Vətəndaş Həmrəyliyi Partiyası

Category: Bəyanat

  • VHP-nin Avropa İttifaqının Azərbaycana haqda son qətnaməsiniə münasibəti:

    Vətəndaş Həmrəyliyi Partiyasının Avropa İttifaqının Azərbaycana haqda son qətnaməsiniə münasibəti:

    VHP-nin açıqlamasında deyilir: “Avropa Parlamenti Azərbaycana qarşı yeni qətnamə qəbul edib. Maraqlıdır ki, Vətən müharibəsi zamanı, müharibədən sonrakı dövrdə, eləcə də ötən ilin sentyabrında ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra Avropa İttifaqının ölkəmizə qarşı qətnamələri ardıcıl xarakter daşıyıb. 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib.
    Avropa Parlamentinin sonuncu qətnaməsinin leytmotivi, guya insan haqlarıdır. Ancaq bugünkü beynəlxalq arenada insan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib. Son qətnamə ilə bağlı da Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Avropa Parlamenti ondan erməni hərbi cinayətkarları və separatçıları azad etmək üçün istifadə etməyə çalışır. Çünki qətnamınin Azərbaycan-Ermənistan münasibətlərinə dair hissəsində Avropa İttifaqının ikili standartlardan çıxış etdiyini açıq şəkildə ortaya çıxır. Heç bir fakta söykənmədən Azərbaycan ordusunun Ermənistan ərazilərindən çıxarılması tələb olunur, Qarabağla, hərbi əsirlərlə bağlı məsələlərdən bəhs olunur. VHP bəyan edir ki, bu sadalananlar Avropa İttifaqının səlahiyyətlərinə aid deyil. Avropa İttifaqı prosesə münasibət bildirməyi, müdaxilə etməyi öz vəzifəsi hesab edirsə, obyektiv yanaşma sərgiləməlidir. Azərbaycan əsgərlərinin Ermənistan ərazilərində olması iddiası sərhədlərin müəyyənləşmədiyi bir halda tam əsassız və cəfəngdir. Vaxtilə qanunsuz şəkildə Azərbaycan ərazilərinə soxulan və həbs edilən erməni əsirlərin əksəriyyəti azad olunub. İndi həbsdə olanlar isə hərbi, siyasi cinayətkarlardır. Onlar Azərbaycan-Ermənistan münaqişəsinə əsas olan separatçı rejimin liderləri, bir çox şəhərlərimizin bonbalanması əmrini verən şəxslərdir. Bu şəxsləri beynəlxalq hərbi tribunala cəlb etməliyik. Onların cinayətləri dünyanın gözü qarşısına çıxarılmalıdır. Qarabağdan könüllü şəkildə köçən ermənilərin geri qayıdış məsələsində də Avropa İttifaqı qərəzli mövqe ortaya qoyur. Ermənistandan qovulmuş yüz minlərlə Qərbi azərbaycanlının öz tarixi yurdlarına qayıtması daha ədalətli mövqe olardı. Avropa İttifaqının bəzi üzvləri Ermənistanı yenidən silahlandırır, gücləndirir, yardım edir. Vətəndaş Həmrəyliyi Partiyası Avropa İttifaqının son qətnaməsini qətiyyətlə pisləyərək bu yanaşmanı münasibətlərə böyük zərbə kimi qiymətləndirir”.

  • VHP-dən ABŞ konqresmenlərinə sərt cavab: “Terrorçunun milləti olmur!”

    Vətəndaş Həmrəyliyi Partiyası bir qrup konqres üzvünün ABŞ dövlət katibi Entoni Blinkenə ünvanlanmış müraciətlə bağlı etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir: Azərbaycanın beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü təmin etməsi bir çox ermənipərəst dairələri ciddi narahat edib. Tarixi ədalətin bərpasını heş cür həzm edə bilməyən bu qüvvələr addımbaşı hər cür bəhanələr, əsassız fikirlər və gülünc ittihamlarla ölkəmizi hədəfə alırlar. Çox təəssüf ki bu sırada uzun illər Azərbaycanla iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlıq edən Amerika Birləşmiş Ştatları da bu kampaniyada yer alır. Bu günlərdə ABŞ Senatının 10, Konqresinin 48 üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciət tək ABŞ-Azərbaycan münasibətlərinə zərbə deyil, həm də beynəlxalq hüququn, haqq və ədalətin ayaqlar altına atılmasıdır. Özünü dünyaya demokratiya və ədalət beşiyi kimi təqdim edən bir ölkənin ali qanunverici orqanında yer alan şəxslərin bu yanaşması ancaq təəssüf doğura bilər. Müraciət müəlliflərinin “siyasi məhbus”, “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah və narkotika dəllallarıdır! Terrorçunun milləti olmur! Dünyada yaxşı və pis terrorçu olmamalıdır! ABŞ təmsilçilərinin müraciətində adları çəkilənlərlə Nyu-Yorkda Dünya Ticarət Mərkəzini partladan terrorçulardan heç bir fərqi yoxdur. Bu mənada müraciətə imza atanlar həm də ABŞ-ı hədəf alan terrorçuları müdafiə etmiş olurlar.
    Vətəndaş Həmrəyliyi Partiyası ABŞ dövlət katibinə ünvanlanan müraciəti ABŞ-Azərbaycan münasibətlərinə xaincəsinə zərbə, həmçinin erməni avantürizmini dirçəltmək və bölgədə müharibə alovlandırmaq cəhdi kimi qəbul edir. Başda Fransa olmaqla, həmin müraciət müəlliflərinin də daxil olduğu ermənipərəst koalisiya anlamalıdır ki, bu kimi gülünc və təxribatçı addımlar Azərbaycanı öz hədəfindən yayındıra bilməz.
    Vətəndaş Həmrəyliyi Partiyası yaxın zamanda erməni terrorbaşçılarının ədalət məhkəməsi qarşısında layiqli cəzalarını alacaqlarına əmindir.
    Eyni zamanda ölkədə insan haqları və müəyyən siyasi azadlıqlarla bağlı problemlərin daxildə, heç bir xarici təsir olmadan həll olunacağına ümid edir və hakimiyyətin bu sahədə ardıcıl, humanist addımlar atacağına inanırıq.

  • Vətəndaş Həmrəyliyi Partiyasının BƏYANATI

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan parlamentarizmi tarixində bütün seçkilərində iştirak etmiş və hər bir seçkidə uğura nail olmuşdur. Seçkidən-seçkiyə öz təcrübəsini daha da artıran Partiya VII çağırış Azərbaycan Respublikasının Mili Məclisinə seçkilərdə də aktivliyi ilə fərqlənmişdir.

    VHP-nin seçkilərə qatılan 17 namizədi qatılan Partiyamız demokratik seçki mühiti, təşviqat üçün yaradılmış münbit şərait mühitində rahat və sərbəst təbliğatını aparmışdır. Namizədlər təkcə MSK tərəfindən onlar üçün ayrılmış qapalı və açıq məkanlarda deyil, hər bir yaşayış məntəqəsində, kəndlərdə, qəsəbələrdə, məhəllələrdə maneəsiz təbliğat-təşviqat işi aparmış, nəticədə böyük uğur qazanmışdır.
    Bu müddət ərzində partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli müşahidə missiyasının, ATƏT Parlament Asambleyasının seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşmüş, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırmışdır.
    1 sentyabr tarixində 125 seçki dairəsindən 51-də seçkini canlı izləyən müşahidəçilərimizin rəyləri, həm də partiyanın qərargahından yüzlərlə seçki məntqəsində quraşdırılan kameraların izlənilməsi onu deməyə əsas verir ki, VII çağırış Milli Məclisə seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilmişdir. İlkin nəticələrə əsasən Partiyamızın 17 namizədindən 3-ü qalib gələrək seçki marafonunu uğurla başa vurmuşdur.
    Seçki prosesində namizədlərimizə qarşı digər namizəd və nümayəndələrinin baş verən hansısa təxribat cəhdləri olsa da, müşahidəçilərimiz və səlahiyyətli nümayəndələrimiz tərəfindən seçkini pozmaq cəhdlərinin qarşısı alınmışdır. Gerçəkdə 1 sentyabr seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılmış, onların seçiminə təsir göstərilməmişdir. Vətəndaş Həmrəyliyi Partiyası seçkinin ilkin nəticələrinə əsasən uğur qazanan bütün namizədləri ürəkdən təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayır.

  • Vətəndaş Həmrəyliyi Partiyasının BƏYANATI

    Müstəqil Azərbaycanın siyasi tarixində ən böyük seçki təcrübəsinə malik olan Vətəndaş Həmrəyliyi Partiyası ölkəmizdə keçirilən bütün seçki və referendumlarda həm namizəd, həm də müşahidəçilərlə fəal şəkildə təmsil olunmuşdur. 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öncədən Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini açıq şəkildə bildirmişdir. Bu mövqeyinə sona qədər sadiq qalan Vətəndaş Həmrəyliyi Partiyası seçki prosesini diqqətlə izləmiş və seçki günü Seçki məntəqəsində öz müşahidəçiləri vasitəsilə səsverməni müşahidə etmişdir.
    Seçki öncəsi təbliğat və təşviqat işlərində namizədlər üçün yaradılmış bərabərhüquqlu şərait, onların mətbuata rahat çıxışının təmin olunması, əhali ilə görüşlərinə geniş imkanlar yaradılması seçkilərin demokratik ruhda keçiriləcəyinin ilkin əlamətləri olmuşdur. Seçki günü həm canlı şəkildə məntəqə və dairələrdə müşahidələr aparılmış, həm də yüzlərlə seçki məntqəsində quraşdırılan kameralar vasitəsilə proses birbaşa izlənmişdir.
    Seçki prosesi boyu və səsvermə günü hansısa qanunsuz hal və pozuculuq fəaliyyəti tərəfimizdən müşahidə edilməmişdir. Seçkilərdə əhalinin rahat və dinc şəkildə səsverməsi təşkil edilmiş, onların seçiminə təsir göstərilməmiş, seçki günü məntəqələrin ətrafında heç bir təbliğat işləri aparılmamışdır.
    Bu seçkilərdə Azərbaycan xalqı öz demokratik prinsiplərini qoruyaraq Prezident seçkilərində yüksək seçici fəallığı göstərmişdir. Seçicilərin böyük əksəriyyəti Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən, bizim də dəstəklədiyimiz İlham Əliyevə səs vermişdir.

    Vətəndaş Həmrəyliyi Partiyası və partiyamızın çoxsaylı üzvləri adından seçkilərin nəticəsini ədalətli hesab etdiyimizi bəyan edir və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, İlham Əliyev bundan sonra Azərbaycanın daha güclü dövlətə çevirilməsi yolunda əvvəlki kimi qətiyyətlə çalışacaq, öz ali missiyası ilə türk dövlətləri birliyinin yaranmasında da həlledici rol oynayacaqdır. Bu şərəfli yolda Prezident İlham Əliyevə böyük uğurlar arzulayırıq.

    Sabir Rüstəmxanlı
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
    Millət vəkili

  • VHP-nin antiterror tədbirlərinin uğurlu yekunları ilə bağlı bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazisindəki qeyri-qanuni erməni hərbi birləşmələrinin qarşı antiterror tədbirlərinin uğurlu yekunu ilə bağlı təbrik bəyanatı verib. Bəyanatda deyilir:

    “Azərbaycanın Zəfər Savaşına başlamasının üçüncü ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə jəyata keçirilir. Lakin Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi sabitliyin yaranması üçün 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törətməklə cinayətkar əməllərindən əl çəkmirdi. Qarabağda yaşayan ermənilər həm sülhməramlılara, həm müxtəlif ad altında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən Ermənistan ordusunun tör-töküntülərinə, terrorçu qruplaşmalara yardım edir, xarici havadarlarına arxalanıb Azərbaycanın konstitusion hüquqlarına qarşı çıxır, Ermənistandan silah-sursat daşıyır, yeni müharibəyə hazırlaşırdılar. Ötən müddət ərzində Azərbaycan ərazilərində yeni mövqelər, səngərlər, mühəndis-istehkam qurğuları hazırlamaq, qanunsuz silahlı birləşmələri texniki avadanlıqla təmin etmək və qanuni hakimiyyətə qarşı terror fəaliyyəti aparmaq, mülki vətəndaşlarımızın həyatına təhlükə yaratmaq antiterror tədbirlərini labüd etdi. Ötən üç ilin təcrübəsi onu göstərdi ki, erməni separatizmi, xunta rejimi diplomatik vasitələrlə, danışıqlar yolu ilə sülhə gəlməyəcək. Məlum oldu ki, güc onların başa düşdüyü yeganə vasitədir. Azərbaycan dövləti beynəlxalq hüquqla təsbit olunmuş suveren haqlarının bərpası üçün gərəkən gücü göstərdi. Çox qısa bir zamanda Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və heyrətamiz şücaətlə apardığı antiterror tədbirləri nəticəsində düşmən ağ bayraq qaldırmağa məcbur oldu. Beləliklə, Azərbaycan xalqı üç ildən sonra yenidən tarixi qələbəyə imza atdı. Vətəndaş Həmrəyliyi Partiyası bu şərəfli qələbənin tarixə yazılması, Azərbaycan ərazisində sonuncu erməni hərbi xunta rejiminin məhv edilməsi uğrunda şəhid olan qəhrəmanlarımızı sevgi və sayğı ilə yad edir, qazilərimizə şəfa diləyirik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hər bir əsgərimiz bizim qürur yerimizdir.
    Vətəndaş Həmrəyliyi Partiyası bu tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla qəhrəman ordumuzu və milli həmrəylik örnəyi ilə dəmir yumruğa çevrilən xalqımızı təbrik edir. Qələbə hər zaman bizimlə olsun!
    Tanrı Azərbaycanı qorusun!”

  • VHP-dən bayrağımıza həqarətlə bağlı tələb: “Rusiya Müdafiə Nazirliyi dövlətimizdən və xalqımızdan üzr istəsin”

    Laçın sərhəd keçid məntəqəsində rus sülhməramlılarının dövlət bayrağımızı endirməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanat verib.

    Bəyanatda deyilir:  Zəfər Savaşında qəhrəman ordumuz qarşısında təslimçilik sazişi bağlayan erməni separatizmi xarici himayədarları hesabına yenidən fəallaşır. Bu baxımdan ən aktiv mövqedə “sülhməramlı” missiyasını yerinə yetirməli olan rus hərbi birləşmələridir. Əgər Rusiyanın sülhməramlı qüvvələri bölgədə erməniyanlı mövqe tutmasaydı, indi Azərbaycanın öz ərazi bütövlüyü tanındığına görə bütün ərazisi üzərində suverenliyini bərpa etmiş olardı. Təəssüflər olsun ki, ərazilərimizin bir hissəsində rus qoşunları qalıb və onlar da işğalçı dövləti, Ermənistanı və Ermənistanın bu ərazidə olan bir ovuc separatçılarını müdafiə edirlər. Rus hərbi birləşmələrinin bölgədəki erməni separatçılarını hər cür himayə etməsi haqda konkret faktlar var. Rusiya sülhməramlı qüvvələrinin harınlığı elə bir həddə çatıb ki, Laçında Həkəri çatının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıb və bayrağımıza qarşı təhqiramiz davranıblar.
    Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni hiddətlə pisləyir. Dövlət Bayrağımızın işğal olunmuş ərazilərdə ucalması uğrunda qəhrəman əsgərimizin qanı tökülüb. Son aylar dəfələrlə baş verən erməni təxribatlarını sadəcə müşahidə edən sülhməramlıların bayrağımıza qarşı bu cür davranışı dövlətimizə və milli heysiyyatımıza həqarətdir. VHP olaraq Rusiya Müdafiə Nazirliyindən baş vermiş hadisəyə görə dövlətimizdən və xalqımızdan üzr istəməsini tələb edirik.

  • VHP bəyanat yaydı: “Biz sülh niyyətimizi açıq bəyan etmişik, amma müharibə yolu seçənlərə də ordumuz layiqli cavab vermək gücündədir”

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan-Ermənistan sərhəddində, Laçın sərhəd buraxılış məntəqəsində baş verən gərginliklə bağlı bəyanat verib. Bəyanatda deyilir:

    “Zəfər Savaşında işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi stabilliyin yaranması üçün üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi dəfələrlə cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədib. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə sülh prosesini əngəlləyir. İyunun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatı da eyni məqsədə xidmət edir. Laçın sərhəd-buraxılış məntəqəsində ermənilərin maneəsiz-gediş gəlişinin intesivləşməsi, qəhrəman Azərbaycan sərhədçilərinin peşəkar, mədəni, obyektiv davranışı, artıq bu prosesin adiləşməyə başlaması da bəzi qüvvələrin illərdir yaratdıqları yalançı anti-Azərbaycan mifini alt-üst edirdi. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan revanşist qrup hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışır. Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın ölkəmizə son səfəri zamanı verilən mesajlar, Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar erməni şovinizmini və onların xarici havadarlarını xüsusilə narahat edib.
    Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, bütün bu kimi təxribatlar onsuz da böhran vəziyyətində olan Ermənistanı tam uçuruma aparır. Problemin tez həlli Ermənistanın həyatda qalması üçün vacibdir. Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacağını dəfələrlə bəyan edib. Biz sülh niyyətimizi açıq bəyan etmişik, amma müharibə yolu seçənlərə də ordumuz layiqli cavab vermək gücündədir. Bu və bundan sonra baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun xarici havadarlarının üzərinə düşür.Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın Vətən uğrunda savaşda birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirərək, ordumuzun yanında olduğunu bəyan edir.

  • VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

    VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

    Vətəndaş Həmrəyliyi Partiyası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Sui-qəsd nəticəsində Fazil Mustafa iki güllə yarası alıb. Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş terror aktını qətiyyətlə pisləyərək, millət vəkilinə şəfalar diləyir. Azərbaycan Respublikasının Ali qanunverici orqanının üzvü, Milli Məclisinin deputatına qarşı terror siyasi mahiyyət etibarı ilə Azərbaycan dövlətinə qarşı edilən terrordur. Əminik ki, ən yaxın vaxtda terror aktını həyata keçirənlər tapılacaq və hadisəyə hüquqi-siyasi qiymət veriləcək. VHP eyni zamanda bəyan edir ki, heç bir güc Azərbaycan Respublikası ilə hədə və terror dili ilə danışa bilməz. Azərbaycanın bütün siyasi qüvvələri və hər bir vətəndaş milli maraqlar və dövlətçilik məsələsində bir yumruq kimi birdir. Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!”

     

     

  • VHP-dən nəqliyyatda qiymət artımına etiraz

    Vətəndaş Həmrəyliyi Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı
    bəyanat yayıb. Bəyanatda deyilir:
    ” Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətləri artırmışdır.
    Vətəndaş Həmrəyliyi Partiyası Tarif Şurasının bu qərarını qəti şəkildə pisləyərək bildirir ki, metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. Əhalinin bütün təbəqələri yeni qiymət artımının doğuracağı nəticələrdən əziyyət çəkəcək, sosial durumu onsuz da ağır olan aztəminatlı ailələrin vəziyyəti bir az da ağırlaşacaq və bu həssas dönəmdə ölkədə gərginliyin artmasına səbəb olacaq.
    Bu vaxta qədər nəqliyyatda qiymət artımı xidmətdə heç bir keyfiyyət dəyişikliyi yaratmamışdır. Buna görə də dövlət büdcəsindən subsidiya alan metroda və sərnişindaşımada şəffaflıq və hesabatlıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, səhmdar cəmiyyətlərinin gəlirləri və xərcləri barədə məlumatlar ictimaiyyət üçün açıqlanmalıdır.
    VHP tələb edir ki, metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət təcili aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməli, xüsusilə, tələbə və təqaüdçülər üçün ictimai nəqliyyatda və metroda istifadə ilə bağlı güzəştli kartlar hazırlanmalıdır. Göstərilən addımlar atılanadək Tarif Şurasının son qərarı qüvvəyə minməməlidir”

  • İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır

    Vətəndaş Həmrəyliyi Partiyası Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
    “Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək üçün apardığı Zəfər Savaşında qələbəsini heç cür həzm edə bilməyən Fransanın  davranışları böyük təəssüf və qəzəb doğurur. İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Bu səbəbədən Fransanın Ermənistana göstərdiyi dəstək və qəbul etdiyi son qətnamə bir daha onların iç üzünü dünyaya göstərmiş oldu. Tarixi  istila, müstəmləkəçilik və soyqırım siyasəti ilə zəngin olan bir dövlətin, onun hakimiyyətinin indi Ermənistana və onun təcavüzkar siyasətinə dəstək verməsi heç də təsadüfi deyil.
    Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan dövlət və beynəlxalq təşkilatlar öz rüsvayçılıqlarını ortaya qoyur.
    Vətəndaş Həmrəyliyi Partiyası erməni faşizminə dəstək olan bütün qüvvələrin riyakar əməllərini qətiyyətlə pisləyərək bəyan edir ki, heç bir güc Azərbaycanı öz haq yolundan döndərə bilməz!”