdirmək, din dövləti yaratmaq planları ortaya çıxdı. Ona görə də, İran öz xalqının iradəsindən asılı deyil. Əslində miladdan əvvəl 6-cı əsrdə Əhəmənilər dövlətini yəhudilər yaratmışdı. Amma 2500 ildən sonra orada din rejimli dövlət də Britaniya və ABŞ-ın layihəsi idi. Burada məqsəd İslam dünyasında parçalanma yaratmaq idi. Baxın görün, İranın Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən və bir sıra müsəlman ölkələri ilə münasibətləri necədir? Bütün bunlar islam aləmində birliyin yaranmasına imkan vermir.

    Azərbaycan torpaqları işğal olunanda İran bayram edirdi. O torpaqları ermənilərlə birlikdə dağıtmış, evlərin hamısını talan edərək aparmışdı. İran Araz çayı üzərində qurulan layihələri sevinclə Ermənistanla davam etdirmək istəyirdi. Təsəvvür edin ki, İranda 150 minə qədər erməniyə bütün haqlar tanınır, amma 40 milyona yaxın azərbaycanlıların heç bir hüququ yoxdur. İndi Azərbaycan gücləndikcə İranın narahatlığı artır. İran bizdən daha çox öz içindəki türklərdən qorxur. Biz Araz boyu ərazilərimizi işğaldan azad edərkən o tərəfdəki millətimiz bizi alqışlayır, sevincindən ağlayır, Allaha dua edirdilər.

    Digər məqam odur ki, İranın yeni Prezidenti İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra daxildə narahatlıq yaranıb. İran da bu narazılığı pərdələmək üçün qonşularla problem yaradır. Əslində bu gün İrandan kənarda olan müxalifət qüvvələri gecə-gündüz ölkələrində nələrin baş verdiyini yazırlar. Amma İran fikri yayındırmaq üçün Azərbaycanı hədəf seçmək istəyir. Məncə, bu, mənasızdır, İrana heç nə qazandırmaz, əksinə, daxildən onu daha da zəiflədir. Nəzərə almaq lazımdır ki, biz İrana xarici müdaxilələri qəbul etmirdik, orada Əfqanıstan və ya Suriya taleyinin yaşanmasını istəmirik. Əksinə, istəyirik ki, normal vəziyyət olsun, insanlar normal yaşasın. Əslində istərdik ki, burada Avropa Birliyinə bənzər bir birlik yaransın. İran, Türkiyə, Suriya, Pakistan, Cənubi Qafqaz ölkələri və s. Yollar açılsın, insanlar getsin-gəlsin, hörmət və sayğı şəraitində ticarət inkişaf etsin. Amma təəssüflər olsun ki, İran silahlanmaq, nüvə və atom bombası əldə etmək istəyi ilə öyünür, uzunmənzilli raketlərini sınaqları keçirir və s. Üstəlik bizi qınayır ki, İsrail bizə köməklik edir. Əvvəla, İsrail 30 ildir ki, dünyada erməni yalanını ifşa edir, onun işğalçı olduğunu qeyd edir. Mən ABŞ-dakı yəhudi lobbisinin bizə dəstək verdiyini, haqqı müdafiə etdiyini görmüşəm. Bəli, dinlərimiz ayrı olsa da, haqqı müdafiə edir. İndi bu dindən istifadə edən, adını şiə qoyub erməni xristianlarından fərqlənməyən bir dövlətin mövqeyinə necə “hə” deyə bilərəm? İddia edirlər ki, İsrail Araz boyu gələrək guya İran üçün problem yaradır. İsrail haradadır? Biz İranın xatirinə İsraildə səfirliyimizi açmamışıq. Halbuki səfirliyimizi açmalıyıq. Hansı tərəfdən baxırsan, bax İranın mövqeyindən bizə qarşı müsbət dəyişiklik olmur. İranın “Səhər” adlı kanalı hər gün Azərbaycanı aşağılayır. Bir ara bizə “Bakı dövləti” deyirdi, hətta “Aran dövləti”, “Bakı hökuməti” adlandırırdı. Yəni Azərbaycanın adını dilinə gətirməyi özünə sığışdırmırdı. Azərbaycanda prezident başda olmaqla hamını haqsız yerə təhqir edərək xalqın gözündən salmağa çalışırdı. Bu kanal hətta mənim üçün ölüm fətvası verdirmişdi. Haqdan, hüquqdan, dindən, Allah yolundan uzaq bir şey… Bunlar din dövlətidirsə, heç olmasa din qanunlarından istifadə etsinlər. Bunlar da yoxdur.

    – Demək istəyirsiniz ki, Qarabağı azad etməyimizdən sonra daha çox narahat olmağa başlayıblar?

    – Qarabağ azad edildikdən sonra indi İsrail bəhanəsini ortaya ataraq təzyiq göstərmək istəyir. Həmçinin Ermənistan üzərindən Qarabağdan çıxmayan erməni separatçılarına yardım etmək niyyətləri ortadadır. Yəni Azərbaycan təzyiq altında saxlanılsın, başı özünə qarışsın, Cənubi Azərbaycanla əlaqələrimiz zəifləsin, itsin. Amma əksinə olur. İran bu cür davranışları ilə oradan yaşayan qardaşlarımızın haqq-hüququ dilə gətiriləcək, onlarla əlaqələrin yaxşılaşdırılmasına çalışılacaq.

    Həm də son 30 ildə bunlar Azərbaycanın işğal edilən ərazilərindən, evlərin sökülüb aparılmasından tutmuş ərazilərimizin əkilməsinə qədər çox faydalanıb. Əslində erməni və fars riyakarlığı bir-birinə çox bənzəyir. Ötən gün baxıram, hansısa kənddə dağın başında qalan 5-6 erməni Ağdamı göstərib deyirlər ki, əkin yerlərimiz orada qaldı və s. Deməli, bunlar 30 il gəlib torpaqlarımızı əkiblər və indi elə bilirlər ki, ərazilərimiz bunların torpağıdır.

    İranın indiki rejimi deyil, Qacarlar zamanında Rusiya ilə vuruşanda Azərbaycan parçalanıb, Azərbaycanın yarısı Rusiyanın nəzarətinə keçib, yarısı qalıb o tərəfdə. Biz bir yerdə olsaydıq ora həmişəlik türk dövləti olaraq qalacaqdı. İndi parçalanmışıq, İran hər şeydən əli üzüləndə iddia edir ki, o Azərbaycan bizim ərazimizdir. Əslində biz onların ərazisi deyilik, İran da farsistan deyil. İran deyilən məmləkətdə bir xeyli başqa millətlər də yaşayır. Ən çoxu da türklərdir. İran min illərlə türklərin dövləti olub. Başqa sözlə, biz deyil, onlar bizim ərazilərimiz və dövlətlərimizdir. Əgər iddia lazım olarsa, biz belə iddialar bizim tərəfimizdən qaldırıla bilər.

    – Bundan sonra İran-Azərbaycan münasibətləri necə olmalıdır, siz bunu necə təsəvvür edirsiniz, gərginlik aradan qalxacaqmı?

    – Mənə elə gəlir ki, gərginlik aradan qalxacaq. Çünki İranda hamı Ərdəbil lotusunun səviyyəsində deyil ki… Gizli kəşfiyyatlarının nümayəndələri hərəsi bir əyalətdə ayətullah papağı qoyub lotuluq edirlər. Ərdəbildəki Amuli deyir ki, şirin quyruğu ilə oynamasınlar. Bu adam başa düşmür. 1945-1946-cı illərdə İran şahı deyirdi ki, İran yatmış şirdir, Azərbaycan da onun başıdır, bu baş kəsilsə İran yaşaya bilməz. İndi Amuli də deyir ki, Araz qırağında bizim quyruğumuzla oynamasınlar. Halbuki bunun quyruq dediyi İranın başıdır. Bu adamın başı quyruqda işləyir. Belə adamları ortaya ataraq iki dövlətin münasibətlərini pozmaq yaxşı fikir deyil. Məncə, İranın içində bu situasiyanın gərginliyi və yolverilməzliyini, habelə hər iki dövlət üçün yaxşı heç nə vəd etmədiyini düşünənlər var. Əslində İranı Azərbaycanın üzərinə qaldırmaq istəyənlər Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləyən, İrəvan ilə Bakı arasında problemlərin birdəfəlik həllini istəməyən qüvvələrdir. İran başa düşmür ki, öz havasına oynamır. İran Fransanın, ATƏT-in Minsk Qrupunun digər ölkələrinin havasına oynayır. Niyyət başqa bir yoldan Azərbaycanın öz problemlərinin həll olunmasına maneə olmaqdır. Bir daha qeyd edim ki, İranda kifayət qədər ağıllı adamlar da var. Məncə, İranın dini lideri belə şeylərə yol verməz. O, kifayət qədər təcrübəli adamdır. Bu, bizimlə yanaşı İrana da sərf etmir. Odur ki, gərginliyin zamanla nizama düşəcəyinə inanıram.

    – Amma bəzi ekspertlər hesab edir ki, bu mərhələdən sonra İran dayanmayacaq. Hətta dayandığını sözdə nümayiş etdirsə də, əməldə Azərbaycana qarşı fəaliyyətini davam etdirəcək…

    – Dayanacaq. İran son 30 ildə Azərbaycana qarşı fəaliyyətini sürdürür, bu müddətdə Azərbaycan üçün molla, seyid, din xadimləri yetişdirir, din partiyası və sair hazırlayır. Bunların hamısının şahidi olmuşuq. Burada adi qeyri-hökumət təşkilatı səviyyəsində dini qurumun başçısı İranda rəsmi görüşlərə gedəndə bir də görürsən ki, İranın yüksək səviyyəli şəxslərinin kabinetindən çıxır. Çünki oradan maliyyələşirlər, talehləri bir-birinə bağlıdır. Əlbəttə, son 30 ildə öz missionerlərini yetişdirib. Amma Azərbaycan dünyəvi dövlətdir, belə şeylər alınmaz. Başqa sözlə, 30 ildir ki, Ocaqnejad gözümüzün qarşısında din maskası taxmışdı, amma şeytan fəaliyyəti göstərirdi. Bunu hamımız görürdük və bilirdik. Azərbaycanı sevməyən bir adam idi. Bəlkə də sevirdi, ancaq İran nöqteyi-nəzərindən… Müstəqil Azərbaycanı onlar sevmirlər. Azərbaycanlı olduqlarına görə, bəlkə də qanları imkan vermir ki, bizə daha çox düşmənçilik etsinlər, lakin din pərdəsi altında ziyanlar vurublar. Yetişdirdikləri din adamları da var və Azərbaycan onlardan xilas olmalıdır.

    – Zəngəzur dəhlizi Tehranda niyə narahatlığa səbəb olur?

    – Burada çox şeylər var. Bu dəhliz vasitəsilə Azərbaycan və Türkiyə arasında əlaqələrin gücləndirilməsi, bəzi Tehran rəhbərlərinin fikrincə, İranın ziyanınadır. Sonradan bu dəhlizin İran-Ermənistan arasında problem yaradacağını düşünürlər. Əslində bu dəhliz köhnə Culfa-Təbriz dəmiryolunu bərpa edir, İranın Şimal-Cənub nəqliyyat dəhlizini gücləndirir. İran niyə bundan narahatdır? Halbuki Xəzərdə İran-Rusiya ticarəti və malları bizim suların üzərindən keçir. İran bu xətləri möhkəmləndirməlidir ki, müttəfiqi olan Rusiyaya daha çox çıxışı olsun. Zəngəzur dəhlizi ola bilsin ki, İranın Ermənistanla qurduqları qara niyyətləri bir qədər arxa plana atır, amma əslində həm İranın, həm də Ermənistanın xeyrinədir. İran bunu düşünməlidir. Hər halda İran normal şiə dövləti və qardaş ölkə olsaydı, bizə çoxdan təklif edərdi ki, yolunuz Ermənistan tərəfindən bağlanıb, gəlin sizə öz ərazimizdən 50 kilometrlik yol verim, siz də əvəzinə başqa ərazidən mənə yer verin. Beləcə Naxçıvana sərbəst gedib gəlin. Biz bunu da görmədik. Belə olsaydı, bizim münasibətlərimiz son dərəcə mükəmməl olardı.

  • Düşmənə qalib gəldik, lakin rüşvətə qalib gələ bilməmişik – Sabir Rüstəmxanlı

    “Müharibədən sonra yeni Azərbaycan yaranıb”.

    Bakupost.az -n məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.

    O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır:
    “Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.