Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Bütün partiyalarda istefalar olur, amma…”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Musavat Partiyasında yaranmış gərginliyi Azərbaycan xalqının birliyinə nvurulan zərbə kimi dəyərləndirdi.

    VHP sədri İnterpress.az-a verdiyi açıqlamada Musavat Partiyasında baş verən istefaları ardıcıl izləyə bilmədiyini, lakin bütün hallarda parçalanmaların və ittihamların xalqın birliyinə müsbət təsir etmədiyini bildirdi: “Yaydı, Azərbaycandan kənarda oluram, ona görə də bütün bu münaqişəni ardıcıl olaraq izləyə bilmirəm.

    Amma onu deyim ki, bütün partiyalarda belə ayrılmalar olur, bunu bu qədər şişirtmək lazım deyil. Köhnə dostların, yoldaşların bir-birinə ittihamını da normal hesab eləmirəm. Çünki bütün partiyalarda belə istefalar olur. Bunun mətbuat mövzusu olmasını da istəməzdim.

    Çox təəsüf ki, son 25 ildə, torpaqlarımızın bir hissəsi işğal olunduğu halda, dünyanın bizə qarşı ədalətsizliyinin şahidi olduğumuz, çox ciddi sınaqlardan keçdiyimiz dövrdə, adamlarımız birləşmək, düşmənə qarşı çiyin-çiyinə dayanmaqdansa, bir birimizi ittihamlarla məşğul olmuşuq.

    Bir dövlət qurmuşuq, bu dövlətdə hakimiyyətlə razılaşmadığımız məqamlar çoxdur. Buna baxmayaraq, hakmiyyətlər dəyişir, o psixologiyalar isə dəyişmir. Kim hakmiyyətə normal barışdırcı mövqe təklif edirsə, kim bir az yumşaq yazırsa, onu hakimiyyətlə işbirliyində ittiham edirlər.

    Bu hakmiyyət də, əslində bizimdir. Bu hakmiyyətlə işbirliyi vasitəsilə islahatlara nail olmaq mümkündür, nəinki kənardan dayanıb, radikal çıxışlar etməklə. Çünki bu işbirliyi ortaya, xalqımız üçün daha yaxşı faydası olan nəticələr ortaya qoya bilər”.

  • İranda azərbaycanlılar yenidən etirazlara başladı – VİDEO

    Bu gün Bakı vaxtı ilə saat 19:30-dan etibarən Güney Azərbaycanın çoxlu sayda şəhərlərində kütləvi etirazlara başlanılıb.

    Musavat.com bildirir ki, Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə azərbaycanlı soydaşlarımız əllərində “Biz istəyirik diri qalaq”, “Mən türkəm” və digər yazılı plakatlar tutaraq “Haray, haray, mən türkəm”, “Ölüm olsun faşizmə”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” kimi şüarlar səsləndirib, etiraz mitinqləri keçirirlər. Etirazlara səbəb bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunmasıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə artıq onlarla azərbaycanlı fəal polis qüvvələri tərəfindən saxlanılıb. Onların arasında “Traxtur” futbol komandasının lideri Əli Hedayəti, həmçinin Marağadan Murtaza Əşrəfi, Urmiyadan Mehdi Hacızadə, Ərdəbildən Məhəmməd Corani, Əhməd Məhəmmədzadə, Hüseyn Balaxani, Xoydan Səlman Əraqi və digərlərinin olduğu bildirilir.

    Xatırladaq ki, bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Təəssüf doğuran daha bir məqam ondan ibarətdir ki, adıçəkilən qəzet azərbaycanlıların mənəvi paytaxı hesab edilən Təbrizdə dərc edilir, rəhbəri Amir Əlizadə və məqalənin müəllifi Süleyman Əfşar Tikabi əslən azərbaycanlıdır. Yazı dərc olunduğu andan kütləvi etirazlara səbəb olub. Olayın ardından isə bir müddət bundan öncə türkləri təhqir etməklə kütləvi etirazlara, çoxlu sayda azərbaycanlı fəalların həbsinə səbəb olan “Fitilə” verilişinin üzvlərinin mükafatlandırılması narazı kütlənin qəzəbini daha da artırıb, hiddətləndirib. Nəticədə iyulun 26-da bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilmişdi. Təkcə həmin aksiyalarda 20-dən çox fəalın saxlanıldığı, onların arasında qadınların da olduğu bildirilir.

  • Azərbaycanda xainlər məzarlığının yaradılmasına ehtiyac varmı?

    Sabir Rüstəmxanlı: “Azərbaycanda belə bir yeniliyə ehtiyac yoxdur və yaxşı ki, yoxdur”

    “Bu, Türkiyənin özündə də tələsik atılan bir addımdır”.

     

    Məlum olduğu kimi, Türkiyədə son hərbi çevriliş cəhdində öldürülən qiyamçıların dəfni üçün “Xainlər məzarlığı” yaradılıb. Belə ki, həlak olan qiyamçıların məhz bu qəbiristanlıqda basdırılması təşkil ediləcək ki, bu da rəsmi Ankara tərəfindən qiyamçılara verilən xüsusi növ cəza hesab edilir.

    Azərbaycanda necə, vətən xainlərinin dəfni üçün belə bir məzarlığın yaradılmasına ehtiyac varmı?

    Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu kimi məsələlərdə tələsik addım atmağın yolverilməz olduğunu bildirib:
    “Mən bu yanaşmanı düzgün hesab etmirəm. Şübhəsiz, çevriliş cəhdinin doğru bir şey olmadığı bəllidir. Lakin bütün proseslər sona qədər təhlil edilmədən, araşdırılmadan, hər kəsin fərdi məsuliyyəti müəyyənləşdirmədən onların hamısına xain damğası vurmaq olmaz. Əsgərin borcu əmri yerinə yetirməkdir. Əgər əsgər aldığı əmri yerinə yetirən zaman həlak olubsa, ona xain damğasını necə vurmaq olar?

    Hələ ki, proses tam aydınlaşmayıb, məhkəmə keçirilməyib. Ilk gündən bu qədər insana belə bir möhür vurmaq məncə ağır bir məsuliyyətdir. Onu da nəzərə almalıyıq ki, bu insanların övladları var, onların gələcəyi var. Onlar illərlə bu damğa ilə yaşaya bilməzlər. 1937-ci ildə SSRİ-də vətən xain damğası vurulanlar 50-ci illərdə bəraət aldılar və onların övladları da bəraət aldılar. Həmin vaxta qədər onlar bu ağır ittihamın altında yaşadılar. Bir nəfərin xainliyinə görə onun övladlarının, nəslinin bu damğa altında yaşaması doğru deyil. Türkiyədəki bu addımı tələsik atılmış addım hesab edirəm.

    Azərbaycanda belə bir yeniliyə ehtiyac yoxdur və yaxşı ki, yoxdur. 30-cı illərdə xainlər qəbiristanlığı yaradılsaydı, orda o dövrün ziyalıları dəfn ediləcəydi. Hansı ki, 50-ci, 60-cı illərdə bəlli oldu ki, bunlar millətin qəhrəmanlarıdır. Ümumiyyətlə, vətən xaini damğasını yalnız elə adamlara vurmaq olar ki, onun əməlləri bütöv bir xalqa, neçə-neçə nəsillərə fəlakət gətirib. Bunu isə adətən zaman müəyyənləşdirir”.

     

    Moderator.az

     

     

     

  • Ağdamın işğalından 23 il ötür

    agdamBu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür. “Report”un məlumatına görə, Ağdamın işğalından 23 il ötür.
    Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
    Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
    Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.
  • Bir daha Türkiyə olayları üzərinə

    Sabir Rüstəmxanlı0000Sabir Rüstəmxanlı

    BİR DAHA TÜRKİYƏ OLAYLARI ÜZƏRİNƏ

    Türkiyədə baş verənlərin bütün gizli mahiyyətini və amacını anlamaq, bu olaylarin arxasında kimlərin və hansı işğal niyyətlərin dayandığını aşkarlığı ilə görmək üçün bir az gözləməmiz gərəkir. Sular və düşüncələr durulacaq!
    Yüzlərlə Türkiyə vətəndaşının öldüyü və yaralandığı bu çevriliş layihəsinin Türkiyə Ordusundan Gülən camaatına bağlı qiyamçı bir qrupun özfəaliyyəti olduğunu, arxasında bəzi Qərb və İslam dövlətlərinin, terrorçu təşkilatlarin dayandığını, hətta Türkiyənin mövcud iqtidarına bağlılığını iddia edən yozumlar ortadadır; Bir-birindən çox fərqli olan ala-yarımçıq mülahizələr, əsaslı-əsasız ittihamlar baş alıb gedir… Bunlar qəti bir sonuca varılması üçün yetərli deyil. Lakin olaydan sonrakı ilk günlərdə ortaya çıxan bəzi görüntülər heyrət, təəssüf və qəzəb doğurur, ölənlərin taleyinə acıyırsan. Təsəlli budur ki, Türkiyə böyük bir fəlakəti son anda adlada bilib. Ancaq tökülən qanlar qurumamış tragikomik bir yarış gedir: dünənədək Gülən camaatı ilə çalışanlar, Türkiyədə və Azərbaycanda onun təbliğatını aparanlar indi də ona qarşı çıxanların ilk sıralarında yer alıblar. Əsas günahkarlar yenə də sudan quru çıxır.
    İlahi, Türkiyədə bu Cümhuriyyəti quran Atatürkə, dövləti qoruyan Türk əsgərinə nifrət edən nə çox məxluq varmış!

    Çaddələrdən sel kimi axışan cübbəlilər, əmmaməlilər, əli təsbehli, dili küfrlülər, camaat, təriqət, xurafat əhli, adını müsəlman qoyan və ya müsəlman cildində gizlənənlər… Sanki fürsət gözləyirmişlər ki, Atatürkün büstünü dağıtsınlar, türk əsgərini aşağılayıb sürü-sürü zindanlara doldursunlar. Tükürpədici şəkillər paylaşdırılır, ayağı yerdən üzən məlumatlar yayılır. Bəlli olur ki, Pensilvaniyada oturan bir adam Türkiənin bütün dövlət orqanlarına nüfuz edibmiş, dövlət içində dövlət qurubmuş, hətta Genel Kurmayın da bütün dizli danışıqlarını dinlətdirirmiş və Türkiyə hökuməti də bundan tam xəbərsizmiş… İnanan daşa dönsün! Aydındır ki, okeanın o tayına gedən bəlgə və bilgilər ABŞ kəşfiyyatından gizli tutula bilməzdi. Belə çıxır ki, Türkiyənin həm iqtidarının, həm Gülənçi müxalifətinin ipləri illər uzunu ABŞ-ın əlində olmuşdur və çoxları da bu təslimiyyətə böyük ölkə ilə əməkdaşlıq donu biçmişlər….
    Gör vaxtı ilə dünyaya hökm eləmiş bir dövlətin axırını hara gətiriblər! Nəzərə almalıyıq ki, Türkiyə yönəticilərinin bir qismi, bu gün inkar etsələr də, vaxtilə Gülənin şinelindən çıxan, yəni onunla bir yolda olan insanlardır. Nə qədər uzaqlaşsalar da, bu mexanizmləri bilməmiş olmazdılar.

    Belə çıxır ki, dindar kəsimin, camaatın bir hissəsi türk əsgərini qiyama hazırlarkən digər qismi də əli bıçaqlı onun başını kəsməyə tələsirmiş…
    Neçə gündür tuthatutdur. Qurunun oduna yaş da yanır. Hədəfdə olan generallar, admirallar, hakimlər, öyrətmənlər, yönəticilər, məmurlar və nəhayət, son illərdə terrora qarşı savaşda minlərlə şəhid vermiş, əmrə tabe olan, gəncəcik Türk əsgəridir. O əsgər ki, dünən ocağından ayrılıb, ana-babası onu Yurdu qorumaq üçün göndərib, orduda ilk gündən “komutanlarını dinlə, əmrə tabe ol!” egirimi alıb, dərbə və iqtidar savaşları haqqında anlayışı yoxdur… Belə çıxır ki, evlərindən günahsız ayrılmış bu gənclərin nə suçları varsa iqtidarın yönətdiyi orduda öyrənmişlər.

    Biz bu işə qarışa bilmərik. Bu, Türkiyə hökumətinin öz işidir. Ancaq bir müsəlman dövlətində İslamın gündən-günə siyasiləşməsi, din adına cəhalətin meydan açması, türkün qanı hesabına qazanılmış böyük ulusal dəyərlərin təhdid edilməsi… təkcə qardaş dövlətin işi deyil, milli sorundur, bütün Türk dünyasının işidir və indiki halda ölüm-qalım məsələsidir… Bir millət olmağımız və Türkiyə ilə sıx ilişkilər orda baş verənlər çox qısa vaxtda Azərbaycanı da etkiləyir.

    Bu olaylar Atatürkün dahiyanə uzaqgörənliyini və böyük dövlətçilik təfəkkürünü bir daha nümayiş etdirir. İndiki kimi çeşidli dinlərin, təriqətlərin, kilsə çevrəsindəki gizli təşkilatların, yabançı ölkələrdən qidalanan xain sivil toplum örgütlərinin, xain hərbçilərin, demokratiya adı altında bölücülük və separatizmlə uğraşanların basqısı altında yıpranıb heydən düşmüş, savaşlardan sarsılmış Türkiyənin yeganə xilas yolunun layiq dövlətçilik və cümhuriyyət modeli olduğunu Atatürk vaxtında dərk etmişdi.. Bu gün ona qarşı çıxanların çoxu Türkiyəni yenidən ötən əsrin əvvəlindəki uçuruma itələmək istəyənlərdir: bir hissəsi Gülənçi, bir hissəsi guya, “Gülən camaatına qarşı mübarizə aparan”lar…


    ***

    Bu arada İslam və din üzərinə yazılar çoxalıb. Görünür, bıçaq kəmiyə dirənib. Bundan o yanası yoxdur. Din dəllalları, vicdan işiylə siyasət işini qarışdıranlar, din pərdəsi arxasında dövlətin dayaqlarını sarsıdanlar bir yandan; dinimizi diktaturanın, monarxiya və antidemokratiyanın ekvivalenti, inkişafı, sivilizasiyanı ləngidən bir düşüncə və inanc sistemi kimi qələmə vermək istəyənlər başqa bir tərəfdən İslamın uluslararası etki və saygınlığının azalmasına səbəb olurlar.

    Ağzımızı açıb bu reallıqları dilə gətirəndə təriqət bölücülüyünə, cəhalətə, xurafata, İslam təbliğatının ərəb-fars işğalına çevrilməsinə qarşı bir söz deyəndə bizi az qala dinsiz elan edirlər. Mən müsəlmanam! Şükür! Ancaq bizim İslam anlayışlarımız eyni deyil! İslam İnsanı Allaha qovuşduran, onun varlığına inandıran, insana inam, güc, cəsarət, sevgi, dözüm, halallıq, səbr, təmizlik, şərə və zülmə qarşı mübarizə əzmi, ədalət öyrədən, yaranışın gözəlliyini dərk etməyə çağıran böyük və qutsal bir dindir.
    O, mənə Quranı ana dilimdə oxumağı, duamı ana dilimdə söyləməyi, uşaqlarıma ana dilimdə ad qoymağı, öz millətimin dərdinə yanmağı yasaqlamayıb. Amma bu gün azsavadlı din xadimləri İslamı yəhudi-ərəb-fars mifologiyası ilə, uydurma hədislərlə doldurub, tarıx yaddaşımızı, milli heysiiiətimizi yıpratmaqla məşğuldurlar.
    Qonşuluğumuzdakı erməni kilsələrində Vətən sevgisi öyrədilində, dini kitablar öz ana dillərində təbliğ ediləndə, olan və olmayan tarixlər nəşr edilib yayılanda bizim camelərdə ərəb-fars qarışığından ibarət olan bir dillə qədim peyğənbərlərin yüz dəfə eşitdiyimiz əfsanəvi möcüzələri, abdəstin və ya təharətin “qaydaları”, hicabı necə bağlamaq kəşfləri təkrarlanmaqda davam edir.
    Bütün böyüklərimiz bu bəlalardan dad çəkib , yorulmadan yazıblar, nə dəyişilib? Ərəbcəni bilməyən, cüngləri birinci sinif şagirdləri səviyyəsində höccələyə-höccələyə oxuyan və bununla guya, xalqa ağıl verən şarlatanların İslamı guya, təbliğ etməsi antitəbliğata çevrilir.

    Azərbaycanda millət eşidə-eşidə dilimizdə fars dilinin intonasiyası və ibarələri ilə danışanlar istər-istəməz, İran- fars rejiminin casus şəbəkəsinə xidmət edirlər. Bu, din məsələsi deyil! Dünya, təəssüf ki, İslamı geyim-kecimləri və danışıqları ilə çağdaş mədəniyyətdən uzaq olanların və maskalı terroristlərin simasında görür, belə görmək istəyir, bu, onlara sərf edir. Halbuki, belələri əsl İslamı təmsil edə bilməzlər, İslam dinini belələrinin yarımçıq təfəkkürü ilə dəyərləndirmək olmaz!

    İslamın siması Məhəmməd Peygənbərdir, Həzrəti Ömərdir, Həzrəti Əlidir…
    Avropa alımlərinə müəllimlik etmiş, onlardan yeddi-səkkiz yüz il öncədən çağdaş riyaziyyatın, fizikanın, kimyanın, triqonometriyanın, astronomiyanın, yer bilgisinin, tibbin əsaslarını qoymuş Əbdülhəmid ibn Türk, Farabi, İbn-Sina, Harizmi, Kindi, Battani, Biruni, Bəhmənyar Azərbaycani, Nəsrəddin Tusi, Uluqbəy, İbn Rüşt, Nurəddin Batruçi, Piri Rəis kimi saysız dahilərdir… İslam humanizmini və sevgisini dünyaya yayan Əhməd Yəsəvi, Şeyx Nizami, Mövlanə, Hacı Bektaşi, Füzuli və nəhayət böyük fatehlərdir, böyük ürfan sahibləridir İslamın qüdrət mənbələri.
    Yoxsa xurafat əhlinin, əxlaqı- hicabla, çadrayla, imanı- təkbir bağırmaqla səhv salanların İslama nə xeyri?! İslam sivil dünyadan ayrı yaşaya bilməz. O, insanın ayağına qandal yox, qoluna qanad olmalı, İlahi eşqlə yaratmağa, azadlığa sövq etməlidir, axirət deyə-deyə bu dünyasını əlindən almamalıdır..

    Niyə bir çox elmlər İslam aləmində yaransa da onun xeyrini Avropa gördü? Niyə texnologiya və təbii elmlərdə İslam aləmi Qərbdən bu qədər geri qalır və ələbaxan duruma düşmüşdür? Böyük İslam alimləri və müsəlman dünyasının liderləri bu məsələlər barədə düşünməli və çıxış yolları axtarmalıdırlar.

    Şərqdəki cəhaləti və geriqalmışlığı tənqid edən böyük Azərbaycan yazarlarından heç biri ateist və ya allahsız olmamışdir. “Harda müsəlman görürəm qorxuram” deyən şairlər də dinimizi indiki imam və mollalardan daha yaxşı bilirdilər və imanlı insanlar idilər. Ancaq türk-islam aləminin geriqalmışlığına yanırdılar, milləti oyatmaq üçün, saxtakarlıq etmədən, nöqsanları yazırdılar. Əsl din təəssübkeşi olan və Allah sevgisi ilə yaşayan insan millətinin beyninin gerilikçi, avam düşüncə ilə zəhərlənməsinə dözə bilməz.

    ***

    Dinlər millətlərin Allah tərəfindən verilmiş özəlliklərinə və dəyərlərinə sayğı ilə yanaşanda, onların qorunub inkişaf etdirilməsinə mane olmayanda güclü olur. Orta əsrlərdə Osmanlı dövlətində İslamın bu cazibəsi qorunurdu. Lakin indi İslamı ərəb dövlətlərində ərəb hegemonluğunun, İranda fars şovinizminin aləti kimi baxmaq, mənəvi müstəmləkə vasitəsinə çevirmək meylləri güclənib. Buna görə də böyük yaradana Tanrı deyilməsindən qeyzlənir, yaxud uşaqlara ərəb, fars adları verməsi kimi rəzaləti din pərdəsinə bürümək istəyirlər.

    Bir dəfə bir İran rəsmisindən soruşdum: “Siz niyə İranda azsaylı ermənilərə öz ana dilində oxumaq, məktəb açmaq kimi hüquqları verdiyiniz halda on milyonlarla türkü bu hüquqlardan məhrum etmisiniz?”

    Dedi: “Onlar dini azlıqdir, türklər isə milli azlıq. Biz dini azlıqlara bu hüququ veririk. Türklərsə bizim şıə qardaşlarımızdır…”
    Dedim: “Sizin məntiqinizdən belə çıxır ki, türklər İranda öz milli haqlarına qovuşmaq istəyirlərsə, gərək, öz dinlərindən imtina edib başqa din qəbul etinlər… Siz müsəlmançılığı beləmi təbliğ edirsiniz?”

    Çaşdı. Çünki gülünc cavab vermişdi. Bu cür düşünənlər unudurlar ki, din adına millətləri öz içində əritmək siyasəti uzun müddət davam edə bilməz. Millət üçün öz kimliyini qorumaq daha vacib məsələdir.
    Bəzi dinlərin müəyyən millətlərin taleyində faciəli rol oynadıgının örnəkləri az deyil. Məsələn, Monqolstanın rəsmi dini lamaizmdir. Ölkənin erkək əhalisinin yüzdə qırxa yaxını lazımdır və monastrlarda zikrlə məşğuldurlar. Onlar evlənə bilməzlər. Bu barədə monqolların özlərindən eşitməmişəm, ancaq mənə elə gəlir ki, orta əsrlərin qüdrətli millətinin cəmi bir neçə milyon qalmasının bir səbəbi də dinin bu yasağıdır. Kişilərin az qala yarısının ailə qura bilmədiyi bir yerdə əhalinin artımından söhbət gedə bilməz və bəlkə o vaxt İslamı qəbul etsəydilər taleləri tamam başqa cür olardı…

    Türkiyənin böyük şəhərlərində son vaxtlarda baş vermiş qanlı terror olayları qardaş ölkədə müsəlman pərdəsi altinda milli nihilizmin, türk xalqına qarşı basqıların gücləndiyini, dünən maneəsiz şəkildə ölkəyə buraxılanların arasında Türkiyəni yeni münaqişələrə sürükləmək istəyənlərin olduğunu göstərdi. Türk isimləri daşıyan səlibçilərin mövcudluğu da bir yandan… Ölkədə ərəb nüfuzunun atırılmasının hansı sorunlar yaradacağına da yəqin zaman cavab verəcək.

    Biz isə türk xalqının gücünə və yaradıcılıq qüdrətinə inanırıq. İnşallah, bu çətinlikləri də tezliklə adladar. Son illərdə Türkiyənin necə gəlişdiyini, insana sayqıyla dolu, yaşanmalı bir ölkə olduğunu görənlərin hamısının arzusu budur…

    20.07.2016

  • VHP-nin qurultayının vaxtı ertələnib

    samirasadli1“Qurultayın sentyabrda keçirilməsini nəzərdə tutmuşduq. Amma bəzi texniki səbəblərə görə işləri yekunlaşdıra bilmədik. Partiyanın qurultayının ilin sonunadək keçirilməsi haqda ilkin qərar qəbul edilib”.

    Bunu “Report”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

    O bildirib ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bölgələrdə işini yekunlaşdırıb: “Rayonların əksəriyyətində konfraslar keçirilib. İndi Bakının rayonları üzrə konfranslar keçirməyə hazırlaşırıq”.

    S.Əsədli qeyd edib ki, VHP sədrliyinə yalnız partiyanın hazırkı rəhbəri Sabir Rüstəmxanlı iddialıdır.

     

    18 iyul. REPORT.AZ

  • Sabir Rüstəmxanlının Türkiyədə son baş verən olaylara münasibəti

    Sabir Rüstəmxanlı0000Türkiyə olaylarına bir baxış

    Türkiyədəki son olayları yaxından izləmək imkanım olmadı. Ölkədən kənarda nə Azərbaycanın, nə Türkiyənin televiziyalarını izləmək imkanım vardı. İnternet yazıları da çox məhdud və ziddiyyətli idi. O ziddiyyət, yəni olaylara münasibətdəki fərqlilik indi də davam etməkdədir. Ancaq Türkiyəni sevən və onun yüksəlişini arzilayan bir adam kimi, baş verən olaylara çox üzüldüm.
    Atatürkün dahilik və qəhrəmanlı əsəri olan Türkiyə Cümhuriyyəti, şübhəsiz, Şərqin və İslam aləminin qürur yerlərindən biridir. Bir müsəlman ölkəsi olan Türkiyədə dövlətçiliyin demokratik prinsiplər üzərində inkişafı İslamı aşağılamaq istəyən və çağdaş sivilizasiya ilə uyuşmaz sayanların qara niyyətlərini alt-üst edir və bu mənada hamımızın, hər bir türkün, müsəlmanın mənafeyinə fidmət edir. Buna görə də Türkiyədə Ana Yasaya, ədalətli seçkiyə və xalqın iradəsinə bağlı olan yönəticiliyin qorunması son dərəcə onəmlidir.
    Hansı yöndən baxırsan bax, Türkiyə, doğrudan da, dünyanın ən gəlişmiş dövlətlərindən biridir; İslam və Qərb demokratiyasının sintezindən yaranmış bir sıra dəyərlərinə görə, dini və irqi dözümlülük, toleyrantlıq, insan sevgisi, mərhəmət, məzluma qucaq aşmaq, insanların rahat yaşaması baxımından nümunəvi bir ölkədir və tərəddüd etmədən deyirəm ki, demokratiya şüarları altında köhnə işğalçılıq və irqçılık siyasətlərini davam etdirən bir sıra Qərb ölkələrindən daha irəlidədir. Belə olan halda Türkiyənin çevriliş macəralarına və zorakı hakimiyyət dəyişikliyinə sürüklənməsi yolverilməzdir.
    Ancaq sevginin gözü kor olmamalıdır. Elə Türkiyəni səmimi-qəlbdən sevdiyimizə görə, gedən proseslərə də birtərəfli yanaşa bilmərik. Şərhlərə, çeşidli yozumlara baxanda bəlli olur ki, baş verənlərin əsil mahiyyəti hələ Türkiyənin içərisində də tam aydınlaşdırılmış deyildir; buna görə də, hakimlik etmək, ağ-qara sınırları çəkmək çətindir və bu görəv bizlərə düşməz. Yuxarıda dediyim kimi, biz hərbi çeviriliş cəhdini qıınayırıq; Türkiyənin uluslararası nüfuzuna zərbə vurcaq və onun inkişafını ləngidəcək dərbə oyunlarına və hərbi macəralara qarşıyıq. Və şükür ki, bu, baş tutmadı. Lakin bunu birmənalı şəkildə xalqın qələbəsi kimi qələmə vermək də doğru olmaz. Bəli, Türkiyə iqtidarı bu oyunu uddu; Türkiyə dövlətçiliyi ağır bir sınaqdan çıxdı. Amma sonucda yüzlərlə şəhid var, dustaqxanalara doldurulan mindən çox türk əskəri var, Türk dövlətinin hər zaman şərəf və mövcudiyyət təminatçısı olan Türk silahlı qüvvələrinə haqsız basqılar, onu zəiflədən və gözdən salan bir düşmənçilik var. Türkiyəni ayaqda saxlayan, güclü edən Baş Bakanlar, Cümhur Başkanları, hətta Böyük Millət Məclisi deyil, türk xalqı və Türk əskəridir! İndiki halda türk əskərini şərəfi zədələnmiş, övladları bir-birinə əl qaldıran millətin ürəyində dərin yara açılmışdır. Elə bu da bir dərbədir və bu mənada bu oyunu quranlar öz amaclarına çatmış durumdadırlar.
    Türkiyə dövləti və iqtidarı uddu, türk xalqı və türkçülük yaralandı! Mənim qənaətim budur! Bu işdə yalnız ordunu suçlu görmək fikrindən də çox uzağam.
    Bu çeviriliş oyununa Türkiyəni Atatürk yolundan uzaqlaşdırmaq, onun unitar yapısına zərər vermək, Türk Silahlı qüvvələrinə güvəni azaltmaq, diktaturaya yol açmaq, İslam adına dini fanatizmi və cəhaləti gücləndirmək, Türkiyəni yenidən orta yüzillərin gerilikci zehniyyətinə sürükləmək, müsəlman həmrəyliyi adına Türk millətini simasızlaşdıraraq kimliksiz bir topluma çevirmək, türk millətçiliyini yıpratmaq kimi, son illərdə müxtəlif şəmsiyyələr altında boy göstərən türk düşmənçiliyi siyasətinin tərkinb hissəsi kimi baxıram. Ölkənin içində və dışında bu yolun yolbayları və ilhamvericiləri kimlərdir? Məncə, bu sorunun cavabını Türkiyə vətəndaşları yaxşı bilirlər. Bəli, Türk xalqı demokratiyanı və ölkənin dinc yolla yüksəlişini dəstəklədi, terrorla mübarizənin davam etdirilməsindən yana olduğunu bir daha nümayiş etdirdi. Lakin bu, Dövlətin müdafiəsidir, iqtidarın yox! Çünki, ölkənin hərbi çevriliş həddinə gətirib çıxarılmasında bu hakimiyyətin apardığı siyasətin də payı var. Bunu inkar etmək olmaz və bu barədə ciddi düşünmək lazımdır. Ölkə əhalisinin yalnız yarısından bir az artığının səsini almış iqtidar hakimiyyətdə arın-arxayın otura bilməz. O, yerdə qalan seçicinin onu bəyənməməsinin səbəblərini öyrənməli, onlara düşmən kimi yox, ölkə yönəticiliyini daha güclü və daha ədalətli görmək istəyən, öz çıxarından çox, ölkənin çıxarını düşünən vicdanlı vətəndaş kimi yanaşmalı, milli dayanışma gücləndirilməlidir.
    Bu olaylarda kimliyi bəlli olmayan, Müqəddəs ramazan günlərində yəhudi –ərəb mifologiyası ilə xalqın başını xarab edib, özlərini peyğəmbər övladı yerinə qoyaraq əl öpdürən cahil din dəllallarının məktəblərindən keçən cəhalət “əskərləri” ilə — yüz illər boyu üç qitədə qanı axıdıla-axıdıla Türk dövlətçiliyinin şərəfini qorumuş Türk əskər üz-üzə qoyuldu. Günahı yalnız əmr yerinə yetirməkdən ibarət olan türk əskərinə cəhalət bayquşlarının əl qaldırmaq imkanı yaradıldı. Osmanlıdan üzü bəri Türkiyəyə xəyanət edə-edə gələn, İstanbul caddələrində “həpimiz erməniyiz!” deyərək yürüyənlər və PKK cəlladları bayram elədilər. Ölkəni və əskəri bu yerə gətirən çeviriliş proyeçilərini lənətləyirik. Mənim fikrimcə, bu, türk əskərinin başına çuval keçirmək rəzalətinin davamıdır və kim bilir, bəlkə də bu iki olayın gizli bir əlaqəsi də var…
    Dərbə oyunları, dövləti qorumaq adına, diktaturaya və intiqamçılığa yeni bir yol açmamalıdır…
    Türkiyəyə keçmiş olsun deyirəm. Allah Türk xalqını və Türkiyəmizi qorusun!

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri
    17.07. 2016

  • VHP Xaçmza konfrans keçirdi

    Dünən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xaçmaz rayon təşkilatının VI konfransı keçirilib. Konfrans dövlət himninin, VHP marşının oxunması və şəhidlərin xatirəsinin sayğı duruşu ilə yad etməklə işə başladı.
    Rayon təşkilatının sədri Cavanşir Qasımov çıxış edərək bildirdi ki, təşkilatın sıralarında 400-dən artıq üzv birləşib. Biz hər zaman Xaçmaz rayon təşkilatı olaraq partiyanın öncül təşkilatlarından olmuşuq və bundan sonrakı fəaliyyətimizdə də belə olacaq.

    C.Qasımov həmçinin rayon təşkilatının və onun seçkili qurumlarının fəaliyyəti barədə geniş məlumat verdi.

    NTK sədri Gülbət Məmmədova da hesabat çıxışında bildirdi ki, təşkilat partiyanın Nizamnaməsinə uyğun işini qurub və Məramnaməyə uyğun fəaliyyət göstərib.
    Konfrans iştirakçılarından Cəmşid Qəmbərov, Fərqanə İsmayılova, Telman Talıbov və Miryaqub Cəfərov çıxış edərək rayon təşkilatının fəaliyyəti ilə bağlı təkliflərini verdilər, təşkilatın konfranslar arası fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, VHP-nin fəaliyyəti, qarşıda duran işlər və qurultay hazırlıqları barədə məlumat verdi.

    Sonda təşkilati məsələlərə baxıldı. Cavanşir Qasımov yenidən sədr seçildi. Təşkilatın yeni məclis, Nəzarət Təftiş Komissiyasının üzvləri formalaşdırıldı və partiya qurultayına nümayəndələr seçildi.

    VHP Xaçmza konfrans keçirdi VHP Xaçmza konfrans keçirdi1

  • VHP Quba rayon təşkilatına yeni sədr seçilib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Quba rayon təşkilatının növbəti konfransı keçirilib. Konfransda özək təşkilatlarından seçilmiş nümayəndələr, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin üzvü Həsənbala Məmmədov iştirak ediblər.

    Təşkilat sədrinin müavini Teymur Burcəliyev geniş hesabat məruzəsi ilə çıxış edib, rayon təşkilatının və onun seçkili qurumlarının fəaliyyəti barədə məlumat verib.

    Nurməmməd Dəmirov isə təşkilatın Nəzarət Təftiş Komissiyasının hesabatını çatdırıb və bildirib ki, təşkilatın seçkili qurumları partiya nizamnaməsinə uyğun fəaliyyət göstərib.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, partiyanın qarşısında duran işlər barədə məlumat verib.

    VHP Ali Məclisinin üzvü Həsənbala Məmmədov partiyanın bölgə təşkilatılarının fəaliyyəti və konfrans hazırlıqlarından danışıb və konfransı yüksək qiymətləndirib.

    Konfransda təşkilatın fəaliyyəti ilə bağlı fəaliyyət planı, görüləcək işlər və qarşıda duran məsələlər ətrafında müzakirə aparılıb.

    Sonda Sənan İmanquliyev VHP Quba rayon təşkilatına yeni sədr seçilib. Həmçini təşkilatın yeni Məclis, NTK üzvləri müəyyənləşib və partiya qurultayına 5 nəfər nümayəndə seçilib.

  • Sabir Rüstəmxanlı: “Məhəmməd Hatəmi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixində adı qalacaq insanlardan biridir”.

    Onlar dəfn törəninə qatılmasalar da, ölümündən 3 gün sonra təşkil edilən mərasimdə iştirak ediblər

    İyunun 16-da milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Hatəmi Tantəkinin 3 mərasimi keçirildi. Müxalifət liderləri onun dəfn törəninə qatılmasalar da, ölümündən 3 gün sonra təşkil edilən mərasimdə iştirak ediblər. Məhəmməd Hatəminin 3 mərasiminə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, VHP sədri Sabir Rüstəmxanlı, AXP sədri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli qatılıblar. 
    “Yeni Müsavat”a danışan İsa Qəmbər bildirdi ki, Məhəmməd Hatəmini 1980-ci illərdən tanıyır: “Onu Azərbaycanın milli  dəyərlərinə, bütöv Azərbaycan ideyalarına bağlı bir insan kimi tanımışam. O zamandan müəyyən  təmaslarımız, görüşlərimiz olub. Daha sonra isə onu ”Çənlibel” diskussiya mərkəzinin qurucularından biri kimi bildim.  Hərəkat dövründə isə kifayət qədər görüşlərimiz,  söhbət və fikir mübadilələrimiz olub. Mövqelərimizdə  üst-üstə düşən cəhətlər çox idi. Hər ikimiz Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü arzulayan, əsas hədəf kimi qəbul edən insanlar idik. Ancaq bu hədəflərə çatmaq yolunda fərqli yanaşmalarımız da mövcud idi. Buna görə də kifayət qədər maraqlı  diskussiyalarımız, fikir mübadilələrimiz olub. Sonrakı  mərhələdə də Məhəmməd Hatəmi Qarabağ  savaşında bilavasitə bir döyüşçü kimi iştirak etməklə də vətənə bağlılığını, vətən uğrunda fədakarlığa hazır olduğunu, söylədiklərinin, sadəcə olaraq, söz olmadığını  sübut edib. Məhəmməd Hatəminin Azərbaycan milli azadlıq hərəkatında  özəl yeri var. Xüsusən meydan hərəkatında həlledici fiqurlardan biri idi. Hələ 1992-ci ilin 17 noyabrında biz hakimiyyətdə  olduğumuz zaman Azadlıq meydanında bayram mitinqi keçirib, Meydan hərəkatının başlanmasını qeyd etmişdik. Orada da  qeyd etmişdim ki, 1988-ci ilin meydan hərəkatında 3 xətt var idi. Həmin xətlərdən birinə Məhəmməd Hatəmi Tantəkin rəhbərlik edirdi. Bu xətt çox sərt, prinsipial, radikal bir milli azadlıq hərəkat xətti idi. Bu xəttin daşıyıcıları  hörmətə layiq insanlardır. Məhəmməd Hatəmi də həmin xəttin aparıcı insanlarından biri kimi hər zaman hörmət etdiyim şəxsiyyətlərdən olub. Zaman-zaman fikir ayrılıqları üzə çıxıb, Məhəmməd Hatəmi öz müsahibələrində, kitablarında da bizi tənqid edib. Bu da onun hüququdur. Allah ruhunu şad etsin. Allah  imkan versin, ölkəmizin ərazi bütövlüyünü, Azərbaycanın gerçək inkişafını təmin edə bilək ki, onun kimi dəyərli şəxsiyyətlərin də ruhu şad olsun”.
     
    VHP sədri Sabir Rüstəmxanlı da “Yeni Müsavat”a Hatəmi ilə bağlı fikirlərini bildirdi: “Hatəmi çox uzun illərdən bəri tanıdığım insan idi. O, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində işləyən zaman mən də yaxınlıqda yerləşən ”Yazıçı” nəşriyyatında çalışırdım. Fasilədə indiki “Fəvvarələr meydanı”da əyləşib, uzun söhbətlər, müzakirələr edirdik. Hələ meydan hərəkatı başlamamışdan öncə o, mənim Güney məsələlərinə həssaslığımı, mən də onun Güneydən olduğunu bilirdim. Ən azı bu duyğu bizim aramızda sıx münasibət yaratmışdı. Vətən sevgisi, Azərbaycanın bütövlüyü uğrunda mübarizə onun həyatının idealı idi. Meydan hərəkatından öncə “Çənlibel” cəmiyyətinin qurulmasında, idarə olunmasında onun böyük rolu var idi. “Çənlibel”in ikinci toplantısında mənim “Qan yaddaşı” kitabımın müzakirəsini təşkil etmişdilər. Şeir kitabı olsa da, “Qan yaddaşı” milli hadisənin bərpası, keçmişə, tarixə qayıdış, bir növ gələcək mübarizələr üçün təməl hazırlayan kitab idi. 1988-ci ildə Meydan hərəkatı başlayan zaman Məhəmməd Hatəmi ilk günlərdə meydanın idarə olunmasında yaxından iştirak edib. Hətta bizim birlikdə şəkillərimiz də var. Sonradan yolumuz  bir qədər ayrıldı. Onlar daha meydana gəlmədilər. Ancaq bu, qətiyyən Məhəmməd Hatəminin mübarizə yolundan, hərəkatdan çəkilməsi demək deyildi. Məhəmməd Hatəmi  həm də böyük ədəbiyyat adamı, folklorçu idi. O, folklor araşdırmaları ilə Azərbaycanın milli özünüdərk duyğusunun, milli şüurunun yüksəlməsinə  kömək edirdi. Yəni ədəbiyyat sahəsində də ciddi araşdırmaları var idi. Müəyyən  mənada bəlkə də onun haqqı yetərincə verilmədi. Çox əziyyətlə yaşadı, proseslərdən uzaqlaşdı. Onun itkisi ağırdır. Məhəmməd Hatəmi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixində adı qalacaq insanlardan biridir”.
    KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Məhəmməd Hatəminin yasında iştirak etmək mənəvi borclarıdır: “Məhəmməd Hatəmi milli azadlıq hərəkatından öncə bir sıra təşkilatların, xüsusilə  də ”Çənlibel”in yaranmasında xidməti olan adamdır. Bizim də mənəvi borcumuzdur ki, onun yasında iştirak edək. Qiymətli bir şəxs idi. Bundan o tərəfə isə tanışlığımız yox idi. Tədbirlərdə bir neçə dəfə  görüşlərimiz olub və mövqelərimiz də çox zaman toqquşub. Allah rəhmət eləsin”.
    Əli RAİS
    Musavat.com
    Fotolar müəllifindir
    6de8c11430b8
    73b14aa516c6 08bbee452ec0 d296c9e3a927 f964a49a613e 2bcc7c460646 fd2c86c56299