Vətəndaş Həmrəyliyi Partiyası

Category: VHP KİV-də

  • Sabir Rüstəmxanlı Aşağı Qaramanlıda seçicilərlə görüşdü – VİDEO

    Xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinin sakinləri ilə görüşüb.

    “BakuPost” xəbər verir ki, S.Rüstəmxanlı görüş zamanı sakinlərin istək və təkliflərini dinləyib, onlarla fikir mübadiləsi aparıb.
    Görüş əsnasında çıxışçılar iqtisadi, sosial problemlərin illərdi həll edilmədiyini, rayonun təbii resurslarından, daxili imkanlarından lazımı səviyyədə istifadə olunmadığını, bunun da sakinlərin güzəranında müxtəlif çətinliklər yaratdığını bildiriblər.
    Onu da vurğulayıblar ki, namizədlər içində illərdi üst-üstə qalaqlanan bu problemləri həll edə biləcək yeganə şəxs Sabir Rüstəmxanlıdır. Çünki onun bu sahədə uzun illər ərzində toplanmış zəngin təcrübəsi var.
    Sakinlər namizədlər arasında Sabir Rüstəmxanlı adını gördükdən sonra problemlərinin respublika səviyyəsində dilə gətiriləcəyinə, Neftçalanın iqtisadi durumunun güclənəcəyinə inandıqlarını vurğulayıblar.
    S.Rüstəmxanlı isə bildirib ki, iştirak etdiyi bütün görüşlərdə səsləndirilən problemləri tək-tək qeydə alır. Millət vəkili seçiləcəyi təqdirdə təkrar görüşlər keçirəcək və problemlərlə daha yaxından tanış olacaq. Bundan sonra isə Neftçala sakinlərini narahat edən, güzəranlarını ağırlaşdıran problemlərin həlli üçün vahid plan hazırlayacaq:
    “Bu plandan sonra var gücümlə çalışacam ki, Neftçalanın inkişafı ilə bağlı ayrıca bir qanun olsun, ayrıca bir qərar qəbul edilsin”.
  • Azərbaycan boyda qəzet: “Azərbaycan” qəzeti-30 – VİDEO

    Məlum olduğu kimi, bu gün “Park İn Otel”də “Azərbaycan” qəzetinin 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edilib.

    Tədbirdə millət vəkilləri, partiya sədrləri, ziyalılar, vətəndaş cəmiyyəti üzvləri, media rəhbərləri, eləcə də Türkiyədən bir sıra aydınlar qatılıb.

     
    1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi, Sabir Rüstəmxanlının tədbirdəki çıxışını təqdim edirik:
    Əziz dostlar, çox hörmətli xanımlar və bəylər!
    Bu gün biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin son dərəcə önəmli və unudulmaz bir olayını yada salmağa, azad və demokratik mətbuatımızın ilk qaranquşu olan “Azərbaycan” qəzetinin 30 illik yubileyini qeyd etməyə yığışmışıq. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizin hamınıza təşəkkür edirəm.
    Gələn il Azərbaycan mətbuatının 145 yaşı olacaq. Bu 145 ildə Azərbaycan mətbuatı çox böyük bir inkişaf yolu keçmişdir. Lakin bu 145 ilin bir neçə elə mühüm mərhələsi vardır ki, ayrıca qeyd olunmalıdır.
    Onlardan birincisi “Əkinçi” qəzetidir. Bu qəzet parlaq bir demokratik mətbuat gələnəyi yaratmış, milli mətbuatın ruhunu, istiqamətini, dilini və üslubunu, humanist mahiyyətini, milli azadlıq və insan haqları uğrunda mübarizədə yerini müəyyənləşdirmişdir.
    İkinci mərhələ “Molla Nəsrəddin” jurnalıdır ki, 25 il ərzində xalqımızın keçdiyi yolun, yaşadığı faciələrin, cəhalət və istibdadın, çarizmin müstəmləkə siyasətinin və o dövr Şərq tarixinin satirik ensiklopediyasına çevrilmişdir. “Molla Nəsrəddin”lə yanaşı “Füyüzat” dərgisini unutmaq olmaz. “Füyüzat” dünyada gedən prosesləri və türklərinin taleyini daha romantik və nikbin bir ovqatla təsvir edir; mövzu dairəsi və dili ilə müsəlmanlar və türklər arasında mənəvi körpü qurmağa çalışır, bugünkü Azərbaycanın və Türkiyə cümhuriyyətinin varlığının əsası olan milli ideyanı car çəkirdi.
    Üçüncü mərhələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetidir. Qəzet Gəncədə fəaliyyətə başlamış milli hökumətlə birlikdə Bakıya köçmüş və cümhuriyyətin süqutu ilə birgə qapanmışdır.
    Bu mərhələlərin hər birinin başında millətimizin ədəbiyyat, mədəniyyət və ictimai fikir tarixində mühüm rol oynayan dahi şəxsiyyətlər dayanırdı. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli.
    Sovet dövründə mətbuat orqanlarının havası da dəyişmiş, onlar sovetləşməni alqışlamış, repressiya və deportasiyalara haqq qazandırmış, bir gündə latın əlifbasından kiril qrafikasına keçirilməsini tarixi hadisə adlandırmış, illərlə Stalinə yazılan mədhiyyələrin tribunalarına çevrilmiş , bir sözlə Kommunist partiyası nə çalıbsa ona oynamışdır.
    Buna baxmayaraq, həqiqətin səsini tamamilə boğmaq mümkün olmamışdır mətbuat dil və üslub baxımından çox böyük bir inkişaf yolu keçmiş, özəlliklə tarix, ədəbiyyat və mədəniyyət yazılarında milli ruhun fədakar ocaqları asta-asta közərmişdir. 70-80-ci illər mətbuatı o dövrə xas olan qısa intibah ruhunu izləmək baxımından çox maraqlıdır. Bu baxımdan “Ədəbiyyat və incəsənət”, “Molodyoj Azərbaycana”, “Odlar yurdu”, “Elm”, “Səhər”qəzetində”, “Gənclik” jurnalında millətin taleyi ilə bağlı bəzi cəsarətli yazıları xatırlamamaq ədalətsiz olar. Lakin bu epizodik yazılar mətbuatın ümumi ruhunu dəyişə bilmədi. Həmin ruhu yerli-dibli dəyişən bizim buraxdığımız “Azərbaycan” qəzetidir. Bu, Mətbuat tariximizin 4-cü mərhələsidir.
    Qəzet 1988-ci ilin noyabr-dekabr mitinqlərindən sonra bir söz inqilabı, milli düşüncə qasırğası idi. Və bir partlayış effekti yaradaraq bir gündə bütün respublikaya yayıldı. Növbəti nömrədən tiraj 100.000-ə, 1990-cı ilin əvvəlində 200.000-ə, həmin ilin ortalarında yarım milyona çatdı. İnsanlar qəzetinin hər bir nömrəsini intizarla, köşklərin qarşısında sıraya düzülərək gözləyirdilər.
    Baş redaktoru olduğum qəzetin təsisçisi Qarabağ Xalq Yardımı komitəsi idi. Əslində, bu komitə də elə mənim təşəbbüsümlə yardılmışdı.

    Qarabağda Erməni iddiaları baş qaldırdığı vaxtdan sonra birdən – birə bəlli oldu ki, Ermənilər vilayətdə Azərbaycanlılardan qat-qat yaxşı yaşayırlar. Vilayətin yerli Azərbaycan əhalisinin bir qismi qəsdən qeydə alınmır. Erməni kəndlərindən fərqli olaraq Azərbaycan kəndlərinin yolları bərbaddır. Bəzilərində məktəb, qaz, işıq yoxdur. Bu kəndlərin müqavimətin artırmaq üçün təcili işlər görülməli idi. Buna görə Azərbaycan ziyalılarının bir qismi aktyor evində keçirilən toplantıda belə bir komitənin yaranmasını rəy birliyi ilə qəbul etdilər. Bu işin əsas təşəbbüskarı kimi komitənin sədri olmağı mənə təklif olundu. Lakin mən, bundan imtina edib qəzet buraxacağımı bildirdim. Müstəqil bir qəzet buraxmaq çoxdankı arzum idi. Mərhum İsmayıl Şıxlının, Tofiq Bağırovun, İmam Mustafayevin, Qabilin təklifi ilə o vaxt Ağdamda olan Bayram Bayramova zəng vurub komitənin sədri olmasına razılığınıaldıq. İndi Qarabağ əldən çıxandan sonra bu barədə danışmaq ağırdı. Amma qısa müddətdə komitənin köməyi və təşəbbüsü ilə Vilayətin azərbaycanlılar yaşayan 52 kəndində siyahıyaalma aparıldı. Bu kəndlərin inkişafı ilə bağlı proqram hazırladıq. Xocalının yenidən qurulması başladı. Bir neçə kənddə məktəblər tikildi, yollar çəkildi. Təəssüf ki, komitənin topladığı bütün materiallar yox edildi, dağıdıldı.

    “Azərbaycan” qəzetinin ilk nömrəsi oktyabr ayının 5-də çap olundu.
    Birinci nömrədə oxuculara müraciətlə məqsəd və məramımızı aydın ifadə etmişdim:
    “İlk nömrəsini əlinizə aldığınız bu qəzet, müqəddəs Azərbaycan adını daşıyır. Bu o deməkdir ki, Qarabağa Xalq Yardımı komitəsinin qəzeti olsa da, “Azərbaycan” qarşısında bir vilayətin, bir dərdin çərçivəsinə sığmayan daha geniş məqsədlər qoyub. Onun simasını öz adı müəyyənləşdirir. Bizim təcrübəli və böyük adaşlarımız olub. Və biri indidə var – “Azərbaycan” jurnalı.
    Qəzetimiz çalışacaq ki, böyük həmkarlarının gözəl, dəyərli ənənələrini davam və inkişaf etdirsin.
    … İnqilab dövrünün mətbuatı, yeni, cəsarətli aşkar sözün, inqilabı sözün carçısı olmalıdır.
    “Azərbaycan” qeyrət və cəsarət kürsüsünə çevrilməlidir. Başlanan böyük ümumxalq hərəkatına güzgü tutmaqla qəzet demokratik fikrin , milli şüurun inkişafına təkan verməlidir”.
    Baş redaktor olduğum iki ildən artıq müddət ərzində bu vədimə sadiq qaldım.
    Qəzetə çox mötəbər bir redaksiya heyəti toplamışdıq: Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Əlyar Səfərli, Ziya Bünyadov, İsmayıl Şıxlı, Yaşar Əliyev, Nadir Cabbarov, Rüstəm Behrudi, Cümşüd Nuriyev, Fəridə Məmmədova, Firudin Cəlilov, Firudin Abbaslı, Elmira Axundova.
    Əhməd Elbrus baş redaktor müavini ,Şərif Kərimli qəzetin məsul katibi idi.
    Redaksiya heyətinin 6 üzvü sonralar müstəqillik aktına imza atan istiqlalçı deputatlar sırasında idilər.
    1-ci nömrəmizdə İsmayıl Şıxlının, Bayram Bayramovun azərbaycanca, Bəxtiyar Bahabzadənin rusca iri həcmli parlaq yazıları verilmişdi. Sovet ordusunun Qarabağda Azərbaycanlılara qarşı törədilən vəhşiliklərə reakar və biganə münasibətini əks etdirən şəkillər və məqalə bütün rəsmi dairələri silkələmişdi. Rüstəm Behrudinin sonralar geniş yayılmış “Salam, dar ağacı” şerini də birinci nömrəmizdə çap etmişdik.
    2-ci nömrəmizdə xalq yazıçısı İlyas Əfəndiyevin, şair Məmməd Aslanın , tarixçi Mahmud İsmayılovun, hüquqşünas Yaşar Əliyevin kəsərli yazıları verilmişdi. Növbəti nömrələrin birində Nəriman Nərimanovun Stalinə o vaxta kimi üzə çıxarılmayan məktubu dərc olunmuşdu.
    Qəzetin fəal müxbirləri arasında Anarın, Asif Əfəndiyevin, Elmira Axundovanın, Vilayət Quliyevin, Cəmil Əlibəylinin, Haci Hacıyevin, Əhmədağa Muğanlının, Firudin Şuşalının, Nasiman Yaqublunun, Yaqub Mahmudlunun, Rəhim Əliyevin, Süleyman Əlyarlının, Eldəniz İbrahimovun, Mir Şahinin, Elman Gədiklinin, Asif Rüstəmlinin, Məşədixanım Nemətovanın, Yusif Seyidovun, Emin Mahmudovun, Emin Ağayevin, Fərhad Ağamalıyevin, Qulu Xəlillinin, Qabilin, Murtuz Sadıqlının, Yəhya Məmmədovun, Vaqif Sultanlının, Vahid Axundovun adları xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Məncə bunlar titil və elmi adlarının sadalanmasına ehtiyac olmayan böyük ziyalılarımızdır.
    Bu məclisdə qəzetin məsul katibi Şərif Kərimli və rəssamı Fikrət İbrahimov , şöbə müdirləri və əməkdaşlarından Rüstəm Behrudi, Mirşahin, Əlinasir İmanlı və başqaları iştirak edirlər. Onlara bir daha təşəkkür edir və bütün dünyasını dəyişmiş əməkdaş və müəlliflərimizə Allahdan rəhmət diləyirəm. Qəzetin çapına nə qədər əngəllər yaradıldığı və mənim nə qədər zülm çəkdiyim barədə çox danışmışıq. Qısaca onu bir daha vurğulamaq istəyirəm ki, ilk nömrə çıxan kimi məni Əbdürrəhman Vəzirovun yanına çağırdılar, qəzəbindən otağa sığmırdı, şikarını parçalamaq istəyən canavar kimi böyür-başımda fırlanır, rəngli qələmlərlə başdan ayağa işarələnmiş səhifələri cıraraq yumalayıb üstümə atırdı. Mən də onları havada tutub qucağıma yığırdım. Onu qəzəbləndirən bu idi ki, qəzet artıq gedib Mixail Qorbaçova çatmışdı, Moskvanın töhmətini almışdı. Mən də inadla deyirdim ki, buna əsəbiləşmək yox, sevinmək lazımdır, qoy bizim səsimizi də eşitsin.
    Baş redaktor olduğum iki ildə bir dəfə yandan çıxan yük maşını mənim maşınımı vurub Azərbaycan otelinin divarına yapışdırdı, ikinci dəfə oğurlayıb qəbiristana apardılar və yazıb silgəcin altına qoydular ki, bu gün maşının gəldi, sabah özün gələcəksən bura, üçüncü dəfə həyətdəcə şüşələrini sındırıb içində axtarış apardılar, nəhayət, “onları ölümlərinə vurun!” tapşırığı ilə AXC-nin qərargahında başımızı yardılar. Ancaq mən elə başıyaralı məclisimizdə iştirak edən hörmətli İsa bəylə cəbhəçilərin qabağında Azadlıq meydanını dövrələmiş hərbi maşınların üstündən aşıb “Qayıtdıq” qışqıra-qaşqıra Azadlıq meydanının tribunasına çıxmışdıq. Moskvada SSRİ-nin varlığına xitam verən sonuncu Ali sovetin sesiyasında da elə başı sarıqlı iştirak etmişdim. Təkcə o tarixi sesiyada iştirakçı olmaq, Şər imperiyasının sonunu görmək bəs edirdi ki, bütün çəkdiyimiz əzablar bir zövqə, ömrün hədiyyəsinə çevrilsin.
    1992-ci ilin sentyabrında, Azərbaycan qəzetinin tarixi statusunun bərpası niyyətilə o vaxtkı Milli Şuranın sədri İsa Qəmbərə müraciət etdim və “Həyat” qəzeti, “Azərbaycan” qəzeti ilə əvəz edildi. Qəzetin bundan sonrakı taleyini özünüz bilirsiniz.
    İndiki “Azərbaycan” qəzetinin rəsmi saytında yazılır: “Qarabağ Xalq Yardımı komitəsinin nəşri Azərbaycan adlansa da, onun rəsmi dövlət qəzetinə heç bir aidiyyəti olmayıb”.
     
    Sanki bizim belə bir iddiamız var və sanki 30 il bundan əvvəl millətin dərdini car çəkən milli qəzetimizi rəsmi dövlət orqanı saymaq istəyirik. Bu həqiqətdən çox-çox uzaq iddiadır. Amma “Azərbaycan” adını parlamentə verməyimizlə bağlı müraciət məktubumuzu necə inkar etmək olar? Əvvəla o vaxt Azərbaycanın rəsmi qəzetləri “Kommunist”, “Bakinskiy raboçıy”, “Sovet kəndi” idi və biz bunlarla yan-yana dayanmaq niyyətində deyildik. Heç indi də yenidən qəzetçilik eşqinə düşsəm, rəsmi dövlət qəzeti buraxmaram. Mən millət qəzeti buraxmışam!.. Xalqın taleyinə güzgü tutan, onu mübarizəyə səsləyən, müstəqilliyin qaçırılmaz olduğunu göstərən, hakimiyyəti eninə-uzununa tənqid edən sözümüz rəsmi orqan ifadəsinin çərçivəsinə sığmazdı. Biz 1918-1920-ci illərdə çıxan Azərbaycan qəzetini öz sələfimiz sayırıq. Məzmununa, milli iddialarına və dövlətçiliyə xidmətinə görə. lakin indi çıxan “Azərbaycan” Üzeyir Hacıbəylinin başladığı və bizim də davam etdirdiyimiz yoldan uzaqlaşdığına görə bizim sələfimiz sayıla bilməz! Mətbuat üçün rəsmi və ya qeyri-rəsmi olmaq önəmli deyil. Millətin sözün demək və onun yoluna işıq tutmaq önəmlidir. Üzeyir bəy öz “Azərbaycan” qəzeti haqqında yazırdı: “Qəzetimiz firqə qəzeti deyildir. Azərbaycan qəzetinin məsləki vətən istiqlalı uğrunda çalışmaqdan ibarətdir.”
    Onun redaktəsində “Azərbaycan” azərbaycançılığın və istiqlal idealının qəzeti idi. Bu sözləri eynilə bizim qəzetimizə də aid etmək olar. Bu gün dövlət qəzeti kimi təqdim olunan qəzetlərin çoxu, təəssüf ki, həyatımızın yalnız bir üzünü, iqtidar üzünü, nikbin, toy-bayramlı, şişirtmə mədhiyyələrlə dolu, Qarabağı həftələrlə yada salmayan üzünü görür. Xalqın böyük hissəsini, müxalifət düşərgəsini, milli birliyimizə aparan yolları və bu birliyin zərurətini görmürlər. Bunu görməyən insanların şəstlə dövlət adından danışma haqları yoxdur. Bu mənada eyni adı daşıya biləcək qəzetləri bir-biri ilə qətiyyən müqayisə etmək olmaz. Bizim qəzetimiz iki dildə çıxan və millətin bütün təbəqələrinin həyatını əks etdirməyə çalışan, tarixən tutmuş Qarabağ savaşınadək, son dərəcə geniş mövzuları əhatə edən əsil millət qəzeti idi. Bugünku “Azərbaycan” yalnız parlamentin və yalnız Yeni Azərbaycan partiyasının qəzetidir, rəsmi məlumatlar toplusudur. Bu işin də öz əhəmiyyəti var, ancaq bunun Üzeyir bəy Hacıbəyli yoluna aidiyyəti yoxdur. Yəni Üzeyir bəyin göstərdiyi istiqamətin əksinə, bir firqə qəzetinə dönüşmüşdür.
    Həsən Bəy Zərdabinin “Əkinçi”si də dövlət qəzeti deyildi. “Həyat” qəzeti də, “Molla Nəsrəddin” və “Füyzat” jurnalları da. İndiki “Azərbaycan” qəzetinin iddiaları əsas götürülsə onda gərək, bu nəşrlər rəsmi jurnalistika tariximizdə heç yada salınmasın. Çünki, məhz bu iddiaları əsas götürülərək Azərbaycan qəzeti 100 illik yubileyini qeyd edərkən heç bir yerdə bizim buraxdığımız “Azərbaycan” qəzetinin adı çəkilmədi. Qəzetin yubileyi ilə bağlı kitab buraxıldı. Milli Məclisdəki bir çıxışımda həmin kitabı indiki baş redaktorun ailə albomu adlandırmışdım. Uzaq tarixlər saxtalaşdırılanda bəhanə tapılır, amma yaxın tarixi görməzdən gəlməyin bir adı var – “Saxtakarlıq və nankorluq!”
    Maarifçiliyin yüksəliş dövründə sözə və mətbuata azadlıq yolunun bələdçisi , xalqın nicatı kimi baxır, millətin formalaşmasında mətbuatı əsas güc sayırdılar. Bu gün mətbuatın əhəmiyyəti daha da artmışdır. Lakin sosial medianın həm də dağıdıcılıq gücü ortadadır. İnsanlar təklənir, mənəvi dəyərlər ayaq altına atılır, məsuliyyət hissi itir, söyüş və yalan ritorikası baş alıb gedir, azadlıqla, cəsarətlə əxlaqsızlıq arasında fərq itir. Mənə görə Azərbaycan üçün maarifçilik erası hələ bitməmişdir. 145 illik mətbuat tariximiz və üst-üstə cəmi 20 il sürən müstəqil dövlətçiliyimiz mətbuatın və maarifçiliyin millətin önündə aça biləcəyi böyük perspektivləri və vahid böyük ideologiyanı milli şüurun əsasına çevirə bilməmişdir. Buna görə də milli mətbuat hələ də bizim humanitar fəaliyyətimizin ən mühüm və zəruri sahələrindən biri olaraq qalmaqdadır.
    Son olaraq bir daha milli azadlıq hərəkatının o qızğın və ümidlərlə dolu illərinə qayıtmaq istəyirəm.1991-ci ilin oktyabrında Ayaz Mütəllimov məni çağırıb, mətbuat komitəsinin sədri vəzifəsini təklif edəndə ona “Əgər bu yolla “Azərbaycan” qəzetinin səsini batırmaq istəyirsizə, bu mümkün olmayacaq” demişdim. O, “qətiyyən belə bir fikrim yoxdur, əksinə, Xalq hərəkatının ziyalı liderlərindən bir neçəsini , onların peşəsinə uyğun vəzifələrə cəlb etməklə arada körpü salmaq , qüvvələrimiz birləşdirmək istəyirəm” demişdi. Bu təklifi Xalq cəbhəsinin idarə heyəti və rəhmətlik Elçibəylə müzakirə etmişdik. Hamının fikri bu idi ki, təklifi qəbul etmək lazımdır. Çünki, komitədən mətbuat orqanları üçün lisenziya almaq mümkün deyildi. Mən bu təklifi qəbul etdim. Komitəni nazirliyə çevirdik. Qısa müddətdə “Azərbaycan” davamçıları yarandı. 20-dən çox televiziya, 25-dən çox informasiya agentlərinə lisenziya verdik. Qəzetlərin sayı 525-i keçdi.
    Azərbaycan qəzetində qaldırılan bir çox problemlər elə müstəqilliyimizin ilk illərindəcə öz həllini tapdı: Bütün bunları biz o vaxt çiyin-çiyinə yol getdiyimiz dostlarımızla birgə etdik. Sevinirəm ki, bu gün onların bəziləri bu salondadır.
    Söz azadlığı, milli dövlətin möhkəmləndirilməsi arası kəsilməyən uzun bir prosesdir. Və bu yolda hələ görüləsi işlərimiz çoxdur.
    Sözümü 30 il öncə “Azərbaycan” qəzetinin ilk sayı çıxandan sonra yaşadığım həyəcanın ifadəsi olan bir şeirlə yekunlaşdırmaq istəyirəm.
     
    AZƏRBAYCAN QƏZETİNƏ GÖZAYDINLIĞI
     
    Gözün aydın, ay düz sözüm,
    təmiz sözüm, –
    Yolun açıq…
    Qorxulardan, hədələrdən
    qop azacıq!
    Gey əyninə qandallardan
    qançır olmuş qanadını.
    Yığ gözünə zirvələri
    aşa bilmək inadını!
    Yüz əsrlik çeşmələrin
    gözünü aç!
    Üfür külü!
    Bu ocağın közünü aç!
    Sən Xətai harayında
    döyüş idin,
    Sən Nəsimi dodağında
    İlahiylə görüş idin.
    Sən Fizüli zirvəsində
    möcüzəydin,
    Sən Sabirin səngərində
    Cəmi şərlə üz-üzəydin!
    Dədə Qorqud hikmətinə
    çata bilsən
    Ətalətdən silkələnib,
    Yorğunluğu ata bilsən,
    Yenə elə aşıb-daşan
    okeansan!
    Köləliyin başı üstə
    bir tufansan!
    İldırımsan, yaxacaqsan!
    Sən bu zülmün sarayını
    yıxacaqsan!
    Qatıq ağmış,
    kömür qara! –
    Sən bir azca düzgünlük səp
    dodaqlara.
    Qoy xəcalət çəksin bir az
    mədhiyyəçi xəbərçilər!!
    Sən qardaşlar ürəyinə
    rəhm çilə!
    Qılınca dön, qurşuna dön,
    Bu padşah ordu sevmir,
    Sən silahlan, qoşuna dön!
    Boğazına kəfən dola,
    Əzabları al gözünə.
    Ürəyini qalxan elə
    Hər gün böhtan süngüsünə!
    Şər minüzlü,
    şər ayrılmaz.
    Al qanını üzünə tut,
    Ümidini yarana bas!
    Bir vaxt düşmən
    səni boğdu,
    Bu gün tarix səni doğdu.
    Bu gəlişin əbədilik,
    bu gəlişin biryolluqdu!
    Sən yetmiş il
    Ürəyimi deşən sözüm,
    İki yüz il məqam gəzən
    ac həqiqət –
    sısqa bir şam,
    Mən bir ömrü yol gözləyib
    öz haqqımın
    zərrəsini qazanmışam!…
    İlk sayında bomba gücü,
    zəlzələlər tərpənişi.
    Sanki tilsim qırılıbdı
    əjdahanın sınıb dişi.
    Kabinetlər silkələnir,
    telefonlar zingildəyir.
    Yer titrəsə tərpənməyən
    bir sözümdən dingildəyir.
    Səhifələr qan-qırmızı,
    Hər baxanın yüz əmması
    Qan içəndə qorxmayanın
    Sözdən qorxan müəmması!..
    Yumaladı Əbdürrəhman
    səni üzümə tuşladı
    Polyaniçko qəzəbindən
    qarnın tutub naxoşladı.
    Qatıb bizi qabağına
    hərə bir yandan xışladı.
    Hədələrdə cəllad hökmü;
    Moskvanın əmri qəti:
    “Öz ömrünü qapadarsan
    Qapatmasan bu qəzeti!”
    Dedim: Sizin bu dünyadan
    Xəbəriniz yoxdur deyən.
    Millətinə haqq istəyir
    Millətimi qul eləyən.
    “Əzilirəm!” deyir mənə
    məni əzən.
    Kim biləcək sən haqlısan
    öz haqqını söyləməsən.
    … Yenə dişlər şaqqıldadı, –
    Ağıl verir
    başı ağla həsrət çəkən
    fikri sönmüş kösöy olan
    Kürsülərin kölgəsində
    Hər böyüyə kürsəy olan!…
    Atıldım çölə balıqtək
    son əlacım bir damla su…
    Gördüm sinəmi böyüdür
    Böyüyün hədə-qorxusu!
    İndi daha yalvarışdı
    uzaqlarda qalan səsi!
    Bir dəfəlik dağılmışdı
    Bu ağ evin vahiməsi.
    Gördüm adın dillərdədir,
    məlhəm gəzir qanlı yara.
    Bayraq kimi taxılmısan
    hər tin başı divarlara!
    Dedim, sözüm, gözün aydın,
    millətimin güvəncisən!
    Çox olacaq zirvə aşan,
    Bu zirvədə birincisən!..
    Gözün aydın, “Azərbaycan”,
    Döyüş himnim, alın yazım
    Mən dözərəm hər əzaba,
    Təki səsim alınmasın!
  • VHP Gəncədə Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirib FOTO

    Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xocalı rayon təşkilatının təşəbbüsü ilə Gəncə şəhərindəki Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub. Abidə kompleksin qarşısında VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədli çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. “İndi rəsmi məlumatda Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin 613 nəfər olduğu bildirilir. Bu, yalnız meyiti tapılanlara, dəfn olunanlara aid rəqəmdir. Ancaq hələ rəsmi rəqəmlərdə əsir alınan 1275 nəfərdən 150-i barədə indiyə qədər heç bir məlumat verilmir. Onların ən ağır işgəncələr altında qətlə yetirildiyinə heç bir şübhə yoxdur. Bu və digər faktları nəzərə alaraq düşünmək olar ki, Xocalıda xüsusi amansızlıqla, işgəncə verilərək qətlə yetirilən insanların sayı daha çoxdur”.

    M.Nurməmmədli çıxışında həmçinin vurğulayıb ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Ancaq dünya öz gözü qarşısında baş verən, foto-video faktlarla sübut edilən və şahidləri yaşayan bir soyqırımı nədənsə görmür və ya görmək istəmir, yüz il əvvəl olmayan bir soyqırımdan danışır və qəbul edirlər: “Xocalı soyqırımının ildönümü ərəfəsində Hollandiya parlamentinin “erməni soyqırımı” adlı uydurma tarixi qəbul etməsi ikiüzlü siyasət, dünyanın ədalətsizliyidir. Belə olmasaydı, 26 ildir baş verən Xocalı soyqırımına hüquqi qiymət verilər, cinayətkarların cəzalandırılması üçün mexanizmlər tətbiq edilərdi”.

    Natiq qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətini, dünya dövlətlərini bu soyqırımına biganə qalmamağa, beynəlxalq hüququn prinsiplərinə əməl edərək, ona siyasi və hüquqi qiymət verməyə çağırır: “ Bununla əlaqədar beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, parlamentlərin qəbul etdiyi sənədlər olsa da, Xocalı soyqırımını həyata keçirən qaniçən erməni cəlladlarını, əli günahsız insanların, uşaqların qanına batmış qatilləri beynəlxalq məhkəmə qarşısına çıxarmaq mümkün olmayıb. Gün gələcək insanlıq əleyhinə cinayət törədənlər mühakimə olunacaqlar. Onlar heç zaman bu qanlı ləkəni üzərlərindən silə bilməyəcəklər”.
    Qeyd edək ki, erməni silahlı qüvvələrinin Rusiyaya məxsus 366-cı motoatıcı diviziyanın dəstəyi ilə 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıya hücumu nəticəsində 613 nəfər dinc sakin qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.

  • Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 26 il ötür

    Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 26 il ötür.

    Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

    İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

    Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

    Qaradağlı indi də işğal altındadır.

  • Azərbaycan müxalifətinin Yavlinski və Sobçak seçimi

    utinin iki əsas rəqibindən hansına Bakıdan dəstək var?

    Rusiyada mart ayında keçiriləcək prezident seçkisində prezident Vladimir Putinin rəqibləri sırasında nisbətən aktivliyi və reytinqi ilə fərqlənən namizədlər Qriqori Yavlinski və Ksenya Sobçakdır. Rusiya Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski artıq onların hər ikisinin Krım məsələsində mövqelərinə görə cinayət məsuliyyətinə cəlb olunmasının lazım olduğunu açıqlayıb: “Onları Rusiyanın ərazi bütövlüyünü pozduğuna görə məsuliyyətə cəlb etmək olar. Rusiya prezidentliyinə namizəd Qriqori Yavlinski və Kseniya Sobçak həbs edilməlidir”.

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli qeyd etdi ki, Aleksey Navalnının namizədliyi qeydə alınsaydı, hakimiyyətə əsas rəqib o olacaqdı və Azərbaycanın demokratik qüvvələri onun qələbəsində maraqlı idi: “Yavlinski və Sobçak haqqında isə birmənalı fikir yoxdur. Biz Rusiyada demokratik seçki keçirilməsini, demokratik hakimiyyət formalaşmasını arzu edirik. Çünki Rusiyada demokratik seçkinin keçirilməsi Azərbaycanın da xeyrinə olar”.

    KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, Rusiyada keçiriləcək seçkilər bu dövlətin  indiyə qədər keçirdikləri seçkidən fərqlənməyəcək: “İndi dünyada seçki texnologiyası və kampaniyası rəngarəngliyinə görə fərqlənən budur ki, favorit namizədlərdən biri qadın olur. Lakin Ksenya Sobçak zəif siyasətçidir, top modeldir, məhdud çevrəsi var. Bu namizəddən fərqli olaraq Yavlinski daha üstün ola bilər. Ölkələrində iqtisadi reformalar təkliflər paketini irəli sürüb. Amma Putin hakimiyyətini qoruyacaq”.

    Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə dedi ki, Putin konkret olaraq, heç bir əziyyət çəkmədən növbəti dəfə prezident kürsüsünə oturacaq: “Putinə ən ciddi rəqib olacaq namizəd Aleksey Navalnı məhkumluğu üzərindən götürülmədiyi üçün seçkidən kənarda qaldı. Daimi namizəd Jirinovski haqda bir fikir söyləməyə dəyməz. Digər namizədlərin içində isə nisbətən fərqlənən iki namizəd var. Bunlardan ”Yabloko” Partiyasının lideri Qriqori Yavlinski və teleaparıcı Kseniya Sobçakdır. Nə Yavlinski, nə də Sobçak Putinə ciddi rəqib sayıla bilməz. Hətta Sobçak haqda Kremlin öz layihəsi olması ilə bağlı fikirlər də səslənib. Rusiyada prezident seçkilərinin şəffaf, demokratik keçirilməsini istərdik. Bu hadisənin regiona çox ciddi təsiri ola bilərdi. Amma gedişata nəzər salarkən təəssüflə qeyd edim ki, yaxın 5 il ərzində regiondakı siyasət dəyişməz olaraq qalacaq”.

    AMİP katibi Əli Orucov isə bildirdi ki, onların xüsusi müdafiə etdiyi namizəd yoxdur: “Bu seçkilərin favoritinin hazırkı dövlət başçısı Putunun olmasına heç kəs şübhə etmir. Digər namizədlərin uğur qazanacağı inandırıcı deyil. Müxalifət düşərgəsinin digər keçmiş sovet respublikalarına münasibəti Rusiya ilə müqayisədə fərqlidir. Konkret olaraq hansı namizədin dəstəklənməsi haqqında fikirlərə rast gəlinməyib. Bizim üçün vacib olan fərdlərin deyil, ümumilikdə demokratiyanın qalib gəlməsidir. Rusiyada demokratiya qalib gələrsə, bu o deməkdir ki, Azərbaycanın da bu yolda qarşısında ciddi maneə qalmır”.

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”

     

  • Müxalifət yayda dincəlməyəcək

    Siyasi partiyaların yay ayları üçün hansı planları var?
    Yay fəsli yaxınlaşır, bu isə o deməkdir ki, ölkənin ictimai-siyasi həyatında digər aylarla müqayisədə passivlik yaşanacaq. Hər il insanların istirahət etdiyi bu aylarda müxalifət cəbhəsində də süstlük müşahidə olunur. Yay aylarında havaların isti keçməsi ilə əlaqədar demək olar ki, bütün dünyada oxşar hal baş verir. Lakin buna baxmayaraq, siyasi-ictimai təşkilatlar fəaliyyətlərini tam dondurmur və müəyyən addımlar atırlar.

    Bəs yay ayları üçün Azərbaycanda müxalifət partiyalarının planı nədir?

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, yay aylarında əsasən qurultaya hazırlaşacaqlar: “Konfransları keçirilməyən rayon təşkilatlarında konfransların keçirilməsini nəzərdə tutmuşuq. Artıq hansı rayonda nə zaman konfransın keçirilməsini də planlaşdırmışıq. Hazırda Bakı şəhəri üzrə rayon təşkilatlarının konfransları keçirilir, bu bitdikdən sonra isə digərlərinə keçəcəyik. Həmçinin qarşıdakı günlərdə partiyanın gənclər təşkilatı və qadınlar şurasının konfranslarının vaxtıdır. Planlaşdırırıq ki, bu yay ərzində onları da keçirək. Qarşıdakı əsas işlərimiz bunlardır. Eyni zamanda təqvim planına uyğun olaraq digər işlərimizi də görəcəyik”.

    Mayın 28-də qurultay keçirən VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirib ki, onların yay ayları üçün də planları var: “Əvvəla, onu qeyd edim ki, keçirdiyimiz qurultayda bütün seçkili qurumlarımızı təzələdik. Qarşıdan gələn dövrün tələblərinə, beynəlxalq çağırışlara uyğun olaraq fəaliyyətimizi qurmaq niyyətindəyik. Hesab edirik ki, əsasən prezident seçkilərinə köklənmək lazımdır və bu seçkilərə yönəlik partiyanın daxilində hazırlıq işləri getməlidir. Düşünürük ki, seçkilər 2017-ci ilin ikinci yarısında da ola bilər. Bu ehtimal yüksəkdir. Olmasa belə, 2018-ci il seçkilərinə də çox vaxt qalmayıb. Ona görə də qurultayımızda dairə təşkilatlarının seçki dairələrinin hüdudları üzrə formalaşdırılması işinə başlamışıq. Yeni üzvlərin cəlbi də vacibdir. Çalışacağıq ki, təzələnmiş qurumlarda fəaliyyətimizi gücləndirək və hakimiyyətin bütövlükdə addımlarını təqib edək. Partiyadaxili məsələlərlə yanaşı, müxalifət daxilində də inteqrasiya işlərinin sürətləndirilməsi vacib amildir. Regionda baş verənlər də bunu təhrik edir. Müxalifət daha yetkin çıxış etməli və çalışmalıdır ki, qarşıdan gələn seçkilərə ciddi hazırlaşsın. Qeyd etdiyimiz fəaliyyət nəticə verməsə, o zaman müttəfiqlərimizlə seçkiləri dəyərləndirəcəyik. Bu da olmasa, partiya sərbəst qaydada seçkilərə qatılmağı düşünür. Qurultayda da bizim seçkilərə tək qatıldığımız zaman hansı işlərin görülməsinin lazımlığını rayon təşkilatlarının, happy wheels demo qurultay nümayəndələrinin yeni seçilmiş məclis üzvlərinin nəzərinə çatdırdıq”.
    AG Partiya sədri Tural Abbaslı bildirib ki, yay aylarında partiyadaxili işlərlə məşğul olacaqlar:
    “Hər il Azərbaycanda yay aylarında siyasi məkanda passivlik olur. Çünki seçkilərin heç biri yay fəslinə düşmür. Həm də hakimiyyətin özü də marağında olur ki, ilin ən azı 3-4 ayını siyasi passivlik dönəmi yaşanır və rahat şəkildə öz hakimiyyətlərini davam etdirirlər. Bu il də yəqin ki, elə olacaq. Ümumiyyətlə, son 2-3 ildə Azərbaycan müxalifəti siyasətin aktivlik dərəcəsini bəlirləmir. Bunu yalnız hakimiyyət edə bilir, istəyəndə gündəm yaradır, müxalifət də bunun ətrafında aktivləşir, fəaliyyət göstərir. Demək olar ki, müxalifət hakimiyyətin siyasət oyununun əlavəsi kimi çıxış edir. Belə görünür ki, hakimiyyət öz daxili çəkişmələri ilə məşğuldur və burada müxalifətə hələ ki yer yoxdur. Ola bilər ki, həbslər olsun və bununla bağlı yay aylarında aktivlik müşahidə olunsun. Biz isə yeni yaranmış partiya kimi daha çox daxili strukturlarımızın formalaşdırılması, strategiyamızın müəyyənləşməsi, partiyanın boşluqlarının doldurulması məsələləri ilə məşğul olacağıq. Əgər siyasi məkanda nə isə qeyri-adi hal baş verərsə, biz də ona qatılacağıq. Olmayacaqsa, dediyim kimi, daxili işlərimizi görəcəyik”.
    KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, havanın partiyanın fəaliyyətinə elə də təsiri yoxdur: “Yay aylarında cəmiyyətin bütün sahələrində temp bir qədər aşağı düşür. Bu da istilərlə əlaqədardır. Ancaq bu, o demək deyil ki, fəaliyyətimiz dayanacaq. Xeyr, fəaliyyət elə əvvəlki kimi də davam edəcək. Təşkilatlanma işlərimizi, iclaslarımızı, ümumən fəaliyyətimizi nizamnaməyə uyğun olaraq davam etdirəcəyik. İstiyə, havaya uyğun olaraq fəaliyyət qurmaq doğru sayılmaz. İsti günlərdə iclasların, sadəcə, vaxtını dəyişmək olar və iş ahəngi isə dəyişməz. Hər həftə partiyanın rəhbər orqanlarının iclası keçirilib və keçiriləcək”.
    Ümid Partiyasının sədr müavini Tamilla Qulami də “Yeni Müsavat”a bildirib ki, onlar da yay aylarında passiv olmaq fikrində deyillər: “Qarşıdan seçki ili gəldiyi üçün partiyanın üzərinə düşən əsas iş təşkilatlanmadır. Növbəti il qurultayımız planlaşdırılır və buna görə də yay fəsli boyunca rayon təşkilatlarımızın konfransları keçiriləcək. Biz də partiya rəhbərliyi olaraq həmin konfranslarda iştirak edəcəyik. Yəni yay aylarında partiyamızda heç də passivlik olmayacaq”.

    Əli Rais

    Yeni Müsavat

  • ABŞ səfirinin müşaviri Sabir Rüstəmxanlı ilə görüşdü

    09 mart 2017-ci il tarixdə ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Süzan Çesli VHP-nin ofisində partiya sədri Sabir Rüstəmxanlı ilə görüşüb.
    Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi və fəaliyyəti müzakirə edilib. Həmçinin VHP-nin qadın və gənclər qolunun fəaliyyəti və imkanları barədə fikir mübadiləsi aparılıb.

  • “Əgər o, özünü Türk saymırsa bu Arif Rəhimzadənin öz işidir”

    “Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini “müsəlman” adlandırırdılar, Rusiyada isə həmin əhalini “tatarlar” hesab edirdilər. İstənilən halda, biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti “türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı”.

    Bu fikirləri Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə “KM.ru” rus xəbər portalına verdiyi müsahibədə söyləmişdi. Komitə sədrinin Rusiya mətbuatına verdiyi bu açqlama cəmiyyətdə böyük narazılığa və qalmaqala səbəb olaraq birmənalı qarşılanmayıb. Millət vəkilləri və tanınmış ziyalılar Arif Rəhimzadənin söylədiyi bu fikirlərə qarşı çıxaraq onun üzr istəməsini tələb ediblər. Lakin öz fikrini dəyişmədiyini söyləyərək:

    ”Azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir”-deyə deputat Arif Rəhimzadə ötən gün mətbata açıqlamasında bildirib.

    İnterpress.az məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxalıdan Millət Vəkilinin bu cür açıqlamasına münasibətini xəbər aldıqda dedi ki:
    “Əgər o, özünü Türk saymırsa bu Arif Rəhimzadənin öz işidir. Saymırsa qoy saymasın. Amma onun bütün millət haqqında, “Azərbaycanlılar Türk deyil” kimi ifadəsini işlətməyə qətiyyən haqqı yoxdur. Səməd Vurğunun 1930-cu ildə Stalinə oxuduğu “Rəhbərə salam” Azərbaycan şerində “Çadrasız, boyasız Türk qızlarından. Salam gətirmişəm hüzuruna mən” dedikdə görəsən kimi nəzərdə tutrdu? Azərbaycan qızlarını yoxsa Türkiyə türklərini nəzərdə tuturdu? Belə məlum olur ki, 30-cu illərə qədər neçə əsrlər boyu dahi mütəfəkirlər tərəfindən yazılmış kitablarda böyüklərimiz, millətimiz öz dilini Türk dili saydığı fikirləri yalnış imiş amma Arif Rəhimzadə doğru danışıb? Onun özü söylədiyi həmin fikirlərinə qarşı olan etirazları və iradları qəbul edib nəzərə almırsa daha ona deyəcək sözüm qalmayıb-dedi və onu da əlavə etdi ki:

    Mən Arif Rəhimzadənin həmin fikrinə qarşı öz münasibətimi mətbuatda bildirmişəm və bir daha həmin məsələyə qayıtmaq istəmirəm. Güman edirəm ki, yüzlərlə oxucuların rəylərini dinləyib, yazdıqlarını oxuyaraq öz dedikləri barədə rastlaşdığı haqlı qınaq və tənqiddən, yəqin ki, bir nəticə çıxardar. Yox əgər heç bir nəticə çıxarmayıb yenə də öz dediyinin üzərində durarsa bu yenə də Rəhimzadənin öz işidir və bu cəmiyyətin, xalqın ziyalılarının münasibətinə fikir bildirmək məsuliyyəti onun öz üzərindədir- deyərək Sabir Rüstəmxanlı məsələyə münasibətini bildirdi.

    İnterpress.az
    Aynur Arifqızı

  • Sabir Rüstəmxanlı “Mahmud Kaşqari” medalı ilə mükafatlandırılıb

    t5-1Bu gün Mahmud Kaşqari adına Beynəlxalq Fondun növbəti tədbiri keçirilib. VHP.az-ın məlumatına görə, mərasimdə ictimai xadimlər, ziyalılar, elm adamları iştirak edib. Tədbirdə görkəmli türk alimi, dilçi M.Kaşqarinin yaradıcılığı haqqında geniş məruzlələr dinlənilib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı da çıxış edərək, görkəmli türk dilçisinin fəaliyyətindən, gördüyü böyük işlərdən danışıb.

    Digər məruzçəçilər də M.Kaşqari və onun XI əsrdə yazdığı “Divani-luğat it-türk” əsərinin önəmi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən Dünya Türkləri Yazarlar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Bakıda Mahmud Kaşqariyə həsr olunan geniş beynəlxalq konfrans keçiriləcək.

    Tədbirdə 10 illik fəaliyyəti dövründə fonda mənəvi və maddi dəstək göstərən, türk dünyası qarşısında xidmətləri olan şəxslər mükafatlandırılıb. Xalq şairi Sabir Rüstəmxanlıya “Mahmud Kağqari” mükafatı verilib.

    Qeyd edək ki, “Kaşqari” medalı türk dünyası qarşısında xidmətlərə və mesenantlıq fəaliyyətinə görə təqdim olunur.

  • VHP-nin qurultayının vaxtı ertələnib

    samirasadli1“Qurultayın sentyabrda keçirilməsini nəzərdə tutmuşduq. Amma bəzi texniki səbəblərə görə işləri yekunlaşdıra bilmədik. Partiyanın qurultayının ilin sonunadək keçirilməsi haqda ilkin qərar qəbul edilib”.

    Bunu “Report”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

    O bildirib ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bölgələrdə işini yekunlaşdırıb: “Rayonların əksəriyyətində konfraslar keçirilib. İndi Bakının rayonları üzrə konfranslar keçirməyə hazırlaşırıq”.

    S.Əsədli qeyd edib ki, VHP sədrliyinə yalnız partiyanın hazırkı rəhbəri Sabir Rüstəmxanlı iddialıdır.

     

    18 iyul. REPORT.AZ