Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Sabir Rüstəmxanlıdan Seyran Səxavətə yubiley təbriki

    Seyran Səxavət-75

    Bu gün görkəmli yazıçımız Seyran Səxavətin anadan olmasının 75 illiyidir. Eyni universitetdə oxumuş, eyni yataqxanada yaşamış, eyni poeziya dərnəklərinə getmiş, sözümüzün təsir gücünü bir-birimizin rəyində və eyni görüşlərdə sınamışıq…

    O, şərqşünas, daha doğrusu, fars dili mütəxəssisi olduğuna görə xaricdə işləyib Bakıya qayıdandan sonra da, “Ədəbiyyat və inəsənət” qəzetində işə düzəlmiş və bir ara burda da iş yoldaşı olmuşuq. İlk şeir kitabımız da bir ildə “Gənclik” nəşriyyatında buraxılmışdı. Demək istəyirəm ki, tale bizə yaxın sirdaş, dost olmaqdan başqa yol saxlamamışdır və məncə, biz də taleyin verdiyi bu gözəl imkanı sidqi-ürəkdən dəyərləndirmiş, sevincimizi-kədərimizi bölüşmüş, eyni ağrı-acılardan keçmiş, qədərimizə düşən milli faciələrə qarşı ömür boyu eyni səbr və inadla mübarizə aparmışıq…

    Qarabağ itkisindən, doğma ocağının düşmən əlində olmasından doğan, dözülməsi çətin olan və minlərlə insanın ömrünü yarımçıq qıran üzüntülər Seyranın da ürəyindən və qələmindən keçmişdir. Yalnız söz ustalarına qismət olan özəlliklər, həssaslıq, tarix yaddaşı da əlavə olunanda qələm dostumun son otuz ildəki mənəvi durumunu və yaradıcılığının hansı həyat yolunun, psixoloji sarsıntıların əks sədası olduğunu təsəvvür etmək çətin deyil.
    Seyran ədəbiyyata şeirlə gəlmişdi. Elə ilk şeirlərindən o, səmimiyyətin, canlı həyat havasının, təbiiliyin poeziyasının ən başlıca və həlledici şərtlərindən olduğunu başa düşmüşdü. Səmmiyyət sevgi şeirlərinin ruhudur, sözü canlandırır, ona başqalarının həyatında, yaddaşında yer qazandırır. Seyran Səxavətin içdən gələn sevgi şeirləri gənclər tərəfindən coşqu ilə qarşılanırdı və auditoriyaların zərif kəsiminin ən çox alqışını qazananlardan biri o olurdu.
    Füzuli şəhərindəki evlərinə getməyimiz, ata –anacı, bacı-qadaşları ilə, gənclik dostları ilə tanış olmağım Seyranın xarakterinin, ərköyünlük və ərkyanalığının, ürək açıqlığının səbəbini, eyni zamanda, gələcək əsərlərinə ilham verən mənəvi dəyərlərin köklərini ğörməyimə, Qarabağ mühitini duymağıma kömək etmişdi.
    Bir sıra hekayələri, memuar və povestləri ,“Daş evlər”, “Nekroloq”, “Palıd toxumu” pomanları, pyesləri çağdaş ədəbiyyatımızın seçilən nümunələri arasında yer almış, Seyran Səxavətə böyük oxucu məhəbbəti qazandırmışdır.
    Bu əsərlər haqqında çox yazılmışdır. Mənə xoş gələn Seyranın maraqlı xarakterlər yaratmaq bacarığı, hər əsərində həyatımızın başqa bir tərəfinə işıq salmaqla, İctimai-siyasi və milli dərdlərin həllinə çalışması, öz yazıçı- vətəndaş vəzifəsini ləyaqətlə yerinə yetirməsidir.

    Seyranın əsərlərinin düzgün anlaşılmadığı vaxtlar da olub. “Qızıl teşt” pyesinin taleyını xatırlayaq. Cəmiyyətin hər təbəqəsi ona bir cür yanaşdı, ortada tənqid hədəfinə çevrilən müəllif oldu. Əsəri hansısa dəstəni müdafiə edib, başqa dəstəni tənqid etməkdə suçladılar. Halbuki, Seyran elə bu yerlibazlıq azarını tənqid etmişdi.
    Görkəmli yazıçımız ədəbi dilimizə Qarabağ ağzının dadını-duzunu, şirinliyini gətirmiş, nəsrimizi ümumxalq dilinin qeyri-adi imkanları ilə zənginləşdirmişir. O, dialoq qurmaq ustasıdır və yaradıcılığının bu keyfiyyətini vaxtilə “Sözün Səxavəti” adlı yazımda geniş təhlil etmişəm.
    44 günlük Vətən müharibəsində Qarabağlı dostlarıma , o cümlədən Seyrana tez-tez zəng vururdum, sevincimizi bölüşürdük. Bu qələbəni görmədən dünysını dəyişmiş dostlarımızı rəhmətlə xatırlayırdıq. Füzuli torpağı düşməndən təmizlənib və şükür ki, Seyran ata yurduna qayıda biləcək; həm də bu torpaqların azad olunması yolunda bədii və publisistik sözü ilə yorulmadan mübarizə aparmış ədəbiyyat fədaisi və ustad qələm sahibi kimi!..
    Ad günün qutlu olsun, Seyran bəy!
     
    Sabir Rüstəmxanlı
  • Sabir Rüstəmxanlı Azər Abdullanın vəfatı ilə bağlı başsağlığı verdi

    Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir. Bu bayram günlərində tanınmış yazıçı Azər Abdullanın ölüm xəbəri bizi sarsıtdı. Azər Abdulla Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində doğulmuşdur. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir.
    Jurnalistik fəaliyyətinə “Azərbaycan məktəbi” jurnalında korrektor, “Mədəni ticarət” qəzetində ədəbi işçi işlərkən başlamış, ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. “Qobustan” toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. Hazırda “Oğuz Eli” qəzetinin əlavəsi olan “Yazıçı” qəzetinin baş redaktorudur.
    “Nazim Hikmət və Azərbaycan” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
    Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış etmişdir. O
    “Bir durna qatarıyıq”, “Gedirəm gün doğana”, “Səni gözləyirəm”, “Bəyaz çiçəklər”, “Qəmərlidən keçən qatar” və başqa kitabların müəllifidir. Azər Abdullanın xatirəsi daim yaddaşlarda yaşayacaqdır.  Allah rəhmət eləsin.

    Sabir Rüstəmxanlı
    Xalq Şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri

  • Sabir Rüstəmxanlı: “Vətən sevgisi qanunla olmur ki, vətən sevgisi qanunların üstündədir.”

    Azərbaycanda Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun qəbul edilə bilər. Sözügedən qanunun layihəsi martın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə olunub.  Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, prezident İlham Əliyevin parlamentin qarşısında qoyduğu böyük vəzifələrdən biri gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlıdır.  Komitə üzvləri iclasda müasir dövrdə gənclərin xarici təsirlərdən qorunmasının, tarixi, milli dəyərlərə və dövlətçiliyə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək bu məsələnin əhəmiyyətindən danışıb.  “Vətənpərvərlik tərbiyəsi” məsələsini qanunvericiliklə tənzimlənməsi nə dərəcədə düzgündür? Bu, gənclərin arasında hakim ideologiyasının təbliğatına çevrilə biləcəkmi? “Vətənpərvərlik tərbiyəsi” bir fənn kimi dərs cədvəlinə salınarsa, tədris prosesinə necə təsir göstərəcək?  Oxşar qanun 2020-ci ildə Rusiyada qəbul olunub. Ölkənin parlamenti prezident Vladimir Putinin təklif etdiyi Rusiya məktəblərində və ali təhsil müəssisələrində vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi ilə bağlı qanun layihəsini qəbul edib.  Rusiya ekspertləri hesab edir ki, məktəbdə vətənpərvərlik tərbiyyəsi formal olacaq, bununla belə təhsil keyfiyyəti aşağı düşə bilər. Çünki müəllimlərin üzərinə əlavə bürokratik hesabatlılığın yükü düşəcək.

    Digər ekspertlər isə əmindir ki, mühafizəkar idealları qanun vasitəsilə möhkəmləndirərək dövlət ictimaiyyətə, xüsusi olaraq gənclərə ideoloji nəzarətini gücləndirməyə çalışır.

    Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Turana” bildirib ki, vətənpərvərlik hissi yazılmamış bir qanundur.

    “Hər bir ailənin borcudur ki, uşağını vətənə sevgi ruhunda tərbiyə eləsin. Vətən sevgisi qanunla olmur ki, vətən sevgisi qanunların üstündədir.”

    Deputat hesab edir ki, qanunla iş düzələn deyil, işin kökü təhsil sistemindədir.

    “O sistem özü yaxşı olmayandan sonra qanunla heç nə düzəlməyəcək. Amma hər halda sözügedən qanunu qəbul edilərsə, onun da bir ziyanı olmayacaq,” o qeyd edib.

  • VHP sədri qadınları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

    Hörmətli xanımlar, əziz analar və bacılar! 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hamınızı təbrik edir, sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram.

    Azərbaycan qadını tarix boyu gözəllik və ləyaqət simvolu olub, həyatın mühüm dönəmlərində təkcə ailədə yox, cəmiyyətdə də öz fəal mövqeyi ilə seçilib. Tarixin bütün çağlarında Azərbaycanın taleyinin həll olunmasında xanımlarımız söz sahibi olmuşlar. Ötən əsrin əvvəllərində Xalq Cumhuriyyətinin qurulması ilə Şərqdə ilk dəfə geniş siyasi hüqquqlar qazanan Azərbaycan qadını əsrin sonunda milli-azadlıq hərəkatının, müstəqil dövlət quruculuğunun da ön cərgələrində olub. Ən yaxın tariximizdə, 44 günlük Zəfər savaşında da Azərbaycan qadını öz gücünü və Ana qüdrətini bütün dünyaya təsdiqlətdi.

    Azərbaycan qadını ən çətin sınaqlarından ləyaqətlə çıxmış, tariximizin sədaqət rəmzinə çevrilmişdir. Azərbaycanın gələcəyi də qadınlarımızın intellektual və mədəni səviyyəsindən, övladlarına verdikləri tərbiyədən, ictimai həyatın bütün sahələrində fəal mövqe nümayiş etdirmələrindən asılıdır. Biz xanımlarımızın bu dönəmi də qürurla başa vuracağına inanırıq.

    Əziz qadınlar!

    Bir daha bayramınızı təbrik edir, sizlərə uzun ömür, cansağlığı, sevdiklərinizlə birlikdə firavan, xoşbəxt və rahat həyat sürmənizi arzulayıram.

  • Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür

    Azərbaycan adına ilk dövlətin qurucusu, Yaxın və Orta Şərqdə demokratik respublika yaradıcısı Məhəmməd Əmin Rəsulzadə 66 il öncə “Bir kərə yüksələn bayraq bir daha enməz” deyib bizə istiqlal və hürriyyət miras qoyaraq əbədiyyətə qovuşdu. Biz bu bayrağın altında Rəsulzadə ruhunu azad və demokratik Azərbaycan qurmaqla şad etmək borcumuzdu. Ruhun qarşısında baş əyirik, BÖYÜK KIŞI!

  • Neftçalada şəhid muzeyinin açılışı olub

    Dünən Neftçala rayon Kürqarabucaq kəndində şəhidimiz gizirimiz Ağasadığ Aslanovun ev muzeyinin açılışı olub. Şəhidin doğum gününə, 30 yaşının tamamına təsadüf edən açılışda millət vəkili Sabir Rüstəmxanlı, rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin atası Xəlil kişinin öz həyətində tikib ərsəyə gətirdiyi muzeydə Ağasadıq Aslanov və Kürqarabucaq kəndinin digər şəhidlərinə aid fotolar,məlumatlar yerləşdirilib. Açılışda rayon icra başçısı Mirhəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı və digər qonaqlar çıxış edərək şəhid Ağasadıq Aslanov və bütün Qarabağ şəhidləri haqda danışmış, onların xatirəsinin hər zaman uca tutulacağını bildrmişlər.

    Çıxış edənlər şəhid Aslanov Ağasadıx Xəlil oğlunun eləcə də Neftçaladan vətən müharibəsi iştirakçılarının düşmənə qarşı göstərdikləri igidlik və qəhrəmanlıqlarından söhbət açıblae. Çıxışlarda şəhid atasının belə incə zövqlə oğlunun xatirəsinə yaratdığı muzey abidəsi həqiqətən çox tədqirəlayiq bir hadisə kimi dəyərləndirib . Belə muzeylərin Azərbaycanın hər bir bölgəsində yardılarsa bu gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və onların vətəndaş kimi yetişməsinə böyük təsir göstərən əsas amil rolunu oynaya biləəyi vurğulanlb . Şəhidin atası iştirakçılara öz minnətdarlığını bildirdi.

    Daha sonra şəhidin məzarı ziyarət edilib.

    Məlumat üçün bildirək ki, Aslanov Ağasadıq Xəlil oğlu 01.03.1991-ci il tarixində Neftçala rayonu Kürqarabucaq kəndində anadan olmuşdur. Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərmiş və qəhrəmancasına şəhid olmuşdur. 08.11.2020-ci il tarixində Kürqarabucaq kənd məzarlığında dəfn edilmişdir. Göstərdiyi igidliklərə görə “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medallarına layiq görülmüşdür.

  • Siyasətin Cümşüd Nuriyev fiaskosu…

    Son illər Azərbaycan siyasətində ənənəvi fəaliyyət yeni üsullarla əvəzlənib. Bu gün özünü az qala xalq lideri kimi təqdim edən siyasətçilər var ki, fəaliyyəti sosial şəbəkə çərçivəsindən kənara çıxmır. Bundan bir az irəli gedən başqa bir kəsim də var ki, onlyan tv-lərdə debat qəhrəmanlarına çevrilib, özlərini cəmiyyətə politoloq, millət fədaisi kimi sırayırlar. Bu günlərdə bu iki hal bir araya gəlmiş, bir birlərinə dəstək verərək ölkənin ictimai-siyasi durumunu təhlil etmişlər.  Cümşüd Nuriyevin saat yarımlıq debatı parlament müxalifətinə, müstəqillik tariximizdə ilk dəfə parlamentdə müxalifət təmsilçisi kimi Mlili Məclis sədrinin müavini postunu tutan Fəzail İbrahimliyə ironiya ilə bitib. Cümşüd Nuriyev dəfələrlə özünün qurduğu müxtəlif variantlarla mətbuatda çıxış eləyib, sonra öz uydurduğuna özü inanmağa başlayıb. Cümşüd Nuriyev tez-tez bildirib ki, parlamentdə ermənilər var, kürdlər var, nə bilim kimlər var. Amma mən tam səmimi deyirəm, müxalifətdə də, iqtidarda da olmaq olar, hətta erməni də, kürd də olmaq olar. Ən bədnam, ən biabırçı Cümşüd Nuriyev olmaqdır. Cümşüd Nuriyev olmaqdan bədnam bir şey yoxdur. Cümşüd Nuriyev özü parlamentə düşə bilsəydi tamam fərqli mövqedən çıxış edərdi. Xalq arasında belə bir deyim var ki, ”pişiyin ağzı ətə çatmayanda deyir iylənib”. Əgər doğrudan da Cümşüd Nuriyevin görmək istədiyi kimi, parlamentdə müxalifət yoxdursa, buyurub həmin müxalifətçiliyi cəmiyyətdə eləsin, ona kim mane olur? Onunla eyni mövqedə olan, “parlamentdə müxalifət yoxdur” deyən müxalifət partiyaları var, gedib həmin partiyaların birinə üzv olsun və mübarizə aparsın. Görmək istədiyi müxalifəti formalaşdırsın və yaxud belə bir müxalifət partiyasında fəaliyyət göstərsin. Vitse-spiker Fəzail İbrahimlinin parlamentdə fəaliyyəti göz qabağındadır. Ümumiyyətlə Vətəndaş Həmrəyliyi Partiyası hər zaman parlamentdə öz sözünü deyirib. Parlament televiziyası yaradılsın və Milli Məclisin iclasları canlı yayımlansın. Xalq da görsün ki, vəkil seçdiyi şəxslər orada necə fəaliyyət göstərir. Müxalifət parlamentdə nə etməlidir, əlinə silah alıb vuruşmalıdır? Müxalifətin gücü problemləri parlament tribunasından səsləndirmək, ictimai diqqəti bu məsələlərə yönəltməkdir. Uzun illər parlament təcrübəsi olan, dəfələrlə “ilin deputatı”, “ən fəal deputat”, “ən cəsarətli deputat” seçilən Fəzail İbrahimliyə Cümşüd Nuriyev kimi uğursuz siyasətçinin necə müxalifətçilik eləməyi tövsiyə etməsi gülüncdür.
    O ki qaldı bu gün parlamentdə müxalifət adına ön cərgədə olan Vətəndaş Həmrəyliyi Partiyasına VHP nəzərdə tutduğu bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında öz sözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz milli mövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakim partiyadan sonra müstəqillik illərində keçirilən bütün seçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olub. Qarabağ zəfəri milli birliyin v vətəndaş həmrəyliyinin təsdiqi oldu. Bu gün Azərbaycan siysi – ideoliji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox- millətimiz, bizim sözümüz yox- xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yox- sevgi, siyasi oyunbazlıq yox-siyası əxlaq… Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır. Vətəndaş Həmrəyliyi Partiyası yarananda irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!” Bizə başqa yol göstərənlərin niyyəti də başqadır…

  • “Vətən Müharibəsi, Qarabağ mövzusu orta məktəb dərsliklərinə salınmalıdır”

    Sabir Rüstəmxanlı: “Xocalı soyqırımı, Qarabağ olayları ilə bağlı tez-tez müsabiqə və yarışların keçirilməsi vacibdir”

    Bugünlərdə sadəcə ölkəmizdə deyil, dünyanın bir çox dövlətində Xocalı soyqırımının 29-cu ildönümü qeyd edilməkdə, Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilməkdədir.

    Xocalı soyqırımı ilə bağlı həqiqətlərin gənclər, yeniyetmələr arasında təbliğ edilməsi, erməni faşizminin bu qanlı əməlinin milli şüura hopdurulması, zəfərlərimiz kimi faciələrimizin də unudulmaması üçün bir sıra addımlar atılır ki, bunlardan da biri bu tarixi olaylarla bağlı müsabiqələrin keçirilməsidir. Məlumat üçün qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə bağlı belə müsabiqələrdən biri də Qaradağ Rayon Heydər Əliyev Mərkəzi tərəfindən keçirilməkdədir.

    Moderator.az-a açıqlamasında bu cür müsabiqələrin önəminə diqqət çəkən millət vəkili Sabir Rüstəmxanlı, belə müsabiqələrin gələcəkdə də keçirilməsinin vacibliyini vurğuladı:

    “Ümumiyyətlə, Qarabağ savaşı, Qarabağ mövzusu, 90-cı illərdəki uğursuzluqlarımız, Vətən müharibəsindəki qələbəmiz, o cümlədən Xocalı soyqırımı və s. kimi məsələlərin hamısı orta məktəb dərsliklərinə salınmalıdır. Bu faktların hamısı gənclərimizə, yeniyetmələrimizə öyrədilməlidir. Həm ədəbiyyat, həm də tarix dərslərində bu həqiqətlər yer almalı, tez-tez respublika miqyaslı müsabiqələr, yarışlar, o cümlədən şeir, bədii qiraət müsabiqələri keçirilməlidir. Bunlar son dərəcə vacibdir.

    Bu baxımdan, Qaradağ rayon Heydər Əliyev Mərkəzi tərəfindən Xocalı ilə bağlı belə bir müsabiqənin keçirilməsi də mühüm bir addımdır və uşaqlarımızın, yeniyetmələrimizin maariflənməsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə müsabiqələr tarixi yaddaşın qorunub saxlanılması baxımından da böyük önəm kəsb edir”.

    Seymur ƏLİYEV

  • Bir Qacar ailəsinin Şuşa hekayəsi

    “Harda dağlıq, çəmənlik görürdüsə, Şuşanı xatırlayıb kədərlənirdi. Bir dəfə bir dağlıq yerdə Xarıbülbülə rast gəldi. Çox kövrəlmişdi. Ən çox ona yanıram ki, bu qədər həsrət çəkdi, amma Şuşanı gedib görə bilmədi”.
    Bu sözləri Şuşadan məcburi köçkün olan, mərhum polis mayoru Aristotel Bəhmənovun həyat yoldaşı Leyla Bəhmənova deyir.
    Bəhmənovlar Şuşanın ən köklü ailələrindəndir. Qacarlar sülaləsinin nümayəndələrindən biri, Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın nəslinin davamçılarıdır onlar.
    31 oğul, 32 qız atası…
    Tarixi mənbələrə görə, Cənubi Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar 1848-ci ildə saray çəkişmələri nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyib. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Amma Bəhmən Mirzə Qacar Şuşada yaşamaq istədiyini bildirir və öz hərəmləri, uşaqları, yaxın ətrafı ilə ora köçür. Bəhmən Mirzənin 31 oğlu, 32 qızı olub. O, oğlanlarına və nəvələrinə Avropa təhsili verib. Oğullarının əksəriyyəti hərbçi olub. Birinci Dünya Müharibəsi ərəfəsində onların arasından 6 general və bir neçə zabit çıxmışdı. Tarixçilər yazır ki, Bəhmən Mirzənin nəvələri Oktyabr inqilabını qəbul etməyib və hətta bir neçəsi bu yolda canından keçib.
    Şahzadənin sonrakı həyatı…
    Aristotel Bəhmənovun atası şahzadə Keymah Bəhmənov Bəhmən Mirzənin nəvəsi, Keyqubad Mirzənin oğludur. 1914-cü ildə Şuşada, Bəhmən Mirzənin saraynda anadan olan Keymah Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirir, sonra da Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndinə təyinat alır. Elə burda da Pəri Sultanova ilə ailə həyatı qurur.
    Pəri Sultanovanın sonradan Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı olmuş Ayna Sultanovanın bacısı olduğu deyilir. Keymah Bəhmənovun onunla nikahından iki oğlu dünyaya gəlib. Hər ikisinə filosof adı qoyub – Dekart və Herman. Dekart çox gənc yaşlarında həyatdan köçüb.
    Sovetlər zamanı Keymah Bəhmənovun doğulduğu saray sonradan onların əlindən alınıb və “Şuşa” Pansionatı kimi istirahət zonasına çevrilib.
    Keymah Bəhmənov 1941-ci ildə Böyük Vətən Müharibəsinə yollanıb. Elə həmin ərəfədə də həyat yoldaşını itirib. Müharibədən sonra fəaliyyətini Ağdamda davam etdirib və elə burada da əslən Abdal kəndindən olan Şəfiqə Əliyeva ilə ailə qurub. Bu nikahdan onun 3 oğlu, 3 qızı dünyaya gəlib. Keymah Bəhmənov 1947-ci ildən 1991-ci ilə qədər Şuşa şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi çalışıb. Gəncliyindən fəlsəfəyə, riyaziyyata böyük sevgisi olan alim bu oğlanlarına da sevdiyi filosofların adını verib – Hoffer, Bunzen və Aristotel.
    Ömrünün 77-ci ilində, 1991-ci ildə vəfat edən Keymah Bəhmənov Qacarlar sülaləsinə məxsus “Şahlıq Türbəsi”ndə dəfn edilib.
    Köçkünlükdə bitən ömürlər…
    Bəhmənovun ikinci nikahdan dünyaya gələn hər 3 oğlu Birinci Qarabağ Müharibəsində iştirak edib. Ailənin kiçik oğlu Aristotel Bəhmənov isə batalyon komandiri olub, Şuşanın işğal gününə qədər torpağı uğrunda vuruşub. Sonradan isə Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibəyə qədər Şuşada yol polisi kimi fəaliyyət göstərən A.Bəhmənov atəşkəs elan edildikdən sonra işini davam etdirib.
    Polis sistemində müxtəlif vəzifələrdə çalışan Qarabağ veteranının ən böyük istəyi Şuşaya qayıtmaq olub. Amma əcəl imkan vermədi…
    Şuşasız keçən 29 il öncə böyük qardaşlarının ömrünü sonlandırıb. Son illər xəstəlikdən əziyyət çəkən A.Bəhmənov Şuşanın işğaldan azad olunduğu günü görsə də, oraya gedə bilmədi.
    Tarixin təkrarlandığına inanan Leyla Bəhmənova övladlarının da bu nəslin ləyaqətli davamçısı olacağını düşünür: “İndi Qacarlar nəslinin davamçıları var. Aris də ulu babası kimi övladına Avropa təhsili verdi, oğlumuz Ağaməhəmməd Fransada təhsil alıb, indi hərbi xidmətdədir. Bir qızım həkimdir, digər qızım isə atasının yolunu davam etdirir, polis baş leytenantıdır”.
    “Şuşa işğaldan azad olunan gün Sabir Rüstəmxanlı telekanalların birində bu barədə danışırdı. Ona qulaq asdıqca, uşaq kimi hönkür-hönkür ağlayırdı. Çox həyəcanlıydıq, Şuşaya qayıdacağımız günü gözləyirdik. Mümkün olmadı, Arisi də (yaxınları onu belə çağırırdı) digər qardaşları kimi bu qəriblikdə torpağa tapşırdıq. Amma Şuşadakı evimizdən torpaq gətirilmişdi, onu qəbirinin içinə, baş tərəfdən tökdük”, – Leyla Bəhmənova deyir.
    O, Şuşaya qayıtmaq üçün gün saydıqlarını söyləyir: “Xoş günlərimizin, gözəl xatirələrimizin hamısı Şuşayla bağlıdır. Bakı mənim üçün xüsusi bir yer deyil. Baxmayaraq ki, Bakıya gəldiyimiz zamanlardan Aris vəzifə sahibi olub, burada çalışıb, normal yaşamışıq. Yenə də elə bilirəm ən xoş günlərim Şuşada qalıb. Çox həsrətlə ora qayıdacağım günü gözləyirəm. Mən ora tək getməyəcək, Aris də hər zaman mənimlə olacaq”.

  • Siyasi partiyalar Xocalı soyqırımını anacaqlar

    Ötən əsrin ən dəhşətli hadisələrindən birinin – ermənilərin törətdiyi Xocalı soyqırımından 29 il ötür. Soyqırım 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib.

    Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

    Hər il Xocalı qurbanları onların xatirəsinə ucaldılan “Ana harayı” abidəsi ziyarət edilməklə anılır. Amma bu il fərqli durum yaranıb. İlk dəfə olaraq, soyqırım koronavirus səbəbindən insanların bir yerə kütləvi şəkildə toplanmasını qadağan edən ilə təsadüf edir.

    Amma bununla belə, siyasi təşkilatlar tərəfindən pandemiya qaydalarına uyğun şəkildə kiçik heyətlərlə ziyarətlər gözlənilir.

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli: “XX əsr tariximizdə ən qanlı iz buraxan Xocalı soyqırımının 28 ildönümü ilə bağlı bütün ölkəboyu olduğu kimi VHP tərəfindən də tədbirlər planlaşdırılır. Pandemiya şərtlərinə uyğun olaraq geniş toplantı və Xocalı abidəsinin kütləvi ziyarəti mümkün olmayacaq. Partiya üzvləri fərdi qaydada ”Ana fəryadı” abidəsini ziyarət edəcəklər, eyni zamanda VHP Xocalı rayon təşkilatının üzvləri Gəncədə Xocalı abidəsini ziyarət edəcək.  Bundan başqa VHP beynəlxalq aləmdə Xocalı soyqırımının tanınması, erməni faşizminin ifşası üçün diaspora imkanlarından da hər zaman istifadə edib”.

    Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev istənilən şəraitdə faciə qurbanlarını ziyarət edəcəklərini söylədi: “Pandemiya şəraitindəyik.  Amma Xocalı soyqırımı abidəsini ziyarət etməyə də heç bir qadağan yoxdur. Az adamla ziyarət etməyi düşünürük”.

    Yeni Müsavat qəzeti