Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • VHP Xocalı faciəsi qurbanlarını anacaq

    Fevralın 26-da Xocalı faciəsinin 24-cü il dönümü tamam olur. Hər il olduğu kimi, bu il də Vətəndaş Həmrəyliyi Partiyası olaraq Xocalı soyqırımının ildönümü münasibəti ilə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış, Ana Fəryadı abidəsini ziyarət edəcəyik.VHP üzvləri, həmin gün (sabah) saat 13:30-da VHP-nin qarşısında yığışıb Ana Harayı abidəsinin önünə gedəcəklər.
    Sizləri də bu ziyarətə qoşulmağa dəvət edirik.

  • VHP Sabrabadda Xocalı ilə bağlı anım tədbiri keçirdi

    Vətəndaş Həmrəyliyi Partiyasın (VHP) Sabirabad rayon təşkilatı Xocalı faciəsinin 24-cü ildönümüylə əlaqədar toplantı keçirib. Toplantıya toplaşanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib.

    VHP Sabirabad rayon təşkilatı sədrinin birinci müavini Elman Əliyev söz alaraq bu günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı barədə danışıb, bu terrorun təkcə Türkiyəyə qarşı deyil, bütün Türk dünyasına qarşı yönəlmiş məkrli planın tərkib hissəsi olduğunu bildirib. Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin biri olduğu halda son vaxtlar Ermənistanı silahlandırdığını deyən təşkilat təmsilçisi bunun regionda sabitliyin yaranmamasına hesablandığını vurğulayıb. Təşkilat təmsilçisi onu da əlavə edib ki, bu günlərdə 24-cü ildönümü tamam olacaq Xocalı faciəsi də Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə törədilmişdi: “İllərdir Qarabağ probleminin həll olunmaması da Rusiyanın istəyinə bağlıdır. Qeyd edim ki, Xocalı faciəsi insanlığa qarşı yönələn ən böyük bəşəri cinayətdir. Bu faciəni Ermənistanın hazırda iqtidarında təmsil olunan şəxslər törədiblər. İnsanların kütvəli qırılmasını ancaq cəllad və quldur dəstəsi edər ki, bunu da Rusiyanın dəstəyi ilə ermənilər törətdilər. Bu gün də Xocalı faciəsi öz hüquqi qiymətini almayıb. Amma ermənilər qondarma soyqrımlarını əllərində bayraq edərək Türkiyənin və türkün üstünə gəlirlər”.

    vhpSabirabad vhpSabirabad2

  • Türkiyənin Bakıdakı səfirliyinin binası önünə güllər düzüldü – FOTOLAR

    Fevralın 18-də qardaş Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında terror hadisəsi baş verib. Məlumata görə, hərbi maşınların partlaması nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.
    Hadisə ilə əlaqədar 2 gündür ki, bir çox partiyalar, təşkilatlar Türkiyənin Bakıdakı səfirliyinin önünə gələrək, qərənfil qoyub, şamlar yandırırlar.
    Musavat.com saytı xəbər verir ki, REAL üzvlərinin ardından isə “Nida” Vətəndaş Hərəkatının və VHP-nın bir qrup üzvü səfirliyin önünə gələrək, qərənfil qoyublar, bir dəqiqəlik sükutla həlak olanların ruhunu yad ediblər.
    Hadisə ilə bağlı saytımıza açıqlama verən Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi icra aparatının rəhbəri Samir Əsədli bunları deyib: “Türk dünyası daha bir faciənin hüznünə qərq olub. Ankarada baş verən terror sıradan bir xəyanət olayı deyil. Bu, hər tərəfdən çaqqal sürüsünün hücumuna məruz qalan qardaş türk dövlətinə növbəti zərbədir. Amma Atatürkün Cümhuriyyəti bunu da keçəcək. Türk dövlətini və millətini əzmək olmaz. Terrorla, zor yolu ilə hələ heç kim türkü öz yolundan döndərə bilməyib. Şəhid olan qardaşlarımıza Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Hamımızın başı sağ olsun!”
    Turqut Qəmbər: “Nida” Vətəndaş Hərəkatı adından Türkiyə xalqına başsağlığı veririk. Təbii ki, bu, çox iyrənc bir hadisədır. Terror, harada və kimin etməsindən asılı olmayaraq, birmənalı sürətdə qınanmalıdır. Bu, heç bir halda məqbul hesab edilə bilməz. Bizə düşən orada vəfat etmiş şəxslərə Allahdan rəhmət diləmək, ailələrinə və Türkiyə xalqına başsağlığı verməkdir. Bu gün də bunun üçün buradayıq”.
    Respublikaçı Alternativ Hərəkatının bir qrup üzvü də səfirlik önünə toplaşıb. REAL üzvləri bildiriblər ki,”Türkiyə-Azərbaycan üçün qonşu ölkə olması ilə yanaşı, həmçinin strateji müttəfiqdir, dost və qardaş ölkədir. Orada baş verən faciəvi olay bizlər üçün də üzücüdür”.
    Tədbir iştirakçıları bəyan ediblər ki, terrorla mübarizədə Türkiyə xalqının və dövlətinin yanındadırlar.
    Məhəmməd Türkmən,

    turkiyesefirliyianim turkiyesefirliyianim1 turkiyesefirliyianim2 turkiyesefirliyianim3 turkiyesefirliyianim4

  • VHP Şirvan təşkilatı Xocalı şəhidlərini anıb-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şirvan şəhər təşkilatı Məclisinin növbəti sessiyası keçirilib.

    Sessiyada öncə Xocalı soyqırımı qurbanları, Qarabağ şəhidləri bir dəqiqəlik sükutla anılıb.

    Təşkilat sədri Aqil Vəliyev bildirib ki, Xocalı faciəsinin 24 ili tamam olur: “Xocalı soyqırımı bəşəriyyətdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərindən biridir. Hələ də bu faciə öz hüquqi qiymətini almayıb. Qondarma erməni soyqrımını əldə bayrağ edərək türkün və Türkiyənin üzərinə gedirlər. Bu da məqsədli edilir. Xocalı faciəsi nəticəsində bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətlə yetirilib ki, onun da 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan idi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü”.

    Sonda şəhər təşkilatının konfrans hazırlıqları müzakirə edilib. 23 nəfər partiya sıralarına qəbul edilib.

    vhpsirvan1xocali vhpsirvan2xocali

  • Müstəqilliyə gedən yolda 19 fevral tarixi

    sabir5Sabir Rüstəmxanlı: “Həmin gün qarşısıalınmaz birliyin bayramı idi”

    Azərbaycanda milli azadlıq hərəkatının başlandığı günlərdən 28 il ötür. Noyabrın 17-si Milli Dirçəliş Günü kimi ölkəmizdə qeyd olunsa da, əslinə qalsa, proseslər 1988-ci il fevralın 13-də Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə start götürdü. Həmin gün ermənilərin Xankəndində keçirdikləri mitinqlə başlayan proseslər artan xətlə inkişaf etdi. 
    Ermənilərin separatçılığına cavab olaraq, 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Nümayiş iştirakçıları “Qarabağ bizimdir!” şüarlarını səsləndirdilər. Məhz bu aksiyanın fonunda Bakıda və Dağlıq Qarabağa yaxın rayonlarda başlayan kütləvi aksiyalar sonda xalq hərəkatına çevrildi. SSRİ rəhbərliyinin ermənilərə dəstək verməsi xalq hərəkatının alovlanmasına və nəticədə Azərbaycanın müstəqil olmasına səbəb oldu.
    Fevralın 19-dan sonra hadisələrin yüksək xətlə cərəyan etdiyini görən SSRİ rəhbərliyi ermənilərin də iştirakı ilə Sumqayıt hadisələrini təşkil etdi. Ermənilərin Sumqayıt hadisələrinin azərbaycanlıların tərəfindən törədilməsi cəhdləri heç bir nəticə vermədi. Başlanan xalq hərəkatının qarşısını almaq üçün aparılan siyasət sonda məğlubiyyətlə nəticələndi.
     
    Həmin dövrdə  xalq hərəkatının liderlərindən sayılan VHP sədri Sabir Rüstəmxanlı 28 il öncənin fevral hadisələrini belə xatırlayır: “19 fevral mitinqi geniş şəkildə qeyd olunmalıdır. Bu aksiya sonrakı dövr proseslərinə ciddi təsir etdi. O vaxt yadıma gəlir ki, Həsən Həsənov Mərkəzi Komitədə  ideoloji şöbənin katibi idi. Onunla yaxşı münasibətlərimiz var idi. Tez-tez görüşürdük. Bir dəfə o mənə Almaata hadisələri ilə bağlı dedi ki, Azərbaycana da rus katibi gəlsə, xalq etiraz edər? O zaman geniş əlaqələrim var idi. Zavodlarda, kitablarımın müzakirələrində 1000 nəfərdən çox insanla görüşlərim olurdu. Həsən Həsənova dedim ki, sizi bilmirəm, amma mən 5 min nəfər çıxara bilərəm.
    Bakıda birdən-birə bu qədər kütlənin meydana çıxması hamı üçün gözlənilməz oldu. Həmin vaxt Dağlıq Qarabağla bağlı proseslər gedir, Xankəndində tez-tez mitinqlər keçirilirdi. SSRİ rəhbərliyi səviyyəsində, eləcə də rəsmi mətbuatda Qarabağın Ermənistana aid olması ilə bağlı fikirlər səslənirdi. Buna görə də xalqımız çarəsiz qalıb meydanlara çıxmışdı. O mitinqdə bayram əhval-ruhiyyəsi var idi. “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycanındır” kimi çağırışlar səslənirdi. Həmin gün qarşısıalınmaz birliyin bayramı idi. Meydana çoxsaylı kütlə girmişdi. Bir sıra çıxışlardan sonra xalq dağıldı. Nəticə etibarı ilə 19 fevral mitinqi müstəqilliyə gedən yolları açdı”.
    S.Rüstəmxanlı Sumqayıt hadisələrinə də toxundu: “Sumqayıt hadisələri köhnə ssenari ilə törədilmişdi. 1905-1907-ci illərdə Bakıda bu tərzdə erməni-müsəlman davası salınmışdı. 1918-ci ildə də eyni hadisələr təşkil olunmuşdu. Azərbaycan və digər ölkələrdə gedən milli azadlıq mübarizələrinin qarşısını almaq üçün bu siyasətə əl atılmışdı. Rusların silahlandırdıqları ermənilər silahsız azərbaycanlılara qarşı qırğınlar təşkil etmiş, hətta soyqırım törətmişdilər. Bu, böyük dövlətlərin, o cümlədən rusların köhnə siyasətləridir. Mərkəzdəki problemləri həll edə bilməyəndə əyalətlərdəki xalqları bir-birinə qarşı qoyurlar. Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış, bu plana uyğun şəkildə həyata keçirilən hadisə idi. Qarabağın Azərbaycan torpağı olması ruslar gələnə qədər heç vaxt sual doğurmayıb. Zəngəzurun özü heç vaxt erməni torpağı olmayıb. İrəvan əhalinin tərkibi baxımından belə erməni şəhəri heç zaman sayılmayıb.
    Bu münaqişələri bilə-bilə təşkil ediblər. 1923-cü ildə xalqın rəyi alınmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu, bir neçə ildən sonra törədiləcək münaqişələrin başlanğıcı idi. Qərbi Azərbaycandan köçürülən azərbaycanlılar qəsdən Sumqayıt və Bakıda yerləşdirilirdi. Bilirdilər ki, Sumqayıt hadisələri törədiləcək. Ona görə də qabaqcadan kameralar gətirilmişdi, məqalələr yazılmışdı. Azərbaycanlıların ermənilərə dözümsüz yanaşdıqları barədə dünyaya mesaj vermək üçün belə çirkin oyunlar oynadılar. Bunların üstü sonralar açıldı”.
     
    Cavanşir ABBASLI
  • Sabir Rüstəmxanlı Ankarada baş verən terror olayı ilə bağlı türk xalqına başsağlığı verdi

    Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri

    sayın İsmail Alper Coşkuna

     

    Ankarada baş verən terror aktı nəticəsində onlarla vətəndaşınızın şəhid olması məni dərindən sarsıtdı. Baş verən faciə həm də bizim faciəmiz, bizim dərdimizdir. Kədərinizi bölüşür, şəhid olanların yaxınlarına və bütün Türk xalqına başsağlığı verir, ölənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram.

    Tanrı Türkü Qorusun!

     

    Hörmətlə,

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri

  • Qaradağlı qətliamından 24 il ötür

    Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 24 il ötür.

    APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

    İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.

    Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

    Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

    Qaradağlı indi də işğal altındadır.

  • Fəzail İbrahimli: “Bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb”

    Milli Məclisin növbəti plenar iclası fevralın 12-də keçiriləcək. Dünən isə Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş üzrə Mərkəzini və nazirliyi tənqid edib. 
    Adıçəkilən millət vəkili ittihamlarını Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabatının müzakirəsi zamanı səsləndirib.
    Millət vəkili bələdiyyələri və bələdiyyəsədrlərini konkret fəaliyyət, layihələr ortaya qoymağa çağırıb.
    Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Fəzail İbrahimli isə bələdiyyə sədrlərinə və bələdiyyələrə qarşı sərt ittihamlarla çıxış edib. O, bələdiyyələri və bələdiyyə sədrlərini konkret fəaliyyət, layihələr ortaya qoymağa çağırıb: “Siz eləcə vergilərdən danışırsınız. Sizi başqa məsələlər maraqlandırmır? Sizin işiniz-gücünüz elə vergi yığımı məsələsidir?  Molla yas yerindən xüms-zəkat istədiyi kimi, siz də ancaq vergi istəyirsiniz! Niyə konkret fəaliyyət ortaya qoymursunuz? İnciməyin, bələdiyyələrin, bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb. Bu, az qala sizin alnınıza yazılıb. Bəlkə belə deyil?” F.İbrahimli daha sonra əlavə edib: “Düzdür, əvvəlki illərlə müqayisədə bu məsələnin qarşısı qismən alınıb, amma hər halda, bələdiyyələr haqqında formalaşan bu ”imic” hələ də aradan qaldırılmayıb.  Ona görə vergi, əlavə səlahiyyətlər istəməkdənsə, əməli fəaliyyətinizlə bu “imici” aradan qaldırmağa çalışın”.
  • VHP Cəlilabadda da konfrans keçirdi-FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Cəlilabad rayon təşkilatının növbəti hesabat-seçki yığıncağı keçirilib.
    Yığıncaqda rayon təşkilatı Məclisinin və NTK-nın hesabatları dinlənilib. Təşkilatın və onun seçkili qurumlarının fəaliyyəti qənaətbəxş hesabat edilib.

    AXCP Cəlilabad rayon şöbəsinin sədri İmran Əliyev, tanınmış jurnalist Sabutat Nağıyev, hərəkatçı Kərim Quliyev çıxış ediblər, təbriklərini çatdırıblar.

    Sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədəki siyasi proseslər və VHP-nin qurultay hazırlıqları barədə məlumat verib.

    Sonra rayon təşkilatının Məclisi və NTK-sı formalaşdırılıb, partiyanın növbəti qurultayına 7 nəfər nümayəndə seçilib.
    Gizli səsvermə nəticəsində Əliqismət Əlibəyli VHP Cəlilabad rayon təşkilatının yeni sədri seçilib.

    vhpcelilabad vhpcelilabad1 vhpcelilabad2 vhpcelilabad3

  • Sabir Rüstəmxanlıya alternativ namizəd ola bilər

    “Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayında sədr Sabir Rüstəmxanlıya alternativ namizəd ola bilər. Bu, partiyanın qurultayında aydın olacaq”. Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib. R. Manaflı bildirib ki, partiyanın qurultayının payızda keçirilməsi planlaşdırılır. Artıq rayon konfransları yekunlaşmaq ərəfəsindədir.
    O, qurultayda partiya sədrliyinə namizədlərin hələlik müəyyənləşmədiyini qeyd edərək, VHP rəhbərliyinin sədr Sabir Rüstəmxanlının namizədliyini yekdilliklə dəstəklədiyini vurğulayıb: “Biz hesab edirik ki, Sabir Rüstəmxanlı hazırda partiyanın maraqlarını tam təmsil edir və onun əvəzləyəcək ikinci şəxs yoxdur. Ancaq yenə də sədrliyə alternativ namizədlərin olması mümkündür”.