Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlıdan Rusiyada yaşayan azərbaycanlılara dəstək

    Məlum olduğu kimi Rusiya Federasiyası Daxili işlər nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Onu da bildirək ki, Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.

    Məsələ ilə bağll millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı öz fikirlərini bildirib. Rusiyada soydaşlarımızın məskunlaşması prosesinin tarixinə nəzər salan millət vəkili qeyd edib ki, Rusiyada azərbaycanlıların daha çox sayda yerləşməsi yaxın tariximizlə bağlıdır: “Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqələr davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial-iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Federasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac verib. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm postlar tutmaqla yanaşı, müəyyən qisim də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışı ilə məşğuldurlar”.

    Millət vəkili soydaşlarımızın illər öncə ölkəni tərk etməsinin səbəbləri sırasında Rusiyanın bölgədə apardığı siyasətin də mühüm rol oynadığını önə çəkib: “Bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar Rusiyaya xoş gündən gəlməyiblər. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yaxın gələcəkdə vətəndaşlarımız öz dədə baba yurdlarına qayıdacaq. O zaman heç bir məcburiyyət olmadan Rusiyadan da minlərlə soydaşımız vətənə dönəcək. Amma belə insanlıq faciələrinə dünyanın hər yerində xüsusilə qonşu ölkələr anlayışla yanaşır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Şimal qonşumuz isə nəinki bunu nəzərə alır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır və hər dəfə miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə olunur.” S. Rüstəmxanlı Rusiya Daxili Işlər Nazirliyi rəsmisinin son bəyanatı ilə bağlı Azərbaycan hökumətinin təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb: “Bir müddət öncə mən Mİlli Məclisdəki şixışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada , Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və həmin ölkələrdə qanunsuz yaşayan vətəndaşlarımızın və onların ailə üzvlərinin müvafiq sənədlərlə təmin olunmasını təşkil . Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər”.

  • Samir Əsədli: “Rusiya bütün dünya ilə özünü düşmən edib böyümək kimi cəfəng bir xəyal qurub”

    Ruslar Qarabağda qırmızı xətti keçir
     
    Rusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salır
     
    Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında 44 günlük müharibə zamanı baş verən hadisələrdən tutmuş uğursuz əməliyyatlara qədər, bir çox mətləblərdən söhbət açdı. Burada diqqətçəkici olan məsələlərdən biri erməni baş nazirin Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi, Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Sünikdə 102-ci hərbi bazanın “dayaq məntəqəsi”nin yaradılması istiqamətində danışıqların aparılması barədə dedikləri idi.
    Sual yaranır ki, hazırda seçkiyə hazırlaşan, iqtisadiyyatı bərbad durumda olan, külli miqdarda xarici borc səbəbindən defolt astanasına gələn Ermənistan ordusunu Rusiya niyə tez-tələsik, İkinci Qarabağ savaşından dərhal sonra modernləşdirməyə başlayıb? Erməni ordusu kimə qarşı hazırlanır? Regionda yeni irimiqyaslı müharibə başlaya bilərmi?
    “Şərq”in suallarına VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli aydınlıq gətirib. O bildirib ki, İkinci Qarabağ savaşı bitdikdən sonra Rusiyanın bölgədə aktivliyi sülhməramlılıqdan daha çox gərginlik yaratmağa hesablanıb. S.Əsədli vurğulayıb ki, sülhməramlı adı ilə bölgədə yerləşən rus hərbi kontingenti artıq baza formasına gəlib çıxır:
    “Bu hərbçilər ərazidəki erməni separatçılarını zərərsizləşdirib Azərbaycanın burada suverenliyini təmin etmək əvəzinə, açıqdan-açığa ermənilərin güclənməsinə dəstək olurlar. Azərbaycan ictimaiyyətində bu fəaliyyətə qarşı ciddi etiraz var. Hakimiyyətdən də diplomatik etiketin imkan verdiyi qədərində narazılıqlar ifadə olunur. Rusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salır”.
    S.Əsədli əlavə edib ki, Qarabağda hərbi kontingenti artırmaq, Azərbaycanla sərhəddə hərbi baza yaratmaq, erməni ordusunu modernləşdirmək işini Rusiyanın açıq-açığına reklam etməsi tam mənada imperalist addımlardır:
    “Kreml Qafqazda öz hegemonluğunu qorumaq üçün beynəlxalq normalara, sivil dövlətlərarası münasibətlərə belə sayğısızlıq etməkdən çəkinmir. Amma Azərbaycan həm iqtisadi baxımdan, həm də geopolitik mövqe baxımından elə bir durumdadır ki, belə jestlər bizə təsir etməz.
    Rusiya bütün dünya ilə özünü düşmən edib böyümək kimi cəfəng bir xəyal qurub. Proses isə əks effekt verir. İmperiya və hegemonluq istəyi artdıqca, bu dövlət sonunu tezləşdirir.
    Ermənistan Rusiyasız bölgədə heç kim olduğunu anlamalı və postrusiya dövründə dövlət olaraq varlığını qorumaq üçün bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymalıdır”.
  • Millət vəkili Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə növbəti qəbul keçirib – FOTO

    Millət Vəkili, VHP sədri Sabir Rüstəmxanlı 12 aprel 2021-ci ildə Neftçala rayon sakinləri ilə növbəti qəbulunu keçirib . Deputat Qərəargahında 13-30-dan 17-00 kimi davam edən qəbul zamanı mövcud pandemiya qaydalarına tam əməl edilməklə qəbula gələn vətəndaşlar bir-bir qəbul edilib, dinlənilib. Qəbulda deputatla birgə deputat köməkçisi Fərman Hüseynov və Neftçala rayon İcra aparatının şöbə müdüri Vasif Əliyev də iştirak edirdi. Qəbulda Neftçala şəhərindən,o cümlədən əksər qəsəbə və kəndlərdən gələn şikayətçılər öz problemlərini yazılı və şifahi şəkildə bildiriblər. Bəzi məsələlər yerindəcə həll edilib, bəzi problemlərlə bağlı isə müvafiq strukurlara müraciət olunacağı deyilib.

     

  • Sabir Rüstəmxanlı qanun layihələrinin adına etiraz edib

    Deputat Sabir Rüstəmxanlı qanun layihələrinin adında qeyd edilən “haqqında” sözünə etiraz edib.

    “Qafqazinfo”nun məlumatına görə, deputat qeyd edib ki, bütün qanunlar “haqqında” sözüylə bitir: “Belə olan halda elə çıxır ki, qanun qıraqda qalır, ancaq biz haqqındanı müzakirə edirik.

    Xahiş edirəm ki, bu qanunların diliylə bağlı məsələyə ciddi fikir verək. Verilən təkliflərimiz nəzərə alınsın”.

  • “Kür acınacaqlı vəziyyətdədir” – Haradadır bu kompleks tədbirlər?

    “Keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçən ilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs haradadır bu kompleks tədbirlər? Sadəcə Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
    Millət vəkili qeyd edib ki, Kür boyu çoxlu balıq nohuru var: “Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.
  • “Erməni yalanlarına qarşı Azərbaycanda ciddi informasiya mərkəzi yaradılmalıdır”

    “Dövlət imkanı daxilində şəhid ailələrinə, qazilərə böyük güzəştlər nəzərdə tutub: mənzillə təminat, birdəfəlik yardım, şəhidlərin büstünün qoyulması və s. bu qəbildəndir. Ancaq məncə, şəhid ailələrinə ən böyük təskinlik qələbəmizdir. Biz qələbənin möhkəmləndirilməsi üçün hələ çox iş görməliyik”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.
    Deputat qeyd edib ki, biz qələbə eyforiyasını yaşadığımız vaxtda ermənilər bütün dünyada Azərbaycana qarşı informasiya işini gücləndirir:
    “Rusiya mediasına baxıram. Bizə atılan böhtanlara yüksək səviyyədə cavab verə bilmirik. Diaspor qurumları da aktiv olmalıdır”.
    S.Rüstəmxanlı təklif edib ki, Azərbaycana qarşı gücləndirilən ermənilərin informasiya savaşı ilə əlaqədar olaraq informasiya mərkəzi yaradılsın:
    “Mən buna ehtiyac görürəm. Bəlkə də adı “Qarabağ informasiya mərkəzi” ola bilər. Bu mərkəzdə antiazərbaycan yazılarına layiqli cavab verilə bilər”.
  • “Vəzifə Fəzail İbrahimlini dəyişdirmədi” – Vitse-spikerə ünvanlanan TƏBRİKLƏR

    Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimlinin doğum günüdür.

    Modern.az xəbər verir ki, vitse-spikerin 70 yaşı tamam olur.

    Fəzail İbrahimli haqqında düşüncələrini bölüşən VHP sədri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, o, partiyanın quruculuğu və inkişafında əvəzsiz xidmət göstərib:

    “Otuz ilə yaxındır yanaşı yol gəlirik. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi onun haqqında çox danışmaq və yazmaq olar. Bu sahələrin hər birində onun xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır. Lakin bir ümumi cəhət də var, bu da Fəzail İbrahimlinin halal adam olması, dürüstlük və mərdliyidir. O, siyasətə də Universitetdə qazandığı ədalətli və prinsipial müəllim adı və şöhrəti ilə gəlmişdi. Bu keyfiyyətlər ona həm VHP-də, həm də Milli Məclisdə özəl bir sayğı və nüfuz qazandırıb. 70 yaş ömrün müdrik çağıdır. Ancaq mən Fəzail bəyi elə cavanlığından milli əxlaqa bağlı, böyük-kiçik yeri bilən, öz ləyaqətini qoruyan, haqqın tərəfində dayanan, sözünü cəsarətlə deyən, müdrik bir insan kimi tanımışam. VHP-nin milli birlik ideyası Fəzail bəyin də vətəndaşlıq və siyasətçi amalını təşkil edir. Əziz dostumuz 70 yaşını ölkənin qanunvericilik hakimiyyətinin zirvəsində, Milli Məclisin sədrinin müavini və Komitə sədri məqamında qarşılayır. Bu, zəhmətlə yoğrulmuş, namuslu bir ömrün halal nəticəsidir! Dəyərli məsləkdaşımı ömrün yetmişinci baharı münasibətiylə ürəkdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayıram. Bu yaşdan sonra dəyişilmək ehtimalı yoxdur. Yola davam!”.

    Azərbaycan Yazıçılar birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Fəzail İbrahimlini uzun illərdir tanıdığını söyləyib. R. Məcidin sözlərinə görə, vitse-spiker hər zaman öz təvazökarlığı və təmkini ilə fərqlənən insan olub.

    “O, həm müəllim kimi, həm də millət vəkili kimi ictimaiyyətin rəğbətini qazanıb.

    Tələbələrinin Fəzail İbrahimli haqqında xoş fikirlərinin dəfələrlə şahidi olmuşam. Bir tarixçi, müəllim kimi əvəzolunmazdır. Tarixi məsələlərlə bağlı münasibət bildirəndə də heç zaman emosionallığa qapılmır, həqiqətləri obyektiv, sakit şəkildə qeyd edir”.

    Rəşad Məcid bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasında Azərbaycanın ziyalıları toplanıblar:

    “Onlar Sabir Rüstəmxanlının rəhbərliyi ilə Azərbaycançılıq, Azərbaycan dövləti ideyalarından çıxış edən şəxslərdir. Sonuncu parlament seçkilərində VHP-nin nümayəndəsinin vitse-spiker olması ictimaiyyətdə müsbət rezonans doğurdu. Fəzail İbrahimli kimi ziyalıların parlamentin rəhbərliyində təmsil olunması əhəmiyyətlidir.

    Vitse-spikeri təbrik edirəm, arzu edirəm ki, onun millət vəkili kimi də, sədr müavini kimi də fəaliyyəti hər zaman məhsuldar olsun”.

    Fəzail İbrahimlinin deputat həmkarı Aqil Abbas da onun haqqında xoş düşüncədədir. Aqil Abbas söyləyib ki, Fəzail İbrahimli böyük alim, elm xadimidir:

    “O tariximizi bilən, güclü məntiqli insandır. Yadıma gəlir, bir dəfə parlamentdə Azərbaycan himni ilə bağlı müzakirə gedirdi. Fəzail İbrahimli himnimizi misra-misra hər kəsə izah etdi, himnimizin sözlərinin necə önəmli məqamları əhatə etdiyini elə açdı ki, hər kəsin ürəyincə oldu.

    O, çox saf təmiz insandır. Gözəl yol yoldaşıdır. Onunla səfərlərimizdə bunun şahidi olmuşam. Xarici ölkələrdə də Fəzail İbrahimli bizi həmişə savadı, biliyi və müdrikliyi ilə təmsil edib. O, konfranslarda  dediyi hər sözü, hər kəlməsi ilə insanları doğrulara inandırmağı bacarıb. Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda böyük rolu olub.

    Fəzail İbrahimli parlamentdə müxalif partiyanı təmsil edir və hazırda vitse-spikerdir. Bəzən biz şahidi oluruq ki, bəzi şəxslər vəzifəyə təyin olunandan sonra dəyişirlər. Lakin Fəzail İbrahimlidə bu xüsusiyyət yoxdur. Həminki insandır, dəyişməz xarakteri var. Mehribandır, səmimidir”.

    Aqil Abbas vitse-spikerlə bağlı ağlına gələn ilk hadisəni də danışıb:

    “Almaniyanın Berlin şəhərinə səfərimiz var idi. Fevral ayının 26-sı idi və biz Berlində Xocalı haqqında tədbirə qatılacaqdıq. Nəqliyyatda olanda deputatlar arasında kiçik zarafatlaşma, gülüş yarandı. Fəzail İbrahimli bu təntənədən tamam kənar idi, gülmürdü. Amma Xocalıdan olan deputatımız Elman Məmmədov məsələni səhv anladı, gülən deputatlara əsəbləşdi, Fəzail müəllimin də onlara qoşulduğunu düşünüb, xeyli danladı. Fəzail İbrahimli çox səbrlə Elman Məmmədovun dediklərini dinlədi, səhv etdiyini bildiyi halda heç bir söz demədi. Sonradan məsələ aydınlaşanda Elman Məmmədov vitse-spikerdən üzr istədi. Mən Fəzail müəllimdən necə səbr edə bildiyini soruşduqda, o mənə dedi ki, bu gün Elmanın ürəyində ağır dərd var. Xocalı faciəsinin ildönümüdür. Belə emosional davranması normaldır. Mən elə onda Fəzail İbrahimlinin necə səbrli, mərhəmətli və anlayışlı insan olduğunu  bir daha anladım”.

    Parlament Jurnalistləri Birliyinin üzvü İmdad Əlizadə də vitse-spikeri təbrik edib:

    “Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir. Bunun nəticəsidir ki, 2020-ci ildə Milli Məclisin sədr müavini vəzifəsinə seçilib. Hesab edirəm ki, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir.

    Fəzail bəyi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram”.

  • Sabir Rüstəmxanlının təşəbbüsü ilə Neftçalada daha bir şəhidə büst qoyuldu

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra deputat rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında olub. Xatırladaq ki, ötən ilin sonunda açılışı keçirilən Şəhidlər park-kompleksi Həsənəbaq qəsəbəsinin mərkəzində, geniş bir ərazidə tikilmişdir. Həsənabad qəsəbəsinin yetirdiyi igidlər Vətənin azadlığı uğrunda mübarızələrdə və Qarabağ müharibələrində həmişə öz qəhrəmanlıqları ilə seçiliblər. Şəhidlər kompleksinin baş tərəfindəki divarda 13 şəhidin şəkli qara mərmərdə həkk olunmuş, onların qarşısındakı meydançada 2 milli qəhrəmanın büstü qoyulmuşdur. Kompleks həm də kənd əhàlisinin iştirahət yeri olacaqdır və səliqəli yollar, oturacaqlar, yaşıllaşdırma və işıqlandırma işləri bu niyyətə xidmət edir. Kompleksin Laçının azad edilməsindən bir gün sonra açılışı rəmzi məna daşıyır.
    S.Rüstəmxanlının bu dəfəki səfəri zamanı Neftçalanın Həsənabad qəsəbəsində anadan olan “Vətən Müharibəsi Qəhrəmanı”, XTQ-in əfsanəvi döyüşçüsü, xidmətlərinə görə 14 fərqli orden və medallarla təltif edilmiş şəhid Camal İsmayılovun büstünün açılışı olmuşdur. Açılış mərasımındə rayon ictimaiyyəti və qəhrəman şəhidin yaxınları iştirak etmişdir.

    Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı çıxış etmiş, Azərbaycan xalqının tarixinin qəhrəmanlıqla zəngin olduğunu, bu qəhrəmanlığın bütün nəsillərə örnək olduğunu bildirmişdir. Kənd məktəbliləri, əyni zamanda şəhidin övladları qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şerlər səsləndirilmişdir.

     

  • Fəzail İbrahimli-70

    Bu gün Azərbaycan Respublikası Milli Məclisi sədrinin müvini və komitə sədri, millət vəkili, VHP sədrinin müavini, prof. Fəzail Ibrahimlinin doğum günüdür. Ömrünün yeddinci onilliyinə qədəm qoyan hörmətli Fəzail bəyi ürəkdən təbrik edirik. Xarakterində yüksək insani keyfiyyətləri  cəmləşdirən, xalqına, dövlətinə bağlı olan, uşaqdan- böyüyə hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşan,  sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail Ibrahimli  Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə seçilir,  həmin problemlərin həlli yolunda ardıcıl fəaliyyət göstərir.
    VHP Siyasi Şurası olaraq, bütün VHP üzvləri adından insani keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli partiyadaşımızı, millət vəkilimizi,  müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı olan  Fəzail bəyi  doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.

    Hörmətlə,
    VHP Siyasi Şurası

  • Sabir Rüstəmxanlıdan uşaqpulu mövqeyi: bərpa olunmalıdır!

    Son günlər geniş müzakirə olunan sosial təminat və uşaqpulu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən müzakirələrdə öz fikrini bildirmişdir.

    Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə S.Rüstəmxanlıya aid olmayan fikirləri onun adından paylaşaraq cəmiyyətdə yanlış rəy yaradır.

    Sabir Rüstəmxanlının Milli Məclisin 20 avqust 2020-ci il tarixli stenoqramında yer alan çıxışını olduğu kimi diqqətinizə çatdırırıq: Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsini bərpası ilə bağlı addım atmalıdır”.