Vətəndaş Həmrəyliyi Partiyası

Category: Bəyanat

  • VHP-nin gənc fəal Elgiz Qəhrəmanın həbsi ilə bağlı bəyanatı

    Gənc fəal Elgiz Qəhrəmanın oğurlanaraq heç kimə heç bir məlumat vermədən 4 gün saxlanmasından sonra bu gün onun narkotika ittihamı ilə həbs olunması haqda rəsmi açıqlama verilib.

    Elgiz Qəhrəman Türkiyədə riyaziyyat və siyasi elmlər üzrə ali təhsil almış istedadlı gənclərimizdəndir. Yüksək təhsilli, geniş potensiallı gənclərimizin standart narkotika ittihamı ilə həbs edilməsi artıq acı gülüş doğuran adi hala çevrilib və hakimiyyətin öz rəqiblərinə, xüsusilə də gənclərə qarşı yeritdiyi primitiv, kobud repressiya siyasətinin göstəricisidir.

    VHP hesab edir ki, gənclərə qarşı həyata keçirilən belə siyasət dövlətimizin gələcəyinə qarşı yönəlmiş antimilli siyasətdir. Digər tərəfdən, Elgiz Qəhrəmanın oğurlanaraq gizli saxlanıldığı 4 gün ərzində hakimiyyətə yaxın media orqanları, dünyagörüşünə görə türkçü, millətçi olan Elgiz Qəhrəmanın guya Fətulla Gülən tərəfdarı olması haqda yalan məlumatlar yayaraq Elgizin həbs olunması üçün zəmin hazırlamaq missiyasını yerinə yetirmişlər.

    Bütün yuxarıda sadalananları nəzərə alaraq, Vətəndaş Həmrəyliyi Partiyası Elgiz Qəhrəmanın həbsini siyasi sifariş hesab edir və onun dərhal azad edilməsini tələb edir.

  • VHP Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov həbs edilib

    nesimiqafarov1Atası güman edir ki, o, Elmira Süleymanovanın səfəri ilə bağlı məlumatları mətbuata ötürdüyü üçün saxlanılıb

    VHP-nin Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov 15 sutkalıq həbs edilib. Bu barədə Meydan TV-yə 23 yaşlı gəncin atası Elşad Qafarov məlumat verib. O bildirib ki, oğlu 14 iyunda, təxminən gecə 12 radələrində maşını ilə birlikdə polis şöbəsinə aparılıb. Valideyn şöbədə ona işgəncə verildiyini deyir: “Bir nəfər hal şahidi çağırıblar ki, oğlumun üzünə dursun, o da bizə tanış adam çıxıb. Bizə gəlib dedi ki, Nəsiminin burnundan qan gəlirdi. Oğlum məhkəmədə də deyib ki, polislər onu saxlayanda və şöbədə işgəncələr veriblər”. Valideyn deyir ki, oğlu polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunur. “Daşkəsən polis şöbəsinin rəis müavini Zəfər müəllim dedi ki, oğlun mənim maşınımı ötüb keçməyə çalışırdı, ona görə saxlanılıb”.

    E. Qafarov oğlunun həbsinə səbəb kimi onun ombudsman Elmira Süleymanovanın bu yaxınlarda Daşkəsənə səfəri zamanı icra hakimiyyətinin nümayəndələrinin şikayətçiləri içəri buraxmaması ilə bağlı məlumatı mətbuata ötürməsini göstərir. N. Qafarovun maşını hələ də polis şöbəsinin həyətində saxlanılır. Nəsimi Qafarov idman müəllimi işləyir.

    Gəncin üzv olduğu Vətəndaş Həmrəyliyi Partiyası təşkilat sədrinin dərhal azad edilməsini tələb edir : “VHP olayı kəskin şəkildə pisləyir və təcili şəkildə bu özbaşnalığı dayandırmağı və Nəsimi Qafarovun azad edilməsini tələb edir”.

    Daşkəsən rayon Polis İdarəsindən Meydan TV-yə bildiriblər ki, saxlanılan heç bir vətəndaş haqqında məluamt verməyə ixtiyarları yoxdur: “Bunun üçün DİN-in mətbuat üzrə nümayəndəsi var, ora müraciət edin”.

    Meydan.Tv

     

    ətəndaş Həmrəyliyi Pariyasının Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov saxlanıb.

    Bu haqda partiya sədrinin müavini Samir Əsədli bilgi yayıb.

    S.Əsədli partiya təmsilçisinin saxlanmasının ombudsman Elmira Süleymanovanın Daşkəsən rayonuna səfəri ilə bağlı olduğunu güman edib

    “Ötən həftə ombudsman Daşkəsənə səfər etmişdi. O zaman icra hakimiyyətinin nümayəndələri E.Süleymanova ilə görüşmək istəyən vətəndaşları aldadaraq, bir otağa yığmış, görüşə imkan verməmişdi. Nəsimi Qafarov isə buna öz etirazını bildirdirərək şikayətçilərin görüşə buraxılmasını tələb etmişdi. O məsələni mətbuata da çıxarmışdı”, S.Əsədli deyib.

    Sədr müvinin bildirdiyinə görə, iyunun 14-də gecə polis şöbəsinin əməkdaşları N.Qafarovu saxlayıblar.

    “Onun barəsində saxta iltizam işi açıblar. Məhkəməyə çıxarılan N.Qafarova guya rayon polis şöbəsi rəisinin avtomobilini təhlükəli şəkildə ötdüyü iddiası ilə 15 sutka inzibati həbs cəzası verilib. Nəsimi Qafarov polisdə fiziki işgəncələrə məruz qalıb, onu döyüblər. Maşını da əlindən alınıb və geri qaytarılmır”.

    Azadlıq Radiosu

  • VHP Məhəmməd Hatəminin vəfatı ilə bağlı nekroloq yaydı

    Vətəndaş Həmrəyliyi Partiyası milli azadlıq hərəkatının ən aktiv iştirakçılarından olan Məhəmməd Hatəmi Tantəkinin vəfatı ilə bağlı nekroloq yayıb.

    VHP mətbuat xidmətindən mediaya göndərilən nekroloqda deyilir:

    “Azərbaycanın milli azadlıq hərəkatının fəallarından olan, ömrünü ölkəmizin müstəqilliyi yolunda mübarizəyə həsr edən Məhəmməd Hatəmi Tantəkinin vəfatı bizi dərindən kədərləndirir.

    Məhəmməd Hatəmi hələ 60-ci illərdən, milli şüurun oyanması istiqamətində ziyalıların apardığı gizli təbliğatın öncüllərindən olmuşdu. Hatəmi bircə dəfə də yolundan dönmədi, heç bir siyasi təzyiqdən çəkinmədi və inandığı, arzuladığı ideallarına doğru getdi.

    1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatında isə Hatəmi artıq öndə idi. Həmin dövrdə Məhəmməd Hatəmi sinninin ahıl çağına yaxınlaşmışdı və Elmlər Akademiyasında çalışırdı. Buna baxmayaraq, hərəkatın ilk günlərindən, mitinqlər zamanı rus əsgərlərinin təzyiqlərinin qarşısında gənclərlə birgə sinə gərirdi.

    Məhəmməd Hatəmi səmimi vətəndaş, bu azadlıq mübarizəsindən şəxsi mənfəət olaraq heç nə ummayan mücahid idi. Azərbaycan müstəqilliyə qovuşandan, ölkənin başı üzərindən parçalanma təhlükəsi ötəndən, siyasi stabillik yaranandan sonra Məhəmməd Hatəmi də kənara çəkildi, Bakı bağlarında kimlər üçünsə bağbanlıq etməklə ömrünü davam etdirdi. Heç vaxt da narazılıq etmədi, əlinin zəhməti ilə dolanmağı hər şeydən üstün tutdu.

    Məhəmməd Hatəmi arzusunun bir hissəsinə çatdı – Azərbaycanın müstəqilliyini gördü. Ancaq onun əsas ideyası, məfkurəsi Bütöv Azərbaycanda yaşamaq, Güneyin azadlığını görmək, qüdrətli və bütöv Azərbaycanın vətəndaşı olmaq idi. Bu arzularının dünyanın indiki nizamında, bu zamanda reallaşmasının hələ çox tez olduğunu bilirdi və buna görə də siyasi-ictimai mühitdən kənarlaşmışdı. Ancaq bu arzuları və xəyallarından bir an da olsun imtina etməmişdi və söhbətlərinin mövzusu Bütöv Azərbaycan idi.

    Məhəmməd Hatəmi “qabığı ağacı qoruduğu kimi, dövlət də milləti qoruyur, şükür ki, millətimiz qorunur” deyirdi, ancaq hər zaman da sözünü 40 milyonluq Güneyli soydaşlarımızın pozulan hüquqlarının üzərinə gətirib, onların da qorunmaq haqqının olduğunu bildirirdi. Bu baxımdan Məhəmməd Hatəmi mübarizəsinin bəhrəsini görən, müstəqil Azərbaycanda yaşamaq haqqı qazanan xoşbəxt ziyalı, digər tərəfdən isə arzularına yetməyən, ideallarına qovuşmayan həsrətli insan kimi dünyadan köçdü.

    Bu mübariz, ruhunda Böyük Azərbaycanı yaşadan və milli ideallar uğrunda özünü fəda edən ziyalının vəfatı münasibəti ilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, böyük ziyalımıza Allahdan rəhmət diləyirik”.

  • VHP Suriya Türkmanları ilə bağlı bəyanat verdi

    VHP-TurkmanSuriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türman Dağında apardığı savaş türkmanlara qarşı soyqırımdır.

    VHP mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında deyilir. Bəyanatda türkman mülki vətəndaşlarının qətliamı qətiyyətlə pislənilir:

    “Rusiyanın terrorizmə qarşı mübarizə adı altında Suriyada apardığı əməliyyatların böyük bir hissəsinin terrorizmə aidiyyəti yoxdur. Belə ki, təkcə bu gün verdiyi Rusiya hərbi hava qüvvələri rəsmi olaraq Hələb, Dəməşq, İdlib, Latakiya, Həma, Xüms, Rakka və Deyr-əz-Zor bölgələrində İŞİD-ə qarşı əməliyyat həyata keçirdiyi barədə məlumat yayıb. Hələbin şimal-şərq bölgəsi, Rakka və Deyr-əz-Zor istisna olmaqla, digər bölgələrdə İŞİD terrorçularının olmadığını nəzərə alsaq, demək, Rusiyanın hava hücumlarının heç də İŞİD-ə qarşı yönəlmədiyini görmək mümkündür.

    Türkman Dağı bölgəsində də heç bir terrorçu yoxdur. Rusiya sadəcə Bayırbucaq türklərini bölgədən köçürməyi hədəfləyir və bunun üçün qətliamlar törədir. Son günlər mülki əhali ərasında ölənlərin sayının artması, həmçinin azyaşlı uşaqların bombardman nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, dinc sakinlərə qarşı soyqırımın məqsədi bölgəni türkmanlardan təmizləməkdir.

    Rusiya ənənəvi siyasətinə sadiq qalaraq, hara qədəm qoyursa, orada sivil insanların qətliamını həyata keçirir və qırğınlar törədir. Bu ənənəvi siyasətinin tərkib hissəsində isə türklərə qarşı soyqırım əsas prioritetdir.

    Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın apardığı bu etnik təmizləmə, soyqırım siyasətini qətiyyətlə pisləyir və bütün dünyanı buna biganə qalmamağa çağırır”.

  • VHP Paris teraktı ilə bağlı bəyanat yaydı

    vhpVətəndaş Həmrəyliyi Partiyası Fransada baş vermiş terror hadisəsi ilə bağlı bəyanat yayıb.
     
    Musavat.com-a göndərilən bəyanatda deyilir
     
    Noyabrın 13-də Fransanın paytaxtı Parisdə dəhşətli terror aktları törədilib. Ölənlərin və yaralıların sayı yüzlərlədir. Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, insan qətli, zor, təcavüz və terror qəbuledilməzdir.    
    Vətəndaş Həmrəyliyi Partiyası Paris şəhərində çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir.
    Azərbaycan terrordan ziyan çəkən və dəfələrlə terror faciəsi ilə üz-üzə qalan bir ölkədir. Buna görə də Azərbaycan xalqı Fransa xalqının kədərinə ürəkdən şərikdir. Terrora heç bir halda haqq qazandırıla bilməz və səbəbindən asılı olmayaraq terror lənətlənməlidir.
    VHP terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Bu hadisə bir dinin adına yazıla bilməz. Terrorun dini və milləti yoxdur və bu gün ən çox müsəlman ölkələri və müsəlmanlar terrorla qarşı-qarşıyadırlar. Fransada baş verən terror hadisəsi bəşərriyyətin gələcəyini düşünən xalqları sülh və insanlıq naminə birləşdirməlidir. Fransa xalqına başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamımızı ifadə edirik.