Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Azərbaycanlı şairin İstanbulda imza günü keçirilib

    Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə İstanbul şəhərində VHP Qadınlar Şurasının sədri, gənc şair Aysel Xanlarqızının Türkiyədə yeni çap olunmuş “Sən gəldin” adlı şeirlər kitabının ziyalıların, gənc tələbələrin və ədəbiyyat sevərlərin iştirakı ilə təqdimatı və imza günü keçirilib. Türk Ədəbiyyatı Vəqfinin başqanı, tanınmış şair Serhad Kabaklı açılış çıxışı edib, müəllifi təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
    Daha sonra Türk Ədəbiyyatı Vəqfinin yazı işləri müdiri Səadət Örməçi Aysel Xanlarqızı haqqında iştirakçılara geniş məlumat verib. Ənvər Uğur Aykol isə müəllifin yaradıcılığı və şeirləri haqqında çıxış edib, şairin ədəbi fəaliyyətindən danışıb.
    Sonda “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı və kitabın tərcüməçisi İmdat Avşar kitab və müəllif haqqında danışıb, Aysel xanımın Azərbaycan ədəbiyyatında sevilən imzalardan biri olduğunu deyib.
    Aysel Xanlarqızı bu unudulmaz günün keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürlərini bildirdi. Şairə Türk Ədəbiyyatı Vəqfi adından “Ahmet Kabaklı adına edebiyyat mükafatı” təqdim olunub.
    Tədbirin sonunda iştirakçılara imzalı kitab hədiyyə edilib.


  • VHP-çi yazar Aysel Xanlarqızının daha bir uğuru: Türkiyədə imza günü keçirilib

    Türkiyənin Elazığ şəhərində “Əhməd Yəsəvi adına sosial elmlər kollecin”də VHP Qadınlar Şurasının sədri, tanınmış xanım yazar Aysel Xanlarqızının Türkiyə türkcəsində çap olunan “Sən gəldin” adlı yeni şeirlər kitabının və AYB-nin sədr müavini, Mətbuat şurasının sədri Rəşad Məcidin yeni çap olunmuş “Şuşa dəftəri” adlı kitabının imza günü keçirilib.
    Tədbiri Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı açıq elan etdikdən sonra Azərbaycan- Türk ədəbiyyatı arasında qurulan əlaqələrdın söz açıb.
    Kitabın tərcüməsi Türk Ədəbiyyatı jurnalının baş redaktoru İmdat Avşar çıxış edərək müəllif haqqında kollec tələbələrinə məlumat verib. Eyni zamanda Mətbuat Şurasının sədri və AYB-nin sədr müavini Rəşad Məcid və Aysel Xanlarqızı da tədbirdə çıxış edərək gənclərin suallarını cavablandırmış, yeni şeirlərindən oxumuş və kitablarını imzalamışlar.

  • Sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək

    Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb. O, bu barədə X hesabında paylaşımında bildirib. Varşava-Tbilisi reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq S.Bayramovanı Ermənistana buraxmayıblar: “Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”.
      VHP Ali Məclisinin sədri Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparır. Digər tərəfdən isə qeyri-konstruktiv mövqe tutur, prosesi poza biləcək əməllərə imza atır: 
    “Bu son hadisə də bu qəbildəndir. Ermənistanın danışıqlar prosesini pozmaq istəyinin daha bir nümunəsi müxtəlif ölkələrdən böyük həcmdə silah-sursat almasıdır. Bundan əlavə, rəsmi İrəvan Haaqada yerləşən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də Azərbaycana qarşı hüquqi müstəvidə iddiasını davam etdirir. Bütün bunlar onu göstərir ki, ermənilər hələ də bizə bütövlükdə türk dünyasına qarşı düşmənçiliklərini davam etdirirlər. Onlar heç zaman işğalçı niyyətlərindən əl çəkməyəcəklər. Bizə qarşı soyqırımlar törətmək üçün yenidən tarixi məqam gözləyəcəklər. 1905-1906, 1918, 1948-1952-ci illərdə, eləcə də, 1980-ci illərin sonundan başlayaraq 1993-cü ilə qədər millətimizin başına hansı oyunlar gətirildi!?”.
    Partiya təmsilçisi qeyd edib ki, heç kim düşünməsin ki, sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək: 
    “Bəs biz nə etməliyik? Əlbəttə, Ermənistanla sülh müqaviləsini imzalamalıyıq. Sülh müqaviləsində bütün məqamlar nəzərə alınmalıdır və alınacaq. Bununla bağlı diplomatik müstəvidə mühüm işlər gedir. Bizim edə biləcəyimiz bütün məsələlər müqavilədə öz əksini tapacaq. Biz sülh müqaviləsini imzalayacağıq, amma problemlər də həll olunmayacaq. Biz ilk olaraq, ermənilərin bizə qarşı elədiklərini unutmamalıyıq”.
    Şərq qəzeti
  • VHP bələdiyyə seçkilərində iştirak edəcək

    Vətəndaş Həmrəyliyi Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.
    Bu barədə Bakupost.az -a VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
    O qeyd edib ki, artıq partiyanin bələdiyyə seçkiləri seçki qərargahı fəaliyyətə başlayıb:
    “VHP-nin səlahiyyətlə nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndəsi təsdiq edilib. Yaxın günlərdə seçkilərdə iştirakla bağlı müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına, ardınca isə bələdiyyələr üzrə namizədlərin müvafiq sənədləri seçki dairələrinə təqdim ediləcək”.
    Qeyd edək ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.
  • Millət vəkili Fəzail İbrahimli vətəndaş qəbulu keçirib

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin birinci müavini Fəzail İbrahimli Masallı rayonunda vətəndaşlarla görüş keçirib. Rayonun Banbaşı ərazi nümayəndəliyində Binə Xocavar, Böyük Xocavar, Təzə Alvadı və Köhnə Alvadı kəndlərindən vətəndaşkarı qəbul edib, bu kəndlərdə olan vəziyyətlə maraqlanıb, məktəblərdə və digər sosial obyektlərdəki şəraitlə yaxından tanış olub. Vətəndaşların hər birinin problemlərini ayrı-ayrılıqda dinləyən F.İbrahimli  bəzi məsələlərlə bağlı yerindəcə müəyyən tədbirlər görüb. Səfər çərçivəsində millət vəkili həmçinin Masallı Rayonunun İsgəndərli yaşayış massivində şəhid Hüseynov Sübhan Rauf oğlunun adına olan bulağının tikintisində iştirak edib.

    Görüşlərdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov da iştirak edib

  • Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil

    Bakı İrəvandan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Razılaşdırılması ən çətin olan problemin də bununla bağlı olduğu bildirilir. Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var. Rəsmi Bakı bu istinadın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın qəti mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanması bundan sonra, yaxud sazişin tam razılaşdırılması ilə baş tuta bilər. “Hraparak” qəzeti yazıb ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki bəndi ilə bağlı mövqelərdə yaxınlaşma var. Nəşrin iddiasına görə, iki bənd – üçüncü ölkənin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədindən getməsi və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların rədd edilməsidir. Birinci tələb Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməzdən əvvəl irəli sürülüb. O zaman problem yalnız Rusiya sərhədçilərinə aid idi. Ermənistan hakimiyyəti buna etiraz etməyib. Amma Aİ müşahidəçiləri sərhədə gəldikdən sonra Azərbaycan bu tələbi yenidən formalaşdırıb. Ancaq nəşr qeyd edir ki, bu, məqamlar razılaşdırılsa belə, sənədin imzalanması çətindir.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli  “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü əsas şərtlərdən biri Ermənistanın müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. Ekspertin fikrincə, bu bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar yer alır və Bakı haqlı olaraq bunu sülh müqaviləsinin ruhuna zidd hesab edir:

    “Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil. Məhz bu səbəbdən də Paşinyan “Müstəqillik Bəyannaməsi”nin sülhün önündə əngəl olmasını bildirməklə kifayətlənməyib. Ermənistan Konstitusiyası müstəqillik bəyannaməsinə istinad edir. Həmin bəyannamədəki iddialar ləğv olunduğu halda məsələlərin mahiyyəti tamam dəyişir. Çünki bəyannamədə konkret olaraq əsassız olaraq göstərilir ki, Ermənistan keçmiş Dağlıq Qarabağla birləşib. Bu bəyannamə o vaxt Ermənistan parlamenti tərəfindən qəbul edilib. Referendum yolu ilə belə iddialar ora salınmayıb. İndiki halda Ermənistan parlamentində bəyannamənin bu “bəndlərinin” beynəlxalq hüquqa ziddi olduğu əsas gətirilib aradan qaldırıla bilər”.
      S.Əsədli vurğulayıb ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün erkən seçkilər və ardınca Konstitusiya dəyişikliyinə dair referendum keçirməyi də nəzərdən keçirir: “Fikrimcə, Paşinyan ölkə daxilində referendum üçün hazırkı vəziyyəti qeyri-məqbul hesab edir. İndi Paşinyan da asan yola qaçır. O, ilk növbədə Ermənistanın müstəqillik bəyannaməsindəki həmin bəndləri aradan qaldırmağa çalışır. Daha sonra referendumla konstitusiyaya ediləcək dəyişikliklər fonunda həmin istinad da aradan qalxmış olacaq”.
  • İrəvanın son bəyanatları da piara hesablanıb və sülhpərvər obrazı yaratmağa çalışırlar

    Erməni baş nazir sarsaq bir konfransda iştirak üçün Romaya gedib, halbuki müdrik din xadimi Vatikanda onu qarşısında otuzdurub ağıl veribsə, bu da sülhə xidmətdir…

    Paşinyan noyabrın 18-də mövcud olmayan “Dağlıq Qarabağ”ın “mədəni irsinin qorunmasına həsr olunmuş” beynəlxalq konfransda iştirak üçün Romaya gedib. Ermənistan baş naziri Vatikana səfəri çərçivəsində Papa Fransisklə təkbətək söhbət edib. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə olunub. Paşinyan Papaya sülh prosesindəki son hadisələr haqda məlumat verib və Ermənistan hökumətinin “sülh gündəliyinə sadiqliyi”ni təsdiqləyib. Baş nazir Ermənistanın sülhə töhfə vermək əzmində olduğunu iddia edib.

    “Ermənistan sülhə töhfə verməkdə qərarlıdır”, – Paşinyan vurğulayıb.

    Xatırladaq ki, bir il əvvəl baş nazir Ermənistanla Vatikan arasında “əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə” IX Pius ordeni ilə təltif edilmişdi.

    Roma Papasının Yaxın Şərqdə axan qana, Ukraynada davam edən müharibəyə, Ermənistanın Fransadan silah alaraq yeni savaş xəyallar qurduğuna, hələ də sülhə doğru cəsarətli addım atmadığı bir vaxtda erməni baş naziri  IX Piyin Böyük Xaç Cəngavər Ordeni (latınca “Ordo Pianus”, italyanca: “Ordine Piano”) ilə təltif etməsi bir az təəccüblü, lap doğrusu, çox yersiz görünürdü.

    Çünki Paşinyanın “kilsə qarşısında xidmətlərinə görə” təltif edilməsi çox  mübahisəlidir. O, hakimiyyətə gələndən kilsə ilə -Eçmiədzinin rəhbəri II Qaraginlə münasibətləri heç vaxt normal olmayıb. Onların münasibətlərində fikir ayrılığı Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra, katolikos hökuməti açıq şəkildə tənqid etməyə başlayandan pisləşib. Halbuki bundan əvvəlki rəhbərlər Eçmiədzinin dediyi bir sözü iki eləməzdilər, tez-tez də katolikosu ziyarətə gedər, şəkil çəkdirərdilər. Paşinyan isə kilsədən həmişə məsafəli davranıb.

    “Paşinyana ancaq Azərbaycan ağıl verə-verə irəli gedir. O, nə Roma Papası, nə İranın dini lideri Xameneinin məsləhəti ilə ağıllanan deyil. Bu adam Şuşada şərab içib yallı gedirdi, 44 günlük müharibədən sonra ağlı gəldi başına. Ona görə də yekun sülh sazişinin imzalanması üçün Ermənistan hakimiyyətinə diplomatik təzyiqləri gücləndirməliyik. İrəvanın son bəyanatları da piara hesablanıb və sülhpərvər obrazı yaratmağa çalışırlar. Dünyanı aldatmaq istəyirlər. Biz isə dünya ictimaiyyətinə izah edirik ki, “halva-halva deməklə ağız şirin olmur”, yəni Ermənistan qanunvericilik aktlarına düzəliş etməlidir və nöqtə…”,  – deyə “Yeni Müsavat”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli qeyd edib.

    VHP sədrinin müavini deyib ki, əvvəla, Paşinyan kilsəni ram etmək üzrədir və son olaraq keşiş Baqrat Srbazanın aksiyalarının iflası ilə bunu sübut etdi: “Kilsə Ermənistanda mühüm gücdür və bu ölkə kilsə dövlətidir. Amma keşişin mitinqləri göstərdi ki, xalq artıq kilsənin də ardınca getmir. Erməni cəmiyyəti kilsənin qan-qadaya çağırdığını, müharibəyə, fəlakətə sürüklədiyini anladı. Ona görə də kilsə revanşistlərlə bərabər fiaskoya uğrayıb. Bu baxımdan, Paşinyanın Roma Papasından dəstək ummasındansa, Azərbaycandan mədəd istəməsi yaxşıdır”.

    O ki qaldı Romada keçirilən konfransa, S.Əsədli hesab edir ki, Paşinyan bununla Qarabağ ermənilərini unutmadığına eyham vurub, həmçinin tədbir bu məkanda keçirildiyi üçün Qarabağdakı “xristian tarixi”nə guya diqqət göstərdiyinə işarə edib: “Ermənistan bu cəfəngiyyatdan, saxta tarixdən əl çəkməli, qurtulmalıdır. Hələ də bu “miras”dan xilas ola bilməyiblərsə, təfəkkür qondarma ideyalarla dolubsa, erməni xalqının bəlaları gələcəkdə qurtaran deyil. Paşinyan xalqın gerizəkalı fikirlərinin arxasınca sürünməli deyil, bir lider kimi erməni cəmiyyətini irəli aparmalıdır. Ona görə də hiss olunur ki, Vatikanda və Romada da ağıl tapmayıb. Onu nə xristian, nə müsəlman din xadimləri islah edə bilməzlər, təkcə Azərbaycanın hücum diplomatiyası Nikolu yola gətirə bilər. Özü də anlayır ki, Azərbaycan və Türkiyə olmadan Ermənistan inkişaf edə bilməz. Odur ki, Romada, yaxud Vatikanda “Dağlıq Qarabağın erməni irsi” haqda iclaslarda iştirak geriyə doğru sürətli addımlar atmaqdır. İrəlidə isə bu cəfəng tarixdən imtina etməklə dayanıqlı sülh var”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı…

    Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr Zəfər Günündə etdiyi çıxış Ermənistanla yanaşı, qonşu İranın da müəyyən dairələrində təlaş yaradıb. Dövlət başçısı çıxışı zamanı kapitulyant Ermənistanı bir daha silahlanmanı dayandırmağa çağırıb.

    Bu da tamamilə məntiqli və haqlı bir tələbdir.  Ona görə ki, Ermənistan öz konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmaq istəmir, bunu həyasızcasına özünün daxili işi hesab edir. Demək, revanşist planlardan əl çəkməyib. Maraqlıdır ki, İlham Əliyevin tələbi Tehranda narahatlıq doğurub. Erməni mediasının yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, Ermənistan silahı yerə qoymalıdır, əks halda onları ağır son gözləyir. İranın hərbi komandirləri və lideri hər zaman açıq şəkildə xəbərdarlıq ediblər: “Əgər Azərbaycan Ermənistan və İran arasında coğrafi sərhədləri dəyişdirmək üçün addımlar atsa, bu, ciddi nəticələrə səbəb ola bilər”.

    Guya İlham Əliyevin xəbərdarlığı ona işarədir ki, Azərbaycan  Ermənistana hücuma, Zəngəzur dəhlizini zorla açmağa hazırlaşır. Yəni yenə köhnə bayatı… Bəs İran yenə niyə “qaşınır”? Dostluqdan, qardaşlıqdan, mehriban qonşuluqdan dəm vuran İran burdan-bura – Bakıya, COP29 tədbirinə öz prezidentini yox, vitse-prezidenti göndərdi. Pezeşkian da Makron kimi Azərbaycana gəlmədi, beynəlxalq erməni lobbisinin, boykotçuların istəyinə uyğun olaraq. Bəs bunun harası qardaşlıq oldu? İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 sammitinə qatılacağı haqda rəsmi açıqlama 4 noyabrda verilmişdi və İranın Bakıdakı səfirliyi bu məlumatı təsdiqləmişdi. Lakin COP29 konfransının başlanmasına iki gün qalmış Pezeşkianın tədbirdə iştirak etməyəcəyi barədə İranın SEPAH-a yaxın mediası məlumat yaymağa başladı. Məlumatda Pezeşkianın səfərdən imtina etməsinin səbəbi kimi İsrail nümayəndə heyətinin tədbirə qatılması göstərildi. Belə çıxırdı ki, İsrail COP29-da iştirak etməsəydi, İran bu tədbirə prezident səviyyəsində qatılacaqdı. Maraqlıdır ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran Prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirmişdi.

    “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin dediyinə görə, İranda Pezeşkian hökuməti ayrı, SEPAH ayrı gücdür. Onun fikrincə, azərbaycanlı prezident Pezeşkianın ölkəmizə xoş münasibəti olsa da, xarici siyasət kursunda əsas söz sahibi ali dini lider və onun əsas qüvvəsi sayılan SEPAH-dır. S.Əsədli bu səbəbdən Tehran rejiminin Azərbaycanla Pezeşkian arasında münasibətləri korlamaq istədiyini düşünür: “Gördüyünüz kimi, İran hökuməti və prezident Azərbaycan əleyhinə açıqlamalar vermir, təmaslar, görüşlər keçirilir, amma SEPAH, onun media qanadı davamlı olaraq hər şeyi pozmağa çalışır. Son bəyanat da göstərir ki, SEPAH “qara işi” görməkdədir və məqsəd Azərbaycana böhtan atmaqdır. Biz dəfələrlə bildirmişik ki, Zəngəzur dəhlizi əldə olunan razılaşma əsasında işə düşəcək, bu koridor Orta Dəhlizin bir hissəsidir, qlobal logistikanın əhəmiyyətli payıdır. Yəni bu yolun işləməsi beynəlxalq layihədir və Azərbaycan dəhlizi hərbi güclə açmaq niyyətində deyil. Prezident bəyan edib ki, Qərbi Zəngəzura topla-tankla yox, avtobusla, minik avtomobilləri ilə gedəcəyik”. Partiya sədrinin müavini hesab edir ki, SEPAH Azərbaycana düşmənçilik edir və nifrət bəsləyir: “Əfsuslar olsun ki, hər şeyi onlar pozurlar. İki ölkə arasında münasibətlərdə mülayimləşmə olan kimi SEPAH mətbuatı, teleqram kanalları ölkəmizə şər-böhtan yağdırmağa başlayır. SEPAH İranda mühüm gücdür və ölkənin idarəçiliyi az qala tam ələ keçirilib. Pezeşkian da bu gücə müqavimət göstərə bilmir. Görünən budur ki, Ermənistan SEPAH üçün doğma və əzizdir. Ancaq biz yaxşı anlayırıq ki, burada heç də ermənilərin dərdi çəkilmir, sərhədlərin dəyişdirilməsi deyiləndə Zəngəzur dəhlizi nəzərdə tutulur. Bu dəhlizin açılması İrandakı mövcud rejim üçün az qala ölümcül məsələyə çevrilib”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • VHP sədrinin 17 noyabr-Milli Dirçəliş günü ilə bağlı təbriki

    17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq Şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir: “Əziz soydaşlarım! Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu.
    17 noyabr – bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işqalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımların daha da şiddətləndiyini bir daha ortaya qoydu.
    60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüura təsir edən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illər ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı.
    Meydan hərəkatı – təsadüfən yaranmadı. Erməni işğalı bu mübarizənin açıq müstəviyə çıxmasında son damla idi və ona görə də milyonları əhatələyən Meydan Hərəkatı qısa müddətdə bütün SSRİ-ni silkələdi.
    17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi!
    Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda sizlərə uğurlar arzulayıram”.

  • Millət vəkili Tənzilə Rüstəmxanlı vətəndaş qəbulu keçirib

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Qaçaqkənd, Xanməmmədli, Ramazanlı və Qazaqbərə kəndlərininin sakinləri  ilə görüşüb.

    Görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemləri, aqrar sahənin inkişafı, aqroparkların yaradılması və rəqabət mühitinin olması, kənd təsərrufatında istifadə olunan texnikanın çatışmamazlığı və qiymətlərin həddən artıq yüksək olması ilə bağlı narazılıq, yaşayış məntəqələrində ödəniş terminallarının və bankomatlarının olmamasıı ilə bağlı məsələlər qabardılıb.

    Millət vəkili vətəndaşların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb və qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.

    Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.

    Görüşdə həmçinin Neftçala RİH-in məsul əməkdaşı Esmira Məmmədzadə və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəf Süleymanov da iştirak edib. Onlar da öz növbəsində qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb.

    Qeyd edək ki, millət vəkili Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü hər ay keçiriləcək.