Category: Bəyanat
-
“Bir virus digər virusu məsuliyyətdən yayındıra bilməz”
Sabir Rüstəmxanlı
Xalq şairi,
Vətəndaş Həmrəyliyi Partiyasının sədriDünyanı bürüyən qlobal fəlakət, koronavirus pandemiyası Azərbaycan Respublikasından da yan keçmədi. Təəssüf ki, bu şəraitdə Milli Məclisin ilk yığıncaqlarında söz demək imkanımız da məhdudlaşdı.Altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması ilk növbədə ölkə başçısının açılış yığıncağındakı əhatəli çıxışı və Milli Məclis rəhbərliyindəki dəyişikliklərlə əlamətdardır. Həmin çıxış və MM-in idarəçiliyinə yeni yanaşma ölkə başçısının islahatlar xəttinin ardıcıl olacağının təsdiqidir. Bu islahatlar siyasi həyatımızda da davam etdirilir. Ölkə parlamentinin rəhbərliyində ilk dəfə müxalifət partiyalarının təmsil olunmasına şərait yaradılıb, siyasi müxalifətin millət vəkilləri Milli Məclisin Komitə sədri və ya Komitə sədrinin müavinləri seçiliblər. Özəlliklə bizim Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimlinin MM sədrinin müavini seçilməsi bütün partiya üzvlərini və dostlarımızı ürəkdən sevindirdi və cəmiyyət tərəfindən rəğbətlə qarşılandı.Bununla yanaşı, Prezident Administasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, müxalifət partiyalarının liderləri ilə görüşlərin keçirilməsi də ölkədə demokratiyanın inkişafı, davamlı dialoq və qarşılıqlı anlaşma mühitinin formalaşması, millət vəkillərinin seçicilərlə səmərəli işləməsinə şərait yaradılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilməlidir. Ölkəmizin gələcəyi, ölkə daxilində sabitliyin qorunması, vətəndaş həmrəyliyinin gücləndirilməsi baxımından bu son dərəcə dəyərli addımlara görə Respublikamızın Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirməyi özümə borc hesab edirəm.Milli Məclisə seçildiyim Neftçala rayonunun təbii şəraiti və potensialı bu rayonu qısa müddətdə ən inkişaf etmiş bölgələrimizdən birinə çevirmək, problemlemlərini həll etmək imkanı verir. Bu barədə seçicilərimə verdiyim bütün vədləri yerinə yetirmək, hakimiyyət orqanlarının diqqətini bu işə cəlb etmək vəzifəmizdir. Lakin indi hakimiyyətin əsas qayğısı ölkəmizi koronavirus faciəsindən daha az itkiylə çıxarmaqdır. Virusun yayılmaması və əhalinin qorunması baxımından Azərbaycan bir sira inkişaf etmiş ölkələrdən daha irəlidədir. Bunun bir səbəbi də vaxtında lazımlı ehtiyat işlərinin və qabaqlayıcı tədbirlərin görülməsidir.Dünyanın böyük dövlətlərinin gizli savaş aləti olan bu xəstəliyin yayılma dinamikası, təsirli müalicə vasitələrinin tapılmaması ümumi bir vahimə yaradıb. Proseslərin nə ilə nəticələnəcəyini demək çətindir. Xalqımızı qorumaq, bu bəladan az itkiylə çıxmaq ümumi səfərbərlik, milli birlik və hər bir vətəndaşın məsələyə son dərəcə məsuliyyətlə yanaşmasını tələb edir. Eyni zamanda, hakimiyyət orqanları ehtiyacı olan heç bir ailəni, qocaları, anaları, yalqız, köməksiz insanları diqqətdən kənarda qoymamalı, yardımlaşma, sosial müdafiə prosesində diqqətli və vicdanlı oımali, öz məsuliyyətlərini yaddan çıxarmamalıdırlar.Bu qlobal fəlakətə fürsət kimi baxmaq, xalqın düşdüyü çətinliyi siyasi möhtəkirlik vasitəsinə çevirmək olmaz və bu, heç kimə başucalığı gətirməz. Bu gün bütün incikliklər, fikir ayrılığı, iqtidar-müxalifət söhbətləri arxa plana atılmalı, ölkədə ümumi bir dirəniş, barış havası və vətəndaş sevgisi hökm sürməlidir. Bunun da yeganə yolu siyasi, iqtisadi, hüquqi və sosial ədalətdən keçir. Biz bu əqidə ilə ölkəmizin ümumu mənafeyi naminə ölkə başçısının əhaliyə və məmurlara çağırışlarını dəstəkləyirik! Bu ovqat bizim gələcək üçün bəslədiyimiz bütün ümid və arzularımıza da möhkəm təməl ola bilər.Milli birlik, bərabərlik istəyi vəzifə kölgəsində riyakarlıqla daldalanan, varlıqları-yoxluqları bilinməyən, ancaq öz mənafelərini düşünən bəzi məmurların başının altına yastıq qoymamalıdır, bir virus digər virusu məsuliyyətdən yayındıra bilməz!İnanıram ki, dövlətimizin imkanları və xalqımızın vəziyyətə düzgün, məsuliyyətlə yanaşması nəticəsində tezliklə bu fəlakətdən xilas olacağıq.Allah Azərbaycanımızı və millətimizi qorusun. -
Kəlbəcərin işğalından 27 il ötür…
Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır. Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
-
Mart soyqırımından 102 il ötür
Bu gün erməni terrorizminin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qurbanları yad edilir.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında, Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri on minlərlə azərbaycanlını qətlə yetirmişdir.
Erməni terrorizminin ötən yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı, bu gün də davam edən sistemli və ardıcıl soyqırım nəticəsində 2 milyondan artıq azərbaycvanlı öldürülmüş və yurdundan didərgin salınmış, 500-dən çox Azərbaycan kəndinin viran qalmış.
Bu son yüz ilin dünya üzrə ən uzunmüddətli və geniş soyqırım tarixidir. Erməni daşnaqlarının Çar Rusiyası, daha sonra SSRİ, müstəqillik illərində isə Rusiyanın aktiv dəstəyi ilə azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin ümumiləşmiş halda 102 illiyi qeyd edilsə də, qətliamların və etnik təmizləmə siyasətinin tarixi daha uzağa gedib çıxır.
Vətəndaş Həmrəyliyi Partiyası olaraq soyqırım nəticəsində həlak olan soydaşlarımıza Allahdan rəhmət diləyirik.Ruhları şad olsun.
-
VHP-nin Mübariz Mənsimovla bağlı bəyanatı
“Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə FETO şəbəkəsi ilə əlaqədə ittiham olunaraq saxlanılması həm Türkiyədə, həm Azərbaycanda böyük məyusluq hissi yaradıb. Mübariz Mənsimov öz həyatı, əməlləri, iş fəaliyyəti və düşüncələri ilə hər iki qardaş ölkənin vətəndaşlarının böyük sevgisini qazanıb. İş adamı kimi Türkiyə dövlətinin iqtisadiyyatının inkişafına əvəzsiz xidmətlər göstərmiş, yardıma ehtiyacı olan hər bir şəxsə dayaq durmuş, hər zaman millətimizin elmə və soy-kökünə bağlılığına dəstək olmuş bir şəxsin adının hansısa cinayətkar şəbəkəyə calanması heç cür başadüşülən deyil. Əksinə Mübariz Mənsimovun öz fəaliyyətində FETO və Türkiyə Cumhuriyyəti əleyhinə olan bütün qüvvələrə qarşı olması hər kəsə bəllidir. Buna görə də Türkiyə və Azərbaycan cəmiyyəti iş adamının həbsinin sifarişli olduğunu düşünərək qardaş ölkənin hüquq-mühafizə orqanlarının belə bir çirkin planın içində olmasından təəssüf hissi keçirir.
Vətəndaş Həmrəyliyi Partiyası Mübariz Mənsimovun azadlığa çıxmasını tələb edir və aparılan istintaq işinin ədalətli sonuca gəlib çıxacağına inanır. Mübariz Mənsimovun azadlığa buraxılması Türkiyə hökumətinin və istintaq orqanlarının xalq sevgisinə olan adekvat münasibət olardı. -
VHP-dən “Barış pınarı” əməliyyatına dəstək
Qardaş Türkiyə Cumhuriyyəti tarixinin şanlı səhifəsini yazır. Türk ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı Türkiyənin milli təhlükəsizliyi ilə yanaşı, həm də regionda minlərlə ailənin sülh və əminamanlıq içində yaşamasının təminatıdır. Tarix bir daha Yaxın və Orta Şərqdə Türk siyasətinin yalnız barış və hürriyyətin qorunmasına yönəldiyinin şahidi olur. “Barış pinarı” hərəkatı Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarının yüz il sonra da Türkiyə Cumhuriyyəti üçün dövlət prinsipi olduğunun təsdiqidir.
Təəssüf ki, Qərbin antitürk siyasəti son əməliyyatlarda da öz təsirini göstərir. Bəzi Avropa dövlətləri və beynəlxalq qurumlar rəsmi Ankaradan əməliyyatları dayandırmağı tələb edirlər. Ərəb Dövlətləri Liqası da təcili toplantı çağıraraq, Türkiyəni Suriya əməliyyatını dayandırmağa çağırıblar. Sənədə Fələstinin də qol çəkdiyi deyilir. ABŞ, Avropa, Rusiyanın hərb maşınları bölgədə at oynadanda, minlərlə insan həyatını itirəndə, öz ölkəsindən qaçqın düşəndə dünya susurdu. Türkiyənin hərbi müdaxiləsi daha çox həm də evlərindən qaçqın, didərgin düşən suriyalılara lazımdır. Onlar üçün təhlükəsizlik zonası yaradıb yeni həyat qurmaqlarına kömək etmək niyyəti güdür. Bu səbəbdəb bölgə əhalisi Türk əsgərini xilaskar kimi qəbul edir, onlara dualar edir.Türkiyə ötən əməliyyatlar kimi, “Barış pınarı”nı da nəzərdə tutulan müddətdə uğurla yekunlaşdıracaq. Əməliyyatın uğurla nəticələnməsi Türkiyənin bu addımına qarşı çıxan bəlli dövlətlərin də puça çıxaracaq.
Biz Vətəndaş Həmrəyliyi partiyası olaraq Türkiyənin yanındayıq, terroru lənətləyirik, Şanlı türk ordusuna yeni zəfərlər arzulayırıq.
Tanrı Türkümüzü və Azərbaycanımızı qorusun! -
Keşikçidağ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı
Son günlər bir hissəsi Azərbaycanın Ağstafa rayonu, digər hissəsi isə Gürcüstanın Saqareco rayonu ərazisində yerləşən “Keşikçidağ” məbədi ilə bağlı xoşagəlməz olaylar yaşanır. Gürcüstan tərəfdən Azərbaycana qarşı açıq açığına ərazi iddiası irəli sürülür və təəssüflər olsun ki, rəsmi Tiflisin bu məsələ ilə bağlı birmənalı mövqeyi müşahidə olunmur. Azərbaycan dünyanın yeganə dövlətidir ki, həmsərhədd olduğu ərazilər özünün tarixi torpaqlarıdır. Şimalda Dərbənd, Qərbdə Göyçə gölü və İrəvan, Cənubda Təbriz tarixən Azərbaycan dövlətinin ərazisi olub. Hazırda Gürcüstan sərhədləri daxilində olan ərazilərin də bir çoxu qədim Azərbaycan əraziləridir.
Gürcüstan hökuməti yalnız keçmişi deyil, ən yaxın tarixi də unudub. 2008-c ilin avqust hadisələri zamanı Rusiya ordusu Tiflisin bir neçə kilometrliyinə gəlib çatanda və Gürcüstan dövləti süqut etmək ərəfəsində olanda Gürcüstana hava-su kimi lazım olan addımları yalnız Azərbaycan dövləti atdı. Rusiya ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Azərbaycan bütün növ enerji daşıyıcılarını Gürcüstana su qiymətinə satmaqdan imtina etmədi. Ərzaq və digər vacib məhsulların Gürcüstana verilməsi də dayandırılmadı… Azərbaycan bütün enerji layihələrinə Gürcüstanı cəlb etmiş, qonşu dövlətə investisiyalar yatırmışdır.Bütün bunlardan sonra həm rəsmi Tiflisin, xalqının göstərdiyi mövqe dərin təəssüf doğurur.Gürcüstandan bizə yönələn təxribatlara gərəkli cavab verilməlidir, diplomatik dildə izah edilməlidir ki, Azərbaycana qarşı bu cür davranış yolverilməzdir. Gürcüstan hökumətinə və ictimaiyyətinə izah edilməlidir ki, Azərbaycanın hətta qısa iqtisadi sanksiyaları kifayət edər ki, gürcü iqtisadiyyatı ağır vəziyyətə düşsün. Bütün dünyaya sərt şəkildə anladılmalıdır ki, Azərbaycan bundan sonra daha heç kimə torpaq payı verə bilməz və verməyəcək.
-
VHP-dən seçki bəyanatı: “Nəticələrlə qürur duyuruq”
Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb.
Bəyanatda deyilir: “31 mart Türkiyədə keçirilən bələdiyyə seçkilərinin rəsmi nəticələri tam açıqlanıb. Bu seçki ölkənin gələcək həyatında mühüm rol oynayacaq və yeni siyasi-iqtisadi dövrün başlanğıcı olacaq. Qardaş Türkiyə Cumhuriyyəti və Türk xalqı həm seçkiyə qədərki dönəmdə, həm seçki prosesində, həm də seçkinin nəticələrinin hesablanmasında bütün dünyaya demokratiya və siyasi əxlaq nümunəsi göstərdi. Qərəz və iftiralı bəhanələrlə Türkiyəni Avropa Birliyindən kənar tutan dövlətlərdə belə bu şəkildə seçki aktivliyi və demokratik seçki mühiti müşqahidə olunmur. Türk xalqı və Türkiyə siyasi partiyaları ölkənin taleyini kimsənin öhdəsinə buraxmayacaqlarını, Ay Ulduzlu bayrağın qürurla dalğalanması üçün hər zaman ayaqda olacaqlarını bir daha bütün dünyaya göstərdilər. Bu seçkilərin əsas qalibi Türk xalqı və demokratiyadır!
31 mart seçkilərində Azərbaycan Türklərinin tarixi yaşayış yerləri olan bölgələrdə nəticələrdən üzülsək də ümumi nəticələrin Türk xalqının Atatürk ideyalarpına sadiqliyini göstərdiyini qürur və sevinclə dilə gətiririk. Vətəndaş Həmrəyliyi Partiyası olaraq Türk xalqını və qalib gələn namizədləri təbrik edir, Türkiyə Cumhuriyyətinin tarixində yeni dönəmdə qardaş Türk xqalqına uğurlar diləyirik” -
Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının yeni səfiri ilə görüşüb
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı yeni səfiri Hamad Abdulla Xudayir ilə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni, iqtisadi əlaqələr və bölgədə baş verən olaylar müzakirə edilib.
Səfir ziyalılarla görüşü vacib saydığından Sabir Rüstəmxanlı ilə görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. -
Azərbaycan Dil Qurumunun Bəyanatı
Fevral ayının 6-da Azərbaycan Dil Qurumunun növbəti yığıncağı keçirilmişdir.
Yığıncağda Azərbaycan Dilinin Orfoqrafiya qaydaları və onun ictimai müzakirəsi barədə fikir mübadiləsi aparılmışdır.
ADQ-nin başkanı Sabir Rüstəmxanlının, tanınmış dilçi-alimlərdən və yazıçılardan Qulu Məhərrəmli, Rasim Qaraca, Şahlar Göytürk və başqalarının çıxışları dinlənilmiş və Bəyanat qəbul edilmişdir.
Bəyanatda deyilir: Azərbaycan Dilinin Orfoqrafiya qaydalarının AMEA-nın Nəsimi adına Dilçilik instititu tərəfindən ictimai müzakirəyə verilməsi özlüyündə lüğətçilik tariximizdə yeni hadisədir və müsbət qiymətləndirilməlidir. Sözlük ətrafında gedən mübahisələr, fikir ayrılıqları- Müstəqillik dövründə Ana dilinin inkişafına dövlət qayğısının artması ilə, eləcə də dilimizin yüksələn rəsmi və beynəlxalq statusu, Konstitutsiya ilə təsbir edilmiş hüquqlqrının qorunması zərurəti ilə bağlıdır. Azərbaycan Dünya dövlərləri arasında yerini möhkəmləndirdikcə ana dilimiz də əlaqələrini genişləndirir, yeni siyasi, ictimai, ədəbi-mədəni vəzifələri yerinə yetirməli olur. Kürəsəlləşmə və dünya ölkələri ilə ilişkilərin möhkəmlənməsi dilə kənar təsir və axınları çoxaldır, terminalogiyanı daim yeni suallar qarşısında qoyur və bu işin nəzarətdə saxlanılmasını tələb edir. Dilə yeni sözlərin gəlişini, yeni sözyaratma prosesini və qrammatikanın qorunmasını epizodiklikdən və subyektiv yanaşmalıardan kənar, elmi bir sistem üzərində qurmaq ilk növbədə “Azərbaycan Dilinin Opfoqrafiya qaydaları” ilə mümkündür.
Müzakirənin konkret olaraq Orfoqrafiya qaydalarına aid olduğunu nəzərə alsaq sosial mediadakı yazıların bəzisi mənasını itirir. Yəni müzakirə konkret mövzu ətrafında aparılmalıdır; lakin yazıların müzakirə çərçivəsini aşması və daha geniş məsələləri əhatə etməsi dilimizin yaşadığı problemlərə cəmiyyətin həssaslığını göstərir və anlaşılandır.
ADQ-nun Bəyanatında daha sonra deyilir: AMEA Nəsimi adına Dilçilik instititunun təqdim etdiyi Qaydalar bütövlükdə Azərbaycan türkcəsinin yüz illər ərzində formalaşmış mükəmməl qramatik normalarına, yazı prinsiplərinə və lüğətçilik təcrübəsinə əsaslanır, dilçilər arasında mübahisə yaradan bəzi məqamlarına baxmayaraq bütövlükdə etibarlı bir nəzərı mənbə sayıla bilər.
Qaydalar bir daha göstərir ki, Azərbaycan dilinin orfoqrafiyası, yəni sözlərin yazılış şəkli, daha çox “deyilən kimi yazmaq” prinsipinə əsaslanır, və şübhəsiz gələcəkdə də alınma sözlərə münasibətdə bu xət qorunacadır. Bu yanaşma ana dilimizin həm yazı, həm nitq özəlliyini və təmizliyini qoruyur, onun gücünü göstərir.
ADQ onu da qeyd edir ki, müzakirə edilən Orfoqrafiya qaydaları və nəşrə hazırlanan Orfoqrafiya sözlüyü Nəsimi adına Dilçilik instititu qarşısında böyük vəzifələr qoyur və bu vəzifə yerinə yetirilərkən müzakirə materialları və mütəxəsisilərin rəyləri diqqətlə gözdən keçirilməlidir. Ustəlik Azərbaycan Tərcümə Mərkəzinin hazırladığı İşlək Sözlərinn Orfoqrafiya sözlüyü bu işin əhəmiyyətini bir daha göstərmiş və Nəsimi institutunu işlrini sürətləndirməyə sövq etmişdir. Buna görə də Tərcümə mərkəzi ilə AMEA Nəsimi adına Dilçilik institutunu üz-üzə qoymaq yox, onların və Ana dilinin təmizliyinin qorunmasına çalışan digər qurumların səmərəli əməkdaşlığını təşkil etmək lazımdır.
ADQ Ana dilinin qorunması və inkişafı yolunda fəaliyyət göstərən bütün qurumlarla əməkdaşlıq etməyə hazırdır.Sabir Rüstəmxanlı
Azərbaycan Dil Qurumunun başkanı -
VHP Mehman Əliyevə azadlıq tələb etdi
Vətəndaş Həmrəyliyi Partiyası “Turan” İnformasiya Agentliyin baş direktoru, tanınmış ictimai-siyasi xadim Mehman Əliyevin həbs ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir: Mehman Əliyev Azərbaycan mətbuat tarixində xüsusi mövqeyi olan, müstəqillik dövründə azad sözün, informasiyanın müdafiəsi və möhkəmlənməsi uğrunda yorulmadan çalışan və təvazökarlığı, düzlüyü, yüksək mədəniyyəti ilə seçilən qələm sahibi, vicdanlı bir ziyalıdır.
VHP ölkədə demokratik mətbuata qarşı hər cür təzyiqləri pisləyir və Mehman Əliyevin jurnalistikamız qarşısındakı əvəzsiz xidmətlərinin nəzərə alınmasını, onun haqqında həbs qətimkan tədbirinin dayandırılmasını və onun dərhal həbsdən azad edilməsini tələb edir.