Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov həbs edilib

    nesimiqafarov1Atası güman edir ki, o, Elmira Süleymanovanın səfəri ilə bağlı məlumatları mətbuata ötürdüyü üçün saxlanılıb

    VHP-nin Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov 15 sutkalıq həbs edilib. Bu barədə Meydan TV-yə 23 yaşlı gəncin atası Elşad Qafarov məlumat verib. O bildirib ki, oğlu 14 iyunda, təxminən gecə 12 radələrində maşını ilə birlikdə polis şöbəsinə aparılıb. Valideyn şöbədə ona işgəncə verildiyini deyir: “Bir nəfər hal şahidi çağırıblar ki, oğlumun üzünə dursun, o da bizə tanış adam çıxıb. Bizə gəlib dedi ki, Nəsiminin burnundan qan gəlirdi. Oğlum məhkəmədə də deyib ki, polislər onu saxlayanda və şöbədə işgəncələr veriblər”. Valideyn deyir ki, oğlu polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunur. “Daşkəsən polis şöbəsinin rəis müavini Zəfər müəllim dedi ki, oğlun mənim maşınımı ötüb keçməyə çalışırdı, ona görə saxlanılıb”.

    E. Qafarov oğlunun həbsinə səbəb kimi onun ombudsman Elmira Süleymanovanın bu yaxınlarda Daşkəsənə səfəri zamanı icra hakimiyyətinin nümayəndələrinin şikayətçiləri içəri buraxmaması ilə bağlı məlumatı mətbuata ötürməsini göstərir. N. Qafarovun maşını hələ də polis şöbəsinin həyətində saxlanılır. Nəsimi Qafarov idman müəllimi işləyir.

    Gəncin üzv olduğu Vətəndaş Həmrəyliyi Partiyası təşkilat sədrinin dərhal azad edilməsini tələb edir : “VHP olayı kəskin şəkildə pisləyir və təcili şəkildə bu özbaşnalığı dayandırmağı və Nəsimi Qafarovun azad edilməsini tələb edir”.

    Daşkəsən rayon Polis İdarəsindən Meydan TV-yə bildiriblər ki, saxlanılan heç bir vətəndaş haqqında məluamt verməyə ixtiyarları yoxdur: “Bunun üçün DİN-in mətbuat üzrə nümayəndəsi var, ora müraciət edin”.

    Meydan.Tv

     

    ətəndaş Həmrəyliyi Pariyasının Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov saxlanıb.

    Bu haqda partiya sədrinin müavini Samir Əsədli bilgi yayıb.

    S.Əsədli partiya təmsilçisinin saxlanmasının ombudsman Elmira Süleymanovanın Daşkəsən rayonuna səfəri ilə bağlı olduğunu güman edib

    “Ötən həftə ombudsman Daşkəsənə səfər etmişdi. O zaman icra hakimiyyətinin nümayəndələri E.Süleymanova ilə görüşmək istəyən vətəndaşları aldadaraq, bir otağa yığmış, görüşə imkan verməmişdi. Nəsimi Qafarov isə buna öz etirazını bildirdirərək şikayətçilərin görüşə buraxılmasını tələb etmişdi. O məsələni mətbuata da çıxarmışdı”, S.Əsədli deyib.

    Sədr müvinin bildirdiyinə görə, iyunun 14-də gecə polis şöbəsinin əməkdaşları N.Qafarovu saxlayıblar.

    “Onun barəsində saxta iltizam işi açıblar. Məhkəməyə çıxarılan N.Qafarova guya rayon polis şöbəsi rəisinin avtomobilini təhlükəli şəkildə ötdüyü iddiası ilə 15 sutka inzibati həbs cəzası verilib. Nəsimi Qafarov polisdə fiziki işgəncələrə məruz qalıb, onu döyüblər. Maşını da əlindən alınıb və geri qaytarılmır”.

    Azadlıq Radiosu

  • VHP Məhəmməd Hatəminin vəfatı ilə bağlı nekroloq yaydı

    Vətəndaş Həmrəyliyi Partiyası milli azadlıq hərəkatının ən aktiv iştirakçılarından olan Məhəmməd Hatəmi Tantəkinin vəfatı ilə bağlı nekroloq yayıb.

    VHP mətbuat xidmətindən mediaya göndərilən nekroloqda deyilir:

    “Azərbaycanın milli azadlıq hərəkatının fəallarından olan, ömrünü ölkəmizin müstəqilliyi yolunda mübarizəyə həsr edən Məhəmməd Hatəmi Tantəkinin vəfatı bizi dərindən kədərləndirir.

    Məhəmməd Hatəmi hələ 60-ci illərdən, milli şüurun oyanması istiqamətində ziyalıların apardığı gizli təbliğatın öncüllərindən olmuşdu. Hatəmi bircə dəfə də yolundan dönmədi, heç bir siyasi təzyiqdən çəkinmədi və inandığı, arzuladığı ideallarına doğru getdi.

    1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatında isə Hatəmi artıq öndə idi. Həmin dövrdə Məhəmməd Hatəmi sinninin ahıl çağına yaxınlaşmışdı və Elmlər Akademiyasında çalışırdı. Buna baxmayaraq, hərəkatın ilk günlərindən, mitinqlər zamanı rus əsgərlərinin təzyiqlərinin qarşısında gənclərlə birgə sinə gərirdi.

    Məhəmməd Hatəmi səmimi vətəndaş, bu azadlıq mübarizəsindən şəxsi mənfəət olaraq heç nə ummayan mücahid idi. Azərbaycan müstəqilliyə qovuşandan, ölkənin başı üzərindən parçalanma təhlükəsi ötəndən, siyasi stabillik yaranandan sonra Məhəmməd Hatəmi də kənara çəkildi, Bakı bağlarında kimlər üçünsə bağbanlıq etməklə ömrünü davam etdirdi. Heç vaxt da narazılıq etmədi, əlinin zəhməti ilə dolanmağı hər şeydən üstün tutdu.

    Məhəmməd Hatəmi arzusunun bir hissəsinə çatdı – Azərbaycanın müstəqilliyini gördü. Ancaq onun əsas ideyası, məfkurəsi Bütöv Azərbaycanda yaşamaq, Güneyin azadlığını görmək, qüdrətli və bütöv Azərbaycanın vətəndaşı olmaq idi. Bu arzularının dünyanın indiki nizamında, bu zamanda reallaşmasının hələ çox tez olduğunu bilirdi və buna görə də siyasi-ictimai mühitdən kənarlaşmışdı. Ancaq bu arzuları və xəyallarından bir an da olsun imtina etməmişdi və söhbətlərinin mövzusu Bütöv Azərbaycan idi.

    Məhəmməd Hatəmi “qabığı ağacı qoruduğu kimi, dövlət də milləti qoruyur, şükür ki, millətimiz qorunur” deyirdi, ancaq hər zaman da sözünü 40 milyonluq Güneyli soydaşlarımızın pozulan hüquqlarının üzərinə gətirib, onların da qorunmaq haqqının olduğunu bildirirdi. Bu baxımdan Məhəmməd Hatəmi mübarizəsinin bəhrəsini görən, müstəqil Azərbaycanda yaşamaq haqqı qazanan xoşbəxt ziyalı, digər tərəfdən isə arzularına yetməyən, ideallarına qovuşmayan həsrətli insan kimi dünyadan köçdü.

    Bu mübariz, ruhunda Böyük Azərbaycanı yaşadan və milli ideallar uğrunda özünü fəda edən ziyalının vəfatı münasibəti ilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, böyük ziyalımıza Allahdan rəhmət diləyirik”.

  • Sabir Rüstəmxanlı: ‘Qanun’dakı ‘bomba’ millətin ictimai fikrini işıqlandıran əsərlərdir’

    Xalq yazıçısı qardaşının nəşriyyatındakı axtarışdan danışdı: “Bu olay İlqar Məmmədova, yaxud Əövsət Əliyevə görədirsə…”

    Xəbər verdiyimiz kimi, iyunun 11-də Bakı şəhər Baş Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra “Qanun” nəşriyyatının binasına girib. Polislər binada bomba olması ilə bağlı məlumat aldıqlarını bildirərək, nəşriyyatın binasını axtarıblar. Təhqiqat aparmaq adı ilə bəzi çap məhsullarını, qəlibləri götürüblər, bəzi çap məhsulları müsadirə olunub. İyunun 12-də də axtarış davam etdirilib. Polis “Qanun”un binasını nəzarətə götürüb. Axşam saatlarında isə axtarış başa çatıb. Axtarış nəticəsində hər hansı şübhəli əşya aşkarlanmayıb.

    Lakin hadisə mediada birmənalı qiymətləndirilməyib. Əksəriyyət, “bomba”nın bir bəhanə olduğuna və bu axtarışın “Qanun” nəşriyyatına qarşı təzyiqin ifadəsi olduğuna inanır.

    “Yeni Müsavat” qəzeti olaraq, hadisə zamanı nəşriyyatın binasına gəlib qardaşına dəstəyini nümayiş etdirən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının məsələyə münasibətini öyrənməyə çalışdıq.

    “Kitab arasında bomba olmaz…”

    Sabir Rüstəmxanlı kitab vərəqləri arasında bomba axtarışının, həm də bunun sıravi polis əməkdaşları tərəfindən həyata keçirilməsinin absurd olduğunu, əsl məqsədin fərqli olduğunu bildirdi: “Mən dünən də mətbuata açıqlama verərkən demişdim ki, yəqin ortada böyük bir anlaşılmazlıq var. Çünki orada niyyət nə meyit axtarmaq idi, nə də bomba. Amma hər halda gərək polis əməkdaşları bu məsələdə qanunlar çərçivəsində hərəkət eləsinlər. İndiki halda bu hadisənin izahı bir qədər çətindir. Öncə zəng vurub məlumat veriblər ki, guya sizin mətbəədə meyit var. Bu nə deməkdir? Kim məlumat verib, haradan zəng vurublar? Ümumiyyətlə zəng vurublarmı, yoxsa hu bir bəhanədir – bu sualların cavabı yoxdur. Sonra axtarış səbəbi dəyişdirilir ki, guya mətbəədə bomba olması barədə məlumat daxil olub. Bu da iş qurtarandan sonra elan edilir. İş vaxtı hər kəs iş yerində olanda gəlib yoxlamalı idilər ki, orada bomba varmı, yoxmu. Əgər bomba qoyulubsa, oraya bombanı zərərsizləşdirən insanlar gətirilməli idi, onlar axtarmalı idilər. Sıravi polis əməkdaşları qapını açıb içəri girirlərsə, həqiqətən bomba var idisə, o bomba partlaya bilərdi, onların hamısı ölə bilərdi. Bunu da eləmirlər. Sonra binanı bir sutka mühasirədə saxlayırlar, işçiləri içəri buraxmırlar, açarı əllərindən alırlar. Daha sonra mən də işə qarışdım, oradakı yoldaşlara müraciət elədim ki, əgər yoxlamaq istəyirsinizsə, yoxlayın, işçiləri niyə binaya daxil olmağa qoymursunuz. Sonra içəri girib yoxlama apardılar. Yoxlama prosesi də maraqlı idi ki, kitabları vərəqləyirdilər, kağızları, əl yazmalarını o üz-bu üz çevirib baxırdılar. Masaların altındakı kiçik siyirmələri çəkib baxırdılar. Bunların heç birində bomba ola bilməzdi. Kitab arasında bomba olmaz”.

    “Qanun”a təşəkkür etmək əvəzinə…”

    S.Rüstəmxanlı Azərbaycan hökumətinin “Qanun”a təşəkkür borcu olduğunu vurğulayaraq, vaxtaşırı təkrarlanan bu cür axtarış tədbirlərinin nəşriyyatın işinə ziyan vurduğunu bildirdi: “Qanun” nəşriyyatı 14 ildir Azərbaycanda ən böyük hüquq jurnalı olan “Qanun” jurnalını buraxır. Azərbaycanda hüquq mədəniyyətini yüksəltmək üçün, qanunlarımızı təbliğ etmək üçün çalışır. “Qanun”un bu sahədə misilsiz xidməti var. Lakin heç kim – nə qanunverici orqanımız olan Milli Məclis, nə də rəsmi dairələr buna görə “Qanun” jurnalına bir təşəkkür belə etməyiblər. Elə bir mətbuat orqanı yoxdur ki, həm jurnal buraxır, həm də qanunlar həmin jurnalda çap olunur. Bütün rəsmilərin kitabxanalarında “Qanun” jurnalı yer alır. Əslində dövlət buna vəsait ayırmalıdır. Vəsait isə müəyyən adamlar üçün ayrılıb ki, “Qanun”un gördüyü işi görsünlər, jurnal çıxarsınlar, lakin heç biri o işi görə bilməyib. Ancaq bu çap evi dövlətdən heç nə almadan bu işi görüb. Buna təşəkkür etməkdənsə, əksinə, hər iki-üç ildən bir bəhanə tapıb, ya vergi müfəttişləri, ya polis əməkdaşları vasitəsilə bu nəşriyyatın işçini pozmağa çalışırlar. İndi nəşriyyat yerli ədəbiyyatdan az çap edir. Əsasən xarici ədəbiyyat nümunələrinə buraxır. Klassik ədəbiyyatın ən nadir inciləri, indiyə kimi Azərbaycan dilində olmayan əsərlər, dünya filosoflarının, ictimai-siyasi xadimlərinin əsərləri “Qanun”da dilimizə çevrilir, çap olunur. Bu bir QHT və ya dövlət təşkilatı deyil, bu bir özəl qurumdur. Ancaq millətə, milli işə bu qədər xidmət göstərir. Buna görə onlara təşəkkür düşür. Dünyanın ən böyük kitab sərgilərində “Qanun” ölkənin ən tanınan və fəal nəşriyyatlarından biri kimi iştirak edir. Lakin bu heç kimi maraqlandırmır”.

    “O bomba klassiklərin əsərləridir”

    Xalq şairi qeyd etdi ki, sözü gedən çap evində heç bir qadağan olunmuş kitabın çapından söhbət gedə bilməz: “Nəşriyyat müəyyən sayda insanların iş yeridir. Onlar orada işləyirlər, gənc adamlardır, çörəkpulu qazanırlar. Bu da ümumi işə xeyirdir. Lakin bunların heç biri nəzərə alınmır. Gəlib deyirlər ki, nəşriyyatda bomba var. Nəşriyyatda bomba nə gəzir? Polis bomba axtarmaqdansa, kitabları vərəqləyir. Görünür axtarışın səbəbi bomba deyil. Mən dünən getdim və dedim ki, sizi maraqlandıran bir kitab və ya vərəqə varsa, onu deyin. Hər halda bu nəşriyyatın başı daşdan-daşa dəyib, ona görə də, prezidentin sərəncamı ilə çapı qadağan olunmuş bir vərəq də burada çap oluna bilməz. Qadağan olunmamış ədəbiyyat çap olunursa bu artıq hansısa məmurun istəyindən asılı deyil. Bu dövlətin apardığı ümumi siyasət çərçivəsində həyata keçirilir və ona heç kim mane ola bilməz.
    Mən bu barədə fikirlərimi mətbuata da dedim ki, əgər kitabların içində bomba axtarırlarsa, o bomba klassiklərin əsərləridir, o bomba Azərbaycan ədəbiyyatının ən nəhəng simalarının kitablarıdır, o bomba millətin ictimai fikrini işıqlandıran bədii nəşrlərdir. Bunu bomba sayırlarsa, gəlib axtarsınlar”.

    Axtarışda İlqar Məmmədov faktoru…

    Axtarışın “Qanun” nəşriyyatında İlqar Məmmədovla bağlı vərəqələrin çap olunması ilə bağlı olmasına gəlincə, S.Rüstəmxanlı bunu əsassız səbəb adlandırdı: “Mən axtarışın nə ilə bağlı olduğunu dəqiq bilmirəm. Ancaq nəzərə alsaq ki, hər gün “Azadlıq” qəzeti və başqa qəzetlər İlqar Məmmədovun şəklini çap edir. Bu qəzetlər isə Prezident Aparatına məxsus “Azərbaycan” nəşriyyatından çap olunur. O zaman nəyə görə, həmin bombanı “Azadlıq” qəzetində və ya “Azərbaycan” nəşriyyatında axtarmırlar.

    Səbəb Əlövsət Əliyevdirmi?

    Əlövsət Əliyev faktoruna gəlincə müsahibim etiraf etdi ki, qardaşına görə, bütün ailəyə dolayı yolla narahatlıq yaradılır: “Əlövsətin işinə yanaşmanın özü də anormal bir yanaşmadır. Əlövsət hüquq müdafiəçisidir, miqrasiya işi ilə məşğuldur. Ona kimsə müraciət edib ki, mənim ölkədən getməyimə necə yardım edə bilərsiniz, mənə hansı sənədlər lazımdır. Əlövsət də deyib ki, hüquqi baxımdan filan işlər görülməlidir. Əlbəttə, bu tanınmış bir ailə olduğuna görə, kömək etməyə bilərdi. Lakin o, zəng vurub, bu adamı axtarıb, desin ki, həyat yoldaşınla bağlı belə bir vəziyyət var. Calaşdırmayıblar, danışa bilməyib. Bu telefon qeydləri indi də qalır. Ondan sonra məcbur olub, deyib ki, bu sənədlər lazımdır.

    Ondan başqa, Əlövsət heç bir kömək etməyib. O da gördüyü işin mahiyyəti ilə bağlı olan məsələdir. indi o adamı xaricə getməyə məcbur edənlər qalıb, ailənin öz problemləri qalıb, gedən qalıb, sənədləri düzəldənlər qalıb, Əlövsət hədəfə çıxarılıb. Əlövsət bir kənara, dolayı yolla bu məsələnin hamımıza təsiri var. Bunu da mən anormal hesab edirəm. Düzdür, heç kim toxunulmaz deyil və bizim də günahımız varsa, cəzamızı çəkməyə hazırıq. Amma eyni zamanda biz bir ailə olaraq, bütün ömrümüzü bu dövlətin inkişafına, bu millətin azadlığa çıxmasına sərf eləmiş adamlarıq. Heç bir vəzifə daşımadan qara fəhləliyini eləmiş adamlarıq. Mən təkcə özümü demirəm, ailə böyükdür, ailə təkcə məndən ibarət deyil. Bunun müqabilində hər hansı səhv olubsa belə, onu bu qədər şişirtməyə, ölkə səviyyəsinə qaldırıb bu cür münasibət göstərməyə dəyməz. Əlövsət Ukraynaya gəlmişdi, Ukraynadan müəyyən sənədlər tələb etmişdilər. Bir gündə Azərbaycandan 60-70 səhifəlik sənəd tərcümə edib göndərmişdilər, buradan Ukraynaya adamlar gedib, bütün qüvvələr sərf olunub ki, bu adam Azərbaycana ötürülsün. Ancaq hər halda orada ədalətli məhkəmə var, bir neçə dəfə məhkəmə oldu. Ukrayna məhkəməsi qərar çıxartdı ki, bu adam Azərbaycana qaytarıla bilməz. Çünki irəli sürülən dəlillər onun Azərbaycana qaytarılması üçün əsassızdır. Ukraynadan Azərbaycana qurultaya gələn adamlardan da soruşurdular ki, siz kömək etmisiniz. Sorğu-sual aparırlar ki, Əlövsətə orada kim kömək edib. Ancaq Əlövsətə Ukrayna qanunları kömək edib. Nə yaxşı ki, o qanunları sorğu-suala çəkmək mümkün deyil”.

    Nərgiz LİFTİYEVA
    Musavat.com

  • Şahbaz Xuduoğlu: “Burda qərəzli bir niyyət görünür”

    “Bilirik ki, polislər bəzi hallarda istəsələr siqaret çəkməyən adamın cibindən narkotika da tapa bilirlər.”

    İyunun 11-də polis “Qanun” nəşriyyatının binasına daxil olmağa çalışıb. Buna səbəb kimi ofisə bomba qoyulması haqda “102” xidmətinə məlumat daxil olduğunu göstərib. Hazırda Bakıda olmayan nəşriyyatın direktoru Şahbaz Xuduoğlu AzadlıqRadiosununOxuzalına telefonla müsahibəsində bunları dedi:

    – Şahbaz bəy, sizə əvvəlcədən xəbər etmişdilərmi ki, ofisinizdə bomba var, ora gəlməlisiniz?

    – Xeyr, mənə polis tərəfindən heç bir məlumat verilməyib.

    – Ancaq hadisənin bilavasitə şahidləri sosial şəbəkədə yazırlar ki, baxmayaraq ki, içəridə bomba olduğu deyilir, amma polis heç bir müdaxilə etmir, durub sizi gözləyir.

    – Əslində, əgər bir binada bomba varsa, onun zərərsizləşdirilməsində bir təşkilat iştirak etmir, bir neçə təşkilat işləyir. Məsəlçün, Fövqəladə Hallar Nazirliyi olmalıydı. Amma bizə hər-hansı qurumdan müraciət gəlməyib. Hal-hazırda da bina mühasirədədir, amma içəri girilməyib.

    – Siz bu gün bəyan etmisiniz ki, əgər içəridə silah-sursat tapılsa, “Qanun” nəşriyyatı buna cavabdeh deyil. Bilirik ki, “Qanun” nəşriyyatı əvvəl də hədəfdə olub. Sizcə, orda nə axtarırlar?

     

    – Bəlkə də bu mənim hadisədən xəbər tutan kimi yazdığım emosional statusdur. Əgər bir nəşriyyata on beş nəfərlik dəstənin gəlməsi, binanı mühasirəyə alması və sonra direktora xəbər verilməsi ki, anonim zəng əsasında bura gəlmişik, bütün bunlar şübhəlidir. Çünki mən özüm də 102 xidmətinə zəng vurdum, mənə dedilər ki, bizə “Qanun” nəşriyyatı haqda belə bir anonim zəng gəlməyib. Bu hadisələr göstərir ki, o polislər ya ünvanı səhv salıblar, bəlkə də “Qanun” nəşriyyatına gəlməməlydilər, ya da hansısa məxvi bir məlumat var, o məlumat bomba deyil, başqa şey haqqındadır. Hər-halda biz ancaq kitab istehsal edirik, başqa bir işimiz yoxdur. İstənilən halda burda qərəzli bir niyyət görünür. Bilirik ki, polislər bəzi hallarda istəsələr siqaret çəkməyən adamın cibindən narkotika da tapa bilirlər.

    – Şahbaz bəy, hal-hazırda orda vəziyyət necədir, siz hadisə yerindəsinizmi?

    – İndi polislər binanı mühasirəyə götürüb, kənar şəxslərin içəri daxil olmasına icazə vermir. Yəqin ki, hansısa bir əmr gözləyirlər. Bu gün şənbə günü olduğu üçün, yəni iş günü olmadığı üçün mən ora getməmişdim.

  • Vətənə, millətə bağlı şair ömrü

    Yaradıcı insanın taleyində istedad, cəsarət və müdriklik çox böyük rol oynayır. Amma bu yaradıcılıq atributlarının üçünün də bir adamda cəmləşməsi hər kəsə nəsib olmur. Ən azı ona görə ki, istedad və cəsarət Tanrı payı olsa da, müdrikliyi insan özü qazanır.

    Sabir Rüstəmxanlıya Tanrı  istedad və cəsarət verdi, müdrikliyi də özü qazandı. Bu fikri ona görə cəsarətlə deyə bilirəm ki, biz Azərbaycan Dövlət Universitetində Sabirlə tələbəlik illərini bir yerdə keçirmişik. O zaman indiki universitetlərin hamısına “institut” deyirdilər və Azərbaycan Dövlət Universiteti “universitet” statuslu yeganə təhsil müəssisəsi idi. Bu yeganə universtetin o zaman dörd binadan ibarət möhtəşəm tələbə yataqxanası vardı və bizim həyatımızın ən maraqlı mərhələsi o yataqxanalarda keçdi.

    Onda Sabir universitetin Filologiya fakültəsində çox istedadlı bir filoloq və çox istedadlı bir şairlik vəd edən, elə bunlara görə də sayılıb-seçilən bir tələbə idi. Bu Sabir az qala hər həftə artıq ədəbi aləmdə yaradıcılığı ilə qəbul olunmuş azman şair və yazıçıları elə o yataqxananın özündəcə tələbələrlə görüşə dəvət edirdi. Yataqxanın 1-ci mərtəbəsində “Qırmızı guşə” deyilən salonabənzər bir yerdə keçirilən o görüşlər təkcə humanitar fakültələrin deyil, elə texniki fakültələrin də tələbələrini ədəbi dünya ilə, bədii düşüncə ilə tanış edirdi…

    Sabir universiteti bitirər-bitirməz  ədəbi aləmdə, mətbuat və oxucu aləmində tamamilə yeni düşüncəli bir şair kimi tanınmışdı. Maşallah olsun, Sabir çox sürətlə ədəbiyyata, poeziyaya gəldi və ictimai rəydə, ən uca kürsülərdə göründü. Onu fərqləndirən  istedadı, cəsarəti və müdrikliyi oldu. Sabirin  poeziyasındakı milli ruha hakimliyi, millət, Azərbaycan taleyinə bağlılığı, Vətən sevgisi, Azərbaycan dilinin təmizliyi uğrunda mübarizəsi və sair keyfiyyətləri onu oxuculara sevdirdi…

    …Azərbaycan yazıçılarının qurultayı idi. Məruzələr, çıxışlar gedirdi. Qurultaya sədrlik edən Heydər Əliyev – o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – lap cavan bir şairə – Sabir Rüstəmxanlıya söz verdi. Sabir alovlu çıxışında üzünü sədrə – Heydər Əliyevə çevirdi:

    – Yoldaş Əliyev – dedi (o vaxtlar “yoldaş” sözü Sovet ideologiyasının aparıcı atributu idi), – biz bu şəhərdə müxtəlif müəssisələrdə, fabrik-zavodlarda camaatla görüşlərə gedirik. Lakin getdiyimiz o yerlərdə divarlara vurulmuş ünvan lövhələrində, şüar və plakatlarda, rəhbərlərin iclas nitqlərində Azərbaycan dilində heç nə görmürük. Bizə elə gəlir ki, bu məsələyə şəxsən Siz özünüz qarışmasanız, vəziyyət beləcə davam edəcək…

    Əlbəttə, sovetlərin milli atributlara qısqanclıqla yanaşdığı bir vaxtda bu cəsarəti Sabir Rüstəmxanlıya verən bundan əvvəlki qurultayda Heydər Əliyevin indiyəqədərki ənənəni qıraraq özünün məruzəsini Azərbaycanca etməsi, bütövlükdə bu rəhbər insanın Sovet ideoloji kanonlarını aşaraq milli dəyərlərimizə sahib çıxması, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi salınmasına nail olması vermişdi. Milli dəyərlərimizə bu cür xidmətlər göstərmiş bir dövlət rəhbəri qarşısında indi milli problem də qaldırmaq olardı. Lakin belə bir fikri dilə gətirməkdə bəlkə də başqaları yenə də çətinlik çəkərdi. Heydər Əliyev – sədr bu cavan şairin sözlərinə axıradək diqqətlə qulaq asdı və Azərbaycan dilinə ögey münasibətdən çox narahat olduğunu bildirdi. Elə buradaca qeyd edim ki, qurultaydakı bu söhbətdən sonra Heydər Əliyevin göstərişi ilə lövhələr, şüarlar, plakatlar azərbaycancalaşmağa başladı.

    Sabir Rüstəmxanlı poeziyası möhtəşəm bir vətəndaşlıq yaradıcılığıdır. Bunu hamı bilir. Onun şeirlərinin çox böyük faizində Vətən və millət tematikası ön plandadır. Sabir Rüstəmxanlıda bu tematika həm də ona görə maraqlıdır ki, bu poeziyanın ən məhsuldar və ən kəskin milli iddialar dövrü ağır Sovet senzurası çağına düşdü. Bəlkə onun bu cəsarətli şeirləri senzuranı həm də ona görə keçə bilirdi ki, o əsərlərdə poetik ustalıqla estetik ideya mükəmməl bir vəhdət təşkil edirdi… Sonra  Sabir Rüstəmxanlı “Ömür kitabı” kimi şair və vətəndaş ömrünün mənasını ifadə edən bir əsər qoydu ortaya… Sonra Azərbaycanın tarixi şəxsiyyətləri ətrafında düşüncələrini çeşidli əsərlərə çevirdi. Bunların hamısının əsasında ciddi və səmimi bir millət sevgisi, vətəndaşlıq qayğıları var. Amma mən bu anda Sabirin ictimai fəaliyyətindəki vətəndaşlığından misallar gətirmək istəyirəm. Azərbaycanın dünya sivilizasiyasına qovuşmasının ciddi atributlarından olan bir hadisə – kirildən uzaqlaşıb latın qrafikalı yeni əlifbaya keçid zamanı aparılan ictimai müzakirələr hər kəsin yadındadır. O zaman bu məsələ ilə bağlı bir çoxlarının tərəddüdləri, hətta əngəl olmaları qarşısında Sabir Rüstəmxanlı sözünü akademik kürsülərdən ucaldan və öz fikrini elmi cəhətdən əsaslandıran bir ziyalı kimi çox iş gördü…

    Yadımdadı, rusa girişib “akademik” adı almış erməni Aqanbekyan Fransa qəzetlərinin birinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsü ilə ermənipərəst Qorbaçova-SSRİ rəhbərinə təklif verdiyini elan etmişdi. Bədnam Aqanbekyanın bu müsahibəsi yayılan gün biz ziyalılardan birinin oğlunun toyundaydıq. Bir stolda oturmuşduq: Abbas Abdulla, Sabir Rüstəmxanlı və mən. Qəflətən kimsə Aqanbekyanın bu müsahibəsi barədə informasiya verdi. Onda Sabir Rüstəmxanlı belə bir fikir dedi:

    – Mən bu axşamdan kəfənimi əynimə geyirəm. Çünki o Aqanbekyan özü belə cəsarət qələti edə bilməz. Onun arxasında dayanan qüvvə var və o qüvvəyə qarşı durmaq üçün kəfəndən başqa libas yoxdur.

    Sabirin fikri həqiqət oldu və Sabir bu həqiqət qarşısında o vaxtdan əyninə kəfən geyənlərdən biridir.

    Azərbaycanın müstəqilliyi uğrunda yeni mübarizənin əvvəlindən sonunadək Sabir Rüstəmxanlı tribunalarda, meydanlarda kəfənlə gəzdi – yəni ölümü gözünün önünə aldı. Tanrının verdiyi cəsarəti axıradək göstərdi. Mən bu anda “Ədəbiyyat” qəzetinin 4 iyun 2016-cı il tarixli nömrəsində Faiq Balabəylinin Sabir haqqında yazdığı emosional üslubda “Yol davam edir” adlı bir essesini oxudum. Bu essenin bir balaca boyu var, amma dam dolusu toyu var. Faiq 50 sətirlik bir essedə Sabir Rüstəmxanlının möhtəşəmliyini möhtəşəm boyalarla təqdim edib. O sətirlərin hamısı gözəldi, amma balaca bir abzasın informasiya yükü daha möhtəşəmdi. Faiq yazır:

    “…Sonralar onun işlədiyi “Ədəbiyyat qəzeti”ndə işlədim. Bu o vaxtlar idi ki, Sabir bəy artıq mətbuat naziri idi. Bu vaxta qədər isə onun meydan hərəkatının liderlərindən biri kimi, yaxın tariximizin salnaməsinin yazılmasında xidmətlərini gördük, vətənin müstəqilliyi uğrunda necə fədakar olmasının şahidi olduq. Buna qədər isə onun sovetlər zamanının əli qılınclı vaxtında yazdığı şeirlərdən üzü bəri yol gəldiyi və dilimizin əzbəri olduğu şeirlərinin havası ilə böyümüşdük, fikir, söz sahibi olmuşduq. Mən ondan sözün bütövlüyünü, millətin işıqlı sabahı, müstəqilliyi naminə çox şeylər öyrənmişdim və öyrənirəm də”.

    Sabir Rüstəmxanlıdan bütöv bir millət öyrəndi.

    Mən lap bu yaxınlarda Sabir Rüstəmxanlının və milli dəyərlərimizin cəfakeşi, Azərbaycanın  alim-vətəndaşı Nizami Cəfərovu İTV-də “Müzakirə vaxtı” proqramında gördüm. Bu iki alimin və bu iki vətəndaşın Azərbaycan dilini  “alınmaların” indiki axını qarşısında necə qorumaq olar? sualına cavab çıxışları, fikirləri bütün xalq üçün mükəmməl bir açıq dərs idi. Bu iki ziyalının dilimizin taleyi ilə bağlı narahatlığı tamaşaçıların da narahatlığına çevrildi. Və sonra mən Sabiri “Xəzər” TV-nin “Könül dünyamız” proqramında istedadlı aparıcı Səyyarə Səyyafla həmsöhbət gördüm. Bu proqramda da Sabir özünün Vətən, millət sevgisini həm ustad şeirlərində, həm də mənalı söhbətində ortaya qoydu. Və sonra Sabirin Dünya Azərbaycanlılarının IV qurultayındakı çıxışını dinlədim. Hər yerdə olduğu kimi, Sabir Rüstəmxanlı bu çıxışında da məsələyə obyektiv tənqidi yanaşması ilə diaspor təşkilatlarımıza fəaliyyətlərini zamanın tələblərinə uyğun qurmağı təklif etdi.

    Beləcə, mənim lap tələbəlik çağlarından tanıdığım Sabir Rüstəmxanlı ömrünün bütün anlarını fəal şair-vətəndaş, fəal ziyalı-vətəndaş, fəal millət yanğısı olan bir ziyalı kimi yaşamaqdadır. Yetmişi təzəcə ötmüş dostuma Vətən və millət yolunda uzun və işıqlı ömür arzusu ilə

    Cahangir MƏMMƏDLİ

  • Sevginizə və diqqətinizə görə var olun!

    Sabir Rüstəmxanlı

    May ayı xalqımız və dövlətimiz üçün böyük tarixi əhəmiyyəti olan bir bayramla- Müstəqilliyimizin əldə edildiyi, şərqdə ilk demokratik Cümhuriyyətin quruiduğu, Azərbaycanın istiqlaliyyətinin elan olundugu günlə yekunlaşdı. Bir daha yazıram, qutlu olsun!

    Yeri gəlmişkən deyim ki, bu may ayında nəfəs dərməyə vaxtım olmadı. Mənə qalsa yetmiş yaşın üstündən səssizcə keçib gedərdim. Az yaş deyil ki! Nəyinə sevinəsən! Ancaq mümkün olmadı.

    Ay boyu bu münasibətlə Azərbaycan ve Türkiyədə görüşlərə dəvət etdilər, dünyanın çeşidli yerlərindən çoxlu təbrik məktubu, teleqramlar aldım; mətbuat orqanlarında onlarla biri -birindən dəyərli məqalə derc olundu. May ayının 14- də Türkiyə cümhuriyyətində İstanbul Böyükşəhər Bələdiyyəsinin Kültür Dairəsi təntənəli bir yubiley tədbiri kecirdi, bu görüşə Azərbaycandan ədəbiyyatşünas alimlərdən və musiqiçilərdən ibarət on nəfərlik bir heyət dəvət edildi. Türkiyənin tanınmış elm xadimlərinin də qatıldıgı və üç saatdan artıq davam edən bu mərasim qardaş ölkənin Bengütürk televiziyası ilə bütövlüklə göstərildi. Hürriyyət, Yeni Çağ, Vətən qəzetlərində məqalə və müsahibələr verildi, İstanbul bələdiyyəsi iri həcmli şeir kitabımı nəşr etdi, “Koroglu” dərgisinin bir nömrəsi bütövlüklə mənə hesr olundu…

    İstanbul görüşündə ədəbiyyatşünas alimlərdən, akademik Rəfael Hüseynov və professor Firudin Agasıoğlunun (Azerbaycan), professor Ali Yavuz Akpınar ve prof. Gülşen Alışıkın (Türkiye), elece də Böyükşəhər bələdiyyəsinin məsul işçisi, şair- yazar Özcan Ünlünün parlaq çıxışiarı ayrıca qeyd olunmalıdır.

    May ayının 25-də isə Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycan Akademik Milli Dram Teatrında çox coşqun bir tədbir keçirdi. Coçqun sözünü xüsusi vurgulayıram. Bunu həmin axşam teatrın qarşısındakı mənzərəni, qalabalıgı görən hər kəs təsdiqləyə bilər. Teatra bir axın vardı. Salonda yer olmadığından yüzlərlə ınsan teatrın qarşısından geri qayıdası oldu. Yeri gelmişkən bu əziyyəti çəkmiş qədirbilən insanlardan, əziz dostlarımdan, oxucularımdan üzur istəyir, əziyyətlərinə görə məni bagışlamalarını rica edirəm…

    Gecədə sevdiyim, dəvət etdiyim insanlardan kimin gəldiyini, kıimin salona girə bilmədiyini müəyyənləşdirə bilmədim. Ancaq hamısı mənə əziz olan insanlardı…
    Qonaqlar arasında Baş nazirin müavini, görkəmli yazıçımız Elçin, Medeniyyet Nazirimiz Əbülfez Qarayev, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadixov, millət vəkilləri və başqa rəsmilər də vardı.

    İlk sözü Yazıçılar birliyinin katibi, yazıçı İlqar Fəhmi söylədi. Məruzə etməli olan prof, Rəhim Əliyev adamların arasından teatra girə bilməmişdi. Əvəzində Türkiyədən gəlmiş Özcan Ünlü geniş bir çıxış etdi. Adətən belə yubileylərdə Azərbaycan təşkilatlarından səslənən təbriklərin yerinə başqa ölkələrdən gəlmiş qonaqlar, köhnə dostlarım danışdılar.

    Moskvadan “Xудожественнвя литература” nəşriyyatının direktoru, tanınmış yazıçı Georgi Pryaxin və həmin nəşriyyatın elmi məsləhətçisi, ədəbiyyatşünas- alim, Dünya Azərbaycanlıları Konqresində illərlə bərabər çalışdığım əqidədaşım Abuzər Bağırov, Tatarstanın xalq şairi, mənimlə paralel 25 il ölkəsinin millət vəkili olmuş Robert Minnulin, Qazaxstandan Türk Xalqları Asanbleyasının prezidenti, akademik Yermentay Sultanmurad, Udmurtiyanın xalq yazıçısı Vyaçeslav Ar-Serqi və həyat yoldaşı Qalina Sergeyeva çıxış etdilər.

    Türkiyənin görkəmli yazarı və sənətçisi, köhnə dostum Əhməd Şəfəqin çıxışı ayrıca qeyd olunmalıdır. Bizim sənət dostlugumuz uzun illərdir davam edir, şeirlərimə biri- birindən dəyərli mahnılar yazıb, bu mahnıları özü gözəl səslə ifa edir və bu ifa sayəsində həmin mahnılar Türkiyədə populyarlıq qazanmışdır. Milli teatrın yaradıcı heyəti, rejissor Əskər Əskərov, xalq artisti, mənim “Cavad xanım” Nurəddin Mehdixanlı, əməkdar artist Füzuli Hüseynov, aktyorlar Mətləb Abdullayev, Elnar Qarayev, gənc sənətçilər Dəniz Tacəddin, Nadir Rzazadə gecədə öz yüksək istedad və peşəkarlıqlarını bir daha nümayiş etdirdilər. “Savalan” qrupunun çıxışı mənim üçün də sürpriz idi. Təsadüfi deyil ki, salondakılar onları səhnədən buraxmaq istəmirdilər.

    (Bütün bunları təfərrüatı ilə yazmağı özümə borc bildim. Təəssüf ki, gecə haqqında yazılan məlumat səthidir. Hətta mənə doğma olan, redaksiya heyətinin üzvü olduğum “Ədəbiyyat qəzeti”ndə çıxışçıların adı çəkilməyib, çəkilənlərin adları da yanlış yazılıb . Qonaqlar bu tədbirdə iştiraklarının qeyd olunduğu ədəbi orqanla maraqlananda onlara qəzet verə bilmədim.. Halbuki gələnlər təsadüfi adamlar deyildilər və “Ədəbiyyat qəzeti” bu fürsəti dəyərləndirib onların hər biriylə ədəbi əlaqələrimiz barədə söhbətlər edə bilərdi. Ancaq qəzet başqa informasiya agentliyinin alayarımçıq məlumatını dərc etməklə işini bitmiş saydı… Nə isə… Ədəbi orqanlarımızın ədəbi prosesə münasibəti ayrı bir söhbət mövzusudur.)

    Mən burda keçirilən tədbirlər barədə məlumatımı bitirib mənə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Mədəniyyət Nazirliyinə, başda türkcə kitabıma ön söz yazmış İstanbul Böyükşəhər Bələdiyyə başqanı Kadır Topbaş olmaqla bütün türkiyəli dostlarıma, başqa ölkələrdən gəlmiş qonaqlara, sənətçilərimizə, məni təbrik etmiş bütün insanlara öz dərin təşəkkürümü bildirmək istəyirəm… Sevginizə və diqqətinizə görə var olun!

  • VHP Şəki rayon təşkilatı konfrans keçirib-FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şəki rayon təşkilatı özünün VI konfransı keçirdi.
    Konfrans dövlət himninin, VHP marşının oxunması və şəhidlərin xatirəsinin sayğı duruşu ilə anılması ilə işinə başladı.
    Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Adil Yusubovun məlumatı dinlənildi. Rayon təşkilatının sədri Fikrət Daşdəmirov təşkilatın və onun seçkili orqanlarının fəaliyyəti, görülən işlər və rayondakı siyasi durum barədə geniş məlumat verdi.
    NTK sədri Sadiq Babayev də hesabatını təqdim etdi və təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdi.
    Konfrans iştirakçılarından Ağsaqqallar Şurasının sədri Hamil Süleymanov, gənclər şöbəsinin sədri Habil Məmmədov, Sadiq Şıxıyev, Elman Məmmədov və digərləri çıxış etdilər, təşkilatın fəaliyyəti barədə təkliflərini verdilər.
    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən proseslər, partiyanın fəaliyyəti, qarşıda duran işlər və qurultay hazırlıqları barədə məlumat verdi.
    Sonda təşkilati məsələlərə baxıldı. Təşkilat sədrliyinə Fikrət Daşdəmirovun və Sadiq Şıxıyevin namizədlikləri irəli sürüldü, Fkirət Daşdəmirov böyük səs çoxluğu ilə təşkilatın sədri seçildi. Konfransda VHP Şəki Rayon Təşkilatının yeni Məclis, Nəzarət Təftiş Komissiyasının üzvləri və partiya qurultayına nümayəndələr seçildilər.
    Konfrans bununla da öz işini bitirdi.

       imageimageimageimage

  • Sizinlə çalışmaq bir onurdur ustadım.

    YasemenQaraqoyunluYasəmən Qaraqoyunlu

    (Bu yazı  Sabir Rüstəmxanlının 70 illiyinə həsr olunur.)

     

    Millətini Əbədi sevda`ya, Azadlığa çağıran şair.

     

    1988-ci ildə Noyabr mitinqlərində Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə Azadlıq Meydanına gedərkən, O, Tribunada dayanıb bizi Əbədi sevda` ya Azadlığa çağırırdı. O, Millətinin vicdanına, qan yaddaşına, Tarix şüuruna  müraciət edirdi. Bir milyon insan Meydanda  onun çagırışlarına səs verməkdə idi.  Bir milyon insanın  içində mən də onun  Azadlıq çağırışlarını   dinləyirdim.  Söylədiyi sözlər qəlbimə “Əbədi sevda”  toxumları  səpirdi … taleyimi cızır, ömür yolumu bəlirləyirdi…  Meydan dagılana qədər onu dinlədim,  sözləri, əbədi sevda`sı  qəlbimə yazıldı və bu gün də  hələ, o əbədi sevda məni arxasınca aparmaqdadır …  Sonra Meydan partiyalara, təşkilatlara bölündü və  mən AXC sıralarında fəaliyyətimi davam etdirdim, məni meydanlara çagıran Sabir Rüstəmxanlı isə öz partiyasını VHP-ni yaratdı . Sonra illər boyu “Meydanda məni Azadlığa səsləyən çılğın şair” kimi yaddaşıma həkk olunmuş  siyasətçi  Sabir Rüstəmxanlıya firqə, partiya maraqları çərçivəsində baxdım, ara-sıra toplantılarda rastlaşıb, görüşdük, çox zaman da toplantılarda sözümüz üst-üstə düşmədi, fikir çatışması yaşadıq… İllər keçdi, biz də yaşlandıqca, təcrübəmiz ardıqca, baxışlarımız dəyişməyə başladı və mən siyasi proseslərə, şəxsiyyətlərə, həmçinin Sabir Rüstəmxanlıya firqə maraqları çərçivəsindən yox, Millət və Dövlət maraqları çərçivəsindən baxmağa başladım. Əlbəttə bu illərdə mən onu daim izlədim, müşahidə etdim. Meydanda Azadlıq carçısı, çılğın şair və inqilabçı olan Sabir Rüstəmxnlı  illər sonra sözləri, çıxışları ölçülü- biçili dövlət adamı olan Sabir Rüstəmxanlıya çevrilmişdi. Və hər iki Sabir Rüstəmxanlı  XX-XXI əsr Azərbaycanın ədəbi, siyasi və fikir tarixinin bir parçası və  yaradıcısı  kimi, mənə doğmadır, əzizdir.

     

    Dostlarım ən böyük sərvətimdir.

     

    1988-ci ildən bu günə qədər davam edən bu mübarizə meydanında qazandığım ən böyük sərvətim dostlarımdır. ideya , məfkurə dostları ,Yol dostları, Ruh dostları. ..  Kimlər yoxdur onların sırasında. ..Əbülfəz Elçibəy, Arif Rəhimoğlu, Əli Şamil, Nəsib Nəsibli, Firudun Agasıoğlu, Ramiz Əsgər,Yadigar Türkel, Xaliq Bahadır, Şövkət xanım Tagıyeva, Elməddin Əlibəyzadə, Ağayar Şükürov, Sabir Rüstəmxanlı, İsa Qəmbər, Əkrəm Bije, Böyük Rəsuloğlu, Hikmət Alp, Mübariz Süleymanlı, Valeh Mirzəyev, Əli Məsimov,  Xəlyəddin Xəlilli… Onların hər birinin öz yolu, öz baxışı olsa belə ümumi xüsusiyyətləri vardır. Azərbaycanın və  Türk Millətinin Yüksəlişi uğrunda yorulmadan  çalışmaq, yanmaq..! Bu dostlarımın bəziləri ilə çox, bəziləri ilə az ünsiyyətim olub . Amma onların əksəriyyəti ilə günlərlə, aylarla, illərlə, bölünmüş Turanın, Türk Millətinin, bölünmüş Azərbaycanın problemlərini müzakirə etmişik, birgə çalışmışıq, birgə təşkilatlar qurmuşuq, fəaliyyət göstərmişik… Və dostlarımın əksəriyyəti ilə çox ciddi savaşlarım olub, strateji düşüncə, amac , ideya barəsində ,yol barəsində yox, taktika və cığırlar barəsində fikir ayrılıqlarına görə, öz görüşlərim olduğuna görə, öz dəst xəttimi yeritdiyimə, geri çəkilmədiyimə görə. (Haqlı olduğumu bildikdə əsla geri çəkilmərəm, bütün dünya mənə qarşı dursa belə,Tək qalsam belə. Və tək qalmagın əzabını yaşadıgım zaman dostlarımın mənə dönüb sən bu məsələdə haqlıydın etirafını edərkən təkrar Yola davam etmək mübarizənin bir başqa gözəlliyi, özəlliyidir).

    Adlarını sadaladığım dostlarımın bir çoxu həm də müəllimlərimdir,Türk Millətinin yüksəlişi ugrunda mücadilədə örnək olan müəllimlərim və onlar,  heç vaxt  mənə güzəşt etməyiblər, ən amansız tənqidçilərim olublar və  hər zaman  nöqsanlarımı düpbədüz gözümün içinə söyləməkdədirlər.( Ən böyük və nəzakətli  tənqidçilərim Nəsib Nəsibli və Sabir Rüstəmxanlıdır) Məlum, nöqsanlarımız hələ də çox…, çoxdur…( dostlarımın qıp-qırmızı tənqidləri bizi islah etməkdə, cilalamaqdadır) Təkcə Əbülfəz Elçibəy bir neçə dəfə qayğıyla, nigarançılıqla soruşmuşdu: “xanım bu yolda ağır başlı kişilər dözmür, sən necə dözəcəksən?”. Mən də gənclikdən gələn naşılıqla gülərək deyirdim ki, “Bəy, xarakterimi tanıyıram, dözəcəm”. İllər keçəcək, zaman bizi sınaqlardan keçirəcək və mən kəşf etdim ki, hər şeyə dözə bilirmişəm, amma mübarizə zamanı fikir müxtəlifliyi yarandığı məqamlarda, yollar ayrıldığı zamanlarda dostlarımı itirmək məni yıxarmış… Dostların qəflətən dəyişməsi, əks cəbhəyə keçməsi dözülməzmiş …Və   heç bir zaman itirmək istəmədiyim, sevdiyim, heyran olduğum və əlbəttə qorumağa çalışdığım bir dostum, müəllimim  var. O,  Sabir Rüstəmxanlıdır.

    Böyük əməllərdən, bilgəlikdən nurlanmış siması ilə bir ata misalı,  mənəvi rəhbər, qurucu, yaradıcı bir tərəqqipərvər,  ağarmış saçları ilə başı qarlı bir dağ misalı, yüzlərlə insanların , gənc yazarların, jurnalistlərin, alimlərin, mənim, millətimin söykənə biləcəyi bir dağ .

    Sadə, duyğusal, mütəvazi, mehriban, gülərüz, anlayışlı (bu halı  ilə Firudun hocamla bir-birinə çox bənzəməkdə), dərd bölüşən  yaxşı dost…  Onun  dostluq keyfiyyətlərini, yaxşı dost olduğunu isə yazıçı Afaq Məsud  çox gözəl təsvir etmişdir. “ Qohumları bizə Allah göndərir, dostları isə özümüz seçirik” deyirlər. Amma məncə dostlarıda Allah göndərir. Könül və əqidə birliyinə görə, duyğudaşlıq və dünya görüşünə görə…Ən çətin və içindən çıxılmaz bir anda yardıma ehtiyacı olanların yardımına çatmaq bacarığı, ortaya çıxan problemləri imkansız hallarda belə dəf etmə məharəti, insan və dost sevgisini əl çatmaz ucalıqlarda tutma qüdrəti…İnsana əbədi ucalıqlar qazandıran bu ünvana sahib olmanın yolu isə daha çətin və qarmaşıqdır. İlk öncə əngin bir könül, kamillik, böyük və qarşılıqsız insan sevgisi, sonsuz səbr və sadəlik, təmizlik istəyən bu yolun sonuna qədər yürümək, hər insana nəsib olmur…Peyğəmbərlik və şairlik kimi, yazarlıq və rəssamlıq kimi, bunun da bir Allah vergisi olduğunu düşünürəm”. Dostluq iki insanın İdeya və könül birliyi ilə Allah qatında bir bağlanışıdır. Eyni YOL getməsidir məncə…Bu dünyada ən böyük sərvətim sizinlə dostluğumdur Ustadım…

    Ən böyük fikir,  taktika haqqında  savaşlarım  ruhən ən çox bağlı olduğum məfkurə dostlarımla  Arif Rəhimoğlu, Əbülfəz Elçibəy, Firudun Ağasıoğlu ilə və  elmi rəhbərim Ağayar Şükürovla olub.  (Sonralar, dissertasiya yazarkən, Azərbaycanı dərindən öyrəndikcə, daim Əbülfəz Elçibəyi düşünürdüm, Onun yoxluğundan yaranmış boşluğu bütün varlığımla hiss edirdim. Göz yaşları tökürdüm. O, XX əsr Azərbaycanının ən böyük lideri idi. Onun böyüklüyü,  Rus-Fars imperiyalarının kimliksizləşdirdiyi, soyqırıma uğratdığı, Tarix şüuru olmayan  bir toplumla yola çıxıb İstiqlal qazanması idi. Rus imperiyasını yıxmaq, Rus ordularını Azərbaycandan qovmaq, Millət qurmaq, Dövlət qurmaq. O bunu başarmışdı.  Fikrimcə, Türk Millətinin dahilərindən biri olan Atatürkün başarıları təkcə onun şəxsi xarakterindən, liderlik keyfiyyətlərindən qaynaqlanmırdı. Atatürk, Bizansı çökdürən,Vyana qapılarında dayanan, Çanakqalada zəfər qazanan fateh bir ordunun komutanıydı, üç qitəyə hökm edərək imperatorluq quran bir  millətlə dövlət qurmağı başarmışdı.  Bir daha altını çizirəm. Elçibəy isə,  başarılarını bizimlə- Rus imperiyasının soyqırım və etnik təmizləmə siyasətini ən amansız şəkildə yaşayıb qurbanlar vermiş, İmperiya qorxusunu hələ də iliklərində hiss edən, ruhunda yaşadan, Rus-fars ideoloqlarının konsepsiyası əsasında çarpdırılmış bir tarix anlayışına malik olan, əslində isə siyasi və tarixi şüuru olmayan bir toplumla- qazanmışdı və belə bir toplumla BÖYÜK TARİX  yaradarkən onun insan kimi hansı sarsıntılara məruz qaldığını,  onu çox vaxt anlamayan bizlərə necə səbrlə yanaşdığını, dərdini içinə saldığını bütün qəlbimlə duymuşdum… Əbülfəz Elçibəylə,  Sabir Rüstəmxanlını bir- birinə oxşadan bir cəhət var məncə. Hər ikisi, böyük türk tarixindən qoparılmış və sındırılmış bir toplumu millətə çevirmək məqsədilə  SEVGİNİ və TÜRK QÜRURUNU millətə aşılamağı yol kimi seçmişdilər.   Sabir Rüstəmxanlı Meydan Hərəkatından öncə, “Azərbaycanın elmi, mədəniyyəti və tarixi sahəsində indiyə qədər yazılmış nadir şah əsərlərdən biri olan   “Ömür kitabı”nı (Əkrəm Cəfər) yazaraq xalqın meydana çıxması üçün TARİXDƏN  – MEYDANA  uzun bir YOL çəkmişdi.  Sabir Rüstəmxanlı  60-cı illərdən etibarən, “İpi boğazına keçirib kəfənə bürünərək ən sərt yazılarla, …millətini kökünə dönməyə çağırır”dı.(Məmməd Aslan) . S.Rüstəmxnlı əsərləri ilə öncə millətin tarixi hafizəsini, Vətən şüurunu bərpa etdi, sonra həmin Xalqı meydana çağıraraq  MEYDAN HƏRƏKATINA liderlik etdi. Əbülfəz Elçibəy 60-cı illərdən gizli təşkilatlar quraraq, Meydana qədər xalqı təşkilatlandırdı. Və biz,  Meydana AZƏRBAYCAN XALQI kimi girdik- TÜRK MİLLƏTİ kimi çıxdıq). Uzun illər, Elmlər Akademiyasında Türk Tarixi ilə bağlı müzakirələr, mübahisələr etdiyim bir başqa ustadım, dostum Elməddin Əlibəyzadə (Hər dəfə işə gedərkən onunla görüşüb, günün, tarixin yorumunu yapmadan keçə bilməzdim… məni görəndə necə sevindiyini, güldüyünü xatırlayıram… Alışmadım yoxluğuna…) onun fəaliyyətini belə xarakterizə edir.  “Millətin tarixini bilmədən, onun mənəvi dünyasına dərinləməsinə nüfuz etmədən, milləti sevmək və millətə ürəkdən xidmət etmək mümkün deyil. Sabir Rüstəmxanlı milli keyfiyyətlərə sahib yaxşı bir ziyalıdır, kamil bir insandır”.

    Sabir Rüstəmxanlı və İsa Qəmbərlə də  toplantılarda sözləşmişik, fikirlərimiz çox, çox haçalanıb.  (Bu savaşlar zamanı Türk bəylərinin mənə qarşı sərgilədiyi səbr, dözüm və ləyaqət də  mücadilə həyatımızın bir gözəlliyidir) . Bu gün bu “savaşlarım” (həm də birgə fəaliyyətim) ən çox, Yol dostum  Sabir Rüstəmxanlı ilə davam etməkdədir. Ancaq bu “savaşlar” bizi ayırmır, daha çox ruh, ideya dostlarına çevirir. Hər görüşümüzdə 200 ildir üst-üstə qalaqlanmış bütün milli problemləri bir-bir sadalayıram və onu etmədin, bunu etmədin, o belə olmalıydı, bu belə olmalıydı deyə onu tənqid atəşinə tuturam,  “səhv axtarıram”,  sözlərim,  tənqidlərim bəzən (hətta çox vaxt) qırıcı olur, (Firudun Ağasıoğlu və Sabir Rüstəmxanlı  tənqid edərkən  qırıcı sözlər işlətməz, könül qırmazlar) O heç tavrını belə pozmadan səbrlə, diqqətlə dinləyir, sonara mənə uzun bir tarixi izah etməyə çalışır, mən qane olmuram…(Və hərdən özümü danlayıram. Bölünmüş, sındırılmış, kimliyi əlindən alınmış, sosial-iqtisadi problemlərin girovunda çabalayan bir millətin bütün problemlərinin həllini onun boynuna yükləməyə, ondan tələb etməyə nə haqqım var…Axı indi dövlət,  Hökümət var…).

     

    Sabir Rüstəmxanlı Millətdir.

     

    Hələ bu harasıdır ki… …sürəkli telefonu zəng çalır və müxtəlif insanlar ondan hansısa problemi həll etməsini istəyir  və o da hər iş günü bu problemlərlə ugraşır. Şairi, yazıçını məişət, təhsil , məhkəmə, işə düzəltmək, tapşırmaq, kitab müzakirəsi keçirmək, kiminsə kitabının çapına yardım etmək, kiminsə xəstəsinə maddi kömək etmək və s.və s. kimi problemlərlə yükləmək… (Onunla birgə çalışdıgım zaman Diqqətimi cəlb edən bir xüsusiyyətini də yazmaya bilmərəm. O, ətrafındakı hər bir insanı sevir, dəyərləndirir, qoruyur və qayğısına qalır. Bu gün  sosial-iqtisadi, hüquqi ədalətsizlikdən, məmur özbaşınalığından əziyyət çəkən hər bir Azərbaycan vətəndaşının ən çox bu qayğıya ehtiyacı var. O, son iyirmi ildə, qorxudulmuş, sındırılmış bir toplumu  böyük səbrlə, sevgi ilə  Millətə çevirməklə uğraşır)…  O Millətinin vəkilidir, onun sorunlarını həll etməlidir. .. O, bir ömür boyu millətinin problemlərini həll etməklə ugraşmışdır. .. Millətindən qaçan, gizlənən  “millət vəkiləri” çox olduğu bir vaxtda,  yaxşı ki, Millətin döyə biləcəyi bir qapı var,  Millətinin dərdi ilə bütünləşən örnək göstərilə biləcək bir millət fədaisi var.  Heyrətamizdir, O,  təmənnasızca, tək canı ilə, bir nazirliyin görməli olduğu işləri görür. Böyük insan selinin qulluğunda dayanmaqla … onları çəkib gələcəyə aparır… Dövlətlə (hökümətlə) – Vətəndaşlar arasında bir bağ quraraq, körpü salaraq , sosial –siyasi gərginliyin azalmasına səbəb olur… O, Azərbaycan Dövlətinin sütunlarından biridir… O, təkcə millət vəkili yox, Millət adamı`dır.( Hər adam millət vəkili ola bilər, ancaq millətvəkili olmaq bir şəxsi millət adamı olmaq səviyyəsinə çıxarmaz.” (Rəfail Hüseynov)

     

    Tarix səndən keçdi.

     

    Bir yazısında “Zaman məndən keçir” yazmışdı. Bir gün görüşlərimizin birində “ Tarix səndən keçir” dedim. XX əsrin ikinci yarısından başlayaraq bu günə qədər davam edən tarix.

    Bu tarixdə Azərbaycanın Quzeyində və Güneyində Azərbaycan Türklərinə qarşı  SSRİ-Amerika-İngiltərə dəstəyi ilə,  Rus-Erməni –Fars müttəfiqlərinin həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti həyata keçirilməkdədir.  Bu tarixin içində Rus Sovet imperiyasının Türk xalqlarına, türk dilinə, türk kültürünə qarşı apardığı  “Pantürkizm və Panislamizmə qarşı mübarizə” adı altında dövlət terrorizmi həyata keçirilməkdədir, Türk xalqlarının aydınları məhv edilməkdədir, SSRİ rəhbərliyinin, erməni və  rus bolşeviklərinin Azərbaycan Türklərinə, aydınlarına qarşı  həyata keçirdiyi Repressiya və soyqırım  əsasında 400 mindən çox insan öldürülmüş, minlərlə insan Sibir və Qazaxıstanda sürgün düşərgələrində, sürgün yollarında  acından ölmüş, Rus bolşevik işgalına qarşı baş verən 200 dən çox üsyanlarda şəhid olmuş oğulların xatirəsi, acısı hələ soyumamışdır, unudulmamışdır.  Bu dövlət terrorizmi əsasında yuxarı və  orta sinif tamamilə məhv edilmiş, “aclıqda və yoxsulluqda bərabər olan” bir “sinif” yaradılmışdır.  Sovet diktaturasının basqısı altında   Etnik arxetiplərindən və sivilizasiya kodlarından məhrum edillmiş yeni tipli İnsanın, kosmopolit Homosovetikosun yaradılması siyasəti getməkdədir. Bu məqsədlə  Azərbaycan adını, cografiyasını, türk millətini yox etmək siyasəti həyata keçirilir, Milli kimliyin komponentləri olan Tarix, Etnogenez, kültür, dil, əlifba, milli-etnik cografiya haqqında mövcud olan Milli konseptlərə qarşı hücumlar təşkil edilməkdə, saxta, çarpdırma elmi hipotezlər, konseptlər uydurulmaqdadır. Azərbaycan Türklərinin Kimliksizləşdirilməsi, Ruslaşdırılması prosesi yüksək səviyyədə həyata keçirilməkdədir. Azərbaycanın kəndləri, torpaqları  SSRİ rəhbərliyi tərəfindən Ermənilərə  verilməkdə, Azərbaycan torpaqları üzərində Ermənistan dövlətinin quruculuğu prosesi getməkdə, bu məqsədlə İrəvan Türkləri etnik təmizləməyə və soyqırıma ugradılmaqda, Türklərdən “təmizlənmiş” torpaqlara dünyanın müxtəlif ölkələrindən Ermənilər köçürülməkdədır.  Minlərlə Azərbaycan Türkü  Türk millətinə, onun maraqlarına,  taleyinə dəxli olmayan Rus-Alman müharibəsində  “Böyük Vətən uğrunda” şəhid olmuşdur. Demək olar ki,  bütün kəndlər boşalmış, Ərlər, atalar, qardaşlar bu müharibədə həlak olmuşlar. Milli qüruru, yaddaşı daşıyan nəsillər məhv olmuşdur. Geridə sərvətləri talanmış vətən, yaslı dul qadınlar, yetim, nisgilli uşaqlar  qalmışdır. Onlar da zəhərli pambıq tarlalarında, kimya zavodlarında qul kimi işlədilməkdədir. Belə bir tarixdə   doğulan Sabir Rüstəmxanlı  “SEVGİ İLƏ BÖYÜDƏCƏM MİLLƏTİMİ” deyərək,  “ƏBƏDİ SEVDA” yoluna çıxdı, bütün ömrünü ƏBƏDİ SEVDASINI gerçəkləşdirməyə həsr etdi.  Sabir Rüstəmxanlının Millətinin yüksəlişinə həsr olunmuş 70 illik  ömürü,   həyat və yaradıcılığı, fəaliyyəti : Milli kimliyin dərki, Milli yaddaşın, tarix bilincinin bərpası( Alim, yazıçı,şair kimi);  İstiqlal uğrunda mübarizə və Müstəqillik Aktının qəbul edilməsi( Siyasətçi, istiqlalçı millət vəkili); Dövlət-millət quruculuğu( nazir-millət vəkili, Dövlət adamı) mərhələlərini əhatə etməkdədir.

    Yaradıcılığının birinci mərhələsi, Milli kimliyin dərki, Milli yaddaşın, tarix bilincinin bərpasına nail olmaqla Rus Sovet imperiyasını çökdürə biləcək bir millət yetişdirməklə  İstiqlal Hərəkatının təməllərini atmaq qayəsinə həsr olunmuşdur… Bu məqsədə çatmaq üçün , “Mən bütün ömrüm boyu xalqın milli yaddaşını diri saxlamağa çalışmışam» deyir şair. . 1967-1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. . S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. Daş (film, 1977), ,Neft Daşlarının 25 illiyi (film, 1975),Qayıdış (film, 1988), Suvenir (film, 1972), Talada ev (film, 1986),Tikilir, amma… (film, 1973), Uçuş xətti (film, 1987) filmlərini çəkmişdir.  İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. “

    İstiqlal uğrunda mübarizə və Müstəqillik Aktının qəbul edilməsi( Siyasətçi, istiqlalçı millət vəkili) ; “Azadlıq meydanında təşkil olunan mitinqlərdə,yüz minlərin qrşısında, bəzən sayları milyonlarla olan üsyançılar qarşısında, cəmiyyətin arzusunu dilə gətirən kəskin bir dillə, insanları demokratiyaya və azdlığa çağıran atəşli nitqlər söylədi. Azərbaycan xalq cümhuriyyətinin inşası, Kommunist imperatorluğunun devrilməsi, rus əsarətinə son verilməsi, sapı bizdən olan,amma başqasına çalışan bürokratların iqtidardan uzaqlaşdırılması, yeni dmokratik güclərə xalqın müqəddəratını təyin etmədə ən yüksək səlahiyyətlərin verilməsi və dövlət idarəetməsinə ortaq olması ugrunda verilən mücadilə Sabir Rüstəmxanlının yaşamaq səbəbinə çevrildi.(İsmayıl Şıxlı). “Ağrılı-acılı yazıları ilə ekiz doğulmuş bu atəşli şair”.., “soydaşlarının keçirdiyi sarsıntıları zaman zaman yenidən yaşamaqla” , “ yep yeni təfəkkürlə qələm oynadan filosof …Başların kəsildiyi, qanların töküldüyü bir dönəmdə meydanlara axın edən insanlara, sözün tam mənasında rəhbərlik etdi, liderlik etdi.(Məmməd Aslan). Millətimizin ürəyindən  daşan qəzəbə ağılla, zəkayla, səbrlə çəki-düzən verməkdə necə məharətli bir aydın olduğunu, böyük hünərlə göstərdi.. Sonralar o özü bu barədə yazacaqdı.  Mən illər uzunu dediyim sözün ardınca meydana gəlmişdim. ..mənim bütün ömrüm meydana gələn yol imiş. Mən bütün ömrümü meydana doğru gəlmişdim, meydan üçün yaşamışdım. …O meydan bir azadlıq universiteti idi, qəhrəmanlıq universiteti idi. Meydanda millət 100 il ərzində yaşadığı ağrı-acıları eşitdi. Rusiya Azərbaycanı parçaladıqdan sonra bu millətin başına bəlalar açdığı haqqında cəsarətli çıxışlar eşitdi. O meydanda millət Sovet dövründə deməyə cəsarət etmədiyi bütün həqiqətləri dedi. Millətin içindən xof çıxdı, millətin qəddi düzəldi, millət öz gücünü gördü. Xalq anladı ki, onun ruhu hələ də yerindədir və o öz haqqını müdafiə  etməyə qadirdir”(S.Rüstəmxanlı).

    S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən olub. Həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis etmiş, iki il onun baş redaktoru (baş yazarı) olmuşdur.1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olmuşdur. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.

    Dövlət-millət quruculuğu (nazir-millət vəkili, Dövlət adamı) . XX əsrin sonlarına doğru, Soyuq savaşın bitdiyi, Rus-Kommunist imperiyasının çökdüyü, Milli Azadlıq Hərəkatının  başladığı zamanlardan etibarən –günümüzəcən, Azərbaycanda Siyasi tariximizi bəlirləyən  iki siyasi lider H.Əliyev və Əbülfəz Elçibəy öndərliyində,  İki siyasi model, iki siyasi düşərgə , İki Azərbaycan modeli vardır. Bu iki müstəvi təmsil etdiyi dəyərlərlə və ideoloji prinsiplərlə  bir-birindən fərqlənməkdədir.  Sosial-Siyasi Keçid dövrünü yaşayan cəmiyyətlərdə millət-dövlət quruculuğu, siyasi fikir və təşkilatlanma prosesi, 1.Sivilizasiya paradiqmaları, etnik arxetiplər və mədəni-genetik kodlardan doğulan Milli ideologiyaya sarılmaqla və ya  2.Vahid sakral avtaritet, Məsih ideyası(Qurtuluş konsepti, Qurtarıcı Mehdinin zühuru), şəxsiyyətə pərəstiş, Sakral ailə və onun təbəələrə tanıdığı məhdud hüquqlar, avtaritet və kütlə münasibətlərinə əsaslanan iki fərqli cəmiyyət qurmaq modeli ilə həyata keçirilməkdədir. Azərbaycanda da müstəqillik dövründə Ə.Elçibəy və H.Əliyev liderliyində bu  iki cəmiyyət quruculuğu həyata keçirilməyə başlandı. Elçibəyin liderliyindəki siyasi düşərgə-  Əli Bəy hüseynzadə,Əhməd Ağaoğlu,Əlimərdan Bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə və Məhəmməd Əmin Rəsulzadənin əsaslandığı məfkurəyə-müsavatçılığa dayanarq, Türk millətinin və dilinin, mədəniyyətinin dominantlıgına əsaslanan, liberal-demokratik bir ulus dövlət modelini qurmağı hədəf alır. Bu modeli qurarkən də, yuxarıda adını çəkdiyimiz birinci inkişaf modelini əsas götürməkdədir.

    H.Əliyevin liderliyindəki siyasi düşərgə-əsasında Stalinin, Ponkratovun, Kirovun, N.Nərimanovun, M.C Bağırovun durduğu Türk millətinin və dilinin dominant olmadığı, çox millətli “Azərbaycanlı milləti” və “Azərbaycan dili” ideyasına əsaslanmaqla, kosmopolit, multikulturalist bir cəmiyyət qurmağı hədəf alır. Belə bir cəmiyyət isə ikinci inkişaf modelini tətbiq etməklə qurulmaqdadır.

    H.Əliyev düşərgəsi çevik, monolit, praqmatik, avtoritar, əzici bir siyasət izləyir. Ə. Elçibəy düşərgəsi-dagınıq,  xaotik,  ləngdir,  monolit deyil, lakin ideya ətrafında minlər milyonlar var. Rəsulzadə-Elçibəy  Azərbaycanının qurulması və inkişafına tarix   çox az fürsətlər verməkdədir.  Bununla bərabər bu Azərbaycan idealı –Azərbaycan türkünün vicdanında, qəlbində, ideallarında yaşamaqdadır.

    Qarşıdurma prosesi yaşayan bu Ə.Elçibəy və H.Əliyev  siyasi ideyaları  və düşərgələri arasında “Qızıl orta” düsturunu siyasətdə ustalıqla tətbiq etməklə, öz Mötədil siyasi dəst-xəttini və fəlsəfəsini yaradan üçüncü bir lider də var. O Sabir Rüstəmxanlıdır.  O, nə Heydər Əliyevə bənzəyirdi, nə Əbülfəz Elçibəyə. Onların heç birisinin müstəvisinə, yoluna da qatılmadı.  Sabir Rüstəmxanlı öz yolunu saldı. Bu üçüncü yoldur, Sabir Rüstəmxanlı yoludur.  Bu  yolu o özü, öz taleyi, əməyi, çalıışmaları ilə  salıb.  Yumşaq güc,  tamamlayıcı, uzlaşdırıcı , barışdırıcı missiya.   Bu iki yol və düşərgə arasında tamamlayıcı funksiya rolu oynayan Sabir Rustəmxanlının mövcudlugu  son 26 ildə  Azərbaycan  toplumu və dövlətçiliyi üçün bir qazancdır məncə .  Azərbaycanda, Əlimərdan bəy Topçubaşovdan sonara, ikinci dəfə, mötədil siyasi kursun yaradıcısıdır Sabir Rüstəmxanlı.

    XXI əsrə Azərbaycan bu iki siyasi model təsəvvürü ilə qədəm qoymuşdur. Bu iki siyasi  müstəvinin kənarları kəsicidir, onların arasından keçərsən kəsilərsən, qanın axar. lakin bu müstəvilərin kəsici kənarlarını kəsilə-kəsilə, qanı axa -axa keçərək cilalayn bir xətt var. Sabir Rüstəmxnlı xətti.  Ustalıqla, çığırmadan, bağırmadan  Stalin Azərbaycançılığını, Rəsulzadə Azərbaycançılığına transfer edir. Bu məqsədlə “Dil  qurumu” yaradaraq, O, türk  dilinin, Türk mədəniyyətinin hakim olduğu bir Azərbaycan qurur. Onu çərçivəyə salmaq mümkün deyil. O həm iqtidardır, həm müxalifət. Həmçinin O, nə iqtidarın nə də müxalifətin işləmədiyi, bunların hər ikisindən var gücü ilə qaçan, məsafə saxlayan üçüncü  güclə işləyir.   Burda yazıçılar, alimlər, jurnalistlər…yaşlılar..gənclər var. Hansısa alimin kitab capının pulunu ödeyir, hansisa yazarın kitab təqdimatını kecirir, hansısa ailənin ehtiyaclarını həll edir, hansısa xəstəyə dərman alır, hansısa tələbənin təhsil haqqını ödeyir, konfrans keçirir,  kitab tərcümə etdirir, qəzet, jurnal  çıxarır, film çəkir, şer, roman,  publisist əsərlər yazır…danışır.  Cəmiyyətin bu üçüncü gücünü hərəkətə gətirərək onların enerjisini milli tərəqqiyə yönəltmək, daim dəyişən mövcud şərtlərdən və imkanlardan maksimum yararlanmaqla milli tərəqqiyə xidmət etməklə  O, siyasətdə üçüncü gücün təmsilçisidir . Onun bu taktikası əsrin əvvələrində Əlimərdan bəy Topçubaşovun taktikasına bənzəyir. Bütün mövcud İmkanlardan, şərtlərdən ustalıqla istifadə edərək Rusiya Turklərini təşkilatlandırmağa və haqlarının müdafiəsi uğrunda mübarizəyə ayağa qaldıra bilmişdi.

     

    Sabir Rüstəmvanlı siyasətdə SEVGİNİN təmsilçisidir.

     

    Sabir Rüstəmxanlı Sovetlər birliyi dagıldıqdan sonara müstəqil Azərbaycanda mötədil siyasi kursu və məktəbi yaradan şəxsdir.  O bizim  alışdıgımız siyasətçi tipi deyil, sərt və qorxunc ( avtoritar və kolonial toplumlarda siyasətçinin qorxunc obrazı və sərt xarizması yaradılır. Bu zaman siyasət gücün təntənəsini təmsil edir ) deyil,  əksinə, indi daha çox Dövlət adamı`na yaraşan bir ərkanla, kəskin bəyanatlar vermir, alovlu çıxışlar etmir,  soyuqqanlıdır, heç vaxt sərhədləri keçməz, yumşaqdır, (Milli barışıq, dialoq, həmrəylik, birlik  ideyalarına əsaslanır. Siyasət  onun simasında  sevgini  təmsil edir) lakin çox sürətlə manevr edə bilən  bir siyasətçidir. Sevgini təmsil edən bu siyasi fəaliyyəti tarixi xronologiya prinsipi ilə  düzərkən  belə bir mənzərə  açılır. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir. Lakin, bununla bərabər O, H.Əliyevin dövlət-millət quruculuğunda tətbiq etdiyi Stalin Azərbaycançılığı ideoloji konseptini qəbul etməmiş, 95-ci ildə  Türk dili və türk milləti adının  qəbulundan imtina edildiyinə görə, . 1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa vermişdir. 1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla “Şöhrət” ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir.  2000-ci ildə başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə yer qazanan iki müxalifət partiyasından biri olmuşdur. 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüşdür. 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə  qalib gəlmişdir.  Uzun illərdən bəri Azərbaycanın ən böyük diaspora təşkilatı olan Dünya Azərbaycanlıları Konqresində fəaliyyət göstərməkdə, Güney Azərbaycanın Milli Hərəkatını, İstiqlal davasını dəstəkləməkdədir.  2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Dünyanın otuz beşə yaxın ölkəsində Azərbaycanın taleyi ilə bağlı çıxışlar etmiş, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çalışmışdır. 1995-ci ildən etibarən, Rəsmi şəkildə həyata keçirilən antitürk, kosmopolit siyasətinə qarşı qələmlə mübarizə apararaq,  “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Sevgim,sevincim”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Ömür kitabı”, “Atamın ruhu”, “Bu sənin xalqındır”, “Zaman məndən keçir”, “Xətai yurdu”, “Göy Tanrı”, “Bütövlük həsrəti”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Sunami”, “Əbədi Sevda”, “Dərdə əyilmə”, “Şair və Şər”.kitablarını yazaraq, 1990-cı ilin adamı (film, 1977)(qısametrajlı sənədli film), Azərbaycan məktəbinin 60 illiyi (film, 1980), Azərbaycana namus və sevgiylə (film, 2006), Baba Dağ (film, 2006), Cavad xan (film, 2009), Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007), Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007), Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007), Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999), Müstəqillik yollarında. Birinci film (film, 2004),,Payızın 17 anı (film, 2007), Zəlimxan dastanı (film, 2007),Əsgər mahnıları filmlərini çəkərək   türk millətinin tarixi yaddaşının bərpa edilməsinə və dirəniş gücünün qorunmasına çalışmışdır.

    Beləliklə qeyd edə bilərik ki, Onun siyasət fəlsəfəsi –harmoniya, Təsanüd, Solidarizmdir. Etnik və  kültürəl, sosial, siyasi qruplar arası birliyə nail olmaqla Dövlət və milləti ucaltmaqdır. Siyasi leksikonumuzda bir söz var, radikal müxalifət, konstruktiv müxalifət. Mən isə ona qurucu müxalifət deyərdim. Həm müxalifətlə, həm iqtidarla ancaq birliyə, harmoniyaya hesablanmış əməkdaşlıqlar edir, amma nə müxalifətdir, nə iqtidardır, heç bu çərçivələrə sığmaz da…O millətdir, Dövlətdir, Vətəndir.

    Onun fəaliyyəti, şəxsiyyəti Millət və Dövlət maraqları kontekstində təhlil edilərkən görürsən ki, XX əsrin İkinci yarısının tarixinin bəlirlənməsində və İstiqlal hərəkatının uğurla nəticələnməsində , həmçinin XXI əsrdə, Dövlət və millət quruculuğunda, Kültür siyasətinin bəlirlənməsində, Azərbaycan diasporunun formalaşmasında, Azərbaycanın xarici ölkələrlə dostluq əlaqələrinin qurulmasında,  Güney Azərbaycan Milli Hərəkatının dünyada tanınmasında və təblig olunmasında  onun böyük rolu, təsiri, əvəzsiz xidmətləri vardır.   Ədəbiyyatçı alim, İstiqlalçı millət vəkili, millət adamı, bakan, şair,  yazıçı, siyasətçi, publisist, naşir ,tərcüməçi olan Sabir Rüstəmxanlı Azadlıq Hərəkatındakı  Fəaliyyəti və əsərləri ilə , Dövlət quruculuğu prosesində iştirakı ilə, XX əsr tarixini tamamlayan, XXI əsr Azərbaycan tarixinin təməllərini atan və ona öz damğasını vuran  böyük liderlərdən biridir.  Azərbaycanda nəşriyyat və informasiyanın, mətbuatın inkişafının  təşkilatçılarından, rəhbərlərindən biri kimi söz azadlığının və demokratiyanın təməllərini atmaqla bərabər “millət vəkili kimi xalqının mənfəətlərini öz mənfəətlərindən üstün tutmuş,…bu xidmətlərindən dolayı heç bir qarşılıq gözləməmiş”(Bəkir Nəbiyev) fədaidir.   O, “Tanrıya uzanan yollar boyunca,  tariximizin ilginc çağlarına işıq tutdu, neçə həqiqəti aydınlığa qovuşdurdu. Göy Tanrıyla qarşı-qarşıya, üz-üzə durdu. O prosesdə cismən də,ruhən də Göy tanrı ilə diz-dizə oturdu, qaldı, Göy tanrının sirlərini çözməyə,Tanrını insana yaxınlaşdırmağa çalışdı. ..”Xətai Yurdu”, “Atamın Ruhu” kimi geniş əhatəli kitabları ilə mənəvi dəyərlərimizi,var olmaq üçün verdiyimiz milli mücadiləmizi, millətimizin və yeni nəsillərimizin insanlığın əbədiyyət karvanında qərarlı addımlar atması yönündə davranışını , nəsillərə örnək olacaq bir əqidə ilə qələmə aldı…”,  S.Rüstəmxanlı “Bal yapan arı timsalında bir şəxsiyyətdir. Arı bal yapar, o balın nemətindən başqaları bəhrələnər”.(Məmməd Aslan).

     

    Türkiyə üzünü Şərqə çevir.

     

    Bütün bunlarla bərabər, Sabir Rüstəmxanlını bir siyasətçi kimi dəstəkləməyimin əsas səbəbi Türkiyə ilə Azərbaycan arasında inteqrasiya prosesinin təməllərini atması, Türkiyə ilə Azərbaycanın birliyinə çalışmasıdır. Azərbaycanda Qərb yönümlü, Rusiya yönümlü, İran yönümlü partiyalr, şəxslər var. Sabir Rüstəmxanlı Türkiyə yönümlü siyasət yürüdən bir liderdir. Onun liderlik etdiyi VHP üzünü Qərbə, Rusiyaya yox, Türkiyəyə, Türk Dünyasına tutub. Məgər biz bunu istəmirikmi, məgər biz bunun üçün, Türk inteqrasiyasına nail olmaq və Turan qurmaq üçün yaşamırıqmı.

    Azərbaycanda Stalinist Azərbaycanlı konseptinin rəsmi şəkildə tətbiq edilməsində əsas məqsəd, Azərbaycanla Türkiyə arasında dil-etnik-kültürəl fərqin yarandığnı nümayiş etdirmək, Azərbaycanı Türkiyədən təcrid etməklə Rusiya, İran mədəniyyət orbitində saxlamağa çalışmaqdır. Türkiyənin istehsal etdiyi filmləri  Türk dilindən “Azərbaycan dilinə” tərcümə etdirmək, Türkiyəyə viza tətbiq etməklə Azərbaycanı Türkiyədən təcrid etmək,  Azərbaycanın  Türkiyədən fərqli bir sosio-kültürəl dəyərlərə malik toplum olduğunu qabartmaqla, Türkiyə-Azərbaycan arası inteqrasiyanın qarşısının alınmasına çalışıldığı bir dönəmdə, antiTürkiyə, anti Türk mövqlərin, çıxışların sərgiləndiyi bir zamanda  Sabir Rüstəmxanlı Türkiyəni mərkəz alan bir siyasət izləməkdə, Türkiyə-Azərbaycan birliyinə çalışmaqdadır. Bu, Əli Bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, M.Ə. Rəsulzadənin, Ə.Elçibəy hökümətinin izlədiyi bir siyasətdir, Sabir Rüstəmxanlı bu siyasəti, bu idealı bu gün ən yüksək səviyyədə  həyata keçirməyə çalışmaqdadır. Eyni zamanda o Türkiyə siyasi  elitası ilə sıx bağlar quraraq, Türkiyənin xarici siyasət doktrininin Avropa mərkəzçilikdən xilas olaraq Türküstan mərkəzli bir doktrinə çevrilməsi yönümündə də fəaliyyət göstərməkdədir.  Türkiyə ilə Azərbaycanın gələcəkdə federativ dövlət şəklində birləşməsi ilə bir Oguz dövlətinin yaradılması, bu məqsədlə Azərbaycanın Rusiya-İran siyasi-kültür orbitindən qoparılması bizim də əsas məqsədimiz olduğundan Sabir Rüstəmxanlının bu siyasətini candan dəstəkləməkdəyik.

     

    Son

     

    Bir neçə dəfə, mütəvazi şəkildə  bizim yanımızda qal, bizimlə çalış demişdi mənə… Bizim məqsədimiz- Bütöv Azərbaycan qurmaqdır, Türkiyə-Azərbaycan-Türküstan mərkəzli bir konfederativ dövlət birliyi qurmaqdır ustadım. ..Bu böyük davamızda  sizinlə çalışmaq  bir onurdur ustadım. Mən bir ömür boyu Türk Millətinin yüksəlişi üçün qələm çalan, Azərbaycanın bütövləşməsi üçün mücadilə verən, Azərbaycanın və Türkiyənin inteqrasiyasına çalışan bir ocaqda qalmaq nədir, baş qoyaram ustadım.  Mənim də davam bir Türklük sevdasıdır…Əbədi sevda.

     

  • VHP Cümhuriyyət bayramını qeyd etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri 28 May -Cümhuriyyət günü ilə bağlı keçmiş Şin Zavodunun həyətindəki Rəsulzadə heykəlinin önündə bayram aksiyası keçirib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, aksiya bu gün saat 13:00-da baş tutub.

    Tədbirdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxış edib və Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasından, qısa vaxtda böyük uğurlara imza atmasından, ilk dəfə qadınlara seçim hüququ tanımasından, ordu quruculuğu və apardığı siyasi-hərbi mücadilədən danışıb. “Təəssüf ki, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi və bolşeviklər tərəfindən devrildi. Sovet imperiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Buna baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi”.

    Tədbirdə həmçinin VHP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri  Felmar Ələkbərli və VHP Ağsaqqallar Şurasının sədri Sabir Həsənov və gənc fəallar çıxış edib, Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki rolu və mövqeyindən bəhs ediblər.

    VHP28may9 VHP28may VHP28may1 VHP28may2 VHP28may3 VHP28may4 VHP28may5 VHP28may6 VHP28may7 VHP28may8

  • Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd edilib – REPORTAJ, FOTOLAR, VİDEO

    Mayın 25-də xalq şairi, sabiq deputat, VHP-nin sədri Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olundu. Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirildi. 

    Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, xarici qonaqlar, eləcə də media nümayəndələri iştirak etdilər.
    Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva, Elmira Axundova, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin İsa Qəmbər, tarixçi alim Cəmil Həsənli və digərləri qonaqlar arasında idi.
    Sabir Rüstəmxanlının yubileyinə gözlənildiyindən daha çox qonaq gəldiyindən həm qapının önündə, həm də zalda izdiham yaşandı. Gələnlər uzun müddət teatrın qapısı önündə gözləməli oldular.
    Açılış nitqi ilə çıxış edən şair İlqar Fəhmi Akademik Milli Dram Teatrının qapısı önündə yaşanan izdihamın Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən qiymətin göstəricisi olduğunu bildirdi.
    Tədbir öncəsi musavat.com-a danışan baş nazirin müavini Elçin Əfəndiyev isə, S.Rüstəmxanlını ədəbiyyatımızın ən görkəmli nümayəndəsi adlandırdı: “Sabir Rüstəmxanlı həm poeziya, həm də nəsr sahəsində yazdığı əsərlərlə bugünkü ədəbiyyatımızın ən gözəl nümunələrini yaradıb”.
    Səhnədə çıxış edənlər də Sabir Rüstəmxanlının fəaliyyətindən, yaradıcılığından və şəxsi keyfiyyətlərindən bəhs etdilər. İstanbul metropol bələdiyyəsinin koordinatoru, tanınmış şair-yazar Özcan Ünlü yubilyarın yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirdi.
    Daha sonra şairin əsərlərindən parçalar oxundu, şeirlər səsləndirildi. Xalq şairinin kürəkən müğənni Elçin Cəfərov da qayınatasının yubileyində onu oxuduğu mahnıları ilə təbrik etdi. Xalq artisti Nurəddin Mehdixanlı və bir neçə gənc aktyor şairin əsərlərindən parçalar səsləndirdilər.
    Musavat.com-a danışan tarixçi alim Cəmil Həsənli Sabir Rüstəmxanlını həm ədəbi fikrin, həm də siyasi mühitin öndə gedən nümayəndələrindən biri adlandırdı: “Mən onu gənclik illərindən tanıyıram. O zaman gənc şairlər gəlib tələbə yataqxanalarında, müxtəlif auditoriyalarda öz şeirlərini oxuyurdular. Hamısı da vətənpərvər şeirlər idi. Yadıma gəlir ki, Sabirin “Gəncə qapısı” kitabı çıxanda necə sevgi ilə qarşılandı. Hər yerdə onun müzakirələri gedirdi. Sabirin Azərbaycan ədəbiyyatında, siyasətində, ictimai fikrində yeri əvəzsizdir. Onun ən gözəl əsərlərindən biri də “Ömür kitabı”dır. Bu kitab sanki Azərbaycan ədəbi sözünün millətə xidmət nümunəsidir. Təsadüfi deyildi ki, bu kitab milyon tirajla çap olunmuşdu və böyük maraq doğurmuşdu. Əslində Sabir Rüstəmxanlı özü də elə bu ömür kitabından keçmişdi. Sabirin həm şeirləri, poeziyası, publisistikası, nəsr əsərləri həm ictimai fikir, həm də ədəbiyyat üçün çox önəmli əsərlərdir”.
     
    Deputat Qüdrət Həsənquliyev isə yubilyarı Milli Azadlıq Hərəkatı dövründən tanıyıb: “Sabir bəyi mən tələbəlik illərindən sevmişəm. Onun kitablarını sevə-sevə oxumuşam. Sabir bəy Milli Azadlıq Hərəkatının öncüllərindən biri olub. Azərbaycanda milli ruhun oyanışında misilsiz xidmətləri olan bir şəxsiyyətdir. O, bu millətin qənimət insanlarından biridir. Mən ona can sağlığı və uğurlar arzulayıram. Allah ona ömür versin və bizlərə də ömür versin ki, onun yüzilliyini qeyd edək”.
    Deputat Qənirə Paşayeva yubilyarı Azərbaycanın dəyərli aydınlarından biri adlandırdı: “Sabir Rüstəmxanlı bizim ədəbiyyatımızda, poeziyamızda öz yeri olan böyük şairlərimizdən olmaqla bərabər çox dəyərli ziyalılarımızdan biridir. Azərbaycanın müstəqillik hərəkatının fəallarından biri olub. Onun ictimai, siyasi fəaliyyətinin önəmini sözlə ifadə etmək mümkün deyil. O, türk millətinin birliyi, Azərbaycanın demokratik bir respublikaya çevrilməsi üçün gözəl işlər görən aydınlarımızdandır. Allah Sabir bəyə uzun ömür, can sağlığı versin, bundan sonra da fəaliyyətinə davam etsin”.
    Deputat Fazil Mustafa Sabir Rüstəmxanlını Azərbaycanın ən böyük ziyalılarından biri adlandırdı: “Sabir bəy, XXI əsrdə Azərbaycan davasını gündəmə gətirən, xüsusən də Güney Azərbaycan problemini aktuallaşdıran, bu hərəkatın öncüllüyünü öz üzərinə götürən liderlərdən biridir və çox böyük işlər görüb. Sabir bəyin fəaliyyət sferası o qədər genişdir ki, hərdən fikirləşirsən ki, bir insan bu qədər yükü çiyinlərinə necə götürə bilər? Bu da bir ziyalı məsuliyyəti və vicdanı ilə bağlı məsələdir. Sabir bəy məsuliyyətin bilincində olan bir şəxsiyyətdir. Həm gözəl şair, həm siyasi xadim olasan, uzun illər parlamentdə təmsil olunasan, həm Dünya Azərbaycanlılar Konqresinin işini öz üzərinə götürüb aparasan, bu nadir bir istedad sahibinin qabiliyyətidir. O, Azərbaycan xalqının gəlmiş-getmiş ən ciddi ziyalıları içindədir və adı həmişə fəxrlə xatırlanacaq”.
    Vətənpərvərlik, türkçülük haqqında mahnılarının mahir ifaçısı, müğənni Əhməd Şəfəq Sabir Rüstəmxanlını tanımaqdan qürur duyduğunu bildirdi: “Sabir Rüstəmxanlı ilə 2004-cü ildə Azərbaycana konsert verməyə gəlməzdən öncə tanış oldum. Təbii ki, onu şeirləri ilə tanıdım, sevdim. Sonradan o şeirlərin sahibinin böyük bir ədəbiyyatçı, gözəl bir insan olduğunu gördüm. Onun türk tarixinə bu qədər vaqif olması məni ayrıca təəccübləndirdi. Sabir bəy eyni zamanda bir türkçü və ədəbiyyat filosofudur. Onlar mənim ailə dostumdur və çox xoşbəxtəm ki, belə bir ailə ilə tanış oldum. Sabir bəyin bu gün 70 yaşı olsa da, o, yazdığı hər əsərlə əslində, bir qədər də gəncləşir. Allah ona uzun ömür nəsib etsin ki, o da ədəbiyyatımıza gözəl əsərlər verməkdə davam etsin”.
    Tədbirin sonunda söz yubilyara verildi. Alqışlar altında səhnəyə çıxan Sabir Rüstəmxanlı onun yubiley tədbirində iştirak edənlərə və tədbiri təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
    Həmçinin zalda yer olmadığı üçün qapıdan dönən qonaqlarına da üzrxahlıq etdi: “Mən  çox təəssüfləndim ki, dəyərli dostlarımın bir hissəsi yer olmadığı üçün qapıdan qayıdıblar. Yəqin ki, mədəniyyət nazirimiz qonaqların bu qədər çox olduğunu bilsəydi, bizə Heydər Əliyev adına Sarayı açardı. Ümumiyyətlə, zalları, salonları şairlərin, yazıçıların üzünə açmaq lazımdır”.
    S.Rüstəmxanlı bu mərtəbəyə gəlib çıxmaqda gənclik illərində ona kömək edən xeyirxahlarından danışdı. Həyat yoluna nəzərə salaraq keçdiyi çətinliklərdən bəhs etdi, qazandığı uğurları isə bu xalqın sevgisinə borclu olduğunu dedi.
    Xalq şairi yazdığı hər kiçik bir misranın ona doğma olduğunu və səhnədə səsləndirilən şeirlərini həvəslə dinlədiyini ifadə etdi: “Bir dəfə dostlarımdan biri mənim kitabımı istədi və dedi ki, kitabı mənə verəndə içində ən sevdiyin şeirlərini işarələ ki, onları oxuyum. Mən də kitabı vərəqlədikcə, xoşuma gələn şeirləri işarələməyə başladım. Axırda bir də gördüm ki, kitabda nə qədər şeir varsa, hamısını işarələmişəm. Mənə elə gəlir ki, biz hər birimiz bu millətin dərdi, sevgisi ilə yaşayırıq. Mənim xoşbəxtliyim ondadır ki, mən heç vaxt bu millətə sayğımı, sevgimi itirmədim. Ən ağır gündə belə, bu millətin gücünə güvəndim”.
    Çıxışda tədbirlə bağlı təəssüratlarını  bizimlə bölüşən yubilyar ən böyük diqqətlərdən birini də “Yeni Müsavat” qəzetindən gördüyünü etiraf etdi və təşəkkürünü bildirdi: “Yubiley ərəfəsində mənim haqqımda ən gözəl yazılardan birini də siz hazırladınız. Sizə və iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Çox təəssüf edirəm ki, bəzi qonaqlarım ayaq üstə qaldı, bəziləri içəri keçə bilmədi. Onlar bizi üzrlü saysınlar. Bu, məni həm sevindirdi, həm də təəssüfləndim. Türkiyədən, Qazaxıstandan, Rusiyadan, Tatarıstandan, Udmurtiyadan çoxlu dostlarım gəlib. İllər uzunu mənimlə çiyin-çiyinə gələn qələm dostlarım gəlib, insanın bundan böyük qazancı ola bilməz”.
    Nərgiz LİFTİYEVA,
    Musavat.com,
    Fotolar Məğrur Mərdindir.
    img2093027 1a7ecb5d3639 11e985537fe8 41a3bc0dfbe5 57d1d119732e 612a8f19d315 724be4ee619d 67052d792e1d a4ca18d8de75 a735bcc93040 aa7d5751d71f bb68a29e2596 cec3e0600eb8 f19eb93e0a17 f3704ca8cddc