Vətəndaş Həmrəyliyi Partiyası

Category: Müsahibə

  • Azərbaycan siyasətçisindən Rusiyaya güllə kimi mesajlar

    “Azərbaycanın bu gün yaşadığı bütün problemlərin kökündə ən qatı düşmən – Rusiya dayanır”

    Vətəndaş Həmrəyliyi Partiyası Ali Məslisinin sədri, Milli Şura Koordiyasiya Mərkəzinin üzvü Azərbaycan idmançısının erməni himni çalınarkən ayaq üstə durmaması ilə bağlı facebook statusu yazıb. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq: Samboçu Bəxtiyar Abbasovun fəxri kürsüdə Ermənistan himninə həqarət etməsi müxtəlif reaksiyalar doğurub. Kimsə Bəxtiyardan az qala milli qəhrəman düzəldir, kimsə bunu səhv hərəkət hesab edir. Məni isə Bəxtiyar Abbasovun idman kodeksindən xəbərdar olub olmaması maraqlandırır. Dəfələrlə o kürsünün ən yüksək pilləsində Azərbaycan idmançısı dayanıb himnimizi çaldırıb. Kürsüdə dayanan erməni də sakitcə dayanıb qulaq asıb. Xalçanın üstündə o rəqibdir, düşmən deyil. Düşmənlə qucaqlaşıb qapışmırlar, əldə silah vuruşurlar.
    Bundan başqa, sənin düşmənin təkcə ermənimi? Bəyəm torpaqlarını erməni işğal edib? Hamımız çox gözəl bilirik ki, işğal prosesini rus həyata keçirib. Azərbaycanın bu gün yaşadığı bütün problemlərin kökündə ən qatı düşmən – Rusiya dayanır. Rusiyanın himni çalınanda oturmağa cəsarətin çatarmı? Yaxşı oğlansan turniri ud, qoyma erməninin himni çalınsın. Sən onun himninə hörmətsizlik et, bayrağına tüpür, o da sənin, nə olacaq ki.
    O sənin ərazilərinin 20%-ni işğal altında saxlayıb üstündə kef eləsin, torpağını torba ilə daşısın, sən onun hinmninə həqarət et. Bununlamı özümüzə təsəlli veririk.
    Sabah Azərbaycan Avropa oyunları təşkil edir. Erməni himnini burda çaldıranda nə edəcəyik, Şalakomu çalacağıq?
    Uduzmusan, rəqibinə hörmət et ki, sənə də etsinlər. Bu sadəcə bir idman mədəniyyətidir. Nə bir qəhrəmanlıq, nə də bir vətənpərvərlik deyil himn çalınanda çömbəlmək, əksinə zəiflik, cılızlıqdır.
    Bizimki odu söndürüb közlə oynamaq da deyil, külündə eşələnməkdir.

  • VHP sədri Sabir Rüstəmxanlı qadınları təbrik etdi

    8 mart beynəlxalq qadınlar günü münasibəti ilə VHP sədri Sabir Rüstəmxanlının təbriki.

    “Əziz xanımlar!

    Sizlərin hər birini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, ailə səadəti arzulayıram.

    Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq haqqı İslam dininin gəlişi ilə müəyyən mənada arxa plana keçsə də, Azərbaycanda bu haqq həmişə qorunub. Qadınların çadraya bürünməsi və hüquqlarının məhdudlaşdırılması İslamdan daha öncə mövcud olan ərəb cahilliyi dövründən qalma ənənələrdən xilas olmaq üçün əslində irəliyə doğru atılmış addım olsa da, bu, türk təfəkkürü üçün gerilik sayılırdı. Çünki cahiliyyə dövründə ərəb aləmində doğulan qız uşaqları diri-diri torpağa basdırılarkən, türk dünyasında qadın və kişi bərabərliyi yaşanırdı.

    “Cənnət anaların ayaqları altındadır” deyən islam peyğəmbəri də bu sözləri ilə ərəb yarımadasındakı cəhaliyyət dövrünə məxsus mənfi ənənələrə qarşı çıxırdı. İslamın ən qatı dövründə, ən sərt məqamında belə dağlarda məskunlaşan türk qövmləri qadraya bürünmədi və ağsaqqal məsləhəti kimi, ağbirçək sözü də əziz tutuldu.

    Sizlər illərlə ana dilini unudulmağa qoymadınız: sizin laylalarınız, ənənəyə bağlılığınız milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə sizi ön sıralarda görməyimiz təsadüfü deyildi.

    Hazırda da bu ənənə Azərbaycan cəmiyyətində yaşayır və istər dövlətin kadr təyinatında, istərsə də sivil toplumların içərisin fəal xanımlar yetərincədir.

    Əziz xanımlar!

    “Hər bir güclü kişinin arxasında bir qadın dayanır” sözləri təsadüfü deyil. Sizlərin görünən və görünməyən xidməti, ailə tərbiyəsindəki rolunuz, milli ruhda böyütdüyünüz övladlar və bütün çətinliklərlə bərabər, milli taleyimiz üçün ən həssas məqamlarda önə çıxmağınız millətimizi yaşadan əsas səbəbdir.

    Sizlərin hər birini bir daha təbrik edir, hamınıza xoşbəxtlik, səadət arzulayıram.

  • Ömər Məmmədov məhkəmədə ifadə verdi

    “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə keçirilən dünənki iclasda necə şərləndiyi barədə danışıb. 19 yaşlı Ömər ifadəsinin əvvəlində bildirib ki, 2 il yarımdır “NİDA” Vətəndaş Hərəkatının üzvüdür. O, Kiprdə ali təhsil almaqla yanaşı, həm də fəal olub:

    “Sosial şəbəkələrdə hökuməti tənqid edirdim, satirik şəkillər paylaşırdım, etiraz aksiyalarında iştirak edirdim…”

    Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bu yerdə Ömər Məmmədovun sözünü kəsir:

     – İttiham üzrə danış.

     Ömər Məmmədov:

    – İttihama gəlirəm, niyə tələsirsiz? Mənə verilən ittihamın kökündə dayanan məsələlərdən danışıram. Mən 2012-ci ildən başlayaraq, “facebook”dakı “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” səhifələrinin admini idim. Bunlar ən məşhur və hökuməti kəskin tənqid edən səhifələr idi. Xüsusilə “Heydər Əliyev adına Səhifə” çox məşhur idi. Buna görə “HİDA”nın iki üzvü həbs olundu. Bilirdim ki, bu səhifəyə görə nə vaxtsa məni də tutacaqlar. Kiprdə təhsil alırdım deyə, ölkədə olmurdum. Keçən ilin noyabrında anam ağlaya-ağlaya mənə zəng eləyib dedi ki, “atanı “banditizm” idarəsinə apardılar”. Bildim ki, səhifəyə görədir. Təxminən 2-3 saatdan sonra anam yenə zəng eləyib dedi ki, oradakı adamlara sənin nömrəni verdim. Az sonra “banditizm”dən bir polkovnik zəng elədi. Dedi ki, “atan yanımdadır, boynuna al ki, “AzTV-dən seçmələr” səhifəsini sən idarə edirsən. Əgər boynuna almasan, atanı həbs edəcəyik”. Doğrusu, əvvəl boynuma almadım, dedim ki, mən Kiprdə yaşayıram, burada təhsil alıram, mənim səhifə idarə eləməyə vaxtım yoxdur. Təxminən bir saatdan sonra yenidən zəng elədi. Dedi ki, “bütün koordinatlar sənə aparır, IP ünvanlar da sənə aiddir”. Bu dəfə boynuma almağa məcbur oldum. Çünki ortada atam vardı. Dedim ki, mən idarə eləyirəm, atamı buraxın, yanvarda Bakıya gələcəm, mənim özümə nə istəyirsiz, eləyərsiz. Razılaşdı. Təxminən 2-3 saatdan sonra atamı buraxdılar. Evə gələndən sonra atam “Skype”la mənimlə danışdı. Məni danladı, dedi ki, daha səhifəni idarə eləmə, təhsilinlə məşğul ol. Polkovnik də bildirmişdi ki, “səhifənin idarəçiliyini dayandırmasan, atanı həbs edəcəyik”. Ona görə səhifənin adminliyindən çıxdım, bir daha idarə eləmədim. Atam mənimlə danışanda dedi ki, gəlmə. Dedim ki, yox, gələcəm, yoxsa səni həbs edərlər. Dekabrın 31-də yenidən atamı “banditizm” idarəsinə çağırdılar. Qarşısına bir şəkil qoyublar, guya, mən sosial şəbəkədə İlham Əliyevi təhqir etmişəm. Amma belə bir fakt olmayıb. “Ksereks”dən çıxarılmış şəkil olub, düzüb-qoşublar. Atamı bir qədər saxlayandan sonra yenə buraxdılar. Atam da təkrar mənə xəbərdarlıq elədi ki, ölkəyə gəlmə, mühacirətə get. Razılaşmadım. Yanvarın 20-də Bakıya gələndə gözləyirdim ki, elə aeroportda həbs edəcəklər. Amma sakitçilik oldu. Axşam saat 6 radələrində gəlmişdim, anam qarşılamışdı. Amma yanvarın 21-də səhər saat 8-də artıq “banditizm”in işçiləri evimizə gəlmişdilər. Səhər tezdən mən yatmışdım, həyətimizdə itin hürməyindən bildik ki, kimsə gəlib. Atam çıxdı. Təxminən 10 dəqiqə onlarla danışdı. Bayıra çıxmasam da, söhbətin uzun çəkməsindən başa düşdüm ki, mənə görə gəliblər. Geyinib çıxdım, atamla birlikdə onlarla getdik. Beləliklə, “banditizm” sərgüzəştlərim başladı. Bizi ikinci mərtəbəyə qaldırdılar, məni sorğu-sual elədilər. Doğrusu, təzyiq olmadı. Mənə təklif elədilər ki, bir protokola imza atım. Guya, dayanacaqda olarkən bir maşın üstümə su sıçradıb, mən də təhqiramiz ifadələr işlətmişəm. İki-üç nəfər yaxınlaşıb sakitləşdirmək istəyib və s. Dedi ki, ya protokola imza atacaqsan, ya da cibindən narkotik çıxacaq. Mən də fikirləşdim ki, protokolu imzalamağı seçdim, fikirləşdim ki, narkotikdənsə 10-15 sutkalıq həbslə canım qurtarar. Dedilər ki, polkovnik səni çağırır. Onun yanına apardılar. Yeri gəlmişkən, evdən aparanda noutbukumu da götürmüşdülər. Mən polkovnikin yanına gedəndə artıq kompüterim hakerin əlində idi. Məndən səhifənin, “facebook”, “twitter”, hətta “instagram” parolumu istədilər, vermədim. Haker bir az əlləşəndən sonra parolları sındırdı, hətta “gmail” postuma da girib məktublara baxdı. Səhifə ilə bağlı sualları cavablandırarkən dedim ki, noyabrdan idarə eləmirəm, parolu yadımdan çıxıb. O səhifəni saxta profildən idarə edirdim. Həmin profili tapıb parolunu sındırdılar, içinə girəndə “bandotdel”in işçiləri bildilər ki, “Heydər Əliyev adına Səhifə”ni də idarə eləyənlərdən biri mən olmuşam. Polkovnik bunu biləndə dedi ki, “mən bu səhifəyə görə iki nəfəri həbs eləmişəm”. NİDA-çılar Məmməd Əzizov və Bəxtiyar Quliyevin adlarını çəkdi. Dedim ki, onlar həbs olunsalar da, çöldə xeyli NİDA-çılar var. Gülümsədi, dedi ki, cibində narkotik var? Dedim ki, mən ölkəyə dünən axşam gəlmişəm, bu gün səhərdən də buradayam, məndə necə narkotik ola bilər. Bundan sonra general zəng eləyib çağırtdırdı, atamla birlikdə onun yanına getdik. Adını bilmirdim, sonradan bildim ki, Mirqafar Seyidovdur. Qayıtdı ki, “birlikdə möhtərəm prezidentimizin uğurlu siyasətini davam etdirməliyik, sən də cavan oğlansan, təhsil alırsan, bəlkə gələcəkdə hansısa vəzifə sahibi olarsan”. Dedim ki, mən doğru nədirsə, onu eləyirəm. Atamın yanında çox təhqiramiz ifadə işlətdi. Dedi ki, “səni idarənin zirzəmisində butılkaya oturdarıq, atan da baxa-baxa qalar”. Ağlıma gətirməzdim ki, bir idarənin rəisi belə fikirlər səsləndirsin, özü də atanın gözü qarşısında. Güldüm. O da əsəbindən qayıtdı ki, “rədd ol”. Atam 20-30 saniyə içəridə qaldı, bilmədim ki, o müddətdə nə danışdılar. Yenə getdik polkovnikin yanına. Orada parollarla bağlı söhbət oldu. 2-3 saat onun yanında qaldıq. Hətta polkovnik oxumaq üçün mənə Heydər Əliyevin kitabını da verdi. Saat 6 radələrində general polkovnikə zəng elədi, nə dediyini bilmirəm, amma o zəngdən sonra buraxdılar. Həmin gün deyəsən, Daxili İşlər Hazirliyinin kollegiya iclası vardı, başları qarışıq idi, yəqin, fikirləşdilər ki, buraxaq, işini sonra bitirərik. Atam sevindi ki, buraxıldıq. Amma mən bilirdim ki, əl çəkməyəcəklər. Onu da bilirdim ki, bütün bloggerləri narkotiklə tuturlar, mənə də bu ittihamı verəcəklər. Yanvarın 24-də saat 12 radələrində Hərimanovdakı stomotoloji klinikaya getdim. Mən həkimin yanında olanda bir nəfər 3 dəfə qapını açıb-bağladı, mən onda şübhələndim. Saat 1 radələrində oradan çıxanda 3 nəfər mənə tərəf qaçmağa başladı. Dostuma zəng eləmək istədim, çatıb telefonu əlimdən aldılar. Əllərimi qandallayıb, başımı aşağı əyib maşına oturtdular. Əlimdə kitab vardı, onu da aldılar. Heç nə demədən başıma, böyrəklərimə vururdular. Başa düşdüm ki, gözlədiyim baş verdi. Harkotiklərlə Mübarizə İdarəsinə apardılar. Həmin vaxt üzümdə saqqal vardı, başladılar vəhhabi damğası vurmağa. Dedilər, vəhhabisən, narkotik alverilə məşğulsan. Əllərim qandallı oturmuşdum, gətirildiyim idarənin adını da bilmirdim. Oturandan sonra da döyməyə başladılar. Bir qədər sonra hal şahidinə zəng elədilər, o da gəlib digər hal şahidini çağırdı. Əvvəl siyasi məhkəmələrdə olmamışdım deyə, bilmirdim ki, bunlar “paykovoy” şahidlərdir. İkinci hal şahidi də ağırdan kəm idi, yolu tapa bilmirdi, ona görə nə qədər onu gözlədilər. Bəlkə başqa yerdə də şahidlik eləyirdi. Gəlib çıxandan sonra məni döyən əlini salıb cibimdən bir büküm çıxartdı. Bilmirəm ki, onu əlini cibimə salanda qoymuşdu, yoxsa yolda maşında məni döyəndə. Harkotiki çıxaranda gülümsündüm, çünki şübhələrim özünü doğrultmuşdu. Sonra “paykovoy” vəkilə zəng elədilər. Dedim ki, öz vəkilim var, əhəmiyyət vermədilər. O da gəldi, sənədləri imzaladı. Hal şahidləri də imzalayıb gedəndə məni tutanlardan biri onlarla çıxdı, başa düşdüm ki, gördükləri işə görə onlara pul verir. Yenə məni döyməyə başladılar. Vəziyyətim pis idi, yerdə iməkləyə-iməkləyə qalmışdım. Döydülər ki, döyməkdən bir iş çıxmır, atamla hədələdilər. Dedilər ki, atanın iş yerini bilirik, əməkdaşlar da hazırda xəstəxananın qarşısındadır, boynuna almasan, atanı həbs edəcəyik. Məcbur olub boynuma aldım. Sonra məni Nərimanov rayonundakı müvəqqəti saxlama təcridxanasına apardılar. Orada hətta yataq da yox idi, paltomu başımın altına qoyub yatırdım. Səs-küy saldım ki, məni istintaq təcridxanasına aparsınlar. Müstəntiqlə görüşəndə dedim ki, siyasi fəaliyyətimə görə həbs olunmuşam. Orada vəziyyətim son dərəcə ağır idi, amma yardım göstərən bir adam yox idi. Müstəntiq diqtə elədi, mən də yazdım, guya, narkotiki Keşlədə tanımadığım adamdan almışam. İstəyirdim ki, nə olursa olsun, tez Kürdəxanıya köçürülüm. Fikirləşdim ki, bəlkə orada həkim oldu. Ora hal şahidlərini də gətirmişdilər. Şahidlərdən biri məni kameranın çəkmədiyi hissəyə çağırıb başladı ki, “sən Əli Kərimlinin adamısan?” Ötən məhkəmə iclasında hakim məndən soruşdu ki, işgəncələrlə bağlı kiməsə şikayət etmisənmi? Təcridxanada sənə həkim yardımı göstərilməsi, şikayətlərinə əhəmiyyət verilməsi üçün ya qapını sındırmalısan, ya da damarlarını kəsməlisən, siz oranı təsəvvür edə bilməzsiz”. Ömər Məmmədov daha sonra vəkilinin suallarını cavablandırdı.

    Məhkəmə prosesi mayın 29-da davam edəcək.

    Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  və N!DA Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir.  Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

  • Sabir Rüstəmxanlı partiya sədrliyindən gedəcəyini bəyan etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı APA-ya müsahibəsində növbəti qurultayda partiya sədrliyindən getmək niyyətində olduğunu açıqlayıb. S.Rüstəmxanlı partiyanın sədri postunda hansı meyarlara cavab şəxsin əyləşməsini istədiyini də bəyan edib: “Mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm.

    Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb.
     Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm”.
    VHP sədri siyasətdən də gedib-getməyəcəyi barədə də danışıb: “Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır. 
    Yəni mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm”.
    Qeyd edək ki, VHP rəhbərliyində ən aktiv şəxs Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidir. Onun sıravi üzvlükdən partiyanın mühüm postuna qədər gəlib çıxmasında şəxsi fəallığı ilə yanaşı Sabir Rüstəmxanlının da dəstəyinin rol oynadığı bildirilir. Bu baxımdan Samir Əsədlinin VHP sədri olacağı da istisna edilməyən variantlardan sayılır. Samir Əsədli “Yeni Müsavat”a açıqlamasında S.Rüstəmxanlının postundan getməsinə qarşı olduğunu bildirdi: “Mən Sabir Rüstəmxanlının müsahibəsini oxuyandan sonra Sabir bəyə zəng etdim və sədlikdən getmək istədiyi barədə söylədiklərini qəbul eləmədiyimi, onun sədrlikdən getməsinə qarşı olduğumu söylədim. Mən Sabir bəyə açıq şəkildə dedim ki, bu açıqlamanızı qəbul etmirəm, hesab edirəm növbəti qurultayda da siz partiyanın sədri seçilməlisiniz.
     Çünki onun partiya sədri kimi qalması bizim üçün vacibdir. Amma Sabir Rüstəmxanlı sədrlikdən getsə belə, partiya artıq oturuşmuş bir quruma çevrilib, Sabir Rüstəmxanlı partiyanın əsasını elə qoyub ki, bu partiya heç vaxt parçalanmaz. Partiya böyüyür, yenilənir. Təbii ki, Sabir Rüstəmxanlı da nə vaxtsa VHP sədrliyindən gedəcək. Bu, təbii olan bir şeydir. Əgər Sabir Rüstəmxanlı növbəti qurultayda sədrlikdən getsə, partiyada kifayət qədər kadr var ki, Sabir bəyin dediyi o meyarlara cavab verir və partiyanı idarə edəcək səviyyədədirlər. Məsələn, Ali Məclisin sədri Rafiq Manaflını, Əlövsət Əliyevi, həmçinin özümü də o meyarlara uyğun hesab edirəm. Özümü də iddialılar sırasında sayıram. Təbii ki, Sabir Rüstəmxanlı sədrliyə namizəd olmayacağı halda. Partiyada digər iddialılar da var. Cəmiyyətdə tanınmayan VHP üzvləri də var ki, partiyanı idarə edəcək potensiala malikdirlər. Partiyamızın nizamnaməsi istənilən partiya üzvünə sədrliyə namizədliyini vermək hüququnu tanıyır”. 
    S.Rüstəmxanlı isə dünən hafta.az-a açıqlamasında bildirib ki, onun yerinə kimin gələcəyi qurultayın işindən asılı olacaq: “Yerimə gələcək şəxsin gənc olması vacib deyil. Partiyanı idarə edə bilən orta yaşlı biri də ola bilər. Mənə görə gənc ola bilər. Amma həmin şəxs 50 yaşında da ola bilər”. 
    VHP-nin növbəti qurultayının bu ilin sonunda keçiriləcəyi gözlənilir.
    Etibar SEYİDAĞA