Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Bir sözlə bu qələbənin bir müəllifi var: Azərbaycan xalqı

    44 günlük Qarabağ savaşı haqda haqlı-haqsız müxtəlif fikirlər səslənir. Bu sırada xüsusi qıcıq doğuran məqamlardan biri də qazanılan zəfərdə Azərbaycan ordusunun zəhmətini heçə endirməkdir.  “Tərtər işi”ndən də ilhamlanan bu qüvvələr qələbəni bütövlükdə xarici təsirlərə bağlamaqdan belə çəkinmirlər. Hazırda ölkədən kənarda olan keçmiş hərbçi Isa Sadıqovun “Bizim generallara qalsaydı yenə məğlub olacaqdıq, yaxşı ki türklər gəldi bizi bundan xilas etdi” fikri də eyni mənbədən qaynaqlanır.
    Məsələ ilə bağlı II Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan zabit, VHP sədrinin müavini  Nəsimi Şərəfxanlı Moderator.az-a münasibət bildirib.
    O qeyd edib ki, II Qarabağ savaşı ilə bağlı  Azərbaycan Silahlı Qüvvələrinin imicinə  azacıq belə kölgə salacaq fikir söyləmək yüngül desək, vicdansızlıqdır:
    “Bu savaş Azərbaycan xalqının 7-dən 77-yə, süpürgəçisindən prezidentinə qədər bir yumruq olduğu və qalib gəldiyi savaşdır. 44 günlük döyüşlərdə Azərbaycan ordusu bütün dünyaya qəhrəmanlıq və vətəndən vazkeçilməzlık örnəyi göstərdi. Tək Şuşa əməliyyatı bəs edər ki, bundan yüz il sonra da dünya hərb tarixində Azərbaycan ordusunun zəfəri öyrənilsin”.
    İttihamlar sırasında yüksəkçinli Azərbaycan hərbçilərinin olmasına, “bizim generallara qalsaydı” fikrinə gəldikdə isə N.Şərəfxanlı bildirdi ki, II Qarabağ savaşı əsgərlə generalın bir səngərdə durduğu savaş olub:
    “Mən Cəbrayıl və Qubadlıda korpus komandiri, general Mais Barxudarovun və onlarla yüksək çinli zabitimizin açıq  atəş altında əsgərlərlə birgə, qəhrəmancasına döyüşdüyünün şahidi olmuşam. Bu istiqamətdə döyüşlərdə iştirak edənlər korpus komandirinin müavini, milli qəhrəman Şükür Həmidovun şəhidliyi və döyüşündən xəbərdardır. Hikmət Həsənov, Tehran Mənsimov, Hikmət Mirzəyev kimi bu savaşda tarix yazan general və polkovniklərimiz var.  Azərbaycan ordusu Polad Həşimov kimi general zirvəsinə sahibdir. Bütün bunların müqabilində belə fikirlər səsləndirmək ya məlumatsızlıq, ya da qərəzlilik əlamətidir”.
    Qarabağ veteranı savaşda qazanılan qələbəyə “türklər olmasaydı” fikrinə də münasibət bildirib. O deyib ki, azad edilən bütün ərazilərdə Azərbaycan əsgəri döyüşüb:
    “Bəli, Türkiyənin, Israilin və digər ölkələrin müasir silahları bu savaşda mühüm rol oynayıb. Bunu danmaq olmaz. Amma onu da unutmaq olmaz ki, bu silahlara dövlətin iqtisadi gücü ilə sahib olmuşuq. Təlim keçən kənar ölkə zabitlərinin əməkhaqqı da bu dövlətin potensialı hesabına ödənilib. Bir sözlə bu qələbənin bir müəllifi var: Azərbaycan xalqı”.
  • Sabir Rüstəmxanlıdan önəmli: Bu savaşı uduzmamaq üçün…

    Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Qarabağda baş verən son proseslər, bu proseslərdə Azərbaycanın atmalı olduğu addımlar, eləcə də ziyalıların, xaricdə yaşayan soydaşlarımızın boynuna düşən işlər, diaspor fəaliyyətində aktual istiqamətlərlə bağlı vacib bir yazı ilə çıxış edib.

    Axar.az həmin yazını təqdim edir:

    44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun parlaq qələbəsi ilə başa çatsa da Azərbaycan və Ermənistan arasında hələ sülh sazişi bağlanmayıb. Silahın gətirdiyi nəticə rəsmi sözlə və müqavilələrlə təsdiqlənməyib. Hələ torpağımızın bir hissəsində erməni terrorçuları baş qaldırmağa fürsət gözləyir, Rusiya sülhməramlılarının arxasında gizlənib bizə barmaq silkələyirlər. Ermənistanın qarşıdakı seçkiləri Moskvada imzalanmış üçtərəfli razılaşmanın taleyinə necə təsir göstərəcək, bilmirik. Torpaq itkisinin ağır, mənəvi, psixoloji, hərbi sarsıntılarından qurtarandan sonra indi də azad edilmiş yurdlarımızda erməni vəhşiliklərindən “yadigar” qalmış viranəliklərin dözülməz ağrılarını yaşayır, oradakı şəhər və kəndlərmizin tezliklə bərpa edilməsinin dərdini çəkirik. Lakin bu ağrı və qayğılar millətin qələbə ilə başlanan yüksək qürur və iftixarını zədələyə bilməmişdir.

    Məni narahat edən məsələ bu qələbə ovqatı içərisində ən vacib vəzifələrimizə, görülməsi zəruri olan işlərimizə yenə də laqeyd yanaşmaq təhlükəsidir. Ermənistan Qarabağda məğlub olsa da, yalançı təbliğat və əsassız böhtan meydanlarında özünü yenə xaçpərəst dünyasının ərköyün övladı kimi aparmaqdadır. Eçmiədzin və İravandan başlanan çirkab selləri yenə ölkədən-ölkəyə axır, yenə dünyanın gözünün qarşısında baş vermiş və Azərbaycanın haqlı olduğunu sübut etmiş savaşın ədalətli yekununa şübhəli yanaşmalar qəzetdən-qəzetə adlayır; erməni lobbisi və diasporunun güclü olduğu ölkələrdə ermənipərəst siyasilərin canfəşanlığı davam edir; Rusiyada erməni və yarıermənilərin dəyirmi masalarında Azərbaycana kinlə dolu çıxışlar uc-uca calanır; dizə çökdürülmüş erməni ordusunun dirçəldilməsi və Ermənistana yardım göstərilməsi üçün yollar axtarılır, Moskvanın siyasətdən uzaq qəzetlərindən belə imkan düşdükcə Azərbaycanın bostanına daşlar atılır.

    Bəs biz nə edirik?

    Doğrusu, ölkədən kənarda yaşayan milyonlarla soydaşımızın belə bir ideoloji, mənəvi, psixoloji savaşda fəallıq göstərə bilməməsi adama ağır gəlir. Bu biganəliyin təsdiqi olaraq Moskva mətbuatına nəzər yetirmək olar. Bizim diasporun fəal nümayəndələri daha çox yazışmaların ana dilində olduğu whatsapp qruplarında və saytlarda görünürlər. Onda da yazıların bir hissəsi savadsız, köhnə kiril əlifbası ilə, yarı rus, yarı Azərbaycan leksikonu ilə yazılır və xırda qeybətdən o yana keçmir…

    Rusiyanın ciddi mətbuat orqanlarında səsimiz eşidilmir. Professor Kamran Rüstəmovun sosial mediadakı yazılarından başqa erməni yalanlarını peşəkarlıqla ifşa edən, onlarla açıq, ciddi və elmi dəlillərlə danışan ikinci müəllif görmürəm.

    Burda bir haşiyəyə ehtiyac duyulur. Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır; onların bir hissəsi Rusiya vətəndaşıdır. Bakıda 10 minlərlə gəncimiz zor-xoş rus məktəblərində oxudulmuşdur. Rus dilini mükəmməl bilməkləriylə öyünənlərimizin sayı-hesabı yoxdur. Deyək ki, Moskva televiziyalarına çıxmaq çətindir. Bəs sosial mediada niyə bunlar az görünürlər? Bunun səbəbi barədə dəfələrlə danışmışıq.

    Rus dilini, ingilis dilini nə qədər mükəmməl bilirsənsə bil, öz tarixini, mədəniyyətini bilmədən, xalqın ruhunu içində yaşatmadan, savaşın tarixi və mahiyyətini dərk etmədən bu dil bilgiləri sənə yardım edə bilməz. Təəssüf ki, Azərbaycanda rusdilli məktəblərin yetirmələri məhz bu cəhətdən sıxıntı çəkirlər… Bunu inkar etmək mümkün deyildir.

    Dünyada genişlənən informasiya savaşında ermənilərin qarşısına ordumuz səviyyəsində informasiya əsgərləri çıxarmalıyıq. Bu cür qabilliyətli insanlarımız dünyanın harasında yaşayırlar- yaşasınlar, axtarılıb tapılmalı və bu böyük vətəndaşlıq işinə cəlb edilməlidirlər. Bu gün mövcud olan jurnalist təşkilatlarının heç biri bu işin öhdəsindən gələ bilməz. Mənə elə gəlir ki, informasiya müharibəsində uduzmamaqdan ötrü ölkənin Ali Baş Komandanının müharibə dövründəki informasiya savaşının ruhunu davam etdirən xüsusi bir sistem və ya qrup yaradılmalıdır. Bu, Prezidentin yanında, daha doğrusu, Prezident Administrasiyası nəzdində yaradılsa, vahid mərkəzdən idarə edilsə, hazırlanan materiallar dünyanın əsas dillərinə çevrilərək beynəlxalq aləmdə yayılsa, müsbət nəticələr verəcəyinə şübhəmiz yoxdur. Yaranan qurumun adını Qarabağ İnformasiya Mərkəzi də qoymaq olar. Diaspor Komitəsinin işi düzgün qurulsa, bu sahədəki boşluğu doldurmaqda yardımçı ola bilər.

    İnformasiya savaşında Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmağın və erməni fikir quldurluğunun, informasiya terrorunun qarşısının almağın başqa daha müasir və imkanlı yolu da var. O da Azərbaycanın ən güclü müstəqil informasiya agentliklərinin (iqtidaryönlü və ya müxalifətyönlü olmalarını nəzərə almadan) dəstəkləyərək onların fəaliyyətinə şərait yaradaraq, bu mübarizəyə qoşulmalarını təmin etmək, onlara dəstək vermək və bu işi əlaqələndirməkdir.

     

  • Fəzail İbrahimli: “Təəssüf ki, beynəlxalq aləm Ermənistanın insanlığa qarşı cinayət əməllərinə susur”

    “Bizim üçün Ermənistanla bağlı təəccüb doğuracaq heç bir sual qalmayıb. Ermənistan 30 ildir beynəlxalq hüquq normalarına riayət etməyərək, Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirərək, 20 fazi torpaqlarını işğal altında saxladı və bu müddət ərzində nə bir beynəlxalq təşkilat, nə də dünyanın aparıcı ölkələri ermənilərə bu əməlinə görə gözün üstə qaşın var deyən olmadı. Beynəlxalq hüququ kobud surətdə pozmasına görə, hər hansı sanksiya tətbiq edilmədi. Düzdür, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistanı işğalçılıq fəaliyyətinə görə qınayıb, onun bu hərəkətinə qarşı konkret addım atmadı. Qəbul edilən sənədlər isə kağız üzərində qaldı”.

     Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

    Millət vəkili bildirib ki,  beynəlxalq aləmin görəcəyi  və atacağı addımları isə Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında ordu etdi. “44 günlük Vətən müharibəsi nəticəsində  təcavüzkar işğal etdiyi Azərbaycan torpaqlarından çıxarıldı. Artıq Qarabağ məsələsi yekun mərhələsindədir. Lakin ağır məğlubiyyətə düçar olan Ermənistan  tərəfi Azərbaycanın verdiyi dərsdən nəticə çıxarmayaraq  hər vəchlə bölgədə gərginliyin qalmasında maraqlıdır. Minalanmış ərazilərin xəritəsini verməməklə dinc insanların ölümünə səbəb olmaqla Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini davam etdirir. Bununla da Ermənistan beynəlxalq hüququn kobud surətdə pozaraq ayaqlar altına atır. Amma təəssüflər olsun ki, beynəlxalq aləm Ermənistanın bəşəri dəyərlərə  və insanlığa qarşı cinayət əməllərinə susur.  Yenə də Azərbaycana qarşı ikili standart tətbiq edir. Beynəlxalq aləmin susqunluğundan istifadə edən  Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil vermək istəmir. Ona görə də beynəlxalq aləm və təşkilatlar  Ermənistanın bu hərkətinı qınayıb, təzyiq etməlidir. Ən azından 9 noyabr 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı  üçtərəfli birgə  sülh bəyanatına imza atan Rusiya  İrəvandan   xəritənin Azərbaycana verilməsini tələb etməlidir. Axı, xəritənin verilməməsi sülh bəyanatının tələblərini təhdid altında qoyur”- millət vəkili qeyd edib.

    Milli Məslisin Sədr müavini təəssüflə qeyd edib ki, nə beynəlxalq birlik, nə də Rusiya tərəfindən  Ermənistan qarşısında belə tələblər qoyulmur: “Azərbaycan tərəfi  məsələ ilə bağlı beynəlxalq  aləmlə  sıx əməkdaşlıq edir.  Dövlət başçısı səbr və təmkinlə prosesə yanaşır. Çünki o hansı addımın nə zaman atılacağını yaxşı bilir. Hesab edirəm ki, lazımi məqamda  bununla bağlı ciddi tədbirlər görüləcək”.

    Millət vəkili eyni zamanda  Azərbaycan vətəndaşlarının da  işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməkdən çəkinməyə çağırıb. Bildirib ki,  torpaqlarımızı işğaldan azad edərkən  xeyli sayda şəhid vermişik,  çoxsaylı qazilərimiz var. “Ona görə də əlavə itkiyə yol verməmək üçün səfərlərdən çəkinməliyik. Artıq  müvafiq dövlət qurumları bununla bağlı müraciətlər ediblər və bu müraciətlərə əməl etmək lazımdır. Yəni işğaldan azad olunan ərazilərdə təhlükəsizlik tam təmin olunmayanadək ehtiyatlı və səbrli olmalıyıq. Onsuz da dövlət Böyük qaydış proqramı hazırlayıb və həmin proqramın tez bir zamanda reallaşması üçün bütün səylərini ortaya qoyub”-Milli Məclisin Sədr  müavini  qeyd edib.

     Mürtəza
    Ölkə.Az

  • Samir Əsədli: ” Hərbçilərimizin necə silah atdığını ermənilər daha yaxşı bilir”

    Qafan yolunda erməni maşınına daş atacaq adam yoxdur

    Ermənilərin şayiələrində iyrənc siyasi niyyət gizlənir
    Erməni mediası günlərdir Qafan yolunda erməni seriyalı maşınların “azərbaycanlılar tərəfindən” daşlanması barədə məlumat tirajlayır. Qafan meri Gevork Parsyana istinadla verilən informasiya sosial şəbəkələrdə də geniş yayılmaqdadır. Guya, bu cür hadisələr David Bek-Şurnux yolunda baş verir. Azərbaycanın rəsmi qurumları həqiqəti əks etdirməyən xəbərlərlə bağlı dəfələrlə açıqlama versələr də, ermənilər israrla azərbaycanlılarla “yola getmədiklərini” əks etdirən xəbərlər yayırlar.
    Yayılan məlumatın həyasız yalan olmasının sübutu odur ki, azərbaycanlılar hələ işğaldan azad edilən ərazilərə köçməyiblər, orada quruculuq işləri aparılmayıb və minalar təmizlənməyib. Yəni orda erməni maşınına daş atacaq adam yoxdur.
    Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli “Şərq”ə bildirib ki, İkinci Qarabağ savaşından sonra erməni tərəfi dəfələrlə durumu gərginləşdirən şayiələr yayıb. Son xəbərlər də bu sıradandır. Partiya təmsilçisi qeyd edib ki, bəhs edilən bölgədə hələ Azərbaycanın mülki əhalisi məskunlaşdırılmayıb:
    “Orada Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri durur. Azərbaycan əsgəri isə daş yox, silah atır. Hərbçilərimizin necə silah atdığını ermənilər daha yaxşı bilir. Belə yalanların yayılmasında bir neçə məqsəd ola bilər.
    Amma uydurma xəbərləri yaymaq ilk növbədə erməni xislətindən, onların mahiyyətindən irəli gəlir. Ermənilər özləri haqda “yazıq”, “məzlum” toplum imici yaratmaq üçün hər cür yalan uydururlar.
    Başqalarını da inandırmaqdan zövq alırlar. İndiki durumda isə yayılan şayiənin arxasında iyrənc siyasi niyyət gizlənir. Əvvəla, ermənilər bu kimi xəbərlərlə azərbaycanlıların sülhə qarşı olduqlarını, guya bizimlə birgə dinc şəraitdə yaşamağın mümkün olmadığını təlqin etmək istəyirlər.
    Digər tərəfdən isə bu kimi yalanlarla Qarabağda rus sülhməramlılarının sayının artırılmasına nail olmağa çalışılar. Sərhəd bölgədə yayılan dezinformasiyaların məqsədi bunlardır”.
    İsmayıl Qocayev
  • Sabir Rüstəmxanlı : Kürün taleyi yüz minlərlə insanın taleyidir

    Kürün suyunun böhran səviyyəsində azalması, hər yerdə çay yatağının boşalması və Xəzərin şor sularının çay yatağını dolduraraq bütün Neftçala ərazisini ötüb Salyana çatması, taleyi bu çaya bağlı olan on minlərlə əkinçinin, heyvandarın çıxılmaz vəziyyətə düşməsi, şor sularla suvarılan torpaqların şorlaşması, bütünlüklə Neftçala rayonunun maşınla daşınan suyun ümidinə qalması barədə düz bir il bundan öncə həyəcan təbili çalmışdıq. Sosial mediada bu barədə həyəcanlı yazılar yazılmış, Mili Məclisin yığıncaqlarında vəziyyətin ciddiliyi nəzərə çatdırılmışdır. Yay aylarında əhalinin içməli suya olan ehtiyacı su maşınları vasitəsiylə qismən olsa da ödənilmişdir. Neftçala şəhərinə çoxdan planlaşdırılan içməli su kəməri çəkilib Noyabr ayında istifadəyə verilmişdir.
    Yaz gəlib, Kürün durumu keçən ilkindəkindən də ağırdır. Sahillərini dağıdan çaydan geniş yatağın bir küncünə qısılmış və görkəmi ürək ağrıdan arx qalıb. Dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir; yenə gəlib Salyan ərazisinə çatmaqdadır. Hər gün Neftçala rayonundan telefon zəngləri gəlir.
    İstər-istəməz o vaxt bu məsələnin rəsmi orqanlarda müzakirəsini, verilən vədləri xatırlamalı olursan. Bir il əvvəl biz Kürün deltasında cənub istiqamətinin şimala doğru dəyişdirilməsinin doğru olmadığını və dəniz suyunun çay yatağına müqavimətsiz axınına şərait yaratdığını qeyd etmişdik. Bu, həm də Kürün təbiətini yaxşı bilən insanların fikri idi. Təəssüf ki, bu təklifə heç bir reaksiya olmadı. İkinci təklifimiz yenə yerli əhalidən gəlirdi: Kürün dənizə töküldüyü yerə bənd çəkmək. Bu da qulaqardına vuruldu. Cavab belə oldu ki, həm Kürün suyunun azalması, həm aran rayonlarımızın su probleminin həlli ilə bağlı kompleks tədbirlər hazırlanır. Mən bu cavabın məsələnin məsuliyyətini dərk edən bir yüksək vəzifə sahibi tərəfindən verildiyini nəzərə alaraq ümid edirəm ki, doğurdan da Azərbaycanın su probleminin kompleks şəkildə həlli ilə məşğuldular. Ancaq görünən də budur ki, il dolanıb keçdi, Kür daha sürətlə quruyur, hətta qışda və qarların əridiyi indiki vaxtda da suyu axmır, deməli görülən işin bir nəticəsi yoxdur. Çarəsiz qalan kənd əhalisi hətta bu ərazidən axan böyük kollektor kanalınıln suyundan da istifadə edir. Bunun nə qədər təhlükəli olduğunu deməyə ehtiyyac yoxdur. Qarşıda bizi isti aylar gözləyir. İndidən Kürün dərdinə çarə tapılmalıdır. Kürün xilasıyla bağlı nə işlər görülür, hansı proqram hazırlanır? Azərbaycanın aran rayonlarında əhaləni çirkli kanal suyu içməkdən nə vaxt bütövlüklə xilas edə biləcəyik? 50 ildən sonra Azərbaycanın içməli suya olan ehtiyyacı nə qədər artacaq və bunu hansı yollarla təmin edə biləcəyik? Bunlar çox ciddi suallardır. Bu məsələlər haqqında düşünərkən kabinet mütəxəssisləriylə yanaşı, o bölgələrdə yaşayan insanların da fikirləri nəzərə alınmalıdır.
    Ötən il verilən iki təklif Kürün dənizə töküldüyü yerdə istiqamətli köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək yenə də qüvvədə qalır. Başqa təkliflər də var, bilirik ki, kənd təsəruffatı və əkinçilik inkişaf elədikcə suya tələbat artır. Kür üstündə tikilmiş su ayrıclarının sayını bilmirik. Amma hər ayrıc-nasosxana Kürdən balaca bir çayın suyunu götürür və bu su köhnə qayda ilə taxıl və pambıq tarlalarına, həyətlərə axıdılır. Görünür bu köhnə suvarma sistemindən imtina etməyin və suyu daha qənaətlə işlədən yeni suvarma üsullarına keçməyin vaxtı çatmışdır. Bu yolla su israfçılığını yarıya qədər azaltmaq olar.
    İkinci çox ciddi məsələ Kür boyu çayın suyunu gecə-gündüz sümürən balıq nohurlarıdır. Ərköyün balıqlar yalnız şirin su içmək istəyir və onun dayanmadan təzələnməsini tələb edirlər. Bu göllərin, no-hurların hamısı bağlanmalıdır. Kimlərə aid olduğu nəzərə alınmadan! Xalq nohur balığı olmadan da yaşaya bilər, amma susuz yaşaya bilməz!
    Gənclik illərimdə Azərbaycanda yarana biləcək su qıtlığı barədə çox düşünür və hətta xəyali layihələr də qururdum. Bunun biri – dəniz suyunun duzsuzlaşdırılması, çox xərc aparsa da, amma hər halda fantastik deyil; dünya təcrübəsində geniş yayılıb. Yadımda qalan ikinci layihə Volqanın Xəzərə töküldüyü yerdən azərbayacana su kanalının çəkilməsi Qobustan vadilərində Ceyranbatan su tutarına bənzər anbarların yaradılması idi. O vaxt bir dövlətin tərkibində idik və bəlkə də belə bir təklif təəccüblə qarşılanmazdı. İndi bu məsələ reallıqdan uzaq görünür. Amma hər halda dünyanı hörümçək toru kimi bürüyən nəhəng neft, qaz kəmərləri ilə yanaşı Volqanın və ya Ural çayının deltalarndan Bakıya uzanan iri bir su kəmərini təsəvvür etmək də fantastika deyil. Sadəcə ölkələrarası razılaşma əldə edilməlidir.
    Amma bunlar gələcəyin işidir. Bu gün isə Kürü xilas etmək haqqında düşünməliyik. Çünki Kürün taleyi çay boyu yaçayan yüz nminlərlə insanın taleyidir…

     

  • Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir”

    Son günlər ölkə gündəmində daha çox müzakirə olunan məsələlərdən biri də uşaqpulu mövzusudur. Bu məsələ iqtisadi, sosial mövzu olmaqdan çıxıb bütün ölkənin mövzusuna çevrilib. Uşaqpulu verilməlidirmi? Dövlətin buna maddi imkanı varmı? Qərar qəbul olunarsa uşaqpulu nə qədər və hansı əsaslarla müəyyənləşməlidir? Bu suallara cavabı Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ilə araşdırdıq.

    Samir bəy, ilk sualı elə sadə şəkildə qoyaq: uşaqpulu veriulməlidirmi?

    -Azərbaycanda uşaqpulu verilməsinin uzun bir ənənəsi var. Sovetlər dönəmində bu ödəniş edilib. Azərbaycan cəmiyyətində yüksək mövqe tutan tanınmışlarımızın bir çoxu kasıb ailədən çıxıb və bu ailələrdə həmin uşaqpulu ciddi maddi dəstək olub. Mən doğulduğum cənub bölgəsində elə ailələr olub ki, 10-dan artıq uşaq böyüyüb bu ailələrdə. Həmin uşaqlar sovet vaxtı uşaq pulu ilə böyüyüb. Bir çox keçmiş SSRİ respublikalarında bu problem öz həllini tapıb. Məsələn, Rusiyada 1-ci uşağa bizim pulla götürdükdə 8 min manat, 2-ci və sonrakı uşaqların hər birinə 13 min manat, 3-cü uşaqdan sonra ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir. Bunun üstünə hər uşağa görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur.

    1-ci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. 3 və daha çox uçağı olan ailələrə bir sıra başqa güzəştlər verilir.

    Ukraynada ailədəki 1-ci uşağa görə ödənilən məbləğ 1800 dollar, 2-ci uşağa görə 3750, 3-cü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda 1-ci uşağa görə 12 ay, 2-ciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir. Bu faktlar Azərbaycan hökumətini düşünməyə məcbur etməlidir. Azərbaycan kimi neft ölkəsinin uşaqpulu məsələsini bu qədər uzatması anlaşılan deyil. Birmənalı şəkildə bununla bağlı müsbət qərar verilməlidir.

    Geniş müzakirə olunan məsələlərdən biri də uşaqpulunun hansı qaydada verilməsidir…

    -Bunun da örnəkləriu var və bu örnəkləri araşdırıb birinin üzərində durmaq olar. Dünyada uşaqpullarının verilməsinin üç fərqli istiqaməti var. Bir qrup ölkələr uşaqpullarını ailədəki uşaqların sayına görə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği azalır.

    Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği çoxaldılır. Digər bir yanaşma ondan ibarətdir ki, uşaqpulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaqların qayğısını çəkmək üçün uşaqpulu adı ilə vəsait ödənilir. Uşaqpullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaqpullarını daha da çoxaldırlar. Üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu, ödənilmiş verginin bir hissəsinin geri qaytarılması praktikasıdır. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir.

    Bu məsələ ilə bağlı dövlət rəsmilərinin əks arqumentlərindən biri vətəndaşlara ünvanlı sosial yardım verilməsidir. Bu yardımın verilməsi uşaqpulunun verilməsini təkzib edir?

    -Çox cəfəng arqumentdir. Bunlar tamam fərqli məsələlərdir. Uşaqpulunu ünvanlı dövlət sosial yardımı ilə eyniləşdirmək və qarışdırmaq lazım deyil. Ünvanlı dövlət sosial yardımı nəyə görə verilir? Ona görə ki, o ailələrin çörək almağa, yeməyə, paltar almağa pulu yoxdur. Bir sözlə, ünvanlı dövlət sosial yardımı dolana bilməyən ailələrə verilir.

    Söhbət isə uşaqpulundan gedir. Bu müavinətin ünvanı bəllidir-uşaqlar… Biz uşaqpulunun verilməsini uşaqların sağlam qidalanması, geyinməsi, böyüməsi üçün istəyirik. Söhbət uşağın yetişməsi, normal böyüməsi, inkişaf etməsi üçün vəsaitdən gedir. Bu, dövlətin demoqrafik vəziyyəti sağlamlaşdırması, əhali artımının stimullaşdırması, sağlam gələcəyə kapital yatırılması tədbiri kimi nəzərdən keçirilir. Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır- yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 40 faizdir. 2 uşaqlı ailələrin çəkisi də azı 2 dəfə artıb. Azərbaycanda 15-49 yaş arası hər 1000 qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Uşaq doğulmasına görə, birdəfəlik yardımın artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bizdə bunu etmək üçün hər cür imkanlar var.

    Digər bir əks arqument də uşaqpulunun verilməsi üçün vəsait çatışmamazlığı, maliyyə mənbələrinin olmamasıdır.

    -Fikrimcə bu da bəhanədir. Hazırda Azərbaycanda 0-18 yaşlı uşaqların sayı 3 milyona yaxındır. Bu halda əgər orta hesabla bir uşağa 100 manat pul ayrılarsa, il ərzində 3 milyard manata yaxın vəsait tələb olunur. Əlbəttə bu az vəsait deyil.

    Amma dövlət büdcəsi üzərində bir balaca peşəkar redaktə aparılsa bu vəsait ortaya çıxar. Hazırda pandemiya ilə bağlı yaranmış sosial xarakterli problemlərinin xeyli hissəsini uşaq pulunun bərpa edilməsi hesabına həll etmək olar. Bu həm də post-pandemiya dövrü üçün də işləyə bilən ən yaxşı mexanizm kimi özünü göstərə bilər.

    Rasim

    “AzPolitika.info”

  • Siyasi mübarizəyə ailəni qatmaq… – MM-də müzakirə

    İş olmasa, 100 səhifəlik hesabat hazırlanmazdı. Mən hesabatla tanış oldum. Bu, millətimiz və dövlətimiz üçün mühüm sahədir – həm dövlətimizin beynəlxalq imici, həm də ölkə daxilində insanların problemlərinin həlli, hüquqlarının müdafiəsi baxımından.

    Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı deyib.

    Xalq şairi xatırladıb ki, insan hüquqları dünyada ali dəyərdir və hökmən qorunmalıdır:

    “Ombudsmanın məruzəsində insan hüquqları ilə bağlı maraqlı faktlar da var. Məruzə bütün problemləri, real vəziyyəti əks etdirir. Bura uşaq, qadın hüquqları və digər məsələlər daxildir. Müsbət haldır ki, ombudsman problemlərə öz münasibətini bildirib. Milli dövlət varsa, insanların hüquqları qorunmalıdır. Ombudsmanın səlahiyyəti artırmalıdır”.

    Sabir Rüstəmxanlı əlavə edib ki, siyasi mübarizədə mənasız mübahisələrə yer yoxdur, bu işlərə ailəni qatmaq milli mentalitetə yaraşan iş deyil:

    “Son hadisələrdə dövlətin marağının olmadığı düşüncəsindəyəm. Bu, hansısa təxribatçı işdir”.

  • “Qoca da rüşvət alır, cavan da…“ – Sabir Rüstəmxanlı

    Son illər ölkəmizdə vəzifə təyinatında gənc kadrlara üstünlük verilir. Hazırda hökumətdə təmsil olunan nazirlər arasında onların sayı çoxluq təşkil edir. Bu proses davamlı xarakter alıb. Belə ki, ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinə nəzarət etmək üçün yaradılan müşahidə şuralarının idarə olunması da gənclərə həvalə edilib.

    Hakimiyyət komandasında baş verən bu dəyişikliklər idarəçilikdə keyfiyyət dəyişikliyinə səbəb olacaqmı? Gənclərin hakimiyyət iyerarxiyasında önə çəkilməsi hansı üstünlüklər vəd edir?

    Mövzuyla bağlı fikirlərini Yenisabah.az-la bölüşən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, gənc kadrların böyük əksəriyyəti vəzifəsinin öhdəsindən gəlir, amma özünü doğrultmayanlar da var:

    “Yaşlı nəsil yaşa dolur, gənc nəsil isə təcrübə toplayır, böyüyür və vəzifə tutur. İstər-istəməz yerdəyişmə getməlidir. Prezident də bu işi sürətləndirir, diqqətini cəlb edən gəncləri vəzifəyə gətirir. Bir sıra gənclər var ki, kifayət qədər hazırlıqlıdır. Amma dünya haqda məlumatlı olduğu halda, məhz öz işlədiyi sahəni bilməyənlər də var, onların perspektivi necə ola bilər? Ona görə də bu seçim bir az təbii və obyektiv olsa, yəni yalnız siyasi dünyagörüş, yaxud müəyyən universitetləri bitirmək prinsipi əsas götürülməsə, həyatın seçdiyi gənclər lazımi sahələrə rəhbərlik etsə, daha yaxşı olar. Bu, mənim arzumdur. Amma Prezidentin gəncləşdirmə siyasətini və apardığı islahatları bəyənirəm, həmişə də onu müdafiə etmişəm”.

    Köhnə nəslin sovet ənənələrini yaşadaraq rüşvətə meyil etməsi fikrinə də münasibət bildirən deputat rüşvət alıb-almamağın, əsasən, insani keyfiyyətlərdən asılı olduğunu diqqətə çatdırıb:

    “Sovet dövrü artıq 30 ildir ki, arxada qalıb. Sovet dövründə də sistem məcbur etməsə, adamlar rüşvət almazdı. O vaxt rüşvət geniş yayılmış olsa da, rüşvət almayan insanlar da vardı. İndinin özündə də bu belədir. Rüşvət alıb-almamaq insanın mənəvi keyfiyyətlərindən, dövlətin taleyinə münasibətindən, əxlaq və təhsil səviyyəsindən asılıdır.

    Gənc kadrların təyin olunmasının rüşvətin kökünü kəsib-kəsməyəcəyini deyə bilmərəm. Onu deyə bilərəm ki, yaşlı adamlar var ki, rüşvət almır, gənc adamlar da var, rüşvət alır”.

    Həmsöhbətimiz hesab edir ki, rüşvətin qarşısı sistemdə müəyyən dəyişikliklər etmək şərtilə alınmalıdır:

    “Təəssüf ki, kadrların seçilməsinin hansı səviyyədə getdiyini, Prezidentə təyinatla bağlı təkliflərin haradan gəldiyini bilmirəm. Onu bilsəm, bu suala ətraflı cavab verərdim. İndiki halda əlbəttə, yüksək təhsilli, yüksək mədəni səviyyəsi olan, dünya təcrübəsini bilən, özünə hörmət edən, gələcəyini düşünən gənclər rüşvətdən uzaq olacaqlar. Amma şübhəsiz, içərisindən əks istiqamətə meyillilər də çıxacaq. Təəssüf ki, həyat belədir”.

  • Sabir Rüstəmxanlı: “Ölkə başçıları türk birliyini yaratmaq istəsə, buna heç kim mane ola bilməz”

    “Türk dünyası dövlətlərinin birliyinin yaradılması türk aləminin bütün ziyalı, mütəfəkkir və türkün tarixini bilib gələcəyini düşünən insanların arzusudur. Türk dövlətlərinin siyasətçiləri əsrlərdir ki, bunun yollarını axtarırlar.

    Dünyada belə birliklərin modelləri var. Hökmən deyil ki, türkdilli ölkələrin hamısı bir dövlətdə birləşsin. Yaxud Turan adlı bir imperatorluq yaransın. Söhbət ondan getmir”.

    Bunu Bizim.Media ilə dialoq zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin “Türk Şurası birləşmiş türk dünyası dövlətlərini yaratmağı hədəfləyir” sözlərinə rəy bildirən millət vəkili Sabir Rüstəmxanlı səsləndirdi.

    Vətəndaş Həmrəyliyi Partiyasının liderinin fikrincə, burada söhbət qohum xalqların, eyni dildə danışan türklərin sahib olduğu müstəqil dövlətlərin birliyindən gedir:

    “Avropa Birliyinə bənzər ittifaqın yaradılması ilə bir çox proseslər asanlaşacaq. Bu, yeni bir fikir deyil. Sözügedən birlik illər uzunu deyilən, hamımızın dəfələrlə yazdığımız, mediada yollarını açıqladığımız məqsəddir. Bu plan türkdilli dövlətlərin liderlərinin iradəsinə bağlıdır. Hər bir ölkə başçısı bu tip birliyin yaradılmasını arzulasa, heç kim buna mane ola bilməz”.

    Türk dünyası dövlətlərinin birliyi yaradılsa, Avropa İttifaqı, MDB və s. birliklərin nüfuz dairəsi zəifləyə bilərmi? Çünki yeni birlik istər, istəməz bütün diqqəti özünə çəkəcək….

    “Yox. Belə düşüncə, bu məqsədlə heç bir şey etmək lazım deyil. Ehtiyac da yoxdur. Çünki belə mövqe ilə özünə dərhal düşmən qazanmnış olursan”.

    “Özünü inkişaf etdirmək yox, başqasını gücdən salmaq niyyəti problemlər yaradır”. 

    “Əksinə, biz dünya düzənini nizamlamaq, sülh və əmin-amanlıq gətirmək üçün türk dövlətlərinin birliyini arzulamalıyıq. Dünyada qloballaşmadan danışılır. Kürəsəlləşmə müxtəlif dövlətlərin yaxınlaşması, savaş və konfliktlərin qarşısının alınmasıdır”.

    Türk Birliyi də Avrasiya məkanında sülhü möhkəmləndirə, dünyanın inkişafına təkan verə bilər. Məsələyə bu cür baxmalıyıq”,- deyə Sabir Rüstəmxanlı fikirini tamamladı.

    Anar Rəhimiov, Bizim.Media 

  • Samir Əsədli: “Rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb”.

    Qarabağda baş verənlər 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması deməkdir
    “Bu, indiki dövr üçün adi hal kimi görünsə də, gələcəkdə ciddi fəsadları ola bilər. Azərbaycan tərəfi bu kimi addımlara lazımi reaksiyanı verməlidir”
    Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndinə gəlib. General Xankəndidə sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib. O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib. Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib: “Hazırda Dağlıq Qarabağda sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir.
    Apreldə hamısı istifadəyə veriləcək”. Sirr deyil ki, Qarabağdakı Rusiya sülhməramlılarının əksər davranışı Azərbaycan ictimaiyyətində narazılıq və narahatlıq yaradır. Sülhməramlıların sadəcə Qarabağa qanunsuz gediş-gəlişə imkan vermələri, erməni separatçılarına qol-qanad açması deyil, həm də torpaqlarımızda kök salırmış kimi uzunmüddətli perioda hesablanmış tikililər inşa etməsi, rahatlıqları üçün infrastruktur qurmaları haqlı olaraq təşvişə və etiraza səbəb olur. Ekspertlər isə hesab edirlər ki, Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlməzdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Qarabağa səfərin məqsədini bəyan etməli idi. İzah olunmalıydı ki, 10 noyabr bəyanatına əsasən, rus sülhməramlıların sayı 1960 nəfər göstərildiyi halda, hərbi şəhərciklərin sayı niyə durmadan artmaqdadır.
    Narazılıq doğuran məqamla bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, son vaxtlar Qarabağın dağlıq bölgəsində baş verənlər həm Ermənistan, həm də Rusiya tərəfindən 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması deməkdir. Siyasi şərhçinin fikrincə, Ermənistan separatçı rejimlə əlaqələrini saxlamaqla, Rusiya isə Laçın koridorundan qanunsuz gediş-gəlişə imkan yaratmaqla sazişin şərtlərini pozur:
    “Azərbaycan ordusunun döyüşlə azad etdiyi və sonradan boşaldılan bölgələrdən başqa, Xankəndi, Əsgəran, Xocalı və digər ərazilər də Azərbaycan Respublikasının qanuni ərazisidir. Burada dövlətimizin suveren hüquqları bərpa olunmalıdır. Əfsuslar olsun ki, Rusiya sülhməramlıları öz hərəkətləri ilə bu prinsipləri ayaqlar altına alır. Bölgədə rus hərbi birləşmələrinin yerləşməsinə ilk gündən etirazlar edilir. Çünki rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb”.
    Analitik vurğulayıb ki, ümumiyyətlə, Rusiyanın imperiya maraqları hamımıza bəllidir:
    “Moskvanın Abxaziya və Krımda heç bir beynəlxalq normalara sığmayan hərəkətləri uzaq tarixdə baş verməyib. Kreml rus əsgərinin ayağı dəyən yeri “özününküləşdirmək” siyasətindən əl çəkmir.
    Ona görə Qarabağda rus hərbçilərinin sayının artırılmasına və onların qalıcı niyyətindən irəli gələn addımlarına ciddi yanaşılmalıdır. Bu, indiki dövr üçün adi hal kimi görünsə də, gələcəkdə ciddi fəsadları ola bilər.
    Azərbaycan tərəfi bu kimi addımlara lazımi reaksiyanı verməli və sülhməramlılardan dövlətimizin suveren hüquqlarının bərpa olunması üçün fəaliyyət tələb etməlidir”.
    İsmayıl Qocayev