Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlı “Yeni Müsavat” qəzetinə müsahibəsi (Tam versiya)

    SR-YM3Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və artıq sabiq hesab olunan deputat Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. Yubiley ərəfəsində 70 illik həyat yoluna, yaradıcılığına nəzər salmaq, iştirakçısı olduğu milli-azadlıq hərəkatı, ondan sonrakı dövlət quruculuğu prosesi, 25 illik deputatlıq fəaliyyəti ətrafında söhbət etmək üçün onu redaksiyamızda qonaq etdik. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak etdi.
    Həmin müsahibənin birinci hissəsini sizə təqdim edirik.

    R.Arifoğlu:

    – 70 illik yubileyiniz yaxınlaşır. Bu 70 ilin 28 ili mənim gözümün önündə olub. Mənim nəzərimdə siz hələ də gəncsiniz. Öz gözünüzdə necəsiniz? Bu 70 rəqəmi sizin üçün nə ehtiva edir? Bir şair kimi, bu rəqəmin poetikası, sizdə yaratdığı təəssürat necədir? 70 yaşa qarşı sizdə bir kompleks varmı?

    – Əvvəlcə onu qeyd edim ki, mənim yubileyim artıq Türkiyədə qeyd olunub. Mayın 14-də İstanbul Böyük Şəhər Bələdiyyəsi “Fatih” Mədəniyyət Mərkəzində yubiley tədbiri keçirdi. Türkiyənin “Bengü Türk ” telekanalı 3 saat yarım davam edən tədbiri olduğu kimi efirə verdi. Bələdiyyə və Türk Dünyası Araşdırma Vəqfi böyük afişalar buraxmışdı.

    “Ülkər” televiziyasında, “Hürriyet” qəzetində müsahibəm dərc olundu. Türkiyədə başqa heç bir şair və ya yazıçının yubileyi o möhtəşəmlikdə keçirilməyib. Yubileyimi bu cür keçirməklə boynuma böyük bir minnət qoydular. Bunun səbəbi isə o idi ki, bizim bütün həyatımız Türkiyə ilə bağlıdır. Biz Türkiyə-Azərbaycan arasına ayrı-seçkilik qoymuruq, əksinə, iki ölkə arasında mənəvi körpülər salırıq. Orada danışanlar da mənim haqqımda təxminən eyni sözü dedilər. Sözüm ondadır ki, Rəfail Hüseynov orada mənim haqqımda çıxışında dedi ki, Dədə Qorqudun dövründə 100 yaş demirdilər, üç otuz, bir on deyirdilər. İndi Sabir Rüstəmxanlının da iki otuz, bir on yaşı var (gülür).

    SR-YM5“25 il deputat olan adamın əlindən diplomatik pasportun alınması ədalətsizlikdir”

    Mən indi desəm ki, 50 yaşımla 70 yaşım arasında heç bir fərq hiss eləmirəm, bu şişirtmə olar. Ancaq görünür, insan ölənə kimi yaşını hiss eləmir. Əgər sağlamdırsa, sevdiyi işlə məşğul olursa, bu, insanı xoşbəxt edir. Ancaq bir fərq var ki, mən cavanlığımda “Ədəbiyyat” qəzetində işləyəndə əlyazma ilə 25-30 səhifə yazı yaza bilirdimsə, indi kompüterdə 5 səhifə yazıram, ondan artıq yaza bilmirəm.

    – Deməli, yaş məsələsi yaradıcılıq tempinə təsir edir…

    – Bəli, təsir edir. Ancaq bir tərəfdən də kompüter insanın gözünə pis təsir edir.

    – Bəs niyə əvvəlki kimi kağıza yazmırsınız?

    – Xəttim o qədər pisdir ki, onu ancaq müəyyən adamlar oxuya bilir. Əks halda, gərək sonradan diktə edəm. Latın qrafikasına keçəndən sonra xəttim bir qədər korlandı, tələsik yazıram. Kompüterdə daha dəqiq yazıram, o yazını redaktə eləməyə ehtiyac olmur. Yəni yaş məsələsini ancaq yazıda hiss edirəm, başqa heç nədə hiss eləmirəm. Əlbəttə, son 30 ilimiz çox ağır keçdi. Nəzərə alsaq ki, bizim kimi kənddən gələn adamlar Bakıda özlərinə bir həyat qurana kimi ömürlərinin təxminən 25-30 ilini itirirlər. Hələ mənim bəxtim gətirdi ki, 4-cü kursdan “Ədəbiyyat” qəzetində işləməyə başladım. Ondan sonra bütün Azərbaycanın ədəbi-mədəni ictimaiyyətinin nümayəndələri ilə görüşdüm. Məni tanıdılar, qarşımda yollar açıldı. Amma Bakının hər yerində kirayə yaşadım. Ev alana kimi, özümə həyat qurana kimi 30 yaş getdi. Təəssüf ki, bu gün də rayondan gələnlər o zülmü çəkirlər.

    Ona görə də biz ömrümüzün ən gözəl, enerji ilə dolu olan illərini həyatın bizdən asılı olmayan ehtiyaclarına qurban verməli oluruq. Arada deyirəm ki, gərək insana cavanlıqda, 20-30 yaşında təqaüd versinlər, qocalıqda işləsin. Təbii ki, bu fantaziyadır. Sonradan Azərbaycanın müstəqillik davası və məlum hadisələr başladı. Bir yandan dünyanın bizə haqsızlığı, digər tərəfdən, özümüzün öz içimizdə yaratdığımız problemlər ömrümüzün bir hissəsini aldı. Duyğularımızdan, həyatımızdan qurbanlar verdik. Ancaq bizi xilas edən bir möcüzə var ki, o da insanın sevdiyi işlə məşğul olmasıdır.

    “Bilgisayarda hazır, çapını gözləyən 15 cild əsərim var”

    – 70 yaş həm də geridə qalan illərə baxmaq imkanı verir. Əlinizdən buraxdığınız fürsətlər varmı? Həyatla bağlı, yaradıcılıqla bağlı, ölkə ilə bağlı…

    – İndi mənim bilgisayarda hazır, çapını gözləyən 15 cild əsərim var. Bunun içində əvvəllər çap olunan əsərlər də var, yenilər də var. Bunun təkcə iki cildi mənim parlamentdə, dünyanın müxtəlif ölkələrindəki çıxışlarımdır. Çap olunmayan romanlarım, şeirlərim, povestlərim var.

    X.K.:

    – Çox maraqlıdır, o romanların çapı üçün Şahbaz Xuduoğluna müraciət etmək olmazmı? Qohumluğunuz da var (gülür).

    SR-YM4– Yox, orada elə əsərlər var ki, heç bəzilərinin çap olunmasını istəmirəm. Cavanlıqda yazdığım “Astar” adlı bir romanım var, həyatın astar üzünə, görünməyən tərəflərinə həsr olunub. İndi onun çap olunmasını istəmirəm. Təbii ki, çox fürsətlər qaçıb… Mənim belə bir şeirim də var:

    Neçə yazılmamış şeirlərimi,
    Atdım meydanların izdihamına,
    Qatdım millətimin gur ilhamına.
    Bizcə söz saxladım- azadlıq sözü,
    Dönüb yumruq olmaq öyrətdim ona…

    Bir çox məqamlar oldu ki, oturub şeir yazmağa vaxt olmadı. Bu, illərlə davam elədi. Şeir yazmaq üçün ilham ki, gəlir, o, köçəri quş kimidir, dərhal yazmadınsa, uçub gedir.

    R.A.:

    – Sabir bəy, bu qaçan fürsətlərdən biri də o oldu ki, sonralar “Ömür kitabı” kimi bir kitab yaza bilmədiniz… Yəni bütün ölkənin, gəncliyin düşüncəsini dəyişə bilən, “Ömür kitabı”ndan da üstün bir kitab yaza bildinizmi?

    – Bu yaxınlarda bir məktəbə görüşə getmişdim. Həmin məktəbin direktoru şagirdlərə dedi ki, mən “Ömür kitabı”nı oxuyandan sonra özümü dərk elədim. Həmin vaxta qədər başqa insan idim. Mənim fikrimcə, sonradan zaman dəyişildi. O zaman sanki “Ömür kitabı” bir sosial sifariş idi. İnsanların o kitaba ehtiyacı var idi. Sonra zaman dəyişdi, əlifba dəyişdi, kitab oxuyanlar azaldı. “Ömür kitabı”nın ruhu ilə zamanın ruhu bir-birindən ayrıldı. Ancaq o vaxtlar zamanın ruhu kitabın ruhu ilə bir idi.

    “Nazir olduğum vaxt 13 ölkəyə getmək üçün cəmi 740 manat pul xərcləmişdim, indiki nazirlər o pulla evdən çıxmazlar”

    Mənim üçün Meydan hərəkatı haqqında yazdığım “Xətai yurdu” romanım “Ömür kitabı”ndan az qiymətli deyil. Orada meydanın böyük bir ruhu var. Sonra “Difai fədailəri” kitabım var. Mənim romanlarımın bədii ruhu “Ömür kitabı”ndan daha güclüdür. Amma təsir gücü onun qədər deyil. Çünki zaman o zaman deyil, adamlar da o adamlar deyil. “Ömür kitabı” 250 min tirajla çıxmışdı. Sonradan həmin kitab 2000 tirajla çap olundu. Bilmirəm, heç onu alıb oxuyan oldu, ya yox (gülür). Ancaq o zaman “Ömür kitabı”nı qızlara cehiz verirdilər. İndi də o kitabdakı problemlər Azərbaycan üçün aktualdı. Ölkə bütövləşməyib, Azərbaycanın bir çox mənəvi, iqtisadi, siyasi problemləri həll olunmayıb. Sanki indi uşaqlara “Ömür kitabı”nın ruhunu aşılamaq yaddan çıxıb.

    R.A.:
    SR-YM2
    – Bu 30 ildə Sabir Rüstəmxanlı hamının gözünün qarşısında olub. Millət vəkili olub, nazir olub, dövlət işlərində işləyib, partiya sədri olub. Bu mənada siyasətçi olan Sabir Rüstəmxanlı, yaradıcı Sabir Rüstəmxanlının əlindən nələri alıb?

    – Çox şeylər alıb. Bunun bir səbəbi də var. Məsələn, Rauf Arifoğlu qələmi ilə, mövqeyi ilə cəmiyyətdə tanınan bir adamdır. Ancaq sabah o, deputat seçilib Milli Məclisdə əyləşəndən sonra qəzetin sifəti bir qədər dəyişəcək. Çünki Milli Məclisdə proseslərin, vəziyyətin bütün dramatizminin içində olursan. O zaman onların bəzilərini yazmağa da ehtiyac qalmır. Mən Milli Məclisdə hər zaman sözümü demişəm. Orada öz sözümü deyirdim, stenoqrama düşürdü, ancaq cəmiyyətin xəbəri olmurdu. Sən orada danışıb öz ürəyini boşaltdığın üçün o haqda artıq yazmaq istəmirsən. Amma kənarda qalıb yazmaq üçün daha sərbəst şərait olur. Ona görə də mən nazir olduğum 5 ildə heç nə yaza bilmədim. Latın qrafikasına keçməli idik, dərsliklər dəyişməli idi, dağılan mətbəələr bərpa olunmalı idi. Komitəni nazirlik elədik. Rusiya ilə əlaqələr yaratdıq ki, kağız gəlsin, avadanlıqlar gəlsin. O illər necə keçdi, bilmədim.

    X.K.:

    – Yeri getməmişkən soruşum, nazir vəzifəsindən istefa verməyiniz necə, sizin öz təşəbbüsünüzlə oldu, yoxsa bu təşəbbüs yuxarıdan gəldi?

    “Ömür kitabı” sanki bir sosial sifariş idi. İndi nə o zaman var, nə də kitab oxuyan”

    – Yox. O zaman bizi mətbuatda tənqid edirdilər ki, niyə bu adamlar həm nazirdirlər, həm də deputatdırlar. Çoxu bu tənqidləri qulaqardına vururdu. İndinin özündə də Milli Məclisdə iki vəzifə daşıyan adamlar var. Ancaq mənə ağır gəldi ki, biz özümüz demokratiyanı quran adamlarıq, ədalət axtarırıq, eyni zamanda özümüz onu pozsaq dorğu olmaz. O baxımdan mən seçki vaxtı, mayın 19-da ərizə ilə ovaxtkı prezident mərhum Heydər Əliyevin yanına getdim. Dedim ki, mən nazirlikdən çıxmaq istəyirəm. Soruşdu ki, kimdir səni nazirlikdən çıxaran. Dedim, özüm çıxmaq istəyirəm, bir ayağı Milli Məclisdə, bir ayağı nazirlikdə qalmaq istəmirəm. Dedi ki, o zaman Milli Məclisdən çıx, nazir kimi davam elə.

    Mən güldüm və dedim ki, əgər nazirlikdə qalsam, mənim ixtiyarım sizin əlinizdə olacaq. İstədiyiniz zaman əmr verib çıxara bilərsiniz. Ancaq Milli Məclisdə ən azı 5 il təminat var ki, mən millət vəkiliyəm. Güldü və dedi ki, yox, səni heç kim çıxartmaz, ancaq getmək istəyirsənsə, eybi yoxdur, get, ərizən qalsın.

    SR-YMMəndən sonra mənim haqqımda xeyli şikayətlər oldu ki, guya seçki vaxtı keçəndən sonra ərizə verib nazirlikdən çıxıb. Ayın 17-nə kimi ərizə vermək olardı, mən isə 19-da getmişdim. Sonradan prokurorluq da maraqlandı. Heydər Əliyevin nə qədər dəqiq dövlət adamı olduğuna mən o zaman təəccübləndim. Məlum oldu ki, mən ona ayın 19-da ərizə vermişəm, o isə ərizənin üstünü 17-si tarixinə yazıb. Mən diqqətsizlik etmişəm, ancaq o mənim səhvimi düzəltmişdi. Yəni qısa desəm, öz ərizəmlə çıxdım. Mənim haqqımda çoxlu şikayət var idi. Onlardan biri də bu idi ki, guya mən nazir olduğum müddətdə 13 ölkəyə getmişəm. Mən də Nazirlər Kabinetindən arayış aldım və məlum oldu ki, mən bu 13 ölkənin hamısına getmək üçün cəmi 740 manat pul xərcləmişəm. Çünki bütün ölkələrdə dostlarım var idi. Mən də yazdım ki, indiki nazirlər bu pulla evlərindən bayıra çıxmırlar. Mən 13 ölkəyə nazir olaraq getmişəm, cəmi 740 manat xərcləmişəm.

    – Sabir bəy, neçə il deputat oldunuz?

    – 25 il.

    – Sizin qədər uzun müddət deputat olan varmı?

    – Var. Məsələn, Zeynəb Xanlarova.

    – Ancaq bu dəfə seçkilərə getmədiniz…

    – Bəli, getmədim.

    – Həyatınızda bir dəyişiklik varmı, yaxşılığa və ya pisliyə doğru? Mandatsız yaşamaq necədir?

    – İtirilmiş fürsətləri bərpa etməyə çalışıram.

    – Səmimi sözünüzdürmü?

    – Bəli, səmimi deyirəm. İndi yazı-pozu işi ilə daha ciddi məşğul oluram. Bu, işin bir tərəfidir. İkinci tərəfdən, mən Milli Məclisdə deyiləm deyə, indi onun haqqında danışmaq istəmirəm. Ancaq bir şeyi qeyd edim ki, Məclis sona doğru artıq dözülməz olmuşdu. Xüsusən Gəncədə Rəsulzadənin büstünün başına çuval keçirilməsi məsələsini mən Milli Məclisdə qaldıranda, parlament rəhbərliyi mənə qarşı qalxdı ki, “bu nə söhbətdir edirsiniz…” O zaman gördüm ki, mənim orada oturmağım çətindir. Bir ölkənin qanunverici orqanı o ölkənin qurucusuna bu münasibətə məndən əvvəl reaksiya verməli idi. Mən orada dedim ki, bu çuval Rəsulzadənin başına keçirilməyib, Milli Məclisin başına, bu millətin başına keçirilib.

    SR-YM6Ondan sonra mənə qarşı münasibət dəyişdi. Başladılar əleyhimə yazılar yazdırmağa. O zaman içimdən qırıldım və gördüm ki, Milli Məclisin başında dayanan adamlar özləri də buna razıdırlar. Axı o dövlət qurulmasaydı, indi sən orada otura bilməzdin. Dövləti isə Rəsulzadə və onun dostları qurublar. Sən ona sayqısızlığa necə dözə bilərsən? Bu məsələ mənə çox ağır gəldi. İndi sanki o sıxıntıdan qurtuldum. Təbii ki, məsələnin başqa bir tərəfi də var. Hamıya elə gəlir ki, 25 il deputatlığa öyrəşəndən sonra ayrılmaq çətin olacaq. Çünki millət vəkilisən, cibində diplomatik pasportun var. Gedəndə VİP salondan keçirsən, bütün qapılar üzünə açıqdır.

    – İndi pasportunuz elə deyil, eləmi?

    – Yox, diplomatik pasportu o dəqiqə alırlar. İndi sadə vətəndaş pasportudur. Bu da ədalətsizlikdir və doğru deyil. Türkiyədə belə şey yoxdur. 25 il millət vəkili olasan, sonradan pasportunu əlindən alsınlar… Ancaq bir şey də var ki, mən millət vəkili olarkən üzümə açıq olan qapılar, indi ondan da geniş açılır. Hava limanına gedəndə insanların içinə qarışmağa macal tapmamış, oranın gənc işçiləri qabağıma gəlir, heç tanımadığım insanlar məni qarşılayır ki, Sabir müəllim, siz buradan gəlin. Bütün yollar açılır və mən keçirəm. Camaatın içində millət vəkili olduğum zamandan da artıq sayğı görürəm. Mən xalq şairi adı alanda da yazmışdım ki, bu mənim sirrimin üstünü açdı. Çünki hamı elə bilirdi ki, mən çoxdan xalq şairiyəm. Millət vəkili vəsiqəsi ayrıdır. O parlamentdə mən elə deputatlar gördüm ki, 5 ildə bir dəfə də ağızlarını açmadılar və mən indi də onların adını bilmirəm.

    – Öz deputat yoldaşınızın adını 5 ildə bilmədinizmi?

    “Mən diqqətsizlik etmişəm, ancaq Heydər Əliyev səhvimi düzəltmişdi”

    – Yox, bilmədim. Çünki bu adam bir dəfə danışmadı, bir dəfə səfərə çıxmadı. Sakitcə gəlib bir küncdə oturur və çıxıb gedir. O Məclisdə 15-20 ildə ağzını bir dəfə açmayan deputatlar varsa, sən onları nə cür tanıyacaqsan?

    – 70 illik yubileyinizi Türkiyədə keçirdiniz. Azərbaycan dövləti olaraq, istiqlal mücadiləsində liderlik etmiş, 25 il deputat olmuş xalq şairinin yubiley törəni olacaqmı?
    – Mədəniyyət Nazirliyi, deyəsən, Yazıçılar İttifaqının məktubu ilə bir tədbir hazırlayır. Mayın 25-də Dövlət Dram Teatrında mənim üçün yaradıcılıq gecəsi keçiriləcək. Mən özüm də hər 5 ildən bir yaradıcılıq gecəsi keçirirdim. Maraqlı bir şey də deyim. 1996-cı ildə, 50 yaşımda mənim yubileyim Opera və Balet Teatrında qeyd olunurdu. Tədbirə 2 gün qalmış birdən dəvətnamələri geri yığdılar. Dedilər ki, möhür vurulacaq, prezident gələcək. Rəhmətlik Heydər Əliyev gəldi. Mən onu qarşılayanda dedi, yəqin indi müxalifəti yığmısan oraya. Mən də gülüb dedim ki, bu mənim taleyimdir, nə edə bilərəm? Müxalifət də burada olacaq, iqtidar da. Doğrudan da o məclisdə həm müxalifət bütövlüklə var idi, həm də iqtidar. Sonda da yazıçılarla görüşündə dedi ki, Azərbaycanda heç bir yazıçının 50 ilik yubileyi o səviyyədə qeyd olunmayıb, heç birində də dövlət başçısı gəlib 3 saat oturmayıb. Qabil dedi ki, Səməd Vurğunun yubileyi bu səviyyədə olub. Heydər Əliyev isə dedi ki, Qabil, səhv eləmə, Səməd Vurğun o zaman xəstə idi, həm də orada dövlət başçısı iştirak etməmişdi. Dedi ki, bu bizim sənə olan münasibətimizdir. Onda çıxış edərək dedim ki, mənim Meydan hərəkatında iştirak edən bəzi dostlarım indi həbsdədir. Burada çıxış edənlərin bəziləri onların əleyhinə danışır. Dedim ki, əgər Meydan hərəkatında iştirak etmək cinayətdirsə, onda birinci məni həbs edin. Nəyə görə biz rahat gəzirik, onlar isə həbsdədir?…

    – Sizin Meydan hadisələri ilə bağlı çıxışınıza münasibət necə oldu?

    – Heydər Əliyev mənim bu sözümdən sonra bütün çıxışları kəsdi və təxminən yarım saat özü danışdı, 1988-ci il Meydan hadisələrinin bizim tariximizdəki əhəmiyyətini xüsusi vurğuladı, dedi ki, bu bizim tariximizin ən parlaq səhifələri idi. Bu onun verdiyi qiymət idi. Prezident dedi ki, hadisələri özü Moskvadan izləyirdi, Bakıdan lentləri gətizdirib baxırdı. Mən Milli Məclisdə də dedim ki, ay yoldaşlar, gedin, bu ölkənin rəhbərinin Meydan hərəkatına verdiyi qiyməti oxuyun. Niyə həmin dövrü bizim tariximizdən silməyə çalışırsınız?

    R.A.

    – Üstündən 20 il keçib. İndiki hökumətin sizə münasibəti bir qədər dəyişib, deyəsən…

    – Bir ara, 90-cı illərin sonlarına yaxın ordendən imtina etdiyim vaxtlarda (xalq şairi 1998-ci ildə “şəhər” ordenindən imtina edib – red.) çox sərt bir münasibət başladı mənə qarşı. Demək olar ki, ölənlərimizi gordan çıxarırdılar. Heydər Əliyev də gileylənmişdi ki, o orden mənim deyildi, dövlətin idi. Sonra biz “Gülüstan” sarayında dövlət tədbirində iştirak edəndə, o, yazıçılarla görüşməyə gəldi. O zaman mən də yazıçıların arasında dayanmışdım. Yaxınlaşdı mənə, dedi ki, səndən incimişəm. O orden dövlətin idi, mənim deyildi. Mən orada niyə imtina elədiyimi dedim. Dedim ki, bilirəm, mən bunun əzabını çəkəcəyəm. Amma siz özünüz Moskvaya bir yığıncağa gedəndə demişdiniz ki, bizim millət niyə bu qədər assimilyasiyaya, əyilməyə, boyun əyməyə meyillidir. Bu baxımdan mən gənclərimizə bir örnək göstərmək istədim. O baxdı ki, mən səmimi deyirəm.

    “Bəzi gədə-güdəni salırlar həbsə, sonra çıxardırlar, hərəsinə bir sayt verirlər ki, bu millətin nə qədər ziyalısı varsa, hamısını söyün”

    Dedi ki, aydındır, mən səni başa düşdüm. Orada yazıçılar da dayanmışdı və hamısı söhbətimizi eşidirdilər. O söhbətdən sonra mənə qarşı münasibət dəyişdi, iqtidar mətbuatı mənim haqqımda bir kəlmə də mənfi söz demədi. Mənə elə gəlir ki, Heydər Əliyev o zaman tapşırıq vermişdi. Sonradan bəzi mətbuat orqanlarında belə yazılar çıxdı ki, guya mən bu ordeni götürməməklə öz reytinqimi yüksəltmək istəyirəm. Halbuki mənə reytinq yüksəltmək lazım deyildi. Mən qaçqınların vəziyyətini gördüyümə görə bu addımı atmışdım. Azərbaycan prezidentinin bu işə təmkinli və müdrik münasibətini görəndən sonra düşündüm ki, mən o ordeni götürməli idim. Çünki bu, dövlətin mükafatı idi və mən dövlətimizə sayqı ilə yanaşmalı idim.

    Son vaxtlar münasibət bir qədər dəyişib. Yenə mənim üçün fərq eləmir. Bir məktəbdə görüşdə mənə sual verdilər ki, sizin haqqınızda bu qədər kitablar yazılıb, bəs heç tənqid olunmusuz? Dedim ki, mənim 25 kitabım var, haqqımda isə 12 kitab yazılıb. Dünya ölkələrində 60-dan çox kitabım çıxıb. Ancaq bu qədər yaradıcılığın müqabilində bir dəfə də tənqid olunmamışam. Sadəcə, Meydana çıxan gündən bəri kifayət qədər təhqir olunmuşam. Tənqid olsa nə var ki… Bəzi gədə-güdəni salırlar həbsə, sonra çıxardırlar, hərəsinə bir sayt verirlər. Onlar da millətin nə qədər ziyalısı varsa, başlayırlar hamısını söyməyə. Azərbaycan cəmiyyətində ən pis olan odur ki, bəziləri əlinə pul keçən kimi düşünür ki, bunun mütləq kitabı olmalıdır, mütləq dədəsi və ya babası haqqında kitab yazdırmalıdır. Ədəbiyyata dəxli olmayan, ucuz mahiyyətli şeir kitablarının çapına himayədarlıq edirlər. Yazıçılar İttifaqının üzvlərinin sayı 2500-dən çoxdur. Beləliklə, əsl ciddi ədəbiyyatla bu cür cızma-qaranın arasındakı fərqi müəyyən etmək də çətin olur.

    R.A

    – Ancaq ciddi ədəbiyyat da sanki bir böhran keçirir…

    – Yox, normal ciddi ədəbiyyat böhran keçirmir.

    “Vətəndaş həmrəyliyi məfhumunu Azərbaycan siyasi leksikonuna biz gətirmişik”

    – Hanı bəs o əsərlər, Sabir bəy? Siz son vaxtlar ciddi ədəbiyyat deyə kimləri oxumusunuz?

    – Mən də bütün əsərləri oxuya bilmirəm. Ancaq bəzi gənclər var ki, mən onların şeirlərini, povestlərini oxuyuram və haqlarında da yazmışam. Məsələn, Qan Turalı, Seymur Baycan, Şərif Ağayar haqqında yazmışam. Eyni zamanda yaşlı nəslin də maraqlı əsərləri var. Anarın maraqlı bir əsəri var, Elçinin “Baş” romanı var. Məmməd Orucun Azərbaycan-Ermənistan müsibətləri ilə bağlı çox maraqlı bir romanı var idi. Roman əvvəllər Bakıda yaşamış bir ermənidən bəhs edir. O dilimizi gözəl bilir və azərbaycanlılardan fərqlənmir. Gəlir Bakıya və burada onun nostalgiyası, keçirdiyi hisslər əsərdə əksini tapır. Müharibənin indiki vaxtında belə əsərlərin rolu böyükdür. Əkrəm Əylislinin “Daş yuxular” romanında isə heç ermənilərin əsərlərində azərbaycanlılara olmayan qədər nifrət əks olunub.

    R.A.

    – Əkrəm Əylislinin o əsərinin bədii dəyəri nədir? Ona həqiqətən Nobel mükafatı düşürmü? Nobelin standartları nədir?

    – Əvvəla, Nobel siyasi mükafatdır və elə əsərə Nobel verə bilməzlər.

    R.A.

    – Aydındır, bu ermənilərin mövqeyini müdafiə edir. Hesab etsək ki, erməni yazıb, o zaman əsərin bədii dəyəri nədir?

    – Bədii dəyərlə mövzunu çox zaman bir-birindən ayırmaq mümkün deyil. Bir məsələdə ki, subyektiv yanaşma var, orada bədii dəyərdən söhbət gedə bilməz. Əkrəm Əylisli uşaq deyil ki… Dili yerində, cümləsi yerində, bir erməni sevgisi ilə yazıldığı da aşkar… Orada öz kəndlərinin nostalgiyası var. Erməni kilsələri üçün ürəyi gedir.

    – Siz Əkrəmlə tanışsınız, o xristiandırmı?

    – Yox, xristian deyil. Əkrəm həmişə özünü bir kənd uşağı kimi aparıb. Amma içində həmişə bir erməni sevgisi olub. Artıq bu məsələ keçib gedib, onun haqqında danışmaq istəmirəm. Ancaq mən ona öz sözümü dedim. Bir dəfə Naxçıvandakı erməni kilsələrinin kataloqunu gətirmişdi və deyirdi ki, bunlar gərək dağılmayaydı. Dedim ki, Əkrəm, Qarabağda onlarla qədim abidəmiz məhv edilib, onların kataloqunu niyə qoltuğuna vurub gətirmirsən? Birtərəfli mövqe tutmaq olmaz axı…

    – Sabir bəy, partiyanın işləri necə gedir? İndiki siyasi mühitdə bir partiyanın başqanı olmaq, partiya yönəltmək nə deməkdir? Bunun Azərbaycan üçün, millət üçün, şəxsən Rüstəmxanlının özü üçün bir əhəmiyyəti varmı?

    – Mənim üçün şəxsən, bir partiyanın başqanı olmaq əlavə yükdür. Çünki 30 il bundan əvvəlki qüvvəm yoxdur. Partiya işi bir savaş işidir, cavanlıq istəyir.

    – Neçə ildir partiya başqanısınız?

    – 1992-ci ildə partiyanı yaratdıq. Artıq 24 ildir… Təklif edirəm ki, gənclərdən biri mənim yerimə keçsin, qəbul etmirlər. Vətəndaş həmrəyliyi ideyası mənə doğmadır. Xüsusən müharibə şəraitində olan bir ölkədə milli birliyin, vətəndaş həmrəyliyinin zərurətini mən həmişə hiss eləmişəm. Vətəndaş həmrəyliyi məfhumunu Azərbaycan siyasi leksikonuna biz gətirmişik. Həmçinin bizim partiya yüzlərlə gəncin siyasi həyatdakı fəallığına yardım edib. İki nəfərimiz- Rəfail Hüseynovla Fəzail İbrahimli Milli Məclisdə partiyanı təmsil edirlər. Bu mənada partiyanın müsbət tərəfi var. Bizim bütün rayonlarda təmsilçilərimiz var. Bir çox adı böyük görünən partiyalar rayonlarda bizimlə müqayisədə zəifdir.

    R.A.

    “Əkrəm həmişə özünü kənd uşağı kimi aparıb. Amma içində həmişə bir erməni sevgisi olub”

    – Ancaq onların da iddiaları budur ki, sizin partiyanın üzvlərini hökumət təyin edir…

    – Bu necə ola bilər? Kimsə o sözü deyirsə, deməli, mənə zərrə qədər hörməti yoxdur. Düzdür, rayonlarda çalışan icra nümayəndələrinin, rəhbər şəxslərin mənə rəğbəti ola bilər. Bəzi siyasətçilər var ki, rayonlarda onları heç tanımırlar. Təbii ki, onlara nisbətdə mənə daha isti yanaşacaqlar. Bu o demək deyil ki, bölgələrdə mənim partiyamın üzvlərini hökumət təyin edir. Bu işin bir tərəfi…

    İkinci məsələ isə ondan ibarətdir ki, dünyanın əksər ölkələrində partiyalar öz əvvəlki mahiyyətindən ayrılır. Daha çox dövlətin özünün yürütdüyü siyasətə çevrilir. Məsələn, Amerikada iki partiya var. Yəni orada, üçüncü, dördüncü, beşinci partiya qurula bilməzdi? Sadəcə, dövlət o iki qanadı saxlayır və gah biri seçilir, onun işləri düz gətirməyəndə o biri seçilir. Dərin dövlət onları idarə edir və dövləti qorumağa çalışır. Harada bizim kimi yenicə demokratiya yoluna qədəm qoyanlar varsa, onlar o çətin prosesi, bölücülüyü, hər tayfanın bir partiya yaratmasını, demokratiya adına qarmaqarışıq bir sistemin formalaşması mərhələsini keçir. Lakin getdikcə onların sayı azalır. Xüsusən müharibə şəraitində olan bir dövlətdə partiyalar nə qədər hakimiyyət davası aparsalar da, əsas məqamda yalnız bir məsələ önə çıxır. O da millətin və dövlətin taleyidir. Bu baxımdan partiyalar mübarizəni istədikləri kimi davam edə bilmir.

    – Sabir bəy, 30 ilə yaxındır münasibətdə olduğunuz müxlifətçi dostlarınızla əlaqələriniz qalırmı? 20 il əvvəlki kimi onları yenə də yubiley tədbirinizə dəvət edəcəksinizmi? O zalın tərkibi necə olacaq?

    – Təbii ki, münasibətlərimizin davam etdiyi adamları mən oraya dəvət edəcəm. Mənim demək olar ki, bütün siyasi partiyalarla münasibətlərim davam edir. Ümummilli məsələlərə həsr olunan yığıncaqlarımıza da mən bütün siyasi partiyaların liderlərini dəvət edirəm. Hamıya məlumdur ki, müxalifətdə qruplaşmalar gedir. Mən bir müddət həmin qruplaşmaların hamısında olmuşam. Sonra gördüm ki, bəzi dostlarımız səmimi deyillər. Əvvəlcə yaradırlar, münasibətlər qaydasında olur. Sonra ilk uğursuzluqda qarşılıqlı ittihamlar başlayır. Buna görə də mən o qruplara qatılmıram. Çox istərdim ki, Azərbaycanda təkcə müxalifət arasında yox, hakimiyyətlə müxalifət arasında da bir dialoq olsun. Məncə, Azərbaycan prezidenti ildə bir dəfə, iki dəfə siyasi partiyaları yığmalıdır, necə ki, jurnalistləri toplayır.

    – Ancaq müxalifətin elə bir qismi var ki, ümumiyyətlə, prezidentə xitab edərkən, ünvanına prezident sözünü işlətmirlər. Buna necə baxırsınız?

    – Yox, bu cahillikdir. Bizə ən yaxın dövlət Türkiyədir. Orada hətta ağır şəkildə tənqid edəndə də, deyirlər ki, hörmətli, sayın Ərdoğan bu məsələni çox səhv edib. Çünki prezidenti xalq seçib. İlham Əliyevə sənin rəğbətin ola da bilər, olmaya da bilər. Ancaq o, dövlətin başçısıdır. Ona hörmət və sayğı ilə yanaşmalısan, tənqid edərkən belə. Mən qəzetlərdə tərbiyəsizliyi qəbul eləmirəm.

    Dünyada xalqları, millətləri bir-birinə birləşdirən bir “sement” varsa, onun adı sevgidir. Millət bir-birini sevməlidir, hətta düşmənin olsa belə, hörmətlə yanaşmalısan. Bizim milli əxlaqımız küçə uşaqları səviyyəsində danışmağa imkan vermir. Milli əxlaq, hörmət istəyir, düşməninə də, rəqibinə də…

    “Bakıya gələndə heç pencəyim də yox idi, bir şalvar, bir köynəklə gəlmişdim”

    – Sabir bəy, “Ömür kitabı”nda millətə bir aşiqlik hiss olunur. Türk soyuna qarşı böyük bir eşq var. Üstündən təxminən 30 il keçib. Fikriniz dəyişibmi? Millətin keyfiyyəti ilə bağlı o eşq bir qədər arxa plana keçibmi?

    – Sözsüz ki, o romantik eşq bir qədər sozalıb. Elə şeirlərim var ki, o dövrün ruhu ilə başlamışam, şəhidlik haqqında böyük bir şeir yazmaq istəmişəm. Ancaq sonu gəlib Mirzə Ələkbər Sabirin ruhuna qayıdıb. Eyni şeirin əvvəli tərənnümlə başlayır, sonu tənqidlə bitir. Mənim onlarla bu cür şeirim var ki, bu milləti tənqid edirəm. Mən rayondan heç nəsiz gəlmişəm, illərlə evsiz-eşiksiz yaşamışam…

    R.A.

    – Bakıya nələrlə gəlmişdiniz, xatırlayırsınızmı? Çamadanınızda nələr var idi?

    – İplə bağlanmış köhnə bir əsgər çamadanım var idi. İçində kitablarım, bir də bir-iki köhnə paltarım idi. Bakıya gələndə heç pencəyim də yox idi, bir şalvar, bir köynəklə gəlmişdim. Həmin qışı heç paltom da olmadı, bir köynəklə keçirdim.

    – Xeyirxahınız kim olub o zaman? Hansısa mərhələdə sizə arxa-dayaq duran olubmu?

    – Mənim xeyirxahım orta məktəbdə ədəbiyyat müəllimim, Qazax rayonunun Yuxarı Salahlı kəndindən Cavad müəllim olub. Səməd Vurğunun qohumu idi, görünüşdə də ona oxşayırdı. O məndə ədəbiyyata sevgi öyrədib. İkinci, Qazaxdan olan riyaziyyat müəllimim olub, o da mənə bu fənni sevdirib.

    – Siz harada təhsil almısınız ki?

    – Yardımlıda.

    – Orada niyə qazaxlılar dərs deyirdi?

    – Əvvəllər bir rayon məktəbində bütün bölgələrdən müəllimlər olurdu. İndi isə rayon məktəbləri tayfa səviyyəsində fəaliyyət göstərir. O vaxt Yardımlının məktəbi universitet səviyyəsində idi. Qaxdan, Qazaxdan, Naxçıvandan, Bakıdan, Masallıdan müəllimlər var idi. Sonra universitetdə professor Kamil Əliyev, eləcə də onun yoldaşı Nilufər Əliyeva mənim xeyirxahım oldu. Bir də vertolyotda həlak olan Vəli Məmmədov mənə məsləhətlərini verib.

    – “Ədəbiyyat” qəzetinə işə düzəlməyiniz necə oldu?

    – “Ədəbiyyat” qəzetinə məni Hüseyn Abbaszadə işə qəbul elədi. 4-cü kursda oxuyanda bir gün cibimdə ərizə ilə universitetin rektorunun qəbuluna gedirdim ki, məni qiyabiyə keçirsin, Bakıda yaşaya bilmirəm, gedim kəndə müəllimlik edim. Yolda, Sabir heykəlinin yanında Aydın Qurbanoğluna rast gəldim. Soruşdu ki, qanın niyə qaradır, dedim, ərizəmi yazmışam, kəndə qayıdacam. Dedi ki, sənin “Ədəbiyyat”qəzetdə bir məqalən çıxmışdı, çox yaxşı məqalə idi.

    Redaktor da bəyənib. O qəzetdə boş yer var, get oraya, bəlkə götürdülər. Getdim Hüseyn müəllimin yanına, dedim, işə düzəlməyə gəlmişəm. Mənim necə tələbə olduğumu dostunuz Bəxtiyar Vahabzadədən soruşa bilərsiniz. Dedi ki, səndən başqa da iki nəfər namizəd var. Hərəmizə redaktə etmək üçün bir mətn verdilər. Mən redaktənin nə olduğunu bilməsəm də, 20 səhifəlik mətni oxudum və qısaldıb 5 səhifə elədim.

    Dedim ki, ancaq bu cür çapa gedə bilər. Redaktor dedi ki, Hüseyn müəllim, o birilər ancaq nöqtə-vergülü düzəldiblər, ancaq bunun başı var, işləyə bilər. Sonra Bəxtiyar Vahabzadəyə zəng vurdu. O da dedi ki, mənim son illər belə istedadlı tələbəm olmayıb. Hüseyn Abbaszadə dedi ki, sabah gəl işə başla. Mən də gecə qarovulçuluğa getməliydim, getmədim, gəldim qəzetə. Belə olub.

    – Sabir bəy, bir az da Qarabağla bağlı danışmaq istərdik. Bir xalq şairi və Meydan hərəkatının liderlərindən olmuş şəxs kimi bu problemə baxışınız necədir? Ümid varmı? Topxanada meşələr qırılanda siz xalqın etiraz aksiyasının önündə olan ziyalılardan biri idiniz. Aradan 29 illik zaman keçib. Zaman bu problemi haraya aparır? Xalqın öz torpaqlarına qayıtmaq imkanları necədir?

    – Mən böyük perspektivdə çox ümidliyəm. Çünki ermənilərin Güney Qafqazda strateji olaraq gələcəyi yoxdur. Özləri də ora bir məbəd kimi baxırlar ki, gəlib ziyarət edib gedəcəklər. O torpaq onların deyil. Torpağın özü də sanki üstündə yaşayanın ona doğma, yaxud ögey olduğunu hiss edir. Bizi çaşdıran bir məsələ var. Bu da ondan ibarətdir ki, 1988-ci ildə Qarabağı müdafiə eləmək, Qarabağda azərbaycanlıların hüquqlarının qorunması istiqamətində başlanan mübarizə sonradan ayrı müstəviyə keçdi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə çevrildi və uğurla nəticələndi. Azərbaycan müstəqil oldu və Qarabağ məsələsi keçdi ikinci plana. Bu çox böyük yanlışlıq oldu. Hətta o vaxtkı müdafiə naziri deyirdi ki, Ermənistanla sərhədə səngər çəkilməlidir, müdafiə sistemi qurulmalıdır. Bizimkilər o vaxt etiraz etdilər ki, nə səngər, erməninin gülləsi bizə dəyməz, müharibəyə gedirik. Halbuki millətin əlində heç nə yox idi. Ona görə də bu vaxt bizə lazım idi. Ordu quruculuğu üçün vaxt lazım idi, yetərincə silahımız yox idi. Göz qabağında olan bir şey var ki, dünyada bir xristian həmrəyliyi var və erməniləri müdafiə edirlər.

    R.A.:

    – Bu bir qədər demoqoji deyilmi? Gerçək varmı?

    – Nəyə görə ermənilər bu soyqırımı Türkiyədəki erməni soyqırımı ilə yanaşı qoyurlar? Çünki Azərbaycanla Türkiyə qardaş xalqlardır. Türkiyədə bir milyondan artıq erməni soyqırıma məruz qalıb. Ermənilər buradan köç eliyib. İndi də balaca bir Qarabağ var və “məzlum ermənilər” burada da döyülməsinlər. Yəni ermənilər davamlı olaraq, özlərini dünyaya məzlum, əzilən bir xalq kimi tanıtmaq istəyirlər. Biz də böyük türk xalqı, qəhrəman, bütün savaşlardan qalib çıxan…

    – Bu içgüdü bizim toplumda qalıbmı?

    – Yox, bizdə qalmayıb, az-az adamlarda qalıb. Ancaq məncə, qalmalıdır. Mənim içimdə Azərbaycan türkünə sevgi zərrə qədər azalmayıb.

    – Aşiqlik azalıb amma…

    “Fəal uşaqlar var ki, cavandır, hissiyyatını saxlaya bilməyib, feysbukda bir cümlə yazıb. Sonra həmin cümlə narkotikə çevrilib onun cibindən çıxır”

    – Aşiqlik harada azalıb? Mən millət deyəndə halal zəhməti ilə çörəyini qazanan, uşaqlarını halal zəhmətlə böyüdən, kənddə-kəsəkdə, mənim doğulduğum yerlərdəki sadə insanları nəzərdə tuturam. O yerdə qalanlar bu gün var, sabah yoxdur. Bizim millətimiz gözəl millətdir, xeyirxahdır. Erməni ilə savaşsa belə içində nifrət hissi yoxdur. Bəzi xalqlar var ki, onların millətçiliyi pozitiv millətçilik deyil. Bizim xalqın millətçiliyi pozitiv millətçilikdir, içimizdə heç bir xalqa qarşı nifrət yoxdur. Məsələn, ermənilərin və ya Hitlerin millətçiliyi həm özlərinə, həm dünyaya, həm də insanlığa zərərli millətçilikdir. Mən türk xalqının tarixini öyrənəndə gördüm ki, bu milləti sevməmək mümkün deyil.

    R.A.:

    – Sabir bəy, qayıdaq Qarabağ məsələsinə… Qarabağ probleminin ilk günündən siz meydanlardasınız. Sizi şairlikdən çox Meydan hərəkatı məşhurlaşdırdı…

    – Elədir. Ancaq bir məsələ də var ki, o vaxt siyasətçi yox idi. Onda daha çox şairləri, yazıçıları tanıyırdı xalq. Məni, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Xəlil Rza Ulutürkü eşidirdilər. Əbülfəz Elçibəy də siyasətçidən çox alim kimi, ədəbiyyatçı kimi populyarlaşdı. Çünki ədəbiyyatçılara qulaq asırdılar. Mən bu gün yaşadığımız günlərin məsuliyyətini də hiss edirəm. Düşünürəm ki, başqa necə ola bilərdi? Məncə, dünya tədricən o nöqtəyə gəlib yaxınlaşır ki, Qarabağ məsələsi ya danışıqlar yolu ilə həll olunmalıdır, ya da dünya gözünü yumacaq və savaş gedəcək.

    – Dediniz ki, ermənilərin Güney Qafqazda qalmaq, milli konsepsiyalarını həyata keçirmək şansı yoxdur.

    – Bu zaman 100 il də çəkə bilər.

    – Bir insan ömrünə yetən zaman üçün, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir müsbət ritorika var. Bu ritorikanı paylaşırsınızmı?

    – Mən bu ritorikanı paylaşmıram. Mən hesab edərəm ki, bu ciddi məsələdir. Burada populist fikirlərə uymaq, “5-10 günə biz Qarabağı azad edərik” kimi çıxışlara inanmaq olmaz. Bu, ciddi bir savaş olacaq.

    “Mən cavanlarımıza siyasi liderliyin yox, atalıq qayğısının tərəfdarıyam”

    – Ölkə müharibədən keçəcəkmi, sizcə?

    – Bəli, ölkə müharibədən keçəcək. Qarabağın müharibədən başqa həlli yolu yoxdur. Biz həmişə deyirik ki, dünya bizə müharibə etməyə imkan vermir. Ancaq bu dünya deyil, konkret olaraq Rusiya müharibəyə mane olur. Azərbaycanın 2-4 aprel savaşında atdığı addımları görəndə Rusiya dərhal təzyiq etdi ki, müharibəni durdurun. İndi də təzyiq edirlər. Rusiya olmasa, Qafqazda Ermənistan olmaz. Qafqazda Ermənistanı Rusiya yaradıb. Heç zaman Qafqazda erməni dövləti olmayıb. Bunu rəhmətlik Ziya Bünyadov da yazıb. Ona görə də burada Rusiya faktoru var. Ancaq bu da yanlış təsəvvürdür ki, biz Avrasiya İttifaqına qoşulsaq, Rusiyanın hər dediyini eləsək, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Azərbaycan, sadəcə, dünyada ciddi diplomatik iş aparmalıdır və hərbi uğurlarını gücləndirməlidir. Atılan addımların nəticəsi nə oldu? Dünyanın heç bir ölkəsindən Azərbaycana sərt təpki gəlmədi ki, niyə müharibə edirsiniz. Bütün dünya dedi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Azərbaycan gücləndikcə bu məsələnin həlli sürətlənəcək. Hesab edirəm ki, yaxın müddətdə problemin həllində ciddi dönüş yaranacaq. Ən pis vəziyyət isə internet mediada və sosial şəbəkələrdədir. Biri yazır ki, şad xəbər, 7 rayon azad olundu, biri yazır 5 rayon azad olundu. Bu nə deməkdir? Kim edir bunları?

    – Feysbukda varsınızmı?

    – Bəli, feysbuk səhifəm var. Ancaq heç birini özüm işlətmirəm. Birini yoldaşım işlədir, birini uşaqlarım işlədir, birini qardım oğlu işlədir. Mən də arada bir baxıram.

    R.A.:

    – Hər kəsin bir Sabir Rüstəmxanlısı var… (gülür)

    – Elədir (gülür). Ancaq ciddi yazılarım olanda özüm girib paylaşım edirəm.

    – Sabir bəy, Aşıq Alının sözü olmasın, 70-i aşırdın, yüzə nə qaldı… 70 il bir məsafə gəldiniz. Çox şükür, səhhətiniz də yerindədir. Sizə qoca demək mümkün deyil. Bəs içinizdə nə arzular var? Türk dünyası ilə bağlı, yaradıcılıqla bağlı, səyahətlə bağlı qarşıdakı 5 ildə nə planlaşdırırsınız?

    – Mənim kimi siyasətlə məşğul olan insanlara hər zaman bir sual var ki, söz əsasdır, yoxsa siyasət? Təbii ki, mənim üçün hər zaman söz əsasdır. Mən siyasətə sözlə gəlmişəm. elə sözümə görə də siyasətdən uzaqlaşdım. Çünki mən sözümü qorumaq istəyirəm. Sözümün vicdanını qorumaq istəyirəm. Mənim nə qədər yazılarım varsa, orada bir saxta şey yoxdur, heç vaxt olmayıb. Konyukturadan həmişə uzaq olmuşam. Bəlkə susduğum vaxtlar olub. Ancaq boğazdan yuxarı dediyim heç bir söz olmayıb. Nə qədər ömrüm var, bilmirəm. Amma hər halda, gənclik illərimdən məni bir dalğa kimi götürüb bu günə qədər gətirən söz olub. Hər zaman da bir az qanadlı yaşamışam. Evim olmayıb, pulum olmayıb, rahatlığım, dəstəyim olmayıb, amma həmişə də hamı elə bilib ki, məndən güclü, məndən arxalı adam yoxdur. Hamısının da bir səbəbi var ki, o da sözdür. Sözümə çox arxayın olmuşam. Təkcə onu bilmişəm ki, bu dünyada sözdən etibarlı heç nə yoxdur. Hər şey əldən çıxıb gedir, ancaq söz qalır. Ona görə də mən sözümü axıra çatdırmaq istəyirəm. Bəlkə bu insanlara deyilən sözdür, bəlkə də Allaha deyilən sözdür. İnsan Allahına hesabat verir ki, sən məni yaratmısan, bu sevgini mənə vermisənsə, mən o sevgini sənə qaytarmalıyam. Bizim bütün orta əsrlər ədəbiyyatımız o sevgi ilə doludur. İnsan yaşadıqca hiss edir ki, təkcə özü üçün və öz ətrafı üçün yaşamır. Həm də qeyri-adi bir varlıq var ki, sən ona da hesabat verməlisən. Bu, mistik bir şey deyil, hər bir insanın yaşantısıdır. Mənim əlimdə kitablarım var. “Akademikin son əsəri” adlı bir romanım var. Bir alimin genetik savaşla bağlı mübarizəsindən bəhs edir.

    – Kimin prototipidir?

    “Rusiya olmasa, Qafqazda Ermənistan olmaz. Qafqazda Ermənistanı Rusiya yaradıb”

    – Bu, repressiyalara qarşı ən ciddi əsərlər yazan Ziya Bünyadovun prototipidir. Məndən asılı olmadan bu əsərin qəhrəmanı məhz ona bənzədi.

    – Markesin əsərlərinin adına oxşadı-“Akademikin son əsəri”…

    – (Gülür) Hə, bir az da ona oxşadı: “Patriarxın son payızı”. Bu əsərdə Ziya Bünyadovun tarixlə bağlı yazdığı şeylər var.

    – Bu, yaradıcılıqla bağlı planlardır, bəs siyasi sahədə?

    – Siyasi planda mən partiya fəaliyyətimi bir qədər də gücləndirmək istəyirəm. İstəyirəm ki, gənclərimiz gəlsin partiyanın başına. Azərbaycanda biz gənclər siyasətini bir az dərindən düşünməliyik. Siyasi həyatımızda partiya liderləri, hakimiyyət də, müxalifət də gəncləri çox tez siyasətin alətinə çevirmək istəyirlər. Mənim dəstəmdən ol, mənim yanımda dayan, mən gedə bilmədiyim yerə sən get. Mən cavanlarımıza siyasi liderliyin yox, atalıq qayğısının tərəfdarıyam. Qoy cavanlarımıza yetişsinlər, onları sındırmaq olmaz. Hakimiyyətin yanında dayanır, gərəksiz yerə mədhiyyəçiliklə məşğul olur. Hansı idarəyə girirsən, rəhbərin müavinləri divarın dibi ilə düzülüb, hərəsi əlində bir dəftər, sanki bu kişi Quran ayəsi danışır, bunlar da yazacaqlar. İclasda rayonun rəhbər şəxslərindən biri varsa, hamı əlinə dəftər alır ki, guya nəsə yazır. (gülür) Bu, millətimizin canına yeriyən bir xəstəlikdir.

    Mən istəyirəm cavanlarımızı bu cür mədhiyyəçilikdən, gərəksiz siyasi parçalanmalardan, gərəksiz siyasi münaqişələrdən qoruyaq. Onları qurban seçməyək, indidən hərəsinin üstünə bir damğa vurulmasın. Mənim tanıdığım fəal uşaqlar var ki, cavandır, hissiyyatını saxlaya bilməyib, feysbukda bir cümlə yazıb. Sonra həmin cümlə narkotikə çevrilib onun cibindən çıxır. Mən olsam, qoymaram onu yazmağa. Deyərəm, öz biliyini artır, elm qazan, yetkinləş, böyü. Hər şeyin həlli küçədə deyil, “dubinka” ilə üz-üzə gəlməkdə deyil. Biz o mərhələni keçmişik. İndi Azərbaycan müstəqil dövlətdir və burada hər şey konstitusiya ilə həll olunur. İdeal cəmiyyət yoxdur, cəmiyyəti dəyişməyin yollarını axtarmaq lazımdır. Bu yolla olmursa, başqa yollar axtarmaq lazımdır. Məktəb də, mətbuat da o yollardan biridir. Bizim məktəblərimiz ciddi vətəndaş yetişdirə bilmir. Erməni məktəbləri türkə nifrət edən şovinist bir zümrə yetişdirir. Bizim məktəblərimiz isə kimliyi bəlli olmayan vətəndaş yetişdirir. O, nə kimliyini bilir, nə azərbaycançılığını başa düşür. Azərbaycanda da qəribə bir vəziyyət yaranıb.

    “Həmişə hamı elə bilib ki, məndən güclü, məndən arxalı adam yoxdur”

    Kürd olmaq, talış olmaq, ləzgi olmaq yaxşıdır, ancaq türk olmaq yaxşı deyil. Bir titul millət var, o milləti aşağılamaqla sən bu dövləti güclü saxlaya bilməzsən. Son vaxtlar bir multikulturalizm söhbəti var, mən ona qarşı deyiləm. Ancaq Azərbaycanı bir millət edən, bizi bir edən ümumi bir dəyər var, onun adı mədəniyyətdir, dildir. Multikulturalizm adı altında bizi birləşdirən, bu torpağın üstündə var edən o mədəniyyət param-parça edilir. Bu cür yanaşmaq olmaz. Dünya çoxdan multikulturalizmdən əl çəkib. Biz yatıb-yatıb indi oyanırıq. Bizi birləşdirən şeylərin dəyərini bilməliyik. Mən fikir verirəm ki, indi bəzi rayonlarda oğlu, qızı əvəzinə “oviç” yazdırırlar.

    – Yeri gəlmişkən, o da ciddi bir problemdir. Bizdə hələ də -ov, – yev soyad sonluqları qalmaqdadır… 25 il deputat oldunuz, çox müdafiə etdiniz bu mövqeyi, çox yazdınız. Ancaq keçirə bilmədiniz.

    – Bu dövlət səviyyəsində həll olunmalıdır. 1991-ci ildə biz latın əlifbası haqqında qanun qəbul elədik, əlifba islahatı keçirildi. Ancaq 2001-ci ildə Heydər Əliyev bir fərman verdi və o fərmanla bir gündə bütün qəzetlər keçdi latın əlifbasına. Bu məsələ də o cür bir qərarla həll olunmalıdır. Öz içimizi demirəm, xaricdə çox eybəcər görünür. 1988-ci ildə mənə elə gəlirdi ki, müstəqillik qazanan kimi hər şey həll olunacaq. Bu soyad sonluqları dəyişəcək, Güneylə bağlı mətbuat güclənəcək, rusların yadigarı olan, bizə yad olan hər şeydən imtina edəcəyik. İndi yeni doğulan uşaqlara “ov” yazılır, ailədə heç bir müqavimət yoxdur. Mən bir məqaləmdə də qeyd etmişdim ki, müqavimətsizlik QİÇS xəstəliyidir. Sanki bizim millət QİÇS-ə yoluxub, müqavimət gücü qalmayıb. Bəziləri də var ki, uşaqlarını rusca oxudurlar. Ya onları Rusiya üçün hazırlayırlar, ya da Rusiyanın bura gəlməyini gözləyirlər. başqa variant ola bilməz.

    – Sabir bəy, uşaqlardan danışdınız. Neçə nəvəniz var? Onların yetişməsinə, təhsilinə xüsusi diqqət göstərirsinizmi?

    – 5 nəvəm var. Şübhəsiz ki, diqqət göstərirəm. Çünki onları çox istəyirəm. Son vaxtlara qədər biz bütün bacı-qardaşlar böyük bir ailə kimi yaşayırdıq. Sonradan həyat dəyişdi, bir qədər aralandıq. İndi hamısına nəzarət etmək olmur. Məsələn, Əlövsət getdi Almaniyaya, heç istəməzdim getsin.

    – Sabir bəy, bir kənd nisgili varmı sizdə? Qayıdıb orada yaşamaq istərdinizmi?

    – Vallah, çox həssas yerimə toxundun. Çox istəyirəm qayıdım bir qədər rayonda yaşayım. Bu nisgildən çox bir ehtiyacdır. İndi də hər iki aydan bir gedirəm. Orada, rayon mərkəzində bir evim var.

    – Dostlarınızla indi də gediş-gəlişiniz varmı?

    – Mənə yaxın olan bəzi dostlarım artıq dünyasını dəyişib. Bəziləri ilə aramızda problemlər yaranıb. Ən yaxın dostlarım Fərman Kərimzadə, Söhrab Tahir, Nüsrət Kəsəmənli idi, onlar da dünyasını dəyişib. Çingiz Əlioğlu var, o bir qədər rahatsızdır indi, Allah şəfa versin. Yəni dostlarımın sayı o qədər də çox deyil.

    – Buradan demək istədiyiniz bir sözünüz varmı?

    “Ölkə müharibədən keçəcək, Qarabağın müharibədən başqa həlli yolu yoxdur”

    – Biz Azərbaycanın bütövlüyü məsələsinin gündəmdən çıxmasına izn verməməliyik. Azərbaycan dövlət olaraq bunu edə bilməz. Mən İrana savaş açmağın tərəfdarı deyiləm, İran bizim qonşumuzdur. Yaxşı olar ki, İranda demokratiya güclənsin, bu bölgədə də Avropa Birliyi kimi İran, İraq, Qafqaz ölkələri bir araya gəlsin, əlaqələr artsın. Bu da bizim millətin o ruhunu qaytaracaq. Çünki 50 milyonluq xalq balaca bir xalq deyil. Bu, təkcə DAK-ın işi deyil, bütövlükdə Azərbaycanın işidir. İndi baxırsan ki, sovet dövründə Cənub məsələsi daha güclü idi, nəinki indi. Necə ki, sac soyuq olanda buğda qovrulmur, sirinsiyir. O artıq nə qovrulmaz, nə də göyərməz. Bizdə bir çox milli problemləri bu cür sirinsidirlər. Onun daha nə irəli, nə də geri yolu yoxdur.

    – Sabir bəy, çox təşəkkür edirik. Çox sağ olun.

    – Mən təşəkkür edirəm dəvətiniz üçün. (musavat.com)

  • Sabir Rüstəmxanlının 70 illik yubileyi keçiriləcək

    Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək.
    Mayın 25-də xalq şairi,  VHP sədri  Sabir Rüstəmxanlının  70 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram teatrında təntənəli şəkildə keçiriləcək.
    Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
    Tədbirdə dövlət rəsmilərinin, , mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların iştirakı gözlənilir. Yubiley tədbiri saat 19:00-da başlayacaq.
    79115be4-ac2a-47f5-bffe-59dac3b657b1
  • Xalq şairi Sabir Rüstəmxanlı və “Difai”nin canlı bürcləri

    elbeyiElbəyi Cəlaloğlu

    Yardımlı möcüzələrinin verdiyi müjdə

    Yardımlı rayon mərkəzini üzü Ərdəbilə tərəf keçən kimi yolun sağ tərəfində, bir qədər də yüksəklikdə ağ bir tikili gördüm. Bu səfərim 2000-ci illərin lap əvvəlində bir yaz günü baş tutmuşdu. Nədənsə bu ev mənə müqəddəs ocaq kimi göründü. Maraqlandıqda dostlarım onun Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının yarıdıcılıq evi olduğunu dedilər. Lakin sahibi qəsrdə olmadığından oranı ziyarət etməyin mümkünsüzlüyünü də söylədilər. Beləcə hər dəfə yolum Yardımlıya düşəndə həmin ocağı gözlərimlə də olsa ziyarət etməyi unutmuram. Çünki buradan bənzərsiz bir şair, böyük bir türk ziyalısı pərvazlanıb ki, türk nəfəsi gələn, türk ruhu duyulan hər qarış torpağı özünə vətən, doğma yurd hesab edir.

    Xalq şairi Sabir Rüstəmxanlı bu il ömrünün mübarək 70-ci baharında açmış çiçəklərdən lap elə gəncliyində olduğu kimi şirə çəkir. O, şirəni özü üçün deyil, təfəkküründən Türk dünyasına, bəşər övladına bal süzmək üçün toplayır. Bal demişkən, Yardımlıda sıldırım bir dağın sərt uçurumunun tən ortasında bal arılarının nəhəng bir şanısının olduğu yeri uzaqdan mənə göstərdilər və bu əlçatmaz, müdhiş yerdən bal götürülməsinin mümkünsüz olduğunu dedilər. İndi düşünürəm ki, bəlkə də Yardımlı təbiəti bu kimi möcüzələri yaratmaqla dünyaya bal arısı kimi bərəkətli, Yardımlı şəlaləsi kimi coşğun, min iki yüz yaşlı Ökü çinar (Şiləvəngə kəndində) kimi möhtəşəm, Qız qalası (Çayüzü kəndinin sığındığı dağın zirvəsində yerləşir) kimi sehirli, Şah İsmayılın yaylaq yerlərindən biri olduğu deyilən Deman qalası kimi ulu, Viləş çayının mənbəyi, Şah İsmayılın iftarını suyuyla açdığı deyilən Gözə bulağın suyu kimi saf, Yardımlı meşələri kimi gözəl bir şair verəcəyini müjdələyirmiş. Yardımlıda nə görmədim ki?! Hələ Şiləvəngə kəndinin şimal-şərqində yerləşən yüksəklikdəki qəbristanlıqda təsadüfən rastlaşdığım, üstünə at nalının dərin iz saldığı daşdan danışmıram. Bu nal izi müasir nallardan ən azı iki dəfə böyük olması ilə fərqlənirdi. Bu dağlarda boyu iki metrdən kiçik olmayan qədim insanların qəbirlərinə, eləcə də müxtəlif növ qədim məişət əşyalarına və sənətkarlıq nümunələrinə də rast gəlmək olur. Bütün bunlarla yanaşı Yardımlının doğurduğu təbiət hadisələrindən, nadir incilərdən biri də, heç şübhəsiz onun dünyaya bir Sabir Rüstəmxanlı verməsidir.

    Onu da deyim ki, ilk səfərimdə Yardımlının Şiləvəngə kəndində Sabir bəyin “Ömür kitabı” adlı əsərini mənə hədiyyə etdilər. Bu kitabı oxuduqca Kəlbəcərdən tutmuş Bərdəyə qədər, oradan da Türkiyənin və Güney Azərbaycanın bir çox yerlərini, təbii və tarixi mənzərəsini sanki elə müəllifin özüylə birlikdə qarış-qarış seyr etdim. “Ömür kitabı”nın həm tarixi, həm mədəni, həm də təbiət baxımından gözəl təsəvvür yaratması, eyni zamanda milli şüurun formalaşmasında oynadığı rol cəhətdən çox əhəmiyyətli kitab olduğunu yəqin ki, oxucular etiraf edər.

    Sonralar müəllifin “Cavad xan” əsərini də oxumaq mənə qismət oldu. Bu əsər də öz növbəsində bəhs olunan dövrü bütün əlamətlərilə yüksək səviyyədə əhatə edir. Əsər Cavad xanın sonsuz fədakarlığından tutmuş, ta Hüseynqulu xanın Sisiyanovun başını kəsib indi Nizami Gəncəvinin Bakıda ucaldılmış heykəlinin yerində – Nizami Gəncəvinin ayaqları altında basdırıldığına qədər mükəmməl, düşündürücü, inandırıcı və milli maraqlarımıza uyğun şəkildə qələmə alınıb. Bu əsər vasitəsilə Rus işğalçı siyasətinin ağır nəticələri oxucunun gözü qarşısından kino lenti kimi keçir.

    Yeri gəlmişkən, Sabir bəyin poeziyası da eyni ruhda, eyni koloritdə bərq vurur. Onun şeirlərində geniş milli təfəkkür – milli tarix, ulu keçmiş, milli mədəniyyət, miflər, milli ideologiya, bu günkü ictimai-siyasi mövqeyimiz, sabaha amalımız, əsil vətəndaşlıq məsələləri hər zaman ön planda olub. Bu tamam başqa bir yazının mövzusu olduğundan qısaca demək istəyirəm ki, onun şeirlərindəki bədii təsvirlər, lirik ifadələr milli ovqat, Haqqa sevgi aşılayan qopuz musiqisi, ozan nəğmələri kimidir. Bütün bunlara rəğmən Sabir Rüstəmxanlıya böyük hərflərə TÜRK MİLLİ ŞAİRİ desək, daha doğru olar.

    Böyük üçlük – “Difai”nin təməlləri

    Sabir Rüstəmxanlının tarixi sənədlərə söykənərək yazdığı “Difai fədailəri” romanı istənilən türk və Azərbaycansevər üçün, eləcə də XX əsrin əvvəlində Azərbaycan torpaqlarında gedən ictimai-siyasi proseslər barədə özündə fikir formalaşdırmaq istəyənlər üçün çox əhəmiyyətli bir əsərdir. Kitabda o dövrün psixologiyası, Azərbaycan insanının milli özünüdərk səviyyəsi, zamanın tələb etdiyi düşüncə tərzinə inteqrasiyası, dövlətçilik ənənəsinin yaşadılmasında tutduğu mövqeyi aydın şəkildə və sadə dildə qələmə alınıb. Bundan başqa, XX əsrin əvvəlində azərbaycançılıq, türkçülük, dövlətçilik ideyalarının carçılarından, onların fəaliyyəti və tutduğu yoldan həm sənədli, həm də bədii-estetik məzmunda bəhs edilir. Baş qəhrəmanı tarixi şəxsiyyət Əhməd bəy Ağaoğlu olan “Difai fədailəri”ni oxumaq sözü gedən dövr barədə bir çox suallara cavab tapmaq, əsərdəki obrazlarla – tarixi şəxsiyyətlərlə sanki birgə addımlamış olmaq deməkdir. Bu şəxsiyyətlər barədə müəyyən qədər bilgilərimizin, məlumatımızın olduğuna baxmayaraq, həmin mənzərə Sabir Rüstəmxanlının təqdimatında bədii çalarları ilə daha işıqlı, daha təfərrüatlı təsir bağışlayır. Bunlardan başqa Avropada gedən proseslər, qərb psixologiyası, o dövrün müsəlman düşüncəsi, cəhalətə qarşı aparılan mübarizə, Qarabağın qədim ənənələri, Azərbaycanın ayrı-ayrı yerlərinin landşaftı, türk mərdliyi, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsinin səbəbləri, erməni faşistlərinin addımbaşı yaratdığı fitnə-fəsadlar, törətdiyi vəhşiliklər, 1905-ci il erməni-müsəlman davasının yaranmasına rəvac verən erməni iyrənclikləri, rus-erməni işbirliyi, Osmanlı siyasi fikri, müasirliyin Avropadan gətirilməsi məsələləri və bir sıra digər məqamlar əsərdə öz əksini tapır. Kristallaşmış erməni saxtakarlığı, erməni allahsızlığı, vəhşiliyi “Bakıda tökülən qan”, “İrəvan faciəsi”, “Alov Yelizavetpolu da yaxdı” fəsilləri, “Sırxavəndli uşaqlar, “Cəmil və Ayçiçək” bölmələri və s.-də olduğu kimi əsər boyu oxucunu təqib edir. Müəllifin çox aydın təsvir etdiyi Umudlu kəndinin ağılalmaz faciəsi, onların ümidsizliyə düçar olması və bu dramatik səhnənin içindən Cəmil və Ayçiçək kimi umudun-ümidin Umudlunun çırağını yenidin yandırması ayrıca bəhs olunmalı bir mövzudur. Müəllif bununla bəlkə də türk ruhunun tükənməz olduğunu öz bədii təfəkkürü ilə oxucuya çatdırmaq isəyib.

    Erməni-müsəlman münaqişələrini doğuran əsas səbəbləri müəllif əsərdə belə şərh edir: “Daşnaqsütyunun xəyanəti və çar hökumətinin fitvasıyla türk-erməni savaşı belə bir vaxtda – xalqın başını qarışdırmaq, mərkəzi hökuməti hədəfdən yayındırmaq, milli azadlıq hərəkatlarını tələyə salmaq niyyətiylə başlanmışdı…” (s.209). Eyni problemin sünu surətdə yaradılmasını kitabda bu cür də oxuyuruq: “Savaş meydanlarında, diplomatiya aləmində məğlubiyyətlərini, ölkə daxilində həll edə bilmədiyi çətinlikləri unutdurmaq, pərdələmək üçün vəziyyəti daha da ağırlaşdırmaq, yeni konfliktlər yaratmaq Rusiya siyasətinin köhnə üsullarındandır” (s.284).

    “Difai fədailəri”nin ilk bölməsi – “Şuşaya dönüş”də Əhməd bəy Ağaoğlunun Parisdən Şuşaya qayıdış səhnəsi təsvir olunur. Bu səhnədə Əhməd bəyin keçmişi xatırlamasından bəhs olunur və erməni şovinist düşüncəsini, uşaqlıqdan onların qafasına yeridilən “türk sənin düşmənindir” şüarını, Peterburq universiteti və yerli realnı məktəbi, gimnaziyanın əsasən xaçpərəstlər üçün qurulmuş olduğunu, müsəlmanların falaqqalı-çubuqlu molla təfəkküründən o yana keçməsinə imkan verilmədiyini aydınca sezmək olur. Və müəllifin özü dediyi kimi, gimnaziya müxtəlif əngəllərlə ya türk övladlarını məktəbdən qaçmağa məcbur edir, ya da məktəbi bitirən türk balalarında türklükdən əsər-əlamət qalmır.

    Əsərdə həm ictimai-siyasi, həm də fiziki həyatı təfsilatı ilə əks olunan Əhməd bəyin məktəbdə oxuyarkən əvvəlcə erməni mənşəli müəllimin, sonra da tapşırıq almış erməni əsilli həmyaşlarının onun başına açdığı mənəvi və fiziki əzablardan, psixoloji gərginləşdirmələrdən çəkmiş olduğu əziyyətlərdən geniş bəhs edilir. Müəllif bütün bu xoşagəlməz hadisələrin həm də qəhrəmanının öz böyük gələcəyini qurmasında ona stimul olduğunu da obrazlı surətdə əsərdə canlandırıb. Əhməd oxuyub gələcəkdə savadlı bir türk kişisinə, millətinin xilaskarına çevrilməyi qarşısına məqsəd qoyur və buna nail olur. Onun Peterburqda əvvəlcədən tanıdığı, təmasda olduğu Şeyx Əhməd Səlyaninin nəvəsi Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşı ilə tanışlığı bu üçlüyün gələcəkdə Azərbaycanın əvəzsiz bir xilaskarına çevrilimsəinə səbəb olduğunu əsərdə asanca izləyə bilirik. “Peterburq görüşləri” bölməsində bu üçlüyün böyük qələbələrdən birini əldə etmələrini oxuduqca təsirlənməmək mümkünsüzdür. Bu tipli görüşlərli “Məmməd Əminlə tanışlıq”, “Tiflis. Sülh danışıqları”nda da müşahidə edirik. Tiflisdə keçirdilən, nəticəsiz sülh danışıqlarından sonra Gəncəyə qayıdan heyət burada yerli ziyalılarla müzakirələr aparır, Əhməd bəyin təklifi ilə “Difai” firqəsi və onun Gəncə şöbəsi yaradılır. Təbii ki, öz müşahidələrini əsas götürərək, Azərbaycanın bu problemlərdən xilas yolunu axtaran Əhməd bəy Gəncəyə bu dəfəki gəlişinə qədər “Difai”nin konturlarını cızmış və ya onun vətənpərvər ziyalılardan ibarət olmaqla canlı bürclərini özlüyündə müəyyən etmişdir. Müəllif bu səhnədə Əhməd bəyi düşməndən müdafiə xarakterli təşkilatın qurulmasına sürükləyən amillərin ümumi səbəbini belə izah edir: “Parisdə liberal düşüncəyə yiyələnmişdi, qarışqaya da qıymazdı. Ancaq çar üsul-idarəsinin millətinin başına açdığı oyunları, ayır-buyur siyasətini, axıdılan nahaq qanları görəndən sonra sərt yollar aramaqdan başqa imkan tapmamışdı” (s.313). Bundan sonra şöbələrin yaranması Qarabağı müdafiə komitəsinin təşkili ilə davam edir. Difai hərəkatının gördüyü sərt tədbirlər Qafqazda münaqişənin səngiməsinə, erməni terrorçuların məğlub olmasına və, nəhayət Daşnaksütyunun barışıq təklifi ilə çıxış etməsinə səbəb olur. Bu ziddiyyətli hadisələr Əhməd bəyin İstanbula köçməsinə qədər davam etsə də, əsər baş qəhrəmanın, Əli bəy Hüseynzadənin və albay Bilal Qarabağlının 1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Türk-İslam ordusunun önündə yenidən Bakıya qayıtmaları ilə sona çatır.

    “Difai” sözünün mənalandırılmasına gəldikdə isə müəllif bunu dərhal açıqlamamaqla oxucunu əsərdən daha möhkəm yapışmağa sövq edir və bu açıqlama ilə ilk dəfə 336-cı səhifədə məşhur dramaturq Nəcəf bəy Vəzirovun dediklərində qarşılaşırıq. Burada Əhməd bəy təşkilatın adını çəkərkən Nəcəf bəy, – Müsəlmanın əlindən nə gəlir ki, biz elə həmişə müdafiə olunuruq da!.. – deyə cavab verir. Nəhayət, müəllif bu açıqlamanı fəsil başlığına çıxarır – “Difai – dəf deməkdir”. “Difai” dedikdə Əhməd bəyin “bizim əsas işimiz maarifçilikdir, xalqa başa salmaq, birləşdirmək, qanunlar daxilində öz haqqını tələb etməyi öyrətməkdir, belə olsa zora, cəzaya ehtiyac qalmaz, əyri yol tutanları da başa salmalı, bəd əməllərdən, millətə ziyan vuran hərəkətlərdən çəkindirməliyik. Allah yaradan canı bəndənin almağa ixtiyarı yoxdur. Bu yolu tutsaq biz də olarıq Daşnaksütyunun tayı…” bunları nəzərdə tutması əsil demokratik, müasir düşüncə tərzi sərgiləməsi, elitar fikir yürütməsi və məsələyə sivil gözlə baxmasından xəbər verir. 366-cı səhifədə isə sözün mənası “dəf etmək, müqavimət göstərmək, müdafiə olunmaq” kimi açıqlanır.

    Əli bəy Hüseynzadənin sultan Əbdülhəmidlə fikir ayrılıqları da əsərdə özünə yer alıb. Sultan Əbdülhəmidin “Türk deyə-deyə Türkiyədəki başqa xalqları hürükdürürsən, dövlət üçün problem yaradırsan”, deməsi Əli bəyin təəssüfünə səbəb olur və o, Azərbaycana qayıtmağa qərar verir. Qeyd edim ki, müəllif bu məsələni qabartmaqla, onun həm də günümüzlə müəyyən mənada səsləşdiyinə ehmalca işarə etmiş olur. Beləliklə, dostlar – Böyük üçlük Azərbaycanda bir araya gələrək bu dövlətin quruculuq işində töhfələrini verməyə başlayırlar. Milli şüurun formalaşdırılması naminə görülən işlərə Hacı Zeynalabdin Tağıyevin ağsaqqallıq etdiyi, maddi dəstək verdiyini və Əlimərdan bəyin təklifi ilə Hacının Əhməd bəyi Bakıya dəvət etdiyi, beləliklə, Əhməd bəyin “Kaspi” qəzetində çalışmağa başlaması və, nəhayət, çətinliklə də olsa “Həyat” və “İrşad” qəzetlərinin nəşrinə nail olmaları ilə də əsərdə bir daha tanış oluruq.

    “Difai fədailəri”ndə diqqətimi çəkən məqamlardan biri yenə də Əhməd bəy barədədir. Bu bir neçə cümləni oxuduqca bunların həm də Sabir Rüstəmxanlının özü haqqında olduğunu düşünürsən: “Qəzetləri gözdən keçirə-keçirə Əhməd bəy siyasi mübarizə ilə maarifçiliyin bir-birinə möhtac olduğunu dərk edirdi. Dünyanın bu vaxtında yazı pozu adamının yaxasını kənara çəkərək “mən siyasətə qarışmıram” deməsi əslində, “mən millətimin gələcəyini düşünmürəm” demək idi”. Bununla bərabər əsər boyu Əhməd bəyi təqib edən millətçilik-dövlətçilik mübarizəsindən doğan çabalar, Azərbaycan ərazisində baş qaldırmış terror hadisələrinin yaşatdığı sıxıntı, bu bəlalardan xilas yolunun axtarışı Sabir Rüstəmxanlıya yaxşı tanış olan tale məsələsi, bəlkə də doğma gələn həyat tərzidir. Əlbəttə ki, müstəqilliyimizin bərpası uğrunda gedən proseslərin, meydan hərakatlarının, milli azadlıq mücadilələrinin ən fəal iştirakçılarından biri də məhz Sabir bəy idi. O, bu günə qədər də ölkənin taleyüklü məsələlərindən heç vaxt kənarda qalmayıb və istər partiya rəhbəri, istər Xalq şairi, istərsə də Millət vəkili olaraq hər zaman sözünü deyib, məsələlərə öz ziyalı mövqeyini sərgiləyib.

    Əsərdə Sabir bəyin bədii ifadələrdən, uğurlu bənzətmələrdən ustalıqla istifadə etməsi ayrıca bir yazı materialıdır. Hər bir bölməsi özlüyündə bir əsər olan kitabda bu cür təşbehlər yetərincədir. Burada isə, onlardan bir neçəsini nümunə gətirməklə kifayətlənsək daha uyğun olar: “…qürbətdə çalışıb-oxuyub, sünbül kimi dən bağlayıb vətənə dopdolu qayıtmasının bir səbəbi də öz üstünlüyünü (söhbət Əhməd bəydən gedir – E.C) sübut eləmək,.. olmuşdur.” (s.13), “Bürclər dağ başında bir muğamat ziliydi” (s.91), “…bu yalanlar neft çayları kimi dünyanın üzünü qaralda-qaralda gedirdi”. (s.137). “…burulğan yerdəki yarpaqları aldı xortumuna…” (s.214), “…onu (Cəmili – E.C) asqırmaq tutmuşdu. Qızlar güllə səsinə sıçrayan ceyran kimi yerlərindən atıldılar” (s.216), “Sonra yır-yığış bitdi, alaçıqların keçəsini heyvan dərisi kimi boğazından çıxartdılar…” (s.224) və s.

    70 yaşınız qutlu olsun, Ustad!

    Ədiblərimizi, qiymətli yazarlarımızı düşünəndə yazıçıların sözü düşüncə qazanında ürək yağıyla, könül suyuyla bişiridikləri qənaətinə gəlirəm. Yazıçı olmaq əgər bir arzudursa, o, həyatdakı sonsuz suallara gücün çatdığı qədər cavab vermək istəyindən doğanda möhtəşəm olur. Əlbəttə, bu ifadələr Sabir Rüstəmxanlıya və onun yaradıcılıq dünyasına çox yaraşır. O, təvazökar, çalışqan, yorulmaz, müşkül sualların cavabını, bağlı qapıların açarını axtaran şair-yazıçı və dəyərli ziyalımızdır.

    2014-cü ildə keçirdiyimiz “Borçalı Türklərinin Elat mədəniyyəti günü”ndə Sabir bəyi səhər tezdən Armudlu yaylağında gördükdə ürəyim dağa döndü, sevincimi gizlədə bilməyib ona yaxınlaşdım və, – Sabir bəy, Sizi Borçalıda görməyin nə qədər xoş olduğunu təsəvvür edə bilməzsiniz, – dedikdən sonra, bir-birimizi bağrımıza basdıq. Bütün bunları deməklə Sabir bəyi təkcə bir ədib kimi deyil, həm də Allahın seçilmiş, sevimli bəndələrindən, nümunəvi insan olduğu üçün ona olan sevgilərimi ifadə etmək istədim.

    70 yaşınız qutlu olsun, Ustad!

    Bakı, 22 may 2016-cı il

  • “70 yaş qorxulu deyil”

    Bu gün Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının 70 yaşı tamam olur.

    Sabir Rüstəmxanlı ilə ilə əlaqə saxlayaraq, 70 yaşla bağlı təəssüratlarını öyrənməyə çalışdıq.

    – Sabir bəy, öncə sizi yubiley münasibətilə təbrik edirik. Necə düşünürsünüz, 70 yaş həyatın hansı mərhələsidir?

    – Hər halda məncə, insan ömrünün yaş mərhələsi ilə yanaşı, sağlamlıq ölçüsü də var. İnsan sağlamdırsa, 70 yaşında da tam iş qabiliyyətini qoruyub saxlayır və daha da səmərəli işləyir. Sağlamlıq olmadıqdan sonra 30 yaşında da 70 yaşındakı kimi görsənir. Ona görə də hər yaşın öz rəngləri, öz boyaları, öz maraqları, öz düşüncə tərzi var. Ancaq mən bu fərqləri hiss etmirəm, çünki biz görmək  istəklərimizin ölçüləri yaşayırıq, il ölçüləri ilə yox.

    Ona görə də 70 yaş gənclərin gözündə olduğu kimi, qorxulu bir yaş deyil və hələ həyatla vidalaşmaq fikri insanın heç yadına düşmür. 50 yaş cavanlıq yaşıdır,70 yaş isə müdriklik yaşıdır. 70 yaş suların durulan, düşüncələrin durulan, hər şey haqqında özünə hesabat verilən, atdığın addımları dəfələrlə ölçüb-biçilən bir yaşdır. Gənclik illərində olduğu kimi, bütün risklərə, burulğanlara baş vurmadan bəzi şeyləri kənardan ölçüb-biçirsən.

    – Geriyə baxdıqda nələri müşahidə etdiniz?

    – Əgər bu gün 70 yaşında xalqla sənin aranda böyük bir etimad varsa, sənə sayğı göstərilirsə, sənə inanırlarsa, ölkə boyu və ölkədən kənarda böyük hörmət qazanmısansa, bu o deməkdir ki,  şübhəsiz qürur duyduğum məqamlar çoxdur.

    Bununla yanaşı, təəssüfləndiyim məqamlar da var. Amma o məqamlar keçib gedib, onları geri qaytarmaq olmaz. Mən heç nəyə təəssüflənmirəm. Bu yolu özüm seçmişəm. Təbii ki, sonluğu özümün seçmək şansım yoxdur, ancaq çox arzulardım  ki, sonluğu da özüm seçim.

    Modern.az

  • Yaradıcılığındakı xəlqilik, millilik, qəhrəmanlıq, mübarizə əzmi onun özüdür.

    Sabir Rüstəmxanlı – bu ad ilk oxunuşdan Xalq Hərəkatı, Millət, Dövlət, El, Türk kimi dəyərlərlə səsləşir.Bunun sirrini sırf yaradıcılığında axtarmıram. Hərçənd ki, Sabir Rüstəmxanlı yaradıcılığı bu dəyərlərlə yoğrulub və zəngindir.

    Etiraf edim ki, əsəri ilə şəxsiyyəti təzadlıların əsərlərini oxumaqda çətinlik çəkirəm. Sabir Rüstəmxanlı az sayda istisnaların ən ön cərgədə olanlarındandır. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır, yaradıcılığında aparıcı xəttin bayrağı öz əlindədir. Gəncliyə öyrətmək istədiyinin bir klassik nümunə onun özüdür. Yaradıcılığındakı xəlqilik, millilik, qəhrəmanlıq, mübarizə əzmi onun özüdür.

    Milli Azadlıq Hərəkatına qədər də yaradıcılığında inqilabi romantizm güclü sezilirdi. O zamanın milli gəncliyinin müraciət etdiyi ustad Bəxtiyar Vahabzadə,Xəlil Rza Ulutürk, Xudu Məmmdəov, İsmayıl Şıxlı, Elçibəy sırasında Sabir Rüstəmxanlı da olub. Azərbaycan Milli Azadlıq Hərəkatı Sabir bəy yaradıcılığında cücərən istiqlal toxumunu yetişdirmək üçün ilahi şans idi. Bu şans Sabir Rüstəmxanlı timsalında yaradıcılıqla şəxsiyyətini bütövlüyünün əyani təsdiqi oldu. Milyonları hərəkətə gətirən də liderlərdə məhz bu keyfiyyətin olması idi.

    Sabir bəy öndə, tribunada millətin ruhunun ifadəsinə çevrildi. Meydanda olmağı, xalqla olmağı, dik durmağı bacardı. Bu gün də meydandadır. Şimali və Cənubi Azərbaycanı, Türk dünyasını, Vahid Azərbaycanı, Dünya Azərbaycanlılarını, Borçalını, Kərkükü, Doğu Türküstanı düşünür.

    Siyasi meydanda da özünəməxsusluğu ilə seçilə bildi. Təməli millətlə bağlı olsa da bəzən onun tutduğu həmrəylik mövqeyini təslimçilik kimi qələmə verənlər də az olmadı. Zaman da sübut etməkdədir ki, ifrat qütbləşmə milli maraqlarımızı təhdid etməkdədir.Bir zamanlar inkarçı mövqedə olanlar da bu həqiqəti dərk etməkdədirlər. Bu gün – 70-in tamamında Sabir Rüstəmxanlıya El adamı, Millət adamı, fikir adamı və dost deyə bilərəm.

    Sabir bəyi 70 illik zirvə münasibətilə təbrikin verdiyi məmnunluq hissi həm də, onun mübarizə, həyat eşqi ilə bağlıdır. Həyat və mübarizə eşqinin hər zaman diri olması diləyi ilə Borçalı Cəmiyyəti, borçalı türkləri adından mübaliğəsiz dost sözü ilə Zəlimxan Məmmədli.
    20 05 2016
    Bakı.

  • Meydandan İstiqlaladək yazılan Ömür Kitabı

    Dəyərlərin yer dəyişdirdiyi bir dönəmdən keçirik. Əvvəllər mənəviyyata çox önəm verilirdi, indi maddiyat önə keçib. Kapitalizmin ən amansız üzlərindən biri də mənəvi dəyərləri yox etməsidir. Gözümüz görə-görə millətimizin mənəviyyatı aşılanır, min illərin arxasından gələn böyük türk milli-mənəvi dəyərləri yox edilmək istənir. Mədəni irsimizə yetərincə sahiblənə bilmirik. Millətləri millət kimi yaşadan, tarixiylə yanaşı bir də kültürüdür ki, bunun içində ən əsas amillərdən biri də dilidir.

    Millətin mənəvi dəyərlərini yaradan insanlar var ki, sonradan onlar özləri də millətin mənəvi dəyərinə çevrilirlər. Türk millətinin dəyərinə çevrilmiş kişilərdən, milli-azadlıq hərəkatının liderlərindən biri, xalq şairi, yazıçı Sabir Rüstəmxanlıdır.

    Azərbaycan rus imperiyasına qarşı mübarizəyə qalxanda Sabir bəyin yazdığı “Ömür kitabı” milli şüurun oyanmasında və millətin azadlığa gedən yolunun aydınlanmasında əvəzsiz rol oynamışdı. Millətin ömrünə gün kimi doğmuşdu “Ömür kitabı”. Onun yazdığı seirlər, gənclərə millət, vətən və dil sevgisini aşılamışdı. “Sağ ol, ana dilim” şeiri o dönəmdə dillər əzbəri idi. Sabir Rüstəmxanlı sadəcə yazmamışdı, yazdıqlarının arxasınca getmişdi, millətin ağır günlərində onun yanında olmuş, meydanlarda Azərbaycan xalqının haqq davasını müdafiə etmişdi.

    Azərbaycanın Müstəqillik Aktında imzası olan bir səxsiyyət… O zaman çoxları Sovet İttifaqından qorxaraq gizlənəndə, müstəqilliyimizin əleyhinə səs verəndə Sabir Rüstəmxanlı tarixin verdiyi bu fürsəti millətimizin lehinə çevirmək üçün bütün təhlükələri gözə alaraq, mübarizənin ön sırasında olmuşdu. Hər şeyin alınıb-satıldığı bir dönəmdə, sözün qiymətdən düşdüyü bir ortamda Söz Sahibi olan kişilərdən biridir Sabir Rüstəmxanlı. Zaman gələcək onun haqqında da kitablar yazılacaq, necə ki yazılır.

    “Tanımaq istəsən”lə yola çıxdı, “Sevgim-sevincim” dedi, “Gəncə Qapısı”nda “Ölüm zirvəsi”ni gördü, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, ana ailim” dedi, “Difai Fədaisi” oldu, “Tanrının Elçisi” Oğuz xanla oğuzlandı, “Ömür kitabı”nda “Əbədi sevda”sına qovuşdu və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı oldu. S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı və siyasətində, eləcə də bütün türk dünyasında yaxşı tanınan, ləyaqətli, nurlu şəxsiyyətlərdəndir.

    Ötən əsrin 80-cı illərinin sonunda meydana şair kimi daxil olan happy wheels demo Sabir Rüstəmxanlı oradan siyasətçi kimi çıxdı. Cavanlığını meydanlarda millətimizin haqq işi uğrunda mübarizəyə həsr edən Sabir bəy bu gün artıq ömrün 70-ci ilindədir.

    Azərbaycanda siyasətlə məşğul olmağın çətinliyini hamı başa düşür. Vətəndaş Həmrəyliyi adlı bir partiyanı təsis edib, onu ayaq üstə saxlamaq, üstəlik, 20 ildən artıq bir müddətdə Milli Məclisin deputatı kimi millətin haqqını tribunadan dilə gətirmək qəhrəmanlıq, cəsarət tələb edir. Sabir bəy bu qəhrəmanlığa və cəsarətə çoxdan öz imzasını atıb. Amma o ruhən söz adamıdı və özünün dediyi kimi onu siyasətə həvəs gətirməyib.

    Sabir bəy “Ömür kitabı” ilə yetişdirdiyi bütöv bir nəsli Meydandan İstiqlala apardı. Bəli, indiyədək Sabir bəy milli maraqlar naminə çox şeylərdən imtina etməyi bacarıb, çoxlu güzəştlərə gedib. Ancaq başqalarının bu cür şansları olsaydı, heç vaxt əldən verməzdilər. Elə buna görədir ki, bu gün bütün Azərbaycan onu “Bizim Sabir” deyə çağırır. Sabir Rüstəmxanlı ilə M.Ə.Sabirin taleyini birləşdirən çox cəhətlər var. O da Sabir babası kimi millətin taleyinə acıyır, əzilir, təqib edilir. Amma zülmə dözmür, üsyan edir. O, bütün ömrünü belə yaşayıb. X.R.Ulutürk Rüstəmxanlının keçdiyi həyat yolunu “kişi ömrü” adlandırır. Onun yaradıcılığını izləyən hər bir kəs böyük şairimizin bu sözləri ilə razılaşar. Vaxtı ilə R.Rza da M.Ə.Sabiri “kişi şair“ adlandırmışd. Bu da hər iki Sabir arasında bir tale oxşarlığıdır.

    Abbas Səhhət vaxtı ilə yazırdı: “Sabir İran inqilabına bir ordu qədər xidmət göstərib”. Tam məsuliyyəti ilə demək olar ki, Sabir Rüstəmxanlı da milli birliyimizə bir ordu qədər xidmət göstərmişdir. Onun bu yöndə fəaliyyəti bu gün də davam edir.

    O öz çiynində çox ağır və məsuliyyətli bir vəzifə daşıyır. 1992-ci ildə yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının adı partiyanın bütün məramını özündə ifadə edir.

    O, həm də Dünya Azərbaycanlıları Konqresinin sədri kimi məsuliyyətli bir vəzifə daşıyır. Nə qədər çətinliklərlə qarşılaşsa da bir an belə bu mübarizəni dayandırmır.

    Bu yolda sevimli şairimizə Böyük Yaradandan cansağlığı arzu edirik.

     

    Samir Əsədli

  • Sabir Rüstəmxanlı – 70

    Bu gün Azərbaycanın böyük fikir adamlarından biri, xalq şairi, adı ölkənin və türk dünyasının sərhədlərini çoxdan aşmış Sabir Rüstəmxanlının doğum günüdür; ömrünü millətinin milli şüurunun oyanmasına, müstəqil dövlətinin qurulmasına həsr edən, sələflərinin apardığı mübarizəni şərəflə başa vuran şairin 70 yaşı tamam olur.

    Sabir Rüstəmxanlının görünən-bilinən həyatı hamının gözləri önündə keçib – ilk gənclik yazılarından, şeirlərindən milli təfəkkür daşıyıcısı və təbliğatçısı olan şairin ərsəyə gətirdiyi bütün əsərlərində millətinin böyüklüyü, cəsurluğu, unudulan və əlindən alınan tarixinə bir ismarış yatır: türkün keçdiyi coğrafiyanı ruhunda daşıyan şairin yaradıcılığı da bu coğrafiyanın sərhədləri boydadır; yalnız millətinin böyük ruhunu öz timsalında yaşadan insan “ruhumuz sərhədsiz olduğu üçün” deyə bilərdi və onun millətinə ünvanladığı “payımız gəlibdir Göydən” sözləri həm də onun ədəbi-poetik kimliyinə şamildir.

    Azərbaycanın onillərini, yüzillərini – mənəvi dünyasını, mübarizlik və istiqlal tarixini “Gəncə qapısı”, “Ölüm zirvəsi”, “Ömür kitabı”, “Atamın ruhu”, “Xətai yurdu”, “Bu, sənin xalqındır”, “Difai fədailəri”ndə qat-qat, pillə-pillə yaddaşlara oyan müəllifin türk mifoloji yaddaşına və əslində, ruhunun yaddaşına söykənərək qələmə aldığı “Göy Tanrı” romanı fərqli dünyanı göz önündə açdı: bu əsər artıq ölkəmizin sərhədlərindən çox-çox kənarda qalan, yalnız ruhumuzun gözü ilə görə biləcəyimiz böyük bir mənzərəni – Ötükəndən Anadoluya, Misirdən Avropaya qədər məkanda türk atlarının ayaq səslərindən yoğrulub-yazılıb.

    Onun milli qürur və özünüdərk yolunda təkcə yazı masasında yox, meydanlarda göstərdiyi cəsarət də göz önündə, yaddaşlarda, şahidlərin dilində, yaxın tariximizin qızıl səhifəsində əbədiləşib.

    Bunları hamı görə, bilə bilər. Daha az görünəni isə Rüstəmxanlının ətrafına saçdıqlarıdır.

    Dağ ondan uzaqlaşanda daha möhtəşəm görünür – ucalığı, böyüklüyü, əzəməti ilə. Zirvəsinə qalxanda isə o əzəmət dərhal itir. Amma Sabir Rüstəmxanlı bu məsəlin şamil olunmadığı şəxsiyyətlərimizdəndir. Onu yaxından tanıdıqca, saf, büllur sadəliyini, səmimiyyətini gördükcə kənardan onun haqqında yaranmış təsəvvürlər daha da dərinləşir.

    Sabir Rüstəmxanlının görünməyən tərəfi budur ki, o, millətinin ən pisini belə sevməyi bacaran və bunu yaxınlarına daim aşılayan kəsdir. İçində daşıdığı böyük sevgi kimsəyə kin saxlamağa imkan vermir.

    “Vətəndaş həmrəyliyi” ideologiyasının mahiyyətində elə Sabir Rüstəmxanlı dayanır və doğrusu, bu ideoloji adda bir az da siyasi yöntəm var. Bu ideologiyanın Sabir Rüstəmxanlı xarakterindəki, ruhundakı əksi millətinə, xalqına və vətəninə, onun torpağına, onun daşına-çiçəyinə, boranına-qarına sevgidir.

    Millətinin düşmənindən başqa kimsəyə nifrət etməyən bu insanın daşıdığı sevgidir illərdir onu zirvədən enməyə qoymayan; bu sevgi haləsidir onu hər şeydən qoruyan. Və bu, onun düşünüb-daşındığı, özü üçün müəyyənləşdirdiyi bir halə deyil – bu, Sabir Rüstəmxanlıya Göydən gələn paydır. Millətə nə qədər sevgin, güvəncin olmalıdır ki, “Torpağı ot deyil, kişi göyərdən/ Vətən, Vətən” yaza biləsən…

    Sabir Rüstəmxanlı da əslində bu millətə Tanrının göndərdiyi paylardan biridir.

    Arzulayırıq ki, Tanrı bu ətasını kəsməsin, Sabir Rüstəmxanlının timsalında bu millətin varlığını, milli kimliyini özündə yaşadan şəxslərimizi qorusun, nəsil-nəsil yaşatsın.

     

    Hörmətlə,

    VHP-çilər

  • Minillikləri ehtiva edən 70 il

    Tarix hər dəfə yenidən başlanan dünən, ədəbiyyat isə insanın əsəblərindən, hiss və duyğularından keçən intəhasız zamandır. Amma bunların hamısından yüksəkdə zamanı və tarixi əbədiyyətə çevirməyi, onu istədiyi vaxt dayandırmağı və istədiyi vaxt bircə anı yüz ildən dəyərli etməyi bacaran işıqlı zəka və böyük qəlb dayanır. Əslində, şairlik zamanı öz iradəsinə tabe etmək qüdrətidir, əks halda, hər şey bu zaman nəhrində axıb gedər və mənasız boşluqlarda yox olardı. Sabir Rüstəmxanlı XX əsrin 60-cı illərində ədəbiyyata gələndə artıq min illik bir tarixi əsəblərindən, duyğularından keçirmişdi və tale onun üzərinə yeni zamanın yeni Azadlıq himninin yaradıcısı olmaq missiyasını qoymuşdu və o, bu missiyanı uğurla yerinə yetirdi. Sabir Rüstəmxanlının ədəbi, ictimai, siyasi taleyi heç vaxt rəvan olmadı; 1988-1990-cı illərin təlatümlü və burulğanlı yollarını müstəqillik və azadlığımızla birgə keçən şairin siyasi, ictimai mübarizəsini daim ədəbi mübarizə və ədəbi mübarizəsini siyasi-ictimai döyüşləri tamamladı. Doğrudur, bəziləri Sabir Rüstəmxanlının eyni zamanda həm siyasi, həm ictimai, elmi, ədəbi və s. və i.a. istiqamətdə fəaliyyətinin onun poeziyası üçün vaxt məhdudiyyəti yaratdığını bildirirlər, fikrimizcə, bu məqsədli bir yanlışlıqdır, kiçik çaylar sonda böyük nəhr yaratdığı kimi bu istiqamətlər də sonda nəhəg Sabir Rüstəmxanlı fenomenini formalaşdırmışdır. Sabir Rüstəmxanlı klassik irs üzərində yüksələn və qabaqcıl dünya ədəbiyyatının ən yaxşı ənənələrini happy wheels demo özündə ehtiva edən böyük milli şairrimizdir. Özü də bu millilik təkcə Şimali Azərbaycan sərhədləri ilə məhdudlaşan millətçilik səviyyəsində deyil, Şərqi Avropadan, Balkanlardan başlayaraq Çinə, oradan Alyaskaya qədər uzanan nəhəng bir türk sevdasıdır. Sabir Rüstəmxanlının yaradıcılığından danışan tənqidçilərimizdən biri onu zəmanəmizin sufisi adlandırmışdır, həmin müəllif yazır: Sabir Rüstəmxanlı vətən sevadlıdır, bu mənada o, Vətən eşqinin sufisidir; o, millət sevdalıdır, o, millət sevdasının sufisidir; o, türk sevdalıdır və türk sevdasının sufisidir. Bu sufilik təkcə simviolik sevgilərlə deyil, həm də Sabir Rüstəmxanlının praktik həyatı ilə gerçəkləşən sufilikdir. O, illərdi millət sevdalı bir dərviş kimi dəmir çarıq geyib türk dünyasını dolaşır: Türkiyədən Uyğurustana, Altaydan Başqırdıstana, Hunlar ölkəsindən Balkanlara yol salıb, materiklər, qitələr keçib və hələ çox yollar keçəcək… Bu da ömrün 70-i. Zaman və məkan baxımından bu ömrə sığanları nə 70 ilə, nə də bir ölkə sərhədlərinə sığışdırmaq mümkün deyil. Amma Sabir Rüstəmxanlı sığışdırıb. Təbii ki, kiçik bir təbrik yazısında onun gördüyü işləri, yazdığı əsərləri sadalamaq fikrində deyilik, üstəlik, qarşıda hələ görüləsi çox işlər var. Biz ona – bu Vətənin, bu millətin və bütövlükdə bütün türk dünyasının böyük oğluna – cansağlığı, uzun ömür diləyirik. Gün o gün olsun ki, yüz yaşınızı qeyd edəsiniz, Sabir Rüstəmxanlı!

     

    Hörmətlə,

    VHP Siyasi Şurasının üzvləri

  • Sabir Rüstəmxanlının 70 yaşına – Orxan Aras Almaniyadan yazır

    Orxan ArasNihat Bəhram: “Biz yaşlanırız, dağlar yaşlanır, amma böyük şairlər əsla yaşlanmazlar” – yazmışdı… O, böyük şairlərin niyə yaşlanmadığını da açıqlamışdı: “Böyük şairlər yanar dağdırlar və püskürdükləri vulkanlar atəş olaraq yerlərə saçılsa da bir zaman sonra gül tumurcuqları olaraq geri gəlirlər”.

    Sabir Rüstəmxanlını 1990-cı ilin ən qanlı-puslu günlərində tanıdım. İnsanların çoxu susmuşdu, çoxu qorxmuşdu, çoxu küsmüşdü, o, danışırdı! Hər kəs ölümünə qaramsardı, bitkindi, o, bir bozqurd kimi diri və ümidliydi… Hər kəs qələmini diqqətli, o isə qələmini sanki yırtıcının köksünə saplanmış bir mizraq kimi işlədirdi. Onun yanar dağ səsi, onun lava püskürüb gül tumurcuğu gətirən şeirləri 1990-cı ilin qaranlıq günlərində hilalın önündəki beş guşəli parlaq ulduz kimiydi.

    Onunla həm Azərbaycanda, həm də Avropada uzun yolçuluqlara çıxdıq… Azərbaycanın dağlarını, dərələrini, göllərini onun gözləriylə tanıdım. Gəncəyə doğru gedərkən ürəyimdə toplanmış babamın da yetmiş illik həsrətiylə bir uşaq kimi ağladım və o, səssizcə hıçqırıqlarımı dinlədi. Avropanın soyuq, amma sakit və düzgün yollarını onunla birlikdə aşdıq. Qürbətin içində dərdləriylə boğuşan türklərin vətən sevgilərini, Azərbaycana duyduqları həsrətin türkülərini bərabər dinlədik. Yollarda bərabər türkülər söylədik, vətənimizlə bağlı ümidlər səsləndirdik. Bəzən hüzünləndik, bəzən güldük…

    O, Almaniyaya ilk gəldiyində 46 yaşındaymış… Qapqara, qıvırcıq və uzun saçlı gəncəcik bir adam… İndi bu sətirləri yazarkən o vaxt çəkdirdiyimiz şəkillərə baxıram. Birisində geniş bir türk şalvarı geyinib, şeir oxuyur. O, harada şeir oxumadı ki? Berlində kommunist türklərin divarlara yapışdırdığı Stalin şəkillərinin olduğu salonlarda “Sağ ol, Ana dilim” kitabından oxuduğu şeirlər necə də həyəcanlandırmışdı hər kəsi!

    1990-cı ildə Almaniyaya gəldiyində mənə nələr gətirməmişdi ki… Kitablar, balıq kürüsü, içkilər… Bir karton dolusu içki mənim kiçik iş otağımda günlərcə durmuşdu. İçində kitab var sanırdım. Sən demə, çeşid-çeşid içkilərmiş. Mənim içki içmədiyimi öyrənincə bir şey söyləməmiş, tam iki həftə “içki orucu” tutmuşdu. O, günlərin birində artıq dayanammadı və mənə dönüb: “Soyuq pivə sifariş edərsənmi?” – deyə rica etdi. Alman ofisianta bir alkoqolsuz pivə gətirməsini söylədim. Ofisiant pivəni gətirdi. Sabir bəy pivəni içdikdən sonra: “Pivə çox gözəl, sərindi, amma bunun dadı yoxdur ki…” – dedi. Bu xatirəni hər yada saldığımızda çox gülürük.

    Söhbətlərimizdə hər zaman vətən vardı. Hey dilimiz, mədəniyyətimiz, insanlarımız üzərinə söhbət edirdik. O, getdiyi Tanrı dağlarından, Ötükən ovasından bəhs edərkən içimi qısqanclıq hissləri doldururdu. Orhun çayında necə üzdüyündən danışanda xəyalımda mən də onunla birlikdə o çayda üzərdim. Yardımlının yaylalarında böyüyən bu şairin ruhunda Altayların rüzgarı vardı. O rüzgardı onu coşduran və bu qədər cəsur edən…

    Tanış olduğumuz 1990-dan 1992-yə qədər ikimizin də ruhunda hey savaş vardı. İçimizlə savaş, düşmənlə savaş və çətinliklərlə savaş… O, Azərbaycanı kəndbəkənd, şəhərbəşəhər gəzərkən, mən də Avropanın hər şəhərində qurduğumuz Azərbaycan Türkləri Federasiyası üçün yollara düşür, mitinqlər düzənləyir, almanca, fransızca, ingiliscə bildirilərlə Azərbaycanın mesajlarını dünyaya çatdırmağa çalışırdım. O günləri xatırladıqca enerjimizə, dirənişimizə hələ də heyrət edirəm. Çünki hələ tələbə idim və böyük bir gəlirim də yox idi. Amma Sabir bəy kimi cəsur və ümidli insanlarla imkansızlıqları bacarmağa and içmişdik və bacarırdıq da. Frankfurt, Köln, Berlin, Den Haag, Paris, Vyana, Stuttgart, Nürnberg kimi Avropanın ən böyük və tanınmış şəhərlərində Azərbaycan dərnəkləri qurmuşduq və minlərcə könüllü insan hər çağırışımızda yanımıza qaçır, mitinqlərimizə qatılırdı.

    O çətinliklər, o qaçhaqaçlar, o əməklər boşa getmədi. İki il sonra ikimizin də röyaları gerçək oldu və onun Türk və Altayların gülü, çiçəyi qoxan şeirləri ilə Azərbaycanın igid övladlarının cəsarəti birləşdi və Azərbaycan müstəqilliyini qanıyla qazandı. O istiqlalın isbatı bəyannamənin altında da Sabirin qələminin izi vardı.

    Parisdə 1789-cu il Fransız Çevrilişi üçün bir güllə atanın belə, bir yerlərdə ismi və ya heykəli vardır. Amma qələmiylə, şeiriylə, cəsarətiylə Azərbaycanın müstəqilliyinə imza atan Sabir Rüstəmxanlının Azərbaycanda bir heykəli yoxdur. Amma onun heykəli Asiyanın ən uzaq və soyuq guşəsindən Avropanın ən soyuq bölgəsinə qədər bütün türklərin ürəyində vardır.

    Sabir Rüstəmxanlı 70 yaşında!

    Kültigin, Kürşad, Orhun irmağı, xəbəriniz olsun! Şair hələ də dəliqanlı çağındadır.

    Kutlu olsun 70-i!

  • Sabir Rüstəmxanlının PORTRETİ

    Mahir-QabilogluMahir Qabiloğlu

    Sabir Rüstəmxanlı haqqında yazmaq istəyirəm. Daha doğrusu, yazı beynimdə çoxdan hazır idi. Qalmışdı vərəqə köçürmək. Amma cürət eləmirdim. Heç vaxt bu cür cəsarətsiz olmamışdım. Heç vaxt bir yazıya başlayanda bu qədər uzun-uzadı götür-qoy eləməmişdim.

    Mart ayında yaradıcılıq həyatımda baş verən iki hadisə məni yazmazdan qabaq düşünüb-daşınmağa, daha məsuliyyətli addım atmağa məcbur elədi. Bunlardan birincisi, elə bu yazımın qəhrəmanı olacaq Xalq şairi Sabir Rüstəmxanlının barəmdə “Sandıq boş deyilmiş” adlı məqaləylə mətbuatda  çıxış etməsi və qısa yaradıcılıq yoluma ağsaqqal qiyməti verməsiydi. Bu cür yazıları mən sənətə vəsiqə kimi qiymətləndirirəm.

    Ona görə də özlüyümdə çox düşündüm. Deməli, Sabir Rüstəmxanlı haqqında yazımı yazıb, yayıram saytlara. O da oxuyur və… birdən xoşuna gəlmir. Dərindən köks ötürür, ah çəkir və “təriflədim, zibili çıxdı” deyir.

    Yox. Yazmayacağam. Qoy Xalq şairimiz elə mənim haqqımda necə yüksək fikirdədirsə, elə o cür də qalsın. Niyə fikrini dəyişməliyəm ki? Fikir dəyişmək  bir yana qalsın. Birdən yazını oxuyub,  Xalq yazıçısı Anar kimi qələmə sarılmaq qərarı versə? Ancaq mənə xas olan yazı üslubumu “məzələnmək”, “zarafat” kimi qəbul etsə?! Onda necə olacaq? Düzdür,  Anar, Sabir Rüstəmxanlı kimi yazıçıların tənqidi də baldan şirindir mənimçün. Müasir dildə desək, antireklam reklamdan qat-qat güclüdür. “Mahir, gör yazın  nə qədər təsirli olub ki, bu cür görkəmli şəxsiyyətləri yeganə silahları olan qələmə sarılmağa məcbur etmisən” deyənlərimin, o cümlədən də oxucularımın sayı birə on artacaq.

    Amma İntiqam Qasımzadə kimi  “Mahir, atovun dostlarına yaman sataşırsan. Olmaz belə” deyənlər də az olmayacaq.

    Bəs ürəyimdə yatan xatirələr, fikirlər, mülahizələr necə olsun? Ölüb getsin? Mən Sabir Rüstəmxanlını tanıdığım kimi, axı çoxları tanımır. Yaxud da ki, sizin tanıdığınız Sabir bəyi mən elə qəbul etmirəm. Ona görə də yazmağa qərar verdim. “Anar yazıçı deyil və ya TƏNHA ANAR” başlığı kimi adını cazibədar qoymadım. İstəmədim ki,  içərisini oxumayıb, başlığa görə hay-həşir salanları yuxudan oyadım.  Silsilə yazılarımdakı kimi “Bizim Sabir Rüstəmxanlı” da adlandırmadım. Bu yazımın adını “Sabir Rüstəmxanlının PORTRETİ” qoymağa qərar verdim. O mənim qəhrəmanımdır. Mən onu belə tanımışam. Mən onu belə görürəm. Elə isə başladıq çəkməyə.

    sabir-rustemxanli11PORTRET

    Rəssam portret yaradanda onu əsas narahat edən qəhrəmanının üz cizgiləridir. Şəxs ayaqüstə duracaq, yaxud da kresloda oturacaq, tribunada çıxış edəcək, yaxud təbiət qoynunda olacaq. Əynində kostyum olacaq və ya qısaqol yay köynəyi, yaxud da ov paltarı. Bunlar xarakteri açmağa kömək edən əlavə detallardır. Daha çox qəhrəmanının hansı zamanın nümayəndəsi olmağına dəlalət edən 2-ci dərəcəli cizgilərdir.

    Mən də birinci, Sabir Rüstəmxanlının portretini cızmağa qərar verdim. Qarşımda çox portret canlandı. Sabir əmi, Sabir müəllim, istiqlalçı Sabir, Sabir bəy, millət vəkili Sabir Rüstəmxanlı, Xalq şairi Sabir Rüstəmxanlı.

    Fırçanı saxladım. Özümə yox, bu portreti nə vaxtsa çəkmək istəyən professional rəssama yazığım gəldi. Çünki nəsrin, yazıçılığın imkanları genişdir. Bəs rəssam? Bir portretə 70 illik bir ömrün 50 ilini elə sığışdırmalısan ki, tipik bir şəkil dünyaya gəlsin. Və bu şəklə baxan hər bir kəs – yardımlılı, oxucu, həmkar, cəbhəçi, deputat, həmfikir, ya da dostu – “halal olsun, gözəl yaratmısan. Bax bu, mən tanıdığım Sabir Rüstəmxanlıdır” desin.

    Mən rəssam deyiləm. Bəlkə cəhd edim? Ruslar demişkən “Popıtka ne pıtka”. Alınmasa da ayıb saymazlar. Axı ilk işimdir.

    Boş kətan lövhəni qarşıma qoyuram. Çəkirəm ilk gördüyüm, uşaq yaddaşımda qalan Sabir əmini. Sonra kənara çəkilib uzaqdan baxıram. Hə. Sabir əmidir. Cavan vaxtlarıdır. Şairdir. Şeir yazır. Atam demişkən “əsl şairdir”.  Əliağa Kürçaylının rəhmətə getdiyi illərin də izi var bu tablomda. Bir vaxtlar Əliağa əminin işlədiyi “Yazıçı” nəşriyyatında onun vəfatından sonar baş redaktor vəzifəsinə təyin edilən Sabir Rüstəmxanlının cizgilərini də gözəl vermişəm burda. Amma yox. Ədəbiyyat diliylə desək, bu tipik, ümumiləşdirilmiş bir obraz olmadı. Küləyin oxşadığı qıvrım saçlar, yaxası açıq köynək,  qığılcım qopan gözlər – bu şair Sabir Rüstəmxanlıdır. Amma bu detallar Sabir Rüstəmxanlını tam təsvir etmək üçün yetərli deyil, axı.

    sabirbeyyazarlarlaYox, hirslənib çəkdiyim şəkli cırıb atmıram. Yaradıcı insan öz yaratdığını atmaz. Təzə kətanlı lövhə götürürəm. 80-ci illərin axırı – 90-cı illər gəlib dayanır göz önümdə. Sovetski, indiki Nərimanov prospektində yerləşən Azərbaycan Xalq Cəbhəsinin qərargahını dağıtmaq üçün xüsusi təyinatlılar ora hücum edir. Binanı boşaldırlar. Sabir Rüstəmxanlının başından axan qan, başına dolanan bint canlanır gözümün önündə. Fırça tez işə düşür. Fonda “Azadlıq!” qışqıran insanlar, alnına qan hopmuş tənzif dolanan Sabir Rüstəmxanlı. Şəkli bitirib, çəkdiyimə baxaraq həzz almaq üçün kənara çəkilirəm. Baxıram. Yox. Nəsə çatışmır. Lap Fidel Kastroya  Ernesto Çe Gevaraya oxşadı. Qanım qaralır. Amma həvəsdən düşmürəm. “İnqilabçı, cəbhəçi  Sabir bəy” şəklini “Şair Sabir Rüstəmxanlı” şəkliylə  yanaşı qoyuram.

    Daha bir təzə kətanlı çərçivə götürürəm. Bir an plagiatlıq keçir könlümdən. Axı mən gənc   rəssamam. Klassik təsvir ustalarının əsərlərinə müraciət etsəm niyə ayıb sayılmalıdır ki? Özü də ki, İlya Repin yaradıcılığına müraciət edəcəyəm – onun “Burlaklar Volqa  çayında” adlı  ölməz əsərinə. Necədir bu rəsm? Qoy canlandırım gözüm önündə. Deməli çayda gəmi görsənir. Sahildə də burlaklar bir ucu gəmiyə bağlanan kəndirləri boyunlarına keçirərək onu axının əksi istiqamətində dartırlar. Bax bunu yaxşı tapdım. Buna deyərlər  xarakterin özəl sənətkarlıq həlli.

    Deməli, 20-ci əsrin sonları. Təlatümlü Azərbaycan. Sanki lilə oturmuş gəmidir Azərbaycan. Onu bu əsarətdən dartıb çıxaran qüvvə lazımdır. Bir rəssam kimi mən birinci gəmi şəkli çəkməliyəm. Üstünə də “Azərbaycan” yazmalıyam. Sonra isə o dövrün istiqlalçı insanlarını. Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni,  İsmayıl Şıxlını, Ziya Bünyadovu, Qabili, Qulu Xəlilovu… Ortada da Sabir Rüstəmxanlı. Çəkirlər Azərbaycan boyda gəmini  əsarət bataqlığından çıxartmaq üçün.

    Şəkli şəkirəm. Kənara çəkilib baxıram. Yox. Nəsə çatışmır. Axı onlar çox idi. Hamısını bir tabloya yerləşdirə bilmərəm. Çox idilər, lap çox. Milyonlar var idi bu hərəkatda. Haqsızlıq etmiş olaram.

    Bu tablonu da qoyuram o biri ikisinin yanına. Otururam taburetkaya. Bir siqaret çıxarıb qoyuram damağıma. Çaxmağı çəkib yandırıram. Dərin qüllab vururam. Siqaret isə yanmır. Çaxmağı bir də çəkirəm. Bir təhər siqareti alışdırıram. Bəs ilhamımı necə alovlandırım?  Nə çətin şeydir axı bir rəsmi çəkmək, ay Mahir? Bacarmırsan, çəkmə! Otur, qələmə al. Nəsrin ki, imkanları daha genişdir. Sən nəinki şəkil çəkməyi, heç siqareti də düz-əməlli yandıra bilmirsən. Amma o vaxtın kişiləri çaxmağı çəkib çox mətləblərə işıq salırdılar. Böyük, işıqlı sabahlar haqqında fikirləşirdilər. Atamın  25 iyul 1999-cu ildə Sabir Rüstəmxanlıya həsr etdiyi “Çaxmağı çək” adlı şeiri yadıma düşür:

    sabirbeyyazarlarlaÇaxmağı çək!
    Çırağı yandırmamışam.
    Qaranlıq vicdanları,
    Zülmətsevər insanları
    Nura boyandırmamışam.
    Çaxmağı çək!
    Yansın ürəklərin qurdu,
    Qaradan-quradan təmizləyək
    Ana yurdu.

    Bu çaxmaq ayrı çaxmaqdır,
    Bunu kim bilməz – axmaqdır.
    Çaxmağı çək,
    Qığılcımlarından
    Dan sökülsün,
    Səhər gülsün,
    Dünyadan
    Əli üzülənlər gülsün.
    Çaxmağı çək,
    Oynamaq istəyirəm,
    Damarlarımın
    Donu açılıb,
    Qaynamaq istəyirəm.
    Çaxmağı çək!

    Oynasın qızlar-oğlanlar.
    Qaranlıq xəlvətlərdə
    Bıçaqlaşmasın
    Ağılsız dəliqanlılar.

    Çaxmağı çək!
    Qığılcımlar səpilsin
    Ulu Sabirin məzarına,
    Vətənin-xalqın
    İşıqsız rüzgarına.
    Əlacsız yürüşlərə,
    Piketlərə
    Yerlə yeksan daxmaların
    Xərabəsinə,
    Təzə məscidlərin
    Minarəsinə.

    Çaxmağı çək!
    Toy şamları yansın.
    Əhd-peyman
    Beş günlük yox,
    Ömürlük qaynaqlansın.

    Çaxmağı çək!
    Yansın
    Yalançılar,
    Böhtançılar,
    Talançılar.
    Hörümçək toru
    Zirzəmi divarında,
    Gəmi anbarında
    Yoxdu bu gün.
    Haram imarətlərin,
    Haram əzəmətlərin
    Tavanındadır.
    Haram yeyənlərin
    Vicdanındadır.
    Çaxmağı çək!
    Bünövrəsindən
    Yansın haram.
    Hörümçək torunu
    Özüm də
    Süpürüb salaram.

    Çaxmağı çək, Sabir!
    Oynasın iki şair.
    Biri cavan,
    Biri qoca,
    Biri yüksək,
    Bir uca.
    Bəlkə
    Arsızlığa
    Qoymuşam özümü?
    Çaxmağı çək!
    Qamaşdır
    Bu işlərdən
    Su içməyən gözümü.
    Düyün açılmayanda
    Kəsilər.
    Kəsilməyəndə
    Oda tutular.
    Çaxmağı çək!
    Odla açaq düyünləri.
    Nə yaxşı ki,
    Allah bizə çox görməyib
    Bu toyları, düyünləri…
    Çaxmağı çək!
    Çırağı yandırmamışam,
    Çək, Sabir!
    Çaxmağı çək!

    Yaxşı şeirdir. Çox sevdiyi, toylarda yalnız bu havanı sifariş edən  atamın “Çaxmağı çək, çırağı yandırmamışam” mahnısına verdiyi  poetik məna. Yox, əla şeirdir. Nə tərifləyirsən 17 il bundan qabaq yazılan şeiri?! Yazılıb, qiymətini də alıb. Mahir, sən özündən danış. Üç portret çəkmisən. Hələ də bir tipik obraz yarada bilmirsən ki, bilmirsən. Bəlkə elə çaxmaq şəkli çəkim. Onun da fonunda Sabir Rüstəmxanlının portretini iki yerə bölüm. Yarısı görünsün, yarısı da qaranlıqda. Çəkirəm. İşimi bitirib kənara çəkilirəm. Baxıram. Yox. Yenə də nəsə çatışmır. Bu mövzu çox işlənib. Xeyirlə Şərin mübarizəsi, İşıqlı dünya – Qaranlıq dünya və sairə, ilaxır. Bu dünyəvi  problemdir. Bu, əsrlərin problemidir. Dünya durduqca da olacaq, davam edəcək. İstəyir Qabil, Sabir Rüstəmxanlı çaxmağı çəksin, ya çəkməsin. Qaranlıqlara işıq salmaq istəsin, ya istəməsin.

    Dördüncü şəkil də belə. Yazıçılar cild-cild kitabları yan-yana düzən kimi, mən də 4-cü tablonu o birilərin yanına qoyuram.

    Axı nə çəkim, necə çəkim ki, hər baxan Sabir Rüstəmxanlını görsün.

    Yenə taxta taburetkanı altıma çəkib otururam.  Bu taburetka da çoxdanın taburetkasıdır a… Deyəsən palıd ağacındandır. Yaxşı ki, Xəlil Rza – Xəlil əmi yoxdur burda. Yoxsa çoxdan cərimə etmişdi məni rus kəlməsi işlətdiyimə görə. Elə Qabil, Sabir Rüstəmxanlı da ondan geri qalmazdılar. Bəs görəsən “taburetka” Azərbaycanca necədir? Bir lüğətə baxım.

    Nə lüğət, ay bala? 21-ci əsrdir e… Gir internetə, axtarış ver çıxacaq da… Nə? Kürsü? Yanları və söykənəcəyi olmayan stul, kətil. Mən də elə bilirdim ki, kürsü “turbina”dır. İndi mənə irad tutacaqlar ki, “Mahir, “turbina” yox, “tribuna” deyilməlidir. Amma mənim həmyaşıdlarım tribuna sözünü  Nemət Pənahlısayağı deməyə öyrəşib. O, Azadlıq meydanında çıxış edəndə bu sözü belə tələffüz edərdi.

    Mətləbdən uzaqlaşmayım. Özü də kürsünün gör nə qədər mənası var e… Heç xəbərim yox idi. Adımı da filoloq qoymuşam: Tribuna, kafedra, vəzifə, rütbə, mövqe, keçmişdə qızınmaq üçün altına manqalda və ya çalada od qoyulub, üstünə iri yorğan salınan yastı stol – kürsü qurmaq, kürsüdə qızınmaq. İdmançılar qələbə qazanadan sonra onlara mükafat təqdim olunanda, üstünə 1, 2, 3 yazılmış kürsü. Kürsülü ev.

    HAŞİYƏ: Bakı Dövlət Universitetinin 5-ci kursunu demək olar ki, bitirmişdim. Məzun sayılırdım. Yəni ki, diplomu müdafiə etmişdim, qalmışdı “elmi kommunizm”dən dövlət imtahanı. O da həll olunmuş məsələ sayılırdı. Qiymətim hazır idi. Çünki kommunizm sisteminin özünün məsələsini çoxdan həll etmişdilər. Qalmışdı fatihəsini vermək.

    O günlərdə atamı filologiya fakültəsinə görüşə çağırmışdılar. Əlbəttə ki, bir sürücü kimi onu maşınla universitetə mən gətirməliydim. Oğulluq borcumu yerinə yetirdim. Görüş keçirilən “Sovet Ədəbiyyatı” kafedrasının kabinetinə kimi onu müşayiət etdim. Özüm içəri girmədim. Dayandım dəhlizdə. Başladım pencərədən küçəyə baxmağa. Bu dəm kafedranın qapısı açıldı. Kafedra müdiri, professor, gözəl insan Cəlal Abdullayev otaqdan çıxdı.

    – Ay Mahir, burda nə edirsən?

    – Atamı gətirmişəm. Gözləyirəm ki, qurtarsın görüş, aparım evə.

    – Bəs burda niyə gözləyirsən? Keç içəri.

    – İstəmirəm. İçəri istidir. Elə burda gözləyərəm.

    Elə bunu demişdim ki, Cəlal müəllim qolumdam tutub,  görüş keçirilən auditoriyanın qapısını açıb məni saldı içəri. Axırıncı partada oturtdu. Özü də yanımda oturdu ki, aradan çıxa bilməyim. Görüş davam edirdi. Atam çıxış edir, şeir deyir, suallara cavab verirdi. Tez-tez saata baxırdım. Cəlal müəllim də oturub maraqla qulaq asırdı. Sanki atamı birinci dəfə görürdü. Sanki Qabilə birinci kərə qulaq asırdı.

    Beləcə iki saat keçdi. Görüş sona yaxınlaşanda bir tələbə oğlan əlini qaldırdı. “Mənim sözüm var” dedi. Atam da mülayimcəsinə “buyur, bala” dedi. Oğlan eləmə tənbəllik oturduğu yerdən durub, irəli kürsüyə doğru addımladı. Hirsimdən partlayırdım ki, bu hardan çıxdı ortalığa görüş başa çatan yerdə. Başımı bulayıb Cəlal müəllimə baxdım. “Sakit otur!” –  deyə narazılıqla dilləndi.  Tələbə oğlan:

    – Qabil müəllim, mənim adım Əsəddir. Mən öz yazdığım  şeiri oxumaq istəyirəm sizə.

    Turşumuş sifətimə gülüş qondu. O oğlana lap yazığım gəldi. Yəqin ki, gənc şairlərə qarşı sərt mövqeyi ilə ad çıxaran şair  Qabili yaxşı tanımırdı. Dedim ki, “Vsyo!”.  Bir-iki dənə “xoş söz” və oğlan da pərt olacaq. Ya da ki, bir bənddən sonra sözünü kəsib, “bezdarnı” deyərək  otuzduracaq yerinə. Bununla da görüş  başa çatacaq. Mənim də canım qurtaracaq. Amma atam mülayim şəkildə “buyur oxu” dedi.

    Əsəd “bu şeiri Sabir Rüstəmxanlıya həsr etmişəm” deyib  başladı nə başladı:

    Verin kürsüləri şairlərə siz

    Verin kürsüləri şairlərə siz,
    Analar fəxr etsin oğullarıyla.
    Bu xalqın qəzəbi coşqun bir dəniz,
    Göylərə ucalsın dağ vüqarıyla.

    Adı çəkiləndə ayağa qalxın,
    Qeyrət qılıncınız durmasın qında.
    Qeyrət damarıdır şair bu xalqın,
    Axır ürəklərə misralarında.

    Görünməz gözünə nə ölüm, nə qan,
    Çağlayan ilhamı sönməyəcəkdir.
    Əgər şairdirsə, haqqın yolundan,
    Soyun dabanından, dönməyəcəkdir.

    Şairdir bu xalqın əziz övladı,
    Şairdir bu xalqın gözündə didə.
    O kəsin tarixdə qalacaq adı,
    Şaha yox, millətə qoşur qəsidə.

    Şairin sözünü kəsmək günahdır,
    Dağları, daşları yıxacaq bir gün.
    Qayalar altından sızan bulaqdır,
    Özünə yol tapıb çıxacaq bir gün.

    Allahın səsidir şairin səsi,
    Göydə günəşi də söndürə bilər.
    Elə bir mehdir ki, şair nəfəsi
    Milyon qığılcımı yandıra bilər.

    Qopsa da qasırğa, günəş də sönsə,
    Şairin haqq sözü dəyişməz qalar,
    Bir xalqın başında şair dayansa,
    O yerdə ədalət göyə ucalar.

    Şair vətən ilə ağlayar, gülər,
    Qoyun qəlbimizin eşidək səsin.
    Dünyada nə əvəz eyləyə bilər,
    Şairin kürsüdən haqqı deməsin.

    Ən ağır zülmə də çökməyərək diz,
    Yalnız şair deyər sözün düzünü.
    Verin kürsüləri şairlərə siz,
    Yoxsa öz qanıyla deyər sözünü.

    Hər şeyi əlindən  alınız, barı
    Qoy sözləri salsın ürəklərdə iz.
    Alın,  sizin olsun dövləti, varı,
    Verin kürsüləri şairlərə siz.

    Əyilər zirvə də, susar dəniz də,
    Şair danışanda dinmək nahaqdır.
    Onu versəniz də, verməsəniz də,
    Yaradan şairə verib bu haqqı.

    Əsəd adlı 3-cü kurs tələbəsi şeiri sonacan əzbərdən, həyəcanla dedi. Atam onun sözünü heç yerdə kəsmədi. Bu o demək idi ki, şeir xoşuna gəlmişdi.

    – Əsəd, şeirin yaxşıdır. Amma orda bir “didə” sözü var, onu düzəlt. Çünki “didə” elə göz deməkdir. Sən isə “gözündə didə” yazmısan. Biz “göz” deyirik, farslar isə “didə” deyir.

    Atam hətta bu şeirin çap olunmasına yardım etmək istədiyini bildirsə də, Əsəd utandığından imtina etdi. Bununla da görüş bitdi. O tələbənin gələcək taleyi yəqin çox maraqlandırar sizi. O gənc indi ədəbi ictimaiyyətin  çox gözəl  tanıdığı şair, tənqidçi Əsəd Cahangir idi. (SON)

    Tapdım. Deməli “Azadlıq” meydanını çəkəcəyəm və kürsüdə Sabir Rüstəmxanlını. Yox, bəlkə Azərbaycan SSR Ali Sovetinin iclas salonunu verim? Kürsüdə də hələ deputat olmayan, amma söz deməyə artıq  haqq qazanmış 42 yaşlı Sabir Rüstəmxanlını? Arxada da Azərbaycanın o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirovu – onu kürsüdən düşürtmək istəyiylə qışqır-bağır salan yerdə. Hə belə düz çıxar.

    Sağ ol, Əsəd Cahangir. Yaxşı ki, o vaxt bu şeiri yazmışdın. Mən boyda “rəssam”ın ilhamını  tıxacdan çıxartdın.

    Şəkli çəkib başa çatdırıram.  Üç-dörd addım kənara çəkilib tabloya məmnunluqla tamaşa edirəm. “Hə. Əsl Sabir Rüstəmxanlı budur!!!!” deyə hayqırmaq istəyirəm. Amma bir an duruxuram. Bəs Əbdürrəhman Vəzirovun “malçişka” adlandırdığı, əlləriylə itələyib kürsüdən uzaqlaşdırmaq istədiyi jurnalist  Nəcəf  Nəcəfovun ruhu inciməzmi məndən? Ya da ki,  Əsəd Cahangirin “1989-cu ilin həyəcanlı yay günlərindən biri idi. Qarabağ hadisələri getdikcə qızışırdı. İndiki kimi yadımdadır, parlamentin toplantılarından birində  xalqa həqiqəti dediyi üçün, Kremldə oturan ermənipərəstləri və onların respublikadakı əlalatılarını ifşa etdiyi üçün şair Sabir Rüstəmxanlını partiyanın o vaxtkı birinci katibi Vəzirov kürsüdən düşürməyə çalışırdı. Amma o, neyləsə də, buna nail ola bilmədi. Sabir bəy  onun çığır-bağırına əhəmiyyət vermədən, təmkinini pozmadan sözünü axıracan dedi və yalnız bundan sonra kürsünü tərk etdi. Bu şeir də onda yarandı.” girişiylə təqdim etdiyi  “Verin kürsüləri şairlərə siz” şeirini oxuyandan sonra bəzi ağzıgöyçəklər  “özündən böyüyün sözünə qulaq asmır. Sabir Rüstəmxanlı ailə tərbiyəsi-zad görməyibmi?” deməzlərmi? Hər şey ola bilər.

    Amma mən bir yarıyardımlılı və ya yardımlılıların yeznəsi kimi bunu min faiz bilirəm ki,  böyüyə hörmət-ehtiram o bölgədə ailə tərbiyəsi əlifbasının “A” hərfini təşkil edir. Amma xalqın sözünü demək və heç kimdən qorxmayaraq demək Sabir Rüstəmxanlı üçün bu “A” hərfindən də irəli idi. O cümlədən Nəcəf Nəcəfov, Tofiq İsmayılov  kimi vətənpərvər ziyalılarımız üçün də…

    Bu şəkil də Sabir Rüstəmxanlıya layiq olmadı. Layiqdir e… Amma onun tam xarakterini açmır. Artıq beş tablo yaratmışam. Bəlkə Sabir Rüstəmxanlını döşündə  millət vəkili nişanı ilə çəkim. 25 il deputat olub. Yox. Yaxşısı budur dəvət edim emalatxanama, xahiş edim otursun bir-iki saat dinməzcə-kirimişcə, mən də çəkim. Fonda da bu şəkilləri düzüm. Yox əziyyət verməyim. Axı mənim müasirimdir. Tez-tez görürəm. Üzünün bütün cizgiləri yadımdadır.

    Hə. Çəkirəm. Gözəl alındı deyəsən. Şəklin adını da qoyaram “70 yaşın mübarək”.  Yəqin özünün də xoşuna gələr. Yubiley banketinə dəvət etsə, onda biləcəyəm ki, xoşu gəlib. Birdən yadından çıxartsa. 70 yaşın da bu fəsadları olmaya da…

    Amma nə deyirsiniz deyin, bu şəkildə də nəsə çatışmır. Axı nə? Axı bütün ürəyimi qoymuşam bu şəkillərə. Bilsəydim bu cür alınacaq Mahir İmamverdiyev imzasıyla rəssamlıq edib Sabir Rüstəmxanlının portretini çəkməzdim. Bəlkə də  Mahir Qabiloğlu imzalı publisist kimi gücüm çatardı onu tərənnüm etməyə. Yox axı. Hər şeyi verdim. Mən onu belə tanımışam, belə görmüşəm. Şeirlərini, əsərlərini rəsmə necə köçürüm axı? Xüsusilə də publisistikasını? O haqda onsuz da dejurnı ədəbi tənqidçilər yubiley məqalələri yazacaqlar.  Yenə yaddaşımı vərəqləməyə başlayıram.

    Hə. Yadıma düşdü.  80-ci illərin axırları idi. Atam hardansa tədbirdən qayıtmışdı. Deyirdi ki, şair Qasım Qasımzadə ilə yanaşı oturmuşduq. Söz Sabirə verildi. O da başladı danışmağa. Biz də, məclisdə olan digər tanınmış, görkəmli ziyalılar da diqqətlə, maraqla qulaq asırdıq. Bu dəm Qasım Qasımzadə başını mənə tərəf əyib  “Qabil, Sabir artıq yetişib” – dedi.

    Hə tapdım səhvimi. Yox,  bu mənim səhvim deyil. Bu, bütövlükdə rəngkarlıq sənətinin problemidir. Rəssamlar fırçanın gücüylə hər şeyi ifadə edə bilirlər. Gözü, qaşı, saçı, alnı, burunu, dodağı, qulağı, sifətin rəngini, dişləri də. Hətta gözün giləsinə düşən xırdaca əksi də. Bircə dildən və ürəkdən  başqa.

    Bunlar  elə bir bədən üzvləridir ki, yaranandan qəfəsə salınıblar. Ürək köksün qəfəsindədir. Bəzən qəfəsdən çıxmaq istəyir. Amma bacarmır. Məcbur edir dili ki, mən deyəni de. Dil danışmaq istəyəndə qarşısına dişlər çəpər çəkir. Dişlərdən qurtulandan sonra isə dodaqlar kilidlənir. Danışmayanda  isə ürəyin partlayır. Bəzən dil dişin də, dodağın da  müqavimətini qırıb eşiyə çıxır. Hər şeyi ortaya qoyur. Alqışlanır. Mükafatlanır. Bəzən isə dilin dediyi qəbul olunmur. Bıçağı götürüb yerli-dibli kəsirlər. Bir də dodaq və diş sərhədindən kənara çıxa bilmir. Lap istəsə belə.  Sadəcə çıxa bilmir.

    Dil elə bədən üzvüdür ki, o, görünmür. Maşınına, paltarına, xarici görünüşünə görə səni qarşılayırlar, ağlına görə yola salırlar. Başında, ürəyində olanları isə dil təqdim edir. Sabiri Sabir Rüstəmxanlı edən də bu ürək, bu dil olub. O dil, o ürək ki, heç bir rəssam onu çəkə, təsvir edə bilməz.

    Yox! Nahaq təslim oluram.  Qoy atamın yaradıcılığına müraciət edim. Bəlkə nəsə bir ipucu tapdım?!  Deyəsən tapmışam. Bu şeiri heç görməmişdim. Demə atam Sabir əminin 60 illik yubileyində –  27 may 2006-cı ildə ona şeir həsr edib.

    QABİL

    SABİR  RÜSTƏMXANLI  DANIŞIR

    Danışır altmış yaşının bayramında,
    Danışır altmış yaşının tamamında.
    Danışır Yardımlıdan, Hamarkənddən,
    Neçə ölkədən, qitədən, neçə sərhəddən,
    Danışır Türk dünyasının vəhdətindən,
    Bu vəhdətin Azərbaycan qismətindən.
    Danışır Səttar xandan,
    Bağır xandan, Şeyx Məhəmməddən.
    Deyir Təbriz,  Zəncan əhli
    Çıxıbdır səddən.
    Danışır döyüşçü əsgər atasından,
    Yardımlıda əkinçi-rəncbər atasından.
    Danışır fil qulağında yatmağımızdan,
    Qüsur içində, kəsir içində batmağımızdan.
    Danışır namusdan, qeyrətdən, ardan,
    Danışır bəhsə-bəhs tikilən haram villalardan…
    Danışır yurda uzanan qara əllərdən,
    Nakişi işlərdən, bəd əməllərdən.
    Danışır qurğu ilə, fitva ilə
    Bir-birimizdən uzaqlaşıb aralanmağımızdan.
    Parçalanıb paralanmağımızdan.
    Danışır birliyimizin pozulmasından.
    Ayağımızın altının qazılmasından.
    Danışır milli şüuru kütləşdirəndən,
    Lütü əyan libasında bütləşdirəndən,
    Danışır bağlanan kitabxanalardan,
    Açılan kababxanalardan…
    Danışır Bakının əhli-kef camaatından,
    Qaçqının-köçkünün düşərgə həyatından.
    Danışır torpağın döyüşsüz işğalından,
    Pulgirin, əlbirin, dilbirin pozulmayan halından.
    Danışır millətin kütləvi rəqsindən,
    Kitab yazmağın, şeir yazmağın
    Gülünc bəhsə-bəhsindən.
    Danışır Cavad xanın
    Köməksiz hünərindən.
    Məğlubiyyət sayılmayan zəfərindən.
    Danışır dəyirman gödəndən, iştahdan,
    Əttökən, həyasız tamahdan.
    Danışır heç nədən gözləri doymayan,
    Xalq üçün bir daşı daş üstə qoymayan,
    Varidat sahibi, barigah sahibi harından.
    Danışır çəkişməkdən, ilişməkdən,
    Badalaqdan, didişməkdən.
    Danışır hər gün ala-çiy kabab çeynəyən,
    İçib, əlüstü soğan iyləyən,
    Başqa heç nə bilməyən,
    Əlindən heç nə gəlməyən həşəratları
    Yuyub aparan seldən,
    Can qurtaran seldən.
    Danışır “Quran”dan, ayədən,
    Məsləkdən, qayədən.
    Danışır Nəsimidən,
    Füzulidən, Sabirdən.
    Başqa cür batindən,
    Başqa cür zahirdən.
    Danışır həqiqətin
    Abü havasından,
    Böyüyün-kiçiyin
    “Mənəm-mənəm” iddiasından.
    Danışır meydan dastanından.
    Alnındakı sarğının
    Hələ də qurumayan qanından.
    Deyir ki, bu sarğı
    Kiçicik cəsarət bayrağım;
    Vətənin yolunda can qurban eyləyən,
    Şəhidlər önündə xəcalət bayrağım.
    Sabir üzünü tutur zala,
    Danışa-danışa
    Məşələ dönür az qala.
    Az qala ehtirasdan,
    Qəzəbdən,
    Milləti silkələyən
    Tələbdən lap
    Vulkana dönür.
    Dinlədikcə gedirəm xəyala;
    Natiq nəzərimdə
    Neçə məşhur natiqə,
    Neçə məşhur insana dönür,
    Danışır…
    Danışır coşğun-coşğun,
    Danışır daşqın-daşqın.
    Ürəyi açıq,
    Alnı açıq,
    Üzü ağ,
    Vətəndaş vicdanlı
    Sabir Rüstəmxanlı!

    Yox. Yenə tapmadım. Sadəcə, gəldiyim nəticənin təsdiqini tapdım: “Sabir Rüstəmxanlının portretini çəkmək mümkünsüzdür!”. Çünki ürəyi və dili təsvir etmək heç bir rəssama nəsib olmayıb.  Sabir Rüstəmxanlı ürəyindəkini dilinə gətirib hər şeyi açıqlığı ilə deyən CƏSARƏTLİ, VƏTƏNPƏRVƏR BİR AZƏRBAYCAN ÖVLADIDIR!

    Rəssamlıq debütüm də beləcə uğursuzluğa düçar oldu. Gərək elə əvvəldən nəsrə müraciət edəydim.

    SON

    Mən ŞAİR Sabir Rüstəmxanlıyla yaşıdam. Özü də bir ildənik. Sonra bunu ironiya kimi qiymətləndirməsinlər deyə xırdalayım: ikimiz də 60-cı illər nəsliyik. Mən 1966-cı ildə dünyaya gəlmişəm, o isə  ədəbiyyata. İkimizin də bu il 50 yaşı tamam olur.

    Amma Sabir əmi 70-i haqlayır. Yazıb-yaradır. Oxuyur, qiymətləndirir. Eqoistlikdən, paxıllıqdan uzaqdır. Yaradıcılıq yollarında uğurla addımlayanları qiymətləndirməyi bacarır. Bunu sadəcə demir… yazır və çap elətdirir. Hamıya car çəkir. Çünki gözəl bilir ki, ədəbiyyat sanki böyük bir ağacdır. Aşağı budaqları qalın və şaxəlidir. Yuxarı budaqlara, pöhrələrə də qida, su aşağı budaqlardan keçir. Qidalandırmasalar, məhv ola bilərlər. Nəticədə də ağac boy atmaz, sadəcə eninə verər.

    70 yaşlı Sabir Rüstəmxanlı haqqında çox yaza bilərəm. Bu dəfə onun həyat və yaradıcılığına bir  rəssam gözüylə nəzər saldım. Qarşıda isə neçə-neçə illər var. Yubileylər də ki, nə qədər… 75, 80, 85, 90, 95, 100… Sabaha da bir şey saxlamalıyam, ya yox?  Amma indidən 100 illik yubileylə bağlı yazımın son misralarını sizinlə bölüşə bilərəm. Bu, atamın rübaisidir. Əslində Mirzə Ələkbər Sabirə həsr edib.

    Sabir köhnəliyin vəlvələsiydi,
    Milli idrakımın zəlzələsiydi
    Vətən fəxr etsə də şairləriylə,
    Sabir təkbaşına xalqın bəsiydi.

    Elə Sabir Rüstəmxanlı da məhz belədir!