Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP sədri Ramazan bayramı münasibəti ilə müsəlmanları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası mübarək Ramazan bayramı münasibətilə xalqımıza, o cümlədən bütün müsəlman dünyasına təbrik ünvanlamışdır.

    Təbrikdə deyilir: “9 avqust- bütün müsəlman dünyasının ən şərəfli və ən əziz bayramlarından biri olan Ramazan bayramıdır. Bu mübarək gün münasibətilə xalqımıza, bütün müsəlman dünyasına, o cümlədən haqq və ədalət keşiyində dayanan bütün insanlığa tanrıdan xeyir və bərəkət, sülh və əmin-amanlıq diləyirik. Bu bayram bir ay müddətində tutulan orucların, qılınan namazların Yer üzünə gətirdiyi gətirdiyi xeyir və bərəkətin, sevgi və sevincin, haqq və ədalətin təntənəli şəkildə qeyd edildiyi gündür.

    Allah tərəfindən Yer üzünə göndərilmiş sonuncu müqəddəs kitab olan Qurani-kərimdə bu gün bütün doğmaların və yaxınların, kimsəsizlərin və imkansızların ziyarət edilməsi, küsülülərin və incik düşənlərin barışıb bir-birinə qovuşması vacib bilinmişdir. Ramazan ayı ən qədim zamanlardan sülhü və barışığı, xalqın birliyini və bərabərliyini önə çəkdiyindən, daim əmin-amanlıq, dinclik və səadət ayı kimi islam təqvimində xüsusi yerə malik olmuşdur. Öz dini ənənələrinə sadiq olan Azərbaycan xalqı da bu ayın bütün ehkamlarını böyük ehtiramla yerinə yetirməklə Ramazan bayramı günlərində nifaq və münaqişələri bir kənara qoyub, bütün zamanlarda birliyə, bütövlüyə, həmrəyliyə nail olmuşdur.

    Xalqımızın bu gün də Qarabağ, Şimala -Cənuba parçalanma kimi tezliklə həllini gözləyən ciddi problemləri vardır. Bu problemlərin həlli yenə bizim birliyimizdən, bütövlüyümüzdən, həmrəyliyimizdən, öz dini və milli-mənəvi ənənələrimizə sədaqətdən keçir. İnanırıq ki, bu ayda edilən dualar, yerinə yetirilən vacib ilahi hökmlər xatirinə Allah –təala bizə bu çətin vəzifələri həyata keçirməkdə vəhdət, mətanət, dözüm və ləyaqət bəxş edəcək, insanlığa yaraşmayan əməllər törədən hər kəsin cəzası öz cinayətinə bərabər olacaq.

    VHP də bir siyasi partiya olaraq daim cəmiyyətimizdə birlik, həmrəylik, barış və sülh mövqeyindən çıxış etmişdir. Partiyamızın sıralarında oruc və namazını vaxtlı-vaxtında yerinə yetirən kifayət qədər mömin insanlar vardır. Bu gün həmin insanların da tanrıdan ən böyük diləkləri xalqımıza əmin-amanlıq, ruzi- bərəkət, firavan həyat qismət olmasıdır. İnşallah, yerinə yetər!

    Bu mübarək bayram münasibətilə bir daha bütün insanlığı, müsəlman dünyasını və xalqımızı ürəkdən təbrik edir, bütün evlərə, ailələrə ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq, dinclik və səadət arzulayırıq”.

  • VHP sədri Sabir Rüstəmxanlı Tovuzda partiya üzvləri ilə görüşüb

    Iyulun 27-də Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Tovuz rayon təşkilatının fəalları ilə görüşüb. Yığıncaqda Tovuz rayon təşkilatının Məclis, Nəzarət-Təftiş Komissiyasının üzvləri, özək təşkilat sədrləri iştirak ediblər.

    Həmçinin toplantıda partiyanın Qazax rayon təşkilatının sədri Qoca Qocayev, Ağstafa rayon təşkilatının sədri Dürdanə Həsənova, Şəmkir rayon təşkilatının sədri Ülfət Zeynalov, Gəncə şəhər təşkilatının sədri Asəf Məmmədəliyev, Goranboy rayon təşkilatının sədri Zaur Məmmədov da iştirak ediblər.

    VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Ələsgərov, həmçinin digər rayon təşkilat sədrləri də çıxış edərək siyasi proseslər barədə danışıblar, rayon təşkilatlarının fəaliyyəri barədə isə geniş bilgi veriblər.

    Partiyanın Təşkilat Şöbəsinin müdiri Samir Əsədli təşkilati məsələlər, qurultaya hazırlıq, rayon təşkilatlarının konfranslarına hazırlıq barədə geniş məlumat verdi.

    Sonda VHP sədri Sabir Rüstəmxanlı çıxış edərək ölkədə, bölgədə baş verən ictimai-siyasi proseslər, qarşıdan gələn prezident seçkiləri, VHP-nin proseslərdə rolu və mövqeyi, müxalifət daxili durum barədə geniş danışdı.

    Toplantının sonunda millət vəkili partiya üzvlərinin suallarını cavablandırdı.

  • VHP sədri Sabir Rüstəmxanlı yeni təyinatlar imzalayib.

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) yeni təyinatlar olub.

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya Nizamnaməsinə uyğun olaraq partiyada Mərkəzi İcra Aparatı təşkil edib. Partiya sədrinin sərəncamı ilə Samir Əsədli Mərkəzi İcra Aparatının rəhbəri, Arif İsmayılbəyli sədrin ictimai-siyasi məsələlər üzrə müavini, Talıb Əhədli sədrin bələdiyyələrlə iş üzrə müşaviri, Telman Sadıqlı sədrin iqtisadi məsələlər üzrə müşaviri, Real Cəfərli isə Diasporla İş Şöbəsinin müdiri təyin olunublar.

    Qeyd edək ki, bundan əvvəl Samir Əsədli Təşkilat Şöbəsinin müdiri, Arif İsmayılbəyli beynəlxalq əlaqlər şöbəsinin müdiri vəzifələrində çalışıblar, Real Cəfərli Təşkilat Şöbəsinin əməkdaşı olub, Talıb Əhədli və Telman Sadıqlı isə Ali Məclisinin üzvləridirlər.

  • Milli Şurada növbəti qalmaqal; VHP Gürcüstana niyə getmədi?

    Milli Şuranın Tiflisə, qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşə gedən heyətinə nəzər saldıqda, diqqəti çəkən ilk məqam Gürcüstan paytaxtına gedən siyasilər arasında Vətəndaş Hərəkatı Partiyasından başqa, digər bütün partiya və təşkilatların nümayəndəsinin olmasıdır.

    Qurumun icra aparatının rəhbəri Eldar Namazov da Tiflisə səfər edəcək heyətlə bağlı mətbuata verdiyi açıqlamasında İbrahimbəyovla görüşə MŞ-də təmsil olunan bütün partiya təmsilçilərinin gedəcəyini açıqlasa da, adı sadalananlar arasında VHP-dən heç kimin olmaması diqqət çəkmişdi.

    Bəs nə baş verir? VHP məqsədli şəkildə “Tiflis sammiti”ndən kənarda saxlanılır, yoxsa bu, partiyanın MŞ-dəki rəsmilərinin şüurlu seçimi idi?

    Bu barədə AzNews.az-a açıqlama verən VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı bildirib ki, Gürcüstan paytaxtına R.İbrahimbəyovla görüş getmək barədə onları heç kəs nə dəvət edib, nə də hər hansı formada məlumat verib. R.Manaflının sözlərinə görə, MŞ-in icra aparatından onlara ümumiyyətlə, səfərlə bağlı heç bir təklif olmayıb: “Bunun səbəbləri ilə maraqlanmamışam. Ancaq açığı, partiyamızın Milli Şurada təmsil olunan qrupunun rəhbəri kimi mənə Rüstəm İbrahimbəyovla görüşə getmək təklif edilsəydi, mən bu dəvətdən imtina edəcək və Tiflisə getməyəcəkdim”.

    İmtinasının səbəblərinə toxunmaq istəməyən VHP funksioneri deyib ki, görünür, Tiflisə səfər edən happy wheels demo şəxslər şəxsi simpatiyaya əsasən müəyyən olunub: “Dedilər, Tiflisə komissiya üzvləri və partiya rəsmiləri gedəcək. Ancaq misalçün, Zəfər Quliyev, Köçəri Nağıbəyli və bir neçə başqasının nə partiyalara, nə də komissiyalara dəxili var. Görünür, bu heyət şəxsi simpatiyaya əsasən seçilib”.

    R.Manaflı bildirib ki, R.İbrahimbəyovla görüşməyi istəyib-istəməmək başqa məsələdir, ancaq Tiflisə dəvət olunmamaq tamamilə başqa məsələdir: “Hər halda, Milli Şuranın icra aparatı rəhbərliyi Tiflisdən gələndən sonra bu məsələni müəyyənləşdirərik, görək bizi niyə dəvət etməyiblər?!”.

    VHP rəsmisinin sözlərinə görə, həm MŞ-in icra aparatı rəhbəri E.Namazovla, həm də qurumdakı bir sıra əsas partiyaların rəhbərləri ilə bu məsələ barədə fərdi söhbətlər edəcəklər. Tiflisə dəvət edilmədikləri üçün incimədiklərini qeyd edən R.Manaflı bunun siyasi məsələ olduğunu vurğulayıb: “Biz uşaq oyunu oynamırıq. Bu, siyasi məsələdir. VHP Milli Şurada təmsil olunan partiyaların heç birindən geri qalan qurum deyil. Milli Şuradakı partiyaların hamısından fərqli olaraq, bütün seçki dairələrində bizim təmsilçilərimiz var və onlar seçkidə qurumun namizədinin işinin təşkilinə kömək edəcək. Ancaq bizim partiyaya göstərilən bu münasibət mənə hələlik qaranlıq qalıb”.

    VHP Ali Məclisinin sədri onu da deyib ki, bu məsələ partiyanın Milli Şuradakı gələcək fəaliyyətinə heç bir təsir göstərməyəcək.

    Anar
    AzNews.az

  • 18 iyul 1908-ci ildə Məşrutə – Konstitusiya inqilabı qələbə çalıb

    18 iyul 1908 -ci ildə  Təbrizdə Səttarxan inqilabı qələbə çalmışdır.  Səttar xan xalqımızın qəhrəman oğullarından olub. Şərq aləmində ilk əncümən-yəni xalq məclisinin təşkili də Səttar xanın adı ilə bağlıdır. Səttar xan hərəkatı şərq alımində ilk demokratik hərəkat da sayıla bilər.

    Səttar xan 1866-ci ildə Güney Azərbaycanın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur.

    1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir. Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Səttərxanın fədailər dəstəsi şəhəri “ağ bayraqlar”dan təmizləyib, Təbriz İran inqilabının (1905-1911) mərkəzinə çevrilib.  Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır.

    Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttar xan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir. Səttar xan və Bağır xan (ortada) Azərbaycan məşrutəçı inqilabçılar ilə Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır. Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları  və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Bəzi mənbələrə görə Səttar xan əslən erməni olan Yəprəmxan adlı biri tərəfindən vurulmuşdur.

    Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir. 1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci ildə yaranmış Azərbaycan milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, Təbriz küçələrinə onların adları verilmişdir. Səttar xanın qəhrəmanlığına, onun xalqına və azadlıq inqilabına olan sədaqətini tərrənnüm edən saysız-hesabsız şeir və poemalar yazılmışdır.

  • Alimlər bir araya gəldi

    “Azərbaycan Alimlər Birliyi” “Azərbaycanın sabahını düşünərkən” adlı  elmi konfrans keçirmişlər. Konfrans Dünya Azərbaycanlıları Konqresinin qərargahında baş tutmuşdur.

    Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, professor Cəmil Həsənli, fəlsəfə elmləri doktoru Yadigar Türkel, Arxeologiya və Etnoqrafiya tarix elmləri üzrə fəlsəfə doktoru Xaləddin Xəlilli,  Fəlsəfə, Sosialogiya, Hüquq İnstitunun əməkdaşı Yasəmən Qaraqoyunlu, Şərqşünaslıq İnsititunun əməkdaşları  Mirzə Ənsərli,  Zülfiyyə Vəliyeva,  İqtisadyyat  İnstitunun əməkdaşı iqtisad elmləri üzrə fəlsəfə doktoru  Əli  Hüseynov, Tarix İnstitunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xeyirbəy Qasımov , M.Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi İbrahim Quliyev iştirak etmişlər. Konfransı giriş sözü ilə millət vəkili Sabir Rüstəmxanlı açaraq Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq aləmdəki mövqeyi, iki bölünmüş xalqın haqlarının dünyada tanıdılması istiqamətində alimlərimizin görə biləcəyi işlərdən danışmışdır. Millət vəkili vurğulamışdır ki,  belə tədbirlər bundan sonar da müntəzəm keçirilməli, Azərbaycanın həyatında alimlərin fəaliyyəti genişlənməlidir.

    Fəlsəfə elmləri doktoru Yadigar Türkel bir tədbirdə Azərbaycanın dünəni, bu günü, sabahı barədə söhbət açmağın mümkün olmadığını bildirərək Azərbaycan elminin strateji məqsədləri barədə öz fikirlərini tezis şəklində açıqladı. O, plüralist demokratiyanın cəmiyyətdə bərqərar olması üçün alimlərin üzərinə böyük yük düşdüyünü bildirdi. Professor Cəmil Həsənli Azərbaycanın sabahının təhsilimizlə bağlı olduğunu vurğulayaraq təhsilimizdə ciddi islahatlara ehtiyac olduğunu dilə gətirdi. “Bu ilki buraxılış imtahanlarının nəticələri təhsilimizin son dərəcə ağır vəziyyətinin göstəricisi oldu. Məzunların 46,7 faizinin bilik səviyyəsi qeyri –qənaətbəxş kimi qiymətləndirilmişdir. Sabah bu gənclər ölkənin sahibləri olacaq. Onlar bu cəmiyyətə nə verə bilərlər”, -deyə alim öz həmkarlarına müraciət etdi. Cəmil müəllim daha sonra bütün yükün dövlətin üzərinə qoyulmasının da müsbət yanaşma olmadığını bildirdi. O, hər bir fərdin fəal vətəndaş olaraq, cəmiyyətdə gedən məsələlərə münasibət bildirməsini vacibliyini qeyd etdi.

    Etnoqraf alim Xaləddin Xəlilli ölkədə kitaba münasibətin acınacaqlı vəziyyətdə olduğunu bildirdi. Alim etnoqrafiya haqqında tutarlı əsər yazdığını, lakin dövlət səviyyəsində əsərinin laqeydliklə qarşılanmasından şikayətləndi.

    Yasəmən Qaraqoyunlu isə çıxışında ilk öncə tarix elminə münasibətini açıqlayaraq, bu sahədə dəqiq konsepsiya olmadığını dilə gətirdi.  O, tarixə yanaşmada imperatorluq prinsipinin vacibliyini qeyd etdi. Yasəmən xanım daha sonra Gürcüstan azərbaycanlılarının və bütövlükdə Qərbi Azərbaycan probleminə toxundu. 

    Şərqşünaslıq İnstitunun əməkdaşı Mirzə Ənsərli bir çox bəlalarımızın ağsaqqallıq institunun pozulmasından yarandığını qeyd etdi. “Mən geneologiya ilə məşğulam. Öz kəndimizin kitabını yazmışam. Bunu niyə görə etdim?  Ona görə ki, çox adamlar öz babalarından o yananı tanımır. Bu halda hansı milli kökdən, ənədən danışmaq olar?”

    İqtisadçı alim Əli Hüseynov alimlərin sosial –  iqtisadi problemlərindən danışdı. Konfransda belə tədbirlərin müntəzəm keçirilməsi qərara alındı. Konfrans ictimaiyyətə müracitlə işini yekunlaşdırdı.

  • Bu gün Nəcəf Nəcəfovun doğum günüdür

    Nəcəf bəy 1955-ci il iyunun 24-də Bakıda anadan olub. 80-ci ilin əvvəllərindən “İnşaatçı” qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra “Vışka” qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il N.Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib.

    Onun rəhbərliyi dövründə “Molodyoj Azerbaydjana” ölkənin ən populyar və sevimli qəzeti olub. 1989-cu idən N.Nəcəfov siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. “Azadlıq” qəzetinin ilk baş redaktoru olub.

    1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə “Turan” informasiya agentlyini təsis edib. 1992-1993-cü illərdə Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin müşaviri olub.

    Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

  • Keçmişi yox, gələcəyi düşünmək zamanı…

    Şeyxlik, şahlıq zamanı, 

    Yaradanın fərmanı, 
    Bir şah gəldi cahana 
    Neçə dərdin dərmanı.
    (Azərbaycan bayatısı)
     
    Son vaxtlar türk seriallarında Səfərvi-türk dövlətinin qurucusu Şah İsmayıl Xətai (Şah Xətai) və oğlu Şah Təhmasib əsassız aşağılanmlara məruz qalırlar. 
     
       Əlbəttə, istənilən dövrü araşdırmaq olar, həmin dövrə aid səhvləri tapmaq olar. Amma, deyəsən türk bədii seriallarını yaradanlar serialların həmin dövrə aid hissələrində Şah Xətaini aşağılmaq istəklərini artıq “özlərini təsdiq” düsturuna çevirmək cəhdlərinə döndərirlər. 
       Bu məsələ ilə bağlı AzərbaycanTürkiyə Evi (ATEV) bu il aprelin 5-6-sı Bakıda “Şah Xətai-Sultan Səlim simpoziumu” düzənlədi. Həmin tədbirə həm Azərbaycan, həm də Türkiyə tərəfdən nüfuz və söz sahibi olan xeyli elm adamları qatıldılar.
     
    Əslinə qalarsa, həmin tədbirin düzənlənməsinə səbəb son zamanlar Şah Xətai şəxsiyyətinə artan hücumlar idi. 
     
       Həmin tədbirdə adı çəkilən məsələyə kifayət qədər əsaslı, düşünülmüş mövqe sərgiləndi. Həmin zaman kəsiyində baş verən hadisələrin səbəbləri açıqlandı.  
     
       Bizim düşüncəmizə görə, Şah Xətai şəxsiyyətinə aşağılayıcı münasibət sadəcə gerçəkləri bilməməkdən doğur. Daha bir belə yanaşma Səfəvi-türk dövlətinin Osmanlı-türk dövləti önündə duruş gətriməsindən qaynaqlana blər. Bütün Qərb dünyasını lərzəyə salan Osmanlı-türk imperiyası bütün cidd cəhdlərinə baxmayaraq Səfəvi-türk imperiyası üzərində heç zaman əsaslı üstünlük qazana bilmədi.  
     
       Şah Təhmasib Osmanlı və Səfəvi arasındakı döyüşlərində hər iki tərəfdən əsgərlərin hünərinə belə dəyər verdi: “Osmanlı əsgəri kimi cəsarətli, Səfəvi əsgəri kimi sədaqətli əsgər yoxdur”. Fikrimizcə, bu dəyər bu günə də aydınlıq salır. 
     
       Başqa bir cəhətdən, istər Şah Xətaini aşağılayanlar, istər Sultan Səlimi tərif edənlər bu iki şəxsin gerçəkdə layiq olquqlarından heç nəyi azaldıb, heç nəyi də artıra bilməyəcəklər. Əgər bir çoxları bu yolla Şah Xətaini gözdən salacaqlarını düşünürlərsə səhv edirlər. Əksinə, bununla Sultan Səlimi ucaldacaqlarını düşünürlərsə yenə də səhv edirlər. Olanlar tarixdə olduğu kimi qalıb. Bu günün 
    adamlarının tarixə baxışı və mövqeyi şəxsin mövqeyindən o yana heç nə deyil. 
      
       Amma bu adamları başa düşmək istəyirik. Başqa bir niyyətimiz yoxdur. Əgər bu günün türk serialları Şah Xətaini bacarıqsız kimi təqdim etmək istəyirsə, o zaman qüdrətli və azman Sultan Səlim niyə ona qalib gələ bilmədi? Bu yanaşma tərzilə, görün Sultan Səlim nə qədər “bacarıq”sız olub ki, “bacarıq”sız  Şah Xətaiyə qalib gələ bilməyib. Deməli, buradan çıxan nəticə budur ki, hər iki türk böyüyü bacarıqsız adamlar olub. Bəs o zaman  bu bacarıqsız adamlar tarixə necə imza atıblar? Düşünün, bacarıqsız adam tarixə imza ata bilərmi? Axı, tarixdə belə olmayıb ki, bacarıqsızlar onu yarada və imza ata. Əgər belə deyilsə, hər ikisi bacarıqlı adamlar olubsa, bu şəxsiyyətləri o zaman aşağılamağın adı nədir. Bax, bunu anlamaq istəyirik. 
     
        İndi, bu seriallarda Şah Xətaini aşağılamaq xətti nədən qaynaqlanır? Bunun bir neçə cavabı var. Həmişə bir çoxlarının kənarda axtardığı “düşmən izi, Türkiyə Azərbaycan qardaşlığına zərbə vurmaq istəyənlər izi” var. Bir də öz içmizdə olan düşmənlər var. Amma, Allah xətrinə, bu düşmənləri hansısa şəxslər şəklində anlamayın. İnsanın daxilindəki cahilliyindən, nadanlığından, özündən bixəbərliyindən böyük düşməni ola bilməz. Fikrimizcə, belə insanlar “bilmir ki. bilmir” qisminə aid olan insanlardır.
       
        Burada ən böyük “düşmən” Türkiyə təəssübünü türk bilriyindən önə qoymaqdır. Osmanlı təəssübünü önə qoymaqdır. Əgər belə düşünsək ki, “niyə Şah Xətai Sultan Səlimə qarşıə savaşdı?” o zaman həm də düşünməliyik ki, “niyə Sultan Səlim Şah Xətainin imperiyasına hücum etdi?” Əgər tərəflər olaraq hər kəs özünü haqlı biləcəksə, o zaman tarixi əhəmiyyət aşkara çıxmayacaq. 
     
       Belə düşüncə olacaqsa, onda bu sual ortaya qoyulacaq ki, “Sultan Səlim niyə Səfəvi-türk imperiyasının ərazilərinə təcavüz edib? Bu savaşı Sultan Səlim açıb, bu qoşunu o gətirib. Çaldırandan paytaxt Təbrizə yaxın məsafədə, Səfəvi-türk imperiyasının sərhədlərinin lap içərilərində döyüş gedib. Məgər, Şah Xətai imperiyasını qorumamalı isi? Həmin torpaqları Sultan Səlimə hədiyyə etməli idi?
     
       Qazi Osman, Sultan Mehmet Fatih Osmanlı türkləri və günümzümn Türkiyəsi üçün kimdirlərsə, Şah Xətai də Səfəvi imperiyası türklərinə, günümzün Azərbaycan türklərinə odur. Bizlər bu şəxsin qurduğu, məhz bizlər üçün qurduğu imperiyanın əraziləində yaşayırıq. Buna görə heç kəsə və heç kimə boyun borcumuz yoxdur. Olmayacaq da. Nə də elə düşünməsinlər ki, Şah Xətaiyə hansısa aşağılamalar, həqarətlər cavabsız qala bilər. Bu gün “Şahi Əzəm”in, “mürşidi kamil”in müdafiəsi boynumuzun borcu qədər müqəddəs işdir. Xahiş edirik ki, bunu heç kəs unutmasın. Nə Azərbaycan daxilindəki, nə Azərbaycan xaricindəki antixətaiçilər bunu unutmasınlar. 
        
       Amma bizləri nə Osmanlıya, nə Osmanlı böyüklərinə nifrət, həqarət, aşğılamaq üstündə böyütmədilər. Əkisnə, “Türkiyə ümid yerimiz, qan qardaşımız, can  dostumuz” deyə bizlərə aşılandı. Düşüncəmə görə, bu gün Azərbaycanda Türkiyə sevgisi Türkiyədəki Azərbaycan sevgisindən qat-qat çoxdur. Səbəbi? Səbəbi budur ki, bizləri ürfanın “bütün varlıqlara eşq” fəlsəfəsi üstə böyütdülər. 
     
       Tarixdə bu və ya digər əsaslar üstə bir-birinə qarşı vuruşan imperiyalar olub. Amma heç birinin digərinə bu qədər uzun sürən kin-küdurətu qalmayıb. Elə düşündürən məsələlərdə biri də bu kin-küdurətin bu qədər uzanması, günümüzə qədər gəlməsi və sanki bu gün olmuş kimi qalmasıdır. 
     
          Kinin olduğu yerə eşq gəlməz, övkə baldan şirin olar. Hər halda atalar bu sözləri əsassız deməyib. Bir biləcəkləri var. Bir də qəzəb olan yerdə ədəb olmaz ki! Bu gün Şah Xətaiyə münasibətdə belə bir ədəsizlik yaşanır. Bu ədəbsizliyi aradan qaldırmaq zamanıdır. Azərbaycanda istənilən qədər Şah Xətai sevənlər var. Bu gün Azərbaycan adına varlığımız təməlində ona bağlıdır. Biz şahımızdan, tarixdə qürur yerimiz olan zatdan, qazandığı qələbələrindən imtina etmək düşüncəsində deyilik. Buna çalışanlar bunu bizdən gözləməsinlər.
     
         Çaldıran döyüşünün səbəbi isə ancaq iki fatehin bir-birinə savaş açmasının, bir-birinə meydan oxumasının nəticəsidir.
     
     Zaman fatehlərin zamanı, zaman fatehliyin zamanı idi. İstər Şah Xətai, istər Sultan Səlim hər ikisi fateh idi. Hə ikisi fatehliyin düsturlarına söykənirdi. Bunu da söyləməyi zəruri bilirik ki, fatehlər üçün bütün ideoloji vasitələr və o cümlədən, din özü də fatehliyin düsturuna kökləndirilir. Fatehliyin özündən başqa dini olmur, fatehliyin dini fatehliyin özüdür. Bu hadisələrə dəyər vermək üçün bu gündən o günə yox, elə o gündən o günə baxmaq lazımdır. Həmin dövrün dəyər, tələb  və şərtləri baxımından yanaşmaq lazımdır. 
     
       Bu səbəb üzündən 1514-cü ildə Çaldıranda baş verən savaşa eyni millətin iki nəhəng imperiyasının bir-birinə qarşı gəlməsi, türklərin bir-birinə qılınc çalması kimi təfsir edilə bilməz. Bu iki fatehin bir-birilə üz-üzə gəlməsi idi. Necə ki, Roma imperiyası, Bismark, Napoleon fatehlik döyüşləri edib, eləcə də bu iki fateh də bu düsturdan kənarda qalmayıb. Fatehliyin düsturu dünən də belə idi, əgər sabah fatehlik olacaqsa, yenə də eyni distur işə düşəcək. Bu səbəb üzündən hər iki fateh öz dövrünün nəhəngləri idilər, hər ikisinə hörmət və ehtiram ifadə edirik. 
     
       Sultan Səlimin də, Şah Xətainin də söykəndikləri əsaslar eyni idi. Osmanlı-türk imperiyası ürfan məktəbinin əxilik, Səfəvi-türk imperiyası isə səfəviyyə (qızılbaşlıq) siniflərinə aid idilər. 
     
       Çaldırandakı döyüşlə Sultan Səlim Şah Xətaiyə yeganə söz sahibinin özü olduğunu təsdiq etdirmək istəyirdi. Əsas qayə bu idi. Şah Xətai də bu iddiaya cavab qoymaqla Sultan Səlimə öz kimliyini göstərirdi. Odur ki, Çaldıran döyüşü iki fatehin bir-birinə “bu mənəm! Bu da mən!” özünütəsdiqi idi. 
     
       Çaldıran döyüşündə qalib olmadı. Yəni, Osmanlı-türk imperiyası Səfəvi-türk imperiyasını siyasi səhnədən silə bilmədi. Amma həmin ildən iki imperiya araslında başlanan lokal savşalar 1555-ci il Amasiya sülhü imzalanana kimi davam etdi. Bir sözlə, anlatmaq istədiyimiz budur ki, fatehlər üçün millət, fatehlər üçün məzhəb və s. problem olmur. 
              
         Bəziləri bu günkü Türkiyəni “əjdahalar” əlindən alaraq dövlətə çevirən misilsiz tarixi sima Mustafa Kamal Atatürkü Azərbaycanı satmaqda ittiham etmək istəyir. 
     
    Bunu yazanlara yerlərində sakit oturmalarını, bilmədikləri tarixi hadisələrə burunlarını soxmamağı tövsiyyə edirik. Hətta qurban verilmişiksə belə, öz qardaşımıaza qurban getmişik, bunun kimlərəsə dəxli yoxdur. Belə ürək bulandıran müqayisələr üstə Şah Xətai sevgisi sərgiləməsinlər. Belə şəxslərin məqsədi Şah Xətaini müdafiə etmək yox, elə Atatürkü aşağılamaqdır. Buna isə izn vermərik. 
    Bütün türk böyüklərinə bir daha hörmət və ehtiram ifadə edirik.       
     
       Əgər bundan sonra da Şah Xətai şəxsiyyətinə hücumlar, aşağılamalar davam edəcəksə, bunun adı ancaq və ancaq qəsd ola bilər. Bunu başqa cür təfsir etmək sadəcə mümkün deyil. Bunu hansısa ideoloji xətt, siyasi yön kimi də  dəyərləndirmək mümkündür. 
     
      Görünür, Çaldıran savaşının 2014-cü ildə tamam olan 500 illiyinə kimlərsə “sürprizlər” hazırlayır. Kimlərsə, bu “tarixi yubiley”dən Şah Xətai şəxsiyyətinə hücumlar üçün istifadə etmək istəyir, indidən buna “əsas”lar düəzldir. 
     
        Amma, daha bir tarixi bu şəxslərin yadına salmaq istəyirik. 2015-ci ildə ermənlərin gözəlim Türkiyəyə ünvanladığı “erməni soyqrımı” iddiasının 90 ili tamam olur. Baxın, düşmən də belə iddiaya hazırlaşır. Bunu fikri yayındırmaq üçün demirik. Qarşıda baş verəcəkləri Türkiyə türklərinə xatırlatmaq üçün deyirik ki, sonra bizlərə “demədi demə”sinlər. 
     
       Bəlkə, hamımız bir yerdə bu yalan, iftira və böhtan olan, amma dünyanın gerçək sandığı iddiaya qarşı birgə əzm qoysaq daha yaxşı olar. 
       Hə, Türkiyənin məzhəb sevdalıları, buna nə deyirsiniz? Davammı, ya tamammı?
     
      Tofiq Türkel
  • Sabir Rüstəmxanlı: “Bu yollarla ölkənin taleyi dəyişilmir”

    Vətəndaş Həmrəyli Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının “Qafqazinfo”ya müsahibəsi:

    – Sabir bəy, seçkiyə 4 aydan da az vaxt qalıb. Bugünkü ictimai-siyası prosesləri necə dəyərləndirirsiniz?

    – Hələ ki, ölkədə ciddi bir seçki əhval-ruhiyyəsi duyulmur. Yeni Azərbaycan Partiyası öz namizədini təqdim edib, bununla yanaşı, Mehriban xanımın namizədliyi də irəli sürülüb. Amma onun doğruluğu, yalanlığı bəlli deyil. Bu işdə bir qəbahət olmasa da, namizədliyi irəli sürənlərin özləri bu fikirdən daşınırlar… Digər tərəfdən də Milli Şura öz namizədini açıqladı. Başqa namizədlər də var, amma ciddi bir təbliğat, seçki fəallığı hiss olunmur.

    – Proseslərin bu cür inkişafı nə ilə bağlıdır? Əslində, çoxları düşünürdü ki, bu il gərgin il olacaq.

    – Gərginlik yoxdur və inşallah olmaz. Sakitliyin bir səbəbi yəqin ki, hakimiyyətin öz namizədinin seçiləcəyinə əminliyi ilə bağlıdır. İllər uzunu onlar yanlış olaraq müxalifəti yox sayıblar. Prosesə qatılan başqa qüvvələr də var, ancaq böyük şansları olduğuna inanmırlar. Hər halda, nəzərə almalıyıq ki, seçkiyə çox az vaxt qalıb və bu bir neçə ay ərzində nə isə qeyri-adi hadisənin baş verəcəyini gözləmək doğru deyil. Göydən başqa bir qüvvə enməyəcək. Azərbaycandakı mənzərə göz önündədir. Qısa müddət ərzində cəmiyyətin fikrini dəyişmək də çətindir. Ölkədə ümumi narazılıq var. İndiki durumun dəyişilməsini istəyən qüvvələr çoxdur. Amma istəmək yetərli deyil. Seçki real güc tələb edir. O güc üçün təşkilatlanmaq lazımdır. Hələ ki, real bir təşkilatlanma görünmür. YAP və hakimiyyətin seçki üçün gərəkli qurumları var. Və bunlar təbii ki, indiki prezidentin yenidən seçilməsində ciddi rol oynayacaqlar. Alternativ qüvvələr yalnız indiki iqtidardan narazı olanların kortəbii şəkildə bir araya gələcəklərinə ümid bağlayırlar. Onun da real nəticə verəcəyinə o qədər də inanmıram. Bəlkə də bu fikirlərim kimisə narazı salacaq, amma mən prosesləri şişirtməyin tərəfdarı deyiləm.

    – Azərbaycanda seçki zamanı daha çox beynəlxalq güclərin dəstəyi hallandırılır. Beynəlxalq güclər mütləqdirmi?

    – Bu, hamımızı düşündürən və narahat edən məsələlərdən biridir. Hakimiyyətin təbliğat mexanizmi qaz, neft sahəsində Azərbaycanın apardığı siyasətin dünya tərəfindən dəstəkləndiyini tez-tez gündəmə gətirir. Belə bir fikir səsləndirilir ki, Azərbaycan iqtidarı dünyanın böyük güclərinin rəğbətini qazanıb. Həmin fikri dolayı yolla seçkilərlə bağlamağa çalışırlar. Digər tərəfdən, çox təəssüf ki, müxalifət düşərgəsində də ən ciddi təbliğat arqumenti kimi bunabənzər fikirləri ortaya atırlar; elan edilir ki, Milli Şuranın vahid namizədi Amerikada görüşlər keçirib, Avropada və Rusiyada görüşlər keçirəcək… Hər iki tərəfdə bu cəhdlər xüsusi vurğulanır. Amma heç kim bu yazıq milləti yada salmır; heç kim düşünmür ki, ilk növbədə millətin səsini qazanmalıdır. Yəni doğrudanmı Azərbaycanda seçkilər ancaq xarici qüvvələrin rəyindən asılıdır? Düzdür, ölkədə iqtidar dəyişikliyi üçün beynəlxalq dəstək də vacibdir. Amma mən düşünürəm ki, Azərbaycan kimi dövlətdə beynəlxalq dəstəyin hər zaman uğurlu nəticə verəcəyini gözləmək gülüncdür. Çünki bizə hər kəs öz maraqları müstəvisindən baxır. Biz məhz Azərbaycanın milli dəyərlərini, hədəflərini, ideallarını göz önünə alan və bundan ötrü xalqın dəstəyini qazanan qüvvələrin ortaya çıxmasına çalışmalıyıq. Xarici qüvvələrin dəstəyinin bu baxımdan hansı niyyətə xidmət etdiyini görməmək siyasi korluqdur. Yalnız milli qüvvələr Azərbaycana yeni bir hava gətirə bilər. Deyək ki, bu dəfə beynəlxalq güclər indiki prezidentə münasibətini dəyişdi, başqa namizədə meyl etdi, onu dəstəklədi. Amma beynəlxalq dəstəkçilərin Azərbaycana ümumi yanaşması bəllidir. Əgər o indiyə qədər iqtidara dəstək verə-verə milli problemlərimizi həllinə yardım etməyibsə, ikinci bir dəstə ilə münasibət qursa da, bu “ənənə” pozulmayacaq. Bu yollarla ölkənin taleyi dəyişilmir. Bir çox problemlərin həlli yalnız bizim ümummili birliyimizdən və həmrəyliyimizdən asılıdır.

    – Xalq indiki durumdan narazı olsa da, təşkilatlanma zəifdir. Bəlkə də elə bunun üçün ümid beynəlxalq güclərə qalır. Sizcə, insanlar niyə fəal deyillər, etiraz edə bilmirlər?

    – Vətəndaş Həmrəyliyi Partiyası ciddi bir müxalifət qurumudur. Biz Milli Məclisdə 5 il ərzində davamlı olaraq fikrimizi deyirik. Küçə, meydan sonuncu addımdır. Yəni, mitinqlərə yalnız alternativ variant olmayanda çıxmaq olar. Zaman-zaman mətbuatdan da istifadə edib sözümüzü deyirik. Azərbaycan 1988-ci il havasından xeyli uzaqlaşıb. Hələ müharibə bitməyib, torpaqlarımızın bir hissəsi işğal altındadır. Azərbaycanı zəiflətmək, parçalamaq istəyən qüvvələr də çoxdur və ac canavar kimi ağız-ağıza yatıblar. Bunu bilə-bilə biz daxildə yeni münaqişə ocaqlarının yaranmasına imkan verməməliyik. Amma eyni zamanda, Azərbaycanda demokratik dövlətin qurulmasını da istəyirəm. Çox istəyirəm ki, insanlarımız “bu hakimiyyət quruldu, bunu dəyişmək olmaz, başqa bir qüvvə yoxdur” fikrindən uzaqlaşsın. Normal seçkilər keçirilsin, seçkilərdə millət kimi istəyirsə, onu seçsin və Konstitusiyaya uyğun olaraq hakimiyyətə yeni hava, yeni qüvvələr gəlsin. Bunu həyata keçirmək üçün seçki bitəndən dərhal sonra uduzan qüvvələr bir araya gəlməlidirlər. Müəyyənləşdirməlidirlər ki, növbəti 5 ildə nə iş görsələr xalqın etimadını qazana bilərlər. Bu zaman gördüyümüz işlərlə, ortaya qoyduğumuz mövqe ilə həm də beynəlxalq dəstəyi qazanarıq. Dünya görər ki, Azərbaycanda indiki iqtidardan başqa, o iqtidardan daha yaxşı çalışa bilən, daha sivil, demokratik idarəçilik modeli təqdim edən alternativ də var. Bundan ötrü seçkilərə 3-4 ay qalmış yox, camaatla illər boyu davamlı görüşmək lazımdır ki, xalqın son illərdə xüsusən müxalifət düşərgəsinə azalan etimadını qaytarmaq mümkün olsun. Biz bunu etməmişik. İndi seçkiyə az müddət qalanda birləşmək seçkinin taleyinə təsir göstərə bilərmi? Birləşmək əvəzinə təəssüf ki, müxalifət 5 il ərzində iqtidardan daha çox, bir-birini ittihamla, millətin gözündən salmaqla məşğul olur. İndi Milli Şuranın lider kimi təqdim etdiyi Rüstəm İbrahimbəyov haqqında vaxtı ikən Milli Şuraya daxil olan qüvvələrin kifayət qədər tənqidi fikirləri çap olunub. Düzdür, bu 5 il ərzində siyasi partiyaların səfirliklərlə, xaricdən gələn qonaqlarla müxtəlif görüşləri olub, zahiri birlik görüntüsü yaradılıb. Amma etiraf etməliyik ki, arxada bir-birini bəyənməyən, sevməyən qüvvələrin zahiri birliyi də inandırıcı deyil. Buna görə də sanki heç bir şey olmamış kimi bir araya gəlmək – etimad qazanmaq və xalqın dəstəyinə arxalanmaq üçün yetərli deyil.

    – Söhbətimizin əvvəlində qeyd etdiniz ki, artıq müəyyən namizədlər var. Sizcə, bu namizədlər içərisində ən şanslı kimdir? Kimin qalıb olmasını istəyərsiniz?

    – Bu reallıqda, şübhəsiz ki, əsas təbliğat mexanizmləri, seçkilərin nəticələrinə təsir etmək imkanı daha çox hakimiyyətin əlindədir. Həm seçki komissiyaları elə formalaşdırılıb, həm də ölkədəki mövcud şərait hakimiyyətin şanslı olduğunu göstərir. Millətin arasında dəyişikliyi istəyən qüvvələr çox olsa da, onların prosesə yanaşması da çox fərqlidir. Bəziləri düşünür ki, daha yaxşı variant adına hakimiyyətə qeyri-müəyyən, yaxşılığı-pisliyi bəlli olmayan qüvvə gələcəksə, o zaman elə indiki hakimiyyət qalsın. Qonşu İslam ölkələrində gedən proseslər bu düşüncələri bir az da gücləndirir. Bizim kimi gənc dövlətlərdə xalq ağır şəraitdə yaşasa da, xaosa sürüklənməyi də qəbul etmir. Buna görə də biz ötən illər ərzində ciddi çalışaraq təqdim edəcəyimiz variantın indikindən daha yaxşı ola biləcəyini camaata inandırmalı idik.

    – Demək olar ki, aksiyalar da keçirilmir. Bu, ya onunla bağlıdır ki, fəalların həbsi müqavimət gücünü zəiflətdi, ya da geridə qalan qüvvələr iqtidarın tətbiq etdiyi cəzalardan qorxmağa başladılar. Sizcə, seçkiöncəsi aksiyalar yenidən başlaya bilərmi?

    – Mənə elə gəlir ki, seçki ərəfəsində hər halda fəallıq artacaq.

    – Bəs bu nə dərəcədə effektli ola bilər?

    – Effekti olacaq, ya olmayacaq – bunu bilmirəm, amma hər halda mən son dövrlərdə keçirilən yürüşlərdə cavanların, siyasi fəalların, fikrini deyən adamların həbsini qətiyyətlə pisləyirəm. Ölkədə hər kəs mövqeyini ifadə etməkdə sərbəst olmalıdır. Onları həbs etməklə ölkədəki vəziyyət haqqında fikri dəyişmək olmaz, əksinə, cəmiyyət daha da radikallaşar. Mənə elə gəlir ki, aksiyaların keçirilməsi üçün şərait yaradılmalıdır, seçicilərə böyük meydanlar verilməlidir. Onda qüvvələr nisbəti daha aydın görünəcək. Millətlə öz münasibətini düzgün qurmaq istəyən xalq tərəfindən hansı səviyyədə dəstəkləndiyini görmək istəyən (əgər belə bir istək varsa) iqtidar əslində ondan narazı olan qüvvələr meydanlara çıxmasında da maraqlı olmalıdır. Şübhəsiz, mən xüsusi düşmənçilik niyyəti güdən qüvvələri nəzərdə tutmuram. İqtidar ətrafı adamların pıçıltısı ilə, onların özlərini yaxşı göstərmək üçün verdikləri qiymətdənsə, millətin rəyini öyrənmək lazımdır: televiziyada, radioada, meydanda millətin öz sözünü deməsinə şərait yaradılmalıdır. Bu normal yanaşmadır və güman edirəm ki, biz həmin səviyyəyə çatmalıyıq. Gec-tez belə olmalıdır. Millət istəmədiyi halda hər hansı bir adam və ya qurum hakimiyyətdə qalmağından nə cür zövq ala bilər? Bunlar hamısı aydınlaşmalıdır. Bunu aydınlaşdırmağın müxtəlif mexanizmləri – sorğular, mətbuatdakı açıq çıxışlar, debatlar, dialoqlar, eyni zamanda, kütləvi aksiyalar var. Bu prosesi görməzsən, ört-basdır edərsən, Türkiyədəki kimi gözlənilməz hadisələrlə qarşılaşarsan. Bu da həm dövlət, həm də millət üçün acı nəticələrə gətirib çıxara bilər. Bu mexanizmlər elə qurulmalıdır ki, gözlənilməz faciəli nəticələr olmasın. Yeniliklər həmişə gündəlik həyatımızın məntiqindən doğsun.

    – Gündəm sizi qane edirmi? Seçki ilində medianın gündəmi müğənnilərmi olmalıdır?

    – Bu, siyasətdən çox, mədəni səviyyə ilə bağlıdır. Mən səhərlər televiziyanı açıram, bir-birinin ardınca təxminən bir neçə telekanala baxıram. Demək olar ki, hamısında tar, kaman, muğamatla qarşılaşıram. Və bu gözəl muğamlar üstündə oxunan sözlər də bugünkü həyatımızdan təxminən 300-500 il əvvəlin ab-havasını əks etdirir. Bizim millət bu gün “ey sevgili-canan” və ya “nəşeyi-ləli-ləbi-canan” dili ilə danışmır axı? Bunlar hətta Füzuli qəzəli də deyil. Qat-qat zəif olan şairlərin, yazarların əruz vəznində yazılmış şeirlərinə oxunan muğamlardır. Muğam çox dəyərlidir, bizim musiqimizin zirvəsidir. Amma eyni zamanda millətin bugünkü danışıq dili ilə səsləşən musiqi təqdim olunmalıdır. Bu günün musiqisinin birini – “Qaçqınam, köçkünəm, halımı sorma” – mən yazmışdım. Muğamatın özündə də bügünkü hava duyulmalıdır. Axşamlar isə televiziyada meyxana saatı başlayır. Azərbaycanın bugünkü musiqisi meyxana ilə diringilərin arasında qalıb. Xalq mahnıları demək olar ki, undulmaqdadır. Qeyri-peşəkar bəstəkarların bəsit sözlərə yazdığı bəsit musiqilər səhnə və efir məkanını zəbt edib. Televiziyada bu gün Azərbaycanın dərdlərini deyən hər hansı bir şairin və ya söz sahibinin yarım saat millətlə üz-üzə oturub, ciddi sənət və mədəniyyət söhbəti aparmasını və ya şeir oxumasını görməzsiniz. Amma dilimizi korlayan, şeirə, ədəbiyyata, musiqiyə dəxli olmayan, hərcai-mərcai sözlərlə dolu meyxanaya saatlarla efir ayrılır. O meyxanalarla bu milləti hara aparmaq istəyirlər? Ciddi sənətin artığı, tullantısı olan adamlar bu gün millətin gözünü yağır eləyiblər. Məsələn, Qarabağ mövzusu ilə bağlı ciddi bir veriliş varmı? Televiziyalarımız millətin dərdlərindən bu qədər uzaq olması ilə sənətə dəxli olmayan adamların təbliği üst-üstə gələndə evlərimizə nə qədər böyük əsəb selabı axıtdıqlarını təsəvvür etmək çətin deyil. İstəyirəm məni düzgün başa düşəsiniz. Əslində, mən nə əruzun, nə klassik qəzəlin, nə də muğamatın əleyhinəyəm. Əksinə, sevinirəm ki, Mehriban xanım muğamın bu millətə qaytarılmasında və onun heç də arxaikləşmədiyini sübut edərək, çağdaş dünyaya tanıdılmasında böyük rol oynadı. Amma bizdə psixologiya belədir: yuxarıdan nəyə rəğbət göstərilirsə, bütün hər şey kənarda qalır, hamı o işlə məşğul olmağa başlayır – bacaran da, bacarmayan da. Nəticədə yaxşı ilə pisin sərhədləri itir. Halbuki hər kəs öz istedadının səviyyəsi və taleyinin məntiqi ilə ortaya çıxmalıdır.

    – İlk dəfədir Azərbaycanda hansısa müğənni məhkəmədə uduzarkən bu qədər böyük təzminat tələb edilir. Bəlkə Nazpəri xanımın bu cür cəzalandırılması İsa Qəmbərin oğlunun toyunda iştirakı ilə bağlıdır?

    – Ümumiyyətlə, müğənnilərimiz arasında bu cür xırda dedi-qodular narahatlıq doğurur. Hərəsinin öz yeri var. Əgər istəyirlər ki, camaat arasında hörmətlərini qorusunlar, belə məhkəmə dartışmalarından imtina etməlidirlər. Hesab edirəm ki, bunun bir səbəbi də getdikcə böyük sənətçilərin yerinə cılız, sənətlə ara ifaçılığını bir-birinə qarışdıran adamların gəlməsi ilə bağlıdır.

    – Sənətçilərdən danışırıq, bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Bu ölkənin sənətçiləri də iqtidar-müxalifət ayrı-seçkiliyi etməlidir?

    – Bu həm mədəni, həm də siyasi səviyyənin aşağı olmasının əlamətidir. Başqa ölkələrdə belə şey olmaz. Bir sənətçi müxalifətçinin oğlunun və ya qohumunun toyunda iştirak edə bilər. Orada sözünü də deyər, çıxışını da edər. Buna ayrı rəng vermək doğru deyil. Biz Azərbaycanda özümüz üçün zindan həyatı yaratmalı deyilik. Nə olur-olsun, mən burdan köçüb gedən deyiləm. Mən bu yurdun boz sərçəsiyəm, köçəri quş deyiləm. İqtidarın içində sevdiyim adam varsa, o insan kimi mənə doğmadırsa, doğmadır. Mən Heydər Əliyev haqqında da, Elçibəylə də bağlı yazı yazmışam. Biz bütün məişətimizi, toylarımızı, yaslarımızı, bir-birimizlə görüşməyimizi də siyasi düşüncə ayrılıqlarının müstəvisinə çıxarsaq və onunla qiymətləndirsək, onda Azərbaycan nəfər-nəfər parçalanar və milli birlik deyilən nəsə qalmaz. O da millətin faciəsi olar. Ayrı-ayrı qurumların yox, millətin maraqlarını düşünmək lazımdır.

    – Sabir bəy, sizin partiyanın namizədi kim olacaq? Yoxsa hansısa partiyanın namizədini dəstəkləyəcəksiniz?

    – Bildirmişdik ki, öz namizədimiz olacaq. Amma bu o demək deyil ki, mən hökmən öz namizədliyimi irəli sürəcəm. Sonrakı prosesləri həyat özü göstərər. Burda başqa bir məsələyə toxunmaq istəyirəm. Bu yaxında Elçibəyin yubileyi idi. Çıxışlarda belə bir təsəvvür yaradılırdı ki, Elçibəyin və onun məsləkdaşlarının azadlıq arzularını həyata keçirmək üçün çalışmaq lazımdır. Amma çıxışların heç birində deyilmədi ki, əslində Elçibəyin arzuları həyata keçmişdir. Elçibəy Azərbaycanı SSRİ-dən qurtarmaq və müstəqil dövlət qurmaq uğrunda cavanlığından meydana atılmış adam idi. Bizim hər birimiz bu yolda çalışırdıq və istədiyimizi də elədik. Biz 1988-ci ildə bir yola başladıq və 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazandıq. Bu cür danışıqlar ömrümüzə həsr etdiyimiz mübarizə prosesini gözdən salmaqdır. Sanki o dönəmlərdə hərəkat olmayıb, mübarizə aparılmayıb, hər şey bundan sonra başlanacaq. Bu yaxın tarixi unutdurmaq və əhəmiyyətini azaltmaqdır. Ona görə, mən hesab edirəm bizim nəsil şərəfli bir dövr yaşadı. Biz Azərbaycana müstəqillik qazandırdıq. İndi də ətrafa baxanda hər şeyi gözdən salmaq olmaz. Hər halda, xeyli işlər görülüb və bu işləri də dəyərləndirmək lazımdır. Mübarizə əbədi bir prosesdir, amma bu heç vaxt əvvəlkini inkar etməyin hesabına olmamalıdır. Bu cür yanaşma düşmənçiliyi, nifaqı aradan qaldırar və bir-birimizə daha sayğılı yanaşarıq.

    – Prezidentliyə namizədlər avqustun sonu, sentyabrın əvvəllərinə qədər elan olunmalıdır.

    – Həyat göstərir ki, yazıçılardan yan keçmək mümkün deyil. İndi müxalifət bir araya gəlibsə, Rüstəm İbrahimbəyovu müdafiə edirsə, bu, dediklərimi bir daha təsdiqləyir. Rüstəmin Azərbaycan mədəniyyəti tarixində böyük yeri var. Onun namizədliyi Azərbaycan siyasi həyatına yeni bir hava gətirəcək. Buna sevinirəm. Amma eyni şəkildə həmin müxalifət birləşib 25 ildən bəri onlarla bir sırada olan ayrı bir yazıçını da müdafiə edə bilərdilər. Təbii ki, bu, bir zarafatdır, amma düşünməyə yeni mövzu verir.

    – Sabir bəy, bu haqda danışmaq istəmirdiniz, amma sizin Milli Şura ilə bağlı fikirləriniz mənim üçün maraqlıdır. Milli Şuraya niyə qoşulmadınız?

    – Mən Milli Şurada yox, Milli Məclisdəyəm.

    – Milli Məclisdə olmağınız Milli Şuraya qoşulmağınıza mane olur ki?

    – Milli Şura Milli Məclisi yenidən formalaşdırmaq üçündür. Mən isə artıq Milli Məclisdəyəm. Təbii ki, Milli Məclisdən mənim narazılıqlarım var və həmişə deyirəm ki, MM-də yerində olmayan deputat çoxdur. Amma belə bir təsəvvür yaratmaq doğru deyil ki, sanki Azərbaycanda heç nə yoxdu və hər şeyi sıfırdan başlayacağıq.

    – Milli Şurada təmsil olunan şəxslərdən daha çox Əli Kərimli, İsa Qəmbər və Eldar Namazovun görüşü keçirilir. Üçünün görüşünə münasibətiniz? Niyə məhz onlar?

    – Mən ora qatılsaydım, o dəstədə olardım. Amma o 3 nəfərin görüşü digər partiyaları qane edirsə, hamı hesab edirsə ki, bu 3 nəfər onların adından danışa bilər, qoy, danışsınlar. Burada konflikt axtarmağa ehtiyac yoxdur.

    – Partiyanızdan Milli Şuraya qoşulan şəxslərə narazılığınız olmadı?

    – Yox, seçkilərdə iştirak edib, amma seçilməyən kifayət qədər səs toplamış üzvlərimiz İctimai Palataya qoşulmuşdular. İndi İctimai Palata ilə birgə gəliblər Milli Şuraya.

     
  • Əbülfəz Elçibəy anıldı (FOTO)

    İyunun 24-də Demokratik qüvvələrin Milli Şurası vəı İctimai Palata mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

    Elçibəyin anadan olmasının 75 illiyinə həsr olunmuş anım yürüşünə ölkənin tanınmış ictimai-siyasi xadimləri, Milli Şura və İP-ə daxil olan partiyaların rəhbərləri və fəal üzvləri, eyni zamanda Elçibəysevərlər qatılıbılar.
    Silahdaşları Elçibəyin ruhuna dualar oxuyub, məzarı üzərinə əkilil qoyublar.

    Allah rəhmət eləsin!