Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Bir daha xırda məsələlər haqda

    Sabir Rüstəmxanlı

    Bu mövzuda, Milli Məclis də daxil olmaqla, çox məclislərdə danışmışam, yazmışam, amma görünür, hələ çox danışmalı, çox yazmalıyıq.
    SSRİ-nin dağılacağı ağıla gəlməyən, güclü çağlarında ermənilərin Ermənistandan çox, Azərbaycanda təbliğ edildiyi və Yerevandan çox, Bakıda qol-qanad açıb zənginləşdikləri, istədiklərini maneəsiz şəkildə Azərbaycan hökumətinə qəbul etdirdikləri dövrdə “Səttar Bəhlulzadə küçəsi haqqında Şəhər Sovetinə açıq məktub” adlı bir şeir yazmışdım.

    Geniş, rahat, işıqlı
    Əmiryan küçəsindən
    Ayrılır cığır kimi
    Bəhlulzadə küçəsi.
    Gündüzü toz içində
    qaranlıqdır gecəsi.
    Xutorun yarıuçuq
    evləri arasında,
    Qəlbimin yarasında
    Yaşayır əyri-üyrü
    quruca bir budaqtək.
    Eni beşcə addımdır,
    boyu adından gödək.
    Paslı, qara dəmirdən
    yamaq-yamaq hasarlar
    Gecəqondu evlərin
    çirkab suları,
    Divarların dibində
    tüstülənən zibillik,
    Köhnə ayaqqabılar,
    konserv qutuları…
    Səttar Bəhlulzadənin
    adınadır bu küçə!
    Yoldaş Şəhər Soveti!
    Harda belə deyilmiş?
    Üstündə gəzdirdiyi
    bir dahinin adına
    Gördüm köhnə divarlar
    tablamayib əyilmiş…
    Vətənin hər dağında
    bir möcüzə görən kəs,
    Yurdun milyon rəngini
    dünyaya göstərən kəs,
    Hər ağaca, hər quşa
    daimi ünvan verən,
    Fırçasında Bakının
    daşına da can verən
    Rəngsiz, cansız, hayansız
    divarlara sinərmiş!
    Ömrü zirvədə keçən
    axır gəlib bir xəlvət
    döngədə gizlənərmiş!
    … Balaca küçələrə
    verdik böyük adları.
    Qala divarlarına,
    bir dalana sıxılıb
    Sabirin qanadları.
    Nizamiylə Füzuli
    bir ünvana şərikdir,
    Cabbarlı küçəsinin
    boyu bircə çəlikdir.
    Bir şəhərdə nə qədər
    “Zavaqzalnı” olarmış?
    “Perevalnı” olarmış?
    “Onuncu Paralelnı”,
    “Otuzuncu Bazarnı”…
    Niyə ucuz görmüşük
    bu küçə bazarını?
           Mənim halal yoluma
    verilən adlara bax,
           Hər dildən nişanə var
    mənim dilimdən qabaq…
    Düzü, heyrətə gəldim
    bu küçəni görəndə.
    Amma heyrət neyləsin?
    Burda qeyrət gərəkdir.
    Qoparıb qaranlıqda
    darıxan lövhələri
    Düzəsən yaylaqların,
    çəmənlərin, çöllərin
    ondan ölməzlik almış
    çiçəkləri içinə.
    Adına bir dalan oldu-olmadı,
    Bəhlulzadənin nə vecinə?!

    Publisistik poeziya nümunəsi olan bu şeir hamının ürəyindən xəbər verdiyinə görə auditoriyaları yerindən oynadırdı və əsas görüşlərimin “repertuarında” möhkəm yer tutmuşdu. Özüm unudanda da dinləyicilərin xahişi ilə deməli olurdum.
    Bir dəfə Filarmoniyada, rəsmilərin iştirak etdiyi bir poeziya axşamından sonra, o şeiri yəqin artıq dəfələrlə dinləmiş Bakı Şəhər Partiya Komitəsinin birinci katibi gizli bir qəzəb və istehzayla məndən soruşdu: “Nə qədər oxuyacaqsınız bu şeiri?” Mən halımı pozmadan dedim: “Səttar Bəhlulzadəyə qarşı  ədalətsizliyə son qoyulana qədər! Ya o küçəni düzəldin, ya da Səttar Bəhlulzadənin adını layiqli bir yerə verin!”
    Mənə izah eləməyə çalışdı ki, o küçənin böyük perspektivi var, abadlaşacaq, darıxmayın!
    Dediyinə inanmırdım, bilirdim ki, Karl Marks heykəli ilə 3-cü mikrorayon arasındakı Xutoru bütövlüklə söküb Səttar Bəhlıulzadə küçəsinə çevirsələr də, onu Avakyan, Əmiryan, Şaumyan küçələrinə bənzədə və ya çatrdıra bilməzlər. Bu, boş bir vəddir.
    Bu cür şeirləri qısa zaman üçün yazdığımı düşünürdüm. Küçə düzələr, sorun həll olunar, şeir də tarixə, xatirəyə çevrilər… Yəni Səttar Bəhlulzadə küçəsinin tezliklə böyük rəssamın, təbiət gözəllikləri aşiqinin adına layiq şəklə salınması mənim şeirimin əhəmiyyətini azaldacaq, auditoriyalarda əsas silahlardan birini əlimdən alacaqdı. Mən də məhz bunu arzulayırdım.
    Kaş bütün bu tipli məsələlər həll olunsun və bizim siyasi, publisist lirikamıza heç bir ehtiyac qalmasın!

    ***

    …Müstəqillik illərində şeir məclisləri yaddan çıxdı. Yaddan çıxmasa da, artıq mən o şeiri oxumazdım.
    Ayrı mövzularımız vardı.
    Əmiryanların ömrü bitmişdi. Milli hökümət milli rəssamın haqqını qaytaracaqdı.

    ***

    …Bu yaxınlarda yolum yenidən “Xutor” deyilən əraziyə düşmüşdü. Düşünürdüm ki, Səttar Bəhlulzadənin adına yeni küçə verilməsə də, hər halda, bu adı yarısı uçurulub zibilxanaya dönmüş Xutorda da saxlamazlar.
    Təəssüf, Sovet dövründən daha bərbad və utandırıcı bir vəziyyətlə rastlaşdım.
    Xutorun Ziya Bünüyadov küçəsinə bitişik sahəsi böyük bir xarabalığa, uçurulmuş evlərin zibilxanasına çevrilmişdir.
    Bura Səttar Bəhlulzadə küçəsinin başlanqıcıdır. Amma heç yerdə ad yoxdur. Yalnız zibilxana ilə gecəqondu evləri ayıran bir dalanın üstündə adamın qanını donduran bir lövhə gördüm. “1-ci Səttar Bəhlulzadə döngəsi”. Ha axtardım, Səttar Bəhlulzadə küçəsinin özünü tapa bilmədim.
    Hətta Xutorun köhnə, biabırçı küçəsi də ona çox görülmüş, üç yerə bölünmüş, əvvəli zibilxana və ya “1-ci Səttar Bəhlulzadə döngəsi”, zibilxanadan İstanbul restoranınadək olan hissə “Eldar Babayev küçəsi”, qalanı da “1-ci sıra” adlandırılmışdır.
    Bura sözün tükənən yeridir…
    Yaxşı, bu rayonun böyüklərinin gözünü başqa şeylər tutub, ya da heç Bəhlulzadəni tanımırlar, bəs burda yaşayanlar? Axı onlar sürü deyil, canlı insanlardır, aralarında təhsilli, bilikli adamlar var. Bəs onların səsi, iradəsi, etirazı nə vaxt, nə işdə lazım olacaq? Böyük rəssama qarşı bu həqarətli münasibətə onlar necə dözür, niyə yazmır, haray salmır, gərəksiz lövhələri divarlardan qoparıb atmırlar?
    Fikirləşdim ki, yox, belə getsə, mənim şeirim heç vaxt köhnəlməyəcək!
    Bu gün də oxunmalıdır!
    Nə fərqi “Perevalnı”, “Zavaqzalnı”, “Naqonı” adlarının yerini “Ambassador”lar, “Ekselsior”lar, “Primyer”lər, “Alpin”lər və s. tutub. Biz dünyada tanınmış böyük otel şəbəkələrinin Bakıya gəlişindən qürurlanırıq, lakin otellərə, şadlıq evlərinə, alış-veriş yerlərinə millətimizə və torpağımıza aidiyyəti olmayan bu qədər yabançı adların gəlişi “brend” işi deyil, dil işğalıdır…
    Zibilxana yerindədir, Bəhlulzadə küçəsi də zibilxanada bir döngəyə çevrilib.
    Müstəqil dövlətimizdə böyüklərimizə beləmi baxılmalıdır?
    Yəqin Bəhlulzadənin də oğlu-uşağı qalsaydı, qohumları vəzifə sahibi olsaydılar, ona belə sayğısızlıq göstərilməzdi!

    ***

    Milli birlik, həmrəylik idealımızdır. Mən həmişə ayıran cəhətlərdən çox, birləşdirən tərəfləri, pisliklərdən çox, yaxşılıqları görməyə çalışıram.
    Amma nə etmək! Zorla birlik olmur! Deməklə, yazmaqla şüur dəyişilmir! Dəyərlərə baxış fərqi ortadadır və azalmaq əvəzinə artır….
    Bu barədə “Biz və onlar” adlı ayrıca məqalə də yazmışam! “Onlar” da yad deyil, bu ölkənin vətəndaşlarıdır. Lakin bir çox cəhətlərə görə başqadırlar.
    Dövlət müstəqilliyinin gətirəcəyi əsil milli intibaha bağlanan bir çox ümid və arzular həm də “onların” ciddi dirənişi, gizli maneələri nəticəsində həyata keçmir. Tariximizi saxtalaşdırmaq, xalqımızı öz kökündən qoparmaq cəhdləri Sovet dövründə də, indi də bu zümrədən olanların işidir… Məhz “onlar” belə bir təsəvvür yaratmağa çalışırlar ki, 1918-1920-çi illərdəki milli hökumətin bərpasından “söhbət gedə bilməz” (?), çünki “XX əsrin əvvəllərində, yaradılmamış süquta uğradılan, cəmi iki yaşı olan müstəqil cümhuriyyətdən nəinki bərpa olunası bir möhkəm təməl, sadəcə xronoloji olay və şüarlardan başqa heç bir siyasi, hüquqi, ideoloji, iqtisadi irs qalmamışdır”(?). Yəni o vaxt heç bir iş görülməmişdir, müstəqillik quru sözdən başqa bir şey olmamışdır və 1991-ci ildə qəbul edilmiş Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitutsiya Aktındakı “bərpa” sözü də simvolik xarakter daşıyır, əsil müstəqillik 1993-cü ildən başlanir… Bəziləri hətta  müstəqil dovlətin yaranma tarixini 1995-ci il Konsitutsiyasına bağlamağa calışırlar. Bu ifadələrin mənbəyini yazmağa ehtiyac duymuram, çünki iqtidar “ideoloqlarının” yazıları bu tipli yanaşmalarla doludur… Tarixi belə gülünc şəkildə saxtalaşdırmaq cəhdləri barədə indi danışmaq istəmirəm… Bu daha geniş söhbət mövzusudur. Təkcə onu demək istəyirəm ki, milli hökumətimizin iki ildən də az vaxt ərzində gördüyü işlərin üstündən belə məsuliyyətsiz şəkildə xətt çəkmək insandan cəsarət istəyir. Həmin fikri təbliğ edənlərə belə cəsarəti verən bu yolla guya Heydər Əliyevin xidmətlərini daha da böyütmək, onun “dövlət yaratmaq elminin banisi” (?) obrazını yaratmaq istəyidir. Halbuki Heydər Əliyevi böyütmək üçün 1918–ci ildə son dərəcə ağır şəraitdə, müharibə alovlarında yoxdan bir dövlət qurmuş, onun adını, dövlət rəmzlərini, ordusunu, pulunu, bayrağını, himnini, parlamentini yaratmış, aydın ideoloji xəttini müəyyənləşdirmiş, torpaq bütövlüyünü qismən qoruyaraq, sərhədlərini cızmış, beynəlxalq aləmdə tanınması yolunda ilk addımlarını atmış, hətta 1918-ci ildə ermənilərin törətdiyi vəhşilik və soydırımın nəticələrini araşdırıb sənədləşdirmiş, Qarabağ savaşını udmuş, xarici təzyiqlərə baxmayaraq, Naxçıvanın Ermənistana birləşdirilməsinə imkan verməmiş, başı dərdən ayılmayan şərəfli insanların zəhmətini bu cür allahsızcasına kiciltmək lazım deyil! Çünki Heydər Əliyevin buna ehtiyacı yoxdur, onun öz halal zəhməti özünə yetir, Məmməd Əmin Rəsulzadələrlə, Xan Xoyskilərlə, Tapçubaşılarla… və nəhayət, Əbülfəz Elçibəylərlə Heydər Əliyevi qarşı-qarşıya qoyub, tarixi də konfliktlər mövzusuna çevirmək milli  nihilizmdir. Əksinə, onları yan-yana, möhkəm varislik əlaqələri ilə bağlı görməklə tarixin məntiqini, millətimizin mübarızə əzminin qırılmazlığını, böyüklərimizin müxtəlif şəraitlərdə də milli ideallara sədaqətlərini nümayiş etdirmək lazımdır. Belə görünür ki, Heydər Əliyevə sədaqətdən, onun yolunun davamçıları olmalarından dəm vuran bu adamların Heydər Əliyevdən heç xəbərləri yoxdur. Çünki 1918-1920-ci illər tarixinə Heydər Əliyev qədər sayğıyla yanaşan şəxs tapmaq çətindir. Həm də bu sayğı əməli işlə təsdiqlənmişdir. Məhz Heydər Əliyev 1998-ci ildə Xalq Cümhuriyyətinin irsinin öyrənilib nəşr edilməsi haqda sərəncam imzalamış və Azərbaycan Xalq Cümhuriyyətinin sənədləri, parlament fəaliyyəti 8 cildlik zəngin bir xəzinə kimi ortaya qoyulmuşdur. Hazırda qeyd etdiyimiz bayramlar Xalq Cümhuriyyətinin adı ilə bağlıdır və onların məhz həmin tarixlə qeyd olunması barədə sərəncamların böyük əksəriyyətini də Heydər Əliyev vermişdir. Anlamaq olmur, bu adamlar Heydər Əliyevun o sərəncamlarını nəzərə almadan, bu cildləri yox sayaraq, yenicə 95 illik yubileyini keçirdiyimiz Ordu Gününü (polislərin, təhlükəsizlik orqanları işçilərinin və s. peşə bayramlarını) görməzdən gələrək, hansı əsaslarla özlərini alim və əliyevçi sayırlar? Heydər Əliyev özü tarıxə məhz bu cür baxırdı və 1918-ci ildə qurulmuş milli hökumətə də, onun yaradıcılarına da, 1988-ci ildən başlanmış Milli Azadlıq Hərəkatına da, saxta məddahlarından fərqli olaraq, yüksək qiymət verirdi və bunu sübut üçün onun irsi toplanmış kitablardan onlarla misal çəkmək olar.
    “Onlar” belə bir təsəvvür yaratmağa çalışırlar ki, bir neçə boğazdanyuxarı, şablon və bəzən mənasını dərk etmədikləri ifadəylə Heydər Əliyevi və ya indiki iqtidarı tərifləyəndən sonra nə qədər istəsən, böhtan deyə, Azərbaycanın indi yaşayan və yaşamayan  böyüklərindən kimi istəsən kiçildə, ləkələyə bilərlər.
    Bu yanaşma metodu yalnız söz olaraq qalmır, həyatımızın bütün sahələrinə yansıyır…

    ***

    Səttar Bəhlulzadənin adını təsadüfi çəkmədim.
    Onlar belə şeylərə əhəmiyyət vermir, bunları “kiçik şeylər” sayırlar.
    Məmurlar ana dilində danışmaz, uşaqlarını ana dilində oxutmaz, uşağını əsgər göndərməz! – “Önəmli deyil! Kiçik şeydir…”
    Milli Məclisin 125 deputatı, rəsmi toplantılara qatılan vəzifə sahibləri milli himnin sözünü bilməsə, oxumasa da keçər. Çünki bu, əhəmiyyətsiz məsələdir!
    Bakıda yabançı reklamlar qanunlarımıza meydan oxuyur. Yerli müəssisələrə, mədəniyyət ocaqlarına, şadlıq evlərinə, ticarət obyektlərinə, sanki and içiblərmiş kimi, bir dənə Azərbaycan adı qoymurlar; – “Eybi yox, onsuz da millətin başı qarışıqdır, belə “balaca” məsələlərə əhəmiyyət vermir…”
    Dərsliklərimiz qüsurlarla, televiziyalarımız millətə başucalığı gətirməyən verilişlərlə doludur, bu milləti meyxana xəstəliyinə alışdırırlar… – “Off! Yaşlı-başlı adamlar da belə məsələlərə baş qoşar?  Xırda mövzulardır….”
    Toylarımız – şadlıq evləri mafiyasının əlində, yasxanalarımız – İran mollalarını yamsılayanların cəhalət dəllalxanası… Dağ kəndlərimiz boşalır… Abşeronda sahillər millətin üzünə bağlanır… Rüşvət, korrupsiya bizi dünyada biabır edir… – “Olmadı da! Bizim möhtəşəm, qüdrətli dövlətimizi görməyib də belə şeylərdən danışmaq yaraşmaz sizə! Baş qoşmayın belə balaca qüsurlara!”
    Soyqırım muzeyi, xaricdən oxumağa gələn soydaşlarımıza dövlət səviyyəsində qayğı, dəyərli kitablarımızın xarici dillərə tərcüməsi, informasiya sistemində önləyici mövqelərə çıxmaq və s. onlarla məsələlər var ki, xalqın taleyi baxımından çox mühümdür və hər biri haqqında Milli Məclisdə dəfələrlə danışmışıq. Amma məmuru rahatsız etməz! Onlar qlobal dünyada qloballaşma işləriylə məşğuldur, belə xırda işlərin tozuna bulaşmazlar…
    Bu məsələlər barədə çox danışmaqla hörmətli vəzifə sahiblərinin dincliyini pozmaq olmaz!

    ***

    22 ildir hələ də bu xalq imperiyanın işğal damğası olan yabançı soyadlardan qopa bilmir. – “Danışma, papulistlik eləmə, xırda söhbətlərə vaxt sərf eləmə!”
    Olsun! Danışmadıq! Səsimizi qısıb gözlədik ki, türkün “bəy” sözündən qorxub ərəbin müəllimini, cənabını seçən, “bu işdə tələskənliyə yol vermək olmaz!” deyənlər nə yapacaqlar. Əgər 20 il bundan öncə Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının verilməsiylə bağlı müəssisələrinə MM-in qərarına uyğun bir tapşırıq verilsəydi, yaşlı nəslə toxunmadan, yeni doğulanların soyadları “ov” şəkilçisi yerinə milli soyad sonluqlarıyla yazılsaydı, bu gün əhalinin böyük bir qismi, özəlliklə, gənclik, şagirdlər, tələbələr bu işğal damğasından xilas olmuşdular. Buna ki xüsusi vəsait tələb olunmur!
    Yüz minlərlə Əhmədovlar, Məmmədovlar, Kərimovlar, Əfəndiyevlər, Mirzəyevlər, Əsədovlar, Əsgərovlar, Qurbanovlar, Heydərovlar, Cabbarovlar, Əliyevlər, Quliyevlər, Mehdiyevlər, Hüseynovlar, Həsənovlar (adlar şərtidir və bu siyahını davam etdirmək də olar) indi Əhmədli, Məmmədli, Kərimli, Mirzəli və ya Mirzəbəyli, Əsədli, Əsgərli, Qurbanlı, Heydərli, Cabbarlı, Əlibəyli, Qulubəyli və ya Qulusoy, Mehdili, Hüseynli, Həsənli və s. olmuşdu.
    Nümunə göstərdiyim soyadlar ən populyar və geniş yayılmış soyadlardır və ölkə əhalisinin çoxu məhz bu soyadları daşıyır.
    Bu təmizlənmənin ümumi milli ruha təsirsiz qalmayacağına heç bir şübhəm yoxdur.
    Ancaq indi bəlli olur ki, 20 il keçsə də, bu sahədə heç bir iş görülməyib. Sanki gizli bir əl milli kimliyin dərki, Azərbaycan xalqının öz sifəti ilə görünməsi yönündə atılan bütün addımları təkidlə və düşməmçiliklə önləyir: “Olmaz! Rusun sonluğu qalmalıdır”. Niyyət nədir?
    İzahatlar gülüncdür. “Biz bu familiya ilə tanınmışıq, indi gedib başqa familiya götürəcəyik?” Başa düşmürük, bunlar harda tanınıblar? Deyək ki, Əliyev dünyada doğrudan da tanınan bir soyaddır. Bəs, yerdə qalanların tanınması nədən ibarətdir və misal üçün, Qəhrəmanovun Qəhrəmanlı, Sadıqovun Sadıqlı olmasıyla bunlar unudulub gedəcək və daha heç kim bunları tanımayacaq?! (Əslində bu mümkün olsa, bəzilərinin xilası və mənəvi rahatlığı olardı).
    Eyni əllər erməniyə, gürcüyə toxunmadığı halda, bizi 1300 ildən bəri işlətdiyimiz ərəb xürafatından qoparmış, latın, kirill, yenə latın labirintlərindən keçirə-keçirə keçmişimizdən və ən əsası, Quzey Azərbaycandan ayırmış, türk-islam aləmini bir-birindən qoparıb uzaqlaşdırmışdır.
    Həmin gizli əllər Azərbaycanın bu gün də Rusiyanın mənəvi müstəmləkəsindən çıxmasına imkan vermir və görünür, “bəlkə də qaytardılar” psixologiyası ilə Azərbaycanın yenidən şimal əjdahasının ayaqları altında tapdalanacağı günü gözləyirlər. Bəlkə bugünün özündə də Rusiyanın gizli kəşfiyyatına işləyən adamlar var ki, köhnə imperiyanı həvəslə bərpa edərdilər. Belələrinin arasında qarışıq ailələr, erməni, rus yeznələri, bölücülk iddialı azlıqlar üstünlük təşkil edir…
    Başqa məntiq və başqa yozum yoxdur! Milli məsələylə bağlı hansı sahəyə əl atsaq, durum belədir.

    ***

    Bütün bunlar dövlətimizi çətin problemlərlə üzləşdirir. Özünü, kimliyini, tarix boyu yaratdığın mənəvi sərvətləri qorumaq üçün millətin böyük müqavimət gücü, birliyi, gələcəyə yönəli səfərbəredici milli idealları olmalıdır. Vətəndaş həmrəyliyi, sosial ədalət, qanunun aliliyi… Təbliğ edilən ideologiya dövləti sevdirməli, ona və yönəticilərə etimad mühiti yaratmalıdır. Təəssüf ki, bizdəki mənzərə tamam ayrıdır. Sanki qəsdən gecə-gündüz elə bir siyasət yürüdülür ki, millətin öz dövlətinə inamı azalsın, ümidsizləşsin, apardığı milli-azadlıq mübarizəsi gözündən düşsün, hətta  bəzilərinin ürəyində köhnə günlərin xiffəti baş qaldırsın. Bunu hər addımda müşahidə etmək mümkündür. Milli xəyanətin buynuzu olmur ki! O elə bu cur, qəsdən xırda sayılan, xırda göstərilən məsələlərdən başlanır…
    Bu gün onlar iqtisadi imkanlar hesabına millətə hər cür həqarətlərini qorxusuz-ürküsüz davam etdirir, bununla sanki acıq verirlər bizə: yəni sizin mübarizə, müstəqillik, milli bayraq, milli dövlət deməyinizlə deyil ki! Baxın, biz yenə nə istəyirik onu eləyirik!
    Onların belə arın–arxayın yaşayıb, meydan sulamalarının günahkarı bizlərik!

  • Biz partiya olaraq seçkilərdə bütün imkanlarımız və resurslarımızla iştirak edəcəyik.

    Rafiq Manaflı: “Orada kifayət qədər fərqli düşüncə sahibləri var” 

    Suallarımıza İctimai Palatanın Koordinasiya Şurasının, Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri Rafiq Manaflı cavab verib. Müsahibimiz İctimai Palatanın taleyi, Milli Şurada baş verənlər, seçkilər və VHP-nin partiya olaraq seçkilərdə iştirakından danışıb. 
    – İctimai Palatanın fəaliyyəti və taleyi bundan sonra necə olacaq?
    – İctimai Palata nə buraxılmayıb, nə də fəaliyyətini dondurub. Həm də İctimai Palata demək olar tam tərkibdə Milli Şurada təmsil olunur. Koordinasiya Şurasının dönəm sədri hazırda İsa Qəmbərdir. Biz qərara gəlmişik ki, prezident seçkilərinə qədər İctimai Palatanın sessiyalarını və Koordinasiya Şurasının toplantılarını mütəmadi çağırmağa ehtiyac yoxdur. Amma onu da qeyd edim ki, Milli Şura yaradılandan sonra Koordinasiya Şurasının üç toplantısı keçirilib. Bu gün də iclas olmalıdır və İsa Qəmbər hamıya xəbər göndərib. 
    – Demək istəyirsiniz ki, artıq İctimai Palata arxa plana keçib və günün birində fəaliyyətini dayandıra bilər?
    – Xeyr. Amma nəyi isə öncədən proqnozlaşdırmaq mümkün deyil. Milli Şura prezident seçkilərinə hesablanan  bir qurumdur. Seçkilərdən sonra Milli Şuranın taleyinin necə olacağını indidən demək mümkün deyil. Fikrimcə, zamanı gələndə həm İctimai Palatanın, həm də Milli Şuranın taleyi bəlli olacaq. Məncə, bunun üçün seçkiləri gözləmək lazımdır. İndilikdə İctimai Palata buraxılmayıb, sadəcə fəaliyyəti əvvəlki kimi intensiv deyil. 
    – Milli Şura seçkidən sonra dağılacaq?
    – Milli Şura o halda yaşaya bilər ki, prezident seçkilərində qələbə qazansın. Amma seçkilərdə uğur əldə olunmasa Milli Şura fəaliyyətini dayandıracaq. Çünki orada kifayət qədər fərqli düşüncə sahibləri və təşkilatlar var. Onların uzun müddət bir yerdə fəaliyyət göstərməsi, əhəmiyyətli məsələlərə eyni mövqedən yanaşması mümkün deyil. 
    – Milli Şuranın son sessiyasında İnsan haqları komissiyası yaradılsa da, sədr təyin edilməsi təxirə salınıb. Doğrudanmı buna səbəb 129 nəfərin Novella Cəfəroğlu ilə Leyla Yunus arasında seçim edə bilməməsidir…
    – Bu məsələ fərqli cürdür. Dediyiniz quruma Leyla Yunusun sədr olması təklif edilib. Amma məsələlər qabaqcadan razılaşdırılmalıdır. Yəni bilinməlidir ki, burada kimlər işləyəcək, onlar işləməyə razıdırlarmı və s. Bu gün insan haqları ilə işləyən çoxlu sayda hüquq müdafiəçisi və Qeyri-Hökumət Təşkilatları var. Onların arasında kifayət qədər fikir ayrılıqlarının olduğunu bilirik. Odur ki, öncə onların özləri ilə məsələ razılaşdırılmalıdır. Ya da neytral bir adam ora sədr seçilməlidir. Səkkiz komissiyanın rəhbərinin təyin edilməsi ilə bağlı konsensus əldə edilib. Qalan üç komissiyaya növbəti günlərdə sədrlər müəyyən ediləcək. 
    – Adi bir komissiya ilə bağlı ortaya belə ciddi problem çıxıb. Bu gələcəkdə də ciddi problemlər yaratmayacaq ki?
    – Zaman hər şeyi göstərəcək.
    – Bəs nədən komissiya sədrinin namizədliyini irəli sürərək sadə səsvermə yolu ilə həll etmirsiniz?
    – Əlbəttə, məsələni səsvermə ilə həll eləmək olar. İntəhası səsvermənin nəticələrinə bəzən hamının münasibəti eyni olmur. Bu da bizim reallıqlarımızdır. Bir yerə toplaşmaq asan və problemsiz olsaydı, bu qədər əziyyət çəkilməzdi. Bu günkü Azərbaycan reallığında bir-birinə güzəştə getmək çox çətin məsələdir. Burada qarşılıqlı razılaşma və konsensus olmadan həll edilən məsələ əslində həll edilməyən məsələdir. 
    – Deməli, məsələlər səs çoxluğu ilə həll edilmir?
    – Mən sizinlə razıyam. Əslində məsələ səs çoxluğu ilə həll edilməlidir. Çoxluğun qərarı hamının qərarı olmalıdır. Amma təəssüflər olsun ki, hamı belə münasibət sərgiləmir.
    – Deməli, siz demokratiya uğrunda mübarizə aparırsınız, amma özünüz demokratik prosedurlara riayət etmirsiniz…
    – Bura Azərbaycandır. Bu çətin məsələdir və məni dilemma qarşısında qoyursunuz. Əlbəttə ki, məsələlər səsvermə ilə həll edilməlidir və hər kəs də qəbul edilən qərara hörmətlə yanaşmalıdır. Demokratik tələblər belə istəyir. Fikrimcə, biz həm ölkə çapında, həm də öz qafamızda demokratik düzənin yaranmasına nail olmalıyıq. 
    – Öz qafanızda buna nail olmaq üçün nə tələb edilir ki?
    – Bunu sadəcə olaraq tətbiq eləmək lazımdır. Tədricən buna alışıb işləməlisən.
    – Nə vaxt tətbiq edəcəksiniz?
    – Ümid edirik ki, tətbiq edəcəyik.
    – Eldar Namazov deyir ki, əgər İctimai Palata ortaya vahid namizədi çıxara bilsəydi, heç Milli Şuraya ehtiyac qalmazdı…
    – Tamamilə haqlıdır və düz deyir. Mənim mövqeyim hər zaman ortada olub. Hesab eləyirəm ki, vahid namizəd İctimai Palatanın içərisindən çıxmalıdır. Çünki İctimai Palata oturuşmuş, strukturlarını qurmuş bir qurumdur. Ancaq təəssüf ki, oradan vahid namizədlə çıxa bilmədik. Bu da Milli Şuranın yaranmasına gətirib çıxardı. Bu həqiqətdir. Əgər biz vahid namizəd çıxara bilsəydik indiki qüvvələr İctimai Palatanın ətrafında birləşə bilərdi. 
    – Əgər Milli Şura ideal qurumdursa, seçkiyə vahid namizədlə gedirsə, bəs nədən İsa Qəmbər namizədliyindən imtina eləmir?
    – Müsavat İbrahimbəyovun vahid namizəd kimi qeyri-şərtsiz qəbul etdiyini bildirir. Ancaq Müsavat Partiyasının mövqeyi belədir ki, müxalifət qüvvələrini seçkilərdən kənarda qoymaq olmaz. Yəni İbrahimbəyov seçkilərdən kənarda qala bilər. O da deyilir ki, müxalifətin bir neçə ehtiyat namizədinin olması hakimiyyətə seçim imkanı verir. Bu da nəzərə alınan arqumentdir. Ancaq bu məsələdə mən Müsavat Partiyasının mövqeyini normal qəbul edirəm. Öncədən Müsavat seçkini boykot etməyin qəti əleyhdarı olub. Bu gün də mövqelərinin üzərində dururlar. Müsavat öz seçki prosesini dayandırıb, amma tam qapatmayıb. Hər halda Rüstəm İbrahimbəyov qeydiyyata alınmayacağı təqdirdə Müsavat öz namizədi ilə seçkidə iştirak etməyi düşünür. Fikrimcə, bu normal yanaşmadır. 
    – VHP-nin seçkilərlə bağlı qəti mövqeyi varmı?
    – Bizim partiya Milli Şurada altı nəfərlə təmsil olunur. Onlardan beşi İbrahimbəyovun vahid namizədliyinin lehinə səs verib. Mən özüm isə bitərəf qalmışam. Çünki mən vahid namizədin İctimai Palatanın tərkibindən çıxmasını istəmişəm. Biz partiya olaraq seçkilərdə bütün imkanlarımız və resurslarımızla iştirak edəcəyik. 
  • Nəsimi Tovuzlu-50

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlunu 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

     

    Əziz Nəsimi bəy!

    Səni 50 illik yubileyin münasibəti ilə səmimi qəlbdən təbrik edir, sənə uzun ömür, can sağlığı arzulayıram.

    Ömrünün bu çağında, “yarıyaş” deyilən sinnində çoxlarının bir ömürdə bacarmadığına nail olmaq bir tərəfdən Tanrı qismətidirsə, o biri tərəfdən insanın çalışqanlığının, zəhmətinin və istəklərinə doğru canatımının bəhrəsidir. Məşhur bir deyim var, “insanın dəyəri onun nəyə can atmağındadır”. Sən gənc yaşlarından ölkəmizin azadlığı, müstəqilliyinə çalışmaqla, bu yolda istənilən çətinliyə dözməklə, fəaliyyətinlə öz dəyərini göstərmisən. Ona görə də illərlə bölgədə müxtəlif sahələrdəki işin səni bütün Azərbaycanda tanıdıb.

    Həm telejurnalist, həm də söz adamı olaraq təkcə bölgənin, ölkənin deyil, insanlığın qayğılarını da öz çiynində daşımısan. Yaradıcı insanın daşıdığı ümumi yükü bölüşmüsən və indi də heç nədən çəkinmədən Taleyin qismət yükünün altına çiyinini şərəflə vermisən.

    Səni fərqləndirən və bizlərə sevdirən ən gözəl keyfiyyət xarakterindəki böyük təvazökarlıq, ömür boyu qoruduğun abır-həya, səmimiyyət, məsumluqdur. Daxilində öz uşaq sadəlövhlüyünü qorumayan insan yaradıcı ola bilməz, deyiblər. Sən də həmişə uşaq məsumluğunu və təmizliyini qoruyub saxlamısan və yaradıcılığının mayasında da bu dayanır. Bu, bir tərəfdən torpağın, yurdun aşıladığı əxlaqdırsa, bir tərəfdən şərəfli ailədən yüz illərdi süzülüb gələn tərbiyə, adət-ənənəyə bağlılıq, soyun saflığından doğan xarakterdirsə, digər tətəfdən daxili zənginliyin, yaradıcı mahiyyətin göstəricisidir. Bəzən insan talelərində böyük iddia və intellekti daşımaq çətinliyi olur, adamlar mənəvi kasıblıqlarını fiziki simalarına sığdıra bilmirlər və qəribə bir təzad yaranır. Sən öz böyük mənəvi aləmini Tanrının qıydığı boy-buxununun içində qoruyursan və səmimiyyətin, əxlaqın bir ayrı örnəkdir.

    Sənin kimi bir şəxsin vətəndaş həmrəyliyi ideyasının tərəfdarı kimi çalışması, sıralarımızda olması və ölkənin həssas bir bölgəsində ideallarımızı yayması bizimçün böyük fəxrdir.

    Əziz Nəsimi bəy!

    Səni bir daha ad günü münasibəti ilə təbrik edir, sənə ailə səadəti, xoşbəxtlik arzulayıram.

     

    Sayğılarıa,

    Sabir RÜSTƏMXANLI”

  • Prezident seçkiləri İranda dəyişikliyə səbəb olmayacaq

    ABŞ-da məcburi mühacirətdə olan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri və Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisinin sədri  doktor Mahmudəli Çöhrəqanlı iynun 14-də İranda keçirilməsi gözlənilən president seçkilərilə bağlı Turan agentliyinə müsahibə verib.

       -Doktor, İranda Güney Azərbaycan türklərinin prezident seçkilərinə münasibəti necə olacaq?
     
       -İranda demokratik seçim adlı bir düşüncə yoxdur. Gerçək demokratiyada cəmiyyət istədiyi şəxsi prezidentliyə namizəd göstərə bilir. Bu baxımdan İranda  fars-molla rejiminin namizəd təyin etməsi kimi özünəməxsus ədalətsiz sistemi var. Bu sistəmə əsasən ancaq Ayətullah Xamneyiyə baş əyən, onun əmri altında olan Şuranın (12 üzvü olan Şuraye-negəhban) müsbət rəyini alan şəxslər namizəd olmaq haqqı qazanırlar. Belə ədalətsiz sistemdə demokratiya axtarmaq samanlıqda iynə axtarmağa bənzəyir. 
     
      Güney Azərbaycan türklərinin prezident seçkilərinə münasibətinə baxaq. Güney Azərbaycan türkləri öz istədikləri şəxsləri namizəd olaraq irəli sürmək hüququndan məhrum edildikləri üçün səs verməkdən də məhrum olurlar. Keçmişdə olduğu kimi, yəqin ki, Azərbaycan türkləri bu seçkini də boykot edəcəklər. Bu xətt həm milli hərəkatın ruhunu qorumaq, həm də fars şovinizminin biləyini əymək üçün vacibdir.
     
    Fars rejiminin çoxlu oyun və hoqqabazlıqlarla qoşduğu antidemokratik seçkilərə gələn hər bir Güney Azərbaycan türkünün verdiyi səs Güney Azərbaycan hərəkatına, şəhidlərə xəyanət, həbslərdə işgəncə görən hərəkətçıların kürəyinə vurulan xəncərdir. Ona görə də Güney Azərbaycan türklərini prezident seçkilərini boykot etməyə çağırırıq. 
     
        -Yerli seçkilərə münasibət necə olmalıdır?
     
     -Iranda prezident seçklərilə yanaşı eyni vaxtda məhəlli (kənd, qəsəbə, şəhər) seçkilər keçiriləcək. 1924-cü ildən bu yana Güney Azərbaycanın Türkiyə və İraq ilə sərhədlərdə olan qərb bölgəsi mövcud İran rejiminin yaranışından bəri ağır kürd mühacirətinə məruz qalıb. Bu köç və mühacirətin baş verməsində 8 il davam etmiş İran-İraq müharibəsinin də böyük rolu olub. Pəhləvi rejiminin başladığı və mövcud İran rejiminin davam etdirdiyi türk dünyasını parçalamaq layihələri əsasında çoxsaylı kürd qəbilələri Urmiyə, Sulduz və Maku kimi tarixi Azərbaycan şəhərlərinə yerləşdirilib. Bu gün Azərbaycan türkünün əsas vəzifəsi bu təhlükələri anlayaraq “ikinci Qarabağ” probleminin yaranmaması üçün qarşısını almaqdır. Min illər boyu Azərbaycan türklərinin mədəniyyət dünyasına şan qatan yurdlarımızı heç kəsə vermək fikrində deyilik, bu bizə yaraşmaz da.    
     
       Güney Azərbaycan türkləri üçün əsas qayə nədən ibarətdir?
     
    –  İranda Güney Azərbaycan türklərinin izləməli olduğu əsas platforma azərbaycançılıq və türkçülükdür. Kürdlər bu seçkilərə çox sistemli şəkildə hazırlaşırlar. Son 50-30 ildə öz yaşadıqları əraziləri buraxaraq Güney Azərbaycanın qərb yaşayış məntəqələrində məskunlaşan bu etnik qrup seçkilərdə “”az namizəd çox qazanc” sistemindən istifadə etməklə azlıq olmalarına baxmayaraq məhəlli seçkilərdə Güney Azərbaycan türklərinin hegemonluğunu təhdid edir. Xüsusilə, Urmu, Sulduz və Maku kimi kürd təhdidinə sistematik məruz qalan şəhərlərimizdə məhəlli seçkiləri boykot etmək yox, əksinə türk namizədlərin qalib gəlməsi mübarizəsi aparılmalıdır.
     
    Bu metodu uğurla tətbiq etməyə üstünlük verilməlidir. Bu şəhərlərdə kürdlərin 5 namizədi olarsa, türklərin 10-20 namizədi olmamalı, səslər bölünməməlidir. Məhdud sayda namizəd müəyyən olunmalı, xalq da bütünlükdə bu namizədlərə dəstək verməlidir. O zaman Güney Azərbaycan türklərinin çoxluq təşkil edən əzici səsi bu azlığa həddini bildirəcək.   
     
     Prezident seçkilərinin nəticəsi nə ola bilər?
     
      İranda prezident seçkiləri babalarımızın “həmin tas, həmin hamam” deyimini yada salır. Bu antihumanist rejimin başında duran ayətüllah Xamneynin admaları olan bir neçə namizədin içindən kim seçilirsə seçilsin bütün İranla və xüsusilə, Azərbaycanla bağlı müsbət islahatlara səbəb olmayacaq. Bir əsrə yaxındır ki, sayılmamağımız, hər seçkidə hissimizin nəticəsi olaraq istismarımız, hər tərəfdən qanımızın sorulması yetər. İstər islahatçı, istər mühafizəkar namizədlər və ya prezidentlər bir yalanın parçalarıdır.
     
    Azərbaycan türkü öz müqəddəratını təyinetmə haqqını əvəzi nə olursa olsun, əldə etməlidir. İranda yaşayan başqa millətlərin də birgə hərəkatları ilə yaxın gələcəkdə bu “zülm binası” yıxılacaq. Onun yerində insan haqlarına sayğılı, demokratiya ilə gücləndirilmiş, müasirlik və inanc  azadlığı ilə təmin edilən bir quruluş yaradılacaq. Buna bütün səmimiyyətimlə inanıram. 
     
       Seçkilərdə kim prezident seçilə bilər və perspektivə təsiri necə olar?
     

        Son olaraq hamı bilir ki, İranın istər daxili, istər xarici siyasətini Vilayəti-Fəqih olaraq ayətüllah Xamneyi müəyyən edir. Yəni, bu halda bu seçkilərdə hər hansı bir “sürpriz” gözlənilə bilməz. Seçkilərdə kimin seçilməsinə gəlincə, ola bilər ki, mühafizəkarların təmsilçilərindən kimsə (Qalibaf, Rizayi, Cəlili) islahatçıların çoxunun namizədilə (Həsən Ruhani) ikinci tura qalsın. Hər halda, son olaraq ayətüllah Xamneyinin təyin etdiyi mühafizəkar namizədlərdən biri yeni prezident olaraq sözdə seçiləcək. Beləliklə, İranın daxili və xarici, perspektivində nəzərə çarpacaq dəyişiklik gözlənilməyəcək.

  • Sabir Rüstəmxanlı ABŞ səfirini təbrik etdi

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstara  

     

     

    Hörmətli cənab səfir!

    Sizi 4 iyul – Amerika Birləşmiş Ştatlarının İstiqlal Bəyannaməsinin qəbulunun 237-ci ildönümü – Müstəqillik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqınıza rifah və əmin-amanlıq arzulayıram.

    ABŞ İstiqlal Bəyannaməsinin qəbulu təkcə Amerika xalqı üçün deyil, bütövlükdə dünya üçün yeni bir mərhələnin başlanğıcı oldu. Əsl müstəqilliyin, demokratik dəyərlərin insanların və dövlətin taleyində misilsiz rolunu ABŞ öz nümunəsi ilə bütün xalqlara göstərdi. Az müddətdən sonra isə ABŞ insan haqlarının, demokratiyanın beşiyinə, daşıyıcısına və himayədarına çevrildi və bu fakt da dövlətinizin qüdrətini şərtləndirdi.

    Amerika xalqı həm də insan haqlarına göstərdiyi sayğıya, fundamental azadlıqların keşikçisi olmasına görə böyükdür.

     

    Hörmətli cənab səfir!

    Bir daha Sizi və Sizin timsalınızda bütün xalqınızı Müstəqillik Günü münasibəti ilə təbrik edir, xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində fəaliyyətinizdə Sizə başarılar diləyirəm.

     

    Xoş arzularla,

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Xalq şairi, millət vəkili

  • Sabir Rüstəmxanlı Doğu Türküstanda səfərdədir

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Doğu Türküstanda səfərdədir. Səfərdə məqsəd Azərbaycan və uyğur türkləri arasında bir çox sahələrdə, o cümlədən ədəbi sahədə əməkdaşlığın inkişaf etdirilməsidir.

    Səfər çərçivəsində ilk görüş Urumçi şəhərində azərbaycanlı və uyğur iş adamlarının iştirakı ilə keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı perspektivlər müzakirə edilib.

    Daha sonra Tanrı dağı, qədim Kaşğar şəhərində Yusif Balasaqunlu və Mahmud Kaşğarinin məzarlarını ziyarət edilib, məşhur yazıçı, naşirlərlə görüş keçirilib. Bu görüşdə Azərbaycan-uyğur ədəbi əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb, bədii nümunələrin oxuculara tanıtdırılması məqsədilə tərcümə ədəbiyyatının inkişaf etdirilməsinin vacibliyinə toxunulub. Görüşdə Sabir Rüstəmxanlıya bildiriblər ki, artıq onun “Göy tanrı” əsərinin uyğur dilinə tərcümə edilməsi qərarlaşdırılıb.

    Qeyd edək ki, ötən ayın sonunda uyğur türklərinin yaşadığı Doğu Türküstanda daha bir qətliam baş verib. Çin hakimiyyəti ölkənin şimal-qərbində Uyğur-Sincan Muxtar Əyalətinin mərkəzi Urumçi şəhərindən 280 km aralıda yerləşən Turfan şəhərinin Lukqun qəsəbəsində uyğurlara qarşı yeni təxribatlar təşkil etməkdə suçlu bilinib. Baş vermiş qarşıdurma nəticəsində azı 27 uyğur türkü qətlə yetirilib. Millət vəkilinin səfəri həmin hadisənin dünya mətbuatında doğurduğu əks-sədanın hələ də aradan qalxmadığı bir dövrə təsadüf edir.

  • Sabir Rüstəmxanlı: “Məni məktəbdən qovurdular, raykom katibi xilas etdi” – SÖHBƏT

    “Rus dili müəllimimizi qaçırdılar, müəllimsiz qaldıq”


    Layihə: “Məktəb illəri”

    “Məktəbi bitirənə qədər riyaziyyatçı olmağı istəyirdim. Son anda riyaziyyat müəllimimin ədalətsizliyindən bezib qəflətən fikrimi dəyişdim, filoloq oldum”. Azərbaycanın məhşur bir riyaziyyatçısını itirdimi, ya yox, indi bu barədə danışmağın yeri yoxdu. Niyə? Niyəsini özü danışacaq. Lent.az-ın  “Məktəb illəri”nə…Millət vəkili, partiya sədri, gözəl şair Sabir Rüstəmxanlı…

     

     

     

    “Atla, öküzlə çaydan daş daşıyıb, o məktəbi tikmişdilər”

     

     

    – 1952-ci ildə altı yaşımda Yardımlı rayonu Hamarkənd 7 illik orta məktəbinə getmişəm. Yaman tələsirdim məktəbə getməyə. Hələ beş yaşım olanda mənim üçün məktəb kitabları almışdılar. Amma  hələ balaca, beş yaşım olduğuna görə, məni qəbul etmədilər. Bir il sonra isə xüsusi razılaşma ilə altı yaşımda məni məktəbə qəbul etdilər. Sentyabrın biri günü ala toranlıqda qalxıb, məktəbə getdim. Sübhdən,  saat 4-5 olardı.  Böyük sevinclə məktəbə çatanda gördüm ki, məktəbdə məndən başqa kimsə yoxdu (Gülür). Kənd uşaqları üçün məktəb məbəd idi. Çox təəssüf ki, bizim kəndlərin mədəniyyət evi, insanların toplaşa biləcəyi ocaqlar, əyləncə yerləri yoxdu. İndinin özünə qədər də yoxdu. Axşam oldu, hər kəs öz evinə gedir. Yenə indi hamını bir-birinə bağlayan televiziya, internet var. O vaxt belə şeylər yox idi, adamlar ancaq toyda, yasda, mərasimlərdə bir yerə yığışırdı. Məktəb hamını bir-birinə bağlayan tək yer idi.

     

    Məktəbimiz kəndin ən yaraşıqlı binası idi. Bizim məktəbi 30-cu illərdə xüsusi layihə ilə tikmişdilər. Məktəbin özündə, dəhlizlərində ilk baxışdan insanı cəlb edən  şeylər vardı: iri pəncərələr, yüksək tavanlar, işıqlı sinif otaqları, divar sobaları. Hətta kəndə maşın işləməyəndə belə,  insanlar atla, öküzlə çaydan daş daşıyıb, o məktəbi tikmişdilər. Kəndin hər tərəfindən baxanda məktəb binası görünürdü. Qapısından bir kotan parçası asılmışdı. Dəmirlə kotana vururdular. Bu da bizim zəngimiz idi. Kotan parçasının səsi bütün ətrafda olan 5-6 kəndən də eşidilirdi. O vaxtlar Yardımlıda cəmisi 4 məktəb vardı. Qonşu kəndlərdən uşaqlar bizim məktəbə gələrdilər. O səs hələ indi də mənim qulağımda cingildəyir. Dünyanın harasına getmişəmsə, o səs həmişə məni geri kəndə, o xatirələrə çəkib.

    Məktəb bizim doğrudan da sevgimiz idi. O vaxtlar dağ kənd məktəblərinə müxtəlif rayonlardan müəllimlər gəlirdi. Çünki yerli müəllimlərin sayı azı idi. O müəllimlər vasitəsi ilə biz Azərbaycanın bölgələrini tanıyırdıq. Məsələn, mənim ibtidai sinif müəllimin Lənkərandan Məmməd müəllim idi, xanımı Nina rus dili müəlliməmiz idi. Məmməd müəllim həm də gözəl tar çalırdı. Bir az yuxarı siniflərdə ədəbiyyat müəllimim Səməd Vurğunun kəndlisi Cavad Məmmədov oldu. Elə Səməd Vurğunla uzaqdan qohumluğu da vardı, üzdən bir az ona oxşayırdı. Cavan oğlan idi, ali məktəbi təzə bitirib gəlmişdi. Şeri, təbiəti bizə o öyrədib, sevdirib. Bizi tez-tez dağlara, meşələrə gəzməyə aparırdı. O vaxt Azərbaycana Rusiyadan bir neçə rus dili müəlliməsi gətirmişdi. Bizim məktəbə də Saratovdan rus dili müəlliməsi göndərilmişdi; Anna Zoloxova. Geyimi, zərifliyi ilə hamının diqqətini cəlb edirdi. Anna müəllimə bizim kəndə tək gəlsə də, tək qoymadılar, qaçırtdılar. Beləliklə, biz qaldıq rus dili müəlliməsiz (gülür).

     

     

    “Dedim burda bir müəllim tapılmadı mənə dörd yazsın?”

     

     

     

    – Lovğalıq kimi çıxmasın, birinci sinifdən onuncu sinfə qədər köhnə cədvəllə götürsək, beşdən aşağı bir dənə də qiymətim olmayıb. O vaxt bizim məktəb yeddi illik olduğundan son dörd ili M. F. Axundov adına Yardımlı qəsəbə 11 illik məktəbdə təhsil aldım. Bu məktəb istehsalat tipliydi, burda əlavə sənətlər – traktor sürmək, dülgərlik, mexaniklik  öyrədirdilər. Gənc idim, gənclərdə o yaşda bir az lovğalıq olur. On birinci sinifdə oxuyanda dedim ki, burda bir müəllim tapılmadı mənə dörd yazsın. Bu sözümdən sonra riyaziyyat müəllimim Şahvələd Mustafayev  müəllim mənimlə şərt kəsdi ki, sənə 5 -10 sual verəcəyəm. Bir suala belə cavab verə bilməsən bir başa jurnala iki yazacağam. Ona görə də sonuncu sinifdə jurnalda üç, dörd yox, beşlərdən çox olmasa da ikilərim oldu. Sonradan bundan sui-istifadə edib, mənə qızıl medal verməmək üçün onu ortaq qiymət götürdülər. İki fəndən triqonometriya və fizikadan ortaq qiymətim aşağı olduğu üçün  qızıl medal ala bilmədim. Direktor atama dedi ki, müəyyən məbləğ pul ver,  gedim Bakıdan oğlunun qızıl medalını alım, gətirim. Atam da dedi ki, əgər oğlum layiqdirsə, gedin alın gətirin, əgər layiq deyilsə, mən pulla medal istəmirəm.

     

     

     

    “Fəza həndəsəsi, triqonometriya, riyaziyyatın ən mürəkkəb sahələrinə baş vururdum”

     

     

     

    – Ən sevdiyim fənlər səkkizinci sinfə qədər ədəbiyyat, ondan sonra riyaziyyat olub. Əslində orta məktəbi qurtaranda ədəbiyyatçı olmağı düşünmürdüm. Xüsusi proqramlarla, Moskva jurnallarının viktorinaları ilə Şahvələd müəllim məni hazırlaşdırırdı. Fəza həndəsəsi, triqonometriya, riyaziyyatın ən mürəkkəb sahələrini mən çox sevər və qətiyyətlə Moskva Dövlət Universitetinin riyaziyyat fakültəsinə  hazırlaşırdım. Məktəbi bitirən vaxtı Şahvələd müəllim fizika və triqonometriyadan qiymətimi dörd etdi. Baxmayaraq ki, triqonometriyanı doqquzuncu sinifdə qurtarmışdı və mənim qiymətim beş idi. Müəllimim direktorun göstərişi ilə mənim qiymətimi dəyişmişdi. Fizikadan buraxılış imtahanında Şahvələd müəllim dörd yazdı. Ona görə də ondan incidim, Bakıya gəldim. Birdən-birə qərarımı dəyişib getdim filologiyaya. Peşmanammı? Bunu həmişə düşünürəm. Bilmirəm nə qazanmışam, nə itirmişəm. Tale, qismət. Peşman olsam nə dəyişəcək?

     

     

     

    “30 ildən sonra sinif yoldaşımı tapdım”

     

     

    – İlk müəllimim Əliməmməd Dadaşov toyda cıdır vaxtı at çapanda, sərt döngədə özünü atın üstündə saxlaya bilməyib, yıxılmışdı. Aran adamı olduğu üçün bir az təcrübəsiz idi. Ayağı üzəngidə qalıb, at onu arxasınca sürümüşdü. Ayağı ombadan çıxmışdı. Uzun müddət müalicə oldu, sonra işə qayıtmadı. Onun oğlu Yusiflə qızı Züleyxa bizim sinifdə oxuyurdu. Bəzən üçümüz bir partada otururduq. Məktəbdə ilk dostlarım onlar idi. Sonra onlar köçüb, getdilər, mən isə gəldim Yardımlı məktəbinə. Üstündən uzun illər keçdi, amma onlar yadımdan çıxmadı. Sovetlər birliyinin dağılmasına az qalmışdı. Şair dostum Vahid Əziz  Mərkəzi Komitədə işləyirdi. Bir gün o mənə dedi ki, komitədə bir oğlan var, səninlə çox maraqlanır. Dedim kimdi? Dedi, Yusif. Nəsə şübhələndim. Dedim sənin yanına gələndə bizi görüşdürərsən. Və mən getdim. Qapını açdı, baxdım. Özünü təqdim etməsəydi əlbəttə ki, mən tanımazdım. Məlum oldu ki, bu elə həmin Yusifdi. Üstündən 30 il keçə tale bizi yenə qarşılaşdırdı. Qucaqlaşdıq, görüşdük. Mən nəşriyyatın baş redaktoru, o isə Mərkəzi Komitədə Maşınqayırma şöbəsində işləyirdi.

     

    Sevimli müəllimlərim çox olub. Hamarkənd orta məktəbində ədəbiyyat müəllimim Cavad Məmmədov, sonra Yardımlı orta məktəbinin direktoru, ədəbiyyat müəllimim Kamil Əliyev, onun yoldaşı Nilufər müəllimə. Nilufər müəllimə müəlliməlikdən əlavə mənim on bir illik şagird həyatımda qayğıkeşliyinə görə, ən çox sevdiyim adam olub. Yaxşı oxuduğuma görə, mənim cığallıqlarım olardı. Həmişə mənim müdafiəçim olub, özü də çox sərt şəkildə. Bir dəfə pedaqoji şurada tərbiyə söhbəti müzakirəyə qoyulanda o qapını vurub, çıxdı: “Tərbiyəsiz özləridir, bizim uşaqlara tərbiyəsiz deyirlər”. Sonradan yoldaşı ilə Bakıya köçdülər. Bakıda olduqları müddətdə onlarla tez-tez görüşürdüm. Bir də riyaziyyat müəllimim Şahvələd müəllim vardı. Baxmayaraq sonralar mənim qiymətimi kəsib, qızıl medal almağıma mane olub. O, həm də sərbəst güləş üzrə dərəcəli idmançı idi. Rayon cavanlarına sərbəst güləşi öyrədirdi. Bir salonu vardı, şagirdlərindən yalnız mənə orda məşq etməyə icazə verirdi. Mən həmişə müəllim sənətinə rəğbətim olub. Dərs deməyini bəyənmədiyim müəllimlərə belə sayğım olub.

    Müəllimlərə həddindən artıq suallar verdiyimdən vaxtaşırı aramızda problemlər yaranırdı. Bir dənə kişi müəllimimiz vardı, şagirdləri çox döyərdi. Bir dəfə onuncu sinifdə oxuyanda ona dərsdə çox sual verdim. Məni yanına çağırdı. Bilirdim ki, məni vuracaq, onda mən onu vurub qaçdım. Sonradan mənim bu davranışım müzakirəyə qoyuldu. Müəllimlərin bir hissəsi etiraz etdilər ki, şagirdi o yerə gətirmək lazım deyildi. Şagirdləri çox pis vururdu, şagirdlər də şikayət edirdilər. Amma sonradan peşman olmuşdum.

     

     

     

    “Direktor dedi ki, sən sovet məktəbinə qarşı üsyan qaldırmısan?”

     

     

     

     

    – Yardımlıda oxuyanda kəndlərdən gələn uşaqlar o yataqxanada qalırdı, eləcə də mən. İnternat tipli idi. Bizə orda yemək də verirdilər. Qışda hər gün evə gedib – gəlmək mümkün olmurdu. Həftədə bir dəfə evə gedib, paltarlarımı təmizlədib, gəlirdim. 8-10 uşağın bir yerdə qaldığı böyük otaqlar idi. Dağ çayının qırağında qızdırıcı olmayanda gecə şaxta çökürdü. Bəzən olurdu bizə odun vermirdilər. Şagirdlərin arasında mənə qarşı xüsusi rəğbət vardı, sözümü eşidirdilər. Bir gün uşaqları toplayıb, dedim: “Sabah dərsə getməyəcəyik. Gələnlərə mən cavab verəcəyəm, narahat olmayın”.

    Səhər heç kəs yatağından durmadım. Birinci dərs keçdi, ikinci dərs keçdi…böyük tənəffüsdə bir də gördük ki, Zöhrab əlində də bir ağac gəlir. Zöhrab bizim yataqxananın komendantı idi. Qayıtdı ki, niyə durmursunuz? Cavab verdim ki, gecə soyuq olub, hamımız donub yapışmışıq çarpayıya. “Məni dolayıbsız?” deyib, başladı əlindəki ağacla uşaqları vurmağa. Mənə toxunmadı. Görünür məktəbdə mənim xüsusi bir statusum vardı. Birini yavaşca vurur, o qalxır guya geyinməyə , o birini qaldırmağa keçəndə o biri təzədən uzanır çarpayısına. Beləliklə, uşaqların birini qaldırır, o birisi yatır. Yarım saatdan çox çalışdı, amma uşaqlar yerindən durmadı. “Məktəb direktoruna deyəcəm”, deyib, getdi. Sonra özümüz durub, geyinib, dəstə ilə yollandıq məktəbə. Məktəbə çatdıq ki, bütün məktəb yığışıb “üsyankar qrup”u gözləyir. Direktor məni otağına çağırıb: “Sən sovet məktəbinə qarşı üsyan qaldırmısan?” Mən yenə eyni cavabı verdim: “Bizim imkanımız yoxdu, gecə soyuq olub, donub yapışmışıq çarpayıya”. Direktor qəzəbləndi və məsələni pedaqoji şuraya qoydu. Mənim təşkil etdiyimi bilib, məktəbdən qovmaq istədilər. Onda məni Yardımlıda raykomun birinci katibi Səfər Verdiyev xilas etdi, yoxsa məktəbdən qovacaqdılar.

     

     

    “Anam dünyasını dəyişəndən sonra sandığından qara üzlü dəftərim çıxdı”

     

     

     

    – Hər kəsin həyatında ilk sevgi olur. Məktəb vaxtı o söhbətlərə heç marağım olmayıb. Sinif yoldaşlarım, dostlarım ilk eşqdən, sevgidən danışanda mən həmişə hirslənib, “boş verin, işinizlə məşğul olun” deyirdim. Ancaq oxumaq, ancaq gələcək haqqında düşünürdüm. Bir gün qəflətən mənim öz həyatımda belə hadisə oldu. Və onların hamısından da daha güclü. Qısa müddətlə bütün rayon xəbər tutdu. İlk sevgilərin çoxu kimi uğursuz oldu, baş tutmadı.  Məktəbdə ən yaxın dostum İbad İbrahimov olub. Yardımlının bir kilometrliyində, Gilar kənddə yaşayırdı. Bəzən o mənə görə gəlib yataqxanada qalırdı, bəzən mən onlarda. O vaxt ki ölçülərə görə, çox geniş evləri vardı. İndi baxıram ki, elə də böyük deyilmiş. İbadın gözəl səsi vardı, muğam oxuyurdu. O səsi ilə məni ovsunlamışdı. Ən darıxdığım günlərdə onlara gedir, İbadı dinləyirdim. Bütün duyğularımı sanki o ifadə edə bilirdi. Sonra Yaşar vardı, fizika-riyaziyyatı yaxşı bilirdi. Həmişə dava-dalaşımız olurdu. Aşağı siniflərdə mən heç vaxt dəftərimi köçürtməyə vermirdim. Yuxarı siniflərdə o əhəmiyyətini itirdi (Gülür).

    Son zəngimi demək olar ki, xatırlamıram. Çünki medal məsələsinə görə, çox əsəbi idim. Kədərli bir günüydü. Amma yeddi illik Hamarkənd məktəbini bitirəndə lövhəyə üç bəndlik şer yazdım. Anam dünyasını dəyişəndən sonra onun sandığından qara üzlü dəftərim çıxdı. Mən elə bilirdim itib, amma anam götürüb saxlayıbmış.

     

     

     

    ”Dünyada cavabını tapmadığım sualların cavabını kənddə tapıram”

     

     

    – Məktəb illərim çox ağır illərdi. Bir dəfə atın belində çayı keçəndə sel atı vurdu, yıxdı. Mən özümü itirmədim, atın belindən hoppanıb, kənara çıxdım. At da çırpınıb, çıxdı çaydan. Palçıqlı yolar, qışda qar adama boy vermir. Axşamlar meşələrin, kənd qəbiristanlıqlarının içi ilə tək gedib-gəlirdim. Bunlara baxmayaraq, bu gün içimdə tər-təmiz, insanlara, vətənə sevgim, heç nədən sınmamaq, gücünə inam varsa, məktəb illərimdən gəlir. Ona görə də,  həyat nə qədər çətin olsa da, məni sındırmadı. Yardımlıda oxuyan hər şənbə, bazar, hər dəfə yeddi kilometrlik bu yolu ölçürdüm.  Yollar mənim ömrümün əfsanəsi, mənim ömrümün bir başlanğıcıdı.

     

                                              Dağların döşünə düşmüş o yollar,

                                              Burda qəm görüşüb, sevinc görüşüb.

                                              Yağış damlallaYağış damlaları qarışıb selə

                                               Bəlkə də yol deyil, buluddan düşüb,

                                              Şaxəli ildırım sərilib yerə.

     

    Bu yollar dağların arasında dünyaya aparan yeganə ümid yolu, körpüydü. O balaca mühitdən böyük dünyaya çıxmalıydım. Və çıxdım. Antraktidadan başqa dünyanın bütün qitələrində olmuşam. Antraktidaya səfər olsa, ora da gedərəm (gülür). Onlarla ölkələr, az qalsın qarış-qarış şəhərlər gəzmişəm. Amma bütün bunlara baxmayaraq, o yollar məni geri çağırır. Dünyada cavabını tapmadığım sualların cavabını kənddə tapıram. Düşünürəm ki, dünyanı dərk etmək üçün dünyanı gəzmək lazım deyil. Əgər onu dərk etmək istəyirsənsə, dünyanı bir kənddə də oturub dərk etmək olar. Əksinə dünyanı gəzdikcə adamın beyni, fikirləri qarışır. Bu necə bir dünyadı? Hansı qanunlarla idarə edilir? Hər şey nədən başlayır, harada qurtarır? Niyə bu qədər ədalətsizlik var? Niyə insanlar bir-birinə düşməndi? Halbuki bir kənddə bu suallar yaranmazdı. Ömrünün müəyyən hissəsini tərki dünya olub, gəzən böyük insanlar əslində dünyada nə isə tapacağına inanmayıblar. Onlar özlərini kəşf etməyə çalışıb. Dünyanın bir çox suallarının cavabı hər kəsin içindədir. Bir qum dənəsi əslində bir kainatın modelidi. Bir insan əslində tanrının bir parçasıdır. Kiçiyin özündə də elə böyüyü dərk etmək mümkündür.

  • Sabir Rüstəmxanlı Zakir Qaralova müraciət etdi

    Millət vəkili vicdan məhbusu Zaur Qurbanlını zaminə götürmək üçün müraciət edib

     

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunaraq, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən NİDA Vətəndaş Hərəkatının kordinatoru Zaur Qurbanlının zaminə götürülməsi üçün bu gün Baş prokuror Zakir Qaralova müraciət edib.

    Müraciətdə – Z.Qurbanlının bir neçə xəstəlikdən əziyyət çəkdiyi, müalicəyə ciddi ehtiyac duyduğu, əvvəllər məhkum olunmadığı nəzərə alınaraq, onun məhkəməyə qədər müddətdə millət vəkilinin zaminliyinə buraxılması Baş prokurordan xahiş edilir.

    Xatırladaq ki, rəsmi məlumata görə, NİDA Vətəndaş Hərəkatının kordinatoru, bloqçu Zaur Qurbanlı narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları əsasında saxlanılarkən polisə müqavimət göstərdiyi üçün ötən ilin oktyabrında 15 sutka həbs olunmuşdu. 2013-cü il aprelin 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb və qanunsuz odlu silah saxlamaq ittihamı elan edilərək, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    VHP Mətbuat Xidməti

  • Türk ölkələrinin gənc yazarları Sabir Rüstəmxanlı ilə görüşüb (FOTO)

    Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Bakıda baş tutan toplantıya qatılmış türk ölkələrinin gənc yazarları bu gün Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını ziyarət ediblər.
    Türkiyə, Qazaxıstan, Özbəkistan, Uyğurustan, Kərkük, Yakutiya, Krım, Qaqauz Eli və s. kimi türk ölkələri və muxtar qurumlarından gəlmiş gəncləri Azərbaycan Dil Qurumunda görməkdən məmnun olduğunu deyən Sabir Rüstəmxanlı Türk Dünyasına baxışları, milli kimliyimizlə bağlı düşüncələrini bölüşdü. Türklərin Balkanlarda, Uyğurustanda, Qarabağda soyqırıma məruz qaldığını, böyük bir ədalətsizliklərlə üz-üzə olduğunu deyən millət vəkili səsimizin eşidilməsi və milli varlığımızın qorunmasında ədəbiyyatın müstəsna rolundan danışdı və bu məsuliyyəti gənc yazarların çəkməli olduğunu söyləyib.
    Gənc yazarlarla birgə ortaq əlifba, ortaq türkcə müzakirə olunub. “Doğrudur, buna zaman lazımdır və tədricən bu məsələ təbii yolla öz axarına düşəcək. Amma dünyanın müxtəlif yerlərindən gələn siz gəncliyin Türkiyə türkcəsini bilməyiniz və əsasən bu dildə danışmağınız bir daha təsdiqləyir ki, Anadolu türkcəsi bütün happy wheels demo türk ölkələrində tədris olunmalı və yeni nəsil bu ləhcəni bilməlidir. Sonra Anadolu türkcəsi qan yaddaşımızda yaşatdığımız və müxtəlif ləhcələrdə hələ də qorunub saxlanan sözlərlə zənginləşəcək və nəticədə ortaq türkcəmiz formalaşacaq” – deyə S.Rüstəmxanlı bildirib.
    Çıxış edən gənc yazarlar əsərlərini sevə-sevə oxuduqları, milli varlığımızın ifadəçilərindən və Türk Dünyasının canlı əfsanələrindən olan Sabir Rüstəmxanlı ilə görüşü talelərinin tarixi anı kimi dəyərləndirdiklərini bildiriblər.
    Milli atributların qarşılıqlı bəxşişindən sonra görüş ədəbiyyat, sənət müzakirələri ilə davam edib.






  • VHP Siyavuş Aslanın ölümü ilə bağlı nekroloq yaydı

    Azərbaycan teatr sənətinin sovet dövrü pleyadasının ən istedadlı sənətkarlarından biri, müstəqillik dövrümüzün böyük aktyorlar nəslinin patriarxı, xalq artisti, “Şərəf” ordenli Siyavuş Aslan vəfat etmişdir. Bu, Azərbaycan mədəniyyəti, teatr və kino sənəti üçün olduqca ağır itkidir. Siyavuş Aslanın yaratdığı obrazların deyimləri, replikaları çoxdan ümumxalq dilimizin qanadlı ifadələrinə çevrilmiş, ünsiyyətdə bir doğmalıq, mehribanlıq simvolu kimi xüsusi dəyər qazanmışdır. Onun komik obrazları səmimi gülüş və yumor hissi doğurmaqla cəmiyyətdə milli – mənəvi dəyərlərimizin, əxlaqi- etik keyfiyyətlərimizin başlıca təbliğatçısı olmuşdur.

    Siyavuş Məmmədağa oğlu Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulmuşdu. Aktyorluğa həvəs ilk gənclik illərində onu dram dərnəyinə gətirmiş, sonra musiqili komediya truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında işləməyə vadar etmişdi. Lakin komik rollara maraq az keçmədən onun Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıtmasına səbəb olmuşdu. Əsl Siyavuş Aslan özünü bu teatrda tapdı və əslində onun yaradıcılarından biri oldu. Hətta bir müddət həmin teatrın bədii rəhbəri də işlədi (1994-1996). 1984-cü ildən Akademik Milli Dram Teatrda aktyorluğa başlayan Siyavuş Aslan burada da onlarla yaddaqalan obrazlar yaratdı.

    Siyavuş Aslanın aktyor kimi fəaliyyəti çoxşaxəli və rəngarəng olmuşdur. O, səhnədə çoxpalitralı komik obrazlar yaratmaqla yanaşı, kino və televiziya tamaşalarında da səmərəli fəaliyyət göstərmişdir. 1974-cü ildə kino və teatr sahəsindəki uğurlu və məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunmuşdur. Onun “Kəndimizin mahnısı” əsərindəki Bayram, “Özümüz bilərik”-dəki İbişov, “Altı qızın biri Pəri”-dəki Firuzbala, “Ulduz”-dakı Şubay, “Hicran”-dakı Dadaşbala, “Qaçırılmış qız”-dakı Qəmzəli, “Nişanlı qız”dakı Mindilli və s. obrazları Azərbaycan teatr sənətinin ən uğurlu və əvəzolunmaz inciləri sayıla bilər.

    Siyavuş Aslan 45-dən artıq filmdə də bir-birindən maraqlı obrazlar yaratmışdır. Aktyor 1990-cı ildə çəkilmiş “Girişmə, öldürər”-də , 2002-ci ildə lentə alınmış “Hacı Qara”da”, 2001-ci ildə ekranlaşdırılmış “Mən sənin dayınam”da, 1999-cu ildə kino variantı yaradılmış “Qaynana”da baş rolları ifa etmişdir. Siyavuş Aslan yaradıcılıq enerjisi və entuziazmı bitib –tükənməyən sənətkarlardan idi. Hələ bundan sonra çox obrazlar yarada və mədəniyyət xəzinəmizə ərməğan edə bilərdi. Fəqət amansız ölüm imkan vermədi. Uzun müddətdən bəri şəkər xəstəlioyindən əziyyət çəkən sənətkar 27 iyun 2013-cü ildə gözlərini əbədi yumdu. O cismən bizdən ayrılsa da, mənən daim bizim sıralarımızda olacaq, yaratdığı obrazlarla gələcək nəsillərin də yaddaşına köçəcək. Tanrıdan böyük sənətkarımıza rəhmət və yaxınlarına isə səbr diləyirik.
    Allah rəhmət eləsin!

    Sabir Rüstəmxanlı və
    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası