Vətəndaş Həmrəyliyi Partiyası Praqada keçirilən Azərbaycan-Ermənistan danışıqlarının yekunu ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan hərbi əməliyyatlar bitdiyi andan sülh razılaşması məsələsini gündəmə gətirmiş, konkret təkliflərini irəli sürmüşdür. Lakin qarşı tərəf hər dəfə süni maneələr yaradaraq sülh prosesini uzatmışdır. Nəhayət oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində aparılan Azərbaycan-Ermənistan danışıqları müharibədən sonra ən ciddi nəticə ilə yadda qaldı. Azərbaycanın enerji təhlükəsizliyi,nəqliyyat infrastrukturu və siyasi dialoq istiqamətində Avropa İttifaqı ilə əməkdaşlığı Cənubi Qafqazda stabilliyin yaranmasına da ciddi töhvələr verməkdədir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan-Ermənistan arasında sülh razılaşması üçün danışıqların indiki durumunu müsbət qiymətləndirərək Avropa İttifaqının vasitəçiliyini məqbul sayır. Praqa danışıqlarının yekunu olaraq qəbul olunan bəyanatda “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır” ifadəsinin yer alması diplomatiyamızın böyük uğuru sayılmaqla bərabər, rəsmi İrəvanın sərsəm ərazi iddialarına son verilərək sülh sazişinə doğru ciddi addım atılması deməkdir. Bütün rəsmi sənədlərdə və çıxışlarda “Dağlıq Qarabağ” və ya “Qarabağ erməniləri” kimi ifadələrin yer almaması rəsmi Bakının Qarabağın erməni əhalisinin Azərbaycan qanunlarını qəbul edəcəyi halda bu ərazidə yaşaya biləcəyi ilə bağlı qəti mövqeyinin qəbul olunduğu anlamına gəlir. Praqa bəyanatında əks olunan Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının fəaliyyəti ilə bağlı yer alan prinsip də təqdir olunandır. Bəyanatdakı “Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək” cümləsi ölkəmizin öz suverenliyinə, müstəqil siyasətinə verdiyi dəyərin və beynəlxalq təşkilatların da bununla hesablaşdığının göstəricisidir.
Vətəndaş Həmrəyliyi Partiyası Praqa bəyanatında yer alan prinsipləri diplomatik uğurumuz kimi qəbul edərək bir daha milli məsələlərində hər zaman dövlətin yanında olduğunu bəyan edir”
Category: Bəyanat
-
VHP Praqa razılaşmasını dəstəklədi: “Diplomatik uğurumuzdur”
-
VHP 27 sentyabr Anım Gününün ikinci ildönümü ilə bağlı bəyanat yayıb
Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr Anım Gününün ikinci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:“Ötən əsrin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Xarici himayədarlarının dəstəyi və Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etdi , etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əks-hücum əməliyyatlarına başladı. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Qəhraman Azərbaycan Ordusu düşmənə gərəkən cavabı verdi və torpaqlarımız düşməndən təmizləndi.
Zəfər Savaşı dövründə Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Bütün siyasi partiyalar Qarabağ uğrunda savaşda dövlətin atdığı addımları dəstəklədiklərini bəyan etdilər. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, siyasi, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Vətəndaş Həmrəyliyi Partiyası Vətən Müharibəsinin ildönümündə Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Savaş günlərində birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir”.
-
VHP-dən Nensi Pelosinin fikirlərinə etiraz:”Siyasi riyakarlıqdır…”
Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə möhkəmlənərək bölgədə hegemon qüvvəyə çevrilməsi türk düşmənlərini hərəkətə gətirib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri bu qüvvələrin demarşına çevrildi. Özünü demokratiyanın beşiyi sayan bir ölkənin qanunverici orqanının rəhbərinin qondarma “soyqırım” abidəsi önündə axıtdığı göz yaşları sözün bütün mənalarında siyasi riyakarlıqdır. Uydurma erməni nağılına bu cür dəstək verən ABŞ rəsmiləri başa düşməlidir ki, onların bütöv bir xalqa, böyük türk toplumuna qarşı həyasız və əsassız iddialarla çıxış etməsi dövlətlərarası münasibətlərin mürəkkəbləşməsinə səbəb olur. Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş qaydada öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar əleyhinə bu cür səriştəsiz adamların fikirlər səsləndirməsi heç bir diplomatik etiketə sığmır . Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Azərbaycan dövləti bu cür adamlarla bağlı ABŞ-ın rəsmi dairələrinə diplomatik qaydada etiraz etməli, onların bu hərəkətlərinin əsassız olduğunu sərt şəkildə nəzərə çatdırmalıdır.. Lobbiçilik adı altında istənilən dövlətin əleyhinə istənilən fikir söyləmək mümkündürsə, onda hər kəs ABŞ dövlətinin yaranarkən yerli əhaliyə divan tutmasından, 80 min insanı qəddarcasına qətlə yetirməsindən danışmalıdır.
Azərbaycan ordusunun son əməliyyatları nə miqyasına, nə də insan təlafatına görə ABŞ-ın öz sərhəddindən min kilometrlərlə uzaqda – Vyetnamda, İraqda, Əfqanıstanda apardığı müharibələrlə müqayisə edilə bilməz. VHP qətiyyətlə bildirir ki, Azərbaycan olaraq bizim də söyləməyə kifayət qədər sözümüz var; ölkəmiz beynəlxalq hüquqlar çərçivəsində hərəkət edir, müəyyən faşist ideologiyasına məruz qalmış millətin çılğın iddialarına əhəmiyyət vermir. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinə, mədəniyyət obyektlərinə qarşı biganəlik göstərilməsi, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşılması, bütün bunlara görə ermənilərə qarşı heç bir bəyanat verilməməsi fonunda xanım Pelosinin İrəvanda Azərbaycana qarşı səsləndirdiyi fikirlər ABŞ üçün utancvericidir.
VHP hesab edir ki, ABŞ-ın uzun illərdir ki, tərəfdaşı olan Azərbaycana qarşı bu münasibət məhz Amerikanın milli təhlükəsizlik maraqlarına qarşıdır. Yəni Ermənistanın maraqlarının bu cür sərt şəkildə müdafiə edilməsi əslində ABŞ-ın dövlət maraqlarına ziddir. Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr Palatası sədrinin heç bir reallığa və beynəlxalq hüquqa uyğun gəlməyən fikirlərini qətiyyətlə pisləyərək bunu Azərbaycana qarşı illərlə yürüdülən ikili standartın tərkib hissəsi sayır. Eyni zamanda bəyan edirik ki, hər hansı dövlət rəsmisi və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz. -
VHP-nin Azərbaycan-Ermənistan sərhəddindəki gərginliklə bağlı bəyanatı
“Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacaq”Azərbaycanın Zəfər Savaşına başlamasının iki ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi stabilliyin yaranması üçün 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi dəfələrlə cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədib. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə sülh prosesini əngəlləyir.
Erməni hərbi birləşmələri 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Eyni zamanda son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin eyni istiqamətində təxribatları, Azərbaycan Ordusunun mövqelərinin mütəmadi atəşə tutulması müşahidə olunub. Hərbi qulluqçularımızın, o cümlədən ərazidə infrastruktur işləri aparan mülki vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və suverenliyimizə qarşı mümkün hərbi təhlükələrin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu qəti cavab tədbirləri görüb.
Vətəndaş Həmrəyliyi Partiyası Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Vətən uğrunda savaşda birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir. VHP eyni zamanda bəyan edir ki, ermənilərin beynəlxalq hüququ pozduğunu və götürdüyü öhdəlikləri yerinə yetirmədiyini sakitcə seyr edən beynəlxalq ictimaiyyətin indiki halda Azərbaycana qarşı haqsız mövqeyi təssüf doğurur. Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacağını dəfələrlə bəyan edib, bu və bundan sonra baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşür.
-
VHP qazi intiharlarına etiraz edir: günahkarlar cəzalandırılsın
Son günlər İkinci Qarabağ savaşının qəhrəmanları olan qazilərin intihat xəbərləri artmaqdadır. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsindən 2 il ötsə də, bir çox qazinin problemləri həllini tapmayıb. Müharibədən qayıtdıqdan sonra sağlamlıq vəziyyətinə görə işsiz qalan, əlillik dərəcəsi ala bilməyən, psixoloji dəstək görməyən qazilər arasında narazılıqları artırır. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 36 nəfər qazi müxtəlif səbəblərdən intihar edib. Yazılanlara görə, onların bir çoxu üzləşdiyi haqsızlıqlara, məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər. Bəzi qəhrəmanlarımız isə öncədən hər hansı narazılıq bildirmədən – ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi son dərəcə ağır hadisədir. Azərbaycan Vətən Savaşını qələbə ilə başa vurub və bütün xalqımızın bir yumruğa çevrildiyi bu zamanda qazilərimizin rolu müstəsnadır. Onların problemlərinin həlli üçün çalışmaq hər bir vətəndaşın borcudur. Səlahiyyət sahibi olan məmurlar isə birbaşa bu işə məsuldurlar və məsuliyyətlərini dərk etməlidirlər.Vətəndaş Həmrəyliyi Partiyası olaraq qazi intiharlarının yaradan səbəblərin dərhal dayandırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini və bu vaxtadək baş verən intiharların hərtərəfli araşdırılaraq səbəbkarların cəzalandırılması verilməsini tələb edirik.
-
VHP-dən Rusiyaya etiraz: suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq
Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub. Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla səsləndirdiyinə inanmaq çətindir. Rusiya xarici işlər naziri S.Lavrovun Ankarada Türkiyə diplomatiyasının lideri Mövlud Çavuşoğlu ilə qapalı görüşdən sonra “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsinin ardınca İrəvanda fərqli mövqe göstərməsi Kremlin ənənəvi “bulanıq suda balıq tutmaq” siyasətinin davamıdır. Son vaxtlar rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə baş verən təxribatlar və Azərbaycanın suveren hüququna qarşı yönəlik hərəkətlər də bu siyasətin tərkib hissəsidir. Kreml artıq qəbul etməlidir ki, tərəflər problemi özü həll etmək iqtidarındadır, delimitasiya və demarkasiya prosesi yalnız Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsini nəzərdə tutur. Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycanın tərkib hissəsi olan bir ərazi ilə bağlı delimitasiyadan danışmaq sadəcə, beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünə açıq təhdiddir. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı müsbət irəliləyişin olmasını istəmir. Əksinə, Kreml əlindən gələn hər şeyi edir ki, iki ölkə arasında sülh sazişinin hazırlanması prosesi pozulsun.Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın son addımlarını və siyasətini qətiyyətlə pisləyərək bəyan edir ki, Azərbaycan bütün qonşu dövlətlərlə normal münasibətlərə sadiqdir, amma dövlətimzin suverenliyinə qarşı istənilən addımın qətiyyətlə qarşısı alınacaq.
-
VHP baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir
Jurnalist Aytən Məmmədova mayın 8-i tarixində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində axşam saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.Aytən Məmmədova 10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli şəxs kimi saxlanılan İlkin Süleymanovun məhkəməsindən ardıcıl reportajlar hazırlayıb, Süleymanovun işgəncələrə məruz qalması haqda məhkəmədə səslənən fikirlər, söylənən faktlar ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırıb. Aytən Məmmədova güman edir ki, ona qarşı olan hücum 10 yaşlı Nərmin Quliyevanın qətl işi ilə əlaqəli ola bilər.
Vətəndaş Həmrəyliyi Partiyası baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir. Əgər hüquq mühafizə orqanları bu faktla bağlı lazımı tədbir görməzsə, baş verən hadisə, öz peşə vəzifəsini yerinə yetirən bir jurnalistə qarşı deyil, bütövlükdə söz və ifadə azadlığına qarşı bir basqının göstəricisi kimi qiymətləndiriləcək. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hadisəni ən yüksək səviyyədə nəzarətə götürməsi günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır. Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin tapılıb, cəzalandırılması zəruridir. İnanırıq ki, ən yaxın zamanda hadisəni törədən şəxs tapılaraq cəzalandırılacaq.
-
VHP-nin İranın Şuşa qurultayı təxribatına sərt bəyanat
Vətəndaş Həmrəyliyi Partiyasınından İranın Şuşa qurultayı təxribatına sərt bəyanatAprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Tehrandakı “Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzi”nin baş elmi işçisi qismində iştirak edən Vəli Kaleci adlı şəxs ölkə başçısına ünvanladığı sualda bikdirdi ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı iranlı azərbaycanlılar İranın ərazi bütövlüyünə qarşı çıxışlar ediblər və niyə Azərbaycan tərəfi rəsmi qaydada buna etirazını bildirmir? Azərbaycan Prezidentinin cavabı mükəmməl və yerində idi. Amma İrandan gələn bu təxribatçı mesajla bağlı Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəzi məqamları geniş ifadə etmək vacib bilirik.
Hələ Dünya Azərbaycanlılarının Birinci Qurultayında da, ikincidə də İran rəsmiləri və KİV-i Azərbaycana qarşı çıxışlar edib, təhdid mesajları göndəriblər. Məsələn, Prezident İlham Əliyev o vaxt “mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm” deyəndə İran tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə bunu çox böyük qısqanclıqla qarşılamışdı. Burada “xain xoflu olar” məsələsi var.
İranda hər il ənənəvi olaraq dünya ermənilərinin ümumerməni toplantısı keçirilirdi. Özü də, bu tədbir Qarakilsə tərəfdə, Cənubi Azərbaycanın Çaldıran şəhəri yaxınlığında təşkil olunurdu. Oraya dünyanın müxtəlif yerlərində yaşayan ermənilər gəlirdilər, danışırdılar, yeyib-içib, gülüb-oynayıb dağılışırdılar. Bu tədbirə İranın mədəniyyət adamları, hətta çox vaxt mədəniyyət naziri, rəsmiləri qatılırdı. İran dünya ermənilərinin bu tədbirinə ev sahibliyi etməyindən çox böyük iftixarla danışırdı. İndi dünya azərbaycanlılarının qədim Azərbaycan şəhərinə toplanması, qurultay keçirməsi İrandakı dairələri niyə qıcıqlandırır? Axı Güneydə, Dərbənddə, Borçalıda, Rusiyada, Türkiyədə, Avropada və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Qarabağın azad olunmasını istəyirdilər. İndi Qarabağ işğaldan qurtulub, Şuşada azərbaycanlılar Zəfər Qurultayı ilə bunu bayram edirlər. Bunun İranı narahat edəcək bir tərəfi yoxdur və ola bilməz.
Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, İran hakimiyyəti üzdə gülür, arxada da “pambıqla baş kəsir”. Bir tərəfdən Azərbaycanla dostluqdan, əməkdaşlıqdan danışırlar, digər yandan ölkəmizə qarşı hədyan fikirlər səsləndirməkdədirlər.
İran həmişə ölkəmizə qarşı qərəzli münasibət bəsləyib. Biz buna Qarabağ müharibəsində şahid olmuşuq. İranda bir dənə də olsun azərbaycan dilində məktəb yoxdur. Soydaşlarımıza öz ana dillərində tədris mərkəzləri və nəşriyyat açmaq imkanları verilmir. Bütün haqları əllərindən alınmaqla bərabər, onlara qarşı repressiyalar tətbiq olunur. Tehran dünya azərbaycanlılarının bu məsələləri gündəmə gətirəcəyindən qorxur. Azərbaycanın güclənməsi və dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi və bir-birlərinə həmrəy olması İranda Azərbaycan türklərinin azadlıq hərəkatına çox böyük təsiri olacaq. Vətəndaş Həmrəyliyi Partiyası o inamı ifadə edir ki, gec-tez cənublu soydaşlarımız öz milli haqları və azadlıqları uğrunda mübarizəyə əl ataraq İranın imperalist dövrünə son qoyacaqlar. Cənubi Azərbaycan onsuzda öz azadlığına və müstəqilliyinə qovuşacaq. -
VHP Baydenin qondarma soyqırım bəyanatına etiraz etdi
Aprel ayının 24-də ABŞ prezidenti Cozef Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlərə Türkiyə dövləti cavab olaraq bildirib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bunun üçün hər cür kömək göstərməyə hazır olduqlarını dəfələrlə bildirsələr də, lakin hər dəfə erməni tərəfi və havadarları yalanlarının üzə çıxacağından qorxaraq bu təklifi qəbul etməyiblər.Bu bəyanata etiraz olaraq Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, ABŞ höküməti ən yeni tarixdə baş vermiş və həqiqi dəlillərlə orta olan Xocalı soyqırımını tanıması daha ədalətli olardl. Bütün sübut olunmuş Xocalı həqiqətini görməzdən gələn ABŞ-in Türkiyəyə saxta ittihamlarla təzyiq göstərməsi yolverilməzdir. Erməni silahlı dəstələrinin törətdikləri soyqırımları, dinc əhaliyə qarşı etdikləri vəhşilikləri sadalamaqla bitirmək olmaz. Lakin bütün bu tarixi faktlara baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Riyakarlıq təkcə Baydenin bəyanatı ilə bitmir indi də ABŞ senatorları Amerika Erməni Milli Komitəsinin və erməni kapitalının təsiri altında “ erməni soyqırımı” yalanını orta məktəb dərsliklərinə salınmasına çalışırlar və bunun üçün büdcədən 10 milyon dollar ayrılıb.
Təkcə son on illliklərdə ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız dinc insanların qətlə yetirilməsinin hesabı kimdən sorulmalıdır?
Vətəndaş Həmrəyliyi Partiyası ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı”nı dəstəkləməsini qətiyyətlə pisləyir. Tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç bir məqsədlərinə çatmayacaqlar. Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcəkdir
-
VHP Brüssel görüşünü yüksək dəyərləndirib:”Ermənistanın nicatı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdədir”
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra dünyanın bir çox siyasi, hərbi mərkəzlərini özü ilə hesablaşdırmaqdadır. Bu sırada illərlə Ermənistanın işğalçılıq soyasətinə göz yuman Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi reallıqları qəbul etməsi xüsusilə diqqət çəkir. Azərbaycan Ermənistan danışıqlarında aktivlik göstərən Avropa İttifaqının Cənubi Qafqazda sülhün təmin edilməsi üçün sülh müqaviləsinin tezliklə imzalanmasına çalışması sirr deyil. Brüsseldə keçirilən son görüş də bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Brüsseldə keçirilən görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan özünün haqlı-ədalətli mövqeyini dünyaya qəbul etdirə bilib. Diqqət yetirsək görərik ki, Avropa İttifaqının yanaşması bütövlükdə, Azərbaycanın haqlı maraqlarına tam uyğundur. Göründüyü kimi, Avropa İttiffaqı Şurası Prezidenti Şarl Mişellin üçtərəfli görüşün yekununa dair bəyanatında Azərbaycan üçün vacib olan bütün məqamlar öz həllini tapıb. Beləliklə, Azərbaycanın bu gün fəaliyyəti dəstəkləndiyi istiqamətlər bütövlükdə Avropa İttifaqı tərəfindən də dəstəklənir Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Görüşlə bağlı yekun sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi, münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial mövqeyinin açıq ifadə olunması dövlətimizin diplomatik uğuru kimi qiymətləndirilməlidir. Vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmiryolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu, Zəngəzur dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır. Xüsusilə Aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli hadisədir. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi ilə məşğul olacaq. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan mövqe də təqdirəlayiqdir.Ümumiyyətlə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi.Azərbaycanın marağı bütün vasitələrdən istifadə etməklə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasına nail olmaqdan ibarətdir. Eləcə də region dövlətləri arasında bütün kommunikasiya xətlərinin açılması ilə regional əməkdaşlığı bərpa etmək, canlandırmaq və bununla da bölgədə sülhü və təhlükəsizliyi möhkəmləndirmək Azərbaycanın məqsədidir.
Ermənistanın maraq və məqsədləri isə tam fərqlidir. Ermənistan yaxşı bilir ki, müharibə hansı dövlətin səyləri nəticəsində dayandırılıb və onu da bilir ki, imzaladığı üçtərəfli bəyanatlarda hansı öhdəlikləri öz üzərinə götürüb. Amma həmişə olduğu kimi, bu dəfə də öz öhdəliklərini yerinə yetirməkdən yayınmaq üçün vaxtaşırı üzünü Qərbə tutur, manevrlər etməyə cəhd göstərir. Sərhədyanı bölgələrdə və Azərbaycan ərazisində təxribatlar törətməklə, münaqişənin başa çatmadığı haqqında təsəvvür yaratmağa və bu bəhanə ilə bölgəmizdən uzaqda yerləşən digər güc mərkəzlərinin diqqətini yenidən bu bölgəyə cəlb etməyə çalışır. Ermənistan hakimiyyəti düşünür ki, Qərbdə kök salmış erməni diasporunun dəstəyi ilə beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərməsinə nail ola bilər və bu yolla hansısa öhdəliklərini yerinə yetirməkdən yayına bilər. Amma bu mümkün deyil, Ermənistanın nicatı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdədir.VHP Analitik Mərkəzi