Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Abdulla Əmir Haşimi Cavanşir-70

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri 70 illik yubileyi münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir: “İranda yaşadığı illərdə başı müsibətlər çəkmiş, həbslərə düşmüş, nəhayət, gizli yollarla Bakıya, buradan isə Avropaya mühacirət etmiş dəyərli ziyalımız Abdulla Əmir Haşimi Cavanşirin 70 yaşı tamam olur. Abdulla Haşimi  ötən əsrin 70-ci illərindən, hələ gənc yaşlarından Azərbaycanın güneyində milli istiqlal və hürriyyət uğrunda mübarizənin ön sıralarında olmuş, gizli təşkilatlardan tutmuş açıq siyasi təbliğatadək fəaliyyətdə olmuşdur. Texnoloji ixtisasa yiyələnməsinə baxmayaraq, Abdulla Əmir Haşimi milli-mənəvi dəyərlərimizlə bağlı, Ana dilimizin qorunması  sahəsində böyük xidmətlər göstərmişdir. Onun  Azərbaycan-türkcəsinə dair tərtib etdiyi  lüğətlər və  sözlərin dəqiq mənasını öyrənərək yeri-yerində işləilmsi üçün Güney Azərbaycan boyunca apardığı fədakar fəaliyyət əvəzolunmazdır. Abdulla bəin dilimiz, tariximiz, milli mental dəyərlərlə bağlı  araşdırmaları  böyük elmi əhəmiyyət daşıyır. Harda yaşamasımdan asılı olmayaraq Aabdulla Əmir Haşimi Azərbaycan üçün, Azərbaycan naminə çarpışmışdır. Onunla Dünya Azərbaycanlıları Konqresində birgə fəaliyyətimiz bu böyük mübarizə və fikir adamımızın Vətən sevgisini bir daha göstərdi.  Abdulla bəyi doğum günü  münasibətilə təbrik edir , ona  Bütöv və Azad  Azərbaycanda yaşamağı diləyirik”.

  • Sabir Rüstəmxanlı: “Dil işğalı da elə torpaq işğalı kimidir”

    Məlum olduğu kimi, iyun ayının ikinci yarısından etibarən “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə Bakıda ticarət və xidmət obyektlərində dövlət dilindən düzgün istifadə edilməməsi, əcnəbi dillərin Azərbaycan dilini sıxışdırmasına etiraz əlaməti olaraq ölkənin tanınmış ziyalılarından imzalar toplanaraq müvafiq orqanlara, millət vəkillərinə və vəzifəli şəxslərə müraciətlər ünvanlanıb.

    Müraciətə dəstək verənlərdən biri, millət vəkili, Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, Xalq şairi Sabir Rüstəmxanlı “ilkxeber.org” saytına müsahibəsində bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

    – Son illər Azərbaycan cəmiyyətində ədəbi dil müzaklirələri səngimir. Bu narahatıqları əsaslı hesab edirsinizmi? Bu gün ədəbi dildən istifadədə hansı nöqsanlar daha qabarıq nəzərə çarpır?

    -Dil millətin əbədi qayğısıdır. Nə qədər millət var, yaşayır, o öz dilini qorumalı, inkişaf etdirməlidir. Torpağını kənar hücumlardan qoruduğu kimi, dilini də kənar, yabançı sözlərdən qorumalısan. Bu, qanundur. Başqa cür mümkün deyil. Ona görə də dünyanın bir çox ölkələrində, baxmayaraq ki, o ölkələr beynəlxalq aləmdə geniş nüfuz sahibidir, onların dili bir neçə ölkədə oxunur, yayılır, onlar öz dillərini qorumaq üçün tədbirlər görürlər. Məsələn, Almaniyada Dil Gömrüyü var. O xətti keçmək olmaz. Sözlər araşdırılır, sözlərdən hansı keçə bilər, hansı yox.

    Yaxud, deyək ki, Kanadada Kvebek bölgəsi var. Kanada ingilisdilli olsa da, Kvebekin dili fransız dilidir. Fransızlar Kanadada – başqa bir dövlətin içində öz dilərini qorumaq üçün Dil polisi yaradıblar .Mən bir dəfə dedim, jurnalistlər o dəqiqə başladılar yazmağa ki, polis az idi, biri də dil polisi… Amma bu polis o polisdən deyil.

    Dövlətin içindəki bir vilayət öz dilini belə qoruyur. Çoxlu belə misallar çəkmək olar. Azərbaycan dili ilə bağlı vəziyyət narahatçılıq doğurur. Çünki son illərdə Sovet dövründəki kimi biz dilimizə biganəyik. Təkcə dilimizə yox, görünür, elə həm də tariximizə, taleyimizə biganəyik. Biganə olmasaq, 28 ildir, soyadlarının milliləşdirilməsi haqqında qanun qəbul olunub, amma hələ də sıravi vətəndaşları demirəm, məmurlarımız dövlətin verdiyi qərara etinasız yanaşırlar, millətin mənafeyi istiqamətində bir addım atmaq istəmirlər. Bu, işin bir tərəfidir. Həm də məmurlar şərait yaratmalıdır ki, köhnə pasportlarda soyadları dəyişdirilsin. Heç olmasa, indi doğulan uşaqların soyadını azərbaycanca yazsınlar. İndi fikurləşirəm millət vəkillərinə , ziyalılara, müəllimlırə müraciət edim ki , niyə soyadın sonundakı “ov “, “ova”dan əl çəkmirsiniz? Bu da dil problemidir.

    Brend mağazalarda adların böyük hərflə yazılması da düzgün deyil. Qanuna görə, Azərbaycanda heç bir reklam lövhəsi Azərbaycan türkcəsindən böyük yazıla bilməz. Bunlar hamısı qayğıdır. Bakının küçələrində rusca danışanların sayı getdikcə artır. Nəyə görə? Çünki Bakıda rus məktəblərinin sayı artır. Millət də bundan narazı qalır. Deyək ki, torpaqlarımızı işğal eləyiblər. Bunu işğaldan təmizləmək üçün vuruşmaq lazımdır. Təkcə Ermənistanla yox, dünyanın bir çox ölkələri ilə savaş aparmalısan, başa salmalısan ki, bu, mənim torpağımdır, onu geri almalıyam. Bu, aydındır. Amma dil necə? Bu dili ki qorumaq silah-sursat istəmir. Bu, şüur istəyir. Bəzi məmurlarımız da fəxr eləyirlır ki, bizdə rus məktəbləri çoxdur, yüzlərlə, 10 minlərlə azərbaycanlı rus dilində oxuyur. Bu, həmin uşaqları şikəst eləməkdir. Çünki onlar özlərini gələcəkdə bu torpaqda naqolay hiss edəcəklər. Ona görə də narahatçılığa əsas var. Ədəbi dildən istifadədə nöqsanlara yol verilmə halları, birinci, rus məktəbləri ilə əlaqədardır. Rus məktəblərində oxuyanlar heç vaxt ana dilində danışa bilməyəcəklər. Azərbaycanda onların ən yaxşı oxuyanı da, ən pis oxuyanı da, ziyalısı, qeyri-ziyalısı da…

    İkincisi, psixoloji cəhətdən onlar Azərbaycan varlığından, Azərbaycan ruhundan daha çox rus varlığı, rus tarixi, rus ədəbiyyatı ilə tanış olacaqlar, onlara onu öyrədəcəklər. Ən böyük nöqsanlardan biri budur. Ölkəmizə əcnəbilər gəlir. Biz onları öyrətməkdənsə, özümüz çalışırıq onların dilini öyrənək. Bilirsiniz, hələ ziyalılar deyir, onsuz da gələcəkdə bir dil olacaq. Deyirəm, Makedoniyalı İsgəndərin vaxtında bütün romalılar filirləşirdilər ki, dünya gələcəkdə latın dilində danışacaq. Amma imperiya dağıldı, dil də getdi. Osmanlı imperiyası dövründə bütün Avropa türk dilini öyrənməyə can atırdı. Osmanlı imperiyasının icazəsi olmadan Aralıq dənizinə belə girə bilmirdilər. İmperiya getdi, türk dilinin etkisi də getdi. Rus dili də elə. Rusiya imperatorluğu dağıldı və oradan qopan dövlətlər hərə öz dilini inkişaf etdirdi. Günün burində Amerika və İngiltərə də indiki nüfuzunu itirəcək və onda onların dili də nüfuzdan düşəcək.

    Vaxtilə almanlar, ingilislər, ruslar Avropada fransız dilində danışmaqları ilə fəxr edirdilər. İndi də ingilis dili onun yerini tutub, amma bu da əbədi deyil .Vaxtilə İslam aləmində hamı ərəbcə danışmaq istəyirdi, fars təsiri olan yerdə hamı farsca. Yəni hər aşiqin dövranı var də, qalxır, yüksəlir, hegemonluq edir. Sonra da çöküb gedir. Amma hər xalqın öz dili qorunur, qalır və qalacaq bundan sonra da.

    – Telekanalların dili ilə bağlı iradlar xüsusi qeyd edilməlidir. Aparıcı və qonaqların nitqində varvarizmlər, dialekt sözləri geniş yer alır. Rəhbərlik etdiyiniz Azərbaycan Dil Qurumu bu sahədə monitorinqlər keçirirmi?

    – Mən dünən “Feysbuk”da bu barədə yazmışdım. Azərbaycanda poçt xidməti çox eybəcərdir. İki dildə yazırlar çeki. Azərbaycanda fəaliyyət göstərən alman aptekləri var. Onsuz da onu almancadan çevirir. Malını satırsa, dərmanların izahını azərbaycanca çap elətdirməlidir. Adi vərəqdir. O vərəqi də rusca buraxır. Çünki bizi saymır, özümüzü o yerə qoymuşuq. Hesab edir ki, rusca olsa, bəsdir. Amma ondan tələb eləmək lazımdır ki, bura Azərbaycandır. Yaxud mənə məktub gəlir səfirliklərdən. Bir neçəsinə mən yazıram ki, dəvətinizə görə təşəkkür edurəm, amma mən ingiliscə bilmirəm. Mənə azərbaycanca göndərin və göndərirlər. Yəni millət öz dilini qoruyanda ona hörmət də edərlər, əlbəttə.

    Bilirsiniz, bizim televiziyamızın iki bəlası var: biri odur ki, ədəbi dildən xəbərsiz, əyalətlərdən gələn adamlar elə bilir, elə kənddə ləhcəsi necədirsə, o cür də danışmaq olar. Bu, o qədər də böyük bəla deyil, tədricən ondan azad olacaq .O ləhcələr bizim dilin qaynaqlarıdır. Ləhcələrdən gələn sözlərlə dilimiz getdikcə zənginləşir. Amma bir də var ki, öz ana dilində oxumayan adamlar utana-utana çıxırlar, onlar üçün komfort yoxdur, həmişə sıxıntı çəkirlər, onlar yaşa dolanda ata-analarını söyürlər ki, niyə bizi vaxtında ana dilində oxutmayıblar. İndi vəzifəyə gəlirik, iş görmək, camaatla danışmaq istəyirik, amma dili bilmirik. Dili öyrənmək elə-belə asan iş deyil. Ona görə də bir hissəsi çıxırlar televiziyaya millət vəkilidir, vəzifə sahibidir, nazirdir, istəyir öz ana dilində danışsın, amma danışa bilmir. Danışa bilmir, öyrənə bilmir, çətindir. Onlar öz ana dilində oxumamağının cəzasını indi çəkirlər. Başa düşmürlər və yaxud bilərəkdən nitqlərinə bəzi rus sözlərini, kənar dillərin sözlərini qatırlar ki, guya bunlar “intiligentdir”lər, guya bunlar şəhər uşağıdırlar, guya bunlar müasir ziyalıdırlar. Yarısı öz dilində, yarısı kənar sözlərlə danışırlar.

    Analarımız, qadınlarımız, birinci onlar öz uşaqları ilə məşğul olmalıdırlar. Vaxtilə Ö.F. Nemanzadə yazırdı ki, mən bilmirəm, bizim analarımız öz dillərindən niyə bu qədər iyrənirlər? O, açıq deyirdi ki, iyrənirlər. Küçədə gedirsən, analar uşaqları ilə rusca danışırlar. Sən azərbaycanlısan, Azərbaycanda yaşayırsan, niyə bu balaca körpə ilə öz dilində danışmırsan, şikəst eləyirsən, ona öz dilini öyrətmirsən? Bu analardan, ailılərdən çox çey asılıdır. Ona görə də televiziya ailəyə təsir edir, ailə televiziyaya təsir edir. Belə qarşılıqlı təsirlər var. Bir nöqsan başqa nöqsanı doğurur. Bir səhlənkarlıq başqa bir səhlənkarlığa yol açır. Azərbaycan dövlətinin bu mənada iradəsi göz qabağındadır. Azərbaycan qanunlar qəbul edib. Azərbaycan prezidenti İ. Əliyev dəfələrlə bu məsəələr barədə danışıb, sərəncam imzalayıb, fərman verib. Ana dilini qorumaq və inkişaf elətdirmək proqramı hazırlanıb, Dil Komitəsi yaradılıb və mən də o Komitənin üzvüyəm. Bundan artıq nə etmək lazımdır? Yerdə qalır camaatın öz öhdəsinə. Biz vaxtilə çox monitorinqlər keçirmişık. Son illərdə bir az başımız qarışıq oldu, iş görə bilmədik. Əvvəlki illərdəki kimi fəal deyilik, şərait yoxdur.

    – Bakının əcnəbi dillər tərəfindən “işğalı” ilə bağlı minə yaxın ziyalının “həyəcan təbili” görünməmiş ictimai rezonans doğurandan sonra qardaş Türkiyədə də bu məsələ prezident R.T. Ərdoğan səviyyəsində müzakirə olundu. Qloballaşma şəraitində milli dillərin qorunması istiqamətində səylərin geniş vüsət alacağına və nəticə verəcəyinə inanırsınızmı?

    – Türkiyə bu işlə 30-cu illərdən məşğuldur. İlk addımlar da atıblar. Amma orda da fransızcadan, ingiliscədən keçən sözlər çoxdur. Ona görə, əlbəttə, dövlət səviyyəsində bu işlə məşğul olmaq lazımdır. Amma, eyni zamanda, hər kəsin bir şəxsi heysiyyəti olmalıdır. Şübhəsiz, inanıram, ingilis dilini öyrənəcəklər, böyük dillər də öyrəniləcək, dünyada, ola bilsin, sabah yox, birisi gün, ya ki-üç il sonra bu dili öyrənməyə ehtiyac qalmayacaq. Çünki bu gün əlinizdə tutduğunuz telefon tərcümə işini yerinə yetirir və bu bir az da təkmilləşəcək, dilmanclara ehtiyac olmayacaq. Gələcəkdə hər kəs öz dilində danışacaq, amma əllərindəki telefonlar onları bir-birinə tərcümə edəcək. Ona görə də milli dildən imtina insanı şikəst eləyir. İnsan öz dilində düşünməlidir. Öz dilini bilməli, intelektini öz dilində inkişaf elətdirməlidir. Başqa cür mümkün deyil. Dillər də elə torpaqdan cücərir, havadan yağış kimi yağır. Dillər də elə insanın o torpağın altında yatan dədələrinin, babalarlnın ruhudur. İngilis olmaq istəyirsən, get ol ingilis. Rus olmaq istəyirsən, get ol rus. Amma sən Azərbaycan türküsən, azərbaycanlısan, burda yaşayırsan, sənin də dilin olmalıdır bu torpağın dili, bu dövlətin dili.

    – Bəziləri əcnəbi dillərin Bakıda meydan sulamasını həm də mədəni ekspansiya hesab edir. Bu fikirlə razısınızmı?

    -Tamamilı doğrudur. Dil işğalı da elə torpaq işğalı kimidir. Bəlkə, torpaq işğalından daha pisdir. Çünki sənin ruhun işğal olur, düşüncən işğal olur. Düşüncən işğal olunandan sonra o torpağı qorumağa səndə bir güc qalmayacaq. Ona görə də bunun qarşısı alınmalıdır.

    – Ziyalıların Milli Məclis üzvlərinə müraciətinə həssas reaksiya verən millət vəkillərindən biri də Sizsiniz. Bir deputat kimi bu müraciətə cavab olaraq hansı fəaliyyətləri planlaşdırırsınız?

    – Çox yaxşı müraciətdir. Xeyli adamın qoşulmağı məni sevindirir. Amma mən özüm 30 ildir, hələ ondan da əvvəl, Sovet dövründən bunu deyirəm. Azərbaycan dili Konstitutsiyaya salındı. Yazıçılar Birliyinin təklifi də vardı, əsas təkliflərdən biri kimi, o illərdən başlayaraq bu işlə məşğulam. Sonra şeir kitabım vardı: “Sağ ol, ana dilim”. O vaxt Bakıda hamı rusca danışırdı. Şeir məclisləri rusca aparılırdı. “Sağ ol, ana dilim” kitabını yazmışam. 1989-cu ildə Azərbaycanın ilk müstəqil qəzeti olan “Azərbaycan”da həm dilin qorunması, də latın qrafikasına keçidin zərurəti haqqında müzakirə açmışam. Sonra Milli Məclisdə dil haqqında qərarın qəbul olunmağında iştirak eləmişəm və dəfələrlə bu barədə danışmışam. Bu təşəbbüsü dəstəkləyirəm. Sağ olsun, bu dəfə ziyalı ordusu qoşulub, onların qoşulmağın dəstəkləyirəm və onun müdafiəsini də bir dil qurumu kimi davam elətdiririk.

    Gülyaz ƏLİYEVA

    ilkxeber.org

  • Sabir Rüstəmxanlı: “Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi”

    Sabir Rüstəmxanlı
    Sabir Rüstəmxanlı

    “Əgər, ölkə rəhbərliyi səviyyəsində bu xəstəliklə ( koronavirus pandemiyası-red) bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri nəzərə alınıbsa, hər bir ailə, hər kəs öz adından, sanından, şöhrətindən asılı olmayaraq qanun tələblərinə uymalıdır”

    Bunu, “Turan” Agentliyinə açıqlamasında Millət vəkili Sabir Rüstəmxanlı deyib. O, karantin rejimi zamanı, avqustun 18-də Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızına toy keçirməsini dəyərləndirərkən həmin sözləri söyləyib.

    “Ona görə də hər kəs qanuna uymalıdır. Biri güclüdür, ya da birinin imkanı var, qabağa düşürsə və heç nəyi nəzərə almırsa, mən buna normal baxmıram”.

    S.Rüstəmxanlı Abşeron Rayon Məhkəməsinin İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs edilməsi ilə bağlı qərarına gəldikdə isə bildirib ki, hazırda belə hərəkətlər edən şəxslər buna hazır olmalıdır:

    “Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi. 5 sutka və ya 15 sutka fərqi yoxdur. Bu cəzadır və cəza mütləq olmalı idi. O cəza yerdə qalan vətəndaşlara da bir işarədir ki, burada kimin qohumu və ya yaxını olursan ol, heç kəsə güzəşt olmayacaq”.

    Turan İ.A

  • “Tariximizdən bixəbər mütəxəssis milli dövlətçiliyimizə xidmət edə bilməz”

    Ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin saatının azaldılması tarixçi alimlərin etirazına səbəb olub. Belə ki, bir qrup tarixçisi Təhsil Nazirliyinə müraciət ünvanlayaraq bu qurumun ali məktəblərdə “Azərbaycan tarixi” dərslərinin ixtisar edilməsinə yönəlmiş siyasətini yenidən nəzərdən keçirməsini tələb edib.
    Dominant.az-a məsələylə bağlı danışan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, ali məktəblərin tədris proqramında Azərbaycan tarixinə münasibət təəssüf doğurur: “Azərbaycan tarixinin sovet dönəmindən qalan problemləri, yanlış yanaşmalar, düzgün olmayan qarşıdurmalar tam aradan qalxmadan ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin tədrisinin azaldılması başqa bir problem yaradır. Unutmayaq ki, istənilən sahə üzrə yetişdirilən mütəxəssis, ilk növbədə, bu millətə bağlılığı ilə faydalı ola bilər. Spartakı sevib Babəki bilməyən, Eynşteyndən danışıb Tusini tanımayan, Bethoveni dinləyib Üzeyir bəyi duymayan ən mükəmməl mütəxəssis belə, milli dövlətçiliyə xidmət edə bilməz”.
    “Ali məktəblərdə “Azərbaycan tarixi”nin “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz edilməsi xüsusilə yanlışdır. Bu, təhsilin siyasiləşdirilməsi, kadrların milliləşdirilməsindən daha çox qrup siyasi maraqları yönündə yetişdirilməsini göstərir”, – deyə S.Əsədli vurğulayıb.
    Qeyd edək ki, 2020-2021-ci illər üçün tədris planında “Azərbaycan tarixi” fənninin dərs saatlarının Tarix fakültələrində 315 saatdan 210 saata, qeyri-tarix fakültələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur.
  • Samir Əsədli: “Əslində Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc elə Rusiyadır”

    Rusiyanın Ermənistanı silahlandırması barədə üzə çıxan son faktlar Azərbaycan tərəfdə hiddət doğurub. Şimal qonşumuzun ölkəmizə qarşı növbəti xəyanətinə ən sərt təpkilər gəlməkdə davam edir. Amma ölkə müxalifətinin bu məsələ ilə bağlı hələ ki, bir bəyanatına belə rast gəlməmişik.

    Samir Əsədli: “Son məlumatlar siyasi şok sayıla bilməz”

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli: “Rusiyanın Ermənistana silah göndərməsi haqda son məlumatlar siyasi şok sayıla bilməz. Kremlin mövqeyi bəllidir və Qarabağ münaqişəsi başlayandan Rusiya işğalçını açıq şəkildə müdafiə edib. Əslində Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc elə Rusiyadır. Ermənistan nə hərbi, nə də siyasi baxımdan bu işğalı gerçəkləşdirmək gücündə deyil. Ortada Rusiyanın imperialist siyasəti var və postsovet məkanında Gürcüstan, Ukrayna, Moldova timsalında da bu görünür. Qarabağ da Abxaziya, Krım, Dnestryanı ərazi kimi Rusiya təcavüzünün örnəyidir. Azərbaycan cəmiyyəti iqtidar və müxalifət olaraq bu məqamı açıq ifadə etməlidir. Eyni zamanda bu həqiqəti də dünyaya çatdırmalıyıq”.

    Fuad Əliyev: “Rusiyanın işğalçı ölkəyə silah göndərməsi…”

    ALDP rəhbəri Fuad Əliyev: “Rusiyanın Ermənistana silah göndərməsi həm KTMT üzvü olduğuna, həm də ikitərəfli müqaviləyə əsasən verilir. Nə hakimiyyətin, nə də müxalifətin buna qarşı bir bəyanatı bu günə qədər qarşıma çıxmayıb. Bunu deyəndə deyirlər ki, Rusiya Azərbaycana da silah satır. Necə ki, Serbiya Ermənistana silah satandan sonra bu ölkənin nümayəndələri belə bir bəyanat verdilər ki, biz sizə də silah satırıq. Amma beynəlxalq hüquqa görə, hərbi münaqişə olan ölkələrə rəsmi silah satışı qadağandır”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • “Türkiyə Azərbaycan münasibətləri tarixin sınağından uğurla çıxıb”

    “Azərbaycan Türkiyə arasındakı münasibətləri aşağıdakı kimi səciyyələmndirmək olar. Bu gün yer üzündə ikinci bir dövlət yoxdur ki, ikitərəfli əlaqələrində bir-birinə bu qədər yaxın olsun və əməkdaşlıq belə səmimiyyət, qardaşlıq münasibətləri üzərində qurulsun. Dünyada ölkələrə arasında siyasi və digər maraqlara əsaslanan yaxınlıq münasibəti olan ölkələr var, amma onların heç birini Azərbaycanla Türkiyə arasındakı münasibət kimi dəyərləndirmək qeyri mümkündür və bunun müqayisəsi belə yersizdir”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisın Sədr müavini Fəzail İbrahimli deyib.

    Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistanla Rusiya arasında sıx münasibətlər olsa da, bu müəyyən maraqlar  və mənafelər üzərində qurulan əlaqələrdir:

    “Bu əlaqələri heç zaman Rusiyanın Ermənistana olan sevgisi və ya səmimiyyəti kimi dəyərləndirilməsindən belə söhbət gedə bilməz. Burada ancaq rus mənafeyindən söhbət gedə bilər. Amma Azərbayanla Türkiyə arasındakı münasibətlərdə milli ruhun birləşməsi var. Bunu artıq tarix sübut edib. Götürək elə ermənilərin sonuncu Tovuz təxribatı zamanı elə ilk səsini qaldıran məhz Türkiyə oldu. Türkiyə bununla daha çox Ermənistanın arxasında olan qüvvələrə mesajlar ünvanladı ki, özünüzü yığışdırın. Bir az da əvvələ gedək. 10-15 il bundan öncə İran təyyarələri cənub bölgəsində Azərbaycanın hava məkanını pozanda Türkiyə hərbi təyyarələri Bakı səmalarında uçuş edərək mesaj verdi ki, yetər!  Ümumiyyətlə Türkiyə Azərbaycanın qardaşlıq  münasibətləri tarixin bütün mərhələlərində özünü sübut edib”- F.İbrahimli qeyd edib.

    Milli Məclis Sədrinin müavini əlavə edib ki, iki ölkə arasında əlaqələrin bünövrəsi hələ 1918-ci ildə, Azərbaycan Cümhuriyyəti yaranarkən qoyulub. “Əgər o zaman Qafqaz İslam Türk  Ordusu olmasaydı nə Azərbaycan müstəqilliyini elan edə biləcəkdi, nə  AXC Bakının ölkənin paytaxtı elan edə biləcəkdi, nə də Bakı bu günkü kimi Azərbaycanın tərkibində qalacaqdı. Çünki o dövrdə Bakı erməni daşnaklar və bolşeviklərin əlində idi.  1918-ci ilin sentyabrın  15-də Qafqaz İslam Türk  Ordusu Bakıya girərək, şəhəri erməni daşnak və bolşeviklərdən təmizləməsindən sonra  akı Azərbaycanın paytaxtı elan edildi və  bundan sonra milli hökumət Bakıya  köçdü. Əgər Qafqaz İslam Ordusu Azərbaycanı erməni daşnak və bolşeviklərdən  təmizləməsəydi Azərbaycan müstəqilliyini qoruya bilməyəcəkdi və  Bakı da  Dərbəndin taleyini yaşayacaqdı. Azərbaycan bir hissəsi Ermənistana, bir hissəsi Bakı daxil olmaqla Rusiyaya, Cənub hissəsi İrana birləşdiriləckdi. Bir tərəfdən də Gürcüstanın da Azərbaycan qəbr bölgəsindəki ərazilərində gözü var idi.
    İlk dəfə hərbi əməkdaşlıq müqaviləsinin əsası o zaman qoyuldu. Belə bir sənəd 1918-ci ilin iyulun 4-də  imzalandı. Amma AXC-nin süqutundan sonra Azərbaycan 70 il  kommunist rejimində, sərhədlərin ayrı olmasına baxmayaraq ruhlar qovuşmuşdu. Düşüncəmiz ayrı deyildi. Haşiyə çıxaraq ikitərəfli münasibətlərə aydınlıq gətirmək üçün konkret bir misal çəkim. Zeynəb Xanlarova SSRİ dövründə Türkiyədə  konsert verdi. O konsert parlçalanmış ruhları birləşdirdi. Ona görə də deyirəm ki,  ruhlar, düşüncələr  qarşısında sərhədlər sipər ola bilməz.  Sərhədlər yalnız  torpaqlar üzərində mövcuddur.

    Digər bir məqam Azərbyacan yenidən müstəqilliyni bərpa etdikdən sonra ilk dadımıza yetişən, müsətqilliyimizi tanıyıb, möhkəmlənməsində Türkiyənin müstəsna rolu  oldu.

    Son olaraq məlum  Tovuz hadisələrindən sonra da  Azərbaycanın yanında olan Türkiyə oldu. Bunu bütün dünya şahidi oldu. Dünyaya mesaj verildi ki, iki qardaş ölkənin münasibətləri sarsılmazdır və dar gündə bir-birinə sonadək dəstək olacaq. Ondan sonra iki qardaş ölkənin hərbi təlimləri keçirilməyə başldı. Bunu birmənalı şəkildə dünya görür.  İkitərəfli qardaşlıq, müttəfiqlik və dostluq münasibətləri bunun bariz nümunəsidir.

    Çünki bu gün Qafqazda maraqlarını təmin etmək istəyən, enerji ehtiyatlarında gözü olan böyük dövlətlər və güclər  ermənilərdən istifadə edib, Azərbaycanı çökdürmək istəyirlər, hər  vasitə ilə inkişafına, güclənməsinə mane olmağa çalışırlar. Müxtəlif təzyiq metodlarından istifadə edirlər. Lakin zaman o zaman deyil. Nəyisə zorla qəbul elətdirəsən. Azərbaycan müstəqil siyasət yürüdür və söz sahibidir. Ona hücum edənlərin hər birinin cavabını verməyə qadirdidir. Dövlət başçısının bir müddət öncə Ermənistana əgər bacarırsınızsa, gəlin  təkbə-tək vuruşaq mesajı təsadüfü deyildi və  dövlət başçısı bununla çox mətləbləri anlatdı. Yəni filankəsin arxasında gizlənib, özünü dövlət kimi aparma. Sənin başın filankəsin qoltuğunda, ayaqların isə filankəsin əlindədir”.
    Azərbaycan Prezidentinin Rusiya Prezidenti Putinlə son telefon danışığına toxunan F. İbrahimli bildirib ki,  Azərbaycan tərəfinin rəsmi formada Rusiyanın  Ermənistana silah ötürməsi məsələsini gündəmə gətirməsi təsadüfi deyildi: “Bu da  bir mesaj idi ki, hər şeyi görürük və bilirik. Bu bir mesaj idi ki, dildə bir söz deyib, əməldə başqa  iş görmə”.
    Bununla belə F. İbrahimli onu da qeyd edib ki, bu gün dünyanın bir çox güclərinin Ermənistana verdiyi dəstək nəticəsində özünü qudurğan ölkə kimi aparır: “İşğalçılıq siyasətini yürüdən, digər ölkə ərazilərini işğal edən Ermənistan olsa da,  nə beynəlxalq təşkilatlar, nə də dövlətlər Ermənistanı işğlaçı dövlət kimi tanımır, ona qarşı sanksiya tətbiq etmir. Beynəlxalq  təşkilatların, başda BMT TŞ olmaqla  Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədlər 30 ilə yaxındır ki, havadan asılı vəziyyətdə qalıb, icra olunmur.Ona görə də  cəzasızlıq mühitində yaşayan Ermənistan  işğalçılıq hərəkətini davam etdirir. Amma bir deyim var, deyərlər ki, haqq nazilər, amma üzülməz.  Sirkə tünd olanda qabını yandırar. Ermənistanın bütün bu qudurğan hərəkətlərinə baxmayaraq  rəzil bir duruma düşüb. Başını biri qoltuğuna qoyub sıxır, ayağından, və başqa əzalarından da başqa güclər tutub dartır. Qalıb cərcənəg.  Bilmir neynəsin. Belə bir vəziyyətdə Azərbaycan öz işini görür. Dövlət həm iqtisadi, həm də hərbi cəhətdən güclənir. Sadəcə müəyyən qüvvələr var ki,  hakimiyyət ehtirasları ilə alışıb yandığından, ara qarışdırmağa  çalışırlar.  O  qüvvələr artıq başa  düşməlidir ki,  Azərbyacan onların düşündüyü Azərbaycan deyil. Azərbaycan hakimiyyəti və dövləti güclüdür.  Ölkədə siyasi sabitlik hökm sürür”.
    Azərbaycanla Türkiyə arasında bundan sonrakı hərbi-siyasi əməkdaşlığın perspektivlərinə gəldikdə Milli Məclisin Sədr müavini bildirib ki,  iki qardaş ölkə arasındakı münasibətlərin qurulmasını hər hansı sənədin imzlanmasına  bağlamaq düz olmaz: “Sənəd imzalana bilər, ancaq onu həyata keçirmək olmaz. Məgər belə sənədlər azdır. BMT TŞ Qarabağla bağlı 4 sənəd imzalayıb, icra olunmur. Əsas o deyil hansısa sənəd imzalanacaq, əsas məsələ münasibətlərin səmimiliyi, dövlətlərin bir-birinə qarşılıqlı etimad və inamıdır.
    Hansısa müqavilənin imzalanmasından asılı olmayaraq biz yaxşı bilirik ki, Azərbaycanda baş verəcək istənilən prosesdə Türkiyə kənarda qalmayacaq.  Azərbaycan və Türkiyə beynəlxalq hüquq normalarına uyğun hansı addımları məqbul hesab ediləcəksə, o addımları da atacaqlar”.

    Mürtəza
    Ölkə.Az

  • “Gözləyək, məsələ aydınlaşsın…” – Sabir Rüstəmxanlı Eldar Həsənovun saxlanılması haqda

    VHP sədri, deputat Sabir Rüstəmxanlı səfir Eldar Həsənovun saxlanılmasına münasibət bildirib.

    Deputat “ Turan” agentliyinə deyib ki, E.Həsənovun həbsi və həbsin motivləri barədə hələ heç nə deyə bilməz.

    O, E.Həsənovun təcrübəli diplomat, hüquqşünas kimi tanıdığını bildirib. “Gözləməlk lazım gələcək ki, bəzi məsələ aydnlaşsın, yalnz ondan sonra fikir söyləmək olar,” deyə S. Rüstəmxanlı bildirib.

  • “Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

    Əlövsət Əliyev: “Qardaş ölkənin ikitərəfli yaxınlaşmaya xidmət edən müraciətinə beləmi baxılmalıdır?

    “Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, azərbaycanlı həmkarı ilə görüşdə belə deyib: “Vizaları ləğv etdik. Amma bu, kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar.Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”. Nazir Ceyhun Bayramovun bu məsələyə münasibətini isə tapa bilmədik”.

    Bunu özünün “facebook” səhifəsində VHP Ali  Məclisinin üzvü, hüquqşünas Əlövsət Əliyev yazıb.

    Əlövsət Əliyev vurğulayıb ki, əslində Azərbaycanın şəxsiyyət vəsiqələri ilə xaricə getmək mümkündür. Hüquqşünas qeyd edib ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun tətbiqi barədə Əsasnamənin 1.3. bəndinə görə xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər:

    “Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun hazırlanıb, elektron daşıyıcıya (çip) malikdir. Həmin çipdə vətəndaşın əsas anket məlumatlarından əlavə valideynlərinin, həyat yoldaşının, uşaqlarının soyadı, adı və elektron imzası da yerləşdirilir. Bu, həm də o deməkdir ki, şəxsiyyət vəsiqələrindəki məlumatlar maşınla oxunur və beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.

    Ə.Əliyev onu da bildirib ki, Azərbaycanın şəxsiyyət vəsiqəsi blanklarının bir ədədi Ukrayna vətəndaşları ücün hazırlanan şəxsiyyət vəsiqəsi blankından iki dəfə, Gürcüstan vətəndaşları üçün hazırlanan şəxsiyyət vəsiqəsi blankından isə 3 dəfə baha qiymətə hazırlanıb:

    “Belə olan halda bizim vətəndaşların Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək hüquqları niyə təmin olunmur? Belə baha qiymətə həmin vəsiqələrin hazırlanmasına nə ehtiyac var idi? Qardaş ölkənin ikitərəfli yaxınlaşmaya xidmət edən müraciətinə beləmi baxılmalıdır? Nazirin ilk səfərini alqışlayan mətbuat belə ciddi məsələləri nə üçün arxa plana keçirir? Türkiyə tərəfinin təklifinə bu vaxta kimi cavab verilməməsi də yəqin Elmar Məmmədyarovun ayağına yazılacaq”.

  • “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun dəyişdirilməlidir

    Əlövət Əliyev
    VHP Ali Məclisinin üzvü, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri
    İki gün əvvəl “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsinin qəbul olunmasına dəstək verməyim haqqında bir müraciət aldım və münasibət bildirəcəyimə söz verdim. Məsələ ilə maraqlanan zaman məlum oldu ki, son iki ildə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsini əldə edə bilmədim. Layihə müəlliflərinin mətbuatdan əldə etdiyim fikirlərinə ğörə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsində həm də, xaricdə yaşayan soydaşlarımıza “soydaş vəsiqəsi”nin verilməsini və soydaş anlayışının verilməsi nəzərdə tutulur.
    Məsələ ilə bağlı Milli Məclisin deputatı Rafael Hüseynovda bildirib ki,2020-cu ildə parlamentdə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun qəbul ediləcəyi gözlənilir. https://report.az/…/xaricde-yasayan-soydaslar-ve-diaspora-…/
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Respublika” qəzetinə müsahibəsində bu il (2020-ci il) həmvətənlərimizin səbrsizliklə gözlədiyi “Soydaşlar haqqında Qanun” layihəsinin parlamentdə qəbul olunacağına ümid etdiyini bildirib. Komitə sədri qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir: “Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.
    Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışlarının birində xaricdə yaşayan soydaşlarımızın problemlərinin operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna – «Soydaş haqqında» Qanunun qəbuluna ehtiyyac olduğunu bildirib (https://m.cebhe.info/guumlrcuumlstan-azerbaycanlilarina-guu…).
    Mətbuatda Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov da bununla bağlı müraciət olunduğu və onunla görüş keçirildiyini bildirib.
    Bəzi deputatların, komitə və xidmət rəhbrlərinin mövcud qanunlara belə qeyri-peşəkar münasibətinə təəssüf edirəm.
    Bildirirəm ki, lazihədə göstərilən məsələləri – yəni, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətini, siyasətin məqsəd və prinsiplərini, bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını, “xaricdə yaşayan azərbaycanlılar”, yəni soydaş anlayışını müəyyən edən qanun mövcuddur. Bu, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında haqqında qanun” adlanır və 27 dekabr 2002-ci ildə qüvvəyə minib.
    Həmin qanuna görə, Azərbaycan xaricdə müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələlərini, onlarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial siyasətini, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının mədəniyyət, dil və təhsil siyasətini, informasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara kömək göstərilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması qaydalarını, onlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələrini müəyyən edir.
    Lakin, dəfələrlə qeyd etməyimizə baxmayaraq, bu qanunun tətbiqində ciddi problemlər mövcuddur və müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına münasibətdə qanunun tətbiqində maraqlı deyillər.
    Təbii ki, həmin qanun ideal deyil və qanunda çox ciddi dəyişikliyə və əlavələrə ehtiyac var. İlk növbədə soydaş statusunun müəyyənləşdirilməsi qaydası və soydaşlarımız üçün Azərbaycan Respublikasının müəyyən etdiyi güzəştlər, diaspor təşkilarlarının müstəqilliyini müəyyən edən normalar və s. hallar qanunda yer almalıdır.
    Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun qəbul olunmasına deyil, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun”a əlavə və dəyişikliklərin edilməsinə, o cümlədən qanunun adının dəyişdirilməsinə çox ciddi ehtiyac var. Dəstək üçün bəzi deputatlara da müraciət edəcəyəm. Yeni hazırlanan qanun layihəsi mənə təqdim olunarsa, əlavə və təkliflərimi daha detallı qeyd edə bilərəm.
  • Sabir Rüstəmxanlı keçmiş hərəkatçıların “Xilas” birliyindən danışdı

    Azərbaycanda Milli Demokratik (Xilas) Hərəkatı (MD(X)H) yaradılıb. Yeni qurumu XX əsrin 80-ci illərinin sonlarında baş vermiş Azərbaycan Milli Azadlıq Hərəkatının bir qrup iştirakçısı təsis edib. MD(X)H-nin Təşəbbüs qrupunun üzvləri bunlardır:

    Aydın Bayram – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim.

    Bəybala Əbil – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

    Elxan Nuriyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Qubadlı RİH-in sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim.

    Eynulla Qara – Milli Azadlıq Hərəkatının iştirakçısı, Ucar RİH başçısının sabiq I müavini, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

    Əli Quliyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Nəsimi RİH-in sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

    Əlövsət Sadıqlı – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim, hüquq müdafiəçisi, AXC Təşkilat Şöbəsinin əməkdaşı olub.

    Fəhmin Haçıyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, 1992-93-cü illərdə AR DİN Daxili Qoşunların komandanı, 1994-2004-cü illərdə siyasi məhbus, içtimai-siyasi xadim. AXC Ali Məclisinin üzvü olub.

    İlham Həsən – Milli Azadlıq Hərəkatının iştirakçısı , Kəlbəcər RİH-in sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

    Pənah Məmmədzadə – Milli Azadlıq Hərəkatının iştirakçısı, Göygöl RİH-in sabiq başçısı, ictimai xadim, AXC Gəncə şəhər şöbəsi İH-nin sədr müavini olub.

    Hərəkat siyasi hakimiyyətə iddialı olmadığını, ölkədə xalq hakimiyyətinin qurulmasına, hüquq dövlətinin formalaşmasına yardım etmək iddiasında olduğunu, milli dövlətçilik əleyhinə olan bütün fəaliyyətlərə qarşı duracağını  bəyan edib.

    Hərəkatın platformasında qeyd olunur ki, milli dövlətçiliyi özünün əsas ideoloji və fəaliyyətinin qayəsi elan edən və buna əməl edən istənilən siyasi, siyasi-ictimai, ictimai təşkilatların üzvləri, eləcə də ayrı-ayrı fərdlər milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq “Milli Demokratik (Xilas) Hərəkatı”na qoşula bilərlər.

    O da xüsusi olaraq vurğulanır ki, hərəkat ictimai müzakirə platformasıdır və yaşından, siyasi mənsubiyyətindən asılı olmayaraq milli-demokratik-hüquqi dövlətciliyin əsaslarını dərk və qəbul edərək mənimsəmiş hər kəsə açıqdır, platformada bərabərhüquqlu fəaliyyət uçün heç bir məhdudiyyət yoxdur.

    Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, VHP sədri, deputat Sabir Rüstəmxanlı “Xilas” barədə fikirlərini “Yeni Müsavat”a bildirdi: “Milli Demokratik Xilas Hərəkatının ictimai müzakirə platformasına, yəni təqdimat sənədinə baxdım. Ümumiyyətlə, mən xalqın fəallığına, ictimai müzakirələrə müsbət yanaşıram. Bu cür birliklər əgər xoş niyyətlə yaradılıbsa, bunların çox olmasını istəyirəm. Xüsusilə, XX əsrin 88 və 90-91-ci illərdə fəal olmuş insanların yenidən bir növ durğun həyatdan qopub, təzədən siyasi, yaxud ictimai mübarizə meydanına gəlmələrinə də mənfi yanaşmıram. Demək istəyirəm ki, bəri başdan yaranan bu birlik haqqında hər hansı bir şübhə doğurmaq, bu birliyə pis münasibət bəsləmək niyyətim yoxdur. Allah xeyirli-uğurlu etsin. Normal işləsinlər, dövlət maraqlarımıza xidmət etsinlər. Amma təəssüflər olsun ki, bu təqdimat məndə bu təəssüratı doğurmadı. Ümumiyyətlə, təqdimat ziddiyyətlərlə doludur. Bu barədə danışmaq istəmirəm. Öz təqdimatları ilə içəridəki iddialar, ittihamlar bir-biriylə uyğun gəlmir. Lazım gələrsə, bunu müzakirə etmək də olar. Əgər bu birlik doğrudan da Azərbaycanın problemlərinin həlli, ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşməndən azad olunması, milli birliyimizin gücləndirilməsi, hakimiyyətlə xalq arasında normal dialoqun qurulması, normal seçkilərin keçirilməsi, demokratiyanın inkişafı və.s kimi işlərə xidmət edəcəksə, eşq olsun. Buna hər hansı bir söz demək olmaz. Amma bəri başdan 30 ilə yaxın yol keçmiş bir iqtidarın ”antixalq mahiyyətindən” söhbət açılırsa, o zaman milli birliyə nail olmaq, şübhəsiz ki, çətindir. Mübahisəli şeylər çoxdur. Bir yandan deyilir ki, milli dövlətçiliyi bərpa etmək niyyəti ilə yaradılıb, o biri yandan da deyilir ki, siyasi hakimiyyətə iddialı deyilik. Bunlar bir-birini inkar edən məsələlərdir. Hərəkat kimi danışmaq tezdir. Qoyun bir az fəaliyyət göstərsinlər, sonra qalan məsələlərə baxarıq”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”