Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Ofelya Rəşidqızı-66

    Bu gün VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızının 66 yaşı tamam olur. VHP Siyasi Şurası ona təbrik ünvanlayıb. Təbrikdə deyilir:

    “Bu gün VHP-nin əqidəli silahdaşlarından olan Ofeliya xanımın doğum günüdur. Bu münasibətilə onu təbrik edir, ona həyatında və siyasi faliyyətində uğurlar diləyirik.

    Ofeliya xanım bu gün cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, milli birlik ideyasının alovlu təbliğatçısıdır. O, milli-azadlıq hərakatı kimi möhtəşəm siyasi mübarizə məktəbi keçmiş xanımlarımızdandır. Hələ sovet dövründə çalışdığı idarə, müəssisə və təşkilatlarda daim ətrafındakılara milli mənlik şüurunu, müstəqillik idealını aşılamağa çalışıb. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsini bitirən Ofeliya xanım məhz yuxarıda qeyd etdiyimiz prinsipləri doğrultmaq üçün qəzetdə jurnalist kimi fəaliyyətə başlayıb.

    “Şuşa” qəzetində işlədiyi dövrdə o öz ziyalılığı, prinsipiallığı, milli mövqeyi ilə fərqlənib. Sonrakı dövrlərdə çalışdığı “Sensasiya” və “Qadın aləmi” qəzetlərində də bu mövqeyini qoruyub saxlayıb. 2000-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sıralarına qoşulan Ofeliya xanım qısa müddətdə partiya strukturlarında irəli çəkilmiş, sıravi üzvlükdən Şuşa rayon təşkilatının sədri vəzifəsinə yüksəlib.

     O, hazırda VHP Siyasi Şurasının üzvüdür. Əqidəli VHP-çi, öz siyasi mübarizəsində ardıcıl olan Ofeliya xanımı doğum günü münasibətilə bir daha təbrik edir, ona fəaliyyətində uğurlar diləyirik”.

    VHP Siyasi Şurası

  • Ora başqa dünyadır

    Vüsal Namiqoğlu

    O tərəflərin yazı yayı daha gözəl olur. Təbiyyətinin füsünkarlığı, cah cəlalı bir sözlə insanı ovsunlamaq üçün burda her şey var.

    93-dən bərə bir hissəsi ermənistan tərəfindən işğal olunan Fizulidən danışmaq isdəyirəm. Bəlkədə deyəcəksiniz hansı cah-cəlaldan dəm vurursan xaraba qalmış kəndlərini görməmisənmi? Bəli görmüşəm həmdə aylarla o dağılmış, yandırılmış evlərin arasından keçərkən ürəy ağrısını hiss edərək görmüşəm. Rayon mərkəzinə gedən yolun qabağını kəsən daşları, ot basmış asfalt yolun bütün ağrı acısını sinəmdə çəkərək izləmişəm.

    Ancaq nə dağıntılar, nədə ki millətin bu torpaqlara qarşı vəfasızlığı onun cah-cəlalını poza bilməyib, qürurunu qıra bilməyib.

    Hələ Fizulinin bizdə olan kəndlərinin tarix hopmuş daşları, küçələrini demirəm. Insanı özünü başqa aləmdə hiss edir buralarda.

    Aprel may aylarında uzaqdan da olsa görmək olur Fizulini. Alxanlıdan baxdıqca o dağları, dağların döşündə üstü parıldayan evlər, gecələr yollarında ulduz kimi sayrışan işıqlar. Bu gün o Fizulinin işığını erməni yandırsada, o üstü parıldayan evlərində düşmən yaşasada bizimdir o ellər, o obalar.

    İnsan hərbi xidmətdə olanda daha çox əzab çəkir. Silah əlində, erməni səndən ən uzaqı yarımsaatlıq məsafədə amma heç nə edə bilmirsən. Bəzən bir daş məsafəsində dayanıb  torpağın bağrında oyulmuş səngərdən baxmaq incidir insanı. Gözlə görüb ayaqla gedə bilməmək toxunur insana. Mən orda əmin oldum ki, biz heç də düşməndən qorxmuruq, qorxub qaçmamışıqda. Biz kimlərinsə qurbanına çevrilmişik. Avtomatına söykənib yanıqlı yanıqlı oxuyan əsgərin gözlərində gizlənib xilasımız.

    Əmim Fizuli döyüşlərində iştirak edib. Yanıma gələndə gözlərinin dolduğunu unuda bilmirəm. Gün ərzində onlarla insanın gəlib uzaqdan dədə-baba yurduna baxması, döyüş yoldaşlarını xatrlayıb ağlayanların göz yaşları insanın ruhuna xəncər kimi saplanırdı.

    Amma Fizuli o cahcəlalını hələ də insanın ruhunda hiss etdirir. Ora başqa dünyadır. Orda tarix özü danışır hər şeyi insana.

    Yazmaq istəyib yaza bilməyəcəyi hisslərlə dolur insan oralarda. Qarşımızdakıların da kim olduğunu orda öyrəndim, arxa arxaya atılan iki güllədən qorxub yuvalarına doluşan dovşanlardan seçilməyən düşmən dayanıb qarşımızda.

  • Sabir Rüstəmxanlı: “Kürdlərlə türklər arasında süni münaqişələr yaradılır”

    “İran Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyir”

     

    Bir qədər əvvəl İran parlamentindəki kürd deputat Osman Əhmədi Kürdüstan vilayəti yaradılması təklifi ilə çıxış edib. Keçmiş kürd deputat Cəlal Cəlalzadə isə bir qədər də irəli gedərək İranın Qərbi Azərbaycan vilayətinin adının dəyişdirilərək Şimali Kürdüstan qoyulmasını təklif edib. Urmiyadan İran parlamentindəki kürd millət vəkili Abid Fəttahi də separatçı deputatların mövqeyini dəstəkləyib. 
    Qeyd edək ki, tarixi Azərbaycan torpaqları olan Urmiya və Qərbi Azərbaycan vilayətində kürd separatizminin fəallaşması İslam inqilabının ilk illərində baş verib. Ancaq həmin vaxt Azərbaycan ərazilərində baş qaldıran kürd militanları İslam Respublikası silahlı qüvvələri tərəfindən əzilib. Sonrakı illərdə də kürd separatçı fəaliyyətləri İran hakimiyyəti tərəfindən əzilsə də, xeyli dərəcədə fəal olan kürd qrupları İranda, xüsusən də Cənubi Azərbaycan ərazilərində toparlana biliblər. Hazırda Qərbi Azərbaycan vilayətindən seçilmiş bir neçə kürd əsilli deputat İran parlamentində təmsil olunur. 
    Millət vəkili Sabir Rüstəmxanlı baş verənləri son 100 ildə bölgədə gedən türk düşmənçiliyi siyasətinin davamı adlandırır. Deputatın fikrincə, uzun illərdir aparılan məqsədyönlü türk düşmənçiliyi siyasəti indi də kürdlər üzərində qurulub: “Əvvəlcə Avropa ölkələrinin yardımı ilə balkanlarda, Şimali Afrikada Osmanlıya qarşı bölücülük fəaliyyətləri başladıldı. Nəhayət, onu Anadolu ərazisində bir Türkiyə dövləti sərhədlərinə sığışdırdılar. Sonra isə hətta onu da bölüb parçalamaq və orada müxtəlif adlarda dövlətlər qurmaq kimi ifrat bölücü siyasət davam etdirilib. O zaman Atatürkün qəhrəmanlığı, dahiyanə siyasəti nəticəsində Anadoluda milli dövlət yaradıldı. Buna bənzər proseslər daha qədim zamanlarda, bu bölgədə iki böyük türk dövləti – Səfəvi və Osmanlı arasında da türk düşmənləri tərəfindən aparılıb. İndi də bu bölücülük davam edir. Azərbaycanı zəiflətmək, bu bölgədə diz çökdürmək üçün bir fars dövləti qurublar”.  
    Sabir Rüstəmxanlı deyir ki, min illər bu bölgədə yaşamış, bu bölgənin sahibi olmuş türk xalqlarını sıxışdırmaq, Qafqazı xristianların əlinə vermək, güneyi farslaşdırmaq və beləliklə, vaxtilə Avropanın böyük türk dediyi bir milləti bu bölgədən silmək siyasəti aparılır: “Burda erməni kartı, yunan kartı, bolqar, ərəb kartları oynanılıb. ”Böyük Ermənistan” planı uğursuzluğa düçar olduqdan sonra indi burda kürd oyunu oynanılır. Kürdlərin böyük əksəriyyəti bunun mənasızlığını, türklərlə yanaşı kürdlərə də qarşı olduğunu başa düşürlər. Ona görə də bu bölgədə yaşayan kürdlərin böyük əksəriyyəti Türkiyədən ayrılmaq, müstəqil kürd dövləti qurmaq haqqında düşünmürlər. Ancaq indi İraqın şimalında belə bir dövlət yaradılır. Bu qurumun nefti də var və onlar əl altdan bütün bölgə kürdlərini silahlandırır. Suriyada, Türkiyənin şərqində, İranın şimal-qərbində yaşayan kürdləri birləşdirib böyük Kürdüstan yaratmaq istəyirlər”.  
    Qərbdə kürdlərlə bağlı ciddi proyektlərin hazırlandığını qeyd edən deputatın sözlərinə görə, həm xaricdə, həm də bölgədə bir sıra qüvvələrin kürdlərlə türklər arasında münaqişə yaranmasında maraqları var: “Mən sonuncu dəfə Amerikada olanda Dona Rorabaherlə Güney Azərbaycan məsələsi haqda danışdım. Mən ona Azərbaycanın tərəfində olduğunu dedim, o isə mənə dedi ki, əlbəttə, azərbaycanlılar da kürdlər kimi parçalanmış, əzilmiş bir xalqdır. Biz Azərbaycanı da düşünürük. Mən ona dedim ki, əgər Azərbaycanı düşünürsünüzsə, o zaman bu Orta Doğu Projesi nədir? Bu planda Azərbaycanın əraziləri, hətta Naxçıvanın bir hissəsi Kürdüstan torpaqları kimi göstərilir. Bu cür layihələri müdafiə eləməkdənsə gedib indiki İran rejimini müdafiə etmək daha məqbuldur. Çünki indiki İran rejimində bizim torpaqlarımız heç olmasa öz əlimizdədir. Onları Avropada dəstəkləyən, media orqanları yaradan, separatizmə qol-qanad verən təşkilatlar var. İranın indiki və əvvəlki hakimiyyəti Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyirlər. Azərbaycanlı millət vəkili bunun cavabını məclisdə yetərincə layiqli şəkildə verdi. Dedi ki, o yerin sahibləri ölməyiblər ki, kimlərsə gəlib asanca orada şimali Kürdüstan vilayəti yaratsın. Bu, əslində bölgənin iki böyük xalqı olan türklər və kürdlər arasında iğtişaş yaratmaqdır. Bu yolla mərkəzi hakimiyyət özünün apardığı irticaçı siyasəti gözdən yayındırmaq məqsədi güdür”.

    “Yeni Müsavat” qəzeti
  • VHP-çi gənc həbs edilib

    Bu gün gənc fəal  Ömər Məmmədov hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

    VHPress.az  xəbər verir ki, dünən yoxa çıxan Ömər Məmmədova bu gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə cinayət işi açılıb və barəsində həbs qəti-imkan tədbiri seçilib. O, hazırda Şüvəlandakı təcridxanada saxlanılır.

    Gənc fəal Ömər Məmmədov 26 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr Türk Respublikasında yerləşən “Cyprus İnternational” universitetinin tələbəsidir. N!DA Vətəndaş Hərəkatının üzvü olub. O, 11 may 2013-cü ildən VHP Sabunçu RT-nin üzvüdür.

    2013-cü ildə bir qrup gənclə “Axın” marifləndiriçi hərəkatını təsis ediblər.

    Bu gün CM-nin 234.4.3 maddəsiylə ittiham olunaraq 3 aylıq həbsə məhkum edilib.

  • VHP də bələdiyyə seçkilərində iştirak edəcək

    “Vətəndaş Həmrəyliyi Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir”.
    Bu barədə “OLAYLAR”-a məlumat verən  partiyanın Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, bu məqsədlə VHP-nin Seçki Qərargahında müvafiq iş planı təsdiq edilib və seçkiyə hazirliq gedir “Respublikanın kənd, qəsəbə və şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. Ötən bələdiyyə seçkilərində VHP-nin 115 üzvü müxtəlif bələdiyyələrə seçiliblər. Seçkildə partiyanın 800 üzvü namizədliyini irəli sürmüşdü, Təssüf ki, rayonlarda yaradılan süni maneələr, icra hakimiyyətlərinin müdaxiləsi nəticəsində 350 nəfərin namizədliyi qeydə alındı. Ancaq bu dəfə bələdiyyələrə namizədlərimizin sayı daha çox olacaq”

  • VHP-nin Ömər Məmmədovla bağlı bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatı

     

    Məlum olduğu kimi yanvarın 24-də günorta saatlarında gənc fəal və blogger Ömər Məmmədov həbs edilmişdir.  Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb.

    Qeyd edək ki, gənc fəal Ömər Məmmədov 26 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr Türk Respublikasında yerləşən “Cyprus İnternational” universitetinin tələbəsidir. 11 may 2013-cü ildən VHP Sabunçu rayon təşkilatının  üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis ediblər. Fəal içtimaiyyətçi, yüksək intelekt sahibi olan və heç siqaret belə çəkməyən Ömərin narkotik ittihamı ilə həbs olunması gülüncdür və təəssüf doğurur. Bu qanunsuz həbsi pisləyir, hüquq mühafizə orqanlarından bu məsələyə obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik.

    Vətəndaş Həmrəyliyi Partiyası Ömər Məmmədovun həbsini gənclərə göstərilən əsassız təzyiqlərin tərkib hissəsi sayır. Son günlər ölkədə gənclərə qarşı aparılan təzyiq-təqib kampaniyası və gənclərin sistematik həbsləri bizi ciddi narahat edir. Biz, hakimiyyətin müvafiq strukturlarını cəmiyyəti narahat edən və ölkədə süni qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə, qanunsuz addımların qarşısını almağa çağırır və həbsdə olan gənclərin azadlığa buraxılmasını tələb edirik.

  • Yadigar Sadıqov siyasi motivlər əsasında həbs edilib

    Vətəndaş Həmrəyliyi Partiyası Lənkəran rayon təşkilatının

    Bəyanatı

     

    Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) Lənkəran rayon təşkilatı Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il həbsə məhkum edilməsi ilə bağlı bəyanat verib.

    Bəyanatda deyilir: “VHP Lənkəran rayon təşilatı olaraq Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə həbsə məhkum edilməsini ədalətsizlik hesab edir və bu qərarın məhkəmə instansiyasının müstəqil olmadığının əlaməti hesab edirik. Y.Sadıqlının məhkəmə prosesi nöqsanlarla müşahidə olundu və günahlandırılan şəxsin qanunla nəzərdə tutulmuş qaydada hüquqlarının qorunması məqsədilə irəli sürülən vəsatətlər təmin olunmadı.

    Həmçinin qarşı tərəf müttəhim kürsüsündə əyləşdirilən Y.Sadıqlının günahını qanunvericiliyə uyğun olaraq yetərli dəlillərlə sübut edə bilmədi. Buna baxmayaraq, ona qarşı məhkəmənin ən ağır cəzanı seçməsi, ona qarşı 6 illik həbs qərarı çıxarması həbsin qanun çərçivəsində deyil, siyasi motivlərlə çıxarıldığına əminlik yaradır.

    VHP Lənkəran rayon təşkilatı olaraq hüsab edirik ki, bu tip həbslər Azərbaycanın imicinə mənfi təsir göstərməklə bərabər, ölkənin siyasi mühitinə süni gərginlik gətirir. Ona görə də bu həbsi pisləyir və hakimiyyəti bu ciddi yanlışlığı aradan qaldırmağa, Y.Sadıqlının ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırırıq”.

  • Anar Niftəliyev səhiyyə nazirinə müraciət etdi

    Bakı Slavyan Universitetinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişməsi ilə bağlı əməliyyatda iştirak edən həkimlərin açıqlamalarına cavab olaraq mərhumun həyat yoldaşı Anar Niftəliyev səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Müraciətdə deyilir:
    “Hörmətli cənab nazir!
    Artıq məlumunuz olduğu kimi, həyat yoldaşım, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı (Niftəliyeva) 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi üzündən dünyasını dəyişib və faktla bağlı 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.
    Sentyabrın 20-də Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində verilən ilkin, daha sonra yekun və komisyon ekspertizanın rəyində ölümün səbəbi kimi “nəfəs çatışmazlığı” göstərilib. 
    Dekabrın 26-da isə Səhiyyə Nazirliyindən Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işinə əlavə olunması üçün göndərilən rəydə bildirilir: “E.Niftəliyevanın “Medi Sina Klinikası” özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya “Medi Sina Klinikası” özəl tibb müəssisəsində “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir”.
    Bütün ekspert qənaətləri bir daha təsdiqləyir ki, bu ölüm həkim səhlənkarlığının nəticəsi və həkim qətliamıdır.
    Hörmətli cənab nazir!
    9 yanvar 2014-cü il tarixdə E.Tofiqqızının ölümünə bais olan həkimlərdən biri – Firuz İbrahimov APA informasiya agentliyinə açıqlamasında ölkənin baş ankoloq və anestezioloq-reanimatoloqları da daxil olmaqla, ekspertlərin verdiyi bütün rəyləri şübhə altına aldığını və əməliyyatın doğru keçdiyini bildirir, günahsızlığını sübut eləmək kimi absurd iddiaya düşür.
    Əgər bir həkim bütün Azərbaycan səhiyyəsi mütəxəsislərinə meydan oxuyurcasına doğru etdiyini bildirirsə və onun doğru bildiyi üsul insan ölümünə səbəb olursa, hardan əminlik var ki, bu həkim adına ləkə olası Firuz İbrahimov sabah yenə “doğru bildiyini” etməyəcək və nəticədə yenə növbəti qətllərin baiskarına çevrilməyəcək?
    Bu həkim və bununkimilər yanlışlıqlarını etiraf etmək əvəzinə müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışırsa, vicdanını itirmiş belələrinin sayəsində Azərbaycan səhiyyəsinin hansı uçurum qarşısında olduğunu təsəvvür etmək çətin deyil.
    Hörmətli cənab nazir!
    Əvvəlki məktubumda da Sizə müraciətlə, heç olmasa, istintaq müddətində qətli həyata keçirən hər üç həkimin fəaliyyətinə məhdudiyyətlər qoyulmasını xahiş etmişdim. Çünki Baş Prokurorluq istintaq müddətində bu səlahiyyətə sahib deyil, bu hüquqi səlahiyyətlər yalnız Səhiyyə Nazirliyinə və şəxsən Sizə aiddir.
    Ancaq təəssüf ki, Səhiyyə Nazirliyi “əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində nöqsanlara yol verdiyini” bildirdiyi həkimlər – onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Klinik xəstəxananın onkoloqu), Fərəcullah İdrisov (Topçubaşov adına Elmi-Təhqiqat Klinik xəstəxanası) və Firuz İbrahimov (1 saylı Şəhər Klinik xəstəxanası) heç nə olmamış kimi öz fəaliyyətlərini davam etdirirlər və Səhiyyə Nazirliyi öz rəyinə uyğun olaraq onlar haqqında hər hansı ölçü götürmür.
    Xatırladıram ki, əməliyyatda iştirak edən hər üç həkim heç bir yanlışlığa yol vermədiklərini isbatlamağa cəhd də edirlər və Azərbaycan səhiyyəsinin mütəxəsislərinin ümumi rəyini vecə almamaqda israrlıdırlar. Bunlar vicdansız, xəstədən yalnız pul qazanmaqdan başqa heç nə düşünməyən, etdikləri yanlışlıqları dərk etməyəcək səviyyədə savadsız adamlardır. Bu şəxslərin Azərbaycan səhiyyəsində mövcudluğunun bizə hansı faciələrə səbəb olduğunu izah etməyə isə heç bir ehtiyac yoxdur.
    Necə ola bilər ki, bu qədər yeni, müasir xəstəxanalar tikildiyi və ən yeni tibbi avadanlıqlarla təchiz edildiyi halda Azərbaycan səhiyyəsində həkim terroru hökm sürür, insanlarımız xarici ölkələrə, o cümlədən İran kimi dünyadan təcrid olunmuş ölkənin xəstəxanalarına axışır?
    Bunun bir səbəbi də bu cür yanlış diaqnoz və əməliyyatlarla canımızı alan həkimlərin özlərinə arxayınlığı, cəzasız qalacaqlarına əminlikləri, Azərbaycan səhiyyəsinin mütəxəsislərinə meydan oxuyub, yenə də Azərbaycan səhiyyəsində işləməkdə davam etmələri və yeni-yeni potensial qətllərə psixoloji olaraq hazır olmalarıdır.
    Hörmətli cənab nazır!
    Bu cür düşüncə ilə yaşayan və “həkim terroru” kimi ifadəni gündəmdə saxlayan savadsız və vicdansız həkimlərdən 3 nəfərinin kimliyi Sizin gözünüz önündədir. Onların istintaq başa çatana qədər fəaliyyətlərinin məhdudlaşdırılmasına nə mane olur? Onlara bu ölkənin səhiyyəsinin əsas mütəxəsislərinin rəylərinə meydan oxumağa layiq səviyyədə toxunulmazlıq hüququnu kim verib? Bu qatil həkimlər hansı imtiyazlarla qətl törətdikdən sonra Səhiyyə nazirliyinin və işlədikləri xəstəxana rəhbərlərinin heç bir reaksiyasını hiss etməməlidirlər?
    Onlara qarşı ölçü götürülməməsinin səbəbi nədir?
    Hörmətli cənab nazir, həkim adına layiq olmayan bu “həkimlərin” potensial qətllərinin qarşısının alınması üçün səhiyyəmizin ləyaqətini qoruyan bir şəxs kimi peşəkar qərar verməyinizi Sizdən xahiş edirəm”. 
  • VHP Bələdiyyə seçkilərinə hazırlaşır

    Vətəndaş Həmrəyliyi Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır.

    Bu haqda “Axar.az”a VHP Ali Məclisinin katibi Asif Şəkərli bildirib.

    Asif Şəkərli deyib ki, bələdiyyə seçkiləri ilə bağlı partiyanın Mərkəzi İcra Aparatı  müvafiq iş planı hazırlayıb, Seçki Qərargahı da hazırlıqlara başlayıb  və seçkiyə hazirliq gedir:

    “Respublikanın kənd, qəsəbə və şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. 2009-cu ilin bələdiyyə seçkilərində VHP-nin 115 üzvü müxtəlif bələdiyyələrə seçiliblər. Həmin seçkilərdə partiyanın 800 üzvü namizədliyini irəli sürmüşdü, Təəssüf olsun ki, yaradılan süni maneələr, icra hakimiyyətlərinin seçki dairələrinə müdaxiləsi nəticəsində 350 namizədimiz qeydə alındı. Hesab edirik ki, bu seçkilərdə bu manelər olmayacaq”.

    Asif Şəkərli qeyd etdi ki, rayon təşkilatları seçkidə iştirak edəcək namizədləri artıq müəyyənləşdirməyə başlayıb:

    “Biz partiya olaraq bələdiyyə seçkisinə təkbaşına qatılacağıq. Amma seçkilərdə iştirak edəcək müxalifət partiyaları ilə əməkdaşlıq edəcəyik. Nazmizədlərin qarşılıqlı dəstəklənməsi, birgə təbliğatın aparılması məqsədi ilə. Cünki seçki məntəqələri üzrə namizədlərin birgə təbliğat aparması önəmlidir”.

  • Bizim Sabir

    Kamil Vəli Nərimanoğlu

    (Dostum Sabir Rüstəmxanlı haqqında söz)

    Beyvəfadan, müxənnəsdən, nakəsdən
    Nə söz qaldı sənətkara dəyməmiş?!

    Aşıq Ələsgər
    **** 
    Ürək sözlərimi qələmə aldığım bu yazıda nə “Rüstəmxanlı” sözünü, nə “müəllim” kəlməsini, nə də “Xalq şairi”, “millət vəkili” təyinlərini işlətməməyə çalışacağam.
    Sabir Bəyin siyasi fəaliyyətindən də çox danışmamağa söz verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat isə birləşdirən tərəfdir. İrəlidə çox zaman görmədiyim üçün mən özümü birləşdirən tərəfə aid edirəm. Dünyanın elə tərəfləri var ki, biz Sabirlə bir yerdə olmamışıq.
    Birləşmək, ayrılmaq, yenidən birləşməkdən də söz getmir. Dünyanın elə tərəfləri də var ki, biz Sabirlə bir olmuşuq. Desəm ki, Sabir bizim öncümüz olub, bu sözün səmimiyyətinə inanın.
    Mən 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olanda Sabir III kursda oxuyurdu. III kursun simvolu Sabir idi. Necə ki, II kursun simvolu Ramiz Rövşən idi. IV kursun simvolu Azər Abdulla, V kursun simvolu İsmayıl Məmmədov.
    Biz daxil olan ildə universiteti bitirənlərin simvolu isə rəhmətlik Aydın Məmmədov idi.
    Simvol, yəni “mən Sabirin kursunda oxumuşam” deyəndə ağıla gələn ilk adam Gülxanım Vəliyeva da, Qara Tağızadə də, Nəzakət Qafqazlı da, nə bilim kimlər də ola bilər. Ancaq o kursda simvol adam Sabir idi.
    Bu bəlirgənlik yalnız şöhrətlə bağlı deyil. Burada şöhrət də var, mehribanlıq da, xarizma da…

    Əgər mənim oxuduğum bu 5 ilə gedib- gələnləri də daxil etsək, o dövrün ən məşhur tələbəsi şübhəsiz ki, Sabir idi.
    Sabirin o gözəl və əzab- əziyyət dolu tələbəlik illərində komsomol iclasındakı “nitqini” heç unuda bilmirəm. Kənddən gəldiyi elə ilk baxışda sezilən bu arıq, kəskin baxışlı və hamımıza qarşı ciddi olan bu oğlan gənc kommunist əxlaqına yaraşmayan və yaşlı kommunist əxlaqının daşıyıcılarını da heyrətdə qoyan bu “nitqi” ilə “komsomol təşkilatı” adlı məşhur təşkilatın daşını daş üstə qoymadı. Dekan üzünü yana çevirdi, partiya təşkilatı katibi yavaşca salonu tərk etdi, müəllimlər pıçhapıça başladı. Sabirsə “Bu nə universitetdir, bu nə yataqxanadır, bu nə artistlikdir”, deyib qızışdıqca salon da qızışır, hərəsi bir dərədən, bir obadan gələn tələbələr “mən Sabirin oxuduğu universitetin tələbəsiyəm” qürurunu yaşayırdı.