Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Laçının işğalından 21 il keçir (FOTO)

    Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür. İyirmi ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

    Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

    bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 (01.01.2012-ci il tarixə 71.3 min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin düşüb.

    Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

    İyirmi bir illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.











  • Bu, Sabir Rüstəmxanlının səsi idi

    Rəhim Əliyev
    Filologiya elmləri doktoru

    Sabir Rüstəmxanlının təzə şeirlər kitabını əlimə götürəndə fikirləşdim: “Əbədi sevda” hansı bəxtəvər haqqındadı? Axı az-çox bildiyimə görə onun şair həyatında müxtəlif qadınlar olub. Birinci həmin şeiri tapıb oxudum. Bu, şairin öz vətəni, torpağı, öz suyu haqqında şeir idi. Dəyərsizliyin meydan suladığı bir zəmanədə şeir kitabına belə ad qoymaq da şairin böyük səmimiyyətinin bir üzüdür. “Ürək susanda” adlı şeirdə isə Sabir öz yurd sevgisini sufilərimizin Allaha məhəbbətinə oxşarıdır:

    Hayana baxıram gözümdə odur,
    Qələmim şam olur “Vətən” yazanda.
    Yurdundan bircə yol ayrılır insan
    O da ki, köksündə ürək susanda!

    Sufilər təbiətin hər onayında Allahı görürdülər, dünyanın əlvanlığı onlara Allahın qüdrətindən danışırdı. Şair Sabir Rüstəmxanlıya isə Azərbaycan torpağının özəlliyindən. O, vətən torpağının özəlliyini, suyunun və havasının, duzunun və çörəyinin məxsusi dadını bilir və sevir. Üstündə böyüdüyü torpağının belə dadı-duzu daim onunladır: həm gerçəkdə, həm uyquda, həm doğma evində, həm də otel hücrələrinin tənhalığında.
    Sabir Rüstəmxanlı bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbinin özünün də məxsus olduğu digər müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan vətənçi, milli poeziya məktəbimizdir. Birinci rus inqilabı bizə mətbuat azadlığı verdi. Bu azadlığın bitirdiyi zərif çiçəklərdən biri Azərbaycan xalqının oyanan milli şüuru idi. Məhəmməd Hadi təkcə bu şüurun bircə özünüdərkini yox, həm də qürurunu ifadə etdi. Hadi Azərbaycanlı olması ilə fəxr edən, qürur duyan, öz milli mənsubiyyətini ən böyük dəyər sayan ilk şairimiz oldu. Bayraqlar arasında bu bayrağını aradı, amma tapmadı və bunu böyük şəxsi faciə kimi yaşadı. Sonralar 1991-ci ilə qədər imzalar içində imza axtaran kədərli səsi bütün şairlərimz üçün dərd ağacı oldu, rəmz oldu. Sivan adəbi dilində yazan Hadinin vətənçiliyi böyük Səməd Vurğunun azərbaycançılığında, 1941-46-cı illərin cənub poeziyasının milli qürur hisslərində davam etdi. Sonra “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadə ərsəyə gəldi. 60-cı illərin sonlarında onun səsinə daha bir səs qoşuldu: bu, Sabir Rüstəmxanlının səsi idi. İlk addımlarından vətənçi poeziyamızın varisi kimi danışdı. Onun Azərbaycanın böyüyü, “Bir kökümüz doğudadı, bir kökümüz günbatanda” dedi.
    Sabir poeziyamızda vətən sufisi oldu; yurdun hər daşında, ərsinəliyində, köhnə kəlməsində, adi söz birləşməsində yurdun gözəlliyini gördü və yazdı. Çoxlarını bezdirən “Bakı küləyi”ndə də misilsiz safladıcı qüvvə gördü: onda milli xarakterin əlamətlərini və gücünü axtarır:

    İmkan vermir ağacların
    Yarpaqları saralsın.

    Sabir Rüstəmxanlının şeirlərinin dərinliyində bir dialoq vardır: o mütləq kiməsə üz tutur, kiməsə kəsə demək istəyir və deyir. Bir dialoqun bir qütbü gözəl bir xanım, onun fikir dostu, hətta düşməni də ola bilər. Şairin lirikasındakı bu dramaturgiyada iki ünvan daha geniş yer tutur. Bunların birincisi, şairin öz xalqı, ikincisi isə bu xalqın azadlığının müxalifləridir.
    Şairi poeziyası başdan-ayağa bu xalq ilə dialoqudur. Bu dialoq Sabir Rüstəmxanlının vətənçi poeziya məktəbində öz orijinal sözüdür. O biri tərəfdən isə bizim milli mənlik düşüncəmizin yeni bir mərhələsidir. Şairin “Ömür kitabı”nın məğzi sadə bir hiss üstündə durur: o Azərbaycanın misilsiz bir yer olduğuna uşaq səmimiyyəti ilə inanır. Lakin onun bu istedadı da bu “uşaq səmimiyyəti”ndədir. O, balaca, kimçünsə adi bir hissi böyük şeirə çevirə bilib. Onun poeziyasında Səməd Vurğun və Bəxtiyardan sonra yeni bir Azərbaycan obrazı yaranıb. Bu obraz “əlli ilə yaxın yaradıcı ömürün əsas bəhrəsidir, bütün ədəbiyyatımızın nailiyyətidir”.
    Sabir 1991-ci ildə Dövlət Himni müsabiqəsinə şeir yazıb. Onun ilk iki sətri belədir:

    Tarix bizi pay ayırıb: Odlar Yurdu, gözəl Vətən.
    Damarımda qanım coşur “Azərbaycan” kəlməsindən.

    Tarixin bizə Azərbaycan adlı misilsiz bir pay verməsi fikri şairin çoxlu şeirlərindən keçir. Bu payın hər yeri şair üçün müqəddəsdir. Amma doğulduğu balaca, kasıb dağ kəndi hamıdan müqəddəsdir. Ona görə “Üç addım yer ayır” şeirində deyir: “Üç addım yer ayır, kənd qəbiristanı, günlərin birində qayıdacağam”. Sabir üçün Vətənin əsil paytaxtı balaca kənddir. Xalqçılq ideyaları ilə, xalq kökləri ilə bağlılıqda Mirzə Cəlildən Mirzə İbrahimova qədər, Məmməd Qədirə qədər gələn xalqçılıq məfkurəsinin tərənnümçüsü və varisidir. O, ayaqqabıları parlayan təbəqələri sevmir və anlamır. Bütün ictimai fəaliyyətində belə, ümidini xalq içindən çıxan sadə, təvazökar insanlara bağlayır, onlara əl tutur və onlardan umur.
    Sabir Rüstəmxanlının bu xalqı ilə dialoqu mədhiyyə deyil, bu, çox məqamlarda milli düşüncənin qüsurlarının, məhdud yerlərinin təhlili və tənqididir. Əcnəbilərə nökərçilikdən yapılmış Azərbaycan məmurunu daim qeyrətə çağırır, onun tələbkarlığını qınayır və rədd edir. Bu mövzu onun publisistikasında, tarixi meydan çıxışlarında da əsas yer tutmuşdur. Şair bilir: xalq ən yaxşı keyfiyyətlərinə güvənərək yüksələ bilər. O bu yüksəlişin düzgün yolunu göstərmək istəyir.
    Lakin bilir: millətin önündə olmaq asan deyil. “Zaman məndən keçir” adlı avtoportretində bu mürəkkəbliyin bütün qütbləri öz əksini tapır:

    Keçir ürəyimdən millətin ruhu,
    Bir üzü ucalıqdı, bir üzü qorxu.
    Ürəyim bir qaçqın düşərgəsidi,
    Keçir körpələrin göz yaşı məndən.

    Sabir Rüstəmxanlı poeziyasındakı gərgin daxili dialoqun digər qütbü vətənin düşmənləridir, cürbəcür rəngli müstəmləkəçilərdir. Onun müstəqilliyə qədər yazdığı vətənçi şeirlərin çoxu bu düşmənlərlə polemika, onlara ünvanlı monoloqlarla doludur. Bu monoloqlar, eyhamlar, gileylər şairin üsyankar, yorulmaz, susmayan, barışmayan və dinclik bilmədən dediyini deyən ruhunun ifadəsidir. Şair on beş yaşında atasının dağlar qoynundakı kasıb evindən çıxıb, böyük dünyaya ayaq qoyduğu vaxtdan onun içində artıq bu ruh var idi. Sabir bu ruhu tez-tez ilahi qismət də adlandırır. 1990-cı ildə yazdığı “Tənhayam, təkəm” şeirində sanki özünün ən yaxşı avtoportretlərindən, bəlkə epitodiyalarından birini yazır, öz taleyinə və öz içinə özü də mat qalaraq, ata ocağını tərk etdiyi uzaq günləri xatırlayır və deyir:

    Eləcə qalmışam… Bu yaşımda da
    Yolların çəkilməz yükünü çəkən.
    Eləcə başında bir el, bir ölkə,
    Sorağı dillərdə…
    Tənhayam, təkəm.

    Xalqın önündə olmaq çətindir, amma tufan, inqilab bitəndən sonra başqa bir həyatla yaşamaq ondan da çətindir. Sabirin şeirlərində onun artıq müstəqillik illərində yaşadığı daxili böhran, yeni istinad və dayaq axtarışları öz geniş əksini tapıb. Hətta bir şeirində o, 1990-cı ilin noyabrında ölmədiyinə təəssüflənir. Bu qəbildən olan şeirlərində bədbinlik, ölüm, ədəbiyyat və şair taleyi kimi motivlər çoxdur. Şairi bir-birinə zidd ovqatlarda və düşüncələrdə görürük və bunlar hamısı sonda bir-birini tamamlayır. Bunlar hamısı şair taleyindən keçən gah xeyirxah, gah da amansız zamanın çalarlarıdır və son nəticədə şairi və onun zəmanəsini daha yaxşı başa düşməyə kömək edir.
    İnsan qəlbini əzablar zənginlədir. Müstəqillik iyirmiliyinin əzabları, şübhə və tərəddüdləri Sabirin poeziyasını çox zənginləşdirib, ovqatca, mənaca rəngbərəng edib. Məhz bu əlvanlıq şairin daxili məninin zənginliyini bütün miqyası ilə ortaya qoyur, onun daxili bütövlüyünü yeni tərzdə təsəvvür etməyimizə köməkçi olur.
    1985-ci ildən sonrakı Azərbaycan reallığında Sabir Rüstəmxanlının öz mövqeyi var. Hardasa, nədəsə onun vətənçiliyi radikal səslənirdi. 1990-cı 20 yanvar hadisələrinə hamısı göz yaşı ilə baxanda Sabir Rüstəmxanlı yollar boyu tökülmüş gənclərin qanında xalqının gələcəyi üçün nigaranlıqla qorxusunun sonunu gördü. “Qorxum qalmadı” şeiri Azərbaycan düşüncəsində o çağacan olmamış bir vətənçilik mövqeyi ortaya qoydu:

    Qoymadı, qayıtdı
    bayrağımın əsil rəngi,
    ilhamın qanadı,
    Günəşin odu…
    Torpağım azadlıq doğacaq sabah!
    Qorxum qalmadı!

    Burda radikallıq var. Amma Sabirin özünə xas vətənçi mövqeyi sonda olub ki, o biri ayağı həmişə praqmatik olub, heç yol sağlam düşüncədən uzaqlaşmayıb. Mətbuat naziri olanda iki cüt bir tək sözdən ibarət ərizələr, əsasən yüzlərlə qəzet qeydiyyatdan keçirib jurnalistikanı həmişəlik təzələyib və geriyə yol qalmayıb. Bu da Sabir vətənçiliyinin bir cür radikallığı idi.
    Sabir Rüstəmxanlının heyrətamiz dərəcədə çox bədxahları və tənqidçiləri var. Bunun bir səbəbi də onun müstəqillik dövrü vətənçiliyindəki mövqeyidir. Sabir ədəbiyyata qoltuqlarda gəlməyib, siyasətə də elə. Ona görə başqalarının tapşırığı ilə siyasətlə məşğul olanlar, qəzetçilik edənlər onu anlamır. Eybi yox, karvan onlardan asılı olmadan gedir və gedəcək. Sabirin öz şeirlərinə diqqətlə baxanda, xüsusilə son iyirmi ilin şeirlərinə, şair özünə qarşı hamıdan amansızıdır. Özündən narazılıq onun şeirlərinin bir mövzu xəttidir.
    Sabir Rüstəmxanlı əslində müstəqillik dövrü millətçiliyinin fikir mənbələrindən, sütunlarından biridir. Bunu anlamaq və duymaq üçün “Əbədi sevda” kitabını birnəfəsə oxumaq kifayətdir.
    Belə oxunuş oxucuya başqa bir şey də deyəcək: müstəqillik dövrünün onu “Yol dəlisi” edən illəri şair fəaliyyətini də zənginləşdirib. Bu zənginliyin ən yaxşı təzahürü burada xalis lirik ovqatların böyük bir yer tutmasıdır. Xüsusilə sevgi şeirləri bir kitabda gözlənilməz dərəcədə çoxdur. Kitabın altmış faizdən artıq bir hissəsini təşkil edir.
    Bu lirikanın əsas mövzusu sadədir: həqiqi və dərin hisslərlə insanların, xüsusilə şairlərin bütün həyatı dəyişir. XXI əsrdə Sabir tərəfindən yazılmış sevgi lirikası onun ömrünü və iç dünyasını işıqla doldurmuş bir hiss haqqındadır. Həyatının bu mərhələsindən danışan şair həyatının bütün detallarına bu misilsiz gözələ yönəli görür və bunu “Üzü sənə” adlandırır.

    Üzü sənədir gözünü bulud tutan səhər,
    Otağın yarıqaranlıq dəhlizləri.
    Yolumu gözləyən maşın,
    Gecənin sərxoşluğundan oyana bilməyən səhər!

    Onu tanıyandan bəri keçən ömrünü bu eşqin tarixçəsi kimi görür, bu tarixçənin bütün detallarını hissiyyatla dolu, səmimiyyətlə dolu yoluxucu lirikaya çevirir. Onun ad gününü kiçik bayram, məhəbbətin xatirə günü kimi qeyd edir. Taleyinə bu paya görə razılıq eləməkdən yorulmur:

    Günəş şəfəqindən endirib bəlkə,
    Məni bəxt atına mindirib bəlkə,
    Allah cənnətindən endirib bəlkə,
    Mələk yaşındasan, yaşını demə!

    Elə günlər olur ki, lirik mən “Əziz adamla” son gülləyəcən vuruşub dalaşır. Amma gözəllik və sevgi qarşısında məğlubiyyət qaçılmaz olur. Dalaşıb ağrıları keçməmiş şair evin səliqəsizliyində görün nə tapır:

    Görürəm barışıq bayrağı kimi,
    Tullayıb getmisən ağ köynəyini.
    Mən onu qaldırıb tutdum gözünmə
    Buzlayan köksümə sıxdım o ki, var.
    Bəlkə gülümsəyər mənim üzümə,
    Bəlkə möcüzəylə məni ovudar.

    Sabir Rüstəmxanlı son illər çox səyahət edir, bir ayağı Türkiyədə, o biri Brüsseldədir. Şeiri də ovqatca, motivcə dəyişir, hətta tribun şair üçün səciyyəvi sağla, ölçülü erotika ilə də zənginləşir. Lakin bir şey dəyişilməz qalır: Sabir şeirinin ritmi, üslubu, ahəngi dəyişmir. O hamar və şirin şeir dilini xoşlamır, osmanlıdan bircə təşnə də işlətmir. Bu qibtə doğuracaq sabirlik. Deyim şairin ikinci sifətidir. Sabir onu da qoruyur. Şairin zahirən kələ-kötür şeir dili diri və özünəxasdır. Bu istedadın özəlliyini ifadə edən sabitlikdir.
    Kitabda ömrün payızı haqda şeirlər də vardır. Sanıram ki, Sabir Rüstəmxanlı kimi gənc şair üçün belə şeirlər demək hələ tezdir. Amma işin o biri ucu da var: payız ovqatları həmin poeziya ilə əkizdir, onu ildən-ilə zənginlədir və bəhrəli edir. Sabirin kökü torpağındadır, o isə tükənməzdir.

  • Ukraynalı akademik Sabir Rüstəmxanlı ilə görüşdü (Foto)

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Bakıda səfərdə olan Xarkov Farmasepiya Universitetinin rektoru, Ukrayna EA-nın müxbir üzvü Valentin Çernix və universitetin prorektoru, tibb elmləri doktoru Sergey Popovla VHP-nin mərkəzi ofisində görüşü keçirildi.

    Qonaqların vizitindən məmnunluq ifadə edən Sabir Rüstəmxanlı Ukrayna və Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əməkdaşlığından danışdı və ziyalıların qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafına xidmət etdiyini söylədi. Son illər ali məktəblərimizin maddi-texniki bazasının kifayət qədər müasirləşdiyini önə çəkən S.Rüstəmxanlı təhsilin hələ arzulanan səviyyəyə gəlib çatmadığını da bildirdi: “Təəssüf ki, Azərbaycan hakimiyyəti İranla əlaqələri əsas gətirərək, güneyli soydaşlarımızın ölkəmizdə ali təhsil almasına daha normal şərait yaradılmasına çalışmır. Buna görə də soydaşlarımızın Avropa ölkələrində, o cümlədən Ukraynada təhsil alması zərurəti meydana gəlir və bu baxımdan əlaqələrimiz həm də bizim maraqlarımıza uyğundur”.

    Sabir Rüstəmxanlı kimi məşhur simanın onları qəbul etməsini yüksək qiymətləndirən rektor Valentin Çernix təbii sərvətlərin Azərbaycanı çox inkişaf etdirdiyini söylədi: “Mən 30 il əvvəl sizin ölkənizdə olmuşam və bu səfərimdə ölkənizin simasının tamamilə dəyişdiyini müşahidə edirəm. Əlbəttə, bütün bunlar sizin maddi resurslarının qüdrətindən xəbər verir. Ancaq bu sərvət həm də insan kapitalına çevrilməlidir. Çünki xalqın tükənməz sərvəti yalnız onun vətəndaşları, təhsilli gəncliyidir”.

    Valentin Çernix Dumanın deputatı olarkən, universitetlərin daxilində farmaseptika ixtisasını tədris etmək təşəbbüsü qaldırdığını və yalnız bundan sonra Ukraynada bu sahədə vəziyyətin nisbətən normallaşdığını söylədi: “Hesab edirəm ki, Azərbaycanda da bu sahəyə diqqət artırılmalıdır. Çünki yalnız bir universitet daxilində yetişdirilən mütəxəsislərlə bu sahədəki boşluğu doldurmaq mümkün deyil”.

    Görüşün sonunda simvolik hədiyyələr təqdim edildi.

  • VHP sədri Nazlı Ağayevanı təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qəbələ rayon təşkilatının sədri Nazlı Ağayevanı doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Əzizimiz Nazlı xanım!

    Şəhər – həmişə qaynar mühit olub: həm ədəbi, həm də ictimai-siyasi məsələlərdə ölkənin ziyalı kəsiminin iradəsini ifadə edib. Bunun bir səbəbi də bölgələrdə yetişən ziyalıların paytaxta gəlməsi, yaxud istedadların məhz mərkəzdə yetişməsi və sonradan geri dönməməsi ilə əlaqəlidir. Ziyalıların paytaxta toplanması isə bölgələrin ziyasız – işıqsız qalmasıyla nəticələnir.

    Yazılarımın birində bölgələrimizdə olan ziyalıları – işıqlı insanları göy üzündəki gecə ulduzlarına bənzətmişdim. Onlar qaranlıq dünyamızda öz olduqları yerdən işıq saçaraq ölkəmizin xəritəsini göz önünə gətirir, öz nurları ilə Vətənin tam görünməsinə səbəb olurlar.

    Nazlı xanım, mübaliğəsiz deyirəm ki, siz ölkəmizi bütöv görməyə xidmət edən həmən bölgə işıqlarından, ulduzlarından birisiniz. Sizin işığınızı, aydın təfəkkürünüzü görmək çox xoşdur: çünki siz həm də zərif xanımsınız və bu cür işıqlı xanımlar Azərbaycanımızda o qədər də çox deyil.

    Sizin 9 mayda – Qələbə günündə Qəbələdə anadan olmağınızı taleyin qismətinizə yazdığı “söz naxışı” adlandırmaq olar. Bu “naxış” sizin yazılarınızda – ədəbi yaradıcılığınızda da, publisistikanızda da özünü göstərir və inanıram ki, apardıınız ədalətli mübarizənizdə qələbəyə varacaqsınız. Çünki bir dünya qaranlıq heç vaxt bir şam işığına qalib gələ bilmir, nə qədər qatılaşsa, zülmətə çevrilsə də, bircə ziya qaranlığı yarmağa kifayət edir. Siz illərlə qaranlıq dünyamızda zərif şam kimi yanır və ətrafınızı aydınlığa çıxarmağa çalışırsınız; məhrumiyyətlərə baxmayaraq, haqqın yanındasınız, haqqın yanında olmaq çətinliyinin bəhrəsini də Haqq özü verəcək.

    Sizin haqqınızda ürəklə “əzizimiz” deyə müraciət edirik. Çünki siz sözün bütün mənalarında fərqlisiniz, tərbiyəli, əxlaqlı davranışınız, səmimi, təmənnasız mübarizənizlə əqidədaşlarınızın sevimlisisiniz. Ona görə də özünüzdən əvvəl sorağınız gələndə VHP-çilər sanki doğma, əziz adamlarını qarşılamağa hazırlaşırlar.

    Əzizimiz Nazlı xanım!

    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və ziyalı ömrünüzü dolğunluqla davam etdirmək üçün can sağlığı, səadət arzulayıram.

     

    Hörmətlə,

    Sabir Rüstəmxanlı

    VHP sədri, xalq şairi

  • Şuşanın işğalından 21 il ötür

    Azərbaycanın Şuşa şəhərinin işğalından 21 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

    1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

    Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.

    Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.

    Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

    Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd-yuvalarından didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.

    İşğal nəticəsində Şuşadakı bir sıra tarixi abidələr düşmən tərəfindən dağıdılıb. Bu siyahıya Xan, Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

    Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

    Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

  • Sabir Rüstəmxanlı ABŞ Dövlət Departamentində görüş keçirdi

    Xəbər verildiyi kimi, DAK həmsədrləri, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərviz Niyanın aprelin 23-dən ABŞ-da səfərdədirlər. ABŞ səfirliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində DAK həmsədrləri ABŞ Dövlət Departamentində görüş keçirmişlər.
    Görüşdə Güneyli-Quzeyli Azərbaycanın bir sıra mühüm problemləri ərtafında söhbət aparılıb. Ermənistanın işğalçılıq müharibəsininin nəticələrinin aradan qaldırılmasına görəvləndirilən Minsk Qrupunun həmsədri kimi ABŞ-ın fəaliyyətinə, Rusiyanın bir əyalətinə çevrilmış Ermənistana heç bir məntiqə sığmayan, milyardlarla ölçülən təmənnasız hərbi bəxşişlərə və s. məsələlərə diqqəti çəkən Sabir Rüstəmxanlı eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin ədalət prinsipləri üzərində inkişafının bölgənin gələcəyi baxımından son dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.
    Görüşdə İran rejiminin anti-Azərbaycan siyasətinə, İslam ölkələrində zəruri dəyişikləilərə, Orta Doğu projesində Güney Azərbaycanın yeri məsələsinə DAK-ın münasibəti də diqqətə çatdırilmışdır.

    Qeyd edək ki, səfər may ayının 2-də bitir.

  • Rafiq Manaflı:“İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil”

    “İctimai Palatanın bundan sonrakı taleyi bəlli olmadığından, Koordinasiya Şurasına seçkilər məsələsi arxa plana keçib. İctimai Palatanın Koordinasiya Şurasına seçkilərin keçirilməsi məsələsi sual altındadır”.

    Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib.

    O qeyd edib ki, İP KŞ-ya seçkilərin gecikdirilməsi, bu qurumda vətəndaş cəmiyyəti mənsublarının sayının və çəkisinin artırılması məqsədi daşıyıb: “Belə qərarın verilməsinə səbəb cəmiyyətdə və siyasi dairələrdə İctimai Palata ilə bağlı yaranan fikri dəyişmək olub. Yəni həmin vaxt bəziləri İctimai Palatanı AXCP ilə Müsavat Partiyası tərəfindən yaradılan və bu partiyaların nəzarətində olan qurum kimi xarakterizə edirdilər. Biz də bu fikri dəyişmək istədik. Həmin qərardan sonra bu istiqamətdə addımlar atılsa da, konkret irəliləyiş yoxdur. Həmçinin, İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkilərin də vaxtı açıqlanmayıb”.

    R. Manaflı İP-in gələcək taleyindən narahatlığını da ifadə edib: “Digər tərəfdən İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil. Çünki İctimai Palata üzvləri hazırda Milli Şuranın yaradılması ilə bağlı danışıqlar prosesində iştirak edirlər. Hətta Milli Şuranın yaradılması ilə bağlı İctimai Palata daxilində müəyyən narazılıqlar da yaranıb. İctimai Palatada mövcud olan ətalətə baxmayaraq, Milli Şuranın yaradılması ilə bağlı məsələyə aydınlıq gəlməyənə qədər bu qurumun fəaliyyətinə xitam verilib-verilməməsi məsələsi haqda bir söz demək mümkün deyil. Qarşıdan gələn sessiyada İctimai Palatanın fəaliyyətinin dayandırılması haqda təklifin səsləndirilməsi və ya müzakirəyə çıxarılması real görünmür. Növbəti sessiyalarda ola bilsin belə təkliflər səslənsin”. 

    Onun fikrincə, İctimai Palata fəaliyyətini davam etdirərsə, bu zaman Koordinasiya Şurasına seçkilərin keçirilməsi prezident seçkilərindən sonraya saxlana bilər.

    O, İP-in qorunub saxlanmasının tərəfdarı olduğunu deyib: “İctimai Palata Azərbaycan siyasətində öz spesifikliyi və novatorluğu ilə seçildi. Bu gün Milli Şuranın yaradılması ilə bağlı danışıqların getdiyi açıqlanır və proseslə bağlı bəzi məqamlardan biz də məlumatlı oluruq. Ancaq Milli Şuranı İctimai Palatanın zəif forması kimi görürəm. Məncə, İctimai Palata hələ çox iş görə bilər”.

  • “My Road of Life” is his last work written during the Soviet rule.

    This book treasures love; love of everyone, love to motherland, history, culture. The book speaks out for the whole Azerbaijani people expressing its benevolent nature and good will.

    The 90s of the last century marked Azerbaijan’s history with independence from the Soviet regime and greatly contributed to introduce “My Road of Life” as one of the cult books of those times, spreading thoughts and spirit of liberty, independence, nation’s self-governance. Fighters for independence used to came to The Liberty Square in Baku with this book in their hands to demand the end of the authoritarian Soviet dominance. The book encouraged the young generation of those times to rise and wage the just struggle for future and signaled the complete destruction of the humiliating Soviet dictatorship.

    Today “My Road of Life” is a versed relic echoing the ardent freedom-loving spirit of the Azerbaijani people on their long way to hard-fought victory.

  • Hər insanı sevmək olmur…

    Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. Onda mənim iyirmi üç yaşım var idi. İndi isə onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu sevgidən nəyi ala bildim?…

    Təqvimdə 6 aprel 2003-cü il idi. Nəhayət ki, böyük çətinliklə də olsa doğulub boya-başa çatdığım Sumqayıt şəhərində yaşamış və yaşayan yurddaşlarımdan bəhs edən “Bir elin övladları” publisistik kitabı ərsəyə gətirə bilmişdim. Bu, mənim sayca üçüncü kitabım idi. Təqdimat gecəsində kitabda yer alan bir sıra yurddaşlarımla yanaşı sumqayıtlı qələm dostlarım da iştirak edirdi. Amma dəvətli olsalar da, təqdimat gecəsinə görkəmli eloğlularımdan təkcə Sabir Rüstəmxanlı qatılmışdı. Kaş biləydiz, düşüncələrində “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratmaq arzusu ilə çarpışan bir gənc üçün bu, nə qədər böyük mənəvi haqq idi…

    Bir neçə il keçdi. Bu arzu yelkənli qayıq kimi məni ağuşuna alıb uğurdan-uğura ötürürdü. Əslində, Tanrının yazdığı taleyi yaşayırdım. Və Tanrının taleyimə yazdığı qismətlə əlli minə yaxın yurddaşımın yaşadığı Sumqayıtda, artıq xeyli tədbirlər həyata keçirmişdim. Ad günləri, ədəbi görüşlər, tanışlıq məclisləri, kimsəsizləri ziyarət, xeyir-şərdə elcahanlıq və digər işlər. Əvvəllər ürək eləyib tədbirlərə qatılmaq istəməyən eloğlularım da fəallaşmışdı. Hətta özlərini kimlərəsə cəlilabadlı, lənkəranlı, biləsuvarlı kimi təqdim edən yurddaşlarım da nəhayət ki, Yardımlıdan olduqlarını danmırdılar. Amma “Yardımlı Xeyriyyə Cəmiyyəti” hələ də təsis olunmamışdı…

    Təqvimdə 2006-cı il idi. Qarşıda daha çətin mərhələ dururdu. Tədbirlərin miqyasını böyüdərək Bakıda məskunlaşmış yurddaşlarım arasında da körpü yaratmaq zərurəti yaranmışdı. Bu səbəbdən qeydiyyatdan keçmiş rəsmi təşkilata ehtiyac var idi. O vaxtlar ictimai birlik təsis etmək çətin olduğu üçün Ədliyyə Nazirliyinin Sumqayıt regional idarəsində “Tək Dam” məhdud məsuliyyətli cəmiyyətini təsis etdim. Maliyyə imkanlarım məhdud olduğundan Bakıda keçirmək istədiyim xeyriyyə tədbirlərini planlaşdırsam da, onların həyata keçirilməsindən ötrü məkan problemi ilə üz-üzə qalmışdım. Və bir gün Sabir Rüstəmxanlı ilə görüşüb “Tək Dam”ın tədbirlərini keçirmək məqsədi ilə ondan ofisində yer verməsini xahiş etdim, etiraz eləmədi. Beləliklə 2008-ci ilin sonunadək bir neçə tədbiri-İlham Cankişioğlunun “Dağların söz xəzinəsi”, Şahlar Göytürkün “Yardımlı şivələri” kitablarının təqdimatlarını, dünyasını dəyişmiş alimlərimizdən Mahmur Kərimovun, Ağoğlan Hüseynovun, Kamil Əliyevin xatirə gecələrini və nəhayət ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai birliyinin təsis konfransını orada gerçəkləşdirdim. Doğrudur, 2009-cu ilin fevral ayında “Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai birliyi dövlət qeydiyyatından keçəndən sonra, reallaşdırdığım tədbirləri Bakı şəhərinin müxtəlif şadlıq evlərində təşkil etsəm də, mənə təmənnasız yer ayırdığına görə, ona olan əvvəlki borcumdan başqa, Yardımlı ilə bağlı olsa da belə, növbəti borcum yaranmışdı…

    Təqvimdə 2009-cu il idi. Altı il bundan öncə düşüncələrimdə mənə rahatlıq verməyən “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratmaq arzusu həyata keçmişdi. Borcları ödəmək zamanı idi. Tezliklə Sabir Rüstəmxanlının 63 yaşı tamam olacaqdı. Məktubla şəhər rəhbərliyinə müraciət edib, uzun illər Sumqayıtda ədəbi-bədii görüşü keçirilməyən şairlə ictimaiyyətin görüşünə icazə aldım və bütün maliyyə xərclərini ödəyərək Nəriman Nərimanov adına mədəniyyət evini icarəyə götürdüm, eləcə də Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrının aktyorlarından tədbiri aparmalarına razılıq aldım. Ssenari yazıldı, çıxış edəcək ziyalılara əvvəlcədən zəng vurub hər birinə çıxışlarının mövzusunu elan etdim. Dörd yüzdən çox adam dəvətnamə ilə tədbirə dəvət olundu ki, bu sırada şəhər rəhbərliyinin nümayəndələri də var idi. Görüşü özüm açdım ki, içimdə bir təskinlik tapım. Tədbir bitəndən sonra Sabir Rüstəmxanlının çöhrəsindəki məmnuniyyət hissini görəndə gözlərim yaşardı. Bəlkə də bu görüş onun üçün sıradan bir görüş idi, amma mənə görə mənəvi borcumun ödənilən bir hissəsi…

    Borclu borclunun sağlığını istər. 2008-ci ilin noyabrında təsis etdiyim “Yardımlının Səsi” qəzetində bir neçə il onun haqqında davamlı olaraq gedən yazılar oxucularımızda elə bir rəy yaratmışdı ki, guya bu qəzet Sabir Rüstəmxanlının maliyyə dəstəyi ilə çıxır. Həmin dövrdə qəzetimizin saylarında həmçinin, rayonumuzda baş verən haqsızlıqları sərt şəkildə tənqid edirdik. El arasında dolaşan bu söz-söhbətə hər hansı bir yazı ilə aydınlıq gətirmək isə ucuzluğa aparardı. Ona borclu olduğumu oxuculara izah etmək mənim üçün o zaman heç də asan deyildi. Düşünüb çıxış yolu tapdım. Qəzetin arxa hissəsində “Qəzet təsisçinin şəxsi vəsaiti hesabına işıq üzü görür” kəlmələrini yazmaqla hər şey bitdi.

    2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında İsrailin Fələstində keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq aksiya keçiriləndə çıxış edən Nardaran sakini Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiklərini söyləmişdi: “Sabir Rüstəmxanlı “Səhər” kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə, onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”. Onda da, “Yardımlı Xeyriyyə Cəmiyyəti” bir vaxtlar tədbirlərinin keçirilməsinə öz ofisində yer vermiş Sabir Rüstəmxanlının müdafiəsinə qalxdı və verilmiş fitvaya qarşı bəyanatla çıxış elədi…

    Təqvimdə 2010-cu il idi. Deputat seçkiləri ərəfəsində, daha dəqiqi həmin ilin 15 sentyabr tarixində işlədiyim Sumqayıt Qaz İstismarı Sahəsinə növbəti dəfə işə gələrkən şöbə rəisim məni çağırıb, söylədi: “İşdən çıxarılmağından ötrü rəhbərlikdən mənə tapşırıq verilib ki, təqdimat yazım. Təqdimatın bir hissəsini yazsam da içimdə bir narahatlıq hiss etdim, ardını yaza bilmədim. Bəlkə rəislə görüşəsən, nə isə anlaşılmazlıq var burda”.

    Müəssisənin rəisi cəmi iki ay idi ki, təyin olunmuşdu. Qəbuluna girib ədəb-ərkanla işdən nə üçün çıxarıldığımın, özü də təqdimatla, səbəbini soruşdum. Cavab verməyə çətinlik çəkirdi, bircə onu öyrənə bildim ki, yuxarıdan göstəriş verilib. Kiminsə qarşısında mənə görə cəzalandırılmaq istəmir. Dedim, başa düşürəm, bu sifariş kimdən gəlib, amma gəl kişi kimi danışaq, fərz elə ki, əlinə silah verib tapşırıblar ki, bu adamı vurmalısan. Bəs vicdanınız sizə nə deyir? Bizim ki, aramızda heç bir problem yaşanmayıb. Mən cavanam, əmək kitabçamı ləkələsəniz Allah qarşısında cavab verə biləcəksinizmi? Duruxdu və təklifin nədir, deyə soruşdu. Dedim, ərizə yazıb öz xahişimlə çıxaram, siz də yuxarı məlumat verərsiniz ki, tapşırıq icra olundu. Razılaşdıq və həmin tarixdən mən işimi itirdim. Səhəri gün əmək kitabçamı əlimə alan kimi ümid yeri bilib ilk zəng etdiyim insan Sabir Rüstəmxanlı oldu. Əvvəlcə xahiş etdim ki, mənim işdən çıxarılmağım barədə rayon rəhbərinə heç nə demədən bu haqsızlığın SOCAR-ın rəhbərliyi səviyyəsində aradan götürülməsində mənə yardımçı olsun. Çünki mən işimi rayonun problemlərini qabartdığım, tənqidi yazılar verdiyim üçün itirmişdim. Bir də ki, yurddaşlarının haqqına təcavüz ediləndə səsini ucaldan “Yardımlının Səsi” qəzetinin baş yazarı, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri özü haqsızlıqla üzləşəndə və haqqının bərpası üçün el-obanın qüdrətli oğullarına güvənməyib kimə güvənməliydi?…

    …Nə isə, o gündən artıq üç ilə yaxın bir vaxt keçir, hələ də öz işimə bərpa ola bilmirəm…

    Qarşıdan növbəti deputat seçkiləri gəlirdi. Düşündüm ki, təbliğat kampaniyasında ona dəstək olsam heç də pis olmaz. “Tanrının seçdiyini seçin!” şüarı ilə “Yardımlının Səsi”nin xüsusi buraxılışını çap etdirib rayona göndərdim və seçkilərə bir qədər qalmış özüm də rayona gedərək görüşlərinin birində çıxış edib seçiciləri Sabir Rüstəmxanlıya dəstək olmağa çağırdım. Görüşdən sonra, mənə minnətdarlıq edib, hər şeyə görə çox sağ ol, əsas təşəkkürümü elə-belə yox, mətbuatda bildirəcəm, söyləyəndə vədinə görə deyil, mənəvi borcumdan daha bir hissə ödədiyim üçün məmnun oldum…

    2011-ci ildə 65 yaşı tamam olanda gücüm bir dəstə gülə və rəhbərlik etdiyim təşkilatın şanlı təbrikinə, eləcə də Bakıda yaşayan ziyalılarımızın filarmoniyanın binasında keçirilən həmin tədbirə qatılmaları üçün dəvət mesajlarına çatdı…

    Təqvimdə 2012-ci il idi. Növbəti ad gününə az qalırdı. Biləndə ki, on beş ildən artıq bir müddətdə onun Yardımlıda bir dəfə də olsun ədəbi-bədii görüşü keçirilməyib, rayonumuzun icra başçısına rəsmi müraciət edib 23 may tarixində rayon mərkəzindəki Nizami adına kinoteatrda görüşünün keçirilməsinə icazə aldım və bu dəfə də tədbir baş tutdu…

    Budur, yenə də Sabir Rüstəmxanlının doğum günü yaxınlaşır. Mayın 20-də 67 yaşı tamam olacaq. Gücüm sadəcə təbrikə çatır…

    …Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. Onda mənim iyirmi üç yaşım var idi. İndi isə onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu sevgidən nəyi ala bildim?..

    Elman ELDAROĞLU

  • Alatoran Yayınlarının endirimli kitab satışı kampaniyası keçirildi (Video)

    Mayın 7-sində VHP Gənclər Təşkilatının təşkilatçılığı ilə Alatoran Yayınlarının növbəti endirimli kitab satışı kampaniyası keçirilib. Kampaniya çərçivəsində 18 adda kitab endirimlə 2-5 manat arasında satılıb. Satışa çıxarılan və əksəriyyəti dünya ədəbiyyatından olan kitablar arasında mərhum yazıçı Rafiq Tağının kitabları da yer alıb. Satışdan əvvəl Rafiq Tağının xatirəsinə həsr olunmuş kiçik tədbir keçirilib. Azad Yazarlar Ocağının təsisçisi, “Alatoran” jurnalının baş redaktoru Rasim Qaraca çıxış edərək Rafiq Tağının həyatı, yaradıcılığı haqqında məlumat verib, onu zəmanəsinin klassiki adlandırıb.

    Daha sonra VHP sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Rafiq Tağı haqqında xatirələrini bölüşüb, mərhum yazıçının yaradıcılığını dəyərləndirib.

    Tədbir kitab satışı ilə davam edib.

    Videoya burdan BAX:

    http://new.xalqtv.az/index.php?mod=news&id=935