Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlı Hötenin divanını tərcümə etdi – “Şərq-Qərb Divanı”- FOTO

    Xalq şairi Sabir Rüstəmxanlının tərcüməsində İohan Volfqanq Hötenin “Şərq-Qərb Divanı” işıq üzü görüb.
     
    BakuPost xəbər verir ki, dahi alman şairi Hötenin “Şərq-Qərb Divanı” dünya ədəbiyyatı tarixində bənzəri olmayan bir əsərdir.
    “Divan”da Şərqin və Qərbin düşüncə və həyat tərzləri, fəlsəfələri, din və inanc sistemləri, dünya görüşləri, sözə və gözəlliyə münasibətləri qarşılaşdıraraq, qovuşaraq gur bir axına, insanın təbiətə və tanrıya bağlılığının orijinal bir təzahürünə çevrilib.
    Qanun Nəşriyyatında çapdan çıxan kitab artıq oxucuların ixtiyarına verilib.
  • “SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”

    İki gün öncə – oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olundu. 1991-ci ilin 18 oktyabrında parlamentdə Azərbaycan Respublikasının Müstəqillik Aktı qəbul edilib.

    Hər il olduğu kimi, bu il də ölkəmizin müstəqillik qazanması ilə bağlı bir-birinə zidd fikirlər var. Məsələn, bəzi şəxslər bildirir ki, ötən əsrin sonlarına yaxın dünyada və SSRİ məkanında baş verən siyasi-iqtisadi və hərbi proseslər sosialist düşərgəsini dağıtmağa istiqamətlənmişdi. Ona görə də SSRİ-nin dağılması müttəfiq respublikaların və başqa sosialist ölkələrin müstəqillik qazanması üçün fürsət oldu.

    Bu fikrin tərəfdarlarının mövqeyi belədir ki, xalq hərəkatlarının, milli azadlıq mübarizələrinin müstəqillik qazanılmasında ciddi rolu olmayıb. Bu, tarixi zərurətdən meydana çıxmış bir hadisədir.

    Başqa fikir isə bundan ibarətdir ki, Azərbaycan və digər respublikalar müstəqilliyə xalqların mübarizliyi və milli azadlıq hərəkatı liderlərinin fədakarlığı sayəsində qovuşub.

    Bəs, əslində gerçəklik nədən ibarətdir?

    Milli azadlıq hərəkatının liderlərindən biri, istiqlalçı deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a mövzunu bu cür şərh edib: “Diqqət edin, 1918-1920-ci illərdə qurulub mövcud olan respublikanın memarı Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Müsavat Partiyası, müsavatçılar idi. 1988-ci ildən başlanan proseslərdə Xalq Cəbhəsi yaranana qədər o mitinqlərin əsas liderləri şair Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı idi. Arxa planda şübhəsiz hələ ortaya tam çıxmasa da Əbülfəz Elçibəy də var idi. Amma Xalq Cəbhəsi yaranandan sonra təşkilat olaraq proseslərə Xalq Cəbhəsi rəhbərlik edirdi. 1991-ci ildə müstəqilliyin bərpasının memarı Xalq Cəbhəsi idi. Sonrakı dövrdə Heydər Əliyev gəldi və onun da öz xidməti var. Müstəqilliyin bərpasının əsas müəllifi xalqın gücü idi. Milyondan artıq insan meydanlara yığışırdı, 43 millət vəkili isə xalqa arxalanıb parlamentdə mübarizə aparırdı. Parlamentin binasını xalq əhatəyə almasaydı və xalqın təzyiqi olmasaydı müstəqilliyə nail ola bilməzdik. Bu işlərin heç birini xalqsız görmək mümkün olmazdı”.

    Sabir Rüstəmxanlı qeyd etdi ki, SSRİ-dən qopan digər respublikalarda da “Müstəqilliyin əldə olunması SSRİ-nin dağılmasının nəticəsi idi” təbliğatı gedir. Ruspərəst qüvvələr belə təbliğat aparırlar ki, xalq hərəkatlarının, Xalq Cəbhələrinin heç bir rolu olmadı, onsuz da SSRİ dağılmağa məhkum idi və müstəqilliyi də bizə məcməyi də hazır verdilər: “Bu cür fikrilər tamamilə yanlış təbliğatdır və xalq hərəkatını, xalqın azadlıq mübarizəsini gözdən salmaq cəhdidir. Bu cür fikirlər birmənalı şəkildə rədd edilməlidir. Əgər xalq hərəkatı olmasaydı, Azərbaycanda, Baltikyanı respublikalarda SSRİ-nin apardığı yanlış siyasətə qarşı mübarizə olmasaydı, hansısa kosmetik dəyişikliklərlə SSRİ-ni saxlayacaqdılar. Əslində SSRİ-nin dağılması həm Baltik respublikalarında, həm də Qafqazda, xüsusən Azərbaycanda illər uzunu aparılan işin bir tərəfdən nəticəsi idi. 1988-ci ildən Azərbaycanda başlanan proses, ermənilərin Dağlıq Qarabağ iddiaları, sonra Moskvanın erməniləri dəstəkləməsi, Azərbaycanda əhalidən ov tüfənglərinin də alınması, Ermənistandan azərbaycanlıların qovulması, bunun ardınca başqa respublikalarda da baş verən hadisələr artıq SSRİ-yə, mərkəzi hakimiyyətə inamı sarsıtmışdı. Bu vəziyyət ciddi bir etiraz dalğası yaratmışdı. Azərbaycanda 1988-ci ilin fevralından başlayaraq az qala hər ay mitinqlər keçirilirdi. 1988-ci ilin sonunda 18 günlük mitinq əslində SSRİ-ni sarsıdan mitinq idi”.

    S.Rüstəmxanlı bəyan etdi ki, SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu: “Azərbaycan parçalandığı gündən öz bütövlüyünü, müstəqilliyini arzulayıb, buna çalışıb. 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin qurucuları, onların varisləri bu mübarizəni xaricdə aparıblar. 1988-ci ildən isə azadlıq mübarizəsi meydanlarda açıq görünməyə başladı. Bir çox faktorlar gəldi bir nöqtədə birləşdi ki, artıq SSRİ dağılmalıdır və dağıldı. Onun dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu. Azərbaycanda inqilab səviyyəsində proses gedirdi. SSRİ-ni o inqilabi proseslər çökdürdü. Azərbaycanın müstəqilliyə qovuşmasını Moskvadan təyin olunan rəhbərlər yubatmağa çalışırdılar, qarşısını almaq istəyirdilər. Onlar da bunu Moskvanı sevdiklərindən etmirdilər, Moskvanın əli ilə Qarabağı xilas eləməyi düşünürdülər. Bizimkiləri Moskvadan asılı eləyən əsas səbəb o idi. Ona görə də Müstəqillik Aktının qəbulu bizdə bir az yubandı. Əslində isə prinsip etibarilə SSRİ məkanında azadlıq hərəkatı ilk növbədə Azərbaycandan başlamışdı”.

    Etibar SEYİDAĞA,

    “Yeni Müsavat”

  • “Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu”

    Sizi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

    1991-ci ilin 18 oktyabr xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gündür Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.
    Şərqdə ilk demokratik respublikanın qurucusu olan Azərbaycan xalqı 1920-ci il aprel işğalından sonra da istiqlal ideyasını yaddaşında yaşatmışdır. Azadlıq yolunda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsində milli şüur daim yaşamış və 80-ci illərdə böyük bir hərəkata çevrilmişdi. Nəhayət 1991-ci il oktyabrın 18-də “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalının təzyiqi ilə Azərbaycan parlamenti xalqın istəyini tarixləşdirdi. Parlament tərəfindən Müstəqlllik Haqqında Konstitusiya Aktını qəbul olundu və bu 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu. Bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi. Rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, deportasiyalar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.
    Çətinliklə qazanılan müstəqilliyi qorumaq, inkişaf etdirmək də hər bir vətəndaşdan böyük iradə və məsuliyyət tələb edir. Son dövrlər regionda baş verən və Qarabağın işğalı Azərbaycanın müstəqilliyinə ciddi təhlükə yaradır. Bu səbəbdən bütün soydaşlarımızı Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələsində məsuliyyətli olmağa və milli birliyə, vətəndaş həmrəyliyinə çağırırıq.
    Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayırıq.

    Sabir Rüstəmxanlı və
    VHP Siyasi Şiyasi

  • Azərbaycan boyda qəzet: “Azərbaycan” qəzeti-30 – VİDEO

    Məlum olduğu kimi, bu gün “Park İn Otel”də “Azərbaycan” qəzetinin 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edilib.

    Tədbirdə millət vəkilləri, partiya sədrləri, ziyalılar, vətəndaş cəmiyyəti üzvləri, media rəhbərləri, eləcə də Türkiyədən bir sıra aydınlar qatılıb.

     
    1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi, Sabir Rüstəmxanlının tədbirdəki çıxışını təqdim edirik:
    Əziz dostlar, çox hörmətli xanımlar və bəylər!
    Bu gün biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin son dərəcə önəmli və unudulmaz bir olayını yada salmağa, azad və demokratik mətbuatımızın ilk qaranquşu olan “Azərbaycan” qəzetinin 30 illik yubileyini qeyd etməyə yığışmışıq. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizin hamınıza təşəkkür edirəm.
    Gələn il Azərbaycan mətbuatının 145 yaşı olacaq. Bu 145 ildə Azərbaycan mətbuatı çox böyük bir inkişaf yolu keçmişdir. Lakin bu 145 ilin bir neçə elə mühüm mərhələsi vardır ki, ayrıca qeyd olunmalıdır.
    Onlardan birincisi “Əkinçi” qəzetidir. Bu qəzet parlaq bir demokratik mətbuat gələnəyi yaratmış, milli mətbuatın ruhunu, istiqamətini, dilini və üslubunu, humanist mahiyyətini, milli azadlıq və insan haqları uğrunda mübarizədə yerini müəyyənləşdirmişdir.
    İkinci mərhələ “Molla Nəsrəddin” jurnalıdır ki, 25 il ərzində xalqımızın keçdiyi yolun, yaşadığı faciələrin, cəhalət və istibdadın, çarizmin müstəmləkə siyasətinin və o dövr Şərq tarixinin satirik ensiklopediyasına çevrilmişdir. “Molla Nəsrəddin”lə yanaşı “Füyüzat” dərgisini unutmaq olmaz. “Füyüzat” dünyada gedən prosesləri və türklərinin taleyini daha romantik və nikbin bir ovqatla təsvir edir; mövzu dairəsi və dili ilə müsəlmanlar və türklər arasında mənəvi körpü qurmağa çalışır, bugünkü Azərbaycanın və Türkiyə cümhuriyyətinin varlığının əsası olan milli ideyanı car çəkirdi.
    Üçüncü mərhələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetidir. Qəzet Gəncədə fəaliyyətə başlamış milli hökumətlə birlikdə Bakıya köçmüş və cümhuriyyətin süqutu ilə birgə qapanmışdır.
    Bu mərhələlərin hər birinin başında millətimizin ədəbiyyat, mədəniyyət və ictimai fikir tarixində mühüm rol oynayan dahi şəxsiyyətlər dayanırdı. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli.
    Sovet dövründə mətbuat orqanlarının havası da dəyişmiş, onlar sovetləşməni alqışlamış, repressiya və deportasiyalara haqq qazandırmış, bir gündə latın əlifbasından kiril qrafikasına keçirilməsini tarixi hadisə adlandırmış, illərlə Stalinə yazılan mədhiyyələrin tribunalarına çevrilmiş , bir sözlə Kommunist partiyası nə çalıbsa ona oynamışdır.
    Buna baxmayaraq, həqiqətin səsini tamamilə boğmaq mümkün olmamışdır mətbuat dil və üslub baxımından çox böyük bir inkişaf yolu keçmiş, özəlliklə tarix, ədəbiyyat və mədəniyyət yazılarında milli ruhun fədakar ocaqları asta-asta közərmişdir. 70-80-ci illər mətbuatı o dövrə xas olan qısa intibah ruhunu izləmək baxımından çox maraqlıdır. Bu baxımdan “Ədəbiyyat və incəsənət”, “Molodyoj Azərbaycana”, “Odlar yurdu”, “Elm”, “Səhər”qəzetində”, “Gənclik” jurnalında millətin taleyi ilə bağlı bəzi cəsarətli yazıları xatırlamamaq ədalətsiz olar. Lakin bu epizodik yazılar mətbuatın ümumi ruhunu dəyişə bilmədi. Həmin ruhu yerli-dibli dəyişən bizim buraxdığımız “Azərbaycan” qəzetidir. Bu, Mətbuat tariximizin 4-cü mərhələsidir.
    Qəzet 1988-ci ilin noyabr-dekabr mitinqlərindən sonra bir söz inqilabı, milli düşüncə qasırğası idi. Və bir partlayış effekti yaradaraq bir gündə bütün respublikaya yayıldı. Növbəti nömrədən tiraj 100.000-ə, 1990-cı ilin əvvəlində 200.000-ə, həmin ilin ortalarında yarım milyona çatdı. İnsanlar qəzetinin hər bir nömrəsini intizarla, köşklərin qarşısında sıraya düzülərək gözləyirdilər.
    Baş redaktoru olduğum qəzetin təsisçisi Qarabağ Xalq Yardımı komitəsi idi. Əslində, bu komitə də elə mənim təşəbbüsümlə yardılmışdı.

    Qarabağda Erməni iddiaları baş qaldırdığı vaxtdan sonra birdən – birə bəlli oldu ki, Ermənilər vilayətdə Azərbaycanlılardan qat-qat yaxşı yaşayırlar. Vilayətin yerli Azərbaycan əhalisinin bir qismi qəsdən qeydə alınmır. Erməni kəndlərindən fərqli olaraq Azərbaycan kəndlərinin yolları bərbaddır. Bəzilərində məktəb, qaz, işıq yoxdur. Bu kəndlərin müqavimətin artırmaq üçün təcili işlər görülməli idi. Buna görə Azərbaycan ziyalılarının bir qismi aktyor evində keçirilən toplantıda belə bir komitənin yaranmasını rəy birliyi ilə qəbul etdilər. Bu işin əsas təşəbbüskarı kimi komitənin sədri olmağı mənə təklif olundu. Lakin mən, bundan imtina edib qəzet buraxacağımı bildirdim. Müstəqil bir qəzet buraxmaq çoxdankı arzum idi. Mərhum İsmayıl Şıxlının, Tofiq Bağırovun, İmam Mustafayevin, Qabilin təklifi ilə o vaxt Ağdamda olan Bayram Bayramova zəng vurub komitənin sədri olmasına razılığınıaldıq. İndi Qarabağ əldən çıxandan sonra bu barədə danışmaq ağırdı. Amma qısa müddətdə komitənin köməyi və təşəbbüsü ilə Vilayətin azərbaycanlılar yaşayan 52 kəndində siyahıyaalma aparıldı. Bu kəndlərin inkişafı ilə bağlı proqram hazırladıq. Xocalının yenidən qurulması başladı. Bir neçə kənddə məktəblər tikildi, yollar çəkildi. Təəssüf ki, komitənin topladığı bütün materiallar yox edildi, dağıdıldı.

    “Azərbaycan” qəzetinin ilk nömrəsi oktyabr ayının 5-də çap olundu.
    Birinci nömrədə oxuculara müraciətlə məqsəd və məramımızı aydın ifadə etmişdim:
    “İlk nömrəsini əlinizə aldığınız bu qəzet, müqəddəs Azərbaycan adını daşıyır. Bu o deməkdir ki, Qarabağa Xalq Yardımı komitəsinin qəzeti olsa da, “Azərbaycan” qarşısında bir vilayətin, bir dərdin çərçivəsinə sığmayan daha geniş məqsədlər qoyub. Onun simasını öz adı müəyyənləşdirir. Bizim təcrübəli və böyük adaşlarımız olub. Və biri indidə var – “Azərbaycan” jurnalı.
    Qəzetimiz çalışacaq ki, böyük həmkarlarının gözəl, dəyərli ənənələrini davam və inkişaf etdirsin.
    … İnqilab dövrünün mətbuatı, yeni, cəsarətli aşkar sözün, inqilabı sözün carçısı olmalıdır.
    “Azərbaycan” qeyrət və cəsarət kürsüsünə çevrilməlidir. Başlanan böyük ümumxalq hərəkatına güzgü tutmaqla qəzet demokratik fikrin , milli şüurun inkişafına təkan verməlidir”.
    Baş redaktor olduğum iki ildən artıq müddət ərzində bu vədimə sadiq qaldım.
    Qəzetə çox mötəbər bir redaksiya heyəti toplamışdıq: Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Əlyar Səfərli, Ziya Bünyadov, İsmayıl Şıxlı, Yaşar Əliyev, Nadir Cabbarov, Rüstəm Behrudi, Cümşüd Nuriyev, Fəridə Məmmədova, Firudin Cəlilov, Firudin Abbaslı, Elmira Axundova.
    Əhməd Elbrus baş redaktor müavini ,Şərif Kərimli qəzetin məsul katibi idi.
    Redaksiya heyətinin 6 üzvü sonralar müstəqillik aktına imza atan istiqlalçı deputatlar sırasında idilər.
    1-ci nömrəmizdə İsmayıl Şıxlının, Bayram Bayramovun azərbaycanca, Bəxtiyar Bahabzadənin rusca iri həcmli parlaq yazıları verilmişdi. Sovet ordusunun Qarabağda Azərbaycanlılara qarşı törədilən vəhşiliklərə reakar və biganə münasibətini əks etdirən şəkillər və məqalə bütün rəsmi dairələri silkələmişdi. Rüstəm Behrudinin sonralar geniş yayılmış “Salam, dar ağacı” şerini də birinci nömrəmizdə çap etmişdik.
    2-ci nömrəmizdə xalq yazıçısı İlyas Əfəndiyevin, şair Məmməd Aslanın , tarixçi Mahmud İsmayılovun, hüquqşünas Yaşar Əliyevin kəsərli yazıları verilmişdi. Növbəti nömrələrin birində Nəriman Nərimanovun Stalinə o vaxta kimi üzə çıxarılmayan məktubu dərc olunmuşdu.
    Qəzetin fəal müxbirləri arasında Anarın, Asif Əfəndiyevin, Elmira Axundovanın, Vilayət Quliyevin, Cəmil Əlibəylinin, Haci Hacıyevin, Əhmədağa Muğanlının, Firudin Şuşalının, Nasiman Yaqublunun, Yaqub Mahmudlunun, Rəhim Əliyevin, Süleyman Əlyarlının, Eldəniz İbrahimovun, Mir Şahinin, Elman Gədiklinin, Asif Rüstəmlinin, Məşədixanım Nemətovanın, Yusif Seyidovun, Emin Mahmudovun, Emin Ağayevin, Fərhad Ağamalıyevin, Qulu Xəlillinin, Qabilin, Murtuz Sadıqlının, Yəhya Məmmədovun, Vaqif Sultanlının, Vahid Axundovun adları xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Məncə bunlar titil və elmi adlarının sadalanmasına ehtiyac olmayan böyük ziyalılarımızdır.
    Bu məclisdə qəzetin məsul katibi Şərif Kərimli və rəssamı Fikrət İbrahimov , şöbə müdirləri və əməkdaşlarından Rüstəm Behrudi, Mirşahin, Əlinasir İmanlı və başqaları iştirak edirlər. Onlara bir daha təşəkkür edir və bütün dünyasını dəyişmiş əməkdaş və müəlliflərimizə Allahdan rəhmət diləyirəm. Qəzetin çapına nə qədər əngəllər yaradıldığı və mənim nə qədər zülm çəkdiyim barədə çox danışmışıq. Qısaca onu bir daha vurğulamaq istəyirəm ki, ilk nömrə çıxan kimi məni Əbdürrəhman Vəzirovun yanına çağırdılar, qəzəbindən otağa sığmırdı, şikarını parçalamaq istəyən canavar kimi böyür-başımda fırlanır, rəngli qələmlərlə başdan ayağa işarələnmiş səhifələri cıraraq yumalayıb üstümə atırdı. Mən də onları havada tutub qucağıma yığırdım. Onu qəzəbləndirən bu idi ki, qəzet artıq gedib Mixail Qorbaçova çatmışdı, Moskvanın töhmətini almışdı. Mən də inadla deyirdim ki, buna əsəbiləşmək yox, sevinmək lazımdır, qoy bizim səsimizi də eşitsin.
    Baş redaktor olduğum iki ildə bir dəfə yandan çıxan yük maşını mənim maşınımı vurub Azərbaycan otelinin divarına yapışdırdı, ikinci dəfə oğurlayıb qəbiristana apardılar və yazıb silgəcin altına qoydular ki, bu gün maşının gəldi, sabah özün gələcəksən bura, üçüncü dəfə həyətdəcə şüşələrini sındırıb içində axtarış apardılar, nəhayət, “onları ölümlərinə vurun!” tapşırığı ilə AXC-nin qərargahında başımızı yardılar. Ancaq mən elə başıyaralı məclisimizdə iştirak edən hörmətli İsa bəylə cəbhəçilərin qabağında Azadlıq meydanını dövrələmiş hərbi maşınların üstündən aşıb “Qayıtdıq” qışqıra-qaşqıra Azadlıq meydanının tribunasına çıxmışdıq. Moskvada SSRİ-nin varlığına xitam verən sonuncu Ali sovetin sesiyasında da elə başı sarıqlı iştirak etmişdim. Təkcə o tarixi sesiyada iştirakçı olmaq, Şər imperiyasının sonunu görmək bəs edirdi ki, bütün çəkdiyimiz əzablar bir zövqə, ömrün hədiyyəsinə çevrilsin.
    1992-ci ilin sentyabrında, Azərbaycan qəzetinin tarixi statusunun bərpası niyyətilə o vaxtkı Milli Şuranın sədri İsa Qəmbərə müraciət etdim və “Həyat” qəzeti, “Azərbaycan” qəzeti ilə əvəz edildi. Qəzetin bundan sonrakı taleyini özünüz bilirsiniz.
    İndiki “Azərbaycan” qəzetinin rəsmi saytında yazılır: “Qarabağ Xalq Yardımı komitəsinin nəşri Azərbaycan adlansa da, onun rəsmi dövlət qəzetinə heç bir aidiyyəti olmayıb”.
     
    Sanki bizim belə bir iddiamız var və sanki 30 il bundan əvvəl millətin dərdini car çəkən milli qəzetimizi rəsmi dövlət orqanı saymaq istəyirik. Bu həqiqətdən çox-çox uzaq iddiadır. Amma “Azərbaycan” adını parlamentə verməyimizlə bağlı müraciət məktubumuzu necə inkar etmək olar? Əvvəla o vaxt Azərbaycanın rəsmi qəzetləri “Kommunist”, “Bakinskiy raboçıy”, “Sovet kəndi” idi və biz bunlarla yan-yana dayanmaq niyyətində deyildik. Heç indi də yenidən qəzetçilik eşqinə düşsəm, rəsmi dövlət qəzeti buraxmaram. Mən millət qəzeti buraxmışam!.. Xalqın taleyinə güzgü tutan, onu mübarizəyə səsləyən, müstəqilliyin qaçırılmaz olduğunu göstərən, hakimiyyəti eninə-uzununa tənqid edən sözümüz rəsmi orqan ifadəsinin çərçivəsinə sığmazdı. Biz 1918-1920-ci illərdə çıxan Azərbaycan qəzetini öz sələfimiz sayırıq. Məzmununa, milli iddialarına və dövlətçiliyə xidmətinə görə. lakin indi çıxan “Azərbaycan” Üzeyir Hacıbəylinin başladığı və bizim də davam etdirdiyimiz yoldan uzaqlaşdığına görə bizim sələfimiz sayıla bilməz! Mətbuat üçün rəsmi və ya qeyri-rəsmi olmaq önəmli deyil. Millətin sözün demək və onun yoluna işıq tutmaq önəmlidir. Üzeyir bəy öz “Azərbaycan” qəzeti haqqında yazırdı: “Qəzetimiz firqə qəzeti deyildir. Azərbaycan qəzetinin məsləki vətən istiqlalı uğrunda çalışmaqdan ibarətdir.”
    Onun redaktəsində “Azərbaycan” azərbaycançılığın və istiqlal idealının qəzeti idi. Bu sözləri eynilə bizim qəzetimizə də aid etmək olar. Bu gün dövlət qəzeti kimi təqdim olunan qəzetlərin çoxu, təəssüf ki, həyatımızın yalnız bir üzünü, iqtidar üzünü, nikbin, toy-bayramlı, şişirtmə mədhiyyələrlə dolu, Qarabağı həftələrlə yada salmayan üzünü görür. Xalqın böyük hissəsini, müxalifət düşərgəsini, milli birliyimizə aparan yolları və bu birliyin zərurətini görmürlər. Bunu görməyən insanların şəstlə dövlət adından danışma haqları yoxdur. Bu mənada eyni adı daşıya biləcək qəzetləri bir-biri ilə qətiyyən müqayisə etmək olmaz. Bizim qəzetimiz iki dildə çıxan və millətin bütün təbəqələrinin həyatını əks etdirməyə çalışan, tarixən tutmuş Qarabağ savaşınadək, son dərəcə geniş mövzuları əhatə edən əsil millət qəzeti idi. Bugünku “Azərbaycan” yalnız parlamentin və yalnız Yeni Azərbaycan partiyasının qəzetidir, rəsmi məlumatlar toplusudur. Bu işin də öz əhəmiyyəti var, ancaq bunun Üzeyir bəy Hacıbəyli yoluna aidiyyəti yoxdur. Yəni Üzeyir bəyin göstərdiyi istiqamətin əksinə, bir firqə qəzetinə dönüşmüşdür.
    Həsən Bəy Zərdabinin “Əkinçi”si də dövlət qəzeti deyildi. “Həyat” qəzeti də, “Molla Nəsrəddin” və “Füyzat” jurnalları da. İndiki “Azərbaycan” qəzetinin iddiaları əsas götürülsə onda gərək, bu nəşrlər rəsmi jurnalistika tariximizdə heç yada salınmasın. Çünki, məhz bu iddiaları əsas götürülərək Azərbaycan qəzeti 100 illik yubileyini qeyd edərkən heç bir yerdə bizim buraxdığımız “Azərbaycan” qəzetinin adı çəkilmədi. Qəzetin yubileyi ilə bağlı kitab buraxıldı. Milli Məclisdəki bir çıxışımda həmin kitabı indiki baş redaktorun ailə albomu adlandırmışdım. Uzaq tarixlər saxtalaşdırılanda bəhanə tapılır, amma yaxın tarixi görməzdən gəlməyin bir adı var – “Saxtakarlıq və nankorluq!”
    Maarifçiliyin yüksəliş dövründə sözə və mətbuata azadlıq yolunun bələdçisi , xalqın nicatı kimi baxır, millətin formalaşmasında mətbuatı əsas güc sayırdılar. Bu gün mətbuatın əhəmiyyəti daha da artmışdır. Lakin sosial medianın həm də dağıdıcılıq gücü ortadadır. İnsanlar təklənir, mənəvi dəyərlər ayaq altına atılır, məsuliyyət hissi itir, söyüş və yalan ritorikası baş alıb gedir, azadlıqla, cəsarətlə əxlaqsızlıq arasında fərq itir. Mənə görə Azərbaycan üçün maarifçilik erası hələ bitməmişdir. 145 illik mətbuat tariximiz və üst-üstə cəmi 20 il sürən müstəqil dövlətçiliyimiz mətbuatın və maarifçiliyin millətin önündə aça biləcəyi böyük perspektivləri və vahid böyük ideologiyanı milli şüurun əsasına çevirə bilməmişdir. Buna görə də milli mətbuat hələ də bizim humanitar fəaliyyətimizin ən mühüm və zəruri sahələrindən biri olaraq qalmaqdadır.
    Son olaraq bir daha milli azadlıq hərəkatının o qızğın və ümidlərlə dolu illərinə qayıtmaq istəyirəm.1991-ci ilin oktyabrında Ayaz Mütəllimov məni çağırıb, mətbuat komitəsinin sədri vəzifəsini təklif edəndə ona “Əgər bu yolla “Azərbaycan” qəzetinin səsini batırmaq istəyirsizə, bu mümkün olmayacaq” demişdim. O, “qətiyyən belə bir fikrim yoxdur, əksinə, Xalq hərəkatının ziyalı liderlərindən bir neçəsini , onların peşəsinə uyğun vəzifələrə cəlb etməklə arada körpü salmaq , qüvvələrimiz birləşdirmək istəyirəm” demişdi. Bu təklifi Xalq cəbhəsinin idarə heyəti və rəhmətlik Elçibəylə müzakirə etmişdik. Hamının fikri bu idi ki, təklifi qəbul etmək lazımdır. Çünki, komitədən mətbuat orqanları üçün lisenziya almaq mümkün deyildi. Mən bu təklifi qəbul etdim. Komitəni nazirliyə çevirdik. Qısa müddətdə “Azərbaycan” davamçıları yarandı. 20-dən çox televiziya, 25-dən çox informasiya agentlərinə lisenziya verdik. Qəzetlərin sayı 525-i keçdi.
    Azərbaycan qəzetində qaldırılan bir çox problemlər elə müstəqilliyimizin ilk illərindəcə öz həllini tapdı: Bütün bunları biz o vaxt çiyin-çiyinə yol getdiyimiz dostlarımızla birgə etdik. Sevinirəm ki, bu gün onların bəziləri bu salondadır.
    Söz azadlığı, milli dövlətin möhkəmləndirilməsi arası kəsilməyən uzun bir prosesdir. Və bu yolda hələ görüləsi işlərimiz çoxdur.
    Sözümü 30 il öncə “Azərbaycan” qəzetinin ilk sayı çıxandan sonra yaşadığım həyəcanın ifadəsi olan bir şeirlə yekunlaşdırmaq istəyirəm.
     
    AZƏRBAYCAN QƏZETİNƏ GÖZAYDINLIĞI
     
    Gözün aydın, ay düz sözüm,
    təmiz sözüm, –
    Yolun açıq…
    Qorxulardan, hədələrdən
    qop azacıq!
    Gey əyninə qandallardan
    qançır olmuş qanadını.
    Yığ gözünə zirvələri
    aşa bilmək inadını!
    Yüz əsrlik çeşmələrin
    gözünü aç!
    Üfür külü!
    Bu ocağın közünü aç!
    Sən Xətai harayında
    döyüş idin,
    Sən Nəsimi dodağında
    İlahiylə görüş idin.
    Sən Fizüli zirvəsində
    möcüzəydin,
    Sən Sabirin səngərində
    Cəmi şərlə üz-üzəydin!
    Dədə Qorqud hikmətinə
    çata bilsən
    Ətalətdən silkələnib,
    Yorğunluğu ata bilsən,
    Yenə elə aşıb-daşan
    okeansan!
    Köləliyin başı üstə
    bir tufansan!
    İldırımsan, yaxacaqsan!
    Sən bu zülmün sarayını
    yıxacaqsan!
    Qatıq ağmış,
    kömür qara! –
    Sən bir azca düzgünlük səp
    dodaqlara.
    Qoy xəcalət çəksin bir az
    mədhiyyəçi xəbərçilər!!
    Sən qardaşlar ürəyinə
    rəhm çilə!
    Qılınca dön, qurşuna dön,
    Bu padşah ordu sevmir,
    Sən silahlan, qoşuna dön!
    Boğazına kəfən dola,
    Əzabları al gözünə.
    Ürəyini qalxan elə
    Hər gün böhtan süngüsünə!
    Şər minüzlü,
    şər ayrılmaz.
    Al qanını üzünə tut,
    Ümidini yarana bas!
    Bir vaxt düşmən
    səni boğdu,
    Bu gün tarix səni doğdu.
    Bu gəlişin əbədilik,
    bu gəlişin biryolluqdu!
    Sən yetmiş il
    Ürəyimi deşən sözüm,
    İki yüz il məqam gəzən
    ac həqiqət –
    sısqa bir şam,
    Mən bir ömrü yol gözləyib
    öz haqqımın
    zərrəsini qazanmışam!…
    İlk sayında bomba gücü,
    zəlzələlər tərpənişi.
    Sanki tilsim qırılıbdı
    əjdahanın sınıb dişi.
    Kabinetlər silkələnir,
    telefonlar zingildəyir.
    Yer titrəsə tərpənməyən
    bir sözümdən dingildəyir.
    Səhifələr qan-qırmızı,
    Hər baxanın yüz əmması
    Qan içəndə qorxmayanın
    Sözdən qorxan müəmması!..
    Yumaladı Əbdürrəhman
    səni üzümə tuşladı
    Polyaniçko qəzəbindən
    qarnın tutub naxoşladı.
    Qatıb bizi qabağına
    hərə bir yandan xışladı.
    Hədələrdə cəllad hökmü;
    Moskvanın əmri qəti:
    “Öz ömrünü qapadarsan
    Qapatmasan bu qəzeti!”
    Dedim: Sizin bu dünyadan
    Xəbəriniz yoxdur deyən.
    Millətinə haqq istəyir
    Millətimi qul eləyən.
    “Əzilirəm!” deyir mənə
    məni əzən.
    Kim biləcək sən haqlısan
    öz haqqını söyləməsən.
    … Yenə dişlər şaqqıldadı, –
    Ağıl verir
    başı ağla həsrət çəkən
    fikri sönmüş kösöy olan
    Kürsülərin kölgəsində
    Hər böyüyə kürsəy olan!…
    Atıldım çölə balıqtək
    son əlacım bir damla su…
    Gördüm sinəmi böyüdür
    Böyüyün hədə-qorxusu!
    İndi daha yalvarışdı
    uzaqlarda qalan səsi!
    Bir dəfəlik dağılmışdı
    Bu ağ evin vahiməsi.
    Gördüm adın dillərdədir,
    məlhəm gəzir qanlı yara.
    Bayraq kimi taxılmısan
    hər tin başı divarlara!
    Dedim, sözüm, gözün aydın,
    millətimin güvəncisən!
    Çox olacaq zirvə aşan,
    Bu zirvədə birincisən!..
    Gözün aydın, “Azərbaycan”,
    Döyüş himnim, alın yazım
    Mən dözərəm hər əzaba,
    Təki səsim alınmasın!
  • VHP-dən “Barış pınarı” əməliyyatına dəstək

    Qardaş Türkiyə Cumhuriyyəti tarixinin şanlı səhifəsini yazır. Türk ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı Türkiyənin milli təhlükəsizliyi ilə yanaşı, həm də regionda minlərlə ailənin sülh və əminamanlıq içində yaşamasının təminatıdır. Tarix bir daha Yaxın və Orta Şərqdə Türk siyasətinin yalnız barış və hürriyyətin qorunmasına yönəldiyinin şahidi olur. “Barış pinarı” hərəkatı Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarının yüz il sonra da Türkiyə Cumhuriyyəti üçün dövlət prinsipi olduğunun təsdiqidir.
    Təəssüf ki, Qərbin antitürk siyasəti son əməliyyatlarda da öz təsirini göstərir. Bəzi Avropa dövlətləri və beynəlxalq qurumlar rəsmi Ankaradan əməliyyatları dayandırmağı tələb edirlər. Ərəb Dövlətləri Liqası da təcili toplantı çağıraraq, Türkiyəni Suriya əməliyyatını dayandırmağa çağırıblar. Sənədə Fələstinin də qol çəkdiyi deyilir. ABŞ, Avropa, Rusiyanın hərb maşınları bölgədə at oynadanda, minlərlə insan həyatını itirəndə, öz ölkəsindən qaçqın düşəndə dünya susurdu. Türkiyənin hərbi müdaxiləsi daha çox həm də evlərindən qaçqın, didərgin düşən suriyalılara lazımdır. Onlar üçün təhlükəsizlik zonası yaradıb yeni həyat qurmaqlarına kömək etmək niyyəti güdür. Bu səbəbdəb bölgə əhalisi Türk əsgərini xilaskar kimi qəbul edir, onlara dualar edir.

    Türkiyə ötən əməliyyatlar kimi, “Barış pınarı”nı da nəzərdə tutulan müddətdə uğurla yekunlaşdıracaq. Əməliyyatın uğurla nəticələnməsi Türkiyənin bu addımına qarşı çıxan bəlli dövlətlərin də puça çıxaracaq.

    Biz Vətəndaş Həmrəyliyi partiyası olaraq Türkiyənin yanındayıq, terroru lənətləyirik, Şanlı türk ordusuna yeni zəfərlər arzulayırıq.
    Tanrı Türkümüzü və Azərbaycanımızı qorusun!

  • “Azərbaycan xalqı 101 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir”.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının Cümhuruyyət bayramı ilə bağlı təbriki:
    Əziz bacılar və qardaşlar!
    28 May – Respublika günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
    1918-ci ilin 28 mayında Türk-İslam dünyasında ilk dünyəvi demokratik Cümhuriyyətin qurulması xalqımızın milli qürur və güc mənbəyidir. Çox mürəkkəb bir dönəmdə böyük tarixi şəxsiyyətlər- Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəylıi, Xosrov bəy Sultanov, Xəlil bəy Xasməmmədov və başqaları Azərbaycanın müstəqilliyini elan etdilər. Yüz illik əsarətə son qoyaraq əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublikaçılıq prinsipləri əsasında yaratmadılması Azərbaycan xalqının istiqlalçılığının və demokratik ruhunun təsdiqi idi.
    Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, az vaxt ərzində müstəqil, demokratik dövlət quruculuğu istiqamətində böyük işlər görüldü və xalqın qəlbində əbədi iz qoydu. Azərbaycan Xalq Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnib. İki il ərzində bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirdi. Bunba görə də 1920 – ci idə başlanan işgal da millətin azadlıq eşqini sarsıda bilmədi və 70 il sonra parlament binası üzərində Azərbaycan vətəndaşlarının yanıq könüllərində qorunan üçrəngli bayraq yenidən dalğalandı.
    Azərbaycan xalqı 101 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir.

    Əziz həmvətənlər!
    Sizi bir daha 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, Azərbaycan uğrunda apardığınız mübarizədə uğurlar arzulayıram.

  • Keşikçidağ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı

    Son günlər bir hissəsi Azərbaycanın Ağstafa rayonu, digər hissəsi isə Gürcüstanın Saqareco rayonu ərazisində yerləşən “Keşikçidağ” məbədi ilə bağlı xoşagəlməz olaylar yaşanır. Gürcüstan tərəfdən Azərbaycana qarşı açıq açığına ərazi iddiası irəli sürülür və təəssüflər olsun ki, rəsmi Tiflisin bu məsələ ilə bağlı birmənalı mövqeyi müşahidə olunmur. Azərbaycan dünyanın yeganə dövlətidir ki, həmsərhədd olduğu ərazilər özünün tarixi torpaqlarıdır. Şimalda Dərbənd, Qərbdə Göyçə gölü və İrəvan, Cənubda Təbriz tarixən Azərbaycan dövlətinin ərazisi olub. Hazırda Gürcüstan sərhədləri daxilində olan ərazilərin də bir çoxu qədim Azərbaycan əraziləridir.
    Gürcüstan hökuməti yalnız keçmişi deyil, ən yaxın tarixi də unudub. 2008-c ilin avqust hadisələri zamanı Rusiya ordusu Tiflisin bir neçə kilometrliyinə gəlib çatanda və Gürcüstan dövləti süqut etmək ərəfəsində olanda Gürcüstana hava-su kimi lazım olan addımları yalnız Azərbaycan dövləti atdı. Rusiya ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Azərbaycan bütün növ enerji daşıyıcılarını Gürcüstana su qiymətinə satmaqdan imtina etmədi. Ərzaq və digər vacib məhsulların Gürcüstana verilməsi də dayandırılmadı… Azərbaycan bütün enerji layihələrinə Gürcüstanı cəlb etmiş, qonşu dövlətə investisiyalar yatırmışdır.Bütün bunlardan sonra həm rəsmi Tiflisin, xalqının göstərdiyi mövqe dərin təəssüf doğurur.

    Gürcüstandan bizə yönələn təxribatlara gərəkli cavab verilməlidir, diplomatik dildə izah edilməlidir ki, Azərbaycana qarşı bu cür davranış yolverilməzdir. Gürcüstan hökumətinə və ictimaiyyətinə izah edilməlidir ki, Azərbaycanın hətta qısa iqtisadi sanksiyaları kifayət edər ki, gürcü iqtisadiyyatı ağır vəziyyətə düşsün. Bütün dünyaya sərt şəkildə anladılmalıdır ki, Azərbaycan bundan sonra daha heç kimə torpaq payı verə bilməz və verməyəcək.

  • Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi

    Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış kinorejissor Rovshan Almuradli bu gün səhər saatlarında qəfil dünyasını dəyişmişdir.

    Rövşən bəy 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuşdur. O ömrünü bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan kinosunun inkişafına sərf etmişdir. İyirmidən artıq filmin, ona yaxın tamaşanın rejissoru olan Rövşən Almuradlı öz yaradıcılığında yüksək peşəkarlıqla yanaşı, milli ideyaların təbliğini əsas tutmuşdur. O, yalnız yaradıcılığı ilə deyil, düşüncələri, fəaliyyəti ilə millətə və dövlətə xidmətdə olmuşdur. Onun rejissoru olduğu “Cavad xan” filmi qəhrəmanlıq tariximizin təbliği ilə yanaşı həm də milli qürur mənbəyimizə çevrilən sənət əsərinə çevrildi. Kinorejissor kimi son işi olan “Əsgərlər unudulanda ölürlər” filmi Azərbaycan xalqının öz istiqlalı uğrunda mübarizə əzmini, Azərbaycan əsgərinin qüdrətini özündə əks etdirirdi. Onun, “Etnoqrafik etüdlər”, “Qobustan”, “Qax abidələri”, “Padarçöl”, “Molla Cümə”, “Şıx ocağının işığı”, “Qudyalçay”, “Göyçə gözəlləməsi”, “Yurd” və sair sənədli filmləri Azərbaycan milli mənəvi dünyasının xəritəsinin formalaşdırılmasında mühüm rol oynayıb.
    Rövşən Almuradlı öz mövqeyi, fəaliyyəti ilə əsl ziyal, vətənpərvərlik və milli əqidə daşıyıcısı rəmzi idi. Belə bir sənət adamının dövlət tərəfindən diqqətdən kənarda saxlanmas, onun şəxsinə və yaradıcılığına lazımi qayğının göstərilməməsi ölümündən sonra daha çox təəssüf və ağrı hissi yaradır. Rövşən Almuradlı öz düşüncə və əqidəsinin gerçəkləşməsi üçün yalnız sənət dili ilə deyil, ictimai siyasi fəaliyyəti ilə də əlindən gələni əsirgəməmişdir. Milli Azadlıq Hərəkatının ilk günlərindən meydanda olan Rövşən bəy siyasi fəaliyyətini Vətəndaş Həmrəyliyi Parrtiyasında Siyasi Şuranın üzvü kimi davam etdirirdi.
    Rövşən bəy kimi ziyalıllarımız illərlə milli mədəniyyət tariximizdə adını yüksəkdə qoruyub saxlayacaq. Onun ölümü hər birimizi üzdü, həmçinin Azərbaycanı düşünən daha bir fikir adamımızin ruhu qarşısında bizim üçün borc yükünü artırdı.
    Allah rəhmət eləsin!

    VHP sədri Sabir Rüstəmxanlı və
    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası

  • VHP-dən seçki bəyanatı: “Nəticələrlə qürur duyuruq”

    Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb.

    Bəyanatda deyilir: “31 mart Türkiyədə keçirilən bələdiyyə seçkilərinin rəsmi nəticələri tam açıqlanıb. Bu seçki ölkənin gələcək həyatında mühüm rol oynayacaq və yeni siyasi-iqtisadi dövrün başlanğıcı olacaq. Qardaş Türkiyə Cumhuriyyəti və Türk xalqı həm seçkiyə qədərki dönəmdə, həm seçki prosesində, həm də seçkinin nəticələrinin hesablanmasında bütün dünyaya demokratiya və siyasi əxlaq nümunəsi göstərdi. Qərəz və iftiralı bəhanələrlə Türkiyəni Avropa Birliyindən kənar tutan dövlətlərdə belə bu şəkildə seçki aktivliyi və demokratik seçki mühiti müşqahidə olunmur. Türk xalqı və Türkiyə siyasi partiyaları ölkənin taleyini kimsənin öhdəsinə buraxmayacaqlarını, Ay Ulduzlu bayrağın qürurla dalğalanması üçün hər zaman ayaqda olacaqlarını bir daha bütün dünyaya göstərdilər. Bu seçkilərin əsas qalibi Türk xalqı və demokratiyadır!
    31 mart seçkilərində Azərbaycan Türklərinin tarixi yaşayış yerləri olan bölgələrdə nəticələrdən üzülsək də ümumi nəticələrin Türk xalqının Atatürk ideyalarpına sadiqliyini göstərdiyini qürur və sevinclə dilə gətiririk. Vətəndaş Həmrəyliyi Partiyası olaraq Türk xalqını və qalib gələn namizədləri təbrik edir, Türkiyə Cumhuriyyətinin tarixində yeni dönəmdə qardaş Türk xqalqına uğurlar diləyirik”

  • VHP sədri ABŞ diplomatı ilə görüşüb

    19 fevral 2019-cu il tarixində  VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirliyinin müşaviri Piter Kaufmanı Vətəndaş Həmrəyliyi Partiyasını Mərkəzi Qərargahında qəbul edib.
    VHP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ əlaqələri, bölgədə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.
    Həmçinin söhbət əsnasında Azərbaycanın qonşuluğunda olan ölkələrdəki vəziyyət də müzakirə edilib. 
    Görüşdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir AsadLi və DAK-ın İdarə Heyətinin üzvü və Güney Azərbaycan depertamentinin rəhbəri Babek Muganliiştirak ediblər.