Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Fəzail İbrahimli: “Delyaginin aqibəti ermənipərəstlərə cavab oldu”

    “Rusiya Federasiyasının Dövlət Dumasının deputatı, İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı sərsəm çıxışı hələ də gündəmdədir. Bu ermənipərəst qüvvələrə xidmət edənlər üçün cəsarət olmamalıdır”.

    Bu sözləri  Milli Məclisin vitse-spikeri, VHP sədrinin Birinci müavini Fəzail İbrahimli deyib. O xatırladıb ki, Azərbaycan tərəfi deputatlar səviyyəsində, rəsmi formada məsələyə münasibət bildirib: “Mixail Delyagin Rusiya Dövlət Dumasında xüsusi diqqət çəkən deputat olmayıb. Onun söylədiyi fikirlər deputat kimi səlahiyyətini qavramamağından irəli gəlir.

    Delyaginin düşüncəsi, beynəlxalq məsələlərlə bağlı tutumu budursa, çox təəssüf! Belə bir şəxsin Rusiya Dövlət Dumasında təmsil olunması təəssüf doğurur. Əgər kiminsə sifarişini yerinə yetirirsə, çox güman ki, ermənilər və ya ermənipərəst qüvvələrə xidmət edir.

    Azərbaycanla bağlı belə fikrin ortaya atılması, Rusiyanın dünya səviyyəsində təkləndiyi, dünyanın qonşumuzun üzərinə gəldiyi, beynəlxalq sanksiyaların rəsmi Moskvanı sıxışdırdığı dövrdə Rusiya ilə kifayət qədər isti, qonşuluq münasibəti, müttəfiqlik müqaviləsi olan dövlətlə bir deputatın bu formada danışması qəbul edilməzdir. Amma sərsəm çıxış, qeyri-ciddi baxış, çəkisi olmayan bir insanın düşüncəsi olsa da, Azərbaycana qarşı yönəlmiş ciddi təhdiddən söhbət gedir. Deputatın üzr istəməyi sübut edir ki, dediklərinin mahiyyətini dərk etmədən danışıb, hansısa sifarişi yerinə yetirib. Azərbaycan tərəfi buna laqeyd qalmadı, cinayət işi açıldı, Delyagin beynəlxalq axtarışa verildi. Onun üzr istəməsindən asılı olmayaraq, müvafiq addım atıldı. Azərbaycan tərəfinin bu mövqeyi, qərəzli deputatı əməllə başa salması tutarlı cavab idi. Əsas odur ki, bundan sonra Delyagin kimi xarici sifarişə xidmət edən şəxslərin cəsarətlənməsinin qarşısı alındı. Çünki Rusiyanın özündə də bununla bağlı ciddi addımlar atılıb. Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq istəyənlərin cavabı belə olmalı idi”.

     

    Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.

  • “Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq”

    Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı

    Bu günlərdər daha bir milli faciəmizin ildönümünü yaşayırıq. 1918-ci ilin mart ayının sonunda bütün Cənubi Qafqazda erməni daşnak ordusu xalqımıza qarşı misli görünməmiş soyqırım həyata keşirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı nəticəsində Şamaxıda 8 minədək, Bakıda 12 mindən çox dinc sakini öldürülmüşdü. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə məhv edilmişdi. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdü. Bütövlükdə, Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdü. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdi. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə verilən siyasi qiymət idi. 1988-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirdi. Yüz minlərlə azərbaycanlı yurdundan qovuldu. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan şəhəri olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

    BMT Baş Məclisinin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasında göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında, ardınca əsrin sonlarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. Odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımıdır. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Tarix boyu dəfələrlə ermənilərin soyqırımılarına məruz qalmasına baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində daima humanizm prinsipini əsas götürmüş, müharibəni yalnız əlisilahlı düşmən əsgərinə qarşı aparmışdır. Hətta Gəncənin, Tərtərin, Bərdənin, Mingəçevirin bombalandığı günlərdə belə Ordumuz ancaq cəbhədə savaş vermişdir. Məhz bu əxlaq kodeksi Ermənistanla Azərbaycan arasındakı ən böyük fərqdir. Azərbaycan nə olursa olsun mülki insanları hədəf almır, humanizm prinsiplərindən əl çəkmir, Ermənistan isə hətta indiki sivil dünyada belə tarix boyu göstərdiyi qəddarlığı, faşizm meyllərini kənara qoya bilmir, məqsədinə gedən yolda qadın, qoca, uşaq demədən mülki insanların canına qəsd edir.

    Biz, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən cinayətləri, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan soyqırımı qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq.

    Vətəndaş Həmrəyliyi Partiyası beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırırıq. Ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunmasını tələb edirik.

  • Samir Əsədli: “Rusiya anlamalıdır ki, zorla sevgi olmur”

    İrəvanda Sorosun əlinə baxan QHT-lər susdu, azərbaycanlılar isə Rusiyanın hərbi təcavüzünü pislədi; Vətəndaş Həmrəyliyi Partiyası: “Bu, bizim cəmiyyətin insan haqlarına hörmətidir”

    Azərbaycanda vətəndaş cəmiyyəti Rusiya-Ukrayna müharibəsinə münasibətdə də öz mövqeyini açıq şəkildə ortaya qoydu. Müharibənin başlanğıcının ilk günlərində Bakıdakı Ukrayna səfirliyi qarşısında vətəndaş cəmiyyəti fəallarının keçirdiyi dəstək aksiyası buna bariz nümunədir. “Yeni Müsavat” bildirir ki, bununla tanınmışlar, cəmiyyətin fəal üzvləri, ictimai aktivistlər Ukrayna xalqının yanında olduqlarını, bu dövlətin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər. Təbii ki, vətəndaş cəmiyyətinin fəallığının, güclənməsinin belə situasiyalarda necə zəruri olduğunu üzə çıxarır. Bəzən rəsmi səviyyədə çılpaqlığı ilə dilə gətirilməyənləri məhz vətəndaş cəmiyyəti bəyan edə, nümayiş etdirə bilir. Bu halda ictimai rəy göstərir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünü xalq olaraq pisləyirik.

    Ona görə vətəndaş cəmiyyətinin güclənməsinə təkan vermək, dövlətin maraqlarından çıxış etməsinə şərait yaratmaq, QHT-lərin bu istiqamətdə üzləşdiyi məhdudiyyətləri aradan qaldırmaq lazımdır. Misal üçün, Ermənistanda vətəndaş cəmiyyəti bu sınaqdan rəzil vəziyyətdə çıxdı. Onlar Rusiyanı dəstəklədilər. Halbuki bugünlərdə Soros tərəfindən qrantların əsasən Paşinyan hakimiyyətinə yaxın QHT-lərə ayrıldığı məlum olmuşdu. Bununla belə, həmin qərbpərəst təşkilatlar, vətəndaş cəmiyyəti fəalları heç də Ukraynanın yanında olmadılar. Azərbaycanın vətəndaş cəmiyyəti isə bu mərhələdə də xalqın istəklərini dilə gətirdi.

    Yeri gəlmişkən, Britaniyanın “Chatham House” institutunun eksperti Kate Mallinsonun sözlərinə görə, postsovet ölkələri pərdəarxasında Moskvanın görünməz əlini hiss edəcəklər, Rusiya öz təsir dairəsindəkilərə təzyiqini artıracaq və onları özünün prioritetlərinə daha çox uyğunlaşmağa məcbur edəcək. Onun fikrincə, bu ölkələrin hakimiyyətləri Ukraynadakı müharibə haqda mümkün qədər az danışmağa çalışsalar da, müxalifət, vətəndaş cəmiyyəti və media qurumları açıq şəkildə münaqişədə tərəf olurlar. Bununla belə, Azərbaycan cəmiyyəti və müxalifəti Ukraynanı dəstəkləyir, Bakıda Ukraynaya dəstək aksiyaları keçirilib. Hətta Milli Şura aprelin 2-də Ukraynaya dəstək üçün icazəli mitinq keçirməyi planlaşdırır, Bakı meriyasına məktub ünvanlanması gözlənilir. Bütün bunlar vətəndaş cəmiyyətinin Rusiya-Ukrayna müharibəsində hansı tərəfin yanında dayandığını əks etdirir.

    Bu fikirləri “Yeni Müsavat”la bölüşən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, vətəndaş cəmiyyətinin tutduğu mövqe təsadüfi deyil. VHP rəsmisinin fikrincə, bu, cəmiyyətin insan hüquqlarına, ölkələrin suverenliyinə hörmətindən irəli gəlir. S.Əsədlinin fikrincə, Azərbaycan işğalla üzləşmiş, torpaqları qəsb edilmiş, əliyalın insanları qətlə yetirilmiş bir tale yaşayıb: “Əlbəttə ki, indi Rusiyanın hərbi təcavüzü ilə üzləşən Ukraynanın yanında olmalıydı. Ümumiyyətlə, ilk gündən demokratik düşərgə, vətəndaş cəmiyyəti Ukrayna xalqını dəstəkləyib, rus ordusunun şəhərləri viran qoymasını pisləyib. Bizim cəmiyyətdən fərqli yanaşma gözləyə də bilməzdik. Odur ki, Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirildi, Putin hakimiyyətinin və ordusunun addımları pislənildi və Kreml Azərbaycanda ictimai rəyin nədən ibarət olduğunu gördü. Eyni zamanda Ukrayna xalqı da azərbaycanlıların haqqın yanında dayandığına şahid oldu. Rusiya anlamalıdır ki, zorla sevgi olmur, Putin bilməlidir ki, qonşu ölkələr niyə ondan uzaqlaşırlar…

    Üstəlik, Azərbaycanda vətəndaş cəmiyyəti Qazaxıstanda gedən proseslərdə də KTMT-nin bu ölkəyə daxil olmasını pisləmişdi və sosial şəbəkələrdə etirazını nümayiş etdirmişdi. Bizim cəmiyyət işğalçının yanında deyil, hər zaman qarşısında olub. Bu mənada bir aydan çoxdur davam edən müharibədə Azərbaycan cəmiyyətinin mövqeyi aydın və dəqiqdir”.

    S.Əsədlinin sözlərinə görə, Azərbaycandan Ukrayna ordusuna könüllü qoşulmaq təşəbbüsləri də olub, o cümlədən Kiyevdə, Xarkovda və digər şəhərlərdə yaşayan azərbaycanlılar ukraynalılara ərzaq yardımları ediblər: “Azərbaycan dövləti də Ukraynaya 5 milyon avroluq humanitar yardım göndərməklə, əslində bizim cəmiyyətin mövqeyinə şərik oldu. Ona görə vətəndaş cəmiyyəti inkişaf etməlidir, ona imkanlar yaradılmalıdır ki, önə çıxa bilsin, xalqın fikrini ifadə etsin. Bu, diplomatiyada da kifayət qədər vacib faktorlardan biridir. Həmçinin Qarabağdakı rus sülhməramlılarının davranışları ilə bağlı vətəndaş cəmiyyətinin mövqeyi olmalıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin güclənməsi dövlətin öz marağında olmalıdır və bu istiqamətdə bir sıra problemlər həllini tapmalıdır”.

    Hazırladı: Emil SALAMOĞLU

    Yeni Müsavat

  • Sabir Rüstəmxanlı: “Hər halda hazırda Kürdə suyun artması prosesi gedir. Çünki yazdır. Yayda necə olacaq bilinmir”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    Bu yaxınlarda Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Kür çayının aşağı axarında azsululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, ötən il Kür çayında suyun səviyyəsinin azalması fermer təsərrüfatlarında ciddi problemlər yaradıb. Hətta paytaxt Bakının əksər ərazilərində suyun 24 saatlıq rejimlə verilməsi mümkün olmayıb, mövcud problemlə əlaqədar içməli suyun təchizatı qrafiklə həyata keçirilib.

    Bu barədə Modern.az-a danışan deputat Sabir Rüstəmxanlı bildirib ki, Aran rayonlarında – xüsusilə Neftçala və Salyanda həm içməli suyun verilməsi, həm də əkin sahələrinin suvarılması ilə bağlı narahatlığı parlamentdə qaldırıb:

    “Təkliflərimi Nazirlər Kabinetinə və əlaqədər qurumlara vermişdim. O vaxt bu məsələnin araşdırılması ilə bağlı komissiya yaradılmışdı”.

    Onun sözlərinə görə, Kür və Araz çaylarında suyun azalması təbii fəlakətdir.

    Milli Məclisdə Neftçalanı təmsil edən S.Rüstəmxanlı bildirib ki, su probleminin meydana çıxmasına eyni zamanda təbii olmayan, insan əli ilə yaradılan süni təsirlər də rol oynayır: “Bu da ondan ibarətdir ki, suvarma sistemləri köhnədir. Beton kanallar yoxdur. Hamısı selləmə üsulu ilə suvarılır. Bu da həm su israfçılığına, həm də torpaqların şoranlaşmasına səbəb olur. Ona görə də, burada kompleks tədbirlər görülməlidir”.

    “Neftçalaya ötən il su kəməri çəkildi. İndi o kəndlərə şaxələndirilir. Kürün üstündə çoxlu su nasosları var. Onlarda limitin nə qədər olduğu bilinmir. Yəni kim nə qədər su götürüb, suvarmada istifadə etməlidir, bilinmir.  Buna ciddi nəzarət edilməlidir. Kür gərək öz tarixi əhəmiyyətini itirməsin. Yəqin ki, indi müəyyən işlər görülür. Hazırda dağlarda qar var. Buna görə də, Kürün suyu artmaqdadır. Ola bilsin ki, yazda çoxlu yağış yağar və Kür heç olmasa əvvəlki səviyyəsinə qayıdar. Hər halda hazırda Kürdə suyun artması prosesi gedir. Çünki yazdır. Yayda necə olacaq bilinmir”, – deputat vurğulayıb.

    Qeyd edək ki, son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun azalması müşahidə edilir. Bu azalma təkcə Kür çayında yox, ölkənin digər şirin su ehtiyatlarında da baş verib. Kür çayında suyun azalması su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir.

    Suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da nəticədə problem yaradır.

    Modern.az 

  • VHP-dən Qarabağın tam azadlığına çağırış:”Dövlətin və ordunun yanındayıq”

    Son günlər Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsində erməni separatçılarının təxribatları ciddi narahatçılıq doğurur. Zəfər Savaşından sonra darmadağın olan erməni hərbçiləri hərbi əməliyyatlarının dayanmasında istifadə edərək dəfələrlə təxribatlar törətmişdir. Bu müddət ərzində dəfələrlə sülhməramlıların nəzarəti altında olan Azərbaycan torpaqlarından mülki əhaliyə və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açılmışdır. Düzdür, hərbçilərimiz hər dəfə bu təxribatların layiqincə cavabını vermişdir, amma belə separatçı əməllərə sülhməramlı adlandırılan rus hərbçilərinin susqunluğu təəssüf və etiraz doğirur. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Təəssüf ki, Rusiya mütəmadi olaraq 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atır. Rusiyanın bölgə ilə bağlı yeni xəritə təqdim etməsi, “Dağlıq Qarabağ” adlı hüquqi qurumdan danışması, terorçu erməni yaraqlılıarını açıq himayə etməsi, qondarma icmalar yaratması və digər addımları Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurur. Bu, ilk növbədə, zəmanətçi kimi çıxış edən Rusiya Prezidentinin imzasına hörmətsizlik kimi dəyərləndirilməlidir.
    Azərbaycan ordusunun bölmələrinin keçmiş Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki  Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənməsinə Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən reaksiya isə bütün beynəlxalq hüquq normalarına, dinc qonşuluq münasibətlərinə daban dabana ziddir. Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Əslində 10 noyabr bəyanatına görə Rusiya sülhməramlılarının görməli olduğu işi Azərbaycan tərəfi həyata keçirib. Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə bu gün dünya çapında düşmən mövqedə duran Rusiya və ABŞ-ın eyni qərəzlə yanaşması böyük təəssüf doğurur.
    30 il müddətində dünyanın supergüclərinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun, dünyada sülhün və dövlət suverenliyinin qarantı sayılan BMT-nin bacarmadığını Azərbaycan ordusu 44 günə gerçəkləşdirərək beynəlxalq hüququ yerinə yetirdi.
    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin hər şeydən üstün olduğunu əsas götürərək bütün ərazilərdə separatçı hərbi birləşmələrin ləğv edilərək ölkə ərazisində dövlət hüquqlarımızın tam bərpasını zəruri sayır.
    VHP hesab edir ki, qanunlarımıza tabe olan hər bir erməninin təhlükəsizliyinə təminat verərək öz hakimiyyətini bütün ərazilərimizdə bərqərar etməlidir. Vətən savaşı dönəmində olduğu kimi bu gün də siyasi mövqeyindən, sosial durumundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Xankəndindində bayrağımızın ucalması yolunda dövlətin və ordunun yanındadır!

  • “Son hadisələr iki ölkə arasında yaranmış kövrək münasibətləri korlaya, indiyədək əldə olunmuş müsbət irəliləyişləri zədələyə bilər”

    “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Hazırda tərəflər arasında gərginliyə səbəb ola biləcək əsas mövzu Zəngəzur dəhlizi hesab olunur”.

    Bu fikirləri Demokrat.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi bildirib ki, Azərbaycan üçün mühüm siyasi və logistik əhəmiyyət daşıyan, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirə biləcək belə bir dəhlizin açılmasına Ermənistan razılıq vermir:

    “Son hadisələr iki ölkə arasında yaranmış kövrək münasibətləri korlaya, indiyədək əldə olunmuş müsbət irəliləyişləri zədələyə bilər. Putinin Ukraynadakı qondarma separatçı qurumları tanıması və ardınca guya öz xahişləri ilə həmin qurumlardakı əhalinin müdafiəsi məqsədi ilə Ukraynaya faktiki açıq təcavüz etməsi Qarabağdakı separatçı-terrorçu rejimi, eləcə də Ermənistanda Putinin dostu sayılan Xocalı qatilləri Robert Köçəryan və Serjik Sarkisyanın başçılıq etdiyi revanşist, anti-türk, terrorçu və işğalçı xislətli müxalifəti fəallaşdırıb. Rusiya, konkret olaraq onun lideri Putin bu saat əsas diqqət və gücünü Ukrayna istiqamətinə yönəldib və ona görə də istəməz ki, Cənubi Qafqazda, Qarabağda yenidən gərginlik ocağı yaransın. Amma bütün hallarda proseslər Rusiyanın zəifləməsinə doğru gedir. O da bəllidir ki, bu zəiflik ona gətirib çıxaracaq ki, Moskvadan çox uzaq nöqtələrdə Kremlin fəallığı azalacaq. Hazırda regionu idarəetmə üsulu, iki ölkəyə təsir mexanizmi kimi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsi onun üçün yetərlidir. Bu durumdan istifadə edilməli və rəsmi İrəvan problemin birdəfəlik həlli üçün məsuliyyətini dərk etməlidir”.

    Aynurə Pənahqızı
    Demokrat.az

     

  • VHP-dən Avropa Parlamentinə etiraz

    Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə güclənməsi türk düşmənlərini ciddi şəkildə narahat edir. Avropa Parlamentinin bir neçə gün öncə Azərbaycana qarşı qərəzli münasibəti əks etdirən yeni “qətnamə” qəbul etməsi də bunun göstəricisi sayıla bilər. Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini “silmək və inkar etmək” siyasəti yürüdür: “Regionda erməni mədəni irsinin silinməsi siyasəti aparılır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin daha geniş sxeminin tərkib hissəsidir. Mədəni irs gələcək nəsillər üçün qorunub saxlanmalıdır”. Daha öncə təsdiqlənməsi üçün Avropa Parlamentinə təqdim edilən qətnamə layihəsində bildirilirdi ki, Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsinin olduğunu inkar edir. Layihədə bu inkaredilmə və silinmə siyasəti pislənirdi.
    Ermənipərəst dairələrin belə bir “sənəd”in qəbul olunmasına töhfələri həqiqətən də riyakarlıqdan başqa bir şey deyil. Belə bir misal var: öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Avropa parlamentariləri yaxşı olar ki, Avropada ildən-ilə artan irqçiliyin, ayrı-seçkiliyin, insanların siniflərə bölünməsinin, islamofobiya, ksenofobiya kimi halların artmasının, bu problemlərin artıq, demək olar ki, dövlət siyasətinə keçməsinin qarşısını almaq məqsədilə sənədlər qəbul etsinlər.
    Bu qətnamə Avropa Parlamentinin adına və statusuna yaraşmır. Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti Avropa dövlətlərinin özləri haqqında yaratdıqları demokratik, ədalətli, insan haqlarına sayğı göstərən mifini vurub dağıdır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinə, mədəniyyət obyektlərinə qarşı biganəlik göstərildi. Məscidlərdə saxlanılan heyvanlara, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşıb, erməniləri buna görə qınamadılar, onlara qarşı heç bir tədbir görmədilər.
    Hər il işğal olunmuş ərazilərdə 2–3 dəfə monitorinq missiyasını həyata keçirən ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik isə, bir dəfə də olsun, ermənilərin Qarabağ ərazisində törətdiyi vandalizm əməlləri haqqında məlumat vermədi. Qarabağ ərazisində 70 məsciddən 67-nin tamamilə məhv edilməsi, yüzlərlə mədəniyyət tikililərinin, məktəblərin, muzeylərin yer üzündən silinməsi, çox təəssüf ki, AP üzvlərini Azərbaycanın tarixi-mədəni irsinin qorunması üçün hər hansı bir addım atmağa sövq edə bilmədi. Bütün bunlardan sonra Avropa Parlamentinin Azərbaycandan reallıqda mövcud olmayan “erməni mədəni irsi”ni qorumağa çağırması, sadəcə, istehza doğura bilər. Əlavə etmək istəyirik ki, işğaldan azad edilmiş torpaqlarda heç vaxt erməni yaşamadığına görə orda erməni abidələri olmayıb. Bu gün Rusiya sülhməramlılarının nəzarəti altında qalan və ermənilərin yaşadıqları ərazilərdə isə hər hansı abidənin dağıdılmasından danışmaq absurddur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan erməni abidəsi sayılan həmin kilsələrin qorunmasında ermənilərdən daha artıq maraqlıdır. Çünki o abidələrin çoxu Azərbaycanın xristianlıq dövrünün alban abidələridir və ermənilərə heç bir aidiyyatı yoxdur.
    Vətəndaş Həmrəyliyi Partiyası Avropa Parlamentinin heç bir reallığa və hüquqa uyğun gəlməyən qərarını qətiyyətlə pisləyərək bunu Azərbaycana qarşı illərlə yürüdülən ikili standartın tərkib hissəsi sayır. Eyni zamanda bəyan edirik ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz.

  • Sabir Rüstəmxanlıya fəxri doktor adı verildi – FOTO

    Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı fəxri doktor adına layiq görülüb.
    Fəxri doktor diplomu bu gün İnstitutun Elmi Şurasında direktor Teymur Kərimli tərəfindən xalq şairinə təqdim edilib.
    Bildirilib ki, bu qərar S. Rüstəmxanlının elmin inkişafına və İnstitutun fəaliyyətinə göstərdiyi yardımlara görə qəbul olunub.
    Sonra Xalq şairi İnstitutun sərgi salonunda təşkil edilmiş “Şuşa və Qarabağ – Əlyazmalarında” adlı sərginin açılışında iştirak edib.
  • KİYEVDƏ QURULUB KİYEVDƏ ÇÖKƏN İMPERİYA – “Pyotrdan başlayan qanlı imperatorluğu Putin eyni qaydada başa vurmaqdadır…”

    Nəsimi Şərəfxanlı Vətəndaş Həmrəyliyi Partiyası Sədrinin müavini

    “Biz heç bir dövlətə və xalqa qarşı deyilik, nə az, nə çox, öz azadlığımızı istəyirik”

     

    Ön söz əvəzi

    Tarixin sınağından çıxmış bir həqiqət var: İmperiyalar millətlərin əsarət altına alınması prinsipi üzərində qurulsa da, elə bu prinsip səbəbindən də dağılır. Başqa sözlə, imperiyaları yaşadan da, onları məhvə sürükləyən də əsarət altındakı millətlərdir. Bu, özünü zərurət kimi göstərir.

    Qoca tarix çox imperiyalar yaşadıb öz xatirəsində. Bunlardan tarix səhnəsini tərk edənlər də var, bu gün süqut ərəfəsində olanlar da. Əslində, bütün imperiyaların süqut hökmü yarandığı andan verilir. İnsan doğulandan onun ölümünün labüd olduğu kimi.

    Yazımızın hədəf nöqtəsi tarixin mövcudluq bölgüsündə ikincilər – süqut ərəfəsində olanlar sırasında duran Rusiya imperiyasıdır. Bəs, niyə məhz Rusiya?

    Əvvəla, biz özümüz də bu imperiyanın əsarəti altında olmuşuq (hərçənd ki, bu əsarətdən tam şəkildə çıxa bildiyimizi hələ də yəqinliklə söyləmək olmaz) və imperiya mənafelərinə uyğun gəlmədiyindən bu əsarət dövrü tariximizə yetərincə bələd deyilik.

    İkincisi, “şeytan barmağı” kimi dünyanın bütün münaqişə ocaqlarında rus imperiyasının əli görünür. Yenicə istiqlaliyyət elan etmiş dövlətin vətəndaşları kimi qarmaqarışıq dünya olaylarından baş çıxarmağımız üçün xarici siyasətimiz buna uyğun qurulmalıdır. Bu imperiya haqqında ən azı bu səbəbdən bəzi məqamları bilməmiz lazımdır.

    Ən nəhayət üçüncüsü, məmləkətimizin vətəndaşları siyasi tariximizin kiminlə bölüşdürüldüyünü və Qarabağda sülh yaratmanın kimlərə həvalə edilməsini bilməlidirlər.

    Beləliklə,

    Ruslar kimdir və Rusiya haradır?

    Bu hissədə və bundan sonra ruslar və Rusiya haqqında söyləyəcəyimiz fikirlərlə rus xalqını təhqir etmək fikrində deyilik. Sadəcə, “Xəzər dənizi sahillərinin zaman-zaman rus quldurlarının talançı hücum və basqınlarına məruz qalması bura əhalisində şübhəsiz qanlı xatirələr şəklində yaşamışdır. Həmçinin bu xatirələrin təsiri ilə təcavüzə məruz qalan və bundan daim səksəkədə olan xalqın təxəyyülündə rus iyrənc və qorxunc bir şəkildə təsəvvür olunmuşdur” (M.Ə.Rəsulzadə).

    Təbii ki, bu xalqın nümayəndəsi kimi bizim də fikirlərimiz belə xatirələrin təsirindən kənarda deyil.

    İlk istinad nöqtəmiz dahi Nizami Gəncəvidir. Klassik ədəbiyyatımızdan gətirilən sitat oxucuya qeyri-ciddi görünməsin.

    Əvvəla, Nizami tarixi istinad üçün kifayət qədər etibarlı mənbədir.

    İkincisi, klassik Şərq ədəbiyyatında nəzm pərdəsi altında gizlənən çox fəlsəfi fikirlər var ki, bu gün həmin fikirlər dahi olmaq naminə ciddi cəhdlə yabançı dillərdə oxuduğumuz Avropa müəllifli əsərlərdə öz əksini tapıb.

    Beləliklə, N.Gəncəvinin ruslar haqqında fikri ədəbi fəaliyyəti ilə yetərincə tanış olmadığımız M.Ə.Rəsulzadənin dilində: “...Rus obrazı pişik gözlü (bu gözlər kiçikdir və rəng etibarı ilə göydür), sarı saçlı və qırmızı üzlüdür. İctimai baxımdan ibtidai mərhələdədir ”, “…Şair qırmızı qəsri rus şahzadəsi üçün ayırmışdır. Qırmızı rəng qan rəmzidir. Rus gözəlinin Bəhram-Gura danışdığı eşq dastanı da kifayət qədər qanlıdır” (M.Ə.Rəsulzadə. “Azərbaycan şairi Nizami” kitabından).

    Bundan sonra rus imperiyasının dəyişmiş forması olan SSRİ-nin bayrağındakı qırmızı rəngin inqilab rəmzi olduğuna heç cür inanmaq olmur.

    Böyük şairin ruslar haqqındakı fikrini “İskəndərnamə”dən iki misra ilə bitiririk:

    “Adamlıq gözləməz bir kimsə rusdan,

    Ki bənzər insana yalnız baxışdan”

    Lütfən əsəbiləşib üstümüzə hücuma hazırlaşmayın, beyni çürük “velikorus” ideyası ilə doldurulan …oviçlər, bunu mən yox, böyük türk şairi Nizami söyləyir.

    Rusların mənşəyi və Rusiya dövlətinin yaranması haqqında görkəmli tarixçi-filoloq Rəfiq Özdəkin fikirləri də diqqəti cəlb edir: “Skandinav bölgəsindən gələn və dənizçi bir qəbilə olan varyaklar arasında rus deyə adlandırılan bir qrup vardır. Bu qrup ticarət üçün gələn digər skandinaviyalıları idarəsi altına topladı.

    “Rus” İsveç köklü bir sözdür, “ros” şəklində söylənilir və mənası gəmiçi deməkdir. Bir qədər sonra türklər tərəfindən qurulmuş olan, amma slav qəbilələri ilə dolmuş Kiyev şəhərini ələ keçirdilər və buranı knyazlıq, yəni, bəylik mərkəzi etdilər. Xəzər dövlətinin süqutu dövründə və onun izni ilə qurulan bu bəylik rus dövlətinin təməli olmuşdur. Rus knyazlıqları təşkil və idarə baxımından türkləri örnək götürmüşlər. Hətta ilk rus dövlət başçıları Xaqan adını daşımışdır. Rus xaqanları xristianlığı rəsmən qəbul etdikdən bir müddət sonra bu adı buraxmışlar”.

    Rus adını özündə saxlayan ilk dövlət IX əsrdə Şərqi Avropa və Dnepr boyunda slavyan tayfalarını özündə birləşdirən Kiyev Rus dövləti olub. 

    Müəyyən ərazini bildirən Rusiya adı isə 15-16-cı əsrlərin ayrıcında yayılıb. Amma istər Kiyev Rus dövləti, istərsə də imperiya dövründə rusların sahib olduğu ərazilər tarixən türk atlılarının çaparaq meydanı olub. Bu meydanda sonralar türklərin başına gətirilən böyük faciələrin müəllifi olan imperiyanın əsası qoyuldu.

    Çar Rusiyası

    Rusiyanın imperiya kimi formalaşması 18-ci əsrə təsadüf edir. Rusiyanın imperiya elan edilməsi ilk imperator I Pyotrun adı ilə bağlıdır. Onun hakimiyyətə gəldiyi vaxt Rusiya ümumi inkişaf səviyyəsinə görə Qərbi Avropa ölkələrindən xeyli geridə idi. Rusiyanı bu gerilikdən çıxaran isə məhz Pyotr oldu.

    O dövrün tarixçiləri haqlı olaraq yazırdılar: ”Biz yoxluqdan varlığa çevrildik və mədəni xalqlar cərgəsinə qoşulduq”.

    Pyotr həmçinin Rusiyanın işğalçı müharibələrinin də əsasını qoydu. K.Marks bu müharibələrə belə qiymət verirdi: “Öz ölkəsinin təbii inkişafı üçün son dərəcə zəruri olan yerləri tutmaqla kifayətləndi”.

    Belə “son dərəcə zəruri olan yerlərdən” biri də Xəzəryanı vilayətlər, Azərbaycan idi.

    Rusların Azərbaycana ilk gəlişi IX əsrə təsadüf etsə də, o zaman işğalçılar burada tam möhkəmlənə bilmədilər. Pyotrun rəhbərliyi altında keçirilən yürüş də müvəqqəti xarakter daşıdı. Amma bu, sonrakı uzunmüddətli işğalda böyük əhəmiyyət daşıdı.

    Ümumiyyətlə, Pyotrun necə bir imperiyanın əsasını qoyduğunu tam müəyyənləşdirmək üçün onun vəsiyyətlərinə və bu vəsiyyətnamənin yazıldığı vaxtdan bizi ayıran zamana, bu zaman daxilində baş verən olaylara nəzər yetirmək kifayətdir.

    Pyotrun vəsiyyətlərinə heyrətamiz sadiqliklə əməl edən rus çarlarının “öz ölkəsinin təbii inkişafı üçün” yürütdüyü işğalçılıq siyasəti nəticəsində XIX əsrin sonunda Rusiyanın ərazisi 22,4 milyon kv.km-ə çatdı.

    dövrdə imperiya əhalisinin 57 faizi qeyri-rus idi. İmperiyanın digər mərhələsinin banisi olan Lenin əbəs yerə Rusiyanı “xalqlar həbsxanası” adlandırmırdı. Həbsxananın məhbuslarından biri də Azərbaycan idi.

    XIX əsrdən başlanan aramsız və amansız rus hərbi yürüşləri 1828-ci il Türkmənçay müqaviləsi ilə Arazın quzeyinin Rusiyanın əsarəti altına keçməsi ilə nəticələndi. Milli dövlətçilik ideologiyaları müxtəlif və bir-birinə zidd olan imperiyaların mənafeləri Azərbaycanda birləşdi və Azərbaycan bu mənafelər birləşməsində bölündü.

    İran-Rusiya əlaqələrini böyük ideoloq Əli bəy Hüseynzadə “Siyasət fürusət” əsərində heyran ediləcək bir dərəcədə incə simvollarla təsvir edib: “İran şahı Qulamxan Mirzə adlı bir zatı Peterburqa ezam etdirir ki, o, məşhur rus dirijoru Nasanovun rəhbərliyi altında İran üçün bir velikorus orkestri təşkil etsin və bu orkestr ilə o zaman Rusiyada modda olan fransız bəstəkarı Sen-Sansın “Ölüm rəqsi” havalarını Təbrizdə çaldırsın”.

    İran-Rusiya birləşməsinin Azərbaycana töhfələrindən biri də ermənilər oldu. Qafqazda daimi və etibarlı müttəfiq qazanmaq üçün Rusiya Türkmənçay müqaviləsinə əlavə etdiyi bənd ilə İran ərazisində yaşayan erməniləri Qarabağa, Zəngəzura köçürdü. 

    Bu qonaqlarımızın yaxın tariximizdəki rolunu isə söyləmək artıqdır. Ümumiyyətlə, öz müstəmləkə siyasətini həyata keçirmək üçün Rusiya köçürmə siyasətindən geniş istifadə edirdi. Sonrakı dövrlərdə Azərbaycana köçürmə adı ilə göndərilən rus qızları da məhz bu siyasətin tərkib hissəsi idi. Onlar Azərbaycana gəlib əksəriyyəti burada ailə quraraq əhaliyə qarışır, milli psixologiyanın dəyişməsində mühüm rol oynayır,bir müddət sonra isə Rusiyadan öz ardıcıllarını da bu maraqlı və ecazkar cənub ölkəsinə dəvət edirdilər.

    Ram edilmiş millətləri lazımi səviyyədə idarə etmək təsadüfi adamlara tapşırılmırdı. Qafqazda hərbi xidmətdə olan çar generalları (Potyomkin, Zubov, Sisianov, sonralar isə mülki şəxslər Şaumyan, Mikoyan, Serebrovski, Polyaniçko…) bir neçə keyfiyyətinə görə seçilirdilər. Onlar həddən artıq sərt, bütün varlıqları ilə imperiyaya sadiq, işğalçılıq siyasətini ardıcıl aparan adamlar idi. Bəlkə də bunlar rus psixologiyasının məhsullarıdır.

    Xatırlayın, Sisianovun Cavad xana , Çiçerinin Fətəli Xan Xoyluya hədələyici məktublarını. Xatırlayın, Valter Şonyanın “Rusiyaya qarşı çıxanlar cəzasına çatacaqlar” hədəsini. Amma cənab Sisianov, Çiçerin, Kazimirov, Şonya, Jirinovski… və neçə-neçə beyni velikorus şovinizmi ilə çürümüşlər.

    Eşidin, “biz heç bir dövlətə və xalqa qarşı deyilik, Azərbaycan xalqı nə az, nə çox öz azadlığını istəyir. Buna qarşı çıxana qarşı çıxacağıq”(Ə.Elçibəy) və çıxdı da. Özü də tək Azərbaycan xalqı yox, əsarət altına alınmış bütün xalqlar. Eləcə də rus xalqı. Kökü qurumuş qocaman bir şeytan ağacı çökdü. Amma demə, yerində yenisi bitəcəkmiş.

    Bugünkü Rusiya

    Əvvəlcə yazının bu hissəsini “demokratik Rusiya” adlandırmaq istədik. Amma demokratik dövlət bugünkü Rusiya kimi olursa, onda yazıq bizə ki, belə bir cəmiyyət uğrunda mübarizə aparırıq. Bəli, 1991-ci ildə SSRİ-nin süqutu ilə rus imperiyası yeni bir formada təzahür etdi. Bundan sonra imperiya ərazisində baş verən olaylara yalnız və yalnız təsadüf adı vermək olmaz. Bu təsadüf adlandırılan Pyotrdan üzübəri başlanan estafetin dünən Yeltsin, bu gün isə Putin tərəfindən davam etdirilməsidir. Amma artıq sonuna çıxmaqdayıq.

    Rus imperiyası özünün son illərini yaşamaqdadır. Bir neçə il öncə çeçen lideri qarşısında çarəsiz və yazıq görkəmdə duran Yeltsin də, bu gün dünyanı nüvə silahı ilə hədələyən Putin də öz imperialist babalarının sonuncu nümayəndələridir. Qan üstündə dayaqlanmış bir imperiya tarix səhnəsini tərk etməkdədir. Pyotrdan başlayan amansız və qanlı imperatorluğu Putin eyni qaydada başa vurmaqdadır. O, bu gün Ukraynada müqavimət artdıqca, Ukrayna xalqının iradəsini qıra bimədikcə paranoyal rəhbəri, qaniçən Putinin timsalında daha da quduzlaşaraq acizləşir.

    Ukrayna xalqının iradəsini qırmaq, gözünün odunu almaq, vahimə yaratmaq və bu yolla onu təslim olmağa məcbur etmək üçün səhiyyə müəssisələrini, təhsil müəssisələrini, uşaq bağçalarını, körpələr evlərini raket zərbələrinə məruz qoyur. Bu, neonasizmin ən qəddar təzahürüdür…

    Daha çox nifrət düşmənin daha böyük məğlubiyyətindən xəbər verir!!! Putin erası başa çatmaq üzrədir, Rus imperiyasının tarixin zibilliyinə atılması yaxın gələcəyin görünən gerçəkliyidir.

    Nəticə

    Bəlkə də bir qədər gecikmiş bu tarixi siyasi təhlil yazımızdan nəticə olaraq iki xətt ayırmaq istəyirik.

    Məsələnin birinci tərəfi ondan ibarətdir ki, həqiqətən imperiya haqqında tarixi biliklərimiz kifayət qədər deyil və bu işdə tarixçilərimizin gərgin zəhmətinin nəticəsi olan kompleks tədqiqata ehtiyacımız var.

    İkinci siyasi tərəf isə Rusiya ilə münasibətlərimizin necə qurulması ilə bağlıdır. Onu da qeyd edək ki, burada tarixi tərəf mühüm rol oynayır. Belə ki, imperiyanın iç üzünə bələd olan heç bir dövlət və millət yəqin ki, öz gələcək taleyini bu imperiya ilə bağlamaq istəməz.

    Ümid edirik ki, məhz belə də olcaq.

     

     

     

  • Nazirliyin “cavabları” hardadır?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arqumentləri yalan çıxdı

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisinin son  iclasında hökumətin hesabatının müzakirəsi zamanı  bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır: “Hökumət iclaslarının stenoqrammı götürüb, təklif olunan məsələlərlə tanış ola bilər. Təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, sənaye müəssisələri vardı, indi isə bu sahədə problemlər yaranıb. İşsizlik məsələsi həll olunmalıdır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, birinə də cavab verməyib”..

    Adətən vətəndaş şikayətinə və ictimai ittihamlara susqunluq göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatın fikirlərinə tez-tələsik  münasibət bildirib: “Millət vəkili S.Rüstəmxanlı keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səkkiz deyil, ikisi əlillik təyinatı, dördü məşğulluq məsələləri ilə bağlı olan altı məktub ünvanlayıb. Həmin məktubların hər biri nazirlik tərəfindən qısa müddət ərzində araşdırılaraq aidiyyəti üzrə cavablandırılıb.

    Belə ki, S.Rüstəmxanlının əlilliklə bağlı 04.05.2021, 26.11.2021-ci il tarixli, məşğulluqla bağlı 29.04.2021 (3 məktub), 03.05.2021-ci il tarixli məktubları 05.05.2021 (2 cavab məktubu), 06.05.2021, 07.05.2021, 11.08.2021, 21.12.2021-ci il tarixlərində cavablandırılıb. Cavabların üçü məktublarda qeyd edildiyi kimi aidiyyəti vətəndaşlara, üçü isə Milli Məclisə göndərilib”.

    Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabına onlar kimi tələsik və başdansovdu yanaşmadıq, mətbuata təqdim etdikləri məlumatları yoxladıq və məlum oldu ki, 2021-ci ilin yanvar ayından bu günədək deputat tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun qurumlarına 13 məktub göndərilib. Bu məktublar deputat tərəfindən və onun xüsusi blankında yazılıb, cavablar da Milli Məclisə, millət vəkilinə ünvanlanmalıydı. Milli Məclisin məktublar şöbəsi də bu məktublara cavabın onlara daxil olmadığını təsdiqləyib. Sözü gedən nazirlikdən yalnız bir dəfə- 22 noyabr 2021-ci il tarixində, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə cavab göndərilib. Səbəb isə yenə də  deputatın məktublarına cavab verilməməsi və bununla bağlı S.Mirzəyevin öz adından nazirliyə müraciət etməsi olub. Əgər nazirliyin əks-arqumenti varsa bunu sənəd-sübutla bildirməlidir.

    Azərbaycan milli fikir tarixində və istiqlal mücadiləsində müstəsna imza sahibi olan Sabir Rüstəmxanlını doğru danışmamaqda ittiham etməkdənsə, nazirlik bu iradların vətəndaş – hakimiyyət münasibətlərini sağlam tutmaq istədiyini, dövlət maraqlarına xidmət etdiyini  nəzərə almalı idi. Əhalinin həssas təbəqəsinin müraciətlərinə aylarla etinasız qalan nazirliyin ünvanına deyilən xırda bir irada belə tələm-tələsik  və hikkəli cavab verməsi dövlətçilik əxlaqına sığmır.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illərdə xeyli sayda pensiya və təqaüdləri ləğv edərək “büdcəyə qənaətlə” yadda qalıb.  Nazirlik xalqı dövlətdən narazı salmamaq üçün öz işlərini sahmana salmalıdır. İnsanlarda belə təsəvvür formalaşıb ki, Azərbaycanda ədalət tərəzisi yaxşı işləmir. Amma gəlin, son baş verənləri unutmayaq. Son həbslər də göstərdi ki, o tərəzi vaxtı yetişəndə çox düz işləyir.

    VHP Mətbuat Xidməti