Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Məhəmməd Əmin Rəsulzadə-132

    resulzadeBu gün Şərqdə ilk Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri olmuş, böyük öndər  Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Azərbaycan xalqına ilk dəfə müstəqil yaşamaq və dövlət idarəçilik ənənəsini 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə öyrətdi.

    ANS PRESS-in məlumatına görə, görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

    Böyük vətənpərvərin “Müxəmməs” adlı ilk ədəbi əsəri 1903-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunub. M.Ə.Rəsulzadənin ilk imzası ədəbi əsərin sonunda olsa da, sonralar o daha çox siyasi çəkili yazıları ilə tanınmağa başlayır və bir müddət sonra siyasi fəaliyyətini genişləndirən dövlət xadimi “Hümmət” sosial-demokrat təşkilatının yaradıcılarından birinə çevrilir.

    Rəsulzadə yoldaşları ilə1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatını” qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır.

    1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyilə bağlı olaraq, hökumət mühacirləri bağışlayır. M.Ə.Rəsulzadə beş illik ayrılıqdan sonra vətənə qayıdır və 1911-ci ildə yaradılmış“Müsavat” partiyasının 1917-ci ilin oktyabrında Bakıda keçirilən birinci qurultayında sədr seçilir.

    Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edir. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Demokratik Respublikası olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

    M.Ə.Rəsulzadə həyat yoldaşı Vanda ilə1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə Ə.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

    İkinci dünya savaşı dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır.

    1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

    Məhəmməd Əmin Rəsulzadənin cənazəsiM.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.

     

     

  • Yevlaxda Məhəmməd Əmin Rəsulzadə anılıb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Yevlax rayon təşkilatının Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 il dönümü ilə bağlı anım tədbiri təşkil edib.

    Öncə böyük öndər sayğı duruşu ilə anılıb. Sonra VHP Yevlax rayon təşkilatının sədri Vüqar Cəfərli Rəsulzadə ilə bağlı geniş məruzə edib. Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində yeri, ictimai-siyasi fəaliyyəti və mühacirətdə apardığı Azərbaycan davasından danışıb.

    Məclis üzvləri də Rəsulzadə və onun ictimai-siyasi, həmçinin maarifçi kimi çoxşaxəli və məhsuldar fəaliyyətindən, ölməz əsərlərindən danışıblar.

    vhpYevlax VHPYevlax1 VHPYevlax2

  • VHP ziyalı partiyasıdır

    VHPLacin1Bu gün VHP-nin Laçın rayon təşkilatının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda təşkilatın özəklərindən seçilən nümayəndələr və partiya rəhbərliyi iştirak ediblər.

    Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Həmzalı Məmmədov çıxış edərək VHP Laçın rayon təşkilatının konfrans hazırlıqları barədə məlumat verib. O bildirib ki, rayon təşkilatının bütün özəklərində ümumi yığıncaqlar keçirilib və konfransa nümayəndələr seçilib.

    Daha sonra VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyəti, qurultay hazırlıqları və təşkilat qarşısında duran işlər barədə geniş məlumat verib. O bildirib ki, VHP-nin yaranışından bu yana onun təməlində ziyalılıq dayanıb. Bu gün VHP-nin Laçın rayon təşkilatının üzvlərinin əksəriyyəti ziyalılardır.

    Sonra VHP-nin Laçın rayon təşkilatının sədr əvəzi Şirəslan Əhmədov rayon təşkilatı, onun seçkili orqanlarının fəaliyyəti barədə geniş hesabat verib. O bildirib ki, konfrans öncəsi bütün özək təşkilatlarının yığıncaqları keçirilib: “Biz VHP-nin Laçın rayon təşkilatı olaraq işimizi və fəaliyyətimizi VHP-nin Nizamnaməsinə əsasən qurub, onun Məramnaməsinin prinsiplərini yerinə yetirməyə çalışmışıq. Bundan sonra da VHP-nin Laçın rayon təşkilatı əzmlə fəaliyyət göstərəcək”.

    NTK sədri Əmrah Şükürov da hesabat məruzəsinini konfrans iştirakçılarına çatdırıb.

    VHP sədrinin müavini Arif İsmayılbəyli çıxışında bildirib ki, VHP və onun rəhbərləri hər zaman xalqın, millətin, dövlətin, vətənin və cəmiyyətin mənafeyi üçün çalışıblar, bu yolda mübarizə aparıblar: “Bizlər müasir Azərbaycan Respublikasının qurucularlından olan Sabir Rüstəmxanlının sədri olduğu partiyanın üzvləriyik və yolumuz da haqq, ədalət, bütövlük, azad cəmiyyət, vətəndaş həmrəyliyi yoludur. Bu mübarizədə hamıya uğurlar”.

    VHP sədrinin müavini Yusif Salmansoy çıxışında ölkədə və dünyada baş verən siyasi olaylar barədə danışıb.

    Yığıncaqda iştirak edən Ədalət partiyasının Laçın təşkilatının sədri Nəsimi Məmmədov çıxış edərək, təbriklərini çatdırıb.

    VHP MNTK sədri Felmar Ələkbərov isə çıxışında konfrans iştirakçılarını təbrik edib. Bildirib ki, yanvarın 31-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin 132 yaşı tamam olur: “Azərbaycan Xalq Cümhuriyyəti demokratiyanın, demokratik idarəçiliyin ilk nümunəsi idi. M.Ə.Rəsulzadə bütün ömrünü və həyatını millətinə və dövlətinə fəda etmiş şəxsdir. Mühacirətdə olduğu müddətdə də Azərbaycan davasından vaz keçməyib. Biz çox xoşbəxt xalqıq ki, M.Ə.Rəsulzadə kimi öndərimiz var. Biz bu gün də onun dövlətçilik məfkurəsi ilə getməliyik. Bu gün VHP də onun əsasını qoyduğu milli təsanüd nəzəriyyəsinə əsaslanır”.

    Konfrans iştirakçılarından Sərxan Abdullayev, Allahverdi Tanrıverdiyev, Rəfdar Qələndərov və digərləri çıxışlarında təşkilat sədrinin və NTK-nın hesabatlarını bəyəndiklərini bildirməklə, VHP-nin Laçın rayon təşkilatının bundan sonrakı fəaliyyətində yeni dönüşün və yüksək təşkilatçılığın olacağına əminlik ifadə etdilər.

    Sonra VHP-nin Laçın rayon təşkilatının Məclis və NTK üzvləri formalaşdırılıb, partiyanın qurultayına 6 nəfər nümayəndə seçilib.

    Gizli səsvermə nəticəsində Həmzalı Məmmədov VHP-nin Laçın rayon təşkilatının yeni sədri seçilib.

    Sonda 16 partiya üzvünə VHP-nin üzvlük bileti təqdim edilib.

    VHPLacin1 VHPLacin7 VHPLacin6 VHPLacin5 VHPLacin4 vhplACIN3

  • Sabir Rüstəmxanlı: “Parlamentdə o qədər milli xəyanətkarlar var ki…”

    sabir11Keçmiş deputatdan Türkiyəni xəyanətkar adlandıranlara cavab

    AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin 70 səs əleyhinə, 66 səs lehinə olmaqla qəbul edilməməsində günahkarlar sırasında Türkiyədən olan deputatların da adı çəkilir.
    Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib ki, Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu.
    Lakin Türkiyə deputatlarının səsvermədə iştirak etməyən 4 nəfəri bu addımı atmasaydı, vəziyyət Azərbaycanın xeyirinə ola bilərdi: “Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam. Çünki ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu yazacaqlarım qətiyyən Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə, qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm. Uolterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbiidir. Məhz 16 nəfərin hamısı səs versəydi, qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu, soyqırım qədər əhəmiyyətli məsələdir və Azərbaycanla yanaşı, Türkiyəyə də ciddi arqument verəcək”.
    Deputatın sözlərinə görə, Türkiyə rəsmiləri bu məsuliyyətsizliyin izahını verəcəklər: “Beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır”.
    Xarici İşlər Nazirliyi isə AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarına dair” qətnamənin qəbul edilməməsinə görə Azərbaycan deputat nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu ittiham edib. Daha konkret desək, XİN Səməd Seyidovu məsuliyyətsizliyə və səhvə yol verdiyini bəyan etməklə vurdu. Beləliklə, xarici işlər naziri vəzifəsinə iddialı olan Səməd Seyidov Elmar Məmmədyarovdan zərbə almış oldu.
    Sosial şəbəkədə və bəzi media orqanlarında isə Türkiyədən olan 4 deputatın səsvermədə iştirak etməməsi xüsusi qabardılır, hətta bu hadisənin Türkiyədən Azərbaycana xəyanət kimi təqdim edənlər də var.
    Türkiyəli deputatları günahkar və Türkiyəni xəyanətkar elan etmək doğrudurmu? 
    Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, 4 deputatın səsvermədə hansısa səbəbdən iştirak etməməsini Azərbaycana xəyanət kimi təqdim etmək düzgün deyil. Bu cür təqdimat türk düşmənlərinə fürsət verir ki, Türkiyə ilə Azərbaycanın münasibətlərində soyuqluq yaratsınlar: “Əvvəla, Türkiyə deputatlarının da içində erməni mənşəlilər, ermənilərə yaxın şəxslər var, Azərbaycana birmənalı münasibəti olmayanlar var. Çeşidli mövqelər var. Bunu bütün Türkiyənin ayağına yazmaq yanlışdır. Azərbaycan o cür situasiyalarda haqlı mövqeyinin dəstəklənməsi üçün Türkiyə deputatları ilə də, Avropa deputatları ilə də sıx işləməlidir. Hansısa deputatların real vəziyyətdən məlumatı olmaya bilər. Məhz bunun üçün də ciddi şəkildə işləmək lazımdır. İkincisi, Dağlıq Qarabağ münaqişəsinin başlanması, torpaqlarımızın Ermənistan tərəfindən işğalı 30 ilə yaxınlaşır, indi Ermənistanın işğalçı olub-olmadığının AŞ PA-da müzakirəyə çıxarılmasının nəyə hesablandığı maraqlıdır. Hər kəsə bəllidir ki, Ermənistan Azərbaycan torpaqlarının 25 faizini işğal edib. Bu, dünyanın gözünün qabağındadır. İndi işğal faktını müzakirəyə çıxarmaq Azərbaycanın 30 ilik mübarizəsini heçə endirmək deməkdir. Odur ki, bu məsələnin müzakirəyə çıxarılmasına imkan vermək lazım deyildi. Bəyan edilməli idi ki, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı bir faktdır. İndi bunu səsverməyə çıxarmaq nə üçündür”.
    S.Rüstəmxanlı onu da dedi ki, Azərbaycanın özünün parlamentində ümummilli məsələlərdə fərqli mövqelər sərgiləyənlər olur: “Azərbaycan parlamentinin özündə o qədər milli xəyanətkarlar var ki, milli məsələlər müzakirə olunanda həmişə antimilli mövqedən çıxış ediblər, milli maraqlarımıza zidd mövqe nümayiş etdiriblər. Bu, dəfələrlə olub Milli Məclisin tarixi boyu. Ona görə də özümüzü qoyub başqalarını ittiham eləmək lazım deyil”.
     
    Etibar SEYİDAĞA
  • Rəsulzadə və Azərbaycan dövlətçiliyi

    vhpbeyleqanVətəndaş Həmrəyliyi Partiyası (VHP) Beyləqan rayon təşkilatının Məclisinin toplantısı keçirilib. Təşkilatın təşəbbüsü ilə “M.Rəsulzadə və milli məfkurəmiz” mövzusunda müzakirə aparılıb. İlk öncə böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 illiyi sayqı duruşu ilə anılıb.

    VHP Beyləqan rayon təşkilatının sədri Ədalət Quliyev M.Ə.Rəsulzadənin həyatı və siyasi fəaliyyəti haqda geniş məruzə eləyərək qeyd edib ki, M.Ə.Rəsulzadənin siyasi və ictimai fəaliyyəti bütünlüklə Azərbaycan xalqının birliyinə, ölkənin inzibati ərazi bütövlüyünə, millətin azadlığına həsr olunmuşdu. Bütün bacarığını, dünya görüşünü bu istiqamətdə səfərbər etmişdi. Ə.Quliyev M.Ə.Rəsulzadənin Müsavat Partiyasının sədri kimi gördüyü işlərdən, cümhuriyyət quruculuğunda dövlətçilik təcrübəsindən və milli lider kimi fəaliyyətindən, həmçinin əsərlərində və yaradıcılığında milli mövqeyindən geniş söz açıb.

    Sonda Məclis üzvləri də M.Ə.Rəsulzadənin fəaliyyəti və milli dövlətçilik məfkurəmizin formalaşçmasında Rəsulzadənin rolu barədə fikirlərini bölüşüblər.

    Qeyd edək ki, Rəsulzadənin anadan olmasının 132 il dönümü VHP-nin Bərdə, Goranboy, Tovuz və Qəbələ  rayon təşkilatları tərəfindən də anılıb.

  • Tovuzda VHP Rəsulzadə ilə bağlı anım tədbiri keçirib

    vhptovuzVHP-nin Tovuz rayon təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 ildönümü ilə bağlı anım tədbiri keçirib.

    Toplantı böyük öndəri sayqı duruşu ilə anmaqla başlayıb. VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu Rəsulzadənin həyat və yaradıcılığı, dövlətçilik tariximizdəki yeri happy wheels demo barədə məruzə edib. O, bildirib ki, Rəsulzadə tarixi şəxsiyyət, böyük dövlət xadim olmaqla yanaşı, həm də böyük ədibdir:

    “Əlbəttə, onun ən böyük əsəri Azərbaycan Xalq Cümhuriyyətidir. Bununla yanaşı, Rəsulzadənin ədəbi yaradıcılığı maarifçilik tariximiz üçün böyük töhfələr verib. Rəsulzadə əxlaqı və siyasi təfəkkürü bu günümüz üçün də nümunədir”.

    N.Tovuzlu Rəsulzadənin Xalq Cümhuriyyətindən öncəki və mühacirətdəki fəaliyyəti barədə də danışıb.

    Qeyd edək ki, VHP-nin Bərdə və Goranboy rayon təşkilatları da Rəsulzadə ilə bağlı anım tədbirləri keçiriblər.

     

     

  • VHP Goranboyda Rəsulzadə ilə bağlı tədbir keçirib

    GoranboyBir neçə gün sonra böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü tamam olur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) artıq silsilə tədbirlərə start verib. Dünən VHP-nin Bərdə rayon təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri M.Ə.Rəsulzadə ilə bağlı anım tədbiri keçirib. Bu gün isə VHP-nin Goranboy rayon təşkilatı Məclisinin toplantısı keçirilib və tədbirdə böyük öndər M.Ə.Rəsulzadənin anadan olmasının 132 ildönümü ilə bağlı müzakirə aparılıb.

    Təşkilat sədri Zaur Məmmədli M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti və Azərbaycan dövlətçilik tarixindəki rolu barədə geniş məruzə edib. O, M.Ə.Rəsulzadənin Azərbaycan və bütün şərq dünyasındakı yerindən danışıb: “Məhəmməd Əmin Rəsulzadə yalnız şərqin ilk demokratik cümhuriyyət qurucusu kimi tarixə düşmüş şəxsiyyət deyil. O bu gün də müasir və bizə bayraqdar olan böyük bir fikir adamıdır. M.Ə.Rəsulzadənin əsasını qoyduğu və milli bayrağımızda öz əksini tapan ideologiya bu gün də Azərbaycan və bütün türk dünyası üçün dəyərlidir. Biz hər birimiz böyük öndərin fikirlərinin gerçəkləşməsi və onun istədiyi dövlətin qurulması üçün çalışmalıyıq”.

    Z.Məmmədli çıxışının sonunda rayon təşkilatının fəaliyyəti və konfrans hazırlıqlarından da danışıb.

  • VHP Bərdədə Rəsulzadə ilə bağlı tədbir keçirdi

    VHPBerdeYanvarın 31-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü tamam olur.
     
    Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası artıq silsilə tədbirlərə start verib. Partiyanın rayon təşkilatlarında keçiriləcək tədbirlər Bərdədən başlayıb.
     
    Bu gün VHP-nin Bərdə rayon təşkilatı məclisi M.Ə.Rəsulzadənin anadan olmasının 132-ci ili ilə bağlı toplantı keçirib. Rayon təşkilatının sədri Rövşən Cabbarov çıxışında Rəsulzadənin həyat və yaradıcılığı, siyasi və dövlətçilik fəaliyyəti barədə məruzə edib. Bildirib ki, Şərqdə ilk cümhuriyyət quruculuğu ilə Rəsulzadə və tərəfdarları yeni məfkurənin, idarəçiliyin əsasını qoydular:
     
    “Azərbaycan Xalq Cümhuriyyəti demokratiya və azad, demokratik idarəçiliyin ilk nümunəsi idi. Rəsulzadə bütün ömrünü və həyatını millətinə və dövlətinə fəda etmiş şəxsdir. Mühacirətdə olduğu müddətdə də Azərbaycan davasından vaz keçməyib. Biz çox xoşbəxt xalqıq ki, Rəsulzadə kimi öndərimiz var. Biz bu gün də onun dövlətçilik məfkirəsi ilə getməliyik. Bu gün VHP-də onun əsasını qoyduğu milli təsanüd nəzəriyyəsinə əsaslanır”.
     
    R.Cabbarov çıxışının sonunda rayon təşkilatının fəaliyyəti və konfrans hazırlıqlarından danışıb.
  • Şair Həsən Merac yad edildi

    Bu gün “Paradise Baku” oteldə ictimai-siyasi xadim, mərhum şair Həsən Meracın anım tədbiri keçirildi.  Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə elm xadimləri, şairin qələm yoldaşları ilə bərabər ailə üzvləri, dostları, tələbə yoldaşları, gənc yazarlar və oxucular iştirak edirdi.
    Həsən Meracın həyat və yaradıcılığından söz açan tədbirin aparıcısı Emil Rasimoğlu çıxış üçün ilk sözü şairin oğlu Tuncay Hasanoğluna verdi. Tuncay Hasanoğlu qonaqları salamlayaraq, atasının yaradıcılığına göstərdikləri diqqətə görə hər kəsə təşəkkürünü bildirdikdən sonra, onun bir ata, ailə başçısı kimi yüksək keyfiyyətlərindən danışdı.
    Növbəti çıxış üçün söz Qurtuluş televiziyasının rəhbəri Rəşad Məmmədova verildi. Rəşad müəllim şair haqqındakı fikirlərini bölüşdükdən sonra, qeyd edib ki, yaxın günlərdə Qurtuluş televiziyasında efirə çıxacaq Çinarə Ömray və Sərvər Kamranlının birgə layihəsi olan “Bitməyən ömür” verlişinin ilk bölümü məhz Həsən Meraca həsr olunub.
    VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Həsən Meracın xalq hərəkatındakı şücaətindən söz açdı, onu xalq hərəkatının öncüllərindən biri kimi dəyərləndirərək Xəlil Rza Ulutürklə müqayisə etdi. Daha sonra Sabir Rüstəmxanlı diqqəti şairin vətənpərvər ruhlu şeirlərinə çəkərək onun bir neçə şeirini də səsləndirdi.
    Paşa Qəlbinur isə çıxışında Həsən Meracı şairlikdən əlavə bir insan kimi dəyərləndirdi və onunla dostluğu zamanlarındakı ortaq xatirələrini məclis iştirakçıları ilə bölüşdü.
    Sonra tədbir iştirakçılarından Akif Nağı, Adil Mikayıloğlu, Nəriman Zeynalzadə, Nəcibə İlkin, Anar Eyubov və bir çox dostları çıxış etdi. Bacısı Mehparə xanım çıxışında Həsən Meraca sağlığında layiq olduğu qiymətin verilməməsindən gileyləndi, bu günki gün bu tədbirin keçirilməsində əziyyəti olan və tədbirdə iştirak edən hər kəsə ailəsi adından minnətdarlığını bildirdi. Sonra Qurtuluş televiziyasının əməkdaşı Mədinə xanım, şairin yaxın dostlarından Rövşən bəy, Orxan bəy və bir çox qonaqların dilindən Həsən Merac xatirələri dinlənildi.
    Tədbir boyunca şairin həyat və yaradıcılığı haqqında hazırlanmış video çarxlar qonaqlara nümayiş etdirildi, Çinarə Ömray şairin “Bir uşaq” şeirini səsləndirdi. Sonda bir dəqiqəlik sükutla Həsən Meracın ruhu yad edildi.
    hesenmeracanim2 hesenmeracanim3 hesenmeracanim4 hesenmeracanim5
  • Qatil həkim həbsdə qaldı – Ali Məhkəmə

    Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə bağlı açılmış cinayət işinə bu gün Ali Məhkəmədə baxılıb.

    Bu barədə Axar.az-a məlumat verən zərərçəkən, VHP-nin Depertament müdiri Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, bugünkü prosesdə müqəssir kassasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət edib:

    “Bu gün hakim Fərhad Kərimovun sədrliyi ilə Ali Məhkəmədə Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən Firuz İbrahimovun kassasiya şikayətinə baxıldı. Proses zamanı məlum oldu ki, müqəssir kassasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət edib. Bunu da xüsusilə qeyd etməyə ehtiyac var ki, şikayətlə bağlı müraciət F.İbrahimovun saxlanıldığı Bakı İstintaq Təcridxanasından faks vasitəsilə göndərilmişdi. Zərərçəkən tərəf olaraq məhkəmə baxışının keçirilməsinin və qarşı tərəfin kassasiya şikayətinə baxılmasının tərəfdarı idik. Çünki müqəssirin məhkəməyə təqdim etdiyi kassasiya şikayətinin heç bir hüquqi əsası yox idi. Bir sözlə, Ali Məhkəmə Firuz İbrahimovun şikayətini geri götürməsi ilə bağlı etdiyi müraciəti qəbul etdi”.

    Səməd Vəkilov bildirib ki, Firuz İbrahimovun şikayətini geri götürməsinin əsas səbəbi kassasiyanın heç bir məhkəmə perspektivinin olmaması ilə bağlıdır:

    “Firuz İbrahimov kassasiya şikayəti vermək hüququndan imtina edərək işin baxılmadan geri qaytarılmasını istəyib. Ümumiyyətlə, kassasiya şikayətinin heç bir perspektivi yox idi. Müqəssir F.İbrahimov kassasiya şikayəti ilə bəraət hökmü verilməsini istəmişdi. Ancaq bu mümkünsüzdür. Çünki cinayət hadisəsi qeydə alınıb və ortada ölüm faktı ola-ola belə bir şikayət tamamilə absurddur. Görünür, qarşı tərəf də verdiyi şikayətin əsassız olduğunu anladığı üçün geri addım atdı. Ancaq bu geri addım atmaqla müqəssir kassasiya şikayəti ilə bağlı müraciət etmək fürsətini özündə saxladı”.

    Qeyd edək ki, tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı dünyasını dəyişib. Onun iki azyaşlı qız övladı var.

    2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbsə alınıb.