Vətəndaş Həmrəyliyi Partiyası

Category: Açıqlama

  • Müxalifət aztəminatlı ailələrə yardım edirmi – partiyalardan açıqlama

    Azərbaycanda koronavirusla əlaqədar aztəminatlı ailələrə dövlət qurumları ilə yanaşı, yardım göstərən ayrı-ayrı şəxslərin sayı günbəgün artmaqdadır. Ən müxtəlif sahələrin təmsilçiləri öz imkanları daxilində yardımlarını əsirgəmirlər. Burada deputatlar və icra hakimiyyətləri daha fəal görünür. 

    Lakin ölkənin müxalif düşərgəsinin belə bir yardım təşəbbüsü göstərdiyinin hələ ki, şahidi olmamışıq. Doğrudur, dövlət büdcəsindən maliyyələşməyən əksər siyasi partiyaların maddi durumu çox aşağıdır. Amma bununla belə, bir neçə siyasi qurumun bir araya gəlib, ortaq məbləğ toplayıb, imkansız ailələrə maddi yardım göstərmələri mümkünsüz deyil. Bir neçə partiyanın bununla bağlı mövqeyini öyrəndik.

    Parlament partiyalarından biri olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) imkansız ailələrə yardımlar edir. Bu barədə müsavat.com-a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verdi: “Əvvəlcə onu qeyd edim ki, imkansız soydaşlarımıza yardım etmək siyasi mənsubiyyət sərhəddinə bölünmür. Bu insanlıq məsələsidir. İndiki durumda isə ölkəmizə, vətəndaşımıza yardım iqtidar müxalifət tanımır. Bu gün əsl vətəndaş həmrəyliyi, milli birlik zamanıdır. VHP ilk gündən bu prinsipi əsas götürərək sosial çətinliklərlə üzləşən vətəndaşlarımıza imkan daxilində yardım edib. Partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı, VHP sədrinin müavini, vitse spiker Fəzail İbrahimli insanlarımıza yardım göstəriblər. Yaxın günlərdə VHP-dən olan millət vəkilləri seçildikləri ərazidə yaşayan imkansız şəxslərə də yardımlar edəcək. Bu işin ən insani və humanist tərəfi edilən yardımın reklam olunmamasıdır. Sabir Rüstəmxanlı və ümumiyyətlə, Rüstəmxanlı ailəsi illərdir ki, ehtiyacı olan şəxslərə yardım edib. Qarabağ savaşının ilk günlərindən Qarabağa Xalq Yardımı Komitəsindən bu günədək çətinlik içində olan hər bir azərbaycanlı bu və ya digər şəkildə Sabir Rüstəmxanlını öz yanında görüb, onun dəstəyini hiss edib. Yardım etmək, aztəminatlı ailələrə, yaşlılara və ehtiyac sahiblərinə yardım etmək hər kəsin borcudur, həmçinin fərd olaraq bizim də, üzvü olduğumuz partiyanın da. Partiya sədrimiz, millət vəkillərimiz, təşkilat sədirlərimiz və digər səlahiyyət sahibləri ehtiyacı olanlara imkanları daxilində kömək edirlər, bundan sonra da edəcəklər. Mən də ehtiyacı olanlara bildiyim təqdirdə bu işi edirəm, həmçinin partiyada şöbə müdiri Səlahəddin Əsgər illərdir ki, bu işi könüllü şəkildə edir”.

    AĞ Partiya başqanı Tural Abbaslı yaxın günlərdə imkansız ailələrə yardım edəcəklərini söylədi: “Bəli, son günlər sosial şəbəkələrdə və mətbuatda bir çox insanların və qurumların təmənnasız olaraq olaraq imkansız insanlara yardımının şahidi oluruq. Bu, çox müsbət haldır və Azərbaycan xalqının ağır günlərdə necə təşkilatlana bildiyinin və nə qədər mərhəmətli, comərd xalq olduğunun daha bir sübutudur. Ancaq, belə ağır günlərdə imkansız insanlara yardım məsələsi yalnız həssas vətəndaşların ümidinə qalmamalıdır. Dövlət öz üzərinə düşəni edərək ehtiyacı olan hər kəsə yardım etməli və onun yanında olmalıdır. Biz AĞ Partiya olaraq elə də böyük maddi imkanlara malik deyilik. Təəssüf ki, iqtidarın son illərdə yürütdüyü sərt və aqressiv siyasət nəticəsində müxalifət bütün maddi resurslarındın məhrum qalıb. Bir çox hallarda müxalifət partiyaları siyasi fəaliyyət üçün labüd olan minimum xərcləri qarşılamaqda aciz qalırlar. Ancaq, bütün bunlara baxmayaraq, AĞ Partiya olaraq biz də xalqımızla həmrəylik nümayiş etdirmək və az da olsa kiminsə dərdinə dəva olmaq naminə bəlli addımlar atmağı planlayırıq. Hazırda bu yönümdə partiya olaraq üzvlərimizdən ianə toplamaq və yardımın texniki tərəflərini araşdırmaqla məşğuluq. Yəqin ki, yaxın günlərdə bir neçə imkansız ailəyə ərzaq paketləriylə yardım edəcəyik. Buradan sizin vasitənizlə vətəndaşlarımıza, əsasən də, maddi imkanlı insanlarımıza müraciət edərək, ehtiyacı olanlara yardım etməyə səsləyirəm. Heç kim unutmamalıdır ki, belə ağır günlər həm də bizim uca Allah və vicdanımız qarşısında imtahanımızdır. Çalışaq bu imtahandan üzü ağ, başı uca çıxaq”.

    Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli: “Hesab edirəm ki, aztəminatlı ailələrə ilk növbədə dövlət yardımı mexanizmi düzgün müəyyənləşdirilməlidir. İqtisadçıların verdiyi məlumata görə, bu mexanizm hələ ki, müəyyən problemlərlə əlaqədardır. Təbii ki, imkanı olan hər bir şəxs koronavirusun yayılması ilə əlaqədar olaraq, istənilən həm fonda, həm də aztəminatlı ailələrə yardım göstərməlidir. Partiya olaraq, bizim maliyyə vəsaitlərimiz yoxdur. Üzvlərimizin əksəriyyəti işləmir, işləyən demək olar ki, mənəm. Bu səbəblərdən indiyə qədər hələ ki, heç kimə yardım göstərə bilməmişik. Bundan sonra fərd olaraq, maliyyə imkanlarımızı ölçüb-biçib, yəqin ki, müəyyən yardımlar göstərəcəm”.

    Partiya sədri digər qurumlarla birlikdə belə bir yardımın göstərilməsinin mümkünlüyündən də söz açdı: “Başqa partiyalarla bir araya gəlib, maddi yardım göstərmək tamamilə mümkün olan məsələdir. Amma nə biz, nə də digər partiyalar tərəfindən hələ ki, belə bir təşəbbüs olmayıb. Amma hesab edək ki, sizin bu sorğunuz həmin təşəbbüsün irəli sürülməsi üçün əsas ola bilər. Biz partiyalarla əlaqə saxlamağa çalışarıq. Fond yaxud ümumi bir kassa yaradıb, yardım etmək olar”.

    AMİP-in sədr əvəzi Arzuxan Əlizadə məsələyə geniş şərh verdi: “İctimai-siyasi sektorda təmsil olunan şəxslər tərəfindən aztəminatlı ailələrə edilən yardımları birmənalı olaraq təqdir edirəm. Bir sıra hallarda belə yardımların edilməsinin bəziləri tərəfindən sosial şəbəkələrdə aşırı reklam olunması faktları qınanılsa belə, yenə də hesab edirəm ki, həmin yardım bu gün buna ehtiyacı olan insanların gündəlik tələbatını müəyyən qədər qarşılayırsa, nə məqsədlə edilməsindən asılı olmayaraq, hər bir halda faydalıdır. Təəssüflər olsun ki, müxalif düşərgədə təmsil olunan çoxluğun geniş anlamda belə yardımlar etmək imkanları məhduddur. Bildiyiniz kimi parlamentdə təmsil olunmayan partiyalar dövlət büdcəsindən maliyyələşmir və uzun illərdir ki, daxili imkanları hesabına pis-yaxşı fəaliyyət göstərirlər. Partiya üzvləri arasında da bu gün dövlət dəstəyinə ehtiyacı olan insanların sayı az deyil. Hazırki durumda biz bu insanlara yenə də daxili imkanlarımız, həmçinin şəxsi dostlarımız vasitəsilə dəstək olmağa çalışırıq. Eyni zamanda, bunu ictimailəşdirmək fikrindən də uzağıq. Yeri gəlmişkən, bir məsələyə diqqəti yönəltmək istəyirəm. Bu gün və bundan əvvəlki dönəmlərdə parlamentdə təmsil olunan bəzi partiyalar var ki, ildə 130-150 min manat civarında dövlət büdcəsindən maliyyə dəstəyi alırlar və bir qədər ciddi araşdırsanız görərsiz ki, yaxın 3-5 nəfər dostu və tanışından başqa heç üzvləri də yoxdur. Təəssüf ki, bir neçə üzdə olan, fəaliyyəti görünən partiyalar istisna olmaqla həmin o 3-5 nəfərdən ibarət olan partiyaların fəaliyyət göstərməyi bir tərəfə, hətta dövlət başçısının təşəbbüsü ilə formalaşan Koronovirusla mübarizə Fonduna hər hansı maddi dəstək göstərməsinin də şahidi olmamışıq. Heç olmasa indiki ağır durumda ehtiyacı olanlara dəstək olmağı, borclarını onların yadına salmaq lazımdır. Bilirsiz ki, AMİP, həmçinin müxalif düşərgədə olan əksər dostlarımız hökumət tərəfindən pandemiya ilə mübarizə çərçivəsində atılan addımlara dəstək olduğumuzu bəyan etmişik. Növbəti mərhələdə bir neçə müxalif qüvvənin bir araya gələrək hər hansı yardım etməyini də istisna etmirəm. Amma, onu da deyim ki, mövcud karantin şəraitində müxalif partiya rəhbərlərinin bir araya gəlməsi də faktiki olaraq mümkün deyil. Giley kimi başa düşülməsini istəmirəm, lakin, təəssüf ki, karantin rejimi dönəmində bir sıra dövlət strukturları ilə yanaşı hətta kiçik bir müəssisəsi olan şəxslərə sərbəst hərəkət imkanları verilsə də, partiyaların rəhbərliyində olan şəxslər nədənsə bu imtiyazdan məhrumdurlar. Bizlər də sıravi vətəndaşlarımız kimi yalnız sms vasitəsilə müraciət etməklə bəlli icazəli məkanlara gedə bilərik. Bu səbəbdən də telefon bağlantıları xaricində birlikdə görüşərək hər hansı məsələnin müzakirə edilməsi də daxil olmaqla hətta idarə etdiyimiz partiya qərargahlarına getmək imkanlarından da məhrumuq”.

    Cavanşir Abbaslı,
    Müsavat.com

     

  • Karantin dövründə online fəaliyyət göstərən partiyalar – sədrlərdən açıqlama

    Aprelin 5-dən Azərbaycanda koronaivurs (COVİD-19) infeksiyası ilə bağlı karantin rejimi bir qədər də sərtləşdirilir. Bu tarixdən etibarən bəzi qurumlarda çalışanlar istisna olmaqla, insanlar çölə yalnız hər gün yalnız 2 saatlıq müddət üçün  SMS vasitəsilə icazə alaraq çıxa biləcəklər. Azərbaycanda karantin rejiminin aprelin 20-nə qədər davam etməsi nəzərdə tutulur.

    Bəs bu vəziyyətdə ölkə ictimaiyyəti, partiyalar, QHT-lər necə fəaliyyət göstərirlər?

    Müstəqil.Az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə hazırda əksər QHT-lər və partiyalar online formada fəaliyyətlərini qurub, i rinə bu cür davam edirlər. Onlar əsasən online qruplar yaradıb, müzakirə ediləsi məsələlərini həmin qrupda danışırlar.

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, pandemiya dövründə Vətəndaş Həmrəyliyi Partiyası öz fəaliyyətini mövcud şərtlər əsasında həyata keçirir:

    “İlk gündən Mərkəzi Aparatın yaşı 65-dən yuxarı olan, səhhətimdə problem olan ştatlı işçilərinin evdə qalmasına göstəriş verildi. Ölkədə karantin elan olunduqdan sonra isə bütün işçilərin işə gəlməsi dayandırıldı və onlayn əlaqələr vasitəsi ilə fəaliyyət göstərilir. Partiya rəhbərliyindən yalnız Mərkəzi İcra Aparatının rəhbəri baş ofisdə fəaliyyət göstərir, sənədləşmə və əlaqələndirmə işlərini həyata keçirir. VHP-nin ştatda olan əməkdaşlarının əməkhaqqı ödənilib. VHP-nin bütuň rayon təşkilatlarının fəaliyyəti dayandırılraq onlayn formaya keçirilib. Yalnız telefon və internetin imkanları vasitəsi ilə əlaqələr qurulur. Siyasi Şuranın və digər seçkili qurumların fəaliyyətləri müvəqqəti dayandırılıb. Zərurət olduğu təqdirdə toplantılar onlayın formada keçiriəcəkdir. Bütün üzvlərə karantin rejiminə əməl etmək göstərişi verilib”.

    Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qaydalara əməl etdiklərini söylədi:

    “Karantin rejimi elan olunmamışdan əvvəl siyasi fəaliyyətlə bağlı qərargaha gediş-gəliş məhdudlaşdırılmışdı. Özüm qərargaha gedirdim. Çünki işlə bağlı materiallar var. Eyni zamanda, özümün məşğul olduğum materiallar da oradadır. Amma hazırda qərargah bağlıdır. Dostlarla, o cümlədən, partiya rəhbərliyinə daxil olan şəxslərlə telefon, internet vasitəsilə əlaqələr saxlayırıq, məsləhətləşmələr aparırıq. Karantin rejimində elan olunan qaydalara tam əməl olunur”.

    KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, karantin dövründə bütün şərtlərə əməl edərək, evdə otururlar:

     “Heç yerə çıxılmır, hər hansı təşkilati işlər görülmür. Pandemiyanın artmaması üçün vətəndaş olaraq gərəkən addımları atmağı vacib bilirik. Bu baxımdan karantin dövründə “evdə qal” prinsipinə riayət edirik”.

    ReAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli isə bildirib ki, onlar online formada fəaliyyət göstərirlər: “Online  qruplarımız var, bəzi məsələlərin müzakirəsini orada təşkil edirik, regionlarla və Bakı Məclisləri ilə müxtəlif online platformalarla əlaqə saxlayırıq”.

    Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, karantin dövründən əvvəl də müxalifətin fəaliyyət məkanı daralmışdı:

    “Karantin elan olunandan sonra təbii ki, digər sahələrdə olduğu kimi siyasi arenada da məsələlər ağırlaşdı və siyasi fəaliyyət səngidi. İndi əslində elə əsas siyasi mövzu da pandemiya, insanların bundan az itkisiz çıxmasıdır. Xüsusi siyasi proses yoxdur ki, ondan kənarda qalaq. Çalışırıq ki, bu və ya digər mövzulara partiya kimi mövqeyimizi bildirək. Bu mövqeyi də həm jurnalistlərə açıqlama verməklə, həm də sosial şəbəkələr vasitəsilə bildiririk. Həftədə 1 dəfə müasir texnologiyanın yaratdığı imkanlardan istifadə edib, idarə heyətinin iclasını keçirirk. Təbii ki, online şəkildə, sosial şəbəkələr vasitəsilə siyasət tam mənasında həyata keçirilə bilməz. Bunun üçün canlı ünsiyyət, karantinin aradan qaldırılması lazımdır ki, partiyalar tam şəkildə fəaliyyət göstərsin. Ümid edirik ki, yaxın zamanlarda həm dünyada, həm də Azərbaycanda mövcud vəziyyət düzələr və biz də fəaliyyətimizə geri dönərik”.

     

    Əli Rais

    musavat.com

  • Rövşən Almuradlı vətənpərvərlik və milli əqidə daşıyıcısı rəmzi idi

    Görkəmli rejissor və aktyor vətənpərvər ziyal Rövşən Almuradlının ölümündən bir il keçir. Rövşən Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuş və 65 illik yubileyinə bir neçə gün qalmış 2019-cu il aprelin 2-də vəfat etmişdir.
    R.Almuradlının Azərbaycan teatr səhnəsində və kinosunda xidmətləri danılmazdır. O, ifa etdiyi rollarla, quruluş verdiyi tamaşalarla, çəkdiyi filmlərlə Azərbaycan mədəniyyəti tarixində əbədi olaraq qalacaqdır. İyirmidən artıq filmin, ona yaxın tamaşanın rejissoru olan Rövşən Almuradlı öz yaradıcılığında yüksək peşəkarlıqla yanaşı, milli ideyaların təbliğini əsas tutmuşdur. O, yalnız yaradıcılığı ilə deyil, düşüncələri, fəaliyyəti ilə millətə və dövlətə xidmətdə olmuşdur. Rövşən Almuradlı öz mövqeyi, fəaliyyəti ilə əsl ziyalı, vətənpərvərlik və milli əqidə daşıyıcısı rəmzi idi. Belə bir sənət adamının dövlət tərəfindən diqqətdən kənarda saxlanmas, onun şəxsinə və yaradıcılığına lazımi qayğının göstərilməməsi ölümündən sonra daha çox təəssüf və ağrı hissi yaradır.
    Rövşən Almuradlı ömrünün son illərini Vətəndaş Həmrəyliyi Partiyasında fəaliyyət göstərdi. Böyük ziyalılığı, vətənpərvərliyi ilə o, bir örnək simvoluna çevrildi.
    VHP üzvləri bu böyük ziyalını bu gün də dərin sayğı ilə yad edir. Amansız ölüm onu aramızdan aparsa da, zaman keçəcək, onun bizə miras qoyub getdiyi gözəl sənət nümunələri yaddaşlarda və tarixin səhifələrində yaşayacaqdır.
    Allah rəhmət eləsin.

    Vətəndaş Həmrəyliyi Partiyası

  • Mart soyqırımından 102 il ötür

    Bu gün erməni terrorizminin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qurbanları yad edilir.

    1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında, Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri on minlərlə azərbaycanlını qətlə yetirmişdir.

    Erməni terrorizminin ötən yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı, bu gün də davam edən sistemli və ardıcıl soyqırım nəticəsində 2 milyondan artıq azərbaycvanlı öldürülmüş və yurdundan didərgin salınmış, 500-dən çox Azərbaycan kəndinin viran qalmış.

    Bu son yüz ilin dünya üzrə ən uzunmüddətli və geniş soyqırım tarixidir. Erməni daşnaqlarının Çar Rusiyası, daha sonra SSRİ, müstəqillik illərində isə Rusiyanın aktiv dəstəyi ilə azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin ümumiləşmiş halda 102 illiyi qeyd edilsə də, qətliamların və etnik təmizləmə siyasətinin tarixi daha uzağa gedib çıxır.
    Vətəndaş Həmrəyliyi Partiyası olaraq soyqırım nəticəsində həlak olan soydaşlarımıza Allahdan rəhmət diləyirik.

    Ruhları şad olsun.

  • Haqqımda şayiə yaydılar ki… – Neftçalalılara müraciət

    9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsində qalib gələn Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı seçicilərinə təşəkkür edib.

    Axar.az xəbər verir ki, S.Rüstəmxanlı Feysbuk hesabında təbliğat-təşviqat prosesində qarşılaşdığı çətinliklərdən bəhs edərək, ona dəstək olanlara minnətdarlığını bildirib.

    Millət vəkili növbəti 5 il ərzində rayon sakinlərinin problemləri ilə daim maraqlanacağına söz verib:

    “Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 25 gün Neftçaladan ayrılmadım; kəndləri gəzdim, otuzdan çox görüş keçirdim, ağsaqqallara və köhnə dostlara baş çəkdim, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin və doğma insanların məzarlarını ziyarət etdim, yerli qələm sahiblərinin ədəbi məclislərinə qatıldım, yas mərasimlərinə getdim, yaxın ailələrə qoşulub qız evinə elçi düşdüm, rayonun sənaye müəssisələrində, başqa istehsalat sahələrində oldum. Yerli ziyalılar, siyasi partiyaların liderləri, köhnə hərəkatçı tanışlarım, getdiyimiz kəndlərin camaatı hər yerdə məni böyük sayğı və sevgiylə qarşıladılar. Bakıdan vəkillər, təbliğatçılar dəvət etməyə ehtiyac qalmadı, Neftçala aydınları, xüsusən köhnə hərəkatçı dostlarım mənim seçki kampaniyamda yaxından iştirak etdilər. Görüşlərin keçirilməsi, seçicilərlə sərbəst ünsiyyət üçün rayonda ideal şərait yaradılmışdı. Əleyhimə təbliğat aparanlar da az deyildi. Bu məqsədlə xüsusi debatlar təşkil olunaraq iyrənc “gəlmə-yerli” söhbəti ortaya atılmışdı; qərargahımın qarşısında təcili yardım maşını saxlatdırıb evlərə zəng vuraraq mənim infarkt olub Bakıya qayıtmağım və seçkilərdə iştirak etməyəcəyim barədə şayiələr yaymışdılar. Bütün bunlara baxmayaraq, rəqiblərimdən heç biri şəhər mərkəzində və kəndlərdə mənim qədər gur və səmimi görüşlər keçirə bilmədi. Komandamızın qüsursuz və qanunlara sayğıyla apardığı iş və xalqın sevgisi öz nəticəsini verdi.

    İmkan düşəndə həmin olayları geniş təhlil edəcəyəm.

    İndi isə mənə səs verən, yardımlarını əsirgəməyən bütün neftçalalılara təşəkkürümü bildirmək istəyirəm. Səs verməyənlər də sağ olsunlar. Seçki dövründə həmrəylik göstərmiş bütün müsavatçılara, Ümid Partiyasının üzvlərinə, digər siyasi partiyaların nümayəndələrinə, Neftçalanın qələm sahiblərinə ən səmimi minnətdarlığımı bildirirəm. İnanıram ki, mənimlə yanaşı mübarizə aparmış 13 nəfər namizəd də bundan sonra mənə rəqib kimi yox, oxucu, həmkar, dost kimi baxacaq. Qarşıdakı 5 ildə mən neftçalılarla bir yerdə olacaq və onların sorunlarının həllinə çalışacağam. Allah yar və yardımçımız olsun!”

  • “Azərbaycan xalqı 101 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir”.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının Cümhuruyyət bayramı ilə bağlı təbriki:
    Əziz bacılar və qardaşlar!
    28 May – Respublika günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
    1918-ci ilin 28 mayında Türk-İslam dünyasında ilk dünyəvi demokratik Cümhuriyyətin qurulması xalqımızın milli qürur və güc mənbəyidir. Çox mürəkkəb bir dönəmdə böyük tarixi şəxsiyyətlər- Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəylıi, Xosrov bəy Sultanov, Xəlil bəy Xasməmmədov və başqaları Azərbaycanın müstəqilliyini elan etdilər. Yüz illik əsarətə son qoyaraq əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublikaçılıq prinsipləri əsasında yaratmadılması Azərbaycan xalqının istiqlalçılığının və demokratik ruhunun təsdiqi idi.
    Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, az vaxt ərzində müstəqil, demokratik dövlət quruculuğu istiqamətində böyük işlər görüldü və xalqın qəlbində əbədi iz qoydu. Azərbaycan Xalq Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnib. İki il ərzində bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirdi. Bunba görə də 1920 – ci idə başlanan işgal da millətin azadlıq eşqini sarsıda bilmədi və 70 il sonra parlament binası üzərində Azərbaycan vətəndaşlarının yanıq könüllərində qorunan üçrəngli bayraq yenidən dalğalandı.
    Azərbaycan xalqı 101 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir.

    Əziz həmvətənlər!
    Sizi bir daha 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, Azərbaycan uğrunda apardığınız mübarizədə uğurlar arzulayıram.

  • VHP Türk şəhidliyini ziyarət etdi- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının və DAK-ın üzvləri Türk Şəhidliyini ziyarət edib.

    Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad olunmasının 100 illiyi ilə bağlı baş tutan ziyarətdə Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi yolunda şəhid olan əsgərləri anılıb, onların ruhuna dualar oxunub.

    Partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək, bakının işğal altında olduğu, Gəncənin müvəqqəti olaraq paytaxt seçildiyi məqamda Məmməd Əmin Rəsulzadənin Türkiyədən hərbi yardım xahişi, Ənvər Paşanın öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun rəhbəri təyin etməsi və Bakını xilas etmək üçün göndərməsi haqda danışıq.


    S.Rüstəmxanlı Qafqaz İslam Ordusunun Bakıya gələnə qədər bir çox rayonda erməni-daşnak qüvvələrini məhv etməsi, azərbaycanlılara qarşı aparılan soyqırımın qarşısını alması, Bakının mühasirəsi və tarixi abidələrin, strateji obyektlərin qorunması üçün son dərəcə mükəmməl hücum əməliyyatı hazırlanması barədə tarixi məlumatları xatırladıb. Natiq qeyd edib ki, 15 sentyabr Azərbaycanın tarixində şərəf səhifələrindən biridir və bu şərəfli səhifəni Nuru Paşanın başçılığı ilə türk əsgərləri azərbaycanlılarla birgə yazıb.


    Bu hadisənin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi olduğunu bildirən S.Rüstəmxanlı vurğulayıb ki, 15 sentyabrda hərbi parad keçirilməsi barədə qərar təqdirəlayiqdir:
    “Ancaq hesab edirəm ki, Azərbaycanın Nuru Paşaya vəfa borcu olaraq Bakıda abidəsinin ucaldılması da mütləqdir”.

  • Müxalifət partiyalarının yay planı

    Siyasi təşkilatlardan təşkilatlanmağa çalışanlar da var, istirahətə hazırlaşanlar da…

    Son prezident seçkilərində iştirakdan imtina edən, bu və ya digər səbəbdən iştirak etməyən, habelə seçkilərə qatılmış müxalifət partiyalarının seçkidən sonra fəaliyyəti, ümumiyyətlə, nəzərə çarpmır. Müxalif partiya funksionerləri əsasən sosial şəbəkələrdə müxtəlif hadisələrə rəy yazmaq və ya digər bu kimi açıqlamalar yaymaqla məşğuldurlar.

    Bəs müxalifətin yay planı nədən ibarətdir?

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra aparatının rəhbəri Samir Əsədli “Yeni Müsavat”a bildirib ki, hazırda noyabr ayında keçiriləcək olan tədbirə hazırlaşırlar: “İyun ayının 27-də Beynəlxalq Qarabağ Forumu keçirəcəyik. Partiya olaraq ona hazırlaşırıq. İşlərimizi bu istiqamətdə qurmuşuq.  Foruma dəvət olunacaq şəxslərin siyahısını hazırlayırıq. Həm xaricdən, həm də daxildən foruma dəvət ediləcək siyasi partiyalar, QHT sədrləri və digər şəxslərin iştirakı ilə Beynəlxalq Qarabağ Forumu baş tutacaq. Bundan əlavə, partiyanın Mərkəzi İcra Aparatı da iş planına əsasən fəaliyyətdədir. Həmçinin rayon təşkilatlarının hesabat seçki yığıncaqları keçirilir”.

    Ağ Partiyanın lideri Tural Abbaslı bildirib ki, partiya olaraq əsas işləri təşkilatlanmadır: “Hazırda Azərbaycanda seçki olmadığı və yay fəsli gəldiyi üçün siyasi proseslərdə passivlik var. Ümumiyyətlə, yay fəslində siyasi proseslər daha da passivləşir. Odur ki, əsas diqqətimizi təşkilatlanmaya vermişik. Partiyanı cəmiyyətə təqdim etmək üçün yeni piar metodları üzərində işləyib, müzakirələr aparırıq. Partiya funksionerlərinin cəmiyyətə tanıdılması istiqamətində bəzi işlər görməyə çalışırıq. Hər həftə partiyanın idarə heyətinin də iclasları keçirilir. Çalışacağıq ki, yay fəslində təşkilati məsələləri daha da gücləndirək. Təbii ki, burada yeni üzvlərin cəlbi, ideologiyanın təbliğatı məsələsi də var. Digər partiyalarla müttəfiqlik qururuq. Demək olar ki, bütün partiyalarla normal qaydada münasibətlərimiz var”.

    “Yeni Müsavat”a danışan Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirib ki, bu yay demək olar ki, planlarında istirahət yoxdur: “Bildiyiniz kimi, bu yaxınlarda partiyamız qurultayını keçirəcək. Bütün rayon təşkilatlarımız hazırda partiya nizamnaməsinə uyğun olaraq, konfranslar keçirir, təşkilatların rəhbər strukturlarına və qurultaya nümayəndələrin seçimi gedir. Qurultaydan öncə isə Azərbaycan Xalq Cümhuriyyəti happy wheels demo dövründə Milli Ordunun yarandığı 26 iyun günü – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirimiz baş tutacaq. Təşkilatlanmamız da hər zamankı kimi öz axarında davam edir”.

    Yeni yaranan Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli söyləyib ki, onlar da ümumi işlərini davam edirlər:

    “Yay fəslində kifayət qədər durğunluq olur. Həm hava şəraiti, həm də insanların tətillərini keçirmələri ilə əlaqədar siyasətdə süstlük yaranır. Çox güman ki, bu, bizim fəaliyyətimizdə də hiss olunacaq. Ancaq ən azından avqust ayına qədər bir çox tədbirlərimizi davam etdirəcəyik. Buraya regionlara səfərlər, müxtəlif müzakirələrin keçirilməsi daxildir. Avqustun əvvəlində 25-nə qədər ola bilər ki, yuxarıda qeyd etdiyim səbəblərdən dolayı fəaliyyətimizdə durğunluq yaşansın. İyul ayının sonuna qədər Bakıda müxtəlif şənbə müzakirələrimiz və tədbirlərimiz olacaq”.

    ADP sədrinin müavini Həsrət Rüstəmov söyləyib ki, partiyalarının fəaliyyətində xüsusi yenilik yoxdur:  “Hazırda cari işlərlə məşğuluq. Yay planında bizdə hər zaman seçki ili olmayan ərəfələrdə avqust ayında tətil olur. Ona görə də bu ilin avqust ayında mərkəzi qərargah tətilə gedəcək”.

    KXCP sədrinin müavini Xəzər Teyyublu da söyləyib ki, Azərbaycan Xalq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçirəcəklər: “Partiyamız nizamnaməyə uyğun olaraq fəaliyyətini davam etdirir. Həm yerlərdə, həm də mərkəzlərdə şöbə üzvləri ilə əlaqələr saxlanılır. Bu il Cümhuriyyətin 100 illiyi, Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Yəni bir çox tədbirlərimiz var ki, bu tədbirlərlə bağlı rayon şöbələrinə partiya olaraq müvafiq tapşırıqlar vermişik.  Bu ayın 17-də partiyanın növbəti Ali Məclisinin sessiyası çağırılıb. Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyətdən tutmuş, digər partiya həyatına aid olan məsələləri müzakirə edəcəyik. Eyni zamanda iyunun 24-də  Əbülfəz Elçibəyin doğum günü ilə bağlı tədbirlər var ki, bunun üçün rayon şöbə üzvlərinin aktivliyi tələb olunur. Eyni zamanda partiya özünün 4-cü qurultayına hazırlaşır. Rayon şöbələri özlərinin hesabat seçki konfranslarını edib, qurultaya hazırlıq işlərini davam edirlər”.

    Əli RAİS,
    “Yeni Müsavat”

  • VHP-25

    25 il öncə, sentyabr ayının 26-da hələ müstəqilliyinin bir ili tamam olmamış Azərbaycan Respublikasının siyasi həyatına yeni bir qurum qatıldı: Vətəndaş Həmrəyliyi partiyası. Dünyanın ictimai-siyası mübarizələr tarixində yaranmış və dəbdə olan müəyyən ideoloji ənənələrə bağlı olan partiyalardan sonra Vətəndaş Həmrəyliyi siyasi ədəbiyyatda rastlanılmayan bir ad idi və qulaqlara yad gəlirdi.
    Lakin partiyanın qurucuları adı, zahiri effektləri yox ölkənin və xalqın ehtiyaclarını nəzərə almışdılar, yeni dövlətin maraqları, gələcəyi baxımından ən doğru siyasi yolu seçmişdilər. Yeni dövlət müharibə şəraitində idi, üstəlik erməni işğalçılarına dəstək verən qüvvələr ölkəni zəiflətmək üçün hakimiyyət uğrunda mübarizə aparan digər iddiaçıları və etnik qrupları da qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışır, qarşıdurmalar , bölücülük meyilləri bir-birini əvəz edirdi.
    Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.
    Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məhsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar idi: Qəmbər Əsgərov, Cəbrayıl Əlinağıyev, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eyvaz Borçalı, Bəhmən Sultanlı, İslam Qəribov, Valeh Əliyev, Malik Mehdiyev, Elxan Mirzəyev, İbrahim Əliyev, Əjdər Qasımov, İdris Dadaşov, Aydın Səlimzadə, Məsiağa Məhəmmədi, Telman Vəlixanlı, Telman Qardaşov,Ənvər Əliyev, İmamverdi İsmayılov, Zeydulla Ağayev, Şaban Şahbazov, Mədət Rüstəmxanlı, Rafiq Vəlizadə, Aslan Quliyev, Arkadi Şuyski, Sevinc Rüstəmova, Nadir İbadov, Sadıq Həşimov, Məmməd Kazım, Şəfi Danıyalov, İbrahim Yüsifzadə və başqaları. Haqq dünyasına qovuşanlara Allahdan rəhmət diləyir, digərlərinə indi harda çalışmalarından və hansı siyasi cəbhədə dayanmalarından asılı olmayaraq uğurlar arzulayırıq.
    Ölkədə yetərincə tanınan, sevilən, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları- ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…
    Mən mövcud partiyaların adını mətnə daxil etməklə hələ ilk addımlarını atan təşkilatımızın onlara qarşı qoymaq istəmirəm. Sadəcə ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını nəzərə çarpdırmaq istəyirəm və arzu edirəm ki, bu ideya bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun.”
    Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin varoluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.
    Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP liderinin 25 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir.
    Siyasi leksiyonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir.
    Partiyanın 25 il öncə, təsis qurultayında irəli sürdüyü “Nicatımız – Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır.
    VHP 25 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir.
    Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır. 25 il öncə irəli sürdüyümüz şüar bu gün də qüvvədədir:
    Nicatımız- Vətəndaş Həmrəyliyindədir!
    Pariyanın 25 illiyi münasibəti ilə bütün təşkilatlarımızı, partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq.

    Vətəndaş Həmrəyliyi Partiyası
    25. 09. 2017

  • Partiyalar seçkilərə qatılacaqmı? (“Şərq” qəzeti)

    Samir Əsədli: “Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq”

    2018-ci il oktyabrın 17-sində Prezident postuna səkkizinci seçki keçiriləcək. Adətən seçki qurtarandan qısa müddət sonra növbəti marafonlara hazırlıq işləri görülür. Yəni bütün siyasi partiyalar hədəflərini seçir, namizədini müəyyənləşdirir, seçkidə hansı yolu izləyəcəyini dəqiqləşdirməyə çalışır. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Bizdə seçkiyə 4-5 ay qalana kimi əksər siyasi təşkilatlar demək olar ki, “tərpənmir”.
    Hələlik sadəcə Vətəndaş və İnkişaf Partiyası iclas keçirərək sədr Əli Əliyevin namizədliyi haqqında qərar qəbul edib. Digər partiyalarda seçki hazırlığının nə durumda olduğunu öyrənmək üçün bir sıra təşkilat nümayəndələri ilə əlaqə saxladıq. Əksər partiya funksioneri prezident seçkisi ilə bağlı müzakirələrə başlamağın tez olduğu qənaətindədir.
    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirdi ki, hər bir partiyanın öz namizədi ilə seçkilərə qatılmaq haqqı var. Onun sözlərinə görə, siyasi partiyanın seçkilərə hazırlaşmaq, seçkiləri dəyərləndirmək və namizədini irəli sürmək gündəlik fəaliyyətlərindən biridir:
    “Bizim partiyada bütün seçkilərlə bağlı müzakirələr, dəyərləndirmələr aparılır. Həm Siyasi Şura, həm də Seçki Qərargahı zəruri məsələlərlə bağlı müzakirələri davam etdirir. Ancaq VHP-nin indidən 2018-ci ildə keçiriləcək prezident seçkisinə namizəd irəli sürməsi tezdir. Biz hələlik dəyərləndirmələrimizi aparırıq. Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq”.
    Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə suala qısaca cavab verib: “Hələ seçkilərə çox var. Heç seçki ab-havası da yoxdur”.
    İsmayıl