Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Nida”çı məhbuslar aclığı dayandırdılar

    Mayın 6-da məhkəmə qərarı ilə 6-8 il müddətinə azadlıqdan məhrum edilən “Nida”çılar 20 gündür istintaq təcridxanasında keçirdikləri aclıq aksiyasını dayandırıblar. Bununla bağlı gənclər xüsusi bəyanat yayıblar.

    “Azadliq.info”nun məlumatına görə, bəyanatda deyilir: “Biz aclıq aksiyasına başlayanda tələbimiz azadlığa buraxılmağımız idi. Məqsədimiz isə həmişəki kimi mübarizə aparmaq və diktaturaya qarşı bütün qeyri-zorakı, hüquqazidd olmayan vasitələrdən istifadə etmək olub. Elə azadlığımıza da həm də bu məqsədlərə qulluq etmək üçün nail olmaq istəyirik. Yəni Azərbaycanın qismən sükuta getmiş etirazçı təbəqələrini tərpətməyi, yeni insanları etiraza cəlb etməyi, beynəlxalq demokratik qüvvələrin diqqətini regiondakı geopolitik gərginlikdən ölkədəki repressiv şəraitə yönəltməyi qarşımıza məqsəd qoymuşduq.

    Aclığın davam etdiyi bu 20 gündə Azərbaycanda siyasi məhbus probleminin gündəmdən düşməməsi, bu gün (6 may) yüzlərlə fədakar fəalın aksiya keçirməsi, yeni insanların etirazçı qüvvələrə qoşulması, xarici ölkələrdə dəstək aksiyalarının keçirilməsi beynəlxalq demokratik qüvvələrin diqqətinin Azərbaycana cəlb olunması, bizim qeyd etdiyimiz məqsədimizə çatmağımızı göstərir.

    Hesab edirik ki, Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır. Hakimiyyət bizim tələbimizi təmin etmədi. Lakin biz məqsədimizə çatdıq və hakimiyyətə də göstərdik ki, həbslə bizi mübarizədən yayındıra bilməyəcəklər. 140 nəfər həbsdə olsa da, çöldə qalanlar kölə deyil və bu xalq azadlığa, demokratiyaya layiqdir, diktaturaya, korrupsiyaya yox.

    Məhz məqsədimizə çatdığımıza görə, tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!”

  • Ömer Memmedovun hebsinden 1 il ötür

    Vicdan məhbusu Ömər Məmmədovun oğurlanaraq (şərlənərək) həbs edilməsindən 1 il ötdü

    Ömər Elyar oğlu Məmmədov 26 fevral 1995-ci Bakıda anadan olub. Orta təhsilini 72 nömrəli liseydə alıb. Həbsindən öncə Şimali Kipr Türk Cümhriyyətindəki Uluslar arası Kıbrıs universitetinin Beynəlxalq Əlaqələr bölümü 1-ci kurs tələbəsi idi .

    2011-ci ildə Nida Vətəndaş Hərəkatına üzv olub. Həmçinin hakimiyyətin satirik tənqidinə görə tanınan “Aztvdən seçmələr” səhifəsinin admini olub. 2013-cü ildə ailəsinə olan təzyiqlərdən sonra Nida Vətəndaş Hərəkatından ayrılıb. Daha sonra “Axın” hərəkatını yaradıb. Ömər eyni zamanda Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

    2014-cü yanvarın 24-ü Baş Narkotiklərə Mübarizə idarəsinə gətirələrək polis əməkdaşları tərəfindən həbs olunub. Həbsindən sonra Ömər N!DA-ya qayıdıb.

    4 iyul 2014-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il müddətində azadlıqdan məhrum edilib.
    Bakı Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin qərarından verilmiş şikayəti 22 dekabr 2014-cü il tarixdə qüvvədə saxlayıb.
    Ömər Məmmədov hazırda 10 sayli Cazaçəkmə Müəssisəsində saxlanılır.

    Beynəlxalq Amnistiya Təşkilatı Ömər Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.

  • Sabir Rüstəmxanlı-68

    VHP Siyasi Şurası partiya sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlını ad günü münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir: “Əziz Sabir bəy!

    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayırıq. Siz gənclik illərinizdən, bədii yaradıcılıqla məşğul olduğunuz ilk andan əsl vətəndaş mövqeyi sərgiləmisiniz, millətin ruhunun oyanmasında, özünü tanımasında Sizin rolunuz danılmazdır. Şair kimi üzünüzü qürbətdə saxlanılan qapıya tutub, “Salam, Gəncə qapısı” deyərək, “Qan yaddaşşı”mızı təzələmisiz, “Bu sənin xalqındır” deyib, “Xətai yurdunda” “Ömür kitabı”mızın vərəqləmisiniz. 1988-ci ilin Meydan, Milli Azadlıq hərəkatında Sizin tutduğunuz mövqe və liderlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası ilə bağlı Konstitusiya Aktının müəlliflərindən və imzalayanlardan biri olmaq Sizin illərlə apardığınız mübarizənizin məntiqi sonluğu və ölkəmizin şərəf tarizinə atdığınız imzadır.

    Əziz Sabir bəy!

    Müstəqilliyin ilk ilində Azərbaycana gətirdiyiniz vətəndaş həmrəyliyi, milli birlik ideologiyası uzun illərdən sonra bir daha Sizin ideoloji baxımdan nə qədər uğurlu, ölkəmiz, vətənimiz üçün ən kritik tarixi məqamlarda necə doğru bir yol tutduğunuzu təsdiqlədi. Təkcə qələmi ilə deyil, əqidəsi, düşüncəsi ilə türk dünyasını öz ruhunda bütövləşdirən, vətənin, millətin azadlığı yolunda canını fəda edən və sələflərinin arzularının göyərməsi naminə ömrü uzunu çalışan Millət Fədaisi kimi Sizin ömür yolunuz gənclərimizə bir örnəkdir.

    Əziz Sabir bəy!

    Bir daha Sizi səmimi qəlbdən təbrik edir, sizə uzun ömür və fəaliyyətinizdə, milli hədəflərə çatmağınızda uğurlar arzulayırıq.

    VHP Siyasi Şurası”

  • Siyasi partiyaların gənclərindən kimlər deputat olmaq istəyir? – SORĞU

    Bu il keçiriləcək parlament seçkilərinə cəmi 9 ay vaxt qalıb. Ancaq həmin seçkidə kimlərin və ya hansı siyasi partiyaların iştirak edəcəyi hələlik bilinmir.
    Maraqlıdır, partiyaların gənc fəalları öz namizədliklərini 2015-ci il parlament seçkilərində irəli sürəcəklərmi?
    Bununla bağlı AzNews.az partiyaların gəncləri ilə əlaqə saxlayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat Komitəsinin rəhbəri Samir Əsədli də parlament seçkilərinə qatılacağını deyib: “Qərarım belədir ki, 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən namizədliyimi irəli sürüm. Artıq bu barədə VHP-nin Sabirabad rayon təşkilatı ilə məsləhətləşmələr aparıram”.

    Müsavat partiyasının tanınmış fəallarından olan Tural Abbaslı bildirib ki, 2015-ci il parlament seçkilərində namizədliyini irəli sürəcək: “Çox böyük güman ki, bu dəfə də 2010-cu ildə olduğu kimi namizədliyimi 21 saylı Nəsimi Seçki Dairəsindən irəli sürəcəm”.

    REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, seçki ilə bağlı hələ qərar verməyib: “Biz hələ namizədlərlə bağlı qərar verməmişik. Umumiyyətlə, hərəkat seckidə iştirak edəcək”.

    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) gənclər üzrə müşaviri Sərxan Çarçiyev isə vurğulayıb ki, parlament seçkilərində partiya olaraq iştirak ediləcək: “Amma fərd olaraq hələ müəyyənləşdirməmişəm. Əgər müzakirələr olsa və məsləhət bilinsə 106 saylı dairədən namizəd olacam”.

    Bahar RÜSTƏMLİ
    AzNews.az

  • VHP 20 Yanvar şəhidlərini ziyarət etdi – FOTO

    VHP-çilər 20 yanvar şəhidlərini ziyarət edib.


    Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri 20 yanvar – “Şərəf və Ləyaqət günü”ndə Şəhidlər xiyabanını ziyarət ediblər. 

    Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yürüşdə VHP Ali Məclisinin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Әləkbərli, Mərkəzi İcra Aparatının sədri Samir Әsədli, partiya sədrinin müavini Arif İsmayılbəyli, DAK həmsədrlərinin müşaviri Әli Hacı Ağaevli, Siyasi Şura, MNTK, Ali Məclis üzvləri, rayon təşkilat sədrləri, Gənclər Təşkilatının üzvləri və partiya fəalları iştirak ediblər.
  • VHP Sumqayıtda 20 yanvar şəhidlərini andı

    VHP Sumqayıt şəhər təşkilatının üzvləri 20 Yanvar şərəf və qürur günü ilə bağlı Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər.  Anım tədbirinə VHP sədrinin müavini, Sumqayıt şəhər bələdiyyəsinin üzvü Yusif Salmansoy, Sumqayıt şəhər təşkilatının sədri Elmar Sadıqlı, Ali Məclis üzvü Hilal Әliyev və təşkilatın fəalları qatılıblar.
    Anım tədbşrində digər müxalifət partiyalarının Sumqayıt şəhər təşkilatlarının üzvləri də iştirak ediblər.  Qeyd edək ki, VHP-nin Şirvan, Füzuli, Tovuz, Şamaxı və digər təşkilatları da öz rayonlarında Şəhidlər Xiyabanını ziyarət edərək şəhidləri anıblar.

  • VHP sədri Türkiyədə baş verən faciə ilə bağlı başsağlığı verdi

    Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğana


    Hörmətli cənab Baş nazir!

    Manisa ilçəsinin Soma bölgəsində kömür mədənində baş verən qəzada çoxsayda insanın həyatını itirməsi xəbəri bizi sarsıtdı.

    Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.       Allahdan həlak olanlara rəhmət, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Başınız sağ olsun.

     

    Dərin hüznlə,

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi

  • “Özümüz öz həyatımızı zindana çeviririk”

    “Mənim həyatım ziddiyyətlərin qovşağıdır, ömrüm bir-birindən uzaq görünən qütblər arasında keçib”

    Bu ikilik təbii qəbul olunmalıdır. Ona görə ki, insan yerin övladı olduğu kimi, göyün də övladıdır. Qədim türklər özlərini göydən gəlmiş sayırdılar. İsa Muğanna – kökünü qədim sivilizasiyanın son daşıyıcılarında, maraqlarda axtarmaq və bu yolla insanla Tanrı arasındakı vəhdəti yazmaq istəyirdisə, kim buna qarşı çıxa bilər? İsa göydən ün eşitdiyini və bu ünlərlə yazdığını deyirdi. Bunun həqiqət olub-olmadığını dəqiqləşdirmək imkanımız yoxdur, lakin içimizdə peyğəmbərin meracına, yaxud ona göydən vəhy gəlməsinə şübhə yoxdursa, bir istedadlı yazıçının vəhylə yazmasına niyə dodaq büzməliyik? Vəhy də ilhamdır!

    Peyğəmbərin özü də Allahın qulu idi, insan idi, amma seçilmiş insan idi. Bir böyük insana vəhy gələ bilirsə, başqasına da ün gələ bilər. İsa Muğannanın yaradıcılığı ədəbiyyat tariximizdə əbədiyyət ömrü qazanmaqdır.

    – Türk dünyasının böyük şairlərindən biri olan Mehmet Akif dədəmizdən bir dəfə soruşublar ki, ustad, “İstiqlal marşı”nı yenidən, ikinci dəfə yazmalı olsanız, nələrdən bəhs edərdiniz? Cavabında deyib: “Allah ikinci dəfə bizə o günü göstərməsin”. Yəni biz artıq müstəqilik, müstəqilliyimizin marşı əbədiyyətə hesablanıb və onun bir daha yenidən yazılmasına ehtiyac yoxdu. Bu mənada, əgər siz xalqımızın milli-azadlıq mücadiləsində, necə deyərlər bir ordunun işini görmüş “Ömür kitabı”nıza yenidən qayıtmış olsanız, o kitaba nələri əlavə edərdiniz, nələri yazmaq istərdiniz?

    – Mən “Ömür kitabı”nın birincisini yazdım. İkincisi Güney Azərbaycanı haqqında olacaqdı; İrana gedə və bütün güneyi gəzə bilsəm tamamlanardı. İndi onu yazmaq imkanım yoxdur. Ancaq, əslində sonra yazdığım bəzi kitablar da “Ömür kitabı”nın davamıdır.

    “Xətai yurdu” – 1988-1991 – Milli azadlıq hərəkatı və onun nəticələri; ötən ilin sonunda nəşr olunan “Dərdə əyilmə” isə son iyirmi beş ildə keçdiyimiz yollar, faciələrimiz, itirilmiş imkanlar və sarsılan ümidlər haqqındadır. Burda romantikadan acı realizmə doğru bir yol var.

    İmkanım olsa, bu hərəkatı geriyə çevirərdim, ümidlərimi qıran səhvlərimizdən – qanadlarıma güc verən, keçmişə və gələcəyə bağlı ümidlərin romantikasına doğru. İsa Muğanna xoşbəxt adam idi. Bütün əvvəlki əsərlərinə yenidən əl gəzdirmək imkanı var idi. Mənim o imkanım yoxdur, hətta şeirlərimi də yenidən redaktə eləmirəm. Bu günümü keçmişimə niyə calaq eləyim, o vaxt necə düşünüb yazmışamsa, qoy elə də qalsın. O vaxtkı şəraitlə, nəşr və senzor şərtləri ilə bağlı ixtisarlarım varsa, başqa məsələ, onları bərpa etmək olar…

    – Böyük Əli bəy Hüseynzadə “Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəlim, nə kəsdilər dilimi” ağrısıyla yaşayırdı. Düşünürəm ki, bir vətəndaş və sənətkar olaraq bu ağrını siz öz ömürlüyünüzdə sistemli şəkildə dəf edə bilibsiniz, yəni həqiqətin böyüyünü nə qədər ağır olsa da, demək cəsarəti həmişə halal haqqınız olub. Təbii ki, buna gərgin dirəniş, toparlanma, qəlbə düşən çatlar, saça ələnən dən hesabına nail olubsunuz. Belə deyək ki, mən sizə həm də tariximizin önəmli bir parçası kimi baxıram. Eyni zamanda, baxışlarınızın dibində dalğın bir təəssüfün, nisgilin ömür etdiyi də gözdən yayınmır… Bu təəssüfün, nisgilin dillə ifadə edilə biləcək gerçək adı nə?

    – Maraqlı sualdır. Mən bu sualın cavabını heç bir maneəsiz, nəticələrini nəzərə almadan verə bilsəydim, gözümə çökmüş o kədər silinərdi. “Qaragilə” adlı şerimdə belə bir misra var: “Döyüş mahnımız da gözləri yaşlı”… Kədər xalqımızın alın yazısı olmaqla yanaşı, geniş düşünəndə, insanlığın əsas ruh halıdır. fəlsəfi baxımından insan bütün ömrünü suallar içində keçirir və heç vaxt da bu sualların hamısını cavablandıra və ya cavablarını dilə gətirə bilmir. Kainatın özü əbədi və cavabsız bir sualdır. Ömür elədir ki, ən böyük sevinclər də kədərlə bitir. Çoxlu suallar doğur burdan və gündəlik həyatından, cəmiyyətlə münasibətlərindən, xalqının taleyindən asılı olduğundan onları dilə gətirə bilmirsən. Bunu deyəndə təkcə siyasi senzoranı və şəraiti nəzərdə tutmuram. İnsanın öz daxili senzorları da var.

    Adət-ənənə, əxlaq, din və xurafat senzorları, Allah xofu, düzgün anlaşılmamaq, yaxınlarını zərbə altında qoymaq qorxusu və s. Əslində yazıçılıq, şairlik əvvəldən-axıra müsaidə edilməyən sözün deyilməsi, sirrini hamıyla paylaşmaq, görünən və görünməyən qadağaları yıxmaq sənətidir. Qəzetlərin birində çıxan ilk silsiləmdə “Gözəl” adlı bir şeir də vardı. Qonşu kənddən bir ağsaqqalla atam rastlaşanda “oğlunun şeirlərini gördüm qəzetdə, ciddi oğlandır, de ki, qoy şit şeylər yazmasın, gözəl-mözəl kimi!” Bizim mühitdə öz eşqinin, vurğunluğunun sözlə aşkara çıxarılmasına qeyri-ciddi bir iş kimi baxanlar da vardı. Halbuki o şeirdə qızların yox, ellərin, təbiətin gözəlliyindən söhbət gedirdi. Cəmiyyətə, içində yaşadığın topluma məhkumsan. Avropada normal qəbul edilən və açıq etiraf edilən münasibətlər bizdə başqa cürdür.

    Kəndlərimizdə bu günün özündə belə bir-birini sevən iki gəncin bağda-bağatda üz-üzə dayanıb söhbət eləməsi söz-söhbətə səbəb olar. Təsadüfi görüş və mərasimləri nəzərə almasaq, kəndlərimizin mədəni həyatı çox zəifdir. Yasaq, sərhəd – bütün xalqlarda və cəmiyyətlərdə var. Ancaq bizdə vəziyyət daha ağırdır. Özümüz öz həyatımızı zindana çeviririk. Mənasız qadağalar, dedi-qodu, dargözlük, paxıllıq, məsələlərə feodal qafası ilə qiymət vermək – insanımızın gününü qara edən cəhətlərdəndir. Bu, bizim rəsmi qurumlara da aiddir. İdarələr arasında insanların ömrü çürüyür. Məmur nə qədər savadsız, cahil, təsadüfən irəli çəkilmiş birisidirsə, o qədər də kobud, süründürməçi, qanunlara etinasız, insanlıqdan kənar olur. Ona görə də aşağı səviyyəli idarələr millətimizin stress mənbəyinə, dövlətə etimadsızlıq yaradan mühitə çevrilmişdir.

    Milli taleyimizlə bağlı çoxlu məsələlər var ki, məhz cahillik nəticəsində yaranıb və cahillik üzündən həll olunmur. Niyə beləyik? Anlamaq çətindir və həyatımızın buna bənzər sualları bizi həmişə düşündürür. Sanki sevgimiz, səmimiyyətimiz zəifləyib. Bütün bunlar milli birliyə və müqavimət gücümüzə də təsir göstərir. Sanki bütövlükdə immunitet çatışmazlığı xəstəliyinə tutulmuşuq. faciələri görə-görə durumu dəyişə, onu aradan qaldıra bilmirik. Ağrının bir kökü budur və görünür dərman hələ uzun müddət tapılmayacaq. Sualın ikinci tərəfi hələ siyasi xarakterlidir. Qarabağ savaşında dünyanın ədalətsizliyi və tarixi gücümüzü itirməyimiz. Azərbaycanın param-parça edilməsi və əlli milyonluq xalqın əlli min dərdi! Kimlərsə bu problemə özünə aid olmayan iş kimi baxa bilər, ancaq normal vətəndaş bu ağrıları hər gün yaşamalıdır.

    Sözümlə, əməlimlə, bütün ömrüm boyu Azərbaycanın müstəqilliyi, bütövlüyü, mənəvi yüksəlişi uğrunda mübarizə apardım. Lakin müstəqillik beləmi olmalıydı? Ciddi suallardır! Demək və məsələnin kökünə enmək asan deyil. Mənim həyatım ziddiyyətlərin qovşağıdır, ömrüm bir-birindən uzaq görünən qütblər arasında keçib. Yolun əvvəlində dağlar arasında unudulmuş bir kənd… Bugünkü sivilizasiyanın əlamətləri tənbəl-tənbəl, gözümüzün qabağında gəlib o kəndə, radio, traktor, maşın, poçt, telefon, xeyli sonra işıq, televiziya… hərəsi kənd üçün bir inqilab idi. Amma məhrumiyyətlər, kasıblıq məni sındıra bilməyib, mənən özümü güclü, dövlətli saymışam və kənardan da çox vaxt belə görünmüşdür.

    İndi də yolumun bir başında o kənddir, digər başında isə dünyanın bütün qitələri, bütün böyük şəhərləri, zəngin sarayları və hər yerdə dilimin ucunda millətimizin taleyi… Heç nədə güzəşt, yardım görməmişəm: fəhləlikdən başlayıb nazirliyə qədər, kimsənin tanımadığı kənd uşağından – kifayət qədər tanınan bir şöhrət sahibi olmağa qədər – nə qazanmışamsa alnımın təri, əlimin zəhməti, üzümün ağıyla qazanmışam. Taleyimiz iş deyib işə, savaş deyib savaşa getmişəm. Riskli, qılıncın tiyəsində yeridiyim günlər olub.

    Amma həmin günləri toy-bayram kimi yaşamışam. Bütün bunların bəhrəsini də görmüşəm. Şükür! İndi daha Moskvanın Ədəbiyyat fondu yoxdur, planlı şəkildə hər respublikanın Yazıçılar İttifaqının təqdim etdiyi kitabları xarici dillərə tərcümə etdirsin, arada vasitəçi olsun. Amma yenə kitablarımız özü yol açır özünə. 20-dən çox kitabım çıxıb xarici dillərdə. Hələ onlarla qəzet-jurnal yazılarını, saysız konfrans materiallarını demirəm. Bunlar da işdir. Havaya sovrulmur ki? Hərdən fikirləşirəm, insan bundan artıq neyləməlidir ki, öz yurdunda rahat, sürprizlər, ədalətsizliklər gözləmədən yaşaya bilsin! Deyə bilmədiyimiz və deyəndə də cavabını ala bilmədiyimiz suallardan biri budur!

    – Sizi tez-tez ədəbi gəncliyin arasında görürük. Tövsiyələrinizi dinləmək xoşdu. Belə məqamlarda böyük yazıçımız Mirzə Cəlilin Tiflisdə Əli bəy Hüseynzadə ilə son görüşləri yadıma düşür. Cəlil Məmmədquluzadə o görüşü xatırlayır ki, möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı yazırsınız”. Mən Əli bəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bu sözü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək”. Necə bilirsiniz, ədəbi mühitimizdə gənc ədəbi qüvvələrin ustada qarşı Mirzə Cəlil sayğısı yetərlidimi?

    – Bizi qırx yaşımıza qədər gənc sayırdılar. Bundan gözəl nə ola bilər? Gənc sayıla-sayıla elə gənc də qaldıq. Ruhumuz gəncdir və bu mənada ədəbi gəncliklə arada maneə görmürəm. 21 yaşımdan indi sənin işlədiyin qəzetdə işə götürdülər məni. Düşdüm qocamanların arasına. Heç gənclərlə oturub-durmaq imkanım olmadı. Tez böyüdüm. Onun əvəzini indi çıxıram. “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi-tənqid şöbəsinin müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor olanda zəif yazılara, kitablara yolları qapatmışam. Bunun əzablarını da çəkmişəm, iki dəfə işdən çıxarılmış, sonra haqlı olduğumu sübut edib bərpa olunmuşam. İstedadlı gənclərə qapım həmişə açıq olub. Təkcə gənclərə yox, yaşlı yazıçıların da mübahisəli kitablarının plana salınmasında, nəşrində çox zəhmətim olub.

    1985-ci ildən yazıçı dostlarıma elan elədim ki, arxivinizdə nə var, gətirin nəşr edək. Çağdaş yazıçıların arxivindən bir şey çıxmadı. Amma Ordubadinin sovet dövründə nəşr edilməmiş “Qanlı sənələr” əsərini buraxdıq. Xəlil Rza Ulutürk bu təklifimə inanmadı. Mən bir şerinə də toxunulmayacaq, necə istəyirsən düz gətir, dedim və sözümə də əməl elədim. O kitab çıxanda Xəlil xoşbəxt idi və Türkanda dostlarına böyük bir qonaqlıq verdi. İsa Muğannanın “İdeal” romanı da belə nəşr edilmişdir. Asif Atanın bir kitabını ləğv edib, korrekturasını arxivə atmışdılar. Ordan tapıb bərpa etmişəm. Onun da bu barədə mənə minnətdarlıq məktubları var. Gənc şair, nasir və tənqidçilər üçün ilk kitab serialı mənim layihəm idi və bu gün söz sahibi olan bir çox müəllifin ilk kitablarını, neçəsini şəxsən tanımadan, görmədən yalnız əsərləri layiq olduğuna görə nəşr eləmişdik. Bu məsələdə baş redaktor olaraq sərbəst idim.

    Nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayevlə dost idik, bir-birimizi yaxşı başa düşürdük və yaradıcılıq işini mənim öhdəmə buraxmışdı. İndi istedadlı qələm sahiblərinə qayğı ənənəsini qardaşım Şahbaz Xuduoğlu davam etdirir və bu baxımdan ondan razıyam. Hamını oxumaq, tanımaq imkanı yoxdur, amma nəşriyyatda bütün qovluqları oxuyurdum. Bir dəfə qapım ehtiyatla döyüldü, gənc müəllif ikiqat əyilə-əyilə “gəlmək olar?” – deyə soruşdu. “Olmaz, – dedim, – çıx, qapını şax, əyilmədən aç gəl! Yazıların yaxşıdırsa, nəşr ediləcək, pisdirsə, yüz dəfə də əyilsən xeyri yoxdur! Qələminə, sözünə güvənən adam əyilməz!” Bu, mənim prinsipimdir. Gənclərə münasibətim o vaxt da beləydi, indi də belədir. Özünə güvənən, qürurlu, qapıları istedadıyla açan gəncləri sevirəm.

    Mən çoxuşaqlı ailədə, gur mühitdə, böyük-kiçiyin yerinin bilindiyi möhkəm əxlaq, ancaq fərqli düşüncələr mühitində, belə demək mümkünsə, əsl demokratiya şəraitində böyümüşəm. Millətimizə də böyük bir ailə və gənclərimizə o ailənin övladları kimi baxıram. Sevgi olan yerdə ittiham olmaz; tənqid olar, səhvlərə görə təəssüf olar, amma inkar olmaz! Hətta səhvlər olsa da, məsuliyyətini biz daşımalıyıq. Çünki bizim ardımızca gəlirlər və bizim mühitdə yetişiblər. Gənclərin bizə qarşı sayğısı yetərlidir-yetərsizdir; bu ayrı məsələdir. Bir milyon qaçqınımız var. O ailələrdə doğulan, böyüyən uşaqların aqressiv və qəzəbli olmasını başa düşmək lazımdır; məğlubiyyətlərimizin və faciələrimizin bir səbəbini də yaşlı nəsildə görürlər və müəyyən qədər də haqları var. Onların digər yaşıdları da gözlərini açanda Azərbaycan bir gərginlik içində idi. Bütün bunlar xarakterə də, yazıya da təsirsiz qalmır. Bir vaxtlar biz özümüz də psixoloji burulğandan keçmişik. Buna görə gənclərimizə savaş açmaq yox, qucaq açmaq lazımdır.

    Mən bunu həmişə demişəm və yazmışam. Səmimi dialoq olsa, gənclərimiz də bizim durumumuzu anlarlar, hansı işin məsuliyyəti bizim boynumuzdadır, hansı sorunlar bizdən asılı deyil, bunu daha yaxşı başa düşərlər. Zatən vaxt gələcək, özləri də övladları qarşısında cavab verməli olacaqlar. Düzünə qalsa, ədəbi gəncliklə təmasım qəzet və dərgilərdə, Yazıçılar Birliyində, yaxud ali məktəblərdə olduğu qədər geniş deyil. Əlimə düşən və ya bağışlanan kitabları oxuyur və bəzi saytlara baxıram. Elektron şəbəkədə gənclər fəaldır və hadisələri düzgün qiymətləndirirlər. İstedadlı gənclər daha çox bitərəf və müxalifət mətbuata can atırlar, çətinliklərlə üzləşəcəklərini bilsələr də. Səbəbi bəllidir! Gənc yazarların son oxuduğum kitablarından biri Zümrüd Yağmurun “Yağış qadın” romanıdır; üç dəfə soyqırıma məruz qalmış, qırılmış, köçüb getmiş, yenidən geri dönmüş xocalılar haqqında təsirli bir əsərdir. Bir ailənin bir neçə nəsil qadınlarının yaşadığı dəhşətli faciələri qələmə almaq qadın müəllif üçün çətin işdir. Amansızlığı ilə qələmi donduran hadisələrdir; hər adam girişə bilməz bu mövzuya, ancaq həmin faciələrin içindən çıxmış nəsil yazmasa, kim yazacaq Qarabağın romanlarını? Tanıdığım gənclərin çoxu 30-u adlayıblar. Məncə, ədəbi xarakter və yol 30-a qədər müəyyənləşməlidir. Buna görə özünü gənc sayanlarla yox, əsl gənclərə qayğı göstərmək lazımdır.

    Bir şeyə əminəm ki, Azərbaycan ədəbiyyatı qısır və ya varissiz qalmayacaq. İstedadlı gənclərimiz var və həmişə olacaq. Sadəcə onların peşəkarlıq məktəbi olmalıdır. Bakı Slavyan Universitetində olan kimi, bu məktəbi nə qədər gənc yaşlarında keçsələr, o qədər yaxşı olar. Bəzi gənc yazarların, ağına-bozuna baxmadan, onların özlərini yox, dədələrinin də müəllimi olmuş yaşlı yazıçılarımıza tərbiyəsiz yanaşmalarını da qəbul etmirəm. Sonra öz qarşılarına çıxar.

    – Sabir bəy, sizin örnək ola biləsi ömür yolunuzdan və yaradıcılığınızdan bəhs edən kitabım “Vaxtla zaman arasında” adlanır. O kitabın yazıldığı vaxtdan xeyli zaman keçib. Bu müddət ərzində “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Difahi fədailəri” kimi çox maraqlı romanlarınız, şeir kitablarınız işıq üzü görüb. İctimai-siyasi həyatımızda yetərli fəaliyyətinizi izləmişəm. Və hər dəfə mənə qəribə gəlib ki, vaxtla zamanı gündəlik həyatınızın bu qədər geniş əhatəli fəaliyyət proqramı arasında necə uzlaşdıra, bölüşə bilirsiniz?

    – Bu fürsətdən istifadə edərək sənə o kitaba görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Böyük sevgi və ədəbi səriştə ilə yazılmış kitab idi. Sualınıza cavab olaraq bildirim ki, mənim, sənin dediyin kimi, “geniş fəaliyyətimdə” bir neçə zəif nöqtə var. Onlardan biri yazdıqlarımın təbliğidir. Bu işlə heç vaxt məşğul olmamışam, buna vaxtım çatmır. Kitablarım çap olunandan sonra yığılıb qalır, onları, hətta dostlara, ədəbiyyat adamlarına belə çatdıra bilmirəm, kim yanıma gəlirsə, ona bağışlayıram. Amma nə yaxşı ki, sənin kimi dostlar məndən xəbərsiz belə araşdırma aparır, haqqımda kitablar yazırlar: İsa Həbibbəyli, Hüseyn Adıgözəl (Türkiyə), Elşad Səfərli, İbrahim Quliyev, Nəsimi Şərəfxanlı, Sərvaz Hüseynoğlu, Cavanşir Yusifli, Sabir Bəşirov, Qənirə Bəyzadə (2 cildli) üstəgəl Azərbaycanda və Türkiyədə bir neçə dissertasiya işi. Az-az yazıçı haqqında bu qədər yazılıb.

    Dostlar sağ olsunlar. Yazdıqları kitablar onların istəyindən doğulub, demək olar ki, hamısı məndən xəbərsiz. Yəni bu sahədəki tənbəlliyimin yerini dostlar doldurur. Ancaq mən dərsliklərdə, ədəbiyyat tarixlərində, bir sıra ədəbi icmallarda ədalətsizliklər də görürəm. Mümkün qədər unutdurmaq, görməzliyə vurmaq!.. “Ömür kitabı”nın o vaxtkı gəncliyimizə təsirini sən də bilirsən! Onda dərsliklərə bu qədər vecsiz yazı salındığı halda, gənclərin yurdsevərlik duyğusunu gücləndirən, qan yaddaşını dirildən o kitabın əlavə oxu siyahısından da çıxarılması anlaşılmaz münasibətdir. Uşaqlarımıza öyrədilənin bir qismi yenə də sosialist dövrünün ədəbiyyatıdır. Milli özünüdərkə xidmət edən əsərlər əvəzinə məqsədi bəlli olmayan ədəbiyyat yer tutur bəzi dərsliklərimizdə. Amma bu soyuq münasibətlər əlimizi işdən soyuda bilməz.

    – Ənənəvi sual: “Hansı yaradıcılıq planlarınız var”? Yaradıcılığın plana hesablanmadığını bilsəm də belə, soruşuram…

    – Partiya, Milli Məclis, Dünya Azərbaycanlıları Konqresi, səfərlər, görüşlər, millət vəkili qayğıları… Amma hamısının başı üstündə bir yazı masası var. Son illərdə yollarda əlim kağıza çatmayanda telefonuma onlarla şeir yazmışam. Bu da yaradıcılığın yeni bir imkanıdır. Texniki işlərimizə əl yetirən olsa, əlimdə bu qədər yarımçıq yazı qalmazdı. Mən narahat adamam və hər işi özüm görməyi xoşlayıram. İndi hiss edirəm ki, bütün bunlar kənddən gətirdiyimiz sağlamlığın hesabınadır. Onun da axırına çıxırıq… Sənin yuxarıda dediyin siyahını tamamlamaq istəyirəm. Son illərdə “Sunami” adlı fantastik romanım, “Əbədi sevda” şeirlər və “Dərdə əyilmə” adlı publisistika kitablarım nəşr olunub.

    “Ömür kitabı” İngiltərədə ingiliscə, “Göy Tanrı”nın birinci hissəsi Almaniyada almanca, “Göy Tanrı” İranda, Özbəkistanda, 3 dəfə Türkiyədə nəşr edilmişdir. Bu yaxınlarda İstanbulun Kültür Sənət yayın evində “Difai fədailəri” romanı çıxdı və iki universitetdə təqdimatı keçirildi. “Ölüm zirvəsi” rusca nəşr edildi. Yəni boş qalmırıq. Yazmaq birinə zülümdür, birinə ləzzət – qanad açmaq, yüksəliş. Mən dünyanın dərdlərindən yazı masasında xilas olur, burda dincəlirəm. Yaradıcılıq planları Koroğlunun Qıratı kimidir, adətən gün işığı görən kimi qanadları qırılır. Ancaq mən nə yazdığımı gizlətmirəm. Qələm dostlarım haqqında yazdığım ədəbi portret tipli yazılarımı və ədəbiyyatşünaslıq silsiləsindən olan məqalələrimi topladığım kitabları çapa hazırlayıram. Çətin yazılan bir roman üstündə işləyirəm. Başqa yarımçıq yazılarım da var.

    – Hansısa bir möcüzəylə gənclik illərinizə qayıtmaq mümkün olsaydı, hansı dostlarla, kimlərlə bir arada olmaq istərdiniz?

    – Dostlar da tale qismətidir. Ömrüm boyu çox adamla oturub-durmuşam. Daha nə dəyişmək, nə artırmaq, nə də azaltmaq olar. Arası kəsilməyən iş, məşğulluq üzündən dostlarımın sayı o qədər də çox deyil. Zamanı geri qaytarmaq olsaydı, uşaqlarıma, ata-anama daha çox vaxt ayırardım; yayda dağlardan enməzdim.

    – Bu an, bax elə bu dəqiqənin özündə hansı şeri oxumaq keçir könlünüzdən?

    – Bəzi TV-lərdə hələ də Sovet dövründəki al bayrağa yazılmış şeirlər səsləndirilir. Sizə milli bayrağımız haqqında şerimi təqdim edirəm:

    Bayrağım
    Başımızın üstündə dalğalan, dev bayrağım,
    Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
    Dalğalan, qoy havanla Bakımız küləklənsin,
    Düşmənin gözü çıxsın, dostların ürəklənsin!
    Bu məğrur ucalıqda tarixin əsintisi,
    Səni kəfən yerinə geyənlərin gur səsi!
    Səni ümid yerinə qəlbində gizləyənlər,
    Əsarətin, işğalın sonunu gözləyənlər,
    Səni namus səngəri, səni qutsal əmanət,
    Səni ocaq sayaraq gizli əkizləyənlər
    Dərindən nəfəs alıb, dincəlsinlər süsündən!
    Sənə əyri baxanlar dağlansınlar gözündən!
    Hava tutqun olanda Ayı çək qucağına,
    Ulduzun işıq saçsın yurdun hər bulağına!
    Mavi – türklük şərəfim, varlığımız əbədi!
    Yaşıl – dinim, imanım! Sevgimizin məbədi!
    Qırmızı da al qanım – axdı Vətən yolunda
    Əsarət zəncirini qırmaq üçün qolumdan!

    Ucal başımız üstə, ruhumuz kimi ucal!
    Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

    Dünən səni cıraraq ayaqlara atanlar,
    Qızıldan tökdürərək oxşasın sinəsində!
    Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq, Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
    Sən günəşə qalxsan da bu torpaqdı beşiyin,
    Daha sənə əl çatmaz, dursalar da qəsdində!
    Bu gün azadlığımsan Bakının göylərində,
    Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

    Sərvaz HÜSEYNOĞLU
    “Ədəbiyyat qəzeti”

  • “Azərbaycan Türkiyə ilə birləşə bilər”

    “1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır…”

    Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin təklif etdiyi layihənin lehinə 12, əleyhinə 5 senator səs verib. Belə görünür, ermənilər aprelin 24-də “soyqırım”ın növbəti ildönümünü böyük coşğu ilə keçirəcəklər. Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı ilə ermənilərin soyqırım iddialarında yola çıxaraq türk dünyasında bu gün baş verən olaylardan söhbət etdik. 

    – Sabir bəy, 2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır. Siz ABŞ Senatının bu haqda qərar qəbul etməsini Türkiyə diplomatiyasının uğursuzluğu sayırsınızmı? 

    – Belə bir soyqırım olmadığını dünya çox gözəl bilir. Bu olaylar I Dünya Savaşında baş verib. O zaman Türkiyə bir çox cəbhələrdə – Quzey Afrikada, ərəb dünyasının bir neçə ölkəsində, Balkanlarda savaşıb. 1912-ci ildə Balkan savaşında 5 milyon insan yerindən-yurdundan olmuşdu, Osmanlı xeyli torpaq itirmişdi. Ancaq dünya Balkanlarda türklərə qarşı edilən soyqırımını sanki görmürdü. Osmanlı I Dünya Savaşına girdikdən sonra Avropa ölkələri Osmanlını buna görə cəzalandırmaq niyyəti ilə erməni soyqırımı iddiasını ortaya atdı. Ancaq bu zaman nəzərə almadılar ki, Rusiya Osmanlının  üzərinə gedəndə çar II Nikolayın göstərişi ilə 200 minə yaxın erməni də silahlanmışdı. 
    Osmanlı-Rusiya qoşunlar ön cəbhədə vuruşarkən onlar arxa cəbhədə Osmanlı içərisindəki erməni çetələri, daşnak qruplaşmaları ilə birləşib türk-müsəlman əhalini qırırdılar. Nəticədə 1915-16-cı ildə 700 mindən çox qətlə yetirilmişdi. Həmin olaylarda 300 min erməninin öldüyü deyilir. İndi Osmanlının varisi sayılan Türkiyədən bu qondarma soyqırımının öcünü alırlar. Bu gün həm Türkiyənin özündə, həm də dünyada xeyli soyadını dəyişmiş erməni var. Dünyada olan ermənilərin sayının düşünəndə görünür ki, həmin savaşlarda ermənilərə türklər qədər zərər dəyməyib. Ölən ermənilən sayını öncə 300 min göstərirdilər, sonra dedilər, yox 500 min erməni öldürülüb, ardınca 700 bu sayı minə, 1 milyona çıxardılar. Mən 1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır, belə getsə öldürülən ermənilərin sayı milyon yarıma, 2 milyona çıxarılacaq. İndi baxıram, dünyanın bir sıra ensiklopedik nəşrlərində, ermənilərin kitablarında 2 milyon yarım, hətta daha yuxarı olan fantastik rəqəmlər göstərilir. 
    Aydındır ki, bu, Böyük Britaniyanın və bir sıra Avropa ölkələrinin fitvası ilə ortaya atılan iddia idi. Halbuki Türkiyə dövləti erməniləri doğu Anadoluda öz iç vilayətlərinə köçürmüşdü ki, orada daha rahat yaşasınlar, həm də dövlətə xəyanət eləməsinlər. Savaş idi, savaş şərtləri belə tələb edirdi. Bunlar o qədər də uzaq tarixdə baş verməyib. Deyilənləri təsdiq edən çoxsaylı faktlar var. Ancaq bu gün bu qondarma siyasəti Türkiyəyə qarşı silah kimi işlədirlər, Avropa Birliyinə gedən yolda bunu bir maneəyə çevirirlər, eyni zamanda Qarabağ məsələsinin arxa plana keçirilməsində yararlanırlar. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya iki türk dövləti – Türkiyə ilə Azərbaycan birləşib məzlum erməni xalqından acıq çıxır, ona görə də Qarabağ məsələsində Azərbaycanın xeyrinə heç bir güzəştə gedilməməlidir, hətta Xocalı soyqırımına göz yummaq lazımdır. Təəssüf ki, bu proses gedir. 
    Mən Fransadan, Avstriyadan olan bir sıra alimlərlə Anadoluda türklərin toplum məzarlara doldurularaq qətlə yetirildiyi yerlərə getmişəm. O toplu məzarlarda bu gün dünyaya özünü məzlum kimi tanıtmağa çalışan ermənilər yox, türklər uyuyur. Bu alimlər də deyirlər ki, erməni soyqırımı məsələsi Türkiyəyə qarşı təzyiq vasitədir, Türkiyə bunu qəbul edə bilməz, qəbul eləsə, Avropanın ikinci, üçüncü, beşinci tələbləri meydana gələcək. Niyyət Avropanın bir zamanlar “Böyük Türk” deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir. Osmanlı ilə bağlı xatirələri hələ də Avropanın ürəyindədir, ona görə də Türkiyənin güclü olmasını istəmirlər. 

    “Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir”

  • Biz kimin varisləriyik

    “Azərbaycan dövləti 10 milyonu təmsil etməsinə baxmayaraq, 50 milyonluq düşüncəsindən vaz keçməməmlidir”

     

    08 aprel 2014-cü il tarixində saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Dil Qurumu İctimai Birliyi “Azərbaycanın yeni tarixi: biz kimin varisiyik?” mövzusunda elmi konfrans keçirib. Tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri,filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) AMEA Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor Ramiz Əsgər, AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov, tarix elmləri doktoru Nəsib Nəsibli,professor Cəmil Həsənli, tanınmış türkoloq, publisist, Bəxtiyar Tuncay digərtarixçi alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Konfransı Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı açaraq bildirib ki,əgər ölkədə müstəqillik yolunda etibarlı, uzun hədəflərə, yüzilliklərə istiqamətlənmiş bir yol seçilirsə, orda vətəndaş cəmiyyəti hökmən yaxından iştirak etməli və getdikcə dövlətin yükünə şərik olmalıdır: “Dilçiliklə bağlı dövlətin rəsmi qurumlara, ən əsası da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstituna kifayyət qədər vəsait ayrmasına baxmayaraq, onun xərclənməsi ilə bağlı xeyli mübahisələr mövcuddur. Azərbaycan Dil Qurumu isə dövlətdən heç bir maliyyə yardımı almadan illərdir mənəvi dünyamızın çox mühüm sahəsi olan dillə bağlı layihələr, konfranslar həyata keçirir. Bizim təşəbbüsümüzlə televiziyalarda çoxlu verilişlər yayımlanıb. Əslində “Dil haqqında” qanuna dair ölkə başçısının sərəncamının da ortaya çıxmasında QHT-lərin, o cümlədən Azərbaycan Dil Qurumunun ciddi təsiri olduğunu düşünürəm”.

    VHP sədri deyib ki, Azərbaycan Dil Qurumu yeni layihələrə start verib: “Bu layihənin məqsədi ən yaxın tariximiz, ümumiyyətlə milli ideologiya, mənəvi dünyamız və cəmiyyəti ciddi narahat edən bir çox problemlərin müzakirəsinə nail olmaqdır. Təbii ki, dillə məşğul olan elmi qurumlar, AMEA-ya daxil olan Tarix İnstitutu, Fəlsəfə İnstitutu və o cümlədən tədris müəssisələri var. Hər biri bizim müzakirəsinə toplaşdığımız işlərlə bağlı müəyyən qədər işlər görürlər. Amma Azərbaycan Dil Qurumu olaraq biz bu mövzuların həyata keçirilməsində bir sıra qüsurlar və bu sahədə milli xətdən uzaqlaşmalar görürük. Bu gün ən yaxın tariximiz, ümumiyyətlə milli ideologiya, mənəvi dünyamızla bağlı cəmiyyəti narahat edən bir sıra problemlər ortalığa çıxır. Ona görə də biz ictimaiyyətin səsini, rəyini və bu məsələlərə münasibətini bildirməliyik”.

    Sabir Rüstəmxanlı vurğulayıb ki, hələ də ölkədə sovetlər dövründən qalma ənənələr mövcuddur: “Yaxın tariximizə, xüsusilə 1988-ci ildən bu tərəfə, 1918-1920-ci il Azərbaycan Xalq Cumhuriyyəti dövrünə münasibət istənilən səviyyədə deyil. Eyni zamanda dilimizə, milli kimliyimizə, adımıza da münasibət də məni qane etmir. Azərbaycanın 23 ildir müstəqil olmasına baxmayaraq, hələ rus soyadından qopa bilməmişik. Bundan başqa, millətimizin adından tutumuş və digər məsələlərlə bağlı mübahisələr var. Xüsusən milli ideologiyamızda problemlər yaşanmaqdadır. Ancaq Azərbaycan Dil Qurumunun müzakirələri kiminsə və ya hansısa təşkilatın tənqidinə yönəlməyib. Biz sadəcə millətin, xalqın səsini elmi dairələrə çatdırmaq istəyirik”.

    Millət vəkili həmçinin AMEA Tarix İnstitutunu sərt tənqid edib: “Tarix İnstitutu Azərbaycanın ən yaxın tarixi ilə bağlı 7 cildlik kitab yazıb. Lakin bu nəşrlər toplusu lazım olan səviyyədə hazırlanmayıb. Kitabı necə istəyiblər, o cür də yazıblar. Həmin kitablarda bəzən kiminsə asqırmasını yazdıqları halda, məsələn, 1991-ci ilin oktyabrında “Azərbaycan” qəzetinin çapa başlaması, yaxud da Dağlıq Qarabağa xalq yardımı ilə bağlı müəyyən addımlar atılması kimi faktlar dərc olunmayıb. Tarıxə belə münasibət yolverilməzdir. Kitabı oxuduqda nəşr müəlliflərinin Azərbaycan tarixindən bilgilərinin az olduğu qənaətinə də gəlinir. Bunlar ya Azərbaycan tarixini kifayət qədər bilmir, ya da tarixə subyektiv münasibəti var. Yəni qeyd etdiyim kitabla bağlı onlarla belə misal çəkmək olar. Ümumiyyətlə bizə tarix lazımdır və yaxud lazım deyil. Əgər lazımdırsa, obyektiv tarix yazmalıyıq. Yox lazım deyilsə, heç nə yazmalı deyil. Açığı, son illər Tarix İnstitutunda xeyli işlər görülməsinə baxmayaraq, yenə də İqrar Əliyev dövrünün ənənələrindən tam qopa bilməyiblər”.

    Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan dövləti 10 milyonu təmsil etməsinə baxmayaraq, 50 milyonluq düşüncəsindən vaz keçməməmlidir: “Biz bir millətik və 50 milyonuq. Növbəti müzakirələrimiz milli idelogiya məsələlərinə həsr olunacaq”.

    Bundan sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu)məruzə ilə çıxış edib: “Müstəqil dövlət olduğumuz halda bu günə qədər vahid milli konsepsiya, milli ideya və milli ideologiyadan çıxış edə bilmirik. Xüsusilə, milli ideologiya kimi təqdim olunan “azərbaycançılıq”,”türkçülük”, “islamçılıq” və başqalarının bəzən bir-birinə zidd, bəzən də birləşdirici milli ideyalar kimi tədqim olunması, nəinki elmi ictimaiyyəti, hər bir vətəndaşı da düşündürür. Bizə elə gəlir ki, bu məsələlərin kökünü artıq 20 ildən çox müstəqil olmağımıza baxmayaraq, sözün həqiqi mənasında müstəqil, azad yəni sovet ideologiyasının təsirindən uzaq şəkildə düşünə bilməməyimizdə axtarmalıyıq. Bu isə o deməkdir ki, siyasi-hüquqi və maddi-cismani cəhətdən azadlıq əldə etsək də, hələlik fəlsəfi-psixoloji və mənəvi-ruhi baxımdan onu qavraya bilməmişik. Məhz bunun nəticəsidir ki, siyasi-hüquqi, maddi, mənəvi və s. baxımdan bizlər özümüzü, cəmi iki il (1918-1920) ömür sürmüş Azərbaycan Cümhuriyyətinin varisi elan edib, 71 il yaşamış Azərbaycan Sovet Sosialist Respublikasından (Azərbaycan SSR) imtina etməyimizə baxmayaraq, bəzi hallarda nəinki mənəvi-ruhi cəhətdən, hətta maddi-cismani və siyasi-hüquqi baxımdan da sonuncunun xələfi kimi çıxış edirik. Belə ki, ilk Cümhuriyyətin dövlət adı “Azərbaycan Cümhuriyyəti”, millət və dilinin adı “türk” olub, bu gün onun varisi kimi çıxış edən Respublika da müstəqilliyini bərpa etdikdən sonra (1991), bu məsələlərlə bağlı ilk dövrlərdə (1992-1995-ci illər) eyni ideoloji xətti davam etdirdiyi  halda, 1995-ci ildən etibarən dövlətin adı yenə də “Azərbaycan” kimi qalsa da, millət və dilin adı isə dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Halbuki millət və dil adı kimi “Azərbaycan” termini Azərbaycan SSR dövründə, konkret olaraq 1936-cı ildən sonra rəsmi status alıb və həmin andan etibarən “türk” anlayışına qarşı qoyulub. Deməli, özünü Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir Respublika və onun vətəndaşları 1995-ci ildə baş tutan ümumxalq səsverməsi nəticəsində, konkret millət və dil məsələsi ilə bağlı Cümhuriyyət dövründə qəbul edilən qərarlara, qanunlara və s. deyil, Azərbaycan SSR dövründə SSRİ imperiyasının başçıları və ideoloqları tərəfindən təsbit olunmuş qərarlara, qanunlara, fərmanlara və s. sahib çıxıb . Yəni Azərbaycan SSR-ə olan “sevgi”miz, bağlılığımız bizi könüllü surətdə məhz onun mirası olan “Azərbaycan dili”, “Azərbaycan milləti”nə və s. qayıtmağa sövq edib. Başqa sözlə, etiraf etsək də, etməsək də bugünkü Azərbaycan Respublikası və onun vətəndaşları ötən 20-23 il ərzində Azərbaycan Cümhuriyyətinin varisi olmağa çalışıb bu sahədə müəyyən işlər görsələr də, ancaq Azərbaycan SSR-ə olan “sevgilər”i bir çox hallarda özünü açıq şəkildə büruzə verir. Bu baxımdan indi nə qədər iddia etsək də ki, Azərbaycan Cümhuriyyəti və onun milli mənəvi dəyərləri bizə daha doğmadır, əslində bir çox hallarda bu söz olaraq qalır. Doğrudur, kimlərsə deyə bilər ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi olmaqla yanaşı, Azərbaycan SSR dövründə qəbul edilmiş bəzi qanunları, qərarları (Azərbaycan dili, Azərbaycan milləti və s.) və s. də qəbul edə bilərlər. Fikrimizcə, millətin həyatı üçün bir son dərəcə zəruri olmayan məsələlərlə bağlı qərarları, qanunları və s. indi də qəbul etmək olar. Ancaq millətin adı, dili, ərazisi və s. ilə bağlı məsələlərə isə bu cür yanaşmaq qətiyyən doğru deyildir”.

    Onun sözlərinə görə, yalnız millət və dilin adı ilə bağlı deyil, ərazi məsələsində də Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin deyil, faktiki olaraq Azərbaycan SSR-nin varisi kimi çıxış edir: “Bu günədək nədən Azərbaycan Cümhuriyyətinin ərazisinin deyil, məhz Azərbaycan SSR ərazisinə varis çıxmağımzla bağlı doğru-dürüst fikirlərə, açıqlamalara rast gələ bilmirik. Bu baxımdan millət və dilin adı problemi ilə yanaşı, ərazi məsələsində də varislik problemi gündəmə gətirilməlidir. Ümumiyyətlə, əgər bu gün söhbət “türkçülük” və “azərbaycançılıq” arasındakı fərqlərdən gedirsə, onda Azərbaycan Respublikasının varisinin Azərbaycan Cümhuriyyəti, yoxsa Azərbaycan SSR-nin olması məsələsi də gündəmə gəlməlidir. Başqa sözlə, milli ideologiya ilə bağlı ilk növbədə Azərbaycan Respublikasının varislik probleminə, yəni özünü Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir respublikanın, həmin Cümhuriyyətin milli mənəvi dəyərlərinə, xüsusilə onun başlıca ideoloji prinsiplərinə nə dərəcə də sahib çıxıb-çıxmaması məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, bu gün milli ideologiyanın “azərbaycançılıq”, “türkçülük”, “islamçılıq” və s. hər hansı bir adla adlandırılması əsas problem deyildir. Daha doğrusu, milli ideologiyaya hansı adın verilməsi və həmin ada uyğun addımların atılması problemin başlanğıcı deyil, ən son pilləsidir. Fikrimizcə, milli ideologiyanın hər hansı bir adla (“türkçülük”, “azərbaycançılıq”, “islamçılıq” və s.) adlandırılması müəyyən əhəmiyyət kəsb etsə də, ondan əvvəl gələn iki vacib faktor: 1) millətin və dilin; və 2) dövlətin adı var. Bu iki vacib amili bir kənara qoyaraq, ancaq milli ideologiyanın “azərbaycançılıq”, yoxsa “türkçülük” və s. adlandırılması üzərində müzakirələr aparmaq artıq ikinci dərəcəli məsələdir. Əslində dövlət, millət və dilin adı ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra bütün hallarda milli ideologiya, hətta müəyyən kənaraçıxmalar olsa da, bütövlükdə bu amillər əsasında təşəkkül tapacaq.Deməli, varisliklə bağlı əsas problem dövlət, millət və dilin hansı adla adlandırılması məsələləri ilə bağlıdır. Əslində 1995-ci il Konstitusiyasında dövlətin adının – “Azərbaycan”ın millət və dilin adına çevrilməsilə mənəvi-ideoloji baxımdan yeni bir situasiya yaranmış və “azərbaycançılığ”ın təməl prinsipləri müəyyənləşmişdir. Belə ki, ilk müstəqil Konstitusiyada öz əksini tapan “Azərbaycan dövləti”, “Azərbaycan dili”, “Azərbaycan xalqı” və s. anlayışlar  “azərbaycançılığ”ın yaranması üçün əsas arqumentlərə çevrilib. Məhz bu arqumentlərdən çıxış edən “azərbaycançı” ideoloqların fikrincə, “azərbaycançılıq” çağdaş dövrdə Azərbaycandakı azərbaycanlıları, o cümlədən dünya azərbaycanlılarını özündə birləşdirən ən doğru milli ideologiyadır. Hazırda “azərbaycançı”ların əksəriyyəti milli ideologiya məsələsində birmənalı şəkildə üstünlüyü “azərbaycançılığ”a verib, “türkçülük”dən ən yaxşı halda tarixə qovuşmuş milli ideya kimi bəhs etdikləri halda, onlardan bəziləri bu iki anlayışın sintezindən çıxış etməyə çalışırlar. Ancaq “azərbaycançı”lardan bəzilərinin “türkçülüy”ün və “azərbaycançılığ”ın sintezindən çıxış etmələri belə problemin köklü həlli üçün yetərli olmur”.

    Faiq Ələkbərov deyib ki, SSRİ dövründə və ondan əvvvələr yaranmış milli və antimilli ideyaların mahiyyəti və məzmunu araşdırılmadan, onlar arasındakı fərqlər göstərilmədən indi bəzi tədqiqatçılar və başqalarının hansısa hökmlər çıxarmaları təəssüf doğurur:“Üstəlik, bəziləri bu və ya digər formada milli ideyaları sovet dövründə olduğu kimi antimilli ideya kimi qələmə verməyə çalışır, “milli (türk) Azərbaycan” ideyasını deyil, sovet ideoloqlarının ideyalarının məhsulu olan “sovet (beynəlmiləl)) Azərbaycan” ideyasını milli ideya kimi təqdim edirlər. Eyni zamanda “azərbaycançılıq” anlayışı ilə bağlı bir çox hallarda ifrata varılır, “türkçülük” isə bu ifratçılığın içində çox sönük formada təqdim edilir. Bizə elə gəlir ki, modernləşmənin vacibliyi, dövlətçiliyin qorunması, bütün etnik qrupların maraqlarının nəzərə alınması və s. ad altında “azərbaycançılığ”ın bu qədər şişirdilməsi, əvəzində türkçülüyün az qala radikal millətçilik, ən yaxşı halda tarixə qovuşmuş bir ideya kimi bir kənara qoyulması qətiyyən doğru deyil.Hazırda cəmiyyətdə daha çox tənqid  olunan, dövlət səviyyəsində əsərləri ən az çap olunan da milli aydınlarımızdır. Məsələn, dövlət səviyyəsində milli aydınlarımızdan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Almas Yıldırım, Əmin Abid Gültəkin və başqalarının cəmi bir cildlik “Seçilmiş əsərləri” işıq üzü görüb. Halbuki Ə.Hüseynzadənin, xüsusilə Ə.Ağaoğlunun bütün külliyyatının nəşrinə böyük ehtiyac vardır. Ən çox diqqətçəkən isə odur ki, milli ideoloqumuz, Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dövlət səviyyəsində heç bir cildlik olsun belə “Seçilmiş əsərələri” də işıq üzü görməyib. Ancaq bütün bunların əvəzində SSRİ dövründə əsərləri çap olunmuş Azərbaycan türk aydınlarının bütün əsərləri dövlət səviyyəsində latın qrafikası ilə yenidən nəşr olunub. Əlbəttə biz onun əleyhinə deyilik ki, niyə M.Rahim, C.Cabbarlı, S.Rüstəm, R.Rza, S.Vurğun, C.Məmmədquluzadə, S.Rəhman, H.Cavid və başqalarının əsərlərinin tam külliyyatı yenidən – latın qrafikası ilə Azərbaycan oxucusuna çatdırılır. Sadəcə bütün bunlarla yanaşı, SSRİ dövründə əsərlərinə tamamilə yasaq qoyulmuş Rəsulzadələrin, Ağaoğluların, Hüseynzadələrin və başqalarının da bütün külliyyatının dövlət səviyyəsində nəşrini  görmək istəyirik. Fikrimizcə, onların əsərləri Azərbaycan cəmiyyətində geniş yaylması həm də ona görə lazımdır ki, istər elmi ictimaiyyət, istərsə də kütlə arasında həmin mütəfəkkirlərimizin irəli sürdükləri milli ideyalar haqqında dolğun bilik formalaşsın.Hazırda Azərbaycan tarixinə, mədəniyyətinə və fəlsəfəsinə baxışda da ikilik özünü büruzə verir. Bununla bağlı belə bir müqayisə aparmaq pis olmazdı ki, Azərbaycan Cümhuriyyətini Sovet Rusiyası işğal etdikdən sonra (1920-ci il 27 aprel) kommunizmi təbliğ etmək məcburiyyətə çevrilmişdi. Xüsusilə əli qələm tutan və az-çox istedadı olan hər bir kəsdən tələb olunurdu ki, sosializmi tərif edən elmi və bədii əsərlər yazsınlar. Demək olar ki, 1920-1930-cu illərdə hamı “rus kommunizmi”nin mahiyyətinə uyğun olaraq “mədəni quruculuq” adı altında buna məcbur edilirdi. S.Rüstəm, S.Vurğun, R.Rza, M.Rəfili və başqaları ilə yanaşı, millətçi-türkçü, mövqeyi ilə tanınan H.Cavid, Ə.Cavad, C.Cabarlı, A.İldırım, Ü.Hacıbəyli kimi aydınlarımızdan bu tələb olunurdu. Demək olar ki, milli və beynəlmiləlçi ruhu daşımalarından asılı olmayaraq onların hamısı sosializmi tərifləyən bu cür əsərlər də yazıblar. Sadəcə, milli ruhlu aydınlarımız, özəlliklə Cavid, Cavad, İldırım sosializmə həsr etdikləri əsərlərində belə bu və ya digər şəkildə milli ruhu yaşatmağa çalışıblar. Bu onların sözün həqiqi mənasında tapındıqları ideya və məsləyin dəyişməməsinin ifadəsi idi. Adətən, o kəslər əqidə və məsləklərini tez-tez dəyişirlər ki, onlar məslək və əqidə ilə yaşayanlar deyil, zəmanə və mühitlə uyğunlaşanlardır. Bu mənada, Cavid, Cavad, Cabbarlı (fikrimizcə, Cabbarlının irsini sovet ideologiyası çox təhrif etdiyi üçün ona daha çox “beynəlmiləl” don geyindirilib), İldırım, Çobanzadə kimi aydınlarımız məslək və əqidə sahibi idilər. Sovet Rusiyası milli aydınlarımızın Vətənlərini işğal etsələr də, “Rus kommunizmi” onların milli ruhunu və milli şüurunu işğal edə bilməmişdi. Bu bir reallıq idi. Bu reallığı görən və milli aydınlarımızın ruhunu dəyişdirə bilməyən sovet ideoloqları son çarə olaraq repressiyaya əl atmalı olublar.Eyni tarixi hadisəni, ancaq tamamilə fərqli yöndə Azərbaycan müstəqilliyini bərpa etdkidən sonra yaşadıq və yaşamaqda da davam edirik. Belə ki, SSRİ dövründə sovet ideologiyasına uyğun Azərbaycan fəlsəfəsini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını yazanlar, imperiyanın süqutu və ictimai quruluşun dəyişməsindən sonra isə sözdə milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyətlə bağlı monoqrafiya və kitablar yazmağa başladılar və davam da edirlər. Çünki bütün bu sahələrdə aparıcı rol məhz onların əlindədir. Halbuki “rus kommunizmi” ideologiyasının hökmranlığı dövründə formalaşmış, sovet beynəlmiləlçiliyinin təbliğatçıları və ideoloqları olmuş bu insanların əksəriyyətinin nə dərəcədə məslək və əqidə dəyişdirmələri özü çox mübahisəli məsələdir. Hər halda heç kəsə sirr deyil ki, onlar sovet dövründə “rus kommunizmi” ideyasına uyğun olaraq əsərlərində Marksı, Lenini, Stalini, Nərimanovu və başqalarını tarixi şəxsiyyətlər kimi idealladırıb, əvəzində Rəsulzadəni, Yusifbəylini, Xoyskini və başqalarını “müsavatçı” cəlladlar, Azərbaycan xalqına düşmən kimi qələmə veriblər.Müstəqilliyin ilk illərindən başlayaraq bu cür alimlərin əksəriyyəti birdən-birə 180 dərəcə dəyişib, SSRİ dövründə yazdıqlarını və dediklərinin əksini iddia etməyə başladılar. Əlbəttə, bütün bunlar daha çox eyforiya altında baş verdiyi üçün çox geçmədi ki, sovet dövrünün yetişdirməsi olan alimlərin əksəriyyəti daha ehtiyatlı davranmağa çalışdılar. Bu ehtiyatlılıq da ondan ibarətdir ki, bir tərəfdən SSRİ dövrünü və sovet ideologiyasını kəskin şəkildə tənqid etməkən qaçmağa başladılar. Çünki başa düşdülər ki, sovet dövrünün ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar etməkdir. Bu baxımdan onlar SSRİ dövrünün ideyalarını elə bir formada tənqid etməyə çalışdılar ki, müəyyən mənada özlərini sığortalaya bilsinlər.

    Bu mənada, təsadüfən yuxarıda göstərmədik ki, Cavadlar, Cavidlər, İldırımlar Sovet Rusiyası işğalından sonra məcburən sosializmə həsr etdikləri əsərlərində belə milli ruhu yaşatmaqda davam etmişlər. Eyni hadisəni Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli ədəbiyyata, milli fəlsəfəyə, milli mədəniyyətə, milli tarixə həsr olunmuş elmi və bədii əsərlərdə sovet ruhunu əks etdirənlər təkrarlayırlar. Fikrimizcə, hazırda millilik pərdəsi adı altında sovet ruhunu yaşadanlar da müəyyən mənada buna məcburdurlar.Digər tərəfdən sovet dövründə formalaşmış alimlərin əksəriyyəti vaxtilə tənqid etdikləri milli və dini dəyərlərə münasibətdə də ehtiyatlı hərəkət etməyə başladılar. Belə ki, bu məsələyə də daha çox milli maraqlara uyğun deyil, şəxsi mənafələrini qorumaq naminə bir növ ikili standartlardan yanaşdılar. Hətta sovet dövrünün bəzi ziyalları SSRİ dövründə yaşadığımıza görə keçmiş kommunistləri deyil, milli mücadilədə şəhid və qazi olmuş Yusifbəyliləri, Rəsulzadələri, Xoyskiləri, Cavadları, Yıldırımları və başqalarını suçlama kampaniyası apardılar və aparırlar da. Fikrimizcə, bir çox hallarda məqsədli şəkildə milli mücadilə aparmış şəxsiyyətlər haqqında mənfi rəy formalaşdırılır. Bunun əvəzində isə SSRİ dövrünün “sovet beynəlmiləlçiliyi”nin tərənnümçüləri olan şəxsiyyətlər (istər dövlət xadimləri olsun, istərsə ziyalıları olsun) haqqında müsbət rəy formalaşdırlır. Şübhəsiz, bütün bunların fonunda “Azərbaycan tarix” və “Azərbaycan fəlsəfəsi tarixi” kitablarının milli ruhdan uzaq şəkildə yazılması çox düşündürücüdür. Çünki biri tarixi şüur, digəri mədəni-əxlaqi şüurla bağlıdır. Bunlar isə milli şüurun əsas ünsürləridir. Ancaq həmin kitablarda milli ruhdan çox sovet ruhunun iyi gəlir. Bunun üçün hər iki institutun uyğun əsərlərini diqqətlə oxumaq kifayətdir. Sovet ruhundan qurtulmayanlar arasında müəllimlərdə vardı. Bu baxımdan sovet təhsil sistemini və sovet ideologiyasından qurtula bilməyən müəllimlərin də müstəqillik dövrünün nəslini milli şurda formalaşdırması inandırıcı görünmür. Maraqlıdır ki, sovet təhsil siteminin yüksək keyfiyyətindən danışan bu müəlimlərin əksəriyyəti indiki təhsil sistemindəki boşluqları başqa yerdə axtarırlar. Halbuki indi orta və ali məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti istəsək də, istəməsək də sovet dövrünün müəllimləridir. Belə olduğu təqdirdə bəs onlar niyə əvvəlki təhsil keyfiyyətini şagirdlərə verə bilmirlər? Buna əngəl olan nədir? Sovet təhsil sistemini müdafiə edən bu cür müəllimlərin fikrincə, problem onlarda deyil, təhsil sitemindəki boşluqlarla bağdlır. Fikrimizcə, onlar bu məsələdə müəyyən qədər haqlıdırlar. Yəni doğrudan da təhsil sistemində hələ də problemlər qalmaqdadır. Ancaq bu məsələnin bir tərəfidir.Fikrimizcə, şagirdlərə istənilən səviyyədə təhsil və tərbiyə verilməməsində Təhsil Nazirliyinin yarıtmaz əməlləri, konkret bir sistemə düşə bilməməsi ilə yanaşı, sovet dövrünün təfəkküründən qurtula bilməyən müəllimlər və təhsil işçiləri də günahkardırlar. Onlar nə qədər yaxalarını qırağa çəksələr də, etiraf olunmalıdır ki, şagirdlərin əksəriyyətində milli şüurun (vətənpərvərlik, millətpərvərlik, insanpərəvrlik, islampərvərlik və s.) istənilən səviyyədə formalaşmamasında müəllimlər və təhsil işçiləri də müəyyən rol oynayırlar. Onların dünyagörüşü sovet təfəkkürünə əsaslandığı üçün yeni nəsildə müstəqillik və millilik ruhunu formalaşdırmaqda çətinlik çəkirlər. Bu yalnız onların bunu istəməmələri ilə bağlı deyil. Çünki onların arasında bunu istəyənlərin əksəriyyəti belə təfəkkür baxımından yeni nəsillə uğyunlaşa bilmirlər.Məsələn, sovet təfəkkürlü müəllimlərin İslama baxışı ilə yeni nəsil müəllimlərin İslama baxışı eyni deyil. Sovet təfəkküründə təhsil alan müəllimlərin əksəriyyəti istər-istəməz İslama yenə də rus kommunizmi məfkurəsindən yanaşırlar. Hətta onların arasında marksizmi – “rus kommunizmi”ni tənqid edib İslamı müdafiə edənlərin də əksəriyyəti bunda səmimi deyillər. Bu onların danışıqları ilə əməllərinin üst-üstə düşməməsində də açıq şəkildə  hiss olunur.Başqa misal kimi göstərə bilərik ki, sovet müəllimlərinin və ziyalıların Azərbaycan xalqının tarixi şəxsiyyətləri olan Babəkə, Şah İsmayıl Xətaiyə, Koroğluya, Cavadxana, M.Ə.Rəsulzadəyə, S.Vurğuna, Ə.Hüseynzadəyə, N.Nərimanova münasibəti ilə yeni nəslin onlara baxışlarında xeyli dərəcədə fərqliliklər var. Bu o demək deyil ki, yeni nəsil müəllimləri və ziyalıları hər şeyi doğru qiymətləndirirlər. Əlbəttə, belə bir müddəa ilə çıxış etmək yanlışlıq olardı. Ancaq yeni nəslin şüurunda həmin şəxsiyyətlərə, qəhrəmanlara, ümumiyyətlə tarixi və mədəni abidələrə münasibətdə çatışmazlıq varsa, bunun da əsas günahkarları məhz sovet dövrün müəllimləri və ziyalılarıdır. Çünki onların əksəriyyəti SSRİ dövründə “rus kommunizmi”ni təbliğ edirdilər, müstəqillikdən sonra ona uyğunlaşmaq adı altında dünyagörüşləri ilə uyğun gəlməyən, öz anlamlarında yeni bir şeylər ifadə etməyə çalışdılar. Fikrimizcə, əgər sovet təfəkkürünün daşıyıcıları olan müəllimlərin və alimlərin  əksəriyyəti öz sözlərində, yazdıqlarında səmimi deyillərsə, zəmanəyə uyğun hərəkət edirlərsə, o zaman yeni nəsildən hansı mənada böyük ümidlər gözləmək olar”.

    Tarix elmləri doktoru Nəsib Nəsibli vurğulayıb ki, milli şüur və mənəviyyət məsələsində ciddi axsaqlıqlar var: “Biz kimin varisiyik?Biz Azərbaycan Respublikasının hüquqi cəhətdən Azərbaycan Xalq Cümhuriyyətinin varisidir deyirik, bununla fəxr edirik. Bizə deyirlər ki, türkdilli, yəni dönməyik. Guya fars olmuşuq, türklər, monqollar gəlib və bizi bir az türkdilli ediblər. 90 il əvvəl Azərbaycan bir model qoyub. Həmin vaxt Osmanlı monarxiya, İran şahlıq idi. İndi 90 il sonra Körfəz ölkələrinin yoluyla gedirik. Milli şüur və mənəviyyat məsələsində bərbad vəziyyət var. Biz o dövrdə türk idik və türk oğlu türk deyirdilər. Bəs onda türkoğlu azərbaycanlı haradan çıxdı? Buna necə məntiqlə yanaşmaq olar? Bizim millətimiz türkdür və onun idelogiyası da türkçülükdür. Vətənimizin adı Azərbaycandır, vətənçilikdir, onun da azərbaycançılıqdır. Bunlar ayrı-ayrı şeylərdir, eyni zamanda bir-birini tamamlayan məsələlərdir”.

    AMEA Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor Ramiz Əsgərsöyləyibki, Azərbaycan Respublikası Azərbaycan SSR-in varisidir: “Çünki Xalq Cümhuriyyəti dövründə olanlar hamısı vəfat etdi, qalmadı. Amma biz mənəvi olaraq AXC-nin varisiyik. Biz gərək duyğularla danışmayaq. Azərbaycan SSR-in  siyasi xəttini bəyənib-bəyənmirik, bu başqa məsələdir. Əgər İslamıqsa niyə islamlaşırıq, türküksə niyə türkləşirik? Bunu şüara çevirməyin mənası yoxdur. Müasirləşməni başa düşmək olar. Bizə Azərbaycançılıq lazımdır, bundan vaz keçə bilmərik. Niyə slavyan dili yoxdur. Çünki serb serbdir, rus rusdur”.

    AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri,filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı onun fikirlərinə sərt şəkildə etirazını bildirib: “Qəti şəkildə qəbul edə bilmərəm ki, Azərbaycan SSR-in varisi indiki Azərbaycandır. Biz AXC-nin varisiyik. Prezident sərəncam verəndə yazılır ki, Mirzə Fətəli Axundzadə, bizim bəzi tarixçilər, professorlar yazır Axundov. Kim bizim qayğımıza qalacaq? Özümüz bunu etməliyik. O gün sevindirici bir hadisə oldu. BMT-də müdafiə etdiyinə görə Ukrayna Xarici İşlər NazirliyiAzərbaycan türkcəsində bizə məktub göndərmişdi”. Onun sözlərinə görə, AMEA Tarix İnstitutunun nəşr etdiyi 7 cildlik “Azərbaycan tarixi” kitabı deyil: “Bu kitab yalnız oçerklərin məcmusudur. Ancaq AMEA-nın Mədəniyyət İnstitutunda Mühacirət ədəbiyyatı şöbəsinin açılması, fəaliyyət göstərməsi təqdirəlayiqdir”. 

    AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunluvurğulayıb ki, türksüz azərbaycançılıq formalaşdırılır: “Bu konfransları müqavimət göstərməküçün keçiririk. Ölkə daxilində türküçülüyə nifrət formalaşdırılır. O qədər qırmızı xəttə keçirlər ki, heysiyatımıza toxunur. Biri Mili Məclisdə türkə nifrət etdiyini açıq şəkildə deyir. Bu gün rəsmi təbliğat çoxmillətli Azərbaycan üzərinə qurulub. Son on ildə Azərbaycançılıq haqda kitablara baxıram, çoxmillətli ölkə kimi təqdim edilir, türksüz Azərbaycan formalaşdırmaqla İranı bu ölkəni götürməsinə imkan yaradırsınız. Təklif edirəm ki, Azərbaycan prezidentinə məktub göndərilsin. Az qala türk milləti inkar edilir. AMEA-da bir kəlmə türk sözü yazanda çapa buraxılmır.Müvəffəqiyyət sözü yerinə uğur yazılanda çapdan keçmir, nədir ki, türk sözüdür.Bu məsələlərə münasibət bildirilməlidir”.

    Professor Cəmil Həsənlimövzu ilə bağlı fikirlərini belə açıqlayıb: “Əslində biz Axundovun milləti olmalıydıq, təəssüf ki, onun personajlarının milləti olmaqdayıq. Dilimizin və millətimizin adını tez-tez müzakirəyə çıxarmamalıyıq.Bu elə də yetkinlik təzahürü deyil.İngilislər tərtib etdiyi əlifbaya indi imkan olsa müdaxilə edərdilər, amma dözürlər, dəyişmirlər.Hələ 60-70-ci illərdə Azərbaycan kəndlərindən Qafqaz canişininə yazılan məktublar farsca idi.Bugünkü türkçülüklə bağlı düşüncələri sərhədlərdə məhdudlaşdırmalıyıq.Çünki bir söz deyəndə o biri qalxır ki, yox bu mənimdir, mənə məxsusdur.Çünki elə regionda yaşayırıq ki, mürəkkəb bir vəziyyət yaranıb.Bu gün kiminsə Hələbə getməsi xaricdir.Nəsimi üçü ora getmək müsəlman mədəniyyətinin areal idi. Dövr dəyişib, XVIII əsrdə Avropanın yarısı latınca danışırdı, indi latınca kim danışır? Bəlkə sovet olmasaydı, bəlkə daha çox şeylər olardı.Ona görə də keçmişi dəyişmək mümkün deyil, gələcəyi dəyişmək haqda düşünək”.

    Tanınmış türkoloq, publisist, Bəxtiyar Tuncayın məsələyə yanaşması fərqli olub: “Biz nə Midiya, nə Manna, nə də Qaraqoyunluda doğulmuşuq. Biz ulu öndərimiz Rəsulzadənin varisləriyik.Dövlət o dövlətin varisidir.Hökumət isə yox.Rəsulzadəyə münasibətdən görünür ki, hakimiyyət onun varisi deyil.Hakimiyyətdə olan qrup Rəsulzadə varisi yox, Naxçıvan xanlığının varisidir.Bu gün müzakirə etdiyimiz problemlərin kökü də hakimiyyətdən qaynaqlanır”.

    Tədbirdə həmçinin digər ziyalılar da çıxış edərək öz fikirlərini bölüşüblər.