Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Vətəninə dönmək istəyən insan

    Röyalə Məmmədova

    VHP Gənclər Təşkilatının fəalı

    Malta sürgünlüyündən sonra qalan günlərini vətənində xidmət etməklə keçirmək niyyətində idi. Bu məqsədlə Azərbaycanda rəhbərlikdə olan Nəriman Nərimanova məktubla müraciət edir.

    Birinci məktub:

    Möhtərəm Nəriman ! 26 aylıq əsarətdən sonra nəhayət mən buraxıldım və başqa dostlarla bərabər gətirilib bizim xilaskarımız olan Ankara hökümətinin Romadakı nümayəndəsinə tapşırıldıq.

    Doğrusunu desəm mən indi də bilmirəm ki, məni nə üçün həbs etmişlərdi və indi nə səbəbə azad edirlər. Bu uzun müddətdə qoca vaxtımda nə qədər cismani, maddi və mənəvi əziyyətlər çəkdiyimi , təhqirlər və istehsalar gördüyümü təsəvvür eləməzsiniz. Mənim ailəm İstanbulda qalıb məndən az əziyyət çəkmirdi. Mən iki dəfə sizə müraciət etmişəm, ailəm də həmçinin müraciət etmişdir. Ola bilər ki, ya bunlar gəlib sizə çatmayıb, ya da siz kömək etmək imkanı əldə etməmisiniz.

    Bakıda bulunan ingilis əsirləri hadisələrindən və bizi xilas etməyə çalışdığınızdan bizi unutmadığınız məlumumuz idi. Görünür siyasi vəziyyətdən dolayı bunu icra etmək sizə mümkün olmamışdır. Bununla bərabər istər mən , istər mənim dostlarım təşəbbüslərinə görə sizə minnətdardırlar.

    Şərsiz xeyir olmaz demişlər. Bu əsirlik müddətində mən çox oxudum, fikirləşdim, düşündüm. Qabaqcadan mənə tanış olan ingilis dilini əsaslı şəkildə öyrəndikdən sonra onun sayəsində və fransız dilinin köməyi ilə mən Qərb kulturasının əsasları haqqında çox oxudum . Sizə də məlum olduğu kimi müsəlman millətlərinin dillərini bildiyimdən mən çoxdan Şərqi bilirdim.

    Bütün bu mütaliələr,düşüncələr və bu müddətdə görmüş olduğum təcrübələr məni qəti bir imana gətirmiş oldu ki, istər Şərqdə , istərsə də Qərbdə bütün ictimaim üsul və ictimai quruluş yalan, qaba arzu ,güclülərin gücsüzləri əzməkləri üzərində durmaqdadır. O şeyə ki, mədəniyyət ,hürriyyət ,müsavat deyilir , zəhərli bir yalan ,alçaq bir riyakarlıqdır ki, onların sayəsində yalnız qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsul- idarə öz yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur.

    Biz şərq millətləri bütün mövcudluğumuz ilə Şərq naminə mübarizə aparmalıyıq.

    Möhtərəm, doktor əgər mənim nəzəriyyə və inamımın səmimiliyinə , qabaqca əhəmiyyət verdiyinizdən indi layiqli mövqeyini işğal etdiyiniz işin qələbəsində əgər bir yaralılıq göstərəcəyimə inanırsınızsa , əmrinizə tabe olmaq üçün bir sözünüzü gözləyirəm.

    Açıq deyim: Məni bu işə vadar edən xüsusi səbəb var. Mənim əlli bir yaşım var. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvəm qalıb. Mən istərdim ki, bu illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orda keçirim, vətənimin torpağında dəfn olunum. Məni Ankaraya cəlb edirlər, orada geniş fəaliyyət imkanı verəcəklər. Hərgah Vətənim imtina edərsə , mən oraya gedəcəyəm.

    İkinci məktub:

    Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar ,mütəşəkkirəm. Fəqət üç türlü düşüncə mənə bu ehtiramdan yaralanmağa mane olur:

    Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.
    Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.
    Məni əsarətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim mənim üçün bir namus borcu olmaq fikri.
    Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana dönməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır . Sizin kimi, hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə , müqəddəsdir, mübarəkdir.

    Sizin kimi doğru, səmimi bir şəxsin , bütün türk aləminin və xüsusən türk mühitinin keçirməkdə olduğu bugünkü fəci böhran zamanı Azərbaycanın başında olması bütün türk aləmi üçün faydalı əlamətdir. Siz orada qüvvətli bir vəzifə adamı kimi iş başındasınız. Mən də Ankara rəislərinin qulluğundayam və ikimiz də daşıdığımız fikir və qənaətlər içində, hər şeydən üstü olan türklüyə xidmətdəyik. Budur, məsafələrin uzaqlığına baxmayaraq və təmin edəcək qayə!

  • Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüAzərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

    Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

    31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

    Belə ki, 1989 – Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb.
    Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar.

    Artıq 21 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. 24 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə İstanbulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur.

    Bu hadisə Azərbaycan tarixinə “sərhəd hərəkatı” – milli həmrəylik aksiyası kimi düşdü.

    VHP.AZ saytı bütün soydaşlarımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı səmimi qəlbdən təbrik edirəm. Hər bir soydaşımıza möhkəm can sağlığı, bol ruzi, mübarizə əzmi və Yeni ildə qələbə arzu edir.

    Bayramınız kutlu olsun!

  • Kuzey Kıprıs Türk Cümhuriyyəti-30

    Kuzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

    Cənab Sadəddin Topuqluya

     

    Sayın Sadəddin bəy!

    İllər öncə Kıprıs adasında böyük Rauf Denktaşın rəhbərliyi altında türk xalqının iradəsi ilə qurulan Kuzey Kıprıs Türk Cümhuriyyətinin artıq 30 yaşı tamam olur. Avropanın sinəsində yeni bir türk dövlətinin meydana gəlməsi təbii ki, ağır sınaqlar və imtahanlar hesabına başa gəlmişdir. Bu gün artıq həmin dövlət üçüncü onilliyi yola salaraq, dördüncü onilliyə qədəm qoymaqdadır. Bu böyük tarixi gün – Kuzey Kıprıs Türk Cümhuriyyətinin yaranmmasının 30 illik yubileyi münasibətilə Sizi və Sizin simanızda dövlətinizi və xalqınızı səmimi – qəlbdən təbrik edirəm. Kuzey Kıprıs Türk Cümhuriyyəti – “Yavru Vətən” bizə təkcə qardaş dövlət olduğuna görə deyil, böyük mübarizə və mücadilə imtahanından şərəflə çıxdığına görə doğmadır.

    Bu gün həm də Kuzey Kıprısın qurucusu, əfsanəvi qəhrəman Rauf  Denktaşı yad edilməlidir. Öz mübarizəsi, yaşam tərzi, həyatı və əxlaqı, xarakteri və milli düşüncəsi ilə Rauf  bəy türk millətinin qəlbində əbədi yaşayacaq bir qəhrəmandır. Kuzey Kıprısın bugünkü müstəqillik günü həm də Rauf Denktaş günü deməkdir.

    Əziz Sadəddin bəy!

    Sizi və Sizin mübariz xalqınızı bir daha müstəqillik günün münasibətilə təbrik edir və Kuzey Kıprıs Türk Cümhuriyyətinin yaxın gələcəkdə Avropa Birliyinin haqqı tanınan, hüququ qorunan bir dövlətinə çevrilməsi yolunda apardığınız mübarizədə sizlərə uğurlar diləyirəm.

     

    Sayğılarla,

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, millət vəkili, xalq şairi

     

  • Sabir Rüstəmxanlının “DƏRDƏ ƏYİLMƏ” kitabı nəşr olunub.

    Sabir Rüstəmxanlının “Dərdə əyilmə” adlı yeni kitabı çapdan çıxıb.

    VHP mətbuat xidmətinin məlumatına görə, oxuculara təqdim olunan bu kitabda xalq şairi Sabir Rüstəmxanlının publisistik yazılarının bir qismi toplanıb. Azərbaycan tarixinin 10 ilini əhatə edən bu məqalələr bütöv bir əsərin parçaları kimi oxunur, sözün ictimai rolunu və cəmiyyətin həyatdakı əhəmiyyətini göstərir.

    “Dərdə əyilmə”də müəllifin “Ömür kitabı” əsəri kimi Azərbaycan publisistikasının zirvələrindən biri və inkarədilməz uğurudur.

    Qeyd edək ki, kitab “Qanun” nəşriyyatında nəşr olunub.

  • Anadoluda milli azadlıq hərəkatına rəhbərlik edən azərbaycanlılar

    Röyalə Məmmədova
    VHP GT sədrinin I müavini

    XIX əsrin II yarısı  Rusiya türkləri  üçün özünəməxsusuluğu  ilə seçilən dövrdür. Qafqazın Osmanlı və Avropaya yaxın olması  bu regionda yeniləşmə,modernləşmə ideyalarının  yayılmasına  səbəb olmuşdu. Fransa burjua inqilabı (1789-1794), Volter , eləcə də digər müəlliflərin əsərləri  çox millətli  dövlətlərə öz təsirini göstərməkdəydi. Xüsusən də Avropada təhsil almış ziyalılar prosesləri öz ölkələrinə daşımağa cəhd edirdilər. Qafqazda  XIX əsrin  II yarısında təkan götürən  proseslər XX  əsrin əvvəllərində güclənir. Əgər bu dövrdə Qafqazada milliyətçilik hərəkatı dağınıq idisə , Osmanlıda  bunun əksi olaraq təşkilatlanmış şəkildə fəaliyyət  göstərilirdi.  Anadoluda türk milliyətçiliyinin idarə olunmasında Qafqaz türklərinin  böyük  rolu  olmuşdur.

    Həm Qafqazda ,həm də Osmanlıda  bu baxımdan fəaliyyətdə bulunan şəxslərdən biri  Əhməd bəy Ağaoğlu , digəri Əli bəy Hüseynzadə olmuşdur. Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi”nin qurucularından olmuşdur. Bu iki şəxs uzun müddət birgə çalışmışdır. Bu baxımdan onların məktublaşması  diqqəti cəlb edir.

    Qeyd edim ki, məktubların sayı 15 ədəddir. Bunlardan 2-si fransızca, qalan 13-ü  isə türkcədir. Məktublardan 3-ü  1922-ci il, 5-i 1923-ci il ,5-i 1931-ci ildə yazılmışdır. Fransızca məktubların isə dəqiq tarixi yoxdur.  Məktubların  hamısını  vermək  imkanımız olmadığından lazım bildiklərimi diqqətinizə çatdıracam.

    Məktub-1.     Əhmət bəydən- Əli bəyə:

    Əziz yoldaşım,Əli bəy, məktubunuzu aldım. İstanbuldan ayrıldıqdan sonra ətrafınızda bir boşluq olduğunu və bu boşluğu doldura bilməməyinizdən şikayət  edirsiz. Əziz yoldaşım, son 4 il bütün Türk dünyası  üçün  dərəbəylik dövrü olmadımı? Biz burada daim mübarizə içində sərxoş olarkən, sənin sakit ruhunun  özünə ümid yeri  tapdığına əminəm. Türkün əbədi  aşiqi olan Əli bəy Hüseynzadə heç vaxt türkdən ümidini  kəsməz…  Ümid edirəm ki, biz bu mübarizədə məğlub olmayacağıq.

    Uşaqlarım haqqında  etdiyiniz lütflərə görə  sənə və     Hatiyə  xanıma  minnətdaram. Oraya  özüm gəlmək istəyirdim, lakin alınmadı. Xanımınza  salamlarımı çatdırın.

    (Ağaoğlunun bəsh etdiyi dövr  Milli Azadlıq hərəkatının son dövrləridir. 1918-ci il ingilislərin baskınından sonra  aralarında Əhmət bəyin də olduğu bir qrup ziyalı və millət vəkili Maltaya sürgün edilmişdi. Sürgündən qayıtdıqdan sonra  Anadoluya keçərək  Atatürkün yanında milli mübarizəyə başlayır. Ankara hökümətinin qərarı ilə Mətbuat və İstihbarat  Ümum Müdiri  və Hakimiyyəti-milliyə qəzetinin baş yazarı olur. Bu zaman təsadüfən sürgündən qurtulan Əli bəy  isə Universitetdə müəllimlik edirdi. )

    Məktub-2.     Əhmət bəydən:

    İndiyənə qədər sizə məktub yazmamağımın günah olduğunu bilirəm. Amma  üzərimə aldığım vəzifənin ağırlığı mənə dostlarımı düşünməyə vaxt və hüzur  vermir. Əlhəmdülillah  mübarizəmizin uğurla getməsi bizə nəfəs almağa imkan verdi. Allaha minlərcə şükürlər. Türklük tarix səhnəsinə daha möhtəşəm sima ilə çıxır. Sən türklüyü yeni  üfüqlərə  aparacaq, bunu aşılayacaq amillərdən birisən. Bu həqiqəti dostların heç vaxt unutmadı  və əmin ol ki, həm fəlakətli ,həm də məmnun zamanlarda  xatirən heç vaxt  qəlblərdən silinməmişdi.  Son 4-5 ildə sıxıntılar içində olduğunuzu hamımız bilirik, lakın hamı eyni drumda olduğundan kömək edə bilmirdik. Amma ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq.

    Sürəyya və Tazə xanımı  övlad olmaq üzrə sənə həvalə edirəm. Təhsillərini natamam buraxmamaq üçün İstanbula göndərmək məcburiyyətində qaldım və  səndən başqa  güvənəcəyim yer  tapmadığımdan sən və  Hatiyə xanımı  zəhmətə salmalı oldum. Onları qəbul etməniz məni əvəzi  ödənilməyəcək  qədər minnətdar etdi.

    Bu məktubla sənə 350 lira göndərdim. Bu məbləğdən 115 lirasını Əbdürrəhmanın  oxuduğu məktəbin idarəsinə təslim etmənizi xahiş edirəm.  Geridə qalan 235 liradan 120-ni qızların iki aylıq masrafı üçün qəbul  edin. Qalan 115 lira da uşaqların  özlərinə bəzi əşyalar alması və xərclikləri  üçündür.

    Artəq uşaqlar sənindir. Bilirsən ki, mən insanda əxlaqa ,mətanətə üstünlük verirəm. Mən türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını,ictimai işlərdə fəal olmalarını diləyirəm. Qızlarımın da bu istiqamətdə hazırlanmalarını istəyirəm. Amma sərbəstlik və hürriyyətin  intizamsız şəklə gəlməsini istəmirəm.  Qardaşım,artıq onların atası sənsən,hər şeyi sən yaxşı bilərsən. Öz uşaqlarınızla necə davranırsınızsa  onlara  da elə davranın. Artıq onları sizə, sizi də Allaha tapşırıram. Xanımlara salamlarımı çatdır. Uşaqların üzlərindən, gözlərindən öpürəm.

    (Bu məktubda  Ağaoğlu daha  ümidlidir və işlərin yoluna girdiyini deyir. Çünki bu məktubub yazılmasından 6 gün əvvəl  Türkiyə ilə İngiltərə arasında Mudanya sülh müqaviləsi  imzalanmışdı.)

    Məktub-3.

    Əziz qardaş,məktubum cavabsız olan üçüncüsüdür. Başqa  adam olsaydı inciyər,bir daha yazmazdı. Amma  səni tanıdığım üçün insafa gətirəcəyimə əminəm.

    Mustafa Kamal Paşa Həzrətlərindən  İstanbul Türk Ocağı üçün 3 min aldığımızı əlbəttə ki, qəzetlərdən oxudun.O qüvvətli  bir  türkçüdür.  Həmdullah tezliklə ocağın açılış mərasimində  iştirak etmək üçün İstanbula gedəcək. Mən də getmək arzusunda idim. Amma hələlik hökumət mənim buradan ayrılmağıma razı olmur.  İnşallah sülhə nail olandan sonra hamımız  birləşib əvvəlki  işlərimizə qayıdarıq. Səni buraya gətirtmək istəyirik, razısanmı?

    (Bu məktub türk ocaqlarının tarixi baxımdan önəmlidir. İngilislər İstanbulu işğal etdikdən sonra  Türk Ocaqlarını bağlatmış və üzvlərini Maltaya sürgün etmişdilər. Qələbədən sonra  buna son qoyulur və Türk Ocaqları yenidən fəaliyyətini  bərpa edir.)

    Məktub-4.

    Əzizim Əli yoldaş!

    Sən qocalmırsan. Bunun səbəbini  bizə də öyrədə bilərsən? Ağ saçların əhəmiyyəti yoxdur. Vay halımıza  ki, ürək qocalmağa başlasın. Xoşbəxtsən ki, yaxşı bir dərman tapmısan. Narahat olmamaq və  gənclik qaydalarını tez  mənimsəməmək!

    Amma  düşünürəm ki, bir az  aktyorluq edirsən. Əli bəy düşünmədən, narahat olmadan mühitə laqeyd qala bilərmi? Yeni fikirləri  mənimsəməyə gəlincə ,əzizim, bu qəlb qocaldısa heç nəyin faydası yoxdur. Yataqdan əzgin, öskürərək qalxanda  o fikirlər də unudulur. İstanbulun halından və bəzi tanışların düşdüyü vəzyətdən danışırsan. Bu  ağır hadisədir. Amma ,əzizim, viran olmuş Anadolunu  görsən  şəfqətinin bir hissəsini  də bura verərsən. Məruz qaldığın durumun mən burda daha şiddətlisi qarşısındayam. Üstəlik də acizəm.

    Məktub-5.

    Bəzi yerlərdən  İstanbul  məbusluğuna namizədliyimi irəli sürməyim tövsiyyə olunur. Paşa həzrətlər də məsləhət  görür. Amma mən hələ qərar verməmişəm. İstanbuldan millət vəkili seçilmiyəcəyimə əmin olduğum üçün tərəddüd edirəm və sizin fikrinizi bilmək istərdim. Nə düşünürsünüz? Şansım nə qədərdir? Namizədliyimi  irəli sürsəm  kömək  edəcəyinizi  vədd edirsinizmi? Verdiyim suallara səmimi  və açıq  cavablarınızı gözləyirəm.

    (Həmin ildə Ağaoğlu Qarsdan millət vəkili seçilir)

  • Atatürkün daşı,Türk düşmənlərinin başı

    Sabir Rüstəmxanlı

    Azərbaycanın milli şairi, millət vəkili   

        

    Elə bil içimi sökürdülər, ürəyimi köksümdən qoparırdılar… Son illərdə belə sarsıntı keçirməmişdim.

    Öncə elə bildim bu olay hansısa bir düşmən ölkəsində baş verir; Türkiyədən, türklərdən qisas almaq üçün edirlər bunu;  Suriyada, İraqda, Yunanıstanda, Balkanların bir köşəsində unudulub qalmış türk nişanələrindən biriymiş, indi uçurub atmaqla  tarix boyu yaşadıqları məğlubiyyətlərin, yenilgələrin intiqamını alırlar.

    Sonra bu vəhşiliyin Diyarbəkirdə,Türkiyənin bir il-vilayət mərkəzində, türklüyün çox qədim ocaqlarından birində baş verdiyini duyanda qanım dondu, ayağım yerə yapışdı…

    Bəli, Türkiyə cümhuriyyəti torpaqlarında “Nə mutlu türküm deyənə!” yazılmış onbeş-onaltı metrə uzunluğunda tarixi bir daş lövhə, abidə sındırıldı. Qaynaqçılar alov yaya-yaya dəmir bəndləri kəsir, qaldırıcı kran “mutlu”, “türkəm ”, “Atatürk” sözlərini vəhşi bir ehtirasla qırır, dağıdır, çöplük arabasına yığır, tamaşa edənlər bayram edirmişcəsinə əl çalırdılar.

    Elə bil Türkiyədə türklüyü uçurur, Oğuz xanların, Metelərin, Çağrı bəylərin, Alparslanların, Osman Qazılərin, Fatehlərin, bu torpaqlarda şəhid olmuş atalarımızın ruhunu yıxıb-yaxır, onların anılarını, bizə miras buraxdıqları nə varsa hamısını birdən torpağa gömür, yox edirdilər…

    Televizor da ayrıntıları ilə göstərirdi bu vandalizmi…

    Şaşılmışdım… Nə baş verir Türkiyədə? Dövlət çevirilişimi, inqilabmı oldu, yadelli düşmənlərin əlinəmi keçdi ölkə? Türk sözünü dilə gətirmək yasaqlandımı? Türkiyədə türk olmaq utanc gətirdimi? Yüzillər boyu dünyaya yön vermiş şərəfli bir millət bu qədərmi yox sayılır?

    Türkiyə qardaş dövlətdir. İçdəki siyasi mübarizələrə, politik partilər arasındakı hakimiyyət savaşlarına qarışmaq, kimisə suçlamaq, olaylara hakimlik etmək bizim işimiz deyil! Lakin mən bir türkəm və bu adın şərəfini qorumaq görəvi həm də mənə aiddir! Bir millət vəkili, siyasi partinin gənəl başqanı, Dünya Azərbaycanlıları Konqresinin eşbaşqanı olaraq dünyada hara getdimsə Azərbaycanın üzləşdiyi haqsızlıqlarla yanaşı, eyni zamanda Türkiyənin sorunlarından danışdım, Türkiyəni savundum, ”türklər soyqırımı yapmamışdır, əsil çoyqırım türkə yapılmışdır” söylədim. Türk düşmənləri o soyqırımı davam etdirirlər… Diyarbəkirdə baş verən də onun bir görüntüsüydü…

    Mənim üçün Azərbaycan türkü ilə Anadolu türkü arasında fərq yoxdur. Araya sınır çəkməklə milli kimlik dəyişilməz! Türkiyənin uğurlarına sevindiyim kimi, onun acılarını da öz acım olaraq yaşayıram… Və bir çox suallar var ki, onları Türkiyə vətəndaşları kimi mən də sora bilərəm.

    Ey 75 milyonluq Türkiyə, Sən hara baxırsan? Baxırsansa niyə görmürsən? Baxmırsansa gözünü tutan nədir? Atatürkün qurduğu bir dövlətdə onun adı, xatirəsi niyə hər gün yeni sayqısızlıqlara tuş olur? Böyük Atatürk onun qurduğu dövlətin bu günkü yönəticilərinin qarşısında hansı suçun sahibidir? Gizli  gedən Atatürkü cuçlama məhkəməsində böyük öndəri savunan bircə nəfər dövlət görəvlisi, rəsmi vəkil yoxdurmu?

    Günahı nədir Atatürkün? Bəlkə dünya imperializminin planlarını pozaraq, Osmanlının sonuyla türkün sonuna çıxacaqlarını zənn edənlərin niyyətlərini gözlərində qoyması; türkə düşmən kəsilən Avropa güclərinin hamısının bir yerdə burnunu ovması? Bəlkə Anadolu insanını – türklü, kürdlü, lazlı, cərkəzli, kölə olmaq təhlükəsindən qurtarıb, hamısının başını ucaldan, ləyaqətini qoruyan Türkiyə cümhuriyyətini qurması? Bəlkə XX yüzilin ən parlaq, dahi şəxsiyyətlərindən biri olması? Bəlkə dünyanın məşhur, amma saxtakar liderləri çeşidli adlar altinda öz imperiya təfəkkürlərini davam etdirəndə, onlara dərs verərək, imperatorluqdan imtina edib, öz halal yurduna sahiblənməsi?  Bəlkə türkün əyilməzliyini və qüdrətini göstərməsi? Bəlkə dış güclərin etkisiylə Anadoluda düşmən halına gətirilən, didişən param-parça tayfa, əşirət, məzhəb, təriqət qatmaqarışıqlığının yerinə Türkiyəni bölünməz bir bütövə çevirməsi, türk kimliyini qoruyub yaşatması? Bəlkə apardığı demokratik islahatlar, xilafət düşüncəsinin yerinə demokratik təfəkkürü gətirməsi, Doğunun ən sivil, çağdaş, modern bir dövlətini qurması? Bəlkə bütün bunların hamısı? Bir sözlə, dərdiniz nədir sizin?

    Vicdanı olan hər kəs bilir ki, soruya çevrilən bu məsələlərin hər biri Atatürkü ötən yüzilin ən parlaq şəxsiyyətinə çevirmişdir!  O, türk əsgəridir, məğlubiyyət bilməyən sərkərdədir, liderdir, təkrarsız fikir adamıdir, alimdir, gözəl insandır, dahidir, Türkiyənin qədərini yaşamış bir çox xalqlara yol göstərən xilaskardır… Ötən yüzilin şöhrətli Avropa liderlərinin dar irqçi-nasist düşüncələri dünya savaşlarına və 100 milyondan çox incanın canına mal olduğu halda Atatürk Türkiyəni sülh və barış yoluna çıxardı…

    Bir insan öz milləti və dövləti üçün bundan artıq nə eləməliydi ki, onun ruhunu sakit buraxsınlar? Bunların xalqdan və Allahdan qorxuları yoxdurmu?

    Gizli məhkəmə dedim. Bəlkə də belə bir məhkəmə yoxdur, ancaq gizli bir əl var. Bu əl gecə-gündüz türk və Atatürk izlərini silməklə məşğuldur. Bir də gözünü açırsan Atatürk hava limanının biletlərində də Atatürk sözünü bula bilmirsən. “İstanbul. Terminal 1 və ya 2”. Vəssalam. Atatürkün daşı çox ağırdır! Ötən yüzildə yadelli düşmənlər qaldıra bilmədilər, başlarına düşdü. Məncə, indi də onu qaldırmağa çalışanlar öz başlarını da düşünməlidirlər…

    Türk gəncliyinə andı unutduranların niyyəti onlara fatihə öyrətməkdir ki, türklüyə fatihə oxusunlar…

    “Türk” sözü Türkiyədə, eləcə də Azərbaycanda niyə bu qədər qıcıq doğurur? Bəlkə elə düşünürlər ki, illər boyu bizim axırımıza çıxdılar və indi türkə nə qədər istəsələr həqarət edə bilərlər?

    Atatürk “türkəm” sözü arxasında yalnız türk etnik kimliyini düşünmürdü, Türkiyədə yaşayan bütün insanların birliyini, bərabərliyini düşünürdü! Bu etnik milliyyətçilik deyildi, vətəndaş millətçiliydi, dövlət təəssübüydü, Türkiyədəki xalqları birləşdirib qorumağın yeganə yoluydu. Amerikan, fransız, ispan qavramları də eyni şəkildə, öz ölkələrində birləşdirici amildir. Həmin ölkələrdə kim bu sözlərə həqarət edə bilər?

    Bunu anlamayanlar, zəhmət çəkib, tarixə baxsınlar. Oğuz xan dövlətin başına keçərkən ətrafındakılara “mən sizi oğuzladım” demişdi. Bu, bir işarəylə bütün fərqli etnosların bir anda oğuza çevirmək istəyi deyildi. Bu, o deməkdi ki, “bundan sonra mən sizin hamınıza bir gözlə baxıram”… Osmanlı, özbək isimləri də belə yaranmışdı. Atatürk “türkəm” yerinə nə deyə bilərdi? Anadoluda Şumer, Troya zamanından yaşayan bir türklük var, səlcuqlar onların qədim, ancaq unudulmamış iziylə gəlmişdilər. Bu dövəti quran, qanıyla, canıyla qoruyan insanlar  türkdür. Bunu deməklə başqa xalqlar inkar edilmir, Atatürkün dahiliyinin nəticəsidir ki, bu gün Türkiyədə etnik-mədəni kimliklər də yaşayır, kimsə kimsənin özünü kürd və ya bosnak saymasına  mane olmur.

    Lakin  onların hamısını qardaşlıq duyğusuyla ətrafında cəmləşdirib əyilməz gücə çevirən türkdür. Türk  hamıya qucaq açıb. İslam dünyasının çeşidli bölgələrində, Rusiyada, Çində zülm görənlər də Türkiyəyə qaçıb, Türkiyəyə sığınıb, türk olmaqla fəxr ediblər. İndi arxayınçılığa çıxandan, məhv olmaq təhlükəsi keçib-gedəndən sonra sığındığın qucağa təpik atmaq nankorluqdur. Bu gün türk sözünü inkara qalxanların Qurtuluş savaşındakı düşmənlərdən heç bir fərqi yoxdur! Ölkədə demokratiyanı gəlişdirmək bəyanatları, çeşidli açilımlar bir xalqı dirçəldib başqasını boğacaqsa bunun nəyi demokratiyadır? Türkü inkarla, adını dilə gətirməməklə başqa xalqların silahına və hər cür tələbinə boyun əymək qardaşlıq deyil, qardaşlığın axırına çıxmaq, Türkiyəni arasıkəsilməz münaqişələrə sürükləməkdir. Kürdü, lazı, gürcünü, kimi istəyirsiniz böyüdə bilərsiniz, hər xalqa sayğı göstərilməlidir, ancaq Türkiyənin və böyük Türk xalqının kicildilməsi, aşağılanması hesabına yox!

    Azərbaycanda  heç vaxt türk-kürd ayrılığı olmayıb, qardaş kimi yaşamışıq. Amma bu gün terror başçıları əllərindəki silaha güvənərək, Güney Azərbaycandakı 35 milyon Azərbaycan türkünü yox sayaraq, az qala Urmiyanı da kürd şəhəri hesab edir, Təbrizə də dil uzadırlar. Bu iddialar məcbur eləyir deyək ki, əziz qardaşlar, cinlilər, hindistanlılar sürətlə çoxalırlar deyə, bütün dünyaya və ya bütün qonşu torpaqlarına iddia eləyə bilməzlər! Diyarbəkir yüzillər boyu Azərbaycan türklərinə məxsus olmuş bir şəhərdir, Uzun Həsən zamanında və bir sıra başqa dönəmlərdə Azərbaycanın paytaxtı olub. Çaldıran savaşından sonra on minlərlə Azərbaycan türkü ordan köçüb getdi və etnik tərkib dəyişildi. Bu gün türk sözünü meydandan götürmək olar, lakin Diyarbəkirin tarixindən, havasından, suyundan, dağlarının hafizəsindən silmək olmaz!

    Atatürk dünyaya göz yumarkən vaxtı soruşub: “Saat kaç?” Bu, onun son sözləri olub. Bilirdi ki, onun gedişiylə öz saatı dayansa da Türkiyənin, türk xalqının zamanı, yolu dayanmayacaq. Türk sözü Sakadan Balkanlara, Avroasiya boyda bir genişlikdə min illərdir dipdiri yaşayır. Nə yaxşı, Türkiyədə türk sözünə saldıranların əli oralara çatmır…

  • Firudin Ağasıoğlunun “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçiriləcək

    Vətəndaş Həmrəyliyi Partiyası Sizi Prof.Dr. Firudin Ağasıoğlunun “Daşbaba. Türkün daş yaddaşı” (Bakı, 2013) kitabının tanıtım toplantısına dəvət edir.

    “Qədim türk tarixinin izləri türkün daş yaddaşı minillər boyu ayrı-ayrı bölgələrdə daşdan yapılan daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş, fiqurlarda yaşamaqdadır. Adı çəkilən kitabda həmin yaşantını əks etdirən bəlgələrin yorumu bu bitikdə verilmişdir. Ön Asiyada 5-6 min il öncə prototürk boyları yaranan daşbaba gələnəyi, sonralar Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılmışdır. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə bulunan daşbabalar yeni türkoloji Urmu teoriyası işığında araşdırılmışdır”.

    Təqdimat 21 noyabr 2013-cü il tarixdə, saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının Akt zalında keçiriləcəkdir.

    Ünvar: Bakı şəhəri, Xətai r-nu X.Rüstəmov küç 1210-cu məhəllə
    Telefon: 012 490 66 22

  • “İran vədinə sadiq qalacaqsa, buna sevinmək lazımdır”

    Sabir Rüstəmxanlı: “Razılaşma bölgədə yeni müharibə təhlükəsini də aradan qaldırır”

    İran və “altılıq” dövlətlər arasında tarixi razılaşma əldə olunub. Cenevrədə əldə olunmuş razılığa əsasən nüvə proqramının əhəmiyyətli şəkildə kəsilməsinə razı olan İran dövləti nüvə obyektlərinə qərb müfəttişlərini buraxmaq və uranın 5 faizdən artıq zənginləşdirilməməsi öhdəliyini üzərinə götürür.

    Həmçinin ABŞ və Avropa Birliyinin İran neftinin ixracatına və səhiyyəsinə qoyduğu embarqo da aradan qaldırılır. Məlumatı İran XİN rəhbəri Cavad Zərif də təsdiqləyib. Qeyd edək ki, hələlik razılaşmanın detalları açıqlanmır. İranın ali dini lideri Ayətullah Xameneyi də nüvə razılaşmasını təqdir edib. Qeyd edək ki, intensiv dörd gün ərzində davam edən danışıqların nəticəsində bazar günü səhər saatlarında tərəflər arasında artıq razılıq əldə olunub. Bu razılaşma İran ilə Qərb arasında on ildən çox müddətində davam edən nüvə probleminin tam şəkildə həllinə yol açır.

    Cenevrədəki konfransından çox keçməmiş dünya ölkələrindən İranla altılıq ölkələri arasında bağlanmış razılaşmaya reaksiyalar gəlib. ABŞ prezidenti Barak Obama Ağ Evdən əldə olunmuş tarixi razılaşmaya öz münasibətini bildirib. O, İranla bağlanmış nüvə sazişinin, Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlıqlarına son qoymaq istiqamətində ilk addım olduğunu vurğulayıb. Təxminən 5 dəqiqəlik nitqində, prezident sazişə, İrana qarşı zəruri məhdudiyyətlərin daxil edildiyini və razılaşmanın “İslam Respublikasının atom silahına aparan yolunu kəsdiyini” dilə gətirib. Habelə Obama İranın dinc məqsədli nüvə proqramı hüququnu tanıyıb”. Ekspertlər bu razılaşmanın İran ilə qərb arasında on ildən çoxdur davam edən nüvə probleminin həllinə yol aça biləcəyini istisna etmirlər.

    Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı deyir ki, əgər İran atom silahı əldə etməkdən imtina edirsə və nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edəcəyini bəyan edirsə, bunu alqışlamaq lazımdır: “Əslində mən İranda, Türkiyədə, hətta Azərbaycanda da atom elektrik stansiyalarının olmasını istəyərdim. Axı niyə görə Avropa ölkələrində bir-iki yox, hətta onlarla atom-elektrik stansiyası ola bilər, amma müsəlman ölkələrində ola bilməz. Əslində, bu, elmin və texnologiyanın inkişafına ciddi təkan verən bir məsələdir”.

    Deputat qeyd edir ki, İran və Türkiyə kimi ölkələrdə böyük çaylar olmadığı üçün su elektrik stansiyaları tikmək imkanları məhduddur. Belə dövlətlərdə atom elektrik stansiyalarına olan tələbat yüksəkdir: “Hesab edirəm ki, gündən-günə əhalisi çoxalan şərq ölkələrində insanların ehtiyacını təmin etmək üçün güclü stansiyaların qurulması faydalı və zəruridir. Eyni zamanda bu, dünyanın xeyrinə olar və neft-qazdan az istifadə edilməsinə gətirib çıxarar. Yenə deyirəm, əgər İran vədinə sadiq qalacaqsa, bu razılaşmaya ancaq sevinmək olar”.

    S.Rüstəmxanlı İranın “yumşalmasının” region üçün, xüsusilə də Azərbaycan üçün faydalı olduğunu bildirib: “Razılaşma bölgədə yeni müharibə təhlükəsini də aradan qaldırır. Nəzərə alsaq ki, İran bizimlə qonşudur və əhalisinin təxminən yarısı soydaşlarımızdır, bu halda müharibə bizə yaxşı heç nə vəd etmir. Eyni zamanda Əfqanıstan, İraq kimi dövlətlərin də aqibəti göz önündədir. Bu baxımdan məsələnin dinc yolla həllinə müsbət yanaşmaq və dəstək vermək lazımdır”.

    Millət vəkilinin sözlərinə görə, razılaşmanın arxasında başqa şey dayandığını və İranın bununla vaxt udmağa çalışdığını demək bir qədər çətindir: “Əslində atom elektrik stansiyasından nüvə silahına cəmi bir addımlıq məsafə qalır. İranın bu addımı atıb-atmayacağını dəqiq deyə bilmərəm. Amma indiki halda məsələ müsbət görünür”.

    Şərq qəzeti

  • “Bu gün azadlığımsan, sabah…”

    “Tarixən biz türklər dövlətlər qurmuşuq, bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributudur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır”.

    Bu sözləri Sabir Rüstəmxanlı bayraq Günü ilə bağlı fikirlərini bildirərkən deyib:

    “Üçrəngli bayrağımız Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimizin böyük ideallarının və milli ideologiyamızın nəticəsidir”.

    Xalq şairi, bu gün bayrağımıza göstərilən münasibətdən razı olmadığını qeyd edərək, “təəssüf ki, Azərbaycanda bayraq sevgisi biz istədiyimiz səviyyədə deyil. Xüsusən bəzi məmurlarımızda bayraq sevgisi yetərincə deyil, himnə münasibətdən fərqlənmir. Hətta Milli Məclisdə sessiyaların açılışında, bağlanışında hamı ayağa durur, amma bəziləri himni oxumaq istəmir, sanki dodağını yapışdırıblar. Dövlət, özəl qurumlar, vətəndaşlar niyə bayrağı, dövlət atributunu öz qapısından asmasın!? ABŞ-da, Kanadada, hətta Avstraliyada bayrağa xüsusi hörmətin şahidi oluruq. Türkiyədə bayrağa sevgi daha böyükdür. Bayraq evlərin, şəhərlərin, binaların bəzəyidir. Azərbaycanda da bayraq evlərin, binaların, şəhərlərin bəzəyi olmalıdır”, – deyib.

    “Bayrağım”

     

    Başımızın üstündə dalğalanan, dev bayrağım!

    Yarı torpaq, yarı göy, yarı alov bayrağım!

    Dalğalan, qoy havanla Bakımız küləklənsin,

    Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

     

     

    Bu məğrur ucalıqda tarixin ərintisi,

    Səni kəfən yerinə geyənlərin gur səsi!

    Səni ümid yerinə qəlbində gizləyənlər

    Əsarətin, işğalın sonunu gözləyənlər,

     

    Səni namus səngəri, Səni qutsal əmanət,

    Səni ocaq sayaraq gizli əzizləyənlər,

    Dərindən nəfəs alıb dincəlsinlər süsündən.

    Sənə əyri baxanlar dağlansınlar gözündən…

     

     

    Hava tutqun olanda Ayı çək qucağına,

    Ulduzun işıq səpsin yurdun hər bucağına!

    Mavi – türklük şərəfim, varlığımız əbədi!

    Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!

     

    Qırmızı da al qanım, axdı vətən yolunda,

    Əsarət zəncirini atmaq üçün qolumdan!

    Ucal başımız üstə, ruhumuz kimi ucal!

    Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

     

    Dünən səni cıraraq ayaqlara atanlar

    Qızıldan tökdürərək oxşasın sinəsində!

    Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.

    Yurdumun üzü gülsün bu birlik nəğməsindən!

     

     

    Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,

    Daha sənə əl çatmaz dursalar da qəsdində.

    Bu gün azadlığımsan Bakının göylərində,

    Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

  • Firudin Ağasıoğlunun “Daşbaba” kitabının təqdimatı keçirilib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təşəbbüsü ilə sabiq təhsil işlər naziri, professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba” kitabının təqdimatı keçirilib.

    APA-nın verdiyi məlumata görə, kitabın elmi redaktoru Seyfəddin Altaylı, redaktoru Həlimə Rzaquliyevadır.

    VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, “Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə Türk Dünyası üçün çox əhəmiyyətlidir: “Azərbaycanda da az sayda Daşbaba var. Ağdamda da bir Daşbaba vardı, sonra taleyi necə oldu, bilinmir. Naxçıvanda da daşbabalar vardı. İranla sərhəd açılanda təbliğat apardılar ki, guya daşbabaların içərisində qızıl var, əhali kütləvi surətdə o daşbabaların hamısının başlarını qırdı. Az sayda olan daşbabalar müxtəlif muzeylərə daşınır. Firudin Ağasıoğlu ilk dəfə bu sahədə araşdırma aparıb”.

    F.Ağasıoğlu deyib ki, kitab “Facebook” sosial şəbəkəsindəki dostları sayəsində dərc olunub. Onun sözlərinə görə, qədim türk tarixinin izləri bəngüdaş üzərindəki yazılarda, qayaüstü rəsmlərdən göründüyü kimi, türkün daş yaddaşı da min illər boyu ayrı-ayrı bölgələrdə daşdan düzəltdiyi daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş heykəllərdə, fiqurlarda yaşamaqdadır: “Bu kitabda həmin yaşantını əks etdirən sənədlərin izahı verilib. Ön Asiyada 5-6 min il öncə protürk boylarının etnoqrafiyasında yaranan daşbaba ənənəsi buradan türk boylarının köçü ilə Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılıb. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə olan daşbabalar qədim türk tarixi, etnoqrafiyası, mifologiyası baxımından önəmli sənədlər kimi sistemli şəkildə yeni türkoloji Urmi nəzəriyyəsi işığında araşdırılıb, nəticələr elmi-populyar üslubda verilib”.

    F.Ağasıoğlu tüklərin 2 min əvvəl monqollardan ayrılaraq Altaylardan köç etdiyi barədə nəzəriyyənin əsassız olduğunu vurğulayıb: “Altaylar nəzəriyyəsi daşbaba məsələsinə də cavab vermir. Daşbabanın tarixi 6 mindir, ancaq Altaylar nəzəriyyəsi 1500-2000 ili keçmir. Əgər türklərin yaşadığı ərazilərin Cənub-Şərqi Anadolu və Azərbaycan olduğu əsas götürülərsə, bütün suallara cavab tapılır. Söhbət yeni türkoloji Urmi nəzəriyyəsindən gedir. Daşbabalar Azərbaycanda qorunmur, bu abidələri qorumalıyıq”.

    Tədbir iştirakçıları daşbaba araşdırmaları ilə bağlı fikirlərini bildiriblər.