Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Belə islahat, idarəçilik olmaz” – Sabir Rüstəmxanlıdan etiraz

    “Azərbaycanın bölgələrində islahat adı altında gedən və xalqa məntiqi mənası kifayət qədər aydın olmayan bir məsələ həm millət vəkillərini, həm də camaatı narahat edir. Məsələn, deyək ki, mənim doğulduğum Yardımlı rayonunun İşıq İdarəsini Lənkərana, Qaz və Mədəniyyət idarələrini Masallıya, Əmlak Komitəsinin bölməsini Cəlilabada, Təhsil Şöbəsini digər rayona veriblər. Deməli, Yardımlının idarələri müxtəlif 3 rayonda yerləşdirilib. İndi Məşğulluq İdarəsini də belə etmək istəyirlər. İstəyirlər ki, məşğulluğu Regional Bölgə İdarələrinə versinlər”.
    Respekt.az xəbər verir ki, bu fikirləri “BakuPost”a Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.
    Millət vəkili qeyd edib ki, bir rayon 3-4 istiqamətdən idarə olunmamalıdır:
    “Eyni rayonun daxili idarəçilik sahələri – təhsil, mədəniyyət, əmlak və kommunal məsələləri hərəsi bir rayona verilir. Təsəvvür edin ki, bir şəxs rayondan çıxır və o həmin gün həm işıq məsələsinə, həm də əmlak işinə baxmalıdır. Əvvəlcə getməlidir Lənkərana, ordan Cəlilabada. Belə idarəçilik olmaz. Bu adamlar yollarda qalırlar. Məşğulluq elədir ki, bir adamın ehtiyacı var, iş axtarır və Məşğulluq İdarəsinə gedir. Orda maraqlanır, ona uyğun iş tapıla bilər, ya yox. Həmin şəxs 2 rayon – 100 km o tərəfə getməlidir ki, ona cavab desinlər. Yoxdursa, deyirlər get, başqa vaxt gəl. Yenə eyni proses. Bunu necə təsəvvür etmək olar? Bir rayondan başqasına get-gəl, amma bir nəticəsi də olmasın. Ötən gün Milli Məclisdə çıxışımda da bu problemi səsləndirdim. Həmkarlarım da məni dəstəklədilər”.
    Deputat ölkəmizdə aparılan islahatların tərəfdarı olduqlarını vurğulayıb:
    “Rayonların ümumi quruluşunda müəyyən dəyişikliklər də ola bilər. Amma olacaqsa, bu şərh edilməlidir. Azərbaycanda vaxtılə Sovet dönəmində buna bənzər hadisələr olub. Rayonlar birləşib, təzədən ayrılıblar, yəni özünü doğrultmayıb. Bu xalqa izah olunmalıdır. Dağ rayonlarına qarşı etinasız münasibət var. Rayonlar digər rayonu qəbul etmək istəmir. Bir adam gedib görüşmək istəyir, deyirlər ki, dağlıdır, gözləsin. Belə şey olmaz. Rayonlara hörmət ilə yanaşmaq lazımdır. Bunun statusu dəyişməyibsə, idarələləri də dəyişməməlidir”.
  • “Bir-iki uşağı da dövlət qayğısına almırıqsa, bizim gələcəyimiz necə olacaq?”- VİDEO

    Milli Məclisin bu gün keçirilən plenar iclasında sosial məsələlər, uşaqpulunun verilməsi ilə bağlı müzakirə zamanı çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib: “Ölkələr var, əkiz uşaqlara görə ev verilir, daha çox uşaq olanda əlavə təminatlar verilir. Azərbaycanda da var idi, amma unuduldu. Bir-iki uşağı da dövlət qayğısına almırıqsa, bizim gələcəyimiz necə olacaq?”.

    VHP sədri dedi ki, məmur siyahıları əyintilidir: “Gənc ailələrə yardım formasında uşaqpulunun bərpa olunması çox vacibdir. Xahiş edirəm, uşaqpulunun verilməsi bərpa olunsun!”

     

  • Bu qəlbləri kirli dırnaqarası ağıllılar…

    Faiq BALABƏYLİ

    Çox vaxt belə olub, bir işə başlayanda xeyir-dua verənlərlə, xeyirxahlıq edənlərlə yanaşı bədxahlar da peyda olub. Görülən işə pəl vurublar, özlərini ağıllı göstəriblər, boş danışıqlarla adamın əlini işdən soyudublar. Yaxud inamsızlıq ediblər. Ən pisi isə budur ki, onların bu inamsızlığı bəzən başqalarına da sirayət edib.

    Hər şeyi öz arşınları ilə ölçüblər, özlərini elə aparıblar ki, guya onlardan ağıllı, savadlı, uzaq görən adam yoxdur. Amma özlərini ifadə etmək, fikirlərini çatdırmaq istəyəndə nə qədər bəsit düşüncəyə sahib olduqları qabarıq şəkildə üzə çıxıb və onlara vaxt ayırdığına görə özünü qınayırsan, heyfin gəlir mənasız yerə sərf olunan vaxta.

    Bu qəlbləri kirli dırnaqarası ağıllılar elə hökmlə danışırlar ki…

    Bu arada bir haşiyəyə şıxmaq istəyirəm. Dənizçi tanışlardan birinin Gəmi təmiri zavodundan piyada getdiyini görüb, maşına dəvət etdim – yolumuz birdir, gəl otur, aparım dedim. Məmnuniyyətlə dəvətimi qəbul etdi. Niyə piyada olduğunu soruşdum. “Jiquli” markalı avtomobilinə ehtiyat hissəsi almaq üçün maaşı gözlədiyini dedi, dolanışıq çətindir, 80% -də oturmaq da bezdirib, kreditlər cana yığb bizi. Sonra da özəl gəmiçilik şirkəti olan, işi bir az dolaşığa düşən həmyerlimizi ağılsızlıqda suçlamağa başladı:

    -O düz eləmədi, ağlı yoxdur da, mən onun yerinə olsaydım…
    Sözünün gerisini gətirməyə qoymadım, dedim:
    – A kişi, bir “Jiquli”yə “zapçast” ala bilmirsən, adamın 100-dən çox gəmisi,  10.000 dən çox işçisi var, onun ağlı yoxdur?

    Üzümə baxdı, Faiq, sən öl düz deyirsən e, bizim heç ağlımız yoxdur…
    -Bizim niyə? Sənin, dedim, məni qatma. Razılaşdı.

    Dünən də belə insanlarla bir qədər söz-söhbət yaşandı. Hələ fəaliyyətə başladığının 2 ayı tamam olmayan “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyini sosial şəbəkədə müzakirəyə çıxartdılar – bə inanmırıq, bə 3 il bundan qabaq filan məsələ oldu, 5 il qabaq  filankəsə kömək lazım oldu, harda idiniz?! Deyirəm, a kişi bu təşkilat cəmi 2 aydır ki qeydiyyatdan keçib. Yox ki, yox! Kor tutduğun buraxmadığı kimi əsalarını çırpırlar, leş üstünə toplaşan quzğuna dönüblər sanki…

    Dediklərindən də başa düşülür ki, bu “ağıllı” adamlar nə vaxtsa, hansısa fırıldaqçı tərəfindən aldadılaraq rüşvət müqabilində işə dəvət edilib, amma iş yoxdur, qalıb İstanbulun küçələrində. Yaxud işlədiyi şirkət maaşını gecikdirib, yaxud ümumiyyətlə maaşlarını verməyib. Sual edir – “DSD” İB hara baxır. Niyə buna əncam çəkmir, İB-ə inanmıram. Doktor Uzman Qılman demişkən, Ay yazzıq, bunun üçün hüquq mühafizə orqanları var, işə cəlb edildiyin şirkətlər, agentlər, menecerlər var, müraciət et, haqqını tələb elə, əlində müqavilən var, ver dənizçilərin beynəlxalq araşdırma mərkəzi kimi fəalaiyyət göstərən təşkilata, haqqına sahib ol. Dövlətimizin müvafiq ölkələrdə səfirlikləri, konsulluqları var, yaxud aldadılaraq aparıldığınız ölkələrin Azərbaycanda nümayəndəliyi, səfirliyi var, şikayətinizi o qurumlara edin.
    Dünən sosial şəbəkədə bizə münasibətdə təxribat xarakterli bir gün yaşandı. Mənə çox demişdilər – əl ayağınıza dolaşacaqlar, mane olacaqlar, işinizin üstünə kölgə salacaqlar.

    Üzümü yenə dənizçilərimizə tuturam – biz bu təşkilatı sizin üçün yaratdıq, rəsmi dövlət qeydiyyatından keçirtdik. Məqsədimiz sizlərin, Azərbaycan dənizçilərinin qayğılarına biganə qalmamaq, sizi daha yaxından dinləmək, sizə başqalarından bir addım yaxın olmaqdır.  Həmçinin çalışacağıq ki, bu istiqamətdə ölkəmizin ən böyük Gəmiçilik şirkəti olan AXDG QSC-nin işinə kömək edək. Bu kömək də ondan ibarət olsun ki, bəzən minlərlə adamın çalışdığı gəmiçilikdə hər hansısa işçinin hansısa sosial dəstəyə ehtiyacı ola bilər, bunu aradan qaldırmaq üçün rəhbərliklə sizin aranızda körpü rolunu oynayaq. Hər bir təşkilatda hər hansı bir səlahiyyət sahibinin səlahiyyətlərini aşması halı ola bilər, bax o zaman biz bunu Gəmiçiliyin diqqətinə çatdırmaqla, sizlərin işlərinə dəstək ola bilərik.
    Sözümün sonunda bir daha vurğulamaq istəyirəm – bizə çıxdığımız yolda  xeyir-dua verib uğur arzulayanlara da,  şübhə və bədxahlıq edib daşlayanlara da eyni gözlə baxırıq. Heç kimin bizə olan münasibətinə görə fikrimizi dəyişmirik. Bizim missiyamız birmənalı şəkildə dənizçilərin sosial məsələlərinin həllinə dəstək verməkdən ibarətdir.

  • Sabir Rüstəmxanlı: “Məmurarın münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir”

    Milli Məclisdə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

    Deputat Sabir Rüstəmxanlı çıxış edərkən dedi ki, təqdim olunan qanun layihələri xalqın maraqlarının nəzərə alınması baxımından təqdir olunmalıdır. “Amma biz daha çox sənədlərin necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq. Mən hər dəfə deputat seçildiyim rayondan 5-6 məktub alıram, yazırlar ki, 3, ya 4 uşağım var, dövlətdən heç bir yardım almıram. Odur ki, əhalinin ehtiyacı olan insanların dəqiq qeydiyyatı aparılmalıdır. Təqdim olunan sənədlərdə bürokratik əngəllər aradan qaldırılır, mütərəqqi, işin xeyrinə olan addımlar atılıb. Amma yenə də əhalinin müəyyən qismi diqqətdən kənarda qalacaq. Yerlərdəki idarələrdə çalışanların ümumi səviyyəsindən çox şey asılıdır. Təklif edirəm ki, işsiz insanların dəqiq qeydiyyatı aparılsın”.

    S.Rüstəmxanlı daha sonra qanun layihəsinin adına irad tutdu: “Özünüməşğulluq nədir, bilmirəm, yəqin özü-özünə iş tapır”. Daha sonra o, qanunundakı mürəkkəb cümlələri oxumağa başladı: “Hansı dildən alınıb, mən başa düşmürəm. Sadə, aydın dildə yazmaq lazımdır, camaat üçün aydın olsun”.

    S.Rüstəmxanlı iclasda xalqın küçələrə çıxması ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi. “O insanlar ordunu və dövlətə dəstək üçün çıxmışdılar”-S.Rüstəmxanlı bildirdi. Amma çıxış üçün ayrılan vaxt bitdiyi üçün fikrini tamamlaya bilmədi.

    E.Paşasoy,

    Musavat.com

  • Bakı və Ankaranın dünyaya mesajı- Sabir Rüstəmxanlı

    Ermənistan sadəcə Azərbaycanı deyil, Türkiyəni də təhdid edir.

    Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı “Anadolu” agentliyinə açıqlamasında deyib.

    O bildirib ki, ermənilər bütün dünyada Türkiyə əleyhinə təbliğatlar aparırlar:

    “Türkiyənin ərazi bütövlüyünü tanımırlar və ölkənin şərq hissəsinin onlara aid olduğunu iddia edirlər. Bütün bunları nəzərə alsaq, Türkiyə ilə Azərbaycanın birlikdə hərəkət etməkdən başqa yolu yoxdur”.

    Deputat Türkiyə ordusunun Azərbaycandakı təlimlərini 1918-ci ildə Qafqaz İslam Ordusunun ölkəmizə gəlişi ilə müqayisə etdiyini vurğulayıb:

    “Türkiyə və Azərbaycan arasındakı təlimlər həm hərbi cəhətdən, həm də qardaşlığımızın bir nişanəsi kimi mənəvi əhəmiyyət daşıyır. Eyni zamanda böyük siyasi mənası var. Bu, dünyaya bir mesajdır”.

  • “İnsan beyni doğma dildə çalışmalıdır”

    Avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

    Vətəndaş Həmrəyliyi Partiyasının lideri, millət vəkili Sabir Rüstəmxanlı bu günlə bağlı açıqlamasında bildirib ki, uşaqlara dil öyrədilərkən valideyn öz milli vicdanı qarşısında cavab verməlidir: “3-4 yaşında hansı dildə təhsil almalı olduğunu bilə bilməz. Bunların hamısına valideyn məsuliyyət daşıyır. Niyə öz övladlarını ana dilindən məhrum edirlər? Ana dilindən məhrum olmaq ömrü boyu insanın özünü komfortsuz şəraitdə hiss etməsinə səbəb olur. Çünki düşüncəsi travma alır və yarımçıq qalır. Dünyada çoxdan sübut olunub ki, insan beynində ana dilinin yeri bir ayrıdır. Ona görə də beyin doğma dillə çalışmalıdır. Rus dilinə meyl bir xəstəlikdir. Azərbaycana düşmənçilik iddiasında olanlar dilimizə hörmətsizlik edərək daha çox rus dilinə meyl edilər. Həmçinin rus, erməni qohumu olanlar da bu dövlətdə yaşasalar da, başqa dildə təhsilə üstünlük verirlər”.
    İş yerlərində rus dilinin xüsusi tələb olunmasına gəldikdə isə millət vəkili vurğulayıb ki, elə bir tələb yoxdur və ola da bilməz: “Hər hansı bir şəxs iş üçün müraciət edərkən ondan rus dili tələb olunarsa, o, rus dili tələb edən şəxsi məhkəməyə verə bilər. Çünki dövlət dili Azərbaycan dilidir. Bildirim ki, burada Azərbaycan şirkətlərini nəzərdə tuturam. Beynəlxalq qurumlarda dil tələbi normaldır. Amma Azərbaycan şirkətinin ixtiyarı yoxdur ki, vətəndaşdan belə bir şey tələb eləsin. Şəxs öz dilini mükəmməl, əlavə bir dili isə orta səviyyədə bilirsə, bu, kifayətdir. Niyə məhz rus dili tələb kimi qoyulmalıdır?”.

  • VHP-dən çağırış: Qorumasaq təbiətin cavabı sərt olacaq

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda ətraf mühitlə bağlı yaranmış problemləri diqqətə gətirəcək bəyanat yayıb.

    Bəyanatda deyilir:  “Dünyanı bürüyən pandemiya təbiətin mühafizəsini bir daha ön plana çəkdi. Bu gün Azərbaycanda su problemi ilə bağlı yaşananlar bir daha ətraf mühit problemini yenidən gündəmə gətirdi. Təəssüf ki, Azərbaycanda təbii ehtiyyatlar, təbiətin qorunması ilə bağlı bir xeyli problem həll edilməmiş qalmaqdadır vəbu sahədə durumun fəlakət həddinə çatmasını gözləmədən təcili tədbirlər görülməlidir. Narahatlıq doğuran ən ciddi problemlərdən biri ölkənin dəniz, meşə və torpaq ehtiyyatları qeyri-qanuni şəkildə istismar edilməsidir. Azərbaycan Xəzər dənizinin sahilində yerləşməklə insanlarımıza və ölkəmizə təbiət böyük bir töhvə verib. Amma Xəzərin çirkləndirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərin dəniz boyunu hasara alması, təbiəti işğalı bu sərvətdən istifadəni məhdudlaşdırır. Eyni proses Milli Parklar və qoruqlarda da baş verir. Milli Parklar və qoruqlar sayı azalmaqda olan bitki və heyvan növlərini mühafizə üçün nəzərdə tutulub. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Amma son illər xarici ölkələrdən gələn ov tursitlərinin ölkəmizə ayaq açaraq milli parklarda müxtəlif heyvanların ovuna çıxması ilə bağlı dövri mətbuatda məlumatlar yayılırdı. Pandemiya ilə bağlı sərhədlərin bağlanması bu prosesi dayandırıb. Lakin qanunsuz ov etmə Azərbaycan təbiətinə ziyanı vurub.

    Bu gün isə Milli Parkların və qoruqların vəzifəli və imkanlı şəxslərin təsərrüfatlarına istifadəyə verilməsi haqda da məlumatlar var. Bütün bunlar təbiətə qarşı yanlış davranışlardır və zaman göstərir ki, təbiət ona edilən pisliyi unutmur, cavabı isə çox sərt olur.

    Vətəndaş Həmrəyliyi Partiyası əlaqədar dövlət qurumlarından təbiətə qarşı törədilən qanunsuzluqlarla bağlı qəti tədbirlər görülməsini, bu işdə vəzifəsindən və sosial durumundan asılı olmayaraq heç kəsə güzəşt edilməməsini tələb edir”.

  • “Ədalət” qəzetinin kollektivinə

    30 il bundan öncə “Ədalət” adlı qəzet müstəqil mətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. “Ədalət” elə bir dövrdə, elə bir məqamda meydana çıxdı ki, onda hər gün yeni qəzetlər yaranır, cəmiyyətə yeni imzalar təqdim olunurdu. Üstəlik, həmin illərdə ölkədə senzuranın mövcud olduğu bir dövrdə “Ədalət” bütün çətinliklərə baxmayaraq problemlərə sinə gərməyi, ətrafında oxucu ordusu toplamağı bacaran çox az saylı qəzetlərdən birinə çevrildi. 30 il ərzində “Ədalət” qəzeti müstəqil media sahəsinə özünəməxsus töhfələr verə bilib. “Ədalət” qəzeti dövrünün ən oxunaqlı qəzetlərindən olmaqla yanaşı mətbuata bu gün yaxşı tanınan xeyli jurnalist imzası gətirib. Bu mənada qəzet həm də media tariximizdə jurnalistika məktəbi kimi iz qoiyub. Bu gün Azərbaycan mətbuatında jurnalistikanın obyektivlik prinsipini pozmayan azsaylı qəzetlərdən biri də “Ədalət”dir. Tutduğu dəsti-xətti qoruyub saxlayan “Ədalət”çilər hər zaman maraqlı mövzuları, hadisələrə yanaşma tərzləri və informasiya siyasəti ilə oxucuların diqqətini çəkib, onların rəğbətini qazanıb. Sevindirici haldır ki, bu gün də “Ədalət” qəzeti təsis edilən gündən qarşısına qoyduğu məqsədə, vəzifələrə, dövlətçiliyə xidmət missiyasına sadiq qalır. Qəzetin daim ciddi imici olub, peşə etikası prinsiplərinə əməl edib. Buna görə də qəzet bazarının getdikcə daraldığı bu günlərdə də “Ədalət” Azərbaycan mətbuatındakı mövqeyini qoruyub saxlaya bilib. Bu əlamətdar gün münasibətilə əziz dostum,millət vəkili Aqil Abbası və çox dəyərli xanım yazarımız İradə xanımı, ümumilikdə qəzetin yükünün ağırlığını çiyinlərində daşıyan kollektivi, indiyədək burada əməyi keçmiş, hazırda başqa mətbuat orqanlarında, dövlət müəssisələrində çalışan “Ədalətçi”çi dostlarımı təbrik edirəm!

     

    Hörmətlə

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Millət vəkili, xalq şairi

  • Fəzail İbrahimli xarici ölkələrdə yaşayan soydaşlarımıza təmkinli olmaqları ilə bağlı çağırış edib

     Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Millət vəkili, Vitse spiker Fəzail İbrahimli İnterpress.az-a verdiyi video müsahibədə son günlər soydaşlarımıza qarşı xaricdə baş verən  erməni təxribatından danışıb. Deputat həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımıza təmkinli olmaqları ilə bağlı çağırış edib.

    Millət vəkili ilə müsahibəni təqdim edirik.

  • Neftçalanın ilk şəhidinin məzarı abadlaşdırıldı

    Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar.
    Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının dəstəyi ilə bu günlərdə Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılıb. Dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərində baş daşı qoyulub, məzarın ətrafında abadlıq işləri görülüb. Iyulun 24-də millət vəkili Sabir Rüstəmxanlı və Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid Əfsər Gözəlovun məzarını ziyarət ediblər. Qəsəbə sakinlərinin və rayon fəallarının iştirak etdiyi tədbirdə Sabir Rüstəmxanlı çıxış edərək Neftçala rayonunun Milli Azadlıq Hərəkatında və Birinci Qarabağ savaşında fəal olmasından, bu gün şəhidlərə göstərilən sayğıdan danışıb.

    IMG_4785