Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır”.

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında VHP Qadınlar Şurasının təşəbbüsü ilə “Qadınların cəmiyyətdə rolu” mövzusunda dəyirmi masa keçirilib.

    VHP Qadınlar Şurasının sədri Aysel Səfərli çıxışında cəmiyyətdə qadınların rolu, VHP Qadınlar Təşkilatının fəaliyyəti barədə geniş danışıb.

    Daha sonra çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı xalqımızın tarixində mühüm yer alan Bahar bayramı ərəfəsində qadınlarla görüşün təsadüfü olmadığını bildirdi: “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır. Azərbaycan xalqı hər zaman qadına yüksək dəyər verərək onu ailənin və cəmiyyətin üstün məqamında görüb. Bu gün də tarixi ənənələrimiz yaşayır və Azərbaycan xanımları dövlət idarəçiliyində, ictimai-siyasi həyatda öz sözlərini deyirlər”.

    Dəyirmi masada iştirak edən Milli Məclisin deputatı Jalə Əliyeva, VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Narıngül Nadir, Şairə Şəfəq Sahibli, VHP Qadınlar Şurasının sədr müavini Aysel Bəgəliyeva, jurnalist İlhamiyyə Rza, Şairə Gülər Eldarqızı, 274 saylı orta məktəbin müəllimi Müşfiqə Baləddinqızı, əməkdar jurnalist Əntiqə Qonaq, “Harmoniya” Psixologiya Mərkəzinin direktoru Aygün Ağabalayeva, jurnalist Arzu Qaziyeva, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək görüş haqda xoş təssüratlarını bildirərək statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan qadınlarının hər zaman bir yerdə olmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğuladılar.

  • Sabir Rüstəmxanlı: “Mən Kürün taleyi ilə bağlı hökumət nə iş görür, bununla bağlı sualıma cavab istəyirəm”

    “Neftçalanın problemləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, birinə belə cavab verilməyib”.

    Modern.az xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı Milli Məclisinin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır:

    “Hökumət iclaslarının stenoqramı götürsün, təklif olunan məsələlərlə tanış olsun.

    Mən Kürün taleyi ilə bağlı hökumət nə iş görür, bununla bağlı sualıma cavab istəyirəm.

    Bundan əlavə, təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, indi isə bu sahədə problemlər var. İşsizlik məsələsi həll olunmalıdır”.

    Sahibə Qafarova Sabir Rüstəmxanlının müraciəti ilə bağlı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə tapşırıq verdi:

    “Sabir müəllim dedi ki, 8 məktubuna Sahib Babayevin rəhbərlik etdiyi nazirlik cavab vermir. Səfa müəllim, mən xahiş edirəm, həmin məktublarda bağlı araşdırma aparılsın. Məktublar, buradan çıxıbmı öyrənilsin”.

  • Sabir Rüstəmxanlı: “Sanki burada Milli Məclis hökumətə hesabat verir”

    “Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı sual vermək üçün söz verilmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    Deputat bildirib ki, yazıla bilənlər danışır, yazıla bilməyənlər isə öz rayonundakı problemi qaldıra bilmir: “Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”

    S. Rüstəmxanlı təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin.

    Spiker Sahibə Qafarova isə bildirib ki, S. Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək.

  • Sabir Rüstəmxanlı məktəbli oxucuları ilə görüşdü

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialında Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə məktəblilərin və oxucuların görüşü keçirilib.

    VHP.az xəbər verir ki, tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları və kitabxana filiallarının müdirləri, kənd ziyalıları və Balaxanı orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan 11 nömrəli filialın müdiri Məlahət Bədəlova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

    Tədbirin aparıcısı Səidə Məmmədova çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı haqqında məlumat verib.

    Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və şagirdlər üçün böyük əhəmiyyətindən danışıb. Xalq şairi  30 illik Qarabağ həsrətimizə son qoyulmasından, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

    Xalq şairi Sabir Rüstəmxanlı oxucuların və məktəblilərin suallarını cavablandırıb, tövsiyələrini verib.

    Sonda məktəblilərə diplom və şairin imzalı kitabları təqdim olunub.

  • Samir Əsədli: “Ruslar Qarabağa “sülh” yaratmaq yox, Moskvanın siyasətini həyata keçirtmək üçün  gəliblər”

    Sanksiyalar dərinləşir, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbçilərini saxlaya bilməyəcək
     
    Rusiya Silahlı Qüvvələrinin hərbi kalonunun Laçın dəhlizi ilə Xankəndidən yola düşməsi faktı qeydə alınıb. Bununla bağlı video-görüntülər yayılıb. Bəzi iddialara görə, rus hərbçiləri Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin, başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər. 
    Mediada yayılan video-görüntü ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, rus “sülhməramlı”ları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib və ölkə ictimaiyyətində rus “sülhməramlıları”na münasibət birmənalı deyil. Partiya funksioneri bildirib ki, ruslar Qarabağa “sülh” yaratmaq yox, Moskvanın siyasətini həyata keçirtmək üçün gəliblər:
    “Video-görüntülərə keçməzdən öncə onu deyim ki, Qarabağda baş verən bütün təxribatlarda, ordumuzun mövqelərinin erməni quldurları tərəfindən atəşə tutulmasında rus “sülhməramlıları”nın əli var. Rus hərbçiləri bölgədəki erməni silahlılarını təxribatlara təşviq edirlər. Rusiya hərbi maşınlarının Xankəndidən çıxışını əks etdirən video-görüntü ilə bağlı rəsmi məlumat yoxdur. Moskvadan bununla bağlı hansısa açıqlama verilməyib. Ancaq Ukrayna ərazilərini işğal edən və iki həftədən çoxdur müharibə aparan rus ordusunun itkilərinin çox olduğu məlumdur. Rusiya tərəfinin əlavə hərbi qüvvələrə ehtiyac duyduğu şübhəsizdir.
    Bu mənada Qarabağda “sülhməramlı” missiyanı yerinə yetirən rus hərbi kontingentinin bir hissəsinin Laçın dəhlizi vasitəsi ilə Ermənistana, Gümrüdəki 102-ci hərbi bazaya, oradan isə başqa bölgəyə aparılması mümkün ehtimallardandır. Həm də Qərbin hərtərəfli təzyiqlərinə, sanksiyalarına məruz qalan Rusiyada iqtisadi böhran dərinləşərsə, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbi qulluqçuları saxlaya, təmin edə bilməyəcək. Yayılan video-görüntülər təsdiqləyir ki, bu gedişlə rus hərbçiləri Azərbaycan torpaqlarında çox qalmayacaq. 
     
    Ya əlavə qüvvə kimi Ukraynaya, ya da Rusiyaya geri dönəcəklər. Rusiya “sülhməramlı”ları əvvəl-axır Azərbaycan ərazisini tərk edəcəklər. O zaman ruslara arxayın olan erməni separatçıları da himayəsiz və dəstəksiz qalacaqlar”. 

  • “Rusiya MN-nin “Dağlıq Qarabağ” ifadəsini işlətməsi anlaşılmaz mövqedir”

    “Rusiya Qarabağda delimitasiya və demarkasiya rıçaqlarından istifadə edərək orada vəziyyəti qəlizləşdirməyə və Qarabağ məsələsində təzyiqləri artırmağa çalışır”.

    Bunu Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. Politoloqun sözlərinə görə, Rusiya Ermənistandakı erməniləri yüksək səviyyədə, sərfəli şərtlərdə yaşamaq üçün yenidən Qarabağın səlahiyyət zonalarındakı ərazilərinə qaytarmağa cəhd göstərir: “Onların şəraitinin daha da yaxşılaşdırılması üçün canfəşanlıq edir. Rusiya Qarabağa köçüb gələn ermənilərin sayını artırmağa çalışır. Bu baxımından delimitasiya, demarkasiya məsələsindən də istifadə etmək istəyir.

    O, bununla göstərməyə çalışır ki, guya Rusiya həqiqətən də sərhədlərin müəyyənləşdirilməsi prosesinin tez bir zamanda hər iki tərəfdən sülhlə anlaşma nəticəsində başa çatmasında maraqlıdır. Azərbaycanın Rusiya ilə siyasi müttəfiqlik sazişindən sonra belə Rusiya Müdafiə Nazirliyinin Ukraynaya humanitar yardım göstərməsi kontekstində “Dağlıq Qarabağ” ifadəsini işlətməsi yolverilməz və qəbuledilməzdir. Belə görünür ki, Müdafiə Nazirliyi öz köhnə ampulasındadır”.

    “Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” ifadəsini işlətməsi və onu xüsusi ərazi vahidi kimi göstərməsi, Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə anlaşılmaz mövqedir və Rusiyanın bölgədəki sülhməramlı missiyasına tamamilə ziddir. Görünən odur ki, Moskva statusun verilməsi məsələsini müzakirə obyektinə çevirmək istəyir. Hazırda əsas məsələ Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsidir. Qeyd edim ki, o ərazilər həmişə Azərbaycanın tarixi torpağı olub. Sovet dövründə qondarma “Dağıq Qarabağ” ifadəsi yaradılıb və ərazimizin bir hissəsi ermənilərə verilərək, onlar muxtar səlahiyyətlə təmin edilib. Biz hər zaman tarixi ədalətsizliyi aradan qaldıraraq, ərazi bütövlüyümüzü təmin etməyə çalışmışıq. Lakin ruslar proseslərin normal gedişinə həmişə maneçilik törədir”- deyə, partiya rəhbəri əlavə edib.

    Aynurə
    Demokrat.az

  • Sabir Rüstəmxanlı qadınları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

    Təbrikdə deyilir: “

    Hörmətli xanımlar!

    Əziz analar və bacılar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.

    Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

    Bu bayram günündə torpaqlarımızın  müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.

    Əziz analar və bacılar! Dünyanın heç bir qadını gözəllikdə, sədaqətdə, dürüstlükdə, zəhmətdə sizi əvəz edə bilməz!

    Dünyanın heç bir qadını ailəsini sizin qədər fədakarlıqla qoruya bilməz!

    Dünyanın ən gözəl sözləri sizin qarşınızda təsirini itirir.

    Siz dünyanın ən xoşbəxt qadını olmağa layiqsiniz.  Bir daha sizləri təbrik edir, sizə sayğımı və sevgimi bildirirəm!

  • Sabir Rüstəmxanlı: “Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”- Video

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Ukraynanın dəstəyinin çox olması bizi sevindirir, amma eyni münasibəti biz də görmək istəyərdik”. 

    Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
    “Bu gün dünya çox ağır durumdadır və üçüncü dünya müharibəsinin başlanmasının astanasındadır. Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”,- deyə millət vəkili fikrini tamamlayıb.
    S.Rüstəmxanlı bildirib ki, Azərbaycanın haqq savaşı zamanı isə bütün dünya ictimaiyyəti susdu. Onun sözlərinə görə, bu əsasən irqi ayrıseçkiliyə görə baş verib:
    “Bu olanlar bizə çox tanışdır. 30 illik müharibəmizdə bizim yanımızda olmayan dünya bu gün Ukraynanın dəstəkçisidir. Təbii ki, Ukraynanın dəstəyinin çox olması bizi sevindirir, amma eyni münasibəti biz də görmək istəyərdik. Lakin irqi ayrıseçkilik göz önündədir”.
    Sonda deputat qeyd edib ki, Azərbaycan bu gün Ukraynadan gələn qaçqınlar uçun ev sahibliyi edə bilər:
    ”Ukraynada yarım milyondan çox azərbaycanlı yaşayır. Ümumiyyətlə, Ukraynadan gələn qaçqınlar üçün bəlkə də Azərbaycan da qucaq aça bilər. Onsuz da biz qaçqın görməyə öyrəşmişik”.

    Bütöv yazını göstər
  • Sabir Rüstəmxanlı Türkiyənin Ülke Tv-nin qonağı olub

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyənin ÜLKE TV-nin qonağı olub. Gündəmi dəyərləndirib, bölgədə və Ukrainada baş verən olaylardan danışıb.

  • Samir Əsədli: “Rusiya müharibədən ciddi zərbə alacaq”

    Artan sanksiyalar Rusiya iqtisadiyyatına və əhalinin gəlirlərinə ciddi təsir etməkdədir
     
      Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Ukrayna ilə danışıqların nəticələri barədə hansısa qiymətləndirmə aparmağın hələ tez olduğunu söyləyib: 
     
    “Əlbəttə, prezidentə məlumat verilib. Danışıqlara hər hansı bir qiymət vermək hələ tezdir, biz bunu vaxtından əvvəl etmək istəməzdik. Biz onları təhlil etməli və sonra perspektivlər haqqında düşünməliyik”. 
     
    Məlumat üçün bildirək ki, fevralın 28-də Belarusda Rusiya-Ukrayna danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətini keçmiş mədəniyyət naziri Vladimir Medinski, Ukrayna tərəfini isə deputat David Araxamiya təmsil edib. Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakirə olunub. Ukrayna nümayəndə heyəti Belarusda Rusiya tərəfi ilə danışıqlar zamanı bütün rus qoşunlarının çıxarılmasını tələb edib. Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun martın 2-də baş tutacağı deyilir.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında qeyd edib ki, danışıqların nəticəsiz bitəcəyi əvvəlcədən gözlənilirdi. Partiya rəsmisinin sözlərinə görə, Ukraynanın itirəcəyi heç nə yoxdur: 
    “Rusiya isə hər hansı bir güzəştin onun imperiya nüfuzunu tamam məhv edəcəyinin fərqindədir. Faktiki olaraq bu gün Ukrayna qalib kimi görünür. Rusiya isə 40 milyonluq əhalisi olan ölkəni məğlub etməyə nə qədər çox vaxt sərf etsə, qarşısına o qədər çox problem çıxacaq. Moskva bu müharibə ilə çox ciddi zərbə almış olacaq.
    Artan sanksiyalar Rusiya iqtisadiyyatına və əhalinin gəlirlərinə ciddi təsir etməkdədir. Moskvanın ikinci “soyuq müharibə”yə cəlb olunması və qlobal təcridə məruz qalması prosesi başlaya bilər ki, bu da Rusiya üçün ağır nəticələrə gətirə bilər. Bütün bunları Kiyev də hesablayır və ona görə danışıqlar masasına Krım və Donetskin belə azad edilməsi, ərazi bütövlüyünün tam bərpası şərti ilə oturur.
     
    Məncə, münaqişə Ukraynanın müqaviməti və Rusiyanın heydən düşməsi fonunda əldə edilən anlaşma ilə bitəcək”.