Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin üçüncü cildi çapdan çıxıb

    Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur.

    Bu günlərdə üçüncü cild çapdan çıxmışdır. Üçüncü  cilddə müəllifin 1989-2009-cu  illər arasında yazdığı şeirləri daxil edilmişdir.

     

  • Fransa siyasətçiləri erməni lobbisinin əsirinə çevrilib

    Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama verilib. O, yanvarın 18-də Fransa parlamentində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib. Bu azmış kimi, Azərbaycan Prezidentinin əsaslı iradlarına qərəzli və öz səviyyəsinə uyğun şəkildə münasibət bildirən, daha doğrusu, sərsəmləyən Respublikaçılar partiyasının deputatı Erik Siottinə adekvat cavab verməyib, əksinə, onun və Pekresin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı nümayiş etdirdiyi açıq hörmətsizliyə haqq qazandırmağa çalışıb. Fransa Xarici İşlər naziri də, prezident seçkilərində heç olmasa maliyyə dəstəyi naminə ermənilərin çirkli və qanlı əllərini öpməyə hazır olan namizədlər də öz hərəkətlərini və bəyanatlarını özlərinin elan etdikləri hüquqi dövlət prinsipləri çərçivəsində səsləndirməlidirlər. Onların Azərbaycanın sərhəd qanunlarına saymazlıq göstərməsi, xüsusilə də Azərbaycan Prezidentinin sözlərinə  məsuliyyətsiz şərhləri qəbuledilməzdir və ikrah doğurur. Azərbaycan respublikası nisbətən gənc olmasına baxmayaraq, müstəqilliyini və milli maraqlarını öz gücünə qorumağı bacaran bir dövlətdir. Bunu 30 il davam edən bir münaqişənin Fransanın bütün destruktiv səylərinə baxmayaraq, Azərbaycanın özü tərəfindən həll etməsi də bir daha sübut etdi.
    Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var. Bu qanuna zidd hallara görə məsuliyyəti də məhz Fransa rəhbərliyi daşıyır. Yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat versin. Həmin ərazilərdə müstəqillik tələblərini qulaq ardına vuran rəsmi Paris  digər ölkənin ərazisində qanunsuz şəkildə dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə meydan verir?
    Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları və s. öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə niyə susurlar?
    Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu süni şəkildə qapadılır, əvəzində isə “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi  qondarma məsələlər gündəmə gətirilir.
    Məlumdur ki, bu gün Fransada yarım milyonadək etnik erməni yaşayır. Lakin bu o demək deyil ki, ermənilər Fransa dövlətinə  istədiklərini diktə etməlidir. Onu da unutmaq lazım deyil ki, bu gün Fransa parlamentində prezident Makrona rəğbəti olmayan xeyli siyasətçi təmsil olunub. Onlar  bu oyunda iştirak etmək istəmirlər. İstənilən halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir.
    Fransa Senatı və hökuməti  erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib. Paris isə əks mövqe nümayiş etdirir. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.
    Görünən budur ki, Fransa da daxil olmaqla bir sıra ölkər Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasəti Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Bununla da fransız siyasətçilər ilk növbədə öz maraqlarına zərbə vururlar.
    Paris üçün Bakı hər baxımdan daha cəlbedici tərəfdaşdır. Lakin belə ədalətsiz addımlar iki ölkə arasında münasibətləri korlaya bilər.

    Vətəndaş Həmrəyliyi Partiyası
    19. 01 2022

  • Qazaxısanın rus qışı, Rusiyanın qazax xofu

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    1990 cı ilin Qanlı Yanvarının anım günündə bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və bu yaxınlarda qardaş Qazaxıstanda baş vermiş daha bir qanlı yanvarı da düşünməli oluruq. On beş gündən artıqdır dünya mətuatında qardaş ölkədə baş verənlər təhlil edilir, bu faciəli olayların təşkilatçıları və səbəbləri haqqında yazılar yazılır. Hər qəzetin də öz variantı, öz yanaşması… Nəhayət, internet açılıb, əlaqələr bərpa olunub. Narahatlıq və sual dolu yazılarımız qazax dostlarımıza çatıb və onlar da bəzisi ehtiyatla, bəzisi açıq şəkildə cavablar yazır, həmin günlərdə görüb- izlədikləri haqqında fikirlərini bölüşürlər. Otuz il əvvəl Sovet ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərdən sonra bizim göz yaşı ilə dolu yazılarımız, dünyanın eşitmək istəmədiyi harayımız yada düşür. O vaxt Sovet Ordusu Bakı işğalını bir müddət gizli saxlata bilmişdi, lakin Qazaxstan hadisələri gizli qalmadı.

    Bir qazax ziyalısının yazısında oxuyuram: “Tokayev ölkəyə ordu yeritdi və biz dünənki gündən Rusiyanın işğalı altındayıq.Tokayevin apardığı iyrənc təbliğata aldanmayın.. Yağmaçılar, vəhşilik törədib evləri yandıranlar hakimiyyətin öz adamlarıydı. Xalqın dinc mitinqini gözdən salıb boğmaq üçün.”

    Başqa bir akademik dostum qazax xalqına müraciət edir ki, adını dəyişmək istəyirəksə, Nursultan şəhərinə türklərin böyük sərkərdəsi Çingiz xan adını verək…

    Üstəlik, türk dünyasının və Qazaxıstanın ağsaqqalı N.Nazarbayev də bir çoxlarının sevincinə, marağına, narahatlığına son qoyub mətbuatda açıqlama ilə çixiş edib, baş verən olaylarda düşmən əli olduğunu bildirib, xalqı yekdilliyə çağrıb və Tokayevin qiyamı yatırmaq üçün attdığı addımları bəyəndiyini bəyan edib..

    Görünən budur ki, Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv ölkələrinin ordusunu Qazaxıstana soxmaqla qazax xalqının iradəsini qıracaqlarını, xalqın türklük sevdasını söndürəcəklərini düşünənlər yanıldılar…

    Bu baxımdan da Qazaxıstandakı durum bizdə 20 Yanvardan sonrakı vəziyyətə çox bənzərdir.

    Şübhəsiz, bu hadisələr haqqında əsl həqiqəti müəyyən vaxt keçəndən sonra öyrənəcəyik.

    Bu arada Rusiya mətbuatında on beş gündür “Qazax qiyamının texnologiyası”na həsr edilmiş məqalələr uc-uca calanıb. Məşhur qəzetlərdən birində oxuyuruq: “Artıq məlumdur-Qazaxıstandakı proqram klassik “rəngli inqilablara” bənzəmirdi. Qazax qiyamı bir şəhərdəki dinc etirazdan ildırım sürəti ilə bütün ölkəni bürüyən xaos alovlanmasına çevrildi.” Bu qiyamı “kim və necə təşkil edib?” sualına cavab gəzən icmalçılar və siyasətçillər təxminən eyni mövqeyi bölüşürlər. Onlar hesab edirlər ki, bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da hakimiyyət orqanları sosial tələblərlə küçəyə çıxan narazı insanlarla vaxtında dil tapa bilmədi və buna görə də vəziyyərdən kimliyi bəlli olmayan dağıdıcı qüvvələr, “düşmənlər, hakimiyyət hərisləri” bacarıqla istufadə etdirlər. Əhalinin bir bölgədə başlanan dinc mitinqlərinə hakimiyyətin cavabı gecikəndə, görünür, öncədən yüksək səviyyədə hazırlanmış qüvvələr təşəbüsü ələ aldılar. Ya Qazaxıstanı parçalamaq, ya da hakimiyyətə zəbt etmək məqsədilə…

    Dinc mitinqləri qanlı toqquşmalara çevirənlər arasında prezident Tokayevin də adı çəkilir, təqaüddə olan N. Nazarbayevin də, xarici qüvvələrin də…Hətta Moskvanın “Versiya” qəzeti “inqilabı küçələrdə yox, saraylarda edirlər” hökmü ilə öz ehtimalını aksiom kimi, qəzetin üz qabığını dolduran iri hərflərlə verməkdən də çəkinməmişdir: “Qazaxıstanda Maydanın rejissoru (tərtibçisi) prezident aparatında idi.” Demək olar ki bütün təhlilçilər küçələr axan insanların arasında qonşu ölkələrdən gəlmiş və xüsusi hazırlanmış silahlı dəstələrin olduğunu vurğulayırlar. Maraqlıdır ki, hələ bir il əvvəl Nazarbayevin nəvəsi, Aysultan (Londonda naməlum şəkildə dünyasını dəyişib) feysbukda məlumat yaymışdı ki, babasını aradan götürmək üçün Qazaxıstanda cələfilərdən ibarət 400 nəfərlik xüsusu gizli dəstə var.

    Rusiya mətbuatı xüsusi bir arxayınçılıqla köhnə illə bərabər Nazarbayevin də yola salındığını vurğulayaraq, onun və ailəsinin xaricdəki əmlaklarının suyahisini dərc edərkən, Qazaxıstana gələn “rus qışı”nın “ərəb baharı”na bənzəmədiyini də unutmur; çünki bu qışın Rusiyada “qazax sindromu”na cevrilmək qorxusu var.. ( Bu yaxınlarda məlumat yayılmışdı ki, dünyanın milyarder ölkə başçıları arasında V.Putin birinci yerdədir)

    Bəzi Moskva şərhçiləri Rusiyanın bu hadisədən dərs çıxarmalı olduğunu da dönə-dönə vurğulayır. Dimitri Papov adlı müəllif “Qazıxstanın rus qışı” adlı məqaləsində yazır: “ Qazaxıstan inqilabından bir neçə dərs almaq olar. Qazaxıstanda da, bizdəki kimi, … işlər plana uyğun gedir: əhali kasıblaşır, oliqarxlar zənginləşir, sənaye dağılıb. Qzaxıstan hakimiyyti Rusiyanın təcrübəsini nəzərə almamaqla ciddi səhv buraxıb. Vəhşi oliqarx kapitalizmində sabitliyi saxlamaq üçün əhalini tam dilənçiyə çevirmədən kasıblıq həddində saxlayiq, həm də böyüyüb orta təbəqəyə çevrilməsinə, dirçəlməsinə, özünü arxayın hiss edib siyasi tələblər irəli sürməsinə imkan vermirlər… (Bunlar hamısı bizim də keçdiyimiz yollardır). Başqa müəlliflər, deputatların, beynəlxalq əlaqələr üzrə mütəxəsislərin yazılarında xoruzun quyruğu daha aydın görünür; əllərinə bəhanə düşüb: Qazaxıstanda rus əhalisinin demoqrafik vəziyyəti üzrə statistikalar aşkarlanır, rusofobiyanın güclənməsi, rus dilinin dövlət dili olmaması və hətta 1986-cı ilin Kolbin hadisələri xatırlanır… Sanki unları demək üçün susub bu günü gözləyirmişlər.

    Qazaxıstanın gələcəyi ilə bağlı suallara verilən cavablarda isə belə bir arxayınçılıq var ki, bu qiyamdan sonra ölkədə Rusiyanın təsiri artacaq, Tokayev Putindən daha çox asılı olacaq; neft-qaz istehsalında İngiltərə-ABŞ- ın təsiri məhdudlaşacaq, “latınlaşma”(yəqin əlifbanı nəzərdə tuturlar) və “millətçilik” meyllərinin qarşısı alınacaq… Onu da açııq-aşkar, yazırlar ki, bu hadisələrin Rusiyaya sıçramaq qorxusu da var.

    Yadımdadır, 1990 cı ildə sovet ordusunun Azəraycana yeridilməsinin bir bəhanəsi də burda güya millətçiliyin güclənməsi idi. Yəni rus, ingilis, fransız millətini sevə bilər. biz yox!

    Maraqlıdır ki, ilk mitinqlərə çıxanlar neftin,qazın qiymətinin artırılmasına etiraz edir, sosial tələblər irəli sürürdülərsə Rusiya mətbuatının maraq və istəkləri qazaxların bu tələblərini kölgədə qoyur və daha aqressivdir: rus dilinin rəsmi status alması, siyasi hakimiyyətə ruspərəst qüvvələrin gətiriləsinə yardım, rusların köçünün qarşısının alınması və hətta Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmuş ölkələrin SSRİ-dən qopmuş başqa ölkələrdə də belə hadisələrin ola biləcəyini nəzərə alması və hazır olması. Anlamaq olmur, bu təşkilat ölkələrin daxili işlərinə hansı haqla qarışa bilərlər…

    Bəli, Qazaxstan faciəsindən “dərs almaq” lazımdır. Ən birincisi milli birliyi, vətəndaş həmrəyliyini qorumaq dərsi; ikincisi milləti aclıqla, bahalıqla imtahana çəkməmək dərsi; üçüncüsü oliqarx vəhşiliyi və saymazlığına və ölkənin sərvətinin kənara axmasına yol verməmək dərsi, dördüncüsü, ölkədə qarşılıqlı sayqı, dialoq mühitinin qorunması, siyasi mübarizələrin yalnız Konstitutsiyaya və qanunlara uyğun şəkildə aparılması dərsi , nəhayət, Milli kimliyin təməli olan Ana dilinin qorunması, dilimizin naşıların əliylə elmi don geyindirilərək korlanmasının qarşısını almaq və ölkədə təhsilin birmənalı olaraq dövlət dilinə keçirilməsi dərsi və s.

    19.01.2022

  • Samir Əsədli: “Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz”

    “Ankara Ermənistanla əlaqələrdə yeni mərhələnin başlayacağını bəyan edib. Son dövrlərdə Türkiyə regional geosiyasətdə önəmli addımlar atmaqdadır”.
     
    Bu barədə “Sherg.az”a Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. 
     
    Partiya təmsilçisi bildirib ki, Türkiyənin bu addımları onunla strateji əlaqələri olan dost və qardaş Azərbaycan tərəfindən diqqətlə izlənilir: 
    “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu məsələdə hər bir addımın Azərbaycanla məsləhətləşilərək atıldığını bildirib. Bakının da Ermənistanla sülh müqaviləsi imzalanması təklifi ilə çıxış etdiyini xatırladıb. O, Türkiyə ilə Azərbaycanın bu məsələdə xoş niyyətli olduqlarını söyləyib. Bu gün ABŞ və Aİ-nin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməsinin əsas səbəbi də aydındır. NATO üzvü olan Türkiyə İrəvanla yaxşı münasibətlərə malik olarsa, ABŞ və Aİ-nin Cənubi Qafqazda mövcudluğu, Gürcüstanla yanaşı, Ermənistan üzərindən də Rusiyaya cəbhə açılması əsas hədəfə çevriləcək. Bu mənada, Ankara bu addımları atarkən Rusiya ilə münasibətləri də nəzərə almalıdır. Ermənistanda bəzi dairələr hələ də Qarabağa saxta iddialar irəli sürməkdədir. Üstəlik, İrəvan Zəngəzur dəhlizinin açılmasına hələ də əngəl yaratmağa çalışır”.
     
    S.Əsədli vurğulayıb ki, bütün bunlar həllini tapmazsa, 1993-cü ildən bağlı olan sərhədlərin açılması Ermənistanda “zəfər” kimi qarşılana bilər: 
    “Bu səbəbdən Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz. Üstəlik, Türkiyə Ermənistanla əlaqələrin normallaşdırılmasına 2009-cu ildə edilmiş cəhd zamanı Azərbaycanla münasibətlərdə yaranmış problemlərin təkrarlanmaması üçün tələsik addımlar atmamalı, diqqətli olmalı, bu vacib dönəmi Azərbaycanla davamlı məsləhətləşmələr aparmaqla keçməlidir. Türkiyə-Azərbaycan münasibətlərində baş verə biləcək ən cüzi problem kiçik miqyasda Ermənistan-Yunanıstan-Fransa ittifaqı, böyük mənada isə ABŞ-Aİ, həmçinin Rusiya və İran üçün böyük fürsət olacaq”.
    Şərq qəzeti
  • Faiq Balabəylinin yeni kitabı nəşr olunub

    Tanınmış Şair-publisist, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Faiq Balabəylinin “Bakı buxtası-20 yanvar” adlanan yeni kitabı nəşr olunub.
    Kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Rus-Sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rolu oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur. Həmin hadisələrin birbaşa iştirakçısı olan müəllif kitabda o günlərin qəhrəmanlarının xatirələrini, dənizçilərin şücaəti haqdında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarları qələmə alıb. Onu da bildirək ki, 2003-cü ildə Faiq Balabəylinin bu mövzuda “Kəsilməyən həyəcan fiti” adlı kitabı da dərc olunmuşdu. Dəyərli əqidə yoldaşımızı yeni əsəri münasibəti ilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.
  • Samir Əsədli: “SSRİ-nin bərpası nağıldır, utopiyadır”

    Müstəqil dövlətlərin milli dirənişi 100 il öncəsindən daha güclüdür
     
    “Putin narazılıqların sosial-iqtisadi məzmununu ənənəvi “velikorus” şovinizminə yönləndirməyə çalışır”
     
    ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Rusiya geosiyasi planda sovet ittifaqı dövründə mövcud olan nizamın yenidən bərpasına nail olmaq istəyir. Onun sözlərinə görə, bu məqam Rusiya Prezidenti Vladimir Putinin əsas hədəflərindən biridir: “Bu, SSRİ-nin bir hissəsi olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir və qəbuledilməzdir”.
    Rusiyanın Qazaxıstana qoşun yeritməsinin ardınca Prezident Putinin “SSRİ-ni bərpa” planları yenidən müzakirə mövzusuna çevrilib. Bəzi təhlilçilərə görə, “SSRİ-ni bərpa” əməliyyatının Kreml üçün bumeranq effekti olacaq. Çünki müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr qətiyyən Rusiyanın vassalı olmaq niyyətində deyillər. Kreml Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir.
    Rusiya rəhbərliyinin SSRİ sevdasına düşməsi ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, hər hansı formada Rusiyadan asılı bir ittifaqın qurulması xülyadır. Partiya təmsilçisinin fikrincə, “SSRİ” nağılı Putinin öz hakimiyyətini qoruması üçün ortaya atdığı utopiyadır: 
    “Putin narazılıqların sosial-iqtisadi məzmununu ənənəvi “velikorus” şovinizminə yönləndirməyə çalışır. Lakin bu gün Rusiyanın daxili problemlərini çözməkdə çətinlik çəkən bir hakimiyyətin hansısa birləşmə modeli ilə problemlərin öhdəsindən gələcəyi inandırıcı deyil.
     
    Müstəqilliyin dadını duymuş xalqlar 100 il öncəsindən daha böyük dirənişlə bu cür cəhdlərin qarşısına çıxacaqlar. Hər bir halda müqavimət duyğularımızı canlı tutmamız olduqca vacibdir. Azərbaycanın müstəqilliyini kimlərinsə iştahasına qurban verəcək addımların atılması yolverilməzdir.
    Sabiq SSRİ respublikaları, o cümlədən Qazaxıstan da daxil olmaqla bütün türk dövlətləri iqtisadi baxımdan müstəqilliklərini təmin edə biliblər. Onların bu xüsusda Rusiyaya heç ehtiyacları yoxdur. Bununla yanaşı, saxta sovet ideologiyasının yeri ortaq dil və mədəniyyət amilinə söykənən türk milli düşüncəsi ilə dolub.
      Əgər həm çar, həm də sovet Rusiyası türklərin genetik yaddaşından milli kimliklərinin izini silə bilməyibsə, bunu feodal-oliqarxiya Rusiyası heç vaxt bacarmayacaq”.

  • Əsl müəllim, ziyalı, gənc yaşlarından fəal ictimai xadim olan Bakir bəy ictimai-siyasi prosesləri dəqiq təhlil etmək bacarığı ilə də seçilirdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qaradağ Rayon Təşkilatı sədri Əsədli Bakir Atduxan oğlu dünən qəfil ürəktutmasından vəfat etmişdir.

    Dəyərli ziyalı, mübariz əqidə daşıyıcısı Bakir Əsədli 1 aprel 1955-ci ildə Yardımlı rayonun Bilnə kəndində anadan olub. 1972-ci ildə orta məktəbi bitirib. 1974-1977-ci illərdə hərbi xidmətdə olub. 1977-1980-ci illərdə Lənkəran Pedaqoji Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1986-cı illərdə Azərbaycan Pedaqoji Universitetinin “Azərbaycan dili və Ədəbiyyat” fakültəsini bitirib. Yardımlı rayonunda müxtəlif məktblərdə müəllim kimi işləyib. Bilnə kənd kolxozunun və daha sonra servisinin direktoru olub. Son illərədək Bakı şəhəri Qobustan qəsəbəsində 223 saylı orta məktəbdə “Dil-Ədəbiyyat” müəllim işləyib. Bakir Əsədli 1988-ci ildə başlanan Azərbaycan Xalq Hərəkatının fəallarından, Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri olub. Vətəndaş Həmrəyliyi Partiyasının qurulmasında fəal iştirak edən Bakir bəy 1998-ci ildən VHP Qaradağ rayon təşkilatının sədri olub.
    VHP yaranan gündən bizimlə bir yerdə, çıyin-çiyinə olan Bakir bəyin Qaradağ rayon təşkilatının yaranması və inkişafında, ümumiyyətlə partiya quruculuğunda böyük zəhməti olub. Əsl müəllim, ziyalı, gənc yaşlarından fəal ictimai xadim olan Bakir bəy ictimai-siyasi prosesləri dəqiq təhlil etmək bacarığı ilə də seçilirdi. VHP-nin siyası xəttini qeyrətli vətəndaş mövqeyindən müdafiə və təbliğ edən əqidə yoldaşımızın ölümü hamımızı çox üzdü. Bakir bəyin əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirik. Məkanı cənnət olsun.

    Sabir Rüstəmxanlı
    Vətəndaş Həmrəyliyi Partiyası sədri, millət vəkili

  • Sabir Rüstəmxanlı: “Sülhməramlıların Qazaxıstana dəvət olunması artıq ölkənin suverənliyinə zərbədir və yolverilməzdir”

    Son günlər dünyanın diqqət mərkəzi Qazaxıstandadır. Türk Dünyasının önəmli ölkələrindən biri olan Qazaxıstanda nələr baş verir? Maye qazın qiymət artımı ilə başlanan etirazın siyasi mərhələyə keçməsi və xaosun ayaqlanması bu sualın cavabının sadəcə sosial məsələdən ibarət olmadığını asanlıqla deməyə əsas verir.

    Vəziyyət o qədər qəlizləşib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyəti sabitləşdirmək üçün Qazaxıstana göndərilib. Deməli, baş verənlərin kökündə sosial problemlər dayanmır. Hətta proseslərin gedişi Azərbaycanda 1920-ci illərin hadisələrini, Qafqazda azadlıq əldə etmiş gənc, müstəqil dövlətlərə qarşı işğalçı hərbi əməliyyatlarda iştirak etmiş XI Qızıl Ordunu xatırladır…

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, köhnə SSRİ-ni bərpa etmək niyyətilə növbəli şəkildə digər ölkələrdə də buna bənzər hadisələr törədilə bilər:

    “Hər halda gedən proseslər qazax xalqının iqtisadi tələblərini yerinə yetirmək görünüşü yaratsa da, əslində bunun arxasında müəyyən siyasi məqsədlər və qonşu dövlətlərin niyyətləri dayanır. Qazax xalqı son dərəcə ehtiyatlı olmalıdır, tələyə düşməli deyil. Sülhməramlıların Qazaxıstana dəvət olunması artıq ölkənin suverənliyinə zərbədir və yolverilməzdir. Bunu xəstəlik adlandırmaq olar və digər respublikalarda da yayıla bilər. Azərbaycanda da nə qədər istəsəniz, beşinci kalonun adamları var.

    Onlar ruspərəstlərdi, Moskva həsrəti ilə yaşayırlar. Sabah burada da eyni şeyi təkrar edə bilərlər. Deyəcəklər ki, qiymətlər bahalaşıb. Düzdür, qiymətlərin bahalaşması hamını narahat edir, amma bu məsələdə ehtiyatlı  olmaq lazımdı. Bundan siyasi məqsədlər üçün istifadə etmək, kənar qüvvələri cəlb etmək yolverilməzdir. Bu ssenari yoluxucudur, arxasında duran qüvvələr Qazaxıstana necə münasibət bəsləyirlərsə, digər Türk dövlətlərinə də elə münasibət göstərəcəklər”.

    Deputat deyib ki, Nazarbayev dünyaya yeni dövlətçilik modeli təqdim edirdi:

    “Onun Qazaxıstanda türkçülük ruhunun yüksəldilməsində böyük xidməti var. Bunu da istəməyən qüvvələr var ki, türkçülüyün yayılmasından narahatdılar. Türk  dünyası üçün də bu hadisələr böyük  zərbədir. Nazarbayev kimi ağsaqqala qarşı sayğısızlıq türk respublikaları ilə müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər”.

  • Müxalifətin 2022 hədəfləri

    2022-ci ilə sayılı günlər qaldı. Bu ildə ölkə müxalifətinin hansı işlər görəcəyi, hansı planlarının olduğu barədə ən müxtəlif suallar dolaşmaqdadır.

    Müxalifətin 2022-ci il hədəfləri nədir? Fəaliyyətində hansı yeniliklər edəcək? Mitinq etmək, piket keçirmək kimi planları varmı? 2022-ci ildə referendumun və ardınca da Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilərin keçiriləcəyinə inanırlarmı?

    Samir Əsədli: “Hər şey ictimai-siyasi proseslərin gedişatından asılıdır”

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli referendum ehtimalına toxundu: “Siyasi qüvvələrin, o cümlədən müxalifətin fəaliyyəti Azərbaycandakı ictimai-siyasi proses, xalqın sosial durumu və heç şübhəsiz Qarabağ ətrafında baş verənlərin nəticəsi ilə birbaşa bağlıdır. Fikrimcə, gələn il siyasi qüvvələrin əsas diqqəti Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam şəkildə bərqərar olması və sosial problemlərin həllinə yönələcək. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bu məsələləri dəfələrlə qaldırmışıq. Həm pandemiya şərtləri, həm də ölkəmizin geopolitik durumu kütləvi aksiyaların keçiriləcəyini real göstərmir. Buna görə siyasi və sosial tələblərin müxalifət tərəfindən ifadə formasının dəyişəcəyinə inanmıram. Amma bir daha təkrarlayıram ki, hər şey ictimai-siyasi proseslərin gedişatından asılıdır. 2022-ci ildə referendum keçirilməsi ehtimaldır, amma parlamentdə boş qalan yerlərə seçkilərin keçiriməsi konstitusion şərtdir. Bütün hallarda VHP-nin Siyasi Şurası seçki şəraitində müvafiq qərarlar verəcək”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • Ədalət Məmmədov – 70

    Vətəndaş Həmrəyliyi Partiyasının Şamaxı Rayon Təşkilatının
    sədri Ədalət Məmmədovun
    70 yaşı tamam olması münasibəti ilə:

    Hörmətli Ədalət bəy!

    Sizi 70 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından biri kimi 1993-cü ildən etibarən VHP Şamaxı rayon təşkilatına rəhbərlik edirsiniz. Bu illər ərzində Siz ictimai-siyasi fəaliyyətinizlə dövlətçilik ənənələrinə və həmrəylik ideyasına sadiqli olmusunuz. Bu yaşınızda da partiya fəaliyyətində aktiv iştirakınız sizin əqidə və vətənpərvərlik sədaqətinizin təsdiqidir.
    Dəyərli qələm sahibi kimi Siz 20-yə yaxın kitabın müəllifisiniz və 2009- cu ildə Şamaxının tarixi və təhsilinə həsr etdiyiniz “Şamaxı təhsil tarixi” kitabı sizə böyük şöhrət qazandırmışdır. Həmçinin dissertasiya işiniz olan “Qabilin sənət dünyası” kitabınız da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Siz həm də peşəkar pedaqoq kimi böyük bir kadr ordusu yetişdirmisiniz .
    Nümunəvi ailə başçısı və əsl ziyalı örnəyi kimi Sizi doğum günü münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.

    Sayğılarla,
    Sabir Rüstəmxanlı
    Xalq şairi, Millət vəkili
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri