Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Demokratik Qüvvələrin Milli Şurasının Əsasnaməsi

                                                     l Ümumi müddəalar.

     

    l.1 Milli Şura siyasətçilərin, ziyalıların, ictimai xadimlərin və gənc fəalların yaratdığı ictimai birlikdir.

     

    l.2 Milli Şura Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,beynəlxalq hüquqi normalara və bu əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

                                                       

                                                     ll Milli Şuranın tərkibi.

     

    ll.1 Milli Şuranın tərkibi təsisçilərdən və bu Əsasnaməyə uygun qəbul ediən üzvlərdən  ibarətdir.

     

     

    ll.2 Milli Şura özünün bütün üzvlərinin 50%+1 nəfərin səsi ilə yeni üzvlər qəbul edə və üzvləri xaric edə bilər.

     

                                                          lll Strukturu və fəaliyyət qaydası.

     

    lll.1 Milli Şuranın ali orqanı 2 həftədə 1 dəfədən az olmayaraq keçirilən sessiyadır.

     

    lll.2 Milli Şura sessiyası üzvlərin 50%+1 nəfər iştirak etdikdə səlahiyyətlidir

     

    İİİ.3 Millı Şura qərarlarını (Əsasnamənin İİ.2-ci bəndi istisna olmaqla) sadə səs çoxluğu ilə qəbul edir.

     

    İİİ.4 Milli Şura fəaliyətini təşkil etmək məqsədi ilə öz sədrini seçir, komissiyalar və komitələr  yaradır.

     

    lll.5 Sədr  Milli Şuranın iclaslarını aparır,Milli Şuranın qərarları çərçivəsində Milli Şuranı təmsil edir, sessiyalararası dövrdə Milli Şuranın fəaliyyətini əlaqələndirir.

     

    lll.6  Millı Şuranın fəaliyətini təşkil etmək məqsədi ilə sədr  muvafiq işçi orqanlar –  icra aparatı və məşvərət şurası yarada bilər.

     

    lll.7 Milli Şuranın sədri öz səlahiyyətlərini icra edə bilmədikdə o, səlahiyyətlərini növbəti sessiyaya qədər  Milli Şuranın üzvlərindən birinə həvalə edə bilər. 

  • “Türkiyədəki etiraz dalğası Azərbaycana da təsir edəcək“

    “Orada baş verənlər xalq ayaqlanmasıdır”

    Hazırda Türkiyədə olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaş ölkədə baş verən qanlı aksiyalarla bağlı təəssüratlarını bölüşüb. Bir neçə gündür Türkiyədə olduğunu deyən deputat İstanbulda davam edən etiraz dalğasının səbəbləri göründüyü kimi təbiətin müdafiəsi deyil, hakimiyyətə qarşı narazılıqdır.

    “Mən elə bu gün Türkiyədəyəm. Bütün bu proseslər boyu Türkiyədə olmuşam. Axşam saat 5-dən sonra Bakıya qayıdacam. Türkiyədə baş verənlər xalq ayaqlanmasıdır. Aksiyalarda daha çox gənclər iştirak edirdilər. Bu gənclərin ölkədə gedən proseslərə etirazıdır. İlkin baxışdan aksiya insanların adi narazılığı kimi görünsə də daha sonra geniş toplum buna qoşuldu. İqtidar buna əhəmiyyət verməyəndə, buna həqarətli yanaşanda, millətə üstdən-aşağı baxanda bütövlükdə Türkiyə ayağa qalxdı, təkcə İstanbul deyil. Aksiyalar təbiət qorunmasından çıxıb Türkiyə hakimiyyətinə qarşı yönəldi”-deyə S.Rüstəmxanlı bildirib..

    S.Rüstəmxanlı İstanbulda başlanan etiraz dalğasının Azərbaycana da təsir göstərəcəyini bildirib. Deputatin fikrincə, etiraz dalğasının qarşısını almaq mümkün olmayacaq.

    “Bu etiraz dalğası təkcə Azərbaycana yox, bütün qonşu ölkələrə öz təsirini göstərə bilər. Türkiyədə baş verən olaylar kənardan təbiəti müdafiə kimi görünsə də bu heç də göründüyü kimi deyil. Aksiya mühiti Türkiyədə çoxdandır yetişmişdi. İnsanların hakimiyyətdən narazılığ, aqresiya axır ki, özünü göstərməli idi. Bu hakimiyyətə bir cavab idi. Türk xalqı bir daha sübut elədi ki, türklərin iradəsini qırmaq olmaz”.

    Modern

  • “Türkiyədə yaşananlar birmənalı xalq hərəkatıdır”

    Milli Şura ideyasına dəstək verən partiyalardan biri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. Ötən gün Türkiyədən Azərbaycana dönən Sabir bəy “Yeni Müsavat”ın həm Milli Şura ətrafında gedən proseslər, həm də Türkiyədə son günlər yaşananlarla bağlı suallarına cavab verib.

    – Sabir bəy, Vətəndaş Həmrəyliyi Partiyası Milli Şura ilə bağlı qərar veribmi?

    – Bu məsələ ilə bağlı Milli Şuranı yaradan qüvvələrlə danışıqlar olub. Vətəndaş Həmrəyliyi Partiyası hər zaman milli-demokratik düşərgənin birliyinin birmənalı tərəfdarıdır. Azərbaycan son 20 ildəki siyasi həyatından belə birliklər çox olub, ancaq birlik tərəfdarı olduğunu təmtəraqla söyləyən qüvvələrin çoxunun ucbatından o birliklər dağılıb, nəticə əldə edilməyib. Bütün bunlara baxmayaraq biz hər zaman vətəndaş həmrəyliyi ideyasına sadiqik və bütün işlərimizi də bu yöndə qururuq. 2003-cü ildəki siyasi proseslər zamanı yaşanan bir sıra oyunları görəndə VHP qoşulmamaq haqqında qərar vermişdi. Ancaq bu gün Azərbaycanda durum tam fərqlidir. Milli Şura tərəfdarlarımızın sayı çoxdur, ona görə də Vətəndaş Həmrəyliyi Partiyası bu proseslərdən kənarda qala bilməz.

    – Bir neçə gün öncə Milli Şuranı Milli Məclisdə təmsil etməyə hazır olduğunuzu demisiniz? VHP ilə Milli Şura təsisçiləri arasında gedən müzakirələrdə bu məsələ də gündəmə gətirilibmi?

    – Mən Milli Şurada yoxam, mən Milli Məclisdəyəm. Əgər Milli Şura bizim düşündüyümüz kimi milli bir quruma çevrilsə, mən parlamentdə Milli Şuranı təmsil edə bilərəm. Hələlik Milli Şurada VHP təmsil olunacaq. İndiki mərhələdə təmsilçiliklə bağlı dəqiqləşdirmələr aparılır. Ancaq bu iştirak müəyyən şərtlər daxilində olacaq. Əgər Milli Şurada hər hansı xarici dövlətin maraqlarını təmsil edən şəxslər olsa, hər hansı xarici dövlətin diktəsi hiss edilsə, təbii, MHP həmin an Milli Şuranı tərk edəcək.

    – Hakimiyyət mediası birmənalı olaraq Milli Şuranı Kremlin projesi kimi qələmə verir. Siz indiki situasiyada belə meyllərin olduğunu hiss edirsinizmi?

    – Bir neçə gün idi Türkiyədə idim – medianı izləmək imkanım olmayıb. Bu səbəbdən Milli Şura ilə bağlı son günlər səsləndirilən fikirlərin çoxu ilə razı deyiləm. Əslinə qalsa, Azərbaycanda belə meyllər olub. Siyasi partiyalar bəzi hallarda ölkədən kənardakı qüvvələrə inanıblar. Bu proseslərin nəyə gətirdiyi isə göz qabağındadır. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda demokratik dəyişikliklərin seçki yolu ilə baş verməsinin tərəfdarıdır. Azərbaycanda istənilən dəyişiklik millətin, xalqın iradəsi ilə baş verməlidir. Kənar müdaxilələr bütün hallarda yolverilməzdir. Təbii, Rusiyanın da, Qərbin də, İranın da burada öz maraqları var. Eyni zamanda biz bu gün Qərbin bütünlükdə müsəlman dünyasına münasibətini görürük. Çözülməyən, ildən-ilə dərinləşən problemlərin sayı-hesabı yoxdur. Bu gün Azərbaycana qarşı körükləmə, sıxışdırılma, yenidən parçalama meylləri də göz qabağındadır. Mən həyatımın böyük bir hissəsini Azərbaycanın müstəqilliyinin bərpası, Azərbaycan dövlətinin yaşaması üçün xərcləyən insanam. Ölkədə gedən hər hansı proses Azərbaycanın milli maraqlarından kənar olan kimi mən gücüm daxilində müdaxilə edib durumu Azərbaycanın xeyrinə dəyişməyə çalışmışam. Ona görə də indiki mərhələdə VHP sədri olaraq mən Azərbaycan naminə ölkədə gedən proseslərdən kənarda qala bilmərəm.

    – Sabir bəy, Siz Milli Şurada olmadığınızı deyirsiniz. Rüstəm İbrahimbəyov Milli Şuranı öncə fərdlərin birliyi kimi təqdim etmişdi. Daha sonra isə Milli Şura partiyaların, birliklərin qurumuna çevrildi. Bu gün yaşananlardan isə görünür ki, Milli Şuranın tərkibi ilə bağlı tərəddüdlər var. Aydındır ki, istənilən partiyadan Milli Şurada təmsil olunan şəxslər partiyalarının mövqeyini müdafiə edəcək. Bu halda Milli Şura liderlər səviyyəsində yaradılsaydı, sizcə, daha effektli olmazdımı?

    – Təbii, Milli Şuraya partiya siyahısı ilə gələnlər hər hansı məsələnin müzakirəsi zamanı daha çox partiyanın fikrini ifadə edəcəklər. Bu da yetərincə normaldır. Milli Şuranın geniş tərkibdə olmasını vacib sayanlar da var, eyni zamanda qurumu beyin mərkəzi kimi görənlər də az deyil. Ancaq beyin mərkəzi istənilən bir qurumun ətrafında da yaradıla bilər. Yaranan quruma kömək məqsədilə belə bir mərkəz formalaşdırmaq olar. Adı strateji araşdırmalar mərkəzi də, beyin mərkəzi də, əlaqələndirmə mərkəzi də ola bilər. Ancaq mən düşünürəm ki, Milli Şura geniş tərkibli, Azərbaycandakı müstəqillik fikrinə sadiq bütün qüvvələri birləşdirən təşkilat olmalıdır.

    – Yəni Siz hesab edirsiniz ki, Milli Şurada partiyaların birləşməsi daha uğurlu variantdır…

    – Hər halda Azərbaycanda birliklər əsasən fərdlər deyil, partiyaların əsasında yaranır. O baxımdan mənim indiki formatla bağlı hər hansı iradım yoxdur. Hər partiyadan Milli Şurada bir neçə nəfərin təmsil olunmağı heç bir halda ümumi işin ziyanında deyil.

    – Milli Şurada ən gərgin müzakirələrin quruma sədrliklə bağlı olacağı bildirilir. Çünki Milli Şura sədri payızdakı seçkilərdə hakimiyyət namizədinin əsas rəqibi kimi düşünülür. Hələlik açıq danışılmasa da bir çox qüvvələr Azərbaycanda yeganə birləşdirici fiqur kimi Ziyalılar Forumunun sədri, eləcə də Milli Şura ideyasının müəllifi Rüstəm İbarhimbəyovu görür? Sizcə, Rüstəm İbrahimbəyov seçkilərdə demokratik düşərgənin namizədi ola bilərmi?

    – Məndə olan bilgiyə görə bu haqda hələlik danışıqlar olmayıb. Vahid namizəd məsələsinin indiki halda ikinci məsələ olduğunu bilirəm. İndi tərkibin müəyyən edilməsi mərhələsidir. Məncə, vahid namizəd kim olursa-olsun, səmimi bir birlik ortaya çıxmasa, həmin şəxs nəyəsə nail ola bilməz. İstənilən uğurlu şəxs yalnız üzdə müdafiə olunsa, arxada isə dəstək ala bilməsə qələbədən danışmaq yersizdir. Ona görə də vahid namizədlə bağlı məsələdə həmin şəxsi bütün qüvvələrin səmimi şəkildə müdafiə etməsi şərtdir.

    – Sabir bəy, siz Türkiyədən ötən axşam döndüyünüzü bildirdiniz. Bir neçə gündür qardaş ölkədə baş verənləri Azərbaycan da həyəcanla izləməkdədir. Siz nələr gördünüz Türkiyədə, nələr baş verir?

    – Türkiyədə son günlər yaşananlar birmənalı xalq hərəkatıdır. Vətəndaşın ekoloji bir məsələ ilə bağlı etirazı hökumətin bu məsələyə gərəkli diqqəti ayırmaması sayəsində bütün ölkəni əhatə edən geniş bir hərəkata çevrildi. Taksim Gəzi Parkı olduqca qələbəlik olan İstanbulda xalqın əsas istirahət makənlarındandır. Hökumətin orada ticarət mərkəzi tikmək qərarı son dərəcə ciddi təpki ilə qarşılandı. Hökumətin Taksimdəki Atatürk Kültür Mərkəzini sökmək qərarı isə səbrləri son həddə çatdırdı. Öncəki günlər xalq çox sakit şəkildə bu projelərə etiraz etdi. Xalq sakit şəkildə parkda ağacların qırılmasına etirazını bildirdi. Heç kəsin əlində nə bir bayraq vardı, nə hökumət əleyhinə şüarlar səsləndirilirdi. Ancaq sonra hakimiyyət vətəndaşları vecinə almadan söküntü işlərini davam etdirməyə başlayınca böyük bir xalq etirazı ilə üz-üzə qaldı. Birdən-birə bütün Türkiyə ayağa qalxdı. 67 vilayətdə yüzlərlə aksiya keçirildi. Hökumət vətəndaşlara qarşı zorakılıq işlədincə, aksiyalar bibər qazı, su şırnaqları ilə dağıdılınca, durum idarəedilməz hala gəldi. Milyonlarla insan, əsasən də gənclik küçələrə çıxdı.

    – Telekanallar dolğun informasiya vermədi üçün durum daha çox sosial medya üzərindən izləndi. Ancaq hökumətin interneti də məhdudlaşdırıldığı xəbərləri gəldi. Gerçəkdə bu baş verdimi?

    – Bəli. Bir ara Türkiyədə virtual ələmlə əlaqə durduruldu. Ancaq çox güman, mobil telefonlar vasitəsilə bir gün içərisində anlaşaraq gənclər Türkiyəni ayağa qaldırdılar. Ölkə mediasında böyük çoxluq hakimiyyətə yaxın media quruluşları olduqları üçün olayları yalnız ciddi şəkildə qayçılanmış halda efirə verdilər. Bəziləri isə xalqla polis arasında şiddətli qarşıdurma olan zaman ümumiyyətlə susdu. Təbii, bu, çox ağrıdıcı bir durumdur. Ancaq Türkiyə gerçəkləri budur. Bütün səylərə baxmayaraq dünya Taksimdə də, bütün Türkiyədə də nələrin baş verdiyini gördü. Bir çox dünya ölkələrinin aparıcı media orqanları Türkiyədə baş verənləri manşetlərə çıxardı. Türkiyədə çap olunan qəzetlər də baş verənlər xalq hərəkatı kimi dəyərləndirdilər. Türkiyə vətəndaşlarının davranışından belə bir qənaətə gəlinir ki, xalq hökumətin siyasətini bəyənmir, iqtidardakılara “sən özünün, ətrafındakıların, qohum-əqrəbanın mənfəətini düşünürsənsə, mən də küçələrə çıxıb öz sözümü deyəcəyəm” deyir.

    – AKP iqtidarı xalqdan son seçkilərdə də böyük səs alıb. Hakimiyyət üçün vətəndaşların belə davranışı sizcə gözlənilən idimi?

    – Məncə, gözlənilməz idi. Türkiyə uzun müddət idi belə bir geniş hərəkat görməmişdi. Baş verənlər mənə 1988-89-cu il Azərbaycan xalq hərəkatını xatırlatdı. Türkiyədəki aksiyalarda çox qeyri-ənənvi bir birlik müşahidə olunurdu. Türkiyə cəmiyyətinə bələd olanlar bilir ki, orada hətta fərqli futbol komandalarını dəstəkləyənlərin bir araya gəlməsi problemlidir. Ancaq aksiyalar zamanı nə partiya, nə millət, nə din, nə də digər fərqliliklər qalmışdı, bütün vətəndaşlar eyni mövqedən çıxış edirdi. Ailələr kiçik yaşlı uşaqları ilə mitinqə çıxırdı, sənətçilər komanda halında gəlirdi. Ona görə də hakimiyyətin belə geniş hərəkat yaranacağını ehtimal etməsi inandırıcı deyil. Türkiyə vətəndaşlarının özləti heyrətə gəlmişdilər. Sanki neçə illər toplanan etirazlar hamısı eyni zamanda vulkan kimi püskürdü. Türkiyədə illərdir qəzetlərdə yazılanlar – Ərgənəkon adına generalların kütləvi həbsi, ordunun yıpradılması, Türkiyənin Atatürk xəttindən döndərilməsi meylləri, Konstitusiyaya dəyişikliklər edilməsi cəhdləri, xalqı aşağılamaq siyasəti sanki bir anda cavabını aldı. Aksiyalar başlayana qədər hər kəs düşünürdü ki, millətin müqaviməti qırılıb, on görə hər kəs susur. Ancaq bir neçə gündə xalq hökumətə göstərdi ki, geri çəkilmək, özünün, ölkəsinin, dövlətinin müqəddəratı ilə bağlı susmaq fikrində deyil. Xalqın qarşısını nə polislə, nə gözyaşardıcı qazla, nə su şırnağı ilə almaq mümkün olmadı – sonda hökumət üzr istəməyə məcbur edildi. Yəqin ki, bütün baş verənlərdən sonra Türkiyə hökuməti siyasətinə müəyyən dəyişiklik etməyə məcbur olacaq. Çünki son olaylar göstərdi ki, xalqın iradəsinə qarşı getmək olduqca gözlənilməz olayların meydana çıxmasına səbəb ola bilər.

    Aygün MURADXANLI

    “Yeni Müsavat” qəzeti

  • Milli Şuranın Dünya birliyinə müraciəti

      Azərbaycan Respublikası Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin imzaladığı bu müraciət Vətənimizin taleyi, bütövlükdə yaşadığımız regionda inkişaf və sabitliyin taleyi üçün keçirdiyimiz dərin həyəcan hisslərinin diqtəsidir.

            Azərbaycanda əsas insan hüquq və azadlıqlarının vəziyyəti, eləcə də hökumətin demokratiya sahəsində beynəlxalq öhdəliklərini necə yerinə yetirməsi barədə nüfuzlu beynəlxalq təşkilatların, monitorinq xidmətlərinin çoxsaylı hesabatları ölkədə ağır ictimai-siyasi durumun yaranmasına səbəb olan geniş, çoxsaylı və sənədləşdirilmiş dəhşətli faktları kifayət qədər ətraflı əhatə edir.

         Yayqınlaşmış korrupsiya Azərbaycan hakimiyyətinin bütün qollarını – qanunverici, icraedici və məhkəmə hakimiyyətini də tam bürümüşdür. Artıq dünya ictimayyəti Azərbaycana rəhbərlik edən hakim ailənin qeyri-qanuni yollarla fantastik sərvət əldə etməsi barədə dəqiq məlumatlara malikdir. Rejim Azərbaycan torpağının altında və üstündə nə varsa hamısını ələ keçirərək ölkə iqtisadiyyatını öz maliyyə maraqlarına tabe etdirib. Azərbaycan parlamentində deputat mandatının alınıb-satılması ilə bağlı kriminal-korrupsiya hadisələri onu aşkar göstərir ki, hakimiyyətin yüksək eşalonunda mütəşəkkil cinayətkarlıq mövcuddur: uzun illər ərzində hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmurlarından ibarət xüsusi qrup adam oğurluğu ilə, hakimiyyət üçün arzuolunmayan şəxsləri şantaj etmək və ‘zərərsizləşdirməklə’ məşğuldur.

         Mövcud rejim hazırda Azərbaycanda avtoritarizmin təsdiqinə dönməz xarakter verməyə, ali hakimiyyətin irsən ötürülməsi və sülalə prinsipini qəti olaraq möhkəmləndirməyə çalışır. Bu məqsədlə ölkə Konstitusiyasına indiki prezident, 2003-cü ildə hakimiyyəti atası Heydər Əliyevdən irsən almış İlham Əliyevin dövlət başçısı vəzifəsində faktiki olaraq ömürlük qalmasına hüquqi don geydirən müddəa əlavə edilmişdir (40 ildən artıq davam edən Əliyevlər hakimiyyəti müasir dünyanın ən qədim diktaturalarındandır). Belə olduğu halda bütün seçkilər, təbii ki, öz həqiqi mahiyyətini itirir: dövlət hakimiyyətinin bütün qolları kimi uzun illərdən bəri işlənib hazırlanmış seçkilərin total saxtalaşdırılması mexanizmi də hakim Ailənin nəzarəti altındadır.

         Mövcud rejimin idarəçilik tarixi – hakimiyyətdən sayı-hesabı bilinməyən sui-istifadələr, ədalətsizlik, zorakılıq, heç bir sərhəd tanımayan despotizm tarixidir. Bu rejimin siyasi praktikasından yalnız bir neçə faktı sadalayaq:

     

    rejim sərbəst toplaşma azadlığına qəsd edir: mitinq və nümayişlər keçirmək qadağan olunur, ictimai təşkilatlara konfrans və seminarlarını keçirmək üçün yer icarə etmələrinə maneələr yaradılır (hətta Azərbaycanda fəaliyyət göstərən Amerika otellər şəbəkələri də icarədən imtina edir), beynəlxalq hüququn əsas normalarını pozaraq vətəndaş fəallarına və iştirakçılara uydurma cinayət işləri açılır, qeyri-qanuni həbslər aparlır, işgəncələr verilir;

     

    – rejim söz və fikir azadlığına, yaradıcılıq azadlığına qəsd edir: özgəfikirlilik təqib edilir (yazıçı və şairlər, bəstəkar və musiqiçilər, kinematoqrafçılar, aktyorlar, jurnalistlər və b. təhdid olunur, onları mənəvi cəhətdən yaralayır, hakimiyyətin nəzarətində olan televiziyalarda (bütün telekanallar bu və ya başqa formada hakim ailəyə məxsusdur), onlara ləyaqətsizcəsinə böhtan atılır, rüsvay edilir, gözdən salınır)). Rejimi tənqid edən yaradıcı şəxslərə qarşı diskriminasiya siyasəti yeridilir – onların əleyhinə düşmənçilik və ayrıseçkilik yayan təbliğat-təşviqat aparılır, bu adamların yaxınları və ailə üzvləri işdən çıxarılır, onlar təqaüddən və yaşamaq imkanları vasitələrindən məhrum edilir;

     

    rejim sərbəst hərəkətetmə azadlığına qəsd edir: siyasi oponentlər qeyri-qanuni üsullarla saxlanır, onlara xarici pasport verilmir, öyrədilmiş adamların hücumuna məruz qoyulur.- rejim seçki (seçmək və seçilmək) hüququna qəsd edir: mövcud hakimiyyətin idarəçiliyi  dövründə bütün seçkilər saxtalaşdırılmışdır;

    rejim şəxsi toxunulmazlıq, mülkiyyət və əmək hüququna qəsd edir: adamlar işdən qanunsuz çıxarılır, mülkiyyətləri əllərindən alınır, nəzarət orqanlarının uzun-uzadı, sifarişli yoxlamalar təşkil edilir, sahibkarlıq happy wheels demo fəaliyyətinə ciddi maneələr törədilir, pul almaq məqsədilə insanlar oğurlanır,  ailəyə və özəl həyata müdaxilə edilir, şantaj məqsədi ilə adamlar gizli kameralarla çəkilir, telefon danışıqları dinlənilir, elektron yazışmalar monitorinqdən keçirilir;

     – rejim yaşamaq haqqına qəsd edir: sui-qəsdlər təşkil olunur, adamlar öldürülür, onlara qəsdən  bədən xəsarəti yetirilir, şikəst edilərək ağır əzab verilir, sağlamlığa ciddi psixi və fiziki zərər vurulur;

     – rejim ədalətli mühakiməyə qəsd edir: ölkədə məhkəmələr müstəqil deyil, icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir, hakimlər birmənalı şəkildə rejimi idarə edənlərin iradə və şıltaqlığından asılıdır.

       Rejimin mövcud siyasəti cəmiyyətdə kütləvi narazılığı artırıb, insanların səbr kasasını daşdırıb və ölkəni ciddi sosial-siyasi sarsıntıların astanasına gətirib çıxarıb. Ona örə də təkcə bu ilin yanvarında ölkəni bir neçə etiraz çıxışı silkələyib: Bakıda gənclərin orduda zorakılığa qarşı çoxminli etiraz nümayişi, məmurların növbəti korrupsiya cəhdinə qarşı sahibkarlrın etirazı, İsmayıllı əhalisinin Azərbaycan hakimiyyət orqanlarının regionlarında məmur özbaşınalığına qarşı kütləvi etirazları ölkədəki ictimai narazılığın ifadəsi olmuşdur.  Bütün bunlar onu göstərir ki, ölkədə mövcud rejimin özbaşınalığına, əxlaqsızlığına, qanunsuzluğa, sosial ədalətsizliyə, haqq-hüquq və mənəviyyat tanımamasına qarşı hədsiz böyük narazılıq yaranmışdır. Hakimiyyət etiazşılara qarşı zor tətbiq etməklə ölkə daxilində, onsuz da  gərgin və həssas situasiyanı daha da dərinləşdirir.

       Rejimin siyasəti Azərbaycanı elə bir həddə gətirib çıxarmışdır ki, indi vəziyyətdən yalnız bir alternativ çıxış yolu qalmışdır – demokratik dəyişikliklər! Əks halda yarana biləcək labüd xaos Şimali və Cənubi Qafqaz regionundakı situasiyaya da mənfi təsir göstərəcəkdir.

       Biz Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, ölkənin demokratik qüvvələri əminik ki, indiki yaranmış situasiyadan yeganə çıxış yolu oktyabr ayına təyin olunmuş prezident seçkisinin vicdanlı, azad və ədalətli keçirilməsini təmin etməkdir. Bu seçki nəhayət ki, ölkədə insan haqları demokratik prinsiplərə əsaslanan hüquqi cəmiyyətin qurulmasının bünövrəsini qoyar və ölkənin sabit inkişafını təmin edər.

         Insan hüquqlarının qorunmasının bir ölkənin daxili işi olmamasını, həmçinin Azərbaycan hakimiyyətinin Avropa Şurası və ATƏT çərçivəsində müvafiq öhdəliklər götürməsini nəzərə alaraq, biz ABŞ prezidenti və Avropa Birliyi ölkələrinin rəhbərlərini, ABŞ konqresini və Avropa parlamentini, həmçinin aparıcı beynəlxalq təşkilatları və bütün dünya ictimayyətini aşağıdakı məqsədlərə nail olmaq üçün təsirli addımlar atmağa çağırırıq:

    1)       2003-cü ildə geniş seçki saxtalaşdırmaları və demokratik qüvvələrə qarşı sərt zorakılıqlar yoluyla Prezident vəzifəsini mərhum atasından almış İlham Əliyev 2009-cu ildə Konstitusiyadan 2 müddətdən artıq seçilməyi qadağan edən məhdudiyyəti ləğv etməklə saxta seçkilər yoluyla uzun müddət hakimiyyəti zəbt etmək yolunu tutmuşdur. İlham Əliyevin seçkiləri saxtalaşdırmaq və total zorakılıqlar yoluyla 3-cü müddətə Prezident vəzifəsində qalmaq yönündəki qanunsuz və demokratik dəyərlərə zidd addımları qətiyyətlə pislənsin.

     

    2)       Avropa parlamentinin 24 may 2012-ci il qətnaməsinin və ABŞ konqresinin Maqnitski Aktının tövsiyyələrini əsas tutaraq Azərbaycan hökumətinin insan hüquqlarını və qanunun aliliyini pozan vəzifəli şəxslərinə qarşı viza və maliyyə sanksiyaları tətbiq edilsin.

    3)       Seçkiqabağı situasiyanın liberallaşdırılması üçün bütün siyasi dustaqlar azad edilsin, sərbəst toplaşma və özünü ifadə azadlığı bərpa edilsin, azad KİV-ə və demokratik qüvvələrin fəallarına təzyiqlərə son qoyulsun.

    4)       ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurasının Venetsiya komisiyyasının tövsiyyələri əsasında Azərbaycanın seçki qanunvericiliyi yenilənsin.

    5)       Azərbaycanda üzümüzə gələn prezident seçkisində səslərin paralel sayılması və ekzit-polun müstəqil aparılmasını beynəlxalq təşkilatlar gerçəkləşdirsin.

     

     

    Bakı, 7  iyun  2013-cü il    

  • Milli Şura millərtin şurası ola biləcəkmi?

    İbrahim Quliyev

    Nəhayət, iyirmi illik siyasi uğursuzluqdan sonra Azərbaycan müxalifəti Milli Şura adı altında bir araya gəldi. Onu da vurğulayaq ki, Milli Şura siyasi dairələrdən gələn ideya deyil, o, Azərbaycanın siyasətə yaxın ziyalı elitasının mənəvi sifarişidir. Biz ötənlərdə dəfələrlə mətbuatda  ölkınin ziyalı elitasının xalqın taleyinə qarşı biganəliyindən danışmışdıq. Qeyd etmişdik ki, ölkədə baş verən bu qədər qanunsuzluqlara qarşı Azərbaycan ziyalısı etiraz səsini qaldırmır: insanların mülkiyyət hüququ pozulur, evləri, mənzilləri əllərindən alınır, siyasi və hüquqi fəallar həbsxanalara doldurulur, jurnalistlər müxtəlif bəhanələrlə aradan götürülür, amma Azərbaycan ziyalısı susur. Sadəcə tamaşaçı rolunu oynayır. Nəhayət, bu seçki öncəsi də ayrı-ayrı siyasi liderlər namizədliklə bağlı  piyar kompaniyasına start verərkən Ziyalı Forumu ictimai siyasi ab-havadan doğan, daha doğrusu, sosial sifarişdən irəli gələn təkliflə çıxış etdi – müxalifətin vahid cəbhədə mübarizə aparması. Doğrudur, bir sıra aparıcı siyasi partiyalar bu ideyanı bir o qədər sevinclə qarşılamadılar,  ancaq cəmiyyətin mövqeyini görüb onu qəbul etmək zorunda qaldılar. Əslində, iyirmi illik acı təcrübə də müxalifətin yeni texnologiyalara yiyələnməsini, partiya olaraq hər hansı bir qurumun təklikdə hakimiyyətə gələ bilməsinin mümkünsüzlüyünü dönə-dönə sübut etmişdi. İqtidarın gücü heç də bu gün hallandırıldığı kimi  onun iqtisadi potensialı və yaxud zorakı aparatın saxtalaşdırmaq imkanları ilə bağlı deyildi. Etiraf etməliyik ki, iqtidar bütün zamanlarda müxalifətin zəifliyinə və müxalifət dairəsində iqtidarın istibaratı rolunda çıxış edən qüvvələrə əsaslanmışdır. İstənilən seçki prosesində bu iki cəhəti aydın görmək olar. Bəzən də adama elə gəlir ki, zaman-zaman bu müxalifət özü zəif olmaqda maraqlı olub. (Görünür, zəifliyin də öz üstünlükləri var!!!)  Çünki güc və enerji toplamağa müxalifətin hər zaman kifayət qədər imkanları olduğu halda, o, bu imkanlardan istifadə etməyə çalışmayıb. Son illər baş verən hadisələrin xronologiya sıxlığı da bunu təsdiq edir. Evləri uçurilanların etiraz aksiyalarını, Sabirabad daşqınlarından qəzəblənən insanların üsyanını, Quba, İmayıllı  hadisələrini xatırlayın. Bütün bunlar xalqın əvvəlki qaydada artıq yaşamaq istəmədiyini, sistemi dəyişmək arzusunda olduğunu birmənalı göstərirdi. Bütün bunlara baxmayaraq, müxalifət və etirazçı sosial baza bir-birinə doğru addım atmadı? Daha doğrusu, müxalifət bu təşəbbüsdə bulunmalıykən həmişəki kimi adi bir bəyanatala işini bitmiş hesab etdi. Məncə, bu siyasi müxalifətin parametrlərini cızmağa, cəmiyyətlə onun münasibətlərinə qiymət verməyə kifayətedici faktdır.

    Bütün bunlar uzun illər özünütəcrid siyasəti yürüdən siyasi müxalifətin qazandığı son qiymədir. Eləysə, hər hansı bir partiyanın mobil hakimiyyət komandasının qarşısına çıxması Don Kixotluqdan başqa bir şey hesab edilə bilməz. Amma bu gün də bu niyyətdə bulunan partiyalar var. Ən yaxşı halda onların bu addımlarını qabaqcadan siyasi fiasko adlandırmaq olar.

    Bütün bunlardan sonra ortaya Milli Şura ideyasının çıxması zamanında atılmış addım sayıla bilər. Amma gəlin görək Milli Şura öz varlığıyla siyasi qüvvələri özünüməhvdən xilas edə biləcəkmi? Açığını deyək, Milli Şuranın yaranması ilə onun yaşayıb-yaşamayacağı təhlükəsi eyni vaxtda doğulmuşdur. Həmin təhlükələri təxmini olaraq ağağıdakı qaydada siyahilaşdira da bilərik: 1. Seçki ərəfəsində açıq sərt addımlar atmaqdan çəkinən hakimiyyət Milli Şuraya ya öz desantlarını göndərmiş, ya da yaxın vaxtlarda göndərərək bu qrumda zidd tərəflərin yaradılmasına çalışacaq. 2.  Çox ehtimal ki, hakimiyyət müxtəlif üsullarla siyasi qüvvələr arasındakı  indiyəqədərki daxili qarşıdurmaları Milli Şuraya yönləndirməyə cəhd edəcək. 3. Tərəfsiz olaraq Milli Şuraya gələn ziyalı elitaın da intiraqalara cəlb edilməsi üçün addımlar atılacaq. 4.Milli Şuranın namizədinin seçilməsi ilə də bağlı vəziyyət mürəkkəbləşə bilər. Və s. Milli Şura bütün bu problemlərdən yan keçə biləcəkmi? Bəri başdan nikbin və yaxud bədbin proqnozlar vermək istəmirik, amma Milli Şuranı yaradanlar bütün bunları da nəzərə almalıdır. Çünki dediyimiz rüşeymlər artıq özünü biruzə verməkdədir. Həmişəki problem – Milli Şuranın elan ediləcəyi barədə məlumat dolaşmağa başladığı gündən onun prezident seçkilərində  kiminlə təmsil olunması məsələsi gündəmi zəbt edib. Təbii ki, təbliğatlar da əvvəlki siyasi ambisiyalara uyğun şəkildə aparılır. Yenə eyni isimlər, yenə eyni soyadlar…

    Amma hər halda ziyalı sözü, ziyalı düşüncəsi siyasi ambisiyaları müvəqqəti də olsa sındıra bilib. Dünən 129 nəfərlik bir siyahı üzrə Milli Şuraya gələnlər Rüstəm İbrahimbəyov fenomeninin üzərində dayana bildi. Beləliklə, R.İbrahimbəyov Milli Şuranın sədri seçilərək gələcək proseslərdə söz sahibi olmaq şansı qazandı. Bəs sonra?

    Təbii ki, Milli Şuradan kənarda qalmaq arzusunu açıqlayan bəzi isimlərin  hansı siyasi texnologiya üzərində düşündüklərini ididən söyləyə bilmərik, amma dünənki iclasda vahid namizədin müəyyən olunmaması hər şeyin heç də asanlıqla başa gələməyəcəyini güman etməyə kifayət qədər əsas yeri qoyur.

    Təbii ki, vahid namizəd də ziyalı ilə siyasətçi arasında balans yarada bilən şəxs olmalıdır. Rüstəm İbrahimbəyov ziyalıdır, dünyada tanınmış insandır, amma siyasətdən hədsiz uzaq adamdır. O özü də bunu ötən günlərdəki müsahibələrinin birində etiraf edib: “Mən siyasətlə məşğul olmaq istəməzdim, amma proseslər məcbur edir”,- deyir. Tutalım sabah seçkini Milli Şura uddu, bəs idarəçilik hansı prinsiplər üzərində aparılacaq, dövlətin ideoloji xətti nəyə söykənəcək? Rüstəm İbrahimbəyova nə qədər hörmətimiz olsa da, bu suallar aktual olaraq qalmaqdadır. Bəlkə vahid namizəd məsələsi üzərində bir qədər də dərindən düşünək. Niyə Sabir Rüstəmxanlı məsələsi gündəmdə olmamalıdır? Bu kişi bütün həyatını Azərbaycan tanrısına sitayişə sərf edib. Bu gün bir yazıçı və siyasi fiqur kimi o, həm də dünya dövlətlərində Azərbaycanın Güney – Quzey davasını döyür. Mənim bu mövqeyim birtərəfli də görünə bilər, amma bəri başdan deyirəm,  mən Sabir Rüstəmxanlıya nə qədər yaxınamsa, digər siyasi liderlərə də bir o qədər bələd və yaxınam. Bizə siyasəti bilən, amma eyni zamanda ruhən bu xalqın millətin taleyi ilə yaşayan bir insan, bir qələm sahibi lazımdır. Bu keyfiyyətləri özündə çox uğurla birləşdirən Sabir Rüstəmxanlı millətin yolunda  uzun illərdir bir şam kimi yanmaqdadır. Bəlkə millətin sorusuna bu gün onu çıxaraq!  

  • Dünən gözəl bir gün yaşadım…

    Anar Mahmudoğlu


    Zakir Sadatlının nə özü, nə də sözü çirkab götürər

    Dünən son ayların ən gözəl gününü yaşadım: Milli Kitab Mükafatının qalibi kimi məhz Zakir Sadatlının adı çıxdı zərfdən.

    İnanırdım, adım kimi əmin idim – Zakir Sadatlı sözünün qaliblər sırasında olacağına, münsiflərin növbəti dəfə ədalətli qərar verəcəyinə…

    Etiraf edək ki, MKM-in ilk müsabiqəsində kimlərinsə piar xidməti ilə müəyyənləşən qalib birmənalı qarşılanmamışdı. Gözlənilməz nəticə – Qaraqanın qalibiyyəti – hətta “milli” adına iddia edən bu müsibiqəyə inamsızlıq yaratmışdı: burdakı seçkilərin Azərbaycanın ictimai-siyasi həyatındakı “seçkilərdən” qətiyyən fərqlənmədiyi ortaya qoyulmuşdu.

    Ancaq növbəti il hər şey dəyişdi; Pərvizin “Yad dildə” romanı qalib gəldi və MKM-in missiyası qabarıqlığı ilə göründü: məlum oldu ki, bu müsabiqədə ilk uğursuzluqdan nəticə çıxarılıb, ədalətli seçim imkanları genişlənib, sözün və söz adamlarının himayəsinə başlanılıb.

    Zakir Sadatlının “Əfqanıstan uçurumu” romanının MKM-ə təqdim edilməsi istəyi də buna görə yarandı: israr etdim, Zakirə müsabiqənin ədalətli olacağına inanması üçün “Yad dildə”ni misal gətirdim və… uzun-uzadı təkidlərimdən sonra razılığını aldım. Hətta həkimlərin Zakiri kompüterdən uzaq tutması prinsipinə də “əməl elədik” (bu “bəhanəni” Zakirdən aldıq), “Əfqanıstan uçurumu”nu MKM-ə mən göndərdim…

    İnamımı hər dəfə özünə deyirdim. Gülürdü, kimlərin və hansı əsərlərin olduğunu, müqayisə edib-etmədiyimi soruşurdu. Nə bilirdim ki? Hələ proses gedirdi, 20-lik belə açıqlanmamışdı.

    Fevralın 5-dən, Zakirin bizə “əlvida” deməsindən sonra 20-lik elan olundu. 20-liyə düşən kitabları oxudum və tam əmin oldum: ədalətli seçim olacağı təqdirdə “Əfqanıstan uçurumu”nun qalib gələcəyinə heç bir şübhə ola bilməz!

    Məni ən çox narahat edən məqam MKM-in münsiflərindən olan Rəşad Məcidin bir neçə gün əvvəlki müsahibəsi idi. Münasibətini ortaya qoymuşdu və ən layiqli əsəri – “Əfqanıstan uçurumu”nu – ədalətsizcəsinə tənqid etmişdi. Münsiflər kifayət qədər nüfuzlu şəxslərdir və onların əsərləri oxuyacaqları təqdirdə Zakir Sadatlını qalib görəcəklərinə inanmamaq üçün heç bir əsasım yox idi. Çünki peşəkar ədəbiyyatçı kimi “Əfqanıstan uçurumu”na, münsiflərin böyük əksəriyyətinin isə ədalətinə güvənirdim. Amma ilk müsabiqədə olduğu kimi, əgər əsərləri münsiflər oxumasaydılar və kiminsə rəyinə etibar edib, səs versəydilər, onda necə?

    Dünən MKM-in tədbirinə gedəndə də dostlara xəbər eləmədim: hamımız orda olsaydıq və Sözün məğlub olduğunu görsəydik, ovqatımız necə olacaqdı? Bir-birimizin üzünə necə baxacaqdıq? Zakir Sadatlıdan sonra onun sözünün qeyrətini çəkə bilmədiyimizə görə utanmayacaqdıqmı?

     

    Təkcə Pərvizlə zəngləşdik; o, MKM-in münsiflərindən olduğu üçün onsuz da getməliydi.

    Tədbir başlayandan, əsas qaliblərin elanından əvvəl ön sırada əyləşən Pərvizdən mesaj aldım: “Əkrəm Əylisli Zakir Sadatlıya səs verib – 10 bal”.

    Çox sevindim – “Əfqanıstan uçurumu” qalib gəlməsəydi də, ədəbiyyatda küdüng çalmış söz adamlarının Zakiri belə dəyərləndirməsi bizə böyük təsəlli olacaqdı.

    …Üçüncü yer – tamamilə düşündüyüm adam idi: “Kara dayı” layiqli əsərdir…

    …İkinci yer… “İlahi, təki Vahid Qazinin adı çıxaydı”.

    Ucadan fikirləşmişəmmiş, çünki yanımda əyləşən gənclər dərhal səbəbini soruşdular. Dedim, Vahid Qazini Zakir Sadatlıya əsas alternativ görürəm…

    Amma qətiyyən gözləmədiyim nəticə elan olundu: “Balerina”. Yuxarıda dediyim münsifin bir neçə gün öncəki müsahibəsini xatırladım: “Yenədəmi???”

    …Birinci yer… Sabir Rüstəmxanlı zərfi açdı və…

    Dostlar aradılar, telefonda titrəyən səslərlə bir-birimizi uğurladıq. Hər şey əlaydı, yaxşıydı: Söz qalib gəlmişdi, MKM ədaləti yerinə qoymuşdu.

    Təkcə boynuna sarılıb, təbrik etmək istədiyimiz Səbəbkar yox idi.

    Dünən Zakirin bizdən ayrılmağının 4-cü ayı tamam olurdu…

    ***

    Dərhal Əkrəm Əylislini yanladım, Zakiri qalib seçməsinin səbəbini soruşdum. “Son illər oxuduğum əsərlər içərisində ən səmimi romandır “Əfqanıstan uçurumu”, ona görə”.

    Dəqiq qiymətdir – Zakirin özü kimi, əsəri də səmimidir.

    İndi biriləri qalxır və Zakir Sadatlının o mükafata layiq olmamasından danışır.

    Əvvəla, hazırda “meydan”da olan və ədəbiyyata orbitrlik edən bəziləri yalançı vətənpərvərliklə pul qazananda Zakir Sadatlı Qarabağda vuruşurdu – hələ onun Əfqanıstanda üçillik savaşını, müsəlman batalyonuna komandirliyini bir kənara qoyuram.

    İkincisi, Zakir Sadatlı – Türkiyənin ev sahibliyi ilə keçirilən, dünyanın 37 dövlətindən yazarların qatıldığı beynəlxalq müsabiqədə də “Salam, baço” hekayəsi ilə qələbə qazanmışdı: təqdimatı İstanbuldaydı. Türkiyədəki münsiflərdəmi “hümanitar prinsiplərlə” yanaşmışdılar Zakirə?

    Üçüncüsü, MKM-in qalibi olan “Əfqanıstan uçurumu” ortadadır: kimin narazılığı varsa, gəlsin və mən sübut edim ki, o iddianı söyləyənin bütün yaradıcılığı “Əfqanıstan uçurumu”nun bir cəmləsinə dəyməz!

    Ən əsası: Zakir Sadatlının nə özü, nə də sözü iftira götürər. Yaşadığı ömür də ortadadır, yazdıqları da. Zakirin mində biri qədər bu Vətənə xidmət edin; Zakirin mində biri qədər ləyaqətli ömür yaşayın; Zakirin mində biri qədər Sözə qulluq edin, sonra – bəlkə!!! – onun haqqında söz deməyə mənəvi haqq qazanmış olarsınız.

    Bəsdirin, 12 il əvvəl xətrini əziz tutduğum bir ağsaqqalın “həmkarlarına qarşı həssas ol” sözü ilə birilərinin kimliyini, əsl mahiyyətini müzakirə mövzusu etmirəmsə, bu o demək deyil ki, adam hər şeydə öz allahsız və vicdansız mülahizələrini ortaya dürtüşdürməlidir. Mənəvi dəyərlər də var, axı: toxunmayan Zakir kimi mənəviyyat qalalarına. Bircə daşına külüng çalsaz, o Qaladan qopan xırdaca qəlpə gözünüzü çıxardar – yəqin ki, məşhur tarixi həqiqəti bilirsiniz!

    P.S. Əsas nəticədir və ədalətli nəticə də ortadadır. Buna görə Sözün yanında olan MKM-in ekspert və münsiflərindən, “Əfqanıstan uçurumu”nun araya-ərsəyə gəlməsində xidmət göstərən Vüsalə Mahirqızı və Qabil Abbasoğlundan, Şahbaz Xuduoğlu (kitabın naşiri) və Elbrus Əruddan… üzü belə hamını təbrik edirəm.

  • Demokratik Qüvvələrin Milli Şurasının Bəyannaməsi

    Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti təmsilçiləri və fəal gənclər bəyan edirik ki, hələ 95 il əvvəl bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejim və sülalə hakimiyyəti bərqərar olmuşdur.

     

          Xalq konstitusiyanın təməl prinsipinə uyğun olaraq hakimiyyəti formalaşdırmaq haqqına malik olduğu halda, ölkədə hakimiyyət qollarından heç biri onun tərəfindən azad və ədalətli seçkilər vasitəsilə seçilməmişdir. 1993-cü ildən başlayaraq ötən 20 il ərzində bütün seçkilər demokratik prinsiplərdən uzaq olmuş, bu müddətdə keçirilmiş istər prezident, istərsə də parlament və bələdiyyə seçkiləri saxtakarlıqla keçirilmişdir. Bir çox beynəlxalq hesabatlarda dəfələrlə deyildiyi kimi, xalqımız dinc yolla, seçkilər vasitəsilə öz hökumətini və parlamentini dəyişmək hüququndan məhrum edilmişdir.

            Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində hakimiyyətin ötən 20 il ərzində apardığı siyasət uğursuz olmuş, heç bir müsbət nəticə verməmişdir. Hökumətin yanlış və səriştəsiz xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə təklənməsinə gətirib çıxarmışdır. Azərbaycan hökuməti torpaqları işğaldan azad etmək,  siyasi, iqtisadi, hüquqi islahatlar aparmaq əvəzinə ölkədə korrupsiya və rüşvətin mükəmməl şəbəkəsini yaratmış, nəticədə vətənimiz qanunlarla deyil, məhz bu şəbəkənin qaydaları ilə idarə olunan əraziyə çevrilmişdir.  

     

         Ölkə vətəndaşlarının konstitusiyada təsbit olunmuş fundamental hüquq və azadlıqları, o cümlədən sosial, siyasi, iqtisadi, şəxsi və mülkiyyət hüquqları kütləvi şəkildə və mütəmadi olaraq pozulmaqdadır. Hakimiyyət öz rəqiblərinə və ümumiyyətlə, azad düşüncəli insanlara qarşı anti-konstitusion yollarla,  qanunsuz vasitələrlə mübarizə aparır. Onları qondarma cinayət işləri ilə həbs etdirir, şər və böhtanla gözdən salmağa çalışır, müxalifətdə olan siyasi partiyaların, müstəqil qeyri-hökumət təşkilatlarının, ziyalıların, gənclər təşkilatlarının və dini icmaların fəaliyyətinə maneələr yaradır, söz və mətbuat azadlığını, sərbəst toplaşmaq azadlığını mütəmadi olaraq məhdudlaşdırır. Son illərin təcrübəsində qondarma narkotika ittihamları adi hala çevrilmiş, gənclərin və inanclı vətəndaşların azadlıqdan məhrum edilməsində başlıca vasitəyə çevrilmişdir.    

          Ölkədə müstəqil məhkəmə hakimiyyəti mövcud deyildir. Bütövlükdə məhkəmə sistemi və hüquq-mühafizə orqanları avtoritar rejimin əlində xalqa qarşı repressiya vasitəsinə çevrilmişdir. Belə bir şəraitdə siyasi qüvvələrin uzun illər ərzində apardığı mübarizə bir sıra daxili və xarici səbəblərdən demokratik dəyişikliyi reallaşdırmaq üçün yetərli olmayıb.

    Ölkədə demokratiyaya keçidin təmin olunması üçün bütün demokratik qüvvələrin vahid mərkəzdə birləşməsi zərurətə çevrilmişdir.

          Bütün bunları nəzərə alaraq, biz, bu sənədi imzalayanlar
    – Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək;
    – Demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq;
    – Hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının, vətənimizin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq;
    – Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında – Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik.

         Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-ci maddəsinin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəasına uyğun olaraq, xalqın həqiqətən də hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır.
    Bu məqsədə nail olmaq üçün Milli Şura qarşıdan gələn prezident seçkilərində vahid platforma ilə və vahid güc kimi iştirak edəcək. Milli Şura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq, azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbər olunmasına çalışacaq. Milli Şura avtoritar rejimin demokratik alternativi olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafını təmin edəcək siyasi, hüquqi, iqtisadi və sosial islahatlar paketlərini razılaşdıraraq xalqımıza təqdim edəcək.

     

      Milli Şura  namizədi prezident seçkilərində qalib gələcəyi təqdirdə iki illik keçid dövründə

    – Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında gerçək tarazlığını təmin etmək;
    – Hökumətin parlament çoxluğu tərəfindən formalaşdırılmasının nizamlanması;
    – Milli Məclisə seçkilərin qarışıq (50% majoritar, 50% proporsional olmaqla) seçki sistemi əsasında keçirilməsini təmin etmək;

    – Ölkədə idarəetmənin əks-mərkəzləşdirilməsi sahəsində islahatlar aparmaq və digər hüquqi islahatları təmin etmək məqsədilə yeni Konstitusiya layihəsi hazırlayıb, onun referendum yolu ilə qəbul edilməsinə çalışacaq.

    –  Yeni konstitusiya əsasında azad və ədalətli  parlament, prezident və bələdiyyə seçkiləri keçirilməsinə nail olacaq.

    Milli Şuranın başlıca  xarici siyasət öncəlikləri Qarabağ konfliktinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, bütün beynəlxalq tərəfdaşlarla bərabər hüqulu və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq razılaşmalar çərçivəsində bütün dövlət öhdəliklərinin yerinə yetirilməsi, avropa xalqlarının vahid ailəsinə inteqrasiya olacaq.

     

    Keçid dövrü bitəndən, azad və ədalətli prezident və parlament seçkiləri keçiriləndən sonra bloklaşma siyasəti ilə bağlı məsələlər, o cümlədən avroatlantik məkana inteqrasiya məsələsi ümumxalq referendumu ilə həll ediləcək.

     

    Milli Şura bütövlükdə öz proqram məqsədlərinə çatmaq üçün müstəsna olaraq yalnız dinc vasitələrdən istifadə edəcək, ölkə Konstitusiyasının, qanunvericiliyinin və beynəlxalq hüququn prinsiplərini rəhbər tutacaq.    

     

    Bakı,

    7 iyun 2013-cü il

  • Ibrahim Quliyev-56

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü və “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyevi doğum günüdür.  VHP Siyasi Şurası İbrahim bəyə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “İbrahim Quliyev sözü və qələmi ilə Azərbaycan mətbuatında xüsusi mövqe qazanan, dəyərli elmi araşdırmaları və tərcümələri ilə şərqşünaslıq elminə böyük töhvələr verən bir şəxsdir. O, bir alim, yazar və jurnalist kimi hər zaman Azərbaycan adına çalışmış, bütün həyatı boyu layiqli vətəndaş və əsl insan kimi nümunə olmuşdur.
    Azərbaycan Milli Azadlıq Hərəkatı başlayarkən mübarizəyə qatılan və bu gün də vətəndaş cəmiyyəti quruculuğuna çalışan İbrahim bəy haqq bildiyi mövqeyində prinsipiallığı və qətiyyəti ilə seçilmişdir. Təpədən dırnağa kimi dövlət və xalq adamı olan, qanı və canı, qəlbi ilə Vətənə bağlı İbrahim Quliyevi elə Azərbaycana da bağlayan onun Azərbaycansevərliyi, ölkə vətəndaşı və Vətənin daşı olmasıdır.
    Ibrahim bəy, eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının da üzvüdür.
    Bir daha İbrahim bəyi 56 yaşının tamam olması münasibətilə təbrik edir, ona gələcək həyatında uğurlar və mübarizəsində qələbə arzulayırıq”.

    Sayqılarla,

    Sabir Rüstəmxanlı və VHP Siyas Şurası

  • VHP-nin Milli Şurada təmsil olunması Milli Şuranın güclənməsi baxımından işin xeyrinə olar

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı nəhayət ki, ideya müəllifi kinodramaturq Rüstəm İbrahimbəyov olan Milli Şura ilə fikirlərini açıqlayıb. Deputat Modern.az-a açıqlamasında Milli Şuraya qoşulmaq üçün ona qarşı tərəfdən hər hansı təklifin daxil olmadığını deyib.

    S.Rüstəmxanlı həmçinin Milli Şuranın yaradılması ilə bağlı öz təkliflərini irəli sürüb:

    “Milli Şuraya qoşulmaq üçün mənə təklif olunmayıb. Sadəcə olaraq yəqin hesab edirlər ki, mənim adımın siyahıda olması Milli Şuranın güclənməsi baxımından işin xeyrinə olar. Amma mən hələ də Milli Şuranın hansı prinsiplərlə yaradıldığını, məqsəd və məramını bilmirəm. Mənə təklif də olmayıb. Ona görə də bu barədə heç nə düşünməmişəm. Hesab edirəm ki, Milli Şura yaradılırdısa İctimai Palata ilə birgə yaradılmalıdır. Bu kifayət qədər təcrübə toplamış qurumdur.

    Bir qurumu yarımçıq saxlayıb, başqa bir qurum yaratmaq, oradakı müəyyən gücləri başqa bir yerə aparanda narazılıq yaranıb. Ona görə ciddi olaraq Milli Şura yaratmaq istəyirlərsə onda əhalinin daha geniş təbəqəsini buna cəlb olunmalıdır”-deyə millət vəkili bildirib.

    S.Rüstəmxalı Milli Şuranın ciddi iş görəcəyi təqdirdə onu Milli Məclisdə təmsil edə biləcəyini vurğulayıb:

    “Mən də hazırdaMilli Məclisdəyəm. Milli Şurada Milli Məclisə bənzər, alternativ qurumdur. Lazım olarsa, Milli Şura doğurdan da ciddi iş görərsə biz onu Milli Məclisdə təmsil edərik”.

     

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının Milli Şura ilə bağlı fikirlərinə qarşı tərəfdən cavab gecikməyib. Milli Şuranın əsas təşəbbüskarlarından olan “EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında Sabir Rüstəmxanlının təklifini müsbət qiymətləndirib.

    “El” rəsmini Sabir Rüstəmxanlının Milli Şurada görmək istədiyini bildirib:

    “Sabir Rüstəmxanlı Azərbaycanın böyük şairidir. Keçmişdə mübarizə aparan insanlardan olub. Sabir Rüstəmxanlı Milli Şurada olsa da, olmasa da o, bir çoxlarından yaxşı bilir ki, sosial sifariş nədir. Onun Milli Şuraya belə yanaşması özü böyük şeydir. Heç də əhəmiyyət kəsb etmir ki, o adam Milli Şurada olsun, ya olmasın. Bu özü böyük uğurdur. Şəxsən mən dostum Sabir Rüstəmxanlını ən gözəl şuralarda görmək istəyirəm”-deyə E.Quliyev vurğulayıb.

    Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxalı Modern.az-a açıqlamasında Milli Şuranın ciddi işlər görəcəyi təqdirdə onu Milli Məclisdə təmsil edə biləcəyini bildirib.

  • VHP Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədova

    Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədova

     

    Hörmətli Etibar bəy!

    Sizi 44 yaşınızın tamam olması münasibəi ilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, uzun ömür arzulayırıq.

    Siz Vətənini, millətini sevən insan kimi VHP-çilərin böyük hörmət və ehtiramını qazanmısınız. Qarabağ uğrunda gedən savaşlarda könüllü iştirakınız, müharibənin ağır sınağından üzüağ çıxmağınız tərcümeyi-halınıza qızıl hərflərlə yazılıb.

    Təəssüf ki, uğurunda canından keçməyə hazır olduğumuz yurd yerlərimiz hələ də işğal altındadır və istər-istəməz bu həqiqət hamımızın yaşam tərzimizə təsir göstərir: bütün sevincli günlərimizdə yurd həsrəti ruhumuza hakim kəsilir.

    Hörmətli Etibar bəy! 44 yaş gənclik yaşı olmasa da, qocalıq yaşı da deyil və bilirik ki, Siz Vətənin azadlığı uğrunda başlayacaq savaşı böyük intizarla gözləyirsiniz. Bizim varlığımızın təsdiqi də, ad günlərimizin təntənəsi də Qarabağdan – yurdumuzun azadlığından keçir.

     

    Sizi ad gününüz münasibəti ilə bir daha təbrik edir və Tanrıdan doğma torpaqlarımızın düşməndən azad olunduğu günü yaşamaq sevincini Sizə qismət etməyi arzulayırıq.

    Sayqılarla,

    Sabir Rüstəmxanlı və VHP Siyas Şurası