Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • “Ədəbiyyat millətin mənəvi əsgəridir və o, heç vaxt xalqın mübarizəsindən kənarda qalmayıb”

    Sabir Rüstəmxanlı: “Qələbəmiz haqqında ən gözəl əsərlər bundan sonra yazılacaq”

    Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin əbədiləşdirilməsi baxımından yeni açılan Hərbi Qənimətlər Parkının mühüm rol oynadığı birmənalıdır.

    Maraqlıdır, bəs bu böyük qalibiyyəti yaşatmaq, onu gələcək nəsillərin ilham mənbəyinə çevirmək baxımından ədəbiyyatın üzərinə hansı işlər düşür?

    Moderator.az-a açıqlama verən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ədəbiyyatın hər zaman xalqın mübarizəsini əks etdirdiyini bildirib:

    “Ədəbiyyat həmişə millətin mənəvi əsgəridir. Ədəbiyyat hər zaman millətin yaşamını, mübarizəsini, savaşını əks etdirib. Azərbaycan xalqının son 30 ildə yaşadığı əzablar, məhrumiyyətlə ədəbiyyatınızda bu və ya digər şəkildə öz əksini tapıb. Qələbəyə həsr edilən xeyli yazılar yazılıb.

    Hərbi Qənimətlər Parkınnı açılması ədəbiyyatımıza da mənəvi ruh verir. Ədəbiyyatımız heç vaxt xalqımızın mübarizəsindən kənarda olmayıb. Bu baxımdan hesab edirəm ki, müharibə və qələbəmiz haqqında ən gözəl əsərlər bundan sonra yazılacaq”.

    Bütöv yazını göstər
  • Sabir Rüstəmxanlı qanun layihələrinin adına etiraz edib

    Deputat Sabir Rüstəmxanlı qanun layihələrinin adında qeyd edilən “haqqında” sözünə etiraz edib.

    “Qafqazinfo”nun məlumatına görə, deputat qeyd edib ki, bütün qanunlar “haqqında” sözüylə bitir: “Belə olan halda elə çıxır ki, qanun qıraqda qalır, ancaq biz haqqındanı müzakirə edirik.

    Xahiş edirəm ki, bu qanunların diliylə bağlı məsələyə ciddi fikir verək. Verilən təkliflərimiz nəzərə alınsın”.

  • “Kür acınacaqlı vəziyyətdədir” – Haradadır bu kompleks tədbirlər?

    “Keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçən ilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs haradadır bu kompleks tədbirlər? Sadəcə Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
    Millət vəkili qeyd edib ki, Kür boyu çoxlu balıq nohuru var: “Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.
  • “Vəzifə Fəzail İbrahimlini dəyişdirmədi” – Vitse-spikerə ünvanlanan TƏBRİKLƏR

    Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimlinin doğum günüdür.

    Modern.az xəbər verir ki, vitse-spikerin 70 yaşı tamam olur.

    Fəzail İbrahimli haqqında düşüncələrini bölüşən VHP sədri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, o, partiyanın quruculuğu və inkişafında əvəzsiz xidmət göstərib:

    “Otuz ilə yaxındır yanaşı yol gəlirik. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi onun haqqında çox danışmaq və yazmaq olar. Bu sahələrin hər birində onun xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır. Lakin bir ümumi cəhət də var, bu da Fəzail İbrahimlinin halal adam olması, dürüstlük və mərdliyidir. O, siyasətə də Universitetdə qazandığı ədalətli və prinsipial müəllim adı və şöhrəti ilə gəlmişdi. Bu keyfiyyətlər ona həm VHP-də, həm də Milli Məclisdə özəl bir sayğı və nüfuz qazandırıb. 70 yaş ömrün müdrik çağıdır. Ancaq mən Fəzail bəyi elə cavanlığından milli əxlaqa bağlı, böyük-kiçik yeri bilən, öz ləyaqətini qoruyan, haqqın tərəfində dayanan, sözünü cəsarətlə deyən, müdrik bir insan kimi tanımışam. VHP-nin milli birlik ideyası Fəzail bəyin də vətəndaşlıq və siyasətçi amalını təşkil edir. Əziz dostumuz 70 yaşını ölkənin qanunvericilik hakimiyyətinin zirvəsində, Milli Məclisin sədrinin müavini və Komitə sədri məqamında qarşılayır. Bu, zəhmətlə yoğrulmuş, namuslu bir ömrün halal nəticəsidir! Dəyərli məsləkdaşımı ömrün yetmişinci baharı münasibətiylə ürəkdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayıram. Bu yaşdan sonra dəyişilmək ehtimalı yoxdur. Yola davam!”.

    Azərbaycan Yazıçılar birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Fəzail İbrahimlini uzun illərdir tanıdığını söyləyib. R. Məcidin sözlərinə görə, vitse-spiker hər zaman öz təvazökarlığı və təmkini ilə fərqlənən insan olub.

    “O, həm müəllim kimi, həm də millət vəkili kimi ictimaiyyətin rəğbətini qazanıb.

    Tələbələrinin Fəzail İbrahimli haqqında xoş fikirlərinin dəfələrlə şahidi olmuşam. Bir tarixçi, müəllim kimi əvəzolunmazdır. Tarixi məsələlərlə bağlı münasibət bildirəndə də heç zaman emosionallığa qapılmır, həqiqətləri obyektiv, sakit şəkildə qeyd edir”.

    Rəşad Məcid bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasında Azərbaycanın ziyalıları toplanıblar:

    “Onlar Sabir Rüstəmxanlının rəhbərliyi ilə Azərbaycançılıq, Azərbaycan dövləti ideyalarından çıxış edən şəxslərdir. Sonuncu parlament seçkilərində VHP-nin nümayəndəsinin vitse-spiker olması ictimaiyyətdə müsbət rezonans doğurdu. Fəzail İbrahimli kimi ziyalıların parlamentin rəhbərliyində təmsil olunması əhəmiyyətlidir.

    Vitse-spikeri təbrik edirəm, arzu edirəm ki, onun millət vəkili kimi də, sədr müavini kimi də fəaliyyəti hər zaman məhsuldar olsun”.

    Fəzail İbrahimlinin deputat həmkarı Aqil Abbas da onun haqqında xoş düşüncədədir. Aqil Abbas söyləyib ki, Fəzail İbrahimli böyük alim, elm xadimidir:

    “O tariximizi bilən, güclü məntiqli insandır. Yadıma gəlir, bir dəfə parlamentdə Azərbaycan himni ilə bağlı müzakirə gedirdi. Fəzail İbrahimli himnimizi misra-misra hər kəsə izah etdi, himnimizin sözlərinin necə önəmli məqamları əhatə etdiyini elə açdı ki, hər kəsin ürəyincə oldu.

    O, çox saf təmiz insandır. Gözəl yol yoldaşıdır. Onunla səfərlərimizdə bunun şahidi olmuşam. Xarici ölkələrdə də Fəzail İbrahimli bizi həmişə savadı, biliyi və müdrikliyi ilə təmsil edib. O, konfranslarda  dediyi hər sözü, hər kəlməsi ilə insanları doğrulara inandırmağı bacarıb. Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda böyük rolu olub.

    Fəzail İbrahimli parlamentdə müxalif partiyanı təmsil edir və hazırda vitse-spikerdir. Bəzən biz şahidi oluruq ki, bəzi şəxslər vəzifəyə təyin olunandan sonra dəyişirlər. Lakin Fəzail İbrahimlidə bu xüsusiyyət yoxdur. Həminki insandır, dəyişməz xarakteri var. Mehribandır, səmimidir”.

    Aqil Abbas vitse-spikerlə bağlı ağlına gələn ilk hadisəni də danışıb:

    “Almaniyanın Berlin şəhərinə səfərimiz var idi. Fevral ayının 26-sı idi və biz Berlində Xocalı haqqında tədbirə qatılacaqdıq. Nəqliyyatda olanda deputatlar arasında kiçik zarafatlaşma, gülüş yarandı. Fəzail İbrahimli bu təntənədən tamam kənar idi, gülmürdü. Amma Xocalıdan olan deputatımız Elman Məmmədov məsələni səhv anladı, gülən deputatlara əsəbləşdi, Fəzail müəllimin də onlara qoşulduğunu düşünüb, xeyli danladı. Fəzail İbrahimli çox səbrlə Elman Məmmədovun dediklərini dinlədi, səhv etdiyini bildiyi halda heç bir söz demədi. Sonradan məsələ aydınlaşanda Elman Məmmədov vitse-spikerdən üzr istədi. Mən Fəzail müəllimdən necə səbr edə bildiyini soruşduqda, o mənə dedi ki, bu gün Elmanın ürəyində ağır dərd var. Xocalı faciəsinin ildönümüdür. Belə emosional davranması normaldır. Mən elə onda Fəzail İbrahimlinin necə səbrli, mərhəmətli və anlayışlı insan olduğunu  bir daha anladım”.

    Parlament Jurnalistləri Birliyinin üzvü İmdad Əlizadə də vitse-spikeri təbrik edib:

    “Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir. Bunun nəticəsidir ki, 2020-ci ildə Milli Məclisin sədr müavini vəzifəsinə seçilib. Hesab edirəm ki, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir.

    Fəzail bəyi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram”.

  • Sabir Rüstəmxanlının təşəbbüsü ilə Neftçalada daha bir şəhidə büst qoyuldu

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra deputat rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında olub. Xatırladaq ki, ötən ilin sonunda açılışı keçirilən Şəhidlər park-kompleksi Həsənəbaq qəsəbəsinin mərkəzində, geniş bir ərazidə tikilmişdir. Həsənabad qəsəbəsinin yetirdiyi igidlər Vətənin azadlığı uğrunda mübarızələrdə və Qarabağ müharibələrində həmişə öz qəhrəmanlıqları ilə seçiliblər. Şəhidlər kompleksinin baş tərəfindəki divarda 13 şəhidin şəkli qara mərmərdə həkk olunmuş, onların qarşısındakı meydançada 2 milli qəhrəmanın büstü qoyulmuşdur. Kompleks həm də kənd əhàlisinin iştirahət yeri olacaqdır və səliqəli yollar, oturacaqlar, yaşıllaşdırma və işıqlandırma işləri bu niyyətə xidmət edir. Kompleksin Laçının azad edilməsindən bir gün sonra açılışı rəmzi məna daşıyır.
    S.Rüstəmxanlının bu dəfəki səfəri zamanı Neftçalanın Həsənabad qəsəbəsində anadan olan “Vətən Müharibəsi Qəhrəmanı”, XTQ-in əfsanəvi döyüşçüsü, xidmətlərinə görə 14 fərqli orden və medallarla təltif edilmiş şəhid Camal İsmayılovun büstünün açılışı olmuşdur. Açılış mərasımındə rayon ictimaiyyəti və qəhrəman şəhidin yaxınları iştirak etmişdir.

    Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı çıxış etmiş, Azərbaycan xalqının tarixinin qəhrəmanlıqla zəngin olduğunu, bu qəhrəmanlığın bütün nəsillərə örnək olduğunu bildirmişdir. Kənd məktəbliləri, əyni zamanda şəhidin övladları qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şerlər səsləndirilmişdir.

     

  • Fəzail İbrahimli-70

    Bu gün Azərbaycan Respublikası Milli Məclisi sədrinin müvini və komitə sədri, millət vəkili, VHP sədrinin müavini, prof. Fəzail Ibrahimlinin doğum günüdür. Ömrünün yeddinci onilliyinə qədəm qoyan hörmətli Fəzail bəyi ürəkdən təbrik edirik. Xarakterində yüksək insani keyfiyyətləri  cəmləşdirən, xalqına, dövlətinə bağlı olan, uşaqdan- böyüyə hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşan,  sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail Ibrahimli  Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə seçilir,  həmin problemlərin həlli yolunda ardıcıl fəaliyyət göstərir.
    VHP Siyasi Şurası olaraq, bütün VHP üzvləri adından insani keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli partiyadaşımızı, millət vəkilimizi,  müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı olan  Fəzail bəyi  doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.

    Hörmətlə,
    VHP Siyasi Şurası

  • Sabir Rüstəmxanlıdan önəmli: Bu savaşı uduzmamaq üçün…

    Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Qarabağda baş verən son proseslər, bu proseslərdə Azərbaycanın atmalı olduğu addımlar, eləcə də ziyalıların, xaricdə yaşayan soydaşlarımızın boynuna düşən işlər, diaspor fəaliyyətində aktual istiqamətlərlə bağlı vacib bir yazı ilə çıxış edib.

    Axar.az həmin yazını təqdim edir:

    44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun parlaq qələbəsi ilə başa çatsa da Azərbaycan və Ermənistan arasında hələ sülh sazişi bağlanmayıb. Silahın gətirdiyi nəticə rəsmi sözlə və müqavilələrlə təsdiqlənməyib. Hələ torpağımızın bir hissəsində erməni terrorçuları baş qaldırmağa fürsət gözləyir, Rusiya sülhməramlılarının arxasında gizlənib bizə barmaq silkələyirlər. Ermənistanın qarşıdakı seçkiləri Moskvada imzalanmış üçtərəfli razılaşmanın taleyinə necə təsir göstərəcək, bilmirik. Torpaq itkisinin ağır, mənəvi, psixoloji, hərbi sarsıntılarından qurtarandan sonra indi də azad edilmiş yurdlarımızda erməni vəhşiliklərindən “yadigar” qalmış viranəliklərin dözülməz ağrılarını yaşayır, oradakı şəhər və kəndlərmizin tezliklə bərpa edilməsinin dərdini çəkirik. Lakin bu ağrı və qayğılar millətin qələbə ilə başlanan yüksək qürur və iftixarını zədələyə bilməmişdir.

    Məni narahat edən məsələ bu qələbə ovqatı içərisində ən vacib vəzifələrimizə, görülməsi zəruri olan işlərimizə yenə də laqeyd yanaşmaq təhlükəsidir. Ermənistan Qarabağda məğlub olsa da, yalançı təbliğat və əsassız böhtan meydanlarında özünü yenə xaçpərəst dünyasının ərköyün övladı kimi aparmaqdadır. Eçmiədzin və İravandan başlanan çirkab selləri yenə ölkədən-ölkəyə axır, yenə dünyanın gözünün qarşısında baş vermiş və Azərbaycanın haqlı olduğunu sübut etmiş savaşın ədalətli yekununa şübhəli yanaşmalar qəzetdən-qəzetə adlayır; erməni lobbisi və diasporunun güclü olduğu ölkələrdə ermənipərəst siyasilərin canfəşanlığı davam edir; Rusiyada erməni və yarıermənilərin dəyirmi masalarında Azərbaycana kinlə dolu çıxışlar uc-uca calanır; dizə çökdürülmüş erməni ordusunun dirçəldilməsi və Ermənistana yardım göstərilməsi üçün yollar axtarılır, Moskvanın siyasətdən uzaq qəzetlərindən belə imkan düşdükcə Azərbaycanın bostanına daşlar atılır.

    Bəs biz nə edirik?

    Doğrusu, ölkədən kənarda yaşayan milyonlarla soydaşımızın belə bir ideoloji, mənəvi, psixoloji savaşda fəallıq göstərə bilməməsi adama ağır gəlir. Bu biganəliyin təsdiqi olaraq Moskva mətbuatına nəzər yetirmək olar. Bizim diasporun fəal nümayəndələri daha çox yazışmaların ana dilində olduğu whatsapp qruplarında və saytlarda görünürlər. Onda da yazıların bir hissəsi savadsız, köhnə kiril əlifbası ilə, yarı rus, yarı Azərbaycan leksikonu ilə yazılır və xırda qeybətdən o yana keçmir…

    Rusiyanın ciddi mətbuat orqanlarında səsimiz eşidilmir. Professor Kamran Rüstəmovun sosial mediadakı yazılarından başqa erməni yalanlarını peşəkarlıqla ifşa edən, onlarla açıq, ciddi və elmi dəlillərlə danışan ikinci müəllif görmürəm.

    Burda bir haşiyəyə ehtiyac duyulur. Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır; onların bir hissəsi Rusiya vətəndaşıdır. Bakıda 10 minlərlə gəncimiz zor-xoş rus məktəblərində oxudulmuşdur. Rus dilini mükəmməl bilməkləriylə öyünənlərimizin sayı-hesabı yoxdur. Deyək ki, Moskva televiziyalarına çıxmaq çətindir. Bəs sosial mediada niyə bunlar az görünürlər? Bunun səbəbi barədə dəfələrlə danışmışıq.

    Rus dilini, ingilis dilini nə qədər mükəmməl bilirsənsə bil, öz tarixini, mədəniyyətini bilmədən, xalqın ruhunu içində yaşatmadan, savaşın tarixi və mahiyyətini dərk etmədən bu dil bilgiləri sənə yardım edə bilməz. Təəssüf ki, Azərbaycanda rusdilli məktəblərin yetirmələri məhz bu cəhətdən sıxıntı çəkirlər… Bunu inkar etmək mümkün deyildir.

    Dünyada genişlənən informasiya savaşında ermənilərin qarşısına ordumuz səviyyəsində informasiya əsgərləri çıxarmalıyıq. Bu cür qabilliyətli insanlarımız dünyanın harasında yaşayırlar- yaşasınlar, axtarılıb tapılmalı və bu böyük vətəndaşlıq işinə cəlb edilməlidirlər. Bu gün mövcud olan jurnalist təşkilatlarının heç biri bu işin öhdəsindən gələ bilməz. Mənə elə gəlir ki, informasiya müharibəsində uduzmamaqdan ötrü ölkənin Ali Baş Komandanının müharibə dövründəki informasiya savaşının ruhunu davam etdirən xüsusi bir sistem və ya qrup yaradılmalıdır. Bu, Prezidentin yanında, daha doğrusu, Prezident Administrasiyası nəzdində yaradılsa, vahid mərkəzdən idarə edilsə, hazırlanan materiallar dünyanın əsas dillərinə çevrilərək beynəlxalq aləmdə yayılsa, müsbət nəticələr verəcəyinə şübhəmiz yoxdur. Yaranan qurumun adını Qarabağ İnformasiya Mərkəzi də qoymaq olar. Diaspor Komitəsinin işi düzgün qurulsa, bu sahədəki boşluğu doldurmaqda yardımçı ola bilər.

    İnformasiya savaşında Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmağın və erməni fikir quldurluğunun, informasiya terrorunun qarşısının almağın başqa daha müasir və imkanlı yolu da var. O da Azərbaycanın ən güclü müstəqil informasiya agentliklərinin (iqtidaryönlü və ya müxalifətyönlü olmalarını nəzərə almadan) dəstəkləyərək onların fəaliyyətinə şərait yaradaraq, bu mübarizəyə qoşulmalarını təmin etmək, onlara dəstək vermək və bu işi əlaqələndirməkdir.

     

  • Fəzail İbrahimli: “Təəssüf ki, beynəlxalq aləm Ermənistanın insanlığa qarşı cinayət əməllərinə susur”

    “Bizim üçün Ermənistanla bağlı təəccüb doğuracaq heç bir sual qalmayıb. Ermənistan 30 ildir beynəlxalq hüquq normalarına riayət etməyərək, Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirərək, 20 fazi torpaqlarını işğal altında saxladı və bu müddət ərzində nə bir beynəlxalq təşkilat, nə də dünyanın aparıcı ölkələri ermənilərə bu əməlinə görə gözün üstə qaşın var deyən olmadı. Beynəlxalq hüququ kobud surətdə pozmasına görə, hər hansı sanksiya tətbiq edilmədi. Düzdür, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistanı işğalçılıq fəaliyyətinə görə qınayıb, onun bu hərəkətinə qarşı konkret addım atmadı. Qəbul edilən sənədlər isə kağız üzərində qaldı”.

     Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

    Millət vəkili bildirib ki,  beynəlxalq aləmin görəcəyi  və atacağı addımları isə Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında ordu etdi. “44 günlük Vətən müharibəsi nəticəsində  təcavüzkar işğal etdiyi Azərbaycan torpaqlarından çıxarıldı. Artıq Qarabağ məsələsi yekun mərhələsindədir. Lakin ağır məğlubiyyətə düçar olan Ermənistan  tərəfi Azərbaycanın verdiyi dərsdən nəticə çıxarmayaraq  hər vəchlə bölgədə gərginliyin qalmasında maraqlıdır. Minalanmış ərazilərin xəritəsini verməməklə dinc insanların ölümünə səbəb olmaqla Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini davam etdirir. Bununla da Ermənistan beynəlxalq hüququn kobud surətdə pozaraq ayaqlar altına atır. Amma təəssüflər olsun ki, beynəlxalq aləm Ermənistanın bəşəri dəyərlərə  və insanlığa qarşı cinayət əməllərinə susur.  Yenə də Azərbaycana qarşı ikili standart tətbiq edir. Beynəlxalq aləmin susqunluğundan istifadə edən  Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil vermək istəmir. Ona görə də beynəlxalq aləm və təşkilatlar  Ermənistanın bu hərkətinı qınayıb, təzyiq etməlidir. Ən azından 9 noyabr 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı  üçtərəfli birgə  sülh bəyanatına imza atan Rusiya  İrəvandan   xəritənin Azərbaycana verilməsini tələb etməlidir. Axı, xəritənin verilməməsi sülh bəyanatının tələblərini təhdid altında qoyur”- millət vəkili qeyd edib.

    Milli Məslisin Sədr müavini təəssüflə qeyd edib ki, nə beynəlxalq birlik, nə də Rusiya tərəfindən  Ermənistan qarşısında belə tələblər qoyulmur: “Azərbaycan tərəfi  məsələ ilə bağlı beynəlxalq  aləmlə  sıx əməkdaşlıq edir.  Dövlət başçısı səbr və təmkinlə prosesə yanaşır. Çünki o hansı addımın nə zaman atılacağını yaxşı bilir. Hesab edirəm ki, lazımi məqamda  bununla bağlı ciddi tədbirlər görüləcək”.

    Millət vəkili eyni zamanda  Azərbaycan vətəndaşlarının da  işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməkdən çəkinməyə çağırıb. Bildirib ki,  torpaqlarımızı işğaldan azad edərkən  xeyli sayda şəhid vermişik,  çoxsaylı qazilərimiz var. “Ona görə də əlavə itkiyə yol verməmək üçün səfərlərdən çəkinməliyik. Artıq  müvafiq dövlət qurumları bununla bağlı müraciətlər ediblər və bu müraciətlərə əməl etmək lazımdır. Yəni işğaldan azad olunan ərazilərdə təhlükəsizlik tam təmin olunmayanadək ehtiyatlı və səbrli olmalıyıq. Onsuz da dövlət Böyük qaydış proqramı hazırlayıb və həmin proqramın tez bir zamanda reallaşması üçün bütün səylərini ortaya qoyub”-Milli Məclisin Sədr  müavini  qeyd edib.

     Mürtəza
    Ölkə.Az

  • Samir Əsədli: “Rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb”.

    Qarabağda baş verənlər 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması deməkdir
    “Bu, indiki dövr üçün adi hal kimi görünsə də, gələcəkdə ciddi fəsadları ola bilər. Azərbaycan tərəfi bu kimi addımlara lazımi reaksiyanı verməlidir”
    Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndinə gəlib. General Xankəndidə sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib. O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib. Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib: “Hazırda Dağlıq Qarabağda sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir.
    Apreldə hamısı istifadəyə veriləcək”. Sirr deyil ki, Qarabağdakı Rusiya sülhməramlılarının əksər davranışı Azərbaycan ictimaiyyətində narazılıq və narahatlıq yaradır. Sülhməramlıların sadəcə Qarabağa qanunsuz gediş-gəlişə imkan vermələri, erməni separatçılarına qol-qanad açması deyil, həm də torpaqlarımızda kök salırmış kimi uzunmüddətli perioda hesablanmış tikililər inşa etməsi, rahatlıqları üçün infrastruktur qurmaları haqlı olaraq təşvişə və etiraza səbəb olur. Ekspertlər isə hesab edirlər ki, Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlməzdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Qarabağa səfərin məqsədini bəyan etməli idi. İzah olunmalıydı ki, 10 noyabr bəyanatına əsasən, rus sülhməramlıların sayı 1960 nəfər göstərildiyi halda, hərbi şəhərciklərin sayı niyə durmadan artmaqdadır.
    Narazılıq doğuran məqamla bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, son vaxtlar Qarabağın dağlıq bölgəsində baş verənlər həm Ermənistan, həm də Rusiya tərəfindən 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması deməkdir. Siyasi şərhçinin fikrincə, Ermənistan separatçı rejimlə əlaqələrini saxlamaqla, Rusiya isə Laçın koridorundan qanunsuz gediş-gəlişə imkan yaratmaqla sazişin şərtlərini pozur:
    “Azərbaycan ordusunun döyüşlə azad etdiyi və sonradan boşaldılan bölgələrdən başqa, Xankəndi, Əsgəran, Xocalı və digər ərazilər də Azərbaycan Respublikasının qanuni ərazisidir. Burada dövlətimizin suveren hüquqları bərpa olunmalıdır. Əfsuslar olsun ki, Rusiya sülhməramlıları öz hərəkətləri ilə bu prinsipləri ayaqlar altına alır. Bölgədə rus hərbi birləşmələrinin yerləşməsinə ilk gündən etirazlar edilir. Çünki rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb”.
    Analitik vurğulayıb ki, ümumiyyətlə, Rusiyanın imperiya maraqları hamımıza bəllidir:
    “Moskvanın Abxaziya və Krımda heç bir beynəlxalq normalara sığmayan hərəkətləri uzaq tarixdə baş verməyib. Kreml rus əsgərinin ayağı dəyən yeri “özününküləşdirmək” siyasətindən əl çəkmir.
    Ona görə Qarabağda rus hərbçilərinin sayının artırılmasına və onların qalıcı niyyətindən irəli gələn addımlarına ciddi yanaşılmalıdır. Bu, indiki dövr üçün adi hal kimi görünsə də, gələcəkdə ciddi fəsadları ola bilər.
    Azərbaycan tərəfi bu kimi addımlara lazımi reaksiyanı verməli və sülhməramlılardan dövlətimizin suveren hüquqlarının bərpa olunması üçün fəaliyyət tələb etməlidir”.
    İsmayıl Qocayev
  • Sabir Rüstəmxanlı: “Cəbrayılda heç vaxt erməni kilsəsi olmayıb”

    “Ermənilərin tarixləri, iddiaları, bir sözlə hər şeyləri saxtadır, indi də Cəbrayılda saxta kilsə araşdırırlar. Cəfəngiyyatdır! Cəbrayılda heç vaxt erməni kilsəsi olmayıb”.

    Bunu Pravda.az-a Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    Deputat bildirib ki, köhnə səlib, xaçpərəstlik havası hələ də Qərbin başının üstündə dolaşdığı üçün kilsə onların yaralı yeridir: “Bu səbəbdən, “kilsə” sözü gələn kimi Qərb haqqı-nahaqqı unudur və heç bir araşdırma aparmadan erməniləri müdafiə etməyə başlayır. Cəbrayıl şəhərini çox yaxşı tanıyıram, oranın fəxri vətəndaşıyam.  Ermənilərin Cəbrayılda heç vaxt heç bir tarixi abidəsi olmayıb. Torpaqlarımız işğal altında olduğu dövrdə inşa etdikləri hansısa qondarma kilsə tarixi abidə sayıla bilməz. Bu abidə heç bir dəyəri və qiyməti olamayan bir şeydir. Yəni ermənilərin hay-küy salmasına heç bir əsas yoxdur. Onlar belə məsələlərdə, adətən, bizi qabaqlayırlar. Özləri bizim yüzlərlə abidəmizi dağıdıblar, amma bütün dünyaya qışqırırlar ki, Azərbaycan kilsəmizi “yox edib”. Ordumuz torpaqlarımızı azad edib. Ermənistan da bilməlidir ki, həmin ərazilər hüquqi cəhətdən Azərbaycan torpaqlarıdır və bizim torpaqlarda saysız-hesabsız qanunsuzluqlar törədiblər. Belə çıxır ki, torpaqdan əllərini üzdülər, indi də başlayıblar ki, erməni kilsələri “dağıdılır””.

    S.Rüstəmxanlı əlavə edib ki, Qarabağdakı kilsələrin ermənilərə aiddiyatı yoxdur: “Ermənilərin təktük tikililəri var, onları da bilirik, tanıyırıq. Qalanları isə hamısı alban kilsələridir. Tarixi saxtalaşdırmaq olmaz. Ermənilərin bütün tarixləri, iddiaları, bir sözlə hər şeyləri saxtadır, indi də Cəbrayılda saxta kilsə araşdırırlar. Cəfəngiyyatdır! Fikrimcə, bu məsələyə ciddi yanaşmaq lazım deyil”.

    Qeyd: Martın 25-də BBC News Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yayıb. Azərbaycan XİN YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edir.

    Nəzrin Cavid