Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP Koronavirusla Mübarizə Fonduna vəsait ayırdı

    Vətəndaş Həmrəyliyi Partiyası pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə başladılan kampaniyaya qoşulub.
     
    BakuPost xəbər verir ki, VHP öz büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi yardım etməklə bağlı qərar qəbul edib.

    Partiya bütövlükdə ölkədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində əllərindən gələni əsirgəməyəcək.
  • Qanunun dili haqqında qanun

    Sabir Rüstəmxanlı

    Millət vəkili

     

    Ana dilimizin qorunması qayğısına qalan bir vətəndaş və Azərbaycan Dil Qurumunun başqanı olaraq hər yerdə dil məsələlərinə həssaslıqla yanaşmağa vərdiş etmişəm. Dil yanlışlıqları və ya dilimizə sayğısızlıq uzaqdan məni çağırır, rahatlığımı əlimdən alır . Sosial medianın dilinə də ciddi yanaşmalıyıq. Xarici firmaların internet üzərindən aparılan reklamları və onların guya, azərbaycanlılar adından təbliğat yazıları, dərman bazarının izahları dilimizə sayğısızlıqla doludur.
    Şükür, ana dilimizin riyazi dəqiqliyə bənzər möhkəm qanunları var. Məsələn, sözün kökü və “da”, “də” şəkilçiləri ayrı vurğularla deyiləndə ayrı, bir vurğu ilə deyiləndə bitişik yazılır. Örnəyi: “Sən də (ayrı) Təbrizə getmək istəyirsən?”; Səndə (bitişik) bu günün qəzeti varmı?..”; “Bakı da (ayrı) qəhrəman şəhərdir”; “Bakıda (bitişik) qar yağmadı”. Təəssüf ki, hətta filoloqlarımızın, alimlərimizin də yazılarında bu qayda tez-tez pozulur. Nəticədə ismin adlıq halı yerlik, təsirlik hallarına çevrilir və cümlənin mənası dəyişilir.
    Alış-veriş mərkəzlətinin bəzilərində (məs.”Kontinental”) mallar haqqında bilgilər yalnız xarici dillərdə verilir.
    Olan tərcümələrin də bir hissəsi gülməlidir.
    Öz məhsullarımızın adlarında da yanlışlıqlar çoxdur. Məsələn, şərab şüşəsinin üstündə “Qırmızı quru” sözünü oxuyanda çaşırsan. Sonra anlayırsan ki, sən demə, bunlar “turş” mənasında olan “suxoy” sözünü “quru” kimi tərcümə ediblər və “Quru şərab” kimi komik bir şey alınıb.
    Bir sıra rəsmi sənədlərimizin və qanunlarımızın dili də bərbaddır. Məncə, MM-də qanunlarımızın dili haqqında da ayrıca bir Qanun qəbul edilməlidir. Milli Məclisdə ilk təşəbbüslərimdən biri bu olacaq.

  • “Koronavirus hamıya dərs verdi, hegemonlar əsirə çevrildi” – Sabir Rüstəmxanlı

    “Söhbət Azərbaycanın, Azərbaycan dövlətinin, Azərbaycan insanının taleyindən gedirsə, bütün siyasi maraqlar, ideoloji görüşlər arxa plana keçir”
    “Mən bu millətin bir zaman Meydanda necə bir olduğunu görmüşəm və bu gün də dünyanın çalxayan təhlükənin öhdəsindən birlikdə, həmrəy olmaqla qalib gələcəyimizə inanıram”

  • Xalqımızın iradəsilə işğal olunmuş torpaqlarımız azad ediləcək.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Novruz bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    Novruz bayramı münasibətilə hamınızı təbrik edir, hər birinizə, uzun ömür və xoşbəxtlik arzulayıram. Azərbaycanın ən qədim bayramlarından biri olan Novruz Şərq təqviminə görə yeni ilin gəlişini göstərməklə yanaşı, baharın, saflığın və bərəkətin rəmzi sayılır. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz, ən qədim dövrlərdən bəri, xalqımızın sevinc, şadlıq bayramı olmuşdur.
    Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
    Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Çox təəssüf ki, artıq neçə illərdir Novruzu Azərbaycanın ərazilərinin işğal altında olduğu durumda qeyd ediriktacı sayılan doğma Qarabağımızda qeyd etmək bizlərə nəsib olmur. Ancaq sosial – iqtisadi çətinliklər dövrü olsa da, milli adət – ənənələrimizin qorunması və onun inkişaf etdirilməsi milli kimliyimizin, bütövlüyümüzün formalaşmasına yardımçı olacağına əminəm. Xalqımızın iradəsilə işğal olunmuş torpaqlarımız azad ediləcək. Bu müqəddəs bayramın Bütöv Azərbaycanda qeyd ediləcəyi gün uzaqda deyil.
    Eyni zamanda bu günlər ölkəmizdə və dünyada baş verənlər insanlardan sevgi, həmrəylik və mərhəmət tələb edir. Hər birimizin bəşəriyyətin və insanlığın gələcək taleyi üçün narahatçılığımız bizdən bir-birimizə sevgi və mərhəmət tələb edir. İnanıram ki, millətimiz gücü və Novruz müqəddəsliyi bu bəlanı adlatmamıza yardımçı olacaq.

    Əziz soydaşlarım!
    Bir daha Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm.
    Tanrı Azərbaycanımızı qorusun!”.

  • Dünyadan bir dərviş köçdü…

    Tanınmış ozan, şair-publisisti, ictimai xadim, Gürcüstan Aşıqlar Birliyinin sədri Dərviş Osman Əhmədoğlu  uzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib. Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, hələ orta məktəbdə oxuduğu illərdə şeir yazıb. Tələbəlik illərində mətbuatda publisistik məqalələrlə çıxış edib. O. Əhmədoğlunun “Borçalıda ocaq yanır” adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıda “Yazıçı” nəşriyyatında işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Bədii yaradıcılıqla bərabər dövrü mətbuatda publisistik məqalələrlə çıxış edən

    Şair-publisist vaxtilə Gürcüstanda nəşr olunan “Yeni Yol” qəzetində redaktor müavini vəzifəsində çalışıb. Bir müddət sonra o, “Dədə Qorqud” adlı dərgiyə rəhbərlik edib. Dərviş Osman “Meydan” dərgisinin idarə heyətinin fəal üzvlərindən biri olub. Şeirlər kitablarından əlavə Azərbaycan folkloruna həsr olunan iki kitabı çap olunub. O. Əhmədoğlu Gürcüstanda aşıq yaradıcılığının yaşadılmasında və inkişafında böyük xidmətlər göstərib. Onun təşkilatçılığı ilə əslən Gürcüstandan olan azərbaycanlı ziyalıların xatirəsinə həsr olunan bir sıra tədbirlər keçirilib.

    Osman Əhmədoğlu sadə, səmimi xeyirxah bir insan əsl millət fədaisi idi. Onun  ən böyük istəyi mənsub olduğu millətin öz haqqına sahib olması idi. Şeirləriylə də, məqalələriylə də, çıxışlarıyla da bu amala xidmət edib, aşıq yaradıcılığına, sənətinə sevgiləriylə də. Borçalıda yaşayan şair bütün türk dünyasının dərdi, sevinci ilə yaşayırdı. Onun cismən aramızdan getməsi hər birimizin kədərimizdir.

    Tanrı ruhunu şad etsin!

     

    Vətəndaş Həmrəyliyi Partiyası

  • VHP-nin 2019-cu il üçün maliyyə hesabatı

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Partiyalar haqqında qanunun tələblərinə uyğun olaraq 2019-cu il üçün maliyyə hesabatını verib.

    Həmin hesabat audit rəyi ilə birgə 11 mart 2020-ci il tarixində Mərkəzi Seçki Komissiyasına təqdim edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq VHP-nin 2019-cu il üçün maliyyə hesabatını olduğu kimi dərc edirik:

    VHP Mərkəzi İcra Aparatı

  • VHP İlaxır çərşənbə ilə bağlı Azərbaycan xalqını təbrik etdi

    Bu gün qədim inanclarimizdan gələn ilaxır çərşənbələrin sonuncusudur. Azərbaycan xalqının min illərlə yaşatdığı inanca görə bu gün təbiətin dörd ünsüründən sonuncusu-torpaq oyanır. Bu yeni ilin, yeni fəslin başlanğıcı sayılır. Xalqımızı axır çərşənbə münasibəti ilə təbrik edirik. Torpaq oyanişlarını tarixi torpaqlarımızda yaşayaraq qeyd etmək diləyi ilə xalqımıza gözəl günlər nəsib olsun.

    VHP- Vətəndaş Həmrəyliyi Partiyası

  • Rəfael Dadaşov unudulmayacaq- VHP-dən başsağlığı

    Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 74-cü ilində vəfat etmişdir.
    Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də anadan olmuşdur. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
    1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda və Azərbaycan filmlərində unudulmaz rollar canlandirmişdır. O müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaratmış, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış etmişdir. Rəfael Dadaşov hər zaman mədəniyyət tariximizdə və Azərbaycan xalqının yaddaşında öz əvəzsiz yerini qoruyub saxlayacaqdir.
    Allah rəhmət eləsin.

  • VHP-nin Mübariz Mənsimovla bağlı bəyanatı

    “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə FETO şəbəkəsi ilə əlaqədə ittiham olunaraq saxlanılması həm Türkiyədə, həm Azərbaycanda böyük məyusluq hissi yaradıb. Mübariz Mənsimov öz həyatı, əməlləri, iş fəaliyyəti və düşüncələri ilə hər iki qardaş ölkənin vətəndaşlarının böyük sevgisini qazanıb. İş adamı kimi Türkiyə dövlətinin iqtisadiyyatının inkişafına əvəzsiz xidmətlər göstərmiş, yardıma ehtiyacı olan hər bir şəxsə dayaq durmuş, hər zaman millətimizin elmə və soy-kökünə bağlılığına dəstək olmuş bir şəxsin adının hansısa cinayətkar şəbəkəyə calanması heç cür başadüşülən deyil. Əksinə Mübariz Mənsimovun öz fəaliyyətində FETO və Türkiyə Cumhuriyyəti əleyhinə olan bütün qüvvələrə qarşı olması hər kəsə bəllidir. Buna görə də Türkiyə və Azərbaycan cəmiyyəti iş adamının həbsinin sifarişli olduğunu düşünərək qardaş ölkənin hüquq-mühafizə orqanlarının belə bir çirkin planın içində olmasından təəssüf hissi keçirir.
    Vətəndaş Həmrəyliyi Partiyası Mübariz Mənsimovun azadlığa çıxmasını tələb edir və aparılan istintaq işinin ədalətli sonuca gəlib çıxacağına inanır. Mübariz Mənsimovun azadlığa buraxılması Türkiyə hökumətinin və istintaq orqanlarının xalq sevgisinə olan adekvat münasibət olardı.

  • Neftçala seçkilər ərəfəsi və seçkilərdən sonra: Düşüncələr və mülahizələr

    Dövlət səviyyəsində həyata keçirilən əsaslı dəyişikliklərin yolu xalqın maddi rifahının yüksəldilməsinə xidmət edən planlı islahatlardan keçir. Kadr sahəsində aparılan islahatların ən böyük dalğası isə Milli Məclisi buraxması oldu. Bu prezidentin bütün hallarda qəbul etdiyi qərarların ən pik zirvəsi və möhkəm siyasi iradəsinin parlaq nümunəsi idi. 09 dekabr 2019-cu il tarixdən başlanan seçki startı 17 yanvar 2020-ci il tarixindən MSK-da qeydiyyata düşən namizədlərin təbliğatına keçid aldı. Azərbaycan Respublikası MSK-da 61 saylı Neftçala DSK üzrə 14 nəfər müxtəlif yaş, ixtisas və peşə sahibləri olan vətəndaşlar millət vəkilliyinə seçilmək üçün namizəd kimi qeydiyyatdan keçmişdilər. Etiraf edim ki, gündoğan hissəsi dənizə baxan bu rayon öz tarixində görünməmiş, rekord sayda namizədlərlə ilk dəfə idi ki, seçkilərə gedirdi. Bir sözlə, budəfəki seçkilərin ab-havasından aydın görünürdü ki, hər bir vətəndaş və seçici öz seçimində kortəbii yox, şüurlu şəkildə iştirak edəcək. Daha keçmiş dövrlərdə olduğu kimi, seçkiyə gəlsəniz də, gəlməsəniz də, axırda filankəsin adı qutudan çıxacaq şüarı eşidilməyəcək. Bu ona işarə idi ki, vətəndaşlarda keçmişdən formalaşıb qalan ruh düşgünlüyü, inamsızlıq özünü göstərməsin. Seçicilər öz üzərində hər hansı xof, təzyiq, üzüntü hiss etməsin. Neftçalada əhali ilk dəfə idi belə demokratik, yüksək əhval-ruhiyyə ilə seçkilərə hazırlaşırdı. Amma çox təəssüf ki, seçki hazırlığı öz axarınca gedən bir vaxtda, yalan və böhtan qalmaqalları baş qaldırdı. Bu problem isə seçici auditoriyasından yox, namizədlərin öz aralarından sızıb vüsət almışdı. Düz deyirlər ki, seçki özü də bir sınaq meydanıdır, həm də ağır imtahandır. Yalnız güclü xarakteri, hazırlığı olanlar ondan qalib çıxarlar. Dayaz dünyagörüşünə malik, sentimental hisslərlə yeni formalaşacaq parlamentdə macəra axtarışına çıxan bəzi namizədlər korpusunun süni gərginlik yaratmaq həvəsinə düşməsi, səbəbsiz də deyildi. Səsvermə günü çatmamış, acizlik büsbütün onların canını bürümüşdü. Çünki Milli Məclisə 61 saylı Neftçala dairəsindən kimin qanuni millət vəkili seçiləcəyi artıq bariz bir formada təxmin edilirdi. Məlum namizədlər arasından yalnız bir şəxsiyyət, xalqın çox böyük hörmət və məhəbbət bəslədiyi, sevimli xalq şairimiz Sabir Rüstəmxanlı istisna olunurdu. Xalq qeydiyyata düşən gündən millət vəkili olaraq onu qəbul etmişdi.

    Qələbənin də, məğlubiyyətin də özünəməxsus sivil qaydaları var. Təəssüf ki, hələ bərkdən-boşdan çıxmamış, bizim dairədən olan namizəd gənclərimiz bu qaydaların ikinci tərəfini qəbul etmək üçün özlərində cüzi bir kişilik cəsarəti tapa bilmədilər. Çığır-bağır salmaqla hər biri haradan gəlmişdilərsə, sonda sakitləşib yenə gəldikləri yerə çəkilib getdilər.

    ***

    Ayaqları torpağa dəyməmiş “Mən sizin özünüzəm, özünüzə səs verin” kimi populist şüarı ilə Kamran Əsədov adlı namizəd seçki təbliğatı qaydalarını pozmaqda və labüd uğursuzluğunu min bəhanə ilə pərdələməkdə digər namizədlərdən önə çıxdı. Qısa vaxt kəsimində onun qanuni təbliğat formasını dəyişib şairə qarşı yönələn əsassız qısqanclıq hissləri, daha irəli baxanda isə Azərbaycan gəncliyinə yaraşmayan, ona ləkə gətirən paxıllıq və eqoizmlə əvəzlənərək tədricən sətiraltı təhqirlərə çevrilməyə başladı. Şair Sabir Rüstəmxanlı və onun tərəfdarlarına (sizə aydın olsun; tərəfdarları – bütöv Azərbaycan xalqıdır) nə qədər xəstə fikirlər böhtanlar üfürəcəksiniz, bilmirəm, amma, elə götür-qoy edin ki, sabah məhkəmələr qapısında sıçovul tək sürünməyin. Mən sosial şəbəkə istifadəçisi deyiləm, amma yaxınlarım oradakı qeydlərinizi, atmaca və sayıqlamalarınızı olduğu kimi mənə ötürdülər. Çəkinmədən imzamla yazıb sizə Kamran və Sabir Əsədov qardaşlarına eşitdirib bəyan edirəm: Şair Sabir Rüstəmxanlı barədə sosial şəbəkələrdə boşboğazlıqlarınıza son qoyun! Bu tələb mənim mənəvi haqqımdır.

    Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, nə qədər qanmaz olasan ki, göydəki günəşi dana biləsən. Milli Azadlıq Hərəkatımızın ilk aparıcı lideri, müstəqillik haqqında qanun aktına ilk imza atanlardan biri olaraq adını şərəf tariximizin səhifələrinə əbədi yazdırmış, özü qədər yaradıcılığı da nəhəng görünən Sabir Rüstəmxanlıya hansı prizmadan baxırsansa bax, bütün görüntülərilə sənə məlhəm olan bir insanın obrazı ilə rastlaşırsan. Cənab Kamran Alim oğlu, əgər indiyədək sən bunları öyrənib anlamamısansa, çox-çox heyflər olsun! Yox əgər bir-iki polemik cümlə əzbərləyib, sosial şəbəkənin daimi “kralı” olmaq üçün qeyri-etik söz və ifadələr ixrac etməklə yoluna davam edəcəksənsə, buna da çox təəssüflər! Savaddan kasad olanlar, həmişə özlərinə məftunluğu ilə seçilməyə çalışırlar. Onlar başqalarından fərqlənmək üçün karyera barədə azara tutulurlar. Məsələn, elə sənin kimi…

    Birinci dəfə buna tələbələrdən rüşvət almaqla cəhd göstərdin, amma , tutulub həbsə atıldın. Bəxtin onda gətirdi ki, evləndiyin xanımın imkanlı qohum-əqrəbası karına gəldi, səni dəmir barmaqlıqlar arasından xilas etdi.

    İkinci dəfə, vaxtı ilə oxuduğun məktəbə direktor olmaq üçün can atdın, yenə alındıra bilmədin. Heç “təhsil üzrə ekspertliyin” də bir rol oynamadı, ilahiyyatçı bir müəllimə test yoxlamasında məğlub oldun.

    Üçüncü dəfə millət vəkilliyinə əl uzatdın, burada da uğursuzluq sənə yoldaş oldu. Sabir Rüstəmxanlı kimi böyük Azərbaycan şairinə uduzdun. Əslində uduzdun deməzdim, məğlub oldun. Sözün düzü həmişə acı olar, qoy olsun, mən sizi üç qardaş Sabir, Kamran, Arif olmaqla necə tanıyırdımsa, bu seçkidən sonra üzünüzün qat laylarını yox, hətta astarınızı da çox yaxşı görə bildim. Şair, nasir, publisisit Sabir Rüstəmxanlı hesab et ki, qarşısında da dayanmış alim Rüstəmxanlı – filologiya elmləri doktoru. Deyə bilərsinizmi, siz və ətrafınızda olanlar hansı sanballı elmi işinizlə onun qabağında meydan sulaya bilərsiniz? Cavabsız qalası belə suallar çoxdur. Bütün bu söylədiyim fikirləri güman edirəm sizlər qəbul edə bilməzsiniz. Bu haqdan gələn nəfəsi halal tikə yeyənlər ciyərlərinə çəkə bilərlər. Odur ki, məsəl kimi deyirik: ” Nəfəs haqdan gələr”. Dediyim haqqı sizlərdə axtarmaq gülünclükdür, ən azı ona görə ki, siz ailəliklə bank qapısında dayanan milisin çörəyi ilə böyümüsünüz.

    Neftçala camaatının böyük həvəs və yüksək əhval-ruhiyyə ilə iştirak etdiyi bu seçkilərdə sizin məğlubiyyətləriniz qanunauyğunluğun yekun nəticəsi olub. Çətinliklər də yaşansa, hər halda seçki sizin hər birinizə layiq olduğunuz yerləri müəyyənləşdirə bildi. Seçkinin bizlərə yaşatdığı ən xoş anlardan biri də bu oldu ki, Neftçalanın cavan, yaşlı, ağbirçək və ağsaqqal sakinləri, sevimli şairlərindən olan böyük Sabir Rüstəmxanlının namizəd kimi necə qarşılamışdılarsa, eyni ruhla da səslərini ona verib məğrur qalib kimi parlamentə yola saldılar.

    Təhsil üzrə ekspert. Bu sözlərin tam mənasını kifayət qədər pedaqoji təcrübəsi olan, təhsilin bütün incəlikləri canına, qanına hopmuş müəllimlərdən qeyri digər peşə, sənət sahibləri yetərincə anlaya bilməzlər. Və əgər, az, şox başa düşənlər də olsa, sadə məlumat çərçivəsindən kənara çıxa bilməzlər. Təvazökarlıqdan uzaq olsa da, mənim bu fikirləri tam cəsarətlə deməyə mənəvi haqqım və hüququm var, Kamran bəy. Ən azı bu peşə sahəsində nə az, nə çox düz 50 il can qoyan, necə deyərlər, onun fəhləliyindən ustalığına qədər uzun bir yolunu keçmiş müəllim kimi, mütəxəssis kimi şəxsən sənin nəzərinə çatdırmağı özümə borc bilirəm. Təhsil üzrə ekspert, bu adı özünə yamaq vurub toxusan da, əsil məhiyyətdə dərindən bilib anlamırsan ki, bu statusu kimlər daşımaq hüququna malıkdirlər və bu adı kimlər şərəflə, ləyaqətlə doğuru olaraq daşıyıblar?

    Bax, elə bu sualı da özünəməxsus cəsarətlə, şax gözünün içinə deyirəm: Qəti olaraq bilmirsən. Çünki bir elm olaraq sənin pedaqoqikadan – təlim (didaktika), tərbiyə nəzəriyyəsindən, pedaqoji tarixdən, pedaqoji psixologiyadan savadın, praktik və nəzəri biliyin yoxdur, möhtərəm Kamran Alim oğlu! Hələ bir utanıb xəcalət çəkmədən, verlişləri şoularla baş alıb gedən telekanallara da soxularaq bir-iki dəqiqəlik millətin müəllimlərinə də “mühazirə” oxuyursan. Sözsüz, burada günah teleməkanlardadır, nə senzurası var, nə də səriştəli redaktorları. Odur ki, axsaq atlar kor nalbəndlə tez anlaşa bilirlər. Mövzu dairəsindən çıxmamaq üçün sənin anlamadığın məsələyə qayıdıb şərh vermək istəyirəm. Təhsil üzrə ekspert statusunu kimlər rəsmən öz üzərinə götürə bilər?

     

    Cavab: Təhsil və tədris sahəsində fundamental tədqiqatlar aparan, uzun illər bu sahədə çalışan, təhsilin gələcək perspektivləri barədə dəyərli elmi-nəzəri müddəaları ortaya qoyan, təhsilə tətbiq olunacaq yeniliklərin təhlilini verən, o sahədə sistemli araşdırmalar aparan görkəmli alim və metodistlərə bu hüquq verilir.

    Kamran Alim oğlu, hər hansı bir qeyri hökümət təşkilatı tərəfindən əldə etdiyin kağız parçası hələ ekspert demək deyil. Bundan gen-bol istifadə edib millətə, onun elm, mədəniyyət xadimlərinə gülünc moizələr oxumağın bəsdir, yetər!

    Bilirsənmi, bu sahədə kimlər külüng çalıb?

    Qori Müəllimlər seminariyasının son məzunlarından olmuş, əməkdar elm xadimi Əhməd Seyidov, akademik M. Mehdizaə, M. Muradxanov, H.Kazımov, A. Babayev, B. Əhmədov, C. Mustafayev, Ə. Həşimov, Ə.Ağayev və s. Bu kimi nəhəng elm xadimləri Azərbaycan təhsilində silinməz iz qoyub getmişlər. Daha sənin kimi sosial şəbəkələrdə “falçılıq” edib, ona, buna böhtan, iftira yazmaqla gözdən pərdə asmayıblar, cənab Kamran bəy.

    Örtülü bazar, dostluğu pozar yaxşı fikirdir. Gərək nə fikir, mülahizə yürüdürsənsə, haqq-ədalət hissini itirməyəsən. Xüsusən də seçkiyə dair məsələdə. Seçki siyasətə doğru gedən yolda ilk addım olub, ölkənin siyasi iqliminin təzələnməsidir. Burada seçən də, seçilən də bir səhvə yol verməməlidir. Bunu təhlil edib yazan hər bir adam qərəzçilikdən uzaq olub, obyektiv həqiqətləri göstərməyə səy etməlidir. Misal üçün 61 saylı Neftçala dairəsindən seçkiyə qatılan namizədlərdən Milli Aviasiya Akademiyasının elmi katibi, professor Xəqani Abdullayevi götürək. Cənab prafessor seçkiyə öz şəxsi düşüncəsinin hökmü ilə yox, kənar şəxslərin maraq dairəsinə düşdüyündən, millət vəkili seçilməyə həvəsləndirilib təhrik edilmişdi. Burada açılmalı olan bir düstura ehtiyyac qalmır. O, seçiləcəyi olan halda, təhrik edənlərin qazancı aşkar və ya gizli yollarla qurduqları bizneslərini qoruyub daha da genişləndirmək yolunda toxunulmaz bir fiqur əldə edəcəkdilər. Bunu Xəqani Abdullayev kimi alim olan bir adam üçün başa düşmək elə də çətin deyildi. Məlum oldu ki, Xəqani müəllimi öz şəxsi maraqlarına görə seçilməyə “Kür-Xəzər” xeyriyyə cəmiyyətinin sədəri, iş adamı Akif Kərimov müxtəlif vədlərlə aldadaraq cəlb etmişdi. Seçkidən bir gün əvvəl peşimançılıqla öz iş yerinə qayıdan Xəqani müəllim Akif Kərimovun səni mən millət vəkili edəcəm, kimi populist sözlərindən aldandığını bilsə də, artıq gec idi. Seçki günü 29 saylı məntəqənin ətrafında Akif Kərimovun Sabir Rüstəmxanlının səlahiyyətli nümayəndələrinə qarşı hücum çəkməsi də diqqətdən kənar qalmadı. O, seçkiyə gələn seçicilərə bədxah yerliçilik azarından “mühazirə” oxumaqla, açıq-aşkar vəkili olduğu Xəqani Abdullayevə səs verməyə çağırış edirdi. Onun qeyri-etik davranışı və kobud hərəkətləri seçicilərdə əks fikir yaradır, ona heç bir cavab vermədən səs verməyə gedirdilər. Məntəqəyə yerləşdirdiyi müşahidəçisi də seçkinin qanuniliyini namizədinin topladığı 11% səslə təstiq etdi.

    Neftçaladakı seçki marafonunda starta çıxan bəzi namizədlər kənarda qalmışdı ki, seçkinin yekun mərhələsi üçün ümumi bir rəyə gələndə onlardan kənar ötüşmək düzgün olmazdı. Seçkilərə millət vəkilliyinə namizəd kimi qatılmış Bəhruz Heydərov, Zahir Bəbirzadə, Samir Nağıyev və Ramil Baba kimi orta yaş hədli gənclər haralı olmalarından əvvəl Azərbaycanlı idilər. Və açıq desəm, 20-22 günlük təbliğat kompaniyası dövrü onların Neftçala əraziləri tanışlığı üçün turist və ya ekskursiya gəzintisi adlandırmaq, zənnimcə, daha doğru fikir olardı. Bütün bu kimi söz-söhbətlərə seçki təbliğatının ilk həftəsindəcə aydınlıq gəlməyə başladı. Hərənin gücü, nüfuzu özünü göstərməyə başladı. Deməli, 14 nəfər namizədin 13-ü olur Neftçalalı. Yerdə qalır bir nəfər, o da olur ürəyində, canında, qanında bölünməz olub, bütöv Azərbaycan gəzdirən xalq şairi Sabir Rüstəmxanlı. Rayonun bütün ərazilərində təbliğatını yüksək səviyyədə, izdihamlı keçirən yeganə namizəd də xalq şairi Sabir Rüstəmxanlı oldu. Neftçalalıların müstəqillik dövrümüzdə xalqımızın böyük şair oğlunu yenidən tanıyıb, ona dərin bir məhəbbətlə bağlı olduqlarını nümayış etdirdi. Bu seçkilərdə şairlə açıq mübarizə aparan, sonradan Neftçalalı kimi zühur edən namizədlər deyildi. Onların çoxunun arxasında şəxsi ambisiyalarını gündən və üzdə görünməyən pərdə arxası adamlar idi. Bunu düşündükcə, yadıma orta məktəbdə oxuduğum tarix dərsləri düşür. Makidoniyalı İsgəndərin, Napaleonun ordusunda döyüşən muzdluları xatırlayıram. Neftçalanı tanımayan, ilk dəfə bu torpağa muzdlu şöhrət ardınca ayaq basan zavallı gənclər, sanki elə onların müasir oxşarları idilər. Artıq hər şey arxada qalıb. Hələ nə qədər seçki dərsləri olacaq. Bütün bunlara gələcək özü qiymət verəcək. Ümid isə gələcəyə nikbin baxmaqdır.

    Biz Neftçalalılar bu hörməti içimizdən gələn tükənməz sevgi, hərarətli məhəbbətlə şair Sabir Rüstəmxanlıya göstərə bildik. Indi kim nə fikirləşirsə, qoy fikirləşsin. Sabir Rüstəmxanlı o xöşbəxt şairlərdəndir ki, hələ sağlığında milyon-milyon insanların ona olan dərin məhəbbət və sevgisini özünün çoxşaxəli, zəngin ədəbi irsi sayəsində qazana bilib.

    BÖYÜKAĞA MƏMMƏDOĞLU

    NEFTÇALA RAYONU, MÜƏLLİM.