Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • “Azərbaycanda ancaq rüşvət və korrupsiya inkişaf edib”- Müsahibə

    Vətəndaş Həmrəyliyi Partiyası təşkilat şöbəsinin müdiri Samir Əsədlinin “Qafqazinfo”ya müsahibəsi


    – Yay aylarında ictimai siyasi həyatdakı durğunluğu belə izah edirdiləır ki, bu, mövsümlə əlaqədardır, hamı istirahətdədir. Artıq payız gəlib, sizcə, hazırda ictimai siyasi həyat nə dərəcədə aktivdir?

    – Düzdür ki, yay mövsümü ilə əlaqədar siyasi sferada bir az durğunluq hökm sürdü. Amma tamamilə passivlik olmadı. Müxalifət partiyaları fəaliyyətini davam etdirdi. Eyni zamanda, müxalifət partiyalarından biri olan Vətəndaş Hərməyliyi Partiyası da yay mövsümündə zona müşavirələri keçirdi.
    Müxalifətçilərin qanunsuz həbs olunması və məhkəmə prosesləri yay mövsümündə aktivliklə yadda qaldı. İnsanların istirahətə getməsi müxalifət düşərgəsində tam olaraq müşahidə olunmadı. Müxalifət partiyaları bu mövsümdə öz fəaliyyətini davam etdirdi.

    – Yay mövsümü bitmədən İran səfriliyi önünüdə Urmu gölünün qurudulmasına etiraz olaraq aksiyalar keçirildi, amma onların heç birində kifayət qədər aktivlik müşahidə olunmadı.

    – Təbiii ki, tələbələrin yay tətilində olması, eyni zamanda bir sıra şəxslərin istirahətə getməsi bu durğunluğu yaradan səbəblərdir, ancaq bu, tam olaraq durğunluq formasında olmadı.

    – Bu ay sizin partiyanın 19 illiyi oldu. Bu illər ərzində VHP Azərbaycanın ictimai-siyasi həyatında hansı yeri tuta bildi?

    – Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ilin siyasi çəkişmələri dövründə Qarabağ döyüşlərinin getdiyi zamanda yarandı. Sabir Rüstəmxanlının başçılıq etdiyi bir qrup ziyalının köməyi ilə partiya təsis olundu. Ölkənin nicatının vətəndaş həmrəyliyində olması fikri əsas gətirildi. Bu illər ərzində partiyada heç bir sapmalar və parçalanmalar olmayıb. VHP bu illər ərzində keçirilən seçkilərin demək olar ki, hamısında iştirak edib. Bu illər ərzində VHP parlamentdə təmsil olunan müxalifət partiyalarından olub. Eyni zamanda ilk bələdiyyə seçkilərində VHP-dən 600-ə yaxın şəxs seçilib. Son bələdiyyə seçkilərində isə bələdiyyələrin sayı azaldığından 115 nəfər seçilib. Onu da qeyd edim ki, ölkədə olan müxalifət partiyalarına basqılar VHP-yə qarşı da var. Azərbaycanda elə siyasi şərait yaradılıb ki, ölkədə müxalifət partiyalarına üzv olanlara düşmən gözü ilə baxılıb. Ancaq VHP belə basqılardan üzü ağ çıxıb.

    – Qarşıda hansı işlərin görülməsi nəzərdə tutulub?

    – Biz növbəti bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırırq. Gələn ilin yanvarından qurultay üçün hazırlıqlar başalayacaq. Bütün rayon təşkilatlarının konfranslarının keçirilməsi nəzərdə tutulur. Partiyanın gəncləşmə prosesi sürətləndiriləcək.

    – Son günlər Wikileaks sənədləri orada yayılan informasiylar mətbuatın gündəmindədi. Bu informasiya ilə bağlı belə fikirlər səsələnir ki, o informasiylar hakimiyyətə təzyiq vasitəsidir. Siz nə düşünürsünüz bu barədə?

    – Bu sənədlər təkcə Azərbaycanla bağlı deyil, dünyanın bir sıra ölkələrində, eyni zamanda avtoritar quruluşa malik ölkələrlə bağlı yayımlanır. Bu yazışmalar Azərbaycan hakimiyyəti tərəfindən təkzib edilsə də bu, həqiqətdir. Bu yazışmalar ABŞ-ın Azərbaycandakı səfirləri ilə hakimiyyət nümayəndələri, müxalifət təmsilçiləri ilə görüşlərin yazışmalarıdır. Azərbaycandakı hakimiyyətin dövləti qeyri-demokratik idarə etməsi, seçkiləri saxtalaşdırması, ölkədə insan hüquq və azadlıqlarının qorunmaması, iş adamlarının, müxalifətçilərin sıxışdırılması halları hamıya məlumdur. Wikileaksdə də bunların yayılması hakimiyyətin açıqlama vermək zərurətini yaradır. Bu, reallıqdır ki, Azərbaycanda normal siyasi rəqabət, iqtisadi rəqabət deyilən anlayış yoxdur. Adi vətəndaşa sahibkarlıq fəaliyyətinin göstərilməsinə imkan verilmir, yaxud hansısa vətəndaşın siyasi fəaliyyətlə məşğul olmasına maneyə yaradılır. Son vaxtılar 2 aprel mitinqində iştirak edənlərin həbsi də bunu sübut edir. İnsanlar rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılmasını istəyirlər. Korrpusiya demək olar ki, dövlətin vəzifədə olan şəxsləri tərəfindən inkişaf etdirilir. Bu illərdə Azərbaycanda ancaq rüşvət və korrupsiya inkişaf edib. Həmçinin ölkə daxilində vətəndaşlara şərait yaradılmadığından onlar Rusiya və başqa ölkələrdə iş axtarmalı olurlar. Azərbaycanın 2 milyona yaxın vətəndaşı Rusiyada işləyir. Wikileaks sənədələri müxalifəti hərəktə gətirir bununla bağlı bəyanatlar verilir, hakimiyyətdən açıqlama tələb olunur. Mən də siyasətlə məşğul olan biri kimi hesab edirəm ki, əgər 1993-cü ildən bəri YAP hakimiyyəti bir Qarabağ problemini həll etmirsə təbii ki, özü istefa verib getməlidiir.

    – Qeyd etdiniz ki, həll edə bilmirsə, çəkilib getsin. Bəlkə problemin həllinə mane olan başqa amillər var. Məsələn, başqa dövlətlərin maraqları…

    – Belə görünür ki, hakimiyyət özü bu problemin həllində maraqlı deyil. Çünki, hakimiyyət təmsilçiləri bildirir ki, mitinq, piket keçirmək olmaz, çünki ölkənin Qarabağ problemi var. Bununla siyasi manipulyasiya edilir. İnsanlara bu fikir aşılanır ki, müxalifət qüvvələri hakimiyyətə gəlsə, xarici qüvvələrin təsiri ilə Qarabağı ermənilərə verəcək.
    Ölkədə bir milyondan çox qaçqın var, onların problemini həll etmək lazımdır. Siyasi məqsədlər üçün Qarabağ problemindən istifadə etmək lazım deyil. VHP olaraq biz hesab edirik ki, bu problemin həll olunmasında müxalifət-iqtidar ayrıseçkiliyi olmamalıdır.

    – Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın bir müddət əvvəl verdiyi bəyanat haqqında nə düşünürsüz?

    – Türkiyə həmişə Azəbaycanın yanında olub. Əgər 1918-ci ildə Qafqaz-İslam Ordusu Azərbaycana köməyə gəlməsəydi, indi Bakı da Dərbənd kimi Rusiyanın bir əyaləti idi. Azərbaycan müstəqilliyini bərpa edəndə də onu ilk tanıyan Türkiyə olub. Bu günə qədər bütün sahələrdə Azərbaycanın arxasında olub. Türkiyə Azərbaycana görə Ermənistanla sərhədləri açmır. Təbii ki, onun da dövlət kimi maraqları var. Türkiyə Azərbaycana görə Ermənistanla sərhədləri açmırsa, Azərbaycan da Türkiyənin yanında olmalıdır. Onun hansısa problemi varsa, dəstək olmalıdır.

    Fatimə Kərimli
  • VHP Qazaxda zona müşavirəsi keçirib

    Vətəndaş Həmrəyliyi Partiyası Qazax, Tovuz, Gədəbəy, Şəmkir və Ağstafa rayon təşkilatlarının iştirakı ilə zona müşavirəsi keçirib.

    “Qafqazinfo”nun məlumatına görə, VHP təşkilat şöbəsinin müdiri Samir Əsədlinin sədrliyi ilə keçirilən müşavirədə təkrar bələdiyyə seçkisində iştirak, partiyanın qarşıdan gələn 20 illik yubileyinə və qurultayına hazırlıq məsələləri müzakirə edilib.

    Partiyanın Qərb bölgəsi üzrə koordinatoru Nəsimi Tovuzlu regiondakı ictimai-siyasi və sosial vəziyyətlə bağlı ətraflı məlumat verib. Daha sonra təşkilat sədrlərinin hesabat xarakterli məruzələri dinlənilib.

    Müzakirələrdə 2 aprel mitinqi zamanı həbs olunanların taleyindən narahatlıq ifadə edilib. Bildirilib ki, dinc aksiyaya görə insanların həbsi Azərbaycan dövlətinin imicinə ciddi zərbə vurmaqla yanaşı, ölkə tarixinə qara səhifə kimi düşür və iqtidar bu ləkənin təmizlənməsi üçün özündə cəsarət tapmağı bacarmalıdır. Xüsusilə Müstəqilliyin Bərpası haqda Aktın qəbul olunmasının 20-ci ildönümündə İstiqlalçı deputat Arif Hacılının həbsdə yatmasının bölgədə narahatlıqla qarşılandığı vurğulanıb.

    Sonda yerli təşkilatların fəaliyyəti qənaətbəxş qiymətləndirilib və təkrar bələdiyyə seçkilərində iştirakla bağlı yekdil qərar verilib

  • Urmiya gölü məqsədli şəkildə qurudulur

    Samir Əsədli: “Məqsəd ekoloji problem yaradaraq, Azərbaycanlilari buradan köçürmək, farslari isə bu əraziyə yerləşdirməkdir”

      Uzun zamandan bəridir ki, Urmiya gölü ilə bağlı Cənubi Azərbaycanı etiraz dalğası bürüyüb. Lakin aprel ayından başlayaraq keçirilən bu etiraz aksiyalarına və çoxsaylı müraciətlərə baxmayaraq İran rejimi məsələyə biganə yanaşır. “Urmiya gölü susuzluqdan yanır!”, “Urmiya gölündə su yoxdur, Azərbaycan indi oyanmasa, gec olacaq!”, və başqa şüarlarla keçirilən aksiyalarda 70 nəfər həbs olunub. Həmin vaxtdan bəri İran hakimiyyət orqanlarına və parlamentə edilən müraciətlərlə davam etdirilən etirazlar bu il avqustun 27-də yenidən küçə yürüşlərinə çevrilib. Bu etirazların əks olunduğu ən böyük aksiya hələlik sentyabrın 3-də keçirilib. Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil şəhərlərində, paytaxt Tehranda keçirilən aksiyalara polis müdaxilə edib, çoxlu sayda yaralı və saxlanılan var. Bəzi məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlər olub. Digər məlumatlarda isə rəsmi Tehranın aksiyaların qarşısını almaq üçün yerli azərbaycanlıların yaşadığı şəhərləri nəzarətə götürdüyü, hündür mərtəbəli binaların üstündə snayperlər yerləşdirdiyi bildirilir. İran hakimiyyət orqanları son aksiyalarda 60 nəfərin saxlanılması barədə məlumat yayıb. Güney Azərbaycan ziyalıları dəfələrlə bu məsələ ilə bağlı İran hakimiyyətinə müraciət ediblər. Lakin müsbət cavab yoxdur. İran hakimiyyətinin laqeydliyi Güney Azərbaycanda etiraz hərəkatına səbəb olub. İran rejiminin Urmu gölünə biganə münasibətinə etiraz olaraq təkcə bu ölkədə deyil bir sıra Avropa ölkələrində də etiraz aksiyaları keçirilib. Bu məsələ ilə aksiyalar müntəzəm olaraq davam etdirilir. Avropa ölkələrində yaşayan azərbaycanlılar da bu məsələ ilə bağlı hərəkətə keçiblər. Bununla əlaqədar Avropanın müxtəlif şəhərlərində bir neçə dəfə toplantılar, aksiyalar da keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü və Dünya Azərbaycanlıları Konqresinin (DAK) mərkəzi təftiş komissiyasının sədri Samir Əsədli fars rejimini Urmiya gölünü məqsədli şəkildə qurutduğunu deyib. Onun sözlərinə görə, belə olmasayda, hakimiyyət gölə tökülən çayların qarşısına sədd çəkməz, qurmaya qarşı tədbirlər görərdi. O, Urmiya gölünün Güney Azərbaycan Milli Hərəkatı üçün həssas məsələ olduğun deyib. İlk olaraq göl barəsində məlumat verən DAK nümayəndəsi Urmiya gölünün qurudulmasının ekoloji və siyasi tərəfinin olduğunu söyləyib: “Urmiya gölü YUNESKO-nun dünyanın qorunmalı olan təbii sərvətləri siyahısına daxil edilib. Burada müxtəlif növ məməli heyvan, sürünən, suda-quruda yaşayan heyvan və quşlar, eləcə də suyun duzluluğuna dözə bilən balıqlar yaşayır. Urmiya gölünün duzlu suyu və palçığı həm də müalicəvi xarakter daşıyır. Urmiya gölündəki duzluluq okeanlardakı duzluluqdan iki dəfə çoxdur. Göl duzluluğuna görə dünyada ikincidir. Göründüyü kimi, Urmiya gölü böyük əhəmiyyətə malikdir. Gölün qurudulması Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmiyanı fars rejiminin yaratdığı təhlükə ilə qarşı-qarşıya qoyub. Gölün qurudulmasının iki – ekoloji və siyasi tərəfi var. Urmiya gölünə axan bütün çayların önü kəsilib ki, bu da gölün sürətlə qurumasına yol açıb. Urmiya gölü quruyarsa, on milyardlarla ton duz bölgənin əkinçiliyini təhdid edər. Məlum olduğu kimi, bu ərazi küləklidir. Məhz buna görə də qısa müddətdən sonra külək duzu bölgənin verimli və əkinçiliyə uyğun olan torpaqlarına daşıyıb bu torpaqları da duzlağa döndərə bilər. Belə olduqda isə gölün 500 km. çevrəsində bütün verimli torpaqlar təhdid altına düşər. Bölgə bütünlüklə duzlaqlaşar. Təbriz özü də yaşanmaz duruma gələr. Nəticədə isə Azərbaycanın bütün verimli torpaqları duzlaşma ilə qarşılaşar. Həmçinin bölgədən başqa yerlərə köçlər başlayar. Bölgə əhalidən boşalar. Zəhərləyici yağışlar yağmağa başlayar ki, bu da bölgədə sözün tam anlamı ilə ekoloji fəlakət yaradar. Məsələnin siyasi tərəfinə gəlincə isə fars rejimi məhz elə bu yolla Azərbaycanlıların ən sıx məskunlaşdığı əhalini oradan köçürmək niyyətindədir. Buna görə ekoloji problem qabardılır. Ərazidən köç edən azərbaycanlıların yerinə isə farsların gətirilməsi düşünülür. Bunun nəticəsi idi ki, İran Milli Məclisində gölün qurumasının qarşısını almaq üçün gedən layihənin müzakirəsi zamanı belə qərara gəldilər ki, Urmiya çevrəsində olanlar köçüb başqa yerlərə yerləşsinlər. Rejimin gizli niyyətini ortaya çıxardı: Ekoloji problem yaradaraq türklərin toplu şəkildə yaşadığı bölgələrdən əhalini boşaltmaq istəyirlər. Bu şəkildə Güney Azərbaycanda milli şüurun yüksəlişini kökündən söndürmək niyyətindədirlər”. S.Əsədlinin sözlərinə görə, Güney Azərbaycan ortaya çıxıb və sürətlə inkişaf edən milli şüur bunun fərqində olduğu üçün xalq Urmiya gölü məsələsini davamlı olaraq gündəmdə saxlamaq istəyir. O, əslində Urmiya gölü məsələsində fars-türk savaşının getdiyin deyib: “Fars zehniyyətinə görə, bölgənin türklərdən boşalması üçün Urmiya gölü qurumalıdır. Buna görə də gölün tamamən quruması üçün hər vəchlə çalışırlar. Bu, bir faktdır ki, fars rejimi bütün məsələlərdə soydaşlarımızın hüquqlarını pozur. Hakimiyyət həmvətənlərimizin heç bir hüququnu tanımaq istəmir. Çöhrəqaninin dili ilə desək, “İran adlanan yerdə yaşayan azərbaycanlıların Avropa heyvanları qədər hüququ yoxdur”. Hesab edirəm ki, biz soydaşlarımızı yalnız buraxmamalı, onların yanında olmalıyıq”.

    Aqil LƏTİFOV

    “525”-ci Qəzet

  • O taydan qaçanlar bu taydan niyə qaçaq düşür?

     

    Sabir Rüstəmxanlı: “Hətta İrandan gəlib Azərbaycan vətəndaşı ilə ailə quranların da burada yaşamasına maneələr yaradılır

    İrandakı təqiblərdən can qurtarmaq üçün Azərbaycan Respublikasına üz tutan güneylilər burada da çox duruş gətirmirlər. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Bakıda Güney Azərbaycanla bağlı bir neçə təşkilat fəaliyyət göstərirdi. İndi belə təşkilatlar, demək olar, yoxdur. Təşkilatları yaradanlar isə Güney Azərbaycandan olduğu kimi Quzey Azərbaycandan da mühacirət edib Avropa ölkələrinə, ABŞ-a, Kanadaya sığınıblar. Avqustun 2-də iki güneyli mühacir – Ağrı Qaradağlı və Rəhim Cavadbəyli Azərbaycan sərhədini qanunsuz keçərək Gürcüstana sığınıblar. Güneylilər quzeydən niyə qaçırlar?

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Media forum” saytına açıqlamasında deyib ki, Güney Azərbaycandan qaçıb Azərbaycan Respublikasında sığınacaq tapan insanların buradan getməsi İranın təzyiqlərinin nəticəsidir: “İran davamlı olaraq bu məsələdə Azərbaycan Respublikasına təzyiq göstərir, mühacirətə, öz bacı-qardaşlarının, qohumlarının evinə gələn güneyli soydaşlarımızın geri qaytarılmasını tələb edir. Molla rejimi müxtəlif vasitələrlə, hədə-qorxu ilə mühacirət edən həmin adamların Azərbaycanda rahat yaşamasına imkan vermir. Bir ölkəyə gedib oranın vətəndaşı ilə ailə qurub yaşamaq dünyada qəbul olunan haldır. Hətta İrandan gəlib Azərbaycan vətəndaşı ilə ailə quranların da burada yaşamasına maneələr yaradılır”.

    Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycan Respublikası güneylilərlə bağlı daha ardıcıl mövqe tutmalı və beynəlxalq hüquq çərçivəsində problemlə daha ciddi məşğul olmalıdır. Onun fikrincə, əgər həmin şəxslər öz ölkələrindən çıxıb Azərbaycan Respublikasına üz tutublarsa və burada yaşamaq istəyirlərsə, heç bir halda geri qaytarılmamalıdır.

    Sabir Rüstəmxanlı vurğulayıb ki, İrana qaytarılan şəxsləri ağır tale gözləyir. DAK həmsədri problemin həlli üçün təklif irəli sürür: “Güney azərbaycanlılara sığınacaq verməliyik və onlar Azərbaycan Respublikasında qalmalıdırlar. Dünyanın müxtəlif ölkələrindən iş üçün Azərbaycana gəlmiş insanlara iş tapılır, yaşayırlar, onlara ölkədə müvəqqəti yaşamaq haqqı verilir, bəzən də uzun müddət qalırlar, amma Güney Azərbaycandan gələn soydaşlarımıza qardaşlıq edə bilmirik. Müstəqil Azərbaycanın əsas insan qaynaqlarından, işçi qüvvəsindən birincisi güney azərbaycanlılar olmalıdır. Biz onlara qayğı göstərməliyik, onlara bütün şərait yaradılmalıdır. İran rejiminin zülmündən qaçan soydaşlarımıza sığınacaq vermək, təhsil almalarına şərait yaratmaq bizim həm vətəndaş kimi borcumuzdur, həm də beynəlxalq öhdəliyimizdir”.

    Güney azərbaycanlıların üzləşdiyi problemləri bir neçə dəfə Milli Məclisdə qaldırdığını xatırladan Sabir Rüstəmxanlı qeyd edib: “Niyə onlara sahiblik etmirik, təhsil almalarına şərait yaratmırıq, qanunda xaricdəki soydaşlarımız üçün güzəştlər nəzərdə tutulduğu halda niyə praktikada bu, həyata keçirilmir? Bu barədə danışmışam, məktublar yazmışam. Amma nəticəsi olmayıb. BMT-nin Qaçqınlar üzrə Komissarlığı da güney azərbaycanlılara ədalətli yanaşmır. Həmin komissarlığın Bakıdakı nümayəndəsi ilə görüşmüşəm. Beynəlxalq aləmdə İrana münasibət çox pisdir. Oradan qaçan güney azərbaycanlılar da bunun zülmünü, əzabını çəkirlər. BMT-nin bu işlə məşğul olan qurumları da başqa xalqların nümayəndələri müraciət edəndə onlara daha asan şərait yaradırlar. Amma güney azərbaycanlılar Azərbaycan Respublikasında illərlə gözləyirlər ki, nə vaxt onlara başqa ölkədə sığınacaq veriləcək. Nə özümüz sığınacaq veririk, nə də BMT onlara sahiblik edir. Beləliklə, gözümüzün önündə bir millət məhv olur, qapılarda qalır”.

     

  • Milli soyadları referenduma çıxarmaq olmaz

    Fəzail İbrahimli: “Referenduma düşəsi məsələlər daha böyük, münaqişə xarakterli məsələdir”

    Milli adlar və soyadlar referendum yolu ilə də müəyyənləşdirilə bilər. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov mətbuata verdiyi açıqlamasında danışıb. O bildirib ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının adlar və soyadlarla bağlı xüsusi komissiyasının hazırladığı hesabat hökumət tərəfindən müzakirə edilir: “Fikrimcə, adlar və soyadlarla bağlı xüsusi qanun qəbul oluna bilər. Bu ilin sonuna kimi milli adlar və soyadlarla bağlı işlər başa çatdırılacaq”.  Lakin N.Cəfərovun “milli soyad sonluqları referendum yolu ilə müəyyənləşdirilə bilər” fikri deputatlar tərəfindən birmənalı qarşılanmayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimli “Şərq” qəzetinə açıqlanmasında məsələyə münasibət bildirərkən deyib ki, bunun üçün referendum keçirməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, məsələ ilə bağlı qanun qəbul etməklə problemi birdəfəlik çözmək mümkündür: “Mən bu məsələdə hansı formada happy wheels demo olursa-olsun, soyadlarının dəyişdirilməsinin lehinəyəm. Bunun forması müxtəlif ola bilər. Əlli və ya yüz ildən sonra hər bir millətin soyadının göstəricisi kimi azərbaycanlı da öz sayadı ilə tanınmalıdır. Bunu sadəcə olaraq hansısa qanunla da tənzimləmək olar. Düşünürəm ki, referendum bu məsələ üçün çox böyük işdir. Referenduma düşəsi məsələlər daha böyük, münaqişə xarakterli məsələdir. Amma Azərbaycan xalqının hamısı milli soyadların qəbulunun tərəfdarıdırlar. Xalqın köhnə, orta və yeni nəsli var. Yeni nəsil milli soyad sonluqlarını qəbul edir. Yeni doğulan uşaqlardan yüzdə doxsanı milli soyad sonluğu daşıyırlar. Orta nəsildə tərəddüd edənlərlə yanaşı, tərəfdar olanlar da var. Bir qədər köhnə nəsillər, yəni dünyasını bu cür yaşayan, kitab yazıb tanınanların bu məsələdə bir qədər tərəddüdləri var. Ona görə mən düşünürəm ki, soyadlarla bağlı bir qanun olarsa, məsələ asanlıqla həll olunar. Bürokratik əngəllər də aradan qalxar”.

    Seymur Qasımbəyli

  • VHP Yevlax rayon təşkilatına yeni sədr seçildi

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Yevlax rayon təşkilatının növbədən kənar konfransı keçirilib. 

    Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransda VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli, özəklərdən seçilmiş nümayəndələr, həmçinin müxalifət partiyalarının yerli fəalları və QHT təmsilçiləri iştirak ediblər. Konfransda hesabat məruzəsi ilə çıxış edən VHP Yevlax rayon təşkilatının sədr əvəzi Bahar Əliyeva qurumun fəaliyyətindən bəhs edib: “VHP-nin Yevlax təşkilatı 1992-ci ildə yaradılıb. 19 ildir fəaliyyət göstəririk və bu müddətdə partiyanın demək olar ki, rayonun bütün kəndlərində özəkləri formalaşıb, siyasi proseslərdə təşkilatımız aktivliyi ilə həmişə seçilib”.

    NTK sədri Əhəd Qədirovun konfranslararası dövrdə rayon təşkilatının Nizamnaməyə uyğun fəaliyyət göstərdiyini və heç bir pozuntuya yol vermədiyini vurğuladıqdan sonra konfrans iştirakçıları, qonaqlar çıxış ediblər.

    VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən İrandakı soydaşlarımız və Milli oyanışın Urmiya çalxalanması barədə çıxış edib. Baş verənləri dünyada gedən böyük prosesin fonunda izah edən Samir Əsədli Güneyin azadlıq, Quzeyin demokratiya hədəflərinə çatacağına şübhə etmədiyini söyləyib: “Totalitar rejim və avtoritar quruluşları artıq bütün dünya özünə təhlükə kimi görür. Ona görə də demokratik cəmiyyətlərin qurulmasında vətəndaşların apardığı mübarizəyə beynəlxalq güclər ciddi dəstək verirlər. Bu baxımdan, bir gün tez-bir gün gec, Güneydə insan haqq və azadlıqlarına hörmət edən bir cəmiyyətin qurulacağını hamımız müşahidə edəcəyik. Azərbaycandakı proseslərin isə qısa müddətdə demokratiya ilə sonuclanacağı artıq kimsənin şübhə etmədiyi məsələdir”.

    Sonda təşkilati məsələlər müzakirə olunub. Təşkilat sədrliyinə 3 VHP-çi namizədliyini irəli sürüb. Gizli səsvermə ilə Vüqar Cəfərov VHP Yevlax rayon təşkilatının yeni sədri seçilib.

    Konfransda formalaşan 25 nəfərlik Məclisin yığıncağında sədrin 5 müavini seçilib və 11 nəfərlik Şura yaradılıb.

    NTK üzvləri isə Əhəd Qəribov yenidən sədr seçilib.

  • VHP soydaşlarımızı Ramazan bayramı münasibəti ilə təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

    Əziz bacılar və qardaşlar!

    Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Dünya müsəlmanlarının müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə birliyə dəvət edir, onlara əxlaqi saflığın və zənginliyin, cismani-ruhi kamilliyin fərəhini yaşadır, mənəvi ucalığın nəfs üzərində qələbə təntənəsini nümayiş etdirir.

    Xalqımız tarixi boyu həmişə Uca Tanrıya tapınmış, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq olmuşdur. Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərmişdir. Azərbaycan övladlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir.

    Əziz bacı və qardaşlarım!

    Siz mübarək Ramazan günlərini böyük məmnunluq və fərəh hissləri ilə başa vurursunuz. İnanıram ki, müqəddəs dinimiz yolunda nəcib əməlləriniz, Azərbaycanın əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Ulu Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.  Bu əziz bayram günündə sizin hamınızı və ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

  • Qubadlı rayonunu işğal etməsindən 18 il keçir

    Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 18 il ötür. APA-nın məlumatına görə, ərazisi 826 kv.km olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də işğal edilib.

    Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

    Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

  • “Qarabağ münaqişəsinin müzakirəsi ərazilərin işğaldan azad edilməsinə imkan verəcək”

    “525”-ci qəzetim suallarını millət vəkili Rafael Hüseynov cavablandırıb.

    – BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı iki məsələ daxil edilib. Bu sənədlər “GUAM məkanında uzunsürən münaqişələr və onların beynəlxalq aləmə, təhlükəsizliyə və inkişafa təsiri”, eləcə də “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrdir. Azərbaycanın artıq 3 il ardıcıl olaraq bu sənədləri müzakirəyə çıxarması nə dərəcədə məqsədəuyğundur?

     

    – 2001-ci ilin yanvarın 25-də Azərbaycan Avropa Şurasına qəbul edilib, həmin ilin aprelindən, yəni AŞ Parlament Assambleyasının yaz sessiyasından etibarən isə Azərbaycan nümayəndə heyətinin sənədləri təqdim etmək və Assambleyada çıxış etmək imkanı yaranıb. O zaman biz BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənəd və qətnamələri AŞPA-nın 40-dan çox dövlətin nümayəndəsi olan deputatlarına göstərərək imzalamağı xahiş etdik. Bu sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, qaçqın və məcburi köçkün problemlərinin olması faktları öz əksini tapmışdı. Amma AŞPA-nın bəzi tanınmış və nüfuzlu deputatları o zaman hətta bu sənədləri oxumaqdan imtina etdilər, bəziləri isə bizi hətta Ermənistanın “işğalı”nda günahlandırdılar. İşlərin belə bir vəziyyət alması Ermənistanın siyasəti nəticəsində formalaşmışdı, başqa sözlə, avropalı parlamentarilər Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlı yanlış təqdimata malik idilər. Amma 2005-ci ildə AŞPA 1416 saylı qətnamə qəbul etdi və orada Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş bir dövlət kimi göstərildi. Bu, o deməkdir ki, artıq Azərbaycanın Avropa Şurasına qəbul olunmasından bir neçə il sonra avropalı parlamentarilərin Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişikliklər olmuşdu. Dağlıq Qarabağ problemi, bütövlükdə, Ermənistan-Azərbaycan münaqişəsi bir an içində yaxud bir sənədlə həll edilməsi mümkün olan problem deyil. Bu problemin həlli uzun bir prosesdir. Əgər bu gün bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Qarabağın Azərbaycan torpağı olması, Ermənistandan 300 mindən çox azərbaycanlının deportasiya olunması ilə bağlı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı haqqında aydın fikir formalaşıbsa, bu, o deməkdir ki, dünya ictimaiyyəti artıq Qarabağ probleminin mahiyyətindən xəbərdardır.

     Digər tərəfdən, hər dəfə Qarabağ münaqişəsi problemi beynəlxalq təşkilatların, o cümlədən BMT-nin gündəliyinə daxil ediləndə Ermənistan belə müzakirələrə qarşı çıxışlar edərək və maneələr yaradaraq narahat olmağa başlayır. Sual yaranır: Əgər beynəlxalq təşkilatlar tərəfindən Qarabağ münaqişəsinin nizama salınması probleminin müzakirəsinə zərurət yoxdursa və bu, məqsədəuyğun deyilsə, onda nə üçün Ermənistan hər vasitə ilə müxtəlif diplomatik kanallardan istifadə edərək buna mane olur. Belə bir halı, xüsusilə Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən Qarabağ münaqişəsinin müzakirəsinə mane olduğunu biz AŞPA-nın timsalında müşahidə edə bilərik. Məlumdur ki, Ermənistan AŞPA-da Qarabağ münaqişəsinin nizama salınması üzrə alt komitənin yaradılmasına mane olur. Xüsusilə qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağın işğalı problemi, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı problemi, qaçqın və məcburi köçkünlər problemi, bu torpaqlarda vandalizm problemi, Azərbaycanın zəbt olunmuş mədəniyyət abidələrinə vurulan ziyanın qeyd olunması çox böyük əhəmiyyət kəsb edir. Buna görə də, BMT-də Azərbaycan torpaqlarının işğalı məsələsinin təkrar müzakirəsini vacib hesab edirəm. Belə bir müzakirənin keçirilməsi ən az çox nüfuzlu bir beynəlxalq təşkilatın öz gündəliyində Qarabağ münaqişəsi problemini saxlaması baxımından vacibdir. Bundan başqa, bu müzakirələrin yekununa əsasən təbii ki, işğal faktlarının da əks olunacağı sənədin qəbul edilməsi də vacibdir. Hesab edirəm ki, belə bir mövqe Azərbaycanı addımbaaddım son məqsədə – işğal olunmuş ərazilərin azad edilməsinə yaxınlaşdırır.
     

    – Belə hesab etmək olarmı ki, bu qətnamələri ötən illərlə müqayisədə daha çox dövlət dəstəkləyəcək?

     

     – BMT-də bu və ya digər sənədin qəbul edilməsinə görə səslərin sayı Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyini dəstəkləməyin göstəricisi ola bilməz. Çünki bu sənədlərin BMT Baş Assambleyasının gündəliyinə daxil olunmasını Azərbaycanın uğuru hesab etmək kifayətdir. Əgər Azərbaycan bu sənədlərin BMT BA-nın gündəliyinə daxil olunmasına nail olubsa, deməli, rəsmi Bakı diplomatik kanallar vasitəsilə bu sənədlərin qəbul edilməsi üçün səs verəcək dövlətlərlə müəyyən iş aparıb. Əminəm ki, Bakı belə bir iş aparıb və buna görə də, ümid edirəm ki, bu il həmin sənədlərin qəbul edilməsinə səs verəcək dövlətlərin sayı artacaq.

     

    – ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr də bu qətnamələri dəstəkləyəcəkmi?

     

     – ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsini vacib hesab edirəm. Çünki dünyanın üç nəhəng dövlətinin təmsil olunduğu ATƏT-in bu qrupu Qarabağ münaqişəsinin həlli üçün mexanizm ola bilər. Əlbəttə ki, Azərbaycan ATƏT MQ üzvü olan ölkələrlə işləməyi davam etdirməlidir ki, onların Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə bağlı mövqeyi sağlam xarakter daşısın. İnanıram ki, ATƏT MQ-nin mövqeyində onların fəaliyyətinin, ötən vaxtlar ərzində onlar tərəfindən müəyyən ehtiyatsız addım və bəyanatlara yol verildiyinin daim tənqid olunması nəzərə alınmaqla keyfiyyətli dəyişikliklər baş verəcək.

     

    – Azərbaycanın Qarabağla bağlı qətnaməni BMT-nin sessiyasına çıxarması ATƏT-in Minsk qrupunun fəaliyyətsiz olması, öz vəzifəsinin öhdəsindən gələ bilməməsini göstərirmi?

     

     – Əgər Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin nizama salınması məsələsinin BMT-də qaldırılması zərurətinin olmaması məntiqindən çıxış etsək, onda belə bir yanaşmanı digər beynəlxalq təşkilatlarda, xüsusilə, İslam əməkdaşlığı Təşkilatında və Avropa Şurasında nümayiş etdirmək lazım gələrdi. Buna görə də, hesab edirəm ki, Azərbaycan bütün beynəlxalq səviyyələrdə öz torpaqlarının işğalı problemini qaldırmalı, bu problemlə bağlı sənədləri müzakirəyə çıxarmalıdır. Beləliklə, Azərbaycan qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün mümkün kanallardan, o cümlədən BMT-nin təqdim etdiyi belə vacib kanaldan faydalanmalıdır.

  • “PKK terrorçu təşkilat kimi tanınmalıdır”

    KXCP-dən verilən məlumata görə, toplantıda ilk olaraq dünyasını dəyişmiş istiqlalçı deputatlar sayğı duruşu ilə yad olunub. Bundan sonra toplantının təşkilatçısı Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu çıxış edib və bildirib ki, tədbir iştirakçıları mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq, bu problemi müzakirə edəcəklər.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, istiqlalçı deputat Sabir Rüstəmxanlı da PKK probleminin Türkiyənin gələcəyi üçün böyük əhəmiyyət daşıdığını deyib: “Bu məsələnin həlli Türkiyənin gələcəyi, Atatürkün qurduğu ulusun qorunması naminə çox əhəmiyyətlidir, ona görə də Türkiyə bu sahədə qəti və sərt addımlar atmalıdır”. Azərbaycan dövlətinin də PKK-ya ciddi yanaşmalı olduğunu deyən VHP sədri bildirib ki, bu barədə açıq-aydın danışıldığı halda, dövlət PKK-ya etinasız yanaşır: “Bu haqda danışanda da deyirlər ki, erməni məsələsi var, kürdü başımıza bəla etməyin. Başımıza bəla etməyin deyə-deyə, görəcəksiniz ki, başınız yoxdur, üzüblər”.

    İstiqlalçı deputat, Müsavat Partiyasının başqanı İsa Qəmbər isə çıxışında bildirib ki, PKK-dan həmişə Türkiyənin əleyhinə, onun inkişafını ləngitmək üçün istifadə olunub, bu, indi də davam edir. Azərbaycanın bu məsələdə mövqeyinə gəlincə isə İsa Qəmbər bildirib ki, Əliyev hakimiyyəti PKK probleminin həlli istiqamətində heç bir addım atmayıb: “İlham Əliyev bu yaxınlarda PKK-nı terror təşkilatı kimi tanıdığı haqda bəyanat versə də, bu, kifayət deyil. Bununla bağlı rəsmi sənəd hazırlanmalıdır”.

    İstiqlalçı deputat Firudin Cəlilov isə çıxışında ilk olaraq vurğulayıb ki, parlament PKK-nı terrorçu təşkilat kimi qəbul etməlidir: “Bundan sonra Mili Təhlükəsizlik Nazirliyi Azərbaycanda PKK-ya bağlı mərkəzləri aşkara çıxarıb, sərhəddən uzaqlaşdırmalıdır”. Tədbirin sonunda növbəti toplantıda istiqlalçı deputatların qurumunun yaradılması barədə qərar qəbul olunub.

    Digər istiqlalçı deputatlardan Hacıbaba Əzimov isə çıxışında Azərbaycanda fəaliyyət göstərən bir neçə mətbu orqanın PKK-ya xidmət etdiyini deyib: “Hamıya məlumdur ki, ”Diplomat” qəzeti PKK-ya xidmət edir. Lakin “Həftə içi” qəzeti də onların maraqlarına uyğun dərc olunmuş yazılara təkzib vermir. Mən bununla bağlı bir neçə dəfə zəng edib etiraz etsəm də, nəzərə alınmayıb”.