Vətəndaş Həmrəyliyi Partiyası

Category: Müsahibə

  • “İcra başçısı tanıyıram, çoban rayonu ondan qat-qat yaxşı idarə edər”

    Strateq.az-ın budəfəki müsahibi cəsarətli qələmin, kəsərli sözün ucaltdıqlarındandır – Azərbaycanın xalq şairi, tanınmış yazıçı-publisist, 25 il Azərbaycan parlamentinin deputatı olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı… Ötən ay 71 yaşını haqlamış bu ziyalı-siyasətçimizlə hakimiyyətin ona olan soyuq münasibətindən tutmuş, son günlərin əsas problemlərinədək, bir çox məsələlər barədə söhbətləşmişik.

    – Sabir bəy, çoxdandır görünmürsünz? İctimai planda, sanki, arxaplanakeçmisinizGörünməyə ehtiyac duymursunuz?

    – Mən öz yaradıcılıq mühitimdə, başçılıq eldiyim siyasi partiyada, Dünya Azərbaycanlıları Konqresində varam və əvvəlki vaxtlardan daha çox görünürəm. Ümumi siyasət meydanında az görünürəm, çünki belə bir meydan yoxdur.

    Paradoksal məqamlar da var: bizim görünə biləcəyimiz yerlərdə əvəzimizə başqaları görünür. Azərbaycan mədəniyyət xadimlərinin, böyük yazıçılarımızın, bəstəkarlarımızın yubileyləri keçirilir, heç birinə dəvət olunmuruq. Desəm ki, bəlkə, müxalifət olduğuma görə dəvət edilmirəm, düz olmaz. Elə deyil. Bakıda bu yaxınlarda Beynəlxalq Humanitar Forum keçirildi. Azərbaycanın milli humanitar fikrinin inkişafında, hər halda, müəyyən zəhmətimiz var. Amma qəribədir ki, Humanitar Foruma dəvət edilmədim. Yazıçı Çingiz Abdullayev deyir, onu da dəvət etməyiblər, bir çox tanınmış yazıçılarımıza da “ehtiyac olmayıb”.  Forumdan çəkilişlərə baxdım. Vəzifə sahiblərinin arvad-uşaqları, tanımadığım adamlar oturmuşdu orada. Mən, hər halda, ölkədə humanitar fikrin daşıyıcılarını tanıyıram…

    Bilmirəm, bəlkə, hesab edirlər ki, biz muxalifətçiyik və görüşlərdə olsaq, iqtidarın əleyhinə nəsə danışa bilərik? Ancaq unudurlar ki, o yerlərdə iqtidar yox, dünyada gedən humanitar proseslər müzakirə edilir. Biz isə Azərbaycanın mövqeyini istənilən iqtidar nümayəndəsindən daha ciddi və arqumentli şəkildə, dövlətimizin, milətimizin xeyrinə təqdim edə bilərik.

    Foruma gələn qonaqlar şablon, əvvəlcədən hazırlanmış çıxışlarla əsil humanitar mövqeyi bir-birindən yaxşı ayıra bilirlər. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, əsil humanitar fikrin, əsil ziyalı fikrinin bir özəlliyi də müxalif mövqeyi ilə yenilik axtarışlarını, həqiqət axtarışlarını şərtləndirməsindədir.

    – Dəvət edilməməyinizin səbəbləri ilə maraqlanmısınız?

    – Maraqlanmıram. Hər halda, əgər elə hesab edirlər ki, Azərbaycanın böyük şairlərinin yubileyində o yubileyi təşkil edənlərin qohum-əqrabaları, idarə işçiləri, şəxsin kimliyini belə bilməyən adamlar iştirak etməlidir, onda qoy keçirsinlər. Mən belə məsələlərin həsrətini çəkmirəm. Sadəcə məsələyə yanaşmanın doğru olmadığını demək istəyirəm. Problem budur.

    Bizim gənclyimizdə cəmiyyətlə yazıçı arasında sıx əlaqələr vardı. Hər gün böyük zavodlarda, fabriklərdə, yataqxanalarda, ali məktəblərdə görüşlərimiz keçirilirdi. Belə görüşlərə bu gün də ehtiyac var, millətin ləyaqət hissini, millətin döyüş ruhunu gücləndirmək gərəkdir. Bunun indiki iqtidara heç bir ziyanı ola bilməz.

    Azərbaycan müstəqil olandan sonra, demək olar ki, mən heç bir universitet auditoriyasında görünmürəm. Mən yazıçıyam, şairəm, oxucularla görüşməliyəm. Bu necə olur: başqa ölkələrdə oxucularla görüşlərimiz keçirilir, amma Azərbaycan oxucusu ilə ünsiyyət qura bilmirik. Ali məktəb auditoriyalarını əlimizdən alıblar. Təhsil Nazirliyi yaxşı bir qərar verib: orta məktəblərdə kitab oxuma vərdişləri  gücləndirmilədir, yazıçılarla əlaqələr qurulmalıdır… Görüş üçün bir-iki orta məktəbə çağırıblar. Amma ali məktəblər, elə bil, rektorların malikanələridir. Kənar adamları  buraxmırlar.

    Sovet vaxtı eyni gündə 2-3 yerdə görüşlər keçirilirdi. Bu görüşlər milli ruhun güclənməsinə ciddi təsirlər göstərirdi. Ədəbiyyat ölkənin tarixini və bu gününü anlamağa, gənc nəslin tərbiyəsinə  kömək edən bir gücdür. Cavanlardan soruşanda “nə oxuyursan?”, cavabında dünya ədəbiyyatından misal çəkirlər. Amma Azərbaycan ədəbiyyatından yox… Niyə? Bilərəkdənmi Azərbaycan ədəbiyyatını gözdən salmaq istəyirlər?! Nə üçün Azərbaycan ədəbiyyatı ilə gəncliymiz arasında divar çəkirlər?! Televiziyada epizodik çıxış edirik. Kimdi ona baxan? Camaat bu gün şoulara, seriallara  baxır. Efirdə qısa görüşlərin ciddi izi qalmır.

    – Hesab edirsiniz ki, yazıçılar, ziyalılar xalqdan ayrı düşüb?

    – Bəli, ziyalılarla xalq arasında ayrılıq var. Mövqeyimizi görmürlər, çıxışlarımızı eşitmirlər. Camaatla ünsiyyətimiz zəifləyib. Bu səhvdir.

    – Demək isəyirsiniz ki, məmur sözü ilə yazıçı sözünün təsiri eyni tutula bilməz?

    – Məmurun ayrı dili var, şairin, yazıçının ayrı. Məmurun dediyinə xalq şübhə ilə yanaşa bilər, amma yazıçı, şair sözünə xalq inanır. Məmurun boş-boş tərifindənsə, yazıçı çıxışı daha təsirlidir. Ola bilsin ki, həmin çıxışda müəyyən tənqidlər səslənsin, amma bütün hallarda belə çıxışlar dövlətin mövqeyini, indiki durumunu daha yaxşı başa salar, xalqı dövlətin ətrafında daha sıx birləşdirər… Bir də -mənim vətənimdə qapılar mənim üzümə niyə bağlanmalıdır? Heç sovet dövründə belə ali məktəb qapıları üzümə bağlanmayıb. İndi niyə belə olmalıdır?

    – Siyasi təcrübəniz kifayət qədərdir. Necə düşünürsünüz, bu konkret məmur kaprizidir, yoxsa ümumi siyasi dövrün gətirdiyi bir imperativdir? Bəlkə, doğrudan, ziyalı sözünə ehtiyac duyulmur? Bu barədə hansı qənaətləriniz var?

    – Mən bunu heç kimlə müzakirə etməmişəm. Heç etmək  niyyətim də yoxdur. Görürəm ki, bizdə iqtidar öz çevrəsində öz ziyalısını, öz şairini, yazıçısını –  özünə sərf edən şəkildə danışan, onun dediyi yalana da, doğruya da boyun əyən müti təbəqə yaratmaq istəyir. Sanki iqtidar onların laylasında özünü daha rahat hiss edir.

    – Burada qəribə heç nə yoxdur. Bütün hakimiyyətlərin belə siyasəti olub…

    – Hə, dünya yaranandan belə olub. Amma yanlış yoldur. Axı həmin o layla deyənlərin mövqeyi nəticə etibarilə milli dövlətçiliyimzə, tariximizə ziyan vurur. Məncə, əsil ziyalı həmişə sözün düzünü deməlidir: dəxili yoxdur, iqtidarın xoşuna gələr, ya gəlməz. Ziyalı öz şəxsi maraqlarının yox, milli ruhun daşıyıcısıdırsa, o, hər şeyi doğru deməlidir. Buna görə o, döyülər, əziyyət çəkər, amma vaxt gələr, görərlər ki, onun dediyi söz düzdür. Bu mənada gördüyüm həqiqətlərin qəbul olunduğu yerdə varam, ona ehtiyac yoxdursa, onda mən sakitcə oturub öz işimi görərəm.

    – Cəmiyyətin bugünkü vəziyyəti Sizə necə təsir bağışlayır? Hansı problemlər Sizi daha şox narahat edir?

    – Məni ən çox narahat edən cəmiyyətdə qütbləşmənin, ziddiyyətlərin çoxalmasıdır. Yeni sistemdən, bazar iqtisadiyyatından danışırıq, amma ölkədə bazar iqtisadiyyatı yoxdur;  müəyyən adamların idarə etdiyi bazar azad bazar deyil. Digər tərəfdən, milli dövlətin ən böyük gücü vətəndaşların birliyi və həmrəyliyidir. Xalq öz dövləti ətrafında sıx birləşməlidir. Amma təəssüf ki, bu gün siyasət sanki qəsdən elə yürüdülür ki, cəmiyyətdə milli dövlətə olan inam və sevgi azalsın. Camaat desin ki, “əşi, nəyimə lazımdır belə müstəqilik?”. Adamlar məni küçədə saxlayıb soruşurlar ki, “Bəs o meydanlara niyə çıxmışdınız?”, “O boyda əziyyət çəkdiniz, amma müstəqil dövlətdə siz görünmürsünz. Sizinlə görüşmək istəyirik”… Əlbəttə, mən onlara cavab verib deyirəm ki, problemlər keçicidir, əsas odur ki, azad və müstəqil dövlətimiz, bayrağımız var. Onda da qayıdıb deyirlər ki, “axı dövlət məni müdafiə edə bilmir? Torpağım işğal altındadır, öz vəziyyətiz də çox ağır”…  Belə deyirlər adama… İnsanlarda SSRİ-nin xiffəti yaranıb, “rahatca yaşayırdıq da…” deyirlər.

    Əlbəttə, sovet dövrü ilə müqayisə aparan insanı tərəddüd boğur. O  zaman bir ümid vardı ki, müstəqil dövlətdə daha yaxşı olacaq.  “Ömür kitabı”nı yazanda bu xalqı dəyişəcəyimizə, milləti xarici müstəmləkəçilərin aşağılamağından qurtaracağımza ümid vardı bizdə… Mən də indi fikirləşirəm. Ömrümün bu vaxtında necə saxtakarlıq edim? Nə deyim ona? Bir bəhanə tapıram, təsəlli verirəm, ümid verirəm, amma içimdə narahatam. Görürəm ki, bir çox şeylər dağılıb. Cəmiyyət parçalanıb, sevgi, insanların bir-birinə inamı azalıb. Laqeydlik baş alıb gedir. İnsanın öz dövlətinə, məmuruna olan etibarı, sevgisi azalır. Vətəndaş məmura inanmalıdır.  Bu, böyük bir nəslin qanla qazandığı dövlətin məmurudur, dövlətə xidmət etməldir. Məmuru təhqir edirlər, aşağılayırlar. Çünki özü öz əməlləriylə haqq verir. Bunun səbəbləri aydınlaşmalıdır. Müxalifət düşərgəsinin parça-parça olması göz önündədir. İqtidarla müxalifət arasında elə bir ziddiyyət yaradıblar ki, bəlkə, heç düşmənlə belə münasibət yoxdur…

    – Amma hər halda vətəndaş ümidini də kəsməyib. Baxın, dövlət məmurlara yaxın bir sıra müəssələrin pis idarəetmə nəticəsində yaranmış milyardlarla borcunu ödəyir, amma devalvasiya nəticəsində kredit borcunda boğulan sadə vətəndaşına əl uzatmır. Vətəndaş bunu görür, amma qəzəbli reaksiya da vermir. Yəni, belə baxanda, Azərbaycan cəmiyyəti çox tolerantdır. Belə görünür, cəmiyyətin dövlətə və iqtidara etimadı hələ çoxdur…

    – Təbii, dövlətə inam limiti hələ tükənməyib. Səbəblərdən biri budur. İkincisi, cəmiyyətdə öz dövlətinin məsuliyyətini duymaq hissi tamamilə yox olmayb. Çağdaş tarixdəki hadisələrə baxın: illər ərzində müşahidə olunan bir ssenari təkrarlanır. Xüsusən enerjinin bol olduğu islam ölkələrində tez-tez rast gəlinir. Yeni qurulan, zəif ölkədə normal bir seçki olur, hakimiyyət qurulur. Bundan sonra beynəlxalq güclər maraqlı olur ki, bu dövlətlərdə avtoritarizm, xalqla hakimiyyət arasında ziddiyət güclənsin. Həmin dövr ərzində də hakimiyyətin sərvəti xarici banklara yığılır. Bundan sonra həmin ölkədə bir daxili savaş salınır. Hakimiyyət dağılır, pullar batır, keçir beynəlxalq maliyyə mafiyasının əlinə… Bu, bir ssenaridir. Bir çox ölkələrin başına gətirilib. Bunu görə-görə müsəlman ölkələri yenə o bataqlığa gedirlər. Azərbaycan cəmiyyətində bunu başa düşənlər çoxdur. Bizim cəmiyyət həmin bəlanın bizim də başımıza gəlməsini istəmir:  “rəngli inqilab” olsun, daxili didişmələr başlansın. Küçəyə çıxıb baxın: nə qədər narazı adam var. Amma bir mitinq olanda orada 3-4 mindən artıq adam gəlmir. Bu o demək deyil ki, hamı hər şeydən razıdır. Sadəcə ölkədə münaqişənin olmasını, sabitliyin dağılmasını istəmirlər. Ümidləri var ki, ölkənin problemləri həll olunacaq. Bu, böyük bir məsələdir. Bəzən yazırlar ki, iqtidar müxalifəti məhv edib. Təbii, hazırda müxalifət seqmenti çox zəifləyib. Biz bunu görürük. Amma küll halında müxalif düşüncə sahiblərini axı məhv eləmək olmaz. Bu, xalqın bir hissəsidir. Türkiyədə hamı gördü də, seçkidə xalqın yarısı iqtidarın əleyhinə səs verdi. Müxalifəti məhv eləməklə öyünmək lazım deyil. Ölkənin normal, sözü ədalətlə, düz deyən, düşmənçilik etməyən müxalifətə ehtiyac var.

    Belə bir fikir də yayırlar ki, indiki hakimiyyət alternativsizdir. Bu da yalnış fikirdir. “Bizdən başqa heç kim yoxdur” tezisi düzgün deyil. 10 milyonun içində idarəçiliyə çəlb etmək üçün 500 nəfər tapmaq mümkün deyil, yəni? İndiki müxalifətin içindən 4-5 hökümət çıxartmaq olar. Artur Rəsizadənin rəhbərlik elədiyi hökumətin kadrlarını daha uğurlu adamlarla əvəz eləmək olar. Lakin dediyim hökuməti yarada biləcək qüvvələr param-parçadır. Bu da bir siyasətdir. Xaricdən və daxildən idarə edilir.

    – Kənar qüvvə təsiri nə qədər inandırıcıdır? İndi sosial sahədə baş verənləri axı xarici qüvvə ilə izah etmək olmaz. Bəs cəmiyyətin bütün təbəqələrinin məsuliyyəti olmalı deyil?

    – Mən deyirəm ki, ümidsiz olmayaq, “bu cəmiyyəti idarə edən başqa qüvvə yoxdur” tezisi doğru deyil. Mən “xarici qüvvələr” ona görə deyirəm ki, biz təcrid olunmamışıq. İran, Avropa, Rusiya öz marağına uyğun, çox ciddi şəkildə, cəmiyyətin içində işləyir. Problemlərin bir hissəsi də bəzi idarəçilik mexanizmlərinin düzgün olmamasından irəli gəlir. İdarəçilikdə bir çox yanlışlıqlar və boşluqlar var. İdarəçilikdə vakuum olmaz.  Boşluq olan kimi, oranı əyrilik tutacaq.

    Mən nazir işləmişəm, çoxlarını tanıyıram. Məşədi İbadın sözü olmasın, mən bilmirəm, Azərbaycan prezidenti bəzilərini nəyə görə işdə saxlayır? Neçə il biz Milli Məclisdə dedik ki, kənd təsərrüfatına diqqət artırılsın. Bu ildən başlayıblar. Amma bunu 10 il əvvəldən etmək olardı. İndi bəzi sahələrdə islahat adı ilə gedən proseslər yanlışdır. Hamısını demirəm. Məsələn, “ASAN Xidmət” çox uğurlu bir layihədir. Amma bu gün rayonlarda mədəniyyət şöbələrini birləşdirirlməsi yanlış addımdır. Yardımlının ucqar kəndində yaşayan bir kitabxanaçı arayış almaq üçün durub gəlməlidir Masallıya. Bəziləri daha uzağa gedirlər. Azərbaycanın dağ rayonlarını saxlayan, camaatın köçməsinin qarşını alan mədəniyyət şəbəkəsini dağıtmaq yox, qorumaq, yaratmaq  lazımdır.  Sən mədəniyyət şöbələrini birləşdirmisən, kənd kitabxanalarının yarıdan çoxu ixtisara düşüb, admalar işsiz qalıb. Kəndin eltasını da müəliim, həkim, kitabxanaçı, mədəniyyət evinin işçisi təmsil edir. Bunlar kəndin özəyidir. Bizə mədəniyyət lazım deyil? Əksinə, kəndlərdə mədəniyyət şəbəkələrini genişləndirmək lazımdır. Mədəniyyətlə bağlı ayrılan  büdcə onsuz da çox aşağıdır. İndi onun ixtisarı nə verə bilər? Rayonda ayrı-ayrı idarələr – qaz, maliyyə, sosial və s. idarələri  varsa, niyə mədəniyyət şöbəsi ayrı rayona tabe edilməldir?

    Dəyişilməli olan başqa şeylərdir. İcra başçıları köhnə “raykom” katiblərinə bənzəyirlər, amma əllərində onların səlahiyyəti yoxdur, bələdiyyənin səlahiyyəti tam müəyyən edilməyib…

    – Sovet vaxtı raykom katibi siyasi post idi və ora siyasi cəhətdən ən hazırlıqlı adamlar təyin edilirdi. İndi KİV-də ayrı-ayrı icra başçıları barədə o qədər xoş olmayan məlumatlar yayılır,  tənqidlərin arası kəsilmir.  Siz bu tənqidlərlə razısınız?

    – İcra başçıları arasında layiqli və işləyən, qurucu  başçılar var. Məhz onların sayəsində rayonarın bir çoxunun siması, doğurdan da, xeyli dəyişilib. Yerdə qalanları, şübhəsiz ki, o posta layiq deyillər. Bir müddət onların ayıbını ölkənin maliyyə imkanlarının genişliyi örtdü. Ölkədə pul çox idi və prezident rayonlara istənilən qədər maliyyə ayırırdı. Səriştəli icra başçıları o pulu daha səmərəli sərf edə bilərdilər. Çünki hər bir rayonda görüləsi saysız-hesabsız işlər var. Başqa problem nədir? Qohum icra başçıları şəbəkələşiblər. Bu da doğru deyil. Onlardan bəziləri Azərbaycan mədəniyyətinin inkişafında heç maraqlı deyil. Mən bir rayon icra başçısını tanıyırdım. Aramazıda söhbət zamanı baxdım ki, o rayonda olan çobanlar rayonu ondan yaxşı tanıyır, ondan yaxşı işləyər. Kadr məsələləri çox həssas detaldır.

    Dünyada, ölkədə vəziyyət mürəkkəbdir. Bizim Qarabağ problemimiz var, ölkə olaraq isə sanki yelçəkərdə oturmuşuq. Bu dövləti böyüklərimiz çox çətinliklə qurdular. Hər tərəfdən təzyiqlərlə üzləşmişdik, indi də bu davam edir. Mən yüksək vəzifə sahiblərinə qibtə etmirəm. Çox çətindir. Bütün bu dediyim şeylərin hamısını da prezident görməli deyil.

    Yeni nəslə hakimiyyət idarəçiliyində özünütəsdiqə şərait yaratmaq lazımdır. Bu istiqamətdə addımlar atılır. Mən Yardımlıda bir məktəb direktoru ilə söhbət edirdim. Dedi: “Sabir müəllim, bu cavan müəllimlərə tapşır, məni incitməsinlər, deyirlər daha bəsdir işlədin, çıx direktorluqdan”. Soruşdum ki, “neçə ildi direktor işləyirsiniz?”  Dedi, 53 ildir. Dedim “ay ağsaqqal, bəs deyil? Bu uşaqların içində də istedadlılar var, qoy onların da özlərini göstərməyə şansları olsun”.  53 il bir yerdə oturmaq olmaz da. Bank sektorunda, “ASAN Xidmət”də elə gözəl, savadlı, tərbiyəli gənclər görürəm ki… Adamın ürəyi açılır. Qoy işləsinlər, mənsəbə çatsınlar. Bizm bəlamız odur ki, məmurlarımızın çoxu insanlara çöp kimi baxır. Biri azaldı, ya getdi, özünü asdı… – fərq eləmir onlara.

    – Cəmiyyətdəki biganəlik probleminə toxundunuz. Bizim cəmiyyətin güclü vaxtları da olub. Amma bu gün çox asanlıqla dövlətin, ölkənin tarixi şəxsiyyətlərinə, hörmətli şəxslərinə yönəlik açıq təhqirlər səslənir. Bunları statusu olan şəxslərin dilindən də eşitmək olur. Deputat Araz Əlizadə  Rəsulzadəni “heç kim” sayır, digər həmkarı başqa ittiham səsləndirir. Halbuki, 10 il əvvəl buna rast gəlinmirdi…

    – 30  il əvvəl milli müstəqillik əleyhinə danışanları, tarixi şəxsiyyətlərimizə dil uzadanları daş-qalaq edərdilər. İndi buna təəccüblənmirlər. Məncə, bir xalqı 10 ilin ərzində qəhrəmana da çevirmək olar, köləyə də. Dövlətin bu barədə ciddi siyasəti  olmalıdır. Təəssüf ki, indi bizdə aşınma prosesi gedir. O adamlara gəlincə, təəccüblənmirəm. Sosial-demokratlardan nə gözləyəsən? Şaumyanın yanında qulbeçə olublar. Azərbaycanda özlərinə sosial-demokrat deyənlər elə bilirlər ki, həmişə ya rusun quyruğunun altında olmalıdırlar, ya da Avropanın…. Milli xəyanət bunların canında və siyasətindədir.

    – Cəmiyyətin milli-ideoloji atributların təhqir olunmasına, gözdən salınmasına qarşı təpkisinin zəif olması barədə qənaətləri bölüşürsünüz?

    – Onların arxasında kim dayanır, onları axtarmaq lazımdır. Cəmiyyət kifayət qədər reaksiya verir. Sosial mediada bir yazıya 500 söyüş, etiraz yazılır… Və ya  ermənilərlə əməkdaşlıq edənlər, onlara yardım edənlərin arxasında kim dayanır? Kim maliyyələşdirir onları? Cəmiyyətdə bir biganəlik sindromu tərbiyə olunur. Biganəliklə sabitlik səhv salınır. Amma nəzərə almırlar ki, bu biganəlik vətənin müdafiə məsələsinə, milli xarakterin formalaşmasına təsir edə bilər; yeni bir manqurt insan kütləsinin yaranmasına gətirib çıxara bilər. Milli laqeydlik və biganəlik qədər böyük faciə yoxur. Təəssüf ki, indi elə adamlar önə çəkilir. Məsələn, bizim jurnalistika sahəsinə baxaq: təzə qurumlar yaranıb, rəhbərləri var. Mən o adamlar o qurumlara seçilənə qədər  heç bir sətir yazılarını oxumamışam. Onların jurnalistikada xidmətləri varmı? Necə oldu? Hardan gəldilər? Mən 50 ildən çoxdur jurnalistikadayam. Azərbaycanın ilk demokratik qəzeti olan “Azərbaycan”ı mən buraxmışam. Jurnalist tədbirlərinə dəvət olunmuram. Heç soruşan yoxdur ki, bəlkə, sən də bir söz deyəsən? Təbii ki, bu sahəyə cavan adamlar gəlməlidir. Amma bu cavanların heç olmasa bir-iki normal yazısı da olmalıdır.

    – Azərbaycan-Ermənistan Sülh Platformasına münasibətiniz necədir?

    – Məncə, məsələyə yanaşma əvvəldən bir az yanlış olub. Hamı deyir ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması… “Sülh yolu ilə həll” nə deməkdir? Rus dilində “reşeniye problem mirnım putyom” sözü “münaqişənin dinc yolla, danışıq yolu ilə həlli” deməkdir. “Dinc yolla həlli”ni ediblər “sülh yolu”. Sülh sonda gəlinən nəticədir. Nə vaxt torpaqlarımız düşməndən təmizlənəcək, oturub kağız üzərində anlaşma yapılacaq, onda sülh əmələ gələcək. İndi hələ torpaqlarımız işğal altındadır, gündən-günə də erməni aqressiyası artır. Azərbaycana təzyiq getdikcə daha da çoxalır. Öz içimizdəki ziddiyyətlər dərinləşir. Hansı sülhdən danşmaq olar? Bu gün qəzetlərdə oxuyuram: “Bakıda məcburi köçkünlər üçün çoxlu evlər tikiləcək”. Ay  qardaş, qaçqınlar üçün Bakıda niyə ev tikirsən?  Abşeron Nuhun gəmisidi, bata bilər… Evi apar dağ rayonlarında tik. Qoy iş yerləri də artsın. Apar evləri Qarabağın sərhəd boyu yerlərində tik. Təmas xətti boyunca tik. Heç olmasa orda evindən çıxanda işğalda olan yurdlarını görə bilsin. Bu nə siyasətdir? Başa düşə bilmirəm.

    Qaldı ki, Sülh Platformasına, deyim ki, Dağlıq Qarabada yaşayan ermənilər bizim vətəndaşlardır. Azərbaycan onlar üçün daima bir cazibə mərkəzi olmalıdır. Azərbaycan öz seçki sistemi, məhkəmə sisteminin ədaləti ilə, insan haqlarının qorunması ilə, həyat şəraiti ilə Dağlıq Qarabağ üçün cazibə mərkəzi olmalıdır. Amma bir erməni görəndə ki, sabah Bakıda bankda bir iş görüb ziyan çəkəcək, əlbəttə, bura marağı qalmaz. Təkcə savaşla deyil ki… Savaş ayrı məsələdir. Həyatın bütün sferaları üzrə onları savaşdan yayındırıb Azərbaycana doğru çəkməliyik. Yoxsa ki, bir jurnalisti gətir bura, bu gün bir söz deyəcək, sabah başqa söz…. Kim gətirib? Niyə gətirib? Hansı niyyətlə gətirib? Bu nə oyunbazlqdır? Onların arxasında kim dayanır? Özlərini də bəh-bəhlə təqdim edirlər. Bunların hamısı cəfəngiyyat və oyundur. Bu Platformanın sülh məsələsinə və erməni-azərbaycanlı xalqlarının yaxınlaşmasına aidiyyəti yoxdur.  Bu yaxınlaşma üçün başqa işlər görmək lazmdır. Mən müharibənin tərəfdarı deyiləm. Amma bu gün xalq diplomatiyasından çox hərbi diplomatiya işləməlidir. Ordumuz güclü olmalıdır. İndi qulağımıza çatan neqativ proseslər olmamalıdır.

    – ÜAK-ın bağlanmasına münasibətiniz necədir? Bilirik ki, Azərbaycan diaspora təşkilatları ilə sıx əlaqədəsiniz. Sizcə, diaspora sahəsində əsas problemlər nədir?

    – Daxilimizdə olan problemlər xaricə də təsir göstərir. Əvvəllər diaspora Cənubi Azərbaycandan və 2-ci dünya müharibəsindən sonra xarici ölkələrdə qalanlardan ibarət idi. Onların da Azərbaycana yönəlik, böyük sevgiləri vardı. İndi gedənlər sevgi əvəzinə nifrət aparırlar. Bu nifrəti xaricdə də bir-birinə ötürürlər. ÜAK-ın ləğvinin arxasında dəqiq nə dayanır, deyə bilmərəm. Mən Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm. Görürəm ki, Konqresin də işinə nə qədər maneçilik var. Bəzi dövlət məmurlarına qalsaydı, bu Konqres çoxdan Azərbaycandan çıxmalı idi. Təki İrana desinlər ki, bizə aidiyyəti olmayan təşkilatdır. Bunu birtəhər qoruyub saxlayırıq. Nə qədər qarşılıqlı nifrət var, birləşdirmək çox çətindir.

    – Diaspor təşkilatları yaşadıqları ölkələrdə özlərinin nufuzlu və parlaq şəxslərini təqdim edə bilmirlər. Nə üçün?

    – Vaxtilə diaspora təşkilatları o məntiqlə yaranırdı. İndi isə  diaspora təşkilatlarına onu yaradanın öz adamlarını rəhbər  seçirlər. O adamın isə yaşadığı ölkədə, regionda, şəhərdə nufuzu olmur, təsadüfi adam olur. Bizim diasporanın ən böyük problemi bilirsiniz nədir? Erməni diasporası öz ölkəsinə yardım edir, bizimkilər dövlətdən yardım istəyir. Hara gedirsən, yardım istəyrlər. “Mənə filan şey tapın, bayraq gətirin…” A kişi, parça al, tik də…

    – Bir neçə il əvvəl erməni diasporu ABŞ-da marafon keçirib Qarabağ üçün  13 milyon dollar yığımşdı….

    – Erməni diasporu əslində diaspor təşkilatı deyil. Onlar həmin ölkələrdə 500-600 ildir yaşayanlardır. O ölkənin vətəndaşlarıdır. Bizim gedənlər isə yetim-yesir, başını götürüb gedənlərdir. Ona görə bizimkilərin hələ bir-iki nəsli heç nə edə bilməz. İkincisi, kilsə bizim məscidlərdən fəqrli olaraq erməniləri davamlı olaraq milli xeyriyyəçiliyə sövq edib, yardım etməyənləri cəzalandırır. Bizdə o ənənə yoxdur. Əksinə, bizim varlılarımız millət yolunda bir qara qəpiyindən keçməz. Müğənni Filip Kirkorovun Bakıda konserti oldu. 26 min yer tutan “Avroviziya sarayı” ağzına kimi doldu. Təbrizdən gəlmiş aşıq-xanəndə Çingiz Mehdipurun Heydər Əliyev Sarayında konserti birtəhər, dəvətnamələrlə təşkil olundu. Nə üçün belə olub? Bunlar hamısı suallardır. Bu suallara isə məndən dəqiq cavab istəməyin. Hərçənd ki, sualların cavabını bilirəm. Amma ÜAK-ın bağlanmasına təəssüflənirəm. Çünki orada ciddi adamlar vardı.

    – 1990-cı ildən bu yana 25 il deputat olmusunuz. Deputat stajınız ölkəmizin müstəqilliyinin yaşı qədərdir. Bu illər ərzində ölkəni qanunverici orqandan müşahidə etmək imkanınız olub. Bu illər yaddaşınızda necə qaldı?

    – Bir həqiqəti deyim ki, deputat mandatını o vaxt da, sonra da özüm aldığıma görə həmişə mənə şirin olub. 1990-cı ildə daha həyəcanlı idi. Çünki sovet dövranı idi, kommunist rəhbərliyi bizə ögey adamlar kimi baxırdı. Mənə qarşı nomenklatura namizədliyimi verdiyim Xətai rayonunda çox ciddi müqavimət göstərirdi. 180 səs fərqini təsdiq edən bülletenləri büküb gizlətmişdilər. Sonra adamlar axtarıb o bülletenləri tapdılar. Beləliklə, mən çox çətinliklə olsa da, keçdim. Yadımdadır ki, həmin seçki vaxtı məni Naxçıvandan, Gəncədən, Göyçaydan, Yardımlıdan və digər yerlərdən namizədliyimi vermək üçün dəvət edirdilər. O zaman məqsədimiz Azərbaycanı SSRİ-dən qoparmaq idi. Biz qarşıda böyük siyasi proseslərin durduğunun fərqində idik. O proseslərin işirakçısı olacağımızı hiss edirdik, odur ki, çox həyəcanlı idik.

    – Tarixi dövr üçün məsul olan şəxslərin ölkə və xalq qarşısında məsuliyyət hissini dərk etməsi mühüm amildir. Siz bu tarixi məsulyyəti daşıya bildinizmi?

    – Həmin dövrdə Azərbaycan üçün lazım olan şeyləri etdik. Mən Ali Sovetdə “Demokratik Azərbaycan” deputat blokunun həmsədri idim. Müstəqillik məsələsinin səsə qoyulmasını götürün. Biz cəmi 25 deputat 360 deputatı məcbur elədik ki, bir çox sənədləri qəbul etsinlər. İndi o yoxdur. Arxayınçılıqdır. Yuxarıdan sənədlər gəlir, qəbul edirlər.

    – Hansı səhvləriniz olub?

    – Qarabağ müharibəsinin qarşısını, torpaq itkilərinin qarşısını ala bilməməyimiz – bunların məsuliyyəti həm o vaxtkı iqtidarın, həm mxalifətin, eyni zamanda o vaxtkı Milli Məclisin boynundadır. Siyasi hakimiyyətə gəlmək üçün Qarabağ məsələsini gözardı edənlərin hamısının məsulyyəti var. O məsuliyyəti mən də hiss edirəm. Bəlkə də AXC hakimiyyətə gəlməyə tələsdi. Bəlkə də o məsuliyyəti yetkin olmayan qüvvə öz üzərinə götürməli deyildi. AXC-nin nufuzu güclü idi, parçalanmamalı idi. Bəlkə, partiya yaratmağımız artıq iş idi. Lakin mən əminəm ki, ölkədə vətəndaş həmrəyliyi çox vacib məsələdir. Çünki savaşı təkcə ordu aparmır, həm də cəmiyyət aparır. Onun həmrəyliyi isə uğurun əsas amildir. Məlumdur ki, Qarabağ danışıqlar yolu ilə qayıtmayacaq. Müharibə olacaq. O müharibəni udmaq üçünsə ölkədə vətəndaş birliyini təmin etməliyik.

    – Gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəksiniz?

    – Yox.

    – Memuar yazırsınız?

    – Yazıram.

  • “Bu gün tanıdığım millət ayrı bir millətə çevrilir”

     Xalq şairi Sabir Rüstəmxanlı: “Biz 80-ci illərdə yenidən müstəqillik qazandıqsa, bu millətin böyüklüyünün göstəricisidir”.

     

    Müsahibimiz Xalq şairi Sabir Rüstəmxanlıdır. 

    Turkustan.info müsahibəni təqdim edir.

                – Sabir müəllim, öncə ədəbiyyata gəlişinizdən danışardız. Ədəbiyyata gəlməklə nə qazandız? Azərbaycan ədəbiyyatına hansı töhfəniz oldu? Ədəbiyyata gələn zaman kimlərlə görüşdüz?

                – Gərək bunları danışmaq üçün bir kitab yazam. Əslində, belə bir kitabı yazmalıyam. Çünki düşdüyüm ədəbi mühit 1960-cı ilin sonları idi. Bu illər Azərbaycanda gedən ictimai-siyasi proseslərin güzgüsü idi. Hər şey “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat” qəzeti) qəzetinin səhifələrində öz əksini tapırdı. Dördüncü kursda oxuyarkən “Ədəbiyyat və incəsənət” qəzetində bir məqalə çap etdirdim. Həmin zaman universitetin əyani şöbəsindən çıxıb qiyabiyə keçərək rayonumuza getmək istəyirdim. Çünki vəziyyətimiz çox ağır idi və kənddən də təkid edirdilər. Təsadüfən bir dostumun təklifi ilə “Ədəbiyyat və incəsənət” qəzetində işə düzəlməklə bağlı bir təklif aldım. Bunu qəbul edib, redaksiya getdim. Çox sağolsun, Baş redaktor Hüseyn Abbaszadə məni işə götürdü. Redaksiyada bu işi bacarıb-bacarmamağımı yoxladılar. Bir gün sonra isə məni işə dəfət etdilər. Beləliklə, kəndə bir müəllim kimi getmək fikirimi dəyişdim və başladım Yazıçılar İttifaqının (indiki AYB) orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində çalışmağa. Bayaq “Ədəbiyyat və incəsənət” qəzetinin Azərbaycanın ictimai-siyasi həyatında bir model olduğunu qeyd elədim. Çünki o dövr “Ədəbiyyat və incəsənət” qəzetində cəmiyyətdə olan neqativ hadisələr işıqlandırılırdı. Bu qəzet bir növ müxalif qəzet rolunu oynayırdı. Bununla yanaşı qəzetdə olduqca dəyərli insanlar çalışırdı. Redaktor Hüseyn Abbaszadə çox dürüst, cəsarətli, müharibə keçmiş, veteran və demokratik düşüncəli bir adam idi. Redaksiyada Sabir Əhmədli, Qabil, şair Adil Babayev, Emin Mahmudov, rəssam Gündüz, yazıçı Sabir Azəri, tənqidçi İsrayıl Mustafayev, publisist Rasim Səfərov, Ayaz Vəfalı, Nəsib Ələkbərov kimi peşəkar insanlar çalışırdı. Bunların hər biri məndən yaşca böyük idi. Bu mühit məni öz yaşıdlarımdan ayraraq başqa bir mühitə apardı. Beləcə, Yazıçılar İttifaqının ümumi həyatına qarışdım. Həmin vaxt İttifaqın sədri Mirzə İbrahimov idi. Hətta onun bir pyesi haqqında universitetdə çıxış etmişdim. Bundan sonra Mirzə İbrahimov məni “Ədəbiyyat və incəsənət” qəzetində çalışmağa dəvət etdi. Mən isə dedim: “Artıq həmin orqanda işləyirəm”. Bir dəfə məvacibimi almağa gedərkən təsadüfən Mirzə müəllimlə qarşılaşdım. Mənlə söhbət elədi və bu söhbətdən sonra Mirzə müəllimin dostuna çevrildim. Yazıçılar İttifaqında gənclərlə bağlı nə tədbir olurdusa orada mütləq iştirak edirdim. Beləliklə, “Ədəbiyyat və incəsənət” qəzeti məni ədəbi mühitə gətirdi. Buna kimi dərnəklərə gedir, tədbirlərdə çıxış edir, tanışlarım arasında tanınır və şeir yazırdım. Hətta “Gənclər” qəzetində bir şeirimdə çap olunmuşdu. Amma, ciddi ədəbi taleyim və ədəbiyyata gəlişim “Ədəbiyyat və incəsənət” qəzetindən başladı. Redaksiyada Tənqidi şöbədə işə başlayaraq ədəbi tənqidi məqalələrlə çıxış edirdim. Sonra Rəssamlıq və Kino şöbəsində işləməyə başladım. “Ədəbiyyat və incəsənət” qəzeti sayəsində bütün SSRİ-ni gəzdim. Qəzet mənə imkan verdi ki, bütün ölkənin ağsaqqal ədəbiyyatçıları ilə tanış olum. Süleyman Rəhimli, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Qılman İlkin, Sabit Rəhman kimi ədəbiyyatçılarla ünsiyyət qurdum. Bunlardan ya müsahibə, ya da hərəsi haqqında bir yazı yazaraq ünsiyyət qurdum. Doğrudan da “Ədəbiyyat və incəsənət” qəzeti həmin vaxt Azərbaycanın fikir mərkəzi idi. Mən bu qəzet sayəsində ədəbiyyat həvəskarından peşəkar bir ədəbiyyatçıya çevrildim.

    – Bayaq qeyd elədiz ki, ötən əsrin 60-cı illərindən ədəbiyyata gəlməyə başladız. Artıq biz XXI əsrdəyik. XX əsri arxada qoyduq. Azərbaycan ədəbiyyatının ən yüksək dövründən biri də XX əsr hesab edilir. Bu əsrdə alimlər, şairlər bir sözlə böyük ədəbiyyatçılar yetişdi. Bu günün şedevr əsərləri həmin əsrdə yazıldı. Həmin əsri necə şərh edərdiz? Sovet hakimiyyətinin olmasına baxmayaraq, həmin əsrdə böyük qələm sahibləri yetişdi.

    – XX əsr Azərbaycan tarixində ən ciddi rol oynamış və Azərbaycan durduqca xatırlanası bir yüzillik oldu. Bu yüzillik bizə müstəqillik gətirdi. 1918-ci ildə Rusiyanın tərkibindən ayrılaraq Şərqdə ilk demokratik müstəqil dövlət qurduq. Həmçinin Cənubi Azərbaycanda da milli hökumət quruldu. Aprel çevrilişində tarixi müstəqilliyini itirən ölkəmiz yenidən 1991-ci ildə müstəqilliyə qovuşdu. Buna sevinirəm ki, Müstəqillik Aktına imza atanlardan biri də mən oldum. Xalqın müstəqillik tarixinə baxsaq, bu əsrdə qeyd etdiyimiz faktlar bir çox şeyləri aydın göstərir. Ötən əsr fikir tariximizdə müstəsna yer tutur. XIX əsrin sonunda Azərbaycan dilini mətbuatdan oxusanız görərsiz ki, XX əsrlə müqayisədə çox böyük fərqlər var. Bu yüzillikdə dilimiz min illik bir yol keçib. XX yüzilin əvvəlində milli ideologiyamız formalaşıb. Əsrin əvvəlində “Fyüzat” və “Molla Nəsrəddin” kimi məktəblər yaranıb. Milli-satirik jurnalımız olan “Molla Nəsrəddin” 25 il ömür sürüb. “Fyüzat”-ın bir il yaşamasına baxmayaq, fikir tariximizdə böyük iş görüb. Əsrin əvvəlində “Kaspi”, “Həyat” və yüzlərlə mətbuat orqanları çap olunub. Bəlkə, başqa ölkələrdə belə qəzetlər yox idi. Bir qəzet bağlanan kimi başqa bir qəzet onu əvəz edirdi. Yəni, bu yüzillikdə nəhənglər yetişib. Ədəbiyyatda C.Məmədquluzadə, M.Ə.Sabir, musiqidə Ü.Hacıbəyov, fikir tarixində Ə.B.Hüzeynzadə, Ə.Ağaoğlu, dövlət quruculuq tarixində M.Ə. Rəsulzadə, Ə.Topçubaşov, N.Yusifbəyli və s kimi dahi insanlar yetişdi. Bu siyahını davam etdirsək Sovetlər dövründə yetişən insanları da əlavə edə bilərik. Bu dahilərin keçdiyi hər bir yol bir dövrdür. Xalq üçün belə dahilərin olması sadəcə xoşbəxtçilikdir. Məsələn, Ü.Hacıbəyli musiqisi, publisistik yazıları və dramaturgiyası ilə əvəzsiz bir insan idi. Bunların hər biri 20-ci yüzilin yetirmələridir.

    XX yüzilin bu cür əlamətdar hadisələri ilə yanaşı, mənfi tərəfləri də mövcuddur. Bu dövrdə represiyalar, qırğınlar olub. Millətin qabaqcıl ziyalıları məhv edilib. Həmişə deyirəm: “Biz 80-ci illərdə yenidən müstəqillik qazandıqsa, bu millətin böyüklüyünün göstəricisidir”. Hər 10 ildən bir millətin ziyalılarını məhv ediblər. “Qaymaq bağlayan kimi yığıblar üzümüzü”  şeirimdə bunları qeyd eləmişəm. Qaymaq bağlayan kimi üzünü yığıblar və qalıb kütlə. Kütlə ilə heç nə etmək olmaz. Buna baxmayaq, 1988-ci ildə Azərbaycana qarşı torpaq iddiası başlayanda xalq ayağa qalxdı. 1989-cu ildə “Azərbaycan” adlı qəzet buraxaraq buna iki il başçılıq elədim.

    1905-1907-ci illərdə olan qırğınlar xalqa ağır zərbələr vurdu. Xüsusi ilə də İrəvanda olan hadisələr. 1918-1920-ci illərin soyqırımı Bakıya və ətraf rayonlara böyük bəlalar gətirdi. Xüsusi ilə 1937-ci ildəki faciədə xalq böyük itkilər verdi. 1948-1954-cü illərin köçü isə ardıcıl vurulan zərbələrin davamı idi. Nəhayət, 1988-ci ildə baş verən hadisələr hər kəsə məlumdur. Rus ordusunun Azərbaycana yeridilməsi, şəhid verməyimiz, torpaqlarımızı itirməyimiz böyük bəlalar idi. Həmçinin millətin bir hissəsi Mərkəzi Asiyaya köçürüldü. Onlar bu gündə vətənlərinə qayıda bilmirlər. Bu cür dəhşətli facilər yaşadıq. Amma, bu millət yaşam gücünü, dövlətçilik ənənələrini və onu qorumaq gücünü göstərdi. Məncə bunlardan bir nəticə çıxarmaq lazım.

    – Bu gün xalqımız Şimallı, Cənublu hər kəs B.Vahabzadəni, Şəhriyyarı, S.Rüstəmi vətən şairləri adlandırırlar. Sizi də həmçinin. Sizcə bu nədən irəli gəlir?

    – Bu suala cavab vermək həqiqətən çətindir. Məsələn, küçədə, bazarda məni tanıyan insanlarla rastlaşanda “gözəl insan necəsiz?”, “nə var nə yox?” kimi sözlərlə salamlayırlar. Qəribə gəlir ki, bu insanlara “gözəl” sözünü kim diqtə edib. Görünür heç kim deməyib və öz-özünə formalaşıb. Belə sözlər bəzən məni incidir.

    “Ömür kitabım” 1988-ci illərdə gənclərin əlində bayraq kimi gəzirdi. Hətta qızlara cehiz kimi verirdilər. Bu kitabım fantasdik bir rəqəmlə, 250 min tirajla çap olundu. İnanın ki, elə bir ev yox idi ki, o kitab orada olmasın. Düşünürəm ki, bu mənim işim deyildi. Bu taleyin işi idi. Kitabın oxuna biləcəyini düşünmədən ürəyimi boşaltmışdım. İllər ərzində bu kitaba ancaq torpağımla, vətənimlə, taleyimizlə bağlı düşüncələri yazmağa çalışmışam. Bir aralar bu düşüncələr auditoriyalarda sakit qarşılanırdı. Ancaq bir sevgi şeirini daha yaxşı qarşılıyırdılar. Birdən-birə 70-ci ildə bir intibah başlandı. Artıq bu şeirlər auditoriyanı ayağa qaldırırdı. Həmin şeirləri rayonlarda, universitetlərdə, zavodlarda və başqa yerlərdə səsləndirəndə divarlar titrəyirdi. O vaxtlar ədəbiyyatın çərçivəsini genişləndirməyə çalışırdıq. Bəlkəm də, həmin mövzular publisistikanın mövzuları idi. Mən isə daha çox şeirlə narazılığımı bildirirdim. Həqiqətən vətən və Azərbaycanın taleyi ilə bağlı şeirləri daxildən gələn hislərin təsiri ilə yazmışam. Bunlarla şöhrət qazanmağı düşünməmişəm.

    Bəxtiyar Vahabzadə müəllimim olub. Onunla sonra çox yaxşı dost olduq. Xəlil Rza ilə də yaxşı dostluq əlaqələrim var idi. Burada Məmməd Arazın adını da qeyd edə bilərəm. Zaman keçəndən sonra hiss elədim ki, yollar gəlib birləşib. Şeirlərimi dəb xatirinə yox, daxili tələbatın zərurəti ilə yazmışam. “Ömür kitabı”nda vətən tarixi ilə yanaşı, öz ömrümü də yazmışam. Çünki ömrüm vətən ömründən ayrı deyil. Təəssüf ki, həmin dövrdə oxunan şeirlər indi oxunmur və dəbdən düşüb.

                – Həmin dövrlə indiki dövri müqayisə etdikdə, niyə həmin əsərlər oxunmur və ya dəbdən düşüb?

                – Görünür xalq Qarabağ məğlubiyyətini qəbul edə bilmədi. Məğlubiyyət bir çox dəyəri müvəqqəti olsa da, əlimizdən aldı. Bizə düşmən olan qüvvələr bundan ustalıqla istifadə edirlər. Bu gün tanıdığım millət ayrı bir millətə çevrilir. Bununla bağlı “Bu mənim xalqım deyil” adlı şeirim var. Sanki xalq bir pisxoloji duruma gəlib.

    – İndi isə “Tarixi roman”lardan söhbət açmaq istəyirəm. “Tarixi roman” ənənəsi ötən əsrdən başlayıb. Bu ənənənin elə bir qədim tarixi yoxdur. Bu ənənə ötən əsrdə formalaşıb. Hal-hazırda “Tarixi roman” yazan simalardan birisiz. Bu nə ilə əlaqədardır?

                – Tarix bir güzgüdür. Millət bu güzgüyə baxmalıdır ki, özünü daha aydın görsün. XIX əsrdə Rus-İran müharibəsində ruslar qələbə çaldı. Beləliklə, ruslar xalqımızı daha da gəncləşdirmək üçün bir sıra addımlara əl atdılar. Əlifbamızı dəyişdirərək bizi balaca bir xalq kimi təqdim etməyə başladılar. Türk xalqının hərəsinə bir əlifba verərək onları bir-birindən və tarixdən qoparmaq istəyirdilər. Bu rusların türk düşmənçiliyinin son həmlələri idi. Bunları daha çox Azərbaycan tarixi kitablarında görürük. Həmin kitablarda guya türklər bu torpaqlara XI-XII əsrdə köçüb gəliblər, ruslar türkləri Avropa ilə tanış edib və s. kimi türklərin əleyihə yazılar yazılırdı. Hətta “Dədə-Qorqud” dastanı belə yasaq idi. “Dədə-Qorqud” dastanını 60-cı illərdə çap elədilər. Əvvəllər mümkün deyildi. M.S.Ordubadinin “Qılınc və qələm” əsəri də uzun müddət çap olunmadı. Xalqı tarixdən qopardaraq, kökündən çıxarmaq və ya ağac kimi qurutmaq istəyirdilər. Buna görə də tarixə qayıdış bir zərurət idi. 1988-ci illərin meydan hərəkatında bir universitet var idi. Meydan hərəkatına rəhbərlik edənlərdən biri də mən idim. Meydanda xalqın tarixindən tez-tez danışırdıq. Bu meydana çoxlu axın vardı. Bunların təsiri ilə bir ehtiyac yarandı və “tarixi romanlar” meydana gəldi.

    – “Tarixi roman”larınızdan olan “Difai fədailəri” haqqında söhbət açardız. Bu romanla oxucuya bildiklərinizi tam çatdıra bildizmi?

                – Təbii ki, hər şeyi oxucuya çatdırmaq olmaz. Mənim birinci tarixi romanım “Xətai yurdu” romanı olub. Bu romanda ötən əsrin 80-90-cı illərin əhvalatları öz əksini tapıb. Buradakı hadisələr mənim gözümlə yazılıb. Meydan iştirakçısı idim. Təsəvvür edin ki, meydanda milyon yarım adam var idi. Hər bir insanın isə öz meydanı vardı. Bunların hamısını yazmaq çox çətindir. Difai hərəkatı isə nisbətən daha konkret bir məsələdir. Difainin sənədləri itib, yandırılıb. Bəzəndə özləri sənədləri məhv ediblər ki, ələ düşməsin. Bu səbəbdən arxivlərdə çox az sənəd var. Məhz buna görə burada meydan dardır. Konkret Əhməd Ağaoğlu var və onun gördüyü işlər. Difai fədailəri sonralar yaşayıblar və AXC-nin qurulmasında böyük xidmətləri olub. Təbii ki, yazıçı kimi təxəyyülümün məhsulu var. Ancaq roman əsl faktlar əsasında yazılıb.

                – Sabir müəllim, bu gün gənclərdən kimləri oxuyursuz? 

    – Buna cavab verməkdə çətinlik çəkirəm. Keçən əsrin ilk 17 ili ilə, indiki əsrin ilk 17 ilini müqayisəyə gətirmək olmur. İndi həmin dövrdəki insanlar yoxdur. Bəlkəm zaman və şərait eyni deyil. Əlbəttə, cavanları oxuyuram. Rasim Qaraca, Pərviz Cəbrayılzadən üzü bəri cavanları oxuyuram. Bunların yaşı indi 50-ni keçər. Şərif Ağayar, Qan Tural, Seymur Baycan, Səhər, Nərmin Kamal, Aysel Əlizadə, Şahinə Müşviq, Pərvin, Faiq Balabəyli, Aqşin, Emin Piri, Kəramət Böyükçül, Sərvər Kamranlı kimi və s. gəncləri oxuyuram.

    – Günün neçə saatını mütaliəyə ayrırsız? Əvvəlki mütaliə ilə indiki mütaliə arasında hansı fərqi hiss edirsiz?

    – Əlbəttə, əvvəl çox yazıb, çox oxuyurdum. İndi texniki işlər çox vaxtımı aparır. Köhnə qovluqlarımda yazılarım var və bunları sistemə salmaq lazım. Vaxtımın bir hissəsini  buna sərf edirəm. Hər halda oxumaq davam edir. Kitabxanam böyükdür. Hərdən kitablara baxıb təəssüflənirəm ki, bunları oxumağa vaxtım yoxdur. Yenə imkan tapıb oxuyuram. Elə bir gün yoxdur oxumayam. Gecələr şeir yaza bilməyəndə, kitab oxuyuram. Həmçinin jurnalları da oxuyuram. Oxumadan yaşamaq mümkün deyil. Bu artıq bir vərdişdir. Bir neçə kitabı yanaşı oxuyuram.

    – Son dövr ədəbiyyatında xüsusi ilə də müstəqillik illərindən üzü bəri tarixi qoşmalardan, bayatılardan, müxəmməslərdən, gərayılılardan ayrı düşümüşük. Bu gün qəzet və jurnallarda həddindən artıq sərbəst şeirlər çap olunur. Nənələrimizin, babalarımızın, ata və analarımızın dillərində qoşma, gəraylı, bayatı kimi ənənəvi şeir növlərini tez-tez eşidirik. Bunun səbəbi nədir?

    – Mən bu cür sərhəd çəkə bilmərəm. Mənim üçün janr məhdudiyyətləri yoxdur. Əsas istedaddır. Yazılan şeirə baxan kimi poetik istedad olduğu görünəcək. Sərbəst şeirlər əzbərlənməsə də ədəbiyyatda yaşayır. Bütün ədəbiyyat əzbərlənmək üçün deyil. Buna görə də məhdudiyyət qoymuram. Son dövlərdə qoşma, gəraylı adına zəif şeirlərdə yazılır. Əsl istedaddan törəyən şeir uzaqda olsa belə parıldayır və görünür.

                – Regionlarda yaşayan şair dostlarınız var? Onlarla əlaqə saxlayırsız? Bu şairlərdən kimlərin adlarını sadalaya bilərsiz?

    – İsmayıllıdan şair Musa Yaqub, Şirvandan Tofiq Hüseyn(tələbə dostumdur), Gəncədən İradə Aysel,  Dəvəçidən Aybəniz, Cəlilabadan Böyükxan Bağırov(bu yaxınlarda rəhmətə gedib), Yardımlıdan Aslan, Qazaxdan Barat Vüsal, Qubadan Ramiz Qusarçaylı, Tovuzdan Əkbər Qoşalı və Məmməd İsmayıl kimi bir çox şair dostlarım var. Düzü əvvəlki kimi əlaqə saxlaya bilmirəm. Əlaqələr sanki məhdudlaşıb. Bölgələrdə istedadlı adamlar var.

                – Bəs Tovuzlu qələm dostlarınızdan kimləri xatırlayırsız?

    – Tovuz rayonundan çoxlu dostlarım var. Ümumiyyətlə, Tovuz mənim keçdiyim yollarda çox dərin izi olan bir bölgədir. Tovuzlu şair dostum Məmməd İsmayılla kirayə həyatı yaşamışıq. Həmçinin Tovuzlu şair İsa Cavadoğlunun şeirlərini oxumuşam. Tovuz aşıqlarından Məstan Günər, Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq İmran ilə dost idik. Onlar Bakıya gələndə bizim evdə qalırdılar. Tovuz bərəkətli diyardır. Həmişə burada söz insanları olub.

                – Sonda oxuculara xüsusi ilə də gənc oxuculara nə sözünüz var?

                – Məni incidən məsələlərdən biri də cəmiyyətdə sevginin azalmasıdır. Adamlar bir-birlərinə qarşı biganələşib. Millət, xalq o zaman xoşbəxt olur ki, hər bir fərdi özünü sevgi mühitində hiss eləsin. Bu sevgi azalıb. Bunu yenidən cəmiyyətə qaytarmaq lazımdır. Milli əxlaqı qorumağa çalışmalıyıq. Gənclər bunlara ciddi fikir versinlər. Azərbaycanda hər bir evin qapısını ərklə, öz qapım kimi döyə bilərəm. Mənim evim bütün Azərbaycandı. Sonda deyim ki, bu millətin düşmən üzərində ciddi bir qələbəyə ehtiyacı var ki, millətin qəddi düzəlsin.

     

    Söhbəti qələmə aldı:

    Azərbaycan Aşıqlar Birliyinin üzvü,

    Mahmud Əyyub

  • Sabir Rüstəmxanlı “Yeni Müsavat” qəzetinə müsahibəsi (Tam versiya)

    SR-YM3Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və artıq sabiq hesab olunan deputat Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. Yubiley ərəfəsində 70 illik həyat yoluna, yaradıcılığına nəzər salmaq, iştirakçısı olduğu milli-azadlıq hərəkatı, ondan sonrakı dövlət quruculuğu prosesi, 25 illik deputatlıq fəaliyyəti ətrafında söhbət etmək üçün onu redaksiyamızda qonaq etdik. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak etdi.
    Həmin müsahibənin birinci hissəsini sizə təqdim edirik.

    R.Arifoğlu:

    – 70 illik yubileyiniz yaxınlaşır. Bu 70 ilin 28 ili mənim gözümün önündə olub. Mənim nəzərimdə siz hələ də gəncsiniz. Öz gözünüzdə necəsiniz? Bu 70 rəqəmi sizin üçün nə ehtiva edir? Bir şair kimi, bu rəqəmin poetikası, sizdə yaratdığı təəssürat necədir? 70 yaşa qarşı sizdə bir kompleks varmı?

    – Əvvəlcə onu qeyd edim ki, mənim yubileyim artıq Türkiyədə qeyd olunub. Mayın 14-də İstanbul Böyük Şəhər Bələdiyyəsi “Fatih” Mədəniyyət Mərkəzində yubiley tədbiri keçirdi. Türkiyənin “Bengü Türk ” telekanalı 3 saat yarım davam edən tədbiri olduğu kimi efirə verdi. Bələdiyyə və Türk Dünyası Araşdırma Vəqfi böyük afişalar buraxmışdı.

    “Ülkər” televiziyasında, “Hürriyet” qəzetində müsahibəm dərc olundu. Türkiyədə başqa heç bir şair və ya yazıçının yubileyi o möhtəşəmlikdə keçirilməyib. Yubileyimi bu cür keçirməklə boynuma böyük bir minnət qoydular. Bunun səbəbi isə o idi ki, bizim bütün həyatımız Türkiyə ilə bağlıdır. Biz Türkiyə-Azərbaycan arasına ayrı-seçkilik qoymuruq, əksinə, iki ölkə arasında mənəvi körpülər salırıq. Orada danışanlar da mənim haqqımda təxminən eyni sözü dedilər. Sözüm ondadır ki, Rəfail Hüseynov orada mənim haqqımda çıxışında dedi ki, Dədə Qorqudun dövründə 100 yaş demirdilər, üç otuz, bir on deyirdilər. İndi Sabir Rüstəmxanlının da iki otuz, bir on yaşı var (gülür).

    SR-YM5“25 il deputat olan adamın əlindən diplomatik pasportun alınması ədalətsizlikdir”

    Mən indi desəm ki, 50 yaşımla 70 yaşım arasında heç bir fərq hiss eləmirəm, bu şişirtmə olar. Ancaq görünür, insan ölənə kimi yaşını hiss eləmir. Əgər sağlamdırsa, sevdiyi işlə məşğul olursa, bu, insanı xoşbəxt edir. Ancaq bir fərq var ki, mən cavanlığımda “Ədəbiyyat” qəzetində işləyəndə əlyazma ilə 25-30 səhifə yazı yaza bilirdimsə, indi kompüterdə 5 səhifə yazıram, ondan artıq yaza bilmirəm.

    – Deməli, yaş məsələsi yaradıcılıq tempinə təsir edir…

    – Bəli, təsir edir. Ancaq bir tərəfdən də kompüter insanın gözünə pis təsir edir.

    – Bəs niyə əvvəlki kimi kağıza yazmırsınız?

    – Xəttim o qədər pisdir ki, onu ancaq müəyyən adamlar oxuya bilir. Əks halda, gərək sonradan diktə edəm. Latın qrafikasına keçəndən sonra xəttim bir qədər korlandı, tələsik yazıram. Kompüterdə daha dəqiq yazıram, o yazını redaktə eləməyə ehtiyac olmur. Yəni yaş məsələsini ancaq yazıda hiss edirəm, başqa heç nədə hiss eləmirəm. Əlbəttə, son 30 ilimiz çox ağır keçdi. Nəzərə alsaq ki, bizim kimi kənddən gələn adamlar Bakıda özlərinə bir həyat qurana kimi ömürlərinin təxminən 25-30 ilini itirirlər. Hələ mənim bəxtim gətirdi ki, 4-cü kursdan “Ədəbiyyat” qəzetində işləməyə başladım. Ondan sonra bütün Azərbaycanın ədəbi-mədəni ictimaiyyətinin nümayəndələri ilə görüşdüm. Məni tanıdılar, qarşımda yollar açıldı. Amma Bakının hər yerində kirayə yaşadım. Ev alana kimi, özümə həyat qurana kimi 30 yaş getdi. Təəssüf ki, bu gün də rayondan gələnlər o zülmü çəkirlər.

    Ona görə də biz ömrümüzün ən gözəl, enerji ilə dolu olan illərini həyatın bizdən asılı olmayan ehtiyaclarına qurban verməli oluruq. Arada deyirəm ki, gərək insana cavanlıqda, 20-30 yaşında təqaüd versinlər, qocalıqda işləsin. Təbii ki, bu fantaziyadır. Sonradan Azərbaycanın müstəqillik davası və məlum hadisələr başladı. Bir yandan dünyanın bizə haqsızlığı, digər tərəfdən, özümüzün öz içimizdə yaratdığımız problemlər ömrümüzün bir hissəsini aldı. Duyğularımızdan, həyatımızdan qurbanlar verdik. Ancaq bizi xilas edən bir möcüzə var ki, o da insanın sevdiyi işlə məşğul olmasıdır.

    “Bilgisayarda hazır, çapını gözləyən 15 cild əsərim var”

    – 70 yaş həm də geridə qalan illərə baxmaq imkanı verir. Əlinizdən buraxdığınız fürsətlər varmı? Həyatla bağlı, yaradıcılıqla bağlı, ölkə ilə bağlı…

    – İndi mənim bilgisayarda hazır, çapını gözləyən 15 cild əsərim var. Bunun içində əvvəllər çap olunan əsərlər də var, yenilər də var. Bunun təkcə iki cildi mənim parlamentdə, dünyanın müxtəlif ölkələrindəki çıxışlarımdır. Çap olunmayan romanlarım, şeirlərim, povestlərim var.

    X.K.:

    – Çox maraqlıdır, o romanların çapı üçün Şahbaz Xuduoğluna müraciət etmək olmazmı? Qohumluğunuz da var (gülür).

    SR-YM4– Yox, orada elə əsərlər var ki, heç bəzilərinin çap olunmasını istəmirəm. Cavanlıqda yazdığım “Astar” adlı bir romanım var, həyatın astar üzünə, görünməyən tərəflərinə həsr olunub. İndi onun çap olunmasını istəmirəm. Təbii ki, çox fürsətlər qaçıb… Mənim belə bir şeirim də var:

    Neçə yazılmamış şeirlərimi,
    Atdım meydanların izdihamına,
    Qatdım millətimin gur ilhamına.
    Bizcə söz saxladım- azadlıq sözü,
    Dönüb yumruq olmaq öyrətdim ona…

    Bir çox məqamlar oldu ki, oturub şeir yazmağa vaxt olmadı. Bu, illərlə davam elədi. Şeir yazmaq üçün ilham ki, gəlir, o, köçəri quş kimidir, dərhal yazmadınsa, uçub gedir.

    R.A.:

    – Sabir bəy, bu qaçan fürsətlərdən biri də o oldu ki, sonralar “Ömür kitabı” kimi bir kitab yaza bilmədiniz… Yəni bütün ölkənin, gəncliyin düşüncəsini dəyişə bilən, “Ömür kitabı”ndan da üstün bir kitab yaza bildinizmi?

    – Bu yaxınlarda bir məktəbə görüşə getmişdim. Həmin məktəbin direktoru şagirdlərə dedi ki, mən “Ömür kitabı”nı oxuyandan sonra özümü dərk elədim. Həmin vaxta qədər başqa insan idim. Mənim fikrimcə, sonradan zaman dəyişildi. O zaman sanki “Ömür kitabı” bir sosial sifariş idi. İnsanların o kitaba ehtiyacı var idi. Sonra zaman dəyişdi, əlifba dəyişdi, kitab oxuyanlar azaldı. “Ömür kitabı”nın ruhu ilə zamanın ruhu bir-birindən ayrıldı. Ancaq o vaxtlar zamanın ruhu kitabın ruhu ilə bir idi.

    “Nazir olduğum vaxt 13 ölkəyə getmək üçün cəmi 740 manat pul xərcləmişdim, indiki nazirlər o pulla evdən çıxmazlar”

    Mənim üçün Meydan hərəkatı haqqında yazdığım “Xətai yurdu” romanım “Ömür kitabı”ndan az qiymətli deyil. Orada meydanın böyük bir ruhu var. Sonra “Difai fədailəri” kitabım var. Mənim romanlarımın bədii ruhu “Ömür kitabı”ndan daha güclüdür. Amma təsir gücü onun qədər deyil. Çünki zaman o zaman deyil, adamlar da o adamlar deyil. “Ömür kitabı” 250 min tirajla çıxmışdı. Sonradan həmin kitab 2000 tirajla çap olundu. Bilmirəm, heç onu alıb oxuyan oldu, ya yox (gülür). Ancaq o zaman “Ömür kitabı”nı qızlara cehiz verirdilər. İndi də o kitabdakı problemlər Azərbaycan üçün aktualdı. Ölkə bütövləşməyib, Azərbaycanın bir çox mənəvi, iqtisadi, siyasi problemləri həll olunmayıb. Sanki indi uşaqlara “Ömür kitabı”nın ruhunu aşılamaq yaddan çıxıb.

    R.A.:
    SR-YM2
    – Bu 30 ildə Sabir Rüstəmxanlı hamının gözünün qarşısında olub. Millət vəkili olub, nazir olub, dövlət işlərində işləyib, partiya sədri olub. Bu mənada siyasətçi olan Sabir Rüstəmxanlı, yaradıcı Sabir Rüstəmxanlının əlindən nələri alıb?

    – Çox şeylər alıb. Bunun bir səbəbi də var. Məsələn, Rauf Arifoğlu qələmi ilə, mövqeyi ilə cəmiyyətdə tanınan bir adamdır. Ancaq sabah o, deputat seçilib Milli Məclisdə əyləşəndən sonra qəzetin sifəti bir qədər dəyişəcək. Çünki Milli Məclisdə proseslərin, vəziyyətin bütün dramatizminin içində olursan. O zaman onların bəzilərini yazmağa da ehtiyac qalmır. Mən Milli Məclisdə hər zaman sözümü demişəm. Orada öz sözümü deyirdim, stenoqrama düşürdü, ancaq cəmiyyətin xəbəri olmurdu. Sən orada danışıb öz ürəyini boşaltdığın üçün o haqda artıq yazmaq istəmirsən. Amma kənarda qalıb yazmaq üçün daha sərbəst şərait olur. Ona görə də mən nazir olduğum 5 ildə heç nə yaza bilmədim. Latın qrafikasına keçməli idik, dərsliklər dəyişməli idi, dağılan mətbəələr bərpa olunmalı idi. Komitəni nazirlik elədik. Rusiya ilə əlaqələr yaratdıq ki, kağız gəlsin, avadanlıqlar gəlsin. O illər necə keçdi, bilmədim.

    X.K.:

    – Yeri getməmişkən soruşum, nazir vəzifəsindən istefa verməyiniz necə, sizin öz təşəbbüsünüzlə oldu, yoxsa bu təşəbbüs yuxarıdan gəldi?

    “Ömür kitabı” sanki bir sosial sifariş idi. İndi nə o zaman var, nə də kitab oxuyan”

    – Yox. O zaman bizi mətbuatda tənqid edirdilər ki, niyə bu adamlar həm nazirdirlər, həm də deputatdırlar. Çoxu bu tənqidləri qulaqardına vururdu. İndinin özündə də Milli Məclisdə iki vəzifə daşıyan adamlar var. Ancaq mənə ağır gəldi ki, biz özümüz demokratiyanı quran adamlarıq, ədalət axtarırıq, eyni zamanda özümüz onu pozsaq dorğu olmaz. O baxımdan mən seçki vaxtı, mayın 19-da ərizə ilə ovaxtkı prezident mərhum Heydər Əliyevin yanına getdim. Dedim ki, mən nazirlikdən çıxmaq istəyirəm. Soruşdu ki, kimdir səni nazirlikdən çıxaran. Dedim, özüm çıxmaq istəyirəm, bir ayağı Milli Məclisdə, bir ayağı nazirlikdə qalmaq istəmirəm. Dedi ki, o zaman Milli Məclisdən çıx, nazir kimi davam elə.

    Mən güldüm və dedim ki, əgər nazirlikdə qalsam, mənim ixtiyarım sizin əlinizdə olacaq. İstədiyiniz zaman əmr verib çıxara bilərsiniz. Ancaq Milli Məclisdə ən azı 5 il təminat var ki, mən millət vəkiliyəm. Güldü və dedi ki, yox, səni heç kim çıxartmaz, ancaq getmək istəyirsənsə, eybi yoxdur, get, ərizən qalsın.

    SR-YMMəndən sonra mənim haqqımda xeyli şikayətlər oldu ki, guya seçki vaxtı keçəndən sonra ərizə verib nazirlikdən çıxıb. Ayın 17-nə kimi ərizə vermək olardı, mən isə 19-da getmişdim. Sonradan prokurorluq da maraqlandı. Heydər Əliyevin nə qədər dəqiq dövlət adamı olduğuna mən o zaman təəccübləndim. Məlum oldu ki, mən ona ayın 19-da ərizə vermişəm, o isə ərizənin üstünü 17-si tarixinə yazıb. Mən diqqətsizlik etmişəm, ancaq o mənim səhvimi düzəltmişdi. Yəni qısa desəm, öz ərizəmlə çıxdım. Mənim haqqımda çoxlu şikayət var idi. Onlardan biri də bu idi ki, guya mən nazir olduğum müddətdə 13 ölkəyə getmişəm. Mən də Nazirlər Kabinetindən arayış aldım və məlum oldu ki, mən bu 13 ölkənin hamısına getmək üçün cəmi 740 manat pul xərcləmişəm. Çünki bütün ölkələrdə dostlarım var idi. Mən də yazdım ki, indiki nazirlər bu pulla evlərindən bayıra çıxmırlar. Mən 13 ölkəyə nazir olaraq getmişəm, cəmi 740 manat xərcləmişəm.

    – Sabir bəy, neçə il deputat oldunuz?

    – 25 il.

    – Sizin qədər uzun müddət deputat olan varmı?

    – Var. Məsələn, Zeynəb Xanlarova.

    – Ancaq bu dəfə seçkilərə getmədiniz…

    – Bəli, getmədim.

    – Həyatınızda bir dəyişiklik varmı, yaxşılığa və ya pisliyə doğru? Mandatsız yaşamaq necədir?

    – İtirilmiş fürsətləri bərpa etməyə çalışıram.

    – Səmimi sözünüzdürmü?

    – Bəli, səmimi deyirəm. İndi yazı-pozu işi ilə daha ciddi məşğul oluram. Bu, işin bir tərəfidir. İkinci tərəfdən, mən Milli Məclisdə deyiləm deyə, indi onun haqqında danışmaq istəmirəm. Ancaq bir şeyi qeyd edim ki, Məclis sona doğru artıq dözülməz olmuşdu. Xüsusən Gəncədə Rəsulzadənin büstünün başına çuval keçirilməsi məsələsini mən Milli Məclisdə qaldıranda, parlament rəhbərliyi mənə qarşı qalxdı ki, “bu nə söhbətdir edirsiniz…” O zaman gördüm ki, mənim orada oturmağım çətindir. Bir ölkənin qanunverici orqanı o ölkənin qurucusuna bu münasibətə məndən əvvəl reaksiya verməli idi. Mən orada dedim ki, bu çuval Rəsulzadənin başına keçirilməyib, Milli Məclisin başına, bu millətin başına keçirilib.

    SR-YM6Ondan sonra mənə qarşı münasibət dəyişdi. Başladılar əleyhimə yazılar yazdırmağa. O zaman içimdən qırıldım və gördüm ki, Milli Məclisin başında dayanan adamlar özləri də buna razıdırlar. Axı o dövlət qurulmasaydı, indi sən orada otura bilməzdin. Dövləti isə Rəsulzadə və onun dostları qurublar. Sən ona sayqısızlığa necə dözə bilərsən? Bu məsələ mənə çox ağır gəldi. İndi sanki o sıxıntıdan qurtuldum. Təbii ki, məsələnin başqa bir tərəfi də var. Hamıya elə gəlir ki, 25 il deputatlığa öyrəşəndən sonra ayrılmaq çətin olacaq. Çünki millət vəkilisən, cibində diplomatik pasportun var. Gedəndə VİP salondan keçirsən, bütün qapılar üzünə açıqdır.

    – İndi pasportunuz elə deyil, eləmi?

    – Yox, diplomatik pasportu o dəqiqə alırlar. İndi sadə vətəndaş pasportudur. Bu da ədalətsizlikdir və doğru deyil. Türkiyədə belə şey yoxdur. 25 il millət vəkili olasan, sonradan pasportunu əlindən alsınlar… Ancaq bir şey də var ki, mən millət vəkili olarkən üzümə açıq olan qapılar, indi ondan da geniş açılır. Hava limanına gedəndə insanların içinə qarışmağa macal tapmamış, oranın gənc işçiləri qabağıma gəlir, heç tanımadığım insanlar məni qarşılayır ki, Sabir müəllim, siz buradan gəlin. Bütün yollar açılır və mən keçirəm. Camaatın içində millət vəkili olduğum zamandan da artıq sayğı görürəm. Mən xalq şairi adı alanda da yazmışdım ki, bu mənim sirrimin üstünü açdı. Çünki hamı elə bilirdi ki, mən çoxdan xalq şairiyəm. Millət vəkili vəsiqəsi ayrıdır. O parlamentdə mən elə deputatlar gördüm ki, 5 ildə bir dəfə də ağızlarını açmadılar və mən indi də onların adını bilmirəm.

    – Öz deputat yoldaşınızın adını 5 ildə bilmədinizmi?

    “Mən diqqətsizlik etmişəm, ancaq Heydər Əliyev səhvimi düzəltmişdi”

    – Yox, bilmədim. Çünki bu adam bir dəfə danışmadı, bir dəfə səfərə çıxmadı. Sakitcə gəlib bir küncdə oturur və çıxıb gedir. O Məclisdə 15-20 ildə ağzını bir dəfə açmayan deputatlar varsa, sən onları nə cür tanıyacaqsan?

    – 70 illik yubileyinizi Türkiyədə keçirdiniz. Azərbaycan dövləti olaraq, istiqlal mücadiləsində liderlik etmiş, 25 il deputat olmuş xalq şairinin yubiley törəni olacaqmı?
    – Mədəniyyət Nazirliyi, deyəsən, Yazıçılar İttifaqının məktubu ilə bir tədbir hazırlayır. Mayın 25-də Dövlət Dram Teatrında mənim üçün yaradıcılıq gecəsi keçiriləcək. Mən özüm də hər 5 ildən bir yaradıcılıq gecəsi keçirirdim. Maraqlı bir şey də deyim. 1996-cı ildə, 50 yaşımda mənim yubileyim Opera və Balet Teatrında qeyd olunurdu. Tədbirə 2 gün qalmış birdən dəvətnamələri geri yığdılar. Dedilər ki, möhür vurulacaq, prezident gələcək. Rəhmətlik Heydər Əliyev gəldi. Mən onu qarşılayanda dedi, yəqin indi müxalifəti yığmısan oraya. Mən də gülüb dedim ki, bu mənim taleyimdir, nə edə bilərəm? Müxalifət də burada olacaq, iqtidar da. Doğrudan da o məclisdə həm müxalifət bütövlüklə var idi, həm də iqtidar. Sonda da yazıçılarla görüşündə dedi ki, Azərbaycanda heç bir yazıçının 50 ilik yubileyi o səviyyədə qeyd olunmayıb, heç birində də dövlət başçısı gəlib 3 saat oturmayıb. Qabil dedi ki, Səməd Vurğunun yubileyi bu səviyyədə olub. Heydər Əliyev isə dedi ki, Qabil, səhv eləmə, Səməd Vurğun o zaman xəstə idi, həm də orada dövlət başçısı iştirak etməmişdi. Dedi ki, bu bizim sənə olan münasibətimizdir. Onda çıxış edərək dedim ki, mənim Meydan hərəkatında iştirak edən bəzi dostlarım indi həbsdədir. Burada çıxış edənlərin bəziləri onların əleyhinə danışır. Dedim ki, əgər Meydan hərəkatında iştirak etmək cinayətdirsə, onda birinci məni həbs edin. Nəyə görə biz rahat gəzirik, onlar isə həbsdədir?…

    – Sizin Meydan hadisələri ilə bağlı çıxışınıza münasibət necə oldu?

    – Heydər Əliyev mənim bu sözümdən sonra bütün çıxışları kəsdi və təxminən yarım saat özü danışdı, 1988-ci il Meydan hadisələrinin bizim tariximizdəki əhəmiyyətini xüsusi vurğuladı, dedi ki, bu bizim tariximizin ən parlaq səhifələri idi. Bu onun verdiyi qiymət idi. Prezident dedi ki, hadisələri özü Moskvadan izləyirdi, Bakıdan lentləri gətizdirib baxırdı. Mən Milli Məclisdə də dedim ki, ay yoldaşlar, gedin, bu ölkənin rəhbərinin Meydan hərəkatına verdiyi qiyməti oxuyun. Niyə həmin dövrü bizim tariximizdən silməyə çalışırsınız?

    R.A.

    – Üstündən 20 il keçib. İndiki hökumətin sizə münasibəti bir qədər dəyişib, deyəsən…

    – Bir ara, 90-cı illərin sonlarına yaxın ordendən imtina etdiyim vaxtlarda (xalq şairi 1998-ci ildə “şəhər” ordenindən imtina edib – red.) çox sərt bir münasibət başladı mənə qarşı. Demək olar ki, ölənlərimizi gordan çıxarırdılar. Heydər Əliyev də gileylənmişdi ki, o orden mənim deyildi, dövlətin idi. Sonra biz “Gülüstan” sarayında dövlət tədbirində iştirak edəndə, o, yazıçılarla görüşməyə gəldi. O zaman mən də yazıçıların arasında dayanmışdım. Yaxınlaşdı mənə, dedi ki, səndən incimişəm. O orden dövlətin idi, mənim deyildi. Mən orada niyə imtina elədiyimi dedim. Dedim ki, bilirəm, mən bunun əzabını çəkəcəyəm. Amma siz özünüz Moskvaya bir yığıncağa gedəndə demişdiniz ki, bizim millət niyə bu qədər assimilyasiyaya, əyilməyə, boyun əyməyə meyillidir. Bu baxımdan mən gənclərimizə bir örnək göstərmək istədim. O baxdı ki, mən səmimi deyirəm.

    “Bəzi gədə-güdəni salırlar həbsə, sonra çıxardırlar, hərəsinə bir sayt verirlər ki, bu millətin nə qədər ziyalısı varsa, hamısını söyün”

    Dedi ki, aydındır, mən səni başa düşdüm. Orada yazıçılar da dayanmışdı və hamısı söhbətimizi eşidirdilər. O söhbətdən sonra mənə qarşı münasibət dəyişdi, iqtidar mətbuatı mənim haqqımda bir kəlmə də mənfi söz demədi. Mənə elə gəlir ki, Heydər Əliyev o zaman tapşırıq vermişdi. Sonradan bəzi mətbuat orqanlarında belə yazılar çıxdı ki, guya mən bu ordeni götürməməklə öz reytinqimi yüksəltmək istəyirəm. Halbuki mənə reytinq yüksəltmək lazım deyildi. Mən qaçqınların vəziyyətini gördüyümə görə bu addımı atmışdım. Azərbaycan prezidentinin bu işə təmkinli və müdrik münasibətini görəndən sonra düşündüm ki, mən o ordeni götürməli idim. Çünki bu, dövlətin mükafatı idi və mən dövlətimizə sayqı ilə yanaşmalı idim.

    Son vaxtlar münasibət bir qədər dəyişib. Yenə mənim üçün fərq eləmir. Bir məktəbdə görüşdə mənə sual verdilər ki, sizin haqqınızda bu qədər kitablar yazılıb, bəs heç tənqid olunmusuz? Dedim ki, mənim 25 kitabım var, haqqımda isə 12 kitab yazılıb. Dünya ölkələrində 60-dan çox kitabım çıxıb. Ancaq bu qədər yaradıcılığın müqabilində bir dəfə də tənqid olunmamışam. Sadəcə, Meydana çıxan gündən bəri kifayət qədər təhqir olunmuşam. Tənqid olsa nə var ki… Bəzi gədə-güdəni salırlar həbsə, sonra çıxardırlar, hərəsinə bir sayt verirlər. Onlar da millətin nə qədər ziyalısı varsa, başlayırlar hamısını söyməyə. Azərbaycan cəmiyyətində ən pis olan odur ki, bəziləri əlinə pul keçən kimi düşünür ki, bunun mütləq kitabı olmalıdır, mütləq dədəsi və ya babası haqqında kitab yazdırmalıdır. Ədəbiyyata dəxli olmayan, ucuz mahiyyətli şeir kitablarının çapına himayədarlıq edirlər. Yazıçılar İttifaqının üzvlərinin sayı 2500-dən çoxdur. Beləliklə, əsl ciddi ədəbiyyatla bu cür cızma-qaranın arasındakı fərqi müəyyən etmək də çətin olur.

    R.A

    – Ancaq ciddi ədəbiyyat da sanki bir böhran keçirir…

    – Yox, normal ciddi ədəbiyyat böhran keçirmir.

    “Vətəndaş həmrəyliyi məfhumunu Azərbaycan siyasi leksikonuna biz gətirmişik”

    – Hanı bəs o əsərlər, Sabir bəy? Siz son vaxtlar ciddi ədəbiyyat deyə kimləri oxumusunuz?

    – Mən də bütün əsərləri oxuya bilmirəm. Ancaq bəzi gənclər var ki, mən onların şeirlərini, povestlərini oxuyuram və haqlarında da yazmışam. Məsələn, Qan Turalı, Seymur Baycan, Şərif Ağayar haqqında yazmışam. Eyni zamanda yaşlı nəslin də maraqlı əsərləri var. Anarın maraqlı bir əsəri var, Elçinin “Baş” romanı var. Məmməd Orucun Azərbaycan-Ermənistan müsibətləri ilə bağlı çox maraqlı bir romanı var idi. Roman əvvəllər Bakıda yaşamış bir ermənidən bəhs edir. O dilimizi gözəl bilir və azərbaycanlılardan fərqlənmir. Gəlir Bakıya və burada onun nostalgiyası, keçirdiyi hisslər əsərdə əksini tapır. Müharibənin indiki vaxtında belə əsərlərin rolu böyükdür. Əkrəm Əylislinin “Daş yuxular” romanında isə heç ermənilərin əsərlərində azərbaycanlılara olmayan qədər nifrət əks olunub.

    R.A.

    – Əkrəm Əylislinin o əsərinin bədii dəyəri nədir? Ona həqiqətən Nobel mükafatı düşürmü? Nobelin standartları nədir?

    – Əvvəla, Nobel siyasi mükafatdır və elə əsərə Nobel verə bilməzlər.

    R.A.

    – Aydındır, bu ermənilərin mövqeyini müdafiə edir. Hesab etsək ki, erməni yazıb, o zaman əsərin bədii dəyəri nədir?

    – Bədii dəyərlə mövzunu çox zaman bir-birindən ayırmaq mümkün deyil. Bir məsələdə ki, subyektiv yanaşma var, orada bədii dəyərdən söhbət gedə bilməz. Əkrəm Əylisli uşaq deyil ki… Dili yerində, cümləsi yerində, bir erməni sevgisi ilə yazıldığı da aşkar… Orada öz kəndlərinin nostalgiyası var. Erməni kilsələri üçün ürəyi gedir.

    – Siz Əkrəmlə tanışsınız, o xristiandırmı?

    – Yox, xristian deyil. Əkrəm həmişə özünü bir kənd uşağı kimi aparıb. Amma içində həmişə bir erməni sevgisi olub. Artıq bu məsələ keçib gedib, onun haqqında danışmaq istəmirəm. Ancaq mən ona öz sözümü dedim. Bir dəfə Naxçıvandakı erməni kilsələrinin kataloqunu gətirmişdi və deyirdi ki, bunlar gərək dağılmayaydı. Dedim ki, Əkrəm, Qarabağda onlarla qədim abidəmiz məhv edilib, onların kataloqunu niyə qoltuğuna vurub gətirmirsən? Birtərəfli mövqe tutmaq olmaz axı…

    – Sabir bəy, partiyanın işləri necə gedir? İndiki siyasi mühitdə bir partiyanın başqanı olmaq, partiya yönəltmək nə deməkdir? Bunun Azərbaycan üçün, millət üçün, şəxsən Rüstəmxanlının özü üçün bir əhəmiyyəti varmı?

    – Mənim üçün şəxsən, bir partiyanın başqanı olmaq əlavə yükdür. Çünki 30 il bundan əvvəlki qüvvəm yoxdur. Partiya işi bir savaş işidir, cavanlıq istəyir.

    – Neçə ildir partiya başqanısınız?

    – 1992-ci ildə partiyanı yaratdıq. Artıq 24 ildir… Təklif edirəm ki, gənclərdən biri mənim yerimə keçsin, qəbul etmirlər. Vətəndaş həmrəyliyi ideyası mənə doğmadır. Xüsusən müharibə şəraitində olan bir ölkədə milli birliyin, vətəndaş həmrəyliyinin zərurətini mən həmişə hiss eləmişəm. Vətəndaş həmrəyliyi məfhumunu Azərbaycan siyasi leksikonuna biz gətirmişik. Həmçinin bizim partiya yüzlərlə gəncin siyasi həyatdakı fəallığına yardım edib. İki nəfərimiz- Rəfail Hüseynovla Fəzail İbrahimli Milli Məclisdə partiyanı təmsil edirlər. Bu mənada partiyanın müsbət tərəfi var. Bizim bütün rayonlarda təmsilçilərimiz var. Bir çox adı böyük görünən partiyalar rayonlarda bizimlə müqayisədə zəifdir.

    R.A.

    “Əkrəm həmişə özünü kənd uşağı kimi aparıb. Amma içində həmişə bir erməni sevgisi olub”

    – Ancaq onların da iddiaları budur ki, sizin partiyanın üzvlərini hökumət təyin edir…

    – Bu necə ola bilər? Kimsə o sözü deyirsə, deməli, mənə zərrə qədər hörməti yoxdur. Düzdür, rayonlarda çalışan icra nümayəndələrinin, rəhbər şəxslərin mənə rəğbəti ola bilər. Bəzi siyasətçilər var ki, rayonlarda onları heç tanımırlar. Təbii ki, onlara nisbətdə mənə daha isti yanaşacaqlar. Bu o demək deyil ki, bölgələrdə mənim partiyamın üzvlərini hökumət təyin edir. Bu işin bir tərəfi…

    İkinci məsələ isə ondan ibarətdir ki, dünyanın əksər ölkələrində partiyalar öz əvvəlki mahiyyətindən ayrılır. Daha çox dövlətin özünün yürütdüyü siyasətə çevrilir. Məsələn, Amerikada iki partiya var. Yəni orada, üçüncü, dördüncü, beşinci partiya qurula bilməzdi? Sadəcə, dövlət o iki qanadı saxlayır və gah biri seçilir, onun işləri düz gətirməyəndə o biri seçilir. Dərin dövlət onları idarə edir və dövləti qorumağa çalışır. Harada bizim kimi yenicə demokratiya yoluna qədəm qoyanlar varsa, onlar o çətin prosesi, bölücülüyü, hər tayfanın bir partiya yaratmasını, demokratiya adına qarmaqarışıq bir sistemin formalaşması mərhələsini keçir. Lakin getdikcə onların sayı azalır. Xüsusən müharibə şəraitində olan bir dövlətdə partiyalar nə qədər hakimiyyət davası aparsalar da, əsas məqamda yalnız bir məsələ önə çıxır. O da millətin və dövlətin taleyidir. Bu baxımdan partiyalar mübarizəni istədikləri kimi davam edə bilmir.

    – Sabir bəy, 30 ilə yaxındır münasibətdə olduğunuz müxlifətçi dostlarınızla əlaqələriniz qalırmı? 20 il əvvəlki kimi onları yenə də yubiley tədbirinizə dəvət edəcəksinizmi? O zalın tərkibi necə olacaq?

    – Təbii ki, münasibətlərimizin davam etdiyi adamları mən oraya dəvət edəcəm. Mənim demək olar ki, bütün siyasi partiyalarla münasibətlərim davam edir. Ümummilli məsələlərə həsr olunan yığıncaqlarımıza da mən bütün siyasi partiyaların liderlərini dəvət edirəm. Hamıya məlumdur ki, müxalifətdə qruplaşmalar gedir. Mən bir müddət həmin qruplaşmaların hamısında olmuşam. Sonra gördüm ki, bəzi dostlarımız səmimi deyillər. Əvvəlcə yaradırlar, münasibətlər qaydasında olur. Sonra ilk uğursuzluqda qarşılıqlı ittihamlar başlayır. Buna görə də mən o qruplara qatılmıram. Çox istərdim ki, Azərbaycanda təkcə müxalifət arasında yox, hakimiyyətlə müxalifət arasında da bir dialoq olsun. Məncə, Azərbaycan prezidenti ildə bir dəfə, iki dəfə siyasi partiyaları yığmalıdır, necə ki, jurnalistləri toplayır.

    – Ancaq müxalifətin elə bir qismi var ki, ümumiyyətlə, prezidentə xitab edərkən, ünvanına prezident sözünü işlətmirlər. Buna necə baxırsınız?

    – Yox, bu cahillikdir. Bizə ən yaxın dövlət Türkiyədir. Orada hətta ağır şəkildə tənqid edəndə də, deyirlər ki, hörmətli, sayın Ərdoğan bu məsələni çox səhv edib. Çünki prezidenti xalq seçib. İlham Əliyevə sənin rəğbətin ola da bilər, olmaya da bilər. Ancaq o, dövlətin başçısıdır. Ona hörmət və sayğı ilə yanaşmalısan, tənqid edərkən belə. Mən qəzetlərdə tərbiyəsizliyi qəbul eləmirəm.

    Dünyada xalqları, millətləri bir-birinə birləşdirən bir “sement” varsa, onun adı sevgidir. Millət bir-birini sevməlidir, hətta düşmənin olsa belə, hörmətlə yanaşmalısan. Bizim milli əxlaqımız küçə uşaqları səviyyəsində danışmağa imkan vermir. Milli əxlaq, hörmət istəyir, düşməninə də, rəqibinə də…

    “Bakıya gələndə heç pencəyim də yox idi, bir şalvar, bir köynəklə gəlmişdim”

    – Sabir bəy, “Ömür kitabı”nda millətə bir aşiqlik hiss olunur. Türk soyuna qarşı böyük bir eşq var. Üstündən təxminən 30 il keçib. Fikriniz dəyişibmi? Millətin keyfiyyəti ilə bağlı o eşq bir qədər arxa plana keçibmi?

    – Sözsüz ki, o romantik eşq bir qədər sozalıb. Elə şeirlərim var ki, o dövrün ruhu ilə başlamışam, şəhidlik haqqında böyük bir şeir yazmaq istəmişəm. Ancaq sonu gəlib Mirzə Ələkbər Sabirin ruhuna qayıdıb. Eyni şeirin əvvəli tərənnümlə başlayır, sonu tənqidlə bitir. Mənim onlarla bu cür şeirim var ki, bu milləti tənqid edirəm. Mən rayondan heç nəsiz gəlmişəm, illərlə evsiz-eşiksiz yaşamışam…

    R.A.

    – Bakıya nələrlə gəlmişdiniz, xatırlayırsınızmı? Çamadanınızda nələr var idi?

    – İplə bağlanmış köhnə bir əsgər çamadanım var idi. İçində kitablarım, bir də bir-iki köhnə paltarım idi. Bakıya gələndə heç pencəyim də yox idi, bir şalvar, bir köynəklə gəlmişdim. Həmin qışı heç paltom da olmadı, bir köynəklə keçirdim.

    – Xeyirxahınız kim olub o zaman? Hansısa mərhələdə sizə arxa-dayaq duran olubmu?

    – Mənim xeyirxahım orta məktəbdə ədəbiyyat müəllimim, Qazax rayonunun Yuxarı Salahlı kəndindən Cavad müəllim olub. Səməd Vurğunun qohumu idi, görünüşdə də ona oxşayırdı. O məndə ədəbiyyata sevgi öyrədib. İkinci, Qazaxdan olan riyaziyyat müəllimim olub, o da mənə bu fənni sevdirib.

    – Siz harada təhsil almısınız ki?

    – Yardımlıda.

    – Orada niyə qazaxlılar dərs deyirdi?

    – Əvvəllər bir rayon məktəbində bütün bölgələrdən müəllimlər olurdu. İndi isə rayon məktəbləri tayfa səviyyəsində fəaliyyət göstərir. O vaxt Yardımlının məktəbi universitet səviyyəsində idi. Qaxdan, Qazaxdan, Naxçıvandan, Bakıdan, Masallıdan müəllimlər var idi. Sonra universitetdə professor Kamil Əliyev, eləcə də onun yoldaşı Nilufər Əliyeva mənim xeyirxahım oldu. Bir də vertolyotda həlak olan Vəli Məmmədov mənə məsləhətlərini verib.

    – “Ədəbiyyat” qəzetinə işə düzəlməyiniz necə oldu?

    – “Ədəbiyyat” qəzetinə məni Hüseyn Abbaszadə işə qəbul elədi. 4-cü kursda oxuyanda bir gün cibimdə ərizə ilə universitetin rektorunun qəbuluna gedirdim ki, məni qiyabiyə keçirsin, Bakıda yaşaya bilmirəm, gedim kəndə müəllimlik edim. Yolda, Sabir heykəlinin yanında Aydın Qurbanoğluna rast gəldim. Soruşdu ki, qanın niyə qaradır, dedim, ərizəmi yazmışam, kəndə qayıdacam. Dedi ki, sənin “Ədəbiyyat”qəzetdə bir məqalən çıxmışdı, çox yaxşı məqalə idi.

    Redaktor da bəyənib. O qəzetdə boş yer var, get oraya, bəlkə götürdülər. Getdim Hüseyn müəllimin yanına, dedim, işə düzəlməyə gəlmişəm. Mənim necə tələbə olduğumu dostunuz Bəxtiyar Vahabzadədən soruşa bilərsiniz. Dedi ki, səndən başqa da iki nəfər namizəd var. Hərəmizə redaktə etmək üçün bir mətn verdilər. Mən redaktənin nə olduğunu bilməsəm də, 20 səhifəlik mətni oxudum və qısaldıb 5 səhifə elədim.

    Dedim ki, ancaq bu cür çapa gedə bilər. Redaktor dedi ki, Hüseyn müəllim, o birilər ancaq nöqtə-vergülü düzəldiblər, ancaq bunun başı var, işləyə bilər. Sonra Bəxtiyar Vahabzadəyə zəng vurdu. O da dedi ki, mənim son illər belə istedadlı tələbəm olmayıb. Hüseyn Abbaszadə dedi ki, sabah gəl işə başla. Mən də gecə qarovulçuluğa getməliydim, getmədim, gəldim qəzetə. Belə olub.

    – Sabir bəy, bir az da Qarabağla bağlı danışmaq istərdik. Bir xalq şairi və Meydan hərəkatının liderlərindən olmuş şəxs kimi bu problemə baxışınız necədir? Ümid varmı? Topxanada meşələr qırılanda siz xalqın etiraz aksiyasının önündə olan ziyalılardan biri idiniz. Aradan 29 illik zaman keçib. Zaman bu problemi haraya aparır? Xalqın öz torpaqlarına qayıtmaq imkanları necədir?

    – Mən böyük perspektivdə çox ümidliyəm. Çünki ermənilərin Güney Qafqazda strateji olaraq gələcəyi yoxdur. Özləri də ora bir məbəd kimi baxırlar ki, gəlib ziyarət edib gedəcəklər. O torpaq onların deyil. Torpağın özü də sanki üstündə yaşayanın ona doğma, yaxud ögey olduğunu hiss edir. Bizi çaşdıran bir məsələ var. Bu da ondan ibarətdir ki, 1988-ci ildə Qarabağı müdafiə eləmək, Qarabağda azərbaycanlıların hüquqlarının qorunması istiqamətində başlanan mübarizə sonradan ayrı müstəviyə keçdi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə çevrildi və uğurla nəticələndi. Azərbaycan müstəqil oldu və Qarabağ məsələsi keçdi ikinci plana. Bu çox böyük yanlışlıq oldu. Hətta o vaxtkı müdafiə naziri deyirdi ki, Ermənistanla sərhədə səngər çəkilməlidir, müdafiə sistemi qurulmalıdır. Bizimkilər o vaxt etiraz etdilər ki, nə səngər, erməninin gülləsi bizə dəyməz, müharibəyə gedirik. Halbuki millətin əlində heç nə yox idi. Ona görə də bu vaxt bizə lazım idi. Ordu quruculuğu üçün vaxt lazım idi, yetərincə silahımız yox idi. Göz qabağında olan bir şey var ki, dünyada bir xristian həmrəyliyi var və erməniləri müdafiə edirlər.

    R.A.:

    – Bu bir qədər demoqoji deyilmi? Gerçək varmı?

    – Nəyə görə ermənilər bu soyqırımı Türkiyədəki erməni soyqırımı ilə yanaşı qoyurlar? Çünki Azərbaycanla Türkiyə qardaş xalqlardır. Türkiyədə bir milyondan artıq erməni soyqırıma məruz qalıb. Ermənilər buradan köç eliyib. İndi də balaca bir Qarabağ var və “məzlum ermənilər” burada da döyülməsinlər. Yəni ermənilər davamlı olaraq, özlərini dünyaya məzlum, əzilən bir xalq kimi tanıtmaq istəyirlər. Biz də böyük türk xalqı, qəhrəman, bütün savaşlardan qalib çıxan…

    – Bu içgüdü bizim toplumda qalıbmı?

    – Yox, bizdə qalmayıb, az-az adamlarda qalıb. Ancaq məncə, qalmalıdır. Mənim içimdə Azərbaycan türkünə sevgi zərrə qədər azalmayıb.

    – Aşiqlik azalıb amma…

    “Fəal uşaqlar var ki, cavandır, hissiyyatını saxlaya bilməyib, feysbukda bir cümlə yazıb. Sonra həmin cümlə narkotikə çevrilib onun cibindən çıxır”

    – Aşiqlik harada azalıb? Mən millət deyəndə halal zəhməti ilə çörəyini qazanan, uşaqlarını halal zəhmətlə böyüdən, kənddə-kəsəkdə, mənim doğulduğum yerlərdəki sadə insanları nəzərdə tuturam. O yerdə qalanlar bu gün var, sabah yoxdur. Bizim millətimiz gözəl millətdir, xeyirxahdır. Erməni ilə savaşsa belə içində nifrət hissi yoxdur. Bəzi xalqlar var ki, onların millətçiliyi pozitiv millətçilik deyil. Bizim xalqın millətçiliyi pozitiv millətçilikdir, içimizdə heç bir xalqa qarşı nifrət yoxdur. Məsələn, ermənilərin və ya Hitlerin millətçiliyi həm özlərinə, həm dünyaya, həm də insanlığa zərərli millətçilikdir. Mən türk xalqının tarixini öyrənəndə gördüm ki, bu milləti sevməmək mümkün deyil.

    R.A.:

    – Sabir bəy, qayıdaq Qarabağ məsələsinə… Qarabağ probleminin ilk günündən siz meydanlardasınız. Sizi şairlikdən çox Meydan hərəkatı məşhurlaşdırdı…

    – Elədir. Ancaq bir məsələ də var ki, o vaxt siyasətçi yox idi. Onda daha çox şairləri, yazıçıları tanıyırdı xalq. Məni, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Xəlil Rza Ulutürkü eşidirdilər. Əbülfəz Elçibəy də siyasətçidən çox alim kimi, ədəbiyyatçı kimi populyarlaşdı. Çünki ədəbiyyatçılara qulaq asırdılar. Mən bu gün yaşadığımız günlərin məsuliyyətini də hiss edirəm. Düşünürəm ki, başqa necə ola bilərdi? Məncə, dünya tədricən o nöqtəyə gəlib yaxınlaşır ki, Qarabağ məsələsi ya danışıqlar yolu ilə həll olunmalıdır, ya da dünya gözünü yumacaq və savaş gedəcək.

    – Dediniz ki, ermənilərin Güney Qafqazda qalmaq, milli konsepsiyalarını həyata keçirmək şansı yoxdur.

    – Bu zaman 100 il də çəkə bilər.

    – Bir insan ömrünə yetən zaman üçün, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir müsbət ritorika var. Bu ritorikanı paylaşırsınızmı?

    – Mən bu ritorikanı paylaşmıram. Mən hesab edərəm ki, bu ciddi məsələdir. Burada populist fikirlərə uymaq, “5-10 günə biz Qarabağı azad edərik” kimi çıxışlara inanmaq olmaz. Bu, ciddi bir savaş olacaq.

    “Mən cavanlarımıza siyasi liderliyin yox, atalıq qayğısının tərəfdarıyam”

    – Ölkə müharibədən keçəcəkmi, sizcə?

    – Bəli, ölkə müharibədən keçəcək. Qarabağın müharibədən başqa həlli yolu yoxdur. Biz həmişə deyirik ki, dünya bizə müharibə etməyə imkan vermir. Ancaq bu dünya deyil, konkret olaraq Rusiya müharibəyə mane olur. Azərbaycanın 2-4 aprel savaşında atdığı addımları görəndə Rusiya dərhal təzyiq etdi ki, müharibəni durdurun. İndi də təzyiq edirlər. Rusiya olmasa, Qafqazda Ermənistan olmaz. Qafqazda Ermənistanı Rusiya yaradıb. Heç zaman Qafqazda erməni dövləti olmayıb. Bunu rəhmətlik Ziya Bünyadov da yazıb. Ona görə də burada Rusiya faktoru var. Ancaq bu da yanlış təsəvvürdür ki, biz Avrasiya İttifaqına qoşulsaq, Rusiyanın hər dediyini eləsək, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Azərbaycan, sadəcə, dünyada ciddi diplomatik iş aparmalıdır və hərbi uğurlarını gücləndirməlidir. Atılan addımların nəticəsi nə oldu? Dünyanın heç bir ölkəsindən Azərbaycana sərt təpki gəlmədi ki, niyə müharibə edirsiniz. Bütün dünya dedi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Azərbaycan gücləndikcə bu məsələnin həlli sürətlənəcək. Hesab edirəm ki, yaxın müddətdə problemin həllində ciddi dönüş yaranacaq. Ən pis vəziyyət isə internet mediada və sosial şəbəkələrdədir. Biri yazır ki, şad xəbər, 7 rayon azad olundu, biri yazır 5 rayon azad olundu. Bu nə deməkdir? Kim edir bunları?

    – Feysbukda varsınızmı?

    – Bəli, feysbuk səhifəm var. Ancaq heç birini özüm işlətmirəm. Birini yoldaşım işlədir, birini uşaqlarım işlədir, birini qardım oğlu işlədir. Mən də arada bir baxıram.

    R.A.:

    – Hər kəsin bir Sabir Rüstəmxanlısı var… (gülür)

    – Elədir (gülür). Ancaq ciddi yazılarım olanda özüm girib paylaşım edirəm.

    – Sabir bəy, Aşıq Alının sözü olmasın, 70-i aşırdın, yüzə nə qaldı… 70 il bir məsafə gəldiniz. Çox şükür, səhhətiniz də yerindədir. Sizə qoca demək mümkün deyil. Bəs içinizdə nə arzular var? Türk dünyası ilə bağlı, yaradıcılıqla bağlı, səyahətlə bağlı qarşıdakı 5 ildə nə planlaşdırırsınız?

    – Mənim kimi siyasətlə məşğul olan insanlara hər zaman bir sual var ki, söz əsasdır, yoxsa siyasət? Təbii ki, mənim üçün hər zaman söz əsasdır. Mən siyasətə sözlə gəlmişəm. elə sözümə görə də siyasətdən uzaqlaşdım. Çünki mən sözümü qorumaq istəyirəm. Sözümün vicdanını qorumaq istəyirəm. Mənim nə qədər yazılarım varsa, orada bir saxta şey yoxdur, heç vaxt olmayıb. Konyukturadan həmişə uzaq olmuşam. Bəlkə susduğum vaxtlar olub. Ancaq boğazdan yuxarı dediyim heç bir söz olmayıb. Nə qədər ömrüm var, bilmirəm. Amma hər halda, gənclik illərimdən məni bir dalğa kimi götürüb bu günə qədər gətirən söz olub. Hər zaman da bir az qanadlı yaşamışam. Evim olmayıb, pulum olmayıb, rahatlığım, dəstəyim olmayıb, amma həmişə də hamı elə bilib ki, məndən güclü, məndən arxalı adam yoxdur. Hamısının da bir səbəbi var ki, o da sözdür. Sözümə çox arxayın olmuşam. Təkcə onu bilmişəm ki, bu dünyada sözdən etibarlı heç nə yoxdur. Hər şey əldən çıxıb gedir, ancaq söz qalır. Ona görə də mən sözümü axıra çatdırmaq istəyirəm. Bəlkə bu insanlara deyilən sözdür, bəlkə də Allaha deyilən sözdür. İnsan Allahına hesabat verir ki, sən məni yaratmısan, bu sevgini mənə vermisənsə, mən o sevgini sənə qaytarmalıyam. Bizim bütün orta əsrlər ədəbiyyatımız o sevgi ilə doludur. İnsan yaşadıqca hiss edir ki, təkcə özü üçün və öz ətrafı üçün yaşamır. Həm də qeyri-adi bir varlıq var ki, sən ona da hesabat verməlisən. Bu, mistik bir şey deyil, hər bir insanın yaşantısıdır. Mənim əlimdə kitablarım var. “Akademikin son əsəri” adlı bir romanım var. Bir alimin genetik savaşla bağlı mübarizəsindən bəhs edir.

    – Kimin prototipidir?

    “Rusiya olmasa, Qafqazda Ermənistan olmaz. Qafqazda Ermənistanı Rusiya yaradıb”

    – Bu, repressiyalara qarşı ən ciddi əsərlər yazan Ziya Bünyadovun prototipidir. Məndən asılı olmadan bu əsərin qəhrəmanı məhz ona bənzədi.

    – Markesin əsərlərinin adına oxşadı-“Akademikin son əsəri”…

    – (Gülür) Hə, bir az da ona oxşadı: “Patriarxın son payızı”. Bu əsərdə Ziya Bünyadovun tarixlə bağlı yazdığı şeylər var.

    – Bu, yaradıcılıqla bağlı planlardır, bəs siyasi sahədə?

    – Siyasi planda mən partiya fəaliyyətimi bir qədər də gücləndirmək istəyirəm. İstəyirəm ki, gənclərimiz gəlsin partiyanın başına. Azərbaycanda biz gənclər siyasətini bir az dərindən düşünməliyik. Siyasi həyatımızda partiya liderləri, hakimiyyət də, müxalifət də gəncləri çox tez siyasətin alətinə çevirmək istəyirlər. Mənim dəstəmdən ol, mənim yanımda dayan, mən gedə bilmədiyim yerə sən get. Mən cavanlarımıza siyasi liderliyin yox, atalıq qayğısının tərəfdarıyam. Qoy cavanlarımıza yetişsinlər, onları sındırmaq olmaz. Hakimiyyətin yanında dayanır, gərəksiz yerə mədhiyyəçiliklə məşğul olur. Hansı idarəyə girirsən, rəhbərin müavinləri divarın dibi ilə düzülüb, hərəsi əlində bir dəftər, sanki bu kişi Quran ayəsi danışır, bunlar da yazacaqlar. İclasda rayonun rəhbər şəxslərindən biri varsa, hamı əlinə dəftər alır ki, guya nəsə yazır. (gülür) Bu, millətimizin canına yeriyən bir xəstəlikdir.

    Mən istəyirəm cavanlarımızı bu cür mədhiyyəçilikdən, gərəksiz siyasi parçalanmalardan, gərəksiz siyasi münaqişələrdən qoruyaq. Onları qurban seçməyək, indidən hərəsinin üstünə bir damğa vurulmasın. Mənim tanıdığım fəal uşaqlar var ki, cavandır, hissiyyatını saxlaya bilməyib, feysbukda bir cümlə yazıb. Sonra həmin cümlə narkotikə çevrilib onun cibindən çıxır. Mən olsam, qoymaram onu yazmağa. Deyərəm, öz biliyini artır, elm qazan, yetkinləş, böyü. Hər şeyin həlli küçədə deyil, “dubinka” ilə üz-üzə gəlməkdə deyil. Biz o mərhələni keçmişik. İndi Azərbaycan müstəqil dövlətdir və burada hər şey konstitusiya ilə həll olunur. İdeal cəmiyyət yoxdur, cəmiyyəti dəyişməyin yollarını axtarmaq lazımdır. Bu yolla olmursa, başqa yollar axtarmaq lazımdır. Məktəb də, mətbuat da o yollardan biridir. Bizim məktəblərimiz ciddi vətəndaş yetişdirə bilmir. Erməni məktəbləri türkə nifrət edən şovinist bir zümrə yetişdirir. Bizim məktəblərimiz isə kimliyi bəlli olmayan vətəndaş yetişdirir. O, nə kimliyini bilir, nə azərbaycançılığını başa düşür. Azərbaycanda da qəribə bir vəziyyət yaranıb.

    “Həmişə hamı elə bilib ki, məndən güclü, məndən arxalı adam yoxdur”

    Kürd olmaq, talış olmaq, ləzgi olmaq yaxşıdır, ancaq türk olmaq yaxşı deyil. Bir titul millət var, o milləti aşağılamaqla sən bu dövləti güclü saxlaya bilməzsən. Son vaxtlar bir multikulturalizm söhbəti var, mən ona qarşı deyiləm. Ancaq Azərbaycanı bir millət edən, bizi bir edən ümumi bir dəyər var, onun adı mədəniyyətdir, dildir. Multikulturalizm adı altında bizi birləşdirən, bu torpağın üstündə var edən o mədəniyyət param-parça edilir. Bu cür yanaşmaq olmaz. Dünya çoxdan multikulturalizmdən əl çəkib. Biz yatıb-yatıb indi oyanırıq. Bizi birləşdirən şeylərin dəyərini bilməliyik. Mən fikir verirəm ki, indi bəzi rayonlarda oğlu, qızı əvəzinə “oviç” yazdırırlar.

    – Yeri gəlmişkən, o da ciddi bir problemdir. Bizdə hələ də -ov, – yev soyad sonluqları qalmaqdadır… 25 il deputat oldunuz, çox müdafiə etdiniz bu mövqeyi, çox yazdınız. Ancaq keçirə bilmədiniz.

    – Bu dövlət səviyyəsində həll olunmalıdır. 1991-ci ildə biz latın əlifbası haqqında qanun qəbul elədik, əlifba islahatı keçirildi. Ancaq 2001-ci ildə Heydər Əliyev bir fərman verdi və o fərmanla bir gündə bütün qəzetlər keçdi latın əlifbasına. Bu məsələ də o cür bir qərarla həll olunmalıdır. Öz içimizi demirəm, xaricdə çox eybəcər görünür. 1988-ci ildə mənə elə gəlirdi ki, müstəqillik qazanan kimi hər şey həll olunacaq. Bu soyad sonluqları dəyişəcək, Güneylə bağlı mətbuat güclənəcək, rusların yadigarı olan, bizə yad olan hər şeydən imtina edəcəyik. İndi yeni doğulan uşaqlara “ov” yazılır, ailədə heç bir müqavimət yoxdur. Mən bir məqaləmdə də qeyd etmişdim ki, müqavimətsizlik QİÇS xəstəliyidir. Sanki bizim millət QİÇS-ə yoluxub, müqavimət gücü qalmayıb. Bəziləri də var ki, uşaqlarını rusca oxudurlar. Ya onları Rusiya üçün hazırlayırlar, ya da Rusiyanın bura gəlməyini gözləyirlər. başqa variant ola bilməz.

    – Sabir bəy, uşaqlardan danışdınız. Neçə nəvəniz var? Onların yetişməsinə, təhsilinə xüsusi diqqət göstərirsinizmi?

    – 5 nəvəm var. Şübhəsiz ki, diqqət göstərirəm. Çünki onları çox istəyirəm. Son vaxtlara qədər biz bütün bacı-qardaşlar böyük bir ailə kimi yaşayırdıq. Sonradan həyat dəyişdi, bir qədər aralandıq. İndi hamısına nəzarət etmək olmur. Məsələn, Əlövsət getdi Almaniyaya, heç istəməzdim getsin.

    – Sabir bəy, bir kənd nisgili varmı sizdə? Qayıdıb orada yaşamaq istərdinizmi?

    – Vallah, çox həssas yerimə toxundun. Çox istəyirəm qayıdım bir qədər rayonda yaşayım. Bu nisgildən çox bir ehtiyacdır. İndi də hər iki aydan bir gedirəm. Orada, rayon mərkəzində bir evim var.

    – Dostlarınızla indi də gediş-gəlişiniz varmı?

    – Mənə yaxın olan bəzi dostlarım artıq dünyasını dəyişib. Bəziləri ilə aramızda problemlər yaranıb. Ən yaxın dostlarım Fərman Kərimzadə, Söhrab Tahir, Nüsrət Kəsəmənli idi, onlar da dünyasını dəyişib. Çingiz Əlioğlu var, o bir qədər rahatsızdır indi, Allah şəfa versin. Yəni dostlarımın sayı o qədər də çox deyil.

    – Buradan demək istədiyiniz bir sözünüz varmı?

    “Ölkə müharibədən keçəcək, Qarabağın müharibədən başqa həlli yolu yoxdur”

    – Biz Azərbaycanın bütövlüyü məsələsinin gündəmdən çıxmasına izn verməməliyik. Azərbaycan dövlət olaraq bunu edə bilməz. Mən İrana savaş açmağın tərəfdarı deyiləm, İran bizim qonşumuzdur. Yaxşı olar ki, İranda demokratiya güclənsin, bu bölgədə də Avropa Birliyi kimi İran, İraq, Qafqaz ölkələri bir araya gəlsin, əlaqələr artsın. Bu da bizim millətin o ruhunu qaytaracaq. Çünki 50 milyonluq xalq balaca bir xalq deyil. Bu, təkcə DAK-ın işi deyil, bütövlükdə Azərbaycanın işidir. İndi baxırsan ki, sovet dövründə Cənub məsələsi daha güclü idi, nəinki indi. Necə ki, sac soyuq olanda buğda qovrulmur, sirinsiyir. O artıq nə qovrulmaz, nə də göyərməz. Bizdə bir çox milli problemləri bu cür sirinsidirlər. Onun daha nə irəli, nə də geri yolu yoxdur.

    – Sabir bəy, çox təşəkkür edirik. Çox sağ olun.

    – Mən təşəkkür edirəm dəvətiniz üçün. (musavat.com)

  • Əlövsət Əliyev: ”Saxta sənəd ”istehsal” edənlər haqqında hesabat hazırlayacam”

    ‘Prezidentdən sinif yoldaşı Emin Şəkinskinin qanunsuz davranışlarına son qoyulmasına yardım etməsini xahiş etmişəm”

     

    Son zamanlar mühacirətdə olan bəzi şəxslər ətrafında müzakirələr səngimir. Əsasən də Azərbaycanda təzyiqə məruz qalmayan insanların xaricdə siyasi sığınacaq almaq  istəməsi ictimaiyyətdə narazılıq yaradır, onlara yardımçı olanlar hədəfə alınır. Hədəfə tuş gələn şəxslərdən biri də “Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Mərkəzi”nin rəhbəri Əlövsət Əliyevdir. Meydan TV Əlövsət Əliyevlə müsahibədə bu və digər suallara cavab tapmağa çalışıb…

    –  Əlövsət bəy, xeyli vaxtdır ölkədən uzaqdasız. Bu gün Azərbaycan uzaqdan necə görünür?

    –  20 aydan çoxdur vətəndən kənardayam. Lakin Azərbaycandan heç zaman uzaq olmaq mümkün deyil. İnsan doğulduğu, böyüdüyü, təhsil aldığı, müstəqilliyi uğrunda mübarizə apardığı, ərazi bütövlüyü uğrunda döyüşdüyü, pis- yaxşı ömrünün 53 ilini yaşadığı, özünə bəlli bir iş qura bildiyi ölkədən uzaqda yalnız cismən ola bilər. Mən ruhən daim doğmalarımla və dostlarımlayam. Müasir dünya sanki qlobal bir kəndə çevrilib, ünsiyyət və rabitə vasitələri çeşidlidir, çox əlçatan və intensivdir. Sanki dünyanın miqyasları çox kiçilib və bu kiçik dünyanın kiçik bir hissəsi olan Azərbaycan necə varsa, elə də görünür. Məlumdur ki, hər bir cəmiyyət hüquq və əxlaq normaları ilə idarə edilir. Bu gün çox təəssüf ki, ölkəmiz hüquqi və mənəvi-əxlaqi nihilizm, böhran keçirməkdədir. Vətəndaş cəmiyyətinin bərqərar olması və qanunun aliliyinin təmin edilməsi sahəsində kəskin problemlər mövcuddur. Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının qorunmasını tələb edən dövlətlərə, beynəlxalq təşkilatlara, bu sahədə tanınmış beynəlxalq ekspertlərə və Azərbaycanda bu sahədə fəallıq edənlərə münasibətdə barışmaz mövqe sərgilənməkdə davam edir.

    –  Əlövsət bəy, orada hansı işlərlə məşğulsuz? Fəaliyyətinizi hansısa formada davam etdirirsizmi?

    –  Bildiyiniz kimi, mən Almaniyadayam. Əsas qayğılarımdan biri alman dilini öyrənməklə bağlıdır. Çalışıram ki, alman dilini daha mükəmməl öyrənim. Gündəlik dərslər davam edir. Eyni zamanda bir hüquq firması yaratmışam. Firmanın məqsədi azərbaycanlıların Avropada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, daşınmaz əmlak almasına, Avropaya sürətli inteqrasiyasına, Azərbaycan səfirlikləri ilə yaranan problemlərinin həllinə, həmvətənlərimizin təşkilatlanmasına, Almaniyada təhsil almasına, Azərbaycana könüllü qayıdışın təşkilinə və s. sahələrdə yardım etməkdən ibarətdir. Amma firma hələ tam aktiv fəaliyyətə başlamayıb. Ofis axtarışındayıq. Müraciət edən hər bir şəxsə təbii ki, hüquqi məsləhətlər veririk. Qeyd edim ki, bu ölkədə azərbaycanlılar kifayət qədər çoxdur və onların təşkilatlanması sahəsində ciddi problemlər var. Müşahidələrimdən bəzən belə bir qənaətə gəlirəm ki, sanki bir-birlərindən uzaq olsunlar deyə onların əksəriyyəti ilə hər gün kimlərsə iş aparır. Təbii ki, kifayət qədər gənc və tərəfsiz insanlar da var və onlar azərbaycanlıların təşkilatlanması sahəsində çox fəal, məqsədyönlü iş görürlər. Bu kimi hallar məni də ruhlandırır. İmkanım olanda azərbaycanlıların tədbirlərinə qatılıram və ya tədbirlərin təşkilinə dəstək verirəm. 55 yaşada olan bir şəxsin iki ilə inteqrasiya olunması, dil öyrənməsi və ardıcıl olaraq nə ilə isə məşğul olması çox çətindir. Amma bura Azərbaycan deyil və hesab edirəm ki, 2017-ci ildən sonra çox ciddi fəaliyyətlə məşğul olmaq imkanlarına sahib olacağıq. Təbii ki, kifayət qədər maneələr də var. Bu maneələr isə ilk olaraq Azərbaycan hakimiyyətinin fəaliyyəti ilə bağlıdır. Ölkədə birbaşa, xaricdə isə öz əlaltıları vasitəsilə soydaşlarımızın bir araya gəlməsinə mane olmağa çalışır. Çox təəssüf ki, bu işdə müəyyən qrup ölkə vətəndaşını və hətta media təmsilçilərini də inandırır və insanların təşkilatlanmasına əngəl yarada bilirlər.

    –  Sizdən sonra da ölkədən xeyli insan getdi. Bu gün də gedənlər var. Və bu mühacirət məsələsində sizin adınız daha çox hallanır. Deyirlər, sizin vasitənizlə ölkədən gedənlər daha çoxdur. Doğrudurmu?

    –  Birincisi, sual dəqiqləşdirilmiş sual deyil və daha çox mənfi fikir yaratmağa xidmət edir. Sizin əlinizdə hansı araşdırma nəticələri, sübutlar var ki, məndən sonra Azərbaycanı tərk edənlərin xeyli olduğu qənaətinə gəlmisiniz? Bu, birmənalı olaraq yanlışdır. Mən QHT-lərə olan hücum zamanı ölkədən getmişəm. Yadımdadır ki, Azərbaycandan xaricə getdiyim günlərdə 50-yə yaxın jurnalistin və QHT təmsilçisinin ölkədən çıxışına və ölkəyə girişinə qadağa qoyuldu. Dəqiq xatırlayıram ki, məhz mənim Azərbaycandan çıxdığım gün Rauf Mirqədirov sərhəddə saxlanıldı və həbs edildi, digər QHT rəhbərləri isə bir gün sonra ölkədən buraxılmadı. Bir daha bildirirəm ki, məndən sonra ölkədən xeyli insanın getməsi haqda mülahizəniz əsassızdı. Sizin mülahizənizin əksinə olan başqa bir arqument isə budur ki, miqrasiya sahəsində hazırlanmış bütün hesabatlarda 2014-cü ilin birinci yarısında Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışının daha çox olması qeyd edilib. Bu, doğrudur ki, bəzi siyasi fəallar, KİV təmsilçiləri, QHT rəhbərləri ölkəni tərk ediblər. İkincisi, bu sual hakimiyyətdə olan şəxslərə ünvanlanmalıdır. Onlardan soruşmaq lazımdır ki, adını çəkdiyimiz sahələrdə çalışan fəal insanlar niyə kütləvi surətdə ölkəni tərk etmək istəyirlər. Üçüncüsü, hər kəsin Azərbaycan Respublikasının qanunlarına əməl etməklə, ölkəni tərk etmək hüququ var və bu kimi hallara qanunsuz qadağalar qoyula bilməz. Ölkədə oldugum zaman rəhbərlik etdiyim Azərbaycan Miqrasiya Mərkəzi hər il “Azərbaycandan Miqrasiya və Azərbaycana Miqrasiya” ilə bağlı illik hesabatlar hazırlayırdı. Mənim təşkilatdan istefamdan sonra həmin qurumun bu tip hesabatlar hazırlamasından xəbərsizəm. Birmənalı olaraq təsdiq edirəm ki, Almaniyada və digər Avropa ölkələrdə tanıdığım şəxslərin 95 faizindən çoxu mənim mühacirətə getdiyimdən əvvəlki dövrlərdə Azərbaycanı tərk ediblər. İnsanlar mənim vasitəmlə Azərbaycanı necə tərk edə bilərlər? Bu sual, ümumiyyətlə, məntiqli deyil, qeyri-realdır və müəyyən mənada qərəzlidir. Hansı mənbədən bu məlumatı almanız mənə maraqlıdır. Demək olar hər gün ölkədən getmək üçün (investisiya yatırmaq istəyi, ailə birləşməsi, yəhudi immiqrasiyası, təhsil proqramları, müalicə üçün həkim tapılması, ailə zorakılığının və insan alverinin qurbanları, vətəndaşlıqdan imtina etmək istəyən şəxslər və s.) müxtəlif suallarla mənə müraciətlər olur. Bilik və təcrübəmə əsaslanaraq onlara məsləhət verirəm. Məqsədim bu insanların ölkədən getməsinə dəstək vermək yox, onları Avropa qanunvericiliyi haqqında məlumatlandırmaqdır. Və bu xeyirxah bir işdir. Məncə, hər kəs, o cümlədən hər bir mətbuat təmsilçisi öz vətəndaşlarının bu sahədə məlumatlandırılmasında maraqlı olmalıdır. Belə məlumatlandırmalar insanların qanunsuz olaraq ölkəni tərk etməsinin qarşısını almağa, insanların şüurlu qərar qəbul etməsinə kömək edir. Mən hüquqşünasam, miqrasiya hüququ sahəsində ixtisaslaşmışam və bu sahə ilə problemi olanlar ən müxtəlif ölkələrdən mənə müraciətlər edir. Mən də biliyim və təcrübəməuyğun onları cavablandırıram. Sualınızın “deyirlər sizin vasitənizlə ölkədən gedənlər daha çoxdur” hissəsi mənə hakimiyyətdə olanların “etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə” yanaşmasını xatırlatdı. Bu məlumatları deyənlərə deyin ki, sizə deyil, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Yaxud özünüz jurnalist təhqiqatı aparın, mənim və ya mənim vəziyyətimdə olan şəxslərin Azərbaycandan kiminsə xaricə aparılması imkanlarını dəqiqləşdirin. Bu sahədə təhqiqat aparmasanız,sizdə formalaşan qənaəti mənim suallarım dəyişə bilməz. Bunun üçün mütləq araşdırma aparmanız lazımdır və bu işdə sizə dəstək verməyə hazıram.

    –  Belə söhbətlər gəzir ki, mühacirət, miqrasiya məsələləri də monopoliyadadır. Hətta monopoliyalardan birinə sizin rəhbərlik etdiyiniz də deyilir. Məsələn, deyilir ki, siz bəzi saxta müxalifətçiləri, hökumətin nəzarətində olan media orqanlarında çalışan jurnalistləri təqibə məruz qalan şəxs kimi qələmə verib, onların status almasına şərait yaradırsız. Bu söhbətlər nə dərəcədə doğrudur?

    –  Bu sahədə monopolist fəaliyyətlə məşğul olmaq üçün (mono poliya – yunan sözüdür tək satıram anlamındadır) hakimiyyətdə təmsil olunmalısan, rəqiblərini sıradan çıxarmaq gücündə olmalı, bunun üçün ən azından turist firmalarına, ölkədən giriş-çıxışa, hakimiyyətin yuxarı eşelonunda təmsil olunanlar arasında mükəmməl dəstəyə malik olmalısan. Mən isə Azərbaycanda rəsmi axtarışdayam və iqtidarla heç bir bağlılığım yoxdur. Əminəm ki heç siz də mənim haqqımda o fikirdə deyilsiniz….. Mühacirət – emiqrasiya isə şəxsin hansısa ölkədə daimi yaşamaq hüququ alandan sonra həmin ölkəyə getməsi prosesidir. Bu ölkələrə isə ABŞ, Avstraliya, Kanada kimi ölkələr daxildir və həmin ölkələrlə mənim heç bir əlaqəm yoxdur. Həmin ölkələrə çoxlu sayda insanlar gedir və Azərbaycanda əksər insanlar özləri birbaşa müraciət edərək, buna nail olurlar. Eyni zamanda immiqrasiya normal haldır, yeni həyatın başlanğıcıdır, inkişafdır, insanların inteqrasiyasıdır. Üçüncüsü, əgər siz insanların qanunsuz xaricə daşınmasını nəzərdə tutursunuzsa, bu başqa sualdır. Bəli, insanların qanunsuz xaricə daşınması və onların qanunsuz olaraq saxta sənədlərlə təmin olunmasını həyata keçirən şəxslər və cinayətkar qruplar var. Belə cinayətkar qruplar isə hakimiyyətdə olan şəxslərin himayəsi ilə fəaliyyət göstərirlər. Azərbaycanda olduğum zaman dəfələrlə hakimiyyətdə olan səlahiyyət sahiblərinə insanların qanunsuz daşınmasının cinayət məsuliyyəti yaradan əməl kimi sanksiyalaşdırılması üçün məsələ qaldırmışam və rəsmi orqanlara müraciətlər etmişəm. Hazırladığımız bütün hesabatlarda da bu təkliflər əks olub. Amma hakimiyyət təmsilçiləri bundan imtina ediblər. Baxmayaraq ki, Azərbaycan bununla bağlı beynəlxalq sənədlərə qoşulub və öhdəlik götürüb. Çox təəssüf edirəm ki, bu yaxınlarda Milli Şurada da mənim təşkilatçılığımla 18 dekabrda – Beynəlxalq Miqrant Günüdə keçirilən tədbirdə “şübhəli” adamların olmasına işarə edilib. Hakimiyyətin vətəndaşlarına bu qədər problem yaratdığı məmləkətdə,“Əlövsətin təşkil etdiyi tədbirdə niyə filankəs də olub” kimi məsələlərin müzakirəsinə vaxt ayırmağı məqbul hesab etmirəm. Keçirilən tədbirlərə qara yaxanlar orada müzakirə olunan məsələləri deyil, xaricdə təşkilatlanmağımızın, əməkdaşlığımızın zəruriliyini deyil, tədbirdə kimin iştirakını gündəmə gətirməklə özlərini gülüş obyektinə çevirirlər. Keçirdiyimiz tədbirlərə kimlərin dəvət olunması haqqında qərarı digər təşkilatçılarla birlikdə veririk. 18 dekabr tədbiri siyasi mühacirlərin deyil, Avropada məskunlaşan azərbaycanlıların tədbiri idi. Orada Almaniya, Hollandiya, Avstriya və digər ölkələrin vətəndaşları ilə bərabər tələbələr, eyni zamanda mövcud hakimiyyətlə heç bir problemi olmayan mühacirlər, Azərbaycan vətəndaşları da vardı. Məqsəd isə təşkilatlanma sahəsində mövcud problemlərin müzakirəsini aparmaq, soydaşlarla yaxından tanışlıq və yaratdığım təşkilatın təqdimatını keçirmək idi. Bundan başqa, kiməsə qaçqın statusunun verilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malik olan şəxs məmurdur və o, qərarını Azərbaycan iqtidarı, müxalifəti və ya digər şəxslərlə müzakirə etmir. İnsanlar Azərbaycanda hakimiyyətlə olan problemlərinə görə başqa ölkəyə qaçqın statusu almaq üçün baş vururlar. Həmin problemlərin hamısının jurnalistlərə bəlli olması mümkün deyil. O ki qaldı saxta müxalifətçilər və saxta sənədlər məsələsinə, mən soydaşlarımızla olan bütün görüşlərimdəonlardan saxta sənədlərdən istifadə etməməyi xahiş edirəm və bunun təhlükəli tərəflərini onlara izah edirəm. Ən yaxın gələcəkdə Azərbaycanda saxta sənədlər və sübutlar “istehsal” edənlər haqqında hesabat hazırlamağı planlaşdırıram. Həmin hesabatda Azərbaycanda və Avropada bu saxta sənədlərlə insanları təmin edənlərin ifşa olunması sahəsində çox qaranlıqlara aydınlıq gətirməyə çalışacağam. Bizim, eyni zamanda Almaniyada və qonşu dövlətlərdə yaşayan dostlarımın bəlli hədəfləri var və həmin hədəflərə doğru irəliləməkdəyik və hakimiyyətin yaratdığı maneələr bizi dayandırmaq gücündə deyil.

    –  Əlövsət bəy, qardaşınız Sabir Rüstəmxanlı bu dəfə parlamentə düşmədi. Bəziləri bunu qohum olduğu nazir Ziya Məmmədovun “vurulması” ilə əlaqələndirir, digər qismi isə sizi məsul tutur. Yəni siz ölkədən getməsəydiz, o addımları atmasaydız, Sabir bəy də bu gün işinə davam edərdi. Sizin bu deyilənlərə münasibətiniz necədir?

    –  Fikrin “parlamentə düşmədi” kimi ifadə olunması ilə razı deyiləm. Həqiqət odur ki, Sabir Rüstəmxanlı sadəcə deputatlığa namizədliyini vermədi və çox da düzgün addım atdı. Eyni zamanda Sabir Rüstəmxanlı Ziya Məmmədovla deyil, onun qardaşı ilə qohumdur. Sabir bəyin qohumu rayonda yaşayır və bildiyimə görə, kənd təsərrüfatı ilə məşğul olur. Sabir Rüsəmxanlı Ziya Məmmədovdan əvvəl var idi və ondan sonra da olacaq. Onu hansısa formada Ziya Məmmədovla, daha doğrusu, onun məmur şəbəkəsi ilə bağlamaq yalnız Azərbaycan jurnalistikasına, bu hakimiyyətə xidmət edən insanlara xas olan haldır. Onların qohumluğu isə indi dəbdə olan vəzifə hərisliyinə, pula, şöhrətə, kommersiya maraqlarına hesablanan qohumluq deyil. Bu gənclərin qərarıdır və valideynləri də dəstək verib. Namizədliyini verməməyə gəldikdə isə, məncə, Sabir Rüsəmxanlı “Azərbaycansayağı cəhd” etsəydi, namizədliyini irəli sürə və deputat seçilə bilərdi. Amma bunu etmədi. Onun deputatlığa namizədliyini verməməsi Ziya Məmmədova olan hücumlar, mənim haqqımda olan cinayət işi və ya xaricdə olmağımla bağlı deyil, Sabir Rüstəmxanlının özünün özünə verdiyi dəyərlə bağlıdır və bu, mənə çox xoşdur.

    –  Ölkəyə qayıtmaq şansınız varmı? Bunun üçün hansısa danışıqlar aparılırmı?

    –  Təbii ki, Azərbaycana qayıdacam və mən tək deyiləm, eyni vəziyyətdə olanların sayı yüzlərlə, bəlkə də minlərlədir. Bunun üçün Azərbaycan hakimiyyəti ilə heç bir danışıq aparmaq niyyətim yoxdur. Ölkə başçısına bir necə ərizə yazmışam. Prezidentdən sinif yoldaşı Emin Şəkinskinin qanunsuz davranışlarına son qoyulmasına yardım etməsini xahiş etmişəm. Lakin cavab almamışam. Bu tipli qondarma cinayət işlərinin ömrü, ən uzun müddətə götürsək, tutduğu vəzifələrdən öz maraqlarına xidmət edən yaramaz məmurların işdən getməsinədək ola bilər. Ölkədəki buzların mənə münasibətdə deyil, ümumiyyətlə, əridiləmisi haqqında düşünürük, yollar araşdırırıq və buna nail olacağımıza çox ümidliyəm. Hakimiyyətdə olanların nəzərinə çatdırıram ki, Azərbaycan vətəndaşları təkcə sizin kölənizə çevrilmiş insanlardan ibarət deyil. Dünyaya səpələnmiş və səslərinin Azərbaycanda eşidilməsinə ehtiyac duyduğumuz insanlar kifayət qədərdir və onların qarşısında bu hakimiyyət duruş gətirə bilməyəcək. O gün isə o qədər də uzaqda deyil.

    Meydan TV

  • Düşüncə, fikir çox böyük qüvvədir

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Layihələr Departamentinin müdiri, “Alternativ Düşüncə” İctimai Birliyinin sədri Tural Hüseynli suallarımızı cavablandırıb.

    – Tural bəy, bir qrup gənclə “Alternativ Düşüncə” İctimai Birliyi yaratmısınız, birliyi yaratmaqda məqsədiniz nədir?

    – “Alternativ düşüncə”nin yaranma prosesi bizim fəaliyyətimiz nəticəsində baş verdi. Yəni nə bu təşkilatın adı, nə də məqsədi təsadüfən meydana gəlməyib. Bu son iki ildə göstərdiyimiz fəaliyyətin nəticə məhsulu sayıla bilər. Bildiyiniz kimi, son 2 ildə biz müəyyən layihələrdə, cəmiyyətdə müxtəlif ideyaların təbliği, müxtəlif fikirlərin yayılması, bütövlükdə inkişafa yönəlik proseslərə dəstək istiqamətində fəaliyyət göstərmişik. Cəmiyyəti daha çox maraqlandıran, narahat edən, xüsusilə də gənclərin həyatında mühüm rol oynayan mövzularla bağlı bir çox təlimlər keçirmişik. Elə bu proses zamanı da biz müşahidə etdik ki, yeni bir layihəyə, yeni bir təşkilata ehtiyac var. Çox fikirləşdik və komanda olaraq qərara aldıq ki,, bu təşkilatın adını “Alternativ Düşüncə” adlandıraq. Çünki, bu layihə mövcud stereotiplərin dağıdılması və cəmiyyətin inkişafına təkan verən bir layihə olaraq düşünülüb və mahiyyətini adında ehtiva edərək alternativ düşüncədir. Mən düşünürəm ki, “Alternativ Düşüncə” məhz bu layihənin nədəni barət olduğunu, hansı məzmunua malik olduğunu ifadə edəcək addır. Əsas hədəfimiz gənclərdir, məqsədimiz gənclərin inkişafında rol almaq, maarifləndirmək, gəncliyin formalaşmasında yaxşıya doğru rol oynamaqdır. Gənclərə bu qədər önəm verməyimiz də səbəbsiz deyil. Bu günün gəncləri bir neçə il sonra bu dövlətin idarəçiliyi başında olan, ölkəni və cəmiyyəti yönəldən insanlardır. Demək bu günkü gəncliyin möhkəm və düzgün təməl üzərində inkişafı gələcəyin sığortalanması deməkdir.

    – Bəs birliyin adını “Alternativ Düşüncə” adlandırmağınızın səbəbi nədir?

    – Alternativ düşüncə anlayışı, daha öncə qeyd etdiyim kimi stereotiplərin yaxşıya doğru dəyişməsi, mövcud fikirlərin alternativləşdirilməsidir. Belə bir məşhur aforizm var: “Siz dünyanı bir günə dəyişə bilməzsiniz, amma siz bir günə dünyanı dəyişəcək fikrə sahiblənə bilərsiniz”. Məqsədimiz hər bir ideyaya yeri gəldi gəlmədi qarşı çıxmaq və ona qarşı alternativ qoymaq deyil. “Alternativ Düşüncə” həm ad olaraq həm də layihə olaraq inkişafa aparacaq alternativliyi fikir, düşüncə halında cəmiyyətə təqdim etmək, bu düşüncənin təbliğatını aparmaqdır. Düşüncə, fikir çox böyük qüvvədir və biz cəmiyətdə alternative fikrin formalaşmasın da iştirak etmək istəyirik. Bu heç bir halda siyasi anlayış demək deyil, bu ancaq cəmiyyətin maariflənməsinə istiqamətlənən alternativ düşüncənin formalaşması deməkdir.

    -Lahiyənizlə cəmiyyətə nə verməyi düşünürsünüz?

    – İlk öncə deyim ki, hər bir insan bir indivud olaraq orjinaldır və hər bir kəs öz içində başqa heç kimdə olmayan və bənzəməyən bir dünyaya, düşüncəyə malikdir. Əlbəttə, bizim əhatəmizdə, komandamızda olan insanların da hər biri alternativ düşüncəlidir. Biz layihənin işinə başlamazdan əvvəl bu haqqda fikirləşmişik və bir nəticəyəgəlmişik ki, əslində düşüncə tərzimiz, yanaşmamız məhz alternative düşüncədir, sadəcə olaraq bir az üzərində işləmək lazımdır. Bizim etdiyimiz işlərin hamısı könüllülük işləridir və cəmiyyətin inkişafına yönəlib. Bu çox yaxşı haldır ki, bizim gənclər vaxtlarını səmərəli işlərə sərf edirlər. Ona görəki, gənclərimiz də alternativdir. Biz dünyanı maliyyənin yox, düşüncənin dəyişəcəyinə, pozitiv fikrin dəyişəcəyinə inanırıq.

    -İlk seminar olaraq vətəndaş cəmiyyəti mövzusuna müraciət etmisiniz, seminarda gənclərə nəyi aşıladınız?

    -Biz ilk olaraq, layihənin seminarını keçirdik və vətəndaş cəmiyyətinin formalaşmasından başladıq. İştirakçıların çoxu araşdırmaaparmağı sevən tələbələr, müstəqil gəncləridi. Buna görə də ilk mövzu olarq vətəndaş cəmiyyəti seçilib. İlk seminarda bir çox suallar üzərində fikir mübadiləsi aparıldı: Vətəndaş cəmiyyəti necə olmalıdır? Vətəndaş cəmiyyəti inkişafı nəyə xidmət edir? Dövlətdə vətəndaş cəmiyyəti hansı səviyyədədir və hansısəviyyədə olması arzu ediləndir? Beləcə, bu layihənin ilk uğurlu seminarı oldu.Bizim böyük iddiamız yoxdur ki, vətəndaş cəmiyyətini formalaşdıraq. Biz formalaşacaq cəmiyyətin yaxşiya doğru irəliləməsini istəyirik. Vətəndaş cəmiyyəti gənclərinin formalaşmasını da addım-addım edəcəyik. Bu işlərin baş tutma yolunu maariflənmədə görürük. Biz komanda olaraq müəyyən yerlərdə olduq, cəmiyyəti müşahidə etdik və cəmiyyətin hansı sahələrində susqunluq var, hansı sahələrini inkişaf etdirmək, maarifləndirmək lazımdır gördük. Bunun əsasında da təlimlərimizi keçəcəyik.

    -Gələcək planlarınız nədir?

    -Layihənizin gələcək planları nələrdən ibarətdir? -Gələcək planlarımız yenə də maarifləndirməkdir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında, maarifçilik anlamında brend olmaq, maarifçilik sahəsində adddımlar atmaq istəyirik. Bizə bənzər maarifçi gənclərin yetişdirilməsində rol almaq, Təmənnasız Azərbaycan cəmiyyətində xidmət eləmək istəyirik. Ümid edirik ki, layihələrimiz davamlı olacaq.

    ad2ad1

  • VHP-nin yeni sədri kim olacaq?

    samirasadliSamir Əsədli: “Payızda qurultayın keçirilməsi nəzərdə tutulub”

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) növbəti qurultayına hazırlaşır. VHP-nin mərkəzi icra aparatının rəhbəri Samir Əsədli bildirib ki, qurultay nizamnaməyə uyğun keçirilməlidir: “Ali Məclis bununla bağlı qərarını verib, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Hazırda təşkilat komitəsinin əsas işi VHP-nin rayon, şəhər və Naxçıvan muxtar Respublikasında konfransları keçirməkdir. Ümumilikdə 81 rayon təşkilatının konfransı baş tutmalıdır. İndiyə qədər 20-dən çox təşkilatın konfransı olub. Bu prosedur başa çatdıqdan sonra avqustda qurultay keçiriləcək. Bəzi şəxslər təklif edirlər ki, qurultay VHP-nin təsis olunduğu gün-sentyabrın 26-da keçirilsin. Bütün hallarda payızda qurultayın keçirilməsi nəzərdə tutulub”. Qeyd edək ki, VHP-nin qurultayında Sabir Rüstəmxanlının yenidən sədr olub-olmayacağı məsələsi açıq qalır. S.Əsədli bildirib ki, partiya nizamnaməsində bir şəxsin neçə müddətə qədər sədr seçilməsi haqda müddəa yoxdur: “Ona görə də, qurultay özü partiya sədrinin kim olmasını müəyyən edəcək. Biz istəyirik ki, növbəti dəfə də Sabir Rüstəmxanlı partiyanın sədri olsun. Ancaq bu məsələlər qurultayın səlahiyyətindədir və onun iradəsindən asılı olacaq. Bununla da, VHP-nin yeni rəhbərliyini yalnız qurultay müəyyən edə biləcək. Düzdür, Sabir Rüstəmxanlı müsahibəsində bəyan etmişdi ki, yenidən sədrliyə namizəd ola bilər. Bu məsələ daha çox onun özündən asılıdır. Özü, sədrliyə iddialı olub-olmadığını müəyyən edəcək. Bəli, əvvəllər Sabir Rüstəmxanlı qeyd etmişdi ki, əgər sədrliyə namizədlər olacaqsa, buna diqqət edəcək, onu əvəzləyəcək gənc və hazırlıqlı şəxs olacaqsa, bu barədə düşünəcək”. S.Əsədli qeyd edib ki, qurultayın vaxtı təyin edilmədiyi üçün sədr məsələsini indidən müzakirə etmək doğru olmazdı: “Qurultaya vaxt var, konfranslar başa çatandan sonra bu barədə düşünmək olar”. Samir Əsədli əlavə edib ki, partiyada sədr olmaq keyfiyyətinə malik kadrlar mövcuddur. Onun sözlərinə görə, S.Rüstəmxanlı türk dünyasının önəmli isimlərindən biridir: “Azərbaycan müstəqilliyinin qazanılmasında imzası olan, siyasətdə sözünü demiş şəxsdir. Üstəlik ədəbiyyatda da önəmli fiqurdur. Bizim üçün Sabir Rüstəmxanlı həm də VHP-nin qurucu sədridir. Partiyada təbii ki, bütün sahələr üzrə kadrlar var və yetişib. Yəni VHP-də sədrliyə namizəd olacaq şəxslər mövcuddur, zamanla onlar müəyyən siyasi təcrübədən keçiblər. VHP-nin yaşı da az deyil, oturuşmuş təşkilatdır və hər sahə üzrə kadrları var”.

    Gündəlik Teleqraf qəzeti

     

  • Ölkədə sosial – siyasi vəziyyəti gərginləşdirməkdir.

    Fəzail_İbrahimliMilli Məclisin Regional məsələlər komitəsinin üzvü , deputat Fəzail İbrahimli ölkədə aparılan struktur dəyişiklikləri və islahatlarla bağlı qalmaqallı açıqlamalar verib.

    Modern.az-a danışan millət vəkili inqilabi islahatların heç vaxt uğurlu olmadığını vurğulayıb: “Dövlətin daxili funksiyası əhalisini yedirdib-içirtmək, yaşatmaq, dolandırmaqdır. Xarici funksiyası isə dövlətin təhlükəsizliyini təmin etməkdir. Bu gün müəyyən oxşar strukturlar, dövlət qurumlarında ixtisarlar aparılanda onlarla, yüzlərlə insan işsiz qalır”.

    Deputat aparılacaq islahatlar zamanı ədalətlilik prinsipinin göz önündə saxlanmasının tərəfdarı olduğunu vurğulayıb: “Əminəm ki, bu islahatların ixtiyarı nazirlərə verilsə, nazirlər həmin qurumdakı qohum-əqrəbasını saxlayacaq, kənardakıları rədd edəcək. Həmçinin, orada demokratik əhval-ruhiyyədə olan, sözə baxmayan, qanunun aliliyini tələb edən insanların uzaqlaşdırılması vaxtının çatdığını elan edəcəklər.

    Ona görə də bu çətin anlarda, struktur islahatları keçirib camaatı küçəyə atmaq olmaz. Axı kimlərə qoşacağıq onları?! İşsiz qalan insanlar hara gedəcək? Biz hansı səbəbdən cəmiyyətdə boşluq yaratmalıyıq?

    Onların bir qrupu vəhhabilərə, bir qrupu nurçulara qoşulacaq, bir qrupu İŞİD-ə adam axtaracaq. İnsan ac qalanda ac qılınca çapır. Ona görə də, bunu ağıllı formada həyata keçirmək lazımdır, insanları küçəyə atıb islahat aparmaq islahat deyil. Ölkədə sosial – siyasi vəziyyəti gərginləşdirməkdir.

    Sosial problemlərin həlli bunda deyil. Tutaq ki, struktur islahatları aparılır. Bu halda ən yaxşı mütəxəssislərə toxunmaq olmaz. İndi biri işçi yaranıb, biri də nazir. Sən nazir başda oturubsan, oğlun, ailən, qohum-əqrəban… Hər şey sənin üçün əladır. Amma düşünmürsən ki, 5 nəfəri saxlayan ailə başçısını küçəyə atandan sonra onların aqibəti necə olacaq. Bu əxlaq normasıdır, düşünülməlidir bunlar. Əgər ailə üzvlərindən 5 nəfərin 4-ü işləyirsə, birinin kənarda qalması o qədər də təhlükə törətmir. Amma bir nəfər işləyir və sən də onu çıxarıb 5 nəfəri ac qoyursansa, Allahın qəzəbinə gələrsən”.

    F.İbrahimlinin fikrincə, oliqarxların ixtisara düşməsi əsasdır və bu, onlar üçün faciə deyil: “Mən ölkə başçısı İlham Əliyevin fikirlərinə söykənərək bildirirəm ki, oxşar strukturlar ixtisar edilməlidir. İxtisar zamanı insanların əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Baxın, elektrik, işıqla bağlı nə qədər oxşar qurumlar, nazirliklər var… Hamısı da öz qohum-əqrəbasını ətrafına yığıb. Dövlət başçısı bu tip qurumları nəzərdə tutaraq bildirib ki, islahat aparılsın. O deməyib insanları küçəyə atın, onlar da dövlətin əleyhinə olan ayrı-ayrı təbəqələrə, təriqətlərə qoşulsun.

    Onsuz da Azərbaycana kifayət qədər təhlükəli caynaqlar uzanıb. İxtisara düşən həmin insanları onların caynaqlarına verə bilmərik. Biz bu məsələləri kifayət qədər nəzərə almalıyıq. Kor-koranə islahat aparmaq olmaz.

    Bir nazirlikdən 500 nəfər atdın küçəyə, düşünmürsənmi o insanın aqibətini? Mənim vicdanlı bir insan kimi ağlım, vicdanım, şüurum ona yönəlib ki, müstəqilliyin bizə verdiyi ən böyük nemət sabitlikdir. Onun pozulmasına doğru atılan bütün addımları mən qəbul etmirəm.

    Axı nə ehtiyacdır ki, bir nazirin 3-5 müavini var?!

    Onlar “hazır aşın dik qaşıqları”dır. Onların hər şeyi var. Onlar nəsilbənəsillərinə, hətta nəvə-nəticələrinə hər şey düzəldiblər. Onların ixtisara düşməsilə faciə baş verməyəcək. Hərəsi bir struktur yaradıb başında durub. Söhbət bundan gedir. Manat devalvasiyaya uğradı. Elan olundu ki, manat “üzən məzənnə” siyasətinə keçir. Axı manat “üzgüçülük forması”nı geyinib suya tullanmalıdır. Manat hələ “paltarını soyunmamış” çörəyi bahalaşdırdılar. Kimlərdir onlar?!

    Onlar dəyirmançı işləməyə layiq insanlardır ki, böyük mənsəb, var-dövlət sahibləri olublar. Prezidentə xəyanət edən kimlərdir?! Elə həmin harınlamış insanlardır! Struktur dəyişiklikləri ona yönəlməlidir. Aylıq 200-300 manat alanları küçəyə atıb, onları ayrı-ayrı dini qruplaşmalara sövq etmək olmaz, Mənim düşüncəm, əxlaqıma görə bu, çox təhlükəlidir”.

  • “Bizə atılan güllələrin arxasında ruslar dayanıb”

    VHP sədri  Sabir Rüstəmxanlı açıqlamasında Ermənstanda Rusiyanın öz hərbi mövcudluğunu genişləndirməsinə münasibət bildirib. Millət vəkili baş verənlərin Azərbaycan üçün ciddi və aşkar təhlükə olduğunu bildirib:

    “Ermənistanda rus hərbi texnikası və canlı qüvvəsinin artırılmasının Azərbaycan üçün böyük təhlükə vəd etdiyi birmənalıdır. Bunu kimsə dana bilməz. Onsuz da bu vaxta qədər ermənilərə güllə verən də, onu atan da ruslar, muzdlular olub. Bu gün də erməniləri məhz ruslar silahlandırır. Bu baxımdan, Azərbaycan torpaqlarını zəbt edən, bu gün də ölkəmizlə müharibə şəraitində olan Ermənistanda Rusiyaya məxsus hərbi texnikanın artırılması, Azəbaycanın maraqlarına ziddir və ona yaxşı heç nə vəd etmir”.

    Moderator.az

  • VHP sədri Gürcü xalqını İstiqlal günü ilə bağlı təbrik etdi

    Gürcüstan Respublikasının Prezidenti
    cənab Giorgi Marqvelaşviliyə

    Hörmətli cənab prezident!

    Sizi və Sizin timsalınızda dost və müttəfiq gürcü xalqını Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
    Azərbaycan və gürcü xalqının min illərə dayanan səmimi münasibətləri və qarşılıqlı hörməti bu gün də dövlət siyasətində davam etdirilir. Əslində, xalqlarımızın münasibəti dinc, mehriban qonşuluğun simvoluna çevrilmişdir. Bunun nəticəsidir ki, Azərbaycan və Gürcüstan Qafqazda sabitliyin, əmin-əmanlığın qorunmasında birgə səy göstərir, iqtisadi inkişafın təminatçısı rolunda çıxış edirlər.
    Əminəm ki, Gürcüstanın müstəqilliyi əbədi olacaq və ərazi bütövlüyü tamamilə təmin olunacaqdır.
    Bir daha Sizi Müstəqillik günü münasibəti ilə təbrik edir, dost gürcü xalqına firavanlıq, əmin-amanlıq, rifah arzulayıram.
    Sayqılarla,

    Sabir RÜSTƏMXANLI
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
    Xalq şairi, millət vəkili

  • “Kletkalı” deputat haqda haşiyəli yazı

    Qədim türklərin gözəl bir adəti varmış: insan doğulan kimi ona ad qoymazlarmış, gözləyərlərmiş, həmin şəxs müəyyən bir yaşa çatanda adı əməlinə, xarakterinə, cəmiyyətdəki mövqeyinə görə verərlərmiş. Heyif yoxdu indi bu adət, adlar təsadüfi seçilir və məsələn, ateist olacaq birinə İman adı, sonralar fərarilik edəcək kiməsə Qəhrəman adı qoyulur…

    Bu dəfə sözümüzün Mustafası yox, Musası var… Tarix çox Musa adları yaşadıb və bu adlar həm də Mousey kimi tanınan peyğəmbərdən gəlib. Bu adı sonradan daşıyanlardan hansının ilkinliyə sadiq qalıb-qalmaması onların öz işidir. Kimsəni buna görə qınaya bilmərik. Neyləyək ki, türklərin məlum adəti daha yaşamır.. 
    … Nə isə həmin Musa adlarından biri-deputat Musa Quliyevdən bəhs edəcəyik. Elə buradaca 

    BİRİNCİ HAŞİYƏ – deputat, yoxsa…

    …Qəsdən “millət vəkili” yox, “deputat” yazdım və bu, bir çox “bəlkə də qaytardılar” təfəkkürlü sovet nastoljiklərinin təsirindən deyil. Bir diqqət edin, adam məlum Binəqədi faciəsindən sonrakı parlamentin ilk iclası ilə bağlı yazır: “Həmin iclasda binadakı yanğınla bağlı müzakirə açmağa ehtiyac yox idi. Çünki yanğın hadisəsi baş verən anda cənab Prezident İlham Əliyev ən operativ qərarları qəbul etmiş, yanğın yerinə şəxsən getmiş, komissiya yaratmış, müzakirə keçirmiş, tapşırıqlarını vermişdi. Cinayət işi başlanmış, istintaq aparılır, günahkarlar müəyyən olunur, zərərçəkənlərə sosial, hüquqi, psixoloji və s. yardımlar göstərilir, binalardakı yanğın təhlükəsi olan üzlüklərin sökülməsi prosesi gedir. Məclis başlayan kimi də spiker hörmətli Oqtay Əsədov yanğın hadisəsi ilə bağlı öz fikirlərini söyləyir, Məclis adından həlak olanların ailələrinə başsağlığı verir və bir dəqiqəlik xatirə sükutu elan edir”. Görəsən, bir problemə prezident reaksiya verəcək, Nazirlər Kabineti icraya keçəcək deyə parlamentarilərin bu məsələdən danışmaması hansı məntiqə və düşüncəyə söykənir? Bu prinsiplə parlamentdə Qarabağın işğalından da danışılmasın. Çünki, ortada dövlət başçısının mövqeyi və Silahlı Qüvvələrlə diplomatik sistemin fəaliyyəti var. Parlament fransızca “parle” sözündən olub, danışmaq deməkdir, Musa Quliyev! Burda danışanlar xalqın, millətin sözünü dedikdə “millət vəkili” adlanır. Amma… Gəlin yenə də yaddaşımızı təzələyək: Sabir Rüstəmxanlı Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı sayğısızlıqdan danışır: “Nədən icra başçıları zərrə qədər özlərində məsuliyyət hiss etmirlər? Gəncədə onun əzəmətli bir heykəli olmalıdır. Ancaq biz bunun əksinin şahidi oluruq. Bir büstü var. Onun da başına çuval keçirmək düşmənçilikdir. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsini xatırladır. Dolayısı ilə millətimizə həqarət edən bir məsələdir. Bu, bizim tariximizə, burada oturan hər bir şəxsə hörmətsizlikdir. Ayıbdır. Bu, millətimizin tarixinə və müstəqilliyinin başına çuval keçirməkdir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rəsulzadəni düşmən elan edibsə, desin, biz də bilək. Düşmən elan etməyibsə, gedib o çuvalı tarixi şəxsiyyətin başından çıxarsın”. Rəsulzadə Azərbaycan dövlətinin qurucu lideri kimi həm də milli dəyərdir, ona qarşı sayğısızlığa etiraz da millətin sözü sayılmalıdır. Amma millət vəkilinin sözlərinə irad tutan deputat Musa Quliyev cavab olaraq “Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb. Həmin park da Gəncə şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin” demişdi. Adama deyən lazım, “sən kimin əmisi oğlusan?” Məsələ Böyük Öndərin abidəsinin üzərinin necə, hansı vasitə ilə örtülməsindədir, yoxsa Rəsulzadənin qurduğu dövlətin ilk mərkəzində onun abidəsinin qapalı qalması? Həm də heç dəxli var kim kimin qohumudur? Amma demə, varmış və deputat Quliyevi danışdıran da bu qohumluq hissi imiş. Sən demə, büst Kəpəz rayonu ərazisindəymiş və Gəncədən deyilənə görə, o rayonun icra başçısı da Musa Quliyevin yaxın qohumuymuş. Uzun müddət səsi eşidilməyən deputatı bu qohumluq təəssübkeşliyi dilə gətirib və millətin yox, bir məmurun vəkili olduğunu göstərib. 
    Ədəbi təxəllüsü, şəxsi klinikası və apteki “Urud” adlanan Musa Quliyevin ard-arda isterik çıxışına və yazısına əhəmiyyət verməmək də olardı. Lakin düşünürəm ki, bu haqda yazmaq da lazımdır. Bir halda ki, dünənə qədər ortada yeyib, qıraqda gəzənlər də dilə gəliblər, düşünürəm ki, bu, əhəmiyyətli hadisədir. Amma Musa Quliyev haqqında yazmazdan əvvəl, internetdə kiçik bir axtarış etdim, mətbuatda onun haqqında gedən yazılara nəzər saldım: elə bir fövqəladə keçmişə sahib deyil. Rejimin himayəsi altında “qaz vurub qazan dolduran” şəxslər kimi sadə bioqrafiyası var, həkimdir, ikinci təhsil alıb, ilhama gəlib şeir də yazır. STOP! İndi isə

    İKİNCİ HAŞİYƏ – Allahsızlıq 

    Musa Quliyevin ilk mətbu şeirləri 1984-cü ildə xalq şairi Məmməd Arazın “Uğurlu yol” təqdimatı ilə “Azərbaycan gəncləri” qəzetində çıxmışdı. Bu o zaman idi ki, Sabir Rüstəmxanlı ardıq 6 il idi ki, çoxlarına əlçatmaz görünən bir məqamda idi – “Yazıçı” Nəşriyyatının baş redaktoru. Və cənab Quliyevin ilk şeri dərc olunandan bir az sonra Azərbaycan ədəbi dünyasına və milli fikir tarixinə Rüstəmxanlı imzası ilə “Ömür kitabı” yazıldı. Deyəsən, ya o vaxtdan çox keçib, ya da Quliyevin yaddaşı zəifdir ki, bunları unudub və bu gün Sabir Rüstəmxanlını nəzərdə tutaraq yazır: “Əziz xalq şairi, bu xalqın sizin bir şerinizi də əzbər bilmədiyinin fərqindəsinizmi?” Belə yerdə deyiblər: “Adamın Allahı olar!” Axı vicdanla baş-başa qalanda Quliyev özü də Sabir Rüstəmxanlının 80-ci illərdə əl-əl gəzən kitablarını oxuduğunu etriraf edər. Burda mənə məlum olan bir faktı qeyd edim ki, Sabir Rüstəmxanlının poeziyası haqqında Azərbaycanda və Türkiyədə 12 kitab yazılıb, bir neçə dissertasiya müdafiə edilib. Bunları xalq deyib? Bir də ki, cənab Quliyev YAP Siyasi Şurasının üzvü kimi ciddi siyasi səhvə yol verib. Onun iddia etdiyi kimi, bu xalqın bir nəfəri belə Sabir Rüstəmxanlının şerini əzbər bilmirsə, prezident İlham Əliyevin ona Xalq şairi adı verilməsi haqda sərəncamını necə başa düşək. Belə çıxır ki, ya dövlət başçısının qərarında yanlışlıq var, ya da Quliyev öz komandasına hörmətsizlik edir.
    Milli Məclisdəki qalmaqalla ürəyi soyumayıb “sifarişçilər”inə xoş gəlsin deyə rənglər aləminə də baş vuran Quliyev o qədər özünü itirib ki, tərifi, təvazökarlığı özünütərifə nökər edib. Diqqət edək: “Hər gün Milli Məslisdəki iş otağımda oluram, Sosial Siyasət Komitəsinin sədr müavini kimi hər gün də ölkənin müxtəlif bölgələrindən gələn şikayətçiləri qəbul edirəm, ərizələri araşdırır, imkanım daxilində cavab verirəm. On ildir ki, üzvü olduğum Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında ölkəmizi şərəflə təmsil edirəm və hazırda orada iqtisadiyyat komitəsinin sədri və Daimi Komitənin üzvüyəm. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini olduğum on il ərzində komitənin o iclası olmayıb ki, çıxış eləməyim, təklif verməyim, yeri gələndə iradımı və etirazımı bildirməyim. Deputat olduğum on beş il ərzində hökümətin o hesabatı, o büdcə müzakirəsi olmayıb ki, orada çıxış etməyim, təkliflərimi və tənqidlərimi söyləməyim”. Bax buna deyərlər özünə vurğunluq. Və bu tərifləri puç edəcək

    ÜÇÜNCÜ HAŞİYƏ – puç olan özünütərif

    Parlamentin sosial-siyasət komissiyasının üzvü o kəsdir ki, iki il öncə hökuməti müxalifət nümayəndələrinə qocalığa görə pensiya verilməsini qadağan etməyə çağırdı. Razılaşın ki, bu günə qədər ağlı başında olan heç bir iqtidar rəsmisi müxalifəti bu dərəcədə təhdidə cəsarət etməmişdi. Bu həm də bir bolşevik düşüncəsidir və bu düşüncənin ifadə etdiyi fikirlərin, əməllərin nəticəsidir ki, Qərbdən erməni diasporunun təsirilə Azərbaycana qarşı bəyanatlara rəvac verilir. İndi gördünüzmü bir deputat kimi fəaliyyətinizin sonucu nə olur? Hələ bu da hamısı deyil. Qanun layihələrinin hazırlanması, təkliflər verilməsi prosesindəki aktif fəaliyyətindən danışır bu şəxs. Lap bu yaxınlarda Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun veriləcəyilə bağlı gözləntilərə məhz Musa Quliyev son qoyub. O bildirib ki, bu məsələ gündəmdə deyil. Maraqlıdır ki, elə həmin Musa Quliyevin özü yaxın keçmişdə indi dediklərinə tamamilə zidd olan bir açıqlama vermişdi. Deputat 30 avqust 2013-cü il tarixlı açıqlamasında müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinə dair konsepsiya hazırlanacağını, ardınca da “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişikliklər ediləcəyini bildirmişdi. Hətta o, bu hadisənin ictimai həyatda inqilabi yenilik olacağını da vurğulamışdı. Və nəhayət Musa Quliyevin seçildiyi ərazidə hansı nüfuza malik olması onun bir neçə il öncə parlamentdə Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin ayaq üstə yad edildiyi vaxt yerindən qalxmaması zamanı bəlli oldu. O zaman xeyli Gəncə sakini bu olaya etiraz etmiş, hətta Musa Quliyevin mandatının alınması təklifləri səslənmişdi. 
    Yuxarıda da qeyd etdiyim kimi, Musa Quliyevlə bağlı internet üzərindən axtarışlarda qeyri-adi bir şey tapmadım, amma diqqətimi onun bir müsahibəsi çəkdi. Məlum yazıdan sonra həmin müsahibəyə görə

    DÖRDÜNCÜ HAŞİYƏ – Raskolnikov həqiqəti

    Deputat müsahibələrinin birində böyük rus yazıçısı Dostoyevskinin məhşur “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovu mühakimə edir. Sitatı olduğu kimi verirəm: “Cinayət və Cəza”nı oxuyandan sonra altı ay havalı gəzdim. Əsərin təsirindən çıxa bilmirdim. Roskolnikovun o qarını öldürməyini heç cür qəbul edə bilmirdim. Bütün günü özümə suallar verirdim. Mənə elə gəlirdi ki, Roskolnikov qarını öldürməyə də bilərdi”. Musa Quliyev Raskolnikova qəzəblənib havalı gəzəndə Sabir Rüstəmxanlı bütöv bir millətin param-parça olmasından, əsarət altına alınmasından, ana dilinin, milli mentalitetin erroziyasından havalanmışdı. Bu havalanma həm də dövlət müstəqilliyinin təməlini yaradan MEYDAN hərəkanının əsas dalğası oldu. Görünür xatırlatmağa, həm də konkret ünvan üçün konkret müqayisələrlə xatırlatmağa ehtiyac var: 
    Sabir Rüstəmxanlı 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub.
    1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edib, onun baş redaktoru (baş yazarı) olub.
    1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilmiş, “Müstəqil Azərbaycan” deputat fraksiyasının həmsədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biridir. 
    Gəlin eyni zaman kəsiyində qarşıdakı kəsin həyatın nəzərdən keçirək:
    Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri(1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləyib.
    Bunlar heç bir əlavəsi olmayan Vikipediya məlumatlarıdır. Və bu müqayisənin ikinci tərəfinin qələmindən çıxan sözlərə ancaq bir cavab qalır: AYIBDIR! Yerini bil!
    Musa Quliyevin parlamentdə millətin deyil, məmurun vəkili kimi iki dəfə Milli İstiqlal Liderimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı qalmaqalla yadda qalması deyəsən, heç təsadüf də deyil axı. Adamın alt düşüncəsində müstəqilliyə və istiqlala fərqli münasibət var və bu haqda

    BEŞİNCİ HAŞİYƏ – tarixi dərs…

    Musa Quliyev yazır: “Siz doğrudanmı inanırsınız ki, SSRİ-ni Sizin meydan mitinqləriniz yıxdı və Azərbaycan məhz buna görə müstəqillik əldə etdi? Bəs onda necə oldu ki, meydan mübarizəsi aparmayan Moldova, Belorusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikaları bizdən də qabaq –1991-ci ilin avqust-sentyabr aylarında öz müstəqilliklərini elan etdilər?” Cənab YAP Siyasi Şurasının üzvü, Azərbaycan Milli Azadlıq Hərəkatının Azərbaycanın müstəqilliyinin qazanılmasında müstəsna rol oynaması və həmin Hərəkatda Sabir Rüstəmxanlının xüsusi yeri mərhum dövlət başçısı Heydər Əliyevin çıxışlarında dəfələrlə vurğulanıb. Unutmusansa onun əsərlərinin 13-cü cildini, o vaxtın qəzetlərini vərəqləyə bilərsən. Nə deyirsiniz cənab Quliyev, Heydər Əliyev səhv edib? Bir az ehtiyatlı olun. Bəli, Özbəkistan, Qırğızıstan, Tacikistanda xalq hərəkatı olmayıb və bu respublikalar da müstəqillik qazanıb. Amma məsələ bunda deyil. Düzdür, SSRİ-ni Bakının Meydan Hərəkatı dağıtmadı, amma SSRİ-nin dağılması bu hərəkatları sürətləndirdi. 
    Bəlkə də Musa Quliyevə bu qədər vaxt və söz sərf etməyə dəyməzdi, amma neyləyəsən ki, adamın balaca bir yazısında olan boşluqlar və bu boşluqlarda yığılan qərəz o qədərdi ki, bitmək bilmir. Nə başınızı ağrıdım

    ALTINCI HAŞİYƏ – hakimiyyətə siyasi zərbə

    Adam Sabir Rüstəmxanlının müxalifətçiliyindən vurur, partiya fəallarının çıxışından çıxır, Əlövsət Əliyevin ölkə kənarında olmasından başlayır, Vətəndaş Həmrəyliyi ideyasında qurtarır. Və bu dolanbaclarda ardarda siyasi səhvlər buraxır. Baxın nə yazır: “Məlumdur ki, payızda parlament seçkiləri olacaq. Sabir bəy bir təcrübəli siyasət adamı kimi bu çıxışı ilə iqtidara mesaj göndərdi ki, baxın, mənim seçilməyimə dəstək verməsəniz, müxalifət cəbhəsində daha kəskin danışacağam.” Sonra da Şultsu və ya qeyrisini hədəfə alırlar. Hörmətli iqtidar təmsilçiləri, sizin bəh-bəhlə YAP ali orqanına seçdiyiniz şəxs açıqdan- açığa yazır ki, Azərbaycanda parlamentə hökumətin dəstəyi ilə seçilirlər. Bu, prezidentin dəfələrlə bəyan etdiyi, parlamentin qanunlarla tənzimlədiyi azad seçki prinsiplərinə qarşı çıxmaq deyil, bəs nədir? Avropadan gələn hər hansı xoşagəlməz hesabat və ya bəyanatda bu fikrə rast gəlsəniz, daha dağa-daşa düşməyin, “nakolka” ocaq başından verilib. Bax bu siyasi düşüncədə olan Musa Quliyevin Sabir Rüstəmxanlının siyasi fəaliyyətini təftiş etməyi baytarın nerocərrahiyyə əməliyyatına girməsi kimi bir şeydir. Bəli, Musa Quliyev, Sabir Rüstəmxanlı Şöhrət Ordenindən imtina edən ziyalıdır. Bəlkə də bu addımı elə sizin kimilərə görə atmışdı. Mərhum Heydər Əliyev buna normal yanaşmışdı, amma siz başa düşməzsiniz. O həm də nazir postundan könüllü istefa verən nazirdir, “dumanlı Albion” olayında müxalifəti qeyri-səmimilikdə ittiham edən partiya sədridir, BMT kürsüsündə Azərbaycanın güneyində yaşayan milyonlarla soydaşımızın haqqını səsləndirən liderdir… Və bunların hamısı bir şəxsdir – SABİR RÜSTƏMXANLI… 

    Və nəhayət son olaraq

    YEDDİNCİ HAŞİYYƏ – kim kimdir? 

    Öz yazısında “Budur Sizin Məclisdəki hörmətiniz, gücünüz, kölgəniz!” deyə Sabir Rüstəmxanlıya hücum çəkən Musa Quliyevə isə cavabı oxucuların dili ilə verəcəyik. Dərc olunan yazısının altında yer alan oxucu şərhlərindən yalnız üçünü olduğu kimi bu adamın diqqətinə çatdırırıq:
    “Qiziniz Ayteni BDU-nun Huquq fakultesi ile PARALEL (eyni ilde,eyni kursda) londonun ali mekteblerinin birinde oxutduran (en maraqlisi da budur ki, qizi Huquq fakultsinde yalniz axirinci kursda peyda olub ve telebeler arasinda gorunmeye ba$layib) Musa Quliyev (Erud). Beyem, Memmed Emini mudafie etmek muxalifet olmaq demekdir??? Mentiqinize qiziniz ucun London ali mektebine milyonlarala pul odediyiniz muessisenin rektoru quzu kessin.”
    “Hörmətli, Sabir müəllim!Dünyada ən dəhşətli şey, halalın harama, pisin yaxşıya qarışmasıdır, yəni, məzhəbin itməsidir! Siz az-çox bu xalqa xidmət etmiş ziyalısınız. Lakin o musya isə, bu hakimiyyətin qulbeçəsidir Bax, siz heç evladınızı yalandan BDUa, özü də hüquq fakültəsi, son kursa düzəldərdiniz? Yox! Həm də paralel olaraq avropada, o qədər xərclə düzüb qoşa, ora soxa bilərdiniz? Yox! Siz, hesabına yaşadığınız bu xalqın mənəvi sərvətlərinə, onun liderlərinə xor baxardınız? Yox! Amma o, bunu edir, çünki.”.
    “Mən Sabir müəllimdən TALIŞ dağlarını Yardımlı dağları adlandırdığı üçün narazıyam.Ancaq həqiqəti böyük Allah daha yaxşı bilir.Sabir müəllim yaradıcı insandır,daim xalqına arxalanan və millətini sevən bir ziyalıdır.Ancaq Musa müəllimin öz deputat yoldaşını bu qədər aşağılaması yolverilməzdir.Özünü zadəgan adlandıran millət vəkili xəyallarında Fransada yaşayır və əlbəttə həm də qorxur.Sabir müəllimin ona atacağı ,,söz gülləsi,,nə çətin davam gətirə bilsin”.
    Beləliklə, Musanın həmkarına atmaq üçün qaldırdığı kəsək əlində təzəyə çevrilmiş oldu. 

    Nəsimi