Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlı: “Koronavirus bütün milləti narahat edir”

    Milli Məclisin plenar iclasında söz alan Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının lideri  Sabir Rüstəmxanlı koronavirusla bağlı getdikcə ağırlaşan vəziyyətdən bəhs etdi: “Koronavirus bütün milləti narahat edir. Müharibə ilə bağlı insanların küçələrə çıxması vəziyyəti daha da gərginləşdirmişdi.

    Digər tərəfdən, camaat koronavirusla əlaqədar müayinə olunmur. İnsanlar çox zaman həkimə müraciət etmirlər. Bir dəfə müraciət edəndə 100-120 manat pul ödəyirlər. Bunun kasıbı, imkansızı var. Adamların imkanı olmur, yoxlanmır, özfəaliyyət nəticəsində isə xəstəlik sağalmaqdansa, dərinləşir”.

    S.Rüstəmxanlı nəqliyyat probleminə də diqqət çəkdi: “Axşamlar biz baxırıq, avtobuslara yaxın düşmək mümkün deyil. Metro dayanıb, dayanacaqlarda adamlar elə bil mitinqə çıxıb. Digər tərəfdən, metronun fəaliyyəti dayanıb. Avtobuslara minmək mümkün deyil. Hesab edirəm ki, metro işləsə, işi asanlaşdırar. Ona görə də xahiş edirəm, əlaqədar təşkilatlar bu iki məsələyə diqqət yetirsinlər”.

     

  • Fəzail İbrahimli: “Fransa Qarabağ probleminin Ermənistanın xeyrinə həll olunmasını istəyirdi, amma yanıldı”

    “Məhz 28 ildir ki, Fransa və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb. Ötən 28 il müddətində ancaq bir tezis irəli sürülüb ki, münaqişənin sülh yolu ilə həllindən başqa yolu yoxdur. Ancaq Azərbaycan Prezidenti əməli ilə sübut etdi ki, məsələ sülh yolu ilə həll olunmursa, alternativlərdən istifadə etməklə münaqişəni həll etmək olar və həll etdi də. Bu hərb yolu idi və cənab Prezident dünyaya nümyiş etdirdi”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

    Milli Məclisin Sədr müavininin sözlərinə görə,Fransa  Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman açıq formada işğalçı Ermənistanın mövqeyini birmənalı şəkildə müdafiə edib. “Fransa hökumətinin ümumiyyətlə Türk  və İslam dünyasına münasibətdə  digər Avropa ölkələrindən fərqli mövqe sərgiləməkdədir. Onu deyim ki, Fransa hər zaman  Türkiyənin Avropa Birliyinə daxil olmasına ən ciddi  maneçilik  törədən ölkə olub. Türkiyənin yolunu bağlamağa çalışdılar. Nəticə nə oldu? Avropa Birliyi özü parçalandı. Digər bir məqam Fransa parlamenti uydurma erməni soyrırmını tanıyanları cəzalandırmaq barədə qərar etdi.  Ümumiyyətlə Fransanın tarixi yetərincə ləkələrlə dolu bir ölkədir. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edib. Özünü “insan haqlarının və demokratiyanın vətəni”  sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki,  insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib”- millət vəkili qeyd edib.

    Millət vəkili bildirib ki, biz 44 günlük müharibə zamanı da  Fransanın ədalətsiz və proseslərə qeyri-adekvat münasibət bəslədiyinin şahidi olduq: “Fransa hər vasitə ilə  Azərbaycanın əks-hücum əməliyyatlarının dayandırılmasına çalışırdı. O destruktiv fəaliyyətini üçtərəfli sülh bəyanatından sonra da davam etdirməkdədir. Məhz Fransa və digər ölkələrin sayəsində 28 il idi, münaqişə həll olunmurdu. Onlar istəyirdilər ki, daha 27 il keçsin və məsələ unudulub getsin.  Məsələ ermənilərin xeyrinə həll olunsun. Amma yanıldılar.  Xülyaları baş tutmadı. Azərbaycan Prezidentinin uzaqgörən, müdrik siyasəti nəticəsində həllini tapdı”.

    Millət vəkili hesab edir ki, artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayıb. “O artıq bir keçmişdir. Rusiya Prezidenti Vladimir Putin bu  günlərdə bəyan etdi ki, artıq Dağlıq Qarabağ problemi siyasi leksikondan silinib. Türkiyə ilə Rusiya arasındakı  sivil münasibətlər nəticəsində Qarabağ problemi həll olundu. Cənab Prezident də məsələ ilə bağlı mövqeyini bəyan edib. Erməni millətindən olan insan da Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyirsə, buyursun,  gəlsin. Necə ki, digrə millətlərin nümayəndəsi yaşayır və yaxud da erməni başqa ölkədə hansı statusla yaşayırsa, o cür yaşasın.  Məgər hər ölkədə ermənilərə status verilir. Bir daha qeyd edirəm ki, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirlərsə gəlsinlər. Odur ki, məsələyə kimlərinsə hansısa formada müdaxiləsi yolverilməzdir və bu ümumiyyətlə qeyri-mümkündür. Nəticə etibarı ilə Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi.

    Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır.  Fransa  bu hərəkətləri “dəyirman öz işindədir, çax-çax baş ağrıdar” məsəlinə bənzəyir.  Odur ki, dünyada heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Çünki haqq-ədalət Azərbycanladır və biz bunu sübut etdik”.

    Mürtəza

    Ölkə.Az

  • “Bu qədər qan töküldükdən sonra Azərbaycan…” – Sabir Rüstəmxanlı

    Son günlər Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyacağı ilə bağlı fikirlər səslənir. Hətta ölkə prezidenti Erkin Tatarın Azərbaycana səfərinin gözlənildiyi barədə də məlumatlar yayılıb. Siyasi şərhçilər iddia edirlər ki, bu məsələ Fransa və Niderlandın Avropa İttifaqını qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımağa məcbur etməsi ilə bağlıdır.

    Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı vurğulayıb ki, Fransanın hansı addım atmasından asılı olmayaraq Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər:

    “Şimali Kipr neçə ildir ki, müstəqil bir dövlətdir. Amma Dağlıq Qarabağ heç vaxt bu şəkildə mövcud olmayıb. Sadəcə Azərbaycan Respublikası öz daxilində 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verdi. Amma 1988-ci ildə onun Ermənistana birləşmə iddiası ortaya atıldıqdan sonra muxtariyyət hüququ tamamilə itirildi. Hazırda elə bir vilayət yoxdur”.

    Deputat qeyd edib ki, bu qədər qan töküldükdən sonra Azərbaycan təzədən ona hər hansı status verə bilməz:

    “Bir ovuc adam özləri üçün nəsə düşünüb belə bir qondarma dövlət yaratmaq istəyirdi. Amma onu da son müharibə ləğv etdi. Hazırda heç belə bir söhbət də yoxdur. Ona görə də Dağlıq Qarabağ məsələsini Kipr və ya başqa bu kimi məsələlərlə bir tərəziyə qoymağın mənası yoxdur”.

    pia.az

  • Sabir Rüstəmxanlı:“25 ilin şeiri Vətən müharibəsində marşa çevrildi”

    Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun qalib hərbçilərinin dağlıq ərazidə istirahət etdikləri anın video-görüntüləri yayılıb.

    Video görüntülərdən məlum olur ki, həmin anlar ağır döyüşdən sonra lentə alınıb, əsgərlərimiz yorğundurlar və şəraitsiz şəraitdə iri daşları balış əvəzi istifadə edərək, dincəlirlər. Bu görüntlərin fonunda “Millətəm” adlı mahnı səsləndirilir və video qədər, həmin mahnı haqqında da sosial şəbəkələrdə müzakirələr edilir.

    Peşəkarlıqla yazılan sözləri, mövcud ab-havaya uyğun bəstəsi ilə diqqət çəkən mahnının müəllifləri kimlərdir? Bu mahnı necə ərsəyə gəlib?

    Musavat.com xəbər verir ki, “Millətəm” marşının sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi bəstəkar-müğənni Elçin Cəfərova, aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Layihənin prodüseri Vüqar Şəfiyev, rejissoru Orxan Əliyev, montajçısı isə Nemət Uğurdur. Marşı müğənnilər Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov, Ramal İsrafilov, Samir Piriyev, Emil Bədəlov, Elçin Cəfərov və Elton Hüseynəliyev ifa edib. Şeir hissəsini isə aparıcı Xəzər Süleymanlı səsləndirib. Layihə Qarabağ uğrunda savaşan əsgərlərə dəstək məqsədilə ərsəyə gətirilib. Oktyabrın 2-si təqdim olunan bəstə və klip sosial şəbəkədə paylaşılan gündən diqqət çəkib.

    Musavat.com olaraq “Millətəm”in yaranış tarixçəsini daha ətraflı öyrənmək üçün müəllifləri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və onun kürəkəni, müğənni Elçin Cəfərovla əlaqə saxladıq.

    Şeirin tarixçəsi barədə Musavat.com-a danışan Sabir Rüstəmxanlı bildirib ki, “Millətəm” marşı onun üç şeirindən götürülərək, bəstələnib: “ “Millətəm” şeiri 1995-1996-cı illərdə yazılıb, 24-25 ilin şeiridir. Bir çox şeir kitabımda çap olunub. Elçin Cəfərov şeirlərimi oxuyanda o şeirə mahnı bəstələməyə qərar verib. “Millətəm” marşı üç şeirimin birləşməsidir. Biri “Millətəm” şeiridir. Biri 1992-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın himni üçün yazdığım şeirdən parçadır. Digər hissə isə başqa şeirimdəndir”.

    S Rüstəmxanlı marşı ilk dinləyənlərdən olduğunu deyib:
    “ “Millətəm”i dinlədim, çox bəyəndim. Elçin gözəl bəstələyib, müğənnilərimiz gözəl oxuyublar. Hazırda Elçin “Qələbə” adlı şeirimə bəstələdiyi mahnı üzərində çalışır. Yaxın günlərdə bəstə təqdim olunacaq. İnşallah, o mahnı da uğurlu olar”.

    Müğənni Elçin Cəfərov isə saytımıza açıqlamasında bildirib ki, “Millətəm” marşının sevildiyini görəndə qürur hissi keçirir:
    “Sabir bəyin oxucularından biri də mənəm. “Millətəm” şeiri hisslərimə toxundu, musiqi bəstələdim. Bir günün içində ifa etdik, bir günün içində klip çəkdik. Mənimlə yanaşı marşı sənət dostlarım da ifa ediblər. İfa edəcək müğənniləri özüm seçdim. Bəstəmin əsgərlərin videoları ilə birlikdə təqdim olunması mənə qürur hissi verir. Bundan gözəl hiss ola bilməz.
    Hazırda sözləri Sabir Rüstəmxanlıya aid olan “Qələbə” adlı mahnı üzərində çalışıram. Bu həftə mahnını təqdim edəcəyik”.

    Könül İbrahim
    Musavat.com

  • “Bizim evlərimiz yanır, onların cigərləri- məğlubiyyət xəcalətindən, paxıllıqdan, pis niyyətdən, yalan içində yaşamaqdan…”

    Murovda, qarlı zirvədə, qəhrəman əsgərlərimiz silah tutan əllərinə bu dəfə tar, kaman alıblar.

    Bir nəfər kəlbəcərli əsgər də Qarabağın şərəfinə oxuyur.

    Həm çalğı, həm ifa yüksək səviyyədədir.

    Peşəkarlar qibtə edə bilər.

    Kəlbəcərli balası ” Vətən, sənin torpağının qüdrətinə qurban olum”- deyə, dağlara düşən səsini zilə çəkir.

    Bu möhtəşəm görüntüyə baxa-baxa düşünürəm ki, bu vətən torpağının ən birinci qüdrəti elə bu savaş meydanında da yaradıcılıq eşqi çağlayan əsgərlərimizdir, gənclərimizdir, millətimizin tükənməz istedadı və yurd sevgisidir.

    Aşağıda, Kəlbəcər torpaqlarında ermənilər evləri yandırıb gedirlər.

    Bizim evlərimiz yanır, onların cigərləri- məğlubiyyət xəcalətindən, paxıllıqdan, pis niyyətdən, yalan içində yaşamaqdan…

    Tarix boyu belə olub, bundan sonra da belə olacaq.

    O öz miskin ölkəsində və cılız varlığında yanıb qovrulacaq.

    Biz oxuyacağıq, Vətən haqqında, gözəllik və əbədi sevgi haqqında!..

    Sabir RÜSTƏMXANLI,

    Millət vəkili, Xalq şairi

    Etikxeber.az

  • Azərbaycanı müstəqilliyə aparan Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti…

    Sabir Rüstəmxanlı: “1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə, dövlət müstəqilliyimizə qədər yol gəldik”

    17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür və o tarixi hadisələrdən 32 il ötür. 17 noyabr 1992-ci ildə elan olunan Milli Dirçəliş Gününün tarixi isə 1988-ci ilə bağlıdır. Belə ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ermənilərin xain iddialarına, Qarabağa sahiblənmək üçün başlatdıqları hərəkata, Topxana meşələrini qırmasına etiraz olaraq formalaşdı. SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasətinə, Ermənistanın və Dağlıq Qarabağda yaşayan ermənilərin xain təcavüzünə cavab olaraq xalq ölkənin hər yerindən meydanlara axın etdi.
    17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı və 1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Meydan hərəkatı 20 Yanvar qırğınından keçsə də, müstəqil dövlətçiliyimizə gedən yol oldu.

    18 günlük meydan hərəkatına rəhbərlik etmiş şəxslərdən biri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışarkən Meydan hərəkatının tarixi əhəmiyyətini belə izah edir: “17 noyabr Azərbaycan tarixinin ən parlaq günlərindən biridir və biz haqlı olaraq onu Milli Dirçəliş Günü adlandırırıq. Milli Dirçəliş sözünün anlamı çox böyükdür. Bu təkcə ermənilərin torpaq iddiası və ya Topxana meşəsində İrəvanın alminium zavodunun filialının tikilməsi avantürası ilə bağlı deyil. Milli Dirçəliş Gününə gələn yol, yəni 1988-ci ilin fevral ayından başlanan mitinqlər Ermənistanın torpaq iddiasına, yəni, Dağlıq Qarabağı Ermənistana birləşdirmək, Moskvanın Dağlıq Qarabağı Ermənistan üçün almaq əməliyyatına qarşı idi. Xalq erməni ziyalılarının həyasızlığına, Dağlıq Qarabağda baş verənlərə etiraz olaraq fevral ayından Azadlıq meydanına çıxdı və mitinqlər öz zirvəsinə çatdı. Həmin günə qədər keçirilən mitinqlərdə ermənilərə etiraz bildirilirdi, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” kimi bu gün səsləndirdiyimiz şüarlar o zaman da səsləndirilirdi. Ancaq 1988-ci ilin noyabrında başlanan mitinqlər tədricən çərçivəsini, tələblərini genişləndirdi. Bu Qarabağ problemindən Azərbaycan və SSRİ probleminə çevrildi”.

    S.Rüstəmxanlının sözlərinə görə, məhz Meydanda Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamaq məsələsi gündəmə gəldi: “Məlum oldu ki, ermənilərin Qarabağ iddiasının arxasında Moskva dayanır, Qorbaçov onlara söz verib. Moskvada Qorbaçovun ətrafında olan, Moskvanın mətbuatını, iqtisadiyyatını idarə edənlərin içində olan ermənilər Ermənistanı bu məsələdə Azərbaycanın üstünə qaldırırlar. İşin kökündə Moskva olduğu bilindəndə, meyadn hərəkatının da istiqaməti dəyişdi, bəlli oldu ki, ermənilər qədər Moskva da günahkardır. 1920-ci ildən Azərbaycanı işğal edən və bu illər ərzində xalqımızın başına müsibətlər, respresiyyalar edən SSRİ-nin əməlləri işıq üzünə çıxdı və meydanda bunlar deyildi, təhlil olundu. Xalqın unudulan yaddaşı yerinə gəldi, milli şüuru aydınlandı. Bütün tarixini gözdən keçirdi, coğrafi mövqeyini gözdən keçirdi. Tarixən bağlı olduğu türk dünyasından qoparıldığını anladı. Hamısını həmin meydan gözdən keçirdi. Ona görə biz ona Meydan epopeyası deyirdik. Meydan epopeyası xalqın içindəki ən dərin qatlardan üzü bəri bütün unudulmuş dəyərləri üzə çıxartdı. O cümlədən üçrəngli bayraq ilk dəfə Meydanda dalğalandı. O zaman dedik ki, ölkədə bir bayraq qalacaq və qalan bütün bayraqlar yığışdırılacaq, elə də oldu. Meydan xalqın birliyini göstərdi. Meydanı idarə edən biz idik – ziyalı Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı. İndi meydan rəhbərliyinə şərik çıxanlar çoxdur. Ancaq 18 gün ərzində meydanı biz idarə etdik, ziyalıları dəvət etdik. Onlara da söz verdik. Televiziyadan tələb etdik ki, Meydanı translyasiya etsin. Ondan sonra rayondan insanlar Meydana axın etdi, tribunaya yüzlərlə məktub gəlirdi, onlar da xalqın düşüncəsini əks etdirirdi. Nəhayət ki, Sovet ordusu meydanı dağıtmaq üçün gəldi, lakin meydandakı dincliyi gördü, şüarları dinlədi. Bakıda nə qədər erməni yaşasa da, bir nəfər erməninin burnu qanamamışdı. Xalq meydanda olduğuna görə, hətta Bakının oğruları belə bəyan etmişdilər ki, Meydan davam etdiyi müddətdə Bakıda bir oğurluq hadisəsi olmayacaq, həqiqətən elə də oldu”.

     

    Millət vəkili onu da vurğuladı ki, o günlərdə qeyri-adi bir milli birlik nümayiş etdirildi: “Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. O Meydan sonradan yatırıldı, ordu Meydana girdi. 1989-cu ilin ortalarında Azərbaycan Xalq Cəbhəsi yaradıldı , bu Meydan hərəkatından doğan bir təşkilat idi. Mən da onun yaradıcılarından biri idim. Sonradan partiyaların yaranması prosesində mən milli birliyin pozulmamasını istəyirdim, ancaq partiyalar yarandı. Bu gün Qarabağ savaşı, nəhayət, həmin partiyaları bir araya yığdı.

    1989-cu ildı yenə də ilin sonunda AXC-nin fəaliyyəti, müxtəlif şüarları, tələbləri Moskvanı yenə yerindən oynatdı, 20 Yanvarda qırmızı ordu Bakıya daxil oldu. 20 Yanvar qırğınından sonra SSRİ-nin dağılması qaçılmaz idi. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa etdik. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər yol gəldik. Bu hərəkat SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür”.

     

    Xalq şairinin sözlərinə görə, Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı: “32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, hakimiyyət-müxalifət qarşıdurması dərinləşsə də bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında bütün siyasi partiyalar bir araya gəldi, xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Hətta yeni nəslin vətənpərvərlik ruhu əvvəl bir qədər şübhə doğursa da, bizi narahat etsə də, qalxan bu dalğa göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu”.

    Nərgiz Liftiyeva,
    “Yeni Müsavat

  • “Meydan hərəkatı Azərbaycanın gələcək taleyinin müstəqillikdən keçdiyini xalqa əyan etdi” – Sabir Rüstəmxanlı

    “1988-ci ilin noyabr-dekabr mitinqləri Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Azərbaycanın müstəqilliyini və gələcəyini düşünən insanların illərlə arzuladığı bir hadisə idi”.

    Bu fikirləri Yenicag.az-a açıqlamasında bu gün 32-ci ildönümü qeyd olunan 1988-ci il Meydan hərəkatının tarixi əhəmiyyətini dəyərləndirən xalq şairi Sabir Rüstəmxanlı səsləndirib.

    S.Rüstəmxanlı 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunmasını əslində o meydandan başlayan hadisələrin və sonradan davam edən xalq hərəkatının təbii nəticəsi kimi dəyərləndirib:

    “1988-ci ilin noyabr-dekabr mitinqləri Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Azərbaycanın müstəqilliyi və gələcəyini düşünən insanların illərlə arzuladığı bir hadisə idi. O vaxt yazmışdım ki, mənə elə gəlir bütün ömrüm meydana doğru gələn yolmuş. Vətən, vətənin taleyi ilə bağlı düşünən, yazan, mübarizə aparan, zəhmət çəkən bütün insanların həyat yolu əslində o meydanda öz zirvəsinə çatdı. Meydan hərəkatı fevraldan başlanan mitinqlərin davamı idi. Onda mitinqlər mayda və iyunda birgünlük olurdu. Amma meydan hadisəsi bir epopeya idi və 18 gün davam etdi. Xoşbəxtəm ki, 18 gün davam edən meydanı idarə edən iki adam var idi-biri mən, biri də fəhlə Nemət Pənahlı. Biz meydana ziyalıları dəvət edirdik, gəlib çıxışlar edirdilər. Öz istəyi ilə gələnlər də olurdu. Hər halda 18 gün o meydanı idarə etdik. Həmin günlər hava da çox gözəl idi. Yağış yağmadı, xalq 18 gün meydanda gecələdi. Azərbaycanın hər tərəfindən o meydana dəstək gəldi. Xalq o meydanı qorudu. Hətta yollar bağlananda, rayonlardan camaat piyada meydana axışırdı. Bu meydanda azərbaycanlıların illərlə ürəyinə yığılmış ağrılar soyudu, bütün ağrılar dilə gətirildi. Azərbaycanın keçmişi, bu günü, iqtisadiyyatı, coğrafiyası, eləcə də arzuları, ümidləri ilə bağlı şüarlar səsləndi. Ondan əvvəl də Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrimizi açıq şəkildə dilə gətirirdik. Amma o vaxt bu yalnız Qorbaçovun elan etdiyi “aşkarlıq və yenidənqurma” şüarlarına uyğun şəkildə səsləndirilirdi. Amma meydan hərəkatı birbaşa Azərbaycanın gələcək taleyinin müstəqillikdən keçdiyini xalqa əyan etdi. Buna görə də o vaxt hadisələr üçrəngli bayrağı meydana gətirdi, digər bayraqlar yığışdırıldı. Sovet ordusu gəldi, amma bizim cavanlar o ordunun tanklarını qərənfillərlə bəzədi. Meydan süquta uğradı. Amma bunun xatirəsi bir neçə il yaşadı. 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması əslində o meydandan başlayan hadisələrin və sonradan davam edən xalq hərəkatının təbii nəticəsi id”.

    Cəvahir

    www.yenicag.az

  • Sabir Rüstəmxanlı: “Putin o siyasətçilərdən deyil ki, yolun yarısında…”

    “Əslində Rusiyanın mövqeyi Vladimir Solovyov və ya digər tok-şoularda səslənən fikir deyil. Rusiyanın mövqeyi cənab Vladimir Putinin mövqeyidir. Putin də son dərəcədə realist və vəziyyəti düzgün qiymətləndirən, habelə Azərbaycanın haqlı olduğunu görən mövqe ifadə edib. O mənadakı savaş Azərbaycan ərazisində gedir, nə vaxtsa müharibə Ermənistan ərazisinə keçərsə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu barədə düşünər”.

    Bunu Reyting.az-a VHP sədri, deputat Sabir Rüstəmxanlı Rusiyanın Qarabağ münaqişəsi və hazırda davam edən müharibəyə münasibət bildirərkən deyib.

    S. Rüstəmxanlının sözlərinə görə, Putin açıq deyir ki, Azərbaycan torpaqlarının işğalı 30 ildən artıq sürə bilməz, bu rayonlar azad edilməlidir.

    Deputat əlavə edib ki, Minsk qrupu da Qarabağ problemini 28 il müddətində həll edə bilməyib və başqa ölkələr də bunu bacarmayıb: “İndi bunu Azərbaycan Ordusu edir. Özü də dünyanın gözü qarşısında!”

    VHP sədri Rusiyadan Ermənistana ötürülən silahlar məsələsinə də toxunub: “Vladimir Putinin çevrəsi ermənilərlə doludur. Kremldə, Rusiya prokurorluğunda, hüquq-mühafizə orqanlarında kifayət qədər erməni var və onların da əlləri hər yerə çatır. Dövlətin mövqeyi olmasa da, onlar Ermənistana silah göndərə bilərlər.

    İkincisi, Ermənistanın xeyli iş adamı, Rusiyada milyarder ermənilər var ki, onların da öz vəsaitləri ilə silah alıb Ermənistana göndərməsi mümkündür. Mən məsələyə bu cür baxıram.

    O da mümkündür ki, Rusiya üzdə Ermənistana dəstək vermir, amma Ermənistanda Rusiyanın hərbi bazası var və ilboyu ora silahlar gətirilir. Bura Rusiyanın hərbi bazası olsa da, işçilərin çoxu ermənidir. Onların əli ilə silahlar çıxarılaraq Qarabağa göndərilə bilər. İntəhası bu silahlar Qarabağa gətirilsə də, Azərbaycan Ordusu tərəfindən məhv edilir”.

    S. Rüstəmxanlı əmindir ki, Rusiya rəhbərliyi sona qədər bu məsələdə bitərəfliyini qoruyacaq: “Rusiyanın prosesə müdaxilə mərhələsi keçib. Vladimir Putin də o siyasətçilərdən deyil ki, yolun yarısında mövqeyini dəyişsin”.

    Reyting.az

  • Sabir Rüstəmxanlıya Türkiyədə “YAŞAYAN DƏDƏ QORQUD MÜKAFATI” verilib

    Türk Ədəbiyyat Fondu bu il üçüncü dəfə təqdim olunan “YAŞAYAN DƏDƏ QORQUD MÜKAFATI”-na, Direktorlar Şurasının qərarına əsasən, ömrü boyu Türk mədəniyyətinə xidmət edən, Sovetlər Birliyi dövründə rejimin bütün təzyiqlərinə baxmayaraq, əsərləri ilə milli ruhu canlandıran, milli köklərə söykənən şeirləri ilə Sovetləşməyə çalışan yeni nəsillərə türk kimliyini aşılayan, Azərbaycanın Azadlıq Meydanında xalqı müstəqilliyə aparan yürüş və Meydan hərəkatının liderlərindən biri, Azərbaycanlı şair – yazıçı SABİR RÜSTƏMXANLI layiq görülüb. SABİR RÜSTƏMXANLI “Azərbaycanın müstəqillik qərarını kim imzaladı” “Bilmək istəsən”, “Xəbərlərə baxıram”, “Gəncə qapısı”, “Təşəkkür edirəm, ana dilim”, “Qan varisi”, “Zaman məni keçir”, “Dürüstlük”, “Narahat”, “Cavad Xan”, “Orxonla görüş “, “Bu Sənin Xalqın”, “Atamın Ruhu”, “Hatayî Yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi”, “Difai Fedaileri”, “Mehemmed Hadi”, “Akademikin son əsəri” kimi şeir, esse və roman müəllifidir.

  • Sabir Rüstəmxanlı: “Laçın yolunun bağlanması müharibənin taleyini dəyişəcək” – Müsahibə

    Teleqraf.com Milli Məclisin deputatı, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:

    – Sabir bəy, Azərbaycan Ordusu Şuşa daxil olmaqla bir sıra rayon və şəhərlərimizi işğaldan azad edib. Hazırda cəbhədə durumu və Ordumuzun mövqelərini necə qiymətləndirirsiniz?

    – Azərbaycan Ordusunun müharibə apardığı ərazinin coğrafi mövqeyi və relyefini nəzərə alsaq, çox qısa müddətdə Ermənistan ordusunun müqavimətini qırıb, nizami ordunu pərən-pərən salıb. Erməni ordusunun heç bir müqavimət gücü qalmayıb. Bunun əvəzində Ermənistanın müxtəlif yerlərindən, eləcə də Abxaziyadan, Krımdan və dünyanın müxtəlif ərazilərindən könüllülər yığır, onları savaş bölgəsinə göndərir. Nizami ordunun duruş gətirmədiyi halda bu şəxslər nə edə bilər ki? Bu hal Azərbaycan Ordusunun hərəkətini getdikcə sürətləndirəcək. Müharibə başlayanda bir qədər çətinliklərimiz, itkilərimiz oldu.

    Çünki savaş düzəngahda getsə də, yüksəkliklər düşmən əlində idi, xarici dəstək sayəsində illər uzunu müdafiə istehkamları tikmişdilər. Burada müqaviməti qırmaq çətin idi, bəzən texnikanın işləməsi çətin olur, məsələni insan gücü həll edirdi. Odur ki, Azərbaycan Ordusu bəzən tələsmədən, haqlı olaraq qarşısındakı maneələri səbirlə təmizlədikdən sonra irəliləyir. Bundan artığını da istəmək olmaz. Bu savaş Azərbaycan Ordusunun bütün parametrlər üzrə erməni ordusundan güclü olduğunu göstərir.

    İkincisi, bu savaş Azərbaycan cəmiyyətinin bütün göstəricilər üzrə erməni cəmiyyəti ilə müqayisədə daha bütöv, həmrəy və vətən torpağına daha bağlı olduğunu göstərdi. Biz öz ərazimizdə, ermənilər işğal etdikləri ərazilərdə vuruşur. Biz ədalətli müharibə aparırıq, haqq da bizim tərəfimizdədir. Savaşın başqa özəlliyi odur ki, Azərbaycan bu illər ərzində sakitcə apardığı işlərin nəticəsində dünya ölkələri arasında diplomatik uğurlar əldə edə bilib. Bu diplomatik uğurların nəticəsi odur ki, Azərbaycan öz ərazisində apardığı müharibəyə ciddi etiraz edən ölkə qalmayıb. Dünya erməni lobbisinin təsiri ilə mətbuatda, ayrı-ayrı siyasətçilərin çıxışı zamanı Azərbaycana qarşı qınamalar olsa da, hər kəs bilir ki, Azərbaycan haqlıdır, öz ərazisini işğaldan azad edir və buna kimsə etiraz edə bilməz. Hətta bizim ehtiyat etdiyimiz ölkələr bəzən gizli yollarla etmənilərə silah ötürsələr belə, açıq şəkildə Ermənistana dəstək vermirlər. Bu ölkəmizin apardığı diplomatiyanın uğurudur.

    – Belə fikirlər var ki, Şuşanın alınması Ermənistanın və bu müharibənin belini qırmış olacaq. Siz, bu haqda nə düşünürsünüz?

    – Laçın yolunun bağlanması və Şuşanın alınması şübhəsiz ki, savaşın taleyinə ciddi təsir göstərəcək. Amma orada vuruşan, bəzən 20-25 min deyirlər, bəzən Xankəndi istiqamətində 7 min döyüşçünün olduğu söylənilir, bu adamlar dağlara çəkilirlər, yeraltı tunellər qazırlar və s. Ehtimal budur ki, belə silahlı qruplar bir müddət müqavimət göstərməyə çalışacaq.

    Məncə, bu, həm də erməni cəmiyyətində qarşıdurmanı gücləndirəcək. Əslində Nikol Paşinyanın yerinə bir qədər ağıllı adam olsaydı, savaşda Azərbaycanın ilk uğurlarını görən kimi müharibəni dayandırardı. Ən azı əhalinin qırılmaması, Qarabağın bəzi məntəqələrində ermənilərin yaşamasını təmin etmək üçün… Amma Paşinyan atdığı addımlarla əslində Ermənistanın Qarabağla əlaqələrini daha da zəiflədir, ermənilərin qırılmasına və dinc əhalinin də Xankəndindən köçüb getməsinə səbəb olub. Sözsüz ki, savaşdan sonra dinc əhali Qarabağa qayıtmayacaq.

    – Qarabağda erməni muxtariyyəti məsələsi gündəmə gələ bilərmi?

    – Yox! Artıq bu məsələ bitdi. Ali Baş Komandanın bəyan etdiyi kimi status-kvo dəyişib, yeni reallıqlar ortaya çıxıb və hər kəs bununla razılaşmağa borcludur. Cənab prezident humanist mövqe sərgiləyərək bildirdi ki, ermənilərdən kim istəsə gəlib dinc yaşaya bilərlər. Amma muxtariyyət söhbəti ola bilməz. Baxmayaraq ki, bizim dədə-baba torpaqlarımız zamanında Ermənistana qaldı, orada bir nəfər də olsun azərbaycanlı saxlanılmadı, hamısı qovuldu. Elə Qarabağda da bu 30 ildə bir azərbaycanlının yaşamasına imkan vermədilər. Əksinə, etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirildi. Bu gün Azərbaycanın gücü və imkanları olsa da, biz belə addımlara getmirik.

    Əksinə, deyirik ki, mülki erməni gəlib Qarabağda Azərbaycan qanunları çərçivəsində yaşaya bilər. Əslində bu, bizimlə ermənilərin fərqidir. Dünya bunu görür və görməlidir. Bir sözlə, savaşa hansı tərəfdən baxırsan-bax, Azərbaycanın üstünlüyü göz önündədir. Bu da müharibənin taleyini həll edir. Ola bilsin ki, erməni ordusunun müəyyən hissəsi Xankəndinə, Ağdərəyə və Kəlbəcər dərəsinə sığınaraq müqavimət göstərəcək. Lakin bunun perspektivi yoxdur. Onların qarşısında ciddi islahatlardan keçmiş, dünyanın son model texnologiyası ilə silahlanan, bunu yüksək səviyyədə tətbiq etməyi bacaran şanlı Azərbaycan Ordusudur.

    – Ermənistanın imkanlarını necə qiymətləndirirsiniz? Onlar ağ bayraq qaldıracaq, ya sona qədər müqavimət göstərəcək?

    – Ehtimalım budur ki, ermənilər müqavimət göstərəcək və bu, belləri qırılana qədər davam edəcək. Hər halda Paşinyanın iddiası böyükdür və nəyəsə ümid edir. Yəqin ehtimal edir ki, hansısa dövlətin mövqeyi dəyişə bilər. Amma onlara dəstək verən dövlətlər olduğu kimi, bizim də çevrəmizdə Azərbaycana dəstək verən dövlətlərin sayı getdikcə artır. Biz də silah alırıq, elə Rusiyadan da, digər dövlətlərdən də alırıq. Bütün hallarda bu müharibə ermənilərin illüzyalarını dağıtdı, qurduqları xam xəyallar puç oldu. Onların niyyəti Dağlıq Qarabağı Ermənistana birləşdirmək, daha çox torpaq naminə müharibə iddiaları var idi.

    Bu ideya birdən-birə külə çevrildi. Əvvəl Azərbaycan torpaqları hesabına Ermənistan quruldu, indi Qarabağın hesabına bu torpaqları böyüdəcək, sonra Gürcüstandan Cavaxetiyanı qoparacaqlar, sonra Türkiyədə Şərqi Anadolunun altı vilayətinə sahib çıxacaqlar və s. Əslində “Böyük Ermənistan” ideyası bunların başını xarab edib. Yalan üstə qurulan xülyalar erməni cəmiyyətini iflic vəziyyətə salıb. Onların dövlət ideologiyası da bunun üzərində qurulub. Bu dağıldıqca bütövlükdə dövlət dərənin dibinə yuvarlanacaq.

    – Sizcə, “Dənizdən-dənizə böyük Ermənistan” ideologiyası bu müharibə ilə sıradan çıxmış olur, ya necə?

    – Hər halda bu ideologiyanın gələcəkdə reallaşa biləcəyinə olan ümidlər qırıldı. Bəlkə SSRİ dövründə bu həyata keçirdi, “vahid vətən” adı altında bizim bəzi torpaqlarımızı alıb onlara verirdilər. Amma bundan sonra Azərbaycan müstəqil dövlətdir və bir qarış torpağını da heç kimə güzəştə getməyəcək.

    Bu mənada illüziyalar dağılır. Ermənistanın bir dövlət olaraq gələcəyi sual altındadır. Əslində yazıq bir ölkədir. Heç bir iqtisadi perspektivi olmayan, daha çox diasporun puluna bel bağlayan ölkədir. Quyuya su tökməklə problem həll edilə bilməz. Nə qədər kənardan bunların başına su tökəcəklər? Odur ki, ora tarixi bir yer kimi, Eçmədzin kimi qalacaq. Gəlib ziyarət edib gedəcəklər. Amma perspektivli və güclü bir dövlətdən söhbət gedə bilməz. Onun bircə yolu var – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, gələcəkdə şərqlə-qərbi birləşdirəcək böyuk iqtisadi layihələrə qoşulmaq… Bu, onların xilası olar, gücləndirər. Necə ki qonşu Gürcüstanı gücləndirdi. Onların başqa yolla böyük gələcəyi ola bilməz.

    Özləri də torpağa bağlı deyillər. Bizim 1950-ci illərdəki deportasiya zamanı Ermənistanda boşaldıb gəldiyimiz kəndlər var ki, hələ də boş qalıb. Bunlar ağac göbələyi kimi kiminsə böyrünə yapışıb yaşayırlar. Vaxtilə qədim Romanın, Sasanilərin, sonra Osmanlının, Səfəvinin, Çar Rusiyanın. İndi bunlar yoxdur. Üstəlik Rusiya ilə bütün ipləri qırmaqda davam edirlər. Hiyləgərlik, maskalar altında yaşayırlar, maskanın birini çıxarıb digərini taxırlar. Amma günün birində maska qutarır və əsl siması görünür. Bu da xəyanətkar simadır. İndi Rusiyaya əl açıb, sonra NATO-nun qapısını döyür, ABŞ-dan dəstək istəyirlər. Yəni bir-birinə zidd olan cinahlara atılırlar. Dünya bunu görür. Nə qədər xristian təəssübkeşliyi olsa da, bunun da bir əndazəsi var. Dünya ancaq dini mənsubiyyətlərdən doğan münasibətlər üzərində inkişaf etmir. Bu gün dünyanı daha çox iqtisadi maraqlar idarə edir.