Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Nəsiminin məzarının Azərbaycana gətirilməsi niyə mümkün deyil?

    Suriyada vətəndaş müharibəsinin son vaxtlar yenidən alovlanması və bu ölkənin Hələb şəhərinin əldən-ələ keçməsi Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını da gündəmə gətirib. Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.

    Maraqlıdır, Azərbaycan şairi İmadəddin Nəsiminin böyük dağıntılara məruz qalmış Hələb şəhərindəki məqbərəsi də ziyan çəkibmi? Ümumiyyətlə, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasının məzarı ökəmizə gətirilə bilərmi?

    Mövzu ilə bağlı “Cebheinfo.az” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, İmadəddin Nəsiminin məzarının silə bağlı fikirlər cəfəngiyyatdır. Onun sözlərinə görə, hazırda İmadəddin Nəsiminin məzarı məscidin həyətində yerləşir: “Bu məsələ dəfələrlə gündəmə gəlib, mən də bunun əleyhinə çıxışam. Müharibə olacaq və bitəcək. Nəsiminin məzarının Azərbaycana gətirilməsi absurd fikirdir. Bu gün Nəsiminin məzarının Azərbaycana gətirilməsinə nə ehtiyac var? Onun oğlunun və qohumlarının məzarı oradadır. Nəsiminin həyatı Hələbdə keçib. Nə İslam əxlaqı baxımından, nə də tarix baxımından bu, doğru deyil”.

    DAK həmsədri, Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bir neçə il öncə də Nəsiminin məzarının Bakıya gətirilməsi haqqında məsələ qaldırılmışdı. Həmin vaxt da mənim fikrim belə idi ki, vəfat edənləri narahat etmək, yəni bir məzardan çıxarıb, ayrı məzara aparmaq düzgün deyil. Nəsimi orada doğulub, orada yaşayıb, ailəsi də oralardadır. Ona görə də məzarı da orada qalmalıdır. Yəni ömrünün müəyyən hissəsini Hələbdə yaşayıb, faciəvi sonluğu da orada çatıb. Hələbdə Nəsiminin məzarını ziyarət etmişəm. Orada hətta onun nəslindən olan insanlar da yaşayır. Ona görə də məzarına toxunmaq lazım deyil. Əsas odur ki, onun canlı xatirəsi bu gün Azərbaycanda yaşayır. Heykəli var, kitabları nəşr olunur və hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Sanki onun məzarı Bakıdadır. Nə fərqi var? Məncə, yerdəyişmə haqqında düşünmək lazım deyil”.

  • Min illik plan açıqlandı – Yaxış Şərq layihəsi belə işləyirmiş

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Teleqraf.com-un suallarını cavablandırıb:

    Onunla müsahibəni təqdim edirik:

    – Suriyada rejim dəyişikliyi baş verdi. Ölkə hələ tam toparlanmasa da müəyyən müsbət işartılar var. Bu hadisələrin digər regionlara təsiri haqqında nə demək olar?

    – Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra bölgədə proseslər fərqli istiqamətdə cərəyan etməyə başlayıb. Sözsüz ki, bu hadisələr digər bölgələr kimi Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Amma gələcəyi görən siyasətçilər və dövlət başçıları vəziyyəti dəyərləndirib öz xalqlarının, millətlərinin xeyrinə bundan istifadə edə bilərlər. Faktiki olaraq bölgədə min ildir ki, davam edən bir prosesin başa çatmadığı müşahidə edilir.

    – Uzun müddət “ərəb baharı”, “Yaxın Şərq layihəsi” kimi planlardan bəhs edilirdi. Baş verənləri bu xronologiyanın tərkib hissəsi hesab etmək nə dərəcədə məntiqlidir?

    – Əslində Əfqanıstan, İraq, Suriyada baş verən hadisələr burada terror təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dini və etnik qarşıdurmaların artması ABŞ-nin ortaya atdığı “Yaxın Şərq layihəsinin” addım-addım həyata keçirilməsidir. Eyni zamanda burada İslam düşmənçiliyi də var. İsrailin atdığı addımlar, Avropa və Rusiyanın bu ölkələrdən yararlanmaq istəyi min il öncə bölgədə başlamış səlib yürüşünün hələ də bitmədiyini göstərir. İslam, türk düşmənçiliyi hələ də qalmaqdadır.

    – Bölgə ilə bağlı ilkin plan nədən ibarət idi?

    – Məqsəd bölgədəki dövlətləri bölüb, parçalayıb xırda knyazlıqlar yaratmaqdır. Dünyanın böyük güclərinin əsas arzusu məhz budur. Fransa, ABŞ-nin atdığı addımlar bu yolun davam etdiyini göstərir. Suriyada baş verənlər eyni ssenarinin tərkib hissəsidir. Həmçinin bu ölkədə öz millətini zülm altında saxlayan dövlət başçısı sonunu əvvəlcədən görməli idi. Həbsxanalardan azad edilənlərin sayı və digər amillər, insanlığa sığmayan əməllər gec-tez üzə çıxacaqdı. Bu hərəkətləri edən ölkə başçısı bilməliydi ki, bıçaq sümüyə dayananda xalq fil kimi hər şeyi ayağının altına ata bilir. Bunu isə Rusiyaya qaçıb sığınan Bəşər Əsəd bilmədi.

    – Suriyanın gələcəyi ilə bağlı proqnozlar necədir?

    – Proseslərin gələcəyi Suriyada hakimiyyəti ələ alan müxalif qüvvələrin və daxili güclərin nə qədər tez bir-biri ilə dil tapa biləcəyindən asılıdır. Çünki onların davranışları dövlətinin taleyini həll edir. Ölkələrinin taleyini qumara qoymamağı bacarmalıdırlar.

    – Türkiyənin Suriyada baş verənlərə yanaşması necədir?

    – İrandan fərqli olaraq Türkiyə Suriya ilə sərhəd bütövlüyünü tanıyır. Rəsmi Ankara bu gün Suriya dövlətinin parçalanmasına qarşıdır. Türkiyə Suriyanın bütöv bir dövlət kimi yaşamasını istəyir. Arzu edilən də odur ki, bu ölkə bütöv şəkildə qala bilsin. Çünki burada parçalanmanın olması əvəzində bir neçə dövlətin yaranması qonşu ölkələrə yaxşı heç nə vəd etmir.

    – Parçalanmış Suriyanın taleyi qonşu ölkələr üçün nə kimi təhdidlər yarada bilər?

    – Bu sözsüz ki, qonşu ölkələrə təhlükə yaradır. Burada Türkiyənin taleyi daha çox düşündürücüdür. Ona görə də, Suriyanın torpaq bütünlüyü, ərazisinin qorunması, dövlətin yenidən toparlanması önəmlidir. Bu, ən azı Amerikanın “Yaxın Şərq planı”nın pozulması üçün lazımdır. Çünki bu bölgədə yaşayanlar talelərini özləri həll etməlidir. Suriya qədim bir dövlətdir. Onun üzərində belə bir oyunun baş verməsi nəticədə İrana, Türkiyəyə də təsir edəcək. İranda olan xalqımızın taleyi bizi düşündürürsə, millətin ziyanına, onların qırğına verilməsi hesabına nələrinsə olması arzu olunmur. İstək odur ki, millət addım-addım öz haqqını müdafiə etsin və ona çatsın.

    – Bölgədə olan dağıdıcı güclərin Suriyanı parçalamaqda əsas planları nədən ibarətdir?

    – Suriyanın şimalından dəhliz açıb Aralıq dənizinə çıxmaq istəyən terrorçuların niyyəti baş tutmadı. Onlar ərazidən çıxarıldı. Eyni zamanda Rusiya Suriyanın Tarsus şəhərindən çıxdı, Rusiya gəmilərini belə limanlardan çəkib apardı. Hazırda İsrailin Suriyanın cənubundan təhdidləri qalıb. Qolan təpələri İsrail tərəfindən götürülüb. Ona görə də, bütün bu təhdidlərə qarşı Suriya dövlətinin toparlanması lazımdır.


    Müəllif: Tapdıq Qurbanlı

  • Əsas məqsəd hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır

    Avropa Birliyinin 13-14 nəfərdən ibarət monitorinq missiyasının əməliyyat mərkəzi daimi olaraq Cermukda yerləşir. Onlar sürücülər və köməkçilərlə birlikdə Cermukda qonaqlar üçün bağlı olan üçulduzlu “Ani” hotelində qalıblar. “Hraparak” nəşri məlumat yayıb ki, müşahidəçilər demək olar ki, hər gün rayonu gəzir, sərhədə gedir, bir neçə kilometr məsafədən vəziyyəti müşahidə edirlər: “Avropalı müşahidəçilər yerli administrasiya ilə demək olar ki, əlaqə saxlamırlar: heç bir məlumat tələb etmirlər, onlara heç nə vermirlər və onların nə etdiklərini heç kim bilmir”. Bununla belə qəzetin yazdığına görə, avropalı müşahidəçilərin gəlişi Cermuk sakinlərini çox sevindirib: “Onlar özlərini qorunmuş hiss edirlər. Cermuk sakinləri 2022-ci ildən sonra Azərbaycan tərəfdən hücumun olmamasını müşahidəçilərin olması ilə əlaqələndirir və onların qalmasını istəyirlər. Müşahidəçilər tez-tez küçəyə çıxır, Cermuk sakinləri ilə ünsiyyət qurur və insanların onlarla necə davranması ilə maraqlanırlar”.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Felmar Ələkbərli “Sherg.az”a deyib ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Onun sözlərinə görə, Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratoru Fransa nümayəndəsidir: 
    “Digər əməkdaşların isə istefada olan hərbçilər və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılardır. Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı. Aİ missiyasının əsas məqsədi hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır. Tərkibin yenidən genişləndirilməsi birbaşa Rusiya və İrana qarşı yönəlmiş addımdır. Bu missiya Aİ-nin deyil, NATO-nun missiyasına çevrilir. Prosesdə Kanadanın və ABŞ-nin iştirakı da qeyd edilənləri təsdiqləyir. Belə vəziyyətdə missiya Azərbaycan və Ermənistanın kövrək sülh danışıqları prosesinə mane olur. Görünən odur ki, rəsmi Qərb Ermənistanda möhkəmlənmək üçün bu missiyadan istifadə edir. Avropa İttifaqınnın mülki missiyası bölgəyə gəldiyi gündən indiyə qədər əsas hədəfi Rusiyaya qarşı yönəlib”.
     
    Ekspertə görə, Rusiya bu gün də maraqlıdır ki, həm Azərbaycanla sərhəddə, həm də Zəngəzur dəhlizi boyunca məhz rus sərhədçiləri dayansın:
     “Bu isə Qərbin və Ermənistanın maraqlarına tam ziddir. Ona görə də bu istiqamətdə əməli addımlar atmağa məcburdurlar. Rusiya KTMT qüvvələrinin bölgəyə, xüsusilə də sərhəddə yerləşdirilməsində olduqca maraqlıdır. Bu hal da Qərbin marağına uyğun deyil. Görünür, Aİ bu məsələdə Rusiyaya güzəştə getmək fikrində deyil. Ermənistan və Qərb sərhəd məsələsində Rusiyanın iştirakını tamamilə minimal səviyyəyə salmaq istəyirlər. Baş verən proseslərin Ermənistan və Rusiya arasında sərhədə nəzarətin kim tərəfindən icra ediləcəyi sualını ortaya çıxarmış olur. Bu məsələ Azərbaycanın da marağındadır ki, Ermənistanla sərhəddə məhz erməni sərhədçiləri dayansın, nəinki Aİ mülki missiyası və ya Rusiya sərhədçiləri”.
  • VHP-çi yazar Aysel Xanlarqızının daha bir uğuru: Türkiyədə imza günü keçirilib

    Türkiyənin Elazığ şəhərində “Əhməd Yəsəvi adına sosial elmlər kollecin”də VHP Qadınlar Şurasının sədri, tanınmış xanım yazar Aysel Xanlarqızının Türkiyə türkcəsində çap olunan “Sən gəldin” adlı yeni şeirlər kitabının və AYB-nin sədr müavini, Mətbuat şurasının sədri Rəşad Məcidin yeni çap olunmuş “Şuşa dəftəri” adlı kitabının imza günü keçirilib.
    Tədbiri Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı açıq elan etdikdən sonra Azərbaycan- Türk ədəbiyyatı arasında qurulan əlaqələrdın söz açıb.
    Kitabın tərcüməsi Türk Ədəbiyyatı jurnalının baş redaktoru İmdat Avşar çıxış edərək müəllif haqqında kollec tələbələrinə məlumat verib. Eyni zamanda Mətbuat Şurasının sədri və AYB-nin sədr müavini Rəşad Məcid və Aysel Xanlarqızı da tədbirdə çıxış edərək gənclərin suallarını cavablandırmış, yeni şeirlərindən oxumuş və kitablarını imzalamışlar.

  • Sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək

    Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb. O, bu barədə X hesabında paylaşımında bildirib. Varşava-Tbilisi reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq S.Bayramovanı Ermənistana buraxmayıblar: “Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”.
      VHP Ali Məclisinin sədri Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparır. Digər tərəfdən isə qeyri-konstruktiv mövqe tutur, prosesi poza biləcək əməllərə imza atır: 
    “Bu son hadisə də bu qəbildəndir. Ermənistanın danışıqlar prosesini pozmaq istəyinin daha bir nümunəsi müxtəlif ölkələrdən böyük həcmdə silah-sursat almasıdır. Bundan əlavə, rəsmi İrəvan Haaqada yerləşən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də Azərbaycana qarşı hüquqi müstəvidə iddiasını davam etdirir. Bütün bunlar onu göstərir ki, ermənilər hələ də bizə bütövlükdə türk dünyasına qarşı düşmənçiliklərini davam etdirirlər. Onlar heç zaman işğalçı niyyətlərindən əl çəkməyəcəklər. Bizə qarşı soyqırımlar törətmək üçün yenidən tarixi məqam gözləyəcəklər. 1905-1906, 1918, 1948-1952-ci illərdə, eləcə də, 1980-ci illərin sonundan başlayaraq 1993-cü ilə qədər millətimizin başına hansı oyunlar gətirildi!?”.
    Partiya təmsilçisi qeyd edib ki, heç kim düşünməsin ki, sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək: 
    “Bəs biz nə etməliyik? Əlbəttə, Ermənistanla sülh müqaviləsini imzalamalıyıq. Sülh müqaviləsində bütün məqamlar nəzərə alınmalıdır və alınacaq. Bununla bağlı diplomatik müstəvidə mühüm işlər gedir. Bizim edə biləcəyimiz bütün məsələlər müqavilədə öz əksini tapacaq. Biz sülh müqaviləsini imzalayacağıq, amma problemlər də həll olunmayacaq. Biz ilk olaraq, ermənilərin bizə qarşı elədiklərini unutmamalıyıq”.
    Şərq qəzeti
  • VHP bələdiyyə seçkilərində iştirak edəcək

    Vətəndaş Həmrəyliyi Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.
    Bu barədə Bakupost.az -a VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
    O qeyd edib ki, artıq partiyanin bələdiyyə seçkiləri seçki qərargahı fəaliyyətə başlayıb:
    “VHP-nin səlahiyyətlə nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndəsi təsdiq edilib. Yaxın günlərdə seçkilərdə iştirakla bağlı müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına, ardınca isə bələdiyyələr üzrə namizədlərin müvafiq sənədləri seçki dairələrinə təqdim ediləcək”.
    Qeyd edək ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.
  • Sabir Rüstəmxanlı ABŞ səfirliyinin müşavirini qəbul edib

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbayn Respublikasındakı səfirliyinin müşavirini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, bölgədə və dünyada baş verən proseslər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.nlı ABŞ səfirliyinin müşavirini qəbul edib
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbayn Respublikasındakı səfirliyinin müşavirini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, bölgədə və dünyada baş verən proseslər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

  • Sabir Rüstəmxanlı Beynəlxalq Aytmatov Akademiyasının fəxri üzvü seçilib

    Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib. Bu barədə qərar Beynəlxalq Aytmatov Akademiyasının Rəyasət Heyətinin iclasında verilib.

    Qeyd edək ki, Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatının irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. Akademiyanın iyirmi illik fəaliyyəti ərzində dörd ildən bir onun fəxri və həqiqi üzvləri – görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları seçilirlər.

  • Adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır

     “Ermənistan səhərlər özünü qərbyönlü, günorta iranyönlü, axşam isə rusiyayönlü kimi göstərir. Lakin Nikol Paşinyanın prioriteti Türkiyədir”. Bunu erməni politoloq Vigen Akopyan deyib. O bildirib ki, bu hökumətin geosiyasi prioriteti Türkiyədir. Akopyanın sözlərinə görə, anti-Rusiya və qərbyönlülük sadəcə reallığı gizlətmək üçün fondur: “Hökumət başçısı dəfələrlə özünün real prioritetlərini göstərib”. Akopyan deyir ki, Qərb Paşinyanın hakimiyyətdə olmasından maksimum istifadə etməyə çalışsa da, ona ciddi yanaşmır: “Qərb anlayır ki, Paşinyanın başlatdığı işi sona çatdıra bilməyəcək. Paşinyan isə onun hakimiyyətdə qalmasında yeganə maraqlı tərəfin Türkiyə olduğunu bilir. Buna görə də Ərdoğanla görüşünü öz qələbəsi hesab edir. Onun fikrincə, bu görüş sayəsində Ərdoğanın simasında siyasi ata qazana bilib”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanı Rusiyanın cəngindən tam çıxartmaq istəyir və bu yöndə fəaliyyət göstərir. Ekspert vurğulayıb ki, Ermənistanın KTMT və MDB çərçivəsində bir sıra tədbirlərə qoşulmaması, ötən gün Moskvada bəyannamələrə imza atmaması, Rusiyayönümlü şəxslərin hakimiyyətdən uzaqlaşdırılması da bunun bariz nümunəsidir: 
    “Amma bütün hallarda Ermənistanı Rusiyadan qopartmaq hələki çətindir. Çünki Ermənistan dövləti həmişə Rusiyanın vilayəti kimi fəaliyyət göstərib. Paşinyana qədər Ermənistana rəhbərlik etmiş şəxslərin hamısı Rusiyanın bölgə valisi olublar. Moskvanın bütün tapşırıqlarını icra ediblər. Hətta Ermənistanın enerji sektoru, dövlət müəssisələri Rusiyanın əlində, nəzarətindədir. Ermənistan sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Bunlar göstərir ki, Ermənistan tam olaraq Rusiyanın nəzarəti altında olub. Azərbaycan torpaqlarının işğal olunmasının əsas səbəbkarı da Rusiya olub. Rusiyanın açıq dəstəyi, diktəsi və tapşırığı ilə ermənilər Azərbaycan torpaqlarını işğal etmişdilər. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanı Rusiyanın nəzarətindən çıxartmağa çalışması göz önündədir”.
      S.Əsədli vurğulayıb ki, baş nazir qərbyönlü siyasətə üstünlük verir və çalışır ki, qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə normal münasibətlər qurulsun: “Paşinyanın Qarabağla bağlı atdığı addımlar da ortadadır. Görünən odur ki, bu adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır. Amma Rusiyanın Ermənistandakı dayaqları o qədər güclüdür ki, bunu çətinliklə həyata keçirir və əngəllərlə üzləşir. Paşinyan bilir ki, ermənilərin bölgədə normal yaşaması üçün iki əsas məqam var. Birincisi, Türkiyə ilə sərhədlərin açılması, ikincisi isə Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır. Paşinyan bu yöndə addımlar atsa da, daxildən təzyiqlərlə üzləşir və verdiyi sözlərin əksəriyyətini yerinə yetirmir. Çünki Rusiya hər vəchlə İrəvan hökumətinin qarşısını almağa çalışır. Yəqin ki, zamanla problemlər öz həllini tapacaq. Azərbaycanla sülh sazişi imzalanarsa, Türkiyə ilə Ermənistanın sərhədləri də açılacaq”.
  • VHP-dən ABŞ konqresmenlərinə sərt cavab: “Terrorçunun milləti olmur!”

    Vətəndaş Həmrəyliyi Partiyası bir qrup konqres üzvünün ABŞ dövlət katibi Entoni Blinkenə ünvanlanmış müraciətlə bağlı etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir: Azərbaycanın beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü təmin etməsi bir çox ermənipərəst dairələri ciddi narahat edib. Tarixi ədalətin bərpasını heş cür həzm edə bilməyən bu qüvvələr addımbaşı hər cür bəhanələr, əsassız fikirlər və gülünc ittihamlarla ölkəmizi hədəfə alırlar. Çox təəssüf ki bu sırada uzun illər Azərbaycanla iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlıq edən Amerika Birləşmiş Ştatları da bu kampaniyada yer alır. Bu günlərdə ABŞ Senatının 10, Konqresinin 48 üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciət tək ABŞ-Azərbaycan münasibətlərinə zərbə deyil, həm də beynəlxalq hüququn, haqq və ədalətin ayaqlar altına atılmasıdır. Özünü dünyaya demokratiya və ədalət beşiyi kimi təqdim edən bir ölkənin ali qanunverici orqanında yer alan şəxslərin bu yanaşması ancaq təəssüf doğura bilər. Müraciət müəlliflərinin “siyasi məhbus”, “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah və narkotika dəllallarıdır! Terrorçunun milləti olmur! Dünyada yaxşı və pis terrorçu olmamalıdır! ABŞ təmsilçilərinin müraciətində adları çəkilənlərlə Nyu-Yorkda Dünya Ticarət Mərkəzini partladan terrorçulardan heç bir fərqi yoxdur. Bu mənada müraciətə imza atanlar həm də ABŞ-ı hədəf alan terrorçuları müdafiə etmiş olurlar.
    Vətəndaş Həmrəyliyi Partiyası ABŞ dövlət katibinə ünvanlanan müraciəti ABŞ-Azərbaycan münasibətlərinə xaincəsinə zərbə, həmçinin erməni avantürizmini dirçəltmək və bölgədə müharibə alovlandırmaq cəhdi kimi qəbul edir. Başda Fransa olmaqla, həmin müraciət müəlliflərinin də daxil olduğu ermənipərəst koalisiya anlamalıdır ki, bu kimi gülünc və təxribatçı addımlar Azərbaycanı öz hədəfindən yayındıra bilməz.
    Vətəndaş Həmrəyliyi Partiyası yaxın zamanda erməni terrorbaşçılarının ədalət məhkəməsi qarşısında layiqli cəzalarını alacaqlarına əmindir.
    Eyni zamanda ölkədə insan haqları və müəyyən siyasi azadlıqlarla bağlı problemlərin daxildə, heç bir xarici təsir olmadan həll olunacağına ümid edir və hakimiyyətin bu sahədə ardıcıl, humanist addımlar atacağına inanırıq.