Vətəndaş Həmrəyliyi Partiyası

Category: VHP KİV-də

  • VHP sədri Gürcü xalqını İstiqlal günü ilə bağlı təbrik etdi

    Gürcüstan Respublikasının Prezidenti
    cənab Giorgi Marqvelaşviliyə

    Hörmətli cənab prezident!

    Sizi və Sizin timsalınızda dost və müttəfiq gürcü xalqını Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
    Azərbaycan və gürcü xalqının min illərə dayanan səmimi münasibətləri və qarşılıqlı hörməti bu gün də dövlət siyasətində davam etdirilir. Əslində, xalqlarımızın münasibəti dinc, mehriban qonşuluğun simvoluna çevrilmişdir. Bunun nəticəsidir ki, Azərbaycan və Gürcüstan Qafqazda sabitliyin, əmin-əmanlığın qorunmasında birgə səy göstərir, iqtisadi inkişafın təminatçısı rolunda çıxış edirlər.
    Əminəm ki, Gürcüstanın müstəqilliyi əbədi olacaq və ərazi bütövlüyü tamamilə təmin olunacaqdır.
    Bir daha Sizi Müstəqillik günü münasibəti ilə təbrik edir, dost gürcü xalqına firavanlıq, əmin-amanlıq, rifah arzulayıram.
    Sayqılarla,

    Sabir RÜSTƏMXANLI
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
    Xalq şairi, millət vəkili

  • VHP qurultay hazırlıqlarına start verdi – FOTO

    Bu gün ilk olaraq VHP Xocalı Rayon Təşkilatının Gəncə şəhərində növbəti hesabat-seçki konfransı keçirilib. Konfrans Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. 

    Konfransın işində özəl təşkilatlarından seçilmiş nümayəndələr və VHP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Samir Əsədli və Asəf Məmmədəliyev iştirak ediblər. 

    Xocalı Rayon Təşkilatının sədri Mikayıl Nurməmmədov hesabat məruzəsi ilə çıxış edib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ictimai-siyasi vəziyyət, Asəf Məmmədəliyev isə çıxışlarında qurultay hazırlıqları barədə danışıblar. 

    Konfrans iştirakçılarından İbrahim Hüseynoğlu, Müşfiq Hüseyn və Arzu Sahiboğlu da çıxış edərək təşkilatın fəaliyyəti barədə fikirlərini bildiriblər. Sonda təşkilati məsələlərə baxılıb, Mikayıl Nurməmmədov yenidən sədr, 5 nəfər Məclis, 3 nəfər NTK üzvü və 2 nəfər VHP-nin növbəti Qurultayına nümayəndə seçilib.
    Konfrans bununlada öz işini yekunlaşdırıb.

    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


  • VHP Gənclər Təşkilatına yeni sədr seçildi

    VHP Gənclər Təşkilatına yeni sədr seçildi

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının XI konfransı keçirilib. Konfransda təşkilatın şöbələrindən seçilmiş 126 nümayəndədən 104 nəfər, N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı, Müsavat və Ümid partiyalarından, 125-lər klubundan qonaqlar iştirak ediblər. 
    Konfrans Azərbaycanın dövlət himninin və VHP marşının oxunması ilə başlayıb. VHP Gənclər Təşkilatının fəallarından olan Elçin Səlcuq konfransı açıq elan etdikdən sonra konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Rəhilə Məmmədovanın məlumatı, Gənclər Təşkilatının sədri Tural Hüseynlinin və Nəzarət Təftiş Qrupunun sədri Nəzrin Yusifovanın hesabatları dinləninib. Konfrans iştirakçıları ötən müddət ərzində təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. 
    Hesabat çıxışlarından sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. Konfransı və VHP-çi gəncləri təbrik edən S.Rüstəmxanlı Gənclər Təşkilatının sədrliyinə namizədliyini irəli sürən gənclər haqqında da danışıb: “Namizədlərin doğum tarixləri partiyamızın yarandığı illərə təsadüf edir. Demək, gənclərimiz partiyanın hansı şəraitdə yaranması, həmin dövrdə ölkənin ictimai-siyasi durumu, müstəqillik yolumuz, SSRİ-dən qopması, müharibənin başlanması, müharibədəki itkilərimiz və s. barədə yalnız mətbuatdan və kitablardan bilirlər, əyani məlumatları yoxdur. 
    Bu baxımdan ilk növbədə onları Vətəndaş Həmrəyliyi Partiyasının necə yaranması və keçdiyi yol haqda maarifləndirmək zəruridir. Düzdür, VHP GT-nin tədris mərkəzi var, gənclərimiz beynəlxalq tədbirlərdə, xüsusilə də Cənubi Qafqaz regionu üçün həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Ancaq bununla belə, hesab edirəm ki, o tarixin canlı şahidləri ilə təmasları daha da artırlamısınız”. Sabir bəy bildirib ki, VHP 1992-ci ildə Azərbaycanda çox ciddi qarşıdurmaların baş verdiyi, müharibənin ən gərgin vaxtında yaranıb. Millət vəkili o dövrün tarixi gedişatına qısaca ekskurs edib: “1988-ci ildə böyük xalq hərəkatı başlamışdı və 1.5 milyon insanın Azadlıq meydanına yığışdığı hərəkatı idarə edənlərdən biri idim. 
    Digəri fəhlə Nemət Pənahlı idi və təəssüf ki, hazırda həbsdədir. Həmin meydanda ilk dəfə Azərbaycan Xalq Cəbhəsinin yaranması ideyası səsləndi və təxminən il yarımdan sonra biz Azərbaycan Xalq Cəbhəsini yaratdıq. Əslində Xalq Cəbhəsi bütün siyasi partiyaları öz içinə alan bir qurum idi, hətta kollektiv üzvlük məsələsi də mövcud idi. Məhz 1988-ci il hərəkatına görə Azərbaycan xalqını “İlin xalqı” elan etmişdilər. İndi SSRİ-nin öz-özünə dağılması və nəticədə Azərbaycanın da müstəqil olması barədə fikirlər səsləndirilir. Bu, tamamilə yanlışdır. Çünki SSRİ-nin dağılmasında Azərbaycan Xalq Hərəkatının böyük rolu oldu. Belə ki, Qarabağ savaşı SSRİ-də separatizmin başlanğıcı oldu, bunun ardınca Abxaziya, Osetiya, Dnestryanı, Şimali Qafqazdakı proseslərə təkan verildi. Əslində, Mixail Qorbaçovu SSRİ-ni dağıtması niyyəti ilə göndərmişdilər, amma hər şey Qarabağdan başladı. Azərbaycan Xalq Hərəkatının daha bir rolu 1991-ci il avqustun 30-da müstəqillik bəyannaməsinin qəbul edilməsi oldu. 
    Baxmayaraq ki, Azərbaycan xalqını mart referendumunda SSRİ-nin tərkibində qalmağa səs verməyə məcbur etmişdilər. Bundan əlavə, avqustun 23-də AXC qərargahına hücum etmişdilər, həmin ərəfədə Moskvada “QKÇP” deyilən bir qurum yaranmışdı. Ancaq bu cəhdlər uğursuz oldu, SSRİ-nin dağılmasının qarşısını almaq mümkün olmadı. Azərbayan Ali Soveti xalqın təkidi ilə 1991-ci il oktyabrın 18-də Müstəqillik aktını qəbul etdi. Müstəqillik aktına o zaman 42 deputat imza atmışdı. 1991-1992-ci illərdə xalq hərəkatından müəyyən partiyalar – Müsavat, Milli İstiqlal və s. ayrıldı. Həmin ərəfədə ölkədə separatçı hərəkat da başlandı. Ona görə də biz hesab etdik ki, vətəndaş həmrəyliyi ideyası xalqın gələcəyinə yönəlib, bu milləti xilas eləyə bilən yeganə ideyadır. Əgər bu gün Azərbaycanda vətəndaş həmrəyliyi siyasi leksikonda varsa, bizim yaratdığımız partiyanın sayəsində mümkün olmuşdur. 
    Biz əslində tədrici inkişafın, siyasi sistemlərin seçki yolu ilə dəyişilməsinin tərəfdarıyıq. Biz həmrəylik deyəndə Azərbaycanın ayıq, müstəqil düşünməyi bacaran, bu millətə bağlı olan, onun ruhundan doğan və onun ruhunu yaşadan qüvvələrlə həmrəylik istəyirik”. VHP sədri vurğulayıb ki, bu illər ərzində partiya sabit, yüksələn bir yol keçib: “Biz bütün seçkilərdə iştirak etmişik, prezidentliyə namizədimiz olub və bu gün də ölkə parlamentində 3 millət vəkili ilə təmsil olunuruq. Avropa Parlamentində 2 millət vəkilimiz var. Mən İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında təmsil olunuram. Azərbaycanın siyasi həyatında VHP-nin öz yeri və çəkisi var. VHP bir müxalifət partiyasıdır, sağ-mərkəzçi partiyadır. 
    Həmrəylik mərkəzə yaxın bir düşüncədir, ancaq SSRİ dövründə bu millətin beyinini o qədər təmizləyiblər ki… Ona görə də ideoloji baxımdan millətci, sağçı olmalıyıq. Kosmopolit, nihilist, özünü bəyənməmək, köksüz düşüncənin yerinə bir millətçi, Azərbaycan türkçülüyünün ənənələrini ortaya qoyan təfəkkür gəlməsəydi, heç bir iş görmək olmazdı. Ona görə də biz sağ-mərkəzçi partiyayıq və o xətlə də davam edirik”. Daha sonra Sabir Rüstəmxanlı gənclərə dövlətimizin çağdaş siyasəti haqqında danışaraq bildirib ki, Azərbaycan qərbyönümlü siyasət yürüdür və dünyaya inteqrasiya olunur: “Əlbəttə, Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlar var. 
    Ancaq Azərbaycan cəmiyyətində ədalət olmalıdır, hüquq işləməlidir, məhkəmələr azad olmalıdır, jurnalistlər həbs edilməməlidir, fikir azadlığı olmalıdır. Qərb də bizdən bunu istəyir. Xaricdə təhsil alan gənclərimiz ölkəyə qayıdanda iş tapa bilmirlər, tapdıqları iş də çox aşağı maaşla olur. Ona görə də təhsil aldıqları ölkəyə geri dönmək istəyirlər. Halbuki gənclər bu millətin gələcəyidir, biz öz övladlarımıza biganə qala bilmərik. Gəncliyə qanad, cəsarət vermək lazımdır. Belə olmasa, sabah savaşa kimlə gedəcəyik? Gənclərimiz lazım gələrsə bir arada olmağı bacarmalıdırlar və sözlərini də deməlidirlər.
    Gənclərimiz böyük vətəndaşlıq məktəbi keçməlidirlər. VHP gəncləri həm əxlaq, həm mədəniyyət, həm adət ənənələri yaşatmaq, həm də savad baxımından nümunə olmalıdırlar. Əgər gənclərimiz arasında ciddi fikir ayrılıqları yoxsa, siyasi partiyalara görə bölünməsini deyil, daimi bir yerdə olmasını istəyirəm. Çünki hazırda ölkənin gələcəyi ayrı-ayrı partiyalardan deyil, bizim milli birliyimizdən, elə həmrəyliyimizdən asılıdır. Gənclər Azərbaycanın gələcəyi üçün bir yerdə olmalı, mübarizə aparmalı və onu idarə etməlidirlər. Gənclərimizin içindən sabahın liderləri yetişməlidir. Bu gənclərin içindən ölkənin prezidenti, baş naziri, nazirləri və onu dünyada təmsil edə bilən adamlar çıxmalıdır”. 
    VHP sədrinin geniş çıxışından sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Partiyası Gənclər Təşkilatının nümayəndəsi Əbülfəz Sadıqbəyli, N!DA-dan Məsud Əsgər, Azad Gənclik Təşkilatından Xəyal Kərimli də öz təbriklərini konfrans iştirakçılarına çatdırdılar. 
    Çıxışlar bitdıkdən sonra konfrans gündəlik üzrə öz işinə davam edib. Bu il sentyabrın 21-də Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən Fuad Abdurahmanlının xatirəsini əbədiləşdirmək üçün konfrans iştirakçıları “Türküstan” qəzeti ilə birgə “Fuad Turan” mükafatının təsis olunmasına qərar verib. Bu məqsədlə 3 nəfərdən ibarət təşkilat komitəsi təsis edilib. 
    Daha sonra təşkilatın sədrliyinə namizədlər Amal Nəzərli, İnqilab Quliyev, Eldar Hacıyev və Turan Mirzə öz seçki platformalarını elan edib, konfrans iştirakçılarının suallarını cavablandırdılar. 
    Sonda gizli səsvermə keçirilib və Amal Nəzərli VHP Gənclər Təşkilatının sədri, 19 nəfərdən ibarət Məclis və 3 nəfərlik Nəzarət Təftiş Komisiyyası seçilib.

  • VHP üzvləri beynəlxalq Gənclər Forumunda iştirak ediblər – FOTO

    Gürcüstan Parlamentində (Kutaisi) Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynadan olan fəal gənclərin iştirakı ilə III Gənclər Forumu işə başlayıb.

    VHP mətbuat xidmətinin məlumatına görə, Forumda Azərbaycandan iqtidar və müxalifət partiyalarının gənc üzvləri iştirak ediblər. Tədbirin təşkilatçısı Niderlandın çoxpartiyalı demokratiya institutu, Böyük Britaniya və Niderlandın Tiflisdəki səfirlikləridir.

    Tədbirdə Avropa İttifaqının komissarı Stefan Füle və Hollandiyanın siyasi partiyalarının üzvləri də iştirak edirlər. Forumun ikinci günündə VHP üzvü Samir Әsədli plenar sessiyada “Siyasi qərar vermə prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda məruzə edib. Hemçinin forumda VHP GT üzvü Elgiz Qəhraman da iştirak edib, Cənubi Qafqazda demokratikləşmə mövzusunda çıxış edib.

    Forum 27-28 mart tarixlərində keçirilib və bu gün başa çatıb.

    Qeyd edək ki, Azərbaycandan Forumun işinə 8 siyasi partiya təmsilçisi qatılıb.

    Samir Əsədlinin çıxışı:

    “Demokratik dövlətlərdə hakimiyyət bir qayda olaraq üç yerə bölünür: Qanunverici, icraedici və məhkəmə sistemi.
    Bu qurumlar arasında səlahiyyət bərabər bölündükdə, yəni biri digərinin işinə müdaxilə deyil, ədalətlə nəzarət etdiyi müddətcə əsl hakimiyyət seçənin, yəni xalqın əlində olur. Belə ki, hakimiyyətdə şəffaflıq hökm sürdükdə gizli bir şey qalmır və seçkidə xalq layiq olanı yenidən hakimiyyətə gətirir, olmayanı isə tarixin arxivinə göndərir.

    Bu gün hansı ölkə bu məsələni ən gözəl şəkildə həll edə bilibsə, ən yüksək demokratiya da məhz həmin ölkələrdə müşahidə olunmaqdadır. Dünyanın hansı ölkəsinə baxırsınız-baxın, bu prinsipin təxminən hər yerdə işlədiyini görəcəksiniz, hansı ölkədə iradə buxovlanırsa, insan haqları tapdalanırsa, heç şübhəsiz, bu prinsip orada pozulmuşdur. Bu prinsipin, daha doğrusu, hakimiyyət bölgüsünün pozulduğu, səlahiyyətlərin bir əldə toplandığı ölkələrdə isə avtoritar, yaxud da totalitar rejimlər meydana çıxır. Çünki o cür ölkələrdə tək iradə çoxluğun iradəsini istismar altına alır. Bu istismarın və avtoritarizmin qarşısını alan və dövlət idarəçiliyinə qeyri-rəsmi nəzarəti həyata keçirən altstrukturlar da mövcuddur. Bu sıraya müstəqil medianı, siyasi partiyaları və vətəndaş cəmiyyətini aid etmək olar.

    Vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyası, nəzəriyyəsi və praktikası Qərbdən bütün dünyaya yayıldığı kimi, bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatların əksəriyyəti də Avropa və Amerikada yerləşir. Bu mənada, ən böyük səlahiyyətləri və dünya dövlətlərinə təsir gücü olan beynəlxalq qurumlardan BMT, Avropa Şurası (onun ixtisaslaşmış qurumları), Avropa İttifaqı və başqalarının adlarını çəkmək olar.

    Bu günkü anlayışlarla vətəndaş cəmiyyətini demokratiyanın mövcud olduğu təbii mühit kimi nəzərdən keçirmək olar və lazımdır. Vətəndaş cəmiyyəti ictimai orqanizmin həyat fəaliyyətinin demokratik prinsiplərinin təkrar istehsalına daima xidmət edən amil kimi nəzərdən keçirilə bilər. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları – parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.

    Çox təəssüf ki, bu gün Cənubi Qafqaz ölkələrində vətəndaş cəmiyyəti böyük problemlər yaşayır. Bu gün sözügedən ərazidə – sabiq sovet respublikalarında vətəndaşın dərdə çevrilən problemləri başdan aşır. Dövlət qurumları vətəndaşın problemini görməzdən gəlir, problemləri həll etmir və etmək istəmir. Məhkəmələr müstəqil olmadığından bura müraciətlər də heç nəyi dəyişmir. Vətəndaşın üz tuta biləcəyi üçüncü qapı vətəndaş cəmiyyəti – QHT-lərdir – qeyri-hökumət təşkilatları. QHT-lər dövlətdənkənar fəaliyyət formasıdır. Bəziləri xarici donorlardan, əksəriyyəti yerli hakimiyyətin törəmələri olaraq hökumətdən maliyyə yardımı alaraq fəaliyyət göstərirlər. Dövlətdənkənar dövlətin təsiri olmadan demək deyil. Xarici donorlardan asılı olan bəzi QHT rəhbərləri zaman-zaman hakimiyyətin təzyiqi ilə üzləşdiklərini iddia edirlər. İddiaların çoxu reallığı əks etdirir. Siyasi hakimiyyətin fəaliyyətini kəskin tənqid edən, beynəlxalq qurumlara alternativ hesabatlar göndərən, siyasi məhbus problemini qabardan QHT-lər dövlət qeydiyyatına alınmır, rəhbərləri həbs edilir, fəaliyyətləri məhdudlaşdırılır, barələrində vergi borcları uydurulur. Bu isə heç şübhəsiz nəticə etibarı ilə dövlət idarəçiliyində hüquqpozmalarının geniş arealı əhatə etməsinə səbəb olur.

    Hüquqi dövlətdə vətəndaş cəmiyyətinin inkişaf etmiş institutları fəaliyyət göstərməlidir. Ənənəvi olaraq bu institutlar sırasına birinci növbədə siyasi partiyalar, həmkarlar təşkilatı, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, həmçinin ailə, məktəb, biznes və s. daxildir. Bu institutlar vasitəsilə vətəndaşlar sərbəst şəkildə, dövlətin, onun orqanlarının və məsul şəxslərının birbaşa iştirakı olmadan gündəlik həyat fəaliyyətləri ilə bağlı əksər problemlərini həll edirlər. Və dövlət nə qədər demokratikdirsə, vətəndaşların öz problemlərinin həlli üçün dövlətə müraciət etmək ehtiyacı o qədər azdır. Başqa sözlə, vətəndaş cəmiyyəti kənar müdaxiləyə ehtiyac duymayan özünütənzimləyən təşkilat kimi fəaliyyət göstərir.

    İnkişaf etmiş vətəndaş cəmiyyəti institutlarının əlahiddə əhəmiyyət daşıması onunla şərtlənir ki, o, hüquqi dövlətin sosial əsasını təşkil edir və onsuz sonuncunun varlığı mümkün deyil”.

  • VHP rəsmisi Putinə cavab verdi

    Asif Şəkərli: ” Heç bir beynəlxalq normanı və bəşəri prinsipi tanımayan bu şəxs rus şovinizmi xəstəliyinə yoluxmuş manyaka çevrilib”

    Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın işğal olunduğu 28 aprel günündə “keçmiş SSRİ respublikalarının əraziləri Rusiyaya aiddir” söyləməsi Azərbaycan ictimaiyyətində narazılığa səbəb olub.

    VHP Ali Məclisinin katibi Asif Şəkərli açıqlamasında Rusiya liderinin açıqdan-açığa ölkəmizin suverenliyini və müstəqilliyini şübhə altına aldığını deyib: “Putin artıq bölgə və dünya üçün təhlükəyə çevrilir. Heç bir beynəlxalq normanı və bəşəri prinsipi tanımayan bu şəxs rus şovinizmi xəstəliyinə yoluxmuş manyaka çevrilib. Gürcüstan, ardınca Ukrayna ərazisinə hərbi təcavüzünün lazımınca cavablandırılmaması Putində özü haqqında məğlubedilməzlik sindromu yaradıb. Putinin əməlləri hamının gülüş obyektinə çevrilən Jirinovskinin xəstə təxəyyülünün Rusiyanın rəsmi dövlət siyasətinə çevrilməsini göstərir. Dünyanın demokratik güc mərkəzləri, beynəlxalq təşkilatlar bu diktatoru yerində oturtmalıdırlar, əks halda Avropa yeni bir Hitler faciəsi yaşayacaq”.

    VHP rəsmisi konkret olaraq Azərbaycanla bağlı son açıqlama haqda bildirib ki, bu fikirlər Rusiyanın zaman-zaman Azərbaycana qarşı yürütdüyü siyasətin açıq ifadəsidir: “Bu sözləri 90-cı ilin 20 yanvarında Bakıda dinc insanların üzərinə yeriyən, 92-ci ilin fevralında Xocalıda insanlığın faciəsini törədən ordunun, dövlətin rəhbəri deyir. Rus şovinist siyasəti hər zaman Azərbaycan türklərinə, Azərbaycan dövlətinə eyni münasibətdə olub. Dəyişən yalnız rəhbərlər olub. İndi Putin də bu rəhbərlərin ən şovinistidir. Dünyanın hansı siyasət yürütməsindən asılı olmayaraq, biz gərək şimal qonşumuza özümüzü xatırladaq. Əgər söhbət tarixdən və keçmişə söykənərək ərazilərə sahiblənməkdən gedirsə, Dərbənddən Volqa boyunca Ural dağlarına, ordan da Sibirədək böyük bir ərazi bizə – türk millətinə aiddir. Putin bunu unutmamalıdır və bilməlidir ki, bu sözlərinin qarşılığı olaraq bir gün bu ərazilərdə yenidən türk dövlətlərinin bayrağı dalğalana bilər”.

  • Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşdü

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mətkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çeşli ilə görüşüb.

     

    VHP mətbuat xidmətinin məlumatına görə, görüş tanışlıq xarakteri daşıyıb. Söhbət zamanı qarşıdan gələn parlament seçkiləri, VHP-nin seçkilərə münasibəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

     

    Partiya sədri ABŞ səfirliyinin rəsmisinə partiyanın fəaliyyəti barədə məlumat verib.

  • VHP sədri Sabir Rüstəmxanlı qadınları təbrik etdi

    8 mart beynəlxalq qadınlar günü münasibəti ilə VHP sədri Sabir Rüstəmxanlının təbriki.

    “Əziz xanımlar!

    Sizlərin hər birini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, ailə səadəti arzulayıram.

    Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq haqqı İslam dininin gəlişi ilə müəyyən mənada arxa plana keçsə də, Azərbaycanda bu haqq həmişə qorunub. Qadınların çadraya bürünməsi və hüquqlarının məhdudlaşdırılması İslamdan daha öncə mövcud olan ərəb cahilliyi dövründən qalma ənənələrdən xilas olmaq üçün əslində irəliyə doğru atılmış addım olsa da, bu, türk təfəkkürü üçün gerilik sayılırdı. Çünki cahiliyyə dövründə ərəb aləmində doğulan qız uşaqları diri-diri torpağa basdırılarkən, türk dünyasında qadın və kişi bərabərliyi yaşanırdı.

    “Cənnət anaların ayaqları altındadır” deyən islam peyğəmbəri də bu sözləri ilə ərəb yarımadasındakı cəhaliyyət dövrünə məxsus mənfi ənənələrə qarşı çıxırdı. İslamın ən qatı dövründə, ən sərt məqamında belə dağlarda məskunlaşan türk qövmləri qadraya bürünmədi və ağsaqqal məsləhəti kimi, ağbirçək sözü də əziz tutuldu.

    Sizlər illərlə ana dilini unudulmağa qoymadınız: sizin laylalarınız, ənənəyə bağlılığınız milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə sizi ön sıralarda görməyimiz təsadüfü deyildi.

    Hazırda da bu ənənə Azərbaycan cəmiyyətində yaşayır və istər dövlətin kadr təyinatında, istərsə də sivil toplumların içərisin fəal xanımlar yetərincədir.

    Əziz xanımlar!

    “Hər bir güclü kişinin arxasında bir qadın dayanır” sözləri təsadüfü deyil. Sizlərin görünən və görünməyən xidməti, ailə tərbiyəsindəki rolunuz, milli ruhda böyütdüyünüz övladlar və bütün çətinliklərlə bərabər, milli taleyimiz üçün ən həssas məqamlarda önə çıxmağınız millətimizi yaşadan əsas səbəbdir.

    Sizlərin hər birini bir daha təbrik edir, hamınıza xoşbəxtlik, səadət arzulayıram.

  • Ömər Məmmədov məhkəmədə ifadə verdi

    “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə keçirilən dünənki iclasda necə şərləndiyi barədə danışıb. 19 yaşlı Ömər ifadəsinin əvvəlində bildirib ki, 2 il yarımdır “NİDA” Vətəndaş Hərəkatının üzvüdür. O, Kiprdə ali təhsil almaqla yanaşı, həm də fəal olub:

    “Sosial şəbəkələrdə hökuməti tənqid edirdim, satirik şəkillər paylaşırdım, etiraz aksiyalarında iştirak edirdim…”

    Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bu yerdə Ömər Məmmədovun sözünü kəsir:

     – İttiham üzrə danış.

     Ömər Məmmədov:

    – İttihama gəlirəm, niyə tələsirsiz? Mənə verilən ittihamın kökündə dayanan məsələlərdən danışıram. Mən 2012-ci ildən başlayaraq, “facebook”dakı “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” səhifələrinin admini idim. Bunlar ən məşhur və hökuməti kəskin tənqid edən səhifələr idi. Xüsusilə “Heydər Əliyev adına Səhifə” çox məşhur idi. Buna görə “HİDA”nın iki üzvü həbs olundu. Bilirdim ki, bu səhifəyə görə nə vaxtsa məni də tutacaqlar. Kiprdə təhsil alırdım deyə, ölkədə olmurdum. Keçən ilin noyabrında anam ağlaya-ağlaya mənə zəng eləyib dedi ki, “atanı “banditizm” idarəsinə apardılar”. Bildim ki, səhifəyə görədir. Təxminən 2-3 saatdan sonra anam yenə zəng eləyib dedi ki, oradakı adamlara sənin nömrəni verdim. Az sonra “banditizm”dən bir polkovnik zəng elədi. Dedi ki, “atan yanımdadır, boynuna al ki, “AzTV-dən seçmələr” səhifəsini sən idarə edirsən. Əgər boynuna almasan, atanı həbs edəcəyik”. Doğrusu, əvvəl boynuma almadım, dedim ki, mən Kiprdə yaşayıram, burada təhsil alıram, mənim səhifə idarə eləməyə vaxtım yoxdur. Təxminən bir saatdan sonra yenidən zəng elədi. Dedi ki, “bütün koordinatlar sənə aparır, IP ünvanlar da sənə aiddir”. Bu dəfə boynuma almağa məcbur oldum. Çünki ortada atam vardı. Dedim ki, mən idarə eləyirəm, atamı buraxın, yanvarda Bakıya gələcəm, mənim özümə nə istəyirsiz, eləyərsiz. Razılaşdı. Təxminən 2-3 saatdan sonra atamı buraxdılar. Evə gələndən sonra atam “Skype”la mənimlə danışdı. Məni danladı, dedi ki, daha səhifəni idarə eləmə, təhsilinlə məşğul ol. Polkovnik də bildirmişdi ki, “səhifənin idarəçiliyini dayandırmasan, atanı həbs edəcəyik”. Ona görə səhifənin adminliyindən çıxdım, bir daha idarə eləmədim. Atam mənimlə danışanda dedi ki, gəlmə. Dedim ki, yox, gələcəm, yoxsa səni həbs edərlər. Dekabrın 31-də yenidən atamı “banditizm” idarəsinə çağırdılar. Qarşısına bir şəkil qoyublar, guya, mən sosial şəbəkədə İlham Əliyevi təhqir etmişəm. Amma belə bir fakt olmayıb. “Ksereks”dən çıxarılmış şəkil olub, düzüb-qoşublar. Atamı bir qədər saxlayandan sonra yenə buraxdılar. Atam da təkrar mənə xəbərdarlıq elədi ki, ölkəyə gəlmə, mühacirətə get. Razılaşmadım. Yanvarın 20-də Bakıya gələndə gözləyirdim ki, elə aeroportda həbs edəcəklər. Amma sakitçilik oldu. Axşam saat 6 radələrində gəlmişdim, anam qarşılamışdı. Amma yanvarın 21-də səhər saat 8-də artıq “banditizm”in işçiləri evimizə gəlmişdilər. Səhər tezdən mən yatmışdım, həyətimizdə itin hürməyindən bildik ki, kimsə gəlib. Atam çıxdı. Təxminən 10 dəqiqə onlarla danışdı. Bayıra çıxmasam da, söhbətin uzun çəkməsindən başa düşdüm ki, mənə görə gəliblər. Geyinib çıxdım, atamla birlikdə onlarla getdik. Beləliklə, “banditizm” sərgüzəştlərim başladı. Bizi ikinci mərtəbəyə qaldırdılar, məni sorğu-sual elədilər. Doğrusu, təzyiq olmadı. Mənə təklif elədilər ki, bir protokola imza atım. Guya, dayanacaqda olarkən bir maşın üstümə su sıçradıb, mən də təhqiramiz ifadələr işlətmişəm. İki-üç nəfər yaxınlaşıb sakitləşdirmək istəyib və s. Dedi ki, ya protokola imza atacaqsan, ya da cibindən narkotik çıxacaq. Mən də fikirləşdim ki, protokolu imzalamağı seçdim, fikirləşdim ki, narkotikdənsə 10-15 sutkalıq həbslə canım qurtarar. Dedilər ki, polkovnik səni çağırır. Onun yanına apardılar. Yeri gəlmişkən, evdən aparanda noutbukumu da götürmüşdülər. Mən polkovnikin yanına gedəndə artıq kompüterim hakerin əlində idi. Məndən səhifənin, “facebook”, “twitter”, hətta “instagram” parolumu istədilər, vermədim. Haker bir az əlləşəndən sonra parolları sındırdı, hətta “gmail” postuma da girib məktublara baxdı. Səhifə ilə bağlı sualları cavablandırarkən dedim ki, noyabrdan idarə eləmirəm, parolu yadımdan çıxıb. O səhifəni saxta profildən idarə edirdim. Həmin profili tapıb parolunu sındırdılar, içinə girəndə “bandotdel”in işçiləri bildilər ki, “Heydər Əliyev adına Səhifə”ni də idarə eləyənlərdən biri mən olmuşam. Polkovnik bunu biləndə dedi ki, “mən bu səhifəyə görə iki nəfəri həbs eləmişəm”. NİDA-çılar Məmməd Əzizov və Bəxtiyar Quliyevin adlarını çəkdi. Dedim ki, onlar həbs olunsalar da, çöldə xeyli NİDA-çılar var. Gülümsədi, dedi ki, cibində narkotik var? Dedim ki, mən ölkəyə dünən axşam gəlmişəm, bu gün səhərdən də buradayam, məndə necə narkotik ola bilər. Bundan sonra general zəng eləyib çağırtdırdı, atamla birlikdə onun yanına getdik. Adını bilmirdim, sonradan bildim ki, Mirqafar Seyidovdur. Qayıtdı ki, “birlikdə möhtərəm prezidentimizin uğurlu siyasətini davam etdirməliyik, sən də cavan oğlansan, təhsil alırsan, bəlkə gələcəkdə hansısa vəzifə sahibi olarsan”. Dedim ki, mən doğru nədirsə, onu eləyirəm. Atamın yanında çox təhqiramiz ifadə işlətdi. Dedi ki, “səni idarənin zirzəmisində butılkaya oturdarıq, atan da baxa-baxa qalar”. Ağlıma gətirməzdim ki, bir idarənin rəisi belə fikirlər səsləndirsin, özü də atanın gözü qarşısında. Güldüm. O da əsəbindən qayıtdı ki, “rədd ol”. Atam 20-30 saniyə içəridə qaldı, bilmədim ki, o müddətdə nə danışdılar. Yenə getdik polkovnikin yanına. Orada parollarla bağlı söhbət oldu. 2-3 saat onun yanında qaldıq. Hətta polkovnik oxumaq üçün mənə Heydər Əliyevin kitabını da verdi. Saat 6 radələrində general polkovnikə zəng elədi, nə dediyini bilmirəm, amma o zəngdən sonra buraxdılar. Həmin gün deyəsən, Daxili İşlər Hazirliyinin kollegiya iclası vardı, başları qarışıq idi, yəqin, fikirləşdilər ki, buraxaq, işini sonra bitirərik. Atam sevindi ki, buraxıldıq. Amma mən bilirdim ki, əl çəkməyəcəklər. Onu da bilirdim ki, bütün bloggerləri narkotiklə tuturlar, mənə də bu ittihamı verəcəklər. Yanvarın 24-də saat 12 radələrində Hərimanovdakı stomotoloji klinikaya getdim. Mən həkimin yanında olanda bir nəfər 3 dəfə qapını açıb-bağladı, mən onda şübhələndim. Saat 1 radələrində oradan çıxanda 3 nəfər mənə tərəf qaçmağa başladı. Dostuma zəng eləmək istədim, çatıb telefonu əlimdən aldılar. Əllərimi qandallayıb, başımı aşağı əyib maşına oturtdular. Əlimdə kitab vardı, onu da aldılar. Heç nə demədən başıma, böyrəklərimə vururdular. Başa düşdüm ki, gözlədiyim baş verdi. Harkotiklərlə Mübarizə İdarəsinə apardılar. Həmin vaxt üzümdə saqqal vardı, başladılar vəhhabi damğası vurmağa. Dedilər, vəhhabisən, narkotik alverilə məşğulsan. Əllərim qandallı oturmuşdum, gətirildiyim idarənin adını da bilmirdim. Oturandan sonra da döyməyə başladılar. Bir qədər sonra hal şahidinə zəng elədilər, o da gəlib digər hal şahidini çağırdı. Əvvəl siyasi məhkəmələrdə olmamışdım deyə, bilmirdim ki, bunlar “paykovoy” şahidlərdir. İkinci hal şahidi də ağırdan kəm idi, yolu tapa bilmirdi, ona görə nə qədər onu gözlədilər. Bəlkə başqa yerdə də şahidlik eləyirdi. Gəlib çıxandan sonra məni döyən əlini salıb cibimdən bir büküm çıxartdı. Bilmirəm ki, onu əlini cibimə salanda qoymuşdu, yoxsa yolda maşında məni döyəndə. Harkotiki çıxaranda gülümsündüm, çünki şübhələrim özünü doğrultmuşdu. Sonra “paykovoy” vəkilə zəng elədilər. Dedim ki, öz vəkilim var, əhəmiyyət vermədilər. O da gəldi, sənədləri imzaladı. Hal şahidləri də imzalayıb gedəndə məni tutanlardan biri onlarla çıxdı, başa düşdüm ki, gördükləri işə görə onlara pul verir. Yenə məni döyməyə başladılar. Vəziyyətim pis idi, yerdə iməkləyə-iməkləyə qalmışdım. Döydülər ki, döyməkdən bir iş çıxmır, atamla hədələdilər. Dedilər ki, atanın iş yerini bilirik, əməkdaşlar da hazırda xəstəxananın qarşısındadır, boynuna almasan, atanı həbs edəcəyik. Məcbur olub boynuma aldım. Sonra məni Nərimanov rayonundakı müvəqqəti saxlama təcridxanasına apardılar. Orada hətta yataq da yox idi, paltomu başımın altına qoyub yatırdım. Səs-küy saldım ki, məni istintaq təcridxanasına aparsınlar. Müstəntiqlə görüşəndə dedim ki, siyasi fəaliyyətimə görə həbs olunmuşam. Orada vəziyyətim son dərəcə ağır idi, amma yardım göstərən bir adam yox idi. Müstəntiq diqtə elədi, mən də yazdım, guya, narkotiki Keşlədə tanımadığım adamdan almışam. İstəyirdim ki, nə olursa olsun, tez Kürdəxanıya köçürülüm. Fikirləşdim ki, bəlkə orada həkim oldu. Ora hal şahidlərini də gətirmişdilər. Şahidlərdən biri məni kameranın çəkmədiyi hissəyə çağırıb başladı ki, “sən Əli Kərimlinin adamısan?” Ötən məhkəmə iclasında hakim məndən soruşdu ki, işgəncələrlə bağlı kiməsə şikayət etmisənmi? Təcridxanada sənə həkim yardımı göstərilməsi, şikayətlərinə əhəmiyyət verilməsi üçün ya qapını sındırmalısan, ya da damarlarını kəsməlisən, siz oranı təsəvvür edə bilməzsiz”. Ömər Məmmədov daha sonra vəkilinin suallarını cavablandırdı.

    Məhkəmə prosesi mayın 29-da davam edəcək.

    Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  və N!DA Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir.  Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

  • Sabir Rüstəmxanlı partiya sədrliyindən gedəcəyini bəyan etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı APA-ya müsahibəsində növbəti qurultayda partiya sədrliyindən getmək niyyətində olduğunu açıqlayıb. S.Rüstəmxanlı partiyanın sədri postunda hansı meyarlara cavab şəxsin əyləşməsini istədiyini də bəyan edib: “Mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm.

    Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb.
     Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm”.
    VHP sədri siyasətdən də gedib-getməyəcəyi barədə də danışıb: “Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır. 
    Yəni mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm”.
    Qeyd edək ki, VHP rəhbərliyində ən aktiv şəxs Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidir. Onun sıravi üzvlükdən partiyanın mühüm postuna qədər gəlib çıxmasında şəxsi fəallığı ilə yanaşı Sabir Rüstəmxanlının da dəstəyinin rol oynadığı bildirilir. Bu baxımdan Samir Əsədlinin VHP sədri olacağı da istisna edilməyən variantlardan sayılır. Samir Əsədli “Yeni Müsavat”a açıqlamasında S.Rüstəmxanlının postundan getməsinə qarşı olduğunu bildirdi: “Mən Sabir Rüstəmxanlının müsahibəsini oxuyandan sonra Sabir bəyə zəng etdim və sədlikdən getmək istədiyi barədə söylədiklərini qəbul eləmədiyimi, onun sədrlikdən getməsinə qarşı olduğumu söylədim. Mən Sabir bəyə açıq şəkildə dedim ki, bu açıqlamanızı qəbul etmirəm, hesab edirəm növbəti qurultayda da siz partiyanın sədri seçilməlisiniz.
     Çünki onun partiya sədri kimi qalması bizim üçün vacibdir. Amma Sabir Rüstəmxanlı sədrlikdən getsə belə, partiya artıq oturuşmuş bir quruma çevrilib, Sabir Rüstəmxanlı partiyanın əsasını elə qoyub ki, bu partiya heç vaxt parçalanmaz. Partiya böyüyür, yenilənir. Təbii ki, Sabir Rüstəmxanlı da nə vaxtsa VHP sədrliyindən gedəcək. Bu, təbii olan bir şeydir. Əgər Sabir Rüstəmxanlı növbəti qurultayda sədrlikdən getsə, partiyada kifayət qədər kadr var ki, Sabir bəyin dediyi o meyarlara cavab verir və partiyanı idarə edəcək səviyyədədirlər. Məsələn, Ali Məclisin sədri Rafiq Manaflını, Əlövsət Əliyevi, həmçinin özümü də o meyarlara uyğun hesab edirəm. Özümü də iddialılar sırasında sayıram. Təbii ki, Sabir Rüstəmxanlı sədrliyə namizəd olmayacağı halda. Partiyada digər iddialılar da var. Cəmiyyətdə tanınmayan VHP üzvləri də var ki, partiyanı idarə edəcək potensiala malikdirlər. Partiyamızın nizamnaməsi istənilən partiya üzvünə sədrliyə namizədliyini vermək hüququnu tanıyır”. 
    S.Rüstəmxanlı isə dünən hafta.az-a açıqlamasında bildirib ki, onun yerinə kimin gələcəyi qurultayın işindən asılı olacaq: “Yerimə gələcək şəxsin gənc olması vacib deyil. Partiyanı idarə edə bilən orta yaşlı biri də ola bilər. Mənə görə gənc ola bilər. Amma həmin şəxs 50 yaşında da ola bilər”. 
    VHP-nin növbəti qurultayının bu ilin sonunda keçiriləcəyi gözlənilir.
    Etibar SEYİDAĞA