Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” – Ermənilərlə əlaqəsi var ?

    Paytaxtda fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektləri, o cümlədən kafe və restoran adları ilə bağlı neqativ, xoşagəlməz tendensiya çoxlarına məlumdur. Heç kimə sirr deyil ki, bəzi sahibkarlar milli, tarixi yaşadan adlardan çox, əcnəbi isimlərə üstünlük verirlər. Həmin adların mənasını anlamaq üçünsə gərək şəhərdə əlimizdə lüğətlə gəzək…

    Amma bu dəfəki mənzərə lap ağ oldu. Şəhərin iki mərkəzi yerindəki restoran adlarını sakinlər, sosial şəbəkə istifadəçiləri ikrahla qarşılayıblar. Belə ki, “Mamajon” və “Foqalyan” adlı restoranlar insanın ağlına fərqli fikirlər gətirir.

    Məsələ barədə “Sherg.az”a münasibət bildirən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı belə hallara qarşı ciddi mübarizənin tərəfdarıdır:

    “Hər iki obyektin sahibi, onların nə məqsədlə fəaliyyət göstərməsi araşdırılmalıdır. “Mamajon” Orta Asiya adına oxşayır. “Foqalyan” isə, ümumiyyətlə, yolverilməzdir.

    Bu restoranı işlədənlərin, çox güman, ermənilərlə əlaqəsi var.

    Təəssüf ki, bəzi məmurların qohum-əqrəbası vasitəsilə düşmənlərə yol açıqdır.

    Bir daha deyirəm, belə hallar yolverilməzdir və ciddi araşdırma aparılmalıdır”.

  • Sabir Rüstəmxanlı: “”Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz”

    Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə Milli Məclis idi.

    Parlamentdə gərgin və qızğın müzakirələr, dartışmalar, fikir ayrı-seçkiliyi, replikalar olurdu. Cəmiyyətin gözü və qulağı həmişə deputatların çıxışlarında, mübahisələrində idi.

    Təbii ki, Milli Məclisdə müxalifəti təmsil edən deputatların say etibarı ilə bu günlə müqayisədə daha çox olması bu şəraiti şərtləndirirdi.

    Xatırlamaq yerinə düşər ki, o dövrdə AzTV parlamentin iclaslarından reportajlar təqdim edirdi, millət vəkillərinin sərt, maraqlı, ekspromt açıqlamaları həvəslə izlənilirdi. Yəni MM fikir davası, söz savaşı yeri, siyasət poliqonu idi.

    Təbii ki, bu polemikalar müxtəlif aspektdən olurdu – Qarabağ məsələsi, iqtidar – müxalifət münasibətləri, əhalinin sosial problemləri, siyasətçilərin qarşılıqlı ittihamları və s.

    Bu gün isə parlamentdə nadir hallarda səs-küylü çıxışlara rast gəlinir. Hətta bəzi deputatlar özlərini siyasətdən uzaq hesab edirlər, parlamenti siyasət meydanı saymırlar.

    Bir çox hallarda həmin deputatlar yaxasını kənara çəkirlər, nə parlamentin iclaslarında aktiv iştirak edirlər, qanun layihələrinə münasibət bildirirlər, nə mətbuatda gündəmdə olan hadisələrlə bağlı danışırlar.

    Bəzən onlara “lal” deputat belə deyilir. Halbuki parlament qanunverici orqan olmaqla yanaşı siyasi meydandır. Çünki ora həm də xalqın səsini çatdırmalı olanların tribunasıdır.

    Təkcə Azərbaycan deyil, Avropa Parlamenti, Türkiyə Böyük Millət Məclisi, Ukrayna Radası və digər ölkələrin parlamentləri gərgin müzakirələr yığıncağıdır.

    Hətta deputatların əlbəyaxa davaları, bir-birinə ağır ifadələri belə bu tribunadan səsləndirilir.

    1995-ci ildə parlament üzvü olmuş Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, o dövrlə bu dönəmi müqayisə etmək çətindir.

    Deputatın sözlərinə görə, 1995-2000-ci ilin parlamentində 25 nəfər demokratik düşərgədən idi, 25 nəfər hakimiyyətin adamı idi: “Bu mənada o parlamentdə dartışmaların olması təbii idi. İndi fərq böyükdür. Demokratik düşərgənin təmsil etdiyi adamlar azdır.

    Sabir Rüstəmxanlı: “”Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz”

    Hakimiyyətdən gələn qanun layihələri, qərarlar mübahisə oldu – olmadı qəbul edilir. Eyni zamanda demək lazımdır ki, o dövrdə hər şey təzədən qurulurdu. İndi dövlət qurulub, ölkənin müharibə, iqtisadiyyatla bağlı problemləri var. Bu məsələlərdə isə ciddi fikir ayrılığı yoxdur. Müxalifət də bəyan edib ki, Qarabağ məsələsində hakimiyyətlə fikir ayrı-seçkiliyimiz yoxdur”.

    S.Rüstəmxanlı qeyd etdi ki, iqtisadiyyatla bağlı fikir fərqləri var və bu da həm parlamentdə, həm mətbuatda müzakirə olunur.

    VHP sədri parlamenti siyasət meydanı hesab etməyən bəzi deputatların fikirlərinin yanlış olduğunu söylədi:

    “Ola bilsin ki, onların Milli Məclisə qədər siyasətə aidiyyəti olmayıb. Amma parlament başdan-ayağa siyasətdir. Parlamentə daxil olan adam siyasətlə məşğul olur.

    Hətta Milli Məclisin Mədəniyyət və yaxud İqtisadiyyat komitələrinin üzvləri də mədəniyyətin, iqtisadiyyatın siyasəti ilə məşğul olmağa, səs verməyə borcludurlar. “Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz”.

    Yeni Müsavat qəzeti

  • Millət vəkili Həsənabad qəsəbəsində salınan şəhidlər parkına baş çəkib-FOTO

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra millət vəkili rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında görülən işlərlə tanış olmuşdur. Məlumat üçün bildirək ki, parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaqdır. Həsənabad kəndində də aparılan işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə parkın açılışı olacaq.

     

  • Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşdü-FOTO

    Bu gün Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib. Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləmiş, problemləri ilə maraqlanmışdır. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəzi şikayətlər aidiyyatı qurumlara ünvanlanmışdır. Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak etmiş, yerundə həll oluna biləcək məsələlərə münasibət bildirmişdir. Görüşdə rayonun bəzi kəndlərinin yol və qazla bağll çətinliklərə xüsusi diqqət yetirilmiş, qısa müddət ərzində bir neçə kəndlərdə bu problemlər yoluna qoyulduğu bildirilsə də, bəzi kəndlərdə hələ də yol və mavi yanacaq probleminin qaldığı diqqətə çatdırılmışdır. Millət vəkili seçicilərin diqqətinə çatdırmışdır ki, bu məsələ ilə bağlı hökumətə etdiyi müraciət müsbət cavablandırılmış və dövlət proqramı təsdiq edilmişdir. S.Rüstəmxanlı bütün təkliflərin ümumiləşdirilərək, aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirmişdir. Vətəndaşlarla söhbətdə millət vəkili pandemiya ilə əlaqədar yaranan mümkün problemlərlə də maraqlanmış vətəndaşların qarşılaşdıqları problemlərin həllinə imkan daxilində köməklik göstəriləcəyini bildirmişdir.
    Millət vəkili qərargahda keçirilən qəbuldan sonra rayon ərazisində olmuş, vətəndaşlarla yerlərdə də səyyar görüşlər keçirmişdir.

  • Taksi sürücüsünün şəhid ailələrinə jesti alqışlandı: – “…Hər yerdə olmalıdır”

    Taksilərdən birində çəkilən foto sosial şəbəkələrdə geniş yayılıb və rəğbətlə qarşılanıb. Belə ki, salonun diqqətçəkən hissəsinə yerləşdirilən kağızda yazılıb: “Şəhid övladlarına gediş haqqı pulsuzdur…”.

    Bu, Azərbaycanda ilk belə hal deyil. Əvvəllər də dəfələrlə müxtəlif xidmət yerlərində, o cümlədən kafe və restoranlarda şəhid övladlarına güzəştlərin tətbiq edildiyi ilə bağlı elanları görmüşük. Bu isə o deməkdir ki, xalqımız öz şəhidlərinə sahib çıxır, onları unutmur.

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı bu xoş təşəbbüslə bağlı “Sherg.az”a fikirlərini bildirib:

    “Əlbəttə, belə güzəştlər hər yerdə olmalıdır. Şəhid ailələri, övladları öz üzərlərində cəmiyyətin diqqət və qayğısını hiss etməlidirlər. Onlar ailə başçılarının nahaq yerə şəhid olmadıqlarını bilməlidirlər.

    Amma bir məsələ var: bu prosesin praktik cəhətdən tətbiqi çox çətindir. Xidmət göstərənlər kimin həmin kateqoriyaya aid olub-olmadığını hardan biləcəklər?
    Etiraf etmək lazımdır ki, belə güzəştlərdən sui-istifadə etmək istəyənlər də az deyil”.

  • Sabir Rüstəmxanlı: “Tariximizə laqeyidlik Vətənə xəyanətə bərabərdir”

    Milli mədəniyyətimizin, milli irsimizin qorunması sahəsində rəsmi qrumların və vətəndaşlarımızın biganəliyi, mövcud problemlər dəfələrlə tənqid olunub. Ziyalılar, ictimai xadımlər bu istiqamətdə çatışmazlıqlardan dəfələrlə söz açıblar, həyəcan siqnalı çalıblar.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Millət vəkili Sabir Rüstəmxanlı mövzu ilə bağlı deyib ki, mədəniyyətin təbliği və mədəni abidələrinin qorunmasının indiki səviyyəsindən razı deyil: “Mədəniyyət sahəsinin acınacaqlı duruma düşdüyünü etiraf etmək lazımdır. Dediyimin quru söz olmadığını sübut etmək üçün Azərbaycan Mədəniyyət Nazirliyinin fəaliyyət çərçivəsinə daxil olan bəzi mühüm sahələrə diqqət yetirək. Bunlardan birincisi və mənim düşüncəmə görə ən əsası tarixi abidələrin qorunmasıdır. Azərbaycanın coğrafi yerləşməsi və bu torpaqlar üzərindəki qanlı çarpışmalar bir çox dəyərli mədəniyyət abidəmizin bu günə qədər gəlib çatmasına imkan verməmişdir. Üstəlik zəlzələlər, qədim Şamaxının, Gəncənin, Təbrizin tarixi görkəmini dəfələrlə məhv etmişdir. Amma nə qalırsa ona da şükr etməli və bu qalanları göz bəbəyi kimi qorumalıyıq. Ermənilərin əlində olan İravan, Zəngəzur, Göyçə mahallarında və Qarabağda olan abidələrin dağılmasını haqlı olaraq dünyaya car çəkirik. Bu narahatçılığımızın və düşmənin vəhşiliyini göstərən aydın mövqeyimizin müqabilində gərək öz əlimizdə olan tarixi abidələrimizə münasibət köklü şəkildə dəyişilsin, milli mənəvi və tarixi dəyəri olan hər daşa, kərpicə iriliyindən kiçikliyindən asılı olmayaraq hər tarix yadıgarına qat-qat artıq diqqətlə yanaşılsın. Təəssüf ki belə deyil. Rayonlarımızı gəzib tarixi abidələrimizin nə gündə olduğunu görəndə, Mədəniyyət Nazirliyimizin bu sahədəki işi ancaq qəzəb doğurur. O da bəllidir ki, dövlət bu sahəyə hər il müəyyən miqdarda vəsait ayırır və təəssüf ki, bu vəsait abidələrə çatmamış buxarlanıb, gedir. Mədəniyyətimizin bəzi sahələrinə və bəzi tarixi abidələrə Heydər Əliyev fondunun qayğısı istisna təşkil edir. Təəssüf ki, abidələrin bərpa işi də bir sıra hallarda qeyri peşəkarlara və hətta bu abidələrin dağılmasına maraqlı olan adamlara tapşırılıb. Qusardakı Şeyx Cuneyd məqbərəsinin və Nəvaidəki Pirsaat kompleksini bərpasının vaxtilə erməlilərə tapşırıldığı kimi.

    Üstəlik Bakının İçəri şəhəri, Şəkinin tarixi abidələri, Yanar dağ, Atəşgah və sairə məşhur və nisbətən bərpa olunmuş yerlər də bizə məlum olmayan mülahizələrlə turizm agentliyinə verilmişdir. Turizmin təbliğatının əhəmiyyətini başa düşürük, lakin bərpa və qorumaq sahəsində nə iş görə bilərlər, bizə bəlli deyil. Qorxuruq ki, Mədəniyyət Nazirliyindən daha laqeyid yanaşsınlar. Tarixi abidələr də dədə və babalarımızın bizə əmanət qoyduğu yadigarlardır. Ona və onun təmirinə ayrılan pulu necə yemək olar? Bu ürək ağrıdan bir haldır. Aparılan bərpa işləri də çox bərbad vəziyyətdədir. son vaxtlar payaxtda tarixi abidələrin bərpa işləri gedir. Bu “bərpa”dan sonra abidədən heç nə qalmır. Onu memarlıq incisi edən elementlər yoxa çıxır. Elə Bakının özündə yerləşən tarixi binalarda bərpa-yenidəqurma işləri aparıldıqdan sonra o binlarda tarixdən əsər-əlamət belə qalmadı. “Bərpa” adıyla abidələrin xarici görünüşü təhrif olunur. Tarixə biganəlik var. Bu açıq-aşkar görünür”. S.Rüstəmxanlı tarixi abidələrlə bağlı daha bir problemin arxeloji qazıntılar sahəsində olduğunu bildirib: “Azərbaycan torpağının altı da üstü də tarixdir. Torpağın altında min illər öncəki tariximizi aydınladan yüzlərlə abidələr var. Bu abidələr üzə çıxarılmalı, araşdırılmalı və keçmişizə işıq salan abidə kimi gələcək nəsillərə çatdırılmalıdır. Bu işdə Mədəniyyət Nazirliyi, Tarix İnistitutu xüsusilə məsuliyyət daşıyır.”

    Millət vəkili həmçinin bildirib ki, mədəniyyətimizin başqa bir son dərəcə mühüm və milli taleyimiz üçün əhəmiyyətli sahəsi rayonlarımızdakı, kəndlərimizdə mədəniyyət evləri, klublar və kitabxanalardır: “Təəssüf ki, adları çəkilən mədəniyyət ocaqları son illərdə sanki düşünülmüş şəkildə yarıbayarı azaldılıb. Yerdə qalanları da illər uzunu təmir edilmir. Nazirliyin əməkdaşları bu mədəniyyət ocaqlarına “Qətliam” ehtirasını güya kitabxanalara gedənlərin azlığı və yeni kitabların kitabxanalara gedib çatmaması, binaların köhnəliyi ilə izah edirlər. Üzürü günahından betər. Nazirlik ildə cəmi 50-60 kitab buraxır və onun da tirajı da 500-1000 nüsxədən artıq olmursa, burada kitabxanaların nə günahı?! Niyə ənənəvi bir korrektor sistemi bərpa edilməsin. Mədəniyyət nazirliyinin əsas işlərindən biri hər il nəşriyyatlarda buraxılması nəzərdə tutulan kitablara sıfariş verib, hər kitablara heç olmasa bir nüsxə mövcud kitabxanaların hər birinə göndərməkdir. Vaxtilə dövlət bu işə müəyyən miqdarda vəsait ayırırdı. İndi o vəsait tamamilə dayandırılıb, niyə? Əslində bu Azərbaycan büdcəsinə heç bir ağırlıq etməyəcək, xırda bir vəsaitdir, amma Azərbaycan kitabının nəşriyyatlarının kitabları və nəhayət müəlliflərin, oxucuların taleyində az qala inqilabi bir dəyişiklik olar. Həm kitablar gedib ən ucqar kəndlərimizə çatar, həm kitabların tirajı artar, həm nəşriyyatların sabiq durumu yaxşılaşar və bu yolla müəlliflər də müəyyən miqdarda qanarar ala bilər. Yəni bu boyda əhəmiyyətli bir işi necə qulaq ardına vurmaq olar?! Mədəniyyət Nazirliyinin vəzifəsi müxtəlif bəhanələrlə mədəniyyət evlərinin qapısından qıfıl asmaq yox, adamların bu ocaqlara cəlb edilməsidir. Ümumi mədəniyyət səviyyəsinin yüksəldilməsinə çalışmaqdır”.

    S.Rüstəmxanlı mədəniyyət işinin ən mühüm sahələrindən biri kinomotaqrafiya sahəsaindəki problemlərə də diqqət çəkib: “Bu gün bütün dünyada kino işi həm dövlətlərin milli-mənəvi gücünün göstərilməsi, həm sənətkarlıq, həm də iqtisadi baxımdan son dərəcə əhəmiyyətli və cazibədar bir yaradıcılıq və qazanc sahəsinə çevrilmişdir. Filmlər bir sıra ölkələrin siyasətlə, diplomatiya və savaşla deyə bilmədiklərini deyir. Bu gün Azərbaycanın müharibə şəraitində olması, ölkımizə qarşı ciddi anti təbliğat prosesi getdiyi bir vaxtda filmlər azərbaycanın informasiya savaşının ən mühüm bir qanadı və gücü ola bilər. Bunu dərk etmək o qədər də çətin bir iş deyil. Təəssüf ki, bu gün Azərfilm kino studiyası dağılmış bir vəziyyətdədir. Halbuki, binanın təmiri və yeni texnika ilə təchizi barədə illərlə danışıq gedir, amma ortada bir iş yoxdur. Ayrı-ayrı praduserlərin çəkilişləri dövlət studiyasını əvəz edə bilməz. Milli mədəniyyətimizin təbliğatı sahəsindəki uğurları ilə də öyünə bilmərik. Teatrlarımızın, musiqi kollektivlərinin peşəkarlıq səviyyyəsi ildən ilə aşağı düşür. Belə bir təsəvvür yaranır ki, bizim nazirliyin işi Azərbaycan mədəniyyətinin xaricdə təbliq etməkdən daha çox başqa mədəniyyətləri Azərbaycanda təbliğ etməkdir. Multi kulturaizm adı altında bəzən azərbaycanı vahid bir gücə çevirən mədəniyyət birliyi unudulur”.

    S.Rüstəmxanlı deyib ki, son illərdə ölkənin rayonlarında klublar, kitabxanalar yarıbayarı azalıb, işçilər işdən çıxarılıblar, həmin binaların kimlərə verildiyi bilinmir. Onun qeyd etməsinə görə, Mədəniyyət Nazirliyinin xətti ilə ildə 500-1000 nüsxə olmaqla 50-60 kitab nəşr edilir, onlar da kitabxanalara belə çatmır: “Bu gün rayonlarda kitabxanalarımız yarı-yarıya ixtisara düşüb, mədəniyyət evləri təmir olmadığı üçün pis gündədir. Yeni çapdan çıxan kitablar rayon kitabxanalarına göndərilmir”. Millət vəkili hesab edir ki, əsas təbliğat vasitəsi filmdir, bütün ölkələr yeni filmlər yaradırlar, Azərbaycanda isə texniki təchizat və başqa səbəblər üzündən yeni filmlər çəkmək mümkün deyil. S.Rüstəmxanlının fikrincə, abidələrinin qorunması da yetərli deyil: “Abidələrin qorunması üçün kifayət qədər vəsait ayrılır, amma normal bərpa edilən bir abidə yoxdur, bu işdə sistem görünmür. Milli mədəniyyətin təbliği çox aşağıdır, bununla da heç nə etmək olmaz”.

    Bir müddət öncə keçirilən əməliyyat mədəniyyət nazirliyindəki problemləri də üzə çıxardığını bildirən millət vəkili bildirb ki onsuz da tarixi abidələrimiz az qalıb, onların da hansı vəziyyətdə olduğu hər kəsə bəllidir: “Mən bütün detalları bilmirəm, ancaq tarixi abidələrə ayrılan pullar mənimsənilibsə, bu böyük cinayətdir. Keçmişə, tariximizə edilən xəyanət Vətənə xəyanətə bərabərdir. Ölkədə mövcud rüşvət, korrupsiya hallarının qarşısının alınması məqsədi ilə aparılan əməliyyatların nəticəsində mədəniyyət nazirliyində üzə çıxan mədəniyyət düşmənçiliyi halları, mədəniyyətə ayrılan pullara göz dikmək şərəfsizliyi utancverici bir haldır. Arzu edərdik ki, mədəniyyət nazirliyinin yeni rəhbəri bütün bu halları nəzərə alsın, mədəniyyət işinə can yandıran bütün ziyalıların fikir və təkliflərini nəzərə almaqla doğurdan da yeni bir strategiya hazırlasın və mədəniyyətimiz bu biganəlik zolağından çıxartsın”.

  • Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI

    “Azərbaycanda müxalifət partiyaları yarandığı gündən bu yana, bütün birlik çağırışları boşa çıxıb, baş tutmayıb”.

    Bu sözləri Modern.az-a müxalifət nümayəndələri arasında anlaşılmazlıqların və polemikaların səbəbini izah edərkən, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, qısa müddət üçün müxalifət nümayəndələri bir araya gəlsə də, sonradan bəzil daxili və xarici qüvvələrin təsiri ilə siyasi birlikdən, dialoqdan uzaqlaşıblar:

    “Maraqlar fərqli olduğu üçün birləşmək cəhdi mümkün olmayıb. Müharibə şəraitində yaşayan bir dövlət olaraq içimizdəki parçalanmalar bizim üçün faciədir və millətin taleyi üçün çox ağır bir hadisədir”.

    Sabir Rüstəmxanlı, son zamanlar xüsusilə diqqət çəkən ReAl Partiyasının sədri İlqar Məmmədov və siyasi fəal Bəxtiyar Hacıyev arasındakı polemikadan da danışıb. Partiya sədri konkret olaraq İlqar Məmmədov və Bəxtiyar Hacıyev arasındaki konfliktin səbəbini bilmədiyini vurğulayıb:

    “Lakin özünü milli, demokratik sayan, torpaqlarımızın bütünlüyü üçün çalışan hər bir şəxsə birlikdə olmağı tövsiyə edirəm”.

    Aysel ASLAN

    modern.az

  • VHP Abşeron rayon təşkilatının sədri dəyişdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının konfrans səlahiyyətli yığıncağı keçirilib.

    Təşkilatın sədr əvəzi Faiq Əliyev təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirdi ki, partiya Siyasi Şurasının qərarı ilə təşkilat buraxılıb: ” “Covid19” pandemiyası ilə bağlı yığıncaqlar keçirilmir. Buna görə də, qərara aldıq ki, özək təşkilat sədrlərinin iştirakı ilə konfrans səlahiyyətli yığıncaq keçirək. Pandemiya bitəndən sonra təşkilatın tam tərkibdə konfransı keçiriləcək”.

    Iclasın gündəliyinə uyğun olaraq təşkilati məsələlərə baxıldı. Açıq səsvermə yolu ilə İlqar Salmanov təşkilata sədr seçildi. Taleh Əliyarov birinci, Vaqif Abdullayev, İlkin Vəliyev və Nurəddin Məmişov isə müavin seçildilər.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və MNTK sədri Felmar Ələkbərov ölkədə baş verən ictimai-siyasi vəziyyət, pandemiya və partiya fəaliyyətindən geniş danışdılar.

    Sonda İlqar Salmanov görəcəyi işlər, nəzərdə tutulan fəaliyyət barədə danışdı.

  • Fəzail İbrahimli: “ATƏT-in Minsk Qrupu buraxılmalıdır”

    ATƏT Minsk qrupunun vaxtı ilə yaradılması absurd məsələ idi. Bu qurum yaradılışından şikəst və ölü dünyaya gələn uşağı xatırladırdı. Minsk qrupunun tərkibi bölgədə marağı olub, ancaq maraqları və üst-üstə düşməyən ölkələrdən formalaşdırıldığından Qarabağ münaqişəsinin həllində ciddi addımlar atacağını gözləməyə dəyməzdi. Həmsədr ölkələrin heç biri bu maraqlarından geri çəkilmək niyyətində deyil. Belə olan halda bu ölkələrdən münaqişənin həllində ədalətli mövqe sərgilməsini gözləməyə dəyməz”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Vitse-spiker və  VHP sədrinin Fəzail İbrahimli bildirib.

    Milli Məclis Sədrinin müavinin sözlərinə görə,  digər əsas  məqam isə  Minsk Qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərlə bağlı üzərində hər hansı öhdəlik və ya cavabdehliyin olmamasıdır. “Üzrələrinə düşən vəzifəni icra edə bilmədikləri üçün istefaya göndərilsin və ya buraxılmasını tələb etmək üçün də hər hansı mexanizm yoxdur. Bu qeyri-müəyyən bir qurumdur. Növbəti bir məqam isə ATƏT-in Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ilə bağlı sərgilədiyi  mövqedir. Bu qurum hələ indiyədək  rəsmi sənədlərində Ermənistanı işğalçılıq siyasəti  və bu siyasətdən əl çəkməsi barədə bir kəlmə  də ifadə yoxdur. Sadəcə olaraq ümumi şəkildə sənədlərdə Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilməlidir. Elə bil ki, bu torpaqları naməlum qüvvələr və yaxud da yadplanetlilər işğal edib, kimliyini müəyyən etmək mümkün deyil.

    Biz yalnız o zaman bu qurumun fəaliyyətinə ümid edə  bilərik ki, işğalçı Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməsi istiqamətində konkret addımlar atırlar. Ermənistanın qarşısında yürütdüyü işğalçılıq siyasətindən geri çəkilməsi üçün tələblər qoyur və ya sanksiyalar tətbiq edir”- Milli Məclis Sədrinin müavini qeyd edib.

    Millət vəkili əlavə edib ki, baxın, beynəlxalq təşkilatlar, xüsusən də Qərb ölkələri  Belarusda keçirilən  prezident seçkilərindən sonra baş verən hadisələrə görə bu ölkəyə və Rusiyaya ultimatumlar verir, təzyiqlər edir, sanksiyalarla hədələyir: “Yeni seçkilərin keçirilməsi tələb olunur. Amma ATƏT və ya MQ həmsədr ölkələr nə zaman işğalçı Ermənistana qarşı belə bir mövqe sərgilədilər?!  ATƏT MQ  özünə hörmət qoyan qurumdursa, bu məsələdən əl çəkməlidir. Münaqişə tərəflərinə deyirlər ki, aranızda razılaşın. Əgər iki ölkə özü məsələni həll edəcəksə, onda Minsk qrupu nəyə lazımdır?! Minsk qrupu dünyanın gözünə kül üfürmək  üçün yaradılna qurumdur. Bu qurum əslində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqla məşğuldur. Vaxtı uzatmaqla  münaqişənin Ermənistanın xeyrinə həll olunmasına çalışır. Lakin unudurlar  ki,  Azərbaycan tərəfi işğalla barışmayacaq və cənab Prezident bunu dəfələrlə bəyan edib.  Ali Baş Komandan açıq surətdə bəyan edib ki, gəl təkbə-tək  vuruşub məsələni həll edək. Bu əslində Ermənistanın arxasında duran ölkələrə mesajdır ki, çəkilin. Maneçilik yaratmayın problemi özümüz həll edə bilərik. Odur ki, bu quruma artıq inam yoxdur. Azərbaycanda orta məktəbdə oxuyan şagirdi də, ATƏT-in fəaliyyətisizliyi və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır. Ya bu təşkilat fəaliyyətini dayandırmalıdır, ya da Türkiyə  bura cəlb edilməlidir. Əgər Türkiyə cəlb edilərsə, hansısa ümidlər olar. Türkiyə məsələnin ədalətli həlli istiqamətində səylərini ortaya qoyar”.
    Milli Məclis Sədrinin müavini  eyni zamanda  Volkan Bozkırın BMT Baş Assambleyasına prezident seçilməsi və Baş Assambleyanın 75-ci sessiyasına  sədrlik məsələsində  mövqeyini açıqlayaraq deyib ki,  təcrübəli türkiyəli diplomatın belə bir quruma rəhbər seçilməsi sevindirici haldır: “ Hesab edirəm ki, türkiyəli diplomat  ən azından Azərbaycanın maraqlarına cavab verməyən ədalətsiz qərarların və məsələlərin gündəmə gətirilməsinə imkan verməyəcək”.

    Mürtəza
    Ölkə.Az

  • Sabir Rüstəmxanlı: “ATƏT Minsk Qrupunun fəaliyyəti işğalçıya dəstək verməkdən ibarət olub”

    “ATƏT Minsk Qrupu həmsədrləri formalaşdıqdan qısa zaman sonra mən demişdim ki, bu normal qurum deyil və bu bir turist təşkilatıdır. Münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən bu qurumun yaranmasında 30 ilə yaxın vaxt keçsə də heç bir fəaliyyət göstərmir. Ona görə də indi hamı bu qurum haqqında zamanında dediyim turist təşkilatı fikrini tez-tez təkrar edir”.

    Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Onun sözlərinə görə, əslində Minsk Qrupunun bu ötən müddət ərzindəki fəaliyyəti işğalçı Ermənistana dəstək vermək olub. “Minsk Qrupu həmsədr ölkələri gözləyir ki, ata-baba yurdunu tərk edən insanlar bir nəsil aradan getsin və torpaqlar yadan çıxsın, ora xarici ölkələrdən erməniləri, terrorçuları köçürüb yerləşdirmək, müəyəyn işlər görməklə Azərbaycanı fakt qarşısında qoymaq istəyirlər. Çalışırlar ki, Azərbaycan  məğlubiyyətlə barışsın. Minsk qrupunun əsas fəaliyyəti bundan ibarətdir”- Sabir Rüstəmxanlı qeyd edib.

    Millət vəkili əlavə edib ki,  Minsk Qrupu həmsədri olan Fransanın Türkiyə və Azərbaycana mövqeyi bəllidir: “ Fransa birmənalı olaraq erməniləri dəstəkləyir.  Rusiya da eyni mövqedədir. Ermənistanı silahlandırır.  ABŞ-ın da mövqeyi bəllidir. Bu ölkələrin hamısı Qarabağ məsələsində beynəlxalq hüququ ayaq altına atırlar və ona biganə yanaşırlar. Çünki maraqlarında deyil.   Onlar  dünyanı kar yoxsa kormu hesab edirlər, nədir?  Bu qədər sərsəmlik olmaz ki…  ATƏT MQ-nin fəaliyyətsizliyi ortadadır. O baxımdan verdikləri bəyanatlardan da heç nə gözləməyə dəyməz”.

    Millət vəkili onu da bildirib ki,  ATƏT MQ ancaq işğalçı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatdan 3 ay keçəndən sonra guya “intensive fəaliyyətə” keçdiiyni bəyan edərək tərəfləri danışığa dəvət edir: “Bu  nə deməkdir. Kimi aldadırlar.   Bütün dünya işğalçı Ermənistanın təxribatlaırnın  məqsədi bildiyi halda MQ bu barədə bir kəlmə də deyib, işğalçını qınamır, ancaq tərəfləri şərtsiz danışıqlara dəvət edir. Bu nə deməkdir?!  Niyə indiyədək səsini çıxarmayıb?!  Əgər Minsk Qrupu həmsədr ölkələrini niyyəti olsaydı   Ermənistanı çoxdan yerində otuzdurardı. Lakin onların belə bir niyyəti yoxdur. Ona görə də ATƏT MQ-dən ümid bəsləməyə dəyməz. Onun belə bir niyyəti yoxdir və ümid bəsləməyə dəyməz və bu əbəsdir. Bu təşkilatın işi  hər vasitə ilə işğalçı Ermənistana dəstək verməkdir”.

    Mürtəza
    Ölkə.Az