Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Rəsulzadə və Azərbaycan dövlətçiliyi

    vhpbeyleqanVətəndaş Həmrəyliyi Partiyası (VHP) Beyləqan rayon təşkilatının Məclisinin toplantısı keçirilib. Təşkilatın təşəbbüsü ilə “M.Rəsulzadə və milli məfkurəmiz” mövzusunda müzakirə aparılıb. İlk öncə böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 illiyi sayqı duruşu ilə anılıb.

    VHP Beyləqan rayon təşkilatının sədri Ədalət Quliyev M.Ə.Rəsulzadənin həyatı və siyasi fəaliyyəti haqda geniş məruzə eləyərək qeyd edib ki, M.Ə.Rəsulzadənin siyasi və ictimai fəaliyyəti bütünlüklə Azərbaycan xalqının birliyinə, ölkənin inzibati ərazi bütövlüyünə, millətin azadlığına həsr olunmuşdu. Bütün bacarığını, dünya görüşünü bu istiqamətdə səfərbər etmişdi. Ə.Quliyev M.Ə.Rəsulzadənin Müsavat Partiyasının sədri kimi gördüyü işlərdən, cümhuriyyət quruculuğunda dövlətçilik təcrübəsindən və milli lider kimi fəaliyyətindən, həmçinin əsərlərində və yaradıcılığında milli mövqeyindən geniş söz açıb.

    Sonda Məclis üzvləri də M.Ə.Rəsulzadənin fəaliyyəti və milli dövlətçilik məfkurəmizin formalaşçmasında Rəsulzadənin rolu barədə fikirlərini bölüşüblər.

    Qeyd edək ki, Rəsulzadənin anadan olmasının 132 il dönümü VHP-nin Bərdə, Goranboy, Tovuz və Qəbələ  rayon təşkilatları tərəfindən də anılıb.

  • Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq

    VHPQebelegenclerVətəndaş Həmrəyliyi Partiyasının Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 illiyi münasibəti ilə silsilə tədbirləri davam edir. Bu sıradan növbəti tədbir Qəbələdə keçirilmişdir. VHP Qəbələ rayon təşkilatının Gənclər Şöbəsinin təşəbbüsü ilə “M.Rəsulzadə və Azərbaycan dövlətçiliyi” adlı tədbir keçirib.  Tədbirdə VHP Qəbələ rayon gənclər şöbəsinin və “Qızıl Alma Millətçi Dərnəyinin” fəalları  iştirak ediblər.

    Yığıncağı açıq elan edən VHP Qəbələr rayon gənclər şöbəsinin sədri, “Qızıl Alma Milliyyətçi Dərnəyi”-nin başqanı İbrahim Türk çıxışında Rəsulzadə və Azərbaycan dövlətçilik tarixi mövzusunda məruzə etmişdir. O, bildirib ki, Rəsulzadə şərqdə ilk respublikasın əsasını qoyaraq bir ilkə imza atdı: “ Öz tərəfdarları ilə birgə Azərbaycan dövlətçiliyi üçünn həyatlarını fəda etdilər. Bu gün də onların bizə qoyub getdikləri ideologiya bizim üçün işıqdır və Xalq Cümhuriyyətinin özülü bizə müqəddəs dəyərdir. Bu günkü Respublika da Xalq Cümhuriyyətinin idarəçilik və ideoloji prinsipinə əsaslanmalıdır və o yolu davam edirdməlidir”.

    Toplantıda iştirak edən VHP Qəbələ rayon təşkilatı sədrinin birinci müavini İbrahim Dostuxan çıxışında bildirib ki, Məhəmməd Əmin Rəsulzadə bizə Azərbaycanı qoyub getdi, özündən sonra Azərbaycanı yaşatdı: “ Bu tarixi yazan şəxsiyyət bütün ömrünü, azadlığını, ailəsini Azərbaycan üçün qurban verdi, qurban verdi ki, bu ərazidə yaşayan millət gələcəkdə dövlətlərinin olması ilə fəxr edən azsaylı millətlərdən biri ola bilsinlər. Yer kürəsində minlərlə millət var, onlardan yalnız 200-dən çoxunun dövləti var. Məhəmməd Əmin Rəsulzadənin sayəsində biz həmin o dövləti ilə fəxr edən millətlərdən biri ola bilmişik. Yaşasın Məhəmməd Əmin Rəsulzadəni qəlbində yaşayan Azərbaycan xalqının nümayəndələri. Yaşasın Rəsulzadənin ideyaları. Və şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq”.

    Tədbirin sonunda Suriydakı Türkməndağı bölgəsində Rus-Fars və Əsəd rejmi kooalisyasına qarşi döyüşən Bayır Bucağ Türkmənlərinin vəziyyəti barədə İbrahim Türkün məlumatı dinlənilmişdir. Bildirilmişdir ki, bu gün türkman soydaşlarımızın durumu bu gün çox acınacaqlıdır. İraqda İŞİD qruplaşması və Suriyada da Əsəd rejimi tərəfindən ən çox əziyyət çəkən onlardır.

    Qeyd edək ki, VHP-nin Bərdə, Goranboy və Tovuz rayon təşkilatları da Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri M.Rəsulzadənin anadan olmasının 132 il dönümü ilə bağlı anım tədbi keçiriblər.

  • Tovuzda VHP Rəsulzadə ilə bağlı anım tədbiri keçirib

    vhptovuzVHP-nin Tovuz rayon təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 ildönümü ilə bağlı anım tədbiri keçirib.

    Toplantı böyük öndəri sayqı duruşu ilə anmaqla başlayıb. VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu Rəsulzadənin həyat və yaradıcılığı, dövlətçilik tariximizdəki yeri happy wheels demo barədə məruzə edib. O, bildirib ki, Rəsulzadə tarixi şəxsiyyət, böyük dövlət xadim olmaqla yanaşı, həm də böyük ədibdir:

    “Əlbəttə, onun ən böyük əsəri Azərbaycan Xalq Cümhuriyyətidir. Bununla yanaşı, Rəsulzadənin ədəbi yaradıcılığı maarifçilik tariximiz üçün böyük töhfələr verib. Rəsulzadə əxlaqı və siyasi təfəkkürü bu günümüz üçün də nümunədir”.

    N.Tovuzlu Rəsulzadənin Xalq Cümhuriyyətindən öncəki və mühacirətdəki fəaliyyəti barədə də danışıb.

    Qeyd edək ki, VHP-nin Bərdə və Goranboy rayon təşkilatları da Rəsulzadə ilə bağlı anım tədbirləri keçiriblər.

     

     

  • VHP Goranboyda Rəsulzadə ilə bağlı tədbir keçirib

    GoranboyBir neçə gün sonra böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü tamam olur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) artıq silsilə tədbirlərə start verib. Dünən VHP-nin Bərdə rayon təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri M.Ə.Rəsulzadə ilə bağlı anım tədbiri keçirib. Bu gün isə VHP-nin Goranboy rayon təşkilatı Məclisinin toplantısı keçirilib və tədbirdə böyük öndər M.Ə.Rəsulzadənin anadan olmasının 132 ildönümü ilə bağlı müzakirə aparılıb.

    Təşkilat sədri Zaur Məmmədli M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti və Azərbaycan dövlətçilik tarixindəki rolu barədə geniş məruzə edib. O, M.Ə.Rəsulzadənin Azərbaycan və bütün şərq dünyasındakı yerindən danışıb: “Məhəmməd Əmin Rəsulzadə yalnız şərqin ilk demokratik cümhuriyyət qurucusu kimi tarixə düşmüş şəxsiyyət deyil. O bu gün də müasir və bizə bayraqdar olan böyük bir fikir adamıdır. M.Ə.Rəsulzadənin əsasını qoyduğu və milli bayrağımızda öz əksini tapan ideologiya bu gün də Azərbaycan və bütün türk dünyası üçün dəyərlidir. Biz hər birimiz böyük öndərin fikirlərinin gerçəkləşməsi və onun istədiyi dövlətin qurulması üçün çalışmalıyıq”.

    Z.Məmmədli çıxışının sonunda rayon təşkilatının fəaliyyəti və konfrans hazırlıqlarından da danışıb.

  • VHP Bərdədə Rəsulzadə ilə bağlı tədbir keçirdi

    VHPBerdeYanvarın 31-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü tamam olur.
     
    Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası artıq silsilə tədbirlərə start verib. Partiyanın rayon təşkilatlarında keçiriləcək tədbirlər Bərdədən başlayıb.
     
    Bu gün VHP-nin Bərdə rayon təşkilatı məclisi M.Ə.Rəsulzadənin anadan olmasının 132-ci ili ilə bağlı toplantı keçirib. Rayon təşkilatının sədri Rövşən Cabbarov çıxışında Rəsulzadənin həyat və yaradıcılığı, siyasi və dövlətçilik fəaliyyəti barədə məruzə edib. Bildirib ki, Şərqdə ilk cümhuriyyət quruculuğu ilə Rəsulzadə və tərəfdarları yeni məfkurənin, idarəçiliyin əsasını qoydular:
     
    “Azərbaycan Xalq Cümhuriyyəti demokratiya və azad, demokratik idarəçiliyin ilk nümunəsi idi. Rəsulzadə bütün ömrünü və həyatını millətinə və dövlətinə fəda etmiş şəxsdir. Mühacirətdə olduğu müddətdə də Azərbaycan davasından vaz keçməyib. Biz çox xoşbəxt xalqıq ki, Rəsulzadə kimi öndərimiz var. Biz bu gün də onun dövlətçilik məfkirəsi ilə getməliyik. Bu gün VHP-də onun əsasını qoyduğu milli təsanüd nəzəriyyəsinə əsaslanır”.
     
    R.Cabbarov çıxışının sonunda rayon təşkilatının fəaliyyəti və konfrans hazırlıqlarından danışıb.
  • VHP Oğuz rayon təşkilatının konfransı keçirilib-FOTO

    VHPoguz5Konfransda Rəsulzadə anılıb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Oğuz rayon təşkilatının növbəti hesabat seçki yığıncağı keçirilib. Təşkilatın özəklərindən seçilmiş konfrans nümayəndələri ilə yanaşı VHP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin katibi Şəfəq Qulusoy və partiyanın şöbə müdiri Səlcuq Elçin də yığıncaqda iştirak edib. Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Famil Zakirovun konfrans öncəsi görülmüş işlər, prosedur qaydalar barədə məlumatı dinlənilib.

    Daha sonra təşkilatın sədr əvəzi Surxay Hüseynli geniş hesabat verib. Rayon təşkilatının fəaliyyəti, seçkili orqanların işi və təşkilatın qarşısında duran işlər barədə danışıb. Bildirib ki, təkcə 2016-cı ilin yanvar ayında 38 nəfər rayon sakini təşkilat sıralarına qəbul edilib.

    Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Vahidqızı hesabatı dinlənildikdən sonra konfrans nümayəndələrindən Əhəd Hüseynov, Faiq Qəribov, Jalə Zakirova və digərləri də çıxış edərək təşkilatın fəaliyyəti barədə təkliflərini bildiriblər.

    VHP-nin Ümumi şöbəsinin müdiri Şəfəq Qulusoy VHP-nin fəaliyyəti və qurultaya hazırlıq işləri barədə məlumat verib.

    VHP-nin Siyasi partiyalarla iş şöbəsinin müdiri Səlcuq Elçin isə çıxışında ölkədə və regionda baş verən siyasi olaylar, manatın devalvasiyasından sonra Azərbaycandakı iqtisadi vəziyyət barədə danışıb.
    Həmçinin S.Elçin bildirib ki, bu ilin yanvar ayının 31-də böyük öndər və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Emin Rəsulzadənin 132 yaşının tamam olduğunu bildirərək, böyük öndərin ictimai-siyasi fəaliyyətindən, Xalq Cümhuriyyətindən, Rəsulzadənin yorulmaz fəaliyyəti və mühacirətdə apardığı Azərbaycan davasından danışıb.

    Sonda təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının yeni Məclisi, NTK-sı formalaşdırılıb, partiyanın növbəti qurultayına 8 nəfər nümayəndə seçilib.

    Famil Zakirov isə gizli səsvermə nəticəsində VHP Oğuz rayon təşkilatının yeni sədri seçilib.

    VHPoguz5

    VHPoguz3

    VHPoguz2

    VHPoguz1

    VHPoguz

    VHPoguz4

  • Ölkədə sosial – siyasi vəziyyəti gərginləşdirməkdir.

    Fəzail_İbrahimliMilli Məclisin Regional məsələlər komitəsinin üzvü , deputat Fəzail İbrahimli ölkədə aparılan struktur dəyişiklikləri və islahatlarla bağlı qalmaqallı açıqlamalar verib.

    Modern.az-a danışan millət vəkili inqilabi islahatların heç vaxt uğurlu olmadığını vurğulayıb: “Dövlətin daxili funksiyası əhalisini yedirdib-içirtmək, yaşatmaq, dolandırmaqdır. Xarici funksiyası isə dövlətin təhlükəsizliyini təmin etməkdir. Bu gün müəyyən oxşar strukturlar, dövlət qurumlarında ixtisarlar aparılanda onlarla, yüzlərlə insan işsiz qalır”.

    Deputat aparılacaq islahatlar zamanı ədalətlilik prinsipinin göz önündə saxlanmasının tərəfdarı olduğunu vurğulayıb: “Əminəm ki, bu islahatların ixtiyarı nazirlərə verilsə, nazirlər həmin qurumdakı qohum-əqrəbasını saxlayacaq, kənardakıları rədd edəcək. Həmçinin, orada demokratik əhval-ruhiyyədə olan, sözə baxmayan, qanunun aliliyini tələb edən insanların uzaqlaşdırılması vaxtının çatdığını elan edəcəklər.

    Ona görə də bu çətin anlarda, struktur islahatları keçirib camaatı küçəyə atmaq olmaz. Axı kimlərə qoşacağıq onları?! İşsiz qalan insanlar hara gedəcək? Biz hansı səbəbdən cəmiyyətdə boşluq yaratmalıyıq?

    Onların bir qrupu vəhhabilərə, bir qrupu nurçulara qoşulacaq, bir qrupu İŞİD-ə adam axtaracaq. İnsan ac qalanda ac qılınca çapır. Ona görə də, bunu ağıllı formada həyata keçirmək lazımdır, insanları küçəyə atıb islahat aparmaq islahat deyil. Ölkədə sosial – siyasi vəziyyəti gərginləşdirməkdir.

    Sosial problemlərin həlli bunda deyil. Tutaq ki, struktur islahatları aparılır. Bu halda ən yaxşı mütəxəssislərə toxunmaq olmaz. İndi biri işçi yaranıb, biri də nazir. Sən nazir başda oturubsan, oğlun, ailən, qohum-əqrəban… Hər şey sənin üçün əladır. Amma düşünmürsən ki, 5 nəfəri saxlayan ailə başçısını küçəyə atandan sonra onların aqibəti necə olacaq. Bu əxlaq normasıdır, düşünülməlidir bunlar. Əgər ailə üzvlərindən 5 nəfərin 4-ü işləyirsə, birinin kənarda qalması o qədər də təhlükə törətmir. Amma bir nəfər işləyir və sən də onu çıxarıb 5 nəfəri ac qoyursansa, Allahın qəzəbinə gələrsən”.

    F.İbrahimlinin fikrincə, oliqarxların ixtisara düşməsi əsasdır və bu, onlar üçün faciə deyil: “Mən ölkə başçısı İlham Əliyevin fikirlərinə söykənərək bildirirəm ki, oxşar strukturlar ixtisar edilməlidir. İxtisar zamanı insanların əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Baxın, elektrik, işıqla bağlı nə qədər oxşar qurumlar, nazirliklər var… Hamısı da öz qohum-əqrəbasını ətrafına yığıb. Dövlət başçısı bu tip qurumları nəzərdə tutaraq bildirib ki, islahat aparılsın. O deməyib insanları küçəyə atın, onlar da dövlətin əleyhinə olan ayrı-ayrı təbəqələrə, təriqətlərə qoşulsun.

    Onsuz da Azərbaycana kifayət qədər təhlükəli caynaqlar uzanıb. İxtisara düşən həmin insanları onların caynaqlarına verə bilmərik. Biz bu məsələləri kifayət qədər nəzərə almalıyıq. Kor-koranə islahat aparmaq olmaz.

    Bir nazirlikdən 500 nəfər atdın küçəyə, düşünmürsənmi o insanın aqibətini? Mənim vicdanlı bir insan kimi ağlım, vicdanım, şüurum ona yönəlib ki, müstəqilliyin bizə verdiyi ən böyük nemət sabitlikdir. Onun pozulmasına doğru atılan bütün addımları mən qəbul etmirəm.

    Axı nə ehtiyacdır ki, bir nazirin 3-5 müavini var?!

    Onlar “hazır aşın dik qaşıqları”dır. Onların hər şeyi var. Onlar nəsilbənəsillərinə, hətta nəvə-nəticələrinə hər şey düzəldiblər. Onların ixtisara düşməsilə faciə baş verməyəcək. Hərəsi bir struktur yaradıb başında durub. Söhbət bundan gedir. Manat devalvasiyaya uğradı. Elan olundu ki, manat “üzən məzənnə” siyasətinə keçir. Axı manat “üzgüçülük forması”nı geyinib suya tullanmalıdır. Manat hələ “paltarını soyunmamış” çörəyi bahalaşdırdılar. Kimlərdir onlar?!

    Onlar dəyirmançı işləməyə layiq insanlardır ki, böyük mənsəb, var-dövlət sahibləri olublar. Prezidentə xəyanət edən kimlərdir?! Elə həmin harınlamış insanlardır! Struktur dəyişiklikləri ona yönəlməlidir. Aylıq 200-300 manat alanları küçəyə atıb, onları ayrı-ayrı dini qruplaşmalara sövq etmək olmaz, Mənim düşüncəm, əxlaqıma görə bu, çox təhlükəlidir”.

  • Ziya Bünyadovun hərbçi oğlu bəzi sirləri açdı: “Ondan böyük avtoritet olmayıb”

    sabirbeyZbunyadovunogluXalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı öz evində amansızlıqla qətlə yetirilmiş tarixçi alim, akademik Ziya Bünyadovun oğlu, Bakının 1990-1991- ci illər komendantı olmuş Valeri Bunyatovla görüşüb.  Xalq şairinin onunla hazırladığı yazı- müsahibəni təqdim edir:

    “Daha dünyaya belə adamlar gəlməyəcək! O, vəhşicəsinə öldürüldü. Müharibənin əvvəlindən axırina vuruşasan, həmişə ölümün üstünə gedəsən, ölüm sənə toxunmaya, sonra öz vətənində… Namərdcəsinə… Azərbaycan onu qoruya bilmədi. Atam öz vicdanına zidd getməməyin, həqiqəti gizlətməməyin və Azərbaycan sevgisinin, onu gələcək fəlakətlərdən qorumağın qurbanı oldu…”

    Nahar fasiləsində, onun iş yerində görüşməyi razılaşdırmışdıq. Saat 1-ə beş dəqiqə qalmış mən maşından enəndə o artıq binanın qarşısında gəzişib gözləyirdi. Əlini qaldırıb uzaqdan salamlaması ilə məni çaşdırdı. Eynilə atasının hərəkətiydi. Sonra bu çaşqınlıq dəfələrlə təkrar olunacaqdı. Dəfələrlə elə biləcəkdim ki, üz-üzə oturduğum adam böyük alimimiz, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun oğlu yox, özüdür. Evində, Milli Məclisdə, akademiyada, “Azərbaycan” qəzetində, yollarda beləcə dərdləşmdiyimiz günlər düşəcəkdi yadıma…

    -Valeri, yaşıd olduğumuza görə, rəsmiyyətə ehtiyac görmürəm – deyə söhbətə körpü salıram.

    “Əlbəttə”- deyir- nə rəsmiyyət, mən hərbiçiyəm, kəsə danışmağı xoşlayıram.”

    -Məni çaşdırırsan, adam da atasına bu qədər oxşaya bilər?

    Üzünə bir razılıq ifadəsi qonur. Bu da yenə Ziya müəllimin bir az istehza qarışıq təbəssümünü xatırladır. Yəni, “başqa cür necə ola bilər ki!” Sonra söhbət zamanı dönə-dönə təkrarlayacaq ki, mən elə bir kişinin oğlu olmağımla ömrüm boyu qürur duymuşam!

    Gecə yağan qar yolları ağardıb. Asta-asta irəliləyirik. “Qar bir yandan, bir yandan da bir neçə gün öncə ayağım bərk burxulub…”- deyir. Ancaq maşına minmək təklifini qəbul etmir: “Gedərik yavaş-yavaş…”

    -Görürsən, təsadüfən yanvarın 20-də görüşmüşük! Bilirsən bu gün hansı gündür?

    “Əlbəttə! Heç unutmaq olar? Həm də Azərbaycan mətbuatını izləyirəm. Hər şeydən xəbərim var!”-deyə sualımı tamamlamağıma imkan vermir.
    -İndi Bakı ayaq üstədir. Bütün şəhər Şəhidlər Xiyabanına axır.

    – Allah, sənin atan da daxil olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin! İstefada olan polkovnik, Sovet Ordusunun köhnə zabiti və ən əsası Fövqəladə Vəziyyət vaxtında bir müddət Bakının komendantı olmuş bir adam kimi, üstündən 26 il keçəndən sonra həmin hadisələrə necə baxırsan?

    – O hadisə Sovet İttifaqı rəhbərliyinin çox böyük səhvi və ağılsızlığı idi. Başqa necə baxmaq olar? Cinayət törədildi… Mən ordunun Bakıya necə girdiyini, dinc əhali ilə necə vəhşicəsinə rəftar edildiyini şahidi olamamışdım. Ancaq sonra da gəlsəm, Bakını, mənə doğma olan şəhəri, atamın şəhərini o vəziyyətdə görmək çox ağır idi. Mən konfliktlərin sakitcə, səbrlə, danışıq yolu ilə həllinə inanıram. Bakıda da bu imkan olub. Ancaq zorakılıq və düşmənçilik yolunu seçmişdilər. Bu, ordunu da, ölkəni də sarsıtdı, sistemin dağılmasına yol açdı.

    Fikrimdə ona veriləsi bir xeyli sual var. İlk baxışda qapalı, öz dediyi kimi kəsə danışmağı xoşlayan, təfərrüatı sevməyən adama bənzəyir. Ancaq nəylə maraqlanıramsa həvəslə və detallarla aydınlıq gətirir. Ən ilginci budur ki, hansı mövzuya toxunuruqsa, axırda sözü yenə atasının üstünə gətirir və mən sərt bir hərbiçi ömrü yaşamış bu adamın ürəyindəki ata sevgisinin böyüklüyünə heyrət edirəm.

    “Anam Raisa Akimovna Xasavyurdludur. Böyük Vətən müharibəsində ordu qərargahında tərcüməçi olub. Alman dilini mükəmməl bildiyindən birbaşa məktəbdən aparmışdilar onu. Həmin orduda atamın komandirlik etdiyi 123-ci batalyon haqqında eşitmisən yəqin…”

    -Özü danışıb, kitabda da oxumuşam…

    -Hə orda tanış olublar və 1945-ci ildə, Berlin ətrafında evləniblər. 1946-cı ildə mən andan olmuşam. Sonrakı həyat yoldaşı Tahirə xanımla əllinci illərdə Moskvada oxuyarkən tanış olub. Düzdür, anam bir ara məni atamdan uzaq tutmaq istəyib, görüşdürməyib, ancaq buna baxmayaraq, əlaqələrimiz həmişə davam edib. 18 yaşıma kimi anama aliment verib. O vaxtın ölçüləriylə ciddi bir məbləğ idi. Yadıma gəlir, atamın göndərdiyi pulun üç ayını yığıb sevdiyim qıza qızıl saat almışdim. 19 yaşımda evlənmişəm. Atamı da dəvət etmişdim. Gəlmişdi. Bir həftə bizdə qaldı… Ailə həyatım uğurlu olub. 51 ildir xoşbəxt yaşayırıq. İki qızım var. Biri mənə qonşudur. 25 yaşlı nəvəm var. Onun da adı Valeridir.

    -Ananız sağdır?

    -Yox. Üç il yarım əvvəl ölüb.

    -Ata-ananın ayrılması, sonra hər birinin ikinci dəfə ailə qurması övladı yaralayan bir işdir. Bu, atanla arada soyuqluq yaratmışdımı?

    – Qətiyyən! Atam mənim üçün həmişə müqəddəs adam olub. Ömrüm boyu onunla, onun qəhrəmanlığı, şəxsiyyəti, böyük alimliyi və mübarizliyi ilə fəxr etmişəm. Mənim üçün həyatda ondan böyük avtoritet olmayıb. Nə iş görsəm ilk növbədə onunla məsləhətləşirdim və həmişə ən ağıllı məsləhətləri də ondan eşitmişəm. O təkrarolunmaz adam idi. Amma tez unuduldu. İndi daha heç kimin yadına düşmür.
    (Bundan sonra hər dəfə atası haqqında danışanda doluxsunur, gözünün yaşını silir.)

    -Elə deyil. Ziya Bünyadov Vətənində çox sevilir; o, bir əfsanədir və həmişə yaşayacaq. Mən onunla dost idim, cavanlıq illərimizdən, hələ qəzetdə işləyəndə onun haqqında yazmışam …

    -Kitabda rast gəlmişəm o məqaləyə…

    -Sonra xatirələrimi yazmışam, şeir həsr eləmişəm ona, imkanım olsa, haqqında bir kitab da yazaram. Bilirsən, yoldaşı Tahirə xanım son illərdə Milli Məclisin kitabxanasında işləyirdi. Tez-tez görüşürdük. Mənə deyirdi ki, Ziya hər adamı qəbul edən deyildi, amma səni çox istəyirdi. Dəfələrlə bizim evdə söhbətin olmuşdu. İndi işləmir Tahirə xanım, xəstədir, bu yaxınlarda gedib baş çəkmişdim ona… Ziya müəllimlə bağlı bir əhvalat da yadıma düşdü. Bir dəfə mənə dedi ki, Bəxtiyara, Nəbiyə şer yazmışam. (Bəxtiyar Vahabzadə ilə Nəbi Xəzrini nəzərdə tuyurdu), sən qalmısan, gərək sənə də yazım. Ziya müəllimin satirası kəskin idi. Əslində, onun tənqidinə tuş gəlmək istəmirdim, ancaq nə yazacağı da maraqlı idi. “Mənə yaza bilməzsən!- dedim. – Mən həcvə gəlmirəm. Sonra məsələni yumşaltmaq üçün “həm də bilirəm ki, məni çox istəyirsən!- deyə zarafat elədim,- “Heç nəyin dəxli yoxdur, gözlə!-dedi. Doğrudan da, yazmışdı; növbəti məclisə gələndə yazdığı şeri mənə verib “oxu!” dedi. Oxudum. Dediyim düz çıxmışdı. Gülə-gülə “bu ki, tərifnamədir!-dedim. Etiraf elədi ki, sənin haqqında başqa cür yaza bilmədim. Onu sevənlər çoxdur. İşlədiyi institut onun adınadır. Oturduğu otağı olduğu kimi, muzeyə çevirib saxlayırlar…

    – Hamısından xəbərim var… Ancaq qəbri üstündə qoyulan heykəl məni əsəbiləşdirdi. Ona yaraşan abidə deyil. Heç olmasa boy-buxununa uy-un olaydı. O nə ilandır ayağının altında? Kimi nəzərdə tutublar? Erməni alimlərini? Atam üçün ilan başı əzmək xırda iş idi. O böyük alim idi və mübarızə obyekti, hədəfləri də ayağına dolaşan bir ilanla ifadə edilə bilməz!

    -Bakıda səni də unutmayıblar…

    -Komendant olduğuma görə hamı pis xatırlayır, eləmi?

    -Yox, elə deyil. İmkan daxilində kömək edirdin. Birini yadına salım. Mən yanına gəlib “Azərbaycan” qəzetinin nəşrini davam etdirməyimizə icazə verməyini xahiş etmişdim və atanın bizim redaksiya heyətinin üzvü olduğunu da demişdim. Sən də tərəddüd etmədən icazə vermişdin…

    -Başqa necə ola bilərdi? O qəzetdə atamın da yazıları çıxmışdı… Onun adı gələn yerdə başqa cür hərəkət edə bilməzdim. Tez-tez görüşüb-görüşmədiyimizi soruşursan. 1965-ci ildə mənim toyuma gəlməsi əsil bayram idi.. Sonra mənim ilk qızım olanda getdik Bakıya. Anam da bizimləydi. Qulluq etdiyim səmtlərə yolu düşəndə ailəvi qarşılamışıq. Mən xasiyyətcə atama çox oxşayıram. Hərbiçi olsam da, ailəmi özümdən ayırmamışam. Hər yerə bərabər getmişik. Bakıya da birgə gedirdik və atam buna çox sevinirdi… Hərbi akademiyanı qurtaranda Bakıya öz maşınımla getmışdim. Atamgildə qaldıq. Bakıda da iki qardaşım vardı və onlarla mehriban olmağımızı istəyirdi. Xüsusən, Cəmillə çox yaxın idik. Heyf, o da tez getdi… Oğlu Musa da getdi. İndi Bibiheybət qəbirstanlığında uyuyan babamızın adını daşıyırdı. Bilirsən, mən atamı həm də niyə görə çox sevmişəm? Atam hər şeyə vicdanla yanaşırdı. Vicdan onun üçün insan olmanın əsas şərtiydi. Vicdanına zidd getməzdi, buna görə də güclü idi. Hər yerdə sözünü çəkinmədən, cəsarətlə, üzə deyərdi. Kitabları, elmi araşdırmaları da belədir. Mən atamın yüksək Azərbaycan sevgisini hiss edirdim, gördüm. Ona pərəstişimin bir səbəbi də bu idi. Ürəyi ilə dili arasında sərhəd yox idi. Sevgisi də, nifrəti də açıq idi. Buna görə sevməyənləri də az deyildi. Bütün ömrü boyu Vətəninə şöhrət və hörmət gətirdi. Mən Özbəkistanda qulluq edərkən onun Xarəzmşahlar haqqında kitabının necə qarşılandığının şahidi olmuşam. Onlar köhnə nəslin adamlarıydılar: əsil ziyalı, əsil vətəndaş, əsil alim, əsil qəhrəman… Mən də atam kimiyəm. Məni də əymək olmaz. Bunun çox əziyyətini çəkmişəm. Onda da atamın yardımını hiss etmişəm… Bununla bağlı belə bir əhvalat danışmışdı: Bakının ağır günlərində, 20 Yanvar ərəfəsində Polyaniçkonun yanında bir yığıncaq varmış. Yazovun, Bakatinin, Kravçukun, Şatalinin iştirak etdiyi bu məclisə köhnə hərbiçi, qəhrəman və xalq arasında hörməti olan ziyalı kimi atamı da dəvət edibmişlər. Atam, söz yox, ordunun şəhərə yeridilməsinin əleyhinə danışır. İçindəki ədalət hissi həmin gərgin məclisdə də mənim vəziyyətimi ona xatırladıbmış. Şatalindən soruşub ki, məni bir şey maraqlandırır, sizdə rütbə çox bahadır? Hamı çaşıb qalır. Onda atam “mənim oğlum on ildir podpolkovnik rütbəsində qalır, böyür- başında hamıya rütbə verirsiniz, ona nə olub? Familiyası xoşunuza gəlmir?”- deyə kükrəyir. Elə həmin gün mənim məsələm həll olunmuşdu.

    -Onda təyin olunmuşdun Bakı komendantı?

    -Yox, mən komendantlığa 1990-cı ilin mayında gəldim. Amma ola bilsin ki. o söhbətdən yaddaşlarında qalmışam. Əslində, mən gəlmək istəmirdim. Çünki komendantlıq haqqında heç bir təsəvvürüm yox idi. Atam da, rütbəmi böyütdürəndə ağlına gəlməyib ki, bir gün məni Bakıya göndərə bilərlər. Ancaq bir müddət sonra öyrəşdim. Komendantlığın maraqlı tərəfi xalqa kömək eləmək imkanı idi. Bakının ərzaq təminatından tutmuş, təmizliyinədək, hər şeyə qarışmalı olurdum. Xalq küçələrə çıxmağa qorxurdu, dəfələrlə elan etmişdim ki, qayda-qanun gözlənilir, qoy hər kəs əvvəlki həyatını yaşasın. Komendantlıq mənə ömrüm boyu arzuladığım başqa bir gözlənilməz imkan vermişdi; bu da atamla bir şəhərdə yaşamağım idi. O vaxtki Buynakski küçəsində, onların qonşuluğunda olurdum. Həftədə üç-dörd dəfə axşamlar ailəvi onlara gedirdik. Biz atamla balkonda oturur və gecə yarısınadək söhbətləşirdik…

    -Fikirlərinizin üst-üstə düşmədiyi vaxtlar çox olurdu?

    -Çox olmasa da, olurdu. Dediyim kimi, atam mənim Bakıda komendant olmağımla barışa bilmirdi. İzah etməyə çalışırdım ki, əksinə, başqalarındansa mənim olmağım yaxşıdır. Siyasi görüşlərimizdə də fərqlər vardı. Məsələn, mən SSRİ-nin dağılmağını istəmirdim, atam isə bunun qarşısıalınmaz bir proses olduğunu görürdü. Ancaq sonra bir konfederal və ya Avropa Birliyinə bənzər daha sərbəst və demokratik ittifaqın yaranmağını istəyirdi.

    – Komendant gəldiyin günü xatırlayırsan? O axtardı səni?

    -Bakıya gələn kimi birbaşa evə, onun yanına getdim. “Məni bura göndərdilər”,-dedim. “Onların məqsədini anlayıram!” söyləyərək, bir az əsəbiləşdi. Sonra sakitləşib, “lap yaxşı, bir yerdə yaşayacağıq!” – dedi.

    -Bakıdan nə vaxt getdin?

    -1991-ci il sentyabr ayının 9-da…

    -QKÇP-dən sonra. Artıq komendant saatına ehtiyac qalmamışdı…

    -Elədir. Moskvada çevriliş baş vermişdi. Ancaq Azərbaycan rəhbərliyi nə baş verdiyini anlamamışdi. Məni təbrik edirdilər.

    -Ancaq biz, Xalq Cəbhəsi olaraq, elə birinci gün çevrilişin əleyhinə bəyanat verdik. Sentyabrın 1-də Moskvada SSRİ Ali Sovetinin sonuncu sessiyası çağırılmışdı. Mən də orda iştirak edirdim. O sessiyada artıq İttifaqın ömrünə xitam verildi.

    -Yadımdadır. O boyda xalq hərəkatına baxmayaraq, Azərbaycanda hələ Kommunist Partiyası qalırdı. Rəhbərlikdə naşı adamlar çox idi. Vəziyyəti düzgün qiymətləndirə bilmirdilər. Ermənistandan çıxarılan azərbaycanlıların nə günahı vardı? Atam dəfələrlə demişdi ki, doğma yurdlarından çıxarılanları hökmən Dağlıq Qarabağa yerləşdirmək lazımdır. Məsələ sakitcə həll olunacaqdı. Ancaq Azərbaycan rəhbərliyi oturub yuxarıdan icazə gözləyirdilər. Guya Qorbaçovun ürəyi yanacaqdı azərbaycanlılar üçün… Onların qorxaqlığının nəticəsidir bu gün davam edən Qarabağ faciəsi…

    -Düzdür, bizimkilər hələ də Qorbaçovun ağzına baxırdılar.

    – O, bir təsadüfi adam idi.

    -Bakı haqqında düşünərkən təəssüfləndiyin bir şey varmı?

    -Şübhəsiz var! Əvvəla, mən Bakını o vəziyyətdə görmək istəməzdim. İkincisi, heyf ki, atamla ünsiyyətdən doymadım. Üçüncüsünü də deyim?

    -Hökmən!

    (Gülür) Hacı Allahşükür Paşazadə məni həccə göndərmək istəyirdi. Təəssüflənirəm ki, həmin təklifi qəbul etmək imkanım olmadı…

    -Nə olar, Hacıya deyim, bir də təklif eləsin.

    -Daha olmaz, çətindir.

    -Bakıdan sonra yenidən Rostova qayıtdın?

    -Ora qayitdım. Sonra Şimali Qafqaz ordusunda xidmət elədim. General olmaq imkanım var idi… Mənim səlahiyyətim çatsa Çeçen müharibələrinin heç biri olmazdı. Ordudan sonra da həmişə işləmişəm. Köhnə hərbiçi yoldaşlarım kimi içkiyə qurşanıb özümü məhv edərdim. Ancaq mən vaxtımı ailəmlə keçirməyi, tək qalmağı, dünyada baş verən hadisələri təhlil eləməyi xoşlayıram.

    -Təhlillərin nəticəsi çox bədbindir?

    -Sevindirici bir şey yoxdur. Ancaq Rusiyanı çökdürə bilməyəcəklər. Dirçəlcək. Ordu da dirçəlir. Hamısı Putinin xidmətidir.

    -Amma Putinin Türkiyə ilə münasibətləri pozmaqda bu qədər israrlı olması bizi narazı saldı.

    -Bu, məni də çox narahat edir. Türkiyə ilə Rusiyanın yaxınlığı bölgədə vəziyyəti dəyişdirər və sabitliyi uzun ömürlü edərdi. Qərbin müdaxilə elədiyi ölkələr nə gündədir? İraq, Liviya… İndi bu dövlətlərin ancaq adı qalır.

    -Suriya…

    -Yox. Rusiya Suriyadan çıxmaz və oranı qoruyacaq. Qərb də heç bir şey eləyə bilməyəcək. Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Azərbaycanın da xeyrinə idi.

    -Təhlillərin Azərbaycan haqqında nə deyir?

    -Azərbaycan çətin dönəmdən keçir və seçim eləmək vaxtıdır. Sonra gec ola bilər. Bu qədər imkanları olan bir ölkədə iqtisadiyyat düzgün idarə edilsə, böhran yaranmazdı. Şəxsən mənim fikrimcə Azərbaycan Rusiyadan uzaqlaşmalı deyil. Qərbə bel bağlamaq olmaz. Həm də Rusiya ilə münasibətlərin böyük ənənəsi var. İndiki Rusiya XİX əsrin işğalçı Rusiyası deyil. Ona da etibarlı qonşular lazımdır. Azərbaycan Rusiyadan çox şey umur. Guya Qarabağı ancaq Rusiya qaytara bilər. Rusiya necə qaytara bilər Qarabağı? Azərbaycan özü qaytarmalıdır Qarabağı!

    -Müharibəyə başlayaq?

    -Başqa yol tapılmayanda müharibə qaçılmaz olur! Ancaq müharibə yeganə yol deyildir. İlk növbədə siyasət düzgün qurulmalıdır. Ölkələr arasında, insanlar arasında etimad mühiti yaradılmalıdır. Cəmiyyət azad və demokratiya şəraitində yaşamlıdır, ölkə cazibə mərkəzinə çevrilməlidir. Mən indi də bu fikirdəyəm ki, sadə adamları siyasət adamlarının oyununa qurban vermək olmaz.

    -Tamamilə razıyam səninlə. Ancaq deyək ki, Azərbaycanı cənnətə çevirmişik, bu, adını çəkdiyin o Muradyanların tərbiyəsiylə beyni yalanla doldurulub zəhərlənmiş ermənilərin ürəyində nəyi dəyişə bilər?

    – Məncə, bu gün sadə erməninin düzgünlüyə, ədalətə, demokratiyaya, azad seçkiyə, klan-tayfa maraqlarına xidmət etməyən xalq hakimiyyətinə, azad iqtisadi münasibətlərə, ümidə, hər gün aldadılmadan, uçuruma aparılmadan inamla yaşamağa ehtiyacı var. Qarabağ Azərbaycanındır . Və bunu dünya davamlı duymalı, bir milyon insanın evinə dönmək tələbini hər gün eşitməlidir. Bunun alternativsiz bir yol olduğunu ermənilər də hər gün hiss etməlidirlər. Bu Minsk qrupunun oyunlarına bağlı iş deyil. Mən içəridəki vəziyyəti dəqiq bilmədiyimə görə, sözlərim ritorik səslənə bilər. Ancaq hakimiyyət hər şeydən öncə xalqı sevməli, ona bağlı olmalıdır, onunla məsləhətləşməkdən qorxmamalıdır, ona inam verməlidir. Xalq inanmalıdır ki, sabah onun övladları indikindən daha yaxşı yaşayacaq. Öz ölkəsi ilə, o cümlədən onun hakimiyyəti ilə fəxr eləməlidir ki, onu ürəklə qorusun, onun yolunda ürəklə savaşa bilsin. Vətəndaş başını qaldıran kimi onu başından vurmaq perspektivi olmayan bir yoldur. Tək-tək adamları qorxutmaq olar, ancaq bütöv xalqı qorxutmaq olmaz. Məmur xalqla dialoq şəraitində olmalı, onunla məsləhətləşməli, onu səbirlə dinləməli, onun tənqidinə dözümlü yanaşmalıır. Hakimiyyət heç kimin şəxsi mülkiyyət deyil və xalq da ərköyün məmurların nazıyla oynamağa məhkum olunmamışdır… İndi başqa dövrdür. Oğurluğu, əyriliyi gizlətmək olmaz və heç bir xalq onun sərvətinin bir ovuc talançının əlinə keçməsinə razı ola bilməz. Bunu dünyanın təcrübəsi aydın göstərir və gərək siz də Azərbaycanda nəzərə alasınız!

    Bərkdən gülürəm: Arxayın ol! Mən hökmən nəzərə alacağam!…

    – Mən daha çox sizin Ata-Oğul münasibətləriniz barədə danışmaq istəyirdim, ancaq siyasət yenə girdi araya…

    -Görünür, başqa cür mümkün deyil. Atamın da həyatının çox hissəsi siyasət burulğanlarında keçmişdi. Yadında olar, ermənilər Brejnev vaxtında da Qarabağ, Naxçıvan iddealarıyla Moskvanın qulağını yara eləmişdilər. Onda Azərbaycan tərəfdən atamın hazırladığı arayışlar həmişə ermənilərin arayışlarından daha güclü və daha arqumentli, tarixi həqiqətə daha yaxın olardı…

    -Naxçıvan, Qarabağ bir yana, atanız sübut eləmişdi ki, ümumiyyətlə, Zaqafqaziyada heç vaxt erməni dövləti olmayıb və onlar bura gəlmədir…

    -Buna görə də onu düşmən elan eləmişdilər. Bütün ömrü savaşda keçdi. Əvvəl müharibə, sonra elm meydanında…

    -Hər ikisində də qəhrəman idi…

    -Daha dünyaya belə adamlar gəlməyəcək! O, vəhşicəsinə öldürüldü. Müharibənin əvvəlindən axırina vuruşasan, həmişə ölümün üstünə gedəsən, ölüm sənə toxunmaya, sonra öz vətənində… Namərdcəsinə… Azərbaycan onu qoruya bilmədi. Atam öz vicdanına zidd getməməyin, həqiqəti gizlətməməyin və Azərbaycan sevgisinin, onu gələcək fəlakətlərdən qorumağın qurbanı oldu…

    Bilirsən nəyə yanıram? Son günlərində görüşə bilməməyimizə… O ömrünün axırında çox təklənibmiş. Gərək ,mən yanında olaydım…

    Aradan neçə saat keçmişdi, bilmirəm. Çox şeylərdən danışmışdıq. Görüşümüzdən fərqli olaraq, ayrılanda qucaqlaşdıq…


    Sabir Rüstəmxanlı
    20 Yanvar 2016

  • VHP-nin növbəti qurultayının vaxtı məlum olub

    samirasadli1Bakı. 21 yanvar. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayı sentyabrın 26-da keçiriləcək.

    Bu barədə “Report”a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

    O bildirib ki, indiyədək partiyanın 81 rayon təşkilatından 15-də Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin konfransı keçirilib: “Rayon təşkilatlarındakı konfransları avqusta qədər yekunlaşdırmağı planlaşdırırıq. Planımız bundan ibarətdir ki, qurultay sentyabrın 26-da-partiyanın 24 illiyində olsun”.

    S.Əsədli deyib ki, partiya üzvlərinin əksəriyyəti hazırkı sədr Sabir Rüstəmxanlını dəstəkləyir.

    Qeyd edək ki, VHP 1992-ci ildə təsis edilib.

    http://report.az/

  • VHP üzvləri bölgələrdə 20 yanvar şəhidlərini anıblar

    1990-cı ilin qanlı 20 yanvar hadisələrindən 26 il keçir. Xalqımız bu qanlı olayı bu gün baş verirmiş kimi yaşayır, yaddaşlarında saxlayır və gələcək nəslə ötürürlər.
    TOVUZ

    Saat: 10:00 VHP-nın Tovuz rayon Təşkilatının üzvləri qanlı yanvar günü Tovuzdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. Təşkilatın sədri Nəsimi Tovuzlu ziyarət zamanı çıxış edərək xalqımızın azadlıq mücadiləsindən bəhs edib. 1988-ci ildən başlanan Azadlıq hərəkatından, Sovet imperiyasına qarşı mücadiləsindən bəhs edib. 20 yanvar hadisələrinin ölməkdə olan, son nəfəsini yaşayan imperiyanın son anda da qara niyyətindən əl çəkmədiyini, ölkəmizə qarşı qəddarlıq nümayiş etdirdiyini də qeyd edib.

    Qeyd etdi ki 20 yanvar günü ümümxalq hüzn günü olmaqla ynaşı həm də xalqımızın qürur və şərəf günüdür.

    vhptovuz20yanvar vhptovuz20yanvar1

    SUMQAYIT

    Saat: 11:00 Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Sumqayıt şəhət təşkilatının bir qrup üzvü Sumqayıt Şəhidlər Xiyabanını ziyarət ediblər.

    VHP sədrinin müavini Yusif Salmansoy çıxış edərək, 1988-ci ildən başlanan xalq hərəkatından, Azərbaycan xalqının Sovet imperiyasına qarşı mübarizəsindən və 20 Yanvar şəhidlərinin qəhrəmanlıq və şücaətindən danışıb. Bildirib ki, bu gün ümumxalq hüzn günü ilə bərabər, həm də şərəf və qürur günüdür.
    VHP Sumqayıt şəhər təşkilatı sədri Elmar Sadıqlı da çıxışında Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi olan 20 Yanvar hadisələrindən danışıb.

    vhpsumqayit20yanvar vhpsumqayit20yanvar1 vhpsumqayit20yanvar3

     

    DAŞKƏSƏN

    Saat: 12:30 Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Daşkəsən rayon təşkilatının üzvləri 20 Yanvar şəhidlərini yad edib.

    VHP-çilər Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dua oxuyub, məzarların üzərinə qərənfillər düzüblər.

    Rayon təşkilatının sədri Nəsimi Qafarov mərasimdə çıxış edib, Azərbaycanın azadlığı üçün canından keçən insanlardan danışıb, o dövrlə bağlı şahidi olduqları hadisələrdən danışıb, xatirələrini bölüşüb.

    vhpdaskesen20yanvar vhpdaskesen20yanvar1 vhpdaskesen20yanvar2 vhpdaskesen20yanvar3

     

    AĞSU

    Saat: 14:30 VHP Ağsu rayon təşkilatının üzvləri də 20 Yanvar faciəsinin 26-cı ildönümünü yad ediblər. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidləri xatirəsini anmaq üçün Ağsu rayonundakı Şəhidlər xiyabanını ziyarət ediblər.

    VHP Ağsu rayon təşkilatının sədri Tahir Əzimov çıxışında 20 Yanvar gününün müstəqillik tariximizdəki rolundan danışıb. O bildirib ki, 20 Yanvar şəhidlərini yad etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

    VHPagsi20yanvar VHPagsi20yanvar1 VHPagsu20yanvar2 VHPagsu20yanvar3

     

    QUSAR

    Saat: 16:00 Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qusar rayon təşkilatı 20 Yanvar şəhidlərini anmaq üçün Qusar Şəhidlər Xiyabanını ziyarət ediblər.
    VHP Qusar rayon təşkilatının sədri, prof. Həsənbala Məmmədov mərasimdə çıxış edib, 20 Yanvar şəhidləri, bu şəhidliyin Azərbaycan tarixində yeri və rolu, şəhidlərin arzularının çin olduğu və ölkəmizin müstəqilliyə qovuşduğu barədə danışıb.

    VHPQusar20yanvar VHPQusar20yanvar1 VHPQusar20yanvar2

    ŞİRVAN

    Saat: 18:00 Bu gün günün sonunda VHP Şirvan şəhər təşkilatının üzvləri də 20 Yanvar faciəsinin 26-cı ildönümünü yad ediblər. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidləri xatirəsini anmaq üçün Şirvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

    VHP Şirvan şəhər təşkilatının sədri Aqil Vəliyev çıxış edərək, 20 Yanvarın Azərbaycanın müstəqillik və azadlıq tarixindəki rolu və əhəmiyyətindən danışıb.

    vhpsirvan20yanvar

     

    VHP-nin Mərkəzi İcra Aparatı