Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP rayon təşkilatları konfrans keçiriblər

    07.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının Qobustan, Neftçala və Sabirabad rayon təşkilatlarının Onlayn Konfransları keçirilib. Konfransda seçkili qurumların hesabatları dinlənlilb və təşkilati məsələlərə baxılıb. Rayon Təşkilatların Məclis, NTK üzvləri və partiyanın VIII Qurultayına nümayəndələr seçiliblər. Fərman Hüseynov Neftçala, Elman Əliyev Sabirabad və Eminağa Niftəliyev isə Qobustan rayon təşkilatına sədr seçiliblər.

    04.02.2021/ VHP dörd rayonda təşkilat sədrin dəyişdi

    Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Saatlı, Biləsuvar, Daşkəsən və Xətai rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Saatlı rayon təşkilatına Surxay Cahangirov, Biləsuvar rayon təşkilatına Məharət Ağayev, Xətai rayon təşkilatına Kəmalə Səfərli və Daşkəsən rayon təşkilatına Zemfira Qafarlı sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.

    01.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Ağdaş, Nəsimi və Binəqədi rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Ağdaş rayon təşkilatına Yasin Şirinzadə, Nəsimi rayon təşkilatına Dəniz Həsənli, Binəqədi rayon təşkilatına Zakir Kərimov sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.

  • VHP-çi gənclər Asiya Partiyalar İttifaqının konfransına qatılıblar

    Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun “COVİD-19 və ondan sonra təhsil və sosial müdafiə mexanizmi” mövzusunda onlayn kobfrans keçirilib. Konfransa Asiyanın 50-yə yaxın ölkəsindən nümayəndələr qatılıb . Bildirək ki, Vətəndaş Həmrəyliyi Partriyası İCAPP yaranan gündən bu qurumun üzvüdür və bu günkü onlayn konfransda da VHP-ni Gənclər Təşkilatının sədri Yusif Xantemirov təmsil edib.

    Konfransda çıxış edən iştirakçılar bildirib ki, demokratiyanın, insan haqlarının, bəşəri sülhün qorunması istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın, region üçün problemə çevrilən terrorizm və pandemiya kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir.

  • Deputat etiraz etdi: Tarif Şurası hesabat verməlidir!

    Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.

    Axar.az xəbər verir ki, S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib.

    “Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, – deyə S.Rüstəmxanlı əlavə edib.

    O təklif edib ki, Tarif Şurası parlametə dəvət olunmalıdır və hesabat verməlidir.

    “Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.

  • İbtidai sinifdə bu dil tədris olunsun – Millət vəkili

    Türkiyə ilə qardaşlıqdan, birlikdən çox danışılır. Bəlkə də buna ehtiyac yoxdur. Tarix göstərir ki, biz bir yerdə olmağımız labüddir. Bu həm bizə, həm də Türkiyənin maraqlarına uyğundur.

    Axar.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Deputat əlavə edib ki, uzun illərdir türk respublikalarında ortaq dil haqqında müzakirələr gedir:

    “Əslində bu, yanlış yanaşmadır. Heç bir ölkə öz dilini dəyişməz. Söhbət ünsiyyət dilindən gedə bilər. Bu ünsiyyət dili də şübhəsiz ki, 85 milyon əhalisi olan və hər bir türk ölkəsində televiziya kanalları göstərilən Türkiyə Cümhuriyyətinin türkcəsidir. Bəzən deyirlər ki, bizim dilimizi türk dilləri ilə zibillədilər. Hansıki 50 ildir dilimizi rus və ingilis dili zibilləyəndə heç kəs heç nə demir. Amma türk sözləri gələndə bunu deyirlər. Azərbaycanla Türkiyənin yaxınlaşmasına qısqanclıq edirlər. Onlarla sözlər var ki, ortaq şəkildə istifadə etmək, hətta yeni terminlərin işlədilməsi üçün koordinasiya yaratmaq olar. Baxanda görərik ki, onsuz da türk filmlərinə hamı türk kanallarında baxır, heç kim onun tərcümə olunan variantına baxmır”.

    S.Rüstəmxanlı qeyd edib ki, xarici dilləri öyrənirik və bu lazımlıdır:

    “Mənim fikrimcə, əgər bütün türkdilli respublikalar ünsiyyət dilini 5-ci siniflərə qədər keçsə, 10 ildən sonra bütün türk respublikalarının ziyalıları, əhali problemsiz danışmaq imkanı əldə edə bilər. Bu strateji məsələdir. Hər halda Türk Şurası bu məsələyə diqqət edə bilər”.

  • VHP-də Rayon Təşkilatlarına yeni sədr seçilib

    Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Ağdaş, Nəsimi və Binəqədi rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Ağdaş rayon təşkilatına Yasin Şirinzadə, Nəsimi rayon təşkilatına Dəniz Həsənli, Binəqədi rayon təşkilatına Zakir Kərimov sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.

  • Sabir Rüstəmxanlı: “Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı”

    Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər milli-vətənpərvərlik ruhuna, qələbə əzmi ilə yazılan şeirlərə, musiqilərə də can verdi. İsbat olundu ki, millətin sənəti, mədəniyyətinin ahəngliyi, siyasəti, birliyi mübarizliyindən ruh alaraq daha çox sevilir.

    Tarixin müəyyən dönəmlərində bu millətə qarşı qurulan xarici pusqular, rus hərbinin, zindan maşınlarının törətdiyi qırğınlar, repressiyalar onun azadlıq səsini boğa bilmədi. Fiziki olaraq qolları zəncirlənsə də, millətin illərlə nüvələşən, bərkiyən mənəvi gücünü sarsıda bilmədilər. Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Düşmən üzərində qələbənin bu sirrini  də öyrəndik…

    Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bəzi məqanlara diqqət çəkib.

    – Sabir müəllim, Ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbənin fəlsəfəsində və bu zəfərin ədəbiyyatının rüşeyimində dayanan nədir?

    – Millətin qələbə zəfəri, ilk növbədə, sözdən, ədəbiyyatdan başlayır. O, bütövlükdə mədəniyyətin bütün sahələrini əhatə edir. Burada musiqi də var, rəssamlıq da… Azərbaycanın 1988-1990-cı illərdə ermənilərin torpaq iddiasına cavab olaraq ayağa qalxması, həmin milli azadlıq, müstəqillik hərəkatı 60-70-80-ci illərin ədəbiyyatından can alaraq başlamışdı.  Xalqın taleyində ciddi rol oynayan hadisələr həmişə ədəbiyyatdan, müəyyən sənət adamlarının yaradıcılığı ilə kütlənin içərisinə daxil olur, yayılır. Bu, birmənalı olaraq bütün dünyada qəbul olunmuş bir teoremdir. İndiki qələbəyə gələn yolun başlanğıcında da, təbii ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət, diplomatiya ilə yanaşı, böyük mənəvi baza dayanır. Hansı ki, o mənəvi ruh xalqın qələbəyə olan ümidini qırılmaqdan qorudu, Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı. Beləcə, öz varlığını, fəaliyyətini yalan üzərində quran erməni vandallarının iç üzü açıldı. Bütün erməni eybəcərliyi, cinayətləri, eməni yalanları kitabların, yazıların, jurnalistikanın, ədəbiyyatın xətti ilə dünyaya təqdim olundu. Bu mənada, Qarabağ zəfərində ordu ilə yanaşı, həm də orduya mənəvi güc verən,  xalqın ruhunu yüksəklərdə tutan sənət və ədəbiyyatın rolu böyükdür…

    – Erməni vandallığını ifşa edən böyük tarixi, bədii, ədəbi əsərlərin yaradılması üçün nə edilməlidir?

    – Bu işin uğurla aparılması dövlətdən asılıdır. Kino əsərlərinin yaranması, ermənilərin bu 30 il ərzində Azərbaycan ərazilərində törətdikləri işğal faktları, bütün vəhşilikləri, terror və cinayətləri, insanlığa yaraşmayan o dağıdıcılıq əməllərinin qeydə alınıb dünyaya çatdırılması, beynəlxal məhkəmələrə verilməsi, təzminatın tələb olunması kimi məsələlər ciddi və ardıcıl yanaşma tələb edir. Eləcə də dağıdılmış mədəniyyət və tarixi abidələrimizin qeydə alınması, əvvəlki görüntüsü ilə indiki vəziyyətinin müqayisəli şəkildə araşdırılması dövlətin öhdəsinə düşən mühüm işlərdəndir və düşünürəm ki, dövlət bu işləri görür. Təbii ki, bu prosesdə həm də mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin, kino xadimlərinin əməyindən də istifadə edilməlidir.  Bu işin sırf ədəbi tərəfidir…  Hər yazıçı buna öz təxəyyülü, xatirəsi, 30 ildə içində yaşadığı hadisələr fonunda yanaşacaq. Bu onun öz ruhi durumuna bağlıdır. O, öz düşüncələrində hadisələrə yenidən nəzər salıb baxır, qiymət verir və onu ədəbi əsərə çevirir. Məsələn, müğənni Elçin Cəfərov Vətən Müharibəsi ərəfəsində hələ mənim müharibə başlayan vaxt -1992-1993-cü illərdə  yazdığım bir şeirə mahnı bəstələdi.   Bu mahnı cəbhədə əsgərlər arasında ən məhşur mahnılardan biri idi.  Mən o vaxt o şeiri yazanda təsəvvür eləmirdim ki,  bu, mahnıya çevriləcək və əsgərlərimizə mənəvi dayaq olacaq. Yaxud, müharibə qurtardı və “Qarabağa dönüş” haqqında bir poema yazdım. O da geniş yayıldı.  Zəfərdən sonra ilk yazılan əsər oldu və tənqidçilər ona “Zəfər dastanı” dedilər. Bir il əvvəl hələ savaş bitməmişdi, yazmışdım ki, ümidimiz üzülməyib, hələ savaş davam edir. Şükür ki, o savaşın qələbə ilə bitdiyini də gördüm.

    İnanıram ki, bu gün, xüsusən uşaqlığı Qarabağda keçmiş, qaçqın həyatı görmüş bir ədəbi nəsl, şairlər, yazıçılar nəsli var. Onlar mütləq azadlıq ruhu ilə yeni əsərlər yazacaqlar.  Bizim millət məğlubiyyət duğusuna çətin alışır, onu qəbul etmək istəmir.

    Zəfər duyğusu həmişə ədəbiyyatımızı qanadlandırır.

    – Sabir müəllim, tariximizin Milli Azadlıq Hərəkatı səhifəsində ön sırada dayanan şair, siyasətçi, turançı ideyası ilə formalaşan bir ziyalı olaraq, bugünün geosiyasi, ictimai gərginliyi fonunda ortaq nöqtəni necə tapa bilirsiniz? Necə hesab edirsiniz, milli kimliyimizi tam olaraq bərpa etmək üçün hansı kəsrlərimiz aradan qaldırılmalıdır?

    – Sovet dövrü və ondan sonrakı dönəmlərdə xalqın arasında ziyalıya olan inamı həmişə sarsıtmağa çalışıblar. O gün televiziya verilişlərinin birinə baxıram, deyirlər ki, filankəslər, adlarını da çəkirlər, “KQB”nin sifarişi ilə meydana gəliblər. Halbuki bu insanların “KQB” ilə heç bir əlaqəsi yoxdur. Birinci gündən demişdim ki, kəfənimi boğazıma doladım, gedirəm meydana… Yəni bu ideya ilə, bu inamla gedirsən. Nə “KQB”, nə dövlət?! O vaxt dövlət var idi ki?.. Dövlət meydandan asılı idi.  Meydanın hakimi biz idik, ölkənin də hakimi meydan idi.  Ona görə də ziyalının rolunu kiçiltmək, xalqın rolunu kiçiltmək olmaz. Xalqa hörmət və inam bəsləmək lazımdır.

    Biz o meydan hərəkatına ədəbiyyatdan, sözdən gəlmişdik. Dərnəklərdən, keçdiyimiz yollardan, Bakının zavod və fabriklərdə apardığımız görüşlərdən gəlmişdik. Bu 30 ildə millətə bir inamsızlıq toxumu səpməyə çalışdılar. Bu millətə “Unudun, Qarabağı yaddan çıxarın, Qarabağı dilə gətirmək lazım deyil” fikrini təlqin elədilər. Xalq göstərdi ki, heç nəyi unutmayıb, onun mənəvi gücü yerindədir. Stalin və ondansonrakılar milli kimliyimizi dəyişdirmək üçün çox adlar fikirləşdilər. Həyat göstərdi ki, Azərbaycanda türk kimliyi həlledicidir. O, bir türkdür və onun yanında dayanan qardaş Türkiyə var. Türk kimliyinin, Türk-İslam Birliyinin bir qanadı da Pakistandır. O da türk sevgisi ilə bu proseslərə qatılmışdı. Bunu heç nə ilə millətə unutdurmaq olmaz.  Eyni zamanda, bunu sandığa qoyub saxlamaq da mümkün deyil. Türk kimliyi daim bizim həyatımızda zənginləşməlidir. Onun tarixi, qol-qanadı öyrədilməlidir, təbliğ olunmaldır.  Cavan nəsil öz tarixini, keçmişini bilməlidir. Erməni özünün uydurma tarixi ilə yeni nəsil böyüdür. Biz isə  heç nə uydurmadan bizim olanı övladlarımıza öyrətsək, bu, uşaqlarımızın qəhrəmanlıq ruhu ilə böyüməsinə bəs edər.

    – Bizim zəngin tariximiz var. Zaman-zaman işğala məruz qalmışıq və bu gün 4 tərəfdən öz torpaqlarımızla sərhəddəyik, bunun özü çox şeyi deyir. Görünur, şairlərimiz, ziyalılarımız, ədəbiyyatımız siyasətin o çirkin gərdişinə təsir etmək gücünü əldə edə bilməyib…

    – Mən şəxsən elə düşünmürəm. Məsələn, neçə ildir partiya sədriyəm. Bizim nəsil,  hətta sovet dövründə yaranmış o ədəbiyyatın özünün  alt qatındakı  milli ruhu duyurduq, hiss edirdik. Ondan əvvəl məsələn, Mirzə Fətəli Axundzadədən başlanan yeni Azərbaycan ədəbiyyatı var idi. Mirzə Cəlil, Sabir, sonra sovet dövrü ədəbiyyatında yer alan Ordubadinin romanları, Cənubi Azərbaycanla bağlı Mirzə İbrahimovun “Gələcək gün” romanı var idi. Nədənsə, “Gələcək gün”ü dərsliklərdən çıxartdılar, halbuki o, Azərbaycanın bütövlük duyğusunu korşalmağa  qoymayan bir əsər idi. O dövrlərdə Səməd Vurğunun, baxmayaraq ki, Stalinlə, Moskva ilə bağlı çox yazıları olub, onun həm də “Yandırılan kitablar” şeiri, “Aslan Qayası” poeması var idi. Eləcə də Süleyman Rüstəmin “Cənub həsrəti” şeirlər kitabı, Balaş Azəroğlunun, Zöhrab Tahirin, Bəxtiyar Vahabzadənin və başqa ədiblərin şeirləri var idi ki, Azərbaycanın milli siyasəti bunların içindən keçib.  Bu milli siyasət Moskvadan, Avropadan gələn kommunist ideologiyasını üstələdi. Onu Azərbaycan zehnindən silib atdı. Ədəbiyyatçılar bundan artıq neyləməlidirlər?..

    –  Mübarizlik ruhlu, milli yaddaşımızı oyadan əsərlər nə zaman yaranır? Qələbədə, yoxsa ondan əvvəl?

    – Qeyd etdiyim kimi, bizim millətə məğlubiyyət duyğusundan yazmaq çətindir. Bütün bu məsələlər istedada bağldır, burada nə məğlubiyyət,  nə də zəfər əsas deyil. Yazı –pozu işində əsas, onu  yazanın istedadı milli ruhudur.

    Məsələn,1905-1907-ci illər erməni-müsəlman qırğınına dair Ordubadinin 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” kitabı o dövrün müxbirlərinin toplayaraq ona göndərdikləri 254 məktub əsasında yazılıb. Mir Möhsün Nəvvabın “1905-1906- cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsəri həm XX əsrin birinci onilliyində xalqımızın başına gətirilən faciələrin miqyasını açıb göstərmək, həm də Dağlıq Qarabağ probleminin tarixi köklərinin mahiyyətini öyrənmək baxımından qiymətli mənbə hesab olunur. Qılman İlkinin, Manaf Cüleymanovun o dövrlə bağlı kitablarında müəyyən faktlar göstərilib. Həmin faciələri göstərən böyük əsərlər yazılmayıb. İndi hesab edirəm ki, bütün bu məsələlər yazılmalıdır.

    – Sabir müəllim, təbii ki, ədiblərimiz, şairlərimiz öz sözlərini kifayət qədər deyiblər. Torpaqlarımızı əsarətə alan, repressiyaya məruz qoyulan millətin güclü diplomatiyasının yaranmasına təsir edə bilməyib. Əvvəlki sualımda ədəbiyyatımızın düşmən siyasətinin qarşısında hansı səbəbdən sədd yarada bilməməsi səbəblərinə toxunmaq istəmişdim. 

    – Təəssüf ki, indi də diplomatiyada, idarəçilik sistemində Azərbaycan milli ideologiyasının şinelindən çıxmayan və yaxud Azərbaycan məktəbini qurtarmayan, kənar təsirlərlə yetişən müəyyən təbəqə var.  O təbəqə  heç vaxt bizim dediyimiz, o əsl milli ruhu hiss eləmir. Əslində o adamların diplomatiyada, siyasətdə olmaları ziyan vurur. Bunlar daim xarici ölkələrlə təmasdadırlar, onlara anlatmalıdırlar, deməlidirlər.  Bu mənada gələcək nəsil bu iki mədəniyyətin ikisinə də vaqif olsun, ikisinə də yiyələsin. Bir yandan Azərbayacan mədəniyyəti, bir yandan dünya mədəniyyətini bilsin. Eyni zamanda öz kökümüzdən heç vaxt qopmasın.

    – Rusiya sülhməramlılarının Qarabağa gəlişini və regionda separatizmin tam təmizlənmədiyini nəzərə alsaq, hələ ki, suverenliyimiz tam bərpa olunmayıb. Bu fonda Milli Məclis əsas milli məqsəd və ideyalarımızla bağlı nə dərəcədə cəsarətli, cərəyan edən proseslərə adekvat çıxış edə bilir?

    – Milli Məclis ölçü-biçi daxilində həmişə öz sözünü deyib. Şəxsən Rusiya sülhməramlılarının əraziyə gəlməsinə böyük faciə kimi yanaşmıram. Əlbəttə, arzulamazdım gəlsinlər, amma bu proses baş verib. Şübhəsiz ki, ordumuza imkan verilsəydi, gedib Yerevana da çıxardı, amma sonrası necə olacaqdı? Hər halda dünya, ermənipərəst qüvvələr bu məsələni sakit buraxmayacaqdılar. Azərbaycanın hansı təzyiqlə üzləşəcəyi, Dağlıq Qarabağla bağlı yaranan Minsk Qrupu dövlətlərinin  hansı addımları atacağını hesablamaq lazım idi. Ona görə də regionda uğurlu gediş etmək üçün təkcə Rusiyanı, onun sülhməramlılarını söymək yetərli deyildir.

    Biz Azərbaycanın bu haqlı müharibəsində Avropa ölkələrindən və Rusiyadan fərqli münasibət gördük.  Bunu dəyərləndirib, götür-qoy eləmədən, elə “Niyə rus gəldi?”  demək də düzgün deyildir.  Otuz ildir ermənilər Azərbaycanda özlərindən min cür yalan uydurublar. İndi bunların yalan olduğunu dünyaya göstərə bilirik. İndiki mərhələdə bir barış olmalıdır.  Bu prosesdə də Rusiya ortaya girib və İnşallah, məsələnin həllinə nail olacağıq. Ona görə də Rusiya sühməramlılarına da təmkinlə, sakit yanaşmaq lazımdır.  Bütün sərhəd Azərbaycanın nəzarətinə keçəcək və hər şey yaxşı olacaq.

    – Sabir müəllim, sizin “Millətim” şeiriniz var, hansı ki, Vətən Müharibəsi ərəfəsində dəfələrlə dinlədik. Millətimiz düşmənlə  hesabını tam kəsə bildimi? Bütövlükdə qarşımızda hansı vəzifələr durur?

    – Biz düşmənlə hesabı kəsdik, sərhəd, torpaq bütövlüyümüzü də bərpa etdik.  Dağlıq Qarabağda qalan ermənilər, əslində,  bizim vətəndaşlardır.  Bu bizə imkan verir sabah deyək ki, bizim də Ermənistandan çıxarılan əhalimiz öz yerlərinə qaytarılsın.

    Monorespublika yaratmaq niyyətində də deyilik.  Ermənilərin orada qalmasından istifadə edərək, dünyaya milli xarakterimizi daha yaxşı göstərmək istəyirik.  Bəlkə də bu, bir qədər təskinlikdir, bəlkə də ərazilərimiz tam təmizlənsəydi, daha başqa cür danışa bilərdim.  Hər halda bu da bir faciə deyildir. Hesab edirəm,  tam maksimalist olub deyə bilərik ki, Ermənistan da bizimdir, İrəvan da bizimdir. Dünyadakı reallıqları isə nəzərə almaq lazımdır.  Əlimizdə olan və mövcud dünya şərtlərini  nəzərə alsaq, öz məqsədlərimizi  yerinə yetirmişik.   Müəyyən işlər qalır, onlar da görüləcək.  Boşalan torpaqlarımızı bərpa edənə qədər, Qarabağda qalan o müəyyən tör-töküntülər də oradan təmizlənəcək.

    Onu da deyim ki, qələbədən sonra “Millətəm” mahnısından heç də geri qalmayan ikinci bir mahnını yazmışıq, İnşallah, bu günlərdə ortaya çıxacaq.

     

  • Sabir Rüstəmxanlı: “Türkmənistanla memorandum anlaşması hər birimizi sevindirməlidir”

    “Burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır”
    Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının karbhidrogen ehtiyatlarının birgə işlənməsi ilə bağlı imzalanan Memorandum olduqca mühüm hadisədir . Bu anlaşma istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Həm də bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platformasının yaradılması deməkdir.
    Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən yataqlar çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna cevrilirdi. Həmin dairələr “mübahisəli yataq” məsələsini ortaya ataraq, Azərbaycanın Türkmənistanla daha sıx əməkdaşlığının qarşısını alır, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsinə mane olurdular. Ancaq ikitərəfli Memorandum bədniyyətli qruplaşmaların bütün fəaliyyətini neytrallaşdırdı.
    Böyük tarixi əhəmiyyət kəsb edən anlaşma ilə bağlı “Şərq”ə danışan millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, uzun müddət Azərbaycanla Türkmənistan arasında müəyyən ziddiyyətli məqamlar var idi. Deputat xatırladıb ki, türkdilli ölkələrin formalaşdırdığı birliklərə, keçirilən tədbirlərə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə qatılırdı. Daha sonra Özbəkistan da türk birliyinə qoşuldu:
    “Son zamanlar Türkmənistan təmsilçiləri də bu və ya digər formada türk dövlətlərinin birgə forumlarında iştirak edirdi. Türkmənistanın nisbətən uzaq qalmasının müəyyən səbəbləri var idi. Ola bilsin, bu, ölkənin müstəqillik dövründən sonra tutduğu mövqedən asılı idi. Bəlkə, ilkin mərhələdə proseslərə qoşulmama qərarı almışdılar. Digər səbəb isə Xəzər dənizində mübahisəli enerji yataqlarının bölünməsi ilə bağlı idi. Xəzər dənizinin statusu ilə bağlı qeyri-müəyyənlik də münasibətlərdə problemlərə səbəb olurdu. Amma tədricən ziddiyyətlər aradan qalxmaqdadır. Şübhəsiz, burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır. O mənada Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsi son dərəcə önəmlidir. Azərbaycanın enerji sahəsində təcrübəsi böyükdür. Dənizin ən dərin qatlarında özüllər, platformalar qurur və onları sahillə əlaqələndiririk. Bu da Türkmənistana xeyir gətirən vacib məqamlardan biridir. Mümkündür ki, dənizdəki yataqdan çıxarılan ehtiyatlar geriyə, Türkmənistana deyil, birbaşa Avropaya daşınsın. Bu da Türkmənistan üçün əlavə imkandır. Memorandum hər birimizi sevindirməlidir. Çünki bu anlaşma normallaşan əlaqələrə daha bir nəfəs gətirəcək. Ən əsası isə bu sayədə Türkmənistan da türk birliyinin inkişafında daha yaxından iştirak edəcək və öz töhfəsini verəcək”.
    Şərq qəzeti
  • 20 Yanvar gizlinləri: “Bakıya erməni muzdluları gətirilmişdi…” – Müsahibə/Video

    “Rus ordusu əlindəki bütün silahlardan istifadə edərək Bakıya hücum etmişdi. Bu hücumlar havadan, qurudan və dənizdən planlaşdırılmışdı, nəticədə 20 mindən artıq hərbi qüvvə Bakıya yerildildi. Sanki ordu düşmən torpağına gəlirdi. Halbuki bu, sovet ordusu idi, Azərbaycan da SSRİ-nin bir parçasıydı”.

    Milli Məclisin deputatı, xalq yazıçısı Sabir Rüstəmxanlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.

    – 1990-cı il yanvarın 20-də baş verən faciədən – dinc əhalinin üstünə ordu göndərmədən əvvəl SSRİ rəhbərliyi Bakı ilə danışıqlara cəhd etmişdimi, yoxsa qarşısına elə bu addımı atmaq məqsədini qoymuşdu?

    – O dövrdə günbəgün güclənən Azərbaycan Xalq Cəbhəsi və Milli Azadlıq Hərəkatı SSRİ-ni vahiməyə salmışdı. SSRİ rəhbərliyi də bunun qarşısını almaq üçün bu addımı atdı. Buna bir neçə səbəb göstərmişdi. Biri o idi ki, cənub sərhədləri – SSRİ-nin İranla sərhədləri sökülür və dövlət üçün təhlükə yaranır.

    İkinci səbəbi bu idi ki, Azərbaycanda hakimiyyət çevrilişi hazırlanır, xalq hərəkatı hakimiyyəti dəyişmək niyyətindədir.

    Üçüncüsü, Bakıda dinc əhalini qırğınla verməklə, bütün SSRİ-ni bürümüş xalq hərəkatlarına bir dərs vermək istəyirdilər. Yəni bununla başqalarına da mesajı vermək istəyirdilər ki, sizin də axırınız bu cür ola bilər.

    Azərbaycanın hədəf kimi seçilməsinə gəldikdə, bu, Moskvanın rəsmi dairələrində fəaliyyət göstərən ermənilərlə yanaşı, Qorbaçovun özünün seçimi idi. Qorbaçovun çevrəsi ermənilərlə doluydu, bu dairələrdə də bizə qarşı bir nifrət vardı. Bu nifrətdən yaranan fikirlə də ordunu Azərbaycana yeritdilər. Bakıdan başlayan hadisələr sonradan Çeçenistan, Abxaziya, Acarıstan və digər ittifaq respublikalarında davam etdirildi.

    Ermənistan və Dağlıq Qarabağdan azərbaycanlıların qovulması, Moskvanın buna reaksiya verməməsi, əksinə bundan sonra Ermənistana hər cür yardımın göstərilməsi Kremlin ermənipərəst siyasətinin nəticələri idi. Eyni zamanda, bunlar Moskvanın Azərbaycan və digər müsəlman respublikalarına ənənəvi yanaşması idi.

    Həmin dövrdə azərbaycanlılar Ermənistan və Dağlıq Qarabağdan qovulanda ABŞ da ermənilərə 1.4 milyarddan çox yardım etmişdi. Sanki azərbaycanlıların öldürülməsi və sıxışdırılması, onlara divan tutuılması üçün ermənilərə verilən mükafat idi. Təəssüf ki, həmin dəstəklər nəticəsində bu cür hadisələr baş verdi.

    – SSRİ lideri Mixail Qorbaçov bu hadisələrdən əvvəl ermənilərə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmişdi. Bəs bu etiraf hansı şəraitdə edilmişdi?

     

    – Qorbaçov ermənilərdən aldığı rüşvətdən sonra onlara hər cür yardımı etdi. Amma Azərbaycan xalqının müqavimətini görəndə, bunun bütün SSRİ-ni cənginə alacağını anlayanda yanlışlığa yol verdiyini başa düşdü. Anladı ki, proseslərin qarşısı hansısa formada alınmalıdır. Əslində bunu dildə deyirdi, altda gördüyü işin mahiyyəti başqa idi. Qorbaçov həmişə ermənilərin yanında olub.

    – Yanvarın 20-dən sonrakı günlərdə Bakıda 21 nəfər qətlə yetirildi, Lənkəranda bir neçə nəfər öldürüldü. Bu olaylar hansı çərçivədə baş vermişdi?

    – Rus ordusu əlindəki bütün silahlardan istifadə edərək Bakıya hücum etmişdi. Bu hücumlar havadan, qurudan və dənizdən planlaşdırılmışdı, nəticədə 20 mindən artıq hərbi qüvvə Bakıya yerildildi. Sanki ordu düşmən torpağına gəlirdi. Halbuki bu, sovet ordusu idi, Azərbaycan da SSRİ-nin bir parçası idi.

    İkincisi, Bakıya yeridilən ordunun içində xeyli sayda Stavropol, Şimali Qafqaz və müxtəlif ölkələrdən gətirilmiş muzdlu ermənilər vardı. Onlar azərbaycanlılara qarşı xüsusi nifrətə köklənmiş adamlar idilər. Həmin muzdlular sonrakı günlərdə də müxtəlif bəhanələrlə qırğınları davam etdirirdilər. Bunlar cinayətdir.

    İlk gündən xalqın tələbi ilə Ali Sovetin sessiyası çağırıldı, bizim orada sərt çıxışlarımız oldu. Bundan sonra İstintaq Komissiyası yaradıldı. Komissiyanın tərkibində mən də vardım. Biz bütün bu cinayətlərin hamısını ortaya çıxardıq. O dövrdə Azərbaycan hakimiyyətindəki bəzi adamların xəbəri yox idi ki, ordu gələcək. Hər gün Azərbaycan televiziyasında çıxışlar efirə gedirdi

    Razumovski və digərləri təkidlə deyirdilər ki, ordu Bakıya girməyəcək, buradan yan keçərək, cənub sərhədlərini qorumağa gedəcək. Bu bəhanələrlə diqqəti yayındırmağa çalışırdılar. Amma təəssüf ki, bu sözlərin hamısı yalan oldu, ordu Bakıya girdi. Eynilə 1920-ci ildəki hadisələr təkrarlandı. Guya o zaman da ordu Bakıdan yan keçib Türkiyəyə gedəcəkdi, amma Azərbaycanın paytaxtına yeridildi.

    – Həmin ərəfədə cənub sərhədlərində hansı hadisələr baş verirdi ki, SSRİ rəhbərliyi bundan bəhanə kimi istifadə etrməyə başlamışdı?

    – Bəzən deyirdilər ki, guya bu, KQB-nin sifarişi olub. 1988-ci ildə xalqın 17 günlük mitinqi və bundan əvvəlki aksiyalar, yəni xalqın tələbləri Moskva tərəfindən nəzərə alınmayanda, əksinə ermənilərin nazı ilə oynanılanda Azərbaycan anladı ki, mərkəzi hakimiyyətdən bu çağırışlara cavab verilməyəcək.

    Beləliklə, 1988-ci ilin noyabr-dekabr mitinqlərində səsləndirilən “Qrabağ bizimdir”, “Torpaqlar verilməz” şüarları Azərbaycanın bütövlüyü şüarlarına çevrildi. Yəni Qarabağ uğrunda hərəkat çevrildi Ümumxalq Azadlıq Hərəkatına. Bu hərəkatın bir niyyəti də Azərbaycanı birləşdirmək idi. O zaman hələ ciddi təşkilatlanma aparılmamışdı. Xalq mərkəzdən heç bir xəbər gözləmədən öz iradəsi ilə sərhədləri sökürdü.

    Sərhəd hərəkatı başladıqdan sonra onun ilkin olaraq, Naxçıvan Ali Məclisində tanınması məsələsi həll edildi. 1989-cu ilin dekabrın axırında bu hərəkatı davam etdirmək niyyəti ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd etmək qərarı verildi. Bu da 1990-cı ilin yanvar hadisələrinin baş verməsi üçün Moskvaya bir bəhanə verdi.

    – Qaranlıq qalan məqamlardan biri də rus ordusuna müqavimətin olub-olmaması ilə bağlıdır. Belə bir müqavimət vardımı?

    – Hər halda rusların özləri uydurmuşdular ki, guya Azərbaycan silahlanıb. Əslində Azərbaycanda heç bir silah yox idi. Ov tüfənglərinə qədər yığılmışdı. Küçələrdə qurulan barrikadalar simvolik xarakter daşıyırdı. Bunlarla tankların qarşısında dayanmaq olmazdı, bunu bilirdik və deyirdik.

    Mənə elə gəlirdi ki, bəzi yerlərdə və evlərin damlarında Moskva öz adamlarını yerləşdirmişdi. Bununla göstərmək istəyirdi ki, guya müqavimət var, orduya tərəf atəş açılır. Bununla bir bəhanə əldə etmək istəyirdi. Yəni bunların hamısı öz oyunları idi. Sumqayıt hadisələrini necə təşkil etmişdilərsə, Bakıda da eyni oyunu oynadılar.

    – Baş verənlər dünya mediasına hansı kanallar vasitəsilə çatdırıldı?

    – Həmin şəraitdə televiziyanın bloku partladılmışdı, qəzetlərin nəşrinə icazə vermirdilər. Mənim təsis etdiyim “Azərbaycan” qəzeti də fəaliyyətini dayandırmışdı. Amma o dövrdə İğdırdan Türkiyənin bir çox şəhərinə yayılan Azərbaycana dəstək mitinqləri başlamışdı. Kaysəridə “Azərbaycan qanımız, qurban olsun canımız” şüarı ilə mitinq baş tutdu. Bundan sonra Brüssel və Almaniyanın Köln və Berlin şəhələrində çox böyük mitinqlər keçirilmişdi. Amma bizim insanlarımızın bunlardan xəbərləri yox idi.

    Kaysəridə I Böyük Azərbaycan Qurultayı keçirdik, xaricdən gələn xeyli sayda soydaşlarımızla görüşdük. 1990-cı ilin payızında İstanbulda azərbaycanlıların qurultayını keçirdik. Sonra bizi Almaniyaya – Berlinə dəvət etdilər. Almaniyada 15-ə yaxın görüş keçirdik. Həmin görüşlərdən birində Türkiyədə İğdırdan başlayan mitinqlərin kasetlərini verdilər.

    Mən 1991-ci ilin yanvarın 20-si ərəfəsində komendantdan xahiş etdim ki, bu kasetlərin insanlara göstərilməsinə icazə versin. O zaman heç kimə çıxış etməyə icazə vermirdilər. Nədənsə bu kasetlərin göstərilməsinə icazə verdilər. Mən o zaman bir cümlə dedim ki, hamı Azərbaycanın təkləndiyini söyləyir, baxın, Azərbaycan təklənməyib, dünyanın neçə ölkəsindən Azərbaycan xalqına dəstək var, bizi müdafiə edir, minlərlə adam buna görə küçələrdədir.

    Bu, insanlara böyük təsir göstərdi. Bəlkə də bizim öz mətbuatımız təbliğat aparsaydı, bu qədər təsiri olmazdı.

    – Bəs digər ölkələrin, xüsusən də ABŞ və Avropa İttifaqının baş verənlərə münasibəti necə oldu, dəstək verildimi?

    – Dəstək olmadı. Avropanın da, Amerikanın da o vaxtkı münasibəti indiki kimiydi, onların Ermənistana xüsusi sevgisi var. Ermənilər bütün dünyanı aldatmaqla məşğuldur, guya xristianlığı ilk qəbul etmiş millətdirlər.

    Ermənilər uzun illərdir “xristian pərdəsi” araxasında Avropa və Amerikada antitürk təbliğatı aparır. Əksinə, onlar həmin dövrdə azərbaycanlıların Ermənistandan çıxarılması, Bakı qırğını, eləcə də Qarabağda baş verənlərə sevinirdilər.

    Digər yandan, Bakıda baş verənlərin cavabsız qalmayacağını bilənlər də vardı. Bunun SSRİ-nin dağılmasını süətləndirəcəyini bildikləri üçün sevinirdilər.

    Müəllif: Mənsur Rəğbətoğlu

  • Millət vəkilindən sosial media istifadəçilərinə çağırış

    Millət vəkili Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış edib.
     
    VHP sədri  türkdilli dövlətlərdən olan dostların çevrəsini genişləndirməyin vacib olduğunu vurğulayıb:
    “Özbək, qazax, türkmən, qırğız, tatar, türk, Güney Azərbaycanlı tanışlarımızı Azərbaycan sosial media səhifələrinə dəvət edək. Hər kəs öz dilində, öz ləhcəsində yazsa da, bir- birimizi anlamağın çətin olmadığını görəcəksiniz! Bu yolla qardaş ölkələrin ictimai, siyası, mədəni həyatı haqqında daha çox bilgi alarıq və əlaqələrimiz daha da genişlənər”.
    Sabir Rüstəmxanlı bu işin artıq başlandığını qeyd edib:
    “Türkiyə və Özbəkistandan olan dostlarımız və həmkarlarımızla ilişkilərimizin ildən-ilə genişlənməsi örnək sayıla bilər”.
  • “20 yanvar daim təqvimdə qalmalıdır” – Sabir Rüstəmxanlı

    Qarabağ işğaldan azad olunduqdan sonra təqvimdə işğal günləri silindi. İndi artıq xalq olaraq torpaqların işağldan azad olunması tarixlərini qeyd edirik.

    Bir neçə gün sonra Qanlı 20 Yanvar hadisənin 31-ci ildönümüdür. Bu təqvimə də münasibət, yanaşma dəyişilməlidirmi?

    Xatırladaq ki, 20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da paytaxt Bakıda törədilib. Həmin vaxt keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən xalqın üzərinə yeridilmiş, dinc əhaliyə divan tutulmuşdur. Nəticədə yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb.

    Millət vəkili, Xalq yazıçısı Sabir Rüstəmxanlı məsələyə bu cür şərh bildirdi:

    “Şübhəsiz ki, 20 Yanvar hadisəsi ilə Qarabağın işğalı arasında birbaşa əlaqə var. 20 Yanvar hadisəsi zamanı Azərbaycanın erməni işğalına qarşı başladılan müqaviməti, bu yöndə başladılan mitinqləri, Xalq Hərəkatını boğmaq, bütün bunların hamısının qarşısını almaq üçün sovet ordusu Azərbaycana yeridilmişdi. Beləliklə, ordu erməniləri müdafiə etmək məqsədi ilə gəlmişdi.

    Məlum olduğu kimi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərin işğal tarixləri artıq qeyd olunmur. Lakin bunu 20 Yanvara da aid etmək, bu faciəni təqvimdən silmək kimi fikirlər doğru deyil.

    20 Yanvar mahiyyət etibarı ilə Qarabağdan uzaqda, Bakıda dinc əhaliyə qarşı törədilmiş açıq bir cinayət idi. Bu bir növ sovet ordusunun Alma-Atada, Slovakiyada törətdiyi cinayətlərin davamı idi və xalqın gözünü qorxutmaq, azadlığını boğmaq məqsədi daşıyırdı. Ona görə də bu tarix daim təqvimdə qalmalıdır və qalacaq. Xalq da həmişə bunu xatırlamalıdır”.