Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • 52 il öncənin sözü

     “Genişlənən üfüqlər. Bu sətirləri yazmaq istəyəndə yadıma düşdü ki, Fikrət Qocanın ilk şeirlərini mətbuatda oxuyanda “Qoca” sözünü həqiqi mənasında başa düşmüşdüm: onu yaşlı bir adam kimi təsəvvür eləmişdim. O vaxtdan keçən illər ərzində Fikrətin yaradıcılığını həmişə izləmişəm və mənə elə gəlir ki, o, şeir yolunda əsil mənada yaşa dolmuş, “qocalmışdır”. Cəmi bir neçə il əvvəl onun ilk “Qağayı” kitabını oxumuşduq. Indi isə “Dənizdə ay çiməndə” adlı dördüncü kitabı, “Təkərlər geri fırlanır”, “Yaralıçiçəklər”, “Həkim və şair” poemaları Respublika Komsomolu mükafatını almışdır. Gənc şairin bir neçə il ərzində belə inkişafı təəccüblü deyil, poetik istedadının təbii nəticəsidir.

    Fikrət tutduğu yolun müqəddəsliyinə başəyən, əziyyətlərinə sinə gərməyə hazır olan, bağlandığı sənətə taleyi kimi baxan gənclərdən, biridir. Şeirlərinin qəhrəmanı da məğrur, qüdrətli bir gəncdir. O, bugünki ağıllı, ayıqbaşlı gəncliyin fikrini ifadə edir, xalqın adından danışır. Bu lirik qəhrəman hər gün əlinin istisini, ürəyinin döyüntülərini barıya hörən fəhlə kimi əzəmətli, nağıllardakı qəhrəmanlar kimi xəyalpərvər, uşaq kimi kövrəkdir. Bəzən onun düşüncələri adama bir az qəribə gəlir; o, yolları ayaqlarına geymək, yer kürəsini təyyarə kimi harasa sürüb aparmaq, dünyaya sığmayan buludları dünyadan geniş ürəyinə doldurmaq, vahiməsini canından çıxarmaq üçün allahla vuruşmaq, yuxuların, dənizin, ay işığının ancaq şairlərə məhrəm olan dilini öyrənmək istəyir. Bütün bunlar həyata şairanə baxışın nəticəsidir.

    Fikrətin şeir danışığında bəzən ilk baxışda sadəlövh görünə bilən elə təbii ifadələr var ki, bunlar şairi oxucuya daha çox sevdirir. Bu cəhətdən onun xüsusilə son əsərləri diqqətəlayiqdir.

    Fikrət Qocanın şeirlərində güclü müasirlik vardır. Bu müasirlik fikrin ifadəsində, obrazlarda, şeirlərin psixoloji rənglərindəözünü daha aydın göstərir. Fikrət Qoca poetik düşüncəsindəki özünəməxsus, fərdi cəhətləri maraqlışəkildəşeirlərinə gətirməyi bacarır. Bu da onun yazılarını təbii, həyatı edir.

    Şeir həyata yaxınlaşdıqca onun üfüqləri daha da genişlənir. Fikrətin yaradıcılığındakıümumi istiqamət göstərir ki, o, məhz belə bir genişliyə doğru inkişafdadır. “

    ***

    …Bu kiçik məqaləni Fikrət Qoca haqqında 1968-ci ilin dekabr ayında yazmışdım. Üstündən yarım əsr keçir. İkimiz də yaşa dolmuşuq. Indi baxıram ki, o vaxt özümdən asılı olmadan qeyri-adi bir fəhmlə Fikrət haqqında nə yazmışamsa, düz yazmışam. Yəni, cavanlığımda onun haqqında dediyim sözləri indiki yaşımda da təkrar edə bilərəm.

    60-cı illərdə onu sərbəst, mücərrəd yazmaqda ittiham edirdilər, halbuki onun şeirləri həyatın içindən, o dövrün fəhlə həyatından, gənclərin sevgi və ümidlərindən gəlirdi. Sadəliyinə və səmimiliyinə görə o şeirlərə onlarla mahnılar bəstələnib. Fikrət Azərbaycan ruhunun bir parçası olsa da, gənclik illərindən dünyanı bütöv görüb, hansı ölkədə  milli azadlıq savaşı,  haqq-ədalət uğrunda mübahisə varsa ora can atıb. Kuba, Qvineya-Bisau, Vyetnam haqqında poemalar yazıb, onları bəhanə edib Azərbaycanın dərdlərini dilə gətirib..

    Sadə sözlərlə mürəkkəb mətləblərin ifadəsi onun üslubuna xas olan cəhətlərdəndir.  Fikrət ömrü boyu dünya, tarix, insanlığın taleyi, savaşlar, tanıdığı sadə və qəhrəman insanlar haqqında düşünür və yazır.  Poeziyadan çox uzaq görünən olayların poetikliyini gizli, sehirli, tərəflərini görmək Fikrət Qoca poeziyasını fərqləndirən cəhətlərdəndir. Onun ilhamı bu gün də gənclik eşqiylə çağlayır. Son illərdə mətbuatda bir neçə silsilə şeirlərini oxumuşam.  Bu şeirləri oxuya-oxuya düşünürəm ki, Fikrət elə cavanlığında da az sözlə, bəzən də gizli bir yumorla böyük mətləbləri ifadə etməyi sevərdi:

    Sevgi ən uzun nemət

    Həm də ən ağır işdi.

    Leyli-Məcnuna qalsa,

    Kökümüz kəsilmişdi.

    Fikrət Qoca  səmimi, gördüyü işi gözə soxmayan, təvəzökar, etibarlı və gözəl bir insandır.

    Ustad qələm sahibi ömrü uzunu  janr məhdudiyyəti bilmədən çalışmışdır. Poeziyada olduğu kimi nəsrdə də qələmi itidir və həyatın ən dramatik məqamlarını işıqlandırır.  Hansı mövzuya əl atırsa orda bənzərsiz, yalnız özünə məxsus söz deməsi hələ gənclik illərindən təsdiqlənmişdir.

    Ömrünün ən bəhrəli çağında xəstəlik Fikrəti sınağa çəkdi. Bu savaşda o, səsinin gurluğunu qurban versə də məğlub olmadı. Elə bil səsi içinə çəkildi, ordan kağızlara köçdü. Adamlarla canlı ünsiyyətdə nə qədər sakit danışdısa, əsərlərində səsi o qədər gurlaşdı. İndi meydanlarda, müxtəlif yığıncaqlarda səsimiz tutulana qədər danışdığımız günləri xatırlayıram. O danışıqlarımızın çoxu uçub gedib amma Fikrətin səsi içinə çəkildi ki, daha uzun ömürlü olsun, daha uzaq gələcəyə gedib çatsın.

    Fikrət Qocanı fərqləndirən bir cəhət də onun hadisələrə müdrik münasibətidir. Tərifi də, tənqidi də sakit, özünəxas bir fəlsəfi yozumla, yumorla, təbəssümlə qəbul edir.

    Ustad şair artıq adına yaraşan yaşa qədəm qoyur. Lakin sözü elə cavan Fikrətin ruhu və həvəsi ilə doludur.

    Əziz dostumuzu yubileyi münasibəti ilə ürəkdən təbrik edir və onun Qocalığının uzun ömürlü olmasını arzu edirəm.

    Xalq şairi

    Sabir Rüstəmxanlı

  • Sabir Rüstəmxanlı Yardımlıda arxeoloji qazıntılarla tanış olub

    Məlum olduğu kimi Yardımlı rayon ərazisində qədim tariximizə aid mühüm bir arxeoloji mənbə aşkarlanıb. Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası Urağaran kəndinin Bilgəh adlanan sahəsində tədqiqatlara başlayıb və ilkin rəyə görə burda aşkarlanan tapıntılar ən azı 2000 əvvələ aiddir. Azərbaycan, xüsusən Yardımlı bölgəsi qədim tariximizə işıq salan belə abidələrlə zəngindir.
    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Yardımlı rayonunun Urağaran kəndi yaxınlığında arxeoloji qazıntılar aparılan yerə gedib ekspedisiyanın gördüyü işlərlə tanış olub.

     

  • VHP-dən təhsil tələbi: dərslər açılsın

    Vətəndaş Həmrəyliyi Partiyasının dərslərin başlanması ilə bağlı bəyanatı.

    Sənəddə deyilir: “Pandemiya tələblərindən irəli gələn şərtlər cəmiyyətin bir çox sahələrində ciddi itkilər və geriləmə yaşatdı. Azərbaycan hökumətinin gördüyü tədbirlər əlbəttə ki, təqdirəlayiqdir. Amma Bu sırada təhsil sistemi xüsusilə diqqət çəkir. Məlum olduğu kimi mart ayının 3-dən Azərbaycanda dərslər dayandırılıb müvafiq qurumların son açıqlamalarında da ümidverici məqamlar yoxdur. Son qərara əsasən məktəbəqədər və icma əsaslı məktəblərin fəaliyyəti oktyabrın 1-də başlanacaq və bu səviyyə üzrə dərslərin həftədə 2 gün keçiriləcək. Sentyabrın 15-dən isə ibtidai siniflər dərsə başlayacaq və I sinif şagirdlərinin həftədə 3, digər sinif şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi qərarlaşılıb. V-IX siniflərdə isə sentyabrın 15-dən dərslər onlayn qaydada başlayacaq və 1 oktyabr tarixindən V-IX siniflərin məktəbə əyani şəkildə gəlməsi planlaşdırılır.
    Əlbəttə pandemiya təhlükəsi və bundan insanların qorunması vacibdir. Amma bütün dünyada tüğyan edən COVİD-19 yoluxmasının şərtləri altında cəmiyyətin mühüm sahələrinin fəaliyyətini tam bərpa edilməsinin yolları da mütləq tapılmalıdır. Əksər ölkələr bu istiqamətdə ciddi nəticələr əldə edeiblər və bu səbəbdən ənənəvi təhsilin davam etdirilməsinə başlanıb. Azərbaycanın bu prosesdən kənarda qalması təəssüf doğurur.
    Əslində Təhsil Nazirliyinin və Operativ Qərargahın təhsillə bağlı son qərarı subyektiv ümumiləşmə əsasında verilib. Bu il ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri epidemioloji vəziyyət gərgin olduğu Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Yəni ibtidai sinif şagirdlərinin yarıdan çoxu ümumiyyətlə karantin elan olunmayan bölgədə yaşayır. Ölkədə ümumilikdə fəaliyyət göstərən 4439 məktəbdən cəmi 182-də 1500 və ya daha çox şagird təhsil alır, digər məktəblərdə şagird sayları əsasən aşağıdır. Ümumiyyətlə, 53 faiz və yaxud 2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır. Digər 47 faiz və ya 2104 məktəbdə isə şagird sayı 200 nəfərdən çoxdur. Yəni ümumilikdə şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində elə də ciddi problem mövcud deyil. Ölkə üzrə cəmi 338 sinifdə şagird sayı 40-dan yuxarıdır ki, bu siniflərdə şagirdlərin 2-yə və ya 3-ə bölünməsini etmək olardı. Şagird sayının 30 nəfərdən az olduğu siniflər təxminən 93,3 faiz təşkil edir. Hətta bəzi kənd məktəbləri var ki, şagird sayı 100-ü keçmir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil. Belə bir statistika qarşısında bütün ölkə boyunca təhsilin məhdudlaşdırılması yalnız bacarıqsızlığın göstəricisidir. Alternativ olaraq distant təhsilin təklif edilməsi isə ikinci qeyri-peşəkarlıq əlamətidir. Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır. Amma bu, ənənəvi təhsilin yerini vermir. Şagirdlərin məktəb və müəllimlərlə ünsiyyətdə olmamasının onların formalaşmasında mənfi iz buraxacağı şübhəsizdir. Digər bir tərəfdən şagird sayının az olduğu, karantin elan olunmayan bölgələrdə internet və televiziya imkanlarının məhdudluğu etiraf olunmalıdır. Bütün bunlar təhsil və məktəblərin açılması ilə bağlı qərara yenidən baxılmasını zəruri edir. Sonu görünməyən pandemiyanın qarşısında acizlik göstərib yeni şəraitdə əvvəlki həyat tərzinin qurulması üçün addımlar atılmasa bunun nəticələri ağır olacaq. Bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir, onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Şagird və tələbələr bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. İndiki şəraitdə qısa müddətdə bu mühiti yaradaraq dərslərin bərpasına nail olmaq olar.
    Vətəndaş Həmrəyliyi Partiyası Təhsil Nazirliyini və Operativ Qərargahı təhsilin önəmini əsas tutaraq ənənəvi əyani təhsil sistemini bərpa etmək üçün gərəkən tədbirləri görməyə çağırır”.

  • “Belarusda demokratikləşmə hərəkatı start götürüb”

    “Əvvəl-axır bu proses qələbə ilə yekunlaşacaq”
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusdakı hadisələrlə bağlı Moskvanın mövqeyini açıqlayıb. Lavrov bildirib ki, Belarusu Rusiyadan qoparmaq cəhdlərinə layiqincə və sərt cavab veriləcək. XİN rəhbəri Belarusda vəziyyətin ölkəsini niyə narahat etdiyini də açıqlayıb: “Belarusda vəziyyət Moskvanı narahat edir. Çünki Minsk Moskvanın strateji müttəfiqdir. Belarus ilk dəfədir ki, ciddi qeyri-sabitlik təhlükəsi ilə üzləşib. Bu qeyri-sabitlik, bu səylər xaricdən enerjili müdaxilə ilə baş verir.
    Biz Belarusun qanuni hakimiyyətinə bir sıra xarici dövlətlər – hansılar ki, eyni vaxtda açıq şəkildə müxalifəti dəstəkləyir – tərəfindən təzyiq göstərmək cəhdlərini qınayırıq”. ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent isə deyib ki, əgər Moskva güc yolu ilə Belarusdakı vəziyyətə müdaxilə etsə, onda Rusiya və ABŞ arasında münasibətlər daha da pisləşəcək.
    Kent əlavə edib ki, Belarusdakı vəziyyət Şərq-Qərb və ya ABŞ-Rusiya arasında geosiyasi yarış deyil. Bu, ölkə rəhbərliyi və vətəndaşlarının həll etməli olduğu problemdir. Yeganə vasitəçi ATƏT ola bilər”.
    Lukaşenko isə iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır. Onun sözlərinə görə, Belarus Avropa ölkələrinin xarici təcavüzünə məruz qalıb: “Rusiyanın dəstəyi olmasaydı, Minsk üçün bəlkə də çox çətin olardı”.
    Üç həftədir səngiməyən etiraz aksiyalarını “Şərq”ə təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, Belarusda baş verənlər keçmiş sovet məkanı üçün yeni hadisə deyil. Partiya rəsmisinin fikrincə, bu, insanların  demokratikləşmə, müasir dövlət idarəçiliyinə doğru istəyindən doğan prosesdir:
    “Baş verənlərdə xarici amillər nə qədər hesablansa da, xalq faktoru əsas götürülməlidir. Avropa və ABŞ-ın mövqeyində siyasi maraqlar var, amma ümumən demokratikləşmə hərəkatına dəstək müşahidə olunur. Məsələyə bu prizmadan baxanda Rusiyanın da mövqeyinin və marağının mahiyyəti aydınlaşır. Moskva hər zamankı kimi imperialist mövqedə dayanır və despotizmin müdafiəçisi rolunda çıxış edir.
    Əlbəttə, çox istərdik ki, müttəfiqimiz Belarusda son nəticədə xalq marağı və demokratik hərəkat qalib gəlsin. Amma təəssüf ki, hazırda Kremlin və Belarusdakı yerli hakimiyyətin mövqeləri məğlub görünmür.
    Buna baxmayaraq, Belarusda demokratikləşmə hərəkatı start götürüb və əvvəl-axır bu proses qələbə ilə yekunlaşacaq”.
    İsmayıl Qocayev
  • Neftçalada son durum: Kürün suyu artıb, problemsə qalır – Sabir Rüstəmxanlı

    “Əvvəlki kimi olmasa da, hələ də Neftçalanın qəsəbə və kəndlərinə içməli su Salyan rayonundan maşınlar vasitəsi ilə gətirilib əhaliyə paylanır”.

    Bunu PİA.az-a Neftçala rayonundan deputat Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, son vaxtlar intensiv yağışlar sayəsində Kürün suyu bir qədər artıb: “Artıq çayın suyu Xəzər dənizinə qədər gedib çatır. Amma yenidən quraqlıq başlayıb, vəziyyətin necə dəyişəcəyini demək çətindir. Hər halda əhalinin həyəcanı keçib. Əvvəl demək olar ki, bütün Neftçala ərazisində Kürün suyu şor idi. İndi ərazinin böyük bir hissəsində çayın suyu şirinləşib”.

    Millət vəkilinin sözlərinə görə, Nerftçalanın bəzi kəndlərinin su ilə təminatı məqsədi ilə Salyan rayonu ərazisində su anbarının tikintisi davam edir: “Anbarın inşasının noyabr ayının sonunda yekunlaşacağı deyilsə də, güman ki, işlər ilin sonuna qədər davam edəcək. Bundan sonra şəhərdə və bəzi kəndlərdə içməli su problemi həll olunacaq. Pandemiya anbarın tikintisinə təsir etməyib, işlər davam edir”.

    Sabir Rüstəmxanlı Kür çayı üzərində ildən-ilə təsərrüfatların, suvarma sahələrinin artdığını da deyib: “Belə davam edərsə, gələcəkdə də Kürdə içməli su problemi yaranacaq. Gərək bu, indidən nəzərə alınsın, gələcək üçün müəyyən tədbirlər görülsün”.

    Qeyd edək ki, bu ilin iyun ayında Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar Xəzər dənizinin suyu Kür çayına axıb qarışmışdı. Nəticədə Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranmışdı.

  • Sabir Rüstəmxanlı: “ Yəni yerli idarəetmə sistemində aydınlıq olmalıdır”

    “Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidır. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir”. Bunu müsahibəsində beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, ”Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov bildirib. Azərbaycanda icra hakimiyyətləri ləğv edilə və ya birləşdirilə bilərmi?

    Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasındadeputat Sabir Rüstəmxanlı artıq o prosesin getdiyini geyib:

    “İdarələr birləşdirilir. Onlardan soruşmaq lazımdır ki, bununla nə etmək istəyirlər. Bunu xalqa bəyan etsinlər. İnsanlarımız bilsin ki, bunun sonunda nə olacaq. İcra hakimiyyəti əsas deyil. İcra Hakimiyyətlərin bəziləri əlində heç bir səlahiyyət olmasa da özü üçün imtiyaz yaratmağa çalışan qurumlardır. İcra başçıları ölkə başçısı tərəfindən təyin olunurlar. Onların bəziləri digər dövlətlərin köhnə idarəetmə qaydalarından istifadə edirlər. Belə ki, bəzi icra başçıları özlərini köhnə raykom katibləri kimi aparırlar. Bunların hər biri aydınlaşmalıdır. Yəni yerli idarəetmə sistemində aydınlıq olmalıdır. Bələdiyyələrlə icra hakimiyyətlərin iş bölgüsü və səlahiyyətlər müəyyənləşdirilməlidir. Bunların hər biri dəqiqləşdirilməlidir”.

     

    Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

    “Ona görə də o sahədə müəyyən qədər yeniləşməyə və islahatlara ehtiyac var. Amma mən konkret bu işə proqnoz verə bilmərəm. Bunların hər biri ciddi təhlil olunmalı, dövlətimizin ümumi maraqlarına uyğun bir variant seçilməlidir”.

    Nərgiz Mirzəyeva

    KONKRET.az

  • Zamanın və milli taleyin tələbi – Sabir Rüstəmxanlının yazısı

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili

    Avropa Birliyinin qarşısında Türk Birliyinin yaranması ehtimalının yalnız xəyal olmadığı indi çoxlarına bəllidir

    1987-ci ildə Türkiyəyə ilk səfərimdə “Türkiyə” qəzetində dərc olunmuş bir yazımın başlığı belə idi: “Türkiyə üzünü Doğuya çevirməlidir”. Bu fikir Türkiyənin Avropa Birliyinə girməyə çox ümidli olduğu və bunu yeganə inkişaf yolu saydığı vaxtda səslənsə və “Türkiyə” qəzetinin müxbirinə manjetə çıxarılmalı olan yeni bir ifadə kimi görünsə də əslində, Azərbaycan ziyaıları üçün yeni istək deyildi. Türkiyə-Azərbaycan münasibətlərinin yaxşılaşması əsrlər boyu ağlı kəsən hər bir türk insanını düşündürmüş və bunu Azərbaycanın ərazi bütövlüyünün, mənəvi dəyərlərinin, milli varlığının qorunma yollarından biri saymışlar. Hətta böyük Mirzə Fətəli Axundzadə  də Azərbaycanda əlifba islahatını Türkiyə ilə və bütün türk xalqları ilə paralel aparmaq istəyirdi. O dövrdən başlayaraq Azərbaycanın demək olar ki, bütün böyük aydınları mətbuatımızın, ədəbiyyatımızın, ədəbi dilimizin elə bir yolla inkişafını arzulamışlar ki, bu yol aradakı sərhədlərə və müxtəlif siyasi quruluşlara baxmayaraq kök etibarı ilə bir olan Azərbaycan və Türkiyə türklərinin daha da yaxınlaşmasına gətirib çıxarsın. Əlibəy Hüseynzadənin də, Məhəmməd Hadidin də, Əhməd Ağaoğlunun da, Hüseyn Cavidin də ədəbi, ictimai, siyasi fəaliyyəti buna xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulub möhkəmləməsində Türk-İslam ordusunun xidməti də ayrıca qeyd olunmalıdır.

    İllərin Turan sevdası

    Bizim nəsil bu ənənənin yavaş-yavaş bərpa olunan xatirələri üstündə böyüyüb. Üstəlik ikinci və üçüncü minilliklərin qovşağında dünyada gedən proseslər, böyük güclərin, böyük iddiaların dünyanı yenidən bölüşdürmək cəhdləri, müasir görünsə də mahiyyəti köhnə olan, dəbdəbəli başlıqlar altında çürük işğalçı meylləri hər kəsi öz gələcəyi haqqında dərindən düşünməyə məcbur edir. Bütün bunlar Azərbaycan ziyalılarının sonu olmayan qayğısıdır. Çünki son iki tüz ildə dünyanın heç bir xalqı bizim yaşadığımız faciələrə bənzər faciə yaşamayıb; parçalanmalar, köçürülmələr, soyqırımları, inkarçılıq siyasəti, milli varlığın danılması, adının və tarxinin saxtalaşdırılması qədər sayı-hesabı olmayan qansız müharibələr görməyib. Paralel olaraq həmin güclər əsrlər boyu Osmanlı imperatorluğunu, sonra da Türkiyə Cümhuriyyətini çökdürüb məhv etməyə çalşıblar. “Türk düşmənçiliyi” adlandırıla bilən məkrli siyasət bu gün də şəbəkələşmiş bir şəkildə davam etdirilir. Azərbaycanın və Türkiyənin gələcəyini düşünərkən bütün bunlar nəzərə alınmalıdır. Hələ min il əvvəl fars şairi Firdovsi özündən 1500 il öncə bizim yaşadığımız bölgədə uzun müddət davam etmiş İran-Turan savaşlarını qələmə almışdır. Bu gün İran Farsistan-Persiya anlayışının qarşılığı kimi səsləndirilən bir dövlətdir, Turan sözü dilə gətirilərkən isə yer yerindən oynayır ki, bu panturanizmdir, zərərlidir, millətçiliklikdir. Üç min ilə yaxın davam edən İran-Turan qarşıdurması İranda bu gün də açıq-aşkar türkləri yox etmək, əritmək siyasəti şəklində davam etdirilir. Şimal qonşularımızın son üç yüz il ərzində apardıqları antitürk siyasəti də bundan çox fərqlənmir. Azərbaycanın çağdaş durumu belədir.  Qərbin dəbdəbəli maskalar altında yürütdüyü Səlib müharibəsini də bura əlavə edəndə türk varlığının necə ağır bir şəraitdə yaşadığını görmək çətin deyil. Ona görə də bu gün Azərbaycanda ictimai fikrin mərkəzində dayanan Türkiyə-Azərbaycan münasibətləri, iki qardaş dövlət arasında hərbi ittifaqın möhkəmləndirilməsi, Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsinə yalnız Azərbaycan və Türkiyənin taleyüklü problemi kimi yox, həm də Türtk dünyasının gələcəyini müəyyənləşdirən bir şərt kimi baxılmalıdır.

    22 il öncə-1998-ci ilin 27 mayında  “Vətəndaş Həmrəyliyi” qəzetində  yazmışdım: “Qafqaz və Kiçik Asiya dünyanın əsəb nöqtələrindən, bütün yolların və damarların keçdiyi yerlərdəndir. Ən qədim sivilizasıyaların və dövlətlərin yüksək ideyaların doğulduğu bu bölgə həm də uzun münaqişələrin və toqquşmaların şahidi omuşdur. İran-Yunan, İran-Turan, Ərəb-Əcəm, Türk-Rum, Şərq-Qərb, müsəlman-xristian qarşıdurmaları yüzilləri, bəzən minilləri aşıb keçən fırtınaları ilə bu bölgəni tarix boyu çalxalandırmış, altını üstünə çevirmiş, təkcə sərkərədləri və hökmdarları yox, bütöv xalqları qaldırıb endirmiş, bəzilərini böyütmüş, bəzilərini yerli-dibli yox etmiş, özünü ölməz sayanların külünü göyə sovurmuş, Allahlıq ideyası olanların heç qəbrini də saxlamamışdır. Türklər bu bölgənin qüdrətli xalqı olmaqla həmin tarixin həm yaradıcılarından, həm də ən çox qurban verənlərindəndir. … Onlar Avrasiyanın taleyində həmişə həlledici rol oynamışlar. Azərbaycan türklərin ən qədim yurdlarından olmaqla həm də Türk dünyasının mərkəz məkanıdır. Orta Asiya ilə kiçik Asiyanın arasındadır, körpüdür, bağdır. … Avropa Birliyinin qarşısında Türk Birliyinin yaranması ehtimalının yalnız xəyal olmadığı indi çoxlarına bəllidir”.

    Biz bütövlükdə Türk dünyasanın belə bir birliyinin yaranması uğrunda uzun illərdir mübarizə aparırıq. Lakin indi bu ideya artıq bütün xalqın istəyinə və tarixin, milli taleyin tələbin,ə ölüm-dirim məsələsi olan çevrilib.

     Böyük bir coğrafi arealda aparılılan imperalist siyasətin əsas qurbanı Türk millətidir!

    XXI əsr dünyaya yeni qaydalar gətirdi. Bu yalnız pandemiya və onun nəticələri ilə bağlı deyil. Əslində 2001-ci ilin 11 sentyabrında  baş verən məlum olaylar dünyada yeni siyasi düzənin qurulmasına başlanğıc oldu. Böyük güclər geopolitik maraqlarını təmin etmək üçün açıq ən müxtəlif bəhanələrlə yeni işğalçılıq siyasətinə başladı. 20 ilə yaxındır davam edən bu gedişat Asiya qitəsini müharibə meydanına çevirib. Dünya yenidən bölüşdürülür, dünyanın siyası xəritəsi yenidən çızılır. 100 il öncə də eyni proses Azərbaycan və bütövlükdə Türk Dünyasının böyük itkiləri ilə başa çatdı. Azərbaycan dövlət müstəqilliyini və tarixi ərazilərinin böyük hissəsini itirdi, Türkiyə Osmanlı imperatorluğunun məğlub durumu ilə barışmağa məcbur oldu, Orta Asiya türkləri bütövlükdə Rusiya əsarəti altına düşdü.  Bu ağır nəticələrin bir hissəsini yalnız 100 il sonra aradan qaldırmaq  mümkün oldu. İndi keçmişdən dərs götürmək, yeni səhvlərə yol verməmək üçün daha düzgün inkişaf yolu seçmək lazımdır.

    Bu gün dünya böyük güclər-ABŞ, Avropa Birliyi, Rusiya, Çin tərəfindən bölüşdürülməkdə və istismar olunmaqdadır. Yeni planların qurulduğu, müharibələrlə maraqların təmin olunduğu bütün qaynar nöqtələrdə yenə də əzilən daha çox Türk millətidir. Türkiyə “arxalı köpək” qismində terror təhdidi, qondarma soyqırım ittihamı ilə üz-üzə, Azərbaycan erməni işğalçılarının hərbi təcavüzünə məruz qalmış durumda, Güney Azərbaycanda milyonlarla soydaşımız ana dili haqqından belə məhrum edilmiş, İraq və Suriyada türkman eli məhv edilir, Çində uyğurlara qarşı açıq genosid aparılır, Orta Asiya  türk cumhuriyyətləri ruslaşdırma siyasətinin basqısı altında… Bir sözlə, Anadoludan Uzaq Şərqə, Qara Dənizdən Sakit Okeanadək böyük bir coğrafi arealda aparılılan imperalist siyasətin əsas qurbanı Türk millətidir!

    Tarixin orta çağında eyni coğrafi ərazidə Türklərin şəriksiz hakimiyyəti zamanı digər millətlərin haqlarının qorunması, dini-mədəni məqamlara toxunulmaması reallıqdır. Dünyaya xalqlar, millətlər, insanlar arasında nizam, harmoniya yaratmaq üçün gəldiklərinə həmişə ürəkdən inanan türklər dünyanı öz iradələrinə tabe etməyə çalışmaqdan daha çox, zamanm sosial-siyasi xarakterini müəyyənləşdirməyə, qlobal proseslərin arxasınca deyil, önündə getməyə cəhd etmişlər. Türklər əsrlər, hətta min illər boyu dünyanm müxtəlif xalqları ilə sülh şəraitində yaşamış, qurduqlan nəhəng imperiyalarda bütün millətlərə yer vermiş, dünyanın vaxtaşırı pozulan harmoniyasını bərpa etmək üçün böyük ideologiyalar yaratmışlar. Onlar heç bir xalqın tarixi ilə müqayisəyə gəlməyən möhtəşəm tarixlərində dünya mədəniyyətinə heç bir xalqda müşahidə olunmayan bir səviyyədə maraq göstərmişlər. Bunu bilən imperalist güclər öz maraqlarını təmin etmək üçün qitədə ilk növbədə Türk  nüfuzunu hədəf alıblar. Yalnız Türklərin bölgədə sıradan çıxarılması məlum planlara yol aça bilər və bu gün qitənin qədim xalqları olan ərəblərin, farsların, hindlilərin istismarına yol aça bilər. Buna görə də ən böyük zərbə hədəfi yenə də Türklər.   Çıxış yolu haqda geniş müzakirə açmağa, təhlillər aparmağa gərək yox. “Güc birlikdədir” hikməti indiki hal üçün daha kəsərli və aktualdır.

     Bu birliyi  gerçəkləşdirməmək ən azından tarixi cinayətdir

    Dəyişən dünya dəyişik problеmlərlə qarşı-qarşıya olduğu kimi Türk dünyası da bu baxımdan problеmlər girdabındadır. Türk dünyasının bu gün ən böyük siyasi gücü olan Türkiyə Cumhuriyyəti  onun bir əyalətinin iqtisadi potensialında olmayan Ermənistanın qondarma iddiaları qarşısında aciz durumda, Azərbaycan ərazisinin 20 faizini həmin Ermənistana uduzmuş halda , digər Türk Cumhuriyyətləri dünyanın siyasi xəritəsində nöqtə kimi belə görünməyən Ermənistanın lobbi və siyasi himayədarlarının təsiri altında… Ən böyük güvəncimiz olan Türkiyənin qarşısına “qondarma erməni soyqırımı” arqumenti qoydular, Azərbaycan Milli Azadlıq Hərəkatı  demokratiya yolunu tutdu , əvəzində özünü demokrat adlandıran Avropa XX əsrin insanlıq utancı olan Xocalı soyqırımına göz yumaraq Azərbaycana başqa dərslər keçmək iddiasına qalxdı, Orta Asiya Cumhuriyyətləri isə rus, fars, çin, ingilis ideologiyalarının müharibə meydanına çevrilib böyük bir coğrafiyada yaşayan bir millətin bir vahid siyasi gücə sahib olması indi daha zəruri və qaçılmazdır. 1600 il öncə Roma Papasının diz çökməsi ilə onu və imperiyasını əvf edən Atillanın, başı Əmir Teymura qarışdırılaraq  Avropadan geri dönən Bəyazidin, rus imperiyasının hiyləsinə aldanan Rəsulzadənin və nəhayət, “bir gün sovetlər dağılacaq və bizim orda yaşayan soydaşlarımız müstəqil dövlət quracaq , biz o günə hazır olmalıyıq” deyən Atatürkün davamçıları olaraq üzərimizə düşən missiyanı gələcək nəslə ötürmədən gerçəkləşdirməliyik. Bunun üçün isə ilk atılacaq addım Azərbaycan və Türkiyənin  siyasi, iqtisadi və hərbi birliyidir. Belə bir ittifaq Asiya qitəsində barışın qarantı olan Turan və ya Türk birliyinin əsası olacaq. Söhbət dövlətlərin öz müstəqilliyini itirməsindən , yaxud himayə altına düşməsindən getmir.  Dəfələrlə demişik, heç bir milli , dini və tarixi birliyi olmayan, yaxın yüzillikdə  bir-birinə qarşı müharibələr aparan Avropa dövlətləri bu gün bir birlik altında birləşə biliblər. Hətta heç bir tarixi ideoloji əsası olmayan bayraq və pul vahidi yaradılıb, bir dil hamıya zorən qəbul elətdirilib. Sözügedən Türk siyasi ittifaqı üçün Avropa Birliyi, hərbi əməkdaşlığı üçün NATO formatı var. Asiya qitəsinin böyük bir hissəsində ata yurdu olaraq Türklərin ay-ulduz ortaq bayraq simvolu, ortaq dövlətçilik ənənəsi, ortaq dili varkən bu birliyi  gerçəkləşdirməmək ən azından tarixi cinayətdir.

    Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası üçün ilkin olaraq mədəni birlik yaradıldı. 1990-cı illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır. Onun ardınca isə  Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı. Bütün bu prosesin sürətlənməsi üçün isə Türkiyə-Azərbaycan əlaqələrinin siyasi-iqtisadi-hərbi konfederasiyaya çevrilməsi vacibdir. Bu gün həm Azərbaycanın, həm də Türkiyənin geopolitik durumu, bölgədə gedən proseslər də əslində bunu diktə edir. Eyni zamanda həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti belə bir ittifaqa psixoloji baxımdan hazırdır. Hər iki qardaş ölkə referendumla xalqın dəstəyini alıb gərəkən hüquqi işləmləri həyata keçirib arzulanan ittifaqı gerçəkləşdirməlidir.

    Son olaylar dünya siyasətində yalqız, təkbaşına yürüməyin mümkünsüzlüyünü göstərir. Ermənistanla  müharibə şəraitində olan Azərbaycan Tovuz rayonunda baş vermiş hərbi təxribatda gerçəkliyi bir daha görmüş oldu. İşğalçı Ermənistanı Sloveniya belə silahla təhciz edir, bu silahlar Gürcüstandan keçirilir, Rusiya təcavüzkara açıqdan açığa hərbi-siyasi dəstək verir və s. Bütün baş verənlərin fonunda Azərbaycan Türk əsgərinin bölgəyə gəlişindən başqa bir dayaq görmədi. Eynən 100 il öncə olduğu kimi yenə də Azərbaycan istiqlalının yanında Türkiyə var. O zaman da ən azı Azərbayca və Türkiyənin bir dövlət  halında olması fikirləri səslənirdi. Həm Azərbaycanın Cumhuriyyət, indiki Türkiyənin isə Osmanlı adı altında imperiya quruluşunda olması, həm də geopolitik siyasi şərtlər bunu mümkünsüz etmişdi.  Amma dünyanın siyasi güclərinin başında duran böyük qüvvələrə qarşı  “İnsanlara hürriyyət, millətlərə istiqlal” , “yurdda sülh, cahanda sülh”  amalı ilə çıxan və “dildə, işdə və fikirdə birlik”  deyən insanlar böyük hədəfə doğru yürüşü davam etdirdilər. Nuru paşanın Azərbaycandan başqa Güney Azərbaycanda da savaşı , hətta Sovet əsarəti altında belə , sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsi idi. Eyni zamanda Şərqin ilk Cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda  canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət , iki dövlət” həqiqətinin real təzahürü idi.  O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə  dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyaya “ Bir millət, iki dövlət ” yerinə “Türk birliyi!” ideasını həyata keçirmək zamanıdır. Bu Azərbaycanın siyasi qüvvələrinin və bütün Azərbaycan xalqının istəyidir.

     

  • Arif Əliyev -60

    Bu tanınmış jurnalist Arif Əliyevin 60 yaşı tamam olur. Arif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur. 1983 – Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur. 1992-1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi olmuşdur. 1996-2005 – ABŞ-da, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır. Azırbaycan mediasında bir çox uğurlu layihələrin yaradıcısı olmuşdur. 1995-ci ildən “Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, 1998-ci ildən Bakı Mətbuat Klubunun prezidentidir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində iştirak edib. Ölkədə ən nüfuzlu “Media açarı” Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır.
    Hələ sovet dövründə mərhum Nəcəf Nəcəfovla birgə çalışdığı “Molodyoj Azəerbaydjana” qəzetindən bu yana Arif Əliyev özünü prinsipial və peşəkar qəzetçi, peşə etikasına ciddi riayət edən jurnalist kimi göstərib. Azərbaycan Prezidentini mətbuat katibi olanda da A.Əliyev daima söz və mətbuat azadlığının tərəfdarı kimi çıxış edib, öz xidməti mövqeyindən mətbuatı inkişafı üçün istifadə edib. Arif bəy keçdiyi həyat yolu, mübarizəsi, düşünəsi ilə bir örnəyə çevrilib. Peşəkarlığı, hadisələrə özünəməxsus baxışı və müstəqil fəaliyyəti ilə Azərbaycan jurnalistlərinə nümunə olmağı bacaran Arig Əliyevi bir daha təbrik edir, ona haqq-ədalətin qorunması uğrunda mübarizəsində uğurlar, uzun və xoşbəxt ömür arzulayıram. arzulayıram!

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

  • Fəzail İbrahimli: “Ordumuz ermənilərin növbəti məkrli oyununu iflasa uğratmaqla, başlarında çatlatdı”

    “Ermənistan ordusunun avqustun 23-də Azərbayanın Goranboy istiqamətində həyata keçirdiyi təxribat təsadüfi hadisə deyildi. Bu növbəti məkrli və hiyləgər oyunların reallaşmasına xidmət edirdi. Ancaq Azərbaycan ordusu hər dəfə olduğu kimi, bu dəfə də ermənilərin oyununu pozaraq, öz başlarında çatlatdı”.

    Bunu “Ölkə.Az”a açıqlamasında  Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

    Vitse-spikerin sözlərinə görə, bu hadisələrin gedişinə, hansı zamanda baş verdiyinə diqqət yetirsək, o zaman aşağıdakı  məqamları üzə çıxara bilərik. “Birincisi, Ermənistan müdafiə naziri Davit Tanoyanın “Armiya-2020” hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfəri zamanı baş verməsi də təsadüfi xarakter daşımır. Məqsəd də ondan  ibarət olub ki,  baş verən hadisələrə görə  forumda səsinin tonunu qaldıraraq Azərbaycanı ittiham etsin.Amma alınmadı. Uğursuzluğa düçar oldular.

    İkincisi isə bu Ermənistan tərəfinin indiyədək davamlı olaraq həyata keçirdiyi təxribatların davamıdır”.

    Vitse-spiker hesab edir ki, Ermənistan hakimiyyətinin son zamanlarda davamlı olaraq istər daxili və xarici siyasətində, istərsə də  Qarabağ məsələsində yürütdüyü siyasətdə məğlubiyyətə uğraması və bunun nəticəsində cəmiyyətdə pis vəziyyətə düşməsi ilə barışa bilmir. “Çünki hər  dəfə məğlubiyyətə uğramaqla indiki hakimiyyət həm hakimiyyətlərinin zəifləməsinə, həm ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə və nəticə etibarı ilə  xalqın bu hakimiyyətin üzərinə qalxmasına rəvac verir.  Lakin atılan hər addım  onları daha da uçuruma yuvarlayır.  Artıq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və bu istiqamətdə həyata keçirilən  təxribat  uğursuzluğa düçar olur. Bunun da səbəbi  Azərbaycanın güclənməsi, ordusunun qüdrətli  və ayıq-sayıq olmasıdır. Ermənistan artıq anlamalıdır ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan ordusu Ermənistanın isətnilən hərkətinin qarşısını almağa qadirdir.  Azərbaycan ordusu bunu  son illərdə bir neçə dəfə sübut edib.

    Məsələn götürək 2016-cı il Aprel döyüşlərini. Həmin döyüşlərdə ermənilərin 20 ildən artıq müddətdə  formalaşdırdığı Dağlıq Qarabağ  əbədi və əzəli bizimdir  ideologiyaya son qoyularaq, darmadağın edildi. Onlarda belə bir fikir formalaşmışdı ki, artıq torpaqlar alınıb və kimsə onu geri ala bilməz. Azərbaycan da bununla razılaşıb. Məsələnin qalır bircə beynəlxalq səviyyədə həllinə… Amma Aprel döyüşləri bu  fikri tamamilə də alt-üst etdi. Erməni xalqı Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gələn “Qarabağ” klanını hakimiyyətdən silib-süpürüb atdı.  “Qarabağ” klanını hakimiyyətdən uzaqlaşdıran Paşinyan xalqa yağlı vədlər verdi və xalq da ondan vədlərinin yerinə yetirilməsini tələb edir. O da bunu bacarmır. Xalqın istədiyini xalqa verə bilmir. Ona görə də çətin duruma düşən Paçinyan vəziyyətdən yeganı çıxış yolu kimi Azərbaycanla vəziyyəti gərginləşdirməklə diqqəti yayındırıb, hakimiyyətinin müddətini uzatmağa çalışır. Lakin bu da çox çəkməyəcək. Bunun bir çox səbəbi var. Bunlardan biri də ondan ibarətdir ki, Paşinyanın üzləşdiyi durum özündən əvvəlki hakimiyyətlərin  vəziyyətindən fərqlidir. Əgər Paşinyandan öncəki  dövlət başçılarının bir çoxunun yürütdüyü siyasət birmənalı Rusiyayönümlü olduğundan tamamilə fərqli idi. Onların Ermənistanda bütün siyasi  fəaliyyətlərinin nizamlanmasını və idarə olunmasını Moskva müəyyən edirdi.

    Paşinyan isə  sələflərindən fərqli olaraq üzdə özünü Rusiyanın dostu aparsa da, reallıqda belə deyil. Moskva da bunu yaxşı bilir.  Avropaya meyilli olsa da, Avropa onu qəbul etmir. Onun yürütdüyü siyasət,  xalqla münasibəti və  diktartor yönümlü fəaliyyəti Avropa standartlarına uyğun gəlmədiyindən dəstək vermirlər. Digər ciddi məqamlardan biri isə ondan ibarətdir ki,    Rusiyameyilli erməni lobbisi Paşinyanı Rusiyaya, Ameriakmeyilli erməni lobbisi isə ABŞ-ın təsir dairəsinə salmaq istiqamətində fəaliyyət göstərir.

    Təsəvvür edin Ermənistan hakimiyyətinin üzləşdiyi vəziyyət Krılovun “Balıq, ördək və xərçəng” təmsilinə bənzəyir. Rusiya, ABŞ, Avropa Ermənistanı hərəsi bir yana çəkir, onlar da qalıb pis vəziyyətdə. Nə edəcəklərini bilmədiklərindən, başlarını itirmiş vəziyyətdədirlər. Odur ki, belə bir vəziyyətdə hansısa addım atıb uğur qazanmaq istəyir. Ancaq alınmır. Bax, Goranboy istiqamətində həyata keçirilən təxribat da  bu məqsədlərə xidmət edirdi. Amma bu da iflasa uğradı”.

    Millət vəkili onu da əlavə edib ki, ermənilərin bu təxribatı eyni zanda  onların bir xalq olaraq  genində formalaşan terrorçuluq xislətindən irəli gələn məsələdir: “Ermənistan bu  dövlt səviyyəsində həyata keçirdiyi terror siyasətini hərbi geyim altında davam etdirməkdədir. Lakin onunlaırn bu  terrorçuluğa söykənən siyasəti 2016-cı ilin Aprelində, 2020-ci ilin iyulun 12-də olduğu kimi qarşısı layiqincə alındı.  Baş verən hadisələrədn çıxarılan nəticə ondan ibarətdir ki, Azərbaycan  sərhədləri kifayət qədər güclü qorunur. Ordu öz yerindədir, Müdafiə Naziri öz işinə vicdanla yanaşır.  Dövlət bşaçısının onların qarşısında qoyduğu tapşırığı, o cümlədən millət qarşısındakı məsuliyyətini dərk edir. Ən əsası isə milli addımlarla yoğrulan  fəaliyyət göstərir. Ona görə də ermənilərin  diversiya cəhdləri boşa çıxır. Ermənistanın Ombudsmanı A. Tatoyanın əsir düşən kəşfiyyat komandiri baş leytenant Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürməsi, onun ermənilər üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. Azərbaycam tərəfi də beynəlxalq hüququn  bütün normalarına uyğun hərəkət edəcək.Son olaraq bir daha onu  qeyd edim ki, bu ordumuzun ayıq-sayıqlığını nümayiş etdirdi. Odur ki, Ermənistan nə qədər gec deyil, sülhə razı olub, işğalçılıq siyasətinə son versin.  Əgər Ermənistan işğalçılıq siyasətinə son verərsə, üzləşdiyi ən ciddi problemləri qısa zamanda həll etmiş olacaq. Ölkədə normal həyatı bərpa etmək istiqamətində  real addımlar ata biləcək. Əks təqdirdə Ermənistanı daha ciddi faciələr gözləyir”.

    Mürtəza
    Ölkə.Az

  • Sabir Rüstəmxanlı: “Siyavuş Novruzov istefa verməsəydi, başqa problemlər də çıxacaqdı”

    Siyavuş Novruzov YAP-ın İcra katibinin müavini vəzifəsindən istefa verdi. Qeyd edək Siyavuş Novruzov karantin qaydalarını pozaraq xanımı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə birlikdə Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyevin qızının Novxanıdakı bağ evində təşkil edilmiş toyunda iştirak edib. Siyavuş Novruzov və onun xanımı Səbinə Əliyeva hər ikisi 400 manat məbləğində cərimə olunub. Siyavuş Novruzov dünən “Facebook”dakı rəsmi səhifəsində Ramiz Mehdiyevin onu aldatması ilə bağlı fikirlər səsləndirib.

    Siyavuş Novrizovun istefası ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən deputat Sabir Rüstəmxanlı bildirib ki, bir saat olar xəbər tutdum ki, Siyavuş Novruzov İcra katibinin müavini vəzifəsindən istefa verib: “O, YAP-ın rəhbər vəzifəsində təmsil olunurdu. Mənə elə gəlir ki, Siyavuş Novruzovun bu addımı düzgündür. Məlum toy məsələsi bilirsiniz ki, son bir neçə gündə çox müzakirə olundu. Siyavuş Novruzov istefa verməsəydi, başqa problemlər də çıxacaqdı.

    Sabah kimdənsə qanunlara riayət etməsini tələb edilən zaman bu məsələ yenə ortaya atılacaqdı. Ona görə də Siyavuş Novruzov çox ciddi və nümunəvi addım atdı. Həyatda səhvlər də, yalnışlıqlar da, diqqətsizliklər də, təsadüflər də ola bilir. Belə hallarda hər kəs tutduğu vəzifəyə, təmsil elədiyi partiyaya, xalqa, dövlətə, qanunlara hörmət etməlidir. Məncə, Siyavuş Novruzov istefa verməklə doğru addım atdı. Bir çox vəzifədə olub böyük yalnışlıqlar edən insanlara nümunə oldu. Elə insanlar var ki, yüksək vəzifədədədir. Böyük yalnışlıqlara yol versələrdə, problemləri ilə müzakirə obyektinə çevrilsələr də, yenə də həmin vəzifədə otururlar. Düşünürəm ki, Siyavuş Novruzov təmsil etdiyi partiyaya uyğun düzgün addım atdı”.

    Nərgiz Mirzəyeva,

    KONKRET.az