Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Vaqif poeziya günlərinin keçirilməsi, mədəniyyət mərkəzi kimi Şuşanın boyuna biçilən bir hadisədir”

    Sabir Rüstəmxanlı: “Bu şəhərdə vaxtiylə çox böyük ədəbi məclislər olub”

    Bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı keçiriləcək. Ölkə başçısı bu barədə Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən tapşırıq verib.

    Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ədəbiyyatımız, ədəbiyyat tariximiz və ənənələrimizə sadiqlik baxımından nə dərəcədə əhəmiyyətlidir?

    Moderator.aza açıqlama verən millət vəkili Sabir Rüstəmxanlı, bu qərarın mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

    “Prezidentin ilin yekununa həsr olunan müşavirədəki çıxışında Qarabağın bərpası, oradakı infrastrukturların yenidən qurulması və genişləndirilməsi, bütövlükdə Azərbaycanın qərb bölgəsinin inkişafı, bu bölgənin beynəlxalq miqyasda nəqliyyat, sənaye və s. sistemlərinə qoşulması baxımından son dərəcə əhəmiyyətli qərarlar səsləndirildi. Bunlardan biri də Şuşaya həm avtomobil, həm də dəmir yolunun çəkilməsi, onun müasir şəhər kimi yenidən qurulmasıdır.

    Bütün bu qərarlar Şuşanın mədəniyyət mərkəzi elan edilməsinə bağlı məsələlərdir.

    Vaqif poeziya günlərinin keçirilməsi son dərəcə əhəmiyyətlidir. Azərbaycanın çox böyük mədəniyyət hadisələri Qarabağ və Şuşa ilə bağlıdır. Bura böyük mədəniyyət xadimlərinin, yazıçıların, dramaturqların vətəni olub. Vaqif bizim çağdaş Azərbaycan poeziyasının, müasir Azərbaycan şeirinin banilərindən biridir. O, yeni Azərbaycan ədəbi məktəbinin əsasını qoyanlardan biri olub. Neçə əsrdir ki, Vaqifin ənənələri yaşayır. Erməni işğalından öncə də Şuşada Vaqif poeziya günləri keçirilirdi. Indi də Vaqif poeziya günlərinin keçirilməsi həm məntiqli, həm də Qarabağın bərpası, tərəqqisi baxımından son dərəcə vacibdir.

     

    Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Mədəniyyətin isə ən vacib qollarından biri ədəbiyyatdır. Vaqif poeziya günlərinin keçirilməsi, mədəniyyət mərkəzi kimi Şuşanın boyuna biçilən bir hadisədir.

     

    Şuşada vaxtiylə çox böyük ədəbi məclislər olub. Vaqif poeziya günləri sadəcə şeir, poeziya bayramı olmur, həm də bürtövlüklə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bayramı olur. Inşallah, bu böyük günlər bundan sonra da təntənə ilə keçiriləcək”.

     

    Seymur ƏLİYEV

  • Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarını təbrik etdi

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki:

    “Əziz soydaşlarım!

    Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideya uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.
    Bu il Xalqımızın Birliyi, Həmrəyliyi və Müzəffər Ordumuzun qətiyyəti ilə torpaqlarımız işğaldan azad edildi. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və bir çox kəndimiz işğalda qalsa da yaxın vaxtlarda onların da ölkəmizin bütövlüyünə qoşulması ilə ərazimiz tam bərpa olunacaq. Bu il Qarabağn işğaldan azad edilməsi və Milli Həmrəylik ilimiz kimi yaddaşlara həkk olundu. Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil. Bu gün də Azərbaycanın gələcəyi, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.

    Əziz soydaşlar, bacılar və qardaşlar!

    31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur. Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.

  • Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib

    Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.
    Tənzilə Rüstəmxanlı 1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndinən anadan olub. 1982-ci ildən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavinidir.
    Filologiya üzrə fəlsəfə elmləri doktorudur. 1996-ci ildən Azəri Türk Qadınlar Birliyinin sədridir. Dünya Azərbaycanlıların Konqresində sədrin Türk Dünyası üzrə müşaviridir. Bir çox nüfuzlu mükafatlara layiq görülüb.
    2018-ci ildə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
  • “Mən el-obaya cavab verə bilmirəm ki, neçə ildir millət vəkiliyəm, öz kəndimizə qaz çəkdirə bilmirəm”

    Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Sabir Rüstəmxanlı Baş nazir Əli Əsədovun iclasda iştirakından istifadə edib bəzi problemləri qaldırdı. Millət vəkilinə görə, müəyyən bir dövrdə Azərbaycanda yanlış bir yanaşma olub, hesab ediblər ki, kitabxanalara ehtiyac yoxdur. “Kitabxanalar bağlanıb, rayonlara kitablar getmir. Oxumayan millətin gələcəyi necə olacaq? Heç olmasa mövcud olanlar qorunub-saxlanılsın”,- S.Rüstəmxanlı bildirdi.
    Daha sonra deputat bildirdi ki, seçildiyi Neftçala qaz çıxarılan rayondur. Amma qaz kəməri kəndlərin yanından keçsə də, həmin yaşayış məntəqələrində qaz yoxdur: “Bu dövlətin müstəqilliyində böyük zəhməti olmuş Xəlil Rza Ulutürkün doğulduğu kənddə qaz yoxdur. Qaz xətti kəndin yanından keçir”.
    S.Rüstəmxanlı doğulduğu kəndin qaz problemindən də bəhs etdi: “Bu Məclisdə Yardımlının Hamarkənd kəndiindən iki millət vəkili təmsil olunur: mən və Musa Qasımlı. Qaz xətti bizim kəndin 3 km-liyindən keçir, amma sakinlər qaz üzünə həsrətdir. Bu, 3 km nədir ki? 1,5 km-i bir deputatın, 1,5 km-i digər deputatın payına düşür. Onda imkan versnlər, camaat öz hesabına qaz çəksin. Qarabağ meşələri kimi, unikal meşələr qırılıb məhv edilir. Mən xahiş edirəm, Əli müəllim, bu problemin həlli üçün göstəriş verəsiniz! Cənab prezidentə bir vaxt müraciət etdim, bir sərəncamı ilə 8 kəndə yol çəkildi, indi camaat o yoldan rahat şəkildə istifadə edir. İndi də qaz probleminin həllinə ehtiyacv var. Mən el-obaya cavab verə bilmirəm ki, neçə ildir millət vəkiliyəm, öz kəndimizə qaz çəkdirə bilmirəm. Onda millətin dərdini necə həll edə bilərəm?”
    Spiker Sahibə Qafaraova çıxışa reaksiyasında dedi ki, indiyədək bir çox məsələlər həllini tapıb, 3 km-lik qaz xətti məsələsi də həllini tapar.
  • Sabir Rüstəmxanlı: “Kəndlərimizin çoxunda bankomat yoxdur”

    Son günlər mənə bankomatlarla bağlı çoxlu zənglər gəlir. İnsanları narazlı salan narahatlıqlardan biri də bu məsələdir. Kəndlərimizin çoxunda bankomatlar olsa da , onlara pul qoyulmamasıdır.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib:

    “Dövlət əhali üçün pensiyaya pul ayırır, lakin bankomatlardan pulu götürə bilmir .Bu bankomatlar qoyulubsa, onlara pul qoyulmalıdır. İnsanlar növbəyə düzülür, məlum olur ki, pul yoxdur. 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməli olurlar. Bu işlər camaatı dövlətdən narazı salır. Buna nəzarət edən yəqin ki, qurumlar var. Bu məsələ araşdırılmalıdır”.

  • Xəlil Rzaya çox görülən qaz, 90 ilə çəkilməyən yol və “Qarabağ büdcəsi” – Rüstəmxanlının çıxışı

    Millət vəkili Sabir Rüstəmxanlı parlamentin büdcə müzakirəsinə həsr edilən iclasında bir sıra təkliflərlə çıxış edib.
    Sabir Rüstəmxanlı bildirib ki, Vətən müharibəsindəki parlaq qələbədən sonra yaranmış yeni coğrafi-iqtisadi şərtlər və tələbləri nəzərə alaraq, qısa vaxtda 2021-ci iln Dövlət Büdcəsini uğurla hazırlayan və müzakirəyə çıxaran Hökumət üzvlərinə ağır zəhmətlərinə görə təşəkkür edir:
    “Müharibə edən ölkələrin təkcə orduları savaşmır, həm də bütün siyasi, iqtisadi, mənəvi, psixoloji, intellektual potensialı, o cümlədən Büdcələri savaşır!
    44 gün ərzində ordu ilə yanaşı iki ideoloji sistem üz-üzə gəldi. Bir tərəfdə dünyanın xəritəsini dəyişmək istəyən yeni faşizm, digər tərəfdə öz halal torpağını qorumaq istəyən təklənmiş, hüquqları dünya miqyasında gözardı edilən sülhsevər bir millət!
    Azərbaycan ordusu, onun Ali Baş Komandanı təkcə bir dövlətin şərəfini və haqqını müdafiə etmədi. Həm də dünyaya bir örnək göstərdi. Azərbaycanın qələbəsi həm də bu gün dünyada böyük güclərə, qara kapitala, din və irq təəssübkeşliyinə söykənən və buna görə də hətta BMT kimi uluslararası qurumların qətnamələrini heçə sayan, işğalçıları müdafiə edən beynəlxalq mafiya üzərində qələbədir, zülm altında inləyən məzlum xalqların yeni imperializm zehniyyəti və xəyalları üzərində qələbədir! Öz xalqına söykənən bir liderin qələbəsidir! Pandemiyanın dünyanı tənəzzülə apardığı bir vaxtda o, öz ölkəsini qələbəyə apardı!
    Buna görə də Azərbaycan hökumətinin, onun iqtisadi, sosial siyasətinin qələbədən sonrakı əsas xətti də Xalqa söykənmək və Xalqa xidmət prinsipi olmalıdır!”
    “Həyatını qurban verən oğulları yetişdirən millətin haqqı ləyaqətli cəmiyyətdə yaşamaqdır”
    S.Rüstəmxanlının fikrincə, 2021-ci ilin büdcəsinə haqlı olaraq Qarabaq Büdcəsi kimi baxılır, çünki 2021-ci il bütövlükdə Qarabağ ili olacaq:
    “Ordu öz işini gördü, indi Azərbacanın qurucular ordusu öz işini görməlidir. Bu quruculuğun ümumi baş planı hazırlanmalı və məhələlərlə həyata keçirilməlidir. Ölkəmizdə son illərdə aparılan islahatların nəticələrini kimsə inkar edə bilməz. Məhz bu islahatlar nəticəsində əhalini ən çox narahat edən vergi, əmlak, xidmət, gömrük sahələrində neqativ hallar xeylı azalıb. Bura kadr siyasətindəki uğurları da əlavə edə bilərik. Lakin məmur özbaşınalığı bəzən bu islahatları nəticəsiz edir.
    Məncə, islahatlar davam etdirilməlidir. Vətən müharibəsindən sonra Vətənin iqtisadi və mənəvi havası dəyişilməlidir. Gördüyümüz işlərə, gələcəyimizə, insanlarımıza yeni gözlə baxılmalıdır. Vətən üçün bu qədər qəhrəmanlıqla və ləyaqətlə həyatını qurban verən oğulları yetişdirən millətin də haqqı ləyaqətli bir cəmiyyətdə yaşamaqdır!
    Yüksək insani münasibətlər, qarşılıqlı sayqı və sevgi, qanunlara hörmət, ədalət və düzgünlük mühiti hökm sürməlidir. Bu şəraitin yaradılmasının əsas yükü hökumət üzvlərinin çiyninə düşür. Hər vəzifə sahibi başçlıq etdiyi sahəni ideal bir mühitə də çevirə bilər, yaşanmaz bir hala da sala bilər və bunun nümunəri çoxdur.
    Bu baxımdan yeni ildə əhalinin sosial müdafiəsinə xüsusi diqqət verilməlidir. Şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə dövlətin qayğısının xırda məmurlar tərəfindən kölgələnməsinə qətiyyən yol vermək olmaz və belə halların qarşısı sərt şəkildə alınmalıdır. Yeri gəlmişkən deyim ki, sosal müdafiənin çərçivələri və ünvanlarını daha dəqiq müəyyənləşdirən, bu işdə əyriliyin, aztəminatlı ailələrin haqqına göz tikilməsinin qarşısını alan daha etibarlı bir sistem işlənib hazırlanmalıdır. Mənim fikrimcə, indiki halda sosial yardım şəbəkələri çox asanlıqla sosial oğurluq sisteminə və əhalini narazı salmaq meydanına çevrilə bilir. Ailələr uşaqpulu alarkən buna imkan yox idi. Ən böyük sənəd uşaq idi. Amma indi sosial müdafiə sistemi və sənədləşmələri – qohumbazlıq, çək-çevir, sənəd labirinti, bu yardımdan imtina bəhanələri üçün münbit şərait yaradıb. Kənddə kiminsə adına balaca və istifadəsiz torpaq sahəsinin olması belə vətəndaşı bu yardımdan məhrum etməyə şərait yarada bilir”.
    “Vəziyyət əvvəlkindən daha ağır ola bilər”
    Millət vəkili bildirib ki, Büdcədə əsas diqqət Qarabağ rayonlarının bərpası işinə yönəldilməlidir:
    “Bununla belə, seçildiyimiz bölgələrin elə qayğıları var ki, unudula bilməz. Həmin bölgələrin övladlarını Vətən yolunda qurban vermiş insanlarının elə qayğıları var ki, bu gündən sabaha saxlanılmamalıdır!
    Bu il Neftçala camaatı pandemiya ilə yanaşı, bir susuzluq fəlakəti yaşadı. Xəzərin şor suyu Salyana kimi irəlilədi, rayoda suvarma bir yana, heç içməyə su tapılmadı. 80 min əhaliyə maşınla su daşımağın nə qədər çətin bir iş olduğunu deməyə ehtiyac qalmır. Ölkə prezidentinin sərəncamı ilə qısa müddətdə Neftçala şəhərinə su kəməri çəkildi. Su gəlib çatıb, lakin Neftçala boyda bir rayon mərkəzində, şəhərdə su paylama şəbəkəsi, kanalizasiya sistemi yoxdur.
    Qışdır, yağışın, qarın yağmasına baxmayaraq, Kürün suyu artmır, şordan təmizlənmir. Bunun səbəbləri və aradan qaldırılma yolları haqqında danışıb vaxt almaq istəmirəm. Lakin indidən növbəti ilin su müşkülünü düşünməliyik. Vəziyyət əvvəlkindən daha ağır ola bilər. Kürə ümid bağlamaq olmaz. Görünür Xəzərin suyunun təmizlənib suvarma sistemlərinə ötürməkdən başqa yol yoxdur. Bir sözlə, Nazirlər Kabineti Neftçalanın kənd təsərrüfatını, balıqçılığını, heyvandarlığını qorumaq, yol şəbəkəsini abadlaşdırmaq haqqında düşünməli və gecikdirmədən işə başlanmalıdır.
    Rayonun bəzi kəndləri hələ də qazlaşdırılmayıb. Onlardan biri Azərbaycanın müstəqilliyində böyük xidməti olmuş Xalq şairimiz Xəlil Rza Ulutürkün Pirəbbə kəndidir. Camaat mənə deyir ki, heç olmasa Xəlil Rzanın xidmətləri nəzərə alınsın. Eyni sözü Yardımlıda mənim doğulduğum Hamarkənd haqqında da deyə bilərəm. Qaz xətti kəndin 3 kilometrliyindən keçir. On ildir əlaqədar idarələrə müraciət edirik, nəticəsi yoxdur. Mən də bu respublikanın Müstəqillik Aktına qol çəkmiş adamam. Düzünü deyim ki, Neftçalada Xəlil Rzanın, Yardımlıda mənim kəndimin ala qarğa kimi ayrılıb, qazsız buraxılmasının səbəbini başa düşmürəm. Bəlkə bilmədiyimiz başqa bir səbəb var.
    Son illərdə kəndlərimizdə aparılan yanlış mədəniyyət siyasəti, kitabxanaların ixtisarı və ləğvi ciddi narazılıq yaradır. Mədəniyyət arxa cəbhədir, ona biganə yanaşmaq olmaz, Neftçala kəndlərində vaxtı ilə tikilmiş gözəl, iri mədəniyyət evləri və məktəblər, uşaq bağçaları var, yeniləri bir yana, bu köhnələri təmir edib qorumaq lazımdır”.
    90 ildir çəkilməyən yol…
    Millət vəkili Yardımlı rayonunun su və yol problemlərindən də söz açıb:
    “Bir təklifimi də səsləndirmək istəyirəm. Yardımlı ilə Lerik arasında çox dərin, dar, lakin uzun bir dərə, kanyon yar, orda gələcəkdə Alar çayının qarşısını kəsməklə Azərbaycanın ən bolsulu və gözəl su anbarlarından birini yaratmaq və yaxın rayonların içməli su ehtiyacını azaltmaq olar. Məncə, mütəxəssislər bu təkiflə maraqlansalar, yaxşı olar.
    Maraqlı bir fakt deyim, 90 il əvvəl, 1929-cu ildə Azərbaycan hökuməti qonşu Yardımlı ilə Lerik rayonları arasında yol çəkmək haqqında qərar qəbul edib. Bu gün də hələ bu rayonlar arasında normal yol yoxdur, Adamlar 15-20 km. aralıdakı kəndə getmək üçün Masallıdan, Lənkərandan 80 km. yol keçməlidirlər. Yaxşıdır ki, son illərdə həm Yardımlıda, həm də Lerikdə kəndlərarası yolların asfaltlanması işi sürətlənib. Lerik və Yardımlının asfalt yollarını birləşdirmək üçün cəmi 5-6 km. məsafə qalır. Bu yol çəkilməlidir. İnanıram ki, Lerikdən və Yardımlıdan seçilmiş deputat həmkarlarım bu məsələdə məni müdafiə edər.
    Güman edirəm, təkliflərimin icrası gələn ilin büdcəsinə ağırlıq etməz!”
  • Ermənilərlə birgəyaşayış !- “ Kimi “hə” deyir, kimi də “yox” – Fikirlər haçalandı

    Sabir Rüstəmxanlı: “Onlarla yanaşı yaşamağa məhkumuq”
     
    Elman Məmmədov: “Ermənilərlə mehriban yaşamaq mümkün deyil. Ümumiyyətlə, bu, yanlışdır”
     
    Sərdar Cəlaloğlu: “Birgəyaşayışın mümkünsüzlüyünü təbliğ etmək xüsusi bir “tələ”dir – rusların və ermənilərin “tələsi”
    Sosial Tədqiqatlar Mərkəzi (STM) cəmiyyətimizdə böyük maraq doğuran sorğu keçirib. Sorğu sənədlərində Vətən müharibəsinin yekunlarına ictimai münasibət göstərir ki, xalqımız regionda baş verən siyasi reallıqlar və proseslər haqda dolğun  məlumata malikdir. 44 günlük müharibə ilə bağlı müxtəlif nüanslara toxunulmasına baxmayaraq, soruğuda azərbaycanlılarla ermənilərin birgəyaşayışına münasibət maraqlı nəticələrlə yadda qalıb.
    Sorğu zamanı müəyyən edilib ki, əhalinin mühüm bir hissəsi (66.2 faiz) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4 faiz  isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8 faiz respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür. Məsələn, Şəki-Zaqatala və Yuxarı Qarabağ əhalisinin 80.0 faizdən çoxu birgəyaşayışın əleyhinə mövqe sərgiləyib. Abşeronda yaşayanların da əhəmiyyətli hissəsi eyni rəyi bölüşür (73.7 faiz).
    Tanınmış ictimaiyyət nümayəndələri də ermənilərlə birgəyaşayışın mümkün olub-olmayacağına dair fikirlərini “Sherg.az”la bölüşüblər.
    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı düşünür ki, hər iki xalq gec-tez birlikdə yaşamağa məcbur olacaq:
    “Müharibə bitsə də, Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Hələ yaralarımız yenidir, soyqırımılar, ermənilərin türklərə qarşı riyakar təbliğatları unudulmayıb. Hər şey millətimizin yaddaşındadır. Xalqımız ermənilərlə üz-üzə gəlməyə, birgə yaşamağa razı deyil. Düşünürəm ki, haqlıdırlar da. Amma taleyimiz belə gətirib ki, ermənilərlə qonşu olmuşuq. Belə bir deyim var: “Qonşun pisdirsə, köç qurtar”. Lakin biz köçməyə hazırlaşmırıq. Çünki Qarabağ tarixi torpaqlarımızdır. Ermənilərin də tezliklə köçüb gedəcəkləri real deyil. Ona görə də onlarla yanaşı yaşamağa məhkumuq. Bu qonşuluq bizi məcbur edəcək ki, dil tapıb danışaq və yenə əvvəlki münasibətlər bərpa olunsun”.
    Parlament üzvü hesab edir ki, Ermənistan dövlətinin antitürk siyasəti olmasa, sadə ermənilər azərbaycanlılarla mehriban yaşayarlar:
    “Biz vaxt itirmədən Qarabağda, Xocalıda, Xankəndində və digər torpaqlarımızda yerləşməliyik. Sülhməramlılar bölgədədirsə, təminat yaratmalıdırlar ki, iki xalq bir-birinin üstünə qalxmasın. Fikrimcə, yaralarımız sağalmasa da, gec-tez bir yerdə yaşamağımız bizi məcbur edəcək ki, bir-birimizə dözək və birgə yaşayaq”.
    Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu ermənilər birgəyaşayışın tərəfdarıdır:
    “Nə üçün Azərbaycanda ermənilərlə birgə yaşamaq mümkün olmur? Bunu başa düşə bilmirəm. Ermənilər dövlətimizin nəzarəti altında olandan sonra onlar bizim üçün hansı təhlükəni yarada bilərlər ki? Düzdür, ortada böyük cinayətlər olub, xeyli sayda şəhidlərimiz var. Amma bunları əsas götürərək siyasi məsələlərdə sadəlövhlük etmək olmaz.
    Əslində birgəyaşayışın mümkünsüzlüyünü təbliğ etmək xüsusi bir “tələ”dir-rusların və ermənilərin tələsi. Azərbaycan xalqı arasında belə bir rəy formalaşdırırlar ki, guya birgə yaşayış olmaz. Bu zaman desinlər ki, ya Dağlıq Qarabağ müstəqil olmalıdır, ya da rus qoşunları bölgədə əbədi qalmalıdır ki, iki xalq bir yerdə yaşaya bilmədiyi üçün sülhməramlı missiyasını yerinə yetirsinlər.
    Ona görə də belə yanaşma rusların bölgədə qalmasına xidmət edən ideyalardır. Bəziləri bu ideyanı bilərəkdən dəstəkləyir, bir çoxları isə bilmədən Rusiyanın maraqlarından çıxış edir”.
    Millət vəkili Elman Məmmədov isə ermənilərlə birgəyaşayışın tərəfdarı deyil:
    “Onlar bizi hər zaman düşmən elan edib, bu əqidə və ideologiya ilə tərbiyə olunublar. Ölkəmizdə bəziləri qeyd edir ki, “ermənilərlə mehriban yaşaya bilərik”. Bu, ona bənzəyir ki, “mən səni sevəcəm, sən sevməsən də”. Faşist ideologiyası ilə yaşayan xalq bütün türk dünyasını düşmən hesab edir. Fürsət düşdükcə isə ən qəddar və yaramaz hərəkətlərlə türklərə nifrətini təsdiq edirlər. Belə olduqda necə bir yerdə yaşamaq olar? Ermənilər məğlubiyyətdən sonra da düşmənlik mövqeyindən əl çəkmirlər”.
    E.Məmmədov söyləyib ki, baş verən müsibətlər və soyqırımılardan sonra ermənilərlə mehriban yaşamaq mümkün deyil. Ümumiyyətlə, bu, yanlışdır:
    “Bunu qəbul etmirəm. 44 günlük müharibə və ondan əvvəlki dövrlərdə də deyirdim ki, arzum ermənisiz Qarabağda yaşamaqdır. Belə deməyə haqqım var. Erməni niyə mənim çörəyimi yeyib, suyumu içməli, havamı udmalıdır?. Lakin bu, mənim və məni kimi düşünənlərin istəyindən asılı deyil. Ortada dövlətimizin yürütdüyü siyasət, cənab Prezidentin iradəsi var. Sadəcə vətəndaş mövqeyim belədir: ermənilərlə birgəyaşayışın əleyhinəyəm”.
  • Sabir Rüstəmxanlı: “Azərbaycanda 2021-ci il “Qarabağ ili” olacaq”

    “2021-ci ilin büdcəsinə Qarabağ büdcəsi kimi baxırıq. Çünki 2021-ci il “Qarabağ ili” olacaq”.

    Bunu parlamentin bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Onun sözlərinə görə, yeni ildə əhalinin sosial müdafiəsini xüsusi diqqət edilməlidir.

  • Qarabağa dönüş – Sabir Rüstəmxanlı

    1

    Yaramızdan axan qan

    qan deyil, qorxumuzdur,

    Ağrılarla qovulan ətalət yuxumuzdur.

    Dünən ağladığıma bu gün qəlbən gülürəm,

    Ölüydüm yaşadıqca, dirilməyə ölürəm.

    Nə bu ölüm yenidir, nə yarımcan dirilik,

    Üzdə bütöv olsam da ürəyim çilik-çilik.

    Yad əllər parçaladı, bölündükcə bölündük,

    Küləklərdə sovrulduq, ələklərdə ələndik.

    Çökdü bir qara zülmət yurdumun üzərinə,

    İşıqlı günlər dedik qara demək yerinə…

    Doğrandı sərhədlərim, qayçılandı yollarım,

    Başım kötük üstündə, kələfçədə qollarım…

    Allahsız, dinsiz olan unutdurdu Allahı,

    Allah sevgisi kimi yağmalandı silahım…

    Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.

    Haqq-ədalət yolunda sonadək savaşmaqdır,

    Sağalmaz yara olar boyun əymək düşmənə.

    Ömrüm sığışa bilməz parçalanmış Vətənə.

    Gözümüzdə bir əsrin axan nahaq qanları,

    Kükrəyib dağ çayıtək doldurduq meydanları.

    Meydan ana qucağı, bir ürəkdi, bir candı,

    Həsrəti qırıb tökmüş bütöv Azərbaycandı.

    Yan-yana dayanmışdı Bakı, Təbriz, Ərdəbil,

    Araz da xəcalətdən qurtarmışdı elə bil!

    Meydan yumruğa dönüb, hər yumruq bir qoşundu.

    Harayımız ildırım, sözlərimiz qurşundu.

    Gəldi Sovet ordusu, dişinə vursun bizi,

    Tanklar, toplar, mərmilər bükmədi dizimizi.

    Xalqın iradəsindən çaşıb qorxuya düşən,

    Kürsüsünə sarılıb tülkü kimi büzüşən

    Millətin haqq sözünü gətirmədən dilinə

    Daş qoydu Baş Katiblə xəyanət təməlinə.

    Yatıranda milləti yastığa dönən yalan

    Soyuq yanvar günündə Bakıda axıtdı qan.

    Ordu öz şəhərinə soxulur yağı kimi,

    Cırır bayraqlarımı düşmən bayrağı kimi.

    Gözündə vəhşi qəzəb çıxır neçə pusqudan,

    Uçaqlar göyü tutur, gəmilər qalxır sudan.

    Tanklar, raketlər gəlir dinc şəhərin üstünə,

    Tuşlanır top lüləsi körpələrin üzünə.

    Son silahla qırırlar silahsız insanları,

    “Əl çək yurdumdan!” – deyən günahsız insanları.

    İşğal ordusu durdu işğalçının yanında

    Boğdu öz şərəfini Xocalının qanında.

    Dünyanın fitvasıyla coşur Hayın harayı,

    Arxadan tankla gəlir – sovetin son alayı.

    Hüquq donub, haqq batıb, dünya eşitmir, kardı.

    Qatilə dur deməyən özü də günahkardı.

    Dərin siyasətlərin quruyacaq kökləri

    Kəsib atmaq olmasa əl gəzən ətəkləri,

    Axırda anladım ki, keçən ömür deyilmiş,

    Göydə səsim boğulub, yerdə yolum əyilmiş.

    Nəğməm ağıya dönüb, laylamız göz yaşına,

    Matəm havası hopub yurdun hər qarışına.

    Nə şeytan kimi şeytan, nə xilaskar mələyik

    Eləcə boşluqlarda üzən cansız lələyik.

    Dünya özü də bilmir istəyi nədir bizdən,

    Otuz il qara duman donubdur üstümüzdə.

    Sanki görmür kor gözü – Vətənimdir burası.

    O millətlər birliyi, bu dövlətlər şurası…

    Hamısının ağzında eyni çürük saqqızdı,

    Hamı siyasət qurdu, quzu-yurdum yalqızdır…

     

    2

    Ancaq birdən göylərdən bir şimşək çaxıb keçdi,

    Həqiqət min yalanı yandırıb yaxıb keçdi.

    Savaş deyən sərkərdə milləti oyandırdı,

    Hər ürəkdə ümiddən çilçıraqlar yandırdı.

    Yol gözləyən yurdların harayı hər gün təzə,

    On milyonun tək səsi yol açdı üzümüzə.

    Qalxdı igid oğullar, oğul düşmən çəpəri,

    Qalxdı əmrə müntəzir Azərbaycan əsgəri!

    Nəfəsi yaz nəfəsi, səsi ildırım səsi,

    Yurdun coşan ilhamı, qisas almaq həvəsi.

     

    3

    Vur, qəhrəman əsgərim, “Xocalı” bağırıb vur,

    Yad əllərdə inləyən torpağın xətrinə, vur.

    Min-min evim dağılmış, kəndlər qalmış virana

    Daşları buz bağlamış ocağın yerinə vur.

    Köstəbək yuvasında gizlənməkdir əlacı,

    Dağıt bu son deşiyi, mərmini dərinə vur!

    Ziyarətgah zirvələr gözləyir gözü yolda,

    Bu işğalı bitirib, zülmün məhvərinə vur!

     

    Nəbinin yolu bağlı, Həcərin əli bağlı,

    Xatırla bu torpaqda at oynadan kəsləri.

    Düşmən top-tüfəngliydi, onun silahı qeyrət,

    Hələ itib getməmiş Soltan bəyin izləri.

    Düşmənə su vermədən çəkilsə də içinə,

    Hər qayanın altından fışqırar kəhrizləri.

    Sən aranda, o dağda, sanır ələkeçməzdir,

    Qayada yuva açsın poladlaşan dizlərin!..

     

    Havalan zirvələrdə, mən də gəlim dalınca,

    Daha kəsməz yolumu çovğunlu qar, nəmli sis.

    Düşmən başı alovlu tərk edir cənnətimi.

    Bilir çoxdan çatıbdır geri dönmək vədəmiz.

    Tərtər yenə oxuyur Kəlbəcər nəğməsini,

    Nə qədər qan yusa da bizə baxır tər-təmiz.

    Gedənlərə qoşulub zirvəsindən enmədi

    Murovdan, Dəlidağdan uca Şəmşir dədəmiz…

     

    Yazılı daşlarıma mən də bir tarix yazım,

    Daşlar da dil açacaq diri sözlə yazılsa,

    Getdi şair dostlarım, bu yurdlardan nigaran,

    Həsrətləri soyumaz hər qaya bir saz olsa.

    Bəhmənlə Məmməd Aslan ilhamları tükənməz,

    Bir ağız da mən deyim dedikləri az olsa.

    Gözümdə bu dağların hər qayası altındı,

    Qızıl nəyimə gərək insanları qızılsa.

     

    Hələ də xatırlayır tənha Ceyran bulağı

    Üstünə Şəmşirlə bir Vurğun gələn çağları.

    Sücaət Dəlidağa bir də uçmaq istəyir,

    “Quş yerinə olaydım!” – titrəyir dodaqları.

    İmtahan bitməsini gözləyir Ənvər Rza,

    Tez qayıtsın kəndinə, başında uşaqları!

    Gəzsin xalq arasında – sazından sözünəcən,

    Qürbət olmuş Göyçənin Ələsgər soraqları.

     

    Laçın düşmən əlində hələ dirənib durur,

    İşıqlı dağlarım var qalxır qəm dumanından.

    Şair Ağa Laçınlı – Bakıdadır məzarı,

    Ruhu ayrıla bilmir anasının yanından.

    Mıxtökəndən atüstə aşsın Hüsey Kürdoğlu

    Görsün nişan qalıbmı burda ilk ünvanından.

    Yenə Turşsu üstündə qurulsun məclisimiz

    Görək hansı sözümüz çıxır saz tufanından!

    Tələs, igid əsgərim, havalar soyuqlaşır.

    Təpələr çallaşmada, bir azdan qış gələcək.

    Süleyman Rəhimlidən hər il bir yeni roman,

    Adına neçə eldən neçə alqış gələcək…

    Qaraoğlu Əlinin qələmində “Qəhrəman”

    Zəngəzurdan nə yazsa millətə xoş gələcək…

    Endirib Balayana tərsşapalaq şerini

    Dilində lətifəsi Eldar Baxış gələcək.

     

    Azıx tarixə giriş – ağız açıb çağırır,

    Hər kurqan sirrə pərdə, demə, adi təpədi.

    Bu gücüm, bu ilhamım Füzuli yadigarı,

    Diri dağlar ucalsın, diriliyi əbədi!

    Bir Vətənim bu yanda, bir Vətənim o yanda

    Arada Xudafərin bütövlüyün məbədi

    Günahımız çox olub savaşla təmizlənər

    Haq-ədalət yolunda ölmək də bir tövbədi…

     

    Yüz min əl uzadacaq bizə çinar meşəsi

    Nə Oxçu quruyacaq, nə xatirə bitəndir!

    Qayıdım Araz boyu Qarabağ düzlərinə

    Yüzillərin həsrəti ürəyimi didəndir…

    Əl edir Qarabağa qaradağlı qardaşlar,

    Qırx milyon insanıyla ora da bir Vətəndir.

    Nə sərhəd çəkilməklə millətim ayrılacaq,

    Nə birləşmək arzusu, nə də sevgi bitəndir.

     

    Qoy torpağı titrətsin üfüqdən üfüqəcən

    İlxı-ilxı şığıyan Qarabağın atları.

    Ağdamı xəritədən silmək istədi düşmən,

    Bilmədi açılacaq poladdan qanadlarım.

    Yenə Xudu müəllim Mərzilidən yol başlar,

    Dirilər naxış-naxış tariximin qatları.

    Qarabağ ağrısını yenə Muğam diliylə

    Yayar qitələr boyu Şuşanın övladları…

     

    Cəbrayıldan keçirəm – fəxri vətəndaşıyam.

    Dünyanı arşınlayan Sabirin yurdudur bu,

    Molla Pənah Vaqifdən Bayatlı Vaqifəcən

    Sözüylə, nəğməsiylə basılmaz ordudur bu.

    Sona bülbül oxuyur yenə Qədir səsiylə,

    Sanki fələkdən axan bir mübarək sudur bu

    İlahi, Qarabağım yenə öz yerindədir

    Nə müqəddəs ziyarət, nə böyük arzudur bu!

     

    Pənah xanın qalası Şahbulağın üstündə

    Düşmənin qanlı əli o suya dəyəndə, vur,

    Tikiləcək kəndlərim, sonsuz cah-cəlalıyla,

    Erməni dil uzadıb “Qarabağ” deyəndə, vur,

    Dəmir quşlar uçuşsun qartallarla yanaşı,

    İlanı yuvasında, bayquşu göyündə vur!

    Boğazı əlindəykən rəhm edib buraxdığın

    Barış deyib yalvaran sözünü əyəndə, vur!

     

    4

    …Mən sizə bu savaşda ölməyi əmr edirəm,

    Siz ölümə gedəndə ölüm sizdən qaçacaq.

    Bu şəhərin yolunu üzümüzə açsanız

    Allah da dərgahında sizə qucaq açacaq.

     

    Mən sizə bu savaşda ölməyi əmr edirəm

    Ancaq ölüm gəlmədən düşməni öldürməyi.

    Başqasının yurduna göz dikəni ağladıb

    30 il yas tutanın üzünü güldürməyi!

     

    Mən sizə bu savaşda ölməyi əmr edirəm,

    Ölümün qucağına dirilik sinməlidir.

    Əmrim ölüm olsa da ancaq bu son savaşdan

    Əsgərim qələbəylə, sapsağlam dönməldir!

    Qarşıda sıldırımlar, dik qayalar baş-başa,

    Gərək qartal olasan, gərək qanadın ola.

    Ya da bu qayalardan səni alıb qaldıran

    Bir uçuş ehtirasın, dəli inadın ola.

     

    Daşlar soyuq, sürüşkən, altda dibsiz uçurum,

    Qayaların başında düşmən əsgəri min-min.

    Yağış ol, dumana dön, düşmən duyuq düşməsin

    Gözündəki şimşəyi görənə kimi sənin.

     

    Ölüm-dirim anında haqdan gələn bir nida

    Kəlmeyi-şəhadəttək ürəklərdə bəslənir.

    Bu əmrin ilk vətəni Çanaqqala olmuşdu,

    Yüz ili adlayaraq Şuşada da səslənir.

     

    Əsgərin silahı yox, əmrin özü silahdır,

    Bu əmr özü qanaddır, qaldırır uçurumdan.

    Düşmən gözünü açıb görür bir körpə ruhu

    30 yaşa dolaraq gəlibdir Xocalıdan.

     

    Qarnı yarılan ana, döşü kəsilən ana,

    Cənnətdən süd verərək igid ərlər böyütdü.

    O zorlanan qızların bakirə gözəlliyi

    Qisasa könül verib min-min əsgər böyütdü…

     

    5

    Adına qurban olum, ey adsız qəhrəmanım!

    Ruhundakı tilsimə heyran olub durmuşam.

    Siz Vətən fədaisi! Qəlbimdə hərənizə

    Neçə ləqəb düşünüb, neçə ad uydurmuşam.

     

    Yürü, yürü, Mete xan, burda da sərkədəsən,

    Arxanca qanadlanıb Qazanla, Beyrək gəlir.

    Gürşad saraylar yıxır qırx igidi başında,

    Özgürlük deyə-deyə Xürrəmi Babək gəlir!

    Gəlir Oğuz, Bayandur, Alparslan, Qızıl Arslan,

    Çağrı bəyin yoluna düzülüb neçə oğul,

    Siz bu günün Çingizi, siz bu günün Timuru,

    Sizlərin simasında dirilibdir Ərtoğrul!

    Sizin adınız namus, qeyrət, şəhid, intiqam,

    Milyon-milyon adlı var tüpürürlər adına.

    Ata-ana ad verib böyütdülər sevgiylə,

    Sonra da alışdılar pis övladın oduna.

    Get, adsız qəhrəmanım, Qacar ala bilmədi,

    Bu qalanı seyr etdi dediyi o şüşədən.

    Qala – təxəllüsündür, Qaya – sənin ayaman

    Öz əsil adınısa alacaqsan Şuşadan…

     

    Ya da ki, Dədəm Qorqud dilləndirib qopuzu

    Türkün ölməz ruhundan verər sözə yeni can.

    Deyər ki, ayırmıram sizi bir-birinizdən,

    Şuşa fatehlərinin bir adı var: Qəhrəman!

     

    6

    Əsgər boşəllə gedir Qalanı fəth etməyə,

    Tək bircə bıçağı var, gizli tutur ovcunda.

    Bıçağın tiyəsində gözlərinin işığı,

    Neçə düşmən taleyi bir bıçağın ucunda.

     

    Tankın yarsın sinəni, topun yuvana dəysin,

    Namussuzun nə işi bu namus savaşında?

    Bir ağzın var, bir qarnın, sanki yemək güc verir,

    Dünyanın ərzağını əndərdilər başından.

     

    Şuşada şırmandıqca sanırdın yenilməzsən.

    Hələ Yallı da getdin qutsal Cıdır düzündə.

    Ayaq qoyduğun torpaq bilmədin sənin deyil

    O şənliklər, o rəqslər gələcəkdir gözündən.

     

    Vaqifin gözəlləri bu düzdə gəzən zaman

    Sənin xalqın hardaydı. Sən özün harda idin?

    Bu qala qayalarda bir qala da ucaldan

    Pənah xanın dövründə sən hansı gorda idin.

     

    Qalanın divarları – qayaların davamı,

    Burda quş quşluğuyla qanad salıb qayıtmış.

    Sərkərdələr, fatehlər ölkələr basa-basa

    Əli çatmadığından qalaya dil uzatmış…

     

    Bircə Qacar almışdı ikinci hücumunda,

    Baxmaqdan yorulanda aylarla hayıl-mayıl.

    Bəndəsi o dünyaya həsrət getməsin deyə,

    Ona gizli yolları göstərmişdi Əzrayil.

     

    Şuşada ömür sürüb, Şuşada gün keçirmək,

    Gözəllərin qisməti, igidlərin bəxtiydi.

    Neçə saray tiksə də Pənah xan Qarabağda

    Şuşa qızıl sarayı, Şuşa büllur taxtıydı.

    Şuşa Bülbülün səsi, Şuşa səsin bülbülü,

    Sözün İsa bulağı, “Çahargah” zənguləsi.

    Bəstəkar yetirməsə bundan sonra min il də

    Min il diri qalacaq Üzeyirin bəy səsi.

     

    Havası bal, suyu bal, ağzının sözü də bal,

    Onu arı əzmiylə qayalarda hörmüşük.

    Hər qarış torpaq üçün ölmək necə olurmuş,

    Ölüm sevinci nədir? Bu qalada görmüşük…

     

    İki dostla yazmışdım qayasında adımı.

    Qayadan silinsə də qalacaq yaddaşlarda.

    Şair adını yazdı, əsgərim zəfərini

    Tarixim yaşadıqca silinməz bu daşlardan.

     

    7

    Qala zülmət içində, sabah günəş doğacaq,

    Əsgər qurd gözü ilə gecə də görməlidir…

    Diş ilə, dırnaq ilə yapışıb qayalardan

    Düşmənin başı üstən qalaya girməlidir…

     

    Qalaya girməlidir hava kimi, ruh kimi,

    Tankın, topun üstünə boş əllə getməlidir.

    Qonşusunun yurduna soxulmağın sonunu

    Otuz il qanmayana bu gün öyrətməlidir…

     

    Laçın, Xankəndi yolu – tanklar burun-buruna.

    Canlı çəpər çəkibdi canilər hər köşədə.

    Düşmən hardan bilsin ki, əsgərim qanadlıdır,

    Bulud kölgəsi kimi sürüşür bu şüşədən.

     

    Ona gülməli gəlir bizim son niyyətimiz,

    Min-min gözdən yayınıb Şuşaya qalxa bilmək.

    Ölkələrə əl açan erməni ümidiylə

    Erməni ordusunu bir əllə boğa bilmək!

     

    Azuqə aşıb-daşır, silahları tükənməz,

    Yeyib-içir, əylənir, nə qorxu var, nə də qəm.

    Lap dünyanın ən güclü qoşunuyam, nə olsun,

    Üstünə hansı yolla, ha yandan gedəcəyəm.

     

    Qayaların dibiylə nəğməsiylə axır çay,

    Nə qədər coşub-daşa qalaya yetmir səsi.

    Burda kəsib yolumu, Şuşanın sinəsinə

    Sağalmaz yara vuran Daşaltı faciəsi.

     

    Yurdunun harayına qalxan igid dostlarım

    Bu dərənin dibində xəyanətə yem oldu.

    Görən, niyə soran yox, bu kimin oyunuydu

    O şeytan tələsini orda quran kim oldu?

     

    Hər yerindən duranın çiynində zər paqonu,

    Millət ayıra bilmir fərarini qaziylə.

    Onca nəfər əsgərin onbaşısı olmayan

    Papağını yan qoyub sərkərdə ədasıyla.

     

    Keçmiş olsun, Daşaltı, yenə gəlir əsgərim,

    Bu ağlar dərələrə unutdursun yasını.

    Şuşadan gedənlərin övladları gəlib ki,

    Burda axan qanların alsınlar qisasını!

     

    8

    Əsgər qalxır qalaya,

    çıxılmazdır daş-divar.

    Ancaq əsgərimin də poladdan pəncəsi var.

    Qartal dırnaqlarını daşlara çala bilir,

    Uçurumun üstündən asılıb qala bilir.

    Gecənin havasını doldurub cigərinə

    Bilir ki, vuruşacaq yüz dostunun yerinə.

    Bu qoyun sürüsünə qurd kimi saldırmalı,

    Qoynundakı bayrağı Şuşada qaldırmalı!

    Bayrağı qaldırmalı ala buludlarla tən,

    Qoy onu hər tərəfdən görsün yaralı Vətən,

    Şuşam uca olsa da, bayraq ondan da uca,

    Altında keşik çəkib mən də baxım doyunca.

    Sonra düşmən gülləsi sinəmdə yanır, yansın,

    Təki Vətən göyündə bayrağım dalğalansın!

    Qala divara möhtac, divar qalaya möhtac,

    Komandir əmr eləyir:

    – Şuşanın yolunu aç.

    Gecə sisli, dumanlı, gecə – hücum fürsəti.

    Əsgərin öz gücünü göstərmək qətiyyəti…

    Qaya üzünə durur,

    Qaya qəsdində durub.

    Qaya deyil nizədir,

    Yaraları təzədir.

    Daşaltıdan dikələn

    Qaya deyil, bəladır,

    Qayaların başında

    Yol gözləyən qaladır.

    Gecə zülmət pərdəsi

    Gözlərindən tük çəkir.

    Üstdə qulaq-qulağa

    Çaqqallar keşik çəkir.

    Keşikçi projektor

    Qaranlığı darayır.

    Yayınmaz gözdən quş da,

    Sübhə kimi arayır.

    Ancaq əsgər dayanmır,

    Yolu sözündən keçir.

    Dumanın qanadından,

    İynə gözündən keçir…

    Nə ordu vecinədir,

    Nə Qacar deyən “şüşə”.

    Bir həsrətli tələsir

    aşiqiylə görüşə.

    Gecə nəmli, divar yaş,

    Oğlum, ehtiyatlı ol, ayağından qaçar daş,

    Əsgər hərdən yan-yana, hərdən nəfəs-nəfəsə,

    Hərdən qulaq kəsilir qaladan gələn səsə.

    O haqqın sorğuçusu, son hökmü verən Allah

    Görünməz bir tor hörüb, kim bacarar, ya pənah!

    Əsgər asılıb tordan qalxır hörümçək kimi

    Sarmaşıb qayalara yazağzı çiçək kimi.

    Hər daşda bir kəpənək,

    Buz daşları isidən, qəzəbdən yanan ürək…

    Damarında dolaşır Xocalıda axan qan.

    Ay doğa onbeşgünlük, yapışa işığından.

    Göydən bir ulduz baxa, qollarına güc gələ,

    Süd yoluna sarılıb bircə anlıq dincələ.

    Qatılaşır qaranlıq,

    Əsgər durmur bir anlıq.

    Ona qalxmaq əmri var,

    Düşmənin mövqeyini yaxıb-yıxmaq əmri var.

    Maska üzünü örtür, gözlərini gizləməz.

    Torpaqdan göyərəcək! Düşmən bunu gözləməz!..

    İstehkam, səngərləri dağılacaq bu gecə,

    Allahın köməyiylə, ədalətin hökmüncə.

    Ölüm mələyi kimi qonsun düşmən bağrına,

    Bir əsgər qələm çəksin yüzünün varlığına.

    Qayalar da xəbərsiz, qarşısında dikəlib,

    Ancaq doğma nəfəsdən onlara da can gəlib!

    Dırmaşırlar divarla – silahı bıçaqları,

    Savaşda ad çıxarmış Yaşmanın uşaqları.

    Beynində neçə arzu, neçə görüş həsrəti…

    Hamısını unutmuş,

    Bir əli qaranlıqdan, biri buluddan tutmuş…

    Düşməndən alacağı qisas qaldırır onu,

    Ürəyinə güc verən yol gözləyən ellərdir.

    Çatır qulaqlarına anaların ağısı,

    Fələyə üsyanları davam edir illərdir.

     

    Gözündə Xocalının, Gəncənin körpələri,

    Tərtəmiz gözlərindən yaş yerinə qan axır.

    Çox sevinmə bu yasa, dayan, uşaq qatili,

    Barmağım gözlərini deşmək üçün darıxır.

     

    Uzaq maviliklərdən baxır Polad Həşimli

    Mehriban bir səs ilə “Qalx!” deyir əsgərinə.

    Silkələ qayaları, yol aç qaya döşünlə

    Yürü, xeyir-duamla mən də köməyəm sənə.

     

    Şəhidlərin ruhları qaya üstə çıraqdı,

    Mübariz də dumandan sıyrılıb gəlir birdən.

    Fikrində son döyüşü özü gedir qabaqda

    Qoruyur divar kimi əsgəri güllələrdən.

     

    Nə qədər sərt olsa da, bu qayalar, bu daşlar

    Övladını tanımış, yol verib qaldıracaq.

    Duman görünməz edib, bu gecə əsgərlərim

    Bir qoyun sürüsünə Qurd kimi saldıracaq.

     

    Birdən sükut pozulur,

    düşmən şübhəyə düşmüş,

    Elə bilir canlıdır dumandan sıyrılan daş.

    Qayaya baxa-baxa səngərində büzüşmüş,

    Dərələrdən dumanla kim qalxır yaşaş-yavaş?

     

    Projektor işığı gözünü qamaşdırır

    Növbə çatsa sevinclə gedib bir az yatardı,

    Bu dibsiz uçurumlar xəyalını çaşdırır.

    Günəş çıxsa canından bu qorxunu atardı…

     

    İşıqla bir gecəyə yağır güllə yağışı,

    Əsgərim yaralandı, gücü yox dırmaşmağa.

    Şuşanı öz gözüylə görmək arzusu vardı,

    Öndə son maneədi, qanadı yox aşmağa!

     

    Tez yaralı əsgəri dostu alır çiyninə,

    Yox, burda dayanılmaz,

    silahdaş buraxılmaz,

    Daşlara sinə-sinə yuxarı qalxır yenə,

    Bir əsgər yolda qalsa bu qalaya çıxılmaz…

     

    Qollarını boynuma bərk-bərk dola, buraxma,

    Səni qaldıracağam – bu daşlar buz olsa da!

    Yaran da sağalacaq Şuşanın havasından,

    Bir yerdə gedəcəyik bu yol sonsuz olsa da!

     

    Boynunu qucaqlayan dostu deyil, qanaddır,

    Soyuq payız gecəsi əsgərim yanıb gedir.

    Nə sınmaz bir dəyanət,

    nə sarsılmaz inaddır

    Yaralı dost yük deyil, yenə dırmanıb gedir!..

     

    “Qardaş, sən burax məni,

    ağıram, üzülmə, get!

    Bax Şuşaya doyunca, mənim də gözümlə, get!”

     

    “Şuşaya öz gözünlə, sap-sağlam baxacaqsan!”

    Belə deyir əsgərim yaralı qardaşına.

    Allah ona güc verir, coşur damarında qan,

    Hamıdan tez dırmanır qayaların başına!

     

    Düşmənin əcəlidir qayadan qalxıb gələn,

    Haraya qalxır-qalxsın, tapacaq endirəcək.

    Neçə projektoru sübhün əsintisiylə,

    Ya da öz nəfəsiylə şam kimi söndürəcək!

     

    Üzeyirin “Cəngi”si birdən gəlmişdi dilə,

    Xanın, Seyidin ruhu bir muğam çaldırırdı.

    Şəhid qəhrəmanlarım öz ruh əlləri ilə

    Adsız qəhrəmanları Qalaya qaldırırdı!

     

    9

    Arxada qaldı divar, öndə düşmən səngəri,

    Səngərin o üzündə ruhumuzun şəhəri.

    Pənah xanın, Vaqifin, Natəvanın şəhəri,

    Zirvələrə köklənən tar-kamanın şəhəri.

    Hər həyətdən yollara aşan qızıl gülləri,

    Canlı güllər eşqinə oxuyan Bülbülləri.

    Nəcəf bəyin ocağı, Əhməd bəyin yuvası,

    Hacıbəyli nəslinin bitməz vətən qovğası.

    Gah tarixə əl atdı, gah bu günü dindirdi

    Gah da Koroğlu yazıb milləti sevindirdi.

    Həm bulaq zümzüməsi, həm okean səsiydi

    Üzeyir musiqisi – ruhun möcüzəsiydi…

    Söz-söhbəti dillərdə, kefi daim çağ olan,

    İşi – sənət, musiqi, yazıb-yaratmaq olan

    Dağı, daşı, torpağı tarixdən bu yana sirr,

    Bir qaraçı nəslinə qala bilərmi əsir…

    Səsim, sözüm, musiqim bu qayanın üstündə,

    Məni kim endirəcək bu qayanın üstündən?

    Bu səngərdə yenilsən divardan enmək olmaz.

    Şuşanı fəth etmədən geriyə dönmək olmaz…

     

    Əsgər fürsət bilincə qaranlıq gecələri

    Dumanla qatılaşıb bu bələdçi qaranlıq.

    Səsindən işıqlanıb şəhərin küçələri,

    Addımından oyanıb yatan ruhlar bir anlıq.

     

    Mürgülü keşikçilər göz açıb-qırpanacan

    İçirlər nuşi-canla ölümün şərbətini.

    Nə anlaya biliblər hara uçub getdi can,

    Nə sözə növbə çatıb anlada heyrətini.

     

    Göyün dumanı kimi qondu düşmən başına

    Yerdən, göydən gəldiyi bilinməyən bir əsgər.

    Mərmi, güllə başına dolu kimi yağsa da

    Yürüşü pozulmayan, ələnməyən bir əsgər.

     

    Səsi çıxmazdan qabaq ağzından çıxır canı,

    On ölkədən gələnin əcəli burda çatır…

    Düşmən bir də ayılır, yollarında Şuşanın

    Məscidə doldurduğu donuz sürüsü yatır.

     

    Döşünə döyən ordu qanqal kimi biçilib,

    Leş leşin üstündədir, oyanmaz bu yuxudan.

    Düşmən siçana dönüb, düşmən elə kiçilib

    Silahla bir-birinə saldırır qorxusundan.

     

    Günahsız körpələrin qanı tutub gözünü.

    Hesabat verməlidir bu qiyamət günündə.

    Qorxudan ağlı çaşıb biçir özü-özünü.

    Bir ordu qaçıb gedir yüz əsgərin önündən.

     

    İntiqam səhnəsini qəsdən uzadır gecə,

    Yalvarışlar qaçırır dağların yuxusunu.

    Dumana çevrilərək yerə üz sürtüb keçən

    Əsgər aslana dönüb qovur it ilxısını.

     

    Dabanına tüpürüb generalı, zabiti,

    Tankın, topun üstündən tullanaraq qaçırlar.

    Arvad-uşaq qatili dözmür ər döyüşünə

    Tülkü texnikasını qullanaraq qaçırlar.

     

    Şuşanın dolayları dönüb şahmar ilana,

    Sağ çıxanlar bu yolda ərisinlər, itsinlər

    Heç kim cəsarət edib boylanmasın dalına.

    Açılıb Laçın yolu, qoy rədd olub getsinlər!

     

    Şuşanın gecəsindən yad nəfəsi hayların

    Sökülüb atılınca astaca sökülür dan.

    İşığı qayıdıbdır Günəşlərin, Ayların

    Müqəddəs bayrağımdır gecəni aydınladan!..

    ***

    Bu gün türkün bayramı, işğalçının yasıydı,

    Allahın hökmü ilə yazılmışdı bu yazı,

    Onun “bəla” dediyi Allahın balasıydı.

    Xocalı qırğınının alınmışdı qisası.

     

    Ordum Cəbrayıldadır, Arazdan bir az bəri,

    Arada sıx meşələr, neçə cəbhə xətti var.

    Düşmən hələ bilmir ki, savaşın dahiləri

    Adsız qəhrəmanlarım, Yaşma igidləri var.

     

    Allahın hökmü ilə yazılmışdı bu yazı,

    Millətimin zilləti axır çatmışdı sona.

    30 illik həsrətin alınmışdı qisası,

    Bir milyon göz baxırdı öz viranə yurduna!

     

    10

    Murovun, Dəlidağın üstündən çəkilir çən,

    Qəddini yavaş-yavaş dikəldir yorğun Vətən.

    İntizarı dağılır yad olmuş sahillərin

    Süsləndikcə üçrəngli bayraqla Xudafərin.

    Otuz il ümid verib bizi susduran susur,

    Ümidini qırdıqca Azərbaycan ordusu.

    Bayram havası gəzir şəhərləri, kəndləri

    Paylandıqca hər axşam qələbə tvitləri.

     

    Ax dünya, qəddar dünya, əsiridir yalanın,

    Başını əzib keçmir bu zəhərli ilanın,

    Köhnə Səlib havası dolaşdıqca başında

    Neçə ölkə səf tutur yenə din savaşında.

    Tanrı da əsir düşüb siyasətə, sirr deyil,

    O özü bir olsa da elçiləri bir deyil.

    Şükür, yıxıb dağıdır bu çürüyən bütləri

    Qanımdan qanad taxan qələbə tvitləri.

     

    Şeytan üskük oynadır erməni kilsəsində,

    Nə Allah sevgisi var, nə inanc hiyləsində.

    Hər keçənə əl açır, hər tərəfdən pay umur,

    Dosta xəyanət edib kənardan haray umur.

    İnsanlıqdan danışır, ancaq xəyalında qan,

    Nə keşişdən əl çəkir, nə ayrılır molladan.

    Pozur bu oyunları yurdumun igidləri

    Yayıldıqca dünyaya qələbə tvitləri.

     

    Qartal kimi açılır Şuşanın qanadları,

    Yorur Cıdır düzünü Qarabağın atları.

    Haqq tutur öz yerini, kökü kəsilir şərin,

    Dağıdır matəmini səsimiz Kəlbəcərin.

    Açır öz qollarını Kirs yolu, Laçın yolu,

    Düzlənir ayağımda dağların qırçın yolu.

    Aşıb keçir əsgərim divarları, sədləri

    Dilində nəğmə kimi qələbə tvitləri!

     

    Bu bizim haqq işimiz, ədalət savaşımız,

    İntiqam ala-ala dikələcək başımız.

    Vur, əsgərim, vur! – deyə əmr eləyir Komandan

    Qoy bir də yurdumuzda tokülməsin nahaq qan.

    Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,

    Başımızın üstündə üçrəngli bayrağımız!..

    Qovur öz yuvasına quduzlaşan itləri

    Ali Baş Komandanın qələbə tvitləri!

     

    11

    Minadan təmizlənsə gedərdik Qarabağa,

    Bəlkə tövbə etməyə, bəlkə üzr istəməyə.

    Cığırları oyadıb, kəmənd atıb hər dağa,

    Sizi çox gözlətmişik, bağışlayın, deməyə.

     

    Düşünmə daş cansızdır, öz ömrü var daşın da,

    Soruşsan doğma dillə güzgü tutar min ilə.

    Ancaq ölçü ayrıdır onun daş yaddaşında.

    Onun vaxt sayğacının adı bilinmir hələ…

     

    Hər qaya milyon ilin harkdiskidir elə bil,

    Göyün bütün səsləri yazılıbdır o başdan.

    Ulduzların dili də bəlkə ona yad deyil,

    Bəlkə də qopub qalır bir uzaylı uçuşdan.

     

    Kağızlar yandırılır, papiruslar çürüyür,

    Ancaq torpaq kitabın pozulmur yazıları.

    Ağac kimi, ot kimi bu dağları bürüyür

    Nəslimizin minillər yaşayan arzuları.

     

    İndi otlar saralıb, evimiz külə dönüb,

    Ölüm nəfəsi əsib hər cığırdan, hər izdən.

    Biz də dirilik kimi dizin-dizin sürünüb,

    Ayrılaq evimizdə qaçqın keçmişimizdən.

     

    Yaz gələ, ağac kimi çiçəklənə həvəsim,

    Çatılan köçlərlə bir qayıdım Dəlidağa,

    Bu şəhər tünlüyündə sıxılanda nəfəsim

    Loğman dağlar yenidən yol açar yaşamağa.

     

    İstisuyun başında susmaz sazın kafesi –

    Yanıq divarlarda da bir ilham rüzgarı var.

    Ala göllər üstündə coşar cıdır həvəsim,

    At uçar, daşlardan da göylər məni çağırar.

     

    Bu daş kitabələrdə dünya fərqli, vaxt ayrı,

    Daşların güzgüsündə bir də boylan elinə,

    Gör hansı gözəlliklə insan açar axtarır

    Buludların şəklinə, ulduzların dilinə.

     

    Görək adsız bulaqlar kimi qonaq gətirib

    Şamil qardaşımızın Kürd ovşarı səslənsin.

    Bu dağlar əzəl gündən mərd oğullar qucağı,

    Qoy yenə hər obada aşıqları bəslənsin.

     

    Dağların da ruhu var – o, bizim ruhumuzdur,

    O, insanın eşqidir, pirə, məbədə dönən.

    Altaydan Qarabağa nizami ordumuzdur,

    Qara dumanlarda da yenə uca görünən!

    “Yar-yarını istəsə!” – dağlardan bir qız səsi,

    Əbədi bir gəncliklə sevgisini oxuyar.

    Yenə hər gün Turşsuda bir Koroğlu nərəsi,

    Yenə qızlar xalçada Nigar eşqi toxuyar.

     

    Zirvələrə qalxınca gücümüz oyanacaq

    Bu güc tarixdən gələn ulu Turan gücüdür!

    Savalandan Tanrıya, Ağrıdan Altaylara

    Min illərlə var olan bir qəhrəman gücüdür.

     

    Süfrəmdən pay umanlar bir deyil, iki deyil,

    Elə ki, qarnı doyur unudur keçmişini.

    Bu dağlar öz suyundan yolçuya da pay verər,

    Harama əl uzatsa sındıracaq dişini.

     

    Yolu Təbrizdən keçir Qarabağın demişdi

    Bir ilkə qəhrəmanı çarəsizlik anında.

    Sən demə, Qarabağdan keçirmiş Təbriz yolu,

    Millət hökmünü verdi bu savaş meydanında.

     

    12

    Gözün aydın, Millətim, qurtardın sıxıntıdan,

    Daha hədyan maşını üstünə gələ bilmir.

    Ancaq erməni pulu dolaşdıqca ortada

    Dini, irqi pul olan yatıb dincələ bilmir…

     

    Dünya boynunu büküb böyük güclər önündə

    Çarəsiz, əli bağlı sonunu gözləyərkən.

    Ayılara güvənən tülkünü boğmağınla

    Məzlumların könlünə sən oldun ümid əkən.

     

    O əllər ki, uzandı sənə çətin günündə

    Qardaşların əlidir qızıla tutulmalı.

    Üzdə bəradər deyib, düşmənə dayaq olan

    Dinimə ləkə olan şeytandan qurtulmalı.

     

    13

    Ey qoca Azərbaycan! Haqq nazilir, qırılmır,

    Sənin Zəfər gününə yazıram yeni dastan.

    İki bitməz nəğməsi olmalı bu dastanın

    Birincisi Türkiyə, ikincisi Pakistan.

     

    Ədalətdir yolumuz, bunu Allah görürdü,

    Ədalətə söykənən verməz namərdlərə can!

    Bu namus savaşında səsinə səs verirdi

    Ankaradan Türkiyə, Kəraçidən Pakistan!

     

    Üç bayraq dalğalanır üç qardaşın şəninə.

    Silir göz yaşlarımı iki əl, çıxım yasdan.

    Bir dua da artacaq duamın üzərinə,

    Alqış sənə, Türkiyə, Alqış sənə, Pakistan!

     

    14

    Bir vaxt Nuru paşa da gəldi qardaş hayına,

    Dirək oldu yurdumda min könül sarayına,

    Ocağımız küllənib, ümidimiz sönəndə,

    Bakı, Şuşa, Zəngəzur qan gölünə dönəndə.

    Tiflisdən, Qarabağdan, Naxçıvandan keçmişdi.

    Neçə gizli tələdən, neçə qandan keçmişdi.

    Osmanlı zor durumda, qardaşın halı da pis,

    Bir yanda rus daşnakla, bir tərəfdə ingilis.

    Bütün oyunlar bitib, bütün yollar tutulmuş,

    Bakı bunların olub, millətim unudulmuş.

    Onda da öyünürdü düşmən silah-sursatla,

    Bakı dəmir zirehdə, paşam tələsir atla,

    Ancaq atı uçuran belindəki qeyrətdi,

    Düşməni diz çökdürən gənc paşaya heyrətdi…

    Aradan yüz il keçib, dünya köhnə dəyirman,

    Üyüdülmək növbəsi – sırada biz, müsəlman!

    Sırada biz – Ədalət! Haqq deyib, haqq istəyən,

    Öz halal torpağına sahib çıxmaq istəyən!

    Zaman deyir dağının, daşının qədrini bil,

    O köməyə tələsən Paşanın qədrini bil!

    Kökün, gövdən bir olub, budağın da bir olsun,

    Qaldır bu sərhədləri, torpağın da bir olsun!

    Mən bu yolun ağıyam,

    Ağıyam, çırağıyam,

    Sür gözünə nur gəlsin

    Türküstan torpağıyam!

    Torpağın bir olanda gözünə nur gələcək!

    Sənin ədalətində millətlər dincələcək!

    Turan deyib qorxurlar, sən də böyü Turan ol!

    Bu nifrət əkənlərin ümidini qıran ol!..

    15

    Yolüstü söhbət

    və ya

    Qələbədən 25 il öncə yazılmış nəticə

     

    …Görən, yenə Şuşanın bal dadırmı havası,

    Tərtərin nəğməsinə, görən, kim qulaq asır?

    El gedəndən Həkəri necə boğur hirsini,

    Yazılı daşlarımız kimə verir dərsini?

    Bizləri unutdumu, görən, Göyçə, Zəngəzur

    Təbriz niyə danışmır, Ərdəbil niyə susur?

    Bu ehkam dağlanda qatmazlar ki, aranı

    Nə qədər vaxt gərəkdir sağaldaq bu yaranı?

    …Hər sözün başı sual, hər sualın sonu qəm,

    Bu qəmlərin ardında qəmsiz səhər görürəm.

    Deyirsən bitəcəkmi bu ağrılar?

    Deyirəm, hə, bitəcək!

    Ömrümüz o illərə yetəcəkmi?

    – Yetəcək!

    Ovacağıq Şuşada düşmənlərin burnunu,

    Erməni kimdir türkün sındıra qürurunu?

    Bu da Qərbin fitvası, bu da bir sirdi olub,

    Yoxsa o bizi yensin?

    Hansı əsrdə olub?

    Bu köç geri dönəcək səfərdən dönən kimi,

    Dağlar da dikələcək ruhumuz dinən kimi!

    Qurulacaq Qarabağ əvvəlkindən daha şən

    Bərdədən Göyçəyəcən.

    Sağalacaq yaralar olsa nə qədər dərin,

    Belini dikəldəcək qocaman Xudafərin.

    Ağdamın ağ damları,

    Qızılgül hasarları,

    Kəlbəcər yaylaqları,

    Alagöllər üstündə sazın coşan çağları

    Hər bulağın üstündə uzanan məclisimiz,

    İşıqlı dağınacan işıq saçan izimiz.

    Türbələr, qurbangahlar,

    Didərgin ruhlarımız

    Sərvətimiz, varımız,

    On çadırlı obadan min evli kəndlərəcən,

    Kağız üstə yarımçıq çəkilmiş bəndlərəcən,

    İlxıların atından, sürünün itinəcən

    Həkəri balığından,

    Murovun südünəcən.

    Hər şey dönəcək geri,

    Tutacaq öz yerini!

    Elimiz unudacaq bu sınıq günlərini.

    Dağlara ruh gələcək Şikəstədən, Muğamdan

    Düşmənlərin əlini üzəcəyəm yaxamdan.

    Millətim dikələcək qırx milyon, əlli milyon.

    Bu birlik mahnısını qitələr eşidəcək,

    Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə

    Əngəlsiz, maneəsiz yollarım çəkiləcək!

    Sümüyə dirənibsə əsarət bıçaqları

    Qapımın ağzındadır, demək xoşbəxt çağlarım.

    Tarix qatarlarını saxlamaz öz yolundan

    Kiminsə hədələri, kiminsə öləcəyi.

    Azərbaycan içindən doğulur, diqqətlə bax,

    Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!

     

    ***

    Bu sözlər yazılanda hələ keçən əsrdi,

    Hələ Qarabağımız erməniyə əsirdi.

    Ölkə zəif, imkansız, halı pisdir millətin,

    Arxalı köpəkləri silahla yenmək çətin…

    İşğalçı göz yaşıyla əl atırdı hər yana,

    Dünya bizi eşitmir, dünya ona inanan.

    Ancaq türkün şərəfi taxtından enməmişdi.

    İçimdəki ümidlər sozalıb sönməmişdi…

     

    Noyabr, 2020

  • Sabir Rüstəmxanlı: “Siyasi partiyalara ayrılan vəsait artırılmalıdır”

    “Partiyaların qeydə alınması ilə bağlı qanunda dəyişikliklərin edilməsi kifayət qədər mütərəqqi addımdır”.

    APA-nın məlumatına görə, bunu Milli Məclisinn  bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

    Deputat bildirib ki, amma burada bəzi qaranlıq məqamlar var: “Yaxşı olar ki, buna aydınlıq gətirilsin. Məsələn, yeni qeydiyyatdan keçmiş siyasi partiyalara vəsait nə vaxtdan başlayaraq ödəniləcək və s.”.

    Deputat Sabir Rüstəmxanlı isə təklif edib ki, siyasi partiyalara ayrılan vəsait artırılmalıdır: “İkincisi, mən bu iki partiyanın maliyyələşməsinin əleyhinə deyiləm. Amma bu partiyalara üzvlərin sayının artması ilə bağlı hüquqi çərçivə müəyyən edilməlidir”.

    Deputat Tahir Kərimli isə qeyd edib ki, dəyişiklikdə 5 % məsələsi parlamentdə təmsil olunan 2 yeni partiyaya ayrılacaq: “Necə ola biləcək ki, bir partiyada təmsil olunan bir deputat 150 min, digər partiyada təmsil olunan 100 min vəsait alsın. Doğrudur, mən qeydiyyatda olan partiyaların dövlət büdcəsindən maliyyələşməsinin tərəfdarıyam. Amma hazırda qeydiyyatda 52 partiya var. Bütün bunlar ona gətirib çıxarır ki, partiyalara ayrılan vəsait artırılsın. Sabah büdcə müzakirələrində çıxışımda bununla bağlı maliyyə nazirinə müraciət edəcəm. Sabah parlamentdə bitərəflər partiya yaradıb qeydiyyatdan keçə bilər. Bunlar nəzərə alınmalıdır”.

    Vitse-spiker Fəzail İbrahimli Razi Nurullayevə bildirib ki, üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən başlayaraq vəsaitin verilməsi hesablanacaq: “Tahir Kərimli və Sabir Rüstəmxanlının narahatlığı vəsaitin azalması ilə bağlıdır. Ancaq qanunda bu, aydın göstərilib. Qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığı da müəyyənləşib, dövlət büdcəsindən ayrılan əlavə vəait hesabına bu ödəniləcək”.