Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP Ali Məclisinin sədri Rafiq Manaflıya

    VHP Ali Məclisinin sədri Rafiq Manaflının doğum günü ilə bağlı partiyanın təbriki yayılıb. Təbrikdə deyilir:

    «Hörmətli Rafiq bəy!

    Sizi doğum gününüz münasibəti ilə səmimi qəbldən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayırıq.

    Siz Azərbaycanın ictimai-siyasi fikir tarixində xüsusi önəmi olan adamsınız. Hələ Milli Azadlıq Hərəkatının ilk günlərindən AXC Ali Məclisinin üzvü və Qaradağ rayon təşkilatının sədri kimi apardığınız mübarizəniz, fədakarlığınız və ləyaqətinizlə minlərlə insana nümunə olmuş, böyük bir hərəkatın uğurla – Azərbaycanın müstəqilliyi ilə sonuclanmasına töhfələr vermisiniz.

     Azərbaycan müstəqillik qazandıqdan sonra isə ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması yolunda başlanan mübarizənin önündə durmusunuz. Aradan illər keçsə, bu yolda çoxları sıralarımızı tərk etsə də, Siz heç bir zaman geri çəkilməmiş, öz insani keyfiyyətlərinizi daim qorumusuz. Sizin bütün varlığınızla və heç bir maraq güdmədən, səmimi şəkildə Azərbaycanın demokratikləşməsi, insan haqq və azadlıqları, vətəndaş cəmiyyəti, hüququn aliliyi uğrunda apardığınız mübarizə haqqınızda eşidənlərin hamısı üçün bir nümunə, bir örnəkdir.

    Sizin bu mübarizəni illərdir Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında aparmağınız və həmrəylik ideyasının təmsilçisi olmağınız isə bizim üçün fərəhdir. VHP Ali Məclisinin sədri və Siyasi Şuranın üzvü kimi göstərdiyiniz prinsipiallıq, ümumi maraqları rəhbər tutmağınız, hər bir VHP-çiyə, hər bir Azərbaycan vətəndaşına sərvət kimi baxmağınız və onları qorumaq, ölkəyə dəyərli vətəndaş kimi yetişdirmək istəyiniz mənəvi zənginliyinizin və ləyaqətinizin ən bariz nümunələrindəndir. Bu mübarizəniz və mənəvi keyfiyyətlərinizin Vətənə tarixi xidmət olduğunu bilir və qiymətləndiririk.

     Hörmətli Rafiq bəy!

     Bir daha Sizi ad gününüz münasibətilə təbrik edir, Sizə can sağlığı, ailə səadəti və ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

     

     

    Hörmətlə,

     

    Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası»

  • Nurəddin Mehdixanlı-55

    Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. Vaxtilə, nəsillərinin soyadı olan “Mehdixanlı” onun səhnə təxəllüsüdür.

    Tahirli kənd orta məktəbini 1974-cü ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub və təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Oktyabrda hərbı xıdmətə çağırılıb və qayıdandan sonra yenə teatrın kollektivində aktyor işləyib.

    O, 1989-cu ilin sentyabrında Qarabağa Xalq Yardımı Komitəsinə işə girib və bir ay on gündən sonra teatrdan ayrılıb. Dörd il bu komitədə məsul vəzifələrdən birini tutan Nurəddin Mehdixanlı bir arada paralel olaraq Bakı Bələdiyyə Teatrında aktyorluq edib (1992-1994) və bu səhnədə Yazon (“Medeya”, Jan Anuy), Şahgir (“Tomris”, Oqtay Altunbay) rollarını oynayıb. Səhnə üçün doğulmuş aktyor 1994-cü il aprel ayının 18-dən yenə Akademik Milli Dram Teatrının truppasındadır.

    Mehdi və İkinci repartyor. “Səhra yuxuları”, Anar.
    Hidayət xan. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev.
    Ross. “Maqbet”, Vilyam Şekspir.
    Yazon. “Medeya”, Jan Anuy. Kiçik səhnədə.
    Eldar və Vaqif. “Vaqif”, Səməd Vurğun.
    Kamran. “Unuda bilmirəm”, İlyas Əfəndiyev.
    Pavel (böyük). “Gecənin sirri”, Anatoli Safronov.
    Kərim bəy. “Közərən ocaqlar”, Mirzə İbrahimov.
    Elxan. “İblis”, Hüseyn Cavid.
    Fərhad. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev.
    Təbriz. “Büllur sarayda”, İlyas Əfəndiyev.
    Rövşən. “Əliqulu evlənir”, Sabit Rəhman.
    Böyük bəy. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.
    Muxtar. “Təhminə və Zaur”, Anar.
    Ruz. “Atabəylər”, Nəriman Həsənzadə.
    Cavan şair. “Fəryad”, Bəxtiyar Vahabzadə.
    Idris. “Səməndər quşu”, Firudin Ağayev. Kiçik səhnədə.
    Boksçu. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.
    Ulus. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri.
    Əbu Übeyd. “Od gəlini”, Cəfər Cabbarlı.
    Məşədi Təhməz. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.
    Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa.
    Fərhad. “Günah”, Rəhman Əlizadə.
    Məşədi Əzizbəyov. “Tufandan əvvəl”, Arif Süleymanov.
    Xuan. “Qadın faciəsi”, Federiko Qarsia Lorka.
    Ayaz Turan. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.
    Xəzər. “Gecə döyülən qapılar”, Nəbi Xəzri.
    Şair. “Fəryad”, Bəxtiyar Vahabzadə.
    Gur Şad. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə.
    Sokrat və Aydar. “Sokratı anma gecəsi” (“Eşşək dəri üzəriııdə məhkəmə”),
    Çingiz Aytmatov və Muxtar Şaxanov.
    Orxan. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.
    Yaralı Əsgər. “Hələ “sevirəm” deməmişdilər…”, Ramiz Novruz.
    Aydın. “Aydın”, Cəfər Cabbarlı.
    İppolit. “Fedra”, Jan Rasin.
    Rəşid Axundov. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu).
    Ərtoğrul. “Afət”, Hüseyn Cavid.

    Sırf teatr aktyoru olan Nurəddin Mehdixanlı Azərbaycan Dövlət Televiziyasında Əzizə Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), Cəfər Cabbarlının “Solğun çiçəklər” (Bəhram), Nəriman Həsənzadənin “Kimin sualı var?” (İlham), Bəxtiyar Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) televiziya tamaşalarında da iştirak edib. “Dədəm Qorqudun kitabı” dastanının motivləri əsasında “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev rollarına çəkilib.

    Nurəddin Mehdixanlı 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 may 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
    1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir. 2000 və 1995-ci illər də keçirilən Milli Məclisə seçkilərdə 67 saylı Cəlilabad birinci Dairə Seçki Komissiyasından VHP-nin namizədi olub.

  • İstefa qəbul edilməsin!

    Faiq Balabəyli
    VHP Siyasi Şurasının üzvü

    Əfran İsmayılov da mən deyəni deyir , Berti Foqts komandada qalmalıdır. Gördünüz, sözümü qəribçiliyə salırdınız, nə bilim Foqts fokus-mokusla  məşğul olur, komandanı idarə edə bilmir, işi-gücü çayxanalarda domino oynamaqla keçir və ilaxır. Axır ki, mənim dediklərimi də təsdiqləyən tapıldı:

    FOQTS QALMALIDIR

    Belə götürəndə Berti qağamız heç də pis oğlan deyil. Neçə illərdi ki, Azərbaycandadır və bizim adət-ənənəyə uyğunlaşa bilib. Siz onun oyun zamanı keçirtdiyi həyəcanı, işlətdiyi ifadəni görmüsünüzmü? Əlbəttə yox. Amma mən görmüşəm. Zalım balası elə bil heç Almaniyada doğulmayıb, hardasa elə Bakı ətrafı kəndlərin birində dünyaya göz açıb, böyüyüb boya-başa çatıb. Yaxşı təsbeh fırlatmağı, meyxana deməyi var. Təsbeh fırlaya-fırlaya da AFFA-nın baş bilənlərini fırlatmağa cəhd elədi və hardasa da istəyini gerçəkləşdirə də bildi. Məsəl var, deyərlər, “atı atın yanına bağlasan, həmrəng olmasa da həm xasiyyət olacaq”. Berti  rəngini dəyişə bilməsə də, zato xasiyyətini dəyişib oldu bizimkilərdən biri. Arada onu istefaya çağırdılar. Ölmüşdü Xankişi, kimdi axı bu çağırışlara məhəl qoyan, fikir verən. Onda gərək Azərbaycanda hər gün istefalar qəbul oluna. Bizdə istefa vermirlər, bizdə istifadə olunub qurtarırlar, ya da qurtazdırırlar. Onda gərək bir çox  sahələrdə ucdantutma hamını istefaya göndərək. Məsələn, bizdə rüşvət alıb, rüşvətxoru azadlıqda saxlamaq təcrübəsi qonşu ölkələrlə müqayisədə daha geniş vüsət alıb. Həmişə də belələrini istefaya çağırırlar, amma elələri yerlərini daha da möhkəm qoruyur. Ölkə başçısının korrupsiyaya qarşı mübarizə istiqamətində tövsiyyələri diqqət mərkəzindədir, amma nələrsə yenə də diqqətdən kənarda qalır. Killerlər günün günorta çağı müdafiə nazirinin müavinini öldürür, ordu sıralarında atəşsiz ölən əsgərlərimizin sayı, müharibə zamanı ölən əsgərlərimizin sayı ilə demək olar ki eyni saya çatır, amma cavabdeh olanlar suallardan yayınmağı bacarır. Hansı istefadan danışmaq olar.

    Vergilər Nazirliyinin əməkdaşları dükanlarda və digər iaşə obyektlərində sahibkarlara vergidən necə yayınmağın yollarını başa salır və qeyd etməliyəm ki, tədrisləri çox uğurlu dərk olunur.

    Yazıçılarımız əsərlərində vətənimizin alınmaz qala olduğunu, Koroğlunun, Babəkin, Cavanşirin, Nəbinin övladları olduğumuzdan yazır. Nigarın döşündən süd əmdiyimizi deyirlər, amma unudurlar ki, Nigar xanım “voobşe” doğmayıb, sonsuz olub. Heç onları istefaya çağırıb, demirlər ki, qələmini yerə qoy.

    Nə yapışıblar əziz və hörmətli Bertidən bilmək olmur. O boyda AFFA guya bunlardan az bilir. Olmasın 10-15 barrel neftin pulu, za to Foqts pensiyaya çıxanda, çayxanada oturub domino çırpa-çırpa ötənlərdən bəhs edəndə ölkəmiz haqda xoş sözlər danışacaq. Mən buna əminəm, o, çörəyi dizinin üstündə olanlardan deyil.

    Istefaya göndərilməli o qədər adam var ki, gör tərpətmək istəsən tərpənəcəklər? Mıxlanıblar yerlərinə, necə lazımdı.

    Berti müəllim də elə. Onu necə göndərək istefaya. Son iki oyunda 4 xal qazanmışıq, bu az deyil e, hələ 2 oyunumuzda durur. Olmadı elə, oldu belə, topdu getdi girdi rəqib komandanın qapısına, onda bu istefa çağıranlar nə edəcək? Tak çto, heç kəsi istefaya çağırmağa heç bir hacət yoxdu, qoy Berti müəllim başını salıb aşağı işləsin.

    Hələ yollarımızı çəkib, körpülərimizi tikib, yol qovşaqlarını və keçidləri inşa edənləri demirəm, neynəyək, yığaq onları  ”ZQAN” şirkətinə məxsus olan avtobuslara “optovoy” göndərək istefaya? Bizə gülməzlərmi? Deməzlərmi ki, indi istefa vaxtıdı? Camaatın işi başından aşır.

    Hirsli vaxtımda Berti mənə zəng vurmuşdu, salam-kəlamdan sonra dedi ki, bəlkə oyunqabağı oturaq? “Naxadu” razılaşdım. Görüşüb özümüzü verdik xəlvət bir guşəyə. Söz-sözü çəkdi, dedi gördün də Əfran da sən deyəni deyir, mənim yığmada qalmağımı istəyir. Mən də Bertiyə onun haqda  müsbət fikirlərin formalaşmasına sevindiyimi dedim. Təşəkkürünü bildirdi. Yaxşı çay içdik.

    Arada vaxt tapıb AFFA-nın rəhbərliyinin ardıyca kəsib doğradı. Yanılmamışam, bu adam təmiz bizim xarakterimizi əxz eləyib, kimdi axı onu istefaya göndərən?

  • “Güneyli soydaşlarımız Azərbaycan ali təhsil müəssisələrində təhsil almaqda maraqlı deyil”

    “Güneyli soydaşlarımızın Azərbaycan ali təhsil müəssisələrində təhsil alması hüquqi baxımdan mümkün olsa da ortada olan bir sıra problemlər səbəbindən onlar Azərbaycan ali təhsil müəssisələrində təhsil almaqda maraqlı deyillər”. “OLAYLAR”-ın məlumatına görə, bunu DAK həmsədri Sabir Rüstəmxanlı bildirib. Onun sözlərinə görə, problemlər iqtisadi faktorlarla bağlı olsa da digər problem Azərbaycanda təhsil alan güneyli tələbənin diplomunun İranda tanınmamasıdır: “Güneyli soydaşlarımızın burda ali təhsil müəssisələrində təhsil alması üçün onlarda artıq vəsait tələb olunur. Bununla yanaşı onların yataqxana təminatı olmadığından bir çoxları ağır tələbəçilik keçirirlər. Eyni zamanda İranın basqıları güneyli tələbələrin burda təhsil almasına maneə törədir. İran onların diplomlarını tanımır. Ancaq Ermənistanda təhsil alan tələbələrin diplomlarını tanıyır. Bu ədalətsizlikdir”. S.Rüstəmxanlı onu da dedi ki, bu kimi məsələlərlə bağlı Milli Məclisdə və eyni zamanda dövlət qurumları ilə keçirilən görüşlərdə müzakirələr aparıb. DAK həmsədri kimi problemlərin həlli istiqamətində əməli addımların atılması yönündə səy göstərib. 

  • “Cavad Xan”dan qəzəbli açıqlama – Mətn

    Bir neçə gün öncə ölkə mediası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun teatrın aktyoru, Xalq artisti Nürəddin Mehdixanlıya töhmət verməsi barədə  məlumat yayıb. Buna səbəb kimi xalq artistinin Yaltada keçirilən “Teatr. Çexov. Yalta-2011” şüarı altında təşkil edilən sənət bayramında səhnəyə içkili vəziyyətdə çıxması göstərilib. Həmin vaxt xalq artisti məsələyə münsaibət bildirmək istəməsə də, artıq raeksiyasını açıqlayıb. Modern.az saytı Nurəddin Mehdixanlının açıqlamasını təqdim edir:

    – Mənə sədaqətli olan əziz dostlarıma, ömrümün 35 ilini həsr etdiyim etibarlı. dəyərli tamaşaçılaramın nəzərinə:

    Əziz dostlar, hörmətli tamaşaçilarım, son günlərdə bizim Yalta şəhərindəe Beynəlxalq Teatr Festivalında uğurlu iştirakımızdan sonra mənə qarşı bir qaralama kampaniyası başlayıb.
    Çox təəssüflər olsun ki, bəzi mətbuat və kütləvi informasiya vasitələri əsil həqiqətləri, Teatr rəhbərinin mənə verdiyi töhmətin əsil nədənini bilmədən, bu töhmətin ictimaiyyətin nəzərinə, özünə yaxın olan bir jurnalist xanım vasitəsiylə, APA İnformasiya Agentliyinə “ötürən” TÖHMƏT VERƏNİN, iç məqsədini bilmədən, mənim haqqımda həqiqətən uzaq məlumatlar yaydılar. Teatr rəhbərinin mənə verdiyi töhmət və haqqımda yayılmasında maraqlı olduğu məlumat, ədalətsizliyə, haqsızlıqlara etiraz edən, hər məqamda iş yoldaşlarının haqqını tələb və müdafiə edən, yaltaqlıqdan, məddahlıqdan, rəhbərə yarınmaq kimi əməllərdən uzaq olan, sözü üzə deyən, “dikbaş, sözəbaxmaz”, bütün səhnə həyatı boyu SƏHNƏYƏ spirtli içki içib çıxan bəzi aktyorlara qarşı sərt və barışmaz olan, bunu SƏHNƏYƏ xəyanət hesab edən Nürəddin Mehdixanlıya qarşı şantaj xarakterli, profilaktik tədbir xarakterli məlumatdır.

    Bu üsullardan sovet dönəmində, vəzifə sahibi olan kommunistlər xalq arasında, cəmiyyətdə, işlədiyi yerdə hörmət və nüfuz sahibi olanlari ”sındırmaq, ”zərərsizleşdimək” üçün geniş ve allahsızcasına istifadə edirdilər.
    Teatr rəhbərinin ayağını öpməklə məşğul olan bəzi şərəfsizlər, sən demə Teatr rəhbərinə çatdırıblar ki, bəs Nürəddin Mehdixanlı teatrın direktoru olmaq istəyir, belə getsə ola bilər. Məsləhətçilərinin “məsləhitndən” sonra mənlə görüşmədən, bir rəhbər kimi cəzalandıracağı işçi ilə heç bir söhbət aparmadan, Festivaldan qayıdandan 10 gün keçəndən sonra mənə töhmət verilir. Niyə 10 gün sonra, niyə səfərdən qayıdan kimi yox? Paradoksal deyilmi? Bir tərəfdən televiziya kanallarına çıxır, Teatrın uğurlu çıxışından, tamaşaçılar tərəfindən “bravo” sədaları altında ayaqüstə alqışlanan, Beynəlxalq Teatr Festivalının “YÜKSƏK AKTYORLUQ USTALIĞINA GÖRƏ” nominasiyası üzrə laureat alan aktyorları tərifləyib qaldırır, mükafatları, Qran Prini tamaşaçılara göstərir, digər tərəfdən tamaşanın baş rol ifaçısını, tamaşanın əsas yükünü daşıyan Nürəddin Mehdixanlını “səhnəyə içkili çıxdığına” görə, adıyla töhmətləndirir.

    Bizim mətbuat vasitələri bir az da irəli gələrək “Nürəddin Mehdixanlı səhnəyə sərxoş çıxdı”‘ yazaraq bir insanın şəxsiyyətini, ləyaqətini nəzərə almadan linc kompaniyasına girişirlər. 

    Onda adam olandan soruşarlar, bu mükafatı, laureatlığı, kimə və nəyə görə veriblər? Səhnəyə sərxoş çıxan Nürəddin Mehdixanlının baş rolda oynadığı tamaşa, necə oldu ki, o cür beynəlxalq nüfuzlu Festivalın aktyor ustalığına görə ən yüksək mükafatını aldı? Hər halda bu mükafatı, kiminsə boy-buxununa və ya doş nişanına görə verməyiblər. Böyük Sənətə- BÖYÜK AKTYOR USTALIĞI GÖSTƏRDİKLƏRİNƏ GÖRƏ  Mətanət Atakişiyevaya, Ramiz Novruza, Ələsgər Məmmədoğluna, Əlvida Cəfərova, Xədicə Novruzovaya, Nürəddin Mehdixanlıya veriblər. Azərbaycan Milli AKTYOR MƏKTƏBINƏ veriblər. Bu tamaşanın uğurlu bədii həllini tapmış, tamaşanın müəllifi, quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanova verilib.

    Əziz dostlar, hörmətli tamaşaçılarım, mən bu hesabatı Sizlərə verməyi özümə borc bildim. Eyni zamanda bir məsələyə də açıqlıq gətirmək istərdim.
    Teatrın rəhbərinə və ətrafında olan çuğulçularına bir daha bildirmək istəyirəm ki, mən Nürəddin Mehdixanlının heç vaxt teatrın direktoru olmaq kimi bir arzusu olmayıb, belə bir istəyi də yoxdur. Mənə teatrda provakasiya xarakterli bu tipli suallar verəndə, mən həmişə demişəm ki, mən hələ yaşamaq istəyirəm. Ailəm üçün, övladlarım üçün. Mən həmişə o fikirdə olmuşam ki, rəhmətlik Həsənağa Turabov direktor olmasaydı, hələ yaşayırdı, rəhmətlik Əlabbas Qədirov direktor olmasaydi hələ yaşayırdı. indi də hər ikisi, yaşayıb-yaradırdılar. Mən əminəm ki, onların hər ikisini direktor kürsüsü, teatrdaxili proseslər vaxtından əvvəl bu dünyadan apardı.

    Bizim teatr məbədılərində çox təəssüf ki, qara qüvvələr olub, indi də var. Vaxtilə bu teatrda həmin qara qüvvələr, görkəmli novator rejissor Tofiq Kazımova, ”pyaniskə” adı qoyub mühakimə ediblər, Hamlet Xanızadənin sənət uğurlarını gözü götürməyənlər onu da ”pyeniskə” adıyla şərləyiblər və o teatrı tərk edib. Görürsünüz, mənə qarşı olan da, tanış dəsti-xətdir. Qara qüvvələr yenə öz işlərindədirlər. İşləri yoluna düşməkdə olan ,uğurlar qazanmağa başlayan AZDRAMANI, onun QÜDRƏTLİ AKTYOR MƏKTƏBİNİ gözü götürməyənlər yenə iş başındadırlar, yenə qara əməllərini davam etdirərək, Teatrın daxilində Yeni intriqalar, qarşıdurmalar yaratmağa çalışırlar. Amma alınmayacaq. Çünki BU TEATR BİZİMDİR. ÖMRÜNÜ, HƏYATINI, ÜRƏYİNİ, SEVGİSİNİ, bura verənlərindir. Bir də O ADAMLARIN nəzərinə çatdırmaq istəyirəm ki,  Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan bütün idarə və müəssisələrin Rəhbər vəzifəli şəxslərini, mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev vəzifəyə təyin edir və ya vəzifədən çıxarır. Kimin keyfi haranı istədi prinsipi burda keçməz. Bax BUNU heç vaxt UNUTMAYIN.

    Mən bir daha bildirirəm ki, Mən Nürəddin Mehdixanlı, Yalta teatrında tamaşa oynayarkən ,qəti şəkildə heç bir spirtli maddə qəbul etməmişəm, bu mənə məqsədli şəkildə atılan böhtandır. Mən bu insanları öz əxlaq və şərəflərinin, bir də ən əsası, UCA ,ADİL ALLAHIN ixtiyarına buraxıram. Əminəm ki, BÖYÜK ALLAH, ALLAHLIQ iddiasında olanların, şərə, böhtana xidmət edənlərin, İNSANLARIMIZI UĞURLARINA SEVİNMƏYƏ QOYMAYAN, ÖLKƏMİZİN İNSALARININ TƏBƏSSÜMÜNÜ özünə dərd edən, İNSANLARIMIZI incitməkdən,zövq alan VAMPİRLƏRİN cəzasını verəcək. ÇÜNKİ, bu adamlar bilə-bilə, Məhz mənim anadan olduğum günə 1 gün qalmış mənə bu ”hədiyyə”ni etdilər.

    Məhz 55 yaşımın tamamına belə allahsız, imansız bir ”hədiyyə” etdilər. AMMA UNUTMASINLAR, ALLAH HƏR ŞEYİ GÖRƏN və BİLƏNDİR. Mənə qarşı olan bu aqressivliyin digər ilginc səbəbləri barədə vaxtı gələndə daha ətraflı məlumat verəcəyəm. Son olaraq məni ad günümlə bağlı təbrik edən əziz dostlarıma və hörmətli tamaşaçılarıma təşəkkür edirəm. Sağ olasınız, Var olasınız! TANRI SİZLƏRİ QORUSUN!!!.

    Modern.az

  • “Camaatı adam yerinə qoyan var?” – “Sunami”

    …Əvvəllər elə bilirdi ki, ölkə başçısı sərəncam verdi, vəssalam, məsələ öz-özünə həll olunacaq… Hələ qabaqda nə qədər ağır yollar keçəcəyindən, necə dəhşətli bürokrat əngəllərlə üzləşəcəyindən xəbərsizdi. Aylarla davam edən vaxt və əsəb xərcindən sonra yolun bərpasına başlandı. Önçə Bakıdın gələn yol, sonra şəhərcik… hələ teleskoplar, yəni elmin özü yada düşmürdü…
    Bunu dərd eləmirdi. Önəmli olan işin başlanmasıdır…
    – Şahin müəllim, sizin yanınıza gəliblər…
    Köməkçisi Əliydi. Telefonu gözləməyib özü dayanmışdı qapının ağzında. Adətən mühüm adamlar olanda belə edir.
    – Buyursunlar…
    İki nəfərdi. Bu yerlərin adamına bənzəmirdilər. Ayağa qalxıb görüşdü, yer göstərdi. 
    – Xoş gəlmisiz! Buyurun əyləşin…
    – Sağ olun! Sızi də xoş gördük!
    – Eşidirəm! Xeyir olsun! 
    – Şahin müəllim, Qalib müəllim danışmış olar sizinlə…
    – Hansı Qalib müəllim?
    – Həmkarınız… Akademik!
    – Keçən həftə görmüşdüm. Mənə bir söz demədi…
    Qonaqların üzündən yüngül təbəssüm keçdi; yəni sizə nə deməliydi, niyə deməliydi?
    Amma nəzakət yerindəydi. Əllərindəki kağızı ona uzatdılar.
    – Yeni qonşularınızı tapşıracaqdı… Burda istirahət mərkəzi tikmək iştəyirlər. Sərəncamı da gətirmişik. 
    – Kim verib sərəncamı?
    – Rayon icra başçısı…
    Şahin sərəncamı açıb baxdı. Aydındır!.. O torpağın mübahisəsi çoxdan gedir…
    – Yanlış sərəncamdır. İcra başçısına aidiyyatı yoxdur bu yerin… Nazirlər Kabinetinin qərarı ilə bizim ərazi sayılır.
    – Sovetlər dağılandan sonra onun qanunları da qüvvədən düşmüşdür.
    – Sovet dağılsa da, rəsədxana yerindədir…. Prezidentin sərəncamını da eşitmisiniz.
    – Biz icraçıyıq, Şahin müəllim. Qalib müəllim ağsaqqal adamdir. Prezidentlə yaxınlığını da hamı bilir.
    – Yaxşı, danışaram Qalib müəllimlə…
    Gələnlər xudahafisləşib getdilər. Şahin Akademiyanin Prezidentinə zəng vurub təzə xəbəri çatdırdı:
    – Rəsədxananın yeridir. Sabah yeni binaları harda tikəcəyik?
    Prezidentin cavabı kəsəydi:
    – Məni qarışdırma bu işə!
    -Necə qarışdırmayım? Sizin əlinizdə çətin deyil! Qalib müəllim ağıllı adamdır. Rəyasət Heyətinin üzvü kimi bilir buranı nə əziyyətlə qorumuşuq. Özü də sizlə bir yerdə gəlib görüb axı… 
    – Kaş gəlməyəydik! Elə oraları görəndən sonra həvəsə düşüb. Haralara əli çatır, bilmirsən?
    – Onda neyləyək, çıxaq burdan?
    -Mənimlə məsləhətləşdiyini demə, özün danış onunla. Bəlkə işçilərin narazılığından ehtiyat eləyə…
    – Nə ehtiyat? Bizdən ehtiyat edəcək o?
    – Baxma, istəməzlər camaatı üstlərinə qaldırsınlar…
    – Elə bil Bakıda yaşamırsınız, Zeynal müəllim! Camaatı adam yerinə qoyan var?
    – Belə danışma! Dövlətin Akademiyasında işləyirsən. Əlində o boyda rəsədxana var.
    – Bunu mən demirəm. Xalq deyir hər yerdə. Küçədə, bazarda…
    – Bazarla nə işin var, ay Şahin!.. Sən Qalibin özüylə danış.
    – Məsləhət görürsünüzsə, danışaram. Bir şeyə ümidim var… 
    – Nəyə?
    – Bilirsiniz, yeni üsul tapıblar. Nə qədər iş adamı, narkotika alverçisi, əyri yollarla pul qazanan varsa, giriblər vəzifəlilərin qoltuğunun altına… Harda bir gözəl bina, müəssisə tikirlərsə, çıxırlar prezidentin, ya da ona yaxın adamların, nazirlərin adına. Sonra maraqlananda görürsən heç onlara aidiyyatı yoxdur. Yəqin bu da məsuliyyətdən yayınmanın bir yoludur. Bəlkə heç prezidentə catmir bu xəbərlər… 
    Telefonun o başında qısa gülüş eşidildi:
    – Yaxşı, gələrsən danışarıq…
    Şahin qalxıb pəncərədən bayıra baxdı. Bayaqkı adamları gətirən maşın uzaqlaşırdı…

    ***

    …Rəsədxananın hasarının böyründəcə tikinti materialı tökülmüşdü, fəhlələr işləyirdi. Şahinin olmadığı günlərdə rəsədxana ilə meşənin arasındakı yüksəklik boyu iki-üç sıra yer rahatlanıb hər tərəfə fin evlərinin materialları tökülmüşdü, quraşdırma işlərinə yenicə başlanmışdı… “Bir neçə gündə bu qədər işi necə görüblər?” – deyə düşündü Şahin, sonra öz sualına özü də cavab verdi: “Pul olandan sonra nə var ki! Həm də dövlət işi, rəsədxana deyil ki yubansın! Necə müddətdir təmir uzanır, gör halını pozan var? Amma özləri ücün iki-üç gündə bir şəhərciyin təməlini atıblar… Kimdir axı Nazirlər Kabinetinə, icra başçısına hökm verən, özü ortaya çıxmadan işləri öz-özünə düzülüb-qoşulan “böyük” adam? Əgər buranı doğrudan da Qalib müəllim tikdirirsə, soruşmaq gərək, hardandır səndə bu qədər imkan? Axı, sən də mənim kimi alim babanın birisən, qohumların gələnə kimi maaşı-maaşa zorla çatdırırdın. Nə baş verdi? İmkan düşən kimi elm yaddan çıxdı, hamınız oldunuz biznesmen, gizli şirkət müdiri, ev tikən, körpüsalan, bazar müdiri, neft ixracatçısı, silah alverçisi?..” 
    Bunları düşünən Sahin hələ də Qalib müəllimi bu sıraya qatmırdı… “Alim adamdır, özü də elə-belə, əldəqayırma alimlərdən deyil. Şəraiti də var. Bir yox, bir neçə laboratoriyası… Evdə də bir özüdür, bir arvadı. Nəyinə gərəkdir ömrünün bu yaşında turizm şəhərciyi salmaq, özü də burda, dağların başında! Qan təzyiqi imkan verər bura qalxmağına? Yəqin kimsə adından istifadə edir. Əgər belədirsə… Daha doğrusu, bunu elə mənimlə görüşdüyü birinci gün deyərdi… Söz çıxıbsa, sənə aidiyyəti olsa da irəli durmalısan, olmasa da…”
    Yolun qırağında ilk evi quraşdıranlara yaxınlaşdı:
    – Kimdir böyüyünüz?
    Bir az aralıda sürücülərlə söhbət edən ortayaşlı kişini göstərdilər:
    Göstərdikləri kişi özü yaxınlaşdı:
    – Xoş gördük, Şahin müəllim! Hirslisiniz, bilirəm! Bəlkə bir az kənara çəkilək?
    Təcrübəli, işdə-gücdə bişmiş adama oxşayırdı. Rəsədxananın qapısından içəri keçdilər.
    Şahinin dişi bagırsağını kəsirdi:
    – Kim icazə verib burda tikinti apamağa?
    – Biz buyruq quluyuq, Şahin müəllim. Ağa deyir sür dərəyə, sür dərəyə!
    – Kimdir ağanız?
    – Bilib demirəmsə, Allah balamı öldürsün! Kim tikir, kimin əmriylə tikir, xəbərim yoxdur… Biz icraçıyıq, balaca adamlarıq.
    – Qalib müəllim tikdirir buranı?
    -Vicdanım haqqı bilmirəm. Siz hörmətli adamsınız, özünüz öyrənə bilərsiniz.
    Şahin ona inandı. Bu gizlilik, üzə çıxmamaq sistemindən xəbəri vardı. Oğru qanunları ilə yaşayır və cəmiyyəti də oğru qanunlarına öyrədirdilər…
    – Düz deyirsən, sənin nə günahın! Sistem belə qurulub…
    – Allaha and olsun, Şahin müəllim, xəcalət çəkirəm qabağınızda. Desinlər, bu dəqiqə şələ-şüləmi götürüb rədd olum burdan! Neyləyək? Biz də çörəyimizin əsiriyik…
    Şahin otağına girmədən maşınını geriyə, rayon mərkəzinə doğru çevirdi, on beş-iyirmi dəqiqəlik yolu necə keçdiyini bilmədi. İcra başçısını çoxdan, cavanlıqdan tanıyırdı. Onun aspirantlıq illərində texniki şöbədə məktubdaşıyan, ara diliylə desək, kuryer idi. Sonra bəxt üzünə gülüb, özünə sincab ferması yaradıb, onun pullarından verib olub yolunu belə bilmədiyi bu rayonun icra başçısı. Camaatın dərdi başından aşsa da, onun aləmində burda görüləsi bir iş yoxdur. Yəqin “iş” deyəndə yalnız alış-veriş nəzərdə tuturdu. Qaz vurub qazan dolduracağını düşünən bir adam üçün dağ rayonunda, əlbəttə, “işsizlikdi”. Ara-sıra rəsədxanaya gələndə peşmançılığını Şahindən gizlətmirdi…
    Elə bil onun gələcəyini gözləyirmiş:
    – Bilirəm, hirsli gəlmisən üstümə! Guya vəziyyətdən xəbərin yoxdur? 
    – Sən eləmisən! Nazirlər Kabinetinin sərəncamı ilə həmişəlik rəsədxananın sərəncamına verilmiş yeri satmısan başqasına, bəlkə də qohumlarından birinə.
    İcra başçısı yerindən sıçradı:
    – Əziz canına and olsun, mənlik deyil! Mənnən soruşan kimdir, a kişi! Elə bilirsən satmazdım? Üstümə gəlsələr, gizlətmirəm, mən də qabaqlarında dayana bilməzdim. Ancaq o boyda elm müəssisəsinin yerinə hər adam göz dikə bilməz. Kimsə yekələrdəndir…
    – Guya sən tanımırsan öz rayonunda iş gördürənləri… 
    – Tanıyıram, niyə tanımıram? Nazirlər Kabineti, ya da Əmlak Komitəsi! Qabaqlarında bir söz deyə bilərəm? 
    – Deyə bilərdin! Deyə bilərdin ki, bu yerin sahibi var – Elmlər Akademiyası…
    – Qurban olum, Şahin müəllim, hirslənmə, bir söz deyim: Elm kimin yadına düşür indi? Özü də bizdən niyə inciyirsən? Sənin dostların deyildi Akademiyanı bütöv satmaq istəyən? Biz neyləmişik? Vaxtilə o torpaq ayrılıb sizə verilib, istifadə eləməmisiniz, indi də başqasına verilir. Mənim nə günahım? Gedib baş nazirin əlindən tutacaqdim ki, amandı, qol çəkmə?
    – Hər halda, baş nazir bilir bu ərazini kimə bağışladığını…
    – Əlbəttə bilər! Amma mənə hesabat verməyəcək ki! Deyirlər Pirimverdi gələcək yanına… Buyursun Pirimverdi! Pirimverdi olmasın, itləri olsun. Sənədləri qoyur bu stolun üstünə, məni də üstdən aşağı süzüb gedir. Bir də gördüm, karvan karvan dalınca düzülüb. Elə bil, Bakı köçürdü dağa. Mən onun qarşısını necə alaydım?!
    – Saleh! (İcra başçısını adıqla çağırdı) Sən uşaq başı aldatmırsan! Bu tikintini kimin apardığını gözəl bilirsən, ancaq demirsən, canın sağ olsun.
    – Bilsəm nə vardı ki! Yaxam qurtarardı sənin əlindən.
    – Bir rus nağılı var, yəqin oxumusan…
    – Nağıl düşür yadıma? – Saleh mövzunun dəyişilməsinə sevindi.
    – “Get ora, bilmirəm hara, gətir onu, bilmirəm nəyi…”
    – Bunun bizim işimizə nə aidiyyəti?
    – Sözünüzü bir yerə qoyub mənim ürəyimi partlatmaq istəyirsiniz! Ay kişi! Kim tikir istirahət yeri adına o qəhbəxananı orda? Adını de, birdəfəlik gedib sakit oturum yerimdə. Bəlkə doğrudan da gücümüz çatan adam deyil. Ya da məqsədini deyəcək, mən də bizim rəhbərliklə danişib xeyir-dua verəcəyəm. 
    Saleh məsələni mürəkkəbləşdirmək istəmirdi. 
    – Axırı elə o cür olar. Mən acizəm bu məsələdə.
    Şahin dediyindən əl çəkmirdi:
    – Amma istəsən, dayandıra bilərdin bu işi.
    – Deyirsən gedim, ərizəmi verim Prezident Aparatına, çıxım işdən? 
    – Get, ver. Deyərlər kişi adamdır!
    – Göylərə baxa-baxa ayağın yerdən üzülüb, Şahin! Kişiliyə qiymət verən var? Tək özümə qalsa nə var! Oğul-uşaq… Nəslini kəsirlər adamın.
    Sahin ayağa qalxdı:
    – Lazim deyil sənin köməyin. Ölkə başsız deyil…
    – Lap gözəl! Şikayət elə məndən. İncimərəm!..

  • “Azərbaycanın müstəqilliyi təkcə bizim üçün deyil, Cənubda yaşayan 35 milyon soydaşımız üçün bir örnəkdir”

    Sabir Rüstəmxanli: “Bu müstəqillik olmasaydi, onlar da 10-20 ildən sonra fars assimilyasiyasi altinda əriyib gedərdilər”

    “Dünyada çoxlu xalqlar var, amma heç də bütün xalqların müstəqil dövləti, dövlətçiliyi yoxdur. 19-cu əsrin əvvəlində Azərbaycan torpaqları çar Rusiyası və İran tərəfindən parçalandıqdan sonra xalqımız şimalda da, cənubda da milli dövlətçilikdən məhrum olmuşdu. Şimali Azərbaycan 1918-ci ildə dövlət müstəqilliyinə qovuşdu, iki il sonra bu müstəqilliyi itirsək də, xalqımız istiqlal ideyalarını unutmadı”. Bu fikirləri “525”ə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı deyib. O, bildirib ki, sovet dövründə xalqımıza gerçək tarixini, köklərini unutdurmaq üçün bütöv bir ideoloji sistem işləsə də, sovet rejimi özünü qorumaq, yaşatmaq üçün bir sıra metodlardan, üsullardan istifadə edirdi, müttəfiq respublikalarda təhsilin, elmin, mədəniyyətin, bəlli çərçivələrdə də olsa, inkişafına, xalq təsərrüfatının tərəqqisinə şərait yaradılırdı: “Biz də imkanlardan yararlanmışıq, təhsilimiz, mədəniyyətimiz bir yerdə dayanmayıb, inkişaf edib. Nəhayət, 1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etdi. Bu bizim üçün böyük tarixi nemət idi. Əslində, çox gözəl deyirlər ki, müstəqillik və azadlığı olmayan millətin heç nəyi yoxdur. Yəni azadlıq elə bir nemətdir ki, onu sözlə, yaxud hər hansı bir müqayisə ilə dəyərləndirmək olmaz. Bu hər bir xalqın təbii haqqıdır. Ağac kökdən qalxıb necə boy atırsa, ot yerdən necə cücərib-böyüyürsə, hər bir xalq da belə böyüməlidir: sərbəst, azad, Allahın və təbiətin qanunları çərçivəsində. Əgər o həbsdə saxlanılırsa, şübhəsiz ki, dünyanın nizamı pozulur və şər qol-qanad açır. Buna görə də, Şimali Azərbaycanın müstəqil olması, müstəqillik qazanması deyil, əslində, müstəqilliyi bərpa etməsidir və bu, bizim millətin haqqı idi. Təəssüf ki, Güneydə yaşayan 35 milyonluq azərbaycanlı bu nemətdən məhrumdur. Bununla yanaşı, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi nailiyyətidir”. Azərbaycan xalqının təxminən 3 minillik dövlətçilik tarixi olduğunu xatırladan millət vəkili xalqımızın müxtəlif dövrlərdə dövlətləri olduğuna diqqət çəkib: “Lakin 1918-ci ildə elan olunmuş milli dövlətimizin, Xalq Cümhuriyyətinin bu tarixdə xüsusi, müstəsna yeri var. Xalqımız ilk dəfə olaraq müsəlman Şərqində demokratik dövlət qurub. 20 il əvvəl müstəqilliyimizi bərpa edəndə də biz Xalq Cümhuriyyətinə sahib çıxdıq, onun varisi olduğumuzu bəyan etdik”. S.Rüstəmxanlı deyib ki, ötən illər ərzində Azərbaycan mühüm inkişaf yolu keçib, dövlətçiliyin sütunları möhkəmlənib, respublikamız beynəlxalq müstəvidə özünə layiqli yer qazanıb. Müstəqilliyin nailiyyətləri, göstəriciləri göz qabağındadır. Bunu görmək üçün Bakının uca nöqtəsindən paytaxtımıza nəzər salmaq belə kifayətdir. Bakının inkişafı, aparılan genişmiqyaslı tikintilər özlüyündə müstəqilliyin bir göstəricisidir. “Mən dünyanı çox gəzirəm və müstəqilliyin gətirdiyi gözəlliyi, fəziləti hər addımda hiss edirəm. Təsəvvür edin ki, vaxtilə xaricə getmək üçün Moskvadan viza gözləməli idim. İndi isə dünyanın 50-dən çox ölkəsində səfirliyimiz var və orada bayrağımız dalğalanır. Sevinirəm ki, xarici ölkələrdə təmsil olunuruq, bu ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bundan başqa mən istənilən ölkəyə gedəndə orada fəaliyyət göstərən Azərbaycan səfirliyi beynəlxalq təşkilatların hər birinə müraciət edir və mənim görüşlərimi təşkil edə bilir. Amerikanın müxtəlif rəsmi dairələri, Avropa ölkələrində mən millətin sözünü, dərdimizi – Qarabağ savaşından başlamış Azərbaycanın parçalanmış bir xalq olduğuna qədər – deyə bilirəm. Öz bayrağın, öz adının altında dünyanı gəzirsən. Özün-özünü təmsil edirsən. Bayaq qeyd etdiyim kimi, Azərbaycan dövlətinin müstəqilliyi təkcə bizim üçün deyil, bu həm də Cənubda yaşayan 35 milyon azərbaycanlı üçün bir örnəkdir”, – deyə millət vəkili əlavə edib. Onun sözlərinə görə, bu müstəqillik olmasaydı, onlar da 10-20 ildən sonra fars assimilyasiyası altında əriyib gedərdilər: “Amma hər kəs onun fərqindədir ki, biz Azərbaycan türküyük və bizim quzeydə bir dövlətimiz varsa, deməli, bu dövləti güneydə də qurmaq olar. Ona görə də, Azərbaycan Respublikasının müstəqilliyi böyük tarixi nailiyyətdir. Müstəqilliyin gətirdiyi elə böyük bir xoşbəxtlik var ki, onun səmərəsini, nəticəsini hələ zaman keçdikcə, hiss edəcəyik və görəcəyik. Ona görə də mən çox xoşbəxtəm ki, bu müstəqilliyi arzulayan, ədəbi taleyimi bu müstəqilliyin əldə olunmasına həsr etmiş şəxs olmuşam. Mənim hələ sovet dövründə şeirlərimin hamısında bir müstəqillik həsrəti var idi. Bütün poemalarımda və şeirlərimdə, romanlarda, publisistik yazılarımda müstəqillikdən bəhs etmişəm. Nəhayət 1988-ci ildə meydan hərəkatında, xalq hərəkatında ön sıralarda olmuşam. 1991-ci ildə parlamentə Azərbaycanın müstəqilliyi üçün çalışan, haqq səsimizi dünyaya yaymaq üçün mübarizə aparan şəxslərdən olmuşam. Və bu gün xoşbəxtəm ki, müstəqilliyimiz uğrunda mübarizədə mən də iştirak etmişəm. Bununla qürur duyuram. Bütün bunların hamısını görmək və bu proseslərdə bilavasitə iştirak etmək böyük xoşbəxtlikdir. Arzum budur ki, müstəqilliyimizin qədrini bilək, onu daha da möhkəmlədək. Bu təkcə siyasətçilərin deyil, siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşımızın borcudur”. 

    P.SULTANOVA

    525.az

     

  • “AZADLIQ DASTANI”

    Nəsimi Şərəfxanlı

    “Sonun yoxdur çevrilməsən Turana, Vətən…”

    Bu çağacan yaşanılan dastanlardan artıq bir dastan yazılası olsa, heç şübhəm yoxdur ki, bu sözlərdən sonra “Azərbaycan” deyiləndə ayağa dur ki…” cümləsi yazılar və bu sözlərin içində yaşatdığı təbii ahəng dastan bitənədək dinləyicini ayaq üstə saxlamaq gücündədir.

    Bəs sonra? Sonra nəğmələr də dəyişir, ahənglər də. Ortaq bir cığıra düşüb getmək mümkünsüzdür. Bir tərəfdə dupduru bulaq şırıltısı eşidilir: “Azərbaycan mayası nur, qayəsi nur ki…” Elə o an da bulaq selə dönür, nur alova: “Hər daşından alov dilli ox ola bilər…” Ardınca sel üsyana çağırır: “Qalx ayağa ya aza dol, ya tamam yan, Azərbaycan!” Elə bu üsyan içində qara bir xətt, dünyanın bütün dərd-qəmini kölgədə qoyacaq bir nalə apaydın seçilir:

    “Azərbaycan, mənim tacım, taxtım oyyy,
    Oyanmazmı, kor olası baxtım oyyy…”

    Nə böyük ziddiyyət: bir tərəfdə mayası nur, qayəsi nur olan pak bir aləm, digər bir tərəfdə isə üsyan. Paklıq, Qəm və Üsyan. Hansı tarixçi bu üçlüyü bir araya sığışdırmaq imkanındadır?
    Bu qəm ədalətsiz cəmiyyətin inkaprıdır. Bu qəm aciz, zavalı insanın əhval-ruhiyyəsi yox, qüdrətli şəxsiyyətin fəryadıdır. Bu qəm insanı alçaltmır, əksinə yüksəldir: “Sən sevgili mənim üçün ülvi bir varlıq olduğundan mən sənsiz keçən günlərimi cəhənnəm əzabı sayıram. Mən ona görə belə qəmliyəm ki, Sənin kim olduğunu duyur, səni qiymətləndirməyi bacarıram. Ona görə də mənim qəlbimi yandıran qəm kiçik, orta bir duyğu deyil, yeri-göyü titrədən bir ehtirasdır.
    Ona görə də mənim ehtirasım etiraza çevrilməyə bilməz. Onsuz mən bu qəmdən xilas ola bilmərəm. Yalnız üsyan məni bu qəmdən xilas edə bilər. Mənim üsyanım da qəmim kimi coşğun, qəti, ülvidir, pakdır!”
    Xalq özünün Vətən dastanını çoxdan yazıb da ona musiqi də bəstələyib. İndi bizə yalnız bu dastanı dinləmək, beləcə Vətən dünyasına qapılmaq qalır. Necə danışırıq danışaq, səsimiz bu dastanın musiqisinə uyğunlaşacaq, sözümüz bu dastanın sözlüyündən kənarda olmayacaq. Aya da çıxsaq belə yenə də Vətən dünyasının mərkəzində ruhumuzun yeri tərpənməzdir…

    Azərbaycan-qayalarda bitən bir çiçək,
    Azərbaycan-çiçəklər içində bir qaya.
    Mənim könlüm bu dünyanı vəsf eyləyəcək,
    Azərbaycan dünyasından baxır dünyaya.

    Tanrı gözlə görünməz, qəlblə duyularsa Tanrıya baxışımız da bu dünyanın pəncərəsindəndir. Vətən Tanrıyla görüş yerimizdir, Tanrıya qovuşmaq məqamımızdır, “Ənəlhəq” məqamıdır. Azərbaycan dünyasında könlümüz Vətən nəğməsi oxuyur, nəğməmizin qayalarda, çiçəklərdə əks-sədası VƏTƏNdir.
    Qəribədir deyilmi? Azərbaycan haqda nə düşünürüksə hamısı şeirə çevrilir beynimizdə. Azərbaycan adına hansı yandan yanaşırıqsa, şeir qapısı açılır üzümüzə. Azərbaycan xalqı şair xalqdır deyirlər. Bəzən elə şairlər özləri etiraz edirlər bu fikrə (sanki sənətlərini qısqanırlar): şair, nəğməkar, alim, mühəndis xalq olmur. Xalqın bir sahəyə qapılması artıq onun sonunun yaxınlaşdığını göstərir. Bir də axı şair deyib niyə bütöv bir xalqı kövrəkləşdirirlər? Nə isə etiraz çoxdur bu fikrə.
    Biz isə anlamının bir qədər aydınlaşması üçün eyni fikri yeni biçimə salmaq istərdik. Azərbaycan özü bütövlükdə bir şeirdir. Dünyanın şeiri. Azərbaycan türkünün düşüncəsində Vətən bütünlükdə şerləşib. Azərbaycan türkü də insan olaraq öz şerinin övladıdır. Nizami bu insanı yaratdı, Nəsimi kamilləşdirdi, insanlaşdırdı, Füzuli ona sevgi dərsi keçdi, Xətai vətən uğrunda döyüşməyi öyrətdi, Vaqif dünyanın gözəllik pəncərəsini açdı onun üzünə, Sabir güldürdü, Cavid düşündürdü… və s. və i.
    Azərbaycan Vətən, Azərbaycan türkü insan olaraq şerlə biçimləndi. Biz “Azərbaycan xalqı şair xalqıdır” ifadəsini bu anlamda qəbul edirik və şair olan kəsi heç də aciz bəndə saymırıq.

    Demə şairinki dil davasıdır,
    Şapalaq vurmağa əlimiz də var.

    Kövrək bir sevgi şeri yazan əlin vurduğu şapalaq. Qəmdən doğan üsyan. Qəm və Üsyan – Azərbaycan dünyası.
    Yenə də yolumuzun bayraqdarı, öncülü sözdür. Sözə üz tuturuq –  “Azərbaycan” sözünə. Yenə də bir sözün anlamı ətrafında dartışmalar, əks fikirlər, müxtəlif yozumlar və bu dartışmalar, yozumlar yersiz deyil. “Azərbaycan” sözünün həqiqi anlamının açılması bu bölgənin ən qədim tarixinə aydınlıq gətirərdi. Bu sözün tarixinin biçimlənmə dövrü və anlamı elə bir tarix dəyərindədir.
    Millətlər də insanlar kimidir. Onların da özünəməxsus, yalnız özləri gedəcəkləri bir yol var. Fərq sadəcə zamandadır. İnsanlar bu yolu çox qısa bir zamanda bir neçə onillikdə gedirlərsə, millətlər əsirlər, minilliklər boyu yolun sonunda duran hədəfə doğru yürüyürlər. Böyük Dünya Tarixi millətlərin bu yürüşündən ibarətdir. Millətlər yürüşünün arasında nuru şəfəq saçan şanlı Türk Yolunda Azərbaycan türkünün Azadlıq yürüşü ayrıca seçilir:

    “Qalxıb, köç eylədi Oğuz elləri,
    Ağır-ağır gedən ellər bizimdir…”

    “Biz, ayaqlanan Oğuz elləri, Azərbaycan yurdunun övladları qalxıb çox böyük, uzaq bir səfərə çıxmışıq. Bu səfər Vətən torpaqlarının bütövləşməsində qurtaracaq!.. Babalardan əziz bir yadigar qalan Vətən eşqini köksündə gəzdirən Azərbaycan türkləri Azadlığın işığına doğru durmadan yürüyürlər. Bu yürüşü dünyada heç bir qüvvə saxlaya bilməz!” (Əbülfəz Elçibəy).
    Dünyanın Azərbaycan adlı yerində Tarixin bütöv bir minilliyinin bir adı var: Azərbaycan türklərinin Azadlıq Yolu. Çağımızda belə neçə-neçə millət var. Yola baxaraq “bir Millət Yol gedir bizdən qabaqda” – deyə pıçıldayır.
    Bütün gedilən yolların Zamanın sınağından çıxmış bir qanunu var:

    “Mürşidsiz heç yol bulunmaz,
    “Buldum” – deyən yalan söylər”.

    Hər bir yolun önündə bir yol göstərənin, başçının getməsi yoldan kənara sapınılmaması yol gedənlərin mübarizliyi və sonda Qələbəsi, hədəfə çatması üçün başlıca şərtdir. Qabaqda yol gedən Millət kimi Azərbaycan türklərinin Yol Mürşidləri Dünya İnsanlığının sayılan, seçilən şəxsiyyətlərindən olub. Ümumiyyətlə, türk mili psixologiyasında birinci kimi qəbul olunmaq çox çətin məsələdir. Bu səbəbdəndir ki, tariximizdə hökmdarın ölümündən sonra xanədan üzvləri arasında səltənət uğrunda mübarizənin baş verməməsi nadir hadisədir. Amma xanədan sahibləri, hökmdarlar Yol Mürşidi deyil. Bizim Azadlıq Yolumuzun Mürşidi olaraq tarixdən seçəcəyimiz şəxsiyyətlər Milli Hədəfə çatma baxımından “güclü və haqlı” olanlardır.
    Azərbaycan Azadlıq Mücadiləsinin başlanğıcından bu günədək keçilən Azadlıq Yoluna ötəri baxışdan öncə bu Yolun tarixi şüarını xatırlamaq yerinə düşər:

    “Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım,
    Hansı çılğın mənə zəncir vuracaqmış?! Şaşarım”…

    Türk üçün Azadlıq millət kimi var olmanın təməl şərtidir. Sonunda Azadlıq, Milli İstiqlala qovuşma duran Azadlıq Yolu da elə bu təməl şərtin pozulmasından başlayır. Azadlığa təcavüz onun uğrunda vuruş yaradır. İnsanın maddiyyata tamah gücü biri digərindən üstün olma istəyi ilə birləşib müharibə adlı şər əyləncəsi yaradandan bəri Azərbaycan Azadlığı təcavüzdən kənar olmayıb. Azadlığı müqəddəs bilib onu təcavüzü heç cür qəbul edə bilməyən Azərbaycan türkü dünyanın bu yol sapınmasına qarşı illər boyu susdu, susdu və yüzilliklərlə yığılan səbr kasası ötən minilliyin sonuna doğru daşdı.
    Babək Xürrəmidin “Qırx il kölə, qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır” deyərək, mili əsarətə, şər imperiyasına üsyan etdi. Babək özünə qədərki tarixə söykənib yeni bir tarix başladı: Azərbaycan Milli İstiqlal Mücadiləsi Tarixi, Azərbaycan Türk Dövlətçilik Tarixi. Babək ilk Bütöv Azərbaycan Türk Dövlətinin qurucusu, Böyük Azadlıq Yolunun ilk Mürşidi, başlayıcısı idi. Babəkin Azadlıq Yolunun ilk Mürşidi, başlayıcısı idi. Babəkin Azadlıq Savaşına vurulan hər cür ləkəli damğalar birdəfəlik rədd edilməlidir. Babəkə əxlaqsız, ruhsuz deyənin özü əxlaqsız, ruhsuzdur. Babək Azərbaycan türkünə Azad olma xoşbəxtliyini duydurdu. Bu duyum orta çağ Azərbaycan tarixinin yüksəliş, zirvə nöqtəsi idi.
    Babəkdən sonra zaman-zaman Azərbaycan türkü Bəzzdə yaranılmış yüksəlişi fəth etmək üçün çarpışdı və bu zirvəyə 700 il sonra Şah İsmayıl Xətai çatdı. Qızılbaşlar Xürrəmilərdən sonra Azərbaycan Azadlığı uğrunda heç bir başqa təmənna güdmədən vuruşan ilk yeganə qüvvə idilər. Maraqlı bir fakt: Akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasının lap sonunda tədqiqat diqqətindən kənarda qalmış bir cümlə var – “Şeyx Heydər Babəkin dini qayda-qanunlarını təbliğ edirdi”. Xürrəmilərlə Qızılbaşlar arasında ən başlıca oxşarlıq isə hər iki hərəkatın müstəqil ideologiyası konsepsiyaya dayaqlanan Azadlıq Yolçuluğu olması idi. Babək kimi Xətai də bu Yolun ideoloq-sərkərdəsi, Mürşidi idi. Xətai tarixi uğur baxımından Babəkdən də önə keçdi. Babək cahanşümuld savaşını tam Dövlət halına gətirə bilmədi, tarixi şərait buna imkan vermədi. Şah İsmayıl isə Babəkin yaratdığı Azadlıq duyğusu və Dövlətçilik prinsiplərinə dayaqlanıb Azad, Böyük Azərbaycan Türk Dövləti yaratdı. Şah İsmayıl Xətainin Səfəvilərin paytaxtı Təbrizdə qaldırdığı Bayraq Tariximizin ikinci yüksəliş nöqtəsi idi. Azərbaycan Azadlıq Yolunun yüksələn xətt üzrə inkişafı Dünyanın şər qüvvələrinin diqqət mərkəzində idi. Bu diqqət iki əks ideologiyalı imperiyanı bir mənafe nöqtəsində birləşdirdi. Maraqlar birləşdi, Azərbaycan parçalandı. Azərbaycan ərəb istilasından sonra ikinci və daha ağır zərbə aldı. XIX əsrin əvvəllərindən Türk Dünyasının eniş mərhələsi ilə Azərbaycan Tarixinin də faciə-işğal səhifəsi başladı. Qüzeydə rus, Güneydə fars əsarəti olmaqla Azərbaycan 170 illik bir işğal tarixi yaşadı.
    Amma ən sərt basqı altında belə Azad olma xoşbəxtliyi unudulmadı. Yenə də fürsət bulunca millətin azadlıq istəyi kükrədi… və nəhayət Qüzeydə müstəqil Azərbaycan dövləti quruldu. Dünya bir daha Azərbaycan Azadlığını qəbul etdi. Məhəmməd Əmin Rəsulzadə Xətaidən sonra üzülməkdə olan əlaqə bağını zorla ələ gətirərək Böyük Azadlıq Yolunu davam etdirdi. Azərbaycan türkünün Milli Haqqı alındı və tamamlanmış üçlü ideoloji sistemə söykənən mili rəmz yaradılaraq sübut olundu ki: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Bu bayraq Babəkin qaldırdığı, Xətainin dövlətçiləşdirdiyi bayraq idi, sadəcə XX yüzilin əvvəlində Rəsulzadənin əlində dalğalanırdı. Babəkin əlində əsarət qaranlığını məhv edən Azadlıq Günəşi olan, Xətainin əlində pərən-pərən düşmüş Milləti Bütöv Dövlət halına gətirən Bayraq bu dəfə Cahana: “İnsanlara hürriyyət, Millətlərə istiqlal” deyirdi.
    Tarixdə heç nə təsadüfi deyil və heç nə boşluqdan yaranmır. Hər an özündən əvvəlki ana bağlıdır. Gerçək tarixi görmək bu bağlılığı görməkdir. Bizim bir çoxları üçün qəribə, yorucu görünə biləcək tarixi ekskursumuzda da məqsəd bu günün dünənə bağlılığını göstərmək idi. Nəhayət “dünənimizi” yekunlaşdıraq:
    … Babək milli şüurumuzda Türkün azadlıq ruhunu oyatdı. Bu bayrağımızdakı göy zolaqdır…
    … Xətai Türk mədəniyyətinə İslamdan gələn Tanrı imanı gətirdi. Bu bayrağımızdakı yaşıl zolaqdır…
    … Rəsulzadə Millət kimi yaşamanın təməl şərti olan demokratik idarəetmə prinsipləri yaratdı. Bu bayrağımızdakı qırmızı rəngdir…
    Nəhayət 20 il öncə bütün Türk dünyası üçün mükəmməl ideoloji sistemin simvolu olan Bayraq əbədi olaraq müstəqil dövlət rəmzinə çevrildi. Azərbaycan adlı Vətənin Quzeyində – tarixi torpaqlarımızın çox kiçik bir hissəsində müstəqil Azərbaycan dövləti quruldu. Dünya bir daha Azərbaycan Azadlığını qəbul etdi. Amma bu hələ son deyil, əksinə başlanğıcdır. İtirilmiş Vətən torpaqlarının bir dövlət halında başlanğıcı. Vətən dastanımız isə bitmir, böyük Vətənə gedən yol kimi: “Sonun yoxdur çevrilməsən Turana, Vətən…”
    Son söz əvəzi: 20 il öncə Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında xidmətləri olan insanlar, xüsusilə bu müstəqilliyin hüquqi fakta çevrilməsi haqda sənədin müəllifi olan millət vəkillərinin bu gün öz haqqının verilməməsi, xüsusilə məhz bu günlərdə o millət vəkillərindən biri olan Arif Hacılının məhbəsdə olmasına toxunmaya da bilmədim.

    Başı kəsik gözəl kötük, sızıldama, göynəmə.
    Nə baltalar, nə bıçaqlar qalacaq.
    Ucalıqdan yıxılsan da qəm yemə,
    Sən yıxılan ucalıqlar qalacaq.

    Yazı Dövlət Mütəqilliyinin  20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir.

  • Vətəndaş Həmrəyliyi Partiyası-19

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiyanın 19 illiyi ilə bağlı VHP Siyasi Şurası və Sədr Aparatının iştirakı ilə tədbir keçirildi.

    Tədbirdə çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı VHP-nin 19 illik tarixi bir yol keçdiyini xatırlatdı: «1992-ci il sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasının ilk təsis konfransı baş tutdu. O vaxtdan Azərbaycan cəmiyyətinə bir «vətəndaş həmrəyliyi», «vətəndaş birliyi», «milli birlik» ideolojiyası daxil oldu və aradan keçən bu illərdə ideologiyamızın genişlənməsi üçün işlər görüldü, partiya öz siyasi xəttindən bir dəfə də olsun yayınmadı. Hazırda bütün siyasi qüvvələr bölgədə baş verən prosesləri nəzərə alaraq ölkənin nicatının vətəndaş həmrəyliyində olduğunu vurğulayırlar. Bu, bizim ideologiyamızın nə qədər gərəkli və strateji baxımdan əhəmiyyətli olmasının göstəricisidir. 19 ildə partiyanın sıraları çox genişlənib, bütün Azərbaycanı əhatələyib. Hazırda 80 rayon təşkilatımız, 20 mindən artıq üzvümüz var. VHP həmişə dinc siyasi mübarizənin tərəfində olub və seçkilərdə iştirakı ilə fərqlənib. Son bələdiyyə seçkisində 115, parlament seçkisində 3 namizədimiz qalib gəlib. VHP Avropa Şurası Parlament Assambleyasında da müxalifəti təmsil edən bir partiyadır». VHP-nin 19 illik fəaliyyəti ilə Azərbaycanın ictimai-fikir tarixində özünəməxsus yer tutduğunu nəzərə çatdıran Sabir Rüstəmxanlı gələn il yubiley ili olduğunu xatırlatdı: «Gələn il partiyamızın yaranmasının 20 illiyini qeyd edəcəyik. Ümid edirəm ki, VHP-çilər öz fəaliyyətləri ilə bu yubileyə töhfələrini verəcəklər».

                                                                                                                                                                                                          VHP Mətbuat Xidməti

  • “Cavad xan” Polşada göstərilib

    Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Polşadakı səfirliyinin və Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kino kultura” kinoteatrının təşkilatçılığı ilə Varşavada “Cavad xan” filminin premyerası keçirilib.

    “Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov yeni ekran əsəri və filmdə cərəyan edən tarixi hadisələr barədə qonaqlara ətraflı məlumat verib.
    Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, bu ekran əsərində aparıcı rollarından birini ifa etmiş Xalq Artisti Amaliya Pənahova, rejissor Rövşən Almuradlı və “ULUS Film” prodüser mərkəzinin direktoru Gəray Əlibəyov əsərin Polşada nümayişini əlamətdar hadisə kimi qiymətləndiriblər.
    Film olduqca böyük maraqla qarşılanıb.
    Nümayişdən sonra tədbir iştirakçıları filmlə bağlı fikir mübadiləsi aparıblar. Təşkilatçılara minnətdarlıqlarını bildirən qonaqlar Polşanın da bənzər tarix yaşadığını diqqətə çatdırıblar. Qonaqlar, Həmçinin Azərbaycan haqqında yeni filmlərin Polşada nümayişini ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanıdılmasında müstəsna rol oynayacağını bildiriblər.