Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlıya alternativ namizəd ola bilər

    “Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayında sədr Sabir Rüstəmxanlıya alternativ namizəd ola bilər. Bu, partiyanın qurultayında aydın olacaq”. Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib. R. Manaflı bildirib ki, partiyanın qurultayının payızda keçirilməsi planlaşdırılır. Artıq rayon konfransları yekunlaşmaq ərəfəsindədir.
    O, qurultayda partiya sədrliyinə namizədlərin hələlik müəyyənləşmədiyini qeyd edərək, VHP rəhbərliyinin sədr Sabir Rüstəmxanlının namizədliyini yekdilliklə dəstəklədiyini vurğulayıb: “Biz hesab edirik ki, Sabir Rüstəmxanlı hazırda partiyanın maraqlarını tam təmsil edir və onun əvəzləyəcək ikinci şəxs yoxdur. Ancaq yenə də sədrliyə alternativ namizədlərin olması mümkündür”.

  • Abbas Lisaninin zindandan Milli Hərəkata dəstəyi

    Şirazın Adilabad zindanında məhbuslar arasında türk millətçiliyi yayılır. Şiraz zindanında qaşqay türklərinə mənsub çoxsaylı məhbus saxlanılır. İranda milli və ictimai ayrı-seçkilik siyasətindən öz nəsibini alan qaşqay türkləri tədricən milli və demokratik haqlarını tələb etməyə başlayıb. Bu vəziyyət Şiraz zindanına da sıçrayıb. Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin Şiraz zindanına sürgün edilməsi və fəalın apardığı maarifləndirmə fəaliyyəti nəticəsində qaşqay türkləri məhbusları arasında millətçilik meyilləri daha da güclənib. mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, məhbuslar A.Lisani ilə birlikdə həbsxananın həyətində milli şüarlar səsləndiriblər.

    Türk millətçiliyinin məhbuslar arasında yayılmasından narahat olan zindan məsulları isə buna qarşı tədbir almağa başlayıb. Onlar məhbuslara qarşı hədə-qorxu, sorğu-sual və saxlanma bölümlərinin dəyişdirilməsi üsullarına əl atıblar.

    Xatırladaq ki, tanınmış azərbaycanlı milli-mədəni fəal A.Lisani bundan öncə də mədəni fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıb və uzun illər həbs edilib. O bundan öncəki həbs dövründə Yəzd zindanına sürügn edilmişdir.

  • Rəsulzadənin barelyefinin yerinə reklam lövhəsi asılıb FOTO

    “28 May” Metrostansiyasında Məhəmməd Əmin Rəsulzadənin portretinin yerində “Kristal Abşeron”un reklamı yerləşdirilib.

    Bu şəkillər “Facebook” sosial şəbəkəsində istifadəçilər tərəfindən paylaşılıb.

    Belə ki, təmirdən öncə stansiyada demokratik Azərbaycan Respubliksının qurucusu Məhəmməd Əmin Rəsulzadənin portreti vardı. Amma indi şəklin yerində tikdiyi mənzilləri 20 illik ipoteka krediti adı ilə camaata 150-200 min manata satan “Kristal Abşeron”un reklamı yerləşdirilib.

    Qeyd edək ki, təmirdən sonra Rəsulzadənin metroda divarın üzərinə həkk olunmuş şəklinin yığışdırılacağı barədə məlumatlar yayılmışdı. Artıq məlumatlar təsdiqini tapdı. Yəqin aidiyyatı qurumların da bununla bağlı açıqlaması olacaq.

    28mayResulzade

    1454261334_1454190642_5

  • Sabir Rüstəmxanlı: “Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilməlidir”

    sabir11Yanvarın 31-də Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar onun Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi ziyarət olunub.

    Ənənəvi olaraq, anım tədbirində siyasi partiya və təşkilatların nümayəndələri, ziyalılar, sadə vətəndaşlar iştirak ediblər.

    VHP sədri Sabir Rüstəmxanlı isə bu ziyarətin pərakəndə şəkildə edilməsindən şikayətlənib.

    O, bu barədə musavat.com-a açıqlamasında bildirib: “Çox arzulayardım ki, Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilsin. Bir vaxtlar mən də hər il onun abidəsini ziyarət edirdim və onda bütün rəsmi partiyalar bir yerdə gedirdi. Sonra isə param-parça şəkildə, hərə öz dəstəsi ilə gəlməyə başladı və mən həmin ziyarəti dayandırdım. Amma Ankaraya hər gedişimdə Rəsulzadənin orada yerləşən məzarı üstünə gedirəm. İmkan düşdükcə, Novxanıdakı abidəsini də ziyarət edirəm. Arzu edirəm ki, Rəsulzadəni ziyarət, onun ideyalarının, yolunun davamçılarının birgə ziyarətinə çevrilsin”.

  • Məhəmməd Əmin Rəsulzadə-132

    resulzadeBu gün Şərqdə ilk Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri olmuş, böyük öndər  Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Azərbaycan xalqına ilk dəfə müstəqil yaşamaq və dövlət idarəçilik ənənəsini 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə öyrətdi.

    ANS PRESS-in məlumatına görə, görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

    Böyük vətənpərvərin “Müxəmməs” adlı ilk ədəbi əsəri 1903-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunub. M.Ə.Rəsulzadənin ilk imzası ədəbi əsərin sonunda olsa da, sonralar o daha çox siyasi çəkili yazıları ilə tanınmağa başlayır və bir müddət sonra siyasi fəaliyyətini genişləndirən dövlət xadimi “Hümmət” sosial-demokrat təşkilatının yaradıcılarından birinə çevrilir.

    Rəsulzadə yoldaşları ilə1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatını” qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır.

    1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyilə bağlı olaraq, hökumət mühacirləri bağışlayır. M.Ə.Rəsulzadə beş illik ayrılıqdan sonra vətənə qayıdır və 1911-ci ildə yaradılmış“Müsavat” partiyasının 1917-ci ilin oktyabrında Bakıda keçirilən birinci qurultayında sədr seçilir.

    Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edir. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Demokratik Respublikası olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

    M.Ə.Rəsulzadə həyat yoldaşı Vanda ilə1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə Ə.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

    İkinci dünya savaşı dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır.

    1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

    Məhəmməd Əmin Rəsulzadənin cənazəsiM.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.

     

     

  • Yevlaxda Məhəmməd Əmin Rəsulzadə anılıb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Yevlax rayon təşkilatının Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 il dönümü ilə bağlı anım tədbiri təşkil edib.

    Öncə böyük öndər sayğı duruşu ilə anılıb. Sonra VHP Yevlax rayon təşkilatının sədri Vüqar Cəfərli Rəsulzadə ilə bağlı geniş məruzə edib. Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində yeri, ictimai-siyasi fəaliyyəti və mühacirətdə apardığı Azərbaycan davasından danışıb.

    Məclis üzvləri də Rəsulzadə və onun ictimai-siyasi, həmçinin maarifçi kimi çoxşaxəli və məhsuldar fəaliyyətindən, ölməz əsərlərindən danışıblar.

    vhpYevlax VHPYevlax1 VHPYevlax2

  • Məhəmməd Əmin Rəsulzadə-132 VİDEO

    31 yanvar tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 132 il ötür.

  • “Moskvadakı əksər kinoteatrlar, kino studiyalar ermənilərin əlindədir”

    sabirbeySabir Rüstəmxanlı: “Biz bazara qaçmışıq, onlar isə…”
    Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda” Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Bu barədə telekanalın saytında yanvarın 28-də yerləşdirilən reportajda bəhs olunub.

    Maraqlıdır, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi telekanalında yer alan bu informasiyanı Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olarmı? Azərbaycan XİN-i bununla bağlı Rusiyaya öz etirazını bildirməlidirmi?

    Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Sabir Rüstəmxanlı bunu Rusiyanın rəsmi mövqeyi kimi dəyərləndirməyin yanlış olduğunu vurğulayıb:

    “Buna Azərbaycan XİN və ya Prezident Administrasiyası səviyyəsində öz etirazını bildirə bilər. Amma bunu Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olmaz. Çünki Rusiya Azərbaycanın torpaq bütünlüyünü tanıyıb, Dağlıq Qarabağı Azərbaycanın bir parçası kimi qəbul edir. 30 ildir ki, bütün dünya bunu qəbul edib. Bu baxımdan heç nə dəyişilməyib. BMT-nin məlum qətnamələri var ki, bu qətnamələrdə də Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi qeyd olunub. Erməni işğalçılarının bu torpaqlardan çıxması tələb olunub. Zaman ermənilərin işğalçı statusunu təmizləmir, buna bəraət vermir. Onlar bu torpaqlardan çıxmalıdır.

    Rusiyanın həm rəsmi, həm də sahə televiziyalarıdna çoxlu sayda erməni işləyir. Moskvadakı əksər kinoteatrlar, kino studiyaları ermənilərin əlindədir. Onlar hər vasitə ilə Azərbaycana ləkə yaxmağa çalışır. Təəssüflər olsun ki, bizlər bazara qaçmışıq. Onlar isə təbliğat mexanizmlərini ələ almaq haqqında fikirləşiblər. Onlar Rusiyanın, rus ziyalılarının xəbəri olmadan Azərbaycanı əleyhinə işləyirlər. Biz isə bunu Rusiyanın mövqeyi kimi qəbul edirik. Bu, Rusiyanın deyil, ayrı-ayrı şəxlərin mövqeyidir”.

    Seymur Əliyev

    http://www.moderator.az/

  • VHP ziyalı partiyasıdır

    VHPLacin1Bu gün VHP-nin Laçın rayon təşkilatının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda təşkilatın özəklərindən seçilən nümayəndələr və partiya rəhbərliyi iştirak ediblər.

    Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Həmzalı Məmmədov çıxış edərək VHP Laçın rayon təşkilatının konfrans hazırlıqları barədə məlumat verib. O bildirib ki, rayon təşkilatının bütün özəklərində ümumi yığıncaqlar keçirilib və konfransa nümayəndələr seçilib.

    Daha sonra VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyəti, qurultay hazırlıqları və təşkilat qarşısında duran işlər barədə geniş məlumat verib. O bildirib ki, VHP-nin yaranışından bu yana onun təməlində ziyalılıq dayanıb. Bu gün VHP-nin Laçın rayon təşkilatının üzvlərinin əksəriyyəti ziyalılardır.

    Sonra VHP-nin Laçın rayon təşkilatının sədr əvəzi Şirəslan Əhmədov rayon təşkilatı, onun seçkili orqanlarının fəaliyyəti barədə geniş hesabat verib. O bildirib ki, konfrans öncəsi bütün özək təşkilatlarının yığıncaqları keçirilib: “Biz VHP-nin Laçın rayon təşkilatı olaraq işimizi və fəaliyyətimizi VHP-nin Nizamnaməsinə əsasən qurub, onun Məramnaməsinin prinsiplərini yerinə yetirməyə çalışmışıq. Bundan sonra da VHP-nin Laçın rayon təşkilatı əzmlə fəaliyyət göstərəcək”.

    NTK sədri Əmrah Şükürov da hesabat məruzəsinini konfrans iştirakçılarına çatdırıb.

    VHP sədrinin müavini Arif İsmayılbəyli çıxışında bildirib ki, VHP və onun rəhbərləri hər zaman xalqın, millətin, dövlətin, vətənin və cəmiyyətin mənafeyi üçün çalışıblar, bu yolda mübarizə aparıblar: “Bizlər müasir Azərbaycan Respublikasının qurucularlından olan Sabir Rüstəmxanlının sədri olduğu partiyanın üzvləriyik və yolumuz da haqq, ədalət, bütövlük, azad cəmiyyət, vətəndaş həmrəyliyi yoludur. Bu mübarizədə hamıya uğurlar”.

    VHP sədrinin müavini Yusif Salmansoy çıxışında ölkədə və dünyada baş verən siyasi olaylar barədə danışıb.

    Yığıncaqda iştirak edən Ədalət partiyasının Laçın təşkilatının sədri Nəsimi Məmmədov çıxış edərək, təbriklərini çatdırıb.

    VHP MNTK sədri Felmar Ələkbərov isə çıxışında konfrans iştirakçılarını təbrik edib. Bildirib ki, yanvarın 31-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin 132 yaşı tamam olur: “Azərbaycan Xalq Cümhuriyyəti demokratiyanın, demokratik idarəçiliyin ilk nümunəsi idi. M.Ə.Rəsulzadə bütün ömrünü və həyatını millətinə və dövlətinə fəda etmiş şəxsdir. Mühacirətdə olduğu müddətdə də Azərbaycan davasından vaz keçməyib. Biz çox xoşbəxt xalqıq ki, M.Ə.Rəsulzadə kimi öndərimiz var. Biz bu gün də onun dövlətçilik məfkurəsi ilə getməliyik. Bu gün VHP də onun əsasını qoyduğu milli təsanüd nəzəriyyəsinə əsaslanır”.

    Konfrans iştirakçılarından Sərxan Abdullayev, Allahverdi Tanrıverdiyev, Rəfdar Qələndərov və digərləri çıxışlarında təşkilat sədrinin və NTK-nın hesabatlarını bəyəndiklərini bildirməklə, VHP-nin Laçın rayon təşkilatının bundan sonrakı fəaliyyətində yeni dönüşün və yüksək təşkilatçılığın olacağına əminlik ifadə etdilər.

    Sonra VHP-nin Laçın rayon təşkilatının Məclis və NTK üzvləri formalaşdırılıb, partiyanın qurultayına 6 nəfər nümayəndə seçilib.

    Gizli səsvermə nəticəsində Həmzalı Məmmədov VHP-nin Laçın rayon təşkilatının yeni sədri seçilib.

    Sonda 16 partiya üzvünə VHP-nin üzvlük bileti təqdim edilib.

    VHPLacin1 VHPLacin7 VHPLacin6 VHPLacin5 VHPLacin4 vhplACIN3

  • Sabir Rüstəmxanlı: “Parlamentdə o qədər milli xəyanətkarlar var ki…”

    sabir11Keçmiş deputatdan Türkiyəni xəyanətkar adlandıranlara cavab

    AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin 70 səs əleyhinə, 66 səs lehinə olmaqla qəbul edilməməsində günahkarlar sırasında Türkiyədən olan deputatların da adı çəkilir.
    Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib ki, Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu.
    Lakin Türkiyə deputatlarının səsvermədə iştirak etməyən 4 nəfəri bu addımı atmasaydı, vəziyyət Azərbaycanın xeyirinə ola bilərdi: “Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam. Çünki ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu yazacaqlarım qətiyyən Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə, qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm. Uolterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbiidir. Məhz 16 nəfərin hamısı səs versəydi, qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu, soyqırım qədər əhəmiyyətli məsələdir və Azərbaycanla yanaşı, Türkiyəyə də ciddi arqument verəcək”.
    Deputatın sözlərinə görə, Türkiyə rəsmiləri bu məsuliyyətsizliyin izahını verəcəklər: “Beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır”.
    Xarici İşlər Nazirliyi isə AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarına dair” qətnamənin qəbul edilməməsinə görə Azərbaycan deputat nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu ittiham edib. Daha konkret desək, XİN Səməd Seyidovu məsuliyyətsizliyə və səhvə yol verdiyini bəyan etməklə vurdu. Beləliklə, xarici işlər naziri vəzifəsinə iddialı olan Səməd Seyidov Elmar Məmmədyarovdan zərbə almış oldu.
    Sosial şəbəkədə və bəzi media orqanlarında isə Türkiyədən olan 4 deputatın səsvermədə iştirak etməməsi xüsusi qabardılır, hətta bu hadisənin Türkiyədən Azərbaycana xəyanət kimi təqdim edənlər də var.
    Türkiyəli deputatları günahkar və Türkiyəni xəyanətkar elan etmək doğrudurmu? 
    Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, 4 deputatın səsvermədə hansısa səbəbdən iştirak etməməsini Azərbaycana xəyanət kimi təqdim etmək düzgün deyil. Bu cür təqdimat türk düşmənlərinə fürsət verir ki, Türkiyə ilə Azərbaycanın münasibətlərində soyuqluq yaratsınlar: “Əvvəla, Türkiyə deputatlarının da içində erməni mənşəlilər, ermənilərə yaxın şəxslər var, Azərbaycana birmənalı münasibəti olmayanlar var. Çeşidli mövqelər var. Bunu bütün Türkiyənin ayağına yazmaq yanlışdır. Azərbaycan o cür situasiyalarda haqlı mövqeyinin dəstəklənməsi üçün Türkiyə deputatları ilə də, Avropa deputatları ilə də sıx işləməlidir. Hansısa deputatların real vəziyyətdən məlumatı olmaya bilər. Məhz bunun üçün də ciddi şəkildə işləmək lazımdır. İkincisi, Dağlıq Qarabağ münaqişəsinin başlanması, torpaqlarımızın Ermənistan tərəfindən işğalı 30 ilə yaxınlaşır, indi Ermənistanın işğalçı olub-olmadığının AŞ PA-da müzakirəyə çıxarılmasının nəyə hesablandığı maraqlıdır. Hər kəsə bəllidir ki, Ermənistan Azərbaycan torpaqlarının 25 faizini işğal edib. Bu, dünyanın gözünün qabağındadır. İndi işğal faktını müzakirəyə çıxarmaq Azərbaycanın 30 ilik mübarizəsini heçə endirmək deməkdir. Odur ki, bu məsələnin müzakirəyə çıxarılmasına imkan vermək lazım deyildi. Bəyan edilməli idi ki, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı bir faktdır. İndi bunu səsverməyə çıxarmaq nə üçündür”.
    S.Rüstəmxanlı onu da dedi ki, Azərbaycanın özünün parlamentində ümummilli məsələlərdə fərqli mövqelər sərgiləyənlər olur: “Azərbaycan parlamentinin özündə o qədər milli xəyanətkarlar var ki, milli məsələlər müzakirə olunanda həmişə antimilli mövqedən çıxış ediblər, milli maraqlarımıza zidd mövqe nümayiş etdiriblər. Bu, dəfələrlə olub Milli Məclisin tarixi boyu. Ona görə də özümüzü qoyub başqalarını ittiham eləmək lazım deyil”.
     
    Etibar SEYİDAĞA