Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bölgə təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci il dönümü ilə bağlı toplantılar keçirilib.
VHP Tovuz, Yevlax, Şirvan, Biləsuvar və Goranboy rayon təşkilatlarının keçirdiyi toplantılarda Rəsulzadənin ictimai-siyasi fəaliyyəti, Cümhuriyyət dönəmindəki rolu və Azərbaycanın ictimai-siyasi fikir tarixindəki rolu müzakirə edilib.
VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu çıxışında bildirib ki, Rəsulzadə Cümhuriyyətin ideoloji-siyasi bazasının əsas banilərindən biridir: “Bu gün biz də Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir”.
VHP Yevlax rayon təşkilatının sədri Vüqar Cəfərli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biridir: “Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun taleyinin Cümhuriyyətdən sonrakı dövrü də çox keşməkeşli olub. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikirləri istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü dövlətimiz AXC-nin varisidir. Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıyıq”.
VHP Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli Rəsulzadənin Cümhuriyyət dövründəki fəaliyyəti, AXC-nin quruculuğ dövründəki işlərindən geniş bəhs edib: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan adına, həm də Şərqin ilk demokratik dövlətinin qurucusudur. Məhəmməd Əmin Rəsulzadənin keçdiyi mübarizə yolunu bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Rəsulzadənin ideoloji-siyasi sistemi yüz il sonra da aktuldır və “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı dünya siyasi sisteminin bu gün də qəbul etmək zorunda olduğu prinsipdir.”
VHP Şirvan şəhər təşkilatının sədri Aqil Vəli və VHP Biləsuvar rayon təşkilatının sədri Məharət Ağayev çıxışlarında Azərbaycan dövlətçilik tarixində Rəsulzadənin rolu və yeri barədə danışıblar. Natiqlər çıxışlarında Rəsulzadənin cümhuriyyətdən əvvəlki və mühacitdəki fəaliyyıtindən, Azərbaycan uğrunda fəaliyyətindən bəhs ediblər.





1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Digər rayonlarda olduğu kimi, Neftçalada da günahsız və əliyalın sakinlərə divan tutuldu, 2 nəfər öldürüldü, 50-ə yaxın insan həbs edildi. Yanvarın 25-də Nurəddin Ağahüseynov Neftçalanın mərkəzində şəhid olur. Sovet əsgərləri tanklarla rayon mərkəzinə daxil olarkən, onunla üz-üzə gəlirlər və Nurəddini şəxsi avtomobilində güllələyirlər.

















VHP Qusar rayon təşkilatının iclasında 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlayan xalq etirazının səbəbləri və o zamankı şəraitlə bağlı müzakirələr açılıb.
Tovuz Rayon Təşkilatının iclasında təşkilat sədri Nəsimi Tovuzlu bildirib ki, o günlərdə qeyri-adi bir milli birlik nümayiş etdirildi: “Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. 1989-cu ildı yenə də ilin sonunda AXC-nin fəaliyyəti, müxtəlif şüarları, tələbləri Moskvanı yenə yerindən oynatdı, 20 Yanvarda qırmızı ordu Bakıya daxil oldu. 20 Yanvar qırğınından sonra SSRİ-nin dağılması qaçılmaz idi. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa etdik. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər yol gəldik. Bu hərəkat SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür”.
VHP Kürdəmir Rayon Təşkilatının yığıncağında isə təşkilatın sədri Əliqulu Cəfərli çıxışında Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı: “32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Bu onu göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu”.
VHP Ağsu Rayon Təşkilatının sədri Tahir Əzimov bildirdi ki, Xalq Hərəkatı möhtəşəm bir tarix idi. Xalqımızın azadlıq, müstəqillik və ədalət hisslərinə uyğun hərəkat idi. Meydan hərəkatı daha çox Qarabağ məsələsinə görə başlamışdı və sonradan böyük xalq kütləsinin cəmləşməsi ilə azadlıq hərəkatına çevirldi. Meydan Hərəkatının əsas liderlərindən biri Sabir Rüstəmxanlıdır və biz bu gün də onun liderliyi ilə Vətəndaş Həmrəyliyi Partiyasında fəaliyyət göstəririk.