Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Unutdurulan müharibə…

    İbrahim Quliyev

    Unutdurulan müharibə…

    və “Çanaqqalada yüksələnlər” bizi bir daha özümüzə diqqətlə baxmağa vadar edir.

    Hansısa bir kitabda oxumuşam ki, dünyanın 5 min illik tarixinin 3 min ili müharibələrdə keçib. Hətta tarixdə yüzillik müharibələr də olub. Uzun illər sovet tarixçiləri bütün müharibələri ədalətli və ədalətsiz deyə iki qismə bölüb, nəticənin yalnız hərbi qüdrətdən, texnikanın gücündən asılı olduğunu iddia edərək məğlubiyyət vəzəfərə qiymət veriblər. Amma bu şərti bölgülərə sığmayan, daha doğrusu, topun, tüfəngin, təyyarənin gücündən asılı olmayan savaşlar da tarixdə az deyil. Siyasət, hərbi strategiya bilmədən döyüş meydanına atılıb, yalın əllərlə düşmən üzərinə yürüyərək haqqa sahib olanlar bu dünya tarixinin qızıl – qırmızı səhifələrini yazıblar. Onlar haqq, əqidə, Allah rizası üçün döyüşərək qanlı köynəklərindən zəfər bayrağı yapıblar.Tanrı ruhlarını özünə qonşu etsin!
    Bu günlərdə Sərvaz Həsənlinin çevirməsində Vehbi Vaqqasoğlunun “Çanaqqalada yüksələnlər” adlı kiçik, lakin cild-cild əsərlərdən qat-qat dəyərli olan bir kitabçasını oxudum. Büroşuranı mənə verən professor Vaqif Arzumanlı əsərdən xırda bir epizodu danışmaqla məndə “Çanaqqalada yüksələnlərə” maraq yaratmağa çalışmışdı. Ümumiyyətlə, bu gözəl alim xeyirxah insan olan Vaqif müəllimin xarakterik xüsusiyyətidir. Otağına gəlmisənsə, ya özünün, ya da sevdiyi müəlliflərin kitablarından birini mütləq sənə bağışlayacaq və həmin kitab haqqında nəsə maraqlı birşey danışacaq ki, sən onu bəzək kimi aparıb rəfə qoymayasan, açıb oxuyasan.
    Məndə oxudum. Kitabça Sərvaz Həsənlinin “Çanaqqalada yüksələnlər”in ruhu ilə ziddiyyət təşkil edən, daha doğrusu Türkiyənin dünyanın super gücləri ilə müharibədə qələbəsinin səbəblərini, Azərbaycanın isə bir dəstə erməni qarşısında məğlubiyyətini şərtləndirən bir səhifəlik mənəviyyat söhbəti ilə başlayır. S.Həsənli başına gələn kiçik epizodla sanki oxucunu Vehbi Vaqqasoğlunun danışacağı heyrətamiz hadisələrin mahiyyətini daha dərindən duymağa və özümüz barədə düşünməyə çağırır. Mən xatirə toplusu təsiri bağışlayan bu əsəri oxuyub qurtaranda elə bildim ki, Sərvaz özü və onun körpə övladı da Çanaqqala döyüşündən indicə çıxıb gəlmiş insanlardır. Hər iki tərəfdə qürur və ləyaqət. Eyni zamanda tərəflər(daha düzgünü cəmiyyətlər) arasında dərin uçurum və ziddiyyət. Mustafa Kamal əzilmiş, tam müflis vəziyyətə düşmüş Türkəyədə ərlərini itirmiş qadınlara üzük bağışlayaraq onların bu itkilərini ovutmağa, qürurlarının sınmasının qarşısını almağa çalışdığı halda, Azərbaycan ziyalısı varlı məmləkətdə övladının müalicəsi üçün pul tapa bilmir, şəhid arvadları küçələrdə dilənir, keçmiş döyüşçülər 33 manatla ələ salınır. Qısaca desək, bir tərəfdə hər şey insanın sınmasına, digər tərəfdə isə, ruhun yüksəlməsinə xidmət edən böyük tarix.
    Yuxarıda dediyimiz kimi, müharibəni tanklardan, təyyarələrdən çox, insan mənəviyyatı, insan qüruru, insan ləyaqəti, inamı, əqidəsi udur. Kitabda maraqlı bir epizod var: Çorçilldən Türkiyə ilə müharibədə məğlubiyyətin səbəbini soruşurlar və dünya siyasətçisi deyir: “Anlamadınızmı niyə məğlub olduq, biz Türkiyədə türklərlə deyil, Allahla savaşdıq, təbii ki, yenilməli idik”.
    Seyid Onbaşının təkbaşına 276 kiloluq mərmini qaldırıb topun içinə qoyması da, ayağı kəsilmiş mehmetciyin yataqdan qalxaraq “məni komandanım çağırır” deyə qanı axa-axa cəbhəyə qayıtmaq istəməsi də, ölümə uzanmış qosqoca döyüşçünün birdən-birə “məni qaldırın” deməsi də, Balkanlarda məğlub olmuş döyüşçünün arvadının onu qarşılamağa çıxmaması da böyük iman və inamın, qürur və ləyaqətin, Allah rizasına qovuşmaq ehtirasının verdiyi güc idi. Bu güc iflas etmiş Osmanlı insanlarının Fransa və İngiltərə kimi dünya nəhənglərinə qalib gəlməsinə gətirib çıxardı. Bu gücü isə türk insanının qəlbinə Mustafa Kamal və onun silahdaşları olan digər qazilər qoymuşdular.
    İnsan mənəviyyatı hər şeydən güclüdür. Elə ki, onda aşınma, yaxud deqredasiya başladı, onu xilas etmək mümkün olmur. Bu halda o, qul olmağa ağa, əsir düşməyə sahib axtarır. Lap bizim kimi. Bizə məğlub olduğumuzu, sındığımızı bilə-bilə müharibəni unutdurdular. Bizə məğlubiyyətimizə imza atmış insanın ümumbəşəri şəxsiyyət olduğunu zorən həzm etdirməyə çalışdılar, bizə heçnəyə qadir olmadığımızı sübut etdilər.Biz “Çanaqqala yüksələnlər”ə yalnız qibtə edə, həsəd çəkə bilərik. Bir hədisdən belə bir cümlə oxumuşam: “İnsanları zəlalətə aparanları bütə çevirənlər, onlardan Allah qayırmaq fikrinə düşənlər kafirlərdir”.
    Bir sözlə, “Çanaqqalada yüksələnlər” bizi bir daha özümüzə nəzər salmağa, Allah sevgisi üçün təkcə müqəddəs yerləri ziyarət etmək deyil, həm də öz torpağımıza bir ziyarətgah timsalında baxmağa və şəhadət günü onun uğrunda nə etdiyimiz sorularkən nə cavab verəcəyimizi düşünməyə vadar edir.
    Axı, vətən sevgisi də imandandır.

  • Sabir Rüstəmxanlı xalqı təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı milli bayram – müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

    “Əziz həmvətənlər!

    Sizləri Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    Düz 95 il bundan əvvəl, Zaqafqaziya Demokratik Federativ Respublikasından erməni separatizminə və qonşularına qarşı ərazi iddialarına görə çıxmağa məcbur olan Gürcüstandan iki gün sonra, 1918-ci il mayın 28-də çox çətin siyasi şəraitdə Tiflisdə toplanan Azərbaycan Milli Şurası dövlətimizin müstəqilliyini elan etdi. Həmin dövrdə Bakı daşnak-bolşeviklərin işğalı altındaydı, Zəngəzur və Qarabağla erməni silahlı qüvvələri dinc əhaliyə qarşı soyqırım həyata keçirir, tarixi dədə-baba torpaqlarımızı mənimsəmək üçün Rusiyanın yardımından istifadə ilə qətliamlar törədirdilər.

    Paytaxt kimi  Gəncəni seçən Azərbaycan Milli Şurası torpaqların işğaldan azad olunması və dövlət quruculuğu prosesinə başladı. Bakı işğaldan azad edildi, qısa müddətdə formalaşan Azərbaycan Milli Ordusu Zəngəzurda və Qarabağda silahlı separatçılara qarşı uğurlu əməliyyatlar apardı. 1918-ci ilin sentyabrında artıq paytaxtı Bakı olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kv kilometrlik ərazisi vardı və Cümhuriyyət yaşadığı müddət ərzində məhz bu ərazi ilə dünyanın ən böyük 20 dövləti tərəfindən rəsmən tanınmışdı.

    Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay Azərbaycanın taleyini həll etdi: Bakının beynəlmiləl şəhər-dövlətə çevrilməsi, Qarabağın, Naxçıvanın Azərbaycandan qoparılması siyasəti iflasa uğradı. Əlbəttə, Zəngəzur da daxil olmaqla Meğri, Vedibasar, Göyçə kimi dədə-baba torpaqlarımız ikinci dəfə SSRİ qismində təşəkkül tapan Rusiya imperiyasının müdaxiləsi ilə Ermənistana verildi. Amma Azərbaycanı daha dəhşətli aqibət gözləyirdi və bu acınacaqlı taledən bizi məhz Xalq Cümhuriyyətinin mövcudluğu xilas etdi.

    Növbəti dəfə başlayan və 70 il davam edən Rusiya işğalının sona varmasının və ötən əsrin 80-ci illərinin sonundan başlayan Milli Azadlıq Hərəkatının ideoloji bazasında da Xalq Cümhuriyyətinin idealları dayanırdı. İyirminci əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan, daha doğrusu, 1918-ci ildə qaldırdığı bayrağı bir daha başı üzərində dalğalandıran Azərbaycan AXC-nin hüquqi varisi kimi öz iradəsini təsdiqlədi.

    Bu baxımdan 28 may – millətimizin şərəf və qürur tarixidir; bu tarixi yaradan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşi və s. daxil olmaqla 44 nəfərlik Milli Şura üzvləri xalqımızın ən böyük sevgisinə və sayğısına layiqdirlər. 

    Əziz həmvətənlərim!

    Sizləri Müstəqillik Günü münasibəti ilə bir daha qutlayır, dövlətimizə əmin-amanlıq, rifah, özgürlüyümüzün əbədi olmasını diləyirəm.

     

    Sayğılarla,

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili

     

  • Sabir Rüstəmxanlı: “Mən gənclərin o cür həbsini qəbul etmirəm”

    Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlı Azadlıq Radiosunun “Pen klub” proqramının qonağıdır.

    – Sabir bəy, bu günlərdə Azərbaycanda müstəqil düşüncəsinə görə bəzi tanınmış ziyalılarla “bizim olmayan adamlar“ kimi davranılmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış etdiniz. Bu məqaləni yazmağa sizi nə vadar etdi?

    – Düzü, bu məqalə bir ilə yaxındır yazılıb. O yazını itirmişdim. Amma sonra evdə bir qovluqdan tapdım. Baxdım ki, çap olunmalıdır. Bu yazıya görə təşəkkürlər də var, qınamalar da. Məqalənin ruhu, onun içindəki ağrı, vətəndaşlıq hissi qalıb bir qıraqda,  yazırlar ki, niyə sizin ofisiniz var, filankəsin ofisi yoxdur? Bunun mənə, mənim yazıma nə dəxli var?

    – Sizi məqaləni yazmağa vadar edən səbəbi demədiz amma…

    – Bu yazının əsas ruhu odur ki, dövləti idarə edənlər bu dövlətin möhkəmlənməsini, müqavimət gücünün artmağını istəyirlərsə, bu gün üstümüzə gələn şərlə, düşmənlə daha arxayın mübarizə aparmaq istəyirlərsə, xalqın ağıllı adamlarını, düşünən insanlarını ətraflarına yığmalıdırlar. Haqqımızı, səsimizi-sorağımızı dünyaya çatdırmaq istəyiriksə, bunu bacaran aydınları incitmək olmaz. Onlar həmişə sözlərini deyən insanlardır. O adamlar sovet dövründə də döyülüb, qəribədir  ki, müstəqillik dövründə də incidilir. Onda nə fərqi oldu?

    – Bəlkə eyni təfəkkürlü hakimiyyətlərdir ona görə?

    – Şübhəsiz təfəkkür və yanaşma tərzi burda rol oynayır. Mən bir çox yazıçı yoldaşlarıma, ziyalılarımıza münasibəti qəbul etmirəm.  Hesab edirəm ki, bunu edənlər, özlərini sanki bu iqtidarın yanında göstərmək istəyənlər, əslində iqtidar üçün problem yaradırlar. Əslində bu, xalqı narazı salmaqdır, itələməkdir, xalqla öcəşməkdir. Bu, iqtidar-müxalifət davası deyil.
    “Mənim yazıçı kimi borcumdur ki…”

    – Sabir bəy, həmin məqalədə xalq yazıçısı Sabir Əhmədlinin Fəxri Xiyabanda dəfn olunmamasına, Bayram Bayramova etinasız münasibətə toxunmusuz. Milli Elmlər Akademiyasının prezidenti olmuş Eldar Salayevin şəklinin asılmamasına etiraz etmisiz.

    – Cəmil Həsənlinin bu gün işsiz-gücsüz qalmasına, tənqid hədəfinə çevrilməsinə də toxunmuşam. Cəmil Həsənlinin bir sıra yazıları var ki, tarixi hadisələrə aydınlıq gətirir. Bu gün erməni saytlarında bu yazılara cavabları izləyirəm. Bundan sonra Cəmil Həsənliyə özümüzdə də eyni münasibəti görəndə mat qalıram, bu necə olur? Bir alimə yanaşmada bizim erməniylə münasibətlərimiz üst-üstə düşür? Vaxtilə Bəxtiyar Vahabzadəyə çoxlu hücumlar vardı. Onda mən yazdım ki, Bəxtiyar Vahabzadə kimi şairlər millətin əsəb nöqtəsidir, ona toxunmaq olmaz. Elçibəyin xəstəliyi haqda məqalədə yazmışdım ki, o, fiziki xəstəlik deyil, vətən sevgisi xəstəliyidir, eyni zamanda, gördüyü haqsızlıqların yaratdığı xəstəlikdir. Mən “Azərbaycan” qəzetinin redaktoru olmuşam. Həmin vaxt Moskvadan qayıtmış, burda haqsızlıqla üzləşmiş Heydər Əliyevi müdafiə edən ilk yazını da mən çap etmişəm. Mənim yazıçı kimi borcumdur ki, harda bir Azərbaycan aydınına, insanına haqsız təzyiq varsa, onu müdafiə edim. Bir də açıq-aşkar olan şeylər var. Sabir Əhmədli Azərbaycanın xalq yazıçısı idi. Fəxri Xiyabanda dəfn edilmək onun haqqı idi. Ailəsi dəfn etməyə aparanda dedilər ki, saxlayın, baxarıq. Bir gün saxlatdırdılar. O biri gün dedilər ki, biz yer vermirik, gedin harda istəyirsiz dəfn edin. Bu məni çox incitdi. Yəni hakimiyyətdə belə münasibət var, filankəs müxalifətdədirsə, istəyir Allahın bacısı oğlu olsun, istəyir Azərbaycana sənət adamı olaraq nələrsə qazandırsın, fərqi yoxdur, başqa partiyadadırsa, bizim adam deyil. Bu nə deməkdir? Mən qayıtdım maraqlandım ki, niyə belə oldu? Açıq-aşkar dedilər ki, o bizim adam deyil. Nə cür bizim adam deyildi? Axı bu sovet dövründə yazdığı romanlara görə tənqid olunurdu. Müstəqil Azərbaycanın Sabir Əhmədliylə nə problemi ola bilər? Sənət adamı özünə də müxalifətdə durmalıdır. Və sənət adamının müxalifətdə durması hökumətə, dövlətə düşmənçilik deyil. Mənim demək istədiyim bu idi. 

    – Sabir bəy, hökumətdən hansısa reaksiya gəldimi bu yazıya?

    – Deputat həmkarlarımdan bəzisi dedi ki, sən deyə bilirsən, sənə o azadlıq… Sənin o azadlığın var bir yazıçı kimi, amma biz bunu düşünsək də, deyə bilmirik. Dərindən düşünülsə və təhlil olunsa ancaq “sağ ol” deyilməlidir.  

    – Həmin məqalədə yazırsız ki, İlham Əliyev müasir düşüncəli siyasətçidir və ziyalılara bu cür münasibəti o istəməzdi. Məşhur ensiklopediya iclası yadınızda olar. Heydər Əliyev haqda ensiklopediyada gedən tənqidi fikrə görə professor İsmayıl Vəliyevi İlham Əliyev iclasdan qovdu. Bundan sonra hökuməti tənqid edən, ona müxalif olanları belə aqibət gözləməsi normal deyilmi? Bu cür rəftar əslində dövlət başçısının münasibətindən qaynaqlanmırmı?

    – Mən öz təcrübəmdən, müşahidəmdən çıxış edirəm. Məsələn, İlham Əliyev Milli Məclisin deputatı olanda fasilələrdə, çıxışlarda, ünsiyyətdə tənqidə açıq olduğunu, tənqidi qeydləri sərbəst qəbul etdiyini, bəzən də onlarla çox rahat razılaşdığını görmüşəm. Və yaxud apardığı iclaslarda baxıram ki, çox yumşaq, hətta bizi əsəbiləşdirəcək dərəcədə yumşaq rəftar edir. Halbuki o adamların qüsurlarını görür, bilir. İnterneti, sosial şəbəkəni izləyir. Bu baxımdan o, yeni düşüncəli adamdır. Yəni əskilərdən fərqlənir. Axşam saat 6-dır, iş vaxtı qurtarır, çıxır gedir, daha hamısını əsir eləmir. İstəyir hamı normal həyatını yaşasın. Amma o ensiklopediya məsələsi fərqli olmuşdu. Mən o situasiyanın yalnız Heydər Əliyevlə bağlı tənqid nəticəsində yarandığını düşünmürəm.   Görünür, dialoqda istədiyi cavabları ala bilməmişdi.

    – Sizcə, bu əsas verirmi, yaşlı professoru iclasdan bu şəkildə qovsun?

    – Vallah…

    – İlham Əliyev təxminən bunu da söylədi ki, hələ mən burdayam, siz Heydər Əliyev haqda bunu yazırsız…

    – Yox, təəssüf ki, mən o proqrama baxmamışam. Amma dövlət təcrübəsində belə işlər də olur, kimisə iclasdan anındaca çıxarıblar. Bir epizodla deyil ki… Mənim düşüncəm belə deyil ki, İlham Əliyev bütün keçənlərə görə kimdənsə intiqam alsın. Sadəcə, ona “xidmət” göstərənlərin işidir bu.

    “Bu, hakimiyyət üçün böyük problem yaradır”

    – Saytımızın istifadəsçisi Xeyrulla yazırdı: “Sabir Rüstəmxanlı bu uzunluqda məqalə əvəzinə bircə cümlə ilə məhdudlana bilərdi: “İlham Əliyev müasir düşüncəli adamdır”. Buna kimin şübhəsi var? Türmədəki gənclər buna danılmaz sübutdur…”

    – Şübhəsiz, mən gənclərin o cür həbsini qəbul etmirəm. Həmin məqalənin ruhu da odur ki, bu gənclərin də, günahsız adamların həbsi də, xaricdə oxuyub gələn uşaqlarımızın iş tapmaması da hakimiyyət üçün də böyük problem yaradır. Çünki bu narazılıqlar üst-üstə gələndə böyüyür. İlham Əliyev bu ölkənin prezidenti kimi imkan tapıb bu məsələlərlə məşğul olmalıdır. Azərbaycandan bu cür istedadlı gənclər, xaricdə oxuyub gələn beyinlər qovulur. Niyə belə olmalıdır? Mən də bunu yazmışam və cavabı eşitmək istəyirəm.
    – Dinləyici yazır ki, Sabir Əhmədliylə bağlı niyə Anar, Elçin Əfəndiyev, Çingiz Abdullayev səslərini çıxarmadılar? Mən bu suala onu da əlavə edim ki, Rüstəm İbrahimbəyov, Rafiq Əliyevə qarşı kampaniya başlananda onların münasibətini gözləyirdinizmi?

    – Rəhmətlik Sabir Əhmədliyə yer ayrılması ilə bağlı Anar bəzi səviyyələrdə danışıq aparmışdı. Yəni tam kənarda qalmamışdı. Amma küll halında Sabir Əhmədlinin AYB ilə münasibətləri də yumşaq deyildi. O, cod, sözgötürməyən bir adam idi. Yazıçı kimi onlar bir-birini həmişə yüksək qiymətləndiriblər. Elçin Əfəndiyevə, Rafiq Əliyevə gələndə bu sualı onlara vermək lazımdır. Mən bunu soruşa bilmərəm. Amma müəyyən məqamlarda müdafiə etdiklərini görmüşəm. Mənim yanaşmam bir ayrıdır, onların yanaşması ola bilsin bir ayrı. Elçin baş nazirin müavini kimi bu cür hallarla, yazıçıların qayğıları ilə ardıcıl məşğul olmalıdır. Bu vacibdir. Bu problemlərin hamısı ona bağlıdır, onun səlahiyyəti çərçivəsindədir…
    Yeri gəlmişkən, mən ziyalıya münasibətdə AzadlıqRadiosunun da mövqeyinə etirazımı bildirmək istəyirəm. Hökumətin siyasəti ilə üst-üstə düşməsə də, bəlli oxşarlıq da müşahidə olunur. Goreşənlik lazım deyil.

    – Nəyi nəzərdə tutursuz?

    – Bizdə qəribə tendensiya yaranıb, Babəkdən, Xətaidən başlamış Mirzə Fətəli Axundzadəyə, Mirzə Cəlilə qədər hamısı haqda yaraşmayan sözlər deyilir. Bu, Azərbaycanı köksüz qoymaqdır. Bütün tariximizin üstündən xətt çəkmək, bizi ədəbiyyat, tarix yarada bilməyən, şəxsiyyəti olmayan millətə çevirmək istəyirlər. Sizdə də son vaxtlar Mirzə Cəlil, Axundzadə, Nəriman Nərimanov haqda müzakirələr gedir. Olsun, müzakirə yaxşıdır, amma bu müzakirələr işi bilən, yüksək peşəkarlar səviyyəsində aparılsın. Bu günün gözü ilə baxıb demək olar ki, niyə Nizami vətənpərvər olmayıb, Azərbaycan haqda şeir yazmayıb? Ancaq hər şeyə dövrün kontekstində qiymət vermək lazımdır. Biz keçmişimizə hörmətlə yanaşnalıyıq.

    –  Bizim müzakirə etdiyimiz məsələlər AzadlıqRadiosundan öncə ayrı-ayrı müəlliflər tərəfindən mətbuata çıxarılıb, haqqında danışılıb. Biz hər dəfə bir prinsipə əməl etmişik ki, qarşı tərəfi də dinləyək, balanslı müzakirə aparaq, peşəkarların iştirakı ilə fərqli baxışları ortaya qoyaq. AzadlıqRadiosunun həmin şəxsiyyətlərlə bağlı problemi yoxdur. O ki qaldı, Cavanşirlə, Babəklə bağlı səslənən fikirlərə, vaxtilə həmkarınız Nəsib Nəsibli bunu parlamentdə deyib.

    – Nəsib Nəsibzadə bir dəfə Milli Məclisdə deyib ki, Babək azərbaycanlı deyil. Mən dedim ki, Nəsib, sən bu MM-də oturanların 15 faizinin etnik kimliyini müəyyənləşdir, ondan sonra səninlə Babəki müzakirə edərəm. Sən min il öncə Azərbaycan torpağında yaşamış, Azərbaycana xidmət etmiş, ərəb istilasına qarşı 25 il mübarizə aparmış bir kişiylə bağlı sual edirsən: bu türk idi, talış idi? Bu nə deməkdir, nə mənası var axı? Bu adam sənin ölkənə xidmət edib. Çox maraqlıdır, ən qatı müsəlman ölkəsi İranda Babək adına yasaq qoya bilmirlər. Nə molla, nə dindar sataşır. Amma biz sataşırıq, bizim tarixçilər sataşır. Babək tariximizin çox parlaq şəxsiyyətidir, onu inkar etmək olmaz. Tarixçinin göz qabağında olan, bildiyimiz şeyi inkar etməsini qınamaq lazımdır… Nəriman Nərimanov da Azərbaycanın böyük yazıçısıdır, maarifçisidir. Ağır şəraitdə fəaliyyət göstərib. Ola bilsin səhvləri də olub. Amma Leninə “mən sənə inanmaqda yanılmışam”, Orcokenidzeyə şillə vuran, Stalinlə yola getməyən, sonda zəhərlənib öldürülən, aldadılan bir adamdır. Bolşeviklər Azərbaycana gələndə prosesin qarşısını almağın mümkünsüzlüyünü görüb o şərtlər daxilində işləmək istədi. Nərimanov da qıraqda qalsa, nə olacaqdı? O Moskvaya gedəndən sonra Kirov gəldi, Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdı.

    – Mayın 22-də sizi Kamal Abdullanın Milli Akademik Dram Teatrında premyerası olan “Şah və şair” tamaşasında gördük. Tamaşa haqda fikirləriniz.

    –  Siz bu gün bütün münaqişəli məsələlərlə bağlı məndən fikir öyrənmək istəyirsiz. Əlbəttə, yazıçı dostumu təbrik edirəm. Amma şəxsən mən tarixə o cür yanaşmıram. Şah İsmayıl Xətaiyə o cür yanaşmanın da tərəfdarı deyiləm. 32 Osmanlı sultanından 28-i şeir yazıb. Azərbaycanda 5 dövlət başçısı şeir yazıb, 7 Türküstan hakimi şeir yazıb. Bu şeir yazmaq ayrı məsələdir. İndi demək olar ki, bunların hamısının oxşarı var idi, savaşa biri gedirdi, şeiri də o biri yazırdı? Doğru deyil axı. Xətai mürşidi-kamil idi, ağlı da yüksək idi, ürəyi, ruhu da, qılıncı da, şeiri də güclü idi. İndi deyirlər ki, guya bu Təbrizə girəndə pozğunluq edib. O uşaqbaz, əxlaqsız olsaydı, on minlərlə mürid ona inanıb arxasınca gedərdimi? Xətai nur parçası idi… Bunlar toxunulmaz şeylərdir. Əsərin yaxşı tərəfi var, tarixə  yeni yanaşma-filan. Amma Şah İsmayıla bu cür ikili yanaşmanın tərəfdarı deyiləm. Kamal mənim qələm dostumdur, inciməsin, niyə o Xətaninin ruhunu incidir? O Xətainin ruhunu incidəndə mən də Kamal bəyi əsəri ilə bağlı incidərəm. 

    “Milli Şura 4-5 il bundan əvvəl yaranmalı idi”

    – Yenidən siyasətə qayıdaq. Daha bir dinləyici sualı var: “Oktyabrda prezident seçkilərində kimin yanında olacaqsız? Ziyalıların, yoxsa hakimiyyətin?”

    –  Mən öz yanımda olacam. O ziyalılardan öncə mən özüm bu mübarizənin içində olmuşam. O ziyalıların çoxu bu gün ayılıblar, mən 1988-ci ildən bu mübarizənin içindəyəm. Bunu yazanlar kar, kor deyillər ki? Prezident seçkilərinə gələndə, ola bilsin öz namizədimizlə gedək. Əgər demokratik düşərgənin vahid namizədi olsa, real güclər birləşib ölkədəki vəziyyəti dəyişmək yönündə səmimi, etibarlı hərəkat başlasalar mən də o prosesdə olaram. Bu birliyi bu gün yaratmaq da çox gecdir. Bu işi keçən seçkilərdə uduzduğumuz günün sabahı başlamalıydıq. Milli Şura 4-5 il bundan əvvəl yaranmalı idi. Bu gün birləşmək çağırışı mübarizə deyil, Allah ümidinə iş görməkdir.  

  • Nəhəng fikir və əməl adamı: ƏHMƏD BƏY AĞAOĞLU

    Nəsib NƏSİBLİ,

    tarix elmləri doktoru, professor

    Hələ də haqqı tanınmamış, böyük irsinə hələ də əlimiz yetməyən nəhəng fikir və əməl adamlarımızdan biri də Əhməd bəy Ağaoğludur. O, milli siyasi və fikir həyatımızda adı şükranla çəkilməli 3-5 adamdan biridir.

    Sovet dövründə onun haqqında yazılmamış deyil. Amma daim mənfi çalarda. Kaş ki, yazılmayaydı, şüurları zəhərləməyəydilər. Heç olmasa o müəlliflər etdikləri haqsızlıqla bağlı üzrxahlıq etmiş olaydılar.[1] Şüurlara yeritdikləri zəhəri təmizləyə bilməsələr də heç olmasa günahlarını yumuş olardılar.

    Şükürlər olsun, bu böyük fikir və əməl adamı haqqında son illərdə bir neçə dəyərli əsər çap edilib.[2] Obyektiv və insaflı araşdırıcılar onun həyatı və fikirləri haqqında heyranlıq və minnətdarlıqla yazmışlar. Bu kitablara dayanaraq onun haqqında yazı hazırlamaq nisbətən asanlaşıb. Bununla belə, Əhməd bəy o qədər nəhəng şəxsiyyətdir ki, onun həyatındakı keşməkeşli olayları, epizodları, xüsusən konseptual fikirlərini kiçik bir yazıya sığışdırmaq mümkün deyil. Onun zəngin həyatının və o qədər də zəngin yaradıcılığınının quru özətini vermək belə bir neçə yarpaqlıq yazı tələb edir. Bu yazıda çağdaş oxucumuz üçün gərəkli hesab etdiyimiz bəzi məsələlərə toxunacağıq.

    Əhməd bəy Ağayev (Ağaoğlu) [3] (1869-1939) XIX yüzilin sonlarından 1920-ci illərədək Azərbaycanda, sonra isə Türkiyədə siyasi və fikir həyatına yön verən şəxslərdən biridir. O, Şuşada, ata tərəfdən Qurdeli, ana tərəfdən Sarıcalı boyuna bağlı ənənəvi bir ailədə doğulub. Məhəllə məktəbində və xüsusi müəllimlərdən dövrün ənənəvi təhsil sisteminin verdiyi biliklərə yiyələnmiş, anasının təşəbbüsü ilə həm də rus dilini öyrənmişdir. Yenə anasının təkidi ilə Şuşadakı rus orta məktəbinə, sonra isə real məktəbə (təbiət fənləri təmayüllü məktəbə) göndərilir. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəblər şəhərin erməni məhəlləsində yerləşirdi. 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olmuş, müsəlmanları daim incitmişlər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir.[4] Məktəb illərində gördüyü bu acılar bütün həyatı boyu onu izləmiş, onda haqsızlığa etiraz doğurmuşdur. Bu hisslərin yaranmasında bu dövrdə yayğın olan xalqçı (narodniçestvo) ədəbiyyatın da mühüm rolu olmuşdur. Politexnik institutunda oxumaq istəyi ilə Peterburqa gələn Əhməd bəy burada Qafqazdan olan 35-40 gənc arasında sonralar birlikdə çalışacaqları Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov (Topçubaşı) ilə rastlaşır. Bu vaxt gənclər arasında xalqçı əhval-ruhiyyə, rus ziyalılarının arasında isə aşırı millətçilik, o cümlədən antisemitizm çox yayğın idi. Oğlu Səməd Ağaoğlunun yazdığına görə, imtahan zamanı onu yəhidi sayan bir müəllimin qərəzli münasibəti nəticəsində imtahandan kəsilir. Bu haqsız münasibətdən qəzəblənən protest ruhlu gənc Əhməd bəy Ağayev ali təhsil almaq üçün az miqdarda vəsaitlə 1888-ci ilin yanvarında Parisə yola düşür.[5]

    Bir müddət fransızca öyrənəndən sonra Sorbon Universitetinin Şərq dilləri fakültəsində mühazirələrə girir, daha sonra eyni zamanda hüquq fakültəsində oxuyur. Bu zaman Fransa 1870-71-ci illər savaşındakı uğursuzluğun travmasını yaşamaqda idi. İtirilmiş torpaqlar və zədələnmiş  qürur hissi toplumda, ilk növbədə aydın kəsimdə güclü revanşist millətçilik doğurmuşdu. Əhməd Ağayevin dərslərinə ciddiyyətlə yanaşması və fövqəladə istedadı professorlarının da diqqətini çəkmiş, Parisin aydın salonlarına onun yol tapmasına nədən olmuşdu. Əhməd Ağayev (Ağaoğlu) haqqında maraqlı araşdırma aparmış A. Holly Shisslerin təsbitinə görə, gənc tələbəyə Paris həyatında fransızlardan ən çox üç şəxs – onun fars dili və tarixi professoru James Darmesteter, “La Nouvelle Revue” dərgisinin redaktoru Juliette Adam, məşhur filosof və tədqiqatçı Ernest Renan təsir etmişdir.[6] Xüsusən Ernest Renanın dinlər tarixi haqqında yazdığı əsərlər gənc Əhməd bəyin diqqətini çəkmiş, onun protest ruhunu qıcıqlandırmışdır. Renan yazdığı çoxsaylı əsərlərində dinlər tarixində sami (ərəblər və yəhudilər) və ari (hind-avropalılar) irqlərinin rolunu qarşılaşdırmış, birincilərin din tarixinə töhfələrini sərt dillə tənqid etmişdir. Renana görə, İslam tərəqqinin qarşısını alan, inkişafa yer qoymayan bir dindir. Renanın dinlər tarixi və onun  toplum həyatında rolu haqqında əsas tezislərini təqdir edən Əhməd bəy, İslamı müdafiə etmək üçün farsların hind-avropalı olması və şiəliyin farslar üçün milli din xarakteri daşımasını çıxış nöqtəsi olaraq qəbul edir. Onu da nəzərə alır ki, bu zaman Avropada, xüsusilə Fransada fars tarixi və mədəniyyətinə xüsusi rəğbət vardı. Gənc tədqiqatçı ortodoks İslamdan fərqli olaraq şiəliyin inkişafa meylli, yalnız farslara xas məzhəb, hətta din olduğu tezisini müdafiə edir.  Bu tezislərin müdafiəsi məqsədilə “La Société persane” (“Fars toplumu”) ümumi başlıqlı, yeddi bölümdən ibarət məqalələrini “La Nouvelle Revue” dərgisinin 1891-ci il saylarında dərc etdirir. Növbəti il başqa bir dərgidə “Confession du derviche” (“Dərvişin tövbəsi”) adlı məqalə çap etdirir. 1892-ci ildə isə Şərqşünasların XIX Beynəlxalq Konqresində şiəliyin məzdəkçi kökləri haqqında məruzə edir. Bu məruzənin mətninin çapına qərar verilir.

    Sorbon Universitetində təhsil aldığı dövrdə Əhməd bəy Yaxın Şərq haqqında çap edilmiş iki kitaba  rəy yazır, bundan əlavə, Tiflisdə çıxan rusdilli “Kavkaz” qəzetinə məqalələr göndərir.[7]   

    Sonralar türkçülüyün tanınmış xadimi kimi məşhurlaşmış Əhməd bəyin Paris yazılarında “özünü doğma kültürü haqqında yazan fars kimi təqdim etməsi” A. Holly Shisslerin diqqətini çəkmişdir. Gənc Əhməd bəydəki bu “kimlik problemini”ni tədqiqatçı iki mümkün səbəblə izah edir. Birincisi, dini-imperial kimliklə (“rus müsəlmanı”) Peterburqu tərk etmiş Əhməd bəyin yetişdiyi Qafqaz mühiti fars kültürünün hələ güclü olduğu məkan idi; bu kültürün də özəyində şiəlik dururdu. İkincisi, Orta Şərqdən gəlmiş və bir Qərb paytaxt şəhərinin akademik dairələrinə daxil olan şəxs kimi özünü “ari” irqinə aid etmək müəyyən dəyər ifadə edə bilərdi.[8]

    Altı ildən sonra Sorbon Universitetinin Şərq dilləri və hüquq diplomları ilə vətənə dönən Əhməd bəy yolüstü dörd ay İstanbulda qalır. Burada Osmanlının bir sıra görkəmli aydınları və dövlət adamları ilə görüşür. İstanbulda olan Şeyx Cəmaləddin Əfqani ilə yenidən bir araya gəlir, siyasi-ideoloji məsələləri müzakirə edir. Keçmiş dostu Əli bəy Hüseynzadə onu İttihad və Tərəqqi Komitəsinin liderləri ilə tanış edir. Bu görüşlər və uzun müzakirələr onun dünyagörüşünün dəyişməsində mühüm rol oynayır.

    Bir müddət Tiflis gimnaziyasında müəllim işləyib, yerli qəzetlərlə əməkdaşlıq etdikdən sonra “Məşriğ” (Şərq) adlı türkcə bir qəzet çıxarmaq üçün müraciət edir. Hakimiyyət rədd cavabı verir, çünki “o vaxt hökumət rus ünsüründən bulunmayan müsəlmanlara böylə bir vasitəyə izn verməyə müsaidə etmirdi”.[9] Bu arada “İslama görə və İslam aləmində qadın”“İslam və axund” əsərlərini yazır. Bu əsərlərin əsas mövzuları İslamda islahat aparmaq gərəkliyi, onu savadsız mollaların inhisarından qurtarmaq və günün tələblərinə uyğunlaşdırmaq, sünni-şiə ixtilaflarına son qoymaq, qadına layiq olduğu yeri vermək, eləcə də əlifba məsələləridir.[10]  Bu dövrdə Əhməd bəy şiəliyi artıq birtərəfli vəsf etmir, fars kültürünü digər etnik kültürlərdən üstün saymır. Hətta hesab edir ki, “Türk qadınını aşağılayaraq Türk həyatiyyət və mədəniyyətinin gəlişməsi və iləriləməsinə əngəl olan qüvvə o köhnə və çürük İran mədəniyyətidir”.[11] Əhməd Ağaoğlunun tədqiqatçısı A. Holly Shissler də bu dövrdə onun “kimlik problemi”ndə dəyişiklik olduğunu təsbit etmişdir.[12]

    Bu arada milli aydın kəsimini bir yerdə tuta bilən əsas mərkəz 1898-ci ildən sonra Əlimərdan bəy Topçubaşovun (bəzən qısa müddətdə Həsən bəy Zərdabinin) redaktəsi ilə çıxmağa başlayan “Kaspi” qəzeti idi. Rusca çıxmasına baxmayaraq, yeni redaktorun gəlməsindən sonra bu qəzet yerli məsələlərə, milli həyatın müxtəlif sahələrinə aid yazılar çap etməyə başladı. Məhz buna görə o, milli mətbuat orqanı kimi qəbul edilir. Yazı müəlliflərinin çoxu da Azərbaycanın artıq tanınmış ictimai xadimlərinə çevrilmiş şəxslərdi. Müəlliflər sırasında Həsən bəy Zərdabidən tutmuş onlarca gənc qələm sahibi də vardı.

    Qəzetin 1898-ci ildən sonrakı dövründə əsas müəllifi Əhməd bəy Ağayevdi. O, tez-tez ən müxtəlif mövzularda – İslam tarixi, siyasi-ideoloji məsələlərlə bağlı, milli və beynəlxalq həyatın çeşidli yönləri, beynəlxalq siyasət haqqında onlarca məqalə dərc etdirmişdir.

    Əhməd bəy bu mövzularda yazılmış kitab və məqalələrə də özünün münasibətini bildirir, müəlliflərlə canlı polemikaya girirdi. “Kaspi”nin 1899-cu il 16 mart tarixli sayında sonralar məşhur şərqşünas alim kimi tanınmış Krımskinin “Müsəlmanlıq və onun gələcəyi” adlı kiçik kitabı Əhməd bəy Ağayevin sərt tənqidinə hədəf oldu. Kitabın əsas müddəaları ilə razılaşmayan  Əhməd bəy farsların İslam tarixində oynadığı rolla bağlı əsaslandırılmış, maraqlı fikirlər irəli sürür. Məqalə müəllifinə görə, “qalibləri təsiri altına salmaq” qabiliyyətinə malik fars etnosu “İslamın özünü sonralar təhrif edən müxtəlif məzhəb və təriqətlər yaratdı”. Az sonra o, “Məhərrəm” başlıqlı geniş məqaləsində yenidən farsların İslam tarixində rolu mövzusuna qayıdır. O, farsların Abbasi xilafətində təsirinin artmasını və yüksək mövqeləri tutmasını izah edəndən sonra yazır: “…Farslar İslamın ürəyini gəmirmiş, hər il yeni təriqət yaratmışlar; nəzakət xatirinə və rahat olduğu üçün bu təriqətlərə dini don geyindirmiş, amma [bu təriqətlərin] mahiyyəti tamamilə siyasi olaraq qalmışdır; beləcə Zeydilər, İsmaililər, Bəttanilər, Qərmətilər və saysız başqa təriqətlər yaranmışdır”.

    Əhməd bəyin “xilafət üzərində İranın siyasi qəyyumluğu” adlandırdığı dövr bütpərəst monqolların/moğolların hücumları və ondan sonrakı siyasi hadisələrlə qapandı. “Bu cür əlverişsiz şəraitdə belə fars müsəlmanları milli müstəqillik və onun gerçəkləşməsi uğrunda mübarizəni daha böyük əzm və inadla davam etdirmişlər”. Əhməd bəy Ağayevə görə, bu mübarizə “Səfəvi sülaləsi başda olmaqla ayrı dövlətin yaranması ilə uğurla başa çatdı. Səfəvilər seyid, yəni Hüseynin nəslindən idilər. Onlar şiəliyi, yəni Əli, Hüseyn və onların davamçıları kultunu farsların milli dini elan etdilər, bu dini dəbdəbə ilə ört-basdır etmək və farsların ürəyini mümkün qədər ona bağlamaq üçün heç bir vasitədən çəkinmədilər”.[13]  

    Əhməd bəy Ağayevin “Bizim millətçilər” adlı məqaləsi Paris dövrünün yanlış fikirlərindən onun tamamilə uzaqlaşdığını bir daha göstərir. O, İranın İslam tarixindəki rolu  haqqında başqa bir maraqlı fikir irəli sürür. “Özünəməxsus orijinallığını, öz dilini saxlamağa” müvəffəq olmuş bu ölkə, Əhməd bəyə görə, “İslamı özü bildiyi şəkildə, özünün mənəvi ehtiyaclarına uyğun olaraq dəyişdi, öz “ərəbçiliyini” elə zorladı, ona elə pozğunluq və dekadentlik gətirdi ki, indi də İslam özünə gələ bilmir. İslama bütün məzhəblər, bütün təfriqələr, bütün zorlamalar, subversiv nəzəriyyələr İrandan gəldi və yalnız “assimilyatora” qarşı sönməz-tükənməz nifrətlə təlqin edildi. İran bu nifrəti ört-basdır edərək, bəzən onu gizlədərək, səbrlə öz vaxtını gözlədi”.[14]

    Əhməd bəyin panislamizmə həsr edilmiş məqalələri də maraq doğurur. Onlardan biri – “Panislamizm, onun xarakteri və istiqamətləri” başlıqlı yazıda müəllif göstərir ki, Qərb mətbuatında son zamanlar tez-tez “panislamizm” adlanan bu hərəkat haqqında yazılar çıxır. Bu yazıların əsas məqsədi oxucuda qorxu yaratmaqdır. Panislamizmi geriyə qayıdış, fanatizmin oyanması, ya da Osmanlı sultanı Əbdülhəmidin intriqası kimi qiymətləndirənlər var. Halbuki panislamizmi şərtləndirən əsas amil əzilən İslam aləmini Qərbin artan təzyiq və köləliyindən qurtarmaq istəyidir.[15]

    Əhməd bəy Ağayev İslamı “fanatiklərin dini” kimi qələmə verənlərə qarşı üç hissədən ibarət məqalə yazmış, onların bu iddialarının əsassız olduğunu Peyğəmbərin hərəkətləri və bu dövrdə baş vermiş başqa hadisələrlə izah etmişdir.[16] O, “kitab əhlinə” İslamın ilk dövrlərində xoş münasibətini göstərən tarixi faktları xatırlatmışdır.

    Əhməd bəy Ağayevin adı çəkilən “Bizim millətçilər” başlıqlı məqaləsi[17] həm dövrün, həm də müəllifin özünün ideoloji-siyasi əhval-ruhiyyəsini əks etdirmək baxımından önəmlidir. Müəllifə görə, “millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq… Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”. Amma hakim millətçilik bu zaman Rusiyada azlıqlara qarşı nifrət püskürür, onları assimilə etməyə çalışırdı. Məsələn, “Novoye vremya” jurnalının yazarı Menşikov erməniləri, bolqarları, serbləri və başqa azlıqları dilindən imtinaya məcbur etmədiyi, onlara zorla İslamı qəbul etdirmədiyi, başqa sözlə, assimilə etmədiyi üçün Osmanlını “axmaq” adlandırır. Əhməd bəy Ağayev rusiyasayağı bu tip millətçiliyi, müasir terminlə ifadə etmiş olsaq, şovinizmi rədd edir.

    “Türk-tatar irqinin özünəməxsus əlifbası varmı?” adlı məqalədə (Kaspi, 20 iyul 1901) Əhməd bəy Türk-tatarların qədim tarixi, onların yürüşləri və xarakteri haqqında məlumat verərək, hazırda istifadə etdikləri ərəb əlifbasının Türk dilinin xüsusiyyətlərinə uyğun gəlmədiyini göstərir. Bu sahədə çoxdan başlanmış müzakirələrin xülasəsini verdikdən sonra Türklərin iki gədim əlifbasının olduğunu bildirir. O, Nəcib Asim bəyin “Türk yazıları” kitabına istinadən qırğız və uyğur boylarının əlifbaları (uyğun olaraq VI-VII və VII-VIII yüzillər) haqqında geniş bilgi verir.

    Hacı Zeynalabdin Tağıyevin öz vəsaiti hesabına 1905-ci ildə  “Həyat” qəzetini təsis edib, baş redaktorluğunu Əhməd bəy Ağayevə (Əli bəy Hüseynzadə ilə birlikdə) təklif etməsi ilə onun həyatında yeni mərhələ başlandı. Eyni məram sahibi dostları ilə bir yerdə xalqının problemlərinin həlli yolunda çalışmaq üçün o artıq təsirli bir vasitə əldə edə bilmişdi.

    Artıq ideoloji həyatda fəal fikir çatışması başlanmışdı. Əhməd bəy bu çatışmaların tam mərkəzində yer almış, hətta ona yön vermişdir. Yerli aydınlar arasında kimlik məsələlərinə münasibətdə millətçixalqçı cərəyanları təmsil edənlərdən fərqli görüşləri olan kosmopolit (daha çox ruspərəst) kəsim də var idi. Dövrün nəsr və şeirində onların tənqidinə aid onlarca nümunə var.  Xalqına yabançı bu kəsim mətbuatda “intiligent”, ya “obrazovonski” adlandırılır, millətçilərlə onlar arasında fikir mübarizəsi gedirdi. Fərhad Ağayev (Ağazadə) Əhməd bəyin redaktə etdiyi  “İrşad” qəzetində millətçiliyin müdafiəsinə həsr olunmuş məqaləsində “millətin istiqbalını təmin etmək üçün birləşmək” gərəkliyi və bunun üçün millətçiliyin yeganə uyğun cərəyan olduğu fikrini irəli sürür. Elə buradaca o yazır: “Bir para darülfünunlarda təlim tapmış cavanlar millətin böylə ağlar halətini görüb də onun mühüm ehtiyaclarına əslən etina etməyib, özlərini ayrı firqələrə, ayrı partiyalara mülhəq ediyorlar”.[18] Fərhad Ağayevin məqaləsindəki fikirlər Harun Sultanov adlı bir “intiligent”in etirazına səbəb oldu. Harun Sultanova görə, “Nasyonalizm o vəqt lazım idi ki, bir dildə, bir yerdə, bir adətdə olanları yığsın bir yerə… Nasyonalizm bizə heç lazım deyil, biz nasyonalizmdən keçmişik”. Millətçiliyi (“nasyonalizm”i) tənqid edən müəllif alternativ olaraq sosializm və İslamın gərəkliyi fikrini müdafiə edir.[19] Redaksiya (Əhməd bəy Ağaoğlu) bu müzakirənin vacib olduğunu bildirir və oxucuları müzakirəyə qoşulmağa dəvət edir. Fərhad Ağayev özü müzakirənin davamı olaraq bu mövzuda bir neçə məqalə yazır. Məqalələrin birində o göstərirdi: “… ha xəyala düşürəm, ha imdiki müsəlmanların nəinki nasyonalizmdən keçib ötmədigini, hətta nasyonalizmə gəlib çatmadığını da müşahidə edə bilmiyorum… Yenə başa düşə bilmiyorum ki, rəfiqimiz [Harun Sultanov] bu dünyadan xəbər veriyor, yoxsa axirətdən?”.[20]

    Əhməd bəy Ağayev bir qədər sonra millətçiliyin gərəkliyi mövzusuna qayıdıb “Millət və millətçilik” başlıqlı dörd hissədən ibarət məqalə yazdı. Bu məqalə Bakı mətbuatını sosializm (“adəmiyyət”) fikrinə aludə olmaqda ittiham edən “Tərcüman” qəzetinin bir məqaləsinə cavab olaraq yazılmışdı. Əhməd bəy bu iddianın doğru olmadığını bildirir və millətçilik haqqında özünün baxışlarını izah edir. O bildirir ki, “hər fərdin ömründə olduğu kibi, bir millətin ömründə də dövrələri var. Bu dövrələri keçmək məcburi bir əməldir”. Daha sonra müəllif Avropa  ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: “… cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!”.[21] Əhməd bəy başqa məsələlərlə yanaşı, hər millətçiliyin müsbət olmadığı fikrində də israr edir. Rusiyada Pruşkeviçin millətçiliyi ilə Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu izah edir. Elə buradaca o, öz millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət sayır: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu gunə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar”.[22]

    Əhməd bəy Ağayevin “həqiqi millətçilik” anlayışında keçmişi ideallaşdırmaq yoxdur, əksinə, o, tarixin öyrənilməsinin ondan dərs almaq üçün lazım olduğunu bildirir. Məqalələrinin birində o yazırdı: “Gəlin açıq və səmimi danışaq. Əcdadlarımız bizə nəyi miras qoyub gediblər? Onlara nəyə görə hörmət etməliyik? Özlərinin səfehlikləri və ağılsızlıqları ucbatından şəhərləri, qarət olunmuş kəndləri tərk edib getdiklərinə görəmi, öz əcdadlarının əməyi ilə yaradılmış bütöv, nəhəng orqanizmləri viran qoyduqlarına görəmi?.. Əcdadlarımıza nəyə görə hörmət etməliyik? Zorakılıq qarşısında qorxub geri çəkilmək ənənələrinə görəmi, bizim qüvvələrimizi hələ də korşaldan, bizi yaşamaq qabiliyyətindən tamamilə məhrum edən güclülərin qabağında  kor-koranə, mənasızcasına baş əymək xasiyyətinin nəsildən-nəslə irsən keçməsinə görəmi?”.[23]

    1905-ci il inqilabı milli azlıqlar üçün də bayram havası gətirmişdi. Dəyişən yeni şəraitdən istifadə etmək gərəkdi. Əhməd bəy bu dəyişikliyi ən yaxşı dərk edən və ondan fəal şəkildə istifadə etməyə çağıran fikir və əməl adamlarından biri idi. Bu zaman Rusiyada sakin olan Türklərin birliyi məsələsi gündəmdə idi.

    Rusiya Müsəlmanları İttifaqının qurulması prosesində Azərbaycandan ən fəal iştirak edən şəxs Əlimərdan bəy Topçubaşov idi. O, bir neçə dəfə bu təşkilatın qurultaylarında sədrlik etdi. Qurultayların sənədləri bir qayda olaraq Topçubaşovun qələminin məhsulu idi. Müsəlmanlar İttifaqının qurulmasında daha bir neçə nüfuzlu Azərbaycan Türkünün (bu sıradan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə) fəal iştirakına baxmayaraq sonralar, özəlliklə II qurultaydan sonra Azərbaycandan olan siyasətçilərin və ictimai xadimlərin bu quruma marağının söndüyü müşahidə edilir (Topçubaşov istisnadır). Bakıda Rusiya Müsəlmanları İttifaqının yerli şöbəsinin qurulması haqqında qərarın olmasına baxmayaraq burada həmin şöbə yaranmadı. İttifaqın rəhbərliyində Topçubaşovdan başqa Azərbaycandan siyasət adamı təmsil edilmədi. Nə hikmətsə, Əhməd bəy Ağayev kimi son dərəcə böyük enerji və intellekt sahibi olan ictimai xadim belə Rusiya Türklərinin həyatında önəmli hadisə olan bu qurultayların və təşkilatın fəaliyyətindən uzaq durmuşdur. Həmin hadisələrin iştirakçıları bu passivliyin səbəbləri haqqında yazmamışlar, ya bizə onu görmək qismət olmayıb. Bu məsələ çox sonralar Amerikalı tarixçi Tadeusz Swietochowski’nin də diqqətini çəkmişdir. O, bu uzaqdurmanı Tatarıstan və Azərbaycan burjuaziyası arasındakı rəqabətlə izah edən Sovet tarixçiliyinin tezisinin doğruluğuna şübhə ilə yanaşır.  Swietochowski’yə görə, Azərbaycan siyasi xadimlərinin və burjuaziyasının bu prosesə soyuq münasibətdə olmasının səbəbi onların “Qafqaz ayrılıqçılığına [particularism] bağlılıqlarının” Rusiya müsəlmanlarının birliyinə maraqlarına nisbətən daha güclü olması ilə izah edilməlidir.[24]  Bizcə, bu tezisle razılaşmaq olar. Çünki bir az sonra da görəcəyimiz kimi, Qafqazda milli-etnik problemlər 1905-ci ildən sonra o qədər aktuallaşdı ki, Azərbaycandan olan siyasi-ictimai xadimlərin enerjisinin önəmli hissəsi erməni hücumlarını dəf etməyə sərf olundu.

    Bəlli olduğu üzrə, erməni ünsürü rus hakimiyyətinin Güney Qafqazda güvəndiyi yeganə qüvvə idi. Qafqazın güney-doğu hissəsində yeni elitin yaradılmasında rusların tamamlayıcısı olaraq erməni elementinə böyük önəm verilirdi. XIX yüzil boyu onlar üçün yaradılmış imtiyazlı şəraitdən istifadə edən ermənilər hər sahədə gücləndilər. Qafqazda Türklər və ermənilərin milli gücü arasında əhəmiyyətli fərq yarandı. Bu məsələni araşdırmış senator Kuzminski 1905-ci ildə yazırdı ki, xanlıqlar dövründə ermənilər “müsəlmanların torpaqlarını becərir, şəhərlərdə sənətkarlıqla məşğul olur, müsəlmanlardan tam asılı vəziyyətdə idilərsə, xanlıqların süqutu və rus hökmranlığının qurulmasından sonra onların vəziyyəti kəskin surətdə dəyişdi”. Ermənilər artıq “işğal olunmuş tayfalarla rus hakimiyyəti arasında vasitəçiyə çevrildilər”. Müsəlmanlar isə ”rus qoşunları ilə vuruşduqları və İslama etiqad etdikləri üçün ilk əvvəldən etibarsız element sayıldılar; bu xalq dilinə, dininə, adət və ənənələrinə görə tamamilə yaddır; heç cür assimilyasiya olunmur; öz xüsusiyyətlərini əldə silah qorumağa meyllidir”.[25] 

    Yüzillərin qovşağında Bakı neft sənayesində erməni kapitalının öncül mövqeyə çıxmasının səbəblərindən biri, ya birincisi birbaşa rus hakimiyyətinin onlar üçün yaratdığı güzəştlərlə izah edilməlidir. 1821-72-ci illərdə mövcud olmuş neft yataqları üzərində dövlət inhisarı və icarə sistemi zamanı ermənilər üçün xüsusi imtiyazlı şərait yaradıldı. İlk 13 il neft quyularının icarəsi Ter-Qukasova, daha sonra isə Mirzoyevə verildi.[26] Hökumət icarə sistemini ləğv edərək neftli torpaqları satışa çıxardıqdan sonra rus, gürcü, yəhudi və xarici kapitalın bu sahəyə yönəlməsi ilə erməni kapitalı üstün mövqeləri itirmədi. XX yüzilin başında Bakıdakı 167 neft şirkətindən 55-i, yəni 32,9%-i ermənilərə məxsus idi. Bu şirkətlərdən 21-i (12,8%) ruslara, 17-si (10,2%), yəhudilərə, 6-sı (3,6%) gürcülərə, 19-u (11,3%) xaricilərə məxsus idi. Yerli Türklərin 49 (29,3%) neft şirkəti vardı. Sonuncular əsas etibarı ilə kiçik, qismən orta həcmli müəssisələr idi. Böyük şirkətlər ermənilərə və ruslara məxsus idi.[27] Balıq sənayesindəki icarə sistemi də ermənilərə xüsusi imtiyazlar verirdi. Bu sahə Mirzoyev, Korqanov, Ananyev, Mantaşov kimi erməni kapitalistlərinə icarəyə verilmişdi.[28] Şərab, tütün sahələrində erməni kapitalı şəriksiz hökmran durumda idi. Bütün Bakı quberniyası üzrə iqtisadi fəaliyyətdə də erməni burjuaziyası birinci yerdə idi. 1900-cu il rəsmi məlumatına görə, quberniyada olan qeydə alınmış müəssisələrin 29%-i ermənilərin idi (ruslar 27, Türklər 18, xaricilər 13%).[29]

    Maraqlıdır ki, ermənilər, Güney Qafqazın siyasi mərkəzi olan Tiflisin ticarət və sənayesində də hakim mövqedə idilər. Buradakı ticarət və sənaye müəssisələrinin 62,5%-i onlara məxsus idi. Gürcülər isə bu müəssisələrin 18,3%-nə, dövriyyənin 8, gəlirin isə cəmi 9,8 %-nə nəzarət edirdilər.[30]

    Erməni burjuaziyasının iqtisadi gücü Bakının əmlak bazarında da özünü açıq göstərməkdə idi. Ermənilər Bakının ən zəngin təbəqəsi idi və ən bahalı evlər onlara məxsusdu. Rəsmi rəqəmlərə görə, şəhərdə bir erməniyə məxsus mülk bir müsəlmanın mülkündən orta hesabla 9 dəfə, şəhərdəki bütün orta statistik mülkə nisbətən isə 3,5 dəfə baha idi.[31] Bakı qəzasında torpaqların alış-verişi torpaq üzərində mülkiyyət sahiblərinin də sürətlə dəyişməsinə səbəb olurdu. Senator Kuzminskinin istinad etdiyi rəsmi rəqəmlərə görə, bu qəzada torpaqların cəmi 16,4%-nin ermənilərə məxsus olmasına baxmayaraq, onlar ən gəlirli torpaq sahələrinə sahib idilər və ən çox torpaq vergisi ödəyirdilər (31%). Torpaq vergisinin cəmi 16%-i müsəlmanların payına düşürdü.[32]

    Milli gücün komponentlərindən olan təhsil və mədəniyyət sahələrində də XX yüzilin başlarında böyük fərq yaranmışdı. Sayca yerli Türklərdən qat-qat az olmalarına baxmayaraq, senator Kuzminskinin araşdırmalarına görə, Bakıda ali təhsilli erməni mütəxəssislərin sayı Türklərə nisbətən qat-qat çox idi. Xüsusən bu, mühəndis və həkimlərin nisbətində özünü göstərirdi. Yenə onun istifadə etdiyi rəsmi rəqəmlərə görə, 1901-ci ildə Bakıdakı orta təhsil müəssisələrinin ümumi sayının 41,1%-i ermənilərin payına (ruslar 33,8, yəhudilər  11,9%) düşürdü. Bu məktəblərdə oxuyan şagirdlərin yalnız 4,5%-i, qızların isə 0,5%-i müsəlman idi.[33]

    Ənənəvi məktəblərdə oxuyan müsəlman uşaqlarının sayı da bu nisbəti dəyişmək iqtidarında deyildi. Rus hakimiyyəti türkcə mətbuatın yaranmasının inadla qarşısını alırdısa,  ermənilərin çıxardıqları qəzet və dərgilər minlərlə tirajla yayılmaqda idi. Müqayisə üçün xatırladaq ki, hələ XIX yüzilin ortalarında ermənilərin 30-a yaxın mətbu orqanı vardı. Bunlardan 6-sı İstanbulda, 5-i Venesiyada, 3-ü isə Tiflisdə çıxırdı.[34]

    Erməni millli gücünün ən zəif yeri onların demoqrafik durumu idi. Rus hakimiyyəti XIX yüzil boyu erməniləri Osmanlı və İrandan gətirib, Qafqazda bu elementin çəkisini artırmağa cəhd etməsinə baxmayaraq, ermənilər Güney Qafqazda hakim etno-demoqrafik amil ola bilmədilər. Kənd əhalisinə nisbətən daha fəal şəhər əhalisinin tərkibində ermənilərin çəkisinin durmadan artmasına baxmayaraq, onlar hələ də azlıqda idilər. Ən vacib amil isə onların ifrat dağınıq şəkildə yerləşməsi idi. Belə ki, 1897-ci il rəsmi sayım materiallarına görə, Zaqafqaziyanın (Dağıstan əyaləti və Qaradəniz quberniyası daxil) 5.563.246  nəfərdən ibarət ümumi əhalisinin 1.091.316 nəfəri erməni-qriqoryanlar idi (müqayisə üçün: müsəlmanlar 2.575.057). Bu 1.091.316 erməninin 298.685 nəfəri Gəncə quberniyasında, 71.123-ü Qars əyalətində, 52.563-ü Bakı quberniyasında, 9.532-si Batum əyalətində,  2.132-si Zaqatala əyalətində, 1.623-ü Dağıstan əyalətində, 2.912-si Kutais quberniyasında, 6.536-sı Suxum əyalətində, 208.029-u Tiflis quberniyasında, 6.141-i Qaradəniz quberniyasında, 432.042-si İrəvan quberniyasında məskun idi.[35]  İrəvan şəhərində 1897-ci ildə ermənilərlə Türklərin sayı bərabər olsa da İrəvan qəzası əhalisinin (121.813) tərkibində Türklər (73.033) çoxluqda idilər.[36] Coğrafi dağınıqlıq erməni milli hərəkatının qarşısında duran əsas problem hesab edilirdi. Erməni partiyalarının əhalisinin əksəriyyətinin ermənilərdən ibarət olan bölgə yaratmaq istəyi də bundan qaynaqlanırdı.

    Yuxarıda da deyildiyi kimi, erməni milli gücünün XIX yüzildə artmasının əsas səbəbi rus imperiya hakimiyyətinin onlara xüsusi münasibəti ilə bağlıdır. Rus hakimiyyətinin birbaşa təhriki və dəstəyi ilə ermənilərdə siyasi təşkilatlanma işi qonşulara nisbətən erkən başladı, siyasi fəaliyyətə başlamış erməni siyasi təşkilatları erməni milli hərəkatını yönləndirdilər. Erməni siyasi təşkilatlarının erkən yaranmasının digər səbəbi olaraq 1878-ci il Berlin traktatında Osmanlıda xristian azlıqlar, o cümlədən ermənilər yaşayan əyalətlərdə islahatların keçirilməsi zərurəti haqqında 61-ci maddənin olmasını göstərmək lazımdır.

    1887-ci ilin avqustunda Cenevrədə bir qrup erməni tələbəsi “Qnçak” (“Zəng”) adlı sosial-demokrat təmayüllü siyasi partiya yaratdı. Bu partiya Osmanlı daxilində ermənilərin yaşadığı əyalətlərin azad edilməsini və burada müstəqil erməni dövlətinin qurulmasını əsas cari məqsədi elan etdi. 1890-cı ildə Tiflisdə yaradılmış Erməni İnqilabi Partiyası Daşnaksütyun da əsas məqsədinin “Türk Ermənistanı”nda müstəqil demokratik respublikanın qurulması olduğunu bəyan etdi. Hər iki partiya məqsədə çatmaq üçün bütün vasitələrin, o cümlədən silahlı çıxışların və terrorun məqbul olduğunu proqram sənədlərində göstərdi. Yaranar-yaranmaz bu təşkilatlar paytaxt İstanbul da daxil, Osmanlının müxtəlif yerlərində silahlı və silahsız hadisələr törətmiş, bəzi yerlərdə üsyan qaldırmışdılar.[37] Onlarca insanın ölümü ilə nəticələnmiş bu üsyan və silahlı toqquşmalarda əsas məqsəd Avropa dövlətlərinin və Rusiyanın diqqətini erməni məsələsinə çəkmək idi. Erməni partiyalarının, xüsusən Daşnaksütyunun ekstremist fəaliyyətinin nəticə verdiyini söyləmək mümkündür – Rusiya və Avropa dövlətləri Osmanlıya təzyiq vasitəsi kimi erməni məsələsindən bundan sonra daha ardıcıl istifadə etməyə başladılar. Amma az sonra, Daşnaksütyun liderlərinin də anlayacağı kimi, Osmanlıda erməni məsələsi bu dövlətlərin əlində ancaq təzyiq vasitəsi rolunu oynadı. 1890-lardakı silahlı çıxışların ən vacib nəticəsi isə bu  silahlı çıxışları yatırtmalı olan Osmanlı hökumətinin sərt tədbirlərindən sonra on minlərlə erməni ailəsinin var-yoxunu atıb “Türk Ermənistanı”nı tərk etməsi oldu. Ermənilərin “Qərbi Ermənistan” adlandırdığı Osmanlı vilayətlərində ermənilər daha artıq dərəcədə etnik azlığa çevrildilər. Bu ac və acıqlı kütlənin (“qaxtağan”ların) xeyli hissəsi Güney Qafqazda yerləşdi və burada etno-demoqrafik və siyasi durumun daha da gərginləşməsinə əlavə stimul verdi.

    1890-cı illərin ortalarından etibarən Daşnaksütyun siyasi fəaliyyət dairəsinə Güney Qafqazı da daxil etdi. Bu, rus hakimiyyətinin erməni milli hərəkatını daha artıq nəzarətə almaq istədiyi dövrə təsadüf edir. Bu məqsədlə Qafqazdakı rus hakimiyyəti tərəfindən ermənilərin siyasi mərkəzinə çevrilmiş Eçmiədzindəki qriqorian kilsəsinə təzyiqlər edildi, hətta bu kilsənin rus pravoslav kilsəsi ilə birləşdirilməsinə cəhdlər oldu. Qafqazın baş valisi knyaz Qriqori Qolitsın mülki idarələri doldurmuş erməni məmurların bir hissəsini işdən çıxardı.[38] 1897-ci ildə qriqorian kilsəsinə məxsus məktəblərin Təhsil Nazirliyinə tabe edilməsi haqqında  qanun  verildi. 1903-cü ildə isə qriqorian kilsəsinin dini işlər üçün zəruri olmayan əmlakının ondan alınıb mülki dövlət idarəsinin tabeliyinə verilməsi haqqında qanun çıxdı. Bu sonuncu qanun erməni katolikosunun, erməni siyasi təşkilatları və mətbuatının, erməni milli hərəkatını təmsil edənlərin qəzəbinə səbəb oldu. Erməni milli hərəkatı ilə rus hakimiyyətinin arası dəydi. Osmanlıda silahlı mübarizə təcrübəsi qazanmış erməni partiyaları, xüsusilə Daşnaksütyun terror fəaliyyətlərini Qafqaza keçirdi. Daşnaksütyun artıq hərbi-siyasi ordenə çevrilmişdi.[39] Rus polisinin verdiyi məlumata görə, inqilab dövründə Daşnaksütyunun 165 min üzvü vardı. İxtiyarındakı hərbi dəstələrdəki (zinvor) döyüşçülərin sayı isə 100 minə çatırdı. Terrorçu hazırlamaq üçün bu təşkilatın Bolqarıstanda xüsusi hərbi məktəbi, Londondakı Erməni Milli Bankında isə 1 milyon funt sterlinqlik hesabı vardı. Hərbi dəstələri saxlamaq üçün 10 milyon rubla qədər büdcə xərclənirdi.[40] Onlarca rus məmuru terrora məruz qaldı. Erməni-Rusiya münasibətləri bu zaman o dərəcədə gərginləşdi ki, erməni terrorizmi Rusiya imperiyasının Qafqazdakı ali təmsilçisi qraf Qolitsını, Bakı qubernatoru knyaz Nakaşidzeni belə hədəfə almağa cəsarət etdi.

    Bir sözlə, Türklər və ermənilər müxtəlif şərtlərdə yeni siyasi mərhələyə girirdilər. Milli güclər fərqli idi. Ermənilər siyasi təşkilatlanma, iqtisadi qüdrət, dövlət orqanlarında təmsilçilik, təhsil, mətbuat və s. sahələrdəki üstün güclərinə güvənib, Güney Qafqazda aparıcı güc olmaq iddiasında idilər. Erməni milli hərəkatı bir qədər də qabağa gedib, gələcək muxtar Ermənistanda əhalinin əksəriyyətinin ermənilərdən ibarət olması üçün bu coğrafiyanı başqa etnik birliklərdən təmizləməyi planlaşdırırdı. Gürcü sosialisti Karibi az sonra Daşnaksütyunun strateji xətti  haqqında yazacaqdı: “Daşnaklar gəldilər, özləriylə milli nifrət gətirdilər… Erməni inqilabçılarının, xüsusən Daşnaksütyun partiyasının buralarda peyda olmasınadək Zaqafqaziya sülh və əmin-amanlıq şəraitində yaşayırdı… Daşnaklar gələcək muxtar Ermənistan üçün başdan-başa ermənilərlə məskun ərazi yaratmaq haqqında moizələri ilə gəldilər və  Zaqafqaziya kəndinin patriarxal həyatına milli düşmənçilik və nifrət hissləri girdi. Ermənilərin silah çəkməsinə türklər da eyni qaydada cavab verdilər”.[41]

    Daşnaksütyunun erməni xalqı üçün təmiz ərazi yaratmaq strategiyası onun proqram sənədlərində də təsbit edilmişdi.[42] Bu, rus hakimiyyəti üçün də sirr deyildi.[43]  İllər sonra bir sıra araşdırıcılar, eləcə də sovet tarixçiliyi Qafqazda birinci erməni-türk savaşının əsas səbəbi olaraq erməni və türk burjuaziyası arasında rəqabətlə izah etməyə çalışacaq,[44] halbuki belə bir rəqabət olsa da erməni milli ideyası “təmiz ərazi” yaratmaq strategiyasından ibarət idi. Rus hökumətinin inqilabdan kütlələri yayındırmaq üçün türk-müsəlman ziddiyyətlərini qızışdırmaq və bu ziddiyyətlərin iki qonşu xalq arasında kütləvi qırğınlara səbəb olmasında fəal rolu da araşdırıcıların diqqət çəkdikləri əsas mövzulardandır. 

    1905-ci il inqilabı türklər üçün ermənilərin təzyiqləri ilə başladı. Ağır yaralanandan sonra Qafqazı tərk etmiş  Qalitsından sonra Qafqaza canişin təyin edilmiş qraf İllarion Vorontsov-Daşkov 1908-ci ildə imperiyanın baş nazirinə yazdığı məktubda bu illəri belə xatırlayır: “Daşnaksütyun’un həyasızlığının həddi-hesabı yoxdu və 1904-cü ilin sonlarına doğru Daşnaksütyunun [ermənilər üzərində] hakimiyyəti öz zirvəsinə çatdı… 1905-ci ilin başlarında öz gücündən və vəziyyətindən sərxoş olmuş Daşnaksütyun xadimləri arasında müsəlmanları da özünə tabe etmək fikri meydana çıxdı”.[45] Bu məqsədlə Daşnaksütyun müsəlmanlara ünvanlanmış minlərlə bəyannamə yaydı. Burada müsəlmanları rus hökumətinə – “yeganə düşmənə qarşı” birgə mübarizəyə çağırdı. Amma çağırış-bəyannamələr, maraqlıdır ki, ermənilərlə işbirliyinə getməyən müsəlmanlara təhdidlə bitirdi: “Hazır olun: biz torpağı sizin qanınıza bələyəcək, sizin meyitlərinizi bütün dünyanı bürüyəcək atəşə verəcəyik”.[46]

    1905-1906-ci illərdə erməni-türk (erməni-müsəlman davası) qırğınları haqqında çox yazılıb,[47] ayrıntılarına girməyəcəyik. Mövzumuz üçün onun türk toplumuna təsiri daha önəmlidir. Yalnız çox qısa şəkildə xatırladaq ki, Qafqazların bu faciəli hadisələri 1905-ci il fevralın 6-da Bakıda bir müsəlmanın ermənilər tərəfindən öldürülməsindən sonra başlandı. Silahlı toqquşmalar və talanlar üç gün çəkdi. Dövlət orqanları “bitərəf qaldıqları” görüntüsünü yaratdılar. Rəsmi statistikaya görə, ölənlərin sayı 249 nəfər idi (201 erməni, 40 müsəlman). Əslində isə min nəfərdən çox adam öldürülmüşdü. Fevralın 20-21-də bu hadisələr İrəvanda təkrarlandı. Daha sonra terror və qətl hadisələri Naxçıvanda (mayın 12-dən ayın sonunadək), Şuşada (iyunun başlarında), yenidən Bakıda (20-26 avqust), Baş Noraşendə (sentyabrın sonları), Qazaxda (sentyabrın sonları), Gəncədə (15-18 noyabr) və Tiflisdə (21 noyabr) baş verdi. 1906-cı ilin birinci yarısında qırğınlar səngisə də müxtəlif yerlərdə davam etdi. İl yarım ərzində hər iki tərəfdən 10 minə qədər adam həlak oldu.[48] Qori qəzasının rəisi, sonra Gəncə və Dağıstan valisi olmuş general Alftanın bir gizli raportu hökumətin bu faciədə oynadığı rol və güddüyü məqsədi göstərir. General Alftan baş nazir və daxili işlər naziri Stolıpinə yazırdı: “Türklər və ermənilərin yaşadığı Zaqafqaziyanın şərq hissəsində hərc-mərclik gözlənilmədən bu iki silahlanmış xalq arasında qanlı və qəddar qisas şəklində özünü göstərdi. Hərc-mərcliyin bu şəkildə özünü göstərməsi bizim üçün çox uğurlu sayılmalıdır, çünki heç şübhəsiz, bütün bu hərəkətlər əslində ermənilər tərəfindən istiqamətləndirilir və bizə qarşı yönəlib. Onların Türklərdən bu cür həyasız və kobud dəstək tələbi, onları iqtisadi əsarətə almaları və işbirliyindən imtina etdikləri təqdirdə onları ölümlə hədələmək də daxil olan təhdidləri bu qırğınları yaratdı və fəlakəti bizdən uzaqlaşdırdı”.[49]

    Erməni təhdidlərinə, daha sonra birbaşa hücumlarına türk toplumu hazır deyildi, odur ki, reaksiyası gecikdi, itkiləri isə daha çox oldu. Bununla belə, bu hadisələr türkləri təşkilatlanma, özünümüdafiə ehtiyacına inandırdı. Bu ehtiyacı dərk edən və millətini müdafiəyə qalxmış şəxslərdən biri, bəlkə də “birincisi” desək daha haqlı olar, Əhməd bəy Ağaoğlu oldu.

    Bakı qırğınlarından bir neçə gün sonra, fevral ayının 14-də Gəncədə iki bəyannamə yayıldı. Rus hakimiyyətini təlaşa salmış bu bəyannamələrin birində deyilirdi: “Türk qardaşlar! Bakı hadisələri biz müsəlmanları və erməniləri yüz il geri atdı və başqa tayfaların gözündə bizləri rəzil etdi. Bakı küçələri qanına bələnmiş ermənilər və müsəlmanlarla dolduğu bir zamanda bizim düşmən sevinir və özü-özünə fikirləşir: “Bir halda ki bu iki millət bir-birinin boğazından yapışıb, deməli, mənim əlim-ayağım açıqdır”. Buradaca düşmənin kimliyi – rus hökuməti – adı ilə bildirilir, ayılıb onu yaxşı tanımağa, daha sonra Qafqaz xalqlarının birləşib, xəncər və güllələri həqiqi düşmənə qarşı yönəltməyə çağırılırdı.[50]

    İkinci bəyannamə məzmunca daha əhatəli idi; burada proqram xarakterli mülahizələr vardı. Bəyannamədə rus hökumətinin Qafqazlarda müstəmləkəçilik siyasətindən bəhs edilir, hakimiyyətin buranı ruslaşdırmaq niyyətində olduğu bildirilir, bu hakimiyyətdən yaxşı bir şey gözləməyin düzgün olmadığı qeyd edilir, buradan da millətin öz başına çarə qılması – kütləvi surətdə təşkilatlanması və özünü qorumaq üçün silahlı dəstələr yaratması zərurəti göstərilirdi. Daha sonra müsəlmanların təkbaşına Rusiyaya qarşı dura biləməyəcəyindən Qafqaz xalqlarının birləşməsi, onların “öz rifahı üçün muxtariyyət qanunlarının  tətbiqinin” zəruri olduğu qənaəti bəyan edilirdi. İlk dəfə olaraq muxtariyyət şüarını irəli sürmüş bu siyasi sənədi Türk Sosial-Federalistlər Komitəsi imzalamışdı.[51] Araşdırmaçı İradə Bağırovanın qənaətinə görə, bu təşkilat 1905-ci ildə Gəncədə formalaşmağa başlayan “Qeyrət” Sosial-Federalistlər Partiyasının sələfi idi.[52] “Qeyrət” də federativ Rusiyada milli azlıqlar üçün muxtariyyət ideyasını müdafiə edirdi. Gəncənin nüfuzlu şəxsiyyətlərindən olan Ələkbər bəy Rəfibəylinin (Rəfibəyovun) rəhbərliyi ilə formalaşan bu partiya tədricən öz fəaliyyət dairəsini yaxın bölgələrdə (məsələn, Şuşada)  genişləndirmiş, Bakıda belə polis onun haqqında araşdırma aparmaq məcburiyyətində qalmışdı.[53] “Qeyrət”in muxtariyyət, Qafqaz xalqlarının birliyi, rus hakimiyyətinin müstəmləkə zülmü istiqamətində təbliğat işləri erməni-türk savaşının qızışması, xüsusən bu savaşın Gəncəyə sıçramasından (1905-in noyabrı) sonra yerli milli siyası qüvvələrin fəaliyyətində də yeni istiqamətlər yaratdı. Erməni təcavüzünün coğrafiyası genişləndikcə bu qüvvələr üzvü olduqları millətin fiziki varlığını qorumaq məcburiyyətində qaldılar.

    Bu zərurət 1906-cı il fevralın 20-də canişin Vorontsov-Daşkovun yanında təşkil olunmuş müşavirədən sonra daha aydınlığı ilə ortaya çıxdı. Bu müşavirəyə erməni və türk toplumlarının hər tərəfdən 10 nəfər olmaqla  nüfuzlu şəxsləri dəvət edilmişdi. Türk heyətində dəvətlilər arasında Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Adil xan Ziyadxanov, Kərbəlayi İsrafil Hacıyev, Qara bəy Qarabəyov, İbrahim ağa Vəkilov, Məhəmməd bəy Şahmalıyev və b. vardı. Bu müşavirədə erməni nümayəndələri əsasən yerli məmurları ittiham edir, dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Türklər milli münaqişənin əsas səbəbkarının Daşnaksütyun olduğunu bildirib, ikinci səbəbkar olaraq rus hakimiyyətini ittiham etdilər. Daşnaksütyunu müdafiə etmək istəyən erməni nümayəndələrinə cavab olaraq Adil xan Ziyatxanov (Ziyatxan) bildirdi: “…Daşnaksütyun özünün silahlı qüvvələrini buraxmasa müsəlmanlar da öz silahlı dəstələrini yaratmaq məcburiyyətində qalacaqlar. Onda qanlı silahlı toqquşmalar qaçılmaz olacaq və gözəl Qafqaz yenidən qan dənizinə dönəcək”.[54]

    Səkkiz gün davam etmiş bu müşavirənin işində ən fəal şəkildə  iştirak etmiş Əhməd bəy Ağayev türk nümayəndə heyətinin fikrini ifadə edərək həm rus hakimiyyətinin intriqalarını, həm də Daşnaksütyunun cinayətlərini kəskin şəkildə ittiham edib, ultimativ şəkildə bildirdi: “İndi ki belədir, indi ki bir müsəlləh partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib də nəinki əlac eləməyir, bəlkə bununla həməqidədirlər, bizim istər hökumətdən, istərsə də ermənilərdən belə bir partiyanın aradan götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı etməliyik. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun… Bir hökumət ki bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə”.[55]

    Müşavirə hər iki millətin nümayəndələrindən ibarət Qafqaz canişininin yanında bir barışdırıcı komissiyanın yaradılması qərarını verdi. Amma bu qərar gerçəkləşmədi. Bakı və Gəncənin erməni icması bu komissiyaya nümayəndə verməkdən imtina etdi. Tiflis müşavirəsindən sonra da Qafqazın müxtəlif yerlərində etnik əsasda münaqişələr baş verdi. General Qaloşapovun başçılığı ilə Şuşa və Zəngəzur qəzalarına göndərilmiş böyük hərbi dəstənin iştirakı ilə müsəlman qırğınları davam edirdi. Türk əhalisinin vəziyyəti daha da pisləşməkdə idi. Şeyxüslamın rəhbərlik etdiyi nümayəndə heyətinin Qaloşapovun geri çağırılması, bu qırğınları dayandırmaq haqqında tələbinə Qafqaz idarəsi dəftərxanasının rəisi Kleşinskinin cavabı “bu  repressiyalar davam edəcək” oldu. Türk toplumu, müşavirədə iştirak etmiş nümayəndələrinin dediyi kimi, “özü öz əlacını etməli idi”.

    Türk toplumunun siyasi cəhətdən fəal hissəsi hərəkətə keçdi. Bu hərəkatın başında Əhməd bəy Ağayev dururdu. O, 1906-cı ilin ortalarında bütün Qafqazı dolaşıb, müqavimətin təşkili işinə öndərlik etdi. Artıq oktyabr ayında “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi – Difai”  adlı təşkilatın rus və türk dillərində Tiflis, Bakı və Gəncə quberniyalarında ilk bəyannamələri yayıldı. Bu bəyannamənin bir yerində deyilirdi: “Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda yeni silahlarla mücəhhəz Daşnak firqəsi bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edib ən ümdə məqsədi təqib edir: o da Qafqaz daxilində olan bütün müsəlmanları qırıb-bitirdikdən sonra onların yerini işğal etməkdir. Ermənilərin bu məqsədlərinə nail olduqdan sonra, fikirləri Qafqazda erməni xalqı üçün milli müstəqil bir idarə yaratmaqdır. Firqəmizin başlıca məqsədi: ayrı-ayrı Qafqaz xalqları arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak firqəsi namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söyləsə və əgər bu proqram ayrı-ayrı Qafqaz millətlərinin hürriyyət və istiqlallarına təcavüz edəcəkləri maddələri havi deyilsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Biləks, o qabaqda olduğu kimi müsəlmanların üstünə xain və qəddarcasına hücumlarında davam edərsə bizdən layiqli cavabını alar və Qafqaz bitməz-tükənməz qanlı bir səhnə halına düşər. Daşnak firqəsi əmin olsun ki, heç bir vaxt biz öz millətimizin xarabazarlığı və külü üzərində erməni millətinin səadət və xoşgüzəranlıq qurmasına yol vermərik”.[56]

    Təşkilatın qurulması işi sürətlə getdi. Partiyanın Bakıdakı Mərkəzi Komitəsinə Əhməd bəy Ağayev (Ağaoğlu) başçılıq edirdi. Gəncədəki siyasi qurumlar da Difaiyə qoşuldular. Müsəlmanların məskun olduğu qəzaların əksərində Difainin yerli bölmələri yaradıldı. Şuşadakı “Qarabağ Birlik Məclisi” adlanan yerli bölmə Difainin ən güclü qurumu sayılırdı. İradə Bağırovanın təxminlərinə görə, 1907-ci ildə Difai Partiyasının üzvlərinin sayı 1.000-dən artıq idi, onlardan 900-ü əldə silah tuta bilən döyüşçülərdi.[57] Elə həmin 1907-ci ilin avqustunda Gəncə qubernatoru Difainin fəaliyyəti haqqında raportunda yazırdı: “…bu partiyanın [yerli] komitələri, özünün kassası, proqramı və xeyli tərəfdarı var. Onlar Gəncə quberniyasının yalnız Şuşa, Zəngəzur, Karyagin və Cavanşir qəzalarının sakinlərindən ibarət deyil, bu quberniyanın bütün başqa mərkəzlərində, hətta digər yerlərdə də var. Bu partiyanın rəhbərlərinin tərkibinə və onun təbliğatı haqqında bəzi natamam məlumatlara baxıldıqda bu partiya özünün siyasi mahiyyətinə görə demokratik görünür, vaxt keçdikcə açıq şəkildə sosial-demokratiya məfkurəsi prinsiplərini təbliğ edəcək, amma milli zəmində”.[58]

    Partiyanın proqram layihəsi Əhməd bəy Ağayevin redaktoru olduğu “İrşad” qəzetində (13 oktyabr 1906) çap edildi. Bu proqrama görə, Difainin əsas məqsədi xalqı başına gələn fəlakətlərdən xilas etmək və onu geriliyin pəncəsindən qurtarmaq idi. Bunun üçün maarifsilahlı güc əsas vasitələr hesab edilirdi. Sosial məsələlərə, xüsusən torpaq məsələsinə münasibət dövrün sosial-demokrat partiyalarının proqramına uyğun idi.

    Difai az bir zamanda xalqın içinə girib, onun təşkilatlanması istiqamətində diqqətədəyər işlər görə bildi. Partiya üzvləri bir qayda olaraq xeyriyyə cəmiyyətlərinin (Bakıdakı Mərkəzi Müsəlman Xeyriyyə Cəmiyyəti, Nicat, Nəşri-Maarif, Gəncədəki Cəmiyyəti-Xeyriyyə, Şuşadakı Hidayət) çətiri altında fəaliyyət göstərirdilər. Yelisavetpol qubernatoru raportunda yazırdı ki, kəndə gələn Difai üzvləri iqtisadi ehtiyacları öyrənmək bəhanəsi ilə camaat qarşısında çıxış edir, şəriət qaydalarını yada salıb heyvan oğurluğunun, quldurluğun, qan davasının yolverilməz işlər olduğunu bildirir, ermənilərlə münaqişələrdən çəkinməyə çağırırdılar. Bu tələbləri yerinə yetirməyənlərin xalq qarşısında məsuliyyət daşıdıqları da xatırladılırdı. Sonra toplanmış camaat “Şəriət qaydaları ilə yaşayacaqları” haqqında and içməyə dəvət edilirdi. Elə buradaca partiya fəalları gözü tutduqları adamları xüsusi mərasimlə and içdirir, onları Difainin üzvləri sırasına qəbul edirdilər.[59] Gəncə qubernatoru daha sonra əlavə edir ki, Qarabağın çox yerində hakimiyyətin verdiyi qanunlara deyil, bu partiyanın yerli bölmələrinə (“komitələrə”) müraciət etmək meyli özünü göstərir. Komitədə şikayətçinin şikayətinə “çox tez və ədalətlə baxılır; günahkarlar ciddi və təxirə salınmadan cəzalandırılırlar”.[60] Qubernator Difai Partiyasının perspektivləri haqqında deyir: “Mən inanıram ki, Difai Partiyası çox sürətlə böyüyəcək və tezliklə Qafqazın bütün müsəlman əhalisini əhatə edəcək. Bir neçə ay bundan əvvəl “Difai” Partiyası adı haqqında heç kəs heç nə eşitməmişdi, indi onu hamı tanıyır, hamı onun fəaliyyətini bəyənir, hamı ona inanır. Partiya nümayəndələrinə qarşı repressiyalardan ehtiyatlandıqları üçün hamı partiya üzvlərini və onların fəaliyyətini ciddi şəkildə gizlədir. Aydındır ki, partiya ağıllı, ehtiyatlı, ardıcıl, dürüst və səmimi adamların əlindədir”.[61]

    Təbliğat və mədəni-maarif işlərindən başqa, Difainin əsas fəaliyyət istiqamətlərindən biri də cinayətkar hesab etdiyi şəxslərin cəzalandırılması idi. Bu məqsədlə xüsusi terror qrupları yaradılmışdı. Difainin ilk böyük terror aksiyası yuxarıda adı şəkilmiş Şuşanın keçmiş general-qubernatoru Qaloşapov oldu. Ondan sonra dəftərxana rəisi Kleşinski qətl edildi. Daha sonra müsəlman əhaliyə zülm etmiş başqa hakimiyyət nümayəndələri Difai üzvlərinin gülləsinə tuş gəldilər. Rus hakimiyyətinin müsəlmanlara münasibətdə yol verdiyi cinayətlərdə iştirak etmiş, ya bu hakimiyyətlə əməkdaşlıq etmiş (məsələn, xəbərçilik etmiş) bir neçə yerli müsəlmanın da  Difainin “qara siyahı”sına düşməsi haqqında faktlar məlumdur. Hər qətl hadisəsindən sonra Difai bəyanat verir, qətlin səbəbini izah edirdi.[62]

    Rus inqilabının geriləməsi, sonra isə məqsədinə çatmamasından sonra çar hökuməti inqilabçı qüvvələrə qarşı hücuma başladı. Son dərəcə fəallaşmış və Qafqazda gerçək gücə çevrilmiş Difai Partiyası hökumətin diqqətindən yayına bilməzdi. 1908-ci ilin martında Gəncə quberniyasından canişinə göndərilmiş “tamamilə məxfi” qrifli sənəddə göstərilirdi ki, mart ayı ərzində Difainin tamamilə ləğv edilməsi işi başa çatdırılacaq. Eyni zamanda bildirilirdi ki,  partiyanın Bakıdakı Mərkəzi Komitəsinin ləğv edilməsi ilə arzu edilən nəticəni əldə etmək mümkün olmayacaq. Təklif edilirdi ki, “Difai partiyasının fəaliyyətinə tamamilə son qoymaq üçün bu patiyanın sədri Əhməd bəy Ağayev başda olmaqla Mərkəzi Komitənin bütün tərkibi Zaqafqaziya diyarından sürgün edilsin”.[63]

    Əhməd bəy Ağayev və dostlarına qarşı təqib və repressiyalar başladı. Mətbuatda bu önəmli “pantürkist”ə qarşı kampaniya başlanmış, polis onu ələ keçirmək üçün hərəkətə keçmişdi. Dostlarının evində aylarla gizlənmək məcburiyyətində qalmış Əhməd bəy üçün artıq Bakıda çalışmaq imkanı qalmamışdı. Həmd olsun, bu zaman Osmanlıda Gənc Türklər inqilabı baş vermiş, Əhməd bəyin öncədən tanıdığı dostları iş başına gəlmişdi. O, İstanbula getməyə qərar verir və 1909-cu ilin ortalarında gizlicə İstanbula gəlir. Beləliklə, Əhməd bəy Ağayevin Azərbaycanda fəaliyyət dövrü başa çatır. 40 yaşlı Əhməd bəy milli-azadlıq hərəkatının ideoloqu, ilk güclü milli partiyanın (Difainin) qurucusu, məşhur publisist kimi artıq özünü təsdiq etdirmişdi. Onun (və Əli bəy Hüseynzadənin) Azərbaycanı tərk eyməsi bu ölkə üçün böyük itki idi. Düşmənləri onun mühacirət etməsindən sevinirdisə milli qüvvələr onun yerinin boş olduğunun tez hiss etdilər. Əliabbas Müznib Əhməd bəylə Əli bəy Hüseynzadənin ölkəni tərk etməsi barədə az sonra yazacaqdı: “Onların getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər. Müxtəsər, [onlar] …Qafqaz müsəlmanlarının ataları idilər”.[64]

    Əhməd bəy Ağayev İstanbulda istedadının və enerjisinin tətbiqi üçün münasib mühit tapır. Dostlarının yardımı ilə vəqf məktəbləri müfəttişi kimi işə başlayan Əhməd bəy az sonra  Süleymaniyyə Kitabxanasına müdir təyin edilir. Həm də İstanbul Darülfünununda Türk-Moğol tarixindən və rusca dərslər verməyə başlayır. Amma Əhməd bəy məmur olmaq üçün doğulmamışdı. Hakim İttihad və Tərəqqi Partiyasının ümumi məclisinə üzv təyin edilən Əhməd bəy az sonra Afyon Karahisardan millət vəkili seçilir. Millət vəkilliyindən başqa, fəal şəkildə Türkiyənin ideoloji-siyasi həyatına daxil olmuş, Türk Yurdu Cəmiyyətinin və Türk Yurdu Dərgisinin, az sonra məşhur Türk Ocaqları’nın qurucularından biri olmuşdur. Xarakterinə uyğun olaraq İstanbul qəzetlərinə müntəzəm olaraq onlarca məqalə yazan və qəzetlərdən birinə (“Tərcümani-həqiqət”) baş redaktorluq edən Əhməd bəy fəal təşkilatlanma dövrünü yaşayan türkçülüyün liderlərindən birinə çevrilmişdi. Bu dövrdə o ümumtürk tarixi və çağdaş həyatı haqqında bir sıra konseptual məqalələr yazmışdır. Bunlardan hələ də Azərbaycanda tanınmayan (və istifadə edilməyən) bir əsəri örnək alaq. Türk Yurdu dərgisinin səkkiz sayında (1, 2, 3, 5, 7, 10, 14, 18) çap edilmiş “Türk aləmi” adlı geniş məqalə xüsusilə diqqəti çəkir. Bu analitik əsərdə müəllif türk dünyasında ayrılığın səbəblərini (məzhəb fərqi, siyasi bölünmüşlük və mühitə ifrat bağlılıq, milli şüurun yoxluğu) araşdırır. Eyni zamanda, göstərir ki, dünya türkləri hazırda kültür baxımından yüksəliş dövrünü yaşayır və onlar uğraşdıqları bütün sahələrdə müvəffəq olma qabiliyyətinə sahibdirlər. Türk dünyasındakı siyasi cərəyanlar (İslam qayğısı, türklük qayğısı) mövzusuna keçən müəllif onlar arasında fərqdən bəhs edir, onların əslində bir-birini tamamladığı tezisini müdafiə edir, dində islahatlar gərəkliyi mövzusunu qabardır. O yazır ki, məzhəbləri ləğv etmək kimi lazımsız işə girişməkdənsə onların yaratdığı fərqləri aradan götürmək lazımdır. Onun fikrinə görə, bu sahədə ruhani, müəllim və qəzetçilərə böyük görəv düşür.

    Birinci dünya savaşının gətirdiyi yeni şərtlərdə Əhməd bəy Ağaoğlu daha çox siyasi işlərlə məşğul olur. Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimlə birlikdə İstanbulda “Rusiyada Sakin Müsəlman Türk-Tatarların Haqlarını Müdafiə Cəmiyyəti” adlı təşkilat qurub Avropa ölkələrində görüşlər keçirir, konfranslar və yazıları ilə Avropanın diqqətini Rusiyadakı türklərin məzlum vəziyyətinə çəkməyə çalışır, ABŞ prezidenti Vilson’a xüsusi müraciət göndərir.[65]

    İstiqlalını elan etmiş, amma fiziki varlığı təhlükə altında qalan Azərbaycanı qurtarmaq üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri olaraq Əhməd bəy Ağaoğlu mühüm rol oynamışdır. Məlum 17 iyun siyasi böhranı zamanı o müasir ifadə ilə böhran idarəçiliyi konseptindən çıxış edərək ilk öncə təhlükəsizlik məsələlərində israrlı olmuş, Bakının azad olmasından sonra dövlət quruculuğu işində fəal iştirak etmiş, Azərbaycan Parlamentinə üzv seçilmişdir. O, iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın Parlamentlərinə eyni vaxtda üzv olmuş yeganə şəxsdir.  Osmanlının savaşdan məğlub çıxması yalnız özü üçün deyil, bütün türk dünyası üçün, bu sıradan Azərbaycan üçün fəlakətlər gətirdi. Azərbaycanın Paris Sülh konfransına göndərdiyi nümayəndə heyətinə üzv təyin edilən Əhməd bəy Ağaoğlunu İstanbulda həbs edən ingilis komandanlığı onu Osmanlının irəlidə gedən insanları ilə birlikdə Maltaya sürgünə göndərdi. Zindan həyatının məşəqqətli və sərgüzəştli detalları üzərində dayanmadan[66] yalnız onu deyək ki, ömrü boyu yazıb-yaradan Əhməd bəy burada özünün ən qiymətli nəzəri əsərlərindən birini – “Üç mədəniyyət”i yazmışdır.

    1921-ci ilin mayında Malta zindanından azad olunmuş Əhməd bəy Ağaoğlu Sovet Azərbaycanında çalışmaq istəmiş, bu məqsədlə Romadan Nəriman Nərimanova məktub yazmışdır. Nərimanovdan müsbət cavab almasına baxmayaraq “Sovet fikir sisteminə qatılmadığı, türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğunu düşündüyü, onu Malta əsarətindən qurtarmış Ankara qarşısında namus borcu olması” səbəbindən üzünü Ankaraya tutmuş, Milli Mücadilə Hərəkatında həssas vəzifələr tutmuşdur.[67] Mətbuat baş müdiri təyin edilən Əhməd bəy Milli Hökumətin təbliğat işini qurmağa başlayır, “Hakimiyyəti-milliyyə” qəzetinə rəhbərlik edir, Anadolu Ajansı’nı yaradır və onun ilk baş direktoru olur. Eyni zamanda, Ankara Universitetində konstitusiya hüququndan mühazirələr oxuyur, Qarsdan millət vəkili seçilir. Yeni Türkiyənin qurulmasında yaxından iştirak edən Əhməd Ağaoğlu doğru bildiyini qələmə alır, qələmə aldığı ideyaların gerçəkləşməsi üçün yorulmadan çalışır. Siyasi konyuktura uymur, prinsip və fikirlərindən geri çəkilmir. Bu barışmaz mövqe ona sonsuz dostlar qazandırdığı kimi, qüdrətli düşmənlər də yaradır. Bu düşmənlər arasında “ikinci adam” kimi tanınmış İsmət İnönü də vardı. Ölkəni təkpartiyalı idarəçilik sistemindən qurtarmaq üçün ikinci partiya – Sərbəst Firqə yaratmaq təşəbbüsündə əqidə dostları ilə birlikdə Əhməd Ağaoğlu da yer alır. Yazılarında və siyasi fəaliyyətində təkpartiyalı idarəçilik rejiminin demokratiya ilə uyuşmadığı tezisini müdafiə edir.[68] Bu təşəbbüs boğulduqdan sonra prinsiplərindən vaz keçməyən Əhməd Ağaoğlu qəzetçilik və müəllimlik fəaliyyətinə qayıdır.

    1930-cu illər də onun həyatında məhsuldar dövrlərdən biridir; bu zaman o, onlarca məqalə, kitab və dərslik yazır. Yazdığı əsərlərin bəzilərinin çapına həyatda ikən macal tapmır, ölümündən (1939-cu ilin mayı) sonra onlar işıq üzü görür. Bəziləri bu gün belə çap edilməmişdir.

    70 illik mənalı və məhsuldar həyatı boyu Əhməd bəy Ağaoğlu mənsub olduğu milləti üçün çalışmış, özündən sonra böyük miras qoymuşdur. Özünün ifadəsi ilə desək, “həyatı boyu yazdığı məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər”. Azərbaycan, daha sonra Türkiyə siyasi həyatında görkəmli türkçü və demokrat olaraq qəbul edilən Əhməd Ağaoğlu, həm də örnək şəxsiyyət olmuşdur. İqtidarlar (yad, ya doğma) onu əyə bilməmiş, onu mübarizə yolundan sapdıra bilməmişdir.  Bu mirasın sahibləri – soydaşları ona hələ də borcludurlar. Bu borcu onun külliyyatını toplayıb nəşr etmək və xidmətləri qarşılığında adını əbədiləşdirməklə ödəmək olar. 



    [1] Bu baxımdan prof. Əziz Mirəhmədovun yazısı bəlkə də istisnadır; baxın: Əziz Mirəhmədov. Əhməd bəy Ağayev. – Fikrin karvanı, Bakı: Yazıçı, 1984.

  • Müxalifət Amerika səfirliyinə toplaşır

    Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstar yaxın saatlarda müxalifət partiyalarının liderləri ilə görüşəcək.

    “Qafqazinfo” ya daxil olan məlumata görə, səfir müxalifət partiyalarının nümayəndələri ilə ölkədəki seçkiqabağı vəziyyəti, seçki prosesinə hazırlığı , seçkidə iştirak məsələləri ətrafında müzakirə aparacaq.

    Qeyd edək ki, görüş barədə ictimaiyyətə məlumat verilmir. Görüşdə Ümid, VHP, AXCP, Müsavat Partiyalarının rəhbərləri iştirak edəcək.

  • Ictimai Palatada durğunluq höküm sürür.

    Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası məsələsi siyasi gündəmi artıq xeyli vaxtdır zəbt edib. Müxalifət düşərgəsindəki qurumların əksəriyyəti Milli Şuranın yaranıb-yaranmayacağına kökləniblər. Mövcud olan qurumlar sanki fəaliyyətlərini dayandırıb Milli Şuranın yaranacağını gözləyirlər. Hətta belə iddialar da var ki, Milli Şura məsələsi müxalifətin ən böyük birliyi olan İctimai Palatanın fəaliyyətinə mənfi təsir göstərib, fəaliyyət az qala iflic vəziyyətinə düşüb.

    İddiaların nə dərəcədə doğru olub-olmadığı barədə söhbət etdiyimiz VHP Ali Məclisinin sədri və  İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı deyilənlərdə həqiqətəuyğunluqların kifayət qədər olduğunu bildirdi. Onun sözlərinə görə, Mili Şuranın yaranması ilə müzakirələrin bu qədər uzanması və qeyri-müəyyənliyin çox çəkməsi İctimai Palatanın fəaliyyətinə ciddi təsir göstərib və fəaliyyətinin zəifləməsinə gətirib çıxarır: “Milli Şuranın hansı formatda yaranması, necə fəaliyyətə başlaması rəsmi bəlli olandan sonra hesab edirəm ki, İctimai Palatanın qalacağı, yoxsa qalmayacağı dəqiqləşəcək. Məhz bundan sonra İctimai Palatanın taleyi haqqında fikir bildirmək olar. Hazırda qeyri-müəyyənlik konkret fikir söyləməyə imkan vermir. Amma faktiki olaraq hazırkı vəziyyət İctimai Palatanın fəaliyyətinə ciddi təsir göstərib və göstərir”.

    İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli isə bildirdi ki, yaranacaq Milli Şuranın müxalifətin digər birliklərinə qarşı olduğunu düşünmək doğru deyil. Çünki əslində bu birliklər biri digərini tamamlayır. İndilikdə İctimai Palatanın bir qədər passiv olduğu mənzərəsi müşahidə edilsə də bu, fəaliyyətin iflic olması demək deyil: “Milli Şuraya görə İctimai Palatanın buraxılması məsələsi İctimai Palatada müzakirə olunmayıb. Hesab edirəm ki, artıq strukturlaşmış quruma çevrilmiş İctimai Palata Azərbaycanda gedəcək proseslərə öndərlik edəcək Milli Şuranın işinin gedişini daha səmərəli edə bilər”.

    musavat.com

  • Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar

    Sabir RÜSTƏMXANLI
    VHP sədri, Xalq şairi

    Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər…

    Azərbaycanın böyük qələm  sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndən sonra yuxarılardan gələn məsləhətlə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı. II Dünya Savaşında ən gənc Sovet İttifaqı Qəhrəmanı olmuş qardaşı Cəmil Əhmədov Varşava ətrafındakı qardaşlıq qəbiristanında (hər dəfə Polşaya yolum düşəndə onu ziyarət edirəm), bığ yeri yenicə tərləmiş oğlu, Kəlbəcərə qış yürüşündə şəhid olmuş Məhəmməd Bakıda, İkinci Şəhidlər Xiyabanında, ata-anasının, böyük qardaşının qəbirləri və hələ içinə girib divarlarını isitmədiyi yeni evi Cəbrayılda, düşmən əlində, özü də başqa bir “müharibə qurbanı”, ata ocağını, malını-mülkünü Ermənistanda tərk edib gəlmiş dostumuz Fərman Kərimzadənin qonşuluğunda, Binəqədi qəbiristanında… Xalq yazıçısına hətta İkinci Fəxri Xiyabanın da qapısı bağlandı. Allah binəqədililərdən razı olsun… Ailəsi yalnız onların qəbiristanında yer tapa bilmişdi… Vətən torpağıdır, nə fərqi? Ancaq görünür, kimlər üçünsə fərqi var… Yoxsa heç olmasa, ölənlərimiz arasında ayrı-seçkilik qoymazdılar…

    Söz yox, insana qəbriylə, fəxri, ya qeyri-fəxri xiyabanda uyumasıyla deyil, millət üçün gördüyü işlərlə dəyər verirlər. Yazıçılara gəlincə, onlara heç məzar-filan da lazım deyil; ömürləri boyu kəlmə-kəlmə yazdıqlarına dəfn olunurlar; qəbirləri öz kitablarıdır. Cəsədlərini yandırıb, küllərini göyə sovursalar da heç nə dəyişilməyəcək; kitablarda  yaşayacaqlar onsuz da! Hətta müəyyən dövrlərdə müəyyən rejimlərin qərəzli qadağaları ilə üzləşsələr də, adları yasaq olunsa da, gec-tez xalqın yaddaşında yerləri bərpa olunur, çünki milli yaddaş qondarma tarix kitablarından da, rejimlərin köpüklü salnamələrindən də daha etibarlı və uzunömürlüdür… Vay axır gününü düşünüb ruhları üçün halal yuva, xatirələri üçün yaddaş sığınacaqları qura bilməyənlərin halına! Bədən üçün fərqi yoxdur, harda olur-olsun, torpağa qarışır onsuz da! Mərmər, qranit məzarlar yerin üstündəkilər üçündür; altdakıların taleyi isə Allaha və sağlığında elədiyi əməllərinə bağlıdır; qəbir qızıldan olsun – Axirət mizan-tərəzisinə təsir göstərə blməz. Belə bər-bəzəklə maddiyyatçıların gözünü qamaşdırmaq olar, Allahından və batini dünyadan xəbərdar olanların yox!..

    Mən qırx illik dostumun dəfninə qala bilməmişdim, zəng vurduğum yerlərdən “basdırmağa tələsməyin, sabah cavab verəcəyik” sözlərini eşidəndə arxayın olmuşdum ki, belə zarafat olmaz, o boyda adamlar “yubadın” sözünü elə-belə deməzlər, xoş niyyətləri olmasa, elə birinci zəngdən deyərdilər, “aparın harda istəyirsiniz, harda imkanınız varsa, orda dəfn edin”, – vəssalam! Bu işə qarışıblarsa, deməli, hər şey rəsmı ənənələrə, yazılmamış qanun və ya prinsiplərə uyğun həll olunacaq. Əslində, bu səviyyəli qələm sahibləri heç olmasa, Yazıçılar Birliyindən götürülməlidir, ancaq eybi yox, evindən yola salınsa da, qəbir yeri adına layiq olar, ayrıseçkilik qoyulmadan Fəxri Xiyabanda dəfn edilər, başqa xalq yazıçılarıyla yanaşı yatar. Ona qarşı nə qəsd-qərəz ola bilər ki?! Həm də halal torpaqları düşmən tərəfindən işğal olunan adamın halal məzar yerinə də göz dikilməz! Fəal siyasətə qatılmırdı (qatılsaydı da, bu, günah sayılmamalıydı), günlərlə evindən bayıra çıxmırdı. 20-yə yaxın,  hər biri hadisə olan, sevilən roman yazmışdı, Moskvada nəşr olunan əsərləri onu respublikamızdan kənarlarda da tanıtmışdı. Nəhayət, şəhid atasıydı, yeniyetmə oğul itirmişdi, ürəyi sınıqdı: ruhunu incitməzlər, ədəbi taleyinin gətirdiyi haqları əlindən almazlar…. Buna görə də qəlbimdə onunla vidalaşıb, üzürxahlıq eləyib, gecə uzaq Uqandaya, İslam Ölkələri Parlament İttifaqının növbəti sesiyasına uçdum. Ancaq ürəyim Bakıda qalmışdı… Çatan kimi internetə girdim və gördüm yanılmışam, bizdə dəyər ölçüləri mənim düşündüyüm kimi deyil; yazıçı dostum, adaşım Fəxri Xiyabana buraxılmamışdı…

    Özü belə şeylərə əhəmiyyət vernəzdi. Ancaq mənə yaman ağır gəldi. Bakıya qayıdandan sonra səbəbini öyrənmək və etirazımı bildirmək üçün yetkililərdən biri ilə görüşüb soruşdum: “Düzünü deyin, Sabir Əhmədliyə qarşı niyə belə haqsızlıq elədiniz?”

    Qarşımdakı nüfuzlu, bütün hallarda öz mövqeyi olan, sözünü deməyi bacaran adamdı; elə bil, məni gözləyirmiş və nə deyəcəyimi də bilirmiş, gözümə diqqətlə baxıb soruşdu:

    – Düzünü bilmək istəyirsən?

    – Əlbəttə! – dedim.

    Qətiyyətli bir səslə:

    – Bilirəm, indi deyəcəksən, Fəxri Xiyabanda heç ora layiq olmayan, millətə Sabir Əhmədlidən az xidmət göstərmiş adamlar da dəfn olunub… – dedi. 

    – Elə onu deməyə gəlmişəm, – sözünü təsdiqlədim…

    – İstəyirsən adlarını da çəkim, sən deməsən də olar! – dedi və doğrudan da bir neçə mərhumu xatırlatdı. – Guya biz bilmirik ki, onların yeri ora deyil?! Amma fərq burasındadır ki, onlar bizim adamlardır! Sabirsə bizim adam deyildi… Başqa səbəb axtarma!”

    Deməyə sözüm qalmamışdı. Daha doğrusu, bu qədər açıq, dürüst bir etirafdan sonra əlavə nəsə deməyə ehtiyac yox idi; çünki qarşımdakı adam kimin nəyə, hara layiq olduğunu, Sabir Əhmədlinin də qiymətini və ona haqsızlıq edildiyini çox yaxşı bilirdi…

    Lakin burda söhbət dəyərdən, xalqa xidmətdən, prinsiplərdən getmirdi, “bizim” və “bizim olmayan”lardan gedirdi…

    Bu adam “vəzifəsini” yerinə yetirirdi. Özgə saydığını zorla doğmalaşdıra bilməzsən ki!

    Mənimlə açıq, pərdəsiz danışdığına görə təşəkkürümü bildirib çıxdım…

    Bu söz o vaxtdan dərd olub qaldı ürəyimdə…

    …Əslində, bilmədiyim bir şey deyildi, Amerika da kəşf olunmamışdı, ancaq rəsmi adamın, quruculuğunda, qorunmasında canıyla, sözüylə Sabir Əhmədlinin də yaxından iştirak etdiyi ÖZ dövlətimizin bir yüksək vəzifə sahibinin, həm də bu millət üçün gördüyü işlərin böyük yazıçı əməyi ilə müqayisəsi mümkün olmayan və olsa da əvəzini nəsillərinə yetəcək qədər almış, övladını qurban verməmiş, yerini-yurdunu itirməmiş bir adamın “bizdən deyil” deməsi, böyük şəxsiyyətlərimizi çəkinmədən “bizim olanlar” və “bizim olmayanlar” zümrələrinə bölməsi heç vəchlə anlaşılası və ya barışılası bir məsələ deyildi.

    Ola bilsin, Sabir müəllim indiki iqtidarın bəzi təmsilçilərinin xoşuna gəlmir, onların adamı deyildi; amma yazıçı xalqın adamıdır və o şəxslər də bu xalqa xidmət edirlərsə, sevdilər-sevmədilər, ümumi qaydalara, ənənələrə uymağa, Sabir Əhmədlilərə də öz adamları kimi  baxmağa məcburdular; bu, vəzifə borcudur, normal hakimiyyət öz vətəndaşları və sənət adamları arasında ayrı-seçkilik salmaz, ədəbiyyatla günlük siyasəti qarışdırmaz! Soruşarlar, Sabir Əhmədli bu münasıbətə haqq verən hansı günahın sahibiydi? Bəlkə vaxtilə Sovet rejimini kəskin tənqid edən romanlar yazmasıydı onun günahı? Olmaya köhnə rejimin təəssübünü çəkirsiniz? Bəlkə sizdən fərqli olaraq oğlunu əsgərlikdən yayındırmaması, ermənilərlə savaşa göndərməsi əsəbiləşdirmişdi kimlərisə? Bəlkə aramızda ermənilərin qisasını bizdən almaq istəyənlər var? Başqa nə səbəb ola bilər, axı? Düşünürəm, bəlkə mərhuma xalq yazıçısı adını o vaxtkı prezident Əbülfəz Elçibəyin verməsi qıcıq doğurmuşdu; yəni onun qiyməti hesabdan deyil, bizim öz meyarlarımız var! Amma məsələ burasındadır ki, Elşibəy də bu dəyəri Sabir Əhmədliyə köhnə rejimdən qorxmadan milli mövqedə dayandığına, bu mövqedən yazdığına, dəyərlərimizin qorunmasına və milli müqavimət gücünün artmasına yardım etdiyinə, Sovet rejiminin çürüklüyünü göstərdiyinə görə vermişdi. Onda onun bu aydın və yüksək milli mövqeyi milli hökumətimizin məmurlarını niyə narahat eləməlidir? Və ümumiyyətlə, bu “bizim olan” və “bizim olmayan”ın sərhədlərini kim çəkib? “Bizimkilər” siyahısına düşmək üçün yazıçı, sənətkar neyləməlidir? Doğrudanmı bir məmurun və ya beş-on vəzifə sahibinin xoşuna gəlmək millət tərəfindən sevilməkdən daha vacibdir və yazıçı öz ömür-gününü və ya kitablarının nəşrini fikirləşirsə, millətin dərdlərini, maraqlarını bir kənara buraxıb, ürəyi istədi-istəmədi hakimiyyətə, daha doğrusu, vəzifədəkilərə nökərçilik eləməlidir?..  Məntiqə görə hakimiyyət xalqındırsa, xalqa xidmət edən hər kəs ona doğma olmalıdır. Xalqın sevdiyini sevməyən hakimiyyət özünü necə xalqın hakimiyyəti saya bilər?! İkinci tərəfdən, bu qədər düşməni olan, üstünə yüz yerdən dişlər qıcanan bir ölkənin içində bu ögey-doğmalıq kimə lazımdır? Qaşınmayan yerdən niyə qan çıxarılmalıdır? Mərdi qova-qova namərd eləmək istəyənlərin niyyətləri nədir? Bunun kimə xeyri ola bilər? Onsuz da  millət aşiqliyi əbədi bir tutqudur… Əsil sənət adamını, millət sevdalısını xalq yolundan, dövlətinin mənafeləri yolundan heç nəylə döndərmək olmaz! İstəyir bir tikə çörəyə möhtac qoy… Xainləri, mayası çürükləri isə heç vaxt haqq yoluna gətirmək olmaz – yüz dəfə dövlət başçısına mədhiyyə desə də, sinəsindən  beş dənə İstiqlal ordeni asılsa da! Sözünü mərd-mərdanə deyən, əyriliyə göz yummayandan ziyan gəlməz, ziyan öz süfrəmizdən barına-barına gözü özgə meşəsində olan tülkülərdən gələr…

    Eyni taleyi iki başqa yazıcımız – Bayram BayramovHüseyn Abbaszadə də yaşamışdı. Mən Bayram Bayramovla bir yerdə işləmişdim, Heydər Əliyevin Azərbaycana döndüyü və öz yetişdirdiyi bəzi kadrlarının ona dönüklük elədiyi, ilk dəfə Milli Məclisə gələndə indiki bəzi özünü “Əliyevsevər” kimi gözə soxanların o vaxtkı rəhbərlərdən qorxaraq qaçıb gizləndikləri, qürbətin ölüm tələlərindən qurtarmış, Naxcıvanda ağır şərtlər altında xalqına gün ağlamağa calışan bir insana salam belə vermədikləri illərdi… Onlardan bəziləri indi öz sədaqətlərindən dəm vurmaqdan yorulmurlar. Belə şeylər Bayram Bayramovu əsəbiləşdirirdi, onun Heydər Əliiyevə hansı yüksək hörmətlə yanaşmasının, çörəyini itirənlər haqqında necə ikrahla danışdığının şahidi olmuşam… Sonra nə baş verdi? Bayram Bayramov Qarabağa Xalq Yardımı Komitəsində gecə-gündüz gərginliklə, əsəbiliklə çalışırdı, müqavimətsizliyimiz, Qarabağdan gələn faciəli xəbərlər üzürdü onu; eyni zamanda, millət vəkiliydi, Məclisdəki məlum çıxışını heç birimiz bəyənməməşdik, özü də buna peşman olmuşdu. O vaxt belə mübahisələr tez-tez olurdu, amma bu mübahisələri böyüdüb düşmənçiliyə çevirmək, buna görə adamların xidmətlərinin üstündən xətt çəkmək heç kimin ağlına gəlmirdi, çünki məntiqə və dövlətçilik təfəkkürünə sığan iş deyil.

    Hüseyn AbbaszadəBu hadisəni xatırlatmaya da bilərdim, ancaq latın qrafikasıyla nəşr olunan kitablar arasında Bayram Bayramovdan sonra gələn nəsillərin də kitablarını, cildlərini görəndə, onun kitabını görməyəndə, unudulduğunun şahidi olanda, təəccübləndim… Təəssüf ki, belə hallar cox vaxt dövlətə, dövlət başçısına xidmət və ya sədaqət kimi təqdim edilir… Prezident İlham Əliyev yeni düşüncəli adamdır və mən inanmıram kı, bu cür xırda ögey-doğmalığa əhəmiyyət verir, əksinə, məncə, belə halların onun imicinə və idarəcilik prinsiplərinə kölgə saldığını çox yaxşı bilir…

    Xarici ölkələrdə tez-tez rastlaşdığım gözəl bir ənənə həmişə icimdə xoş  duyğu oyadır: bələdiyyələrdə, valiliklərdə gəlib-kecmiş bütün sələflərin şəkilləri divardan asılıb ehtiramla qorunur. Bizim Milli Elmlər Akademiyası Rəyasət Heyətinin kiçik salonunda bugünədək Akademiyaya başçılıq etmiş bütün prezidentlərin  portretlərini  yan-yana görəndə sevinmişdim ki, nə yaxşı, bizdə də özlərindən əvvəlkilərə sayğını qoruyanlar var… Amma sonra burda da o nizam pozuldu. Sıra akademik Eldar Salayevə gələndə onun portretini asmağa cəsarətləri çatmadı… Eldar Salayevin Akademiyanın prezidentliyindən niyə getdiyi məlumdur… İnsan bütün qohumlarının cavabdehliyini daşıya bilməsə də, indiki halda Eldar Salayevin vəzifədən getməsi anlaşılandı, amma onun  keşmişini unutdurmaq və  portretini üzə çıxarmamaqla belə gözəl ənəni pozmaq anlaşılan deyil… Bu baxımdan Milli Məclisin ölkə prezidentlərinin statusuyla bağlı qanunundan nümunə götürmək olardı…

    Ziyalı və hakimiyyət münasibətləri tarixin bütün dövrlərində mürəkkəb olub, çünki sənətkarlar, yazıçılar, alimlər, istedad sahibləri seçilmiş, millətə şöhrət gətirən adamlardır. Bu, kiminsə istəyindən asılı deyil, Allahın iradəsidir. Belə adamlar, onların daxili azadlıqları təbii şəkildə yaranmış bir ənənəylə toxunulmazdır və qorunmalıdır. Ziyalı cəmiyyətin barometridir, millətin əsəb nöqtəsidir, ona kobud əllə toxunmaq olmaz.

    Burası da var ki, əsil namuslu, millətinin ruhunun tərcümanı olan yazıçı ilə hakimiyyətin konflikti, demək olar ki, həmişə yazıçının xeyrinə sonuclanıb… Hətta terrorun, repressiyaların, sürgün və deportasiyaların da təsiri olmayıb… Millətimizin düşməni olan qaniçən bir rejim Dədə Qorqud boylarını da, Nəriman Nərimanovu da yasaqlamışdı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli xalq düşməni elan edilmişdi… Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşı, Əhməd  bəy Ağaoğlu da xırda  burjuaziyanın dəyirmanına su tökən və “o vaxtkılardan olmayan” adamlar sayılırdı… Soljinitsın Rusiyadan qovulmuşdu… Mən müstəqil dövlətimizi o rejimlə müqayisə eləmək istəmirəm, sadəcə, yazıçı taleyinə “bizim-sizin” ölçüləriylə yanaşmanın nə qədər uğursuz və məhkumluğu qabaqcadan görünən bir iş olduğunu xatırlatmaq istəyirəm…

    Zaman güzəştsizdir! Cavidi Sibirdə çürüdən “Bığı bəyi”, yəni Stalini  öz mərmər movzeleyindən çıxarıb atdı, ancaq Cavidi sürgün qəbiristanından Vətənə qaytarıb, üstündə mərmər məqbərə uçaltdı. Cavidin intiqamını alan, repressiya qurbanlarına haqq qazandıran Heydər Əliyevin davamçıları, xırda ya böyük, heç bir sənət adamının haqqının tapdalanmasına yol verməməlidirlər!..

    Aydını, alimi olmayan xalq korazehin kütlədən başqa bir şey deyil… Bu gün millətlərin inkişafı pul-para sərmayəsindən daha çox, intellektual sərmayədən asılıdır. Gələcəyini düşünən dövlətlər elm və mədəniyyətə vəsait ayırmaqda xəsislik eləmir, dünyanın harasında olur-olsun, inkişafa kömək edə biləcək gənc mütəxəssisləri toplayır, onlar üçün şərait yaradır ki, bəhrəsini görsün. Məhz milli hədəfləri, dövlətçilik hədəflərini nəzərə alaraq böyük ziyalıların nazına, bəzi xırda-para şıltaqlığına da dözürlər… Keçmişdə də beləydi. Padşahlar alimləri əbəs yerə öz ətraflarına yığmırdılar. Saraylardakı şair məclisləri də yalnız mədhiyyə eşitmək məqsədi daşımırdı. Bunu dövlət başçılarının ziyalıdan qorxması kimi də izah etmək birtərəfli yanaşmadır. Əsas məqsəd bu adamları qorumaq və onların məsləhətlərini dinləməkdi. Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa, ölkələri faciəli aqibətlərdən qorumaq olmazdı. İndi dövlət-ziyalı münasibətləri daha mədəni və sivil şəkildə qurulub… Yaradıcı birliklər, elmi insitutlar və s. Lakin təəssüf ki, bizdə bəzi rəsmi qurumlarda istedada qarşı bir qısqanclıq var, azad, müstəqil düşüncə sahiblərini, öz şəxsiyyətini qoruyan adamları sevmirlər: “Kim mane olursa” (!) rədd olub getsin! Ölkəni tərk eləmiş mütəxəsislərimizi xatırlayanda adamın ürəyi ağrıyır. Niyə onların aglı başqalarına xidmət eləsin? İnkişaf eləmiş ölkələr cavanları tələbəlik illərindən gözaltı edir, ali məktəbi bitirən kimi alır qanadının altına. Biz də xaricə xeyli tələbə göndəririk. Oxuyub gəlirlər və bəziləri iş tapmır, iş tapanı da tələbə vaxtı dövlətimizin ona verdiyi təqaüddən qat-qat aşağı maaş alır, axırda dözməyib çıxıb gedir… Ən yaxın gələcəkdə Azərbaycanda istedadlı kadr, bacarıqlı mütəxəssis sorunu yaşanacaq. Görünən budur. Biz ziyalılara münasibətlə gənclərimizə, uşaqlarımıza pis örnək veririk. Belə təsəvvür yaranır ki, bu ölkədə yaxşı alim olmaq əsas deyil, “bizim adam” olmaq, qulbeçəlik, yaltaqlıq, hər şeyə boyun əymək əsasdır.

    Məsələn, hansı normal ölkədə Cəmil Həsənli kimi görkəmli bir tarixçini müxalif düşüncəsinə və ya bəzi neqativ hallara göz yummadığına görə işsiz-gücsüz qoyarlar? Axı onun əsərləri müasir tarixşünaslığımızın təməl kitablarından olmaqla yanaşı, ictimai, mili fikrimizin inkişafında son dərəcə ciddi rol oynayan əhəmiyyətli, yeni elmi uğurlardır. XX yüzilin bizim millətimizi maraqlandıran elə bir mühüm dövrü, hadisəsi yoxdur ki, Cəmil Həsənlinin araşdırma meydanından kənarda qalsın. Onun kitabları “Sovet tarixciliyinin” on cildlərlə yalanlarının üstündən xətt çəkib, ən yaxın tarixin ən ağır pərdələr arxasında gizlədilən həqiqətlərini üzə çıxarıb. O öz cəsarətiylə yeni nəsil ziyalılara bir örnəkdir. Bu gün erməni yalanlarına mətbuatda ən elmi və dəqiq cavab verən alimlərimizdən biri Cəmil bəydir və erməni yazarlarının ona hücumları səngimir. Belə bir vaxtda qələm adamı öz dövlətinə söykənməli, ordan mənəvi dəstək almalıdır. Bizdə tərsinədir, erməni bir vuranda ikisini də içimizdəkilər vurur. Gəl indi ayırd elə, bunu “düşmən marağına xidmət” saymaq olar, ya olmaz!..

    Milli hökumətimizin tarixini yazan bir alimə milli hökumətin münasibəti! Bu paradoksun arxasında hansı niyyət dayanır… Güney Azərbaycan Milli Hökuməti, Soyuq Müharibədən sonrakı uluslararası münasibətlər, SSRİ- Türkiyə ilişgilərı, Sovet rejiminə qarşı Azərbaycan ziyalılarının apardığları çətin mübarızə və s. mövzularda yazılmış kitabları dünyanın müxtəlif dillərində – ABŞ-da, Rusiyada, Avropada, Türkiyədə nəşr edilən bir alimi millətinə hörmət eləyən bir hakimiyyət əl üstə saxlamalıdır, sıxıntı içində, maddi və mənəvə gərginlik şəraitində yox… Yeri gəlmişkən, lap bu günlərdə, bu sıxıntılar içində xalqımızın ən parlaq şəxsiyyətlərindən və müstəqil dövlətimizin qurucularından, ideoloqlarından biri olan Əimərdan bəy Topçubaşı haqqında fundamental, son dərəcə dəyərli kitabını nəşr edib oxuculara çatdırdığına görə Cəmil bəyə təşəkkürümü bildirir, onu bu böyük yaradıcılıq uğuru münasibətiylə ürəkdən təbrik edirəm. Allah, onu sevməyənlərin acığına, canını cağlam, qələmini iti eləsin! 

    Niyə görə müəyyən bir torpaq parçasına görə Rüstəm İbrahimbəyov kimi dünyaca məşhur bir sənətkar hakimiyyətdən incik düşməliydi? Filan şirkətin torpağıdır! Kim verib millətin, dövlətin torpaqlarını şirkətlərə? Dünyanın hər yerində şirkət kömürünü, ya neftini çıxarır, sonra o torpağı bərpa edib qaytarır xalqa və ya dövlətə… Abşeronu tora salmış hasarlar şəbəkəsinə baxın! Kimlər sahiblənib o torpaqlara? Hesabını aparan, soran varmı? Niyə sıra Rüstəmə çatanda birdən torpaq qiymətə mindi? Bəs bizi dənizə həsrət qoyan hasarları  necə çəkiblər? Onsuz da az olan meşələrimizi, parklarımızı işğal edənlər kimlərdir? Xəzəryanı təpələri siçovul kimi gəmirib relyefi pozanlara necə icazə verilib? Qobustanda çılpaq təpələr çoxdur, qoy gedib icərilərdəki təpələri yesinlər ki, sahildə də göz oxşayan bir-iki yüksəklik qalsın, torpağı daşıyıb, camaatın başına toz ələməsinlər. Hətta qorxmadan-çəkinmədən tarixi Mayakın altını, ətrafını daşıyıb, onu yıxırlar və kimsə dillənmir ki, “ay adam balası, kim verib bu ixtiyarı sizlərə?”

    Yaxud, dünyaca ünlü alimimiz Rafiq Əliyevi sayğısız bir şəkildə kiçiltməyə çalışan xırda alimçiklər, məmurlar başa düşmürlərmi ki, bu yolla dövlətə xidmət etmirlər, əksinə, ziyan vururlar. Cünki xalq hər şeyi görür, bilir. Ayrı-ayrı məmurların naşılığı nəticə etibarilə hakimiyyətin ayağına yazılır…

    Mənim senarimlə çəkilmiş “Cavad xan” kimlərinsə gizli tapşırığıyla demək olar ki, yasaqlanıb. Mədəniyyət Nazirliyimizin bəzi hörmətli əməkdaşlarınin “səyi” nəticəsində film inadkarlıqla heç bir festivala buraxılmır, televiziya ekranına çıxarılmır, sosial şəbəkədə qəsdən filmin qüsurlu variantı yayılır. Bilərəkdən belə bir rəy yaratmağa calışırlar ki, guya ugursuz filmdir. Onun yanından  millətimizə başuclığı gətirməyən, tarixi  hadisələri saxtalaşdıran filmlər gen-bol təbliğ edilir və hər yerə göndərilir. Filmin rejissoru, neçə-neçə bədii, sənədli filmin, gözəl teatr tamaşlarının istedadlı yaradıcısı olan, hər gün Sumqayıtdan Bakıya yol ölçməkdən yorulmuş Rövşən Almuradlı nədənsə bizim hörmətli nazirliyimizin diqqətindən ardıcıl və anlaşılmaz bir şəkildə kənardadır. Böyür-başından keçirib hələ haqqı olmayanlara adlar verilir, şərait yaradılır, amma Rövşən yada düşmür! Doğrudanmı yada düşmür, yoxsa ona da mane olan “Cavad xan” filmində nümayiş etdirdiyi aydın milli mövqeyidir?!

    Əlbəttə ayağı, cismi, qazancı milli dövlətdə ola-ola fikri, düşüncəsi, danışıq dili ilə rus-sovet tərbiyəsindən, köhnələrin xiffətindən qopa bilməyənlər üçün tarixə bu cür obyektiv yanaşmaları dərk etmək çətindir. Ancaq nə edək?  Məgər milli dövlətin milli mədəniyyət siyasəti belə adamların ümidinə qalmalıdır?  

    Niyə vətəndaşın birinə aş, o birinin başına daş? Nəticədə bütün bunların əhalini narazı saldığını və ölkədəki ümumi mühiti zəhərlədiyini görmək bu qədərmi çətindir?

    Yazmaya da bilərdim bu barədə. Amma xırda görünən və ya haqqında  susmağa üstünlük verilən məsələlər yan-yana düzüləndə, bir silsilə yaranır. Özünü gözə soxmaq, hakimiyyətin qulağına gecə-gündüz “Səni məndən çox istəyən yoxdur, yerdə qalanlar düşməndir, məndən əl götürən kimi səni aşıracaqlar” nəğmələri oxuyan adamların riyakarlığı, bir qism vəzifə sahiblərinin mədəni səviyyəsinin aşağı olması, dövlət və ədalət prinsiplərindən, qanunlarımızdan və beynəlxalq hüquqdan, milli dəyərlərdən, hakimiyyəti qoruyub gücləndirməyin fəlsəfəsindən xəbərsizlikləri, tarixdən ibrət dərsi almamaları, heç olmasa, öz yedikləri çörəyin qədrini bilməmələri də belə dözülməz hadisələrin ortaya çıxmasında rol oynayır, şübhəsiz… Biz bunun nümunələrini Xalq Cümhuriyyətinin qurucularına, o cümlədən, Məmməd Əmin Rəsulzadəyə, yaxın keçmişimizə, 1988-ci ildən başlanan hadisələrə, hətta ədəbiyyatımızın, müstəqil mətbuatımızın tarixinə münasibətdə də görürük. Bunlar milli əxlaqa, mənəviyyatımıza, milləti millət edən mənəvi dəyərlərə ciddi yara vurur, inamsızlıq, etimadsızlıq mühiti yaradır; bu işə rəvac verənlər özləri hiss etmədən öz oturduqları budaqları kəsirlər… Heç nəyin cəzasız qalmadığı, bu gün qurduğunu sabah uçuran dünyada öz hökmünü əbədi saymaq, “bizim”, “sizin” ayrımçılığının uzun sürə davam edəcəyinə inanmaq, xalqın rəyinə etinasızlıq sadəlövh adamların işi ola bilər… Ölkədə yalnız iqtidar-müxalifət, dogma-yad, varlı-kasıb ayrımçılığının fövqündə dayanan, milli əxlaqa bağlı, heç kimin haqqını tapdalamayan, ədalətli münasibətlər sistemi yaranandan sonra hamı rahat nəfəs ala bilər – zirvədəkilər də, ətəklərindəkilər də! İndiki halda belə görünür ki, zirvədəkilərin belə bir qayğısı yoxdur. Onlar özlərini əbədi sayır və nə vaxtsa onlara da “bizim adam deyil” təfəkkürüylə yanaşıla biləcəyini düşünmürlər…

    1973-cü ildə yazdığım “İşıq ömrü” adlı bir poemam var. Böyük aktyorumuz Hüseyn Ərəblinskiyə həsr edilib. Ordan XX yüzilin əvvəllərindəki Bakıya həsr edilmiş misralar düşür yadıma:

    Bakı əsəbi idi, tərs idi, hirsli idi,

    Bakının nişanəsi pula hərisliyiydi.

    Atanı övladından döndərən inamsızlıq,

    Qardaşı qardaş ilə vuruşduran qansızlıq

    Bakı söhbətlərinin gözüydü, çeşməsiydi,

    Bakı bütün dünyaya pulun öcəşməsiydi…

    (“Sağ ol, ana dilim”, Bakı-1983, səh., 184)

     

    Tarix təkrar olunur. Ancaq indi Bakı müstəqil dövlətimizin paytaxtıdır və onun yenidən “neft və milyonlar şəhəri”nə çevrilməsinə sevinirik. Lakin aydınlarımızın yenidən Hüseyn Ərəblinski taleyini yaşamasını, sənətiylə salonları ayağa qaldıra-qaldıra müalicə puluna möhtac olmasını istəmirik. Bakı varlansın, bəzənsin, ancaq kapital bütün dəyərlərin başına keçməsin. Pul millətə öcəşməsin, onun kimliyini müəyyənləşdirən böyük insanları, əsil ziyalıları ayaq altına atıb xışlamasın… Mən “əsil” deyirəm, ona görə ki, adını “aydın” qoyan adamların bir hissəsini, xüsusən də sel öz bogazına çıxanda xalqı yada salanları, on illər iqtidara yalaqlıq edib, sonra payı kəsiləndə haqq yoluna qayıdanları, bizlər döyüləndə tamaşaçı olan, ancaq özlərinin işləri dolaşan kimi bizdən və millətdən imdad umanları əsil ziyalı saymıram…

    Dünyanın hər üzünü görmüşük və görürük. İkili standart, ögey-doğmalıq göz qabağındadır. İşlərimiz daşdan çıxır. Düşmənimiz çoxdur. Qarabağın işğalı iyirmi ildən artıqdır davam edir. Güneyin də başında qara buludlar dolaşır. Fars şovinizminin milli kimliyi unutdurma siyasəti azmış kimi, indi də PKK silahlıları qara pulların və silahın hesabına Qərbi Azərbaycan, Urmiyə torpaqlarına doluşmaqdadırlar. Gələcək taleyimizi biz düşünməsək, kim düşünəcək? Bütün bu problemlərin, sorunların həlli milli birlikdən, vətəndaş həmrəyliyindən keçir… Bu gün hakimiyyət mərkəzdənqovma siyasətindən əl çəkib millətin ayıq, düşünən insanlarını öz ətrafına yığmağa (hələ körpülər tamamilə yandırılmayıbsa) çalışmalıdır. Böyük milli konsepsiya hazırlayıb onu addım-addım həyata keçirmək zamanıdır. Hakimiyyətin milli ideologiya adına təqdim etdiyi yazılardan bir şey çıxmaz. Çünki onlar birtərəflidir, bütün xalqı əhatə eləmir və milli barış ruhundan uzaqdır… Siyası partiyalara etimad sürətlə azalır, çünki onların mövqeləri ümumxalq mövqeyindən çox, qrupların mövqeyidir, yalniz hakimiyyət ehtiraslarına köklənib və bu gün cəmiyyətimizin  bəlasına çevrilmiş düşmənçilik, bir-birini aşağılamaq ovqatıyla yoğrulub.

    Belə bir məqamda görkəmli elm, sənət, mədəniyyət xadimlərini dışlamaq yox, böyük strateji mərkəzlərdə bir araya gətirmək lazımdır. Milli istiqbal naminə intellekt sərvəti ilə maddi sərvətlər bir-birinə yardımçı olmalıdır. Biz bir-birimizi bəyənməyə, kimlərəsə “bizdən olmayan” damğası vura bilərik, amma hamımızın olan Vətənin naminə bir yerdə olmaqdan başqa yolumuz yoxdur…

  • Bu gün Sabir Rüstəmxanlının doğum günüdür.

    VHP Ali Məclisi partiyanın sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlını ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

     “Əzizimiz Sabir bəy!

    Sizin haqqınızda söz demək, şəxsiyyətinizi bir neçə cümləlik təbrikdə ifadə etmək olduqca çətin və məsuliyyətlidir. Çünki hələ gənc yaşlarından milli kimlik davası, ana dili savaşı aparan, yaradıcı ömrünü millətinin varlığının ifadəsi və iradəsi kimi keçirən, bu yolda olmazın müsibətlərdən keçən bir şairi, xalqının Milli Azadlıq Mübarizəsinin önündə dayanan ictimai-siyasi xadimi, dövlətinin Müstəqillik Aktında imzası olan millət vəkilini, Quzeyin azadlığından sonra Güneyin müstəqillik davasına qoşulan və Bütöv Vətən yolunda ömrünün ən qaynar yaradıcılıq illərini qurban verən lideri, dilin saflığı və sözün azadlığı uğrunda çalışan ziyalını və ömrünü sözün yaddaşına yazan söz adamı barədə söz demək asan deyil.

     Siz – bu millətin şərəf tarixini yazan insanlardan və xalqının qan yaddaşına adını həkk edən simalardansınız; Siz – onillərlə, yüzillərlə dövlətinin azadlığı və müstəqilliyi yolunda çalışan, bu mübarizədə həyatını verən, əfsanəyə çevrilən Azərbaycan yazarlarının ümumiləşmiş obrazısınız. Sizin Vətənin Müstəqillik Aktının altındakı imzanız – Əhməd Cavadların, Almas İldırımların, Mikayıl Müşfiqlərin, Cavid Əfəndilərin, Çəmənzəminlilərin, Əhməd Ağaoğluların, Əli bəy Hüseynzadələrin və…  Cavad xanların, Xan Xoyskilərin… “Rüstəmxanlı” qələmilə çəkilmiş imzasıdır. Bəlkə də İlahi hökmün diktəsinin nəticəsidir ki, bu millətin azadlıq eşqinin başlar üzərinə qaldırılan “Ömür kitabı”nı da, Əhməd bəy Ağaoğlunun və Cavad Xanən milli davasını əbədiləşdirən “Difai fədailəri” və “Ölüm zirvəsi”ni də Siz yazdınız.

    Bəlkə də Güney mübarizəsindən bir addım da geri durmamağınızın səbəbi Səttar Xanın ruhunun Rüstəmxanlıdakı ifadəsidir… İnanmaq istəyirik ki, Sətar Xanın, Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin… və əlbəttə ki, Şəhriyarın imzasını Müstəqillik Aktında gerçəkləşdirmək də, onların mübarizə tarixlərini qələmə almaq da Sizin həyat yolunuza Yaradanın yazdığı qismətdir.

     

    Əzizimiz Sabir bəy!

    Milləti üçün canından keçənlər qarşılıq istəməz, xırdalıqlara enməz, yolu üstünə dığırladılan kötüklərə görə istiqamətini dəyişməzlər. Çünki millət üçün çalışanlar bu günü deyil, tarixi yaradırlar və onları əbədi olaraq yaşadan da tarix olacaq.

    Siz bu xalqın tarixini yaradanlardan birisiniz, amma babalarımızdan fərqli olaraq, Siz həm də bu tarixi bərpa edir, qələmə alırsınız.

    Sizin ad gününüzü səmimi qəlbdən təbrik edirik və milli hədəflərinizə çatmaq, sələflərinizin arzularını göyərtmək, getdiyiniz uzun və incə yolu başa varmaq üçün Tanrıdan Sizə uzun ömür, can sağlığı diləyirik.

     

    Sevgilərlə,

    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisi”

     

  • Bu gün “Atatürkü Anma, Gənclik və İdman” bayramıdır

    19 may 1919-cu il Türkiyədə Milli istiqlal savavaşının başıadığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda İstiqlal (Kurtuluş) mücadiləsini başladıb.

    Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.

    1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olnub. Bu gün, hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur.

    Qeyd edək ki, bu gün həmçinin Türkiyə Cumhuriyyətinin qurucu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.

  • Sabir Rüstəmxanlının ürəyini deşən söz nədir? (VİDEO)

    Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlı bu gün saat 19 00-da Azadlıq Radiosunun “Pen klub” proqramının qonağı oldu.

    Bu günlərdə şair Azərbaycanda müstəqil düşüncəsinə görə, bəzi tanınmış ziyalılarla “bizim olmayan adamlar“ kimi davranmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış edib.

    Canlı efirdə S.Rüstəmxanlı öz fikirlərini daha detallı anlatdı.