Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP üzvləri 20 yanvar şəhidlərini ziyarət edəcəklər

    Biz VHP üzvləri olaraq, hər il olduğu kimi, bu il də 20 Yanvar şəhidlərini ziyarət edəcəyik.

    Həmin gün Şəhidlər Xiyabanını ziyarət etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. 20 Yanvar bizim şərəf və qürur günümüz olmaqla bərabər, müstəqillik uğrunda verdiyimiz şəhidlərdir. Müstəqil ölkəmizin hər bir vətəndaşı bu müstəqillik uğrunda şəhid olanları heç bir halda unutmurlar.

    VHP üzvləri olaraq yanvarın 20-də, saat 13:00-da Şəhidlər Xiyabanını kollektiv şəkildə ziyarət edəcək.

    VHP Mərkəzi İcra Aparatı

    vhp20yanvar

  • VHP-nin daha üç təşkilatı konfrans keçirdi

    Bu gün VHP Siyəzən rayon təşkilatının konfransı keçirilib. Konfransda təşkilatın seçkili orqanları yenidən formalaşdırılıb, Samir Abbasov təşkilatın sədri seçilib, partiya qurultayına 5 nəfər nümayəndə müəyyənləşib.

    Günün ikinci yarısında isə Şabran rayon təşkilatının VI konfransı keçirilib. Konfransda Müsavat və Ümid partiyalarının rayon təşkilat sədrləri də iştirak ediblər.

    Qeyd edək ki, konfransa polis müdaxiləsi olub, konfransdan öncə təşkilat sədri Rahib Camalov və iştirakçılardan 10 nəfər polis tərəfindən saxlanıləb. Saxlanılanlar azad edildokdən sonra konfrans işə başlayıb.

    Təşkilat sədrinin və NTK-nın hesabatları dinlənilib.
    VHP MNTK sədri Felmar Ələkbərli partiyanın fəaliyyəti, qurultay hazırlıqları barədə məlumat verib. Sonra təşkilati məsələlərə baxılıb. Rahib Camalov yenidən sədr, Məclis və NTK üzvləri, 8 nəfər isə qurultay nümayəndəsi seçilib.

    Günün sonunda isə Qusar rayon təşkilatının IV konfransı keçirilib. Konfransa özəklərdən seçilmiş nümayəndələr və partiya mərkəzi aparatının əməkdaşları qatılıb.

    Təşkilat sədri Həsənbala Məmmədovun və NTK sədri Rahib Babayev hesabatları dinlənilib. Hesabatlar ətrafinda və təşkilatın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

    VHP sədr müavini Samir Əsədli ölkədəki ictimai-siyasi məsələlər və partiyanın qurultaya hazırlıqları barədə məlumat verib.

    Sonda təşkilati məsələlərə baxılıb. 21 nəfər Məclis, 3 nəfər NTK üzvü və 9 nəfər partiya qurultayına nümayəndə seçilib. Həsənbala Məmmədov isə yenidən sədr seçilib.

    Hər üç konfransda VHP MNTK sədri Felmar Ələkbərov, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Gənclər Təşkilatının sədri Amal Nəzərli iştirak ediblər.

    vhpdeveci

    vhpdeveci1

    vhpqusar1

    vhpqusar

    vhpsiyezen

  • VHP saytı istifadəyə verildi

    vhp.azVHP-nin rəsmi saytı olan vhp.az yeni dizayınla istifadəyə verilib.
    VHP mətbuat xidmətinin məlumatına görə, saytda partiyanın, onun struktur və bölmələrinin işi, qurumun gündəlik fəaliyyəti işıqlandırılacaq.
    Saytda partiya rəhbərliyi, seçkili orqanlarda təmsil olunanlar, həmçinin rayon təşkilatları, gənclər və qadınlar təşkilatları barədə də məlumatlar yerləşdirilib.
    VHP-yə üzv olmaq istəyənlər isə bundan sonra onlayın üzvlük anketi əldə edə biləcəklər. Saytın müvafiq bölməsinə daxil olmaqla, anketi doldurmaq və partiya nizamnaməsinə uyğun olaraq, internet vasitəsi ilə üzvlük müraciəti göndərmək mümkündür.

  • İndi daha Zəlimxan yoxdur

    sabirbeyzelimxanyaqubSabir Rüstəmxanlı

    Yardımlıda, Savalanla üz-üzə, vaxtilə Şah İsmayıl Xətainin ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada, arandan başlayaraq, hər yerdə gədiklərlə, dağların sırtiyla uzanıb Ərdəbilə doğru aşan El Yoluyla Güneylə aramızı kəsən sərhəddə doğru addımlayirdıq. Yayın əvvəli olsa da burda bahar hələ yenicə başlanırdı, dəniz dalğaları kimi bir-birini əvəz edən aşırımlar başdan-başa mavi, sarı, bənövşəyi çiçəklərlə bəzənmişdi. Orda-burda gözə dəyən ağ-qırmızı laləliklər sanki uzaq döyüşlərin qanlı yadigarlarıydı. Başımızın üstündə öz səsindən asılıb qalan torağayların səsi olmasa elə bilərdin zirvələrin bu dərin sükutu dünya yaranandan bəri davam edir və sonsuzadək pozulmayacaq. Gözəlliyindən göz doymayan çəmənliklərin arasıyla qoşa təkər izi iki saz sımı kimi ağarır və bu birgəliyə məhkumluq, eyni zamanda, görüşə bilməmək sərhəd ayrılığının kədərini bir az da dərinləşdirir. Qonağım Zəlimxan Yaquba dağların əsiri olmuş balaca kəndləri böyük dünyaya bağlayan yeganə sirli bağ olduğuna və bizi də hər yaz bu yaylaq obalarına qaldırdığına görə mənə doğma olan bu El Yoluun uşaqlıq illərindən ürəyimi qeyri-adi bir cazibəylə uzaq səfərlərə çəkdiyindən danışıram. Qələm dostum qədər sınədəftər olmasam də gənclik illərində bu yola sevgimin ifadəsi kimi yazdığım “Vəsiyyət” şerini deməkdən özümü saxlaya bilmirəm: “Məzarımı El yolunda qazdırarsınız, O yolda ki, indi onu sərhədlər kəsir, o yolda ki, yaz gələndə arandan dağa köç çatılır, ilxı qalxır, ellər tələsir”. Üçüncü yoldaşımız Məmmd Aslan gül-çiçək ümmanını görən kimi bizi unudub. Arı kimi güldən-gülə qonur, kamerasını dəqiqələrlə bir su şırnağına, bir qarışqa yuvasına yönəldib səbrlə çəkir. Amma yəqin bizim bu qoşa izlərə düşüb getməyimiz də, gözündən yayına bilməzdi və yəqin ki, zəngin vidiogörüntülərinin hansı bir səhifəsindəsə iki dostun geridönməyəkcəsinə sərhəddə doğru o yürüşləri və dağ azadlığının gətirdiyi xoş zarafatları də əksini tapıb.
    Bir neçə günlüyə Bakıdan qopmağımız, Güneylə Quzeyi birləşdirən bu tarixi yolun bir ucunun Ərdəbilə, Təbrizə bağlı olması, Xətainin at oynatdığı yerlərdə gəzməyimiz və bəlkə onun da su içdiyi bulaqlardan su içməyimiz Zəlimxanı qanadlandırmışdı. Bunu görəndə ” Yaxşı ki sazını götürmüsən!” dedim.
    Sonra Dəvəboynu adlanan yerdə, bulaq başında oturanda şair dostumun bayaqdan bəri sinəsini qabardan duyğular sazının səsiylə yaylaqlara yayılacaqdı. Yan tərəfdəki qayalar o qədər ucadır ki sanki üstümüzə aşacaqlar. Elə bil dünyanın bütün qartallarını bu qayalara yığıblar və aşağıdan baxanda onların qayalara enib-qalxmaları arıların öz pətəkləri ətrafında dolanmasına bənzəyir. Oturduğumuz talanın aşağı qırağında, uçurumun başında ildırım vurmuş qocaman palıd ağacının nəhəng kösövə dönmüş qap-qara , vahiməli heykəli ucalır. Bu görkəmiylə ağac bir qaya parçasıydı sanki, ancaq o həm də sərhəd məftillərinin “qurutduğu” El Yoluna və ildırım vurmuş taleyimizə də bənzəyirdi. Lakin bir azdan Zəlimxan uzaqlardan gəlmiş bir Ozan görkəmiylə uçurumun başında O kösövə dönmüş möhtəşəm ağacın altında dayanıb tarixin çiynimizə yüklədiyi bütün ağriları “Yanıq Kərəmi”ylə dilə gətirəndə anladim ki, yaylaqlarımızın əsil görünüşü o güllü-çiçəkli çəmənlər deyil, ildırımın kösövə döndərdiyi və cansız heykəlində də əzəməti azalmayan Yanıq Palıd ağacıdır… Bu ağac həm də Kərəmin heykəlidir. Zəlimxanın çalğısında Borçalının, itiriyimiz İrəvan-Göyçə torpaqlarının, Türküstandan Kıprısa bütün türk yurdlarının ağrı-acısı səslənirdi. O gün hər iki dostumun torpağını itirmək və öz yurdunda başqasından asılı olmaq dərdləri mənim çiynimə yüklənmişdi…

    İndi daha Zəlimxan yoxdur. Sözün şöhrəti və şəraitin sıxıntılarıyla, Allahın istedadı və bəndələrin o istedadı istismar ehtiraslariyla dolu olan, həyatın faciəsini də sözün təntənəsinə çevirməyi bacaran çətin bir şair ömrü bitmişdir.

    Yanan da var, köhnə baytıları təkrarlayanlar da… Bunlar Zəlimxanın nə özünün, nə sözünü dəyərinə təsir göstərməz. Zatən başqalarına qiymət verməyə, özünü hakim yerinə qoymağa qalxan hər kəs əslində özünün kimliyini və nəyə layiq olduğunu göstərir. Millətimizin xroniki xəstəliklərindən biri də qeybətdir və bu xəstəliyə tutulanlar anlamadan öz ömürlərini baltalayırlar. Şairin sözü özünü qoruya bilməsə başqa kimsə onu qoruya bilməz. Və tərsinə, sözüylə özünə ölməzlik qazananları da heç bir dedi-qodu şəbəkəsiylə unutdurmaq olmaz. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Bir həqiqət inkarolunmazdır: İqtidarda da, müxalifətdə də istedadsız və xırda adamlar kimsəni maraqlandırmır, sevilən və ya inkar olunanlar da böyüklər və xalq arasında sözünün təsiri olanlar adamlardır… Xalq umduğundan küsür, vecsiz adamlardan yox!

    Mən Zəlimxanı gənclik vaxtından, Bakıda kitab ticarəti sahəsində işlədiyi illərdən tanıyırdim. Sonra “Yazıçı” nəşriyyatına gəldi, bir yerdə çalışdıq, yuxarıda yazdığım Yardımlı səfərinə bənzər səfərlərimiz, oxucu görüşlərində, kitab müzakirələrində çoxlu birgə çıxışlarımız oldu. O, Əli Kərim demiş “məhəbbətdən qaşığacan”, hər şeyi halal zəhməti və istedadıyla qazanmışdı. Bakıda Borçalının qüdrətli səsiydi. O mühitdən çıxmış bir sıra tanınmış qələm sahibiylə birgə Borçalının mənəvi və ədəbi dünyasının Azərbaycandan ayrılmaz olduğunu sübut eləmişdi. Bəziləri onu aşağılamaq məqsədiylə “aşıqdır” deyirlər. Türk əxlaqı və ruhunun beşiyi və yanar kürəsi olmuş böyük irfan ədəbiyyatının,Yunis Əmrə, Pir Sultan Abdal, Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələskər, Aşıq Veysəl yolunun davamçısı olmaq zınqırovlu-mınqırovlu ərəb-fars ibarələriylə dolu və bizi başqalarının süfrəsinə çəkən yazılı şeirbazlıqdan min qat artıqdır. Bununla yanaşı, Zəlimxan həm də Füzulidən Şəhriyaradək klassik ədəbiyyatımızın bilicisiydi və ona bağlıydı.

    Saz Zəlimxanın gücsüzlüyü yox,gücüydü, böyüklüyüydü. Çağdaş ədəbiyyatımızda sazla sözün vəhdətini saxlamaq baxımından Zəlimxana bənzər qələm sahiblərimiz, təəssüf ki, yoxdur.

    Xəstə olsa da diqqətliydi. Zəng vurub mənim mətbuatdakı yazılarım və ya başqa dostlarımızın yazıları barədə fikirlərini bölüşərdi. Ancaq son vaxtlar zənglərimə cavab vermirdi. Yəqin nömrəsini dəyişib , deyirdim. Sonra öyrəndim ki, başqalarına da cavab vermir. Zəngim çatsa deyəcəkdim ki. darıxma, özün xəstə olsan da sözün Məmməd Arazın sözü kimi sapsağlamdır…
    Bu dünyanın dərdlərinə vida etdiyini, sevdiyi böyüklərin dünyasına qovuşduğunu Azərbaycandan kənarda eşıtdim… İldırım vurmuş palıd ağacını xatırladım və qulağımda Zəlimxanın Yanıq Kərəmisi səsləndi.

  • VHP sədrinin Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı təbriki

    sabir7 (1)Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasnın sədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə soydaşlarımızı təbrik edib.

    Təbrikdə deyilir: “Əziz bacılar və qardaşlar!

    Dünya Azərbaycanlılarının həmrəyliyi dövlətimiz və milli varlığımız üçün çox böyük önəm daşıyır. Milli Azadlıq Hərəkatının ilk illərində öz kimliyini, tarixini, mənliyini çılğın bir enerji ilə ortaya qoyan soydaşlarımız on illərlə aparılan siyasətə etiraz olaraq, heç bir maneəyə və zorakılığa baxmadan, xalqımızı ayıran tikanlı məftilləri yalın əllərlə qırıb tökdü və öz haqq səsini bütün dünyaya yaydı. Bu, Azərbaycanın bölünməsinə, xalqımızın iradəsi əleyhinə qəbul edilən “Gülüstan” və “Türkmənçay” müqavilələrinə, 170 ildən artıq qardaşı qardaşa həsrət qoyan fars və rus imperiyalarının tarixi ədalətsizliyinə etiraz idi: həmin gün xalqımız bütün dünyaya bölünmüş xalq, parçalanmış dövlət olduğunu göstərdi.

    Təəssüf ki, bu tarixi hadisədən keçən illər xalqımızın bütövləşməsinə olan ümidləri doğrultmadıq, tarixi ərazisinin yalnız kiçik bir hissəsində müstəqil dövlət quran Azərbaycan xalqına qarşı növbəti təxribat həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq siyasi iradə ilə ortaya çıxsaq da, hətta 1918-20-ci illərdə mövcud olmuş və dünyanın 20-dən artıq supergücü tərəfindən tanınmış AXC-nin 114 min kv km-lik ərazisinə iddia etmədən, Sovet Azərbaycanının sərhədləri ilə kifayətlənsək də, bu, xalqımızın milli intibahından narahat olan gücləri qane etmədi. 200 il əvvəl böldükləri və parçaladıqları, Vətənimizi növbəti dəfə parçalamaq iştahı baş qaldırdı. Erməni maskası altında gizlənənlər və Azərbaycana onillərlə düşmən kəsilən qonşularımız növbəti dəfə Vətənimizin bir parçasını işğal etdilər.

    1988-ci ildə bir yumruq kimi birləşən xalqımızın həmrəyliyini sarsıtmaq üçün bizi qüvvələrin qeyri-bərabər olduğu bir müharibəyə cəlb etdilər.

    Biz həmrəylik ideyasının millətimizin ali ideologiyasına çevrilməsi zərurəti 1992-ci illərdə gündəmə gətirdik. Çünki faciələrimizə son verməyin yeganə çarəsinin xalqımızın həmrəyliyindən keçdiyini görürdük. Bu gün artıq heç kim buna şübhə etmir ki, bütün dərdlərimizin çarəsi vətəndaşlarımızın, böyük mənada dünya azərbaycanlılarının həmrəyliyindədir.

    Əziz soydaşlarımız!

    Hələ milli hədəflərimiz qarşıdadır: Güneyda 35 milyonluq canı canımızdan, qanı qanımızdan olan soydaşımızın adi insan haqları tanınmır, mədəni muxratiyyəti belə yoxdur; dünyanın müxtəlif ölkələrində “erməni lobbisi” adı altında fəaliyyət göstərən gizli güclər xalqımıza qarşı yalan, böhtan kampaniyasını davam etdirir və təəssüf ki, çox zaman da istəyinə nail olurlar. Bunun qarşısını almağın yeganə yolu da birliyimizdən keçir.

    Dünyada heç bir istək Vətəndən, torpaqdan artıq deyil, əksinə, bütün arzular Vətəndə, torpaqda cücərə, boy ata bilər. Vətənin bütövlüyü – hər bir fərdin, vətəndaşın bütövlüyü, qüruru, maddi və mənəvi rihafı deməkdir, gələcəyinə, övladlarına qoyduğu ən böyük sərvət, zəmanət deməkdir. Bütövlüyə gedən yol isə Milli Birliyimizə bağlıdır.

    Əziz soydaşlar!

    Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayır, bütün milli və şəxsi arzularınızın həyata keçməsini diləyirəm. Qarşıdan gələn yeni təqvim ili hər birinizə, bütövlükdə millətimizə və dövlətimizə düşərli olsun.

     

  • Şair Həsən Merac yad edildi

    Bu gün “Paradise Baku” oteldə ictimai-siyasi xadim, mərhum şair Həsən Meracın anım tədbiri keçirildi.  Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə elm xadimləri, şairin qələm yoldaşları ilə bərabər ailə üzvləri, dostları, tələbə yoldaşları, gənc yazarlar və oxucular iştirak edirdi.
    Həsən Meracın həyat və yaradıcılığından söz açan tədbirin aparıcısı Emil Rasimoğlu çıxış üçün ilk sözü şairin oğlu Tuncay Hasanoğluna verdi. Tuncay Hasanoğlu qonaqları salamlayaraq, atasının yaradıcılığına göstərdikləri diqqətə görə hər kəsə təşəkkürünü bildirdikdən sonra, onun bir ata, ailə başçısı kimi yüksək keyfiyyətlərindən danışdı.
    Növbəti çıxış üçün söz Qurtuluş televiziyasının rəhbəri Rəşad Məmmədova verildi. Rəşad müəllim şair haqqındakı fikirlərini bölüşdükdən sonra, qeyd edib ki, yaxın günlərdə Qurtuluş televiziyasında efirə çıxacaq Çinarə Ömray və Sərvər Kamranlının birgə layihəsi olan “Bitməyən ömür” verlişinin ilk bölümü məhz Həsən Meraca həsr olunub.
    VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Həsən Meracın xalq hərəkatındakı şücaətindən söz açdı, onu xalq hərəkatının öncüllərindən biri kimi dəyərləndirərək Xəlil Rza Ulutürklə müqayisə etdi. Daha sonra Sabir Rüstəmxanlı diqqəti şairin vətənpərvər ruhlu şeirlərinə çəkərək onun bir neçə şeirini də səsləndirdi.
    Paşa Qəlbinur isə çıxışında Həsən Meracı şairlikdən əlavə bir insan kimi dəyərləndirdi və onunla dostluğu zamanlarındakı ortaq xatirələrini məclis iştirakçıları ilə bölüşdü.
    Sonra tədbir iştirakçılarından Akif Nağı, Adil Mikayıloğlu, Nəriman Zeynalzadə, Nəcibə İlkin, Anar Eyubov və bir çox dostları çıxış etdi. Bacısı Mehparə xanım çıxışında Həsən Meraca sağlığında layiq olduğu qiymətin verilməməsindən gileyləndi, bu günki gün bu tədbirin keçirilməsində əziyyəti olan və tədbirdə iştirak edən hər kəsə ailəsi adından minnətdarlığını bildirdi. Sonra Qurtuluş televiziyasının əməkdaşı Mədinə xanım, şairin yaxın dostlarından Rövşən bəy, Orxan bəy və bir çox qonaqların dilindən Həsən Merac xatirələri dinlənildi.
    Tədbir boyunca şairin həyat və yaradıcılığı haqqında hazırlanmış video çarxlar qonaqlara nümayiş etdirildi, Çinarə Ömray şairin “Bir uşaq” şeirini səsləndirdi. Sonda bir dəqiqəlik sükutla Həsən Meracın ruhu yad edildi.
    hesenmeracanim2 hesenmeracanim3 hesenmeracanim4 hesenmeracanim5
  • Qatil həkim həbsdə qaldı – Ali Məhkəmə

    Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə bağlı açılmış cinayət işinə bu gün Ali Məhkəmədə baxılıb.

    Bu barədə Axar.az-a məlumat verən zərərçəkən, VHP-nin Depertament müdiri Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, bugünkü prosesdə müqəssir kassasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət edib:

    “Bu gün hakim Fərhad Kərimovun sədrliyi ilə Ali Məhkəmədə Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən Firuz İbrahimovun kassasiya şikayətinə baxıldı. Proses zamanı məlum oldu ki, müqəssir kassasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət edib. Bunu da xüsusilə qeyd etməyə ehtiyac var ki, şikayətlə bağlı müraciət F.İbrahimovun saxlanıldığı Bakı İstintaq Təcridxanasından faks vasitəsilə göndərilmişdi. Zərərçəkən tərəf olaraq məhkəmə baxışının keçirilməsinin və qarşı tərəfin kassasiya şikayətinə baxılmasının tərəfdarı idik. Çünki müqəssirin məhkəməyə təqdim etdiyi kassasiya şikayətinin heç bir hüquqi əsası yox idi. Bir sözlə, Ali Məhkəmə Firuz İbrahimovun şikayətini geri götürməsi ilə bağlı etdiyi müraciəti qəbul etdi”.

    Səməd Vəkilov bildirib ki, Firuz İbrahimovun şikayətini geri götürməsinin əsas səbəbi kassasiyanın heç bir məhkəmə perspektivinin olmaması ilə bağlıdır:

    “Firuz İbrahimov kassasiya şikayəti vermək hüququndan imtina edərək işin baxılmadan geri qaytarılmasını istəyib. Ümumiyyətlə, kassasiya şikayətinin heç bir perspektivi yox idi. Müqəssir F.İbrahimov kassasiya şikayəti ilə bəraət hökmü verilməsini istəmişdi. Ancaq bu mümkünsüzdür. Çünki cinayət hadisəsi qeydə alınıb və ortada ölüm faktı ola-ola belə bir şikayət tamamilə absurddur. Görünür, qarşı tərəf də verdiyi şikayətin əsassız olduğunu anladığı üçün geri addım atdı. Ancaq bu geri addım atmaqla müqəssir kassasiya şikayəti ilə bağlı müraciət etmək fürsətini özündə saxladı”.

    Qeyd edək ki, tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı dünyasını dəyişib. Onun iki azyaşlı qız övladı var.

    2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbsə alınıb.

     

  • “Bizə atılan güllələrin arxasında ruslar dayanıb”

    VHP sədri  Sabir Rüstəmxanlı açıqlamasında Ermənstanda Rusiyanın öz hərbi mövcudluğunu genişləndirməsinə münasibət bildirib. Millət vəkili baş verənlərin Azərbaycan üçün ciddi və aşkar təhlükə olduğunu bildirib:

    “Ermənistanda rus hərbi texnikası və canlı qüvvəsinin artırılmasının Azərbaycan üçün böyük təhlükə vəd etdiyi birmənalıdır. Bunu kimsə dana bilməz. Onsuz da bu vaxta qədər ermənilərə güllə verən də, onu atan da ruslar, muzdlular olub. Bu gün də erməniləri məhz ruslar silahlandırır. Bu baxımdan, Azərbaycan torpaqlarını zəbt edən, bu gün də ölkəmizlə müharibə şəraitində olan Ermənistanda Rusiyaya məxsus hərbi texnikanın artırılması, Azəbaycanın maraqlarına ziddir və ona yaxşı heç nə vəd etmir”.

    Moderator.az

  • Dövləti daxili və xarici təhdidlərdən qorumaq üçün təhlükəsizlik xidməti olmalıdır.

    rafig-manafliABŞ Konqressinin Helsinki Komissiyası Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara dair qanun layihəsi hazırlayıb və Konqressə təqdim edib. Gündəmi dəyişən bu addım əslində Azərbaycan hakimiyyətinin uzun müddətdir apardığı repressiya siyasətinə bir cavab kimi dəyərləndirilə bilər. Iqtidarın demokratik dəyərlərəsaymazyana münasibəti, insan haqları ilə bağlı Qərbin çağırışlarına məhəl qoymaması münasibətlərin kəskinləşməsinə səbəb olub.

    Konqressə təqdim olunan “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi kifayət qədər genişdir və orada çox sərt tədbirlər nəzərdə tutulur. Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı ilə müsahibəyə Konqressə təqdim olunan layihəyə münasibət öyrənməkləbaşlamaq qərarına gəldik. Söhbətimiz zamanı R.Manaflıya gündəmdə olan digər sualları da ünvanladıq:

    – Doğrusu, mən, Azərbaycanın bu səviyyələrdə, belə neqativ məsələlərlə bağlı müzakirə obyekti olmasına acıyıram. Ölkəmizin beynəlxalq imicini terrora uğradanları lənətləyirəm. Bununla belə, ABŞ Konqressinin “Azərbaycanda Demokratiya Aktı” adlandırılan sənədi müzakirəyə çıxarmasını müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu sənəd qəbul ediləcək, sanksiyalar tətbiq ediləcək. Bu, Azərbaycan iqtidarını islahatlara məcbur etmək istiqamətində ilk addım olacaq, islahatlar həyata keçirilənəqədər davam edəcək. Insanlar haqq, ədalət, qanun tələb etdiklərinə görə şərlənərək barmaqdan sovurulma ittihamlarla həbsxanalara atılırsa, vətəndaş cəmiyyəti, seçki sistemi məqsədyönlü məhv edilirsə, başqa cür ola da bilməzdi. Demokratiya, insan haqları heç bir ölkənin daxili işi deyil. Bundan başqa, sanksiyalar ünvanlıdır və buna görə dövlətə, vətəndaşlarımıza heç bir mənfi təsir olmayacaq. Inanıram ki, bu iqtidar islahatlara getməyə məcbur ediləcək.

    Hakimiyyət MTN-də heç nəyi dəyişmək istəmir”

    – MTN-də baş verənlər son nəticədə hökuməti təşkilatın adını dəyişdirməyə vadar etdi. Əslində bu, təşkilat barədə formalaşan mənfi rəyi dəyişdirmək cəhdi dəsayıla bilər. Ad dəyişikliyi bu strukturun fəaliyyətində dəyişikliyə səbəb olacaqmı?

    – Milli Təhlükəsizlik Nazirliyinin cəmiyyətdə mənfi imicə malik olması fikri iləümumiyyətlə razı deyiləm. MTN-ə qarşı xof olub, DTK-dan qalma qorxu olub, amma mənfi imic olmayıb. Əksinə, MTN insanlarda elitar, millətimizin maraqlarına xidmət edən, dövlətimizi kənar təhdidlərdən qoruyan bir qurum kimi qəbul olunub. Xırda istisnalarla, Eldar Mahmudova qədər, cəmiyyətin bu münasibətində böyük həqiqət yükü də olub.

    MTN-i quldur yuvasına Eldar Mahmudov döndərib və burada ilk növbədə IlhamƏliyev məsuliyyət daşıyır. Ilham Əliyev uzun müddət OBXSS sistemində işləmiş, fəaliyyət düşüncəsi müəssisələri, insanları qarət məqsədi ilə pusmaq olan birisini MTN-ə nazir təyin edəndə bugünki reallığı görə bilmirdisə, onun özü dövlətçiliyimiz üçün təhlükədir. Eldar Mahmudov DIN-dən MTN-ə transfer edilmiş ilk kadrdır. Həmişə əksinə olub, MTN-dən bu quruma yaramayan kadrları, Daxili Işlər Nazirliyinin hansısa strukturlarını gücləndirmək məqsədi ilə DIN-ə köçürüblər.

    Məgər, Eldar Mahmudovun Çovdarov və başqa onun tipli quldurları özünə müavin təyin etməsindən Ilham Əliyevin xəbəri yox idi? MTN-də baş verən olaylar bizi, siyasətlə məşğul olanları qəti təəccübləndirmədi. Təəccübləndirən bu olayların miqyası oldu. Mahmudov, bir tərəfdən insanlarda MTN-ə qarşı xofdan, digər tərəfdən suçlandırılan heç bir adamın cinayətin kriminal xarakterinin dəyişdirilib dövlətəxəyanət müstəvisinə keçirilməsini istəməməsindən və nəhayət, hakimiyyət daxilindəkiən güclü klana mənsub olmasından tam yararlanaraq bu formada əndazəyə sığmayan cinayətlər törətməyə müvəffəq olub. Yoxsa Eldar Mahmudov kim idi ki, belə tufan qoparsın və ona gözünün üstündə qaşın var deyən olmasın.

    Əlbəttə, MTN-nin parçalanması və adının dəyişdirilməsi onun tam diskreditasiya olunması ilə birbaşa bağlıdır. Amma ad dəyişikliyi mahiyyət dəyişikliyi demək deyil. Yanaşma dəyişməlidir. Bu posta Mədət Quliyevin təyin olunması isə hakimiyyətin heç dəyişmək istəməməsinin göstəricisidir.

    Dövləti daxili və xarici təhdidlərdən qorumaq üçün təhlükəsizlik xidməti olmalıdır. Vəbu quruma professionallar, dünyada və regionda baş verənləri dərhal qiymətləndirib nəticə çıxara bilən mütəxəssislər, millətin həqiqətən təəssübünü çəkənlər rəhbərlik etməlidirlər.

    Mahmudov rejim üçün əməlli-başlı başağrısına çevrilib”

    – MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun hələ də həbs olunmamasınıəngəlləyən nədir?

    – Eldar Mahmudovun həbs olunması üçün faktlar, sübutlar kifayət qədərdir. Amma hələ də həbs olunmamasının muxtəlif səbəbləri ola bilər. Bu, onun hakimiyyətdəki ən nüfuzlu klanlardan birinə mənsub olması ilə də, ölkə daxilində və xaricindəki aktivlərinin reviziyası ilə də, əlində cəmlənmiş kütləvi kompromatlarla da bağlı ola bilər. Mahmudov rejim üçün əməlli-başlı başağrısına çevrilib. Bu problemi necəçözəcəklər, çözə biləcəklərmi, bunu zaman göstərər.

    – MTN-in adı da dəyişdirildi, onun yerində iki struktur da yarandı…

    – Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı yuxarıda dedim. Belə xidmətin olması vacibdir. Amma Xarici Kəşfiyyat Xidməti ən azı indiki məqamda mənə gülünc görünür. Azərbaycanda heç saymadığımız ölkələrin də agentura şəbəkəsi, maraq qrupları at oynadır, biz də XKX yaradırıq. Xarici Kəşfiyyat ifadəsi adamda bir ekspansionizm təsəvvürü yaradır. Amma hələ işğal olunmuş torpaqlarımızı qaytaraq, sonra ekspansiya haqqında fikirləşərik. Əlbəttə, xarici təhdidlərdən qorunmağı bacarmalıyıq və bununla dövlətin təhlükəsizliyini təmin edən qurum məşğul olmalıdır. Kəşfiyyat isə tamam başqa şeydir.

    əyyən bir qrup üçün tam cəzasızlıq mühiti hökm sürür”

    – “Günəşli” yatağında yerləşən 10-cu platformada baş verən yanğına görə kimlər məsuliyyət daşıyır? Bu hadisənin başvermə səbəbi nədir?

    – “Günəşli” yatağında baş verən faciə qeyri-peşəkarlığın, səhlənkarlığın və insan taleyinə biganəliyin törətdiyi cinayət hadisəsidir. Ölkədəəyyən bir qrup üçün tam cəzasızlıq mühiti hökm sürür ki, bu da həmin qrupa daxil olan adamlarda məsuliyyət hissinin ölgünləşməsinə gətirib çıxarır. Vəziyyət də bir az qəlizləşən kimi başlarını itirib qıc olurlar. Təsəvvür edin ki, xarici mətbuat ölənlərin konkret sayını açıqlayana qədər bunlar inadla insan itkilərinin olduğunu inkar edirdilər. Sonra Xoşbəxt Yusifzadənin dili ilə itkilərin gündəlik 900 ton neft və 1 milyon kubometr qazdan ibarət olduğunu bildirdilər. Insan taleyinə bu biganəlik tək neftçilərlə çərçivələnmir. Zəlzələlərdən, subasmalardan, sürüşmələrdən zərər çəkmişlərə olan münasibət neftçilərin taleyinə olan münasibətdən nə ilə fərqlənir?

    Günəşli” faciəsinin konkret müəllifləri var – Rövnəq Abdullayev və Kəmaləddin Heydərov. Amma Ilham Əliyevin bu şəxsləri cəzalandırmaqla bağlı qərar qəbul etmək istəyi olacaqmı, ya buna iradəsi çatacaqmı, bu başqa məsələdir.

    – Hakimiyyətin ondan gözlənilən islahatları reallaşdırmaq əvəzinə cərimələri sərtləşdirməsini necə dəyərləndirmək olar?

    – Rejimin hər hansı bir islahat aparmaq fikrindən uzaq olması kimi. Bu iqtidar islahatları öz kürsülərinə təhlükə kimi qəbul edir və cərimələrlə, cəzalarla insanları qorxudaraq fəal etirazlardan çəkindirmək istəyir. Lakin bıçaq sümüyə dirənəndə heç bir cərimə, ya cəza kütlənin qarşısını alacaq maneə ola bilməz.

    – Maliyyə çətinliyi yaşandığı dövrdə hökumət “qayışları sıxmağa” başlayıb. Hökumət məcbur qalıb bir sıra layihələrdən imtina edir. Bəs, o zaman bu lüzumsuz layihələr vaxtilə niyə qəbul edilirdi?

    – Hakimiyyət iri layihələrin lüzumsuzluğunu etiraf etməklə əslində bu neçə ildə ölkəyədaxil olan böyük neft pullarını havaya sovurduğunu etiraf etmiş oldu. Indiyə kimi hansı iri layihələr lüzumlu olmuşdu ki? Hanı o iri layihələrin gətirdiyi iqtisadi səmərə? Iri layihələr böyük pullar, böyük yeyintilər deməkdir. Indi daha bunların iştahalarını ödəyəcək pullar gəlmir və buna görə də həmin layihələr lüzumsuzdur.

    Cərimələrin sərtləşdirilməsi isə, əlbəttə, vəziyyətdən çıxış yolu deyil. Hesab etmirəm ki, rejim cərimələri sərtləşdirməklə, onların sayını artıraraq bütün həyatımızı cərimətoru ilə hörməklə kifayətlənəcək. Yəqin ki, bundan sonra cəza mexanizmləri bu cərimələrin reallaşdırılması istiqamətində əməli fəaliyyətə başlayacaq, qapılarımız güdüləcək, gözlərimizdə tük axtarılacaq. Ölkə əhalisinin təxminən 6 milyonu bu cərimələrin tətbiq dairəsindədir və şübhə etmirəm ki, bizim hər birimizə qarşı ilərzində hansısa cərimə növü tətbiq olunacaq. Cərimə industriyasının gələn ilin büdcəsinə 1,2 – 1,5 milyard manat töhvə vermək potensialı var. Amma bu, çox təhlükəli potensialdır. Bu, insanların içində artıq formalaşmış nifrətin qəzəbəçevrilməsi prosesinə start verər ki, bu da ölkədaxili sosial vəziyyətin qaynama həddinəçatmasına səbəb ola bilər.

    Hədəf partiyanın açar fiqurları, Əli Kərimlinin yaxın ətrafıdır”

    – Ekspertlərə görə, gələn il sosial baxımdan gərgin il olacaq. Ona görə hökumət repressiyaları gücləndirərək sosial narazılığı təşkilatlandıra biləcək qurumlara qarşı hücuma keçib. Elə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsini Nardaran olayları ilə bağlamağa çalışırlar…

    – 2016-cı ilin sosial baxımdan gərgin il olacağını görmək üçün heç ekspert olmaq da lazım deyil. Manatın növbəti devalvasiyalar silsiləsinin qaçılmaz olduğunu artıq hamı anlayır. Bunun doğuracağı iqtisadi təlatümlərdən dolayı insanlar vahimə içindədirlər. Cəmiyyətdə sabahın qeyri-müəyyənliyindən, nigarançılıqdan doğan fırtına qabağı bir sükut var. Və bu sükut hər an pozula bilər. Bütün bunları hakimiyyət də çox gözəl başa düşür. Lakin rejim vəziyyətin normallaşdırılması istiqamətində islahatlara getmək niyyətində deyil. Islahatları öz hakimiyyətlərinə təhlükə kimi gördüklərini yuxarıda qeyd etdik. Qalır cəza, qorxu və repressiya mexanizmləri. Gələn il bu mexanizmlərin tam gücü ilə işləyəcəyi şübhəsizdir.

    AXCP isə ölkədə dəyişikliklərin katalizatoru olacaq qüvvələrin birincisidir və ona görəhədəfdədir. Bu il cəbhəni zəiflətmək niyyəti ilə xərclər çəkib həyata keçirdikləri Razi Nurullayev əməliyyatı iflasa uğradı. Indi də hədəf partiyanın açar fiqurları, Əli Kərimlinin yaxın ətrafıdır. Mən Fuad Qəhrəmanlının həbsinə bu kontekstdən yanaşıram.

    Fuad bəyə qarşı irəli sürülən ittihamlara isə münasibətimi sosial şəbəkədə bildirmişəm. Təkrar edirəm ki, bu ittihamlar absurddur. Fuad bəy Azərbaycanda dünyəvi dövlət quruluşunun qatı tərəfdarı, irqçiliyi, məzhəbçiliyi qəbul etməyən dövlətçi əqidəsahibidir. Dövlət əleyhinə açıq çağırış ittihamının da heç bir əsası yoxdur. Özünü dövlətlə eyniləşdirmək bütün avtoritar rejimlər üçün xarakterik olsa da, heç bir halda hakimiyyət dövlət demək deyil. Fuad bəyin qanunun ona verdiyi bütün imkanlardan istifadə edərək, dövlətimiz üçün real təhlükəyə çevrilmiş bu hakimiyyətlə mübarizəaparması onun hüququdur.

    Ölkədən 95 milyard dollar oğurlanıb”

    – Məlum oldu ki, 2004-cü və 2013-cü illər ərzində ölkədən 95 milyard dollar vəsait çıxarılıb. Ölkənin ciddi maliyyə çətinliyi ilə üzləşdiyi bir zamanda bu vəsait ölkəyəhansı yardımı edə bilərdi?

    – Bilirsiniz, bu məsələyə bir az başqa cür baxıram. Ölkədən 95 milyard dollar oğurlanıb. Bu hələ oğurlayıb gizlətdikləri ölkələrin aşkarladığı məbləğdir. Mən bu ölkənin vətəndaşı kimi hakimiyyətdən ilk növbədə “kim oğurlayıb, necə oğurlayıb, günahkar kimdir?” suallarına cavab gözləyirəm. O pullar bu illər ərzində tədricən iqtisadiyyatın şaxələndirilməsinə, kənd təsərrüfatının inkişafına yönəldilməli idi. Indi o pulları qaytarıb bu iqtidara vermək heç bir problemi həll etmir. Əksinə, problemlərin həlli zamanını bir az arxaya atar ki, bu da iqtisadi, siyasi və mənəvi aşınmaları daha da dərinləşdirər, girdiyimiz dalanı bir az da uzadar. Bir də ölkəyə gətirib nə edəcəklər ki? Yenə iri layihələr adı ilə talayıb geri qaytaracaqlar.

    Azadlıq qəzeti

    Xəyal Şahinoğlu

  • Akademik Rafael Hüseynov Böyük Britaniyada yüksək mükafatla təltif edildi

    Rafael HüseynovAvropanın elmi-mədəni, ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynovun əməkləri Böyük Britaniyada yüksək mükafatla qeyd edilib.

    Onun son 15 ildə Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq hazırladığı çoxsaylı məruzə və sənədlər, etdiyi çıxışlar, eləcə də Avropanın bir sıra aparıcı elmi mərkəzlərində keçirilən konfrans və sinpoziumlardakı məruzələri, 30-a yaxın dildə dərc edilən tədqiqi məqalə və kitabları qitədə demokratik dəyərlərin inkişafı, intellektual irsin tərəqqisinə töhfə kimi qiymətləndirilib.

    “Avropa evi” quruculuğu istiqmətində xidmətləri nəzərə alınaraq akademik Rafael Hüseynov Böyük Britaniya və Şimali İrlandiyanın rəsmi qeydiyyatında olan “Birləşmiş Avropa mükafatı” prizi və medalı ilə təltif ediib. Avropa Rektorlar Klubu, Avropa Biznes Assambleyası və Avropa Akademiya İttifaqının təşkilatçılığı ilə Oksford şəhərində keçirilən mükafatlandırma mərasimində akademik Rafael Hüseynov xüsusi təltif nitqi ilə çıxış edərək deyib: “Hər canlının bir yuvası, hər insanın öz evi olur. Amma bizim hamımızın müştərək yuvamız bu balaca, qayğıkeş, gözəl Yer Kürəsidir. 100 il əvvəl, 2 əsr qabaq, 500 il öncə Yer Kürəsi indikindən daha böyük idi. Yəni əslində 100 il qabağa, 2 əsr əvvələ, 500 il öncəyə nisbətən Yer Kürəsi nə həcmcə, nə çəkicə dəyişib. Artan sürətlərdir, sıxlaşan əlaqələrdir, texniki tərəqqinin yüksələn səviyyəsidir.

    Rafael Hüseynov1Məhz bunlar ölkələr və xalqlar arsındakı məsafələri qısaldıb, yazınlaşmanı artırıb, zamanı daha yeyin edib.

    Ona görə sanki dünyamız da əsrdən-əsrə, ildən-ilə kiçilir, yığcamlaşır, insanlarda bir-birlərinin qonşusu, yaxını olmaq təsəvvürləri də tədricən daha artıq dərinləşir. Sonsuz Kainatda üzən Gəmimizə – Yer Kürəsinə “qayğıkeş” dedim və bu əsassız deyil. Gözəllik qanunları ilə yaradılmış Yer Kürəsi bu nəhəng Evin başda insan olmaqla hər sakininin, hər canılsının rahat, ehtiyacsız, tox, firavan yaşaya bilməsi üçün hər şeyi tədarük edib. Bəs biz bizə bu cür nəvazişkar münasibət bəsləyən  Yerimizi necə qoruyuruq, onun qayğıkeşliyinə xeyirxah, qurucu əməlləriimizlə layiqincə cavab veririkmi? Zənnimcə, “Birləmiş Avropa Mükafatı”nın aşıladığı ilk həqiqət məhz insanı bu sual ətrafında düşünməyə dəvət etməkdir. Necə edək, nələri edək ki, dünyamız və Avropanı daha artıq qoruya, daha çox inkişaf etdirə, daha çox qayğıyla əhatə edə  bilək? Son bir neçə əsrdə dünyanın siyasi, iqtisadi, intellektual, mədəni həyatında Avropanın tutduğu aparıcı mövqe şəksizdir. Avropa lap çoxdan dünyanın mərkəzi olmaq vəzifəsini yerinə yetirməkdədir.

    Birləşmiş Avropa bu gün dünyada əsas söz sahiblərindənir və həmin birləşmə qüvvətləndikcə bu sözün kəsəri də, söz yox ki, artacaqdır. İnsanları bir-birlərinə ən çox birləşdirən və bir-birindən də ən çox ayıran xüsusiyyət sərvətləri əldə etmək və bölüşmək istəydir. Lakin elə sərvətlər də var ki, onları əldə etmək də, bölüşdürmək də həmişə insanları yalnız birləşməyə, yaxınlaşmağa aparır. Bu sərvətlər elmdir, təhsildir, mədəniyyətdir, ali mənəvi ideallardır. Biz ortaq evimiz Avropanı, müştərək yuvamız olan dünyanı daha gözəl, daha yaşamalı etmək istəyiriksə, səylərimizi həmin sərvətləri artırmağa, o dəyərləri inkişaf etdirməyə yönəltməliyik ki, məhz onlar bölüşdürüldükcə artır, bölüşdürüldükcə insanları, xalqları, dövlətləri bir-birlərindən ayırmağa yox, əksinə, daha sıx birləşdirməyə, həmrəy, həmfikir olmağa səfərbər edir. 2001-ci ildən bəri mən Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq bir sıra məruzələr hazırlamışam və həmin məruzələrlə bağlı qəbul edilmiş qətnamələrdəki tövsiyyələr Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 47 üzv ölkəyə icra üçün yönəldilib.

    Ümumavropa problemlərinə həsr edilmiş “Avropada ali təhsil məkanının coğrafi ümumiliyi  və beynəlxalq açıqlığı”, “Avropada qaçqın və məcburi köçkünlərin təhsili”, “Avropada jurnalistlərin peşəkar təhsili və treninqi”, “Avropada hərbi münaqişələr və ətraf mühit”, “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” və digər belə araşdırmaların məqsədi Avropanın daha artıq bütövləşməsi, daha mökəm birləşməsinə nail olmaqdır”. Akademik R.Hüseynov nitqində Azərbaycan mövzusuna da yer ayıraraq deyib: “XII əsrdə Azərbaycanın o dövrlərdə bütün mədəni aləmdə məşhur olan, qadın hüquqlarının qorunması və azadfikirlilik baxımından dünya tarixində silinməz izlər qoyan, çox mütərəqqi bir qadını yaşayıb. Mütəfəkkir şairə, musiqiçi, şahmatçı, səyyah olan Məhsəti Gəncəvi. Onun haqqında yazdığım monoqrafiya Avropanın 20-dən çox dilinə tərcümə edilib. Bunun da “Birləşmiş Avropa” anlayışı baxımından məntiqi var. Çünki əslən Azərbaycandan çıxsa da, bu 900 yaşlı dahi qadının mahiyyət etibarı ilə köhnəlməz olan düşüncə və duyğuları, indi də müasir səslənən ümümbəşəri çağırışları bütün Avropa və tamam dünyaya məxsusdır.

    Demək, onun haqqında yazılan əsərin də, onun özünün ədəbi və fəlsəfi yadigarlarının da daha çox Avropa dillərinə tərcüməsi nəticə etibarı ilə Aropanın bütövləşməsinə, bütünləşməsinə xidmət edirş Bütün bunlar bir daha nümayiş etdirir ki, biz yalnız içərisndə yaşadığımız dar coğrafiyadakı deyil, bütün Avropa ərazisində, bütün tarix boyu yaradılmış irsin bərabərhüquqlu sahibiyik. Təbii ki, bunları bölüşməyə, əldə etməyə, bu minvalla da daha artlq bütövləşməyə durmadan can atmalıyıq”.

    Nitqinin son hissəsində Azərbaycan təmsilçisi, 40-a yaxın ölkənin nümayəndələrinin qatıldığı tədbirin iştirakçılrını daha sağlam Avropa Evi quruculuğu naminə ortaq dəyərlər ətrafında daha sıx birləşməyə çağırıb: “Böyük alman filosofu Hegel yazırdı: “Zəiflər birləşirsə güclü, güclülər birləşəndə məğlubedilməz olurlar”. Biz zəiflərdən yox, güclülərdənik. Hamımızın rəmzi Vətəni olan Qitəmiz də müasir dünyanın önündə gedən möhtəşəm güclərdəndir. Amma əlbəttə ki, sadəcə güclü olmaqdansa, daha güclü olmaq, yenilməz olmaq, məğluedilməz olmaq qat-qat əhəmiyyətli və şərəflidir. Daim elə dəyərlər, elə sərvətlər, elə ideallar ətrafında birləşmək uğrunda mübarizə aparaq ki, ortaq evimiz saydığımız Avropa indikindən xeyli bütöv, yenilməz, məğlubedilməz olsun! Mükafata görə ən dərin təşəkkürlərimi qəbul edin! Bugünədək gördüyüm işlərisə, sadəcə, gələcəkdə görəcəyim daha mühüm, daha böyük işlər üçün müqəddimə hesab edin!”.

    Akademik Rafael Hüseynovun ona “Birləşmiş Avropa Mükafatı” prizi və medalının təqdimat mərasimindəki nitqi böyük maraqla qarşılanıb.